№2 Sosial-siyasi elmlər seriyası 2010



Yüklə 307,42 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix28.12.2021
ölçüsü307,42 Kb.
#17194
  1   2   3   4


 107

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2                                   Sosial-siyasi elmlər seriyası                                2010 

 

 

 

 

ƏHALİNİN SOSİAL MÜDAFİƏSİNİN  

NƏZƏRİ-METODOLOJİ PROBLEMLƏRİ 

 

H.S.ŞAMİLOVA 

Bakı Dövlət Universiteti 

huri-ana@mail.ru  

 

Məqalədə  əhalinin sosial müdafiəsi probleminin iqtisadi ədəbiyyatlarda qoyuluşu və 



nəzəri cəhətdən  şərhi ilə bağlı müxtəlif fikirlər və baxışlar təhlil olunur, sosial müdafiənin 

iqtisadi mahiyyətinin açıqlanmasına cəhd edilir. Bunun üçün onun obyekt və subyektləri 

ayrılır, sosial siyasət və sosial müdafiə anlayışları  dəqiqləşdirilir. Daha sonra sosial 

müdafiənin əsas modelləri və səviyyələri göstərilir. 

Məqalədə, həmçinin,  əhalinin sosial müdafiəsinin strukturu nəzərdən keçirilir və bu 

strukturun əsas elementləri kimi sosial təminat, sosial yardım, sosial zəmanət və sosial sığorta 

göstərilərək, hər biri ayrı-ayrılıqda şərh olunur. 

 

Bəşər tarixinin ayrı-ayrı inkişaf mərhələlərində insanların tələbatlarının artması 



onların ödənilməsinin müxtəlif vasitələrinin, yollarının axtarılmasını və formalaşdırıl-

masını  zəruri etmişdir. Hələ eramızdan  əvvəl insanların yeni formalaşdığı, fizioloji 

varlıqdan sosial varlığa çevrildiyi bir dövrdə, icma münasibətləri şəraitində icmanın 

ayrı-ayrı üzvlərinin sosial ehtiyacları, sosial fərqləri, həyat tərzində  əsaslı  fərqlər 

mövcud idi. Lakin həmin mühitdə onların sadə, primitiv formada tələbatlarını, meyl 

xarakterli sosial ehtiyaclarını ödəmək üçün obyektiv şərait, yardım və idarəetmə 

mexanizmi yox idi. İnsanların tələbatlarının, sosial ehtiyaclarının ödənilməsi üçün 

zəmin dövlətin qərarlaşması  və tarixi inkişaf mərhələlərini keçməsi ilə yaranmışdır. 

Əlbəttə, həmin dövrlərdə sosial problemlər ictimai münasibətlərin içərisində o qədər 

də tam nəzərə çarpmırdı və dövlətin birbaşa funksiyası olaraq sərf-nəzər edilir, hakim 

sinfin mənafelərinin reallaşdırılması, hökmranlıq münasibətləri baxımından aparıcı 

yer tuturdu. Bu zaman kölə, qul və canlı alət formasında yaşayan insanların sosial 

ehtiyaclarının ödənilməsindən danışmaq belə  əsassız olardı. Belə ki, intellektual, 

fiziki, mənəvi qabiliyyətləri deyil, insanın özü mülkiyyət obyektinə çevrilərək 

hüquqi-iqtisadi asılılıq formasında mövcud idi. Belə bir şəraitdə onlarla qeyri-insani 

rəftar edilir, bu isə o dövrün humanist, insanpərvər insanlarını düşünməyə məcbur e-

dirdi. Digər tərəfdən isə qulların özünün azad olmaq uğrunda mübarizəsi hakim sinfin 

onlara ictimai, siyasi və sosial cəhətdən münasibətlərini dəyişməyə  məcbur etmiş, 

yanaşmalarında humanizm prinsiplərinin formalaşmasına səbəb olmuşdur.  

Feodal münasibətləri dövründə dövlətin funksiyalarının genişlənməsi, qeyri-iq-

tisadi məcburiyyət münasibətlərinin formalaşması, iqtisadi və sosial maraqların art-

ması, bazar münasibətlərinin genişlənməsi  şərtləri həmin dövrün siniflərinin ha-

mısının, həmçinin təhkimli və ortabab kəndlilərin həyat səviyyəsinin nisbətən yax-

şılaşması gündəlik sosial ehtiyacların ödənilməsini daha çox tələb etdi. Beləliklə də, 




 108

dövlətin bu problemlərin həllindəki rolu daha qabarıq şəkildə təzahür etməyə başladı. 

Bilavasitə  "əhalinin sosial müdafiəsi" ifadəsi işlədilməsə  də,  əhalinin ehtiyacı 

olan təbəqələrinə qayğı göstərilməsinin zəruriliyi barədə müxtəlif fikirlər  ən qədim 

dövrlərdən bu günümüzədək səslənməkdədir. Bu, sanki xalqın milli-mənəvi dəyərləri 

sırasına daxil olmuşdur. Burada humanizm, xeyirxahlıq, insaflıq, mərhəmət kimi prin-

siplərə əsaslanmanın vacibliyi həmişə ön plana çəkilmişdir. Sıravi vətəndaşların yox-

sul,  əlil, sosial cəhətdən zəif soydaşlarına yardım, kömək göstərmələrinin vacibliyi, 

bunun savab iş olmasının vurğulanması ilə yanaşı, dövlət başçılarının öz rəiyyətlərinə 

münasibətdə qayğıkeşlik mövqeyində dayanmalarının zəruriliyi də əsaslandırılmışdır.  

Sosial müdafiə tədbirlərinin həyata keçirilməsinin XVII əsrin sonlarından baş-

lanmasına baxmayaraq, ilk dəfə sosial müdafiə termini 1930-cu illərdə Amerika Bir-

ləşmiş Ştatlarında istifadə edilmişdir. Lakin 1942-ci ildə İngiltərədə Çerçillin sərənca-

mı ilə Lord Bevericin başçılıq etdiyi bir qrup tərəfindən hazırlanan «Beveric Pla-

nı»nın qəbulundan sonra daha geniş yayılmağa başlamışdır.  Bununla da ilk dəfə 

olaraq sosial təminat sadəcə muzdlu işçilərə deyil, bütövlükdə ölkə  əhalisinin 

hamısına  şamil edilmişdir.  Əhalinin sosial müdafiəsi ilə bağlı qanunlara gəlincə, 

burada bir sıra Qərbi Avropa ölkələrini misal gətirə bilərik. Belə ki, dənizçilər üçün 

nəzərdə tutulan ilk pensiya təminatı rejimi 1681-ci ildə Fransada qəbul olunmuşdur. 

Bundan bir əsr sonra isə  həmin sistem dövlət qulluqçularına, 1831-ci ildən hərbi 

qulluqçulara, daha sonra digər sahələr üzrə çalışanlara da şamil edilmişdir. 1779-cu 

ildə  İtaliyada «Monte Dey Paski di Siena» bankı  işçilərinin pensiya sistemi tətbiq 

olunmuş və həmin ildə də muzdlu işçilərin istehsalatda bədbəxt hadisələrdən könüllü 

sığorta olunmaları barədə qanun qəbul edilmişdir (11, 19). Almaniyada 1883-1889-cu 

illərdə O.Bismark tərəfindən qəbul olunmuş qanunlar əslində sonradan sosial müdafiə 

sisteminin əsas elementi olan sosial sığortanın təməli olmuş, ABŞ-da isə 1935-ci ildə 

məqsədi yaşlıları,  şikəstləri və  işsizləri sosial risklərdən qorumaq olan ilk sosial 

müdafiə qanunu qəbul edilmişdir.  

İqtisadi dövriyyəyə nisbətən gec daxil olması səbəbi ilə bilavasitə əhalinin so-

sial müdafiəsi probleminin bu ad altında qoyuluşu və  nəzəri cəhətdən  şərhi də XX 

əsrə aiddir. Odur ki, əvvəlki dövrlərdə yaşayan mütəfəkkirlər və iqtisadçılar tə-

rəfindən bu ad altında aparılan tədqiqata, söylənilər hər hansı bir fikrə rast gəlinmir. 

Lakin bazar iqtisadiyyatının tənzimlənməsinin zəruriliyi tezisinin qəbul olunması ilə, 

xüsusən də son dövrlərdə bu problem kifayət qədər yüksək maraq doğuran sosial və 

iqtisadi problem kimi qəbul olunur.  

Bütün dünyada sosial müdafiə anlayışı müxtəlif aspektlərdə  və  fərqli  şəkildə 

ifadə olunur. Məsələyə münasibət hər bir dövlətdə özünəməxsusluğu ilə seçilir. Lakin 

ümumilikdə bu fərq bilavasitə sosial müdafiənin mahiyyəti ilə bağlı deyil, daha çox 

onun reallaşdırılması və maliyyə mənbələri ilə bağlı fikirlərə aiddir. 

T.V.Yuryevaya görə əhalinin sosial müdafiəsi bütün vətəndaşları müəyyən hə-

yat səviyyəsi ilə təmin edən və ayrı-ayrı qrupların xüsusi dəstəklənməsinin həyata ke-

çirilməsinə xidmət edən iqtisadi, sosial və hüquqi tədbirlər kompleksidir (6, 366). 

B.Jerebin və A.Romanov sosial müdafiəni dövlətin  əsas funksiyası hesab etməklə, 

həyata keçirilməsinin həmişə, istənilən  şəraitdə zəruri olduğunu göstərirlər (9, 132.) 

Bu müəlliflər qeyd edirlər ki, əhalinin sosial müdafiəsinin təşkilində əsas yeri mini-

mal sosial zəmanət, sosial standartlar və sosial sığorta; pensiya təminatı; aztəminatlı 

və sosial cəhətdən zəif  əhali qruplarına yardım tutur (9, 133). N.M.Rimaşevskaya 

sosial müdafiə sistemini elə bir mexanizm olaraq qəbul edir ki, onun köməyi ilə gəlir-




 109

lərin yenidən bölgüsü həyata keçirilir (8, 7). G.Xijniyə görə sosial müdafiə yalnız so-

sial sığorta və sosial təminat istiqamətində sosial tədbirləri deyil, dövlət sosial infra-

strukturu sahələrinin formalaşdırılmasını da özünə daxil edir (11, 10). Xijniyə görə 

əhalinin sosial müdafiəsi sistemi həm  əmək qabiliyyətli  əhalinin  əmək resurslarının 

formalaşması, hazırlanması, inkişafı və istifadəsi üzrə sosial tələbatlarının təmin olun-

ması, həm də  əmək qabiliyyəti olmayan əhalinin yaşamının təmin olunması üzrə 

kompleks tədbirlər sistemidir. Bu isə sosial müdafiə və sosial infrastruktur sahələri ilə 

ictimai məhsulun yenidənbölgüsü mexanizmi vasitəsilə  həyata keçirilir. Xijniy 

həmçinin, hesab edir ki, əhalinin sosial müdafiəsinin dövlət sistemi gəlirlər və həyat 

səviyyəsinin gözlənilməsi,  əhalinin məşğulluğunun və normal həyat fəaliyyətinin 

təmin olunması, sosial konfliktlərin aradan qaldırılması istiqamətində  tədbirlər 

kompleksindən ibarətdir (11, 11). 

A.Əliyev və A.Quliyevə görə sosial müdafiə sistemi dedikdə, qanunvericiliklə 

müəyyən edilmiş iqtisadi, sosial, hüquqi təminatların və hüquqların reallaşmasını tə-

min edən və əhalinin müxtəlif sosial, xüsusən də ən zəif təbəqələrinin və qruplarının 

təminatlı və fəaliyyətli yaşaması üçün şərait yaradan sosial institut və müəssisələrin 

cəmi nəzərdə tutulur (2, 90). onlar hesab edirlər ki, sosial müdafiə insanın yaşadığı 

yerdən, milliyyətindən, cinsindən, yaşından asılı olmayaraq, konstitusiya hüquqlarının 

və minimum zəmanətlərin təmin olunması üzrə dövlətin apardığı siyasətdir (2, 39). 

Bəzi müəlliflər əhalinin sosial müdafiəsini dövlətin sosial siyasətinin əsas me-

xanizmlərindən biri kimi qəbul edir. Bu mexanizm bir tərəfdən iqtisadi fəal əhalinin 

müdafiəsini, digər tərəfdən isə cəmiyyətin əmək qabiliyyəti olmayan üzvlərinin sosial 

müdafiəsini ifadə edir. Burada iqtisadi fəal  əhali dedikdə  məşğul və müvəqqəti 

məşğul olmayanlar, əmək qabiliyyəti olmayan üzvləri dedikdə isə qocalar, əlillər, ailə 

başçısını itirənlər, uşaqlar, xəstələr və sosial xidmətlərə ehtiyacı olan digər əhali kate-

qoriyaları  nəzərdə tutulur. Bir sözlə,  əhalinin sosial müdafiəsi – cəmiyyətin bütün 

üzvlərinin müəyyən olunmuş standartlar üzrə yaşayış  səviyyəsinin təmin edilməsi 

deməkdir (5, 196, 199). 

V.I.Levaşov sosial müdafiəni həm makroiqtisadi, həm də sosial problem hesab 

edir. Belə ki, sosial müdafiə istiqamətində həyata keçirilən əsas tədbir gəlirlərin yeni-

dən bölgüsüdür (7, 247.) Onun fikrincə, sosial müdafiə iqtisadi və sosial yoxsulluq-

dan müdafiəni nəzərdə tutur. O, həm də hesab edir ki, əhalinin sosial müdafiəsi siste-

mi dövlətin ictimai sabitləşdirmə siyasətinin həyata keçirilməsinin nəticəsində yaradı-

lır (7, 221). 

A.N.Averinə görə sosial müdafiə – sosial və professional risklərdən, sosial mü-

hitin mənfi amillərinin təsirindən müdafiə deməkdir, yəni bu təsirlərin nəticələrinin 

yumşaldılmasına yönələn tədbirlər kompleksidir (13, 71). 

R.Əşrəfova hesab edir ki, sosial müdafiə müxtəlif sosial-demoqrafik qrupları 

əhatə etməklə, onların maddi rifah halının yaxşılaşdırılmasına, həyat səviyyəsinin 

yüksəldilməsinə istiqamətləndirilmiş  və dövlət tərəfindən həyata keçirilməsi vacib 

olan kompleks tədbirlərin məcmusunu təşkil edir. Müəllif haqlı olaraq sosial müda-

fiənin bütün əhali qruplarına  şamil edilməsi fikrini dəstəkləyir. O, sosial müdafiə 

anlayışının üç aspektdə  nəzərdən keçirilməsini zəruri hesab edir ki, bunlara 

vətəndaşların maddi tələbatını müstəqil  şəkildə  təmin edə bilməsinə  şərait yaradan 

sosial siyasətin aparılması; vətəndaşların sosial müdafiəsinin iqtisadi və hüquqi əsas-

larla təmin edilməsi mexanizminin yaradılması; yoxsulluq səviyyəsindən aşağı ya-

şayan və başqalarının köməyinə ehtiyacı olan insanların minimum yaşayış səviyyəsini 




 110

təmin edəcək məqsədli dövlət siyasəti aiddir (4, 28-29). 

Berestova L.İ., Volqin N.A., Rakitski B.V., Roik V.D. və digərlərinin iştirakı ilə 

yazılmış «Sosial siyasət» adlı  dərslikdə  əhalinin sosial müdafiəsi dövlətin sosial siya-

sətinin əsas funksiyalarından biri kimi göstərilir. Bu müəlliflər hesab edirlər ki, sosial mü-

dafiə cəmiyyət və dövlət tərəfindən elə bir şəkildə həyata keçirilməlidir ki, sosial müda-

fiəlilik həm bütövlükdə əhali, həm də hər bir sosial qrup tərəfindən hiss olunsun. Burada 

sosial cəhətdən müdafiə olunmuşluq dedikdə,  əslində  cəmiyyətin dəyərlərindən biri 

olmaqla, sosial subyektlər tərəfindən obyektiv olaraq müvafiq cəmiyyətin həyat 

mühitinin müsbət sosial-psixoloji qiymətləndirilməsi başa düşülür (10, 24). Onların 

fikrincə, sosial müdafiə sosial risklərdən müdafiə sistemi kimi yaranır və inkişaf 

etdirilir (10, 25). Bu müəlliflərin fikrincə, sosial müdafiə dövlətin və cəmiyyətin hər 

bir fərdə, sosial qrupa və bütövlükdə əhaliyə qeyd olunan subyektlərin hüquq, azadlıq 

və qanuni maraqlarının reallaşdırılması imkanlarının, iqtisadi müstəqilliyin və sosial 

rifahının tam və ya qismən itirilməsinə gətirən sosial risklərlə şərtlənən müxtəlif prob-

lemlərin kompleks, hərtərəfli həllini təmin edən, həmçinin, onların optimal inkişafı, 

bərpası və ya əldə olunmasına yönələn siyasəti, məqsədyönlü fəaliyyətidir (10, 329). 

İ.P.Denisova və V.R.Klinovenko sosial müdafiənin obyektlərini sosial siyasətin 

tərkib elementləri hesab edirlər (12, 35). S.Mehbalıyev və R.İsgəndərov da sosial mü-

dafiəni xalq təsərrüfatının digər qeyri-istehsal sahələri kimi sosial siyasətin tərkib ele-

menti kimi göstərirlər (1, 214). 

Beləliklə, sosial müdafiənin sosial siyasətin tərkib hissəsi kimi qəbul olunma-

sında bütün müəlliflər yekdildirlər. Onu da qeyd edək ki, sosial siyasət və sosial mü-

dafiə anlayışları bir-birinə çox yaxındır. Təbii ki, sosial siyasət daha geniş anlayış 

olmaqla, sosial müdafiəni də öz strukturuna daxil etdiyi üçün bu anlayışları ey-

niləşdirmək olmaz. Lakin bir çox hallarda bu anlayışların mahiyyətinin açıqlanması 

zamanı paralel fikirlər, oxşar müddəalar səslənə bilir. Bəzi hallarda isə sosial müdafiə 

sosial siyasətin məqsədi kimi də ifadə olunur (12, 23). 

İqtisadi mahiyyətinin açıqlanması sosial müdafiənin obyekt və subyektlərinin 

ayrılmasını, məqsəd və vəzifələrinin, formalarının və realizə mexanizmlərinin, təşkili 

prinsiplərinin müəyyənləşdirilməsini tələb edir.  

İstənilən iqtisadi kateqoriyanın obyekt və subyektinin ayrılması üçün verilən 

açıqlamada olduğu kimi, obyekt dedikdə, iqtisadi münasibətlərin nəyin xüsusunda, 

hansı  zəmin üzərində qurulduğu, subyekt dedikdə isə, həmin münasibətlərin kimlər 

arasında yarandığı nəzərdə tutulur. Həmçinin, nəzərə alaq ki, obyekt göstərilən təsirin 

nəyə və ya kimə yönəldiyi, subyekt isə sosial təsirin kimlər tərəfindən həyata keçiril-

diyini (göstərildiyini) ifadə edir. Hətta obyekti passiv, təşəbbüskarlıqdan uzaq, idarə 

edilən struktur kimi ifadə edənlər də var. Bu fikir ətrafında isə mübahisə aparmaq 

olar. Beləliklə, sosial müdafiənin obyekt və subyektlərinin müəyyən edilməsində bir 

qədər fərqli yanaşmalar mövcud ola bilər. Məsələn, bir halda əhali, onun ayrı-ayrı 

qrupları, fərdləri sosial müdafiənin obyekti, digər halda isə subyekti kimi təqdim 

olunur. Beləliklə, bəzi müəlliflərin fikrincə insan sosial müdafiənin həm obyekti, həm 

də subyektidir. Hesab edirik ki, bu, doğru müddəadır. 

Digər müəlliflərin fikrincə,  əhalinin sosial müdafiəsinin obyektləri: gəlirlər, 

mənzil  şəraiti, təhsil, səhiyyə, mədəniyyət və ya ümumilikdə  həyat səviyyəsidir (7, 

247).  İ.Denisova və V.R.Klinovenko

 

ümumilikdə  cəmiyyətin sosial sahəsi olmaqla, 



obyektlər sırasında onun əsas elementləri və göstəricilərini - rifah halı, təhsil, səhiyyə, 

sosial sabitlik və s. göstərirlər (12, 64). Bu sırada həmçinin məşğulluq, əmək, mədə-




 111

niyyət və incəsənət, idman-sağlamlıq kompleksləri də qeyd oluna bilər. Daha ümumi 

şəkildə isə obyekti sosial məqsədlərin məcmusu kimi göstərmək olar. 

Sosial müdafiənin subyektlərinə  gəlincə isə,  əvvəldə qeyd etdiyimiz kimi, bir 

tərəfdən bütün əhali, digər tərəfdən onun ayrı-ayrı qrupları və fərdləri nəzərdə tutulur. 

Eyni zamanda subyektlər sırasında ayrı-ayrı sosial qrupların maraq və  mənafelərini 

təmsil edən təşkilati strukturlar da göstərilə bilər. Bu mənada  İ.Denisova və 

V.R.Klinovenko

 

subyektləri ilkin və ikincili olaraq iki yerə bölür və sosial qrupların 



özünü ilkin, qeyd etdiyimiz təşkilati strukturları isə ikincili subyektlərə aid edirlər 

(12, 34). Onlar passiv subyektlər kimi infrastruktur funksiyalarını yerinə yetirən bank 

və maliyyə-kredit müəssisələri, sığorta cəmiyyətləri, səhiyyə, mədəniyyət ocaqları və 

s. də göstərirlər. Volginə görə subyektlər - müvafiq dövlət strukturları, təşkilatlar və 

təsisatlar, ictimai birliklər, qeyri-hökumət təşkilatlarıdır. Bu nöqteyi-nəzərdən, res-

publikamızda sosial müdafiənin  əsas subyekti Azərbaycan Respublikası  Əmək və 

Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondudur. Buraya 

qanunverici və icraedici qurumları da əlavə etmək olar.  

İ.Denisova və V.R.Klinovenko

 

obyekt və subyekt rolunda bütövlükdə sosial-



əmək sferasını görürlər (12, 31). Onların fikrincə, bunun səbəbi ondadır ki, sosial 

əmək sferası iş qüvvəsinin təkrar istehsalının bütün fazalarını ifadə edir.  

Sosial müdafiənin  əsas subyekti dövlət olmaqla, bu sırada işəgötürənləri də 

göstərmək olar. 

Beləliklə, qeyd etmək olar ki, əhalinin sosial müdafiəsi kateqoriyasına çoxob-

yektlik və çoxsubyektlik xasdır. Mövcud olan fikir ayrılıqları  və müxtəliflik də elə 

buradan doğur. 

İqtisadi  ədəbiyyatlarda  əhalinin sosial müdafiəsinin  əsas iki modeli qeyd olu-

nur: sosial-demokratik yönlü və neoliberal yönlü sosial müdafiə. Birinci model 

dövlətin yüksək rolu və ümummilli sosial idarəetmə mexanizmləri ilə səciyyələnirsə, 

neoliberal yönlü modeldə bunun əksinə olaraq, dövlət sosial-iqtisadi proseslərə daha 

az müdaxilə edir. Həmçinin sosial müdafiənin müxtəlif sistemləri fərqləndirilir ki, 

burada dövlət və fərdi olaraq iki sistemi göstərmək olar. Aydındır ki, birinci sistemdə 

dövlətin hər bir vətəndaşına yönələn qayğısı  və  dəstəyi ifadə olunursa, ikinci halda 

hər bir fərdin özünün və ailəsinin, uşaqlarının taleyinə görə daşıdığı məsuliyyəti ifadə 

olunur (12, 329-330). 

 Əhalinin sosial müdafiəsinin müxtəlif səviyyələrini ayırmaq olar. Bu sırada 

ümumdövlət, regional, yerli, müəssisə səviyyələrini göstərmək olar. Yerli səviyyədə 

sosial müdafiəni başqa sözlə bələdiyyələr səviyyəsində həyata keçirilən sosial müda-

fiə kimi də ifadə etmək olar.  

Sosial müdafiə eyni zamanda iş yerlərində təhlükəsizliyin təmin olunması, məş-

ğulluğun stimullaşdırılması  və ya işçilərin iş yerləri ilə  təmin olunmaları, eləcə  də 

onlara peşə yönümü və ixtisaslarının artırılması ilə bağlı təlimlərin təşkili ilə əlaqədar 

müvafiq tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bu mənada dövlət tərəfindən 

həyata keçirilən ümumi sosial müdafiə  tədbirlərindən başqa, müəssisələr tərəfindən 

aparılan sosial müdafiədən danışmaq olar. Müəssisə  səviyyəsində  həyata keçirilən 

sosial müdafiə  işçilərin normal əmək fəaliyyətini həyata keçirə bilmələri və  həyat 

keyfiyyətini azaldan amillərin mənfi təsirinin azaldılması üçün, həmçinin, işçilərin 

sosial hüquq və  zəmanətlərinin gözlənilməsi üzrə  zəruri olan tədbirlər sistemidir.(13, 

s.71) Yəni müəssisədə həyata keçirilən sosial müdafiə təhlükəsiz əmək şəraitinin təmin 

olunması, işçilərin sağlamlığı  və  işgörmə qabiliyyətinin qorunması, bərabər  əmək 



 112

sərfinə görə bərabər mükafatlandırma, əmək qabiliyyətini itirmə halında kompensasiya-

nın ödənilməsi, işsizlik, xəstəlik, iş yerində  bədbəxt hadisələr,  əlillik və s. hallarda 

minimal gəlirin təmin olunmasını nəzərdə tutur. Bu səviyyədə həyata keçirilən tədbirlər 

işəgötürənləri sosial müdafiənin subyektinə çevirir. Muzdlu işçilərin sosial müdafiəsi 

onların işə qəbulundan başlayır və əmək fəaliyyəti göstərilən bütün müddətə, həmçinin, 

əmək qabiliyyətini itirdikdə və ya iş yerlərinin ixtisarı zamanı, başqa sözlə təkrar isteh-

sal tsiklinin bütün mərhələlərinə  şamil edilir. Müəssisə  səviyyəsində  həyata keçirilən 

sosial müdafiə işçilərin müəssisənin idarə olunmasında iştirakını da nəzərdə tutur. 

Əhalinin sosial müdafiəsi iki mənada fərqləndirilir. Geniş mənada sosial müda-

fiə fərdin özünün və ailəsinin maddi tələbatını müstəqil şəkildə təmin edə bilən sosial 

münasibətlər sistemidir. Müxtəlif tarixi mərhələlərdə sosial müdafiə mexanizmi ailə 

əlaqələrinin avtoriteti və təbəqəli sistemindən vətəndaşların sosial müdafiəsinin mü-

rəkkəb iqtisadi və hüquqi əsaslarla təmin edildiyi müasir demokratik institutlaradək 

inkişaf yolu keçmişdir. Belə geniş mənada başa düşülən sosial müdafiə sistemi faktiki 

olaraq zəmanət və şəxsiyyət hüquqları ilə üst-üstə düşür. 

Dar mənada sosial müdafiə, xüsusilə çətin vəziyyətdə olan və kənardan kömək-

siz yaşaya bilməyən əhali qruplarının heç olmazsa kafi yaşayışını inzibati yolla təmin 

etməyə yönəldilmiş dövlət siyasətidir. Sosial müdafiənin bu forması  cəmiyyətin 

iqtisadi və siyasi inkişafı ilə  əlaqədar meydana çıxmış  və inkişaf edərək hər bir 

dövlətin imkan və maraqlarından asılı olaraq sosial müdafiəyə ehtiyacı olan əhali 

qruplarının sosial müdafiə mexanizmi yaradılmışdır.  

Sosial müdafiənin əsas formaları qanunverici qaydada müəyyən olunmuş sosial 

zəmanətlər və onların baza standartları  və proqramları  əsasında ödənilməsi;  əhali 

gəlirləri və xərclərinin tənzimlənməsi; sosial sığorta; sosial yardım; sosial xidmətlər

məqsədli sosial proqramlardır. 

Sosial müdafiənin əsas istiqamətləri kimi iqtisadi ədəbiyyatlarda 1) uşaqların və 

uşaqlığın sosial müdafiəsi; 2) əmək qabiliyyətli  əhalinin sosial müdafiəsi; 3) əmək 

qabiliyyəti olmayanların sosial müdafiəsi; 4) ailənin sosial müdafiəsi göstərilir. 

Beləliklə, sosial müdafiə sistemi qazanc əldə etmək imkanı olmayan və xüsusi 

xərclərlə üzləşən əhali qrupları üçün həmrəylik sistemi yaradan bir məfhumdur. Bu mə-

nada bir sıra ölkələrdə sosial kompensasiyalar sistemi barədə danışılır. Sosial kompen-

sasiyalar dedikdə müəyyən çətinliklərə və itkilərə məruz qalmış insanların problemlə-

rinin həllində hökumətin və ictimaiyyətin birgə səyləri, yəni həmrəyliyi nəzərdə tutulur. 

Sosial müdafiə sisteminin genişləndirilməsi üç istiqamətdə həyata keçirilə bilər: 

1) sosial sahənin genişləndirilməsi; 2) sosial müdafiə  tədbirləri ilə  əhatə olunan 

qrupların genişləndirilməsi; 3) sosial təminat xidmətlərinin kəmiyyətinin və keyfiy-

yətinin yüksəldilməsi. 

Seçilmiş sosial yönümdən asılı olaraq dövlətin sosial ehtiyacların ödənilməsi 

üçün ayırdığı vəsaitin həcmi dəyişir. Lakin burada ümumi tendensiya ondan ibarətdir 

ki, bütövlükdə sosial yönüm daha güclü olduqca, bu istiqamətdə həyata keçirilən döv-

lət xərclərinin payı getdikcə azalır.  

İqtisadi baxımdan mövcud ilkin şərtlər təkmilləşdikcə, iqtisadi imkanlar art-

dıqca sosial müdafiə tədbirlərinin səmərəliliyi yüksələ bilər. Burada ən vacib məsələ 

sosial müdafiə  tədbirlərinin maliyyələşdirilməsi ilə bağlıdır. Ümumiyyətlə, burada 

maliyyələşmədə  əsas iki üsuldan istifadə olunur. Ümumi büdcə daxilolmaları  və 

məqsədli vergilər, və ya sosial sığorta üzrə ödənişlər. 

Əhalinin sosial müdafiəsinin strukturu ilə bağlı bir qədər fərqli fikirlərə rast gə-




 113

linir.  Əksər iqtisadçılar (məsələn, T.Yuryeva, A.Əliyev, A.Quliyev və b.) hesab 

edirlər ki, sosial müdafiənin strukturunu sosial təminat, sosial yardım, sosial zəmanət 

və sosial sığorta təşkil edir. Eyni zamanda sosial yardım və sosial sığorta maliyyə-

ləşmə  mənbələri baxımından sosial təminatın tərkib elementləri kimi də göstərilir. 

E.Xijnıy isə  Qərbi Avropa ölkələrinə istinad edərək bu strukturun üç elementdən 

təşkil olunduğunu göstərir: sosial sığorta, sosial təminat və sosial infrastruktur sahə-

ləri. Onu da qeyd edək ki, sosial müdafiənin struktur elementlərini onun realizə 

formaları kimi də göstərmək olar. 

Sosial təminat sistemi özünə pensiyaları, işsizlik və s. üzrə müavinətləri, ahıl və 

əlillərin saxlanmasını daxil edir. Vətəndaşlar qocaldıqda və  əmək qabiliyyətini itir-

dikdə onların yaşayışının təmin edilməsi, tibbi xidmət göstərilməsi və müalicəsi üzrə 

dövlətin həyata keçirdiyi və ya himayə etdiyi müəyyən sosial-iqtisadi tədbirlərin 

məcmusunu sosial təminat adlandırırlar. 

 Sosial təminat sistemində müavinətlər mühüm yer tutur. Müavinət ciddi məq-

sədli təyinat xarakterinə malikdir. Bir sıra müavinətlər üzrlü səbəbə görə itirilən 

qazancı  əvəz etmək məqsədilə (müvəqqəti  əmək qabiliyyətini itirməyə, işsizliyə  və 

s.), digərləri isə sosial yardım göstərmək məqsədilə verilir. 

Sosial təminat vətəndaşlara və onların ailə üzvlərinə yaşayış vasitələri mən-

bəyini itirdiyi və ya zəruri yaşayış minimumu olmadığı hallarda sosial əhəmiyyətli 

əlavə  xərclər çəkilməsi, eləcə  də tibbi yardım göstərilməsi, ailəyə, uşaqların saxla-

nılmasına və tərbiyə edilməsinə kömək olunması, digər sosial xidmətlər göstərməklə 

və güzəştlər müəyyən etməklə onların tələbatını ödəmək üçün sosial təyinatlı 

vəsaitlərin bölüşdürülməsi üzrə ictimai münasibətlərin məcmusunu əhatə edir.  

Sosial yardım – xüsusi ehtiyacı olan vətəndaşlara onların yaşına, sağlamlıq vəziy-

yətinə, sosial vəziyyətinə və s. uyğun olaraq göstərilən köməkdir. Bu kömək yaşayış sə-

viyyəsinin təmin edilməsi üçün zəruri vəsaiti çatışmayan, ümumiyyətlə xüsusi yardıma 

ehtiyacı olan vətəndaşlara dövlət qayğısıdır. Sosial yardım yaşayış minimumunun və 

zəmanətli sosial xidmətlərin cəmiyyətin bütün üzvləri üçün əlçatan olması  məqsədilə 

həyata keçirilən tədbirlər sistemidir (2, 125). Sosial yardımın  əsas məqsədi – maddi 

ehtiyac içərisində yaşayan insanların həyat səviyyəsinin yaxşılaşdırılmasından və 

cəmiyyətdə bütün insanların bərabər hüquqlarının qorunmasından ibarətdir (3, 51). Bu 

səbəbdəndir ki, sosial yardım adətən pensiyaçılara, qaçqın və  məcburi köçkünlərə  və 

digərlərinə göstərilir. Buraya uşaq doğularkən birdəfəlik müavinət, aztəminatlı ailələrin 

uşaqlarına aylıq müavinət, dəfn üçün birdəfəlik müavinət və s. aid etmək olar. 

 Sosial  yardım prinsipi büdcədən maliyyələşməni nəzərdə tutur. Ödənişlərin 

ölçüsünə  gəlincə, dörd fərqli yanaşmanı göstərmək olar: 1) ehtiyacı olanların hamı-

sına eyni ölçüdə yardım ödənilir; 2) yardım fərdi təminata əsaslanır; 3) yardım ya əv-

vəlki əmək haqqı səviyyəsinə, ya da sığorta ödəmələrinin həcminə əsaslanır; 4) yar-

dımın həcmi ehtiyac və tələbat əsasında müəyyən olunur (2, 127). 

Sosial sığorta - sosial risklərdən qorunmaq üçün həyata keçirilən tədbirdir. So-

sial sığorta daha çox iş yerinin itirilməsi,  əlillik, qocalıq, xəstəlik, işdə  bədbəxt ha-

disələr və s. hallarda tətbiq olunur. A.Əliyev və A.Quliyevin hesab etdikləri kimi, 

burada, xüsusən işləyənlərlə bağlı sosial risklər təkcə işçidən deyil, əmək münasibət-

lərinin digər subyektlərindən də asılıdır. Bu müəlliflər hesab edirlər ki, məhz bu 

səbəbə görə  əmək  şəraiti ilə bağlı risk növlərinə görə  məsuliyyət bu subyektlər 

arasında bölüşdürülməlidir (2, 103-104). İstər sığorta, istərsə  də yardım özü-öz-

lüyündə ayrıca götürülmüş hər bir halda sosial xidmət və pul transferlərinin müəyyən 




 114

kombinasiyasını təşkil edir. 

Sığorta prinsipinin əsas cəhəti ondan ibarətdir ki, burada maliyyələşmə sığorta 

haqları hesabına həyata keçirilir və  həmin haqların həcmi ilə sosial xidmətin həcmi 

arasında sıx qarşılıqlı  əlaqə vardır. Sığorta olunana ödənilən vəsait onun fərdi 

qaydada həyata keçirdiyi ödənişlərin həcminə müvafiq olur. Beləliklə  də  sığorta 

prinsipi sosial ədalətin bazar prinsiplərinə daha çox uyğun gəlir,  şəxsi məsuliyyət 

hissinə əsaslanır. Digər tərəfdən isə sosial riskin mənfi nəticələrini azaldır. 

Sosial sığortanın dövlət və qeyri-dövlət, həmçinin, məcburi və könüllü formalarını 

ayırmaq olar (6, 374). 

İnkişaf etmiş ölkələr üçün məcburi sığortalama variantı hamı tərəfindən qəbul edilmiş 

bir forma kimi tətbiq olunur. 

Sosial sığorta sosial problemlərin həllində bütün məsələləri əhatə edə bilmədiyi 

üçün sosial yardımla onlar bir-birini tamamlamalıdırlar. 

Sosial sığorta və sosial yardım üçün ümumi cəhətlər vardır.  Əvvəla, hər ikisi 

gəlirlərin yenidən bölgüsünə  gətirib çıxarır. Daha sonra hər ikisi cəmiyyətdə sosial 

ədalət barədə cəmiyyətdə formalaşmış fikirlərlə əlaqədardır. Nəhayət, hər ikisi bir-biri 

ilə kəsişmə nöqtələrinə malikdir. 

Lakin, sosial sığorta və sosial yardım arasında fərqlər də mövcuddur. Sosial 

riskli  şəraitin yarandığı hallarda sosial cəhətdən sığortalanmış  tərəf onlar üzərində 

yoxlama aparılmadan güzəştlər almaq hüququna malik olmalıdır. Yəni, sosial sığorta 

üzrə ödənişlər digər hallardan fərqli olaraq gəlirlərin yoxlanmasını tələb etmir. Çünki 

bu zaman mütəmadi sığorta ödənişləri barədə informasiya əsas rol oynayır. Həm də 

bu ödənişlər müəyyən hadisənin baş verməsi üçün həyata keçirilməyə başlanır. 

Məsələn, müəyyən yaşa çatma, iş yerinin itirilməsi və s. Lakin sosial yardıma ehtiyacı 

olan tərəf hökumət tərəfindən onun müavinətlər almaq hüququ olub-olmadığının qiy-

mətləndirilməsi faktını nəzərə almalıdır. Bu zaman yaşayış üçün müvafiq vəsaitlərin 

olması imkanları da nəzərdən keçirilir. Yəni, bir tərəf xüsusi yoxlamalar aparmaqla, 

sosial yardımlar ala biləcək tərəf kimi qəbul edildiyi halda, digər tərəfə özünün həyata 

keçirdiyi ödənişlər əsasında sosial sığorta üzrə vəsaitlər ödənilir. 

İstənilən halda, ehtiyacı olan şəxsin başqalarının (dövlətin və ya digər şəxslərin) 

hesabına yardım alması variantını onun özünün fərdi ödəmələri hesabına yardım al-

ması variantı ilə müqayisə etdikdə  gəlinən nəticə ondan ibarətdir ki, birinci halda 

fərdi yığım, ikinci halda isə ələbaxımlıq stimullaşdırılır. Lakin son dövrlərdə hər iki 

variantın bir-birinə yaxınlaşması baş verir. Sosial sığorta və ya sosial yardıma aid 

olmanın aydınlaşdırılması mümkün olmayan güzəştlərə “qarışıq güzəştlər” kimi 

baxılmalıdır. 

Sosial zəmanət isə - ölkə vətəndaşlarının əsas sosial nemət və xidmətlərlə təmin 

olunması hüququnun dövlət tərəfindən reallaşdırılmasıdır. Buraya iş yerinin seçilməsi 

və professional fəaliyyət,  əmək haqqının minimal ölçüsü, pensiyaların minimal 

ölçüsü, ritual müavinət, təhsil hüququ, yaşayış yeri ilə  təmin olunma hüququ, 

sağlamlığın qorunması və tibbi yardım və s. aiddir.  

Keçid iqtisadiyyatlı ölkələrdə minimal sosial zəmanət məsələsi xüsusi önəm 

kəsb edir. Belə ki, dövlətin öz vətəndaşlarına verə biləcəyi minimumun həcmi müəy-

yən olunmalıdır. Minimal gəlirə zəmanət sistemi adlandırılan bu zəmanət az təminat-

lılara sosial yardımla məhdudlaşır. Keçid iqtisadiyyatlı ölkələrdə  fəaliyyət göstərən 

müvafiq sistem gəlir səviyyəsinin qiymətləndirilməsi sistemidir. Əlbəttə ki, burada 

sosial yardım sistemi yoxsulluq həddi ilə hazırkı  gəlir səviyyəsi arasındakı  fərqi 




 115

tamamilə aradan qaldırmaq vəzifəsini daşımır. Həmçinin bu sistem yaşayış 

minimumu səviyyəsinə bərabər minimal gəlirə də zəmanət vermir.  

Beləliklə, sosial müdafiə prinsiplərinə uyğun olaraq əməyin, sağlamlığın və ət-

raf mühitin mühafizəsi, insanın minimum normal həyat tərzi, həyat fəaliyyəti və 

işləməsi üçün zəruri olan digər tədbirlər də dövlətin zəmanətinə daxildir. 

 


Yüklə 307,42 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin