MÖVZU 6. MƏKTƏBİN KOLLEGİAL VƏ İCTİMAİ ÖZÜNÜ
İDARƏETMƏ ORQANLARI.
Əhatə olunacaq məsələlər
1. Kollegial idarəetmə orqanlarının sistemi.
2. Pedaqoji şuranın işinin planlaşdırılmaşı, məzmunu və metodikası.
3. Məktəb şuraları və ona rəhbərlik.
4. Məktəb metodbirləşmələri. Direktoryanı müşavirələr
Cəmiyyətimizin demokratikləşməsi istiqamətində aparılan işlər bütün
sahələrdə olduğu kimi xalq təhsilinin idarə edilməsinə də öz təsirini göstərmişdir.
Son vaxtlar təhsil sisteminin bu sistemə daxil olan təhsil müəssisələrinin idarə
edilməsində demokratikləşdirmənin ön plana çəkilməsi və bu sahədə müəyyən
dəyişikliklər edildiyi diqqəti cəlb edir. Əvvəlki illərdəkindən fərqli olaraq, indii
tədris müəssisələrinin, o cümlədən ümumtəhsil məktəblərinin idarə edilməsində
kollegial orqanların təşkilatçılıq fəaliyyətinə geniş şərait yaradılır. Pedaqoji şura,
metodbirləşmələr, valideyn komitəsi, istehsalat müşavirəsi, direktoryanı müşavirə
və sair kimi məktəbdaxili kollegial orqanların sırasına məktəb konfransı, məktəb
şurası da daxil edilmişdir. Cəmiyyətin idarə edilməsində çoxpartiyalılığın sürətlə
genişləndiyi, təhsil sahəsində özəl bölmənin artdığı nəzərə alınarsa, gələcəkdə
müxtəlif tipli məktəblərin idarə edilməsində təşkilatçılıq funksiyasını həyata keçirə
biləcək kollegial orqanların sayının arta biləcəyini istisna etmək olmaz. Sayından
və mahiyyətindən, siyasi tabeliyindən asılı olmayaraq məktəbdaxili kollegial
orqanların hamısı bir məqsədə-məktəbin düzgün idarə edilməsinə xidmət etməlidir.
Məlumdur ki, məktəbin idarə edilməsində təkcə təkbaşçıların-məktəb rəhbərlərinin
iştirakı kifayət deyildir. Bu işdə kollegial orqanların yaxından iştirakı vacibdir.
Əlbəttə, onların idarəetmə fəaliyyəti məktəb rəhbərlərinin təşkilatçılıq
fəaliyyətindən təcrid oluna bilməz. Ona görə də kollegial orqanların təşkilatçılıq
funksiyası idarəetmə kollegiallıq və təkbaşçılığın vəhdəti prinsipi zəminində
həyata keçirilməlidir. Məktəbin indiki inkişaf mərhələsində fəaliyyət göstərən
kollegial orqanlar içərisindən kollegiallıq və təkbaşçılığın vəhdətini özündə tam
əks etdirən məktəb pedaqoji şurasıdır. Ümumtəhsil məktəbi Əsasnaməsində
metodik şura adlandırılan bu kollegial orqan çox qədim tarixə malik olub bu gün
də öz əhəmiyyətini itirməmişdir. Başqa məktəbdaxili orqanlardan fərqli olaraq
buna məktəb direktorunun özü rəhbərlik edir. Bu baxımdan şuranın (kollegial
orqanın) təşkilatçılıq fəaliyyəti direktorun (təkbaşçının) fəaliyyəti ilə bir növ üst-
üstə düşsə də onların idarəetmə vəzifələrini həyata keçirməkdə özünəməxsus
cəhətləri vardır. Ümumtəhsil məktəbinin həm strukturu, həm də məzmununda baş
verən proseslər ona rəhbərliyin məzmun və formaca yeni mahiyyət kəsb etməsi
idarəetmənin yenidən qurulmasını tələb edir. Təsadüfi deyil ki, indi orta
ümumtəhsil məktəbinin ictimai-dövlət idarəsinə daha çox üstünlük verilməlidir.
İctimai dövlət idarəsi isə aşkarlıq, demokratiya və özünüidarə prinsipləri əsasında
həyata keçirilməlidir. Bu baxımdan məktəbi kollegial idarəetmə orqanlarının
fəaliyyəti diqqəti cəlb edir. Belə orqanlardan biri tarixən mövcud olan məktəb
pedaqoji şuralarıdır. Bu şuralar bir kollegial idarəetmə orqanı kimi məktəbin
inkişaf tarixində mühüm rol oynamıĢdır. Bir çoxlarının güman etdiyinin əksinə
olaraq, məktəbin yenidən qurulması, məktəbin yeni ictimai-dövlət idarəsi
formalarının yaradılması heç də pedaqoji şuraların fəaliyyətini
dayandırmayacaqdır. Əksinə, onun daha səmərəli fəaliyyət göstərməsi üçün yeni
imkanlar açacaqdır. Bu imkanların araşdırılması şuranın idarəetmə funksiyalarının
öyrənilməsi, onların həyata keçirilməsi yollarının tədqiqi maraq doğurur. Həm də
ona görə daha çox maraq doğurur ki, pedaqoji ġura təkcə ümumtəhsil məktəblərini
əhatə etmir. Belə şuralar texniki-peşə və orta ixtisas məktəblərində də fəaliyyət
göstərir.
Pedaqoji Şura ümumi təhsil müəssisələrində ali idarəetmə orqanı hesab
olunur, öz fəaliyyətində bu Əsasnaməni rəhbər tutur. Ümumi təhsil müəssisəsində
Pedaqoji Şura pedaqoji kollektivin hər bir üzvünü müəssisənin idarəolunmasına
fəal cəlb etməklə demokratik şəraitdə qarşıda duran aktual məsələləri müzakirə
edib kollegial qərarlar qəbul etmək məqsədilə yaradılır.Pedaqoji Şura ən azı 3
nəfərdən ibarət pedaqoji kollektivi olan ümumi təhsil müəssisəsində təşkil
olunur.Müəssisənin direktoru Pedaqoji Şuranın sədri olur. Şuranın katibi hər dərs
ili üçün ilk şura iclasında onun üzvləri arasından seçilir.
Pedaqoji Şuranın illik fəaliyyət planı şuranın ilk iclasında müzakirə
olunduqdan sonra müəssisənin illik ümumi Fəaliyyət planının tərkibində təsdiq
edilir. Müzakirə olunan məsələlərlə bağlı zərurət yarandığı hallarda Pedaqoji Şura
iclaslarında müəssisə rəhbərinin dəvəti ilə bilavasitə müəssisədə yaradılmış
ictimai əsaslarla fəaliyyət göstərən digər özünüidarə orqanlarının (məktəb şurası,
qəyyumlar və himayəçilər şuraları, uşaq parlamenti), habelə valideynlərin
nümayəndələri məşvərətçi səs hüququnda iştirak edə bilərlər. Dərs ili ərzində
müəssisədə keçirilən Pedaqoji Şura iclaslarının sayına məhdudiyyət qoyulmur.
Şura iclaslarının keçirilməsi zərurəti müzakirəyə çıxarılan aktual məsələlərdən,
pedaqoji kollektivin üzvlərinin, habelə özünüidarə orqanlarının təkliflərindən,
qaldırılan məsələlərdən asılı olaraq müəssisənin direktoru tərəfindən müəyyən
edilir. Üzvlərinin üçdə ikisi iştirak etdikdə Pedaqoji Şura səlahiyyətli hesab olunur.
Şura qərarları adi səs çoxluğu ilə qəbul edilir. Pedaqoji Şura qərarlarının icrasına
nəzarət bilavasitə müəssisənin direktoru tərəfindən həyata keçirilir.Pedaqoji
Şuranın qərarları məktəb direktorunun müvafiq əmrləri ilə rəsmiləşdirilir.
Pedaqoji Şuranın vəzifələrinə daxildir:
Ümumi təhsillə bağlı Azərbaycan dövləti və hökumətinin qərar və
sərəncamlarının, Təhsil Nazirliyinin kollegiya qərarlarının, əmr, sərəncam və
təlimatlarının, habelə digər aidiyyəti normativ-hüquqi sənədlərin məzmunu və
mahiyyəti ilə kollektiv üzvlərini tanış etmək, müəssisənin fəaliyyətinin dövlət
siyasətinin tələbləri əsasında qurulması üçün səmərəli iş sistemi yaradılmasına
hərtərəfli köməklik göstərmək.
Aşağıdakı məsələlər ətrafında müzakirələr keçirib müvafiq qərarlar qəbul
etmək: Müəssisənin illik və perspektiv Fəaliyyət planlarının təsdiqi, illik və
yarımillik hesabatların dinlənilməsi. Fənlərin tədrisi vəziyyətinin öyrənilməsinə
dair monitorinqlərin nəticələri.Pedaqoji innovasiyaların, qabaqcıl pedaqoji təcrübə
nümunələrinin tətbiqi, təhsilin keyfiyyətinin yaxşılaşdırılması və müəssisənin
idarəolunmasının təkmilləşdirilməsi. İstedadlı şagirdlərlə işin təşkili istiqamətləri.
Dərs bölgüsünün təsdiqi, dərsdənkənar məşğələlərin təşkili, dərnək, klub, studiya,
"Kiçik akademiya" və digər bu kimi şagird birliklərinin fəaliyyəti. Şagird
kontingentinin sabit saxlanması, icbari təhsilin yerinə yetirilməsi vəziyyəti.
Metodik şuranın və onun nəzdindəki fənn komissiyalarının fəaliyyəti.Müəssisənin
iş rejiminin təkmilləşdirilməsi. Şagirdlərin sinifdən-sinfə keçirilməsi, imtahanlara
buraxılması, təkrar sinifdə, habelə payız imtahanlarına saxlanması, yay tədris
tapşırığı alması. Buraxılış imtahanlarının nəticələri, məzunlara təhsil sənədlərinin
verilməsi və s. Pedaqoji Şura iclaslarında bunlarla yanaşı, zəruri hesab edilən digər
məsələlər də müzakirə oluna bilər. Pedaqoji Şura aşağıdakı məsələləri müzakirə
edib müvafiq qərar qəbul etmək hüququna malikdir:
Yerli şəraitə uyğun olaraq, müəssisənin iş rejimini
müəyyənləşdirmək.Tapşırılmış iş sahəsində səmərəli fəaliyyəti ilə fərqlənən
işçiləri, habelə təlimdə uğurlu nəticələr qazanmış şagirdləri təltifətəqdimetmək,
rəğbətləndirmək vəmükafatlandırmaq.Müəssisədaxili intizam qaydalarına və əmək
funksiyalarına əməl etməyən işçilər barəsində mövcud qanunvericiliyə uyğun
tədbirlər görmək. İbtidai təhsil səviyyəsində mövcud tədris proqramlarını
mənimsəməyən şagirdləri psixoloji-tibbi-pedaqoji müayinəyə göndərmək.Zəruri
hallarda müəssisənin tipini dəyişdirmək, müəssisədə istedadlı şagirdlər üçün
təmayüllü siniflər yaratmaq üçün vəsatət qaldırmaq.Ciddi tərbiyə şəraitinə ehtiyacı
olan oğlan şagirdlərin müvafiq təhsil müəssisəsinə göndərilməsi ilə bağlı aidiyyəti
təşkilatlar qarşısında məsələ qaldırmaq. Qanunvericiliklə müəyyən olunmuş digər
qərarlar qəbul etmək və s .
Pedaqoji Şuranın kargüzarlığı
Pedaqoji Şuranın hər bir iclası müəyyən edilmiş kitabda protokollaşdırılır.
Müzakirə edilən məsələlərlə bağlı hazırlanan məruzə və hesabatlar ayrıca
saxlanılır. Pedaqoji Şuranın protokolları kitabı rəsmi məktəb sənədi kimi
nömrələnir, qaytanlanır və tabe olduğu yuxarı orqanın rəhbəri və ya aidiyyəti
qurum (səlahiyyətli şəxs) tərəfindən təsdiq olunur. Pedaqoji Şuranın protokolları
kitabı müəssisədə daimi saxlanılır.
3. Məktəbdə tədris işinin heç də bütün məsələlərinə pedaqoji şura və ya məktəb
şurası iclaslarında baxmaq lazım gəlmir. Bunlardan bir çoxunu direktoryanı
müşavirədə operativ həll etmək faydalıdır. Məktəb işlərinin müəyyən qruplarının
fəaliyyətinin məzmunu müzakirə olunan müşavirədə bu problem üzrə məsələlərə
baxılır və həmin problemlə bağlı şəxslər iştirak edir. Direktoryanı müşavirələrdə
iştirakçıların tərkibi daimi olmur. Tərkib müzakirə olunan məsələdən asılı olaraq
direktor tərəfindən müəyyən edilir. Direktoryanı müşavirələrdə müzakirə edilən
məsələlər pedaqoji şura iclaslarına çıxarılacaq problemlərin aktuallığına,
obyektivliyinə zəmin yaradır. Pedaqoji kollektivin qüvvəsi, Təhsil Qanunundan
irəli gələn vəzifələr, habelə yuxarı təhsil orqanlarının əmr və sərəncamlarını
müvəffəqiyyətlə yerinə yetirməyə səfərbər edən pedaqoji şuraların və direktoryanı
müşavirələrin işi elə qurulmalıdır ki, təlim-tərbiyə prosesini təkmilləşdirməklə
məşğul olan müəllimlərin fəaliyyətini düzgün istiqamətləndirsin, onların
yaradıcılığını inkişaf etdirsin, pedaqoji ustalıqlarını artırmağa yaxından köməklik
göstərsin. Pedaqoji şuranın iclaslarında ayrı-ayrı fənlərin tədris vəziyyətinə dair
məsələlərin müzakirəsi ilə yanaşı, pedaqoji kollektivin illik fəaliyyətinə, şagirdlərlə
aparılan tərbiyə işinin vəziyyətinin təhlilinə, qabaqcıl təcrübənin təbliğinə və
yayılmasına, müəllimlərin peşə ustalığının artırılmasına müsbət təsir göstərən,
pedaqoji fikir doğuran məsələlərin həllinə geniş yer verilir. Direktor dərs ilinin
əvvəlində məktəbin təlim-tərbiyə işlərinin illik planını tərtib edərkən, pedaqoji şura
ilə yanaşı, direktoryanı müşavirədə müzakirə ediləcək əsas məsələləri
müəyyənləşdirir. Bəzi məktəblərdə illik planın tutulmasının əleyhinə çıxır və
bunun üçün müxtəlif bəhanələr gətirirlər. Halbuki, hər bir dərs ilində məktəbin nə
iş görəcəyi məlum olmalıdır. Ona görə də məktəbin ümumi planı illik tutulmalı,
aylıq, rüblük iş planlarında isə nəzərə alınması mümkün olmayan gündəlik, cari
məsələlər öz əksini tapmalıdır. Bu halda məktəb kollektivi il ərzində direktoryanı
müşavirələrin hansı məsələləri müzakirə edəcəyini qabaqcadan bilir, nəticədə
bunların yüksək səviyyədə keçirilməsi təmin olunur. Çox yerdə direktoryanı
müşavirə bir qayda olaraq ayda 2-3 dəfə keçirilir. Bu zaman iki formadan istifadə
edilir:
- Birincisi, sırf inzibati müşavirələrdir. Belə müşavirələrdə direktorun müavinləri
və s. iştirak edirlər. Burada əvvəlki həftə ərzində məktəb rəhbərlərindən hər birinə
tapşırılmış vəzifələrin necə yerinə yetirildiyi haqda məlumat dinlənilir, sonra isə
qarşıdakı həftədə görüləcək işlər müəyyənləşdirilir.
- İkinci növ direktoryanı müşavirədə məktəb rəhbərləri ilə yanaşı, kollektivin digər
üzvləri də iştirak edirlər. Burada ayrı-ayrı konkret məslələr müzakirə edilir. Dərs
ilinin əvvəlində direktoryanı müşavirəyə bir nəfər katib seçilir və dərs ilinin
sonuna kimi o, kargüzarlıq işini aparır. Direktoryanı müşavirələrin hər birində 2-3
məsələyə aid hesabat və ya məlumat dinlənilir. Hər bir hesabat və ya məlumata 8-
12 dəqiqə, təklif və çıxışlara 2-3 dəqiqə vaxt sərf edilir. Müşavirənin müddəti 30
dəqiqədən bir saata qədər olur. Müşavirə protokol kitabında sənədləşdirilir. Burada
müşavirənin keçirildiyi tarix, müzakirə edilən məsələlər, iştirak edənlər haqqında
məlumat və onların təklif və çıxışları qısaca qeyd edilir. Direktoryanı müşavirənin
göstəriş və təklifləri yazılır. Verilmiş tapşırıqlar aydın və konkret olur.
Direktoryanı müşavirəyə həmişə eyni adamlar dəvət edilmir. Direktor müzakirə
olunacaq məsələnin xarakterindən asılı olaraq hər iclasa kimlərin dəvət ediləcəyini
qabaqcadan müəyyənləşdirir, direktoryanı müşavirənin çağırılma vaxtını bildirir.
4. Məktəbdə müəllimlərlə aparılan kollektiv metodik iş əsasən metodbirləşmələrdə
mərkəzləşir. Metodbirləşmələr məktəbin struktur bölməsidir və müəllimlərin
peşəkarlıq səviyyəsinin yüksəldilməsində daha çox yayılmış, özünü doğrultmuş
metodik işin kollektiv formalarından biridir. Metodbirləşmələrin təşkili formaları
(məktəbdaxili, məktəblərarası və rayon metodbirləşmələri), onların işinin
məzmunu pedaqoji və metodik ədəbiyyatda müəyyən qədər
işıqlandırılmışdır.Əsasnaməyə uyğun olaraq, rayon (şəhər) təhsil şöbələrinin
metodik kabinetlərinin vəzifələrindən biri də məktəb və metodbirləşmə rəhbərlərini
təlimatlandırmaq, məktəbdə aparılan metodik işin məzmunu, forma və üsullarına
dair onların diqqətini pedaqoji texnologiyaların tətbiqinə yönəltməkdir. Ona görə
də metodbirləşmələrin hesabatlılıq prinsipi əsasında fəaliyyətini təmin etmək,
onlara məsləhətlər vermək, əməli kömək göstərmək, fəaliyyətini tənzimləmək
baxımından metodik kabinetlərin əməkdaşları metodbirləşmə rəhbərlərinin yaxın
köməkçisinə çevrilməlidir. Hər dərs ilinin əvvəlində metodik kabinetin
əməkdaşları yerlərə metodbirləşmələrdə müzakirə edilən məsələlərə dair
istiqamətverici tövsiyələr hazırlayıb göndərməli və onların işinin
planlaşdırılmasında yaxından iştirak etməlidirlər.Metodbirləşmələrin əsas məqsədi
gənc müəllimlərə pedaqoji ustalığını artırmaqda, təcrübəli müəllimlərə öz
peşəkarlıq səviyyəsini yüksəltməkdə, yeni pedaqoji texnologiyaları və təlimin
müasir metodlarını praktik işdə tətbiq etməkdə kömək göstərməkdir.
Məktəbdə metodbirləşmələrin işi necə təşkil olunmalıdır? Bu suala cavab
vermək o halda mümkündür ki, metodik kabinetlərdə hər bir təhsil müəssisəsinin
hazırda hansı təlim-tərbiyə vəzifələrini həll etdiyi, hansı problem üzərində işlədiyi,
qarşıda duran problemlərin hansı qüvvə və bacarıqla həll edildiyi barədə dəqiq
məlumat olsun. Müşahidələr göstərir ki, son illərdə dərsin müasir tələblər
səviyyəsində təşkili, onun səmərəliliyinin artırılması, şagirdlərin bilik səviyyəsinin
öyrənilməsi, kollektiv şəkildə əyani vəsait və didaktik materialların hazırlanması,
yeni pedaqoji texnologiyaların tətbiqi və qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi
sahəsində metodbirləşmələrdə məqsədyönlü iş aparılır. Lakin bəzi hallarda
metodik kabinetlər bu təcrübədən vaxtında xəbər tutmurlar. Metodbirləşmələrin
işinin səmərəli olması üçün ilk növbədə hər bir müəllimin potensial imkanını,
nəzəri və metodik hazırlığını, onun qüvvətli və zəif cəhətlərini öyrənmək vacibdir.
Müəllimin dərsini müşahidə etmək, müxtəlif tədbirlərdə məruzə və mühazirələrini
dinləmək, gündəlik dərs planı ilə tanış olmaq yolu ilə onun hansı məsələlər üzrə
metodik köməyə ehtiyacını müəyyənləşdirmək olar. Metodbirləşmələrdə müzakirə
edilən məsələlərin əhatə dairəsi genişdir. Onların iş sisteminə təlim-tərbiyə
işlərinin səviyyəsinin və şagirdlərin bilik keyfiyyətinin yüksəldilməsinə dair
tədbirlərin hazırlanıb keçirilməsi, pedaqogika və psixologiyanın aktual
problemlərinin, şagirdlərin mənəvi və estetik tərbiyəsi üzrə məsələlərin müzakirəsi,
müəllimlərin elmi-pedaqoji ədəbiyyat sahəsində yeniliklər ilə tanış edilməsi,
proqramın nisbətən çətin mövzuları üzrə dərslərin planlaşdırılması, daha təcrübəli
müəllimlərin "açıq dərs"lərinin təşkili, əyani və didaktik materialların
hazırlanması, biliklərin mənimsənilməsinin monitorinqi, Təhsil Nazirliyinin və
yerli idarəetmə orqanlarının tədris prosesi ilə bağlı metodik tövsiyə və
göstərişlərinin öyrənilməsi və s. daxildir. Bütün bu məsələlərin yerinə yetirilməsi
metodbirləşmələrin işinin elmi əsaslar üzrə planlaşdırılmasını tələb edir. İş planı
metodbirləşmələrin əsas fəaliyyət sənədidir. Ona görə də metodbirləşmələrin işini
planlaşdırarkən məktəbdə təlim prosesinin təşkilinə dair ümumi tələbləri,
planlaşdırılan dövr üçün nəzərdə tutulmuş tədbirləri, müəllimlərə konkret kömək
göstərmək zərurətindən irəli gələn tələbləri və rayon (şəhər) təhsil şöbəsinin
(idarəsinin) metodik kabinetlərinin tövsiyələrini nəzərə almaq lazımdır.
Respublikamızın qabaqcıl metodik kabinetləri dərs ilinin əvvəlində fəaliyyət planı
ilə bağlı müvafiq tövsiyələr hazırlayıb yerlərə göndərir. Metodbirləşmələrin iş
planı onlardan istifadə edilərək tərtib olunur.
|