Macarlar özlərini madyar adlandırırlar. Ural dilləri fin-uqor qrupunun uqor qoluna mənsub olan macar dilində danışırlar. Antropoloji cəhətdən yekcins olmayan macarlar əsasən ağ (Avropa) irqinin Orta Avropa tipinə aiddirlər. Dini dünyagörüşlərinə görə xristiandırlar (katolik). Şərqdən apardıqları qədim dini görüşlərinin, həmçinin şamançılığın izlərini hələ də saxlamaqdadırlar. Macarların dini görüşlərində, qədim türklərdə olduğu kimi, "Başı göy qübbəsinə çatan Dünya ağacına inam" çox güclüdür. 1989-cu il məlumatına görə sayları 14,5 milyon nəfərdir. Macarıstanın əhalisinin 99.4 %-ini təşkil edirlər.[1]. Macarlar Macarıstan Respublikasından başqa Rumıniyanın tarixi Transilvaniya bölgəsində, Çexiyada, Slovakiyada, ABŞ-da, Ukraynanın Zakarpatye vilayətində, Kanada da, həmçinin Almaniya, Avstriya, Argentina, Braziliya və digər ölkələrdə yaşayırlar.