Maddə 26. Kollektiv danışıqların aparılması qaydası 1. Kollektiv müqavilənin və sazişin və ya onlara dəyişikliklərin layihəsinin
hazırlanması məqsədi ilə danışıqlar aparmaq üçün tərəflər, müvafiq səlahiyyətlər
verilmiş bərabərsaylı nümayəndələrdən ibarət komissiya yaradırlar.
2. Komissiyanın tərkibi, danışıqların gündəliyi, keçirilmə yeri və müddəti
tərəflərin birgə qərarı ilə müəyyən edilir.
3. Tərəflər kollektiv müqavilənin və sazişin məzmununa aid məsələlərin seçilməsi
və müzakirə edilməsində sərbəstdirlər.
4. Komissiyanın tələbi ilə tərəflər, kollektiv danışıqların aparılması üçün zəruri
olan məlumatları beş gün müddətində təqdim etməlidirlər. Danışıqların iştirakçıları,
alınmış məlumatlarda olan dövlət və ya kommersiya sirrini yaymağa görə
qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə cəlb olunurlar.
5. Danışıqlar zamanı tərəflər razılığa gələ bilmədikdə fikir ayrılığı haqqında
protokol tərtib edilir. Protokolda fikir ayrılığının aradan qaldırılması haqqında
tərəflərin yekun təklifləri, habelə danışıqların yenidən başlanması müddəti göstərilir.
Maddə 27. Kollektiv danışıqların iştirakçılarına verilən təminatlar
1. Kollektiv danışıqların iştirakçıları (tərəflərin nümayəndələri, məsləhətçi,
ekspert, barışdırıcı, vasitəçi, mütəxəssis, arbitr və tərəflərin müəyyən etdiyi digər
şəxslər) kollektiv danışıqların aparıldığı dövrdə orta aylıq əmək haqqı saxlanılmaqla il
ərzində üç ay müddətinədək əmək funksiyasının icrasından azad olunurlar. Həmin
müddət onların əmək stajına daxil edilir.
2. Kollektiv danışıqlarla əlaqədar xərclər işəgötürən tərəfindən ödənilməlidir.
3. Danışıqların aparılmasında iştirak etmək üçün dəvət olunmuş və əmək
müqaviləsi üzrə işləməyən şəxslərə haqq, onları dəvət etmiş tərəflə bağladıqları
müqavilə əsasında ödənilir.
4. Kollektiv danışıqların
iştirakçılarının danışıqlar dövründə,
intizam
məsuliyyətinə cəlb olunmasına, başqa işə keçirilməsinə və ya işəgötürənin təşəbbüsü ilə
işdən azad edilməsinə yol verilmir.