Azərbaycan dili haqqında ümumi məlumat


Müraciət formalarından düzgün istifadə olunması



Yüklə 0,81 Mb.
səhifə50/57
tarix27.12.2023
ölçüsü0,81 Mb.
#200430
1   ...   46   47   48   49   50   51   52   53   ...   57
Az rbaycan dili haqq nda mumi m lumat (1)

Müraciət formalarından düzgün istifadə olunması.
Azərbaycan nitq etiketində bir çox müraciət formaları vardır ki, onlardan yerində və düzgün istifadə nitq mədəniyyəti baxımından mühüm əhəmiyyət kəsb edir.
İnsanlara müraciət məqsədilə işlədilən sözlər – xitablar dinləyənin diqqətini cəlb etmək, onu çağırmaq, nəyəsə sövq etmək, nədənsə çəkindirmək və s. məqsədi daşıyır. Qohumluq əlaqələrinə, yaşa, cinsə, ictimai mövqeyinə, vəzifəyə və sairəyə görə ümumiyyətin qəbul etdiyi sözlər (bunlara vokativ sözlər deyilir) müraciət olunanları razı salır, onları hərəkət etməyə, fəaliyyət göstərməyə sövq edir. İnsanlara edilən müraciət formaları müxtəlifdir, rəngarəngdir. Bunların bir qismi qohumluq münasibətini bildirən adlardır. Məsələn, ana, anacan, atam balası, atacan, qardaş, bacı, baba, anam-bacım, bala, bacıqızı, bacıoğlu, qardaş, oğlum, qızım, gəlinbacı, xalagəlini, qardaşoğlu, xala, xalaoğlu, qaqaş, bibi, bibiqızı, dayı, dayıcan, dayıoğlu, dayıqızı, əmi, əmioğlu, əmiqızı, əmican, Nərgizcan və s. Bu cözlərlə həm qohumlara, həm də yadlara müraciət olunur. Müraciət bildirən baş sözlərə “ay” vokativ sözü də əlavə olunur: ay dayı, ay bacı, ay qız, ay ana və s. Bu müraciət formalarının bir çoxu adlarla da işlənir. Məsələn, Səfər dayı, Həqiqət xala, İslam əmi, Sənəm bacı, Nadir əmi və s.
Müraciət bildirən sözlərin digər qismi şəxsin cəmiyyətdəki mövqeyi, vəzifəsi, peşəsi, milli və yaş mənsubiyyətini, insanların qarşılıqlı əlaqə və münasibətini ifadə edir. Müəllim, həkim, sürücü, satıcı, mühəndis, biznesmen, fermer, direktor, dekan, müdir, professor və s. belə sözlərdəndir. “Müəllim” sözü ünsiyyətdə geniş şəkildə işlənən müraciət formasıdır. Bu söz iki şəkildə işlədilir: həm ayrı, həm də xüsusi vokativ sözlə - adlarla. Təlim-tərbiyə ilə məşğul olan adama, həm də rəsmiyyət və hörmət əlaməti olaraq digər sənət sahiblərinə (müəssisənin direktoru, nazirliyin işçiləri, hökumət rəhbərləri və başqalarına) müraciət zamanı müəllim sözü şəxs adı ilə işlədilir (məsələn, Aslan müəllim, Sərvər müəllim, Həsən müəllim və s.). Müəllim sözünün əvvəlinə cənab, yoldaş kimi sözləri artırıb, cənab müəllim, yoldaş müəllim də demək olar. Bütün bunlarla bərabər müəllim sözü öz ilkin “təlim edən, öyrədən” anlayışından uzaqlaş- mamalıdır.
Yeri gəlmişkən qeyd edək ki, “müəllim” müraciət formasından bəzən uyğun olmayan məqamlarda, yersiz istifadə olunur, işindən, peşəsindən və s. asılı olmayaraq istənilən adama bu adla müraciət edilir. Məsələn, ANS-in “İç xəbər” verilişlərində demək olar ki, hamıya “müəllim” deyə müraciət olunur. Sərnişin qatarında bələdçi işləyən Səfər adlı bir nəfərin mənzil problemi ilə bağlı məsələsi müzakirəyə çıxarılmışdı. Aparıcı “Səfər müəllim” deyə dəfələrlə ona müraciət edirdi. Belə uyğunsuz müraciət həmin sözün ehtiva etdiyi mənaya, məzmuna, şübhəsiz ki, xələl gətirir, tamaşaçını, dinləyicini narazı salır.
Həkim, sürücü, satıcı kimi sözlər həm ayrılıqda, həm də ümumi vokativ sözlərlə (yoldaş, vətəndaş, cənab) işlənir: yoldaş həkim, cənab həkim, yoldaş sürücü, vətəndaş Elxan və s.
Nazir, mühəndis, fermer, direktor, dekan kimi adlar təklikdə müraciət forması kimi işlədilmir. Onlara cənab, yoldaş1 sözlərindən biri əlavə olunur: cənab mühəndis, yoldaş direktor, cənab nazir, cənab dekan və s. “Rəis” ayrılıqda müraciət forması kimi işlənir.
Bəzən fikir adamları arasında “ustad” müraciət formasından da istifadə olunur.
Dinləyicilərə edilən müraciət formasının əvvəlinə əziz, əzizim, hörmətli, möhtərəm sözlərini də əlavə etmək olar. Məsələn, hörmətli Qabil, möhtərəm İsmayıl müəllim, əziz tələbələr, əziz dinləyicilər, hörmətli xanımlar və s.
Ünsiyyət prosesində yaşca böyük adamlara, tanış olmayanlara (bəzən də qohum və tanışlara), vəzifə sahiblərinə, qadınlara və başqalarına “siz” deyə müraciət olunur. Bu hörmət və ehtiram formasını bəziləri rus etiketinin təsiri sayırlar. Halbuki “hələ XI əsrdə M.Kaşğari yazırdı ki, türklər özlərindən yaşca və vəzifəcə kiçiklərə sən, böyüklərə siz deyirlər (“Divan”, I c., “Daşkənd” nəşri, s.326). Azərbaycan yazılı abidələrində də bu diferensiallaşmanın tarix boyu mövcudluğunu təsdiqləyən faktlar istənilən qədərdir. Ona görə də müasir Azərbaycan etiketində “siz” müraciət formasının işlənməsi heç bir təsirin nəticəsi deyil, əksinə, tam milli xüsusiyyətdir”. Yuxarıda qeyd etdiyimiz situasiyalarda “sən” deyə müraciət olunması bütün hallarda adamlar tərəfindən onlara qarşı hörmətsizlik və nəzakətsizlik kimi qiymətləndirilir. Rus nitq etiketində “siz” ehtiram forması o qədər əhəmiyyət kəsb edir ki, çox zaman “sən” deyə müraciət edənlərə cavab belə verilmir. Rəhbər işçi əməkdaşlarla təmas zamanı “siz” müraciət formasını işlətməlidir. Həmçinin o, qadın işçilərinə adını bilirsə xanım əlavə etməklə (məsələn, Sona xanım, Ayna xanım və s.), bilmirsə elə sadəcə olaraq, “xanım” deyə müraciət etsə, qarşı tərəf razı qalar.
Özündən yaşlı adamlara (bir qədər ağsaqqal sayılan adamlara) adı ilə müraciət etmək qəbahət sayılır. İctimai yerlərdə aşna, lələ, ay arvad, a gədə, qağa, canciyər və s. kimi müraciət formalarının işlənməsi başqalarına hörmətsizlik kimi qiymətləndirilməlidir. Məhəmməd Peyğəmbərin kəlamlarının birində göstərilir: “Kim birisini öz adı ilə deyil, onun xoşlamadığı bir adla çağırırsa, mələklər ona lənət oxuyur”. Yazıçı, publisist Həsən Mehdiyev öz xatirələrində yazırdı ki, “... müsahibim mənə “qəqəni” deyə müraciət etdi. Bu sözün rayon yerində gədə-güdəyə, əl altında qalana deyildiyini bilirdim. Söz məni yaman bərk tutdu. Bir mülahizəyə görə özümü saxladım. Müsahib bunu hiss etdi, məndən üzr istədi”. Bu həyati misal müraciət formasının ünsiyyətdə, qarşılıqlı münasibətlərdə nə qədər əhəmiyyətli rol oynadığına əyani bir sübutdur.
Müəllimlər şagird və tələbələrə adından başqa oğlum, qızım, bala, əzizim kimi sözlərlə də müraciət edə bilərlər. Valideynlər öz uşaqlarına müraciət edərkən gülüm, əzizim, gözümün işığı, quzum, oğlum, sonam, ceyranım, evimin yaraşığı, maralım, bülbülüm, canım-ciyərim, şəkərim, evim-eşiyim, dilbərim, qurban olduğum, ömrüm-günüm, qurban kəsim, başına dönüm, qadanı alım, qoçaq balam və s. kimi oxşama və əzizləmə mənalı söz və ifadələri işlətsələr, daha yaxşı olar.
Əzizləyici can ünsürünün isimlərə qoşulması yolu ilə müraciət bildirən sözlər yaranır: məs.: anacan, xalacan, nənəcan, Orxancan və s.
Qadınlara və kişilərə müraciət zamanı rəsmiyyət və hörmət əlaməti olaraq xanım, bəy, ağalar, xanımlar sözləri də işlədilir. Bu sözlərdən iki formada istifadə olunur: a) təklikdə, sadəcə olaraq xanım, bəy formasında; b) adlardan sonra. Məs.: Leyla xanım, Rəşad bəy və s. Adamların tez-tez işlətdikləri ağsaqqal, oğlum, qızım, eloğlu, elli, dədə, elqızı, bibi, nənə, qohum kimi müraciət formaları nəzakət və hörmət baxımından məqbul sayılır.
Son zamanlar ağa, bəy, əfəndim müraciət formalarının işlənməsinə də təsadüf edilir. Ağa müxtəlif mənbələrdə mülkədar, bəy, zadəgan, sahib, böyük qardaş, əmi, ata, yaşlı, savadlı adamlara müraciət forması olaraq kişilərə aid edilmişdir. Bəzən mədəni ailələrdə bacılardan böyüyünə “ağa bacı” deyə müraciət olunma halı da mövcuddur. Tarixən hökmdar, başçı, hakim, böyüklük mənasını ifadə edən bəy sözü, titulu türk dillərində bek, bəy, biy, bey şəkillərində, əsasən, hakim təbəqəyə müraciət forması kimi işlənmişdir. Hazırda bəy formasından məsləkdaşlar bir-birinə müraciət məqsədlilə (çox geniş yayılmasa da) istifadə edirlər. Nitqdə hörmət əlaməti olaraq cənab, cənablarına, zati-aliləri kimi yeni müraciət formaları da işlənilir. Məsələn, cənab Şeyx, cənab səfir, cənab hakim və s.
Qeyd: Nitq mədəniyyəti məsələləri ilə məşğul olan görkəmli dilçi alim H.Həsənov cənab və cənablarına müraciət formasını ünsiyyət üçün yararlı saymır. “Cənab və cənablarına sözünün müraciət forması kimi işlədilməsi xalqımızın milli müraciət və ənənəsinə zidddir. Bu, təqlidçilik, modabazlıq təsiridir, ənənəvi, milli müraciət formalarını unutdurur, onlara kölgə salır, ünsiyyət mədəniyyətini özgələşdirir”. Amma nə etmək olar? Həsrət müəllimin özünün etiraf etdiyi kimi bu müraciət forması artıq dəbdədir. Xüsusən rəsmi məqamlarda (daha çox yazılı nitqdə) geniş şəkildə işlənilir.
Müraciətlərdən, xitablardan televiziya, radio verilişlərində də istifadə olunur ki, tamaşaçının, dinləyicinin diqqətini cəmləşdirmək, verilən informasiyaya, göstərilən təsvirə, hadisəyə diqqətli olmaq məqsədini daşıyır. Ən əsası odur ki, bu xitablar xoş, lirik, ürəkaçan bir əhvali-ruhiyyə yaratmaq, səfərbəretmə, ruhlandırma, qürur və fəxr məzmunu bildirmək üçün ən zəruri nitq elementləridir. Onlardan bəzilərini nümunə kimi göstərək: əziz dostlar, əziz və hörmətli televiziya tamaşaçıları, hörmətli radio dinləyiciləri, əziz analar, bacılar və s.

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin