Xəbər bülleteni №6



Yüklə 1,26 Mb.
səhifə4/11
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#42490
1   2   3   4   5   6   7   8   9   10   11
X b r b lleteni №6
mama, 2013-05-13 09-54-10, 32 Hamilelik zamani hipertenziv veziyyetler W, 2013-05-13 09-54-10, Klinik tap r q 1, 2021-03-03 15-24-30 (1), Klinik tap r q 1, Klinik tap r q 1, 2021-03-04 14-10-19, 2016-02-24 12-29-58, 2016-02-24 12-29-58
Oktyabr 2014: “Layt” 91,16 dollara, “Brent” 94,67 dollara, “AzəriLayt” 96,57 dollara təklif olunur.

Noyabr 2014: “Layt” 80,54 dollar, “Brent” 85,86 dollar, “AzəriLayt” 86,61 dollardır.

Dekabr 2014: “Layt” 66,15 dollara, “Brent” 70,15 dollara, “AzəriLayt” 74,52 dollara satılır.

Yanvar 2015: “Layt” 53,11 dollar, “Brent” 56,42 dollar, “AzəriLayt” 57,34 dollar olur.

Fevral 2015: “Layt” 48,24 dollar, “Brent” 52,99 dollar, “AzəriLayt” 50,89 dollardır.

Mart 2015: “Layt” 49,76 dollara, “Brent” 62,58 dollara, “AzəriLayt” 63,74 dollara təklif olunur.

Aprel 2015: “Layt” 47,60 dollar, “Brent” 55,11 dollar, “AzəriLayt” 56,96 dollar olur.

May 2015: “Layt” 59,63 dollar, “Brent” 66,78 dollar, “AzəriLayt” 66,87 dollardır.

İyun 2015: “Layt” 59,80 dollara, “Brent” 65,17 dollara, “AzəriLayt” 65,30 dollara satılır.

İyul 2015: “Layt” 59,47 dollar, “Brent” 63,59 dollar, “AzəriLayt” 63,66 dollar olur.

Və… avqustun 27-də yayılan məlumata görə, Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 38,60 dollara, London birjasında “Brent” markalı neftin bir barreli 43,14 dollara düşüb.

Azərbaycan nefti “AzəriLayt” markalı neftin bir barreli isə London birjasında 44,34 dollardır.

Bu o deməkdir ki, 2014-cü ilin fevral-mart-aprel aylarında Ukrayna torpaqlarının işğalı ilə başlayan iqtisadi basqı dalğasında “Layt” 66 dollar 32 sent, “Brent” 68 dollar 6 sent ucuzlaşıb.

Ən bahalı neft sayılan Azərbaycan nefti isə son il yarımda 70 dollar 46 sent dəyər itirib…

Hansı dövlət və hökumət qurumlarında çalışmış şəxslərin pensiyasına əlavələr olur?

27.08.2015

Hansı dövlət və hökumət qurumlarında çalışmış şəxslərin əmək pensiyasına əlavələr olur? Transparency.az qanunun bu məsələni necə tənzimlədiyinə nəzər salıb.

“Əmək pensiyaları haqqında” qanuna görə, Azərbaycanda əmək pensiyaları üç hissədən ibarətdir: baza hissəsi, sığorta hissəsi, yığım hissəsi.

Pensiyanın baza hissəsi 100 manatdır.

Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği bu düsturla müəyyənləşir: SH = PSK/T.

SH — yaşa görə əmək pensiyasının sığorta hissəsi; PSK — sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalı; T — gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144 ay, yəni 12 il).

Yığım hissəsinin məbləği yaş həddinə (azı 12 il sığorta stajı olan 63 yaşına çatmış kişilər və 60 yaşına çatmış qadınlar) uyğun olaraq bu düsturla müəyyən edilir: YH=PYK/T.

YH — yaşa görə əmək pensiyasının yığım hissəsi; PYK — sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalı; T — gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.

Yaşa görə əmək pensiyasının məbləği bu düsturla hesablanır: P=BH+SH+YH.

P- yaşa görə əmək pensiyası; BH — yaşa görə əmək pensiyasının baza hissəsi; SH — yaşa görə əmək pensiyasının sığorta hissəsi; YH — yaşa görə əmək pensiyasının yığım hissəsidir.

Qanun əmək pensiyasına əlavələri də nəzərdə tutur. Əlavələrin böyük bir qismi dövlət və hökumət qurumlarında çalışmış şəxsləri əhatə edir. Məsələn, qulluq stajına görə əmək pensiyasına əlavələr bu əmək pensiyaçılarına təyin edilir:

- əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatlar (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla);

- Azərbaycan Respublikası Milli Məclisinin deputatı və sabiq deputatı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və sabiq deputatı vəfat etdikdə onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;

- Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü olmuş şəxs;

- Milli Televiziya və Radio Şurasının üzvü və Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü olmuş şəxs;

- əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlər;

- hakim və ya hakim kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;

- prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri;

- qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək əlil olmuş prokurorluq işçiləri;

- prokurorluq işçisi, yaxud prokurorluq işçisi kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;

- vaxtından asılı olmayaraq Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) və Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsində işləmiş şəxslər;

- “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” qanun qüvvəyə minənədək (1 sentyabr 2001-ci il) qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla);

- dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla);

- Azərbaycan Respublikasının baş naziri və baş nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının baş naziri və baş nazirinin müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı) vəzifələrini tutmuş şəxslər; həmin şəxslər və ya onların sırasından bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçıları vəfat etdikdə onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;

- hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular;

- əlilliyə görə əmək pensiyası alan hərbi qulluqçular;

- xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya əlil olmuş ədliyyə işçiləri;

- xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan ədliyyə işçisi, yaxud ədliyyə işçisi kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;

- əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş Hesablama Palatasının sabiq üzvləri;

- Azərbaycan Respublikası Hesablama Palatasının üzvü və sabiq üzvü vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;

- xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya əlil olmuş miqrasiya orqanlarının işçiləri;

- xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan miqrasiya orqanının işçisi, yaxud miqrasiya orqanının işçisi kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;

- xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya əlil olmuş fövqəladə hallar orqanlarının işçiləri;

- xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan fövqəladə hallar orqanının işçisi, yaxud fövqəladə hallar orqanının işçisi kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri.

Naxçıvan Muxtar Respublikasının 7 aylıq sosial-iqtisadi göstəriciləri

27.08.2015




Naxçıvan Muxtar Respublikasında 2015-ci ilin yanvar-iyul aylarında 1 milyard 294 milyon 428 min 200 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2014-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 6,5 faiz artaraq 2935,9 manata çatıb.

Naxçıvanda yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Bu ilin yeddi ayı ərzində sənaye üzrə 566 milyon 401 min manat həcmində məhsul istehsal edilib, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 2,8 faiz üstələyib.

Həmin dövrdə infrastruktur quruculuğu çərçivəsində əsas kapitala 558 milyon 821 min manat həcmində investisiya yönəldilib. Bu da bir il öncəki göstəricidən 0,8 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyaların 494 milyon 143 min manatı və ya 88,4 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.

2015-ci ilin yanvar-iyul aylarında informasiya və rabitə xidmətlərinin həcmi 27 milyon 677 min manat olub. Bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çoxdur. Mobil rabitə xidmətlərinin həcmi 23 milyon 290 min manat olmaqla bir il öncəki göstəricini 1,8 faiz üstələyib.

Cari ilin yeddi ayı ərzində 202 milyon 127 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunub, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 8,7 faiz üstələyib. Bu dövr ərzində muxtar respublikada 11,9 min ton ət (diri çəkidə), 57 min ton süd istehsal edilib, 2014-cü ilin yanvar-iyul ayları ilə müqayisədə ət istehsalı 5,5 faiz, süd istehsalı 1,4 faiz artıb.

Yanvar-iyul aylarında muxtar respublikada əhalinin gəlirləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz artaraq 977 milyon 244 min manat, onun hər bir nəfərə düşən həcmi isə 4,3 faiz yüksələrək 2216,5 manat təşkil edib. Muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 392,8 manat təşkil edib və bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2 faiz artıb.

Yeddi ay ərzində muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 47 milyon 347 min manata yaxın kreditlər verilib. Bu da 2014-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 44,2 faiz çoxdur.

Həmin dövrdə muxtar respublikada 242 milyon 222 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın həcmi son bir il ərzində 5,8 faiz artaraq 213 milyon 61 min dolları ötüb, idxalın həcmi isə 58,1 faiz azalaraq 29 milyon 161 min dollar həcmində olub. Xarici ticarət üzrə 183 milyon 900 min dollardan çox həcmdə müsbət saldo yaranıb.

Yanvar-iyul ayları ərzində muxtar respublikaya 207 min 374 nəfər turist gəlib. Bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz və ya 6807 nəfər çoxdur.

Beynəlxalq Bankın İdarə Heyətinin sədri planları açıqlayıb

31.08.2015


Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Elmar Məmmədov AZƏRTAC-ın suallarını cavablandırıb. Transparency.az müsahibəni ixtisarla təqdim edir.

- Azərbaycan Beynəlxalq Bankının gələcək fəaliyyəti ilə bağlı strateji hədəflər nədən ibarətdir?

- Bu il iyulun 15-də prezident İlham Əliyev “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” fərman imzalayıb. Bu fərman bankın gələcək fəaliyyətini, yeni mərhələdə başlıca fəaliyyət strategiyasını müəyyən edən əsas sənəddir. Sənəddə dəqiq və konkret tapşırıqlar verilib. İndiki mərhələdə Azərbaycan Beynəlxalq Bankının yerinə yetirməli olduğu əsas vəzifələr bu tapşırıqların icrasında aidiyyəti dövlət qurumlarına bacardığı köməyi göstərmək, bank qarşısında müəyyən edilmiş tələbləri vaxtında və lazımi səviyyədə yerinə yetirməkdir.

- Bankın idarəetmə sistemində hər hansı islahatlar gözlənirmi?

- Fərmanda dövlətə məxsus səhmlərin imkan verdiyi dərəcədə bankın restrukturlaşdırılması, maliyyə durumunun sağlamlaşdırılması və kapitallaşması, fəaliyyətinin səmərəliliyinin artırılması, idarə edilməsinin müasir korporativ idarəetmə standartları əsasında təşkili, bankın kredit, borclanma, kadr siyasətinin təkmilləşdirilməsi, habelə vaxtilə verilmiş və ödəmə vaxtı keçmiş kredit borclarının qaytarılması üçün təsirli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Bu vəzifələrin yerinə yetirilməsindən ötrü bankda müəyyən struktur islahatlarının aparılması, korporativ idarəetmə sisteminin müasir dövrün çağırışlarına uyğun təkmilləşdirilməsi, aktivlərin və passivlərin idarə edilməsi üzrə strategiyanın hazırlanması, kadr siyasətinə yenidən baxılması və səriştəli kadrların bankın fəaliyyətinə cəlb olunması, digər bu kimi addımların atılması zəruridir. Bu baxımdan təbii ki, bankda sağlam inkişafa xidmət edən müəyyən islahatlar aparılacaq.

Bundan başqa kredit növlərinə və məhsullarına yenidən baxılmasına, bankın xərclərinin minimallaşdırılmasına ehtiyac var. Xərclərin minimallaşdırılması deyərkən burada təkcə maliyyə resurslarının cəlb edilməsi üzrə xərclər yox, bankın digər fəaliyyət sahələri üzrə xərclər də nəzərdə tutulur.

- Bankın filial şəbəkəsinin genişləndirilməsi, yaxud ixtisarı planlaşdırılırmı?

- Azərbaycanın mövcud sosial-iqtisadi inkişafı mühitində və ölkənin maliyyə bazarındakı banklararası sağlam rəqabət şəraitində istənilən bankın xidmət şəbəkəsinin optimal əsaslar üzərində qurulması çox mühümdür. Azərbaycan Beynəlxalq Bankı ölkənin ən geniş xidmət şəbəkəsinə malik banklarından biridir. Bankın xidmət şəbəkəsinin optimallaşdırılması, xidmət ofislərimizin həm ərazi-coğrafi baxımdan, həm də real müştəri potensialı baxımından daha səmərəli şəkildə yerləşdirilməsi də, təbii ki, planlarımıza daxildir və bu istiqamətdə müəyyən addımlar atıla bilər.

- Azərbaycan Beynəlxalq Bankında xidmət səviyyəsinin yüksəldilməsinə ümid etməyə dəyərmi?

- Bu, ilk mərhələdən qarşıya qoyduğumuz əsas hədəflərdən biridir. Bankın xidmət şəbəkəsinin daha səmərəli şəkildə idarə olunması, müştərilərə xidmət səviyyəsinin yüksəldilməsi, korporativ mədəniyyət normalarına riayət olunması üçün yeni konsepsiya hazırlanır və ən yaxın zamanlardan etibarən bu konsepsiyanın tətbiqinə başlanacaq. Əlbəttə, cəmi bir neçə gün içində bu sahədə başqaları üçün bir nümunəyə çevriləcəyimizi söyləmək böyük iddia olardı. Hələ bu istiqamətdə görüləsi çox iş var. Bununla belə, əminik ki, Azərbaycan Beynəlxalq Bankı da çox qısa zaman ərzində müştəri məmnuniyyətini öz fəaliyyətində əsas korporativ dəyərlərdən birinə çevirə biləcək.

- “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması məsələsinə verilən şərhlər bu bankda əmanəti olan müştərilərdə müəyyən narahatlıqlar da yaradıb. Bir çoxları belə hesab edir ki, özəlləşdirilmə tədbirləri onların Azərbaycan Beynəlxalq Bankında qorunan vəsaitlərinə müəyyən təhlükə yarada bilər. Bu narahatlıqların bir əsası varmı?

- Azərbaycan Beynəlxalq Bankı adından birmənalı şəkildə qeyd etmək istərdik ki, belə narahatlıqlar üçün heç bir əsas yoxdur. Əfsuslar olsun ki, kütləvi informasiya vasitələrində özəlləşdirmə mövzusuna verilən şərhlər bəzən fərmanın məzmununu təhrif edir. Ona görə də bu məqama bir qədər təfsilatlı şəkildə aydınlıq gətirmək istərdik. İndiki mərhələdə söhbət bankın özəlləşdirilməsindən yox, dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsindən gedir. Azərbaycan Beynəlxalq Bankının səhmdarlarının iyulun 22-də keçirilmiş ümumi yığıncağında seçilmiş yeni İdarə Heyətinin əsas missiyası da özünün səlahiyyət müddətində — yəni dörd il ərzində bankın institusional inkişafı ilə məşğul olmaqdır.

Bu müddətdə cəlb olunan resursların, eləcə də verilən kreditlərin faiz dərəcələrinin mümkün qədər aşağı salınması ilə bankın maliyyə dayanıqlığı gücləndiriləcək. Bankın maliyyə resurslarının idarə edilməsi üzərində nəzarət artırılacaq. Problemli aktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi də bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi məqsədinə əsaslanır.

Hazırda banka sağlam kapital ona görə lazımdır ki, əlavə pul vəsaitləri cəlb edilsin. Dövlətin dəstəyi ilə bankdan problemli aktivlər çıxarılacaq və bu məqsədlə tətbiq edilən düzgün, səmərəli mexanizm bankın problemli aktivlərinin əvəzinə real maliyyə resursları cəlb etməsinə imkan verəcək.

Son 20 ildə Azərbaycanın iqtisadi artım tempi necə dəyişib?

31.08.2015

Transparency.az 1995-ci ildən bəri Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) necə dəyişdiyini əks etdirən arayış hazırlayıb. Arayışa görə, 1995-ci ildə ÜDM-də 11% azalma olub. Son 20 ildə ən çox iqtisadi artım 2006-cı ildə (34,5%), ən az artım isə 2011-ci ildə (0,1%) qeydə alınıb:

1995 — 11% azalma

1996 — 1,3% artım

1997 — 5,8% artım

1998 — 10% artım

1999 — 7,4% artım

2000 — 11,1% artım

2001 — 9,9% artım

2002 — 10,6% artım

2003 — 11,2% artım

2004 — 10,2% artım

2005 — 26,4% artım

2006 — 34,5% artım

2007 — 25% artım

2008 — 10,8% artım

2009 — 9,3% artım

2010 — 5% artım

2011 — 0,1% artım

2012 — 2.2% artım

2013 — 5.8% artım

2014 — 2.8% artım.

ÜDM ölkədə istehsal olunan bütün mal və xidmətlərin məcmusudur. İqtisadi artım ÜDM-də olan dəyişiklik əsasında hesablanır.

Dövlət Statistika Komitəsinin son rəsmi hesabatında qeyd olunur ki, 2015-ci ilin yanvar-iyul aylarında ÜDM ötən ilin müvafiq dövrünə nisbətdə 5,6% artıb.

Azərbaycanla İranın enerji əməkdaşlığı (Dövlət agentliyindən yeni şərh)

20.08.2015

AZƏRTAC “Sanksiyaların ləğvi və Azərbaycanla İranın enerji əməkdaşlığının perspektivləri” adlı məqalə yayıb. Tehran müxbiri Rabil Kətanov yazır ki, İran İslam Respublikası ilə Qərb arasında nüvə proqramına dair əldə olunan razılaşma fonunda sanksiyaların ləğvindən sonra Azərbaycanla İranın qarşılıqlı münasibətləri böyük əhəmiyyət kəsb edir: “Azərbaycan-İran əlaqələrinin inkişaf mərhələsinə qədəm qoyduğu bir vaxtda enerji sahəsindəki əməkdaşlığın perspektivləri xüsusilə maraq doğurur. İran böyük neft-qaz ehtiyatlarına malikdir və onları dünya bazarına çıxarmağa çalışır. İran neft ixracını Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə həyata keçirə bilər. Gələcəkdə isə Trans-Anadolu (TANAP) qaz kəmərinin istifadəçiləri sırasına qoşulmaqla İran təbii qazının Avropaya nəql edilməsinə nail olar.

Hazırda İran gündə 100 milyon kubmetr qaz hasil edir. Yaxın gələcəkdə bu ölkənin qaz hasilatının həcmi 700 milyon kubmetrə çatacaq. İranın milli qaz ixracı şirkətinin rəhbəri Əlirza Kamali bildirib ki, istehsal olunan qazın ixracı üçün Azərbaycanla əməkdaşlıq nəzərdən keçirilir. Bu məsələ iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin avqustun 3-də Tehrana səfəri zamanı İranın neft naziri Bijən Zəngənə ilə görüşündə də müzakirə edilib. Müzakirələrin nəticəsində mütəxəssislərdən ibarət işçi qrupunun yaradılması qərara alınıb.

İranın TANAP layihəsinə qoşularaq təbii qazının Azərbaycan ərazisindən keçməklə Avropaya nəqli məsələsi də müzakirə olunur. Azərbaycandakı səfir Möhsün Pakayin bildirib ki, bu istiqamətdə SOCAR-la danışıqlar davam etdirilir. TANAP layihəsinin 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Bu vaxta qədər isə tərəflərin razılığa gələcəyini ehtimal etmək olar. Layihələrdə iştirak etmək İran üçün o baxımdan sərfəlidir ki, sanksiyalar ləğv edildikdə İran enerji resurslarını dünya bazarlarına çıxarmaq imkanı qazanacaq. Azərbaycanın kəmərlərindən istifadə olunacağı təqdirdə milyardlarla xərc çəkib yeni nəqliyyat infrastrukturu yaratmağa ehtiyac qalmayacaq. Uzun illər qadağalar altında qalaraq ixrac potensialını gerçəkləşdirə bilməyən İranın maliyyə imkanının məhdudluğunu da nəzərə alsaq, onda belə qərara gələ bilərik ki, optimal şərtlərlə rəsmi Tehran BTC və TANAP layihələrindən istifadə edəcək. Bu işin Azərbaycan üçün faydası ondan ibarətdir ki, dövlət büdcəsinə neft və qazın tranzitindən ildə təxminən 50 milyon dollar gəlir gələcək. Beləliklə aydın olur ki, sanksiyaların aradan qaldırılması nəticəsində enerji sahəsində əməkdaşlığın daha da dərinləşməsi hər iki dövlətin milli maraqlarına xidmət edəcək”.

Ekspert valyuta burulğanından çıxış yolu göstərir

24.08.2015

Bu ilin 6 aylıq (yanvar-iyun) yekunlarına görə, depozitlərin 72,4 faizi banklara dollarla yerləşdirilib və ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkənin valyuta ehtiyatları yarıbayarı azalıb. Transparency.az-a danışan iqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, Mərkəzi Bankın açıqladığı bu statistik məlumatlar kapital bazarında manatın mövqeyinin xeyli zəiflədiyini və rəsmi ehtiyat aktivlərinin sürətlə azaldığını göstərir: “Hər iki qərarlaşmış tendensiya Azərbaycan iqtisadiyyatı üçün yaxşı perspektiv vəd eləmir. Birinci iqtisadiyyatın dollarlaşması ilə onun xarici faktorlardan asılılığını və ölkədən kapital axınını gücləndirir. İkinci Mərkəzi Bankın manevr imkanlarını getdikcə məhdudlaşdırmaqla ortamüddətli dövrdə milli valyutanın gələcəyini tutqun göstərir.

Vəziyyətdən çıxış yolu valyuta bazarının liberallaşdırılması və rəqabətli investisiya mühitinin dəstəklənməsidir. Hazırkı dövrdə yeganə alternativ iqtisadi azadlıq və sağlam rəqabətin, açıq və korrupsiyasız xarici ticarətin, rasional fiskal siyasətin bazasında qurulan iqtisadi islahatlardır. Odur ki, hökumət ilk növbədə inhisarçılığa və korrupsiyaya qarşı mübarizəni gücləndirməklə iqtisadiyyatın diversifikasiyasına və liberallaşdırılmasına, bununla da əlavə maliyyə qaynaqlarının formalaşdırılmasına səy göstərməlidir”.

İqtisadçı: “Mərkəzi Bank manat əmanətlərinin indeksasiyasını həyata keçirməlidir”

24.08.2015



Qazaxıstanın üzən valyuta rejiminə keçidi, Rusiyada rublun ciddi məzənnə itirməsi, Türkiyədə lirənin qara günləri və Gürcüstanda larinin yavaş-yavaş silkələnməsi Azərbaycanda dollara tələbi artırıb. Transparency.az-a danışan iqtisadçı Vüqar Bayramov deyir ki, xarici valyutalara tələb yüksəlməkdədir: “Mərkəzi Bankın dolların manata rəsmi məzənnəsini aşağı salmasına baxmayaraq valyutadəyişmə məntəqələrində dollar məhdudlaşdırılmış ən yüksək kursla təklif edilir. Avronun dünya bazarında möhkəmlənməsinə uyğun olaraq rəsmi kursda manat da dolları sıxışdırıb. Amma qonşu ölkələrdə milli valyutaların vəziyyəti rəsmi məzənnənin valyutadəyişmə məntəqələrində hiss edilməsinə imkan vermir. Manatın yenidən dəyər itirə biləcəyindən ehtiyatlanan vətəndaşlar xaricə valyutaya üz tutur.

Əslində Mərkəzi Bank dollara tələbi azaltmaq üçün banklardakı manat əmanətlərinin indeksasiyasını həyata keçirməlidir. Hələ bu il fevralın 9-da Mərkəzi Banka əmanətlərin indeksasiyasını təklif etmişdim. İndeksasiya sisteminin tətbiq edilməməsi dollara tələbi artırmaqla manat əmanətlərin həcminin azalmasına səbəb oldu.

Mərkəzi Bank mövcud resurslardan və vasitələrdən istifadə etməklə dollara tələbi azaltmağa çalışmalıdır. Çünki dollara yüksələn tələb Mərkəzi Bankın intervensiya xərclərini artırmaqla xarici valyuta rezervlərinin həcminə də təsir göstərə bilər. Bu isə Mərkəzi Bankın valyuta bazarında tələbi qarşılama imkanlarının xeyli azaltmış olar”.

Samir Əliyev: “Ölkədən güclü kapital axını var”

24.08.2015

İqtisadçı ekspert Samir Əliyev “Azadlıq” qəzetinə müsahibəsində milli valyutanın gələcəyindən danışıb. Ekspert qeyd edib ki, hökumət yumşaq devalvasiyaya başlamalıdır: “Bu, fevral hadisələrinin təkrarlanmaması üçün gərəkdir. Ayda heç olmasa 4 faizlik devalvasiya koridoru müəyyən etməlidir. Bu, kəskin devalvasiyanın təsirini azaltmaq üçün gərəkdir. Azərbaycanda növbəti devalvasiya olacaqsa, bu, ən aşağısı 20 faiz olacaq. Amma məncə, bu, yaxın dövrdə gözlənmir. Hökumət yumşaq devalvasiyaya getməklə bu prosesi bir qədər yumşalda bilər”.

Samir Əliyev deyib ki, devalvasiya olsa, ilk zərəri banklar görəcək: “Bankların sayının azaldılması prosesi davam edəcək. Yəqin sentyabrda biz bunu müşahidə edəcəyik. Bank sektorunda ixtisarlar gələn aydan başlayacaq. Həm iş yerləri ilə bağlı ixtisarlar, həm də filialların bağlanması nəzərdə tutulur. Əslində bu ixtisarlar avqustdan başlayıb. Bank sektorunun, xüsusilə kiçik və istehlak kreditləşməsi üzrə ixtisaslaşmış bankların vəziyyəti ağır olacaq. Bir neçə bankın bağlanmasını istisna etmirəm. Ola bilsin ki, bu proses birləşmə halında olsun”.

Ekspert əlavə edib ki, devalvasiyanın nə zaman olacağını proqnozlaşdırmaq çətindir: “Azərbaycanda manatın məzənnəsi ölkə iqtisadiyyatının tənzimlənməsi vasitəsi kimi istifadə edilmir. Manatın məzənnəsindən sırf siyasi məqsədlər üçün istifadə olunur. Yəni manat güclüdür, sabitdir, bütün ölkələrin valyutaları düşür, amma manat sabit qalır. Manata bu rakursdan yanaşılıb. Biz bu siyasətin ağır zərbəsini fevralda aldıq. Bütün valyutalar düşsə də, həmin dövrdə manat sabit qalmışdı. Fevralda biz bu prosesin fəsadlarını gördük. Manat birdən-birə 33,5 faiz ucuzlaşdı.

Sonradan yenə devalvasiyadan əvvəlki dövr təkrarlanmağa başladı. O baxımdan ki, manat yenə müəyyən qədər sabit qaldı, hətta bir qədər də bahalaşdı. Amma qonşu ölkələrdə yenə proses gedir. Rusiyada, Qazaxıstanda və digər ölkələrdə milli valyuta ucuzlaşır. Bu baxımdan manat üçün təzyiqlər getdikcə artır”.

Ekspert əlavə edib ki, manata neftin ucuzlaşmasından əlavə kapital axını da təzyiq edir: “Bu dəqiqə ölkədən güclü kapital axını var. Kapital ölkəni tərk edir. Mərkəzi Bankın valyuta ehtiyatları azalır. Bunun səbəbi ölkədən kapital axınıdır. Bu axın manata təzyiqi artırır. İri sahibkarlar vəsaitlərini qorumaq üçün onu kənara çıxarırlar. Öncə nağd pul kənara çıxarıldı. İndi isə qeyri-likvid vəsait, daşınmaz əmlak, avadanlıq nağd pula çevrilərək xaricə çıxarılır. Hazırda həm kənarda baş verən proseslərə, həm də sadaladığım daxili səbəblərə görə son bir neçə gündə dollar alışı çoxalıb. Hökumət maksimum dərəcədə əlindən gələni edəcək ki, seçkiyə qədər manatın məzənnəsini saxlasın. Əsas prioritet bu olacaq. Amma kursun saxlanıb-saxlanmayacağı sonrakı proseslərdən asılı olacaq”.

Ekspert nefti ucuzlaşdıran amilləri şərh edir

25.08.2015

Dünya bazarında neftin qiyməti xüsusilə də Azərbaycan üçün psixoloji hədd olan 50 dollardan aşağı düşüb. İqtisadçı Azər Mehtiyev deyir ki, hadisələr neftin qiymətində enmənin davam edəcəyini göstərir: “ABŞ dünya neft bazarına zəlzələ salıb, az bir müddətdə dünyanın ən böyük neft idxalçısından ən böyük neft hasilatçısına çevrilib və ixracı genişləndirmək niyyətindədir. Dünyanın ən böyük neft istehlakçısı olan Çinin iqtisadiyyatında başlayan böhran da bazarın kiçilməsinə aparır. Səudiyyə Ərəbistanı neft bazarındakı payının az bir hissəsindən belə imtina etmək niyyətində deyil, hətta hasilatı artırır. İran dünya neft bazarında geniş yer tutmağa israrlıdır. Dünya iqtisadiyyatının durumu isə neftə tələbatın azalmasına və bazarın sıxılmasına meyllidir”.

Transparency.az-a danışan ekspert bildirir ki, Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) neftin qiymətinin yüksəlməsində maraqlıdır, lakin bunu Səudiyyə Ərəbistanının hasilatı azalması hesabına etməyi düşünür: “Bu qurumda vəziyyət çox gərgindir və neftin qiyməti düşdükcə qızdırma daha da yüksəlir: Səudiyyə Ərəbistanı ilə İran və digər üzvlər arasında qarşıdurma kəskinləşir. Rusiya neft hasilatını və satışını artırmağa, ən azı azaltmamağa can atır, iqtisadi durum onu buna vadar edir. Bu baxımdan OPEK-in sonunun çatdığını düşünürəm. Dünya neft bazarı ötən ildən yeni mərhələyə qədəm qoyub”.

Sabiq nazir: “Azərbaycanın iqtisadi təlatümlərdən az itki ilə çıxmağa imkan verən resursları var”

26.08.2015




Sabiq maliyyə naziri (1994-1999), iqtisad elmləri doktoru Fikrət Yusifov manatın məzənnəsi ilə bağlı açıqlamaları AZƏRTAC-a şərh edərək deyib ki, dünya bazarlarında neftin qiyməti aşağı düşür və təkcə qonşu dövlətlərdə deyil, hətta dünyanın iqtisadi cəhətdən inkişaf etmiş bir çox ölkələrində milli valyutaların ABŞ dollarına nisbətən ucuzlaşması prosesi baş verir: “Əlbəttə, məsələlərə obyektiv yanaşdıqda hər şeyin qaydasında olduğunu və proseslərin bizə zərər vermədiyini, yaxud verməyəcəyini heç bir halda iddia etmək olmaz. Lakin ölkədə görülən qabaqlayıcı tədbirlər, hökumətin prosesi az ziyanla adlatmağa hesablanmış addımları, büdcənin neftdən asılılığını minimuma endirmək məqsədi daşıyan dövlət proqramları var ki, bütün bunların son nəticədə öz bəhrəsini verəcəyinə heç kəsin şübhəsi olmamalıdır.

Azərbaycan dünyanın iqtisadi–maliyyə sistemindən təcrid vəziyyətdə yaşayan ölkə deyil ki, qlobal iqtisadiyyatda baş verən proseslərin bizə aidiyyəti olmasın. Son illərin iqtisadi uğurlarına, qeyri-neft sektorunun inkişafında əldə olunmuş əsaslı irəliləyişlərə baxmayaraq ölkəmizin iqtisadiyyatında neft amili hələ ki, tam aradan qalxmayıb. Bu səbəbdəndir ki, neftin qiymətlərinin dünya bazarlarında dəyişməsi bizə də təsirsiz ötüşə bilməz. Ancaq bunu cəmiyyətə, “Fəlakət baş verəcək”, “Ərzaq tədarükü görün”, “Bu gedişlə bütün rezervlər bircə aya bitəcək” kimi yersiz çağırışlarla təqdim edənlər, görünür, neftin qiymətlərinin statistikasını da araşdıra bilmirlər. Bilsəydilər görərdilər ki, neftin qiyməti tarix boyu necə və neçə dəfə dəyişib. Milli valyutamızın dəyərinin haradan hansı səviyyəyə qaldırıldığı onların gözləri qarşısında baş verməyibmi? Ümumiyyətlə, bu adamlar deyə bilərlərmi ki, büdcəsi bizim neftsiz büdcəmizdən az qala 2 dəfə aşağı olan qeyri-neft ölkələri bu gün necə yaşayıb fəaliyyət göstərirlər?

Bu gün neftin qiymətlərinin aşağı düşməsi ətrafında ajiotaj yaradanlar özlərini elə aparırlar ki, sanki neftin tapılıb üzə çıxarıldığı gündən bu vaxta qədər onun qiymətində birinci dəfədir dəyişiklik baş verir. Unutmayaq ki, müstəqilliyimizin ilk illərində və bütövlükdə 1991-1999-cu illəri əhatə edən 9 il ərzində dünya bazarlarında neftin orta qiyməti 17-18 dollardan yuxarı olmayıb. Həmin illərdə Sovetlər Birliyindən qalmış iqtisadi sistem tam çökdüyündən ölkə iflic vəziyyətə düşmüşdü. Azərbaycanın maliyyə vəziyyəti olduqca ağır idi. Lakin buna baxmayaraq 1994-cü ilin sonlarından başlayaraq ölkə iqtisadiyyatı və onun maliyyə sistemi sabitlik mərhələsinə qədəm qoya bildi. Bu, Prezident Heydər Əliyevin rəhbərliyi altında aparılan düzgün iqtisadi və maliyyə islahatlarının nəticəsində baş verdi. Neftin qiymətlərinin dünya bazarlarında orta illik 17-18 dollar səviyyəsində olmasına baxmayaraq Azərbaycan hökuməti 1994-1999-cu illər ərzində büdcədən maliyyələşən bütün təşkilatlarda əmək haqlarının və təqaüdlərin vaxtında verilməsini təmin edə bildi. İndi Azərbaycanın iqtisadi və maliyyə imkanları həmin illərdəkindən müqayisəolunmaz dərəcədə yüksəkdir. Əgər Azərbaycan hökuməti qeyri-neft sektorunun çox aşağı səviyyədə olduğu, neftin dünya bazarlarında qiymətinin 17-18 dolları keçmədiyi həmin illərdə təhsil, səhiyyə və büdcədən maliyyələşən başqa təşkilatların işçilərinin əmək haqlarını, təqaüdləri vaxtında ödəyə bilirdisə, bunu indi də edəcək. Çünki Azərbaycanın istənilən iqtisadi təlatümlərdən az itki ilə çıxmağa imkan verən resursları və möhkəm ehtiyat bazası var”.

Ekspert Mərkəzi Bankı strategiyasız taktikalarda günahlandırır

27.08.2015

ərkəzi Bankın 6 aylıq (yanvar-iyun) yekunlara həsr olunmuş pul siyasəti icmalını təhlil edən iqtisadçı ekspert Qubad İbadoğlu qənaətini Transparency.az-a açıqlayıb. O deyib ki, 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərində məzənnə rejimini dəyişməz saxlayacağını bəyan edən və bunu bacarmayan Mərkəzi Bank dəyişən rejimdə yeni strategiya qura bilmir: “Mərkəzi Bankın son dövrlər həyata keçirdiyi tədbirlər strategiyasız taktikalardır. Qurum 21 fevral 2015-ci ildəki devalvasiyadan bəri tətbiq edilən yeni əməliyyat mexanizmi çərçivəsində valyuta bazarının fəal iştirakçısı olaraq qalsa da, əməliyyatları müdaxilə dəhlizi çərçivəsində (satış və alış məzənnələri arasında diapazon) həyata keçirir. Bu, inzibatı əsaslara söykənən köhnə məzənnə siyasəti çərçivəsində əvvəllər aparılan əməliyyatların təkrarıdır. Belə olan halda ölkədə bank sektorunun maliyyə dərinliyinin artırılması, faiz dərəcələrinin aşağı salınması və onun iqtisadi artımda daha effektiv iştirakının stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər səmərə vermir.

Mərkəzi Bankı 2015-ci il son rübü üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə dair bəyanatına yenidən baxmağa və hazırkı situasiyada bazar elementlərinin də rol aldığı yeni məzənnə siyasətinə keçidi təmin etməyə çağırıram. Əks təqdirdə manatın məzənnəsinin sabitliyinə təhlükələr artacaq və milli valyutanın sabitliyi üçün risklərin azaldılması mümkün olmayacaq”.

Daşınmaz əmlak bazarında qiymətlər necə dəyişib?

28.08.2015



“Value and Sources” konsaltinq şirkəti daşınmaz əmlak bazarında qiymətləri araşdırıb. Şirkətin rəhbəri Rəşad Əliyev Transparency.az-a deyib ki, 1 ildir daşınmaz əmlak bazarında qiymətlər enir: “Bu müddət ərzində bazarda likvidliyin aşağı düşməsi, alğı-satqı əməliyyatlarının azalması, müəyyən müddət çaşqınlığın hökm sürməsi, qiymətlərin mövcud duruma uyğunlaşmaması bazarda real qiymətlərin hərəkətini müşahidə etməyə maneə yaradırdı. Bir ildə qiymət enməsinin iki mərhələsi oldu: devalvasiyadan əvvəl və devalvasiyadan (21 fevral 2015) sonra. Birinci halda qiymətlər həm manat, həm də dollar ifadəsində enirdi. Devalvasiyadan sonrakı ilk günlərdə manat və dollar qiymətləri fərqli istiqamətlərdə hərəkət etdi. Qiymətlər manat ifadəsində artdı, dollar ifadəsində azaldı. Devalvasiyadan 1 ay keçməmiş qiymətlər hər iki valyutada yenidən enməyə başladı”.

Rəşad Əliyevin sözlərinə görə, qiymətlərin dollarda enməsi və durğunluq bütün bazar üzrə müşahidə edilsə də, seqmentlər üzrə vəziyyət əhəmiyyətli dərəcədə fərqli olub: “Ən çox zərər çəkən seqment kommersiya obyektləridir. Yaşayış evləri bazarında isə durum seqmentlər üzrə və əmlak növlərinə görə fərqlidir. Ən yaxşı vəziyyət hazırda 1-2 otaqlı köhnə tikililərdəki mənzillər üzrədir. Bu cür mənzillərə tələbat daha çoxdur. Bazarda manatla ümumi qiymət trendi bu cür olub: devalvasiyadan əvvəl orta hesabla 10 faiz azalma gedib, devalvasiyadan sonra isə qiymətlər ümumi hesabla dəyişməyib. Dollar ifadəsində isə bu azalmalar müvafiq olaraq 10 və 25 faiz olub, yəni 1 il ərzində orta hesabla 32,5 faiz azalma qeydə alınıb. Bu, bazar üzrə ümumi göstəricidir.

Seqmentlər üzrə rəqəmlər fərqli olub. Əgər yaşayış seqmentində də belə olsaydı, bu ehtimalla keçən il qiymətlərin pik dövründə, tutalım, 70000 min dollara (54915 manat) təklif edilən Leninqrad layihəli 1 otaqlı mənzili indi təqribən 45900 dollara (qiymət güzəştini və 32,5 faiz azalmanı nəzərə almaqla) və ya 48195 manata almaq olar. Bu, qeyri-likvid ərazilərdə yerləşən mənzillərə aiddir. Mənzil alanların əksəriyyəti bazara üz tutduqda tam fərqli mənzərəyə rast gəlirlər. Çünki onlar bazar üzrə orta göstəricilərə istinad edirlər”.

Keçmiş maliyyə naziri hökumətə təkliflər verdi

31.08.2015

Sabiq maliyyə naziri (1992-1993-cü illər) professor Saleh Məmmədov “Yeni Müsavat” qəzetinin 31 avqust sayında dərc olunmuş məqaləsində Azərbaycanın iqtisadi durumunu təhlil edərək hökumətə təkliflər verib. O yazır: “İlk növbədə daxili ehtiyatlar səfərbərliyə alınmalı, uçot dərəcəsi Avropa ölkələri səviyyəsinə endirilməli, rezerv normaları minimuma salınmalı, manatın emissiyası bir qədər artırılmalı, büdcənin kəsiri xeyli artırılmalı, kredit faizləri 2-3 dəfə azaldılmalı, bunun üçün isə ölkənin kredit resursları ən azı bir neçə dəfə artırılmalıdır. Bir malın qiymətini bazarda aşağı salmaq üçün o malın istehsalını və uyğun olaraq bazara təklifini artırmalısan. Əgər kredit faizini aşağı salmaq istəyirsənsə, kreditin təklif həcmini artırmalısan. Kreditin təklif həcmini isə həm daxili və həm də xarici mənbələr hesabına etmək olar”.

Saleh Məmmədov qeyd edir ki, daxili mənbələr böyükdür, amma onların cəlb olunması üçün şərait o qədər münbit deyil: “Ölkədə elə bir əmanət, sığorta, qarantiya sistemi qurulmalıdır ki, əhali, şirkətlər bankların qarşısında pul çıxartmaq üçün deyil, əmanətə pul qoymaq üçün növbəyə dursun. Son devalvasiyaya qədər yavaş-yavaş belə bir sistem formalaşırdı, amma 34 faizlik devalvasiya (bəlkə də müəyyən qüvvələrin təxribatı nəticəsində) elə bir zərbə vurdu ki, qazandığımız itkilərin 10 faizi də eləmir”.

Professor yazır ki, Azərbaycan qətiyyən təkrar devalvasiyaya yol verə bilməz, bunun üçün heç bir səbəb və şərait yoxdur, tam əksinə, milli valyutanın devalvasiyaya qədər olan etibarını bərpa etməliyik: “Daxili mənbələri səfərbər etmək üçün həm də dövlətin işə qarışması lazımdır, hökumət əmanətləri haqqında qanun qüvvəli qərar verilməli, hökumətin bütün resursları, o cümlədən ekstra valyuta ehtiyatları (BVF-nin normativlərinə görə bizə 3 milyard dollar valyuta rezervləri lazımdır, bizdə isə 45-50 milyard dollardır) məqsədli təyinatı müəyyən edilməklə böyük və etibarlı Azərbaycan banklarında yerləşdirilərək xəzinənin nəzarəti altında investisiyaların maliyyələşdirilməsinə yönəldilməlidir. Xarici mənbələr ciddi və daha böyük rol oynaya bilər. Həm borc mənbəyi, həm əmanət və həm də investisiyalar kimi.

Dünya ölkələrinin borclanma məbləği iqtisadi inkişafı ilə düz mütənasib asılılıqdadır: ümumi daxili məhsulda (ÜDM) xarici borcun payı nə qədər çoxdursa, inkişaf bir o qədər yüksəkdir. ABŞ-ın 18 trilyon dollar xarici borcu var, bu da ölkənin ümumi daxili məhsulu qədərdir, Böyük Britaniyanın xarici borcu onun ÜDM-indən 4 dəfə, Fransanınkı 2,2 dəfə, Niderlandınkı 3,2 dəfə, Sinqapurunku 4 dəfə çoxdur. Bütün inkişaf etmiş ölkələrdə belədir.

Amma geridə qalmış ölkələrdə bu göstərici çox aşağıdır. Məsələn, Nigeriyada 5 faiz, İranda 4 faiz, Haitidə 5 faiz və s. Onlar xaricdən borc ala bilmirlər. Ölkəmizdə bu rəqəm 6-8 faiz həcmindədir (cəmi xarici borc 4 milyard dollardır). Amma Azərbaycanda vəziyyət tamam başqa cürdür, həm inkişaf var, həm borc alma imkanları. Sadəcə özümüz səy göstərib borc ala bilərik. Borclanma imkanlarımız 100 milyard dolların üstündədir, yalnız bu imkandan istifadə etməklə ölkədə neft-qazdan asılılıqdan xilas olmaq mümkündür.

Borclanma prosesinə dərhal başlamaq və böyük miqdarda vəsait cəlb etməklə dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq olar. Büdcənin kəsirinin bağlanması və valyuta balansının tənzimlənməsi üçün Beynəlxalq Valyuta Fondundan bir neçə milyard kredit, infrastruktur layihələri üçün Dünya Bankından, İslam İnkişaf Bankından, biznes layihələri üçün Beynəlxalq Maliyyə Korporasiyasından, Asiya İnkişaf Bankından, Avropa Yenidənqurma və İnkişaf Bankından, iri transmilli korporasiyalardan, bank və fondlardan, Eksimbanklardan, şirkətlərdən, maliyyə bazarlarından, maliyyə şirkətlərindən milyardlarla vəsait cəlb edib bütün layihələri maliyyələşdirmək olar.

Azərbaycana xarici kapital axınını daha da gücləndirmək olar, burada qanunvericilik aktlarını təkmilləşdirməyə ehtiyac var. Həm də xaricə investisiya prosesini tənzimləmək üçün hüquqi baza yaratmaqla xaricə kapital axınını tənzimləmək mümkündür. İnkişaf etmiş ölkələrin təcrübəsində ən geniş yayılmış təcrübə — xarici vətəndaşlardan əmanət cəlb etmə və xarici maliyyə bazarlarında şirkətlərin və hökumətin qiymətli kağızlarının satışının təşkili yolu ilə də böyük miqdarda vəsait toplamaq olar.

Təəssüflər olsun ki, son devalvasiya bu işə ciddi mənfi təsir edib, amma vəziyyəti bərpa etmək olar. Bunun üçün möhkəm və etibarlı maliyyə-bank-pul sistemi qurmamız lazımdır, dünyanın bütün maliyyə mərkəzlərində iri banklarımızın filiallarını qurmalıyıq. İri maliyyə mərkəzlərində əmanətlərin faizi 2 faizdən yuxarı deyil, belə olan halda nə qədər potensial əmanət cəlb etmə imkanlarımız yaranır. Dünyada isə 20 trilyon dollar sərbəst vəsait dolaşmaqdadır, istifadəyə risksiz obyekt axtarır.

Şirkətlərdə olduğu kimi dövlətlərdə də inkişafın 60-70 faizi kreditlər hesabına maliyyələşir. Bu gün böhrandan çıxmaq və hətta ondan yararlanmaq üçün heç bir başlanılan və nəzərdə tutulan investisiya layihəsini dayandırmaq qəti olmaz, bəlkə də normal şəraitdə bu elə də ciddi təsir görsətməzdi, amma böhran şəraitində, panika yaradaraq bütün iqtisadiyyatı iflic edə bilər, potensial imkanlardan istifadə edərək onların hamısını maliyyələşdirmək zəruridir”.

Sabiq maliyyə naziri qeyd edir ki, neft və qazın yanacaq kimi istifadəsi sahələri daralır, onların yeni istiqamətlərə yönəldilməsi zəruridir: “Neft və qazın ucuz satılması əvəzinə onlardan alınan məhsulların baha qiymətə satılması faydalıdır. Bu investisiyalar yüz milyardlarla vəsait tələb edir. Tranzit iqtisadiyyatını qurmaq üçün böyük miqdarda vəsait tələb olunur, amma ikiqat mənfəət verir. Yüksək səviyyəli tranzit iqtisadiyyatı quran Sinqapur heç bir neft-qazı olmayan, Azərbaycanın ən kiçik rayonlarından biri qədər ərazidə elə sistem qurub ki, ildə 450 milyard dollar, yəni Azərbaycandan 20 dəfə çox məhsul ixrac edir (Azərbaycanın illik ixracı 22 milyard dollardır). Real və səmərəli tranzit iqtisadiyyatı qurmaq üçün ilk növbədə bütün qanunvericilik bazasını tranzit iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırmaq lazımdır. Prezidentin qeyd etdiyi kimi, ölkənin ən böyük problemi olan inhisarçılığı aradan qaldırmaq, korrupsiyaya qarşı mübarizəni gücləndirmək gərəkdir”.

Torpaqları mühafizə zonaları

20.08.2015

Torpaqların mühafizəsi, təyinatı üzrə istifadəsi, o cümlədən qanunvericiliklə müəyyən edilmiş mühafizə zonalarına düşən torpaq sahələrindən istifadəyə nəzarəti həyata keçirən Əmlak Məsələləri Dövlət Komitəsi yeni məlumat yayıb. Transparency.az xəbər verir ki, məlumatda Nazirlər Kabinetinin torpaqların mühafizəsi, təyinatı üzrə istifadəsi, qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədi ilə mühafizə zonaları müəyyən etdiyi vurğulanır.


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə