AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ QƏRBİ kaspi kolleci Ad: Səməd Soyad: Abdullayev İxtisas: Maliyyə işi Qrup: 805 Kurs: 2



Yüklə 61,53 Kb.
tarix11.04.2020
ölçüsü61,53 Kb.
#30817
maliyyə hüququ anlayışı, predmeti və metodu

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

QƏRBİ KASPİ KOLLECİ


Ad: Səməd

Soyad: Abdullayev

İxtisas: Maliyyə işi

Qrup: 805

Kurs: 2

Müəllim: Hüseynova Elnurə

Fənn: Maliyyə-1

Mövzu: Maliyyə hüququ anlayışı, predmeti və metodu


BAKI-2020

PLAN


  1. Maliyyə hüququ anlayışı

  2. Maliyyə hüququnun predmeti

  3. Maliyyə hüququnun metodu



  1. Maliyyə hüququ anlayışı

Maliyyə hüququ milli hüquq sistemində özünəməxsus yer tutaraq, adından da göründüyü kimi, predmetinin əsasını maliyyə münasibətləri təşkil edən hüquq sahəsidir.

Məlumdur ki, maliyyə münasibətləri başqa münasibətlərdən aşağıdakı əlamətlərinə görə fərqlənir :

- bu münasibətlər bir qayda olaraq, pul münasibətləridir;

- bu münasibətlər pul vəsaitlərinin bölgüsü münasibətləridir;

- bu münasibətlər ekvivalentsiz münasibətlərdir, burada pul vəsaitlərinin yalnız birtərəfli hərəkəti vardır;

- bu münasibətlərdə pul vəsaitləri maliyyə ehtiyatları formasında hərəkət edir.

Bu əlamətlər maliyyə hüququnun özünün spesifik tənzimetmə dairəsinə malik olmasını sübut edir.

Maliyyə hüququ-ictimai inkişafın hər hansı bir dövründə dövlətin vəzifə və funksiyalarının həyata keçirilməsinin təmin olunması üçün maliyyə fəaliyyəti prosesində meydana çıxan ictimai münasibətləri nizama salan hüquq normaları məcmusudur.

Maliyyə hüququ - müstəqil hüquq sahəsidir. Onun müstəqil hüquq sahəsi olması məsələsi hələ sovet dövründə qızğın diskussiyaların predmeti olmuşdur. Bu mübahisələrə 70-ci illərin əvvəllərində son qoyuldu. İlk dəfə maliyyə hüququnun yeri məsələsi rus hüquqşünas alimi R.O.Xalfina tərəfindən 1952-ci ildə irəli sürülmüşdür. Lakin o, maliyyə hüququnun dövlət və inzibati hüquqdan törəmə olduğunu israr edirdi. R.O.Xalfinanın bu fikrini M.P.Piskotin və S.D.Sıpkin də müdafiə edirdilər.

«Maliyyə hüququ heç də adları çəkilən sahələrə oxşar olmayıb, özünün spesifik tənzimetmə predmetinə malik müstəqil hüquq sahəsidir». Bu fikrin müəllifi maliyyə hüququnu, onun yerini təhlil edərək özünün elmi nəzəri baxışları ilə hüquq elmində Sankt - Peterburq elmi məktəbinin yaradıcısı kimi tanınmış alim Y.A.Rovinski idi. Onun fikrincə, maliyyə hüququnun hüquq sistemində yeri onunla izah olunur ki, 0, müstəqil hüquq sahəsidir. Mütərəqqi baxışlarına görə də keçmiş sovetlər ölkəsində Y.A.Rovinskini maliyyə hüququnun yaradıcısı kimi tanıyırdılar.

Sonrakı illərdə (70-ci illərdə) V.V.Besçerevnıx Rovinskinin nəzəri fikirlərinə istinadən söyləmişdir ki, maliyyə hüququ başqa digər hüquq sahələrindən törəməyib, dövlət hüququ və inzibati hüquqla birlikdə müstəqil sahə kimi yaranmışdır.

Ölkəmizdə bazar münasibətlərinin müasir inkişaf şəraitində bir daha sübut olunur ki, maliyyə hüququ hazırda ən aktual və zəruri sahələrdən biridir. Belə ki, dövlət bazar münasibətləri şəraitində maliyyə mexanizmlərindon (vergi, kredit, sığorta və s.) bazar iqtisadiyyatını idarə etmək üçün istifadə edir.

Hələ (XIX əsrin axırlarından başlayaraq maliyyə haqqında elmin əhəmiyyətinə böyük diqqət verilirdi. Qeyd olunurdu ki, maliyyə haqqında elm maliyyə təsərrüfatı haqqında elmdir. Onun tədqiqat obyektini məhz həmin «təsərrüfat» təşkil etməlidir. Maliyyə təsərrüfatı isə gəlirlərin əldə olunması, onların xərclənməsi və təsərrüfatçılığın yekunlarına qiymət verməkdən ibarətdir. Əgər hesab etsək ki, maliyyə haqqında elmin də, maliyyə hüququnun da predmetlərini «dövlətin maliyyə təsərrüfatı» təşkil edirsə, onda bu mövqenin nə qədər doğru olduğunu görmüş oluruq.

Hüquq ədəbiyyatında belə bir fikir də səslənir ki, əgər maliyyə hüququ haqqında xıx əsrin axırlarındakı mövqelər və konsepsiyalar sovet dövründə də qorunub saxlanılsa idi, onda maliyyə hüququ ictimai münasibətlərin ən mühüm dairəsini əhatə edən super sahə kimi inkişaf etmiş olardı.

Fransız hüquqşünası Pol Mari Qodme hesab edir ki, maliyyə və iqtisadiyyatın əlaqəsi, iqtisadi siyasətin çevikliyi, maddi nemətlərin mənimsənilməsi imkanının olması tələb edir ki, dövlət maliyyəsi xüsusi dövlət normaları ilə reqlament olunsun. Bu normalar, a) müvafiq həcmlərdə vəsaitlərə sərəncam verməyə; b) vəsaitlərin hərəkətlərini dəqiq nəzərə almağa; c) həmin vəsaitlərin ümumi maraqlara uyğun istifadə olunmasını təmin etməyə imkan verir. Bu normalar həyatın bütün tərəflərinə - iqtisadiyyata və siyasətə təsir edərək müstəqil hüquq sahəsini əmələ gətirirlər.

Prof.Voronova L.K. hesab edirdi ki, maliyyə hüququnun əhəmiyyəti ondadır ki, onun təsir dairəsinə dövlətin bütövlükdə maliyyə sistemi daxildir. Maliyyə sisteminin hər bir həlqəsi müəyyən dairə maliyyə münasibətlərini əhatə edir.

Beləliklə Maliyyə hüququ nəinki müstəqil hüquq sahəsidir, o, habelə ümumi hüquqdur. Ümumi hüquq olmaqla. maliyyə hüquq münasibətlərində dövlət iradəsi, dövlətin mənafeyi əsas yer tutur.


  1. Maliyyə hüququnun predmeti

Beləliklə, maliyyə hüququ müstəqil hüquq sahəsi kimi, həmin sahənin normaları ilə nizama salınan ictimai münasibətlər dairəsinə, yəni özünün predmetinə malikdir.

Maliyyə hüququnun predmetini dövlət və bələdiyyələrin həyata keçirdikləri maliyyə fəaliyyəti prosesində meydana çıxan münasibətlər təşkil edir. Başqa sözlə, dövlətin və bələdiyyələrin həyata keçirdiyi maliyyə fəaliyyəti elə özlüyündə maliyyə hüququnun tənzimetmə predmetidir.

Maliyyə hüququnun predmetini təşkil edən maliyyə münasibətlərini, prof. Karaseva M.V. maliyyə fəaliyyətinin funksiyalarına görə aşağıdakı qaydada qruplaşdırır :

a) pul vəsaitləri fondunun səfərbər olunması ilə əlaqədar münasibətlər;

b) dövlətin maliyyə ehtiyatlarının bölüşdürülməsi ilə əlaqədar münasibətlər;

c) maliyyə ehtiyatlarından istifadə olunması ilə əlaqədar münasibətlər;

d) maliyyə ehtiyatlarının hərəkəti üzərində nəzarət ilə əlaqədar münasibətlər;

e) pul nişanlarının emissiyası ilə əlaqədar münasibətlər.

Birinci qrupa büdcəyə vergi və rüsumların yığılması, dövlət xəzinəsinə könüllü ianələr, dövlət kreditinin yerləşdirilməsi üzrə münasibətlər aid edilir.

İkinci qrupa büdcə tənzimlənməsinin gedişində, dotasiya, subsidiya, subvensiyaların ayrılması üzrə münasibətlər daxil edilir.

Üçüncü qrupa büdcə maliyyələşdirilməsindən istifadə ilə əlaqədar yaranan münasibətlər daxil edilir.

Dördüncü qrupa büdcə və vergi nəzarəti, bank nəzarəti, valyuta nəzarəti və s. nəzarətin həyata keçirilməsi üzrə münasibətlər daxil edilir.

Beşinci qrupa pul nişanlarının emissiyası, yəni pul kəsilməsi (buraxılması) ilə əlaqədar münasibətlər aid edilir.

Maliyyə hüququnun predmetini təşkil edən maliyyə münasibətləri onlarda iştirak edən subyektlərdən asılı olaraq aşağıdakı qaydada bölünür :

- dövlətin maliyyə fəaliyyətini həyata keçirən orqanlarla hüquqi və fiziki şəxslər arasında münasibətlər;

- maliyyə fəaliyyətini həyata keçirən dövlət orqanlarının öz aralarında olan münasibətlər.

Bunlardan başqa, maliyyə fəaliyyəti prosesində yaranan maliyyə münasibətləri iqtisadi meyara görə də iki qrupa bölünür :

1) maliyyə xarakterli münasibətlər;

2) maliyyə xarakterli olmayan münasibətlər.

Maliyyə xarakterli münasibətlərə pul vəsaitlərinin hərəkətinin olduğu, habelə bölgü əlamətləri olan münasibətlər aiddir. Məsələn, vergi və sair ödəmələrin alınması ilə əlaqədar, yaxud büdcədən maliyyələşdirmə ilə əlaqədar münasibətlər.

Maliyyə xarakterli olmayan münasibətlər (qeyri-maliyyə münasibətləri) də dövlət və bələdiyyələrin həyata keçirdikləri maliyyə fəaliyyətinin məzmununu təşkil edir. Lakin iqtisadi cəhətdən maliyyə xarakterli olmadığına baxmayaraq, bunlar maliyyə münasibətləri yaratmağa, onları qaydaya salmağa, onların inkişafını təmin etməyə xidmət edir. Məsələn, vergi və rüsumlar müəyyən etmədən, büdcələr təsdiq edilmədən, maliyyə nəzarəti təşkil etmədən və s. dövlətin maliyyə fəaliyyəti həyata keçə bilməz. Deməli, maliyyə qanunvericiliyinin hazırlanıb təsdiq olunması, büdcələrin hazırlanıb təsdiq olunması, maliyyə nəzarəti formalarının müəyyən olunması maliyyə münasibətləri yox, maliyyə münasibətlərini yaratmağa xidmət edən qeyri-maliyyə münasibətləridir.

Nəhayət, dövlətin maliyyə fəaliyyətinin məzmununu təşkil edən bütün münasibətlər maliyyə-hüquqi tənzimetmədən asılı olaraq aşağıdakı münasibətlərə bölünürlər :

1) büdcə münasibətləri;

2) büdcədənkənar məqsədli fondların təşkili və icra olunması ilə əlaqədar münasibətlər;

3) müəssisələrin, təşkilatların, idarələrin pul vəsaiti fondlarının yaradılması və bölüşdürülməsi ilə əlaqədar münasibətlər;

4) vergi münasibətləri;

5) dövlətin daxili borcları ilə əlaqədar münasibətlər;

6) smeta-büdcə maliyyələşdirilməsi üzrə münasibətlər;

7) dövlət büdcədənkənar maliyyələşdirmə üzrə münasibətlər;

8) büdcə kreditləri üzrə münasibətlər;

9) dövlət sığortası üzrə münasibətlər;

10) pul dövriyyəsi üzrə münasibətlər;

11) hesablaşma münasibətləri;

12) valyuta tənzimi ilə əlaqədar münasibətlər.

M.V. Karaseva maliyyə-hüquqi tənzimetmənin predmetini maliyyəhüquq institutları üzrə təsnifatını məhz bu şəkildə müəyyən edir.

Qeyd etmək lazımdır ki, maliyyə-hüquqi institutlara görə münasibətlərin dairəsi daha bir neçə münasibətlə də tamamlanmalıdır :

1) qiymətli kağızların maliyyə-hüquqi tənzimi ilə əlaqədar münasibətlər;

2) bank kreditləşdirilməsi ilə əlaqədar münasibətlər;

3) dövlət xərcləri ilə əlaqədar münasibətlər.

Bütün sadalanan münasibətlərin böyük əksəriyyəti dövlət və bələdiyyələrin maliyyə sahəsində fəaliyyəti gedişində yaranan münasibətlərdir. Lakin bəziləri ikili xarakterdə olan münasibətlərdir: onlardan bəziləri mülkü hüququn da predmetini təşkil edirlər. Məsələn, hesablaşma, bank kreditləşdirilməsi ilə əlaqədar münasibətlər, qiymətli kağızlarla bağlı münasibətlər. Bu münasibətlərin sırf maliyyə-hüquqi xarakteri onların hər birinin hansı tənzimetmə metodu ilə nizama salındığı aydınlaşdırıldıqda müəyyən olunur.




  1. Maliyyə hüququnun metodu

Hüquq sahələri hüquq sistemində bir-birindən tənzimetmə predmetinə görə fərqlənir. Lakin bu meyar bəzən kifayət etmir. Çünki, tənzimetmə predmetinə görə bir sahənin predmeti o biri sahənin predmeti ilə bəzən kəsişir. Bunu maliyyə hüququnun nümunəsində müşahidə etdik. Və müəyyən etdik ki, heç də bəzi münasibətlərə sırf maliyyə-hüquqi münasibət kimi qiymət vermək mümkün olmur.

Maliyyə hüququnu başqa hüquq sahəsindən fərqləndirən əlavə meyar hüquqi tənzimetmə metodudur. Maliyyə hüququnun əsas tənzimetmə metodu hakimiyyət göstərişləri metodudur. Bu metodun əsas mahiyyəti ondadır ki, maliyyə fəaliyyətinə dair hər məsələnin həlli dövlətin iradəsi ilə həyata keçirilir. Dövlət-yəni onu təmsil edən orqan və ya bələdiyyələr məcburi göstərişlər - qanunlar, qanun qüvvəli aktlar, qərarlar verir ki, bunlar da hüquq münasibətinin digər tərəfi üçün məcburi xarakter daşıyır.

Hakimiyyət göstərişləri maliyyə hüquqi tənzimetmənin metodu kimi özünün xüsusiyyətlərinə malikdir :

1) belə tənzimetmədə pozitiv məcburetmə vardır və o, üstünlük təşkil edir. Mülkü hüquqi-tənzimetmədə icazə verilmə (imkan vermək) əsas yer tutur, cinayət hüququna isə - qadağanlar xasdır. Dövlət hakimiyyət göstərişləri verərkən subyektlərə onların icrasını məcbur edir.

2) hakimiyyət göstərişləri metodu imperativ xarakter daşıyır. Bu, dispozitvliyə əksdir. Maliyyə hüququnun subyektləri bir qayda olaraq, öz təşəbbüsləri ilə maliyyə hüquq və vəzifələrin həcmini dəyişə bilməzlər. Onlar qanunvericiliklə müəyyən olunan hüquqlara malik olur və vəzifələri yerinə yetirirlər.

3) hakimiyyət göstərişləri metodu üçün xarakterik xüsusiyyətlərdən biri də konformist xarakterə malik olmalarıdır. Maliyyə-hüquqi tənzimetmə metodunda konformizm mülki-hüquqi tənzimetmədə hüquqi təşəbbüskarlığa əks olan xüsusiyyətdir. Bu o deməkdir ki, maliyyə hüququnun subyektləri maliyyə hüquq münasibətlərində öz iradəsi, öz təşəbbüsləri ilə deyil, dövlət orqanlarının müvafiq göstərişləri əsasında iştirak edirlər.

4) nəhayət, maliyyə-hüquqi tənzimetmə metodunun xarakterik əlaməti maliyyə hüququnun subyektlərinin hüquqi qeyri-bərabərliyidir. Bu o deməkdir ki, maliyyə hüquq münasibətlərində bir tərəf hüquqi-hakimiyyət səlahiyyətinə malik olur, digər tərəfdə (məsələn, hüquqi və fiziki şəxslərdə) isə bu yoxdur.

Hakimiyyət göstərişləri metodu maliyyə-hüquqi tənzimetmədə digər metod kimi zəmanət və razılaşdırma metodu ilə birgə iştirak edir. Zəmanət metodu başlıca olaraq dövlət orqanları arasında olan maliyyə münasibətlərinin tənzim edilməsində tətbiq olunur. Razılaşdırma metodu çox az-az hallarda tənzimetmə metodu kimi istifadə olunur. Bu metod başlıca olaraq dövlətin maliyyə fəaliyyətini həyata keçirən orqanlar arasında, bəzən də maliyyə-hüquqi müqavilə bağlamış tərəflər arasında yaranan münasibətlərin nizama salınmasında istifadə olunur.

Dövlətin maliyyə fəaliyyətini tənzim edən hüquq normaları maliyyə hüququnun özündə müvafiq hüquq institutlarında cəmləşmişdir. Hüquq institutu-hüquq sahəsi daxilində müəyyən dar çərçivədə eynicinsli ictimai münasibətləri tənzim edən qarşılıqlı əlaqəli və qarşılıqlı surətdə şərtləşən hüquq normaları qrupuna deyilir. Maliyyə hüququ daxilində onların yerləşməsi qaydası və tədqiq edilməsi dövlətin maliyyə fəaliyyəti sahəsində ictimai münasibətlərin sisteminə, yəni dövlətin maliyyə sisteminə obyektiv olaraq uyğun gəlir.

Maliyyə hüquq normalarının məcmusu olan maliyyə hüququ iki hissədən - Ümumi və Xüsusi hissələrdən ibarətdir.

Maliyyə hüququnun ümumi hissəsinə dövlətin maliyyə fəaliyyətinin ümumi prinsiplərini, hüquqi forma və metodlarını nizama salan normalar aiddir. Buraya maliyyə hüquq münasibətlərinin və maliyyə hüquq institutlarının əsasları daxildir. Ümumi hissədə dövlətin maliyyə nəzarətinin əsasları tədqiq olunur.

Maliyyə hüququnun xüsusi hissəsi maliyyə hüququnun elmi cəhətdən əsaslandırılmış qaydada və məntiqi ardıcıllıqla düzülmüş və bir - birilə obyektiv əlaqədə olan hüquq institutlarından ibarətdir. Məsələn, maliyyə hüququnun şübhəsiz ki, əsas institutu büdcə hüququdur. Belə ki, məhz büdcə sistemində dövlət hakimiyyət orqanlarının fəaliyyətini təmin edən əsas maliyyə ehtiyatları, habelə büdcədənkənar pul vəsaiti fondları cəmləşir. Ona görə də büdcə və büdcədənkənar fondların hüquqi rejimi digər maliyyə hüquq institutlarına nisbətən Xüsusi hissədə həlledici yer tutur.

Büdcə dövlətin gəlir və xərcləridir, ona görə də növbəti hüquq institutu dövlət gəlirləri institutudur. Burada əsas normalar vergi hüquq münasibətlərini tənzim edir. Dövlət gəlirləri institutu içərisində dövlət krediti və sığorta hüquq münasibətlərini tənzim edən normalar də əhəmiyyət kəsb edir.

Dövlətin maliyyə sisteminin normal işləməsi üçün pul vəsaitlərini və yığılmış digər vəsaitləri mərkəzləşdirilmiş fondlarda təkcə yığmaq deyil, habelə, onları düzgün istiqamətləndirmək və istifadə etmək lazımdır. Bu səbəbdən də xüsusi hissədə dövlət gəlirləri institutunun ardınca dövlət xərcləri institutu tədqiq edilir.

Dövlət xərcləri institutu özündə büdcə maliyyələşdirilməsi, bank kreditinə dair normaları özündə birləşdirir. Bunlar içərisində bank krediti haqqında xüsusi fikir söyləmək gərəkdir. Bank krediti çox mürəkkəb bir maliyyə mexanizmidir, çünki bank sistemi vasitəsilə pul vəsaitləri əvvəlcə yığılır, dövlət tərəfindən səfərbər edilir, sonra isə xərclənir. Beləliklə, bank krediti eyni bir vaxtda həm dövlət gəlirləri institutu, həm də dövlət xərcləri institutudur.

Bank fəaliyyəti üçün dövlət tərəfindən müəyyən olunan hesablaşma qaydaları çox mühüm əhəmiyyət kəsb edir. Ona görə də hesablaşmaları tənzim edən normalar ayrıca bir maliyyə hüquq institutunda cəmləşdirilir.

Bir halda ki, maliyyə fəaliyyəti pul və pul dövriyyəsi əsasında həyata keçirilir, buna görə də maliyyə hüququnun sisteminə xüsusi hüquq institutları - pul və pul dövriyyəsi, habelə valyuta tənzimi daxil olur.

Beləliklə, maliyyə hüququ sistemində əslində dövlətin mövcud maliyyə sistemi öz ifadəsini tapır. Maliyyə sisteminin vahidliyi maliyyə hüququ sisteminin ümumi quruluşunda təzahür tapır.

Maliyyə hüququnun elmi cəhətdən əsaslandırılmış bu cür sistemi maliyyə hüquq normalarının daha dəqiq tətbiqinə, qanunçuluq prinsipinin təmin olunmasına imkan verir.

Maliyyə hüququnun sistemi maliyyə hüquq elminin sistemindən fərqlənir. Maliyyə hüquq elmi maliyyə hüququ haqqında biliklər sistemidir. Maliyyə hüquq elminin sistemi bir neçə bölmədən ibarətdir :

- maliyyə hüquq elminin ümum nəzəri problemləri. Burada maliyyə hüququnun hüquq sahəsi kimi predmeti, mahiyyəti, maliyyə hüquq münasibətləri, maliyyə nəzarəti məsələləri tədqiq olunur.

- büdcə hüququ, dövlət və bələdiyyələrin büdcə hüquqları, büdcədənkənar fondların hüquqları:

- dövlət və bələdiyyə müəssisələrinin, habelə özəl müəssisələrin maliyyə fondlarının hüquqi problemləri;

- dövlət gəlirlərinin hüquqi problemləri;

- dövlət xərclərinin hüquqi problemləri;

- kredit sistemi, pul dövriyyəsi, hesablaşma, valyuta tənzimi, valyuta nəzarətinin hüquqi problemləri.

Beləliklə, maliyyə hüquq elmi - predmetini hüquq sahəsi kimi və maliyyə-hüquqi konsepsiyalar, kateqoriyalar və prinsiplər halında biliklər sistemi kimi maliyyə hüququnun, dövlət maliyyəsi sahəsində hüquqi - texniki qaydaların, hüquq yaradıcılıq və hüquq tətbiqetmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə elmi proqnoz və təkliflərin öyrənilməsini qarşısına məqsəd qoyan, sahəvi, ictimai, ümumi-hüquq elmidir.

Maliyyə hüquq elminin predmetini aşağıdakılar təşkil edir :

- Azərbaycan Respublikasının maliyyə - hüquqi normaları və maliyyə-hüquq institutları;

- maliyyə hüquq münasibətləri;

- respublika maliyyə qanunvericiliyi;

- respublikada maliyyə - hüquqi tənzimetmənin inkişaf perspektivləri.

Maliyyə hüquq elmi ictimai hüquq elmidir. Bu elm fərdi maraqlara deyil, ictimai, kollektiv maraqlara toxunan halları, prosesləri tədqiq edir.

Maliyyə hüquq elminin əsasını maliyyə haqqında elm təşkil edir. Maliyyə haqqında elmin inkişafı tarixi XVIII əsrdən başlanır. Lakin bundan xeyli əvvəl - hələ XVI əsrdə Almaniyada «kameralistika» adlanan elm yaranıb inkişaf etməkdə idi. Kameralistika elmi bir sıra sahələri : dövlət idarəçiliyi, iqtisadiyyat, aqrar işi, dağ-mədən işi, ticarət və s o cümlədən də dövlət maliyyəsi sahəsini əhatə edirdi. Bu elmin yaradıcıları Zonnenfelds, Şreder, Yusti, Berq olmuşlar. XIX əsrdə kameralistika elmindən maliyyə haqqında elm ayrıldı. XVIII əsrdə maliyyə haqqında elmə şotland iqtisadçısı Adam Smit öz xüsusi töhfələrini verdi. Belə ki, 1776-cı ildə 0, «Xalqların sərvətlərinin təbiəti və səbəbləri haqqında» əsərini yazmışdı ki, kitab beş hissədən ibarət idi və onlardan biri dövlətin gəlirləri və xərcləri haqqında idi. A.Smitin elmi irsi əvvəllər İngiltərədə və Fransada daha çox qiymətləndirilmiş, hazırda isə bütün dünyada onun nəzəri irsindən istifadə edərək, dövlətlər öz maliyyə-vergi siyasətlərini işləyib hazırlayırlar.

Maliyyə hüquq elmi ictimai elmdir. O, dövlətin və bələdiyyələrin pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar real ictimai prosesləri tədqiq edir və bununla da başqa hüquq elmlərindən fərqlənir.

Maliyyə hüququnun predmetini, onun tənzimetmə sahəsini əmələ gətirən ictimai münasibətləri araşdıraraq, N.A.Şevelyova qeyd edir ki, maliyyə hüququnun öz daxilində bəzi institutlar, o cümlədən vergi hüququ və büdcə hüququ artıq müstəqil, muxtar - hüquqi təsisatlar (institutlar) hesab olunmaqdadır və bu bir faktdır. Professor D.V.Vinnİtskiy isə, xarici ölkə mənbələrinə istinadən qeyd edir ki, Böyük Britaniyada və ABŞ-da ümumiyyətlə maliyyə hüququ artıq çoxdandır ki, hüquqi tədqiqatların sahəsi hesab olunmur, indi əsas tədqiqat sahəsi vergi hüququdur və vergi hüququ kursu maliyyə hüquqi problematikadan ayrılmışdır.

Son illər Azərbaycan Respublikasında da maliyyə hüquq elmi daha obyektiv surətdə inkişaf etməyə başlamışdır. Bazar iqtisadiyyatı yolu ilə ölkənin inkişaf etməsi şəraitində maliyyə hüquqi tənzimetmə mexanizmlərinin, onlar içərisində xüsusilə vergi mexanizminin tədqiq edilməsi çox vacib bir məsələ hesab olunur.

Maliyyə hüququnun son illər inkişafı ilə əlaqədar olaraq maliyyə qanunvericiliyi problemlərinə, xüsusilə də vergi qanunvericiliyində boşluqların aradan götürülməsi, vergi və büdcə qanunvericiliyinin təkmilləşdirilməsi və s. problemlərə çox diqqət verilir. Azərbaycan Respublikasının Maliyyə hüququ ölkənin iqtisadi inkişaf təcrübəsini nəzərə almaqla, habelə başqa ölkələrin bazar iqtisadiyyatı sahəsində təcrübəsini nəzərə almaqla inkişaf edir.

Maliyyə hüquq normaları hüququn mənbələrində əks olunur. Maliyyə hüququnun mənbələri dedikdə, hüquq normalarının zahiri ifadə üsulu başa düşülür.

Maliyyə hüququnun mənbələrini iki qrupa bölmək olar :

1) normativ aktlar;

2) normativ-hüquqi müqavilələr.

Maliyyə hüququnun mənbələri olmaqla normativ aktlara aşağıdakılar aiddir :

a) Azərbaycan Respublikasının Konstitusiyası (Əsas Qanun);

b)Azərbaycan Respublikasının Vergi Məcəlləsi;

c)Azərbaycan Respublikasının qanunları;

d)Azərbaycan Respublikası Prezidentinin fərmanları;

e) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;

f) Qanun qüvvəli normativ hüquqi aktlar;

Azərbaycan Respublikası Konstitusiyasında bir çox normalar bilavasitə maliyyə-hüquqi yönümlüdür.



Konstitusiyanın 7-ci maddəsi respublikanın dövlət quruluşunu unitar dövlət kimi təsbit etmişdir. Unitarizm dövlətin maliyyə sisteminin, büdcə və vergi sisteminin, maliyyə fəaliyyətini həyata keçirən dövlət orqanları sisteminin qurulmasında əsas olan konstitusion prinsipdir. Respublikanın büdcə və vergi sistemi iki səviyyəli quruluşa malikdir, çünki respublika unitar dövlətdir: respublika və inzibati-ərazi vahidlikləri həmin dövlətin ərazisini təşkil edir. Respublikada hakimiyyət iki səviyyədən ibarətdir, buna uyğun olaraq, maliyyə fəaliyyəti həm respublika, həm də yerli (bələdiyyə) səviyyəsində həyata keçirilir.

ƏDƏBİYYAT

  1. M 66 Mirzəyeva A.Q. Maliyyə hüququ. Dərslik. Bakı; «Adiloğlu» nəşriyyatı, 2008, 424 səh.

  2. Damət Bağırov, Mirələm Həsənli. Maliyyə / Dərs vəsaiti (ikinci buraxılış). Bakı: “İqtisad Universiteti” Nəşriyyatı, 2011.-384 səh.

  3. Afət mirzəyeva h.e.f.d.dos. - Hüquq Fakültəsi



Yüklə 61,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin