BDU-nun Filologiya fakültəsi - 100
35
MƏTANƏT ƏMRAHOVA
Filologiya üzrə fəlsəfə doktoru
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
AZƏRBAYCAN TÜRKOLOGİYASINDA FƏRHAD ZEYNALOV MƏRHƏLƏSİ
Bu il 90 illik yubileyi qeyd olunan BDU-nun Türkologiya kafedrasının yaradıcısı (1969), görkəmli
türkoloq, professor Fərhad Zeynalov (1929-1984) ilk Azərbaycan dilçilərindəndir ki, bütün əsərlərini,
ümumən, bütün həyatını türk dillərinin öyrənilməsinə, türkologiyaya həsr etmişdir. Onu görkəmli dilçi alim
Bəkir Çobanzadədən sonra müasir Azərbaycan türkologiyasının banisi hesab etmək olar. 1953-cü ildə BDU-
nun Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirən Fərhad Zeynalov 1953-1956-cı illərdə
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır.
1957-ci ildə BDU-nun Ümumi dilçilik kafedrasında müəllim kimi fəaliyyətə başlayan Fərhad
müəllim elə həmin ildə “Nitq hissələrinin təsnifi prinsipləri (adlar)” mövzusunda namizədlik, 1966-cı ildə isə
“Müasir türk dillərində köməkçi nitq hissələri” adlı doktorluq dissertasiyası müdafiə etmişdir. Erkən yaşda
dünyasını dəyişməyinə baxmayaraq, türkoloq alim özündən sonra zəngin elmi irs qoyub getmişdir. Elmi
fəaliyyəti türk dilləri və Azərbaycan dilinin tarixi sahələrinə aid olan tədqiqatçı 11 kitab və 70 elmi
məqalənin müəllifidir: “Türk dillərində nitq hissələrinin ənənəvi bölgüsü”, “Nitq hissələrinin təsnifi
prinsipləri”, “Müasir türk dillərində köməkçi nitq hissələri”, “Qədim türk yazılı abidələri”, “Türkologiyanın
əsasları”, “Türk dillərinin müqayisəli qrammatikası” və s. Dilçi alim türk dillərinin qrammatik quruluşunun
müqayisəli öyrənilməsi sahəsində altı əsər yazmışdır ki, bu kitablar Azərbaycan dilçiliyində türk dillərinin
sistemli şəkildə araşdırılmasına həsr olunmuş ilk mötəbər elmi qaynaqlardır.
Fərhad Zeynalov mətnşünaslıq sahəsində də qələmini sınamış, Samət Əlizadə ilə birlikdə “Kitabi-
Dədə Qorqud” dastanının elmi-tənqidi mətnini geniş müqəddimə ilə tərtib etmişdir. “Kitabi-Dədə Qorqud və
dünya şərqşünaslığı”, “Dastani-Əhmədi Hərami – Azərbaycanın ən qədim ədəbi abidəsi” və s. elmi əsərləri
dil tariximizin öyrənilməsində qiymətli elmi mənbələrdir.
F.Zeynalov kitabları ilə yanaşı, məqalələrində də həm ayrı-ayrı türk dillərində, həm də türk dillərinin
müqayisəsi aspektində türkoloji dilçilik üçün mübahisə doğuran mühüm problemlər qaldırmış, onları elmi
ictimaiyyətin müzakirəsinə çıxarmaqla bır sıra məsələlərin həllinə nail olmuşdur.
Diqqət çəkən əsas məqamlardan biri də odur ki, F.Zeynalov türkologiyaya həsr etdiyi bütün əsərlərin
mövzusunu Azərbaycan dili ilə əlaqələndirmişdir. O, Azərbaycan dilinin araşdırılmasını türkoloji səviyyəyə
qaldırmış və bununla da mövcud problemlərə digər türkoloqların da münasibət bildirməsinə zəmin
yaratmışdır.
Dostları ilə paylaş: