Baki-2014 Redaktor: Şirvani Ədilli



Yüklə 1,52 Mb.
səhifə1/12
tarix30.11.2016
ölçüsü1,52 Mb.
#530
  1   2   3   4   5   6   7   8   9   ...   12


AŞIQ MƏHƏRRƏM HÜSEYNLİ

SEÇİLMİŞ ƏSƏRLƏRİ
II kitab:
SÖZ YADDAŞIM

Dastanlar, hekayələr,

maraqlı əhvalatlar, xatirələr


BAKI-2014

Redaktor: Şirvani Ədilli

şair, araşdırmaçı

Aşıq Məhərrəm Hüseynli

Seçilmiş əsərləri. II kitab. Söz yaddaşım. Dastanlar, he­ka­yələr, maraqlı əhvalatlar, xatirələr. Bakı, “MBM”, nəşriyyatı, 2014. 320 səh.
Kitabda tanınmış aşıq, şair, publisist Məhərrəm Hüseyn­linin müxtəlif dövrlərdə qələmə aldığı dastanlar və hekayələr, topladığı maraqlı əhvalatlar, xatirələri, həmçinin müəllif haq­qında yazılmış məqalələr yer almışdır. Kitabda onun aşıq və şairlərlə şəkilləri verilmişdir. Əminik ki, Aşıq Məhər­rəmin bu kitabı da sizlərin ürəyincə olacaq.
İSBN 978-9952-29-098-7

© Aşıq Məhərrəm Hüseynli

“MBM” 2014

ÖN SÖZ ƏVƏZİ
Aşıq Məhərrəm Hüseynli böyük ustadlardan dərs almış, klassik aşıq ənənələrinin layiqli davamçısı olan istedadlı bir el aşığıdır. O, aşıq havalarımızın instrumental və vokal variant­larının mahir ifaçısı, zəngin şeir və dastan yaradıcılığı olan bir aşıq olmaqla bərabər, həm də bu qədim sənətimizin toplayıcısı və tədqiqatçısıdır.

Aşıqlarımız adətən yalnız öz sənətlərini yaşadıblar, bu sənəti isə bir qayda olaraq aşıq olmayan şəxslər toplayıb tədqiq ediblər. Məhərrəm Hüseynli şəxsiyyətində həm aşıqlığın, həm də tədqiqatçılığın birləşməsi isə yəqin ki, sənət və elm tarixi­mizdə nadir və çox sevindirici hadisələrdəndir. Məhərrəm Hü­seynli özü aşıq olduğundan, ulu ustadlardan dərs aldığından, çox hadisələrin canlı şahidi olduğundan aşıq sənətinin araşdırıl­masında ortaya çıxmış müxtəlif mübahisəli məsələlərə daha ob­yek­tiv, əsaslı, dəlilli-sübutlu yanaşa və daha düzgün nəticə çıxara bilir.

Aşıq Məhərrəm hələ 1970-80-ci illərdə adi “Vesna” maq­ni­­tofonu vasitəsi ilə bur çox ustad aşıqların, o cümlədən Aşıq Mikayıl Azaflı, Aşıq İmran Həsənov, Aşıq Şadət Gül­məm­mədov və başqalarının nadir ifalarını və söhbətlərini lentin yad­da­şına köçürüb. Həmçinin özünün dediyinə görə Güney Azər­baycana səfəri zamanı məşhur güneyli aşıqlardan Aşıq Hacıəli, Aşıq Əbdüləli, Aşıq Həsən İsgəndəri, Aşıq Rəhim Nəzəri, Aşıq Rəsul, Aşıq Məhəmməd və başqalarının ifasından 50-yə yaxın aşıq havasını lentə alıb və hazırda öz şəxsi arxivındə saxlayır.

Aşıq Məhərrəm eyni zamanda neçə-neçə aşıq və şairlərin yaradıcılıq gecələrinin keçirilməsinin təşəbbüskarı və aparıcısı olub, aşıqlar və aşıq sənəti haqqında mütəmadi olaraq mətbuat səhifələrində elmi-publisistik məqalələrlə çıxış edib, neçə-neçə aşıq və şairin yaradıcılığının toplanmasında və kitablarının nəşr olunmasında təmənnasız köməyini əsirgəməyib. Göründüyü kimi alimlərin, universitetlərin, akademiyaların, televiziya və radio kanallarının görməli olduğu və çox vaxt lazımınca görə bilmədiyi bu işi M.Hüseynli tam könüllü şəkildə tək başına həyata keçirib! Onun bu misilsiz xidməti millətinə və millətinin zəngin mədəniyyətinə olan sevgisindən irəli gəlir. Aşıq Məhər­rəm aşıq havaları və onların tarixi, adı çoxlarına məlum olma­yan el sənətkarları və s. haqqında çox dəyərli və zəngin bilik­lərə malikdir. Aşıq sənətinin tədqiqatçıları, bu sahədə disserta­siya yazıb müdafiə etmiş bir çox alimlər məhz Aşıq Məhərrə­min şəxsi arxivindən və zəngin bilgilərindən yarar­lanmışlar. Aşıq Məhərrəm toplama və tədqiqat işlərini bu gün də davam etdirməkdədir.

Bu il 55 yaşını qeyd etmiş Aşıq Məhərrəm hazırda yara­dı­cılığının parlaq bir dövrünü yaşayır. İndiyə qədər 12 kitab ərsəyə gətirmiş sənətkarımızın hazırda gözünüzün önündə olan “Söz yaddaşım” adlı kitabı onun üç cildlik “Seçilmiş əsər­ləri”nin ikinci cildidir. Əsərlərin birinci cildi – “Azaflıdır şah ustadım” adlı şeirlər və poema kitabı artıq 2013-cü ildə işıq üzü görüb. Müəllifin müxtəlif dövrlərdə qələmə aldığı dastanlar, hekayələr, xatirələr, topladığı maraqlı əhvalatlar, həmçinin onun haqqında yazılmış məqalələr məhz ikinci cilddə yer alıb. Növbəti il ərzində nəşr olunması nəzərdə tutulan üçüncü cilddə isə Aşıq Məhərrəmin müxtəlif illərdə mətbuatda dərc etdirdiyi elmi-publisistik məqalələri yer alacaq. Əminliklə demək olar ki, Məhərrəm Hüseynli belə çoxşaxəli bədii və elmi-publi­sis­tik yaradıcılığa malik ilk Azərbaycan aşığıdır.

Aşıq Məhərrəmin yaratdığı dastanların əksəriyyəti və yaz­dığı heka­yələr olmuş hadisələrə əsaslanır və yüksək tərbi­yəvi əhəmiy­yəti ilə seçilir. Onun hekayə­lə­ri və digər əsərlə­rin­də xüsusən xeyir­xahlıq, əliaçıqlıq, etibar, səmimiy­yət, meh­ri­ban­lıq, insanlara sevgi və qayğı kimi insani keyfiy­yətlər təbliğ olu­nur. Topladığı ol­muş əhva­latlar və yazdığı xa­ti­rələr də çox təsirli və ma­raq­lıdır. Onların bəzilərində köv­rəldici mə­qam­­lar da xüsusi yer tutur.

M.Hüseynlinin XX əsrin əvvəllərində xalq qəhrəmanı Sul­tan bəyin erməni terrorçularına qarşı apardığı mücadiləyə həsr etdiyi “Sultan bəy” dastanı xüsusən diqqəti cəlb edir. Müəllif bu das­tanı yaradarkən həm Sultan bəy haqqında olan yazılı material­lardan, həm də xalqın yaddaşında nəsildən-nəslə ötürülərək yaşadılan şifahi məlu­mat­lardan yararlanmışdır. O, belə şifahi məlumatları toplamaq üçün bu gün Sultan bəy nəslinin davamçıları olan ağsaqqalları axtarıb-tapmış, onlarla şəxsən görüşmüş və söhbətlər aparmışdır.

Dastanda göstərildiyi kimi, Sultan bəy erməni terrorunun qarşısını almaq üçün təhsilini yarımçıq qoyub ata-baba yurdu olan Laçına qayıdır. Ətrafına elin mərd oğullarını toplayıb ermənilərin Azərbay­can xalqına qarşı törətdikləri qətliamlara sədd çəkir. Döyüş meydanlarında minlərlə soydaşımızın heyfi­ni erməni terrorçularından çıxır. Dastanda Sultan bəy xalqın qeyrət simvolu kimi təqdim olunur, onun Koroğlu, Qaçaq Nəbi və b. məşhur xalq qəhrə­manları ilə bir sırada dayanmağa layiq olduğu göstərilir.

Sultan bəyin gerçək tarixi faktlara əsaslanan bu qəh­rə­man­lıqlarının məhz dastan dilində qələmə alınması ta­riximizin qürurverici və şərəfli səhifələrinin tanıdılması və təbliği baxı­mından çox önəmlidir. Torpaqlarımızın işğal al­tında, və­təni­mizin parçalanmış durumda olduğu bir dövrdə gənc­lərimizin vətənpərvər və döyüş ruhunda tərbiyə olunması üçün məhz Sultan bəy kimi şəxsiyyətlərin qəhrəmanlıqları gözəl örnəkdir.

Kitabda Seyid Aşıq İbrahim haqqında müasirlərindən qələmə alınmış yazılar da diqqəti cəlb edir. M.Hüseynli gələ­cəkdə bu aşıq haqqında xüsusi bir kitab nəşr etdirməyi də nəzərdə tutub. İndiyə qədər yada düşməyən belə saz-söz ustad­larını gələcək nəsillərə tanıtmaq xalq qarşısında çox böyük bir xidmətdir.

Bütün bunlarla yanaşı M.Hüseynli həm də yüksək insani, əxlaqi keyfiyyətlərə malik bir şəxsdir. Yaradıcılığı ilə, danışığı ilə real həyatı, əməlləri heç cür uyğun gəlməyən, xalqın içində olmayan, ondan uzaq gəzən və insanlarda da ikrah hissi doğu­ran tanınmış şair və yazıçılar, sənətkarlar, alimlər və b. yəqin ki, hamıya bəllidir. Aşıq Məhərrəm isə son dərəcə sadəliyi və xeyirxah əməlləri ilə danışığından də üstündür! Aşıq Məhərrəm imkan daxilində hamının dadına çatan, heç kəsdən köməyini əsirgəməyən bir insandır. O, hansısa məclisə, tədbirə onun dəb­dəbəsinə, böyüklüyünə, oradakı insanların vəzifəsinə, titu­luna, puluna görə yox, onların mənəvi keyfiyyətinə, millət və vətənə sevgisinə görə qiymət verir. Aşıq Məhərrəm həmişə haqqı müdafiə edən, haqsızlığa qarşı susmayan, yaltaqlığı ifşa edən və çox vaxt bu mövqeyinə görə məhrumiyyətlər yaşayan və öz əqidəsinin bütövlüyü naminə bu məhrumiyyətlərə dözən bir sənətkardır.

M.Hüseynli özünün doğulub boya-başa çatdığı Tovuz ra­yo­nunu çox sevir, Tovuzla bağlı şeirləri, yazıları və xatirələri də çoxdur. Lakin onun bu sevgisi bəzilərində olduğu kimi yer­libazlığa çevrilmir, içindəki həqiqi, bütöv millət sev­gisinə, türkçülüyə görə o, həm də Bakılı, Dərbəndli, Təb­rizli, Kərkük­lü olur.

Aşıq Məhərrəm Hüseynlini 55 yaşı və uç cildlik əsər­ləri­nin nəşr olun­ması münasibəti ilə təbrik edir, ona uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. İnanırıq ki, Aşıq Məhərrəmin sənət və yaradıcılığı xalqı­mızın unu­dulmaz mənəvi abidəsinə çevriləcəkdir.
Şirvani Ədilli

Şair, araşdırmaçı

DASTANLAR

SULTAN BƏY DASTANI
Ustadlar dastan danışanda ustad­na­məylə başlayar. Mən də ustadlara rəh­mət diləyib, dastanımızı ustadnaməy­lə başlayıram:
Neçə qəhrəmana, şaha, xaqana,

Ölməz söyləyiblər, diri deyiblər.

Oğulluq eyləyən Azərbaycana, .

Doğma övladların biri deyiblər


Koroğluyla Babək, Həzi misallı,

Qorqudla, Qurbani, damağı ballı,

Neçə müdriklər var, ağıl-kamallı,

Tanrının verdiyi sirri deyiblər.


Mərdanə yaşayıb, sözünü deyib,

Yaman insanlara söyləyib eyib.

Yaxşı insanlara ömür diləyib,

Allahın açılmaz sirri deyiblər.


Oğul istəyirəm oğulluq etsin,

Möhtəşəm babalar yolunu getsin.

Vətənin dar günü, hayına yetsin,

İnsanın gövhəri, zəri deyiblər.


Aşıq Məhərrəm də köklənib zilə.

Duyğulu sözləri gətirib dilə,

Vədəsiz dən düşüb saqqala, telə,

Zəhmətkeş alnında təri deyiblər.


Ustadlar ustadnaməni bir yox, iki deyib. Mən də deyim iki olsun. Sözümüzdə sanbal, çəki olsun:
Yağı tapdağında, yadlar əlində,

Soyuyub-səngiyən sobam vay mənim.

Axıb getdim göz yaşımın selində,

Cənnət Qarabağsız davam vay mənim..


Torpaqsız, bulaqsız saralı qaldıq,

Zirvəli dağlardan aralı qaldıq,

Neçə ərənlərdən çaralı qaldıq,

Koroğlu, Xətai babam vay mənim.


Alındı Zəngəzur, Ağdam, Cəbrayıl,

Kəlbəcər, Laçınsız olmuşam zayıl.

Şuşa, Qubadlımı sayılır Bayıl?

Füzulisiz keçən obam vay mənim.


Gör neçə şəhid var canından keçən,

Vətənə başından qanından keçən,

Gözəl aylarından, anından keçən,

Ölməz oğullarda davam vay mənim.


Məhərrəm gen dünya sənə qəfəsdir,

Təkcə nadanlardan işlərin nəhsdir,

Bu necə çal-çağır, necə həvəsdir,

Atəşgah deyilən davam, vay mənim.


Ustadlar ustadnaməni üç deyib, düşmən ömrünü heç deyib. Aqili, alimi, mərdi seç deyib:
Vətənə, millətə, vurğunluq, istək,

İnsanın ilk əvvəl canında gərək.

İstedadlı kəsə əl tutmaq, dəstək,

Ürəkli insanın qanında gərək.


Küdurət əhlinin üzü gülərmi?

Haqqa boyun əyib yaxın gələrmi?

Alçaq da, alimi bilə-bilərmi?

Lazım döy, yüz alim yanında gərək.
Görürəm saz-sözün xəstəsi çoxdur,

İgidə söz qoşan, bəstəsi çoxdur.

Vətən qoruyanın dəstəsi çoxdur,

Mərdlər öz adında, sanında gərək.


Ağılla, istedad, qismətdir, paydır,

Mənim qəhrəmanım kükrəyən çaydır.

Səcdə etdiyimiz, günəşdir, aydır,

Gözəllər, mələklər donunda gərək.


Gör nələr çəkmişik, yaddan-yağıdan,

Qurtara bilmirik dərddən-ağıdan.

Məhərrəm qəlbini sözdür dağıdan,

Onunçün, telli saz yanında gərək.


Bəli, indi sizə hardan və kimdən xəbər verim, Azərbay­canın cənnət və dilbər guşələrindən biri olan Laçın rayonunda (Əvvəllər bura Zəngəzur mahalı adlanırmış) yaşayan Hacı Şam oğlu Qasım kişidən. Qasım kişi və Qara Bayram cavanlığından Türkiyənin İstanbul vilayətindən Azərbaycanın Zəngəzur ma­ha­lına gəlmişdilər. Qasım Kürdhacı (əvvəlki adı ”Qurdgəzi” və “Qurdqaji” olub) kəndində, Qara Bayram isə Daşlı Şəlvə kəndində məskunlaşmışdı. Qasım kişi halal əməyiylə, qoçaqlığı ilə eldə-obada tanınırdı. Onun da Nəbi, İbrahim və Həsən adın­da zəhməti sevən, haqqa baş əyən övladları vardı. Atalarının təlim tərbiyəsinə daim riayət etdiklərinə görə hamı onlara Qasımu­şağı deyərdilər.

(Tarixən bu nəslə “Hacışamlı” (qibləsi hacı “şam” olan­lar deməkdir) deyərdilər. Adından məlumdur ki, gü­nə­şə, nura, işığa, şama sitayiş edənlərin inanc yeri, “qibləsi” günəş (şəm) olanlardır. Şam kəndinin adı da bununla bağlıdır).

Elə Qasımuşağı nəsli də bu müqəddəsliklə sırf bağlı oldu­ğu ücün onlara “Qasımuşağı eli” və ya “Hacışamlı” deyə müraciət edirdilər. Deyilənə görə Qasımuşağı nəslinin Türki­yədə, İranda, Naxçıvanda, Zəngəzurda, Qafanda, Laçında və digər türk obalarında törəmələri məskunlaşmışdır.

İndi isə Sultan bəyin ulu babalarına nəzər yetirək. Atalar yaxşı deyib “Ot kökü üstündə bitər”. Sultan bəy də ulu baba­ları kimi qeyrət, zəhmət, haqq üçün doğulmuşların davamçısı kimi formalaşmışlardan biri idi. Qasımdan törəyənlər Həsən, İbrahim, Nəbi idi. Nəbidən törəyən isə Xıdır bəy idi. Xıdır bəydən törəyən Xanmurad idi. El arasında ona “Qatırçı Murad” da deyirdilər. O, Hətəmlər kəndində Ağapəri adlı bir qızla ailə həyatı qurmuş, onlardan 1837-ci ildə Əlipaşa adında oğul övladı dünyaya gəlmişdi. Əlipaşanın da alın təriylə, halallıqla qazandığı vara, dövlətə, hörmətə, insanlığa görə hamı onun xatirini istəyər və hörmətini saxlayarmış. “Əl tutmaq Əlidən qalıb” deyə hər kəsə səxavətliliyini göstərərmiş. Məhz buna görə onun yüksək intellektual səviyyəsi, bəynişanlığı, Tanrıya, bəndəyə xoş münasibəti nəzərə alınmış, Car hökumətinin Qafqaz çanişini Vo­ront­sovun Gorusda təşkil etdiyi komissiya tərəfindən ona rəsmən “bəy” titulu verilmişdi. Bu ad həm də bir vəzifə daşıyıcına da verilirdi. Hər yerdə hər kəs bundan sonra onu Əlipaşa yox, Paşa bəy deyə çağırırdılar.

Paşa bəyin birinci arvadı Bəyim xanımdan dörd oğlu – Sultan, İsgəndər, Xosrov, Rüstəm və Afitab adında bir qızı dünyaya gəlir. İkinci arvadı Ağaxanımdan da Bahadur, İsrafil, Zülfüqar, Ziba və Məhbub adında daha beş övladı olur.

Paşa bəy övladlarını oxutmaq, xalqa gərəkli olmaq fikri ilə oğlu Sultan bəyi və Xosrov bəyi ilkin olaraq mədrəsə məktəbinə qoyub onların haqqa, ədalətə, vətənə, xalqa gərəkli oğul olmasını arzu edərmiş. O, “vətənimizə, millətimizə qənim kəsilən qaniçən ermənilərin törətdikləri zülmə mənim övlad­larım, eloğlanlarım birdəfəlik son qoyacaq” deyərək əlin­dən gələni əsirgəməzmiş. Axı bu millətin başına ermənilər nə qədər acı fəlakətlər gətirmişdi. Bu istəklə o, gənc Sultan bəyi və Xosrov bəyi mədrəsəni qurtardıqdan sonra Gəncədəki gimna­ziyaya qoyub orta təhsil almasına nail olur. Sultan bəy təhsilini artırmaq üçün atasının və özünün istəyi ilə Peterburq şəhərinə gedərək orada ali hərbi məktəbə daxil olur. Xosrov bəy isə Odessa şəhərində Tibb institutuna qəbul olur.

Sultan bəy düz iki il hərb elminin sirlərini mənimsəyir. Atası Paşa bəy, oğluna xərclik göndərəndə orada təhsil alan Azərbaycan uşaqlarını da yaddan çıxarmazmış. Eyni zamanda Sultan bəyin özünün səxavəti hər kəsə məlum idi. Bütün bunlara baxma­yaraq Sultan bəy rus dilini yaxşı öyrənir və dərslərində əlaçı tələbə kimi tanınır. Fiziki cəhətdən çox sağlam olmaqla, əqli cəhətdən də daimi sayılıb-seçilib fərqlənir. Hər kəs onun xətrini çox istəyirmiş. Onun uca boyu, qartal baxışları, üzünün nuru və təbəssümü də hamının diq­qə­tini cəlb edirmiş.

Sultan bəy Uşaqlıqdan atasının dostu Aşıq Abbasın sazı­nın sehriylə ovsunlanmışdı. Dediyi sözlərin böyük əksəriyyəti Nizaminin, Füzulinin, Sədi Şirazinin və dədə ozanların gövhər qiymətli kəlamları olardı. Atalar sözlərini öz yerində işlədərdi. Muğam və aşıq musiqisinin vurğunu olduğu halda onları özü­nə­məxsus formada xüsusi bir həssaslıqla saz və tarda ifa edərdi. Arada bir özündən də şeir və bayatılar deyərdi.

Hər şeydən əvvəl Sultan bəyin vətən, millət sevgisi əl­çatmaz idi. Son illərdə Sultan bəyi narahat edən erməni qa­niçən­lərinin Azərbaycan türklərinə qarşı amansız qətl hadisə­ləri törətmələri idi. O, Zəngəzurda və digər yerlərdə milləti­mizin başına gətirilən qətl hadisələrinə dözə bil­mirdi. Üzündə kədər, canında atəş onu rahat buraxmırdı.

Bir gün tələbə yoldaşlarından biri qayıdır ki, Sultan bəy, daim səni kədərli görürük. Şükür Allaha ki, atanın imkanı yaxşıdır. Burada da hamımıza sən kömək edirsən. Dərdin nə­dir?

Sultan bəy oxuduğu hərbi məktəbdə həmyerliləri olan tələbə yoldaşlarına xalqımızın tarixi düşməni olan ermənilərin həyata keçirdikləri zülm və ağır qətliamları, onları necə də amansızcasına məhv etmələrindən danışır. Sonda isə bildirir ki, daha dözə bilmirəm, millətim olmayandan sonra mən kimə gərəyəm? Odur ki, götürüb görək Sultan bəy nə deyir, tələbə yoldaşları nə eşidir:

Vətən talan olur yadlar əlində,

İnsanlar odlara qalanır orda.

Məhv olunur daşnakların felində,

Qudurub erməni dalanır orda.


Oğul gərək xilaskarı sayılsın,

Səs-sədası günəş kimi yayılsın,

Yatan varsa bir dəfəlik ayılsın,

Qarğalar hay salıb dolanır orda.


Tarixi bəllidir bizim millətin,

Bağrını partladaq zülmün, zillətin.

Sultan bəy söyləyir, dayanaq mətin,

Quldurlar qan içib, yalanır orda.


Tələbə yoldaşları deyir ki, Sultan bəy bir balaca da döz, Təhsilimizi başa vurmağımıza az qalıb. İnşallah hamımız bir­lik­də gedərik. Sultan bəy tələbə yoldaşlarına deyir ki, mənim qar­daşlarım, atalar yaxşı deyib ki, “ovu bərəsində vurasan gərək”. Mən gedib öz millətimi bu dəhşətli ölüm kabuslarından qoru­­malıyam. Bunun üçün böyük planlarım var. Qaldı ki, nara­hat olmayın sizin bir il vaxtınız qalıb. Maddi cəhətdən sizin korluq çəkməməyiniz üçün köməklik edəcəyəm. Sultan bəy həm­yerliləri və digər dostları ilə xudahafizləşib vətəni Zəngə­zur mahalına – Laçın rayonunun Kürdhacı kəndinə qayıdır.

Paşa bəy oğlu Sultan bəyin məktəbi tamamlamamış qoyub gəldiyinə görə onu danlayıb deyir ki, oğlum, mən sənə ümidlə baxırdım ki, sən bir güclü hərbçi sərkərdə kimi vətəni yağı­lardan müdafiə edəcəksən. Bu nə işdir, başımıza gətir­din? Məktəbi niyə sona qədər oxumadın? Səbəbini söylə görüm niyə belə etdin?

Sultan bəy gəlişinin səbəblərini söyləyib, divardan asılmış sazı əlinə alır. Onu da deyim ki, Sultan bəy sazı, yaxşı çalırmış. Daima Aşıq Abbası və digər aşıqları dinlədiyindən özündən bədahətən şeir də qoşarmış. Sözün qüdrətini hər şeydən üstün sanarmış. Görək Sultan bəy atasına nə deyir:
Düşmən sinəsini çarpaz dağlayıb,

Başını ilan tək, əzməyə gəldim.

Dərin dərya kimi, coşub-çağlayıb,

Vətən cəfasına dözməyə gəldim.


Səsləyibdi torpaq məni, yer məni,

Görərsiniz mərd meydanda ər məni,

Məhv olacaq, əllərimlə erməni,

Başını bədəndən üzməyə gəldim.


Xalqın dərdi dözülməzdi, dözülməz,

Haqq kəlamı haqsız yerə çözülməz.

Sultan bəyəm, əlim haqdan üzülməz,

Laçında, laçın tək süzməyə gəldim.


Söz tamama yetəndən sonra Sultan bəy qayıdır ki, ay ata, vətənini, millətini, dilini, dinini sevən adamın general olma­sından əvvəl, sadə vətəndaş kimi qeyrətli və cəsarətli olmasi gərəkdir. Sən icazə versən elimizin igid oğullarını başıma yığıb, bildiyimdən, eşitdiyimdən və təcrübəmdən istifadə edərək böyük qüvvə toplayıb, düşmənlərin zülmünə son qoyar­dıq. Bir də ki, mən Peterburqda oxuduğum bu iki il ərzində hərb sahəsində çox bilgilər əldə etmişəm. Qayıdışımın əsas səbəblərindən biri də düşmənlərimizi yerində oturtmaqdır.

Paşa bəy oğlunun alnından öpüb deyir:

- Oğlum, atalar yaxşı deyib ki, vuran oğul ataya gənəşməz. İndən belə hünər sənindir. Nə eləsən ağılnan-kamalnan elə. Al­la­ha, xalqa, özünə güvənənə ölüm yoxdur. İndi isə elə bilməy­nən atan söz deyə bilmir. Sənin belə cəsarətli danışığından bir balaca təskinlik tapdım. Qoy birini də mən deyim.

İndi görək Paşa bəy nə deyir:


Mənim yox, bu xalqın balasısan sən,

Vaxtında özünü yetirdin, oğul.

Bizlərı bürüyüb çiskin, duman, çən,

Nisgili sinəmdən götürdün, oğul.


Ah-nalə ucalıb ərşi-əlaya,

Millət düşüb bu çarəsiz bəlaya.

Sərkərdə ol, göstəriş ver alaya,

İnamı, ümidi gətirdin, oğul.


Paşa bəyəm, sən ol, xalqın heyranı,

Parçala düşmənı, tökülsün qanı.

Qoyma yadlar alsın Azərbaycanı,

Qəlbimdə gül əkib bitirdin, oğul.


Paşa bəy oğlunun qayıdışı münasibətiylə böyük bir ziyafət verdi. Məşhur aşıqlardan Aşıq Abbas yaxşıca çalıb-çağırdı. Bu dəfə oxuduğu mahnılar Koroğludan oldu. Səsi dal­ğa-dalğa ərşə bülənd oldu. O da bu işlərə öz ozan xeyir-duasını verib, müqəddəs diləklərini bildirdi. Böyük bir şadya­nalıq oldu. Elə bu məclisdə də Paşa bəylə digər bəylərin və yerli əhalinin danışıqları baş tutdu. Paşa bəy öz kəndlərindən və qonşu kəndlərdən təşrif buyurmuş bəylərə, ağsaqqal və qarasaqqallara erməni terrorunun qarşısını almaq hər kəsin bir arada toplan­ma­sınının vacibliyi haqqında geniş danışdı. Gə­lən adamlar bu təklifi bəyənib onu dəstəklədiklərini bildirdilər. Bu tərəfdən də az bir zaman ərzində Sultan bəy Laçının comərd oğullarını başına toplayıb, ermənilərə qarşı olan barışmaz mübarizə yolundan danışaraq tarixən bizim millətimizin mətin­li­yindən, qorxmazlığından danışıb onları psixoloji və taktiki cəhətdən hazırlamağa başladı. Ətrafına könüllü olaraq toplaş­mış qeyrət­keşlərinə döyüş taktikası haqqında, silahla necə davranmaq barəsində təlimat verərək döyüşdə qələbəyə ümid və inamın təbliğinə başladı.

Sultan bəyin xofu qəddar erməniləri rahat buraxmadı. Törətdikləri özbaşınalıqlar tədricən səngiməyə başladı. Sultan bəyin qayıdışından sonra azərbaycanlıların sanki, bir ümid çırağı yanmağa başlamışdı. Aşıqlar, şairlər bu hünərvar igiddən danışır, onlara şeirlər yazırdı. Sultan bəy isə aşıqlar tərəfindən ona həsr edilmiş şeirlər oxunanda təvazökarlıq edərək deyirdi ki, aşıq, mən elsiz, obasız və ətrafımda olan qoçaq qollu qorxmaz igidlərim olmasa heç kiməm. Məni mən eyləyən də bu eldir, obadır. Aşıq Abbas da söz altda qalmayıb ona demişdi ki, Sultan bəy, qaçaqlıq, quldurluq, oğurluq edənlərə yox, bu xalqa sənin kimi oğulluq edənlərin hər birinə çox böyük alqış və tərif düşür. Mən comərd oğullara ozan alqışı diləməyimi əsirgəməyəcəyəm. Necə ki, sənə çoxsaylı şeirlər yazmışam. Elə indi də bədahətən bir şeirimi deyim, qulaq as:


Xalqın bel bağlayıb, ümid etdiyi,

İgidin, qoçağın biri var olsun.

Arxasınca inam ilə getdiyi,

Sənin kimi şiri, nəri var olsun.


Qan içən qurdlara qanlar qusduran,

Zülmkarı dabanından asdıran.

Gədiklərdə şikarını pusduran,

Neçə-neçə igid, əri var olsun.


Tox olub, toxtadı könül xanası,

Mərd doğubdu Sultan bəyi anası.

Görüm qurtarmasın erməni yası,

Hacşamlının ocaq, piri var olsun..

Sultan bəyin və xalqın güvənci olan ər oğulların səda­qətdə, qorxmazlıqda ad-san çıxarmışları el arasında qeyrət qalası sanılırdılar. Sultan bəylə qardaşı Xosrov bəyin səsinə səs verən partizan dəstələri erməni düşmənlərin minlərlə silahlı qoşununa tab gətirdilər (Əlbəttə ermənilərlə birləşib, bizə qarşı döyüşənlərin əksəriyyəti xaricdən gətirilmiş muzdlu qa­tillər idi).

Sultan bəyin ətrafına toplaşan Hacışamlının ər oğulla­rından Salmanın, Mirzəxanın, Rəşid Mahmudovun, Bala­ki­şinin, Mehdinin, Musanın, Misirin, Baxşəlinin, Cənnətin, Müseyibin və adını çəkmədiyim yüzlərlə digər qəhrəmanların igidliyi dillərdə dastan oldu. Sultan bəyin dostları olan Qubad­lıdan Lətif bəy və Kərim bəy, Qarabağda, Şuşada tanınmış bəylər, Xələc igidləri, Şamaxıdan, Cəbra­yıldan, Ordubaddan, Naxçıvandan neçə-neçə igid oğullar, İrandan könüllülər, Türki­yə­dən vətənpərvərlər, Beyləqan, İmişli tərəkəmələrindən atlı dəstələr, Güləbirtdən Astan bəy, Qubadlıdan, Minkənddən, Qafandan Şahverdi qar­daş­ları, Zəngəzurdan Bəhmən bəy, Hacışamlı igidləri, Kağanlı igidləri, məşhur qaçaqlardan Qazaxlı Qaçaq Kərəm, Əlyanlıdan qaçaq dəstəsi, Sisyanlı Qaçaq Qardaşxan, Hallavar könüllü dəstələri, dağdan ağır ellərdən, obalardan olan Ədəşəvi, Qız­xaşlı, Fingə, Haqnəzər, Dərəkənd, Vağazin, Piçənis, Pircahan, Babadin kəndlərinin camaatı Sultan bəyin ətrafında birləşdilər. Onlar eyni zamanda əgərləri silahla, yeməklə, geyməklə, ərzaqla, təmin edirdilər.

Sultan bəyin ətrafına toplaşanların əksəriyyəti könüllü­lər idi. Bütün bu maddi və mənəvi dəstəyin yeganə məqsədi o idi ki, nahaq qan tökən erməni təcavüzkarlarnın qarşısını ala bilsinlər. Sayı 600-ə yaxın dəstənin rəhbəri olan Sultan bəyin ciddiliyi, comərdliyi, qorxu bilməzliyi, vətən can­lılığı, düzlüyü az bir zamanda hər yana yayıldı.

Sultan bəyin döyüş taktikalarından biri bu imiş ki, düş­mən səngərə yaxınlaşana qədər atəş açmazmış. Atəş açanda da hər kəs ondan sonra başlayarmış. O, həmişə döyüşçülərinə tapşı­rarmış ki, gülləyə heyfiniz gəlsin. Bir güllə ən azı bir ermə­ninin cəsədi demək­dir.

Sultan bəy deyərmiş: “Biz bu xalqın çörəyini yeyirik. Bizə olan ümidi döğrultmalıyıq. Sinəmiz dura-dura kürəyimizi düş­mən qabağına verməməliyik. Kişi can alanda da, can verəndə də kişi kimi davranmalıdır. Allahını sevən hər kəs, torpağına və millətinə bağlı olmalıdır”.

Sultan bəyin basılmazlığı, qorxmazlığı bütün döyüş­cülərinə də öz müsbət təsirini göstərmişdi. Hər kəs biri-birinə inanırdı. Ona görə də xalq haqlı olaraq deyirdi ki, Paşa bəyin ədalətliliyi, Soltan bəyin cəsarətliliyi, Hacışamlı igidlərinin şücaətliliyi biri-birini tamamlayır.

Saza-sözə vurğun olan Sultan bəy çox vaxt ozanların, böyük filosof alimlərin və danəndə ataların sözlərini söylə­məklə tanaşı, gözəl şeirlər də qoşurdu. Arada bir vurğunu oldu­ğu sazını dilləndirirdi. O, dəsdəsində olan igid döyüşçülərinə belə bir şeir də demişdi:


Mənim məğrur igidlərim,

Birdi, vətən deyə-deyə.

Dava günü şirim, nərim,

Tirdi, vətən deyə-deyə.


Gücü Tanrıdan alıblar,

Dərin dəryaya dalıblar.

Düşməni dərdə salıblar,

Ərdi, vətən deyə-deyə.


Sultan bəyin həyanıdır,

Haqq gəzənin bəyanıdır.

Tanrının da əyanıdır,

Pirdi, vətən deyə-deyə.


Ulu Tanrımız Sultan bəyə yaraşan, hər cür yüksək keyfiy­yətləri bəxş etmişdi. O, uca boylu, simaca və daxilən pak və gözəl insan idi. Onun savadı, diqqətliliyi, oturuşu, duruşu, hərəkətləri, kəskin və qısa danışığı varmış. Üzündə olan zəhm, əsil kişi zəhmi imiş. Onda olan səxavət, xalqa, millətə, torpağa sədaqət, haqqa inam onun el arasında yüksək mənəvi səviy­yəsinin olduğunun gerçək göstəricisi idi. Sultan bəyin var-dövləti, qızılı, pulu çox olsa da onu əsgər­lərinə və xalqa xərclə­yərmiş. Onun yanına gələn hər bir kəsə süfrə açar, sonra isə üstünə gələnlərin xahişini yerinə yetirərmiş.

Sultan bəy bütün Qarabağda tanınmış Teymur bəyin qızı Dilrubə xanımla ailə həyatı qurmuşdu. Onların Çingiz, Ənvər, Yusif, Kamal adında dörd oğlu, Bəyimxanım adında bir qızı olmuşdu. Onlar Qazaxıstana sürgün ediləndə də, vətənə qayı­danda da atalarının adıyla həmişə fəxr edərmişlər.

Halal və doğru kişi imiş Sultan bəy. Olmuş bir əhvalatı da danışmaq istəyirəm. Deyirlər ki, Sultan bəy qonşudan, qohumdan, eldən-obadan oğurluq və soyğunçuluq edənləri ağır tənbeh edərmiş. Hətta bir yaşlı qarının danasını oğur­layan iki nəfər oğlanı tənbeh edərək möhkəmcə şallaqladır. Sultan bəyin dostu soruşur ki, danaya görə bunları niyə belə etdirirsən? Sultan bəy cavab verir ki, biz öz xalqımızın düş­mən­­ləri ilə mübarizə apardığımız halda, içimizdən çıxan dələduzların başını ha sığallamamalıyıq. Ona bir dana əvəzinə on dənə sağmal inək lazımdırsa məndən istəsin. Mənim mal-qaram, qoyun sürülərim onlara sərf olunmurmu ki, kişiyə yaraşmayan işlər görürlər. Birdə ki, özünü özümüzünkü sayan belələrinin ermənidən nə fərqi var? Bu iki oğru bizə ləkə gətirir. Ləkəni isə dibindən təmizləmək lazımdır. O adam ya ölməli, ya əlləri kəsilməli, ya da biryolluq tövbə etməlidir. Qoy digərlərinə də dərs olsun.

Bundan sonra əli əyri olan bu iki nəfər əyri yolla getməyəcəyinə görə and içib, bir daha belə nalayiq hərəkətlərə yol verməyəcəklərinə söz verirlər.

Sultan bəyin döyüş zamanı bir çox özünəməxsus xüsusiyyətləri varmış. O, hamıdan qabaqda gedər, hədəfi ilkin olaraq atəşə tutarmış. Döyüşçülərinə deyərmiş ki, kimin qanı mənim qanımdan qırmızıdırsa məndən qabaq səngəri tərk eləsin.

Sultan bəyin əfsanəvi xalq qəhrəmanlığına dair aşıq belə yazır:


Hünərdə, qeyrətdə şahdı, sultandı,

Misilsiz kişiymiş, Sultan bəyimiz.

Başqa bir aləmdi, başqa bir candı,

Qənirsiz kişiymiş, Sultan bəyimiz.


Belələri az-az gəlir cahana,

Bənzəyir kür təki coşub axana,

Halaldır igid tək məğrür baxana,

Əvəzsiz kişiymiş, Sultan bəyimiz.


Kim keçərdi o keçilməz yolları?

Vətən deyə açılardı qolları,

Məhərrəm axtarır pürkamalları,

Bənzərsiz kişiymiş, Sultan bəyimiz.


Dərələyəzdə 60 nəfər daşnak erməni döyüşçüsünü Sultan bəy əsir götürür. Qalanlarını isə cəhənnəmə vasil edib xalqın canını qurtarır. Bu tərəfdən də Osmanlı Paşasından zabit və qasiddən (Qara Paşadan) Sultan bəyə məktub gətirir­lər. Mək­tubda bu sözlər yazılıbmış: “Əzizimiz Sultan bəy, səndən xahiş edi­rəm ki, bu əsirləri mənə ver. Bilirəm intiqam alaraq onları öldürəcəksən. Mən isə bu dığaları inşaat meydan­çalarında işlədəcəyəm. Xatırladıram ki, bir vaxtlar Türkiyədə gizli terror hadisələri zamanı buraları onlar dağıdıblar. Qoy özləri də bərpa etsinlər”.

Sultan bəy gülümsəyib məktub gətirənlərə deyir ki, Paşa bəy məndən bir bahalı şey istəsəydi yaxşı olmazdımı? Əgər onlara bu dığalar doğrudan da lazımdırsa, qurban olsun ona. Amma, onları nəzarətdə saxlatdırsın. Bir də görəcəksən ki, han­sısa bir daşa “bu torpaqlar ermənilərə məxsusdur” yaza bilərlər. Onların son təskinliyi öz yalanlarına kimlərisə inan­dırmaqdır.

Sultan bəy əsirləri Osmanlı Paşasının adamlarına təhvil verir. Sonra isə yazdığı bu şeiri zərfin içinə qoyur və Osmanlı koman­dirinə verib deyir ki, bu məktubu arxadaşıma çatdırar­san:
Milyon –milyon dığaların,

Canı qurban olsun sənə.

Qan somuran yağıların,

Xanı qurban olsun sənə.


Biz qardaşıq Atatürklə,

Sən sözünü deynən ərklə.

Dediyini məndən bəklə,

Sonu qurban olsun sənə.


Var Sultanın səxavəti,

Mərd meydanda cəsarəti.

Davam edir ədavəti,

Qanı qurban olsun sənə.


Əsirlər və məktub gəlib Osmanlı Paşasına çatır. Şeir onun xoşuna gəlir. O da öz təşəkkürünü Sultan bəyə çatdırır.

Kərkicahan əhvalatı. Kərkicahandan yuxarı Qaybalı kəndində ermənilər öz çirkin əməllərindən çəkinməyərək mü­səl­manlara işgəncə verirmişlər. Neçə-neçə adamların kürəyinə qaynayan samovar bağlayıb öz əməllərindən həzz alırmışlar. Xəbər Sultan bəyə çatır. Tez atını minib Kərkicahana gəlir. Ətrafında olan öz döyüşçülərinə əmir verir ki, Kərkicahanda bir erməni qalmamalıdır. Doğrudan da bu əmrdən sonra elə bir döyüş başlayır ki, gəl görəsən. Ermənilərin cəlladlarının qulağı burulub, meyitləri yerlə yeksan olur. Sultan bəy minlərlə soydaşımızı qanına qəltan edən ermənilərin yerə sərilmiş cəm­dək­lərini görcək rahatlıq və təski­nlik tapır.

Kəlbəcərlə Göyçə mahalı Sultan bəyin diqqətindən heç vaxt yayınmayıb. Sultan bəy daşnak tör-töküntülərinin Kəlbə­cərdə və Göyçədə törətdikləri qətliamları sona çatdırmaq üçün 1918-ci ilin 5 aprel tarixində Şuşaya gedib qardaşı Xosrov bəylə və Qarabağ bəyləri ilə geniş söhbətlər aparır. Sonra oradan da xüsusi planla əvvəlcə Kəlbəcərə, sonra isə Göyçəyə gəlir. O, Kəlbəcərin Zar kəndində əli silah tutan hər bir nəfərə bir beşatılan, otuz daraq patron verir. Hətta ətraf kəndlərdən xeyli cavanları öz dəstəsinə də qəbul edir. Xalqı isə cəsarətli və qorxmaz olmağa səsləyir.

Sultan bəy burada işini görəndən sonra Göyçə mahalının Basarkeçər kəndinə gəlir. Ona məlum olur ki, daşnaklar Basar­keçərə yığışıb ağır terror əməliyyatları həyata keçirirlər. Elə buna görə də daşnakları mühasirəyə alırlar. Yerli azərbay­can­lıların ağsaqqallarının xahiş və təkidi ilə Sultan bəy onları öldürməyib buraxır. Lakin, Sultan bəy yerli əhaliyə deyir ki, siz dediniz, mən isə onları buraxdım. Dəhşətlisi odur ki, bu zalımlar sizi yenidən böyük fəlakətlərə duçar edə bilərlər.

Sultan bəyin dediyi kimi daşnaklar tayqulaq Andranikin qoşunu ilə birləşib kəndi yandırıb, insanları vəhşicəsinə qətlə yetirirlər. Sultan bəy dediyində haqlı çıxır. Bölgənin Kəvər, Bayazut, Gözəldərə, Haçalı, Yarpızlı, Əzizli, Tüsgülü, Yuxarı Zağa, Aşağı Zağa, Kərkibaş, Qanlı, Qırxbulaq, Aşağı Məzrə, Yuxarı Məzrə, Daşkənd, Aşağı Sorca, Yuxarı Sorca, Sarıya­qub, Qayabaşı, Zərkənd, Ağkilsə, Tənbeh, Nərimanlı, Ağyo­xuş, Qaraqoyunlu, Göysu, Canəhməd, İnəkdağı, Şişqaya, Sor­casu, Toxluca, Zod və s. qırxa yaxın kəndi ermənilər tərəfindən darmadağın edilərək, əhalisi qətlə yetirilir.

1918-ci ilin qışında isə ermənilər Kəlbəcərin şimal hissəsində yerləşən Göyçənin 32 kəndinin əhalisini qışın çovğununda öz ev-eşik­lərindən qovaraq Kəlbəcər tərəfə istiqa­mət­ləndirməklə kəlbə­cər­li­ləri də vahiməyə salmaq istəyirlər. Bu insanların əksəriy­yəti sonralar Sümüklü dərə adlanan və Dikyurd və Söyüdlü yaylaqlarına yaxın olan bir dərədə məhv edilirlər. Burada 20 minə yaxın göyçəli ölür.

Yenidən bu bölgələrin müdafiəsi üçün gələn Sultan bəy xeyli səy göstərsə də, qardaşı Xosrov bəyin Məşədi Cəmilə yardımı məsələni bölgə insanlarının xey­rinə həll edir. Xosrov bəyə 14 qatır yükü yağ-bal gətirən Məşədi Cəmilə o, xeyli silah-sursat verir, yağla-balın dəyə­rini isə pulla ödəyərək, bu pulları insanların özlərinə paylamağı tapşırır. Yardım alan Məşədi Cəmil Xosrov bəyin fikirlərinə əməl etməklə və Sultan bəydən aldığı yardımla yerli əhalinin gücünə ermənilərin hücumlarının qarşısını ala bilir.

Öz yurd-yuvalarından ermənilər tərəfindən qovulan azərbaycanlıların geri qaytarılması üçün Məşədi Cəmil böyük plan hazırlayır. O, Sultan bəyin köməkliyi ilə Şuşaya gedib Xosrov bəydən özünümüdafiə məqsədiylə bir xeyli silah alır. 1919-cu ildə Məşədi Cəmilin rəhbərliyi ilə Basarkeçərə hücum təşkil olunur. Keştəkli döyüşçülər erməni generalı Sirkovu “Qumlu bulaq” deyilən yerdə öldürürlər. Bundan sonra Göyçə­lilər öz yerlərinə qayıdırlar. Bu işdə Məşədi Cəmil Sultan bəylə onun qardaşı Xosrov bəyə minnətdarlığını bildirir.

Aşıq Əsəd Rzayev bu münasibətlə görək nə deyib:
Mərd oğullar bu millətin,

Dayağıdır hər bir zaman.

Onlar olur igid, mətin,

Mayağıdır hər bir zaman.


Şimşək kimi alov saçır,

Xalq yolunda qanad açır,

Haqqı deyib, ora qaçır,

Bayrağıdır hər bir zaman.


Aşıq Əsəd, köklə sazı,

Ərşə qaldır xoş avazı.

Dastanlarda şeir, yazı,

Sorağıdır hər bir zaman.


Sultan bəyin tarixi qələbəsi və xilaskarlığı. “Zabux dərəsi” və ya ”Qanlı dərə” əhvalatı. Sultan bəy və onun qar­daşı Xosrov bəyin misilsiz tarixi qəhrəmanlıqları 1905-1906-cı illərdə erməni-müsəlman hadisələrindən başla­yıb. 1918-1919-cu ildə isə Sultan bəyin və onun qardaşı Xosrov bəyin böyük qəhrəmanlıqları hər yana yayılmağa baş­la­yıb. Bunlardan ən maraqlısı indiki Laçın rayonunun ərazisindəki Zabux dərə­sində göstərdikləri qəhrəmanlıqlar olub ki, bu da haqlı olaraq dillərdə dastana çevrilib.

Bu dərəyə qanlı dərə” və ya “iyli dərə” deyirdilər. 1919-cu ildə tayqulaq General Andranik və Stepan Şaum­yan tərəfindən “Böyük Ermənistan” yaratmaq xülyası ilə Qarabağı və Gəncəni zəbt etmək və minlərlə azərbaycanlını məhv etmək üçün böyük bir hücum hazırlanır. Bunun üçün təpədən dırnağa kimi silahlan­mış erməni döyüşçülərinin kəsə yolla Zabux dərə­sindən keçərək Xankəndində Stepan Şaumyanın bolşevik-daşnakstyün silahlı qüvvələriylə birləşməsi planlaşdırılır. Odur ki, Andranik döyüş sursatını və müzdlu döyüşçü­lərini gətirib Qaragölün ətrafına yığır. İstəyi də o olur ki, kəsə yolla Qarabağa keçsin. Bu xəbəri Şəlvə kənd sakinləri Qaraş və Sul­tan adında bir ovçu Sultan bəyə çatdırır. Sultan bəy də müdafiə məqsədiylə bütün qüvvələrini səfərbər edir.

Sonra isə Qaragöl uğrunda döyüşlərin aparılmasına görə Laçının Güləbird kəndində Sultan bəy, Astan bəy (Sultan bəyin ən yaxın adamlarından biri) və onlarla qeyrətli bəylərin məslə­hət­ləşməsi aparılır. Hərə durub bir söz deyir. Kimisi döyuşçü­lərin və döyüş texnikasının azlığından, kimisi erməni əsgərlə­rinin top-tüfəngindən, müasir və çoxlu silahlarının olmasından, kimisi xaricdən gələn muzdlu döyüşçülərin peşə­kar­lığından, danışır, kimisi də bu hücuma tələsməməyi məsləhət görüb bir neçə ay gözləməyi təklif edir. Söz Astan bəyə verilir. O, deyir ki, hörmətli bəylər, indiyə qədər bizim əzizimiz və xalq qəhrəmanımız Sultan bəy heç bir döyüşdə məğlub olmayıb. Sonra isə çevrilib Sultan bəyə deyir:

-Bəy, bu hücum harada və saat neçədə olacaq?

Sultan bəy cavab verir:

-Sabah günorta saat 2-də Qaragöl ətrafında hər kəsi bir nəfər kimi hücum üçün gözləyirəm.

Əlbəttə sabahkı döyüş Astan bəyin dediyi kimi, Sultan bəyin bir daha qələbəsi ilə nəticələnir. Qaragölü Sultan bəyin yüksək komandanlığı ilə düşməndən geri qaytarırlar. Düşməni isə darmadağın edirlər.

Yenə də Aşıq Abbas cuşa gəlib Aşıq Ələsgərin bu şeirini görək necə oxuyur:


Bu dünyanı mən təcrübə eylədim,

Namərd körpü salsa onda ad olmaz.

Bir mərd ilə ağı yemək şirindi,

Yüz namərdlə şəkər yesən dad olmaz.


Yad oğlu var yağlı aşa mehmandı,

Baxarsan ki, dar günündə usandı.

Düşmən günü düşməninlə düşməndi,

Yüz il keçsə qohum səndən yad olmaz.


Ələsgərin sözü yetdi isbata,

Sərf edənlər səbt eyləsin kitaba.

Heç namərdin adı gəlməz hesaba,

Mərd bir olar, onda iki ad olmaz.


Astan bəy ayağa durub aşığa beş qızıl onluq verib deyir:

- Sağ ol Aşıq Abbas, Böyük ustad aşığımız Aşıq Ələsgərin bu gövhər qiymətli sözünü elə məqamında oxudun ki, səndən bir daha xoşumuz gəldi. Doğrudan da mərd bir olar, onda iki ad olmaz.

Sultan bəy bu barədə hər kəsi birliyə səsləyir. O cüm­lədən Laçının Kamallı kəndinin tanınmışlarından Məhəm­mədə namə yazıb dar gündə onlarla bir olmasını xahiş edir. Hər kəs Sultan bəyin rəhbərliyi ilə dəstələrə bölünür. Sultan bəyin qüdrətli döyüş taktikasını hiss edən Andranik hiyləyə əl atıb Keşiş Mesropla, Sultan bəyin kirvəsi olan Saşanı əllərində ağ bayraq və Andranikin məktubuyla Sultan bəyə elçi gön­də­rir. Sultan bəy məktubu oxuyub bığaltı gülümsəyir. Andra­nikin pla­­nı və məqsədi ona gün kimi aydın idi. Onlar Qarabağı yağ­ma­layıb, Gəncədə Ermənistan dövlətinin mərkə­zini yarat­maq üçün tədbirlər planı hazırlamışdırlar. Andranikin bu işlərini Sultan bəyin qardaşı Şuşanın general qubernatoru işləyən Xosrov bəy çatdırmışdı. Andranik isə məktubunda yaz­mışdı: “Bizim sizin torpaqlarda işimiz yoxdur. Öz qoşu­numla Dərbən­də gedib rus qoşunlarını Qafqaza burax­mamaq fikrin­dəyəm. Oradan sonra isə Abdallar və Şuşada olan təsərrüfatlara getmək istədiyimiz üçün istəyirik ki, təhlükəsizliyimizi təmin edəsiniz. Bunun müqabilində istədiyiniz qədər qızıl veməyə hazıram”.

Sultan bəy Andranikin əsl məqsədindən halı olduğundan elçiləri ələ salaraq deyir:

- A kirvə, biz neçə illərin dostu və kirvəsiyik. Dediklə­rinizə razıyam. Kim bu boyda qızılı əldən buraxar. Qoy bir məsləhətləşim, üç gündən sonra gəlin danışaq.

Sultan bəy düşmənın bu planını Şuşanın General quber­na­toru vəzifəsində işləyən qardaşı Xosrov bəyə bir namə yaza­raq göndərir O, Andraniklə silahlı qoşununun Zabux dərəsin­dən keçib gedəcəyini bildirir: “Mən isə düşmənin nə məqsədlə Zabux dərəsindən keçib getmək istədiyini bilirəm. Əgər onları ələ fürsət düşmüşkən məhv etməsək Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni və bütün Qarabağı itirəcəyik. Onlar Gəncə şəhərini Ermənistanın mərkəzi etmək fikrindədirlər. Bunun da xilası bizim əlimizdədir. Sənin bu barədə fikirlərin və köməyin gərəkdir”.

Qasid məktubu Xosrov bəyə çatdırır. Xosrov bəy mək­tubu oxuyub mətləbi başa düşür. Bir anlıq daşnakların uzun illər boyu Zəngəzurda, Göyçədə, Qarabağda, Azərbay­canın əksər yerlərində, xüsusi amansızlıqla yüz minlərlə Azərbaycan türkünü qətlə yetirməsini, minlərlə ailəni ev qarışıq yandır­masını, insanların öz dədə-baba torpaqlarından qovul­masını xatırladı. İndi də bir bəhanə ilə Zabux dərəsindən qısa yolla adlayıb Gəncəni zəbt etməyə tələsən daşnakların məqsədini də tez anladı. İndiyə qədər zalım daşnakların Azərbaycanlıların başına gətirdiyi min bir fəlakəti kino lenti kimi xəyalında do­lan­dırdı.

Bu tərəfdən də Sultan bəyin ona yazdığı məktubda üç bənd şeir də diqqətini cəlb etdi. Görək Sultan bəy nə yazır:


İllər ilə həsrətində olduğum,

Düşmən susdurulub, ölən vaxtıdır.

Yaddaşda qalacaq zəfər çaldığım,

Əcəlin düşmənə gələn vaxtıdır.


Kimsəni salamat buraxmam qəti,

Bu günçün etmişəm çox ibadəti.

Ayrılsın sümükdən, dağılsın əti,

Üzümüz sevincdən gülən vaxtıdır.


Şir görərsən, bu döyüşdə Sultanı,

Onlardan alınsın xalqımın qanı.

Birgə xilas edək Azərbaycanı,

Namərdlər məhvinin şülən vaxtıdır.


Xosrov bəyin ovqatı təzələndi, üzündə sevinc duyğuları sezildi. Əlini əlinə sürtüb xeyli gəzişəndən sonra bir kağız, bir qələm də o, götürüb qardaşı Sultan bəyə belə bir cavab yazdı:

“Mənim əziz qardaşım, belə bir fürsət doğrudan da ələ düşməz. Erməninin yüksək səviyyəli muzdur və tam təlim görmüş ordusunun topu və tüfənginin bizim xalqın sinəsinə tuşlan­masına yol verməməliyik. Əgər bu gün onları məhv etməsək əlimizi sən deyən təki doğrudan da Azərbaycandan üzməliyik. Sən onlara Zabux dərəsindən keçəcəyi vaxtı de. Onu da deməyi unutma ki, onları inandırmaq üçün deyərsən ki, əvvəlcə döyüş silahlarınızı keçirin, sonra isə ordunuz onun arxasınca getsin. Sual olunsa ki, belə niyə edirsiniz? Cavab ver ki, bizi çox aldatdığınız üçün sizə inamımız yoxdur. Hər ikimizin silahlı dəstələri onları üzük qaşı kimi mühasirəyə alacaqlar. Ürəyini buz təki saxla. İndi isə mənə yazdığın şeirinə bir cavab da qardaşın yazsın:


Ağlına, zəkana əhsən, min-əhsən,

Hər şeyi yerində bilən qardaşım.

Koroğluyla Xətai tək bir ərsən,

Aslan tək bərədə sinən qardaşım.


Alqışı sənindi darda qalanın,

Qoy kökü kəsilsin ağır talanın,

Sənsən ümidgahı ata, balanın,

Ay murad atını minən qardaşım.


Burda gərək hər bir igid bəllənsin,

Ürəkləri Xosrov kimi tellənsin.,

Düşmən qanı Zabux çayda sellənsin,

Qələbəylə geri dönən qardaşım”.


Qasid məktubu Sultan bəyə çatdırır. Sultan bəy tabe-liyində olan bütün igidlərini yanına çağırıb hər nə lazımdırsa tapşırığını verir. Elə həmin gecə Xosrov bəyin göndərdiyi əlavə qüvvələr də əmrə müntəzir olduğunu bildirir. Sultan bəy hazırlığında olsun görək düşmənin başbilənləri neylədi.

Tayqulaq Andranik Sultan bəylə danışmağa elçilərini iki gündən sonra bir də gönrir. Sultan bəy deyir ki, mən fikirləş­dim ki, bir halda ki, keçib Dərbəndə gedəcəksiniz, onda gərək bizim şərtlərlə razılaşasınız. Elçilər soruşanda ki, nədir o şərtlər, Sultan bəy cavab verir ki, mənim sizdən gözüm su içmədiyi üçün şərtim odur ki, birinci döyüş silahlarınızı Zabux dərəsindən keçirməlisiniz. Sonra isə qoşunlarınız onun arxa­sınca keçib getsinlər. Əgər razılaşırsınızsa, buyurun. Andrani­kin elçiləri Sultan bəyin dedikləri ilə razılaşırlar.

Bu tərəfdən də Sultan bəy dəstə başçılarını yanına çağırıb ciddi göstərişlər verir. Yadına ermənilərin on minlərlə soyda­şının amansızcasına qətli düşür. Elə oradaca bir dənə er­məni qaniçəninin salamat qalmamağı haqqında danışır. Sonra götü­rüb görək dəli bir nərə çəkərək sazla igidlərinə nə deyir:
Vəfalı dostlarım, mərd igidlərim,

Hər kəs şimşək kimi çaxacaq bu gün.

Ey mənim güvəncim, gövhərim, zərim,

Zabuxdan çox qanlar axacaq bu gün.


Yolu, izi hər tərəfdən bağlayın,

Düşmənləri yeddi yerdən dağlayın.

Dəli kür tək təlatümlə çağlayın,

Əlinizi əllərim sıxacaq bu gün.


İstəyirəm düşmən qanı tökülsün,

Ömür binaları burda sökülsün.

Qarşımızda məhv olaraq çökülsün,

Gözüm gözünüzə baxacaq bu gün.


Boş-boşuna bir gülləni atmayın,

Bərələrdə, səngərlərdə yatmayın.

Nifrətnizi cəlladlardan qıtmayın,

Biriniz yüzünü yıxacaq bu gün.


Sultan bəy də hamınıza qardaşdır,

Şad günündə, dar günündə sirdaşdır.

Qoyaq zalımları gözləri yaşdır,

Sizlər heyfimizi çıxacaq bu gün.


Sultan bəyin adamları onsuz da hazır idilər. Hər kəs öz işini yaxşı bilirdi. Görək Andranik neylədi.

Həmin gün 170 qatır karvanı silah-sursatla yüklənmiş hal­da Şuşaya yola salınır. Andranik isə müzdlu döyüşçüləriylə onun arxasınca Gorus-Şuşa yolu ilə səhərə yaxın keçmək istərkən Sultan bəyin silahlı dəstələrinin atəşlərinə düçar olurlar. Sultan bəy və onun qəhrəman döyüşçüləri nə qədər erməni qoşunu vardı, hamısını öz pulemyot və toplarına qurban edirlər.

Tayqulaq Andranik isə buradan sağ çıxmaq üçün erməni keşişini öldürərək onun paltarını geyinib aradan şıxmaq istəyər­kən Sultan bəylə rastlaşır. Sultan bəy elə bilir ki, Andranik ke­şiş­dir. Onun üçün də soruşur ki, ey keşiş biz din xadimləriylə uşaqları öldürmürük, hara gedirsən? Andranik yanında olan 5-6 yaşlı uşağı göstərərək deyir ki, bu uşağın atası burada öldü. Onu aparıram ki, kiməsə təhvil verəm. Burada qalsa o da öləcək. Sultan bəy ona əliylə get deyir. Andranik isə keşiş paltarında aradan çıxır.

Beləliklə 1919-cu ilin fevral ayında tayqulaq Andranik­lərin, Stepan Şaumyanların arzuları gözlərində qaldı. Məhz buna görə də Azərbaycan xalqı Sultan bəyin bu qəhrə­manlığını yüksək qarşıladı. Aşıqlar, xanəndələr Sultan bəylə Xosrov bə­yin və onların ətrafında birləşmiş ər oğullarımızın xilaskarlı­ğından, əfsanəvi qəhrəman­lı­ğından danışdılar. Dillərdə dastan olan bu tarixi qəhrəmanlığı qələmə alan Aşıq Məhərrəm Hü­seynli bu böyük və əvəzsiz xilaskarımız olan Sultan bəy haqqında götürüb belə deyir:


Sultan bəyin bircə anlıq ömrünü,

Yüz il, min il, ömr edənə vermərəm.

Səcdə qılıb çevirərəm yönümü,

Çürük cana, boş bədənə vermərəm.


Sinəmizə dağ çəkəni dağlayıb,

Bərə-bəndi yeddi yerdən bağlayıb.

Dəli kür tək haray salıb çağlayıb,

Yol azana, hər yetənə vermərəm.

Razı deyiləm düzü tərsə yozmağa,

Həqiqəti, cəsarəti, pozmağa.

Nail oldum dastanını yazmağa,

Nəfsin qulu, cib güdənə vermərəm.


Ulu babam qüdrətinə vurğunam,

Xoş ətirli söhbətinə sorğunam.

Məhərrəməm, haqq gəzənlə yorğunam,

Qanqal sayaq dik bitənə vermərəm.


Sultan bəyin İrana getməsi. Azər­baycanın ruslar tərəfindən yağ­ma­lanması Sultan bəy kimi vətən oğullarına əzab, işgəncə və min bir bəla gətirdi. Sovet hökuməti və onun hiyləgər erməni-bolşevik kəşfiyyatı Sultan bəy və onun tərəfdarlarının təqibinə başladı. Ermənilərin planı­na əsasən Sultan bəyin ai­lə­sinin, qo­hum-əqrəbasının və si­lah­daş­­larının ək­­sə­riyyəti repressi­ya­larla, sürgün­lərlə və qətllərlə üzləşdi.

Sultan bəy bir müddət hökumət tərəfindən təqib olunduğu üçün, do­ğul­duğu Kürdhacı kəndinin “Gorgahat” meşəsində gizlənir. 1921-ci ilin sonlarında Sultan bəyin rus və ermənilər tərəfindən ələ alınmış yaxınlarından biri Sultan bəyi öldürməyi boynuna götürür. Bu niyyətlə tüfənglə Sultan bəyi namərdcəsinə çiy­nindən ağır yaralayır. Keştazlı Səməd bəy Sultan bəyi müalicə edib sağaldır. Bundan sonra Sultan bəyi istəyənlər, xüsusən də qardaşı Xosrov bəy ona məsləhət görür ki, əgər gedib xaricdə yaşamasan səni kommunist partiyasının kürkünü geymiş Daş­nak­sütyun casusları və rus şovinistləri öldürəcəklər. Sultan bəy İranın sununcu türk hökmdarı olmuş Əhməd şah Qacarla (1909-1925) xoş müna­si­bətini xatırlayıb, ona məktubla müra­ciət edir. İran şahı İranda rus casuslarının çox olmasına baxmayaraq onun müraciətini qəbul edir. Sultan bəy sağalan­dan sonra özüylə qardaşlarını da götürüb İrana yol başlayır. Əvvəlcə “Qarapalçıq” dağının zirvəsinə qalxır. Qırx­qız yay­laqlarını seyr edib aşağıdakı bayatıları söyləyib, dərindən bir ah çəkir:

Mən aşiq qəm qalağı,

Dağların qəm qalağı.

Dağlardan uca könlüm,

Olubdur qəm qalağı.


Mən aşiq dolan gözüm,

Dol gözüm, dolan gözüm.

Gedərsən qayıtmazsan,

Vətəni dolan gözüm.


Mən aşiq min əngələ,

Düşmüşəm min əngələ.

Mənim bu müşkül vaxtımda,

Düldülü minən gələ.


Yüzlərlə insan onu yola salmaq üçün Araz çayına qədər onları ağlaya-ağlaya yola salmağa gəlirlər. Bir neçə kilometr gəldikdən sonra Sultan bəy dönüb Laçın dağlarına baxır. Qəlbi sözlə, gözü yaşla dolur. Bu yerdə götürüb görək bu ayrılığa, bu möhnətə nə deyir:
Ömrümü azadlıq yolunda verdim,

Bu yerdə silinməz izim qalacaq.

Qorxmadan sinəmi irəli gərdim,

Müqəddəs məkanda gözüm qalacaq.

Əlimdən düşmənlər çəkdilər haşa,

Çırpıb arzusunu döndərdim daşa.

Gedirəm qürbətə, el-oba, yaşa,

Dillərdə dolaşan sözüm qalacaq.


Haqqın yolçusuyam, nahaqqa düşman,

Mənim qiymətimi verəcək zaman.

Soltan bəy söyləyir, can, Azərbaycan,

Səndə əməlimlə özüm qalacaq.


Sultan bəy onu yola salan dostları ilə görüşüb Arazdan adla­yaraq Təbrizə gəlir və orada yaşamağa başlayır. Onu da qeyd edim ki, Sultan bəyin qardaşı İsgəndər bəy sonradan geri qayıdaraq, Sultan bəyə xəyanət edib yaralayan adamı və onun bu işdə havadarlarını məhv edib geri qayıdır. Çox keçmir ki, erməni və rus kəşfiyyatı İsgəndər bəyi tapıb qətlə yetirirlər. Bu hadisə qürbətdə el həsrətli günlərini yaşayan Sultan bəyi daha da qəhərləndirir. Götürüb görək nə deyir:
Tanrı məni yaman çəkib sınağa,

Dağdan ağır oba, elə həsrətəm.

Bizim tərəflərdə zirvəli dağa,

Yar-yoldaşa, şirin dilə həsrətəm.

Xalqımın gözündə qalxdım, ucaldım,

Vətən həsrətindən vaxtsız qocaldım.

Qəm-qüssə üstündə dərdimi çaldım,

Saz, tar deyib mizrab, telə həsrətəm.


Sultan bəy, səbr elə bu həsrətə döz,

Sönməsin qəlbində alovunla, köz.

Xosrov, İsgəndəri axtaranda göz,

Xoş keçən aylarla, ilə həsrətəm.


Bir gün Əhməd şah Qacar onu yanına çağırtdırıb deyir ki, Sultan bəy, mən səni bir dost kimi çox istəyirəm. Lakin, Azər­baycanı yağmalayan rus imperiyasının casusları səni məhv et­mək üçün hər vəchlə çalışırlar. Bu barədə dərindən düşün­məliyik.

Sovet hökumətinin Azərbaycanı yağmaladığı ilk günlər­dən, Sovet şineli geymiş rus-erməni kəşfiyyatının casuslarının təqiblərindən bezən Sultan bəy iki ildən sonra İran şahının məsləhətiylə yerini dəyişmək qərarına gəlir. Odur ki, köhnə dostu və Türkiyə dövlətinin başçısı Müstafa Kamal Atatürkə mühacir kimi orada yaşaması üçün müraciət edir. Məktub gəlib Atatürkə çatır. Qeyd edim ki, Atatürk Sultan bəylə “Qanlı dərə”də olan tarixi qəhrəmanlığından sonra bir dəfə rəsmi olaraq görüşmüş, onun misilsiz və əfsanəvi qəhrəmanlığını yüksək qiymətləndirmişdi. Eyni zamanda Sultan bəyin üzünə demişdi ki, sən mənim qibtə etdiyim dostumsan. Odur ki, Atatürk məktuba cavabında tezliklə onu Türkiyədə gözlədiyini bəyan edir.

Sultan bəy Atatürkün ona olan böyük diqqətini və münasibətini görək necə deyir:

Ata deyib, can dediyim, Atatürk,

Tanrı üçün böyük savab eylədi.

Əl çatmazdı əqidədə o böyük,

İstəyimə yaxşı cavab eylədi.
Etibarda məni bəy tək bəylədi,

Başqa yerə gedişimi əylədi.

“Xoş gəlirsən, əziz dostum” söylədi,

Qurban kəsib, onu kabab eylədi.


Sultan bəyəm, belə gəldi yığvalım,

Neyləyim dəyişdi halım, əhvalım.

Xalqıma bağlıdır eşqim, amalım,

Bu şeiri dostuna xitab eylədi


1923-cü ildə Sultan bəy İrandan köçüb Türkiyəyə gəlir. Onu və qardaşı Xosrov bəyi Mustafa Kamal Ata­türk böyük diqqət və hörmətlə qarşıla­yaraq, ona Qars vilayətinin Köçqay kən­dində mülk və malikanə verib, onun bir bəy kimi yaşamasını təmin edir. Bu illərdə Sultan bəy ticarətlə də məşğul olur. O, 1955-ci ildə 84 ya­şında dünyasını də­yişir. Ruhu bizimlə, məzarı Türki­­yənin “Köç­qoy” məzar­lığındadir.

Sultan bəyin həyat yoldaşı və övladları 1937-ci ildən Qaza­xıstanın ilan mələyən düzlə­rin­də məşəqqətli sürgünlük həyatı yaşayıb, 1956-cı ildə Bakıya qayıdır­lar. Sultan bəyin həyat yol­daşı Dilrubə xanım tarix müəllimi kimi ali məktəb­lərdə dərs deyir. 1957-ci ildə isə vəfat edir.

Sultan bəyin qardaşı Xosrov bəy isə deyilənə görə Nəri­man Nərima­novun birbaşa köməkliyi ilə Fransaya gedərək orada mühacir həyatı yaşamışdır. Çox təəssüflər olsun ki, bu babamız haqqında dolğun məlumatı bu dastanda geninə-boluna verə bilmədim. Bunu tarixi araşdıranlar deyəcək. Tək onu bili­rəm ki, Xosrov bəy və onun məsləkdaşları, silah­daşları, qardaş­ları əbədiyyət yolçusu kimi əfsanəvi qəhrə­manlarımızdan biri­dirlər. Sultan bəyin tərifini demək üçün onu özünə mənəvi baba bilən Aşıq Məhərrəm Hüseynli görək bu əfsanəvi xalq qəhrə­manına müxəmməs üstündə nə deyir. Biz deyək, siz qulaq asın. Sultan bəyə min rəhmət, sizlərə isə can sağlığı diləyirəm:
Sultan bəyin qartal sayaq,

Zirvədən baxmağı vardı.

Öz xalqına olub dayaq,

Şimşək tək çaxmağı vardı.

Həqiqəti edib bayraq,

Düşməni yıxmağı vardı.


Əqidədə, iman-dində,

Çəkilən çaxmağı vardı.

Yüz il, min il keçsə belə.

Yaddaşlardan silinməzdi.

İgidliyi bəlli elə,

Şücaətdə yenilməzdi.

Sitəm verdi düşmənlərə,

Axı necə bilinməzdi.

Təkrarı yox, yüzdə, mində,

Yandırıb-yaxmağı vardı.

Ad-sanlıydı Qasımuşağı,

Gəlir hər bir yandan səsi.

Atatürk açdı qucağı

Hər an duyulsun nəfəsi.

Müqəddəsdi hər bucağı,

Var çöhrəsi, dürr kəlməsi.

Bu gəlimli-gedimində,

Mərd olan qonağı vardı.


Paşa bəyin xoş diləyi,

Çin olub yerinə yetdi.

Odla bələndi bələyi,

Nə etdisə doğru etdi.

Sevmədi fitnə-kələyi,

Gül tək ürəklərdə bitdi.

Düşmənlərə qənimində,

Şimşək tək çaxmağı vardı.


Xosrov bəyin dərrakəsi,

Aləmi heyran elədi.

Çaldırdı “cəngi” havası,

Xalqa azadlıq dilədi.

Qəlbi şəffaf su aynası,

Qaldı tarixdə, əbədi.

Ad-san qazanıb elində,

Xalq kimi dayağı vardı.


Dərdə-qəmə tən olaraq,

Xəyanətə qənim oldu.

Başı duman çən olaraq,

Səcdəsi öz dinim oldu.

Mənliyində mən olaraq,

Dedi, düşmən kinim oldu.

Bəylik vardı idimində,

Kür təki axmağı vardı.


Atatürklə, Sultan Əhməd,

Qucaq açıb can dedilər.

Gərək deyil bizə sərhəd,

Can, Azərbaycan dedilər.

Puça döndü düşməndə cəhd,

Sultana bəy, xan, dedilər.

Soraqlayın səs zilimdə,

Xainə toxmağı vardı.


Nə qədər ki, canda can var,

Xilaskarı anmalıyıq.

Damarlarda axan qan var,

Arif olub qanmalıyıq.

Məhərrəməm şöhrət-şan var,

Hər an zirvə sanmalıyıq.

Ürəklərə dönümündə,

Qol açıb çıxmağı vardı.

Allah Sultan bəy kimi vətəninə, xalqına dayaq duran qey­rətli və mərd babamıza rəhmət eləsin. AMİN, AMİN, AMİN!


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin