AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu təRTƏr rayon icra hakiMİYYƏTİ



Yüklə 2,97 Mb.
səhifə7/30
tarix29.11.2016
ölçüsü2,97 Mb.
#455
1   2   3   4   5   6   7   8   9   10   ...   30

Qaynaqlar

  1. Aslanov E. El-oba oyunu, xalq tamaşası. B., “İşıq”, 1984.

  2. Nəğmələr, inanclar, alqışlar. B., “Yazıçı”, 1986.

  3. Bilqamıs dastan. B., “Gənclik”, 1985.

  4. M. Abeqyan. Əsərləri, VII c, İrəvan, 1975 (erməni dilində).

  5. К а п а н ц я н , Историко-лингвистические работы, т. II, Ереван, 1975.

  6. Гумилев Л. Древние тюрки. Москва, «АСТ», «Yazıçı”, 2002.

  7. Ağasıoğlu F. Tanrı elçisi İbrahim. B., 2007.

  8. Асадов Ф. М. Арабские источники о тюрках в ранее сред­невековье. Б., «Элм», 1993.

  9. Ön və Orta Asiya türklərinin tarixinə dair dörd anonim mənbə. B., “Nurlan”, 2003.

  10. Bəxtiyar Tuncayın şəxsi arxivi. İnv. № 0012.

  11. Газиян А.С. Устное народно-поэтическое творчество Арцаха. (http://lraber.asj-oa.am/3579/1/1990-7(27).pdf)

  12. Navasardyan T. Erməni xalq nağılları, VIII- X kitablar, Tiflis, 1894—1903 (erməni dilində).

  13. “Ararat” dərgisi, 1895, № 12 (erməni dilində).

  14. “Etnoqrafiya” dərgisi, II-III kitablar, Tiflis, 1897-1898 (er­məni dilində).

  15. Erməni xalq nağılları. V c. Arsax, İrəvan, 1966 (erməni dilində).

  16. Erməni xalq nağılları. VI c. Arsax - Utik, İrəvan, 1973 (erməni dilində).

  17. Erməni xalq nağılları. VII c. Arsax - Sünik, İrəvan, 1979 (erməni dilində).

  18. Qriqoryan R. Erməni xalq laylaları və uşaq nəğmələri. İrəvan, 1970 (erməni dilində).

  19. Dağlıq Qarabağın folkloru, İrəvan, 1971 (erməni dilində).

  20. Dağlıq Qarabağın xalq yaradıcılığı nümunələri. İrəvan, 1978 (erməni dilində).

  21. Erməni etnoqrafiyası və folklor, XV buraxılış, Arsax. İrəvan, 1983 (erməni dilində).

  22. Abovyan X. “Ermənistanın yaraları”, İrəvan, 1939 (erməni dilində).

  23. Ağayan Q. Əsərlərinin tam külliyatı, III c., İrəvan 1940 (erməni dilində).

  24. Antonyan Q. Ədəbiyyatda Ermənistan və Azərbaycan dostluğu. İrəvan, Ayprtxrat, 1962 (erməni dilində).

  25. “Gəldim, gördüm,... mənimsədim” (Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsi haqqında) (http://www.copag.gov.az/new/ 1/GGM_kitab(az).pdf)

  26. “Фархад и Ширин” в сравнительном переводе с тюркского и фарсидского СМА, Тифлис, Типогр. “Культура”, 1913.

  27. Qanalanyan A. “Ata sözləri”. İrəvan, Elmlər Akademiyasının nəşri, 1955 (erməni dilində).

AZƏRBAYCANDA XALQ OYUNLARI VƏ

TAMAŞALARI TARİXİNDƏN

(“Qarabağ: folklor da bir tarixdir” çoxcildliyi əsasında)
Dilavər Əzimli

tarix üzrə fəlsəfə doktoru

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu

d-azimli@rambler.ru

Özət

Məqalədə Azərbaycanda xalq oyunlarının və tamaşala­rının tarixinə toxunulmuş, onların bu xalqın həyatında oyna­dı­ğı rol təqdim edilmişdir. Mövzu daha çox Qarabağa həsr edildiyin­dən daha çox bu ərazilərdə oynanılan xalq oyunları­na və tamaşalarına toxunulmuşdur. Xalq oyunlarının və tama­şa­larının tarixi həm də xalqın tarixidir. Bu tarixdə xalqın min illərdən gələn yaddaşı yatır. Araşdırma yaxın illərdə nəşr olunan “Qarabağ: Folklor da bir tarixdir” çoxcildliyi əsasında aparılmışdır. Bəlli olur ki, Azər­baycanda bir sıra xalq oyun­ları və tamaşaları vardır ki, Qarabağ mən­şəli sayıla bilər. Müəllif sonda belə bir nəticəyə gəlir ki, Qara­bağ folklorunun tarixi baxımdan öyrənilməsi vacib məsə­lələrdən biridir. Tarix həm də miflərə, folklora söykənməklə həqiqətləri ortaya qoyur. Qarabağ folklorunun tarixi baxımdan öy­rə­nilməsi həm də erməni “millətçi”lərinin yalanlarına layiqli bir cavabdır.



Açar sözlər: Azərbaycan, folklor, Qarabağ, Təbriz, Roma, Seyid Nigari.
Дилавар Азимли

Из истории народных игр и спектаклей Азербайджана

(По материалам Карабахского фольклора)

Резюме

В статье кратко рассматриваются некоторые важные аспекты традиционных народных игр и спектаклей Азербайджана, представлена роль этих игр и спектаклей в культурной жизни азербайджанского народа. Основную часть материалов для написания этой статьи составили народные игры и спектакли, проводившиеся столетиями в Карабахском регионе Азербайджана.

История народных игр и спектаклей является одновременно историей народа. В этой истории заметны тыся­челетние следы истории этноса, народа.

Исследования свидетельствуют о том, что ряд народных игр и спектаклей Азербайджана имеют Кара­бахские корни. Автор статьи приходить к такому заклю­чению, что изучение фольклора Карабаха с исторической точки зрения является одним из важных вопросов азербайджанской исторической науки.



Kлючевые слова: Азербайджан, фольклор, Карабах, Тебриз, Рома, Сейид Нигари.
Dilaver Azimli

On the history of folk games and spectacles of Azerbaijan (based on the voluminious edition “Karabagh:

Folklore is a hisrory”)

Summary

In the article the history of folk games and spectacles of Azerbaijan was considered, the role they play in the life of this people was presented. Due to the article is mostly devoted to Karabagh we studied folk games and spectacles played in these territories. The history of folk games and spectacles is the history of the people as well. In this history lies the millennial memory of the people. The research was carried out on a recently published voluminious edition “Karabagh: Folklore is a history”. It`s known that there were a lot of folk games and spectacles in Azerbaijan that we can trace to the Karabagh origin. At the end an author makes a conclusion that studying Karabagh folklore is very important from the historical point of view. Besides, history reveals the truth based on myths and folklore. Studying the history of Karabagh folklore is a worthy response to armenian “nationalists” from the historical point of view.



Key Words: Azerbayijan, folklore, Karabagh, Tabriz, Roma, Seyid Nigari.
Dünya mədəniyyətinin təşəkkülündə özünəməxsus rol oyna­yan Azərbaycan xalq idman oyunlarının, tamaşalarının sayı çox­dur. Bu oyunların və tamaşaların tarixi çox qədimlərə gedib çıxır. Bunu həmin dövrlərdən bu günə qədər gəlib çıxmış oyunlar və xalq tamaşaları, xalqın yaddaşı sübut edir. Azərbaycan xalqı öz tarixi torpaqlarında qədim və zəngin mədəniyyət yaratmışdır. Bu mədəniyyət ayrı-ayrı tarixi dövrlərdə digər Qafqaz xalqlarının və ölkələrinin mədəni inkişafına güclü təsir göstərmişdir. Xalq ya­radıcılığı (folklor) Azərbaycan xalqının mənəvi həyatının əsa­sını təşkil edir. Azərbaycan xalqının folkloru mifologiya ilə sıx əla­qə­dardır. Xalq yaradıcılığının ən səciyyəvi xüsusiyyəti onun sin­kre­tiz­midir. Azərbaycan İntibahının mühüm təzahürlə­rin­dən biri folklorun güclü tərəqqisi və onun klassik, rəsmi üslublara mühüm təsiri olmuşdur (4, 9, 297, 395).

Azərbaycan folkloru çox zəngindir. Bu gün AMEA-nın Folk­lor İnstitutunda bu nümu­nələr toplanır, öyrənilir və xalqa təq­­­dim olunur. Tarixçilər bu nümunələri tarixi baxımdan araş­dır­malı və xalqın tarixinin yaranmasında folklorun əhə­miy­yəti­ni qa­barıq verməlidirlər. Tarixi miflərdən, folklordan kənar öyrən­mək mümkün deyildir. Qədim Yunanıstan və qədim Roma tarixi mif­lər, folklor nümunələri əsasında bizə gəlib çıxmışdır. Bu baxım­dan Şərq, o cümlədən Azərbaycan tarixi daha zəngindir. Azər­bay­can Respublikasında miflərin, folklor nümunələrinin tarixi min illərlə ölçülür. Bu tarix eramızdan əvvəl IV minilliyə qədər gediib çıxır. İnsanlar hələ nitqə yiyələnməmişdən əvvəl təbiətlə" olum, ya qalım" cənginə girmişlər. Onların mühitlə əlaqələri tədricən dərinləşmiş, on­lar müəyyən dərk etməyə yiyələnmişdir. Bu isə insan və təbiət, insan və ov (quş, heyvan, yırtıcı...), oyunlar əsa­sında intişar tap­­mışdır. Nəticədə, əsrlər boyu teatr ünsürlü ta­maşalar mey­dana gəlmişdir. Həmin tamaşalar isə müxtə­lif mənalar, müx­tə­lif estetik səciyyə kəsb etmişlər. Eyni zamanda insanlar dərkolunmaz təbiət hadisələrini ilahiləşdirərək ona ta­pınmağı ehtiva edən mərasim oyunları yaratmışlar. Dünya elmi dəfə­lər­lə sübut etmişdir ki, eramızdan əvvəl yaşamış Pifaqor, Demokrit, Aristotel, Platon kimi dühalar "Avesta" təlimini dərin­dən öyrənmiş və onun mahiyyətini dərk etmişdilər. Azər­baycana xalqının milli-dini mədəniyyət abidələrindən olan, zərdüştiliyi təbliğ edən "Avesta"nın Yasna, Qat, Yast kimi bəhslərində oyun­ların, tamaşaların güclü estetik prinsipləri, əlvan formaları möv­cuddur. Burada xor, xoreoqrafiya, rəqs, danışıq məharəti, panto­mima vərdişləri ahəngdar şəkildə sintezdə birləşir. Azərbay­can­lıların məskunlaşdıqları ərazilər­də mədəniyyətin təşəkkül yolla­rını izləmiş ingilis alimi Riçard Fray eramızdan əvvəlki faktlara istinad edərək yazırdı ki, Persopolda və onun ətrafında yeni illə bağlı olan bayram şənlikləri və başqa təntənələr keçirilirdi. Bu təd­qiqatçı onu da qeyd edirdi ki, sonralar müsəlman məscidi əzəmətli ibadətgah yeri olmuş qədim Suzdakı möhtəşəm Appa­dan sarayı əsa­sında qurulmuşdu. Təxti-Cəmşidin Appadan salo­nundakı rəsmlərində musiqiçilərin, oyun-tamaşalarında təs­vir­ləri vardır. Tədqiqatçıların fikrincə, bu salonun, bütövlükdə Per­so­polun tikintisində Midiyanın, Lidiyanın, Misirin, Hindis­tanın və başqa ölkələrin ustaları fəal iştirak etmişlər. Təbiidir ki, bu öl­kənin mədəniyyətinə bələd olmayan ustalar burada dünya sənət incilərini yarada bilməzdilər. Həmin memarlar və ustalar bu oyunların ünsürlərini öz vətənlərinə aparmışlar. Alman filosofu Hegel estetikaya aid olan mühazirələrində qəti hökm verirdi ki, antik Yunanıstanda keçirilmiş Dionis şənliklərindəki şən xor, fallik mahnılar bu məmləkətə məhz Şərqdən keçmişdir. Dünyanın ən qədim elm qaynaqlarında türk dilində işlənən "oyun", "oyun babası" sözlərinə təsadüf olunur. Azərbaycan alimi Mirəli Seyi­do­vun elmi qənaətlərinə görə, “oyun” sözü türk xalqlarının mifo­loji, qam-şaman görüşləri, mərasim- meydan tamaşaları ilə bağ­lıdır. Bir çox xalqlar, o cümlədən Altay xalqları, qırğızlar və baş­qırdlar qam-şamana və onun keçirdiyi ayinə “oyun” demişlər. Unut­mayaq ki, xalq şam-qamanı ağıl və zəka sahibi kimi qəbul edirdi. Çalmağı, plastik, ecazkar hərəkətlərlə rəqs etməyi, sehrli tərzdə oxumağı, loğmanlığı, cadugünlüyü məha­rətlə bacaran şam-qamanın (və yaxud qam-şamanın) hörməti el müdriki səviy­yə­sin­də möhtərəm tutulurdu. Buna görə də müxtəlif səciyyəli məra­sim­lərdə, meydan oyun-tamaşalarında bütün göstərilənləri düzən­lə­yənə “oyunbabası” (oyun babası) deyir­mişlər.

Çağdaş teatr deyimində “rejissor” (latınca mənası “Leqo” sözündəndir). Bu sözün mənası “idarə etmək”, “müəyyən səmtə yönəltmək” deməkdir. Oyunbabası , elin müdrik ada­mı sayılmış, onun ehtiramı uca tutulmuşdur. Yuğ oyun-tamaşalarının təşək­kü­lün­də, kütləviliyində, özünün estetik prinsiplərini, poetika gös­tə­ri­cilərini cilalamasında oyun babalarının böyük xidməti ol­muş­dur. Bu sözə islamdan əvvəlki yüzilliklərin abidələrində (“Gül­təkin”də, Mahmud Qaşqaridə) rast gəlinir. Hal-Hazırda Çində yaşayan türk solarlar ölü üstündə söylənən ağıya, çəkilən yanıqlı bayatılara “uyğu” deyirlər. Bir daha o fikrə gəlirik ki, Azər­bay­can türkləri həm müxtəlif mərasimlərlə, həm təbiətlə, həm məi­şət­lə, həm də ölümlə bağlı olan çoxlu oyun-tamaşalar yarat­mış­lar və onu mədəniyyətimizin ayrılmaz bir qolu kimi inkişaf etdirmişlər. Bu inkişaf özünün fərdiliyini saxlamaqla yanaşı, dün­ya oyun mədəniyyətinin üzvi qolu olmuşdur. Son qənaətlə deyə bilərik ki, milli sərvətimizin mədəni qollarından biri də geniş kütləvilik qazanmış etnomədəni oyun-tamaşalarıdır.

Açıq havada oynanılan, el-oba məskunlaşan yurdun mərkə­zində, şəhər meydan­çaların­da, karvansaraylarda, bazar içində, küçələrdə, kənddə əkin yerlərinin yanında göstərilən kütləvi xalq tamaşalarına ümumiləşdirilmiş şəkildə, sənət növü kimi “meydan teatrı” deyilir. “Meydan teatrı” xalqın mənəvi varlığını, idrakının təkamül mərhələlərini, dünyanın dərkolun­maz hadisələrinə müna­si­­bətinin, əsatir və folklor mədəniyyətinin estetik prinsiplə­rini müx­­təlif məzmun və formalarla təcəssüm etdirən oyun vasitə­lə­rinin, üslub və janrlarının bədii məcmusudur. Meydan tama­şa­larını şərti olaraq dörd növə bölürlər: mərasim və əsatir şənlik oyun-tamaşaları; kütləvi həyat və məişət etnomədəni oyun-tamaşaları; əyləncəli səhnə oyunları; mistik səciyyəli şəbih tama­şaları. Mütəxəssislər mərasim tamaşalarını iki qismə bölür­lər. Bun­lar mövsümi mərasimlər və məişət mərasimlə­ridir. Mövsümi mərasimlər yazın gəlməsi, əkinin başlanması, məhsulun yığıl­ma­sı, elin-elatın yaylağa çıxması, qoyun qırxı­mı ilə əlaqədardır. Mə­i­şət mərasimlərinə aşıq toyları, dərviş düyünləri, ölmüş igidlərin şəninə ağılar deyib, bayatı çağır­maq, yuğlama (ağlama) məclisi qurmaq, vəsfi-hal oyunları aiddir. Bu oyunlara “Dedi-qodu”, “Kəvsər”, “Cütçü şumu”, “Yel baba”, “Güdül”, “Yuğ”, “Sayaçı”, “Qa­ra­vəlli”, “Məzhə­kə”, “Məzxərə”, “Dərviş­lik”, “Hoqqa”, “Lağ­lağı oyu­nu”, “Şəbə­də”, “Lal oyunu”, “Tən­bəki oyunu”, “Kən­­dir­baz oyunu” və s. aiddir. Həmin tamaşalarda müxtəlif oyun­­­çu­lar olurdu. Müxtəlif maskalardan istifadə olunurdu. Oyun­çular “Kosa”, “Keçəl”, “Keçi”, “Keçə­papaq” idi. Maskalara “Üz­lük-niqab, Buğa”, “Qoyun”, “Yaz”, “Qış” maskaları daxil idi. Meydan tamaşalarının oyunçularına ayrı-ayrı vaxtlarda müx­təlif adlar verilirdi. Şamaxı, Təbriz, Qarabağ, Maku, Naxçı­van, Şəki bəyləri aktyor və rəqqas dəstələri saxlamışlar. XII əsrdə Azər­baycanda “Şeyx Kərim” adlı məşhur gülüş ustası var idi. Meydan oyunçularına “Mütrüb”, “Lotu”, “Təlxək”, “Lağbaz”, “Naqqal”, “Meyxanaçı”, “Dərbədəri”, “Əncü­nən­sas”, “Şaman (Şamançı)”, “Qam” və s. deyilirdi.

Minillər boyu Azərbaycanda Kukla oyunları da geniş yayıl­mışdı. El arasında Kukla oyunlarına “bəbək”, “oyuq” və “ipdə oyuq” oyunları da deyilirdi. Kukla oyunlarını üç tipə bölürlər: “Ki­lim­arası”, “Kukla oyunu”, “Kölgə oyunu” (ona “xə­yal oyunu” da deyilir). Azərbaycanın Qarabağ bölgəsində oyna­nılan Kukla oyunlarından ən məşhuru “Kilimarası”dır. “Kilim­arası” kimi Kuk­la oyun-tamaşalarının eyni kökdən olan bir neçə forması var­dır. Bunlardan ən geniş yayılanı “Bəbək” oyunudur. Bu oyun əsasən kilimarasında göstərilir. Onun tamaşasında ələ qolçak kimi taxılan və barmaqlarla ələ gətirilən “bəbək” adlı kuklalardan istifadə olunur. Məşhur tamaşası “Keçəl pəhlə­van”dır. El arasında “Keçəlpəlvan” deyimi də vardır. Məşhur kilima­rası oyunları “Maral oyunu”, “Şölə”, “Şah Səlim” “Qara­göz”, “Hacı gəldi”, “Keçəl pəhlə­van” tamaşalarıdır (11, 6-21).

Bir daha qeyd edək ki, uzun illər öncə əsasən Kəlbə­cərdə “Maraloyunu” və “Kilimarası” oyunlarından ibarət olan tamaşalar oynanılırdı. Bu cür el tamaşaları yalnız Kəlbəcərdə deyil, bütün Qarabağ şənliklərində, tədbirlərində təşkil edilirmiş. Bu xalq oyun­larında ailəyə sədaqət, ailə təməllərinə bağlıllq, sədaqət, qarşı­lıqlı hörmət və ehtiram təbliğ edilir (5).

Azərbaycan xalqı çoxəsrlik tarixi ərzində kütləvi səciyyə daşıyan çoxlu idman oyunları və əyləncələr yarat­mışdır. Azərbay­canda məhəlli oyunlarla yanaşı, ümumxalq səciyyəsi daşıyan bir sıra kütləvi oyunlar və əyləncələr də geniş şöhrət tapmışdı. Bunların arasında “Çövkan oyunu”, “Zorxana oyunları”, “Şatır­lıq”, “Şahmat və nərd oyunu”, “Qəpəq oyunu”, “Qurd oyunu”, “Əlquşu” ilə ov və s. mühüm yer tuturdu. Atla idman oyun­larından olan “Qəpəq oyunu” haqqında bəzi mənbələrdə səthi məlumatlar verilir. Bu oyun haqqında nisbətən yığcam məlumata XVI əsr şairi Əbdibəyin “Dühət-əl -əzhar” adlı məsnəvisində rast gəlinir. Müəllif bu əsərdə Səfəvi dövlətinin paytaxtlarından biri olmuş Qəzvin şəhərindəki “Çehel sütun” sarayının divar rəsmlə­rinin birində nəqş olunmuş “Qəpəq oyunu”nu təsvir etmişdir. Orta əsr səyyahları bu oyunun Səfəvilər dövründə xüsusilə geniş yayıl­dığını qeyd etmişlər. Səfəvi şahları bu oyuna daha çox ma­raq göstərmişlər. Həmin oyunun izlərinə Qarabağda və Qazax-Borçalı ərazilərində indi də rast gəlinir. Toy məra­sim­ləri zamanı “Şah” qaldırırlar. Bu zaman uzun bir ağacın başı­na alma bərki­dirlər. Cavanlar atı çaparaq həmin almanı vu­rur­lar. Almanı vuran qalib sayılır. Orta əsr səyyahları onu da qeyd etmişlər ki, Təbriz meydanlarının birində “Qurd oyunu” tamaşasına çoxlu tamaşaçı toplaşırdı. Tarixi məlumatlarda bir sıra belə oyun və əyləncələr barədə səthi məlumatlar verilir. “Bənövşə”, “Bərk qapdı qaçdı”, “Köşki-balaban”, “İynə-İynə”, “Yarım-yırtıl”, “Aşıq-aşıq” və s. kimi uşaq oyunları keçmiş məişətdə geniş yayılmışdı (2, 40-42).

At üstündə oynanan “Çövkan” idman oyununun tarixi çox qədimdir. Onun harada və kimlər tərəfindən yaradılması barədə elmdə mübahisələr vardır. Amma tarixi mənbələr sübut edir ki, Azərbaycan qədim atçlığın vətəni olmuşdur. Nisey düzündə bəs­lənən atlara “Nisey atları” deyilirdi. Sonralar bu ad “Qarabağ atı” ilə əvəzləndi (XVIII əsrdən sonra). Belə olan halda “Çövkan” oyu­nunun da Azərbaycanda yarandığını söyləmək olar. Son dövr­də artıq mütəxəssislər bunu qəbul edirlər ki, bu oyun Azərbaycan türkləri tərəfindən yaradılmışdır. Onlar qeyd edirlər ki, bu oyunu türklər yarat­mış və o, sonralar Sasani imperiyasına yayılmışdı (3, 143-144). Robakidze “Çexanburti” adlı məqaləsin­də A.Krımski­yə əsaslanaraq qeyd edirdi ki, çövkən oyununu ərəblər özlərinə tabe etdikləri “farslardan” götürmüşlərsə də, əslində, bu oyunu Sa­sanilər türklərdən öyrənmişlər (1, 231). Ərəbdilli, farsdilli qay­naqlarla yanaşı, səyyah gündəliklərində verilən geniş məlu­matlar orta yüzillərdə bu idman növünün Azər­baycanda çox geniş ya­yıldığını göstərir. Ölkəmizi yaxından tanıyan, habelə XVII əsrdə Səfəvilər sarayında olmuş fransız səyyahı Jan Şarden yazırdı ki, burada çövkan, ox-kaman, cida atmadan ibarət üç cür atlı idman oyunu vardır (13, 182; 10, 232-301). Çövkan oyunu barədə XVI əsrdə Səfəvilər sarayında olmuş venesiyalı səyyah Mikel Membre de dəyərli məlumatlar verir (14, 53). “Çövkan” oyununun Sa­sanilərdən əvvəl mövcud olduğu Niza­mi Gəncəvinin (1141-1209) “Şərəfnamə” əsərindən də mə­lum olur. Şair bu oyunun Əhə­mənilər dövründən (e. əv. VI əsrdən) məlum olduğunu təsdiq edir­di (9, 134). Çövkan oyu­nu­nun Azər­baycanla bağlı olması fikri yalnız həmin oyunun azərbaycanlılar arasında geniş ya­yıl­ması ilə deyil, həm də “çövkan” sözünün şərhi ilə bağlıdır. “Çöv­kən” və yaxud “coğan” sözü Azərbaycan türkcəsində “ağac­cıq” kimi işlədilmişdir. Oyunun adı oyunda işlə­dilən alətin adı ilə bağlıdır. Bu isə ağacdan hazırlanmış “çövkən” adlandırılan alətdir (3, 145). Həmin oyun Qara­bağda daha çox məşhur olmuşdur.

Azərbaycanda tamaşaçı cəhətdən bol olan meydan oyun­lar­dan biri də “Zorxanalar”dır. Qarabağda da “Zorxa­nalar” fəaliyyət göstərmişdir. “Zorxana” sözünün etimoloji açı­mı “zor yeri” de­məkdir. Azərbaycan çox qədimlərdən öz pəhləvanları ilə şöhrət qazanmışdır. Məlumdur ki, qədim dövlətlərin qüdrəti onların pəh­lə­van­larının sayı və şöhrəti ilə də ölçülürdü. Tarixi məlu­matlardan aydın olur ki, zorxanalar orta əsrlərdə idman sarayları rolunu oynamışdır (2, 49-50). Azərbaycan zorxanaları və orada güləşmiş pəhləvanlar barədə Jan Şarden də maraqlı məlumatlar vermişdir. O, İrəvanda olarkən bir zorxanada iştirak etmiş və onu canlı boyalarla təsvir etmişdir. O, zorxanalarda olan yumruq döyüşlərindən də söhbət açmışdır. Şarden məşhur bir pəhləvan haqqında yazmışdır ki, məclisdə mənə dedilər ki, o, 365 günün 365-ni də məşqçiliklə keçirir, şəyirdlərini öyrədirdi, lakin fəndlər­dən birini heç kimə öyrətməmiş, özü üçün saxlamışdı. Buna “gizlədilmiş fənd” deyirdilər. Vaxtilə onun yanında kö­mək­çi ol­muş şəyirdlərindən biri ustadının daha çox məşhur olmasına dözməmiş, öz gücünə və zorbalığına güvənərək əyalət hakiminin qarşısında onu meydana çağırmışdı. Məşqçi yaramaz şəyirdinin bu sahədəki üstünlüyünü açıqca hiss etsə də, gizli saxladığı fəndə arxayın olmuş, onun çağırışını qəbul etmişdir. Vitse-kral bu du­eldə iştirak etmək istəmiş, həmin yarış üçün gün və yer təyin et­mişdi. Adi yarışlarda olduğu kimi, məşqçi yığışan­ları heyran qoymuşdu. Məşqçi birdən rəqibinin ortasından yapış­mış, onu kəllə - mayallaq vururmuş kimi başı üstündən atmışdı. Ora çoxlu ta­maşaçı yığılmışdı. Onlar sırtıq şəyirdin məğlub olmasını ar­zulayırdılar və bunu görüb ucadan alqış­lamışdılar. Məğlub olmuş şəxs isə adətə görə gedib vitse-kralın ayaqlarına düşmüşdü. O qışqıra-qışqıra demişdi ki, düşməni ona bu fəndi öy­rətməmişdir. Məşqçi cavab vermişdi: “Bəli, doğrudur. Mən o fəndi bu gün üçün, öz ustadını meydana çağıran və özünə güvənən bir şəyird üçün saxlayırdım”. Jan Şarden yazmışdır ki, zorxanada güləş əy­lən­­cəsi bir saat davam etdi, aktyorlara (güləş göstərən oyun­çulara) çıxıb getmək əmri verildi. Həyəti çadırla örtdülər, yuxa­rı başa gözəl xalçalar saldılar. Böyük bir dəstə musi­qiçilər və rəqqaslar gətirdilər. Onlar iki saatdan çox heç kimi darıxdırmadan səhnədə oldular. Hakim (İrəvan bəylərbəyi) bu müddət ərzində onlara (musiqiçilərə və rəqqaslara) baxdı, şah elçisi ilə (qulamla) məclisdəkilərlə söhbət etdi. O, məni Avropa barədə danışmağa va­dar etdi. Jan Şardenin verdiyi maraqlı məlumatlardan biri bu­dur ki, Şərqdə əylənmək və yaxud bir-biri ilə xoş rəftar eləmək xatirinə rəqs etmək adətləri yoxdur. Onlarda rəqs bir incəsənət və yaxud sənət kimi mövcuddur, Avropadakı teatr sənətinə oxşardır, camaatı əyləndirmək məqsədi güdür (12, 25-27).

Azərbaycanda yayılmış məşhur oyunlardan biri də şatır­çı­lıqdır. “Şatırlar” adlanan idmançılar sözün əsl məna­sında, yəni in­diki dövrdə işlədilən “idmanın yalnız qaçış növü ilə məşğul olan idmançı” demək deyildi. Şatır idmançı olmaq­la bərabər, həm də peşəkar bir iş sahibi olurdu. Orta əsrlərdə idmanın bu növü ilə məşğul olanlar müxtəlif adlar daşımış və bəzən müxtəlif işlərin ic­raçısı olmuşlar. O, qasid, xidmətçi, oyunbaz, gözətçi, fəxri qa­rovul və s. işlərdə çalışmışlar. Bu sözlər içərisində “şatır” sözü ən çox yayılmış istilah idi. “Şatır” sözü bir neçə mənada işlədilir. Bu sözü “ustad”, “zəbərdəst”, “fərraş”, “piyada” və nəhayət məna­sı lüğət etibarilə hələ aydınlaşmamış “çörəkxanada çörək bişirən” kimi də tərcümə və şərh edirlər. Azərbaycanda qədim oyunlar sı­ra­sına şahmat və nərd oyunları da daxildir (3, 174-194). Bu oyunlar da Azərbaycanın hər yerində geniş yayılmışdı.

Azərbaycanda dini tamaşalar da geniş yayılmışdı. Bu tama­şalar islamın gəlişindən sonra, müsəlman dünyasında baş vermiş proseslərlə bağlı idi. Azərbaycanda həmişə Əhli-beytə (ə) böyük sayğı olmuşdur və onları özlərinin məhrəm insanları kimi qəbul etmişlər. Bu halın səbəbləri vardır. Ən böyük səbəb isə Əhli-beyt (ə) in Haqq uğrunda mücadiləsidir. Onların başına gətirilənlər Azərbaycanda nifrətlə qarşılan­mış­dır. Xüsusilə, “Kərbəla faciəsi” Azərbaycan türklərinin qan yaddaşına köçmüşdür. Buna görə də hər il bu mərasimlə əlaqədar olan “Məhərrəmlik” günlərində “Şəbih” adlı tamaşa­lar oynanılırdı. Bu tamaşalarda xalq içəri­sindən seçilən insanlar faciə zamanı iştirak edənlərin rolunu oynayır və hadisəni canlı şəkildə tamaşaçılara təqdim edirdilər. Həmin tamaşalar Qarabağda da oynanılırdı.



Məqalədə Azərbaycanda qədimlərdən mövcud olmuş xalq idman oyunlarına və tamaşalarına bu qədər yer ayırma­mızın bir­başa bizim mövzu ilə bağlılığı vardır. Məsələ ondadır ki, Qarabağ Azərbaycanın ən qədim mədəniyyət mərkəzidir. Dünyanın ilk yaşayış məskənlərindən biri olan Azıx mağarası Qarabağ əra­zisindədir. Qarabağ dünyanın ən qədim atçılıq mərkəzlərindən biridir. Təsvir etdiyimiz bütün oyunlar və tamaşalar Qarabağ ərazilərində də mövcud olmuş və bəzi xalq oyunları, tamaşaları bu­radan həyata vəsiqə almış, Azərbaycan ərazilərinə, oradan isə bütün Şərqə yayılmışdır. Bu gün Qarabağ ərazilərində mövcud olmuş xalq oyunlarının və tamaşalarının tarixi baxımdan araş­dırılması çox aktual məsələdir. Çünki bu, türklərin tarixinin şanlı qismidir. Bu həm də bu gün özünün “havadarları” sayəsində Qa­rabağın bir hissəsini işğal etmiş erməni “millətçiləri”nin əsassız iddiaları­na layiqli cavab olar. Çünki onlar bu ərazilərə gəlmə­dir. Bütün tarixi faktlar bunu sübut edir. Bunu sübut edən faktlardan biri də xalqın folklorudur, bu folklorda yaşayan tarixidir. Qa­rabağda həyata keçirilən bütün xalq oyunları və tamaşaları yalnız türklərə məxsusdur. Bunu xarici mütəxəs­sis­lər də təsdiq edirlər. Bu gün həmin oyunlar haqqında bilgi­ləri əldə etdiyinə görə Azərbaycan Milli Elmlər Akademiyası­nın Folklor İnsti­tu­tuna dərin təşəkkürlər edirik. Onların əməyi sayəsində altı cildlik “Qarabağ: Folklor da bir tarixdir” çoxcildliyi nəşr edilib. Biz də bu çoxcildlik əsasında Qarabağda mövcud olan xalq oyunlarının və tamaşalarının tari­xinə nəzər saldıq. Xalq oyunları və ta­maşaları barədə məlu­matlara çoxcildliyin ikinci, üçüncü və altıncı cildlərində rast gəldik. Bu oyunların və tamaşaların bəziləri yerli oyun və tama­şa­­lar sayılır. İkinci cilddə, səhifə 171-də “Papax oyunu” veril­mişdir. Bu oyun Azərbaycanın digər ərazilərində də oynanılırdı. Amma Qarabağda oynanılan həmin oyun digər­lə­rin­dən fərqlənir. Bu oyun komanda şəklində davam edir. Hər komandada beş nəfər olur. On beş dəqiqə ərzində hansı komanda o birinin başından daha çox papax alsa, o, qalib sayılır. Papağı götürən şəxs on beş dəqiqə onu özündə saxlamalıdır. Papağı gizlətmək olmaz. Əgər yoldaşının papa­ğı­nı götürüblərsə, səndə artıq papax varsa, yoldaşına ver­mə­li­sən. Papax başında olmalıdır. Oyunçuların hamısının başında papağ olur. Papağ ya əldə ol­ma­lıdır, ya da başda. Həmin səhifədə təsvir olunan “Dəsmal oyunu” da Qara­bağa mənsub olan oyun sayıla bilər. Həmin oyun sonralar Azərbaycanın digər bölgələrinə yayılmışdır. Bu, çox çətin oyun­dur. Yüz metr məsafədə atı çapa-çapa gedib yerə sərilən dəsmalı götürməlisən. Buradada hər komandada beş oyunçu iştirak edir. Əgər atlının ikisi də götürə bilməsə, yenidən təkrar edirlər. İkinci cilddə həmin səhifədə təsvir olunan “Keçipapax oyunu” da Qarabağa mənsub oyunlardan sayıla bilər. Bu çox çətin və hünər tələb edən oyundur. Keçi dərisindən top düzəldilir və içi samanla doldurulur. Ona görə də bu oyuna “keçipapax” deyirlər. Diametri bir metr olan bir halqa da ağacdan asılır. Atı çapa-çapa topu yer­dən götürüb yoldaşına atmalısan. Bunun ardınca top dairənin içinə salınmalıdır. Topu əldə çox saxlamaq olmaz. Maksimum altı saniyə saxlamağa icazə verilir. Çox saxlasan, cərimə olunar­san. Bu oyunda da hər komandada beş oyunçu iştirak edir.

Maraqlı oyunlardan biri də “Çoban oyunu”dur. Bunu ço­banlar oynadığından ona görə “Çoban oyunu” deyirlər. Bu oyun ot üzərində xokkeyi xatırladır. Təqdim olunan oyun da ikinci cildin 172-ci səhifəsindədir. Hər komandada üç və ya­xud beş nəfər iştirak edir. Bu oyun da atlarla oynanılır. Əgər ağac əlindən düşərsə, atdan düşüb götürə bilməzsən. Mütləq atın üstündə götürməlisən. Atdan düşdünsə, oyundan çıxırsan. Topu eni üç metr olan qapılardan keçirməlisən (6, 171-172).

Çoxcildliyin üçüncü cildində Qarabağda xalq oyunları ilə bağlı olan bir uşaq oyunu təqdim olunmuşdur. Bu “Dələdəsmal oyunu”dur. Bu xalq oyunu Azərbaycanın digər bölgələrində də müxtəlif adlarla həyata keçirilirdi. Bəzi rayonlarda bu oyun indi də oynanılır. Bu çox maraqlı uşaq oyunudur ki, burada uşaqların bədii yaradıcılığı üzə çıxır. Çünki uşaqlar bu oyunda xalq folklo­ru nümunələrindən şeirlər söyləyirlər (7, 428-429).

Çoxcildliyin altıncı cildində həm xalq oyunları barədə, həm də dini mərasimlərlə bağlı olan mətnlər vardır. Bu topluda maraqlı bir mətn var. Bu da “Cəhribəyim” mətnidir. Bu folklor nümunəsi birbaşa Qarabağ mənşəli hesab oluna bilər. Həmin oyun qızlar tərəfindən həyata keçirilir. Qızlar üz-üzə gəlir və deyişməyə başlayırlar. Deyişmə dalaşma səciy­yə­si alırdı. Bu oyun bayramlarda, toylarda oynanılırdı. Maraqlı­dır ki, Qarabağın ayrı-ayrı yerlərində həmin oyun müxtəlif formada oynanılırdı. Oynayanlar Cəhribəyimi çağırırdı: “palaz-qulax Cəhrəbəyim, cəh­rə-darax Cəhrəbəyim, tiyan-sənəh Cəhrəbəyim, təsələpapax Cəh­rəbəyim”. Eyni zamanda, Cəhrəbəyimlə bağlı olan mahnılar söylənirdi. Bunlar hərbə-zorba səciyyəli olmaqla, zarafatyana mahnılar idi ki, iştirak­çı­ları əyləndirməyə xidmət edirdi. Altıncı cilddə təsvir olunan “Ənzəli”, “Tut qolundan, dart”, “Qazlar-Qazlar”, “Sümük-Sümük”, “Quş uçdu” xalq oyunları Azərbay­ca­nın digər yerlərində də geniş yayılan uşaq oyunlarıdır. “Ənzəli” isə bayram oyunu sayılır.

Bu cilddə təqdim olunan uşaq oyunu “Rəng-Rəng” də yerli mənşəli oyunlardan ola bilər (8, 397-403). Topluda təqdim olunan dini məzmunlu mətnlər və şeirlər Azərbay­canda dini müstəvi barədə yuxarıda qeyd etdiyimizi bir daha sübut edir. Bu mətnlərdən aydın olur ki, Azərbaycanda dini müstəvi həmişə tam olmuşdur. Azərbaycan əhalisi dini baxımdan tolerant olmaqla, haqqı müdafiə etmişdir. Ona görə də onun Əhli-beytə (ə) olan sevgisi başa düşüləndir. Bu ölkədə heç bir zaman dini toqquşma salmaq mümkün deyildir. Bu baxımdan çoxcildlikdə təqdim olunan dini məzmunlu mətnlər və şeirlər Əhli-beytə (ə) həsr olunmuşdur (8, 408-426). Onu da unutmayaq ki, Qarabağ pirlər, seyidlər yurdudur. Bölgənin hər bir guşəsində bir pir türbəsi, seyid məzarı vardır. Bu pirlərə, seyidlərə xoş münasibət Türkün qan yaddaşından gəlir. Çünki Türk Tanrını daim tək tanımış, el ağsaqqalına “qam”,” şaman”, “dədə”, “baba”, sonra isə “pir”, “seyid” demişdir. Bunu xüsusi fərqləndirmək lazımdır. Altın­cı cil­ddə təsvir olunan dini məzmunlu şeir Azərbaycanın hər bir guşəsində insanların dilindən söylənilir. Bu məsum imamların tərənnüm edilməsinə həsr olunan şeirdir.

Altıncı cilddə diqqətimizi cəlb edən məsələlərdən biri də zikrlə bağlı olan dini məzmunlu şeirlərdir. Əslində, bunlar ila­hi­lərdir. Sovetlər dönəmində qoyulmuş qadağaya baxma­ya­raq, xalq yaddaşı bunları bizlərə qədər gətirib çıxara bil­miş­dir. Məsələ ondadır ki, Qarabağda çoxlu sayda pirlər ol­muş­­dur. Pirlər olan yerdə təriqətlər fəaliyyət göstərmişdir. Bun­­la­ra “Əxilik”, “Yə­səvilik”, “Qızılbaşlıq”, “Xəlvətilik”, “Nəqşi­bəndi­lik”, “Ne­mə­­tul­­la­hilik” və s. daxildir. Tarixi mənbələr sü­but edir ki, Qara­bağ­da “Əxilik”, “Nəqşibəndilik”, “Nemə­tul­lahılıq”, bəzi yerlərdə isə “Qızılbaşlıq” yayılmışdır. Bunu orada olan türbələr də sübut edir. Bu gün Azərbaycanın Qa­ra­bağ bölgəsindəki toponimlərdə çoxlu sayda “abdal” adı yaşa­yır. “Abdal” adı “Allahın qulu” mənasını verir. Bu birbaşa su­fi­liklə bağlı olan addır. Digər sufi adlarına da rast gəlinir. Bəl­lidir ki, Azərbaycan sufizmin mərkəzlərindən biri ol­muş­dur. Azərbaycan əhalisi qədimlərdən sufizmə meyilli xalq­dır və bu gün də onun dini münasibətində bu təsir özünü göstərir.

Altıncı cilddə verilən dini məzmunlu mətnlərdə zikrin ən uca nöqtələrinə toxunulur. Bu elə bir nöqtədir ki, ona yalnız pir nail ola bilər. Burada təsvir olunan “Şeyx Çələbi” adı Azərbaycan sufilərinə tanış olan addır. Mətndən də aydın olur ki, onun çoxlu sayda müridləri vardı və o, daim zikrdə olmuşdur (8, 410-411). Araşdırdığımız altıncı cilddə Mir Həm­zə Nigaridən (Qarabaği­dən) də sətirlər verilmişdir. Mir Həmzə Nigari “Nəqşibəndi” təriqətinin sayılan pirləri səviy­yə­sində olmuşdur. Onun çoxlu sayda müridləri olmuşdur. Bütün Qarabağda onu yaxşı tanıyırlar. Onun çoxlu zikrləri, dini şeirləri vardır ki, dini mərasimlərdə oxunmuşdur və bu gün də oxunur. Bu topluda diqqətimizi çəkən zikrlərdən biri də “Həm Əlisən, həm Vəli” zikridir (8, 414). Bu zikr də Qarabağda çox məşhurdur. Söhbət etdiyimiz təqvalı insanlar söyləyirlər ki, Qubadlıda “Şeyx Sədi” adlı bir seyid yaşayırdı. Zikr zamanı o, elə həddə çatırdı ki, insanlar ona möcüzə kimi baxırdılar. Məsələn, o, insanların gözü qarşısında təndirə girib yanar közlərin üstündə

“Həmi Əlisən, həm Vəli,

Yerin-göyün ləngəri.

Dadıma yet, ay Əli,

Şiri-xuda, ya Vəli.

Sən Kərəmin kanısan

Aşiqin eyhamısan.

Dərtlilər dərmanısan,

Dadıma yet, ay Əli

zikrini oxuyub sürətlə fırlanırdı və oradan heç bir yeri yanmadan çıxırdı. Bu, çoxlarına qəribə gələ bilər. Amma bunu dərk etmək üçün sufizmi bilmək yetərli deyil, mütləq təkyələrdə olmalısan. Onda bizim kimi təəccüblən­məyə­cəksiniz.

Bütün bunlar sübut edir ki, Qarabağ bölgəsi Azərbayca­nın yalnız ayrılmaz hissəsi deyil, həm də onun tacıdır. Qara­bağ­sız Azərbaycan yoxdur. Bu gün onun dağlıq hissəsini özü­nün “ha­vadarları” sayəsində işğal edən ermənilər ona tarixi cə­hətdən iddia edirlər. Amma erməni folklorunda Qarabağla bağ­lı heç bir məqam yoxdur. Ümumiyyətlə, erməni folkloru olub­mu? Olubsa, qə­dimliyə necə gedib çıxır? Erməni folkloru bi­zim folklordan oğurluq əsasında formalaşmışdır. Erməni aşıq­ları türk dilində da­ha çox yaratmış və Azərbaycan folklo­rundan istifadə etmişlər. Bütün bunlar sübut edir ki, onlar bu əra­zilərə gəlmədir. Sonda qeyd edək ki, AMEA Folklor İnsti­tu­tu bu çoxcildliyi tərtib et­məklə böyük iş görmüşdür. Biz tarix­çilər bu gün təqdim olunan Qarabağ folklorundan mak­simum səviyyədə yararlanmalıyıq. Çünki xalqın tarixini folklor­dan kənarda təsəvvür etmək olmaz.


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin