Azərbaycanda qadın sahibkarların maliyyə resurslarına çıxış məhdudiyyəti və potensial həlli yolları Mövcud vəziyyət



Yüklə 34,47 Kb.
tarix22.04.2017
ölçüsü34,47 Kb.
#15618
Azərbaycanda qadın sahibkarların maliyyə resurslarına çıxış məhdudiyyəti və potensial həlli yolları

Mövcud vəziyyət

Kənd yerlərində yaşayan qadınların iqtisadi sahədə səlahiyyətlərinin genişləndirilməsi və sosial həyatda iştirakı yoxsulluq, aclıq və ərzaq çatışmazlığı hallarını aradan qaldırmaq və davamlı inkişafa nail olmaq üçün göstərilən qlobal səviyyəli cəhdlərdə mühüm rol oynayır. Qadınlar, dünyada kənd təsərrüfatındakı işçi qüvvəsinin böyük bir hissəsini (43 faiz) təşkil edir. Dünya ərzaq istehsalının yarısı qadınların üzərinə düşür və əksər inkişaf etməkdə olan ölkələrdə onlar ərzağın 60 və 80 faizini istehsal edirlər.

Kənd qadınlarının iqtisadi sahədə səlahiyyətlərinin genişləndirilməsi icmanın fəaliyyətində və yerli idarəetmədə qadınlarının rolunun artması ilə sıx bağlıdır. Yerli idarəetmədə kənd qadınlarının təmsilçiliyi olmadan, onun kənd yerlərinin inkişafı ilə bağlı məsələlərin lazımi şəkildə həllini təmin edə və kənd yerlərində iqtisadi və sosial artım üçün əlverişli mühitin yaradılmasına kömək edə bilməz. İqtisadi baxımdan səlahiyyətləndirilmiş kənd qadınları icmaların qərar qəbul etmə prosesində iştirak etmək üçün daha yaxşı mövqedə olur və yerli qadın sahibkarların maraqlarını daha yaxşı müdafiə etmək iqtidarında olurlar. Eyni zamanda, yerli idarəetmədə və icma təşkilatlarında aktiv iştirak edən kənd qadınları iqtisadi və sosial həyatda qadınların üzləşdikləri çətinliklərə dair daha dərin bilikləri önə çəkirlər.

Qadınlar Azərbaycan əhalisinin 50.7 faizini təşkil edirlər. Azərbaycanda qadınlar orta hesabla 76.2 il, kişilərdən 5 il çox yaşayırlar. Azərbaycan qadınları yüksək təhsil səviyyəsinə (99.5 faiz) malik olsalar da, kütləvi informasiya vasitələri, hökumət, Birləşmiş Millətlər Təşkilatının agentlikləri və QHT-lər son illərdə qızlar arasında erkən yaşlarda təhsili buraxma ənənəsinin mövcud olduğunu müəyyən etmişlər. 2013-cü ildə Azərbaycanda qadınlar iqtisadi cəhətdən aktiv əhalinin 49.2 faizini təşkil etmişlər.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da qadın sahibkarlığın inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə qender bərabərsizliyinin aradan qaldırılmasına yardım edə bilər.

Qanunvericilik və hüquqi müstəvi

Azərbaycan, qadınların iqtisadi hüquqlarının qorunması üzrə lazımi qanunvericilik bazasına malikdir. Azərbaycan Respublikasının Konstitusiyası həyatın bütün sahələrində öz vətəndaşlarının gender bərabərliyinə zəmanət verir və bütün növ ayrı-seçkilikləri qadağan edir. Milli qanunvericilikdə iqtisadi fəaliyyətin bütün növlər ilə məşğul olmaq, varis olmaq, bank kreditləri almaq və ölkə daxilində və ondan kənara səyahət etmək üçün kişi və qadınların bərabər hüquqları nəzərdə tutulur. Azərbaycan 1995-ci ildə Qadınlara qarşı ayrı-seçkiliyin bütün növlərinin ləğvinə dair BMT Konvensiyasını (CEDAW) ratifikasiya etmişdir. 1995-ci ilin sentyabr ayında Pekində keçirilən IV Ümumdünya Qadınlar Konfransında Azərbaycan qadınlarının iştirakından sonra ölkədə qadın problemlərinə maraq daha da artmışdır. 1998-ci ildə "Azərbaycanda qadınların rolunun artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamı dərc olundu. Prezidentinin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı.

Dövlətin prioritet istiqamətlərindən biri ölkədə qadınların sosial, iqtisadi, ictimai-siyasi həyatda rolunun genişləndirilməsidir. Qadınların iqtisadi sahədə fəallığının daha da artırılması üçün həvəsləndirici və təşviqedici tədbirlər görülür. Onların sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün müxtəlif treninqlərin təşkil olunması, biznes sahələri yaratması üçün güzəştli kreditlərin verilməsi, evdar qadınların sahibkarlığa cəlb olunması da bu tədbirlərdəndir. Eyni zamanda, respublikanın ucqar və dağlıq regionlarında, məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə yaşayan qadınların özəl biznes və aqrar təsərrüfatlarını yaratması üçün də tədbirlər həyata keçirilir. Ötən il ölkəmizdə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq formasında fəaliyyət göstərən fiziki şəxslərin sayında 17,9%-ni qadınlar təşkil edib1. Sahibkarlığa Kömək Milli Fondu 2070 qadın sahibkara 46,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması 3000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. 2013-cü ildə isə 430 qadın sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 9,3 milyon manat güzəştli kredit verilib2.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının təcrübəsindən...

Hazırda əksər dövlət təşkilatları, QHT-lər, donorlar Azərbaycanda qadın sahibkarlığın və iştirakçılığının inkişafı üzrə müxtəlif layihələr həyata keçirirlər. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) da ölkənin maliyyə sektorunda qadın iştirakçılığının artırılması, qadın sahibkarlığın inkişafı və təlimlər vasitəsilə dəstəklənməsi, qadınların maliyyə sektorunda işlə təminatı, maliyyə qurumlarının ali rəhbərlik səviyyəsində qadın menecerlərinin sayının artırılması üzrə artıq 2005-ci ildən etibarən Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma İnkişaf Bankı, İsveç Əməkdaşlıq Fondu, İslam İnkişaf Bankı, Avropa İttifaqı və s. dəstəyi ilə layihələr həyata keçirir.

Bütün bu layihələrin icrası zamanı, xüsusilə regionlarda yaşayan qadın sahibkarlar ilə görüş və müzakirələr nəticəsində, Azərbaycanda ölkənin kənd yerlərində qadınların iqtisadi və vətəndaş həyatında zəif iştirakının səbəbi gender baxımından məhdud qanunvericilik və ya dövlət siyasəti deyil, aşağıdakı digər səbəblər olması nəticəsinə gələ bilərik:

Məhdud sosial-iqtisadi təcrübələr və gender zəminində ayrı-seçkiliyin olması; (ailə və icmada qərarların qəbul edilməsində qadınların və qızların təcrid olunması, məişət zorakılığı və zorakılıqla müşayiət olunan nəzarət, gender stereotipləri, ailədəki vəzifələrin və öhdəliklərin gender zəminində sərt şəkildə bölüşdürülməsi, erkən nigah və təhsili buraxma halları)

Cəmiyyətdə üstünlük təşkil edən mövcud stereotiplər qadınları bizneslə məşğul olmaqdan çəkindirməsi. 

Yerli qadın fermerlər və maliyyə təşkilatları arasında zəif əlaqələr və kənddə qadın sahibkarların bankların və mikromaliyyə təşkilatlarının onları riskli biznes sahəsi və müştərisi kimi qəbul etməsi səbəbindən maliyyə imkanlarına – kredit resurslarına çıxış məhdudiyyəti;

Sahibkar və potensial sahibkar qadınlar üçün şəbəkə yaratma və potensialı inkişaf etdirmə imkanlarının olmaması.

Peşə hazırlığı və bacarıqların artırılması imkanlarının məhdud olması və ya olmaması

Qadınların iri həcmli kapital əsaslı kənd təsərrüfatı sahələri və torpaq paylarına sahib olması və ya bu sahibkarlığı üzərinə götürməsində əngəllər vardır (yerli icra və bələdiyyələr bu təşəbbüslərdə kişilərin təmsilçiliyinə üstünlük verir). Nəticə olaraq, qadınlar fermerlər daha aşağı kapital sərmayəli, daha böyük əl əməyi və daha çox torpaq üzərində texnikasız işə meylli təsərrüfatlarla məşğul olur ki, bu da qadın sahibkarlığın səmərəliliyini azaldır.

AMFA regionlarda qadın sahibkarlığın inkişafı və onların sahibkarlıq bacarıqlarının artırılması istiqamətində gördüyü işlərdən biri də, belə qrupların GALS – həyat planlaşması və Beynəlxalq Əmək Təşkilatının (İLO) Öz Biznesinə Başla və Onu təkmilləşdir modulu üzrə təlimləndirilməsi və onların AMFA-nın üzv maliyyə qurumlarına potensial müştəri kimi təqdim olunması idi. Təkcə 2014-cü ildə ümumilikdə İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilən “Planlaşdırma bacarıqlarının inkişafı vasitəsilə qadın sahibkarların həvəsləndirilməsi” layihəsi və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanın region ərazilərində qadın peşəkarlarına hazırlanması və qadın sahibkarlığın inkişafının təşviqi” layihəsi çərçivəsində keçirilən təlimlər vasitəsilə 80-dən çox qadın BƏT modulu, 50-dən çox qadın isə GALS alətləri üzrə təlimləndirilmişlər. İştirakçı qadınlar əsasən ərzaq istehsalı, tekstil, kənd təsərrüfatı, gözəllik salonu və əl sənətkarlığı sahələrini əhatə etmişdir. Təlimdən sonra aparılan monitorinq göstərmişdir ki, onların 56 %-dən çox biznesini genişləndirmiş, 30 %-i AMFA üzv maliyyə qurumları tərəfindən xüsusi güzəştli kreditlər ilə təmin edilmiş, bir neçə potensial sahibkar qadın isə artıq öz bizneslərinə başlamışdır. AMFA həmin qadınların uğurları barəsində uğur hekayələri hazırlamış və hazırda onların nəşri işləri aparılır.d:\users\program\documents\my docs\isdb project\isdb success stories\zarovsha 3.jpgd:\users\program\documents\my docs\isdb project\isdb success stories\memmedova sevil 2.jpg

Eyni zamanda, apardığı işlərin konkret rəqəmlərlə ölçüsünü, bank və bank olmayan kredit təşkilatlarına qadın sahibkarlığın inkişafını izləməsini təmin etmək məqsədilə, AMFA həmin maliyyə qurumlarının qadın müştərilər barəsində məlumatları rüblük əsasda hesabatını təqdim etməsinə razılığına nail olmuşdur. Hazırda AMFA tərəfindən bu ölçü indikatorları üzrə Matriks hesabatı rüblük əsasda toplanır. 2014-cü ilin 3-cü rübünün məlumatlarına əsasən, qadın KOS (kiçik və orta sahibkarlıq) kredit müştərilərinin payı ümumi müştəri sayına nisbətdə 28 % təşkil etmişdir. Onlardan 23 % kənd və region ərazilərində olan qadın müştərilər təşkil etmişdir. Bu qrup sahibkar qadınlara verilən ümumi kredit portfelində Riskdə olan Portfel payı isə yalnız 1 % təşkil etmişdir3.

Uzun müddət bu sahədə apardığı işlər və qlobal və beynəlxalq səviyyədə gender və kiçik sahibkarlıq işçi qruplarında (Maliyyə Sektorunda Sosial Fəaliyyət üzrə İşçi Qrup (www.sptf.org) , Gender İşçi Qrupu, Sosial Məsuliyyətli Ətraf Mühit İşçi Qrupu, Sahibkarlığa Kömək Milli Fondu) təmsilçiliyi təcrübəsinə əsaslanaraq, AMFA Azərbaycanda yoxsulluğun aradan qaldırılması, ərzaq təhlükəsizliyində qadın rolunun yüksəldilməsi, qadınların biznes təmsilçiliyinin, özünü işlə təminatının artırılması vasitəsilə iqtisadi səlahiyyətləndirilməsi üçün aşağıdakı potensial imkanları görür:

Respublikada sahibkarlığın inkişafına yönəldilmiş dövlət tədbirləri nəticəsində münbit sahibkarlıq mühiti formalaşır və bu mühit qadın iştirakçılığının artırılmasına xüsusi diqqət ayırır4

Qadın sahibkarlar Yoxsulluğun Azaldılması üzrə Dövlət Proqramında nəzərə tutulmuş məqsədlərə müvafiq olaraq məşğulluğun artırılması və iqtisadi inkişafı prosesində iştirakı getdikcə artır;

Qadın sahibkarların təşkilatlanması nöqteyi-nəzərindən Sahibkarlara Kömək Milli Fondu nəzdində Qadın Məsələləri Komitəsi, Qadın Sahibkarlar Forumu və s. kimi şəbəkələnmə təşəbbüsləri vardır və getdikcə artmaqdadır

Qadın fermerlər onların təlimləndirilməsi, onlar üçün şəbəkələrin yaradılması, iş prioritetlərinin müəyyənləşdirilməsi, bio-müxtəlif və qeyri-ənənəvi biznes ideyalarının yaradılması üzrə tədqiq xidmətləri və təşkilatları ilə işləməyə hazırdırlar.

Qadın fermerlər kənd təsərrüfatı və ətraf mühit siyasət yaradıcılarına bio-müxtəliflik üzrə fikirlərini paylaşmağa hazırdırlar. Bu təşəbbüslə qadın fermerlərin bio-müxtəlif və qeyri-ənənəvi biznes ideyaları və ya ənənəvi kənd təsərrüfatı bizneslərində yeni innovativ metodların və texnikaların tətbiqi ilə (məsələn, bioenerji və günəş enerjisi ilə işləyən kiçik təsərrüfatların – parniklərin yaradılması və s.) təkmilləşdirilməsi üzrə strateji plan və davamlı bio-müxtəliflik təsərrüfatlarının qurulması siyasətləri işlənilə bilər.

Qadın fermerlər peşəkar təlimlərdə iştirak etməyə və istehsalları üçün marketinq planı və əlaqələri qurmaqda olduqca maraqlıdırlar. Onlara kənd təsərrüfatı üzrə ixtisaslaşmış peşə təlimləri də vacibdir.

Bu sahədə belə qadınları təlim və maliyyə resurslarına çıxışda AMFA sektorun inkişafında maraqlı olan üzv bankları və inkişaf bankları arasında əlaqə yaradaraq, təşəbbüslə çıxış edə bilər.

Ərzaq və qida ilə əlaqədar sağlamlıq təminatında qadınların rolu onların eko-sistem yanaşmalarının öyrədilməsi vasitəsilə daha da təkmilləşdirilə bilər (eko-sahibkarlığın yaradılması –“ecopreneurship”5). Bunun üçün milli və beynəlxalq maliyyələşmə və dəstək lazımdır.

Nəticə olaraq, belə qənaətə gəlirik ki, bu gün qadınlar region ərazilərində ərzaq təminatı, qida istehsalında mühüm rol oynayırlar. Onların potensialının üzrə çıxarılması üçün yuxarıda sadalanan iqtisadi maneələr getdikcə aradan qalxmaqdadır. Habelə, qadın fermerlər hələ də bütün dünya üzrə yoxsul əhali təbəqəsinə daxildir. Əksər inkişaf etməkdə olan ölkələrdə qadın və kişi fermerlərin maliyyə və digər resurslarına çıxışında çətinlikləri olsa da, qadınlarda bu çətinliklər daha çox və aşkardır.

Azərbaycanda da aparılan gender təşviqi və qadın sahibkarlığın dəstəklənməsi təşəbbüslərinin icrası və konkret nəticələrin verilməsi zamanla daha nəzərəçarpacaq olacaq.



1 Trend İnformasiya Agentliyi, http://az.trend.az/business/economy/2253977.html 17 Mart, 2014-cü il

3 AMFA Gender Ölçü İndikatorları üzrə Matriks hesabatı, 3-cü rüb 2014-cü il

Foto 1: İbişova Zərövşə. Quşçuluq ilə məşğul olur. Foto istifadə icazəsi alınmışdır



Foto 2: Məmmədova Sevil. Tikişçilik ilə məşğul olur. Foto istifadə icazəsi alınmışdır

4Azərbaycan Gender İnformasiya Mərkəzi http://www.gender-az.org/index_az.shtml?id_main=12&id_sub=42

5 Entrepreneur – ekosahibkarlıq son illərdə yaranmış yeni biznes termini olmaqla, ətraf mühit baxımından zərərsiz xidmətlər və məhsulların istehsalı – təbii qidalar, yenidən istehsal, tullantılardan tam sərfiyyat dövriyyəsi və s. – başa düşülür.  http://www.businessdictionary.com/definition/ecopreneur.html#ixzz3LCEK1zO6

Yüklə 34,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin