Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə4/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   2   3   4   5   6   7   8   9   ...   232
Əli MƏMMƏDBAĞIROĞLU

(Əlyazmalar İnstitutu)
DƏLİNAMƏ” HEKAYƏTİ VƏ ONUN MÜƏLLİFİ HAQQINDA
Azərbaycan yazılı xalq ədəbiyyatına aid “İbrahimnamə”, “İsmayıl­namə”, “Kəsikbaş”, “Kəllənamə”, “Keyik­na­mə”, “Möv­­ludnamə”, “Düzd və qazi”, “Bay­quş­namə”, “Hekayəti-gö­­yərçin”, “Hekayəti-də­və”, “He­ka­yəti-Məhəmməd Hənifə” və s. hekayətlərin hər birinin özü­nə­məxsus məz­mun və süjet xət­ti olmasına bax­ma­ya­raq, bu əsərlər ta qə­dimdən xalq ara­sında yaranmış əfsanə və rəvayətlərin müşa­yiəti ilə insanların əxlaqi, dünyəvi görüşlərinin islami ruhda formalaşmasına bö­yük təkan vermiş və eyni zamanda xilafətin ələ keçirdiyi tor­paqlarda İslamın qəbu­lu­nun sür­ət­lənməsinə, daha da möhkəm­lənməsinə münbit zəmin yaratmışdır.

Bu qəbildən olan “Dəlinamə” hekayəti də orta yüzilliklərdə nəzmlə köçü­rü­lən və Şərq aləmində geniş yayılmış xalq yara­dıcılığı nümunə­lərindən biridir. Həcm etibarilə kiçik olan bu hekayət didaktik məzmun daşıyaraq, uzun müddət İslam dini və dini görüşlərinin təbliğinə xidmət göstərmişdir. Qeyd edək ki, İs­la­mın qəbulu ilk vaxtlar elə ərəblərin ara­sında da qısa bir zaman ərzində baş tut­ma­mış, əvvəlcə Məhəmməd Pey­ğəmərin (s) özünün, daha sonralar isə ardı­cıllarının başçılığı ilə aparılan uzun mübarizələr, mücadilələr nəticəsində həyata keçmişdir.

Ərəbistandan kənarda, qeyri ərəblərin arasında da bir çox yüzilliklər dönə­mində tamamilə yeni bir dini, eyni zamanda dinin özü ilə gətirdiyi yeni bir dili, yeni bir mədəniyyəti və yeni dünyagörüşü qəbul etmək fonunda onu birdən-birə əxz etmək heç də asan olmamışdır. Çünki yeni qəbul edilən hər bir şey nə qədər mütərəqqi, humanist, ədalətli, təkmil olsa da, onu qısa bir vaxt ərzində qəbul etmək, canına, ruhuna hopdur­maq, ağıla dərk ediləcək səviyyədə sığışdırmaq üçün uzun zamana eh­tiyac duyulur.

Günümüzə gəlib çatmış dini məzmunlu hekayətlərdən elə­ləri də var ki, onlar yalnız Azərbaycan xalqının bədii təfək­kürünün məhsuludur. “Dəlinamə” hekayəti belə­lə­rindən biri­dir. Adından da göründüyü kimi, “dəli” türk sözü olub, “Kita­bi-Dədə Qorqud”, “Koroğlu” kimi dastan abi­dələrimizdə “igid”, “qəhrəman” mənasında işlənmişdir. “Dəlinamə” he­ka­yə­ti­nin qəhrəmanı da çılğın, ipə-sapa yat­mayan, öz sözündən dönməyən, asi xarakterlidir. Obraz bu xarakterik xüsusiy­yətlərinə görə “Kitabi-Dədə Qorqud”dakı “Dəli Domrul” bo­yu­nun qəhrəmanına ox­şar­lığı (1) və Əhmədi Təbrizinin “Əs­rar­namə” əsərinin tərcümə­sindəki (2) heka­yətlərə yaxınlığı ilə diq­qəti cəlb edir.

“Dəlinamə” hekayəti haqqında bu günədək çox az araşdır­ma apa­rılmış və az yazılmışdır. Tanınmış folklorşünas alim, filologiya elmləri doktoru Şamil Cəm­şi­dov “Dəlinamə” adlı məqaləsində (3; 4) bu folklor əsəri əlyazmasının elmi-pale­oq­rafik xü­susiyyətlərini və hekayətin ideya və məzmunu haqqın­da ilk dəfə elmi ic­ti­ma­iyyəti bilgiləndirmişdir. Alim məqaləsi­nin sonunda belə bir fikri səsləndirir: “Də­­linamə” məs­nəvisi orta əsr ədəbiyyatımızın qiymətli nümunəsi ola­raq tədqiqata la­yiq bir əsərdir”(4, s.174). Ş.Cəmşidov həmin məqalədə “Dəli­namə”nin AMEA Mə­həm­məd Füzuli adına Əlyazmalar İnstitutuinda 18 əlyazma nüsxəsinin olmasını bil­dirir. 2007-ci ildə Ş.Cəmşidovla birgə tərtib edərək nəşr etdirdiyimiz “Türk əl­yaz­­maları kata­loqu”nun I cildinə (5) hekayətin Əlyazmalar İnstitutunda saxlanılan 9 nüs­xə­si­nin paleoqrafik-təsviri məlu­matı daxil edilmişdir. Həcminə görə 50-70 arası beyt­dən ibarət olan hekayətlərin nüsxələri məzmunca oxşar olub, XIX və XX yü­z­illiyin əvvəllərində köçürülmüşdür. Əlyazmalar İns­titutu xəzinə­sində saxla­nılan və ka­ta­lo­qa təsviri məlumatı daxil edilən “Dəli­namə”­nin ən qədim nüsxəsi 1835-ci ildə (B-5275/6900), sonuncusu isə (B-5846/7471) 1908-ci ilin yanvar ayının 24-də Mə­həm­məd bin Molla Sədulla tərəfindən Hacı Abdulla əfəndi Qış­laqinin xidmə­tində kö­çürülmüşdür (5, s.62,63). Əlyazmalar İnstitutunun xəzinəsindəki 9 nüs­xə­­dən dör­dü (B-5275; B-625; B-5846; B-4426) arasında tutuşdurma apar­dıqda mətn­lər həm həc­minə, həm də hər bir nüsxədə katib dü­zəlişlərinə, redaktəsinə görə fərq­lənir. B-5275 şifrli nüsxə 63, B-625 şifrli nüsxə 60, B-4426 şifrli nüsxə 51 və B-5846 şifrli nüs­xə isə 47 beytdən ibarətdir. İlk üç nüsxə­də he­ka­yətin məzmunu tamamlanmış, so­nuncu nüsxədə isə nəql olunan əh­va­lat yarımçıq köçürülmüşdür.

Hekayətin məzmunu “Kitabi-Dədə Qorqud”un “Dəli Dom­rul” bo­yun­dakı ki­mi maraqlı bir süjet üzərində qurulmuşdur. He­kayət nağılvari bir girişlə başlanır:

Var idi bir dəlü əvvəl zamanda,

Gəzərdi hər zaman ol bir məkanda.

Hekayətin ilk misralarında Dəlinin nə qədər çılğın olduğu təsvir olunsa da, o daim Tanrısını tanıyar və Ona üz tutub sev­gisini bildirərdi:

Xuda ilə könlündə raz edərdi,

Sevərdi Tanrını, çox naz edərdi.

Hekayətin qəhrəmanı daha çox gözütoxluğu və təmən­nasız­lığı ilə diqqəti cəlb edir. Fikri heç vaxt yemək-içmək yanında olmayan, acmaq nə olduğunu bilməyən, acanda da çox gec acan Dəli, Allaha üz tutub içində çoxdan bəri baş qaldıran eti­razını dilə gətirir, hətta onunla dö­yüşə belə hazır olduğunu bildirir:

Yemək üçün bəğayət acmazdı,

Əgər qarnı acardı, gör nə derdi.

Dedi: eşid aləm kirdgarı,

Səninlə edərəm bir cəng barı.

Burada Tanrı bir bədii obraz olaraq Dəli ilə üz-üzə gətirilir. Dəlinin istəkləri yerinə yetmədiyinə görə Allaha “Yuxaruda nə durursən, en aşa­qə”, “Bənim qor­kum­dan ox­şarsan uşaqə” de­mə­silə təhdidlər edir və özünün heç nədən qorxub çəkin­mədi­yini cəsarətlə bildirir:

Derdin: bən yaratdım cümlələri,

Anunçün sən qurarsan cümlələri.

Derdin: onları cənnətə qoyman,

Sənin cənnətini bir pula sayman.

Arzuladıqlarına nail olmayan Dəlinin bu cür çılğın, təh­didedi­ci etirazlarını gö­rən Tanrı, Dəlinin tutulmasını buyurur.

Eşitdi Tanrı, der: dutun Dəlini,

Anın dalına bərk bağlayın qolunı.

Boğazına salın bir qıl sicimi,

Bəgənməzsə, bənim bilsün gücimi.

Dəli Allahın göndərdiyi firiştələrlə meydana çıxıb döyüşür və firiş­tələrin hərə­si bir tərəfə qaçıb, yalnız biri sağ-salamat qalır ki, o da Alla­ha xəbər aparıb vəziy­yəti nəql edir. Bildirir ki, Dəlini bu cür ələ gətir­mək olmaz, bu işdə olsa-olsa xoş dil köməyə çatar:

Dedi: gəlməz ki, ol yamanlıq ilə,

Yenə gəlsə, gəlür yalvarmaq ilə.

Belə olan halda Allah Cəbraili Dəlinin yanına göndərir və onun dostu oldu­ğu­nu, çox sevdiyindən onu tutdurduğunu bildirir. Cəbrail Allahın salamını ona çat­dırıb, xoş sözlərlə könlünü almağa çalışır:

Dedi Cəbrail ona: can divanə,

Mənim canım, aya, sultan divanə.

Gül üzlü, həm şirin sözlü divanə,

Qəmər eynlü, günəş yüzlü divanə.

Cəbrail sözünə davam edərək Dəlini ələ almağa cəhd edir və deyir: “Axı, sənə kim divanə deyir? Sənə əgər kim divanə deyirsə, belə divanələrlə dünya doludur. Gəldim ki, Xudanın sözünü eşidib, Onun dediklərinə qulaq asasan”.

Dəli aydır: məni belə bilürdi,

Neçün mana firiştə göndərirdi?

Mən onda varmazam, ol munda gəlsün,

Yetər, hicran ilə bağrımı dəlsün.

Cəbrail Dəlinin dediklərini olduğu kimi Allaha çatdırır. Allah bu xəbərdən heç də halını pozmadan deyir ki, “o gəlməz isə, biz gedərik, əgər küsmüşsə, könlünü alarıq”. Allah mələklər biri sağında, o biri so­lun­da olmaqla yola düşür. Gəlib görür ki, Dəli çomağını yanına qoyub yatmışdır. Yuxudan oyanıb Allahın ona nə sovqat gətirdiyini soruşur.

Dedi Allah: sana alma gətirdim,

Azın-çoka bu yüzə çalma gətirdim.

Dəli:

Əgər alma isə almanam onı,



Alubən qoynuma salmanam onı.

Allah Dəlinin almanı almadığını görüb, heç olmasa almanı alıb qoxulamasını xahiş edir. Dəli Allahın sözündən çıxa bilməyib, almanı iyləyir və başa düşür ki, bununla da ömrünün sonu çatıb. Odur ki, sonda Allah-taaladan yalnız bir diləyi olur.

Dedi: keç cümlənin suçı suçından,

Dedi: bağışladım öci öcindən.

İylədi almanı, verdi canını,

Tanıdı dəli ol dəm Sübhanını.

Burada Dəli öz Tanrısına inam gətirəndən sonra belə bir fi­kir aydın olur ki, onun, yəni Dəlinin bütün narazılığının səbə­bi, sən demə, günahı olanların güna­hının bağışlanmamasıdır. Beləliklə, Allah-taala Dəli­nin xa­hişini eşitdikdə bütün suçlu­la­rın suçundan keçməklə, bəndəsi qarşı­sın­da bir daha qüdrətli, rəhimli oldu­ğu­nu nümayiş etdirir.

Dəlinin ölümü ilə hər şey sona çatmır. Onun üsyankarlığı o dün­yada da da­vam edir. İnkir-minkir onu sorğu-sual edəndə, belə şeyləri əhə­miy­yətsiz və etinasız qarşılayır:

Varub minkir-nəkir etdi sualı,

Dəli belə bilür nə qeylü qalı?

Hekayətdə Dəli obrazı nə qədər dönməz, inadkar xarakterdə verilsə də, mü­əllif sonda qəhrəmanının sadəlövhlüyünü, sözün əsil mənasında, qafilliklə əlaqə­ləndirir. İnkir-minkirin sorğu-sualı onu təngə gətirir, o da acıqlanaraq deyir:

Sögərəm, dögərəm, canın aluram,

Sənin dedigüyi mən nə bilirəm?

“Dəlinamə”nin nəzərdən keçirdiyimiz dörd nüsxəsindən yalnız B-5275 şifrli nüsxəsinin son beytlərindən birində “Heyrani” antroponimi işlənmişdir ki, onun hekayətin müəllifi olması ehtimal olunur (3, s.169). Başqa bir mənbədə də Hey­raninin hekayətin müəllifi olması fikri irəli sürülmüşdür. “XVII əsrdə yaranan mən­zum hekayətlərdən xalq ədəbiy­yatı ilə əlaqədar cizgilər daha da güclənir, cəsa­rətlli fikirlər irəli sürülür. Şairlərin dini-mistik ideya və təsəvvürlərə qarşı yaz­dı­ğı əsərlərdə bu cəhət aydın görünməkdədir. Belə əsərlərdən biri Heyraninin “Dəlina­mə” hekayəsidir. Şairin həyat və yaradıcılığı bu günə qədər qaranlıq qal­maqdadır. Onun barəsində orta əsr mənbələrində müəyyən bir mə­lumata rast gəl­mirik” (6, s.161). Bu fikrin düzgün olub, olmadığını də­qiq söyləmək mümkün deyil. Bəlkə də, Heyrani hekayətin müəllifi deyil, onun mətnini köçürən katibidir?! Çünki, bu antroponim heka­yətin müəllifinə aid olsaydı, həmin təxəllüsə digər nüs­xələrdən han­sın­dasa rast gəlinərdi və heka­yə­tin mətni də digərlərindən məzmununa, üs­lu­buna görə fərq­lənər, fərdi mü­əllif yaradıcılıq dəst-xətti göz qabağında olardı.

Müşahidəmizdən çıxış edərək deyə bilərik ki, hekayətin dörd nüs­xəsinin həm məzmunu, həm də mətnlərinin leksik tərkibində elə ciddi fərq görmürük. Ancaq qeyd edək ki, beytlərin sayının bir nüsxədə çox və ya az olması, ya da hər hansı söz və birləşmənin, həmçinin misra və beytlərdə fərqin ortaya çıxması əlyazma mətnlərinə xas olan bir xüsu­siyyətdir. Hətta, eyni katib tərəfindən köçürülmüş bir əsərin ayrı-ayrı nüs­xələrinin mətnində də fərqli cəhətlərə rast gəlmək müm­kün­dür. Nə­zərdən keçirdiyimiz hekayətin mətnləri isə süjet xəttinə və orfoq­rafi­yasına görə çox yaxındır. “Dəlinamə”nin ayrı-ayrı vaxtlar­da köçürül­müş üç nüsxəsinin əvvəl­dən bir neçə beytini müqayisə etdikdə demək olar ki, tamamilə oxşar olmasının bir daha şahidi oluruq:

1) Var idi bir dəlü əvvəl zamanda,

Gəzər idi hər zaman ol bir məkanda.

Gah aşkar idi, gahi nihani,

Gəzər idi hər zaman ol bir məkanda.

Xuda ilə könlündə zar edərdi,

Sevərdi Tanrını, çox naz edərdi.

Yemək üçün bəğayət acımaz idi,

Əgər qarnı acardı, gör nə deyərdi. (7)

2) Var idi bir dəlü əvvəl zamanda,

Gəzərdi hər zaman ol bir məkanda.

Gəhi aşikar idi, gah nihani,

Gəzərdi hər zaman ol bu cahani.

Xuda ilə könüldə raz edərdi,

Sevərdi Tanrını, çox naz edərdi.

Yemək içün ğayətdə acmaz idi,

Əgər qarnı acardı, gör nə derdi. (8)

3) Var idi bir dəlü əvvəl zamanda,

Gəzərdi hər zaman ol bir məkanda.

Gəhi aşikar idi, gəhi nihanda,

Gəzərdi hər zaman ol bir cahanda.

Xuda ilə könlündə raz edərdi,

Sevərdi Tanrını, çox naz edərdi.

Yemək üçün bəğayət acmazdı,

Əgər qarnı acardı, gör nə derdi. (9)

Qeyd edək ki, əlyazma əsərinin mətnini köçürən katiblər ənənəvi olaraq, mətn başa çatandan sonra adlarını kolofonda qeyd edirlər. An­caq burada hekayəti köçürmüş katib fikrimiz­cə, bir az tələsərək, əlyaz­manın katibi olmaqla bərabər, əsərin mətninə sonda müdaxilə etmiş və Dəlinin düşdüyü durumla bağ­lı öz münasibətini də bildirmək üçün təxəllüsünü mətn sonunda deyil, mətn daxilində axıra yaxın vermişdir. Xatırla­daq ki, bu cür hallarla, yəni yazılı folklor ədəbiyyatı nümunə­lə­­rinin kim tərəfindən qələmə alındığı, həm də onun əsərin müəllifi ol­ması ilə arabir rastlaşırıq.”Dəlinamə” və bu kimi he­kayətlər uzun za­man ərzində xalq arasında formalaşmış, nə­sil­dən-nəsilə keçmiş və müx­təlif vaxtlarda katiblərin köçürdüyü, uzun müddətdən bəri müəllif­siz­ləşmiş bir əsərin ayrı-ayrı nüsxələridir.

Bizcə, “Dəlinamə” nüsxələri arasında rast gəldiyimiz yalnız B-5275 şifrli əlyazma (9) mətnində Dəlinin yol verdiyi bütün əməllərin istər xo­şagəl­məz, ya da onun çılğınlığından irəli gə­lən olduğunu, buna görə də heç zaman tənbehə və qınağa tuş gəlməməsi fikrini göstərməklə katib oxucuya özünü mətn da­xilində təqdim etməyi münasib bilmişdir:

Əgər, Heyrani, istərsən dəlilik,

Dəli ol kim, ona olmaz zəlillik.


Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin