Azərbaycanın Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi Layihəsi


Su sektoru ilə bağlı digər qanunlar



Yüklə 87,01 Kb.
səhifə2/4
tarix01.01.2017
ölçüsü87,01 Kb.
#4029
1   2   3   4

Su sektoru ilə bağlı digər qanunlar

      1. Ətraf mühitin mühafizəsi haqqında Qanun

Bu normativ hüquqi akt ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarını müəyyən edir. Qanunun məqsədi ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloji sistemlərə iqtisadi (təsərrüfat) və digər fəaliyyətlərin zərərli təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin qorunub saxlanılmasından və təbiətdən istifadənin səmərəli təşkilindən ibarətdir.

Qanun, eyni zamanda, ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədi ilə cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini tənzimləyir.

Qanunda ətraf mühitin mühafizəsi sahəsində dövlətin, yerli özünüidarəetmə orqanlarının, vətəndaşların, qeyri-hökumət təşkilatlarının hüquq və vəzifələri ayrı-ayrı maddələrlə verilir.

Qanunvericilik aktının bir fəsli təbiətdən istifadənin hüquqi tənzimlənməsindən bəhs edir. Burada təbiətdən istifadəçilərin hüquq və vəzifələri, təbiətdən ümumi və fərdi istifadə, istifadənin normalaşdırılmasına görə limitlər və kvotalar, təbiətdən istifadənin dövlət tənzimlənməsi, təbii sərvətlərdən istifadə müqavilələrinin tətbiqi və digər məsələlər öz əksini tapır.

Qanunun 4-cü fəsli ətraf mühitin, təbii ehtiyatların dövlət kadastrı və monitorinqi, standartlaşdırma və sertifikatlaşdırma sahələrini, 5-ci fəsil ətraf mühitin mühafizəsi sahəsində iqtisadi tənzimləməni əhatə edir.

Sənədin 6-cı fəsli ətraf mühitin ekoloji tarazlığının nizamlanmasını, keyfiyyət normativlərinin əsas göstəricilərini, ətraf mühitə atılan və axıdılan zərərli maddələrin yol verilə bilən miqdarının normalaşdırılmasını, sanitariya-mühafizə və digər mühafizə zonalarına tələbləri müəyyənləşdirir.

Qanunun 7-ci fəsli iqtisadi və digər fəaliyyətlərə ekoloji tələbləri konkret maddələrlə müəyyənləşdirir. Bu fəaliyyətlər təbii resurslardan istifadə, layihələndirmə, müəssisələrin, qurğuların, infrastruktur obyektlərinin yerləşdirilməsi, onların tikintisi və yenidən qurulması, istismara verilməsi və istismarı kimi fəaliyyətlərdir. Bu fəsildə təbiətdən istifadəçi ləğv olunduqda və yenidən təşkil edildikdə, iflasa uğradığı dövrdə müvafiq ekoloji tələblər və öhdəliklər müəyyən olunur.

Ətraf mühitin zərərli fiziki təsirdən, istehsalat və məişət tullantılarından mühafizəsi, ozon qatının qorunması, iqlim dəyişməsi məsələləri konkret maddələrdə əks olunur.

Qanunun 43-cü maddəsi şəhərsalma, yaşayış məntəqələrinin tikintisinə ekoloji tələbləri əhatə edir. Şəhərlərin və digər yaşayış məntəqələrinin layihələndirilməsi, tikintisi və yenidən qurulmasında əhalinin yaşayışı və istirahəti ilə əlaqədar əlverişli şəraitin təmin edilməsi üçün ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğun olaraq ekoloji tələblər nəzərə alınmalıdır. Bu maddədə eyni zamanda müəyyən edilir ki, şəhərlərin və digər yaşayış məntəqələrinin layihələndirilməsində və tikintisində məişət, kommunal və istehsalat tullantılarının yığılması, emalı, zərərsizləşdirilməsi, təkrar istifadəsi nəzərdə tutulmalı və həyata keçirilməlidir. Böyük şəhərlər və sənaye mərkəzləri nəzdində, təbiətdən məhdud istifadə etmək şərtilə, meşə-park, yaşıl zonalar və qoruqlar yaradılmalıdır.

Qanunun 8-ci fəsli ekoloji ekspertiza və ətraf mühitə təsirin qiymətləndirilməsi məsələlərini əhatə edir. Qanuna əsasən, ekoloji ekspertiza iqtisadi (təsərrüfat) fəaliyyətinin ətraf mühitə mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, təsirlərin qarşısının alınması və proqnozlaşdırılması məqsədi ilə ətraf mühitin keyfiyyət normativlərinə və ekoloji tələblərə uyğunluğunun müəyyən edilməsidir.

Qanun fövqəladə ekoloji şəraiti şərtləndirir. Müəyyən edilir ki, təbii fəlakətlər, böyük ekoloji qəzalar baş verdikdə, qanunvericiliyə uyğun olaraq, ölkənin ayrı-ayrı ərazilərində fövqəladə ekoloji vəziyyət tətbiq edilir. Fövqəladə ekoloji şəraitdə müvafiq ərazilərdə iqtisadi (təsərrüfat) fəaliyyətinin və təbiətdən istifadənin konkret növü qadağan edilə və ya məhdudlaşdırıla bilər. Ətraf təbii mühit üçün təhlükə yaradan fövqəladə hadisə baş verdikdə, mülki müdafiə qanunvericiliyi ilə nəzərdə tutulmuş digər tədbirlərin də görülməsi zəruridir.

Qanunda ekoloji fəlakət zonalarının idarə olunması və bu zonalarda görülən tədbirlərlə bağlı hüquqi münasibətlər müəyyən olunur. Fövqəladə ekoloji fəlakətin nəticələrinin zərərçəkənlərə aid edilməsi qaydaları, onların sosial müdafiəsi müvafiq qanunvericiliklə müəyyən edilir.




      1. Torpaq Məcəlləsi

Torpaq Məcəlləsi torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə, torpaq üzərində hüquqların müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların sistemli mühafizəsi üçün lazımi şəraitin yaradılmasına, çirklənmə, erroziya və şoranlaşma nəticəsində korlanmış torpaqların münbitliyinin bərpasına və artırılmasına, torpaqların təbii mühitinin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəldilmiş hüquqi və əməli tədbirləri özündə əks etdirir.

Məcəlləyə görə, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar dövlətin vahid torpaq fondunu təşkil edir. Təyinat məqsədlərinə və hüquqi rejiminə görə ölkənin torpaq fondu aşağıdakı kateqoriyalara bölünür:

kənd təsərrüfatı təyinatlı torpaqlar;

yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış ərazilərinin) torpaqları;

sənaye, nəqliyyat, rabitə, müdafiə və digər bu cür təyinatlı torpaqlar;

meşə fondu torpaqları;

su fondu torpaqları;

xüsusi mühafizə olunan təbiət əraziləri torpaqları;

dövlət ehtiyat fondu torpaqları.

Məcəllə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətlərini müəyyən edir. Bunlar:

torpaq qanunvericiliyinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması;

torpaq qanunvericiliyinin icrasını təmin edən normativ hüquqi aktların qəbulu və onlara dəyişikliklərin edilməsi;

dövlət torpaq kadastrının, torpaqların monitorinqinin və yerquruluşunun aparılması qaydalarının müəyyən edilməsi;

qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət və ictimai ehtiyacların təmin edilməsi məqsədi ilə geri alınması;

xüsusi mülkiyyətdə olan torpaq sahələrinin torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada satın və ya məcburi satın alınması;

dövlət qeydiyyatına alına bilən torpaq sahələrinin minimum hədlərinə dair qaydaların müəyyənləşdirilməsi;

torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi;

yay və qış otlaq sahələrinin inzibati-ərazi vahidlərinə istifadəyə verilməsi;

torpaq vergisi dərəcələrinin, onların ödənilməsi qaydalarının və torpaq vergisinin tutulması sahəsində güzəştlərin müəyyən edilməsi;

torpaqlardan səmərəli istifadəyə, torpaqların münbitliyinin artırılmasına, torpaq ehtiyatlarının qorunmasına dair və digər təbiəti mühafizə tədbirlərinin, dövlət proqramlarının hazırlanması və yerinə yetirilməsi;

dövlət mülkiyyətində olan torpaqların istifadəsi ilə bağlı fəaliyyətin dövlət ekoloji ekspertizasının keçirilməsi və bu barədə müsbət rəy verilməyən obyektlərin tikintisinin və ya onların yenidən qurulmasının dayandırılması haqqında qərar qəbul edilməsi;

torpaqlardan qanunvericiliyə uyğun istifadə olunmasına və onların mühafizəsinə dövlət nəzarətinin təşkil edilməsi və həyata keçirilməsi;

dövlət torpaq kadastrının, torpaqların monitorinqinin və yerquruluşunun aparılmasının təşkil edilməsi;

torpaq qanunvericiliyində göstərilən qaydada və məhkəmə səlahiyyətinə aid olmayan torpaq mübahisələrinin həll edilməsi;

qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərdir.

Torpaq Məcəlləsinin müəyyən etdiyi məsələlərdən biri torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyət dairəsidir. Buraya aşağıdakı səlahiyyətlər daxildir:

qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi;

qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;

yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi;

bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması;

bələdiyyə ehtiyacları üçün torpaq sahəsinin torpaq və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərdən geri alınması.

Məcəlləyə əsasən, şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. İnzibati ərazi bölgüsü və yaşayış məntəqələrinin (torpaqlarının) hüdudları və onlara dəyişikliklər Azərbaycan Respublikasının Milli Məclisi (Parlamenti) tərəfindən müəyyən edilir.

Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıda göstərilən torpaq sahələri daxildir:

yaşayış, mədəni-məişət, inzibati, ibadət (dini) və digər bina, tikinti və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri;

ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri;

sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri;

nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri;

təbiət abidələri, təbii (milli) parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaqları, həmçinin təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarix-mədəniyyət abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və digər obyektlərin yerləşdiyi torpaq sahələri;

yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları;

kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri;

hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri;

şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan, ehtiyatda qalan torpaq sahələri.

Torpaq Məcəlləsinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaqlar (bələdiyyə torpaqları) “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa (1996) əsasən bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

Məcəllə ilə bələdiyyə torpaqları ümumi istifadədə olan torpaqlar, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqlarına ayrılır.

Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir.

Məcəllə müəyyən edir ki, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaq üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə əməl etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

Torpaq Məcəlləsinə əsasən, bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququ olan servitut torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Məcəllə torpaq sahəsinə servitutların növlərini müəyyən edir.




      1. Meşə Məcəlləsi

Meşə Məcəlləsi Azərbaycan Respublikası ərazisində meşə münasibətlərinin tənzimlənməsinin, meşələrdən istifadənin, onların mühafizəsinin, qorunmasının, bərpasının, ekoloji və ehtiyat potensialının yüksəldilməsinin hüquqi əsaslarını müəyyən edir.

Məcəlləyə görə, meşə bioloji cəhətdən qarşılıqlı əlaqəli və öz inkişafında bir-birinə təsir göstərən torpağın, suyun, havanın, ağac, kol və ot bitkilərinin, heyvanların, mikroorqanizmlərin və ətraf mühitin mühüm ekoloji, iqtisadi və sosial əhəmiyyət kəsb edən digər komponentlərinin vəhdəti olan xüsusi ekosistemdir.

Meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər ölkənin meşə qanunvericiliyi ilə yanaşı, mülki, ətraf mühitin mühafizəsi, torpaq, su, atmosfer havası qanunvericilikləri, habelə bələdiyyə qanunvericiliyi ilə tənzimlənir.

Meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması zamanı yaranan əmlak münasibətləri meşə qanunvericiliyi ilə yanaşı, ölkənin mülki və torpaq qanunvericilikləri ilə tənzimlənir.

Məcəlləyə əsasən, ölkə ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun torpaqları (meşə və qeyri-meşə torpaqları) Azərbaycan Respublikasının meşə fondunu təşkil edir.

Meşə Məcəlləsinə görə, torpaqların meşə fonduna daxil edilməsi və oradan çıxarılması Azərbaycan Respublikasının meşə qanunvericiliyi ilə yanaşı, torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Məcəllədə nəzərdə tutulduğu kimi, meşə torpaqlarına meşə bitkiləri ilə örtülü olan torpaqlar və bu bitkilərlə örtülü olmayan, lakin meşələrin bərpası üçün nəzərdə tutulmuş torpaqlar (meşələşməmiş qırma sahələri, yanğın yerləri, seyrəkliklər, talalar, qurumuş ağaclıqlar, tinglik sahələri, çətiri birləşməmiş meşə əkinləri və digərləri) aid edilir.

Qeyri-meşə torpaqlarına meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar (kənd təsərrüfatı torpaqları, meşə mərzləri, yollar altında olan torpaqlar və digər torpaqlar), habelə meşə fondunun sərhədləri daxilində yerləşən digər torpaqlar (bataqlıqlar, daşlıqlar, qayalıqlar yerləşən və istifadə üçün əlverişsiz başqa torpaq sahələri) aid edilir.

Meşə Məcəlləsinə görə, meşə fonduna daxil olmayan ağac-kol bitkiləri meşə fonduna daxil deyildir. Bunlar:

kənd təsərrüfatı torpaqlarındakı ağaclar və ağac qrupları, tarla (plantasiya) qoruyucu meşə zolaqları, habelə digər ağac-kol bitkiləri;

dəmir yolları və avtomobil yollarını, boru kəmərlərini, kanalları və digər su obyektlərini ayıran zolaqlardakı qoruyucu ağaclar;

şəhərlərdə və digər yaşayış məntəqələrində olan ağaclar və ağac qrupları, habelə yaşıllıqlar;

həyətyanı sahələrdə, yaylaq, qışlaq və bağ sahələrində olan ağaclar və ağac qruplarıdır.

Bu qanunvericilik sənədi ölkənin meşə fondunu iqtisadi və ekoloji əhəmiyyətinə, yerləşməsinə və yerinə yetirdiyi funksiyalara görə birinci qrup meşələrə aid edir. Məcəllənin 31-ci maddəsinə görə, ölkə meşələri aşağıdakı qoruyucu kateqoriyalara bölünür:

 qoruq meşələri və xüsusi qiymətli meşə massivləri;

 kurort meşələri;

 şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələri;

 yabanı meyvə meşələri;

 dövlət qoruyucu meşə zolaqları;

 sair meşələr.

Məcəllə eyni zamanda müəyyən edir ki, zəruri hallarda göstərilən kateqoriyalara aid edilmiş meşələr də xüsusi qoruyucu meşə sahələri və xüsusi qorunan meşə sahələrinə bölünür.

Xüsusi qoruyucu meşə sahələrinə: çayların, göllərin və digər sututarların sahillərində olan meşə sahələri, dəmir və avtomobil yollarının kənarlarındakı meşələr, eroziyadan mühafizə meşələri və s. aiddir.

Xüsusi qorunan meşə sahələrinə: elmi-tədqiqat və mədəni-tarixi əhəmiyyət kəsb edən meşələr, meşə-parklar, seyrək arid meşələri, ziyarət yerlərindəki meşələr və s. aiddir.

Məcəllənin tələbinə əsasən, meşələrin qoruyucu kateqoriyaya aid edilməsi, bir qoruyucu kateqoriyadan başqa qoruyucu kateqoriyaya keçirilməsi müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş qaydada meşə quruluşu işləri və xüsusi müşahidə materialları əsasında həyata keçirilir.

Meşə təsərrüfatının idarə edilməsi və meşə fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və (və ya) meşə fondu torpaqlarının geri alınması Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

Meşə Məcəlləsində meşə fondundan istifadə növləri konkret göstərilir. Bunlar:

 oduncaq tədarükü;

 ikinci dərəcəli meşə ehtiyatları tədarükü (kötük, lif, qabıq və başqaları);

 meşədən əlavə istifadə; buraya: ot çalını, pətəklərin və arıxanaların yerləşdirilməsi, yabanı meyvə, göbələk, giləmeyvə, qərzəkli və digər məhsullar, palıd qozası, dərman bitkiləri, texniki xammal, mamır, meşə döşənəyi, tökülmüş yarpaq, qarğı, qamış, cil və digərlərinin tədarükü və yığılması, müvafiq icra hakimiyyəti orqanı tərəfindən siyahı üzrə başqa əlavə istifadə;

elmi-tədqiqat məqsədləri üçün;

 mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün;

 ovçuluq təsərrüfatı.


      1. İstehsalat və məişət tullantıları haqqında Qanun

Ölkədə tullantılarla bağlı əsas qanun 1998-ci ildə qəbul olunmuş “İstehsalat və məişət tullantıları haqqında” qanundur. Sənədə 2007-ci ildə əlavə və dəyişikliklər edilib.

Qanun, zərərli qazlar, çirkab suları və radioaktiv tullantılar istisna olmaqla, istehsalat və məişət tullantılarının insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin qarşısının alınması, onların təhlükəli təsirinin azaldılması, təbiətdə ekoloji tarazlığın təmin olunması, habelə bu cür tullantıların təkrar xammal mənbələri kimi təsərrüfat dövriyyəsinə cəlb olunması məqsədi ilə tullantıların idarə olunması sahəsində Azərbaycan Respublikasının dövlət siyasətini və hüquqi münasibətləri müəyyən edir və tənzimləyir.

Ətraf mühitə atılan zərərli qazlar və tozlar “Atmosfer havasının mühafizəsi haqqında”, çirkab suları “Su təchizatı və tullantı suları haqqında”, radioaktiv tullantılar isə “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” qanunlarla tənzimlənir.

“İstehsalat və məişət tullantıları haqqında” qanuna əsasən, əmələgəlmə mənbələrinə görə tullantılar: istehsalat (sənaye) və məişət tullantılarına bölünür.

Təhlükəlilik dərəcəsinə görə tullantılar:

Təhlükəli tullantılara və

Təhlükəsiz tullantılara bölünür.

İstehsalat tullantıları əmələgəlmə yerlərinə görə: 1) sənaye (neft, qaz və elektroenergetika, əlvan və qara metal, digər sənaye və tikinti sahələri) tullantıları, 2) kənd təsərrüfatı istehsalı tullantıları, habelə 3) tibbi tullantılara bölünür.

Qanunda tullantıların idarə olunması sahəsində dövlət siyasətinin əsas prinsipləri müəyyən olunur.

Qanunun tələblərinə əsasən, bərk məişət tullantıları poliqonlarının yerləşdirilməsi və qurulması üçün sahə şəhər və digər yaşayış məntəqələrinin və şəhərətrafı zonaların planlaşdırılması və tikilməsi üzrə təsdiq olunmuş baş planlara və ya layihələrə uyğun olaraq ayrılmalıdır. Poliqonların yerləşdirilməsi və qurulması üçün seçilən ərazi ekoloji normalara və insan sağlamlığı sahəsində qanunvericiliyə cavab verməlidir.

Tullantılarla bağlı fəaliyyət sahəsində iqtisadi tənzimlənmə onların həcmi, təhlükəlilik dərəcəsi və yerləşdirmə normativləri nəzərə alınmaqla tətbiq olunmalıdır.

Qanunun tələblərinə əsasən (maddə 20) tullantı istehsalçıları olan hüquqi və fiziki şəxslər tullantıların əmələ gəlməsinin, istifadəsinin, yerləşdirilməsinin, başqasına verilməsinin və ya satılmasının qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə uçotunu aparır, müvafiq dövlət orqanlarına hesabat təqdim edir. Tullantılarla bağlı dövlət uçotu və hesabatı vahid sistem üzrə hazırlanır və aparılır. Tullantıların dövlət kadastrına onların uçotuna dair sistemləşdirilmiş məlumatlar daxil edilir.

Qanunun 6-cı maddəsinə uyğun olaraq tullantı istehsalçısı (mülkiyyətçisi) tullantıların təkrar xammal kimi istifadə edilməsini və onların təkrar emal üçün digər müəssisələrə göndərilməsini təmin etməli, istehsal prosesində və xidmət sahələrində əmələ gələn, təkrar xammal kimi istifadə olunan, təkrar emal üçün digər müəssisələrə göndərilən, ləğv edilməsi məqsədi ilə müvəqqəti saxlanılan və ləğv edilməyə göndərilən tullantıların uçotunu aparır və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat təqdim edir.

Tullantıların müvafiq növ nəqliyyat vasitələrində daşınması qaydası, yükləmə və boşaltma işlərinin yerinə yetirilməsinə və ekoloji təhlükəsizliyin təmin olunmasına tələblər bu qanuna əsasən Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Tullantıların daşınmasını həyata keçirənlər onun nəqliyyat vasitəsinə yükləndiyi andan onu qəbul edən hüquqi və fiziki şəxsə çatdırılana qədər ətraf mühitin və insanların sağlamlığının təhlükəsizliyinə görə məsuliyyət daşıyırlar.




      1. Ekoloji təhlükəsizlik haqqında Qanun

Qanunun təsir dairəsini və məqsədini müəyyən edən 2-ci maddəsində göstərilir ki, bu normativ hüquqi aktın məqsədi insanın həyatını və sağlamlığını, cəmiyyəti, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, o cümlədən atmosfer havası, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün hüquqi əsasları müəyyən etməkdir.

Qanun ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə iqtisadi (təsərrüfat) və digər fəaliyyətlərə dair məhdudiyyətlər nəzərdə tutur. Belə ki, ağır ekoloji nəticələrə səbəb ola bilən, ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə uyğun olmayan iqtisadi (təsərrüfat) və digər fəaliyyətlər, qanunvericiliklə müəyyən edilmiş qaydada yararsız torpaqları bərpa etmədən yeni torpaq sahələrini təsərrüfat dövriyyəsinə daxil etmək, ekoloji təhlükəsizlik sahəsində qanunvericiliyin pozulması ilə müşayiət olunan elmi-tədqiqat, iqtisadi və digər eksperimentlər keçirmək, ətraf mühitin və onun komponentlərinin qlobal dəyişikliklərinə səbəb olan, o cümlədən ekoloji təhlükəsizlik sahəsində beynəlxalq müqavilələri pozan fəaliyyətlər qadağandır (maddə 9).

Qanunun 11-ci maddəsinə əsasən, ətraf mühitə təhlükəli təsirlərin nəticələrinin aradan qaldırılmasına dair fəaliyyətin əlaqələndirilməsini və bu fəaliyyətin həyata keçirilməsi üzrə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları (Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi) həyata keçirirlər.


      1. Şəhərsalma və Tikinti Məcəlləsi

Məcəllə Azərbaycan Respublikasında şəhərsalma və tikini fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikini fəaliyyəti sahəsində hüquqi və vəzifələrini müəyyən edir.

Məcəllənin müəyyən etdiyi ümumi ərazi planlaşdırılmasının məqsədləri sırasında olan müddəalardan da biri ətraf mühitin mühafizəsi ilə bağlı tələblərin (aspektlərin), xüsusən fauna və floraya, torpağa, suya, havaya, iqlimə, eləcə də əhaliyə və mədəni irs obyektlərinə təsirlərlə bağlı maraqların təmin olunması, digəri kənd və meşə təsərrüfatı, enerji və su təchizatı, kanalizasiya və tullantıların atılması, poçt və telekommunikasiya, habelə faydalı qazıntı yataqları ilə bağlı iqtisadi maraqların təmin olunmasıdır.

Bu qanunvericilik aktında nəzərdə tutulan Baş plan anlayışında digər məsələlərlə yanaşı, su əraziləri, limanlar və su təsərrüfatı üçün nəzərdə tutulmuş ərazilər, eləcə də daşqından qorunmaq və suyun axınını tənzimləmək üçün boş saxlanılmalı olan ərazilərin olması nəzərdə tutulur.

Məcəllə ilə müəyyən olunan Müfəssəl planda (maddə 23) digər göstəricilərlə yanaşı, su sektoruna aidiyyəti olan aşağıdakılar nəzərdə tutulur:

su əraziləri, eləcə də su təsərrüfatı, daşqından qorunmaq üçün qurğuların yerləşdirilməsi və suyun axınını tənzimləmək üçün ərazilər (əgər bu məsələlər digər qanunvericilik aktları ilə həll olunmayıbsa);

kənd və ya meşə təsərrüfatı məqsədləri üçün nəzərdə tutulmuş ərazilər istisna olmaqla, tikinti obyektlərinin hissələri üçün ağacların, kolların və digər bitkilərin əkilməsi, eləcə də onların və su hövzələrinin qorunub saxlanması üçün dayaqlar.

Məcəllənin 73-cü maddəsinə əsasən, qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir. Atmosfer yağıntılarından yaranan suların sahənin relyef mürəkkəbliyi ilə əlaqədar qonşu ərazilərdən keçməklə kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.


      1. Ətraf mühitə dair informasiya almaq barədə Qanun

Bu Qanun ətraf mühitin vəziyyətinə və təbii ehtiyatlardan istifadəyə dair dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından, həmçinin məsul şəxslərdən tam, dəqiq, vaxtında informasiya almaqla bağlı yaranan münasibətləri tənzimləyir.

Qanuna əsasən, ətraf mühitə dair informasiya dedikdə, torpağın, suyun, yerin təkinin, atmosferin və canlı orqanizmlərin vəziyyəti, ətraf mühitə, insanların sağlamlığına təsir edən və ya təsir edə biləcək fəaliyyət nəticəsində ətraf mühitin komponentlərində baş verən və baş verə biləcək dəyişikliklər, onların qiymətləndirilməsi, ətraf mühitin mühafizəsi və səmərəli istifadəsinə yönəldilmiş tədbirlər və məsrəflər barədə məlumatlar nəzərdə tutulur.

Əhalinin sağlamlığı və ətraf mühitin mühafizəsi, onlara nəzarət, torpağın, suyun, yerin təkinin, atmosferin, meşələrin, heyvanlar və bitkilər aləminin qorunması, təbii ehtiyatlardan, habelə təkrar xammaldan istifadə, bu sahədə qayda və standartları müəyyənləşdirmək, həmçinin ətraf mühitin vəziyyətinə təsir göstərə bilən qərarlar qəbul etmək səlahiyyətli dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, onların sahə strukturları, digər ixtisaslaşdırılmış fəaliyyət növləri ətraf mühitə dair informasiya obyektləri sayılır.

Qanuna görə, ətraf mühitə dair informasiya, əldə edilməsi qaydasına görə alınması məhdudlaşdırılan və açıq informasiya növlərinə bölünür.

Alınması məhdudlaşdırılan informasiya növünün təsnifatı Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Belə informasiya bir orqanın inhisarında olmamalıdır. Açıq informasiyaya alınması məhdudlaşdırılmayan bütün məlumatlar aiddir.

Qanuna əsasən, alınması məhdudlaşdırılan informasiya istisna edilməklə, hər bir şəxs zamanından asılı olmayaraq və şərt qoyulmadan ətraf mühitə dair informasiya almaq hüququna malikdir (maddə 4).

Qanun müəyyən edir ki, ətraf mühitə dair informasiyanın alınmasına təminat informasiyanın axtarılmasına şərait yaratmaq, sənədlərlə tanış olmaq, onların surətini əldə etmək, vəzifəli şəxslərdən müsahibələr götürmək, mətbuat konfranslarında və digər tədbirlərdə iştirak etmək, yazılı sorğulara rəsmi cavablar almaq hüququnun dövlət və yerli özünüidarəetmə orqanları, habelə məsul şəxslər tərəfindən təmin edilməsidir.

Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olunmaqla, dövlət və yerli özünüidarəetmə orqanları ətraf mühitə dair informasiya verməkdən imtina etməməlidirlər.

Ətraf mühitə dair informasiyanın hazırlanması, toplanması, istifadə olunması, yayılması qanunla, təhlili, saxlanması, yeniləşdirilməsi, obyektlərinin siyahısı, registri və onun aparılması qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Qanunda Ətraf mühitə dair informasiya verilməsi üzrə dövlət orqanlarının vəzifələri müəyyən edilir.

Burada göstərilir ki, dövlət orqanları ətraf mühitə dair elektron məlumat bankında olan açıq informasiyanın müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada və müddətdə ümumi rabitə vasitələri ilə artırılması üçün tədbirlər görür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Üç ildə bir dəfədən az olmayaraq ətraf mühitin vəziyyətinə dair milli məruzələri, habelə ətraf mühitin vəziyyəti (keyfiyyəti və çirklənməsi) barədə məlumatları dərc edir. Nazirlik eyni zamanda ildə bir dəfədən az olmayaraq ətraf mühitin vəziyyətinə dair hesabatlar tərtib edir, onları ictimaiyyət üçün açıq olan elektron məlumatlar bankına daxil edir, çirklənmələrlə bağlı kadastr və registr sistemlərinin təkmilləşdirilməsi üçün tədbirlər görür.

Qanunun “Ətraf mühitə dair informasiya verməkdən imtinanın əsasları” adlanan 7-ci maddəsində dövlət və yerli özünüidarəetmə orqanları ətraf mühitə dair informasiya almaq barədə müraciət və ya sorğuya cavab verməkdən, habelə informasiyanın yayılmasından imtina edə bilən hallar müəyyənləşdirilir.

Qanunda ətraf mühitə dair informasiya almaq üçün müraciət və ya sorğunun verilməsinin, ona baxılmasının əsas prinsipləri müəyyən edilir.
Ətraf mühitə dair informasiya almaq barədə müraciət və ya sorğu qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata götürülür, baxılır və cavab verilir.

Ətraf mühitə dair informasiya barədə verilən cavabda həmin informasiyanın kommersiya məqsədilə ötürülməsi, satılması, çoxaldılması, dərc edilməsi şərtləri bildirilməli və ya qadağan olunması göstərilməlidir.

Ətraf mühitə dair informasiya almaq üçün müraciətin və ya sorğunun təmin edilməsindən imtina, cavab verən orqan tərəfindən əsaslandırılmalıdır.

Qanunun 10-cu maddəsində ətraf mühitə dair informasiya almaq üçün müraciət və ya sorğuya aid qərarların qəbul edilməsi qaydaları müəyyən edilir.

Ətraf mühitə dair informasiyanın verilməsinin maliyyələşdirilməsi mənbələri, onun ödənişli və ya ödənişsiz olması, ödənişin həcminin müəyyənləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu qaydalarda haqq alınmasına əsas olan tarif dərəcələri, haqqın alınması və ondan azadolma, haqqı qabaqcadan ödənməklə məlumat təqdimetmə halları barədə müraciət edənin məlumatlandırılması şərtləri öz əksini tapmalıdır. Ödənişli informasiya üçün müəyyən edilən haqq onun hazırlanması, axtarılması, surətinin çıxarılması və sair işlərin dəyərindən çox ola bilməz.

Ətraf mühitə dair informasiya birdəfəlik sorğu, eləcə də müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada informasiya almaq istəyən şəxslə bağlanmış müqavilə əsasında verilə bilər.

Açıq informasiya müraciət və ya sorğuya cavab şəklində, eləcə də müvafiq icra hakimiyyəti orqanları tərəfindən öz səlahiyyətləri daxilində kütləvi informasiya vasitələrində müntəzəm yayımlamalar yolu ilə əhaliyə çatdırılır.

Açıq informasiya müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər təqvim ilinə dair hazırlanır və növbəti ilin birinci yarısından gec olmayaraq kütləvi informasiya vasitələrində yayımlanır.

Alınması məhdudlaşdırılan informasiyanın verilməsi bu Qanunla və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Qanunun bir maddəsi ətraf mühitə dair informasiyadan istifadəyə icazə və onun alınma hüququnun müdafiəsinə həsr olunmuşdur.

Burada müəyyən edilir ki, ətraf mühitə dair açıq və alınması məhdudlaşdırılan informasiyadan istifadəyə icazə verilməməsindən, habelə açıq informasiyanın əsassız olaraq alınması məhdudlaşdırılan informasiyaya aid edilməsindən, informasiya verilməsindən yayınmaqdan və imtinadan, ona natamam və ya qeyri-dəqiq cavab verilməsindən, müraciət edənin digər hüquqlarının pozulmasından məhkəməyə müraciət edilə bilər.

Ətraf mühitə dair qeyri-dəqiq və ya əsassız imtina cavabı alanlar onlara dəyən maddi və mənəvi zərərin ödənilməsini tələb etmək hüququna malikdirlər.




    1. Su qanunvericiliyinin digər normativ-hüquqi aktları (qanunaltı aktlar)

Su Məcəlləsinin və su sektoruna aid digər müvafiq qanunların icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti çoxsaylı normativ-hüquqi aktlar (əsasnamə, qayda, norma, təlimat və s.) qəbul etmişdir. Bu normativ-hüquqi aktlar aşağıdakılardır:

“Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma Qaydaları” (15 oktyabr 1998, № 206);

“Sudan istifadə limitlərinin hazırlanması və həyata keçirilməsi Qaydaları” (15 oktyabr 1998, № 206);

“Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiqi və həyata keçirilməsi Qaydaları” (15 oktyabr 1998, № 206);

“Sudan təsərrüfatdaxili istifadə planlarının və sudan istifadəyə dair ümumsistem planlarının təsdiq edilməsi Qaydası” (15 oktyabr 1998, № 206);

Su obyektlərindən hidroenergetika ehtiyacları üçün istifadə Qaydaları (6 dekabr 2000, № 216);

"Balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün su obyektlərindən istifadə Qaydaları" (8 may 2000, № 82);

"Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi Qaydası" (1 may 2000, № 77);

“Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamə” (22 oktyabr 1998, № 216);

“Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə Qaydalar”ı (28 sentyabr 1998, № 197);

“Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” (25 sentyabr 1998, № 195);

"Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları" (24 mart 2000, № 56);

"Suların dövlət uçotunun Qaydası" (17 yanvar 2000, № 7);

Dövlət su kadastrının aparılması qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (5 dekabr 1995, № 261)

Meliorasiya və irriqasiya sistemlərinin pasportlaşdırılması Qaydası (29 yanvar 1997, № 24)

Azərbaycan Respublikasında sudan pullu (ödənişli) istifadə qaydaları haqqında Əsasnamə (26 oktyabr 1996, № 150)

 


    1. Su sektoru ilə bağlı əsas Konvensiyalar

Azərbaycan Respublikası 1992-ci ildən başlayaraq ətraf mühitlə bağlı digər Konvensiyalarla yanaşı, su sektoruna aidiyyəti olan beynəlxalq konvensiyalara da qoşulmağa başlamışdır. Bu Konvensiyalar aşağıdakılardır:

Ümumdünya Meteorologiya Təşkilatının Konvensiyası (1993),

Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Helsinki Konvensiyası (2000) və onun Su və sağlamlıq Protokolu (2002),
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (1995) və onun Kioto Protokolu (2000),

Ozon qatının qorunması haqqında Vyana Konvensiyası (1996) və ona dair Protokollar, onun Monreal Protokoluna 1999-cu il tarixli Pekin düzəlişi (2012),

Səhralaşma ilə mübarizə üzrə BMT Konvensiyası (1998),

”Xəzər dənizinin Dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası (2006) və onun Neftlə çirklənmələrə dair Protokolu (2012);

BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyası (2000) və onun Kartagena Protokolu (2004),

Böyük məsafələrdə havanın transsərhəd çirklənməsi haqqında Konvensiya (2002),

BMT-nin Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, qərar qəbul edilməsində ictimaiyyətin iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında Orxus Konvensiyası (1999) və digərləri.

Helsinki Konvensiyası. “BMT-nin Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Konvensiya Azərbaycan tərəfindən 2000-ci ilə ratifikasiya edilmişdir. Onun Su və sağlamlıq Protokoluna ölkə 2002-ci ildə qoşulmuşdur. Bu Konvensiyasının icrası ilə bağlı ölkədə beynəlxalq təşkilatların dəstəyi ilə bir neçə layihə həyata keçirilmişdir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını Azərbaycan Respublikası 1995-ci ildə ratifikasiya etmişdir. 1997-ci ildə ölkə Prezidentinin müvafiq sərəncamı ilə Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası yaradılmışdır. Müvafiq olaraq İşçi Qrup təşkil edilmişdir. Konvensiyanın Kioto Protokoluna 2000-ci ildə qoşulmuşdur.

Konvensiyadan irəli gələn öhdəlik və vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar “Birinci Milli Məlumatlar”ın birinci fazasında iqlim dəyişmələrinin təsirinin minimuma endirilməsi üçün müvafiq tədbirlər planı hazırlanmış, ikinci fazada isə iqtisadiyyatın prioritet sahələrində istilik effekti yaradan qaz tullantılarının azaldılması üçün ekoloji cəhətdən təmiz texnologiyalara dair tələbatlar qiymətləndirilmiş və həmin texnologiyaların tətbiqinə dair təkliflər hazırlanmışdır.

“İkinci Milli Məlumatlar”da əsas diqqət insan sağlamlığı, ekosistemlərə təsir, təmiz inkişaf mexanizmi üzrə layihələrin seçilməsinə və icrasına yönəldilmişdir.

Hazırda “Üçüncü Milli Məlumatlar” layihəsinin hazırlığı başa çatdırılmış və sənəd baxılmaq üçün Nazirlər Kabinetinə göndərilmişdir.

Layihə ilə əlaqəli olan BMT-nin Səhralaşmaya dair Konvensiyaya Azərbaycan 1998-ci ildə qoşulmuşdur. Konvensiyadan irəli gələn öhdəliklərə dair Milli Orqan (ETSN) tərəfindən müvafiq tədbirlər görülür. Səhralaşma problemləri ilə bağlı Meşələrin Bərpasına və yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşının alınmasına dair Dövlət Proqramları həyata keçirilir. Texnogen təsirlər nəticəsində çirklənmiş və yararsız hala düşmüş torpaqların reabilitasiyası və rekultivasiyası üzrə də bir sıra layihələr icra olunur.

Ozon qatının qorunması haqqında Vyana Konvensiyası. Azərbaycan bu Konvensiyanı, “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu”nu və bu Protokola aid olan müvafiq düzəlişləri 1996-cı ildə ratifikasiya etmişdir. 2012-ci ildə isə Monreal Protokolunun Pekin düzəlişinə qoşulmuşdur.

Ötən müddət ərzində ölkədə illik istifadə edilən ozondağıdıcı maddələrin miqdarı müəyyənləşdirilmiş, həmin maddələrin mərhələlər üzrə azaldılmasını nəzərdə tutan ölkənin ozon strategiyası hazırlanmışdır. Bu strategiyaya uyğun olaraq ozondağıdıcı maddələrin istifadəsinin mərhələlər üzrə azaldılması qrafiki tərtib edilərək Konvensiya Katibliyinə göndərilmişdir. Hazırda bu qrafik üzrə işlər davam etdirilir, ozondağıdıcı maddələrin idxalı və ixracının tənzimlənməsi üzrə müvafiq tədbirlər görülür.

Layihəyə aidiyyəti olan beynəlxalq sənədlərdən biri BMT-nin “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyasıdır ki, Azərbaycan bu sənədə 2001-ci ildə qoşulmuşdur. Konvensiyanın tələblərindən irəli gələn öhdəliklərin icrası üçün ölkədə müvafiq işlər həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Konvensiya üzrə səlahiyyətli orqan təyin edilmişdir.

Konvensiyanın tələblərinə uyğun olaraq 2007-ci ildə “İstehsalat və məişət tullantıları haqqında” Qanuna müvafiq əlavə və dəyişikliklər edilmişdir. Təhlükəli tullantıların basdırılması (saxlanması) üçün beynəlxalq standartlara cavab verən xüsusi poliqon inşa edilmiş, təhlükəli tullantıların saxlanması üzrə Milli Mərkəz (2004) fəaliyyətə başlamışdır.



Böyük məsafələrdə havanın transsərhəd çirklənməsi haqqında Konvensiya. Azərbaycan Respublikası bu Konvensiyaya 2002-ci ildə qoşulmuşdur. Konvensiyada müəyyən edilir ki, “havanın çirklənməsi” insanların sağlamlığı üçün təhlükə, canlı ehtiyatlara, ekosistemlərə və maddi dəyərlərə ziyan vurulması, eləcə də landşafta zərər vurulması və ya ətraf mühitin digər qanuni növlərinə maneçilik etmək kimi zəruri nəticələrə gətirib çıxaran maddələrin və ya enerjinin insanın bilavasitə və dolayı yolla hava mühitinə daxil edilməsi deməkdir.

Orxus Konvensiyası. Azərbaycan Respublikasının Parlamenti bu Konvensiyaya qoşulmaq barədə Qanunu 1999-cu ildə qəbul etmişdir. 2002-ci ildə Konvensiyanın tələblərindən irəli gələn “Ətraf mühitə dair informasiya almaq haqqında” milli qanun qəbul olunmuşdur.

Konvensiyanın mətnindən də göründüyü kimi, bu beynəlxalq sənədin əsas məqsədi hər bir kəsə onun sağlamlığı və rifahı üçün əlverişli ətraf mühitdə yaşamaq hüququnun müdafiəsinə kömək məqsədilə Tərəf ölkələr onun tələblərinə müvafiq olaraq məlumat əldə etmək imkanı ictimaiyyətin qərarların qəbul edilməsi prosesində iştirakı və ətraf mühit məsələləri üzrə ədalət mühakiməsinin açıq həyata keçirilməsi hüququnu təmin etməkdir.




  1. Yüklə 87,01 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin