A. N. Abbasbəyli, S. Z. Yusifzadə


X Mövzu  Ağqoyunlu dövlətinin xarici siyasəti və beynəlxalq əlaqələri



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə38/71
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#39696
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   71
Beynelxalq munasibetler tarixi en qedim dovrlerden XIX yuzilliyin 70-ci illerinin sonuna qeder

X Mövzu 
Ağqoyunlu dövlətinin xarici siyasəti və beynəlxalq əlaqələri 
 
Beynəlxalq əlaqələrinin genişliyi baxımından Ağqoyunlu dövləti Azərbaycanın siyasi tarixində mühüm 
yer tutur. Oğuz tayfalarının bir qolu olan Ağqoyunluların Azərbaycana köçü miladi tarixin VI-VII əsrlərinə 
aiddir. Bu tayfalar Göyçə gölündən Diyarbəkirə  qədər olduqca nəhəng  ərazidə  məskunlaşmış, Azərbaycan 
dövlətçilik ənənələrinin qorunmasında və yaşadılmasında əhəmiyyətli rol oynamışdır. 
Ağqoyunlu tayfalarının siyasi birliyinin əsası Bayandur tayfasının başçısı  Pəhlivan bəy (1370-1388) 
tərəfindən qoyulmuş, bu ittifaq XIV əsrin 80-ci illərində olduqca əzəmətli qüvvəyə çevilmişdi. Sülalənin 
görkəmli hökmdarlarından Qara Yuluq Osman bəyin,  Əli bəyin, xüsusilə Uzun Həsən və Yaqub Mirzənin 
dövründə Ağqoyunlular kifayət qədər möhkənləmlənmiş, Qaraqoyunlularla, teymurilərlə və osmanlı Türkiyəsi 
ilə uğurla rəqabət aparmışdı.    
Ağqoyunlu dövlətinin banisi Uzun Həsən hesab olunur. Onun 1453-cü ildən etibarən köçəri tayfaları, 
hərbi-feodal  əyanlarım mərkəzi hakimiyyətə tabe etmək üçün başladığı mübarizə  uğurla nəticələndi. Belə ki, 
Uzun Həsən feodalların müqavimətini qıra bildi. Lakin onların xeyrinə də bəzi güzəştlərə getməyə məcbur oldu. 
Çünki bunsuz ölkədə iqtisadi dirçəliş mümkün deyildi. Bununla belə, ayrı-ayrı müəlliflərin Uzun Həsənin 
müəyyən uğurlarına baxmayaraq, möhkəm mərkəzləşdirilmiş dövlət yarada bilmədi, həqiqətə uyğun deyil. 
Çünki müxtəlif etnosların yaşadıqları bu geniş  ərazidə onları birləşdirmək siyasəti qısa müddətə olsa da uğur 
qazanmış, Ağqoyunlu dövləti beynəlxalq münasibətlər orbitinə daxil olmuşdu. 
Ağqoyunlu dövlətinin başlıca rəqibi Fateh II Mehmet idi. Buna görə  də Uzun Həsənin xarici siyasət 
xəttində başlıca yeri Osmanlı Türkiyəsi ilə münasibətlər tuturdu. II Mehmetin Kiçik Asiyanın  şərqini istila 
etməsi Ağqoyunlu dövləti üçün ciddi təhlükə yaratmışdı. Türkiyə sultanı Cənubi Qafqazı, xüsusilə Azərbaycanı 
tutmağı planlaşdırırdı. 
Ağqoyunlular Trabzon - yunan dövləti ilə  hələ XIV əsrin ortalarından dostluq əlaqəsi yaratmışdılar. 
Trabzon imperatorları Osmanlı Türkiyəsinə qarşı  Ağqoyunlu dövlətinin müttəfiqi idilər. Ağqoyunlu Tur 
Əlibəyin oğlu Qutluq bəy, Qara Yuluq Osman bəy və Uzun Həsən Trabzon sarayı ilə qohum idilər. Ağqoyunlu 
dövlətinin yaradıcısı olan Uzun Həsən Trabzon imperatoru IV İohann Homnenin qızı Feodra ilə (Şərq mənbələri 
onu Dəspinə xatun adlandırırdılar) evlənmişdi. Uzun Həsən Dəspinə xatundan doğulan qızı Aləmşah Bəyimi 
bacısı oğlu Şeyx Heydərə ərə vermiş, Səfəvi hökmdarı Şah İsmayıl bu izdivacdan doğulmuşdur. 
Ağqoyunlular Trabzona öz mülkləri kimi baxırdılar. Məşhur türk  səyyahı Evliyyə  Çələbi Trabzondan 
bəhs edərkən vaxtilə bu şəhəri "Azərbaycan hakimi Sultan Uzun Həsənin genuyalıların  əlindən aldığını", 
Ağqoyunlu hökmdarının bu şəhərdə "böyük bir daş körpü saldırdığını" yazırdı. Trabzonun Ağqoyunlular üçün 
böyük iqtisadi-ticarət  əhəmiyyəti var idi. Bu şəhər Ağqoyunlu tacirlərindən ötrü Qara dənizə oradan da 
Avropaya  əlverişli çıxış yolu idi. Ağqoyunlu tacirləri burada ipək və başqa  şərq malları almağa gedən, 
venesiyali və genuyalı tacirlərlə görüşürdülər. Ağqoyunlu tacirləri Trabzon vasitəsilə aparılan ticarətdən böyük 
gəlir götürür, bu şəhər vasitəsilə Krımdakı ticarət faktorları ilə  əlaqə saxlayırdılar. Məhz buna görə  də II 
Mehmet 1461-ci ildə  Ağqoyunlu dövlətinə qarşı müharibəyə başlamazdan  əvvəl Ağqoyunluların müttəfiqi 
Trabzon-Yunan imperiyası üzərinə güclü qoşun göndərmiş, yaranmış şəraitdə Uzun Həsən Trabzon imperiyasını 
müdafiə etmək məcburiyyətində qalmışdı.  
Ağqoyunlularla osmanlılar arasında ilk döyüş 1461-ci il yayın əvvəllərində Qoylühisar döyüşü olmuşdu. 
Ağqoyunlular Osmanlı qoşununa ciddi zərbə vursalar da, osmanlıların hərbi baxımdan üstünlüyü Uzun Həsəni 
sülh bağlamağa vadar etmişdi. Yaranmış şəraitdə Uzun Həsən bütün Yaxın Şərqdə diplomat qadın kimi məşhur 
olan anası Sara Xatunu sultanın düşərgəsinə göndərmək qərarına gəlmişdi. Qaynaqların məlumatına görə, 
danışıqlar zamanı Sara Xatun və II Mehmet bir-birilərinə "ana" və "oğul" deyə müraciət edirdilər. Uzun Həsən 
Sara Xatunu Sultan II Mehmetin hərbi düşərgəsinə göndərərkən, qarşısına iki çətin vəzifə qoymuşdu. Əvvəla o, 
Osmanlı Sultanını  Ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmalı idi. Çünki müharibədən yeni 
çıxmış Ağqoyunlu dövlətinə öz qüvvələrini səfərbər etmək üçün vaxt lazım idi. 
Ağqoyunlu dövlətinə arxadan Qaraqoyunlu və Teymurilərin hücumu gözlənilirdi. Buna görə  də Uzun 
Həsən Türkiyə ilə sülh bağlamağa çalışırdı. Digər bundan başqa, II Mehmet qərbdə yarımçıq qoyduğu işğalçılıq 
planlarını həyata keçirməyə tələsirdi. Sara xatun danışıqlar yolu ilə bu məqsədə  nail  oldu. Ikinci vəzifə daha 
çətin idi. Belə ki, Sara Xatun Sultan Mehmeti Trabzonu fəth etmək fikrindən daşındırmalı idi. Lakin sultan 
Trabzon-Yunan dövlətini Türkiyəyə qatmaq fikrindən dönmədi, onun başlıca məqsədi Avropa ilə ipək ticarətini 
Türkiyənin  əlində  cəmləşdirmək idi. Azərbaycanlı  tədqiqatçılardan ilk olaraq Ə.Şahmalıyev Osmanlı-
Ağqoyunlu rəqabətində ipək təcarətinin izlərini, erməni tacirlərinin bu prosesdə  mənfur rolunu araşdırmış, 
Avropa diplomatiyasının Osmanlı-Ağqoyunlu rəqabətini düşmənçiliyə çevirmək planlarının elmi izahını 
vermişdi. 
II Mehmet Trabzon üzərinə yürüşə ciddi hazırlaşmışdı. Lakin o, Uzun Həsənin arxadan hücumundan 
ehtiyat etdiyinə görə Sara Xatun başda olmaqla, Ağqoyunlu elçilərini də özü ilə apardı. Sara Xatunun səyləri 
heç bir nəticə vermədi.  İki tərəfdən mühasirəyə alınan Trabzon şəhəri bir aylıq mühasirədən sonra, türklər 


 
63
tərəfindən zəbt edildi. Bununla da, Qara dənizdə Genuya ilə rəqabət aparan mühüm ticarət mərkəzi süqut etdi. 
Yaranmış şəraitdə Sara Xatun öz gəlininin - Dəspinə Xatunun Trabzon taxtına varislik hüququnu irəli sürdü və 
bundan istifadə edərək Trabzon xəzinəsini sultanla bölüşüb geri qayıtdı. 
Trabzon şəhərinin fəthi ilə Ağqoyunlu dövləti təkcə öz müttəfiqini deyil, həm də Avropaya iki mühüm 
çıxış yolundan başlıcasını itirdı. 
Yaranmış şəraitdə Osmanlı dövlətinə həm şərqdən və həm də qərbdən zərbə endirmək üçün Uzun Həsən 
Avropa dövlətləri ilə əlaqələri günişləndirmək yolu tutdu. Osmanlı imperiyasının siyasəti Azərbaycanla Avropa 
ölkələri arasında tranzit karvan ticarətinə mane olur, bu yerlərdən keçirilib aparılan mallardan böyük gömrük 
alınırdı. Əslində bu gömrüyü bilərəkdən erməni tacirləri yüksəldirdilər. Istanbulda güclü iqtisadi mövqeləri olan 
erməni tacirləri Roma papası  və xristian Avropa dövlətləri agentlərinin tapşırığı ilə Türkiyəyə qarşı olduqca 
məkrli və çoxşaxəli iş aparır, iki türk dövlətini bir-birinə qarşı qoymaq üçün dəridən qabıqdan çıxırdılar. 
Osmanlı  işğalları Avropada Macarıstan, Habsburq krallığı, Venesiya, Roma papası, Neapol, Polşa üçün ciddi 
təhlükə yaradırdı. II Mehmetin gömrük siyasəti Avropa-Asiya tranzit ticarətinə  mənfi təsir göstərir, Avropa 
ölkələri bu iki türk dövlətinin yaxınlaşmasına mane olur, onların arasında ziddiyyət salmağa çalışırdılar. Uzun 
Həsən isə bu diplomatiyaya lazımi əhəmiyyət vermir, Türkiyənin iştirakı olmadan Avropa ölkələri ilə bilavasitə 
ticarət  əlaqələrini möhkəmləndirməyə çalışırdı. Təsadüfi deyildi ki, Uzun Həsən osmanlılara qarşı mübarizə 
aparan Qaraman bəyliyi, Kipr krallığı  və Rodos feodal dövləti ilə  də  sıx  əlaqə saxlayır, həmin ölkələri öz 
başçılığı altında Sultana qarşı atatürk koalisiyasında birləşdirməyə çalışırdı. 
Ağqoyunluların Qərblə-Şərq arasındakı ticarətdə vasitəçilik edən Venesiya respublikası ilə  əlaqələri 
daha geniş idi. 1463-cü ildən 16 ilə qədər davam edən (1463-1479) Venesiya-Türkiyə müharibəsinin başlanması 
bu  əlaqələrin müntəzəm  şəkilə düşməsinə  səbəb oldu. 1463-cü il dekabrın 2-də Venesiya respublikasının 
senatında Osmanlı Türkiyəsinə qarşı Ağqoyunlu dövləti və Qaraman bəyliyi ilə ittifaqa girmək haqqında xüsusi 
məsələ müzakirə edilmiş, Venetsiya dojunun məsləhəti ilə bu məqsədlə iki missiya yaradılmışdı. 
Venesiya hökumətinin elçiləri 1471-ci ilin payızında Uzun Həsənin sarayına gəldilər. bunların 
içərisində Katerino Zeno, İosafat Barbaro,  Ambroco Kontarini və başqaları var idi. 1472-ci ildə Katerino Zeno 
Uzun Həsənin düşərgəsində Polşa və Macarıstan diplomatları ilə görüşdü.  
1475-ci il mayın 30-da A.Kontarini İtaliya katolik monaxı Lüdviqlə görüşdü. Aparılmış diplomatik 
danışıqlar göstərdi ki, Ağqoyunlu dövləti osmanlılara qarşı mübarizədə Avropa ölkələrinin etibarlı müttəfiqi ola 
bilər.  
Uzun Həsən atatürk koalisiyasının yaratmaq üçün öz elçiləri İsaq, Xoca Mirak, Hacı Məhəmməd, Həsən 
Əzən və Murad bəyi Avropa ölkələrinə, xüsusən Venesiyaya, Roma, Almaniya, Polşaya göndərir və danışıqlar 
aparırdı. Venesiya diplomatlarının sıfır qeydlərində onlarla birlikdə Moskva, Neapol, Roma, Burqundiya, 
Macar, Çex və Polşa elçilərinin də Uzun Həsənin sarayında olduqları göstərilirdi. 
Təbrizdə Venesiya hökuməti ilə aparılan danışıqlar nəticəsində 1472-ci ilin yazında Türkiyə əleyhinə iki 
dövlət arasında hərbi ittifaq bağlandı. Müttəfiqlərin müvafiq planına görə 1472-ci ilin yazında Uzun Həsən 
Osmanlı Türkiyəsi üzərinə hücuma keçməli idi. Istedadlı  Ağqoyunlu sərkərdəsi Mirzə Yusif xanın başçılığı 
altında 12 minlik qoşun  Ərzincandan Qaraman istiqamətində irəliləyərək bir sıra parlaq qələbələrdən sonra 
Aralıq dənizi sahillərinə çıxdı. Lakin burada Uzun Həsənin ordusu üçün silah və artilleriya mütəxəssisi gətirməli 
olanlar Venesiya gəmiləri ilə rastlaşmışdı. 
Venesiya respublikası Uzun Həsənin qələbəsindən və Türkiyənin ağır vəziyyətindən istifadə edərək 
əvvəlcədən razılaşdırılmış hərbi planın əksinə olaraq, gizli surətdə İstanbuldakı səfirlərinin vasitəsilə, dinc yolla 
Türkiyədən ticarət üstünlüyünü qoparmaq ümidi ilə  rəqib tərəflə diplomatik danışıqlar apardı  və beləliklə  də 
müharibənin bütün ağırlığını  Ağqoyunlu dövlətinin üzərinə düşdü. Bununla da II Mehmet öz rəqiblərini bir-
birindən ayırdı. 
Hərbi kəşfiyyatın köməyi ilə Ağqoyunlu qüvvələrinin çox hissəsinin hələ Toqqatdan geri qayıtmadığını 
və hərbi əməliyyata Uzun Həsənin başçılıq etmədiyini öyrənən. Osmanlı Sultanı şahzadə Mustafanın başçılığı 
altında Ağqoyunlulara qarşı 80 min nəfərlik qoşun göndərdi. Nəticədə  Ağqoyunlu süvariləri Beyşehir 
yaxınlığında türklər tərəfindən məğlub edildilər, Qaraman osmanlılar tərəfindən fəth edildi. 
Qışın düşməsi ilə bağlı hər iki tərəf hərbi əməliyyatları dayandırdı. Sultan II Mehmet öz elçisi ilə Uzun 
Həsənə  məktub göndərərək, 1473-cü ilin baharında Ağqoyunlulara qarşı hücuma keçəcəyini bildirdi. Sultan 
əmin idi ki, Qaramanın tutulması ilə Ağqoyunlu dövlətinin Avropa ölkələri ilə əlaqəsi kəsilmişdir. Venetsiya ilə 
əldə olunmuş gizli razılaşmaya əsasən Türkiyə qərbdən hücum almayacağına təminat almışdı.belə ki, Venetsiya 
doju Venetsiya ilə Ağqoyunlular arasında Türkiyəyə qarşı imzalanmış müqavilənin mətnini türk diplomatlarına 
göstərməklə Uzun Həsənə xayanət etmişdi. Odur ki, Sultan Osmanlı dövlətinin bütün hərbi qüvvələrini 
Ağqoyunlulara qarşı çevirmək qərarına gəlmişdi. 
Osmanlı Sultanı 1473-cü ilin baharında güclü artilleriyanın müşayiət etdiyi ordu ilə  Ərzincana tərəf 
hərəkət etdi. II Mehmet Uzun Həsənin Venesiyadan göndərilmiş odlu silahları almaq üçün Qaraman 
istiqamətində hücuma keçəcəyini bildirdi. (Əslində Venetsiya Uzun Həsəni növbəti dəfə aldatmışdı). Iki 
qorxulu düşməni Aralıq dənizi sahilində birləşməyə qoymamaq üçün Sultan Uzun Həsəni Anadolunun elə 


 
64
şərqindəcə  əzmək istəyirdi.  Ərzincanda Uzun Həsən sultana qarşı  tədbirlər görmüşdü. Ağqoyunlu hökmdarı 
düş-mən qüvvələrini əlverişsiz təbii şəraiti olan yerdə haqlamaq üçün irəli buraxdı. Osmanlılar Fəratın sağ sahili 
ilə Malatiyaya qədər irəlilədilər. Burada, çayın sol sahilində  Ağqoyunlu qüvvələrinin mövqe tutduğu aydın 
oldu.  
Beləliklə, o dövrün bir-birilə rəqabət aparan iki məşhur türk sərkərdəsi Uzun Həsən və sultan II Mehmet 
öz qoşunları ilə Fərat sahillərin-də qarşı-qarşıya dayandılar. Uzun Həsən keçmiş döyüş təcrübələrindən istifadə 
edərək, oğlu Uğurlu Məhəmmədin başçılıq etdiyi əsas qüvvələr Fəratın sahilində pusquda qoydu, başqa bir atlı 
dəstə isə hücum edə-edə  Fəratı keçməli idi. Düşmən bu dəstəyə hücum etdikdə onlar geri çəkilməli, düşmən 
qüvvələrini Fəratın sol sahilinə  çəkməli və  Uğurlu Məhəmmədin qoşunları onları mühasirəyə almalı idilər. 
Uzun Həsənin bu hiyləsi baş tutdu. 1473-cü il avqustun 1-də Uzun Həsənin seçdiyi düzgün döyüş taktikası 
nəticəsində Ağqoyunlu süvariləri Türkiyə qoşununun zərbə qüvvəsini aldadıb Fəratın sol sahilinə keçirdilər və 
Malatiya döyüşü adlanan bu vuruşmada Türkiyə qoşunlarının zərbə qüvvəsi məhv edildi. 
Bu məğlubiyyət osmanlı qoşununda intizamın pozulmasına və böyük ruh düşkünlüyünə  səbəb oldu. 
Qələbə ümidini itirən Osmanlı sultanı döyüşdən sonra öz zabitlərindən birini sülh bağlamaq üçün Ağqoyunlu 
hökmdarının yanına göndərdi. Lakin Uzun Həsən II Mehmetin sülh təklifini rədd etdi. 
Malatiya vuruşmasından on gün sonra, yəni 1473-cü il avqustun 11-də  Ağqoyunlu süvariləri 
Ərzincanla, Ərzurum arasındakı Üçağızlı dərəsi adlanan yerdə II Mehmetin qoşunlarını qabaqladılar. Döyüşün 
planına görə  həm qarşıdan, həm də cinahlardan hücum edən Ağqoyunlu atlıları Türkiyə qoşununu qəflətən 
yaxalamalı, onu dərədən düzə  çıxmağa qoymamalı idi. II Mehmetin qoşunu geri çəkildikdə isə onu Uzun 
Həsənin özünün başçılıq etdiyi süvarilər qarşılamalı idi.  
Uzun Həsənin məqsədini başa düşən II Mehmet bütün diqqəti ön cəbhəyə verdi və Otluqbel döyüşü 
osmanlıların qələbəsi ilə qurtardı. 
Otluqbeli məğlubiyyəti ilə Ağqoyunlu dövlətinə ağır zərbə vuruldu. Ağqoyunlu dövləti Uzun Həsənin 
öz rəqibləri üzə-rində bir-birinin ardınca əldə etdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində ərazicə genişlənmiş 
və müvəqqəti güclənmiş-di. Bu dövlətin mövcudluğu onun apardığı qəsbkarlıq müharibələrinin nəticəsi ilə sıx 
bağlı idi. Xarici dövlətlərlə toqquşmalardakı kiçik bir uğursuzluq belə ölkə daxilindəki narazı qrupların mərkəzi 
hakimiyyətə qarşı  fəallaşmasına səbəb oldu və  Ağqoyunlu dövlətinin süqutunu sürətləndirirdi. İri feodalların, 
xüsusilə hərbi köçəri əyanların mərkəzi hakimiyyətə qarşı mübarizəsi canlandı. 
II Mehmet Otluqbeli döyüşündən sonra Avropa dövlətləri ilə əlaqələrini genişləndirməyə xüsusui fikir 
verən Ağqoyunlu dövlətinə qarşı növbəti müharibəyə hazırlaşırdı. O, Xorasan hakimi Hüseyn Baykaraya 
məktub yazaraq Ağqoyunlu dövlətini aradan qaldırmaq üçün iki tərəfdən hücuma keçməyi təklif etmiş, lakin 
cavab almamışdı. Buna görə də sultan atasına qarşı qiyam qaldırmış və məğlub olmuş Ağqoyunlu hökmdarının 
oğlu Uğurlu Məhəmmədi  İstanbulda böyük təntənə ilə qarşıladı, qızı Gövhərxan sultanı  Uğurlu Məhəmmədə 
ərə verdi. Bu izdivacdan Uğurlu Məhəmmədin Gödək  Əhməd adlı bir oğlu oldu. II Mehmet Uğurlu 
Məhəmmədi bir qədər hərbi qüvvə ilə Sivasa Azərbaycan-Türkiyə  sərhədinə hakim təyin etdi. II Mehmet bu 
izdivacla Ağqoyunlu hökmdarının ölümün-dən sonra sülalə qohumluğu vasitəsilə Azərbaycan taxtına sahib 
olmaq niyyətində idi.  
Ağqoyunlu hökmdarının apardığı aramsız müharibələr dövlətin iqtisadi özülünü sarsıtmış, daxili 
ziddiyyətləri son həddə çatdırmışdı. Xalq kütlələri dövlətin xarici siyasətindən narazı idilər. Çünki müxtəlif 
ölkələrlə aparılan bu müharibələrin  əsas ağırlığı ilk növbədə onların çiyinlərinə düşürdü. Ağır vergi və 
mükəlləfiyyətlərdən, habelə feodal özbaşınalıqlarından  əziyyət çəkən kəndlilərdən tutmuş  sənətkarlara, xırda 
tacirlərə və şəhər əhalisinə qədər hamı narazılıq edirdi. 
Buna baxmayaraq, Osmanlı imperiyasının Avropadakı düşmənləri Ağqoyunlu dövlətinin Türkiyəyə 
qarşı müharibəyə qızışdırmağa və onu Uzun Həsənin əli ilə boğmağa çalışırdı. Ağqoyunlular Misir sultanlığı ilə 
münasibətləri səhmana sala bilmədilər ki, bu da onların qüvvəsinin iki hissəyə parçalanmasına səbəb oldu. 
Təsadüfi deyildi ki, Misir sultanı Uzun Həsənin Türkiyə  əleyhinə ittifaq bağlamaq təklifini qəbul etmədi və 
Ağqoyunlu hökmdarına qarşı onun oğlu Uğurlu  Məhəmmədə  hərbi qüvvə ilə yardım göstərdi. Türkiyənin 
əleyhinə olmalarına baxmayaraq, Gürcü knyazları da Türkiyəyə qarşı  Ağqoyunlu hökmdarı ilə  əlbir hərəkət 
etməkdən boyun qaçırdılar. Uzun Həsən 1474-1477-ci illərdə Gürcüstana yürüş etdi, Tiflis və Qori, eləcə  də 
ölkənin mühüm hissəsi Ağqoyunlular tərəfindən işğal olundu. Uzun Həsənin gürcü hakimi VI Baqratla 
bağladığı sülhə görə (1477), Tiflis daxil olmaqla Şərqi Gürcüstan Ağqoyunlu dövlətinin hakimiyyəti altına 
düşdü. Ağqoyunlu hökmdarı gürcü knyazlarından 16 nün dukat bac alaraq sərkərdə Xəlil bəy Bəktaşini Tiflisə 
canişin təyin etdi və Təbrizə qayıtdı. 
 Uzun  Həsən Gürcüstan səfəri zamanı  hərbi qüvvələrin mühüm bir qismini Misir sultanlığına qarşı 
göndərmişdi. Ağqoyunlular 1477-ci ildə Amid və Urfa (döyüşlərində) yaxınlığında məmlüklər üzərində parlaq 
qələbə çaldılar, Urfa Ağqoyunluların əlinə keçdi. 
Uzun Həsənin ölümündən sonra, Yaqub Mirzənin dövründə (1478—1490) Ağqoyunlu ordusu 
Süleyman bəy Bican oğlunun başçılığı altında 1480-ci ildə osmanlıları məğlub etdi. Türkiyə sultanı II Bəyazid 
(1482-1512) sülh təklif etməyə məcbur oldu. Beləliklə, Misir və Osmanlı sultanları nəinki Cənubi Qafqazı heç 


 
65
Azərbaycanı işğal edə bilmədilər. 
Yaqub Mirzə Uzun Həsənin siyasətini davam etdirərək  Şirvanla dostluq əlaqələrini saxlayırdı. 
Şirvanşah Fərrux Yasarın qızı ilə evlənərək bu əlaqələri daha da möhkəmləndirdi. Lakin atasının Səfəvilərin 
Ərdəbil hakimiyyətinə olan müsbət meylini qoruyub saxlamadı. Çünki getdikcə qüvvətlənən bu hakimliyi o özü 
üçün təhlükə hesab edirdi. Ona görə də Ərdəbil hakimliyi ilə də Ağqoyunlular arasında ziddiyyət başlamış və 
bu çox tezliklə hərbi-siyasi qarşıdurmanı şərtləndirmişdi.  
Ağqoyunlu dövlətinin qüdrəti və nüfuzu nəinki Avropa dövlətlərini, habelə  Şərqdə Teymurilərin və 
Misir Sultanlarının,  Şimalda Rusiyanın diqqətini cəlb edirdi. Rus çarı III İvan Qızıl Ordaya qarşı mübarizə 
aparmaq üçün Ağqoyunlularla ittifaq bağlamağa çalışırdı. Mənbələrdə III İvanın Ağqoyunlu dövlətinə 
göndərdiyi 200 nəfərlik elçilik, Uzun Həsənin Polşa kralına göndərdiyi üç məktub haqqında maraqlı 
məlumatları qoruyub saxlamaqdadır. Bütün bunlar qısa, lakin keşməkeşli tarix yaşamış Ağqoyunlu dövlətinin 
beynəlxalq əlaqələrinin konturlarını müəyyənləşdirməyə imkan verir.  

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin