ZƏLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə1/13
tarix22.05.2017
ölçüsü1,5 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   13

___________________Milli Kitabxana__________________
ZƏLİMXAN YAQUB
SEÇİLMİŞ
ƏSƏRLƏRİ
İKİ CİLDDƏ
II CİLD
"ŞƏRQ-QƏRB"
BAKI-2006

___________________Milli Kitabxana__________________
894.361 l-dc 21
AZE
Zəlimxan  Yaqub.  Seçilmiş əsərləri. İki  cilddə.  II  cild.  Bakı,  "Şərq-Qərb",
2006, 288 səh.
Müasir  Azərbaycan  poeziyasında  öz  dəst-xətti  ilə seçilən  tanınmış  şair
Zəlimxan  Yaqub  xalq  yaradıcılığının
bədii  texnologiyasından  ustalıqla
bəhrələnərək, ədəbiyyatımızda irsilik ənənələrini sədaqətlə davam etdirir.
Xalqın mübarizə ruhunun,  milli  təəssübkeşlik  və vətənpərvərlik  hisslərlənin
ictimai-estetik  düşüncəyə
uyğun  bədii-emosional  ifadəsi  şairin
əsərlərini
səciyyələndirən əsas cəhətlərdən biridir.
ISBN10        9952-34-009-5
ISBN13 978-9952-34-009-9
© "ŞƏRQ-QƏRB", 2006

___________________Milli Kitabxana__________________

___________________Milli Kitabxana__________________

___________________Milli Kitabxana__________________

___________________Milli Kitabxana__________________

___________________Milli Kitabxana__________________
Mənim bircə dinim var,
dinimin adı sevgi
MƏNİM BİRCƏ DİNİM VAR,
DİNİMİN ADI SEVGİ
Dillər ayırır bizi,
dinlər ayırır bizi,
Şeytanlar nifaq salır,
cinlər ayırır bizi.
Sevgilər yox, qəzəblər,
kinlər ayırır bizi,
Həyatımın, ömrümün,
dinimin adı sevgi.
Mənim bircə dinim var,
dinimin adı sevgi.
Ruh Adəmə verildi,
Adəmi ruh yaratdı,
Bəşəri xilas üçün
gəmini Nuh yaratdı.
Savaşı, qan-qırğını,
qara günü yaratdı,
Harayımın, səsimin,
ünümün adı sevgi.
Mənim bircə dinim var,
dinimin adı sevgi.
Xızır, Davud, Süleyman,
Musa, İsa, Məhəmməd,
Hər biri təpə-dırnaq
işıq, sevgi, məhəbbət.
"Vəhdəti-vücud" - dedi,
vücudda tapdı vəhdət,

___________________Milli Kitabxana__________________
Namazımın, qibləmin
yönumun adı sevgi.
Mənim bircə dinim var,
dinimin adı sevgi.
Sevgi Günəş kimidir,
düzə, tərsə bölünməz,
Təriqətə, məzhəbə,
sinfə, dərsə bölünməz.
İngilisə, almana,
rusa, farsa bölünməz,
Türkümün, ərəbimin,
çinlimin adı sevgi.
Mənim bircə dinim var,
dinimin adı sevgi.
Kökümün, budağımın,
dizimin, dirəyimin,
Ruhumun, nəfəsimin,
canımın, ürəyimin,
Təndirimin, təknəmin,
duzumun, çörəyimin,
Sünbülümün, tarlamın,
dənimin adı sevgi.
Mənim bircə dinim var,
dinimin adı sevgi.
Doğulmağım da sevgi,
ölməyim də sevgidi.
Kəfənimin, qibləmin,
sonumun adı sevgi,
Ruhumun, nəfəsimin,
canımın adı sevgi.
7 sentyabr 2002

___________________Milli Kitabxana__________________
DÜNYANIN NƏ GÖZƏL VAXTI GÖRÜŞDÜK
Əridi həsrətim, açıldı buzum,
Cənnət ətri verdi çörəyim, duzum.
Getdi qar-boranım, gəldi Novruzum,
Allah üzümüzə baxdı, görüşdük.
Üz-üzə dayandıq, göz-gözə durduq,
Dünyanın nə gözəl vaxtı görüşdük!
Qarın qar ətri var, barın bar ətri,
Bir çiçək ətri var, bir də yar ətri,
Arzular dalğası, duyğular ətri,
Ürəkdən-ürəyə axdı, görüşdük,
Dünyanın nə gözəl vaxtı görüşdük!
Qurban kəsilirəm mən bu axşama,
Danışdın dilindən bal dama-dama,
Sənintək işığa, mənimtək şama,
Tale öz odunu yaxdı, görüşdük.
Dünya gözəlləşir gözəl güləndə,
Dünyanın nə gözəl vaxtı görüşdük!
Abadlıq gətirdi bir viranlığa,
Gəlişin son qoydu lal qaranlığa,
Zəlimxan yenə də çatdı xanlığa,
Güldü gözəlliyin taxtı, görüşdük.
Ay salam göndərdi, Gün əhsən dedi
Dünyamn nə gözəl vaxtı görüşdük!
25 mart 2000
KÖNLÜM
Bax gözlərin şöləsinə,
Həyat versin şölə sənə.
Kim vurulmaz beləsinə?
Vurulmağa dəyər, könlüm!

___________________Milli Kitabxana__________________
Yaza dönər, qışın olsa,
Belə tərlan quşun olsa,
Yolunda bir qoşun olsa,
Qırılmağa dəyər, könlüm!
Qurban elə baş da, can da,
Bu sevgini yaşat qanda,
Boz-bulanıq sel olsa da,
Durulmağa dəyər, könlüm!
Gözü bəsdi, bulaq gəzmə,
Könlü bəsdi, ocaq gəzmə,
Bu gözəldən uzaq gəzmə,
Yar olmağa dəyər, könlüm!
DƏYMƏYİN
Gördüyündən gözü-könlü bulanar,
Nənələrin ürəyinə dəyməyin.
Yaraları göz-göz olar, sulanar,
Nənələrin ürəyinə dəyməyin.
Sapa dönər, yumaq olar, bükülər,
Xalı kimi ilmə-ilmə sökülər,
Şüşə qəlbi parçalanar, tökülər,
Nənələrin ürəyinə dəyməyin.
Deməyin ki, bir ayağı gordadı,
Ömrü-günü əcəl adlı tordadı.
Nəvələrin nağıl payı ordadı,
Nənələrin ürəyinə dəyməyin.
Bir bulaqdı, içilməsə kor qalar,
Bir ocaqdı, közü sönər, qor qalar,
İldən-ilə saçlarında qar qalar,
Nənələrin ürəyinə dəyməyin.

___________________Milli Kitabxana__________________
Dağ olsa da acı sözdən incələr,
Bucaq seçər, öz yerini künc elər.
Şirin kəlmə qocalan gənc elər,
Nənələrin ürəyinə dəyməyin.
Yaxşı baxın arxaya siz, önə siz,
Ucalıq var, nədən ötrü enəsiz.
Fikirləşin, sabah siz də nənəsiz,
Nənələrin ürəyinə dəyməyin.
Gərdən sınar, kəmər düşər, bel inlər,
Toxunarsan, ürəyində tel inlər.
İnsaf edin, ay nainsaf gəlinlər,
Nənələrin ürəyinə dəyməyin.
DÜŞÜB
Ölüm yatağında bir qarı gördüm,
Solmuş bir çiçəkdi, budaqdan düşüb.
Boylanmaq istəyir, göz aça bilmir,
Ağrılar canına sazaqdan düşüb.
Təsəlli ləngitmir, dayaq saxlamır,
Gedir son mənzilə, ayaq saxlamır,
Nişan üzüyünü barmaq saxlamır,
Gəlinlik sırğası qulaqdan düşüb.
Toxunmur xalısı, daranmır yunu,
Görünür gözünə dünyanın sonu.
Qalıb urvalığı, qurtarıb unu,
Asılmır qazanı, ocaqdan düşüb.
Kəmər kənardadı, beldən ayrılıb,
Daraq toz içində, teldən ayrılıb,
Ən gözəl söhbəti dildən ayrılıb,
Ən şirin nəğməsi dodaqdan düşüb.

___________________Milli Kitabxana__________________
Dağ aşır, düz keçir ömrün yolları,
Əyilir sabahdan axşama sarı.
Ömrün səfərini bitirir qarı,
Güzarı yenə də torpaqdan düşüb!
BƏS NƏDİR
Arzularım, diləklərim sənə yüzdü, mənə min,
Yanaqların nəm görməsin sənin kimi sənəmin.
Yolçu sən ol, yol mən olum, keç üstündən sinəmin,
Uzaqlığın məndən ötrü hicran deyil, bəs nədir?!
Gözəlliyin gözlərimin qarasıdır, ağıdır,
Ürəyimdə məcnunluğun zilə qalxan çağıdır.
Dalğalar var, sahilləri döyür, didir, dağıdır
Varlığımda baş qaldıran tufan deyil, bəs nədir?!
Baxışınla baxışımı oxşa incə, sev incə,
Göz dəyməsin gözlərində güllər açan sevincə.
Belə vurğun baxmağını günah sayma bu gəncə,
Günəbaxan al Günəşə heyran deyil, bəs nədir?!
Əvəzimdə hər kim olsa, yaşamaqdan bezərdi,
Gözləməkdən duyğulanm köz-köz olub közərdi.
Daş olsaydı ömrü boyu həsrətinə dozərdi,
Əriməzmi bu Zəlimxan, insan deyil, bəs nədir?!
GÖZLƏRİN
Nə sərin bulağı var,
Nə isti ocağı var,
Nə odlu qaynağı var,
Mənə baxan gözlərin!
Bəxtin uğuru billəm,
Gözümün nuru billəm,

___________________Milli Kitabxana__________________
Eşqini duru billəm
Mənə baxan gozlərin!
Giləsində inci var,
Dağ boyda sevinci var,
Tanrı qədər gücü var
Mənə baxan gozlərin!
Həm savabdı, həm günah,
Hem axşamdı, həm sabah.
Sehrinə bax, ay Allah,
Mənə baxan gözlərin!
Sevmişəm ədasını,
İçmişəm badəsini.
Mən alım qadasmı
Mənə baxan gözlərin!
QALARDIM
Dağlar mənə gəl-gəl desə ürəkdən,
Gəlib, elə bu yerlərdə qalardım.
Təbiətlə sevincimi, dərdimi,
Bölüb, elə bu yerlərdə qalardım.
Nəfəsimdə yaşadardım ətrini,
Əzizlərdim çiçəklərin xətrini.
Ömrün-günün qiymətini, qədrini
Bilib, elə bu yerlərdə qalardım.
Ne gözəldi bu dağların talası,
Mən getsəm də, könlüm burda qalası.
Sevsə məni bir zalımın balası,
Ölüb, elə bu yerlərdə qalardım.

___________________Milli Kitabxana__________________
GÖZƏLLƏR
Mən gəzən yerləri gündoğan bilə,
Hərdən mənə sarı baxa gözəllər.
Sərinlik gətirə yanan könlümə,
Çeşmətək süzülə, axa gözəllər.
Dünya gözəlləşir o gəzəndə şən,
Kədərindən yağır saçlarıma dən.
Nə qədər ürəyə dağ çəkib, görən?
Ürəyi kağızdan yuxa gözəllər.
Bağbandı, yetirər bağçasında bar,
Yanağında çiçək, sinəsində nar.
Bir kəlmə "hə" desə, dünya dağılar?
Yaman həvəskardı "yox"a gözəllər.
Qəlbində nə kədər, nə də ah ola,
Baxışı amansız bir silah ola.
Sinəm hədəf ola, nişangah ola,
Tuta kirpiyiylə oxa gözəllər.
Zəlimxan, ovsundu hər qız, hər gəlin,
Onsuz nə qiyməti gövhərin, ləlin.
Elə əlləşəsən, çatmaya əlin,
Səni həsrətiylə sıxa gözəllər.
TOY GÜNÜDÜR
Toy günüdü, bu məclisin bəyinə bax,
Çal-çağıra, kamanına, neyinə bax.
Təbiətin yerinə bax, göyünə bax
Ömrüm çatıb bir şöhrətə, şana burda.
Bu dünyanın hər qəmindən uzaq olar,
Sevincindən aşıb-daşan uşaq olar,

___________________Milli Kitabxana__________________
Öz-özünə bir çağlayan bulaq olar
Qəlbi olan çəkilərmi yana burda?!
Baş örpəkli, yaxa qızıl düyməlidir,
Qapılar var, elçi əli döyməlidir.
Kimə baxsan bir-birindən öyməlidir
Sevən oğlan, gözəlləri sana burda!
Günəş doğub bu varlığa, bu həyata,
Gəlişində dağ vüqarlı, gülür ata.
Bir havanın laylasına yata-yata
Qollarım geniş açır ana burda.
Bir can olsun yerin səsi, göyün səsi,
Kəsilməsin qulaqlardan neyin səsi,
Toyçu qardaş, elə çal ki, toyun səsi
Qoy işləsin lap iliyə, qana burda!
Söz sinədən axsın gümüş çaylar kimi,
Şirin olsun dostdan gələn paylar kimi,
Anın ömrü qoy uzansın aylar kimi,
Günün ömrü heç çatmasın sona burda!
GÖZLƏYİRƏM
Endi yolların üstə
Çən, səni gözləyirəm!
Düşdü qara tellərə
Dən, səni gözləyirəm!
Özgə gülü dərmirəm,
Yaylıq üstə sərmirəm.
Torpağam, göyərmişəm,
Dən, səni gözləyirəm!
Qoyma Ömür qısala,
Toy yerini yas ala.
Hamı çatdı vüsala
Mən səni gözləyirəm!

___________________Milli Kitabxana__________________
İTİRƏRSƏN, TAPAMMAZSAN
Kövrəyəm, dəymə qəlbimə,
Sındırarsan, yapammazsan.
Mənsiz eşqin Qıratını
Heç bir yana çapammazsan.
Haya gəlməz nə haqq, nə din,
Çətin olar işin, çətin.
Ömrün boyu xəcalətin
Əllərindən qopammazsan.
Hədər vermə bircə anı,
Səninkidir ruhu, canı.
Ucuz tutma Zəlimxanı
İtirərsən, tapammazsan!
GƏLİN
Dodaqdəyməz müxəmməs
Səhər-səhər seyr eləyək
Dağda yatan qarı, gəlin.
Asta-asta yeriş yeri,
Gəl, şad eylə yarı, gəlin.
Can dedikcə can eşidək,
Həyatından yarı, gəlin.
Ağ diyarın, ağ sinənin
Ələ dəysin narı, gəlin.
Yarıyaq, yaddan çıxaraq
Hər dərdi, azarı, gəlin.
Çaylar keçək, yallar aşaq,
Qarış-qarış dağı gəzək.
Hər yana seyrə çıxaq,
Yaxşı keçən çağı gəzək.

___________________Milli Kitabxana__________________
Ələ keçən deyil hər an
Canın, qanın sağı gəzək
Dərələrdə çiçək dərək,
Ətirli yaylağı gəzək.
Elə ki azca incidin,
Gedək sizə, Sarı gəlin.
Qış ayları yaxşı keçər,
Şən gətirər yaza səni.
Din aşığın sinəsində,
Tel eləsin saza səni.
Can alar canan yerişin,
Yaraşdırar naza səni.
Çətin aşiq tay eyləyə
Dəstə-dəstə qıza səni.
Dil ağızda qara yansın
Desə sənə qarı, gəlin.
Nazlı yarı gəzən yerə
Aşiq yana-yana gələr.
Yetişəndə həsrətinə
İl xəstəsi cana gələr.
Hər çiçəkdən şirə çəkər,
Arı yenə şana gələr.
Əl dəyəndə əllərinə
Həyat Zəlimxana gələr.
İki canın hərarəti
Sel eyləyər qarı, gəlin!!!
ALLAH, GÖZLƏRƏ BAX
Belə baxış olmaz, belə göz olmaz,
Allah, gözlərə bax, nə gözəl baxır!
Belə atəş olmaz, belə köz olmaz
Allah, gözlərə bax, nə gözəl baxır!

___________________Milli Kitabxana__________________
Göylər ulduz verib, Ay verib ona,
Yerlər çeşmə verib, çay verib ona.
Peyğəmbər nurundan pay verib ona
Allah, gözlərə bax, nə gözəl baxır!
Haqqın dərgahından enən işıqdı,
Ömrə naxış vuran bir yaraşıqdı.
Mən gül ağacıyam, o sarmaşıqdı
Allah, gözlərə bax, nə gözəl baxır!
Bilmirəm nə zaman qarşıma çıxdı,
Qarımı əritdi, dağımı yıxdı.
Mən canı cəhənnəm, millət yazıqdı,
Allah, gözlərə bax, nə gözəl baxır!
Sarayam, daşlarım tökülüb gedir,
Ciyərim canımdan sökülüb gedir.
Mən ağlar qalmışam, o gülüb gedir,
Allah, gözlərə bax, nə gözəl baxır.
Ürək yüz parçadı, könül yüz para,
Bir gözəl gözündə çəkildim dara.
Öldürməz, elindən canım qurtara,
Allah, gözlərə bax, nə gözəl baxır!!!
MƏN ONDA BİLDİM
Bir dünya gözəli çıxdı qarşıma,
İnsan nə deməkdi, mən onda bildim.
Unutdum qəmimi, atdım dərdimi,
Dərman nə deməkdi, mən onda bildim.
Baxışı andırdı sökülən danı,
Üzünün şöləsi tutdu cahanı.
Ala gözlərinin oldum qurbanı,
Qurban nə deməkdi, mən onda bildim.

___________________Milli Kitabxana__________________
Ayrılıq sevincə, sevgiyə yağı,
Görüş ömrümüzün ən şirin çağı.
Söz dedim tutuldu qaşı-qabağı,
Duman nə deməkdi, mən onda bildim.
Külək tərpədəndə başından şalı,
Baxdım, buxağında göründü xalı.
Qızardı, bozardı, dəyişdi halı,
Tufan nə deməkdi, mən onda bildim.
Ömür bağçasında göyərdi, bitdi,
Bir göz qırpımında tapıldı, itdi.
Necə gəlmişdisə, elə də getdi,
Hicran nə deməkdi, mən onda bildim.
GÖZƏL DÜNYA, GÖZƏLLƏRİN
VAR OLSUN
Gülüşündə güllər açdı könlümüz,
Gözəl dünya, gözəllərin var olsun!
Vurğunu da, yorğunu da biz olduq
Gözəl dünya, gözəllərin var olsun!
Ürəyi var, ürəklərin nəşəsi,
Toxunarsan, pul-pul olar şüşəsi.
Könül verib, könül almaq peşəsi
Gözəl dünya, gözəllərin var olsun!
Fərhadına yetişməsə Şirinlər,
Qartal susar, pələng ağlar, şir inlər.
Dayaz olmaz məhəbbəti dərinlər,
Gözəl dünya, gözəllərin var olsun!
Neçə dəfə pəncərədən daş gəlib,
Neçə dəfə xumar gözdən yaş gəlib,
Sevən kəslər Allaha da xoş gəlib,
Gözəl dünya, gözəllərin var olsun!

___________________Milli Kitabxana__________________
Al yanaqlar çiçəklərin dostudur,
Qara tellər küləklərin dostudur,
Ala gözlər ürəklərin dostudur,
Gözəl dünya, gözəllərin var olsun!
Qız çiçəkdir, o çiçəkdə şeh mənəm,
Qız çəməndir, o cəməndə meh mənəm.
Gözəlliyə beş-on günlük mehmanam,
Gözəl dünya, gözəllərin var olsun!
Əcəl ömrü zəmi kimi biçsə də,
Şərbət bilib bir qurtuma içsə də,
Vaxtlı-vaxtsız Zəlimxanlar köçsə də,
Gözəl dünya, gözəllərin var olsun!
ARZU
Biryolluq həsrətdən əlim üzülə,
Gün kimi üstümə yar işıq sala.
Məni barışdıra öz küskünümlə,
Təbiət araya barışıq sala.
Duman gətirməyə, çən gətirməyə,
Qara saçlarıma dən gətirməyə,
Tufanlı, hicranlı gün gətirməyə,
Onun yağdırdığı qar işıq sala.
Sevinci, kədəri yarıya bölək,
Qalsaq bir yaşayaq, ölsək bir ölək.
Məni Tanrı bilə, özünü mələk,
Aşiqi Allahla qarışıq sala!

___________________Milli Kitabxana__________________
BACARMALISAN
Sonatək boylanıb, gözəltək baxıb,
Gəlintək gəzməyi bacarmalısan.
Uçub əlimizdən gedən illəri
Nizama düzməyi bacarmalısan.
Düz dərəyə dönsə, dərə düz olsa,
Coşan dalğaların sayı yüz olsa,
Ayrılıq sahilsiz bir dəniz olsa,
Qol atıb üzməyi bacarmalısan.
Qoy, zaya getməsin çəkdiyin əmək,
Dostum min olsa da, səndədir kömək.
Nə lazım hər sözü dil açıb demək,
Baxışdan sezməyi bacarmalısan.
Çoxdu Zəlimxanın doğması, yadı,
Çalış, el içində enməsin adı.
Onsuz da vüsalın şirindir dadı,
Həsrətə dözməyi bacarmalısan.
ÇATASIYAM
Ulduz olub uzaqlarda dayanma,
Mənə gəlsin gözlərinin qadası.
Yanmalıdır eşqimizin ocağı,
Bir od vurub çatasıyam, çatası.
Hey düşürəm arzuların dalına,
Əl atıram dəymişinə, kalına.
İnam adlı bir köhlənin yalına
Yatasıyam, yatasıyam, yatası.
Üzmədiyim ümman qədər dərinsən,
Çatmadığım arzu qədər şirinsən.

___________________Milli Kitabxana__________________
Üz döndərib dumanlara bürünsən,
Elə bilmə batasıyam, batası.
Xan Kərəmi yada sala, andıra,
Həsrət məni buğum-buğum yandıra,
Birdəfəlik bu ayrılıq andıra
Öz əlimi qatasıyam, qatası.
Əllərimi dağ doğraya, daş kəsə,
Taqətimi gözdən axan yaş kəsə,
Aylar-illər pambıq ilə baş kəsə,
Yenə sənə çatasıyam, çatası.
SEVGİ
Gələndə yaşımı heç soruşmadı,
Baxmadı zamana, yaşa bu sevgi.
Birdən bir dəlisov oğlana döndü,
Tutdu pəncərəmi daşa bu sevgi.
Dedilər yol axtar qız ürəyinə,
Süzül damla-damla, süz ürəyinə.
Od qoydum yanmışın buz ürəyinə,
Az qaldı dünyanı aşa bu sevgi.
O səslər hələ də qulağımdadı,
Baharın həsrəti yanağımdadı.
Hələ ki, payızın sınağındadı
Görək, dözəcəkmi qışa bu sevgi.
ÇİN QIZI, ÇİN GÖZƏLİ
Yanağın güldən zərif,
Belin telindən incə.
Dilin sözündən şirin,
Sözün dilindən incə.

___________________Milli Kitabxana__________________
Göy suların ağ quşu,
Sən mənim nəzərimdə
Dünyanın ən gözəli!
Çin qızı, Çin gözəli!
Dünyanın heç yerində
Sənin kimi pəri yox,
Həyatın səndən baha
Sərvəti yox, zəri yox.
Bu, Allahın işidi,
Sənin gözəlliyindən
Bəndənin xəbəri yox.
Yaradanın, Tanrının,
Allaha tən gözəli!
Çin qızı, Çin gözəli!
Bu ağlıq ki səndə var,
Süd gölündə çimənsən.
Bu ətir ki səndə var,
Yamyaşıl bir çəmənsən.
Bu qiymət ki səndə var,
Ləlsən, yaqut, yəmənsən.
Süd yox, ana döşündən
Ay işığı əmənsən.
Türk gələ, İran gələ,
Külli Hindistan gələ,
Yerini verə bilməz
Dünyanın min gözəli!
Çin qızı, Çin gözəli!
Səni ana doğmayıb,
Səni ata əkməyib.
Buludun arasından
Hazır enmiş mələksən.
Heç kəs səni böyüdüb,
Zəhmətini çəkməyib.
Bir səsə bax, ay Allah,

___________________Milli Kitabxana__________________
Nəfəsə bax, ay Allah,
Qumru belə ötməyib,
Kəklik belə səkməyib.
Heç yerdə görməmişəm
Belə zərif, belə şux,
Bir belə şən gözəli!
Çin qızı, Çin gözəli!
Mən indi başa düşdüm,
Niyə Nizami babam
Çin yazıb, Çin deyirmiş!
Mən indi başa düşdüm,
Niyə Füzuli babam
Sevgiyə din deyirmiş!
Mən indi başa düşdüm,
Nə üçün Molla Pənah
Çinü-Maçin deyirmiş!
Qar zirvənin şöhrəti
Dağların çən gözəli!
Dünən babalar olub,
Bu gün heyranın mənəm,
Çin qızı, Çin gözəli!
Mart, 1994, Şanxay
KÜSMƏ MƏNDƏN
Bir məclisds qızlarımıza "Çin gözəli"
şerini oxuyurdum. Nəsibə adlı gözəl bir
qız şeri axıra qədər dinləmədən küsüb
bayıra çıxdı ki, nə üçün belə gözəl bir
şeri Azərbaycan gözəlinə yox, Çin qızına
yazmısınız.
Küsmə məndən gözəl mələk, gözəli Allah yaradır,
Mənim kimi qullar üçün gözəlləri şah yaradır.
Məcnunları gecə-gündüz salır sonsuz səhralara,
Harda sevən Leyli varsa, orda bir dərgah yaradır!

___________________Milli Kitabxana__________________
Bircə gözəl yaradıbsa, bütün Çinə qurban olum,
Hansı dində olur-olsun, mən o dinə qurban olum,
Yaradanın eşq adlanan hikmətinə qurban olum,
Yeri-göyü sevmək üçün insanda tamah yaradır!
Bakı hara, Pekin hara, könlüm onu yada salır,
Günahkaram, günahlarım ruhuma qan-qada salır,
Qadir Allah sevənləri diri gözlü oda salır,
Yazıq bəndə sevə-sevə gündə bir günah yaradır!
İSTANBUL QIZI
İstanbul qızının teli darandı,
Dedi: - Gözəldimi?
Dedim: - Gözəldi!
Büllurdan töküldü, nurdan yarandı,
Dedi: - Gözəldimi?
Dedim: - Gözəldi!
Qulağın sırğası, saçın cunası,
Barmağın üzüyü, əlin xınası,
Elin yaraşığı, gölün sonası,
Dedi: - Gözəldimi?
Dedim: - Gözəldi!
Üzün təbəssümü, yanağın xalı,
Qəlbin hərarəti, dodağın balı,
Belin incəliyi, gərdənin şalı,
Dedi: - Gözəldimi?
Dedim: - Gözəldi!
Sevgi yollarıyla çıxılan yoxuş,
Tanrı əlləriylə vurulan naxış,
Vurulan, durulan, süzülən baxış
Dedi: - Gözəldimi?
Dedim: - Gözəldi!

___________________Milli Kitabxana__________________
Baxışı söndürdü odlanan şamı,
Görüşlər həyatın ləzzəti, tamı.
Nurlu İstanbulun aylı axşamı
Dedi: - Gözəldimi?
Dedim: - Gözəldi!
Ağlımı, ruhumu əlimdən aldı,
Ney kimi göynətdi, saz kimi çaldı.
Axırda bir şirin xəyala daldı,
Dedi: - Gözəldimi?
Dedim: - Gözəldi!
Ömürdən saymadı boş keçən ömrü,
Bahara döndərdi qış keçən ömrü.
İnsanın insanla xoş keçən ömrü,
Dedi: - Gözəldimi?
Dedim: - Gözəldi!
Qəlbimin qanını sızan elədi,
Məni eşqə saldı, yazan elədi.
Şair Zəlimxanı ozan elədi,
Dedi: - Gözəldimi?
Dedim:-Gözəldi!!!
İstanbul, 1991
AY KƏRƏM
Səni od yandırdı, Əsli dağladı,
Mən suyun odunda yandım, ay Kərəm!
Allahım, vallahım çıxdı yadımdan,
Yeri də, göyü də dandım, ay Kərəm!
Alışan odlara dil olmaq nədi,
Dərdin havasında zil olmaq nədi,
Mən indi bildim ki, kül olmaq nədi,
Ah çəkib, adını andım, ay Kərəm!

___________________Milli Kitabxana__________________
Zəlimxan neyləsin, qismətdə qəm var,
Gözdə qığılcım var, kirpikdə nəm var.
Niyə sazımızda "Yanıq Kərəm"var,
Yanmaq nə deməkdi, qandım, ay Kərəm!

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə