Xəbər bülleteni №28



Yüklə 3,36 Mb.
səhifə4/8
tarix02.01.2022
ölçüsü3,36 Mb.
#2348
1   2   3   4   5   6   7   8
İlham Əliyevlə Robert Köçəryanın görüşləri

11 dekabr 2003-cü il – Cenevrə

28 aprel 2004-cü il – Varşava, Polşa

15 sentyabr 2004-cü il – Astana, Qazaxıstan

15 may 2005-ci il – Varşava

27 avqust 2005-ci il – Kazan, Rusiya

10-11 fevral 2006-cı il – Rambuye, Fransa

5 iyun 2006-cı il – Buxarest, Rumıniya

28 noyabr 2006-cı il – Minsk

9 iyun 2007-ci il – Sankt-Peterburq, Rusiya



İlham Əliyevlə Serj Sərkisyanın görüşləri

5 iyun 2008-ci il – Sankt-Peterburq

2 noyabr 2008-ci il – Moskva

28 yanvar 2009-cu il – Sürix, İsveçrə

7 may 2009-cu il – Praqa

4 iyun 2009-cu il – Sankt-Peterburq

17-18 iyul 2009-cu il – Moskva

8-9 oktyabr 2009-cu il – Kişinyov

22 noyabr 2009-cu il – Münhen, Almaniya

25 yanvar 2010-cu il – Soçi

17 iyun 2010-cu il – Sankt-Peterburq

27 oktyabr 2010-cu il – Həştərxan, Rusiya

5 mart 2011-ci il – Soçi

24 iyun 2011-ci il – Kazan

25 yanvar 2012-cu il – Soçi

19 noyabr 2013-cü il – Vyana, Avstriya

10 avqust 2014-cü il – Soçi

4 sentyabr 2014-cü il – Nyu-Port, Uels

27 oktyabr 2014-cü il – Paris

19 dekabr 2015-ci il – Bern, İsveçrə.

Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini güclü artilleriya atəşinə tutub

02.04.2016

Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini güclü artilleriya atəşinə tutub. Silahlı Qüvvələrimiz tərəfindən cavab tədbirləri görülür.

Transparency.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, hərbi cəhətdən iflasa uğrayan Ermənistanın kriminal rejimi son vaxtlar cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə növbəti dəfə təxribat törətməyə çalışıb.

Aprelin 2-nə keçən gecə bütün cəbhə boyu mövqelərimiz iriçaplı silahlardan, minaatanlardan, qumbaraatanlardan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin yığcam yaşadığı bir sıra yaşayış məntəqələri də düşmənin atəşinə məruz qalıb. Qarşı tərəfin hərbi fəallığını genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.

Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilir.

Cəbhə zonasında baş verən hadisələrlə bağlı mətbuata və ictimaiyyətə əlavə məlumat veriləcək.

Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrinin nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırır.

Müdafiə Nazirliyi: Azərbaycana məxsus helikopterin vurulması barədə məlumatlar yalandır

02.04.2016

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən vurulması barədə düşmən ölkənin mətbuatında yazılanlara münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı AZƏRTAC-a bildirib ki, bu barədə yayılan məlumatlar tamamilə yalandır. Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus aviasiya vasitələri tam heyətdə yerindədir.

Düşmənin döyüş texnikası, canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb

02.04.2016

Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatları nəticəsində aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində yaranan gərginlik hələ də davam edir.

Transparency.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatları əvvəlcədən müəyyənləşdirilib. Silahlı Qüvvələrimizin atəş gücü vasitəsilə edilən həmlələr nəticəsində düşmənin döyüş texnikası, xeyli sayda canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb.

Cəbhədə vəziyyətlə bağlı son məlumat

02.04.2016

Müdafiə Nazirliyinin mətbuat xidməti aprelin 2-si saat 16:30 radələrində cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb. Məlumatda deyilir: “Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.

Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır.

Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Müdafiə naziri döyüşlərdə iştirak edən şəxsi heyətin döyüş qabiliyyətini, hərbi təcrübəsini və döyüş ruhunu yüksək qiymətləndirib.

Müdafiə Nazirliyi bildirir ki, atəşkəs rejimi haqqında razılaşmanın Ermənistan tərəfindən pozulması təkrarən baş verərsə, düşmənə vurulacaq zərbələr daha ağır və sarsıdıcı olacaq”.

Azərbaycan cavab tədbirlərini birtərəfli qaydada dayandırmağa qərar verdi

03.04.2016

“Beynəlxalq qurumların təkidli müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırır, azad olunmuş ərazilərin və torpaqların müdafiəsini gücləndirmə tədbirlərinin təşkilinə başlanması barədə qərar qəbul edir”. Müdafiə Nazirliyi mətbuat xidmətinin aprelin 3-də yaydığı məlumatda belə deyilir.

Məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin təxribatçı fəaliyyətlərindən əl çəkməyəcəyi və yaşayış məntəqələrimizi, mövqelərimizi təkrarən atəşə tutulmasını davam etdirəcəyi təqdirdə qoşunlarımız silahlanmada olan bütün vasitələrdən istifadəyə məhdudiyyət qoymadan düşməni darmadağın edərək işğal altında olan torpaqların azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması məqsədilə hücum əməliyyatlarını davam etdirəcək.

Prezident İlham Əliyev: “Ermənistanın bu hərəkətlərinin səbəbi mənim üçün sirr deyil”

03.04.2016




Aprelin 2-də Təhlükəsizlik Şurasının iclası keçirilib. İclas həmin gün cəbhə xəttində həlak olmuş Azərbaycan vətəndaşlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Prezident İlham Əliyev şəhidlərə Allahdan rəhmət, onların qohumlarına, yaxınlarına səbir, yaralananlara şəfa diləyib. Daha sonra dövlət başçısı Nazirlər Kabinetinə həlak olanların ailələrinə maddi yardım göstərilməsi üçün təkliflər irəli sürməyi, Müdafiə Nazirliyinə isə döyüş əməliyyatlarında fərqlənmiş, Vətən uğrunda qəhrəmancasına döyüşmüş insanları təltif etmək üçün təkliflər təqdim etməyi tapşırıb.

Təhlükəsizlik Şurasının iclasındakı çıxışında prezident İlham Əliyev deyib:

- Bu, Ermənistanın ölkəmizə qarşı növbəti silahlı təxribatıdır. Birinci dəfə deyil ki, Ermənistan bu cür təxribatlara əl atır. Bir neçə gün bundan əvvəl Azərbaycan-Ermənistan sərhədində, Qazax istiqamətində də oxşar təxribat törədilmişdir. Bizim mövqelərimizə Ermənistanın təxribatçı qrupları hücum çəkmişlər. Bu hücum nəticəsində iki hərbçimiz həlak olmuşdur. Düşmənə layiqli cavab verilmişdir. Düşmən yerinə oturduldu.

Yəni, bunu demək istəyirəm ki, bugünkü təxribat da Ermənistanın Azərbaycana qarşı məkrli siyasətinin təzahürüdür. Bu gün erməni təxribatı Azərbaycan Ordusu tərəfindən layiqincə cavablandırıldı. Düşmənə çox böyük zərbələr endirildi. Düşmən böyük itkilər verdi. Müdafiə naziri bu gün bu məsələ ilə bağlı daha ətraflı məlumat verəcək. Deyə bilərəm ki, düşmənə sarsıdıcı zərbə vuruldu.

Bununla bərabər, bizim qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər. Eyni zamanda, daha əlverişli hərbi mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Aparılan hərbi əməliyyat nəticəsində, — onu da qeyd etmək istəyirəm ki, bu əməliyyat təxribata cavab olaraq aparılmışdır, — biz böyük hərbi qələbəni qazandıq. Bu münasibətlə Ordumuzu, bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm.

Əminəm ki, bundan sonra da düşmənin bütün təxribatları cavabsız qalmayacaq. Düşmənə bundan sonra da layiqli cavab veriləcək. Azərbaycan Ordusu buna qadirdir. Azərbaycan övladları öz doğma torpağını müdafiə edirlər, Vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaq.

Ermənistanın bu hərəkətlərinin də səbəbi mənim üçün sirr deyil. Mən dəfələrlə həm Azərbaycan ictimaiyyətinə, həm bu məsələ ilə bağlı olan vasitəçilərə, vasitəçilik edən ölkələrin başçılarına öz fikirlərimi bildirmişdim. Ermənistan sülh istəmir. Ermənistan işğal edilmiş torpaqlardan çəkilmək istəmir və bütün səyləri ona yönəldib ki, status-kvonu maksimum saxlaya bilsin. Bu sözlərin kifayət qədər çox sübutları var. Danışıqlar prosesi iyirmi ildən artıqdır ki, aparılır. Bu iyirmi il ərzində həlledici məqamlarda Ermənistan həmişə təxribatlara əl atırdı. Təmas xəttində Ermənistan tərəfindən daim gərginlik yaradılır. Eyni zamanda, keçən əsrin sonlarında Ermənistan parlamentində terror aktının törədilməsi də məhz bu məqsədi güdürdü ki, münaqişə ilə bağlı mümkün olan razılaşmanı əngəlləsinlər və beləliklə, status-kvonu saxlaya bilsinlər.

Xatırlayırsınız, 2014-cü ildə Fransa prezidenti cənab Oland Parisdə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etmişdi. Görüş çox konstruktiv şəraitdə keçmişdi və görüşün nəticəsi ümidlər verirdi. Orada biz, eyni zamanda, təmas xəttində təhlükəsizlik, etimad tədbirlərinin gücləndirilməsi haqqında danışırdıq. Ancaq o görüşdən iki həftə keçməmiş Ermənistan işğal edilmiş torpaqlarda – Ağdam rayonunun ərazisində özlərinin dediyi kimi, 47 min şəxsi heyətin iştirakı ilə hərbi təlimlər keçirməyə başlamışdı. Bu, sırf təxribat xarakterli bir addım idi. Bunun nə mənası var idi? Xüsusilə Parisdə keçirilmiş uğurlu sayılan görüşdən sonra.

Bir neçə gün Azərbaycan Ordusu özünü çox təmkinlə aparırdı. Mən də göstəriş vermişdim ki, biz təxribatlara uymayaq. Ancaq ondan sonra düşmən daha da azğınlaşmışdır, bizim mövqelərimizə hücum çəkmişdir, hərbi helikopterləri işə salmışdır. Azərbaycan Ordusu helikopterin birini məhv etmişdir. Bu, Ermənistana lazım idi. Onların təxribatı idi. Lazım idi desinlər ki, Azərbaycan atəşkəsi pozur. Azərbaycan burada özünü aqressiv aparır və sair.

Bugünkü təxribat da, bax, bu mənbədən gələn təxribatdır. Yenə də bizim mövqelərimizə hücum çəkirlər. Bizim əsgərlərimiz, zabitlərimiz həlak olur. Ondan sonra Azərbaycan Ordusu onların başını əzir və indi dünyaya hay-haray çəkirlər ki, Azərbaycan atəşkəsi pozur. Biz atəşkəsi pozmamışıq, biz sadəcə olaraq təxribata layiqli cavab vermişik. Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq.

Ermənistanın əsas məqsədi status-kvonun dəyişməz qalmasıdır. Əfsuslar olsun ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının çoxsaylı bəyanatları Ermənistan rəhbərliyinə heç bir təsir göstərmir. Bu bəyanatlar ondan ibarətdir ki, ABŞ, Rusiya və Fransa dövlətlərinin başçıları dəfələrlə bildirmişlər: status-kvo qəbuledilməzdir, dəyişməlidir və məsələ tezliklə öz həllini tapmalıdır.

Status-kvonun dəyişdirilməsi o deməkdir ki, işğalçılar işğal edilmiş torpaqlardan çıxmalıdır. Ermənistan rəhbərliyi bunu istəmir. Əsas məsələ bundan ibarətdir. Onlar istəyirlər ki, bu, sonu olmayan prosesə çevrilsin. İstəyirlər ki, danışıqlar bundan sonra da iyirmi il davam etsin. Onlar özlərini danışıqlar masası arxasında qeyri-səmimi aparırlar. Bu yaxınlarda Rusiya prezidenti və Rusiyanın xarici işlər naziri digər həmsədrlərlə birlikdə müəyyən təkliflər irəli sürmüşlər. Biz bunu alqışlayırıq. Həm görüş əsnasında və rəsmi bəyanatlarda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı öz fikirlərini bildirmişlər.

Azərbaycanın ərazi bütövlüyünə böyük dəstək göstərilmişdir. Görüşlər onu göstərir ki, Amerika tərəfi münaqişənin tezliklə həll olunması üçün çox maraqlıdır. Bilirəm ki, Ermənistan rəhbərinə də müəyyən siqnallar, mesajlar verilmişdir. Yəni, son vaxtlar həmsədrlər, onların dövlətlərinin başçıları çalışırlar ki, məsələ həll olunsun. Nüvə Sammiti hələ başa çatmamış Ermənistan bu çirkin təxribatı törədir, sülh prosesinə çox böyük zərbə vurur. Bundan istifadə etməyə çalışır ki, Azərbaycanı günahlandırsın.

Onların sərəncamında olan satqın kütləvi informasiya vasitələri, satqın siyasətçilər, korrupsiyaya uğramış politoloqlar, şərhçilər indi sıraya düzülüblər ki, Azərbaycanı ittiham etsinlər. Əgər indi bəzi ölkələrin mətbuatına nəzər salsanız, görərsiniz ki, birtərəfli məlumat gedir. Azərbaycan ittiham olunur. Döyüşlərlə bağlı təhrif edilmiş məlumatlar verilir.

Ermənistan ordusu bu gün çox böyük zərbə almışdır. Atəşkəs rejimindən sonra ilk dəfədir ki, onlara belə sarsıdıcı zərbə vuruldu. Bunun günahkarı onlar özləridir. Ancaq çalışırlar ki, həm ictimai rəyi çaşdırsınlar, itkiləri gizlətsinlər. Eşitdiyimə görə, Ermənistan rəhbəri ictimaiyyətə itkilərlə bağlı qeyri-dəqiq məlumat ötürməyə çalışır. Bu, açıq-aydın onu göstərir ki, bunlar sadəcə olaraq öz xalqını aldatmaq istəyirlər. Bu gün Ermənistan tərəfi bütün imkanlardan — diaspor təşkilatlarından, müxtəlif ölkələrdə onların agentlərindən, korrupsiyaya uğramış siyasətçilərdən istifadə edir ki, bütün günahı Azərbaycanın boynuna qoysun.

Bizim heç bir günahımız yoxdur. Biz sadəcə olaraq bu təxribata cavab vermişik. Düz də etmişik. Bizə qarşı yenə təxribat törədilərsə onlar yenə də öz cəzalarını alacaqlar. Bu, bir. İkincisi, biz öz torpağımızda vuruşuruq. Biz Ermənistan torpağını işğal etməmişik. Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm.

Ermənistan bütün beynəlxalq normaları pozubdur. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur, digər təşkilatların qərar və qətnamələrini saymır. İşğal edilmiş torpaqlarda bütün binaları, tarixi, dini abidələrimizi vəhşi kimi dağıdıb. ATƏT-in faktaraşdırıcı missiyası işğal edilmiş torpaqlarda iki dəfə olmuşdur. Onların məlumatları bizdə var. Bizim məscidlərimiz, qəbirlərimiz, tarixi abidələrimiz, binalarımız, muzeylərimiz dağıdılıb. Bütün qiymətli əşyalar talan edilib. Bu, misli görünməmiş vəhşilikdir. Bu gün İrəvanda ən yüksək kabinetlərdə oturan cəlladlar vəhşicəsinə Xocalı soyqırımını törətmişlər. Onlar bunun cavabını verməlidirlər, yoxsa yox?!

Biz səbir, dözümlülük, konstruktivlik göstəririk. Baxmayaraq ki, biz 20 ildən artıqdır atəşkəs rejimində yaşayırıq. Yenə də çalışırıq ki, məsələ sülh yolu ilə öz həllini tapsın. Mən bunu dəfələrlə bəyan etmişəm, bu gün də deyirəm ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Biz müharibə istəmirik. Biz istəmirik ki, qan tökülsün. İstəmirik ki, gənc insanlar həlak olsunlar. Biz istəmirik ki, anaların göz yaşları tökülsün. Azərbaycan, Ermənistan analarının göz yaşları tökülməsin. Ancaq biz öz haqqımızı tələb edirik.

Manat dəyər artırıb

04.04.2016

Aprelin 4-də Azərbaycan manatı Braziliya rialı istisna olmaqla Mərkəzi Bankın məzənnə cədvəlindəki bütün valyutalara nəzərən dəyərini artırıb (1 Braziliya rialı 0,4248 manatdır).

Mərkəzi Bank 1 ABŞ dollarının kursunu 1,5238 manatdan 1,5094 manata endirib.

Transparency.az digər valyutaların rəsmi kursunu diqqətə çatdırır:

1 avro – 1,7182 manat

1 gürcü larisi – 0,6584 manat

1 ingilis funt sterlinqi – 2,1468 manat

1 İsveçrə frankı – 1,5735 manat

1 Rusiya rublu – 0,0223 manat

1 türk lirəsi – 0,5344 manat.

Cəbhədə yeni döyüşlər: Azərbaycan ordusu 3 şəhid verdi

04.04.2016

Müdafiə Nazirliyinin mətbuat xidməti cəbhədə vəziyyətlə bağlı yeni məlumat yayıb. Məlumatda deyilir: “Aprelin 3-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini dayandırmasına baxmayaraq Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam edir.

Düşmən tərəfi itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutur.
Ötən gün və gecə ərzində aparılan döyüşlərdə ermənilər canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkilərə məruz qalıb.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbir diləyir”.

Transparency.az xatırladır ki, aprelin 2-də Azərbaycanın Silahlı Qüvvələri Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində atəşkəsi pozan erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlə zamanı erməni birləşmələrinin birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Füzuli rayonu istiqamətində yerləşən strateji əhəmiyyətli “Lələ təpə” yüksəkliyi də Azərbaycan bölmələrinin nəzarətinə keçib. Döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbi qulluqçusu şəhid olub.

Aprelin 3-də Azərbaycan Silahlı Qüvvələri əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırıb, azad olunmuş ərazilərin və torpaqların müdafiəsini gücləndirmə tədbirlərinin təşkilinə başlanması barədə qərar qəbul edib.

Nazir müavinlərinin təyinatını nazirlərə vermək olarmı?

04.04.2016



Azərbaycan Konstitusiyasına görə, baş naziri, onun müavinlərini, nazirləri və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini vəzifəyə təyin etmək prezidentin səlahiyyətindədir. Nazirliklərin və başqa mərkəzi icra hakimiyyəti orqanlarının statusu dövlət başçısının təsdiqlədiyi əsasnamələr çərçivəsində tənzimlənir. Bu əsasnamələrə nəzər salanda Nazirlər Kabineti qurumlarının tək rəhbərlərini yox, müavinləri də prezidentin təyin etdiyi görünür.

Nazirin və ya komitə sədrinin özünə müavin təyin etmək səlahiyyətinin olmaması idarəçilik prinsipi baxımından nə dərəcədə doğrudur? Nazir müavinlərinin təyinatını nazirlərə vermək olarmı? Transparency.az bu sualı Milli Məclisin deputatı, baş nazirin sabiq müavini Vahid Əhmədova, Xalq Partiyasının sədri, sabiq dövlət katibi və baş nazir Pənah Hüseynə, hüquqşünas Ələsgər Məmmədliyə ünvanlayıb.

Vahid Əhmədov indiki təyinat praktikasını doğru sayır: “Nazir və nazir müavinləri birbaşa dövlət başçısına tabe olan məmurlardır. Mərkəzi icra hakimiyyəti orqanlarının yüksək vəzifəli şəxsləri ciddi məsuliyyət daşıyırlar. Bəzən bir çox məsələ ilə birbaşa nazir məşğul olmur, bu işləri müavininə tapşırır. Həmin məsələlər haqqında prezidentə də müavin hesabat verir. Ona görə də mərkəzi icra hakimiyyəti orqanlarında müavinləri vəzifəyə prezidentin təsdiq etməsi qanunauyğundur və düzgündür.

Bəzi ölkələrdə prezident nazirləri, onlar isə öz müavinlərini vəzifəyə təsdiq edir. Amma biz, görünür, hələ o səviyyəyə çatmamışıq. Yəqin demokratik proseslər inkişaf edib genişləndikcə Azərbaycanda da bu qaydaya keçilə bilər”.

Pənah Hüseyn də nazir müavinlərini prezidentin təyinat etməsini məqsədəuyğun sayır: “Belə təyinat forması nazir müavinlərinin idarəçilikdə müstəqilliyinə təminat verir. Bir vaxtlar nəinki nazir müavinlərini, Nazirlər Kabinetinin bəzi şöbələrinə rəhbərləri də prezident təyin edirdi.

Azərbaycanda idarəçilik sistemi sərt prezident idarə üsulunun dominantlığı əsasında qurulub. İdarəçilik sistemi konstitusion qaydada dəyişməsə, hansısa kosmetik, ikinci dərəcəli islahatlarla irəli getmək mümkün deyil. Ölkədə parlamentə həqiqi hesabatlı hökumət fəaliyyət göstərərsə, təyinat formasında dəyişiklik də diqqət mərkəzinə gətirilə bilər”.

Ələsgər Məmmədli mərkəzi icra hakimiyyəti orqanı rəhbərlərinin özünə müavin götürmək səlahiyyətinə sahib olmamasını onların asılılığı ilə əlaqələndirir: “Siyasi baxımdan hökumətin fəaliyyətinə prezident cavabdehdir. Nazir ayrıca siyasi məsuliyyət daşımır və onu vəzifədən ancaq prezident azad edə bilər. Müstəqil məsuliyyəti yoxdur deyə özünə müavini təyin etməsi də məntiqli deyil. Səlahiyyət kimdədirsə, məsuliyyət də ondadır”.

Təhlükəsizlik Şurası: tarixi, statusu, üzvləri

04.04.2016


Təhlükəsizlik Şurasının 2 aprel iclası geniş tərkibdə keçirilib. Prezident İlham Əliyevin sədrlik etdiyi iclasa baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyası rəhbərinin müavini, prezidentin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, müdafiə naziri Zakir Həsənov, daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov, Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini Bəylər Eyyubov qatılıb.

Transparency.az bildirir ki, Təhlükəsizlik Şurası prezident yanında məşvərətçi orqandır. Dövlət başçısının rəsmi saytında qurumun statusu barədə deyilir: “Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində prezidentin öz konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir”.

Təhlükəsizlik Şurasının iclaslarına prezident sədrlik edir. Şuranın katibi funksiyalarını Prezident Administrasiyasının rəhbəri yerinə yetirir. Administrasiya rəhbəri Təhlükəsizlik Şurasının fəaliyyətini təmin edir, onun iclaslarının hazırlanmasına rəhbərlik edir. İclasların gündəliyi və məsələlərin müzakirəsi qaydasını administrasiya rəhbərinin təqdimatı əsasında prezident müəyyənləşdirir.

1997-ci il aprelin 10-da prezident fərmanı ilə yaradılmış Təhlükəsizlik Şurasının tərkibinə bu vəzifəli şəxslər daxil edilib:

Milli Məclisin sədri

baş nazir

Prezident Administrasiyasının rəhbəri

xarici siyasət məsələləri üzrə dövlət müşaviri

hərbi işlər üzrə dövlət müşaviri

baş prokuror

xarici işlər naziri

müdafiə naziri

milli təhlükəsizlik naziri

daxili işlər naziri.

2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətləri yaradılıb.

Hərbi işlər üzrə dövlət müşaviri postu 1993-cü ildə təsis edilib. Ancaq 1999-cu ildə Nurəddin Sadıqov hərbi işlər üzrə dövlət müşaviri vəzifəsindən azad ediləndən bu posta təyinat olmayıb.

Xarici siyasət məsələləri üzrə dövlət müşaviri postu 1992-ci ildə yaradılıb. 1999-cu ildə Vəfa Quluzadə xarici siyasət məsələləri üzrə dövlət müşaviri vəzifəsindən azad ediləndən bəri bu posta da vakantdır.

Ermənilərin komanda-qərargah məntəqəsi dağıdılıb

04.04.2016

Aprelin 4-də Müdafiə Nazirliyinin mətbuat xidməti cəbhədə vəziyyətlə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyət göstərən komanda-qərargah məntəqəsi dəqiq cavab atəşi ilə darmadağın edilib.

Ermənistan ordusunun çoxlu sayda hərbi qulluqçusunun, polkovnik və general rütbəli zabitlərinin məhv edildiyi vurğulanır. Müdafiə Nazirliyi bildirir ki, həyata keçirilən əməliyyatla bağlı video ictimaiyyətə təqdim olunacaq.

Transparency.az bildirir ki, 1988-ci ildə başlayan Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını, eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib. 1994-cü ildə elan olunan atəşkəsdən bəri sülh danışıqları heç bir nəticə vermir.

Bu il aprelin 2-də Azərbaycanın Silahlı Qüvvələri Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində atəşkəsi pozan erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlə zamanı erməni birləşmələrinin birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Füzuli rayonu istiqamətində yerləşən strateji əhəmiyyətli “Lələ təpə” yüksəkliyi də Azərbaycan bölmələrinin nəzarətinə keçib. Döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbi qulluqçusu şəhid olub.

Aprelin 3-də Azərbaycan Silahlı Qüvvələri əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırıb, azad olunmuş ərazilərin və torpaqların müdafiəsini gücləndirmə tədbirlərinin təşkilinə başlanması barədə qərar qəbul edib. Ancaq ermənilər atəşi dayandırmır. Aprelin 4-nə olan rəsmi məlumata görə, yeni döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri 3 hərbi qulluqçu itirib.

Təhsil Nazirliyi müraciət statistikası açıqlayıb

04.04.2016



Mart ayında Təhsil Nazirliyinin telefon məlumat mərkəzinə (“Qaynar xətt”: 146) daxil olan zənglər və vətəndaşların qəbulu mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Rəsmi məlumata görə, ay ərzində 12669 müraciət qəbul edilib. Statistikaya əsasən, telefon məlumat mərkəzinə 9582 zəng (2015-ci illə müqayisədə 1,8 dəfə çox) daxil olub. Vətəndaşların qəbulu mərkəzində isə bu dövrdə 3087 vətəndaşa xidmət göstərilib. Nazirlik 1303 sənəd (582 məktub, 378 ərizə, 343 digər sənəd) qəbul edib.

Daxil olan müraciətlərdən daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu və yerdəyişməsi, ümumi təhsil məktəblərinin 1-ci siniflərinə şagird qəbulu, tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunması ilə bağlı məsələlər əksini tapıb.

Banklararası Kart Mərkəzi istismara verilib

04.04.2016

Mərkəzi Bank Banklararası Kart Mərkəzinin (BKM) istismara verilməsi haqqında məlumat yayıb. Qurum bildirir ki, Banklararası Kart Mərkəzi emissiya olunan ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin tam şəkildə ölkədə həyata keçirilməsini təmin edəcək.

Aprelin 1-dən tam istismara verilən BKM ölkədə prosessinq fəaliyyəti göstərən bütün təşkilatların infrastrukturları arasında interfeysi təmin edir, bununla da rezident bankların emissiya etdiyi ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatların emalı artıq bu infrastruktur vasitəsilə həyata keçirilir.

Rəsmi məlumatda qeyd olunur ki, BKM-in yaradılması ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə hesablaşmalarda effektivliyin daha da artırılması, xidmət haqlarının bazar tələblərinə uyğun olaraq çevik tənzimlənməsinin təşkili, habelə nağdsız hesablaşmaların səmərəliliyinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Rəsmi valyuta ehtiyatları da artıb, pul bazası da

04.04.2016

Aprelin 1-nə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 4 milyard 65,8 milyon dollar olub. Transparency.az xəbər verir ki, bu, martın 1-nə olan göstəricidən 39,5 milyon dollar çoxdur. Bir ay öncə rəsmi valyuta ehtiyatları 4 milyard 26,3 milyon dollar idi.

Mərkəzi Bankın başqa bir hesabatına görə, pul bazası da artıb. Martın 1-nə pul bazasının həcmi 6 milyard 388,5 milyon manat olub, aprelin 1-nə göstərici 6 milyard 535,8 milyon manata çatıb. Bu, 147,3 milyon manat artım deməkdir.

Müdafiə Nazirliyində hərbi attaşelərin iştirakı ilə toplantı keçirilib

04.04.2016




Aprelin 4-ü Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin iştirakı ilə toplantı keçirilib. Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən toplantıda idarənin rəisi general-mayor Hüseyn Mahmudov iştirak edib.

Görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranan gərginliklə bağlı, o cümlədən atəşkəsin pozulması səbəbləri, ermənilərin müdafiənin ön xəttinə etdiyi basqın cəhdləri, iriçaplı silahlardan mütəmadi olaraq cəbhə xətti boyu yerləşən Azərbaycan kəndlərinin atəşə tutulması barədə məlumatlar təqdim edilib.

Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, hərbi attaşelər mülki əhalinin yaşayış binalarının, nəqliyyat vasitələrinin və sahəyanı ərazilərinin intensiv artilleriya silahlarından atəş altında saxlanması, bunun nəticəsi olaraq düşmənin təxribatçı hərəkətlərinin qarşının alınması barədə məlumatlandırılıblar.

Dollar alan yoxdur, ümid Mərkəzi Banka qalır

04.04.2016

“Mərkəzi Bank növbəti hərraclarda dollar alıcısı qismində çıxış edə bilər”. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramov özəl şərhində belə iddia irəli sürür.

Ekspert qurumun məcburiyyət üzündən bu addımı atacağını düşünür: “Son hərraclarda Dövlət Neft Fondunun satışa çıxardığı dollara tələb olduqca azalıb. Hətta son hərracda fond 100 milyon dollardan cəmi 1 faizini sata bilib. Bu isə dollarlaşma səviyyəsinin yüksək olması və hərraca çıxarılan pula tələbin kəskin azalması ilə bağlıdır. Amma Dövlət Neft Fondu öz xərcləri üçün dollarını manata çevirməlidir. Başqa cür o, xərcləmə edə, o cümlədən büdcəyə köçürmə reallaşdıra bilməz. Banklar isə dollar almır.

Bu halda manatı olan digər qurum Mərkəzi Bankdır. Güman olunur ki, Mərkəzi Banka növbəti hərraclarda artıq xarici valyuta satışını deyil, dollar alışını həyata keçirəcək. Bu isə manat-dollar məzənnəsinin yenidən sabitləşməsinə gətirib çıxara bilər. Çünki dollara yenidən tələb formalaşacaq. Əgər Mərkəzi Bank hərraclara müntəzəm alıcı qismində çıxarsa, bu, manatın məzənnəsindəki möhkəmlənmələrin dayanmasına, hətta dolların bahalaşmasına gətirib çıxara bilər. Mərkəzi Bank bununla öz xarici valyuta ehtiyatlarını artırmaq və manat bazasını genişləndirmək imkanı da əldə edəcək. Manat bazasının artması isə yenidən bazarda dollara tələbin yüksəlməsi deməkdir”.

Ekspert qeyd edir ki, Dövlət Neft Fondunun vəsaiti hesabına Mərkəzi Bank ötən ay xarici valyuta ehtiyatlarını da artıra bilib: “Mart ayının sonuna Mərkəzi Bankın xarici valyuta ehtiyatları 4 milyard 65,8 milyon dollar olub. Bu, əvvəlki ayla müqayisədə 39,5 milyon dollar və ya 1 faizə yaxın artım deməkdir. Mərkəzi Bankın valyuta ehtiyatlarını qoruyub saxlaması ötən ay hərraclarda Dövlət Neft Fondunun dollar təklif etməsi ilə bağlıdır. Hərraclara qatılmayan Mərkəzi Bank öz valyuta ehtiyatlarını qoruyub saxlaya bildi.

Eyni zamanda Azərbaycanda dövriyyədə olan manat kütləsi 6 milyard 535,8 milyon manata çatıb. Bu, fevral ayının yekunu ilə müqayisədə 147,3 milyon manat çoxdur. Deməli, bir tərəfdən Mərkəzi Bankın xarici valyuta ehtiyatlarında, digər tərəfdən isə manat bazasında cüzi artımlar baş verib”.

Ermənilərin 3 tankı, 30-dək hərbi qulluqçusu məhv edilib

04.04.2016

Aprelin 4-də erməni silahlı bölmələri Xocavənd-Füzuli istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd göstərib. Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, cavab olaraq Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurub.

Rəsmi məlumata görə, əks-hücum zamanı erməni silahlı qüvvələrinin 3 tankı və 30-dək hərbi qulluqçusu məhv edilib: “Qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə düşmənin bir batareyası da darmadağın olub. Silahlı Qüvvələrimiz cəbhə boyu əməliyyat şəraitini tam nəzarət altında saxlayır”.

Reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təminat: üç aylıq hesabat yayılıb

04.04.2016

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar yanvar-mart aylarında 7 min 297 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunub. Protez-Ortopedik Bərpa Mərkəzinin verdiyi məmulatların 553 ədədi əlil arabaları, 202 ədədi aşağı ətraf protezi, 438 ədədi dirsəkaltı ağac, 203 ədədi dördayaqlı dayaq vasitəsi, 175 ədədi bel və boyun nahiyəsi üçün korsetlərdir.

Əlil şəxslərə həmçinin 909 cüt ortopedik ayaqqabı, 158 ədəd eşitmə aparatı, 1796 ədəd müxtəlif reabilitasiya vasitəsi, 553 ədəd əsa verilib. 222 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilərək yenidən sahiblərinə təqdim edilib.

İlin birinci rübündə əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7 faiz çox protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 2,2 dəfə çox əlil arabası verilib.

Hesabata əsasən, üç ayda Protez-Ortopedik Bərpa Mərkəzi və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində 179 nəfər müvafiq şəxsə reabilitasiya xidmətləri göstərilib.

Valyuta ehtiyatları niyə artıb?

04.04.2016



İqtisadçı ekspert Samir Əliyev Mərkəzi Bankın valyuta ehtiyatlarında artımı şərh edib. Transparency.az-ın məlumatına görə, ekspert yazır ki, artım valyuta ehtiyatlarının aktivlərinin yenidən qiymətləndirilməsi nəticəsində baş verə bilər: “Çünki mart ayında dollar əsas valyutalara münasibətdə ucuzlaşıb. Valyuta ehtiyatlarının təxminən üçdə birini təşkil edən avro dollara münasibətdə mart ayında 5,4 faiz artaraq 1,08 dollardan 1,138 dollara yüksəlib. Bu isə təxmini hesablamalara görə, 60-65 milyon dollar əlavə artım deməkdir.

Ötən ay ehtiyatda üçüncü ən böyük paya malik ingilis funtu dollara nisbətən 3,3 faiz bahalaşıb. Göründüyü kimi, aktivlərin martın 31-nə yenidən qiymətləndirilməsi nəticəsində ehtiyatların artımı baş verib”.

Aprelin 1-nə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 4 milyard 65,8 milyon dollar olub. Bu, martın 1-nə olan göstəricidən 39,5 milyon dollar çoxdur. Bir ay öncə rəsmi valyuta ehtiyatları 4 milyard 26,3 milyon dollar idi.

Mərkəzi Bankın hesabatına görə, pul bazası da artıb. Martın 1-nə pul bazasının həcmi 6 milyard 388,5 milyon manat olub, aprelin 1-nə göstərici 6 milyard 535,8 milyon manata çatıb. Bu, 147,3 milyon manat artım deməkdir.

Ekspert Samir Əliyevin fikrincə, aprel ayında vəziyyət Dövlət Neft Fondunun bazara hansı həcmdə dəstəyindən və Mərkəzi Bankın manat intervensiyasının həcmindən asılı olacaq: “Dollar satışı artsa, bu, Mərkəzi Bankın valyuta ehtiyatlarını artıra bilər. Çünki dollar təklifinin artması Mərkəzi Bankı alış həyata keçirtməyə məcbur edəcək. Ancaq manatın möhkəmlənməsi, yəni 1 dolların 1,50 manat həddini də keçməsi hökumətə sərf etmir. Dövlət Neft Fondunun digər öhdəlikləri onun bazarda iştirakını bir qədər azalda bilər. Belə vəziyyətdə əsas güc yenə baş bankın üzərinə düşəcək. Mərkəzi Bank isə öz növbəsində aprel ayında da ehtiyatların 4 milyard dollardan aşağı düşməsinə imkan verməyəcək”.

Mərkəzi Bank dollar almağa başladı

04.04.2016

Mərkəzi Bank aprelin 4-də təşkil olunan hərracda 400 min ABŞ dolları alıb. Qurumdan Transparency.az-a verilən rəsmi məlumata görə, dollar alışına təklifin tələbi üstələməsi, manatın ABŞ dollarına nəzərən məzənnəsinin əhəmiyyətli möhkəmlənməsi səbəb olub.

Mərkəzi Bank bildirir ki, məzənnənin qısamüddətli tərəddüdlərinin məhdudlaşdırılması məqsədilə valyuta bazarında alış yönlü müdaxilənin aparılması zərurəti yaranıb.

Serj Sərkisyan qondarma rejimi tanımaqla hədələyir

04.04.2016




Ermənistan prezidenti Serj Sərkisyan aprelin 4-ü paytaxt Yerevanda ATƏT ölkələrinin səfirləri ilə görüşüb. Novator.az-ın məlumatına görə, Qarabağ cəbhəsində aprelin 2-dən davam edən savaşdan söz açan Ermənistan prezidenti deyib ki, Dağlıq Qarabağ rejimi ilə qarşılıqlı hərbi yardım haqqında müqavilə hazırlanır.

Serj Sərkisyan deyib ki, hərbi əməliyyatların vüsət alması ağır nəticələrə, hətta genişmiqyaslı müharibəyə gətirə bilər, bu isə təkcə Cənubi Qafqazda deyil, bütün Avropada təhlükəsizliyə və sabitliyə mənfi təsir edəcək. O əlavə edib ki, hərbi əməliyyatlar genişlənsə, Ermənistan Dağlıq Qarabağ rejimini müstəqil dövlət kimi tanıyacaq.

1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistana birləşmək istəyi ilə separatçı hərəkat başlayıb. Bu hərəkat müharibə ilə nəticələnib. 1991-ci ildə Dağlıq Qarabağ bölgəsi müstəqillik elan edib, savaş şiddətlənib. Hazırda Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı digər 7 Azərbaycan rayonu Ermənistanın işğalı altındadır. 1994-cü ildə elan olunan atəşkəsdən bəri sülh danışıqları heç bir nəticə vermir.

Bu il aprelin 2-də Azərbaycanın Silahlı Qüvvələri Qarabağda atəşkəsi pozan Ermənistan ordusuna qarşı cavab tədbiri keçirib və bəzi məntəqələri azad edib. Ara verməyən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 15 hərbi qulluqçusu şəhid olub.

Aprelin 3-də Azərbaycan Silahlı Qüvvələri əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırıb. Ancaq ermənilər atəşkəsə riayət etmir.

Nazirliyin iki elektron xidmətindən 5 milyon dəfədən çox istifadə olunub

04.04.2016


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən mart ayında 172 min 382 dəfə istifadə olunub. Rəsmi məlumata görə, əhali “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə 152 min 585 dəfə müraciət edib. “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən isə vətəndaşlar 19 min 797 dəfə faydalanıb.

“Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti işəgötürənlər və işçilər arasında bağlanan hər bir əmək müqaviləsi, müqaviləyə dəyişiklik edilməsi, yaxud xitam verilməsi barədə müvafiq bildiriş formalarının elektron şəkildə qeydiyyatdan keçirilməsinə xidmət edir.

İşçilər onlarla bağlanmış əmək müqaviləsi bildirişi barədə məlumat əldə etmək istədikdə isə buna “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti vasitəsilə nail olurlar.

Hər iki e-xidmətdən 2014-cü ilin iyulundan indiyədək 5 milyon 33 min 826 dəfə istifadə qeydə alınıb.

Müdafiə Nazirliyi: “Erməni hərbi qulluqçuları geri çəkilir”

04.04.2016

Müdafiə Nazirliyinin mətbuat xidməti aprelin 4-ü cəbhədəki vəziyyətlə bağlı yeni məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər və dəqiq vurulan atəş zərbələri nəticəsində böyük itkilərə məruz qalan erməni hərbi qulluqçuları mövqelərini tərk edir, geri çəkilir: “Son saatlar ərzində birləşmələrimizin cavab atəşləri nəticəsində erməni tərəfinin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb.

Silahlı Qüvvələrimizin nəzarətinə keçən daha əlverişli və strateji cəhətdən üstün mövqelərdə mühəndis-istehkam möhkəmləndirmə işləri, ərazinin vizual kəşfiyyatı və atəşin korrektəsi tədbirləri icra edilir”.

Müdafiə naziri göstəriş verdi: Xankəndiyə dağıdıcı zərbələr endirməyə hazır olun

04.04.2016




Cəbhə boyu ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələri uğursuzluqlarının əvəzini qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrimizi atəşə tutaraq mülki əhaliyə ziyan vurmaqla çıxmağa başlayıb. Bununla bağlı aprelin 4-ü axşam Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Müdafiə Nazirliyinin dəfələrlə qarşı tərəfi təkidlə xəbərdar etməsinə baxmayaraq, Ermənistan bu cür qeyri-insani addımlar atmaqla Azərbaycanı da adekvat tədbirlər görməyə təhrik edir. Lakin Azərbaycan tərəfi bir daha Ermənistanı beynəlxalq hüquq normalarına riayət edərək dinc əhaliyə qarşı zor tətbiqindən çəkinməyə çağırır.

Müdafiə Nazirliyi bildirir ki, yaşayış məntəqələrimizə düşmən tərəfindən endirilən zərbələrin qısa müddətdə dayandırılmayacağı təqdirdə müdafiə naziri raket-artilleriya qoşunları da daxil olmaqla Silahlı Qüvvələrin bütün qoşun növlərinə sərəncamda olan ağır döyüş vasitələri ilə işğal olunmuş Xankəndi şəhəri və digər yaşayış məntəqələrinə dağıdıcı zərbələrin endirilməsinə hazır olmaları barədə göstəriş verib.

Dollar bahalaşdı

05.04.2016

Azərbaycan manatı aprelin 5-də Mərkəzi Bankın məzənnə cədvəlində yer alan aparıcı valyutalar qarşısında ucuzlaşıb. 1 ABŞ dollarının rəsmi kursu 1,5094 manatdan 1,5165 manata yüksəlib.

Transparency.az-ın məlumatına görə, avro da bahalaşıb. 1 avronun rəsmi məzənnəsi ötən gün 1,7182 manat olub, aprelin 5-də isə kurs 1,7271 manatdır.

1 Rusiya rublu isə ucuzlaşaraq 0,0223 manatdan 0,0221 manata enib.

Cəbhədə qanlı döyüşlər dayanmır: 16 hərbi qulluqçu şəhid olub

05.04.2016

Aprelin 5-də Müdafiə Nazirliyinin mətbuat xidməti döyüş bölgəsindən yeni rəsmi bilgi yayıb. Məlumata görə, aprelin 4-ü axşam və aprelin 5-nə keçən gecə bütün cəbhə boyu vəziyyət gərgin olub, cəbhə xəttinin Xocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınmasının heç bir nəticə vermədiyini anlayan Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Rəsmi xəbərə əsasən, Ağdərədə düşmənin ən iri hərbi bazalarından biri sayılan Madagiz hərbi bazasının qərargahı dəqiq zərbələrlə dağıdılıb, aprelin 4-ü axşam düşmənin müdafiə xəttində 3 ədəd döyüş tankı heyətlə birlikdə atəş gücü vasitəsilə məhv edilib.

Cəbhənin Xocavənd-Füzuli istiqamətində düşmənin 2 ədəd tankının heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasının sıradan çıxarıldığı xəbər verilir: “Ümumilikdə aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarınadək keçirilən əməliyyat tədbirləri və cavab atəş zərbələri nəticəsində ermənilər 70 nəfərədək itkiyə məruz qalıb, onların 20-dək hərbi texnikası tam sıradan çıxarılıb”.

Müdafiə Nazirliyi bildirir ki, bütün cəbhə boyu son iki gün ərzində düşmənlə döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 16 hərbi qulluqçusu şəhid olub.

Neftin qiyməti düşür

05.04.2016

Dünya birjalarında neftin qiyməti düşür. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,85 dollar ucuzlaşaraq 35,51 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,71 dollar azalaraq 37,52 dollar olub.

AZƏRTAC-ın 5 aprel məlumatına görə, “AzəriLayt” markalı neftin bir barreli 0,36 dollar ucuzlaşaraq 38,86 dollara təklif olunur.

Xarici valyutada istehlak krediti verilməsi 1 ay müddətinə dayandırıldı

05.04.2016

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası aprelin 4-də bankların əhaliyə xarici valyutada istehlak krediti verməsini 1 ay müddətinə dayandırmaq qərarı qəbul edib. Qərar aprelin 5-dən qüvvəyə minib. Palata qadağa müddətinin uzadılması hüququnu özündə saxlayıb.

Rəsmi məlumata görə, 4 aprel iclasında çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bank sektorunda yerli və xarici valyuta ilə verilən istehlak kreditləri, devalvasiya nəticəsində bu kreditlərin durumu, onun sosial-iqtisadi nəticələrindən danışıb. O deyib ki, bankların likvidliyi və kapital mövqeləri zəifləyib, restruktrizasiya addımları və digər preventiv tədbirlərə baxmayaraq mənfi tendensiyalar davam edir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədr müavini Nigar Məmmədova bankların kredit portfelinin strukturu, keyfiyyəti və trendləri haqqında danışaraq xarici valyutada verilən istehlak kreditlərinin xüsusi çəkisinin artması fonunda gələcəkdə borclanan əhalinin problemlə rastlaşa biləcəyini qeyd edib. O, kredit təşkilatlarının əhalinin kreditləşməsində təmkinli və düşünülmüş siyasət həyata keçirməli olduğunu vurğulayıb.

Müzakirələr nəticəsində xarici valyutada istehlak kreditlərinin verilməsi sahəsində dərin və hərtərəfli təhlillərin aparılması, istehlakçıların hüquqlarının müdafiəsinin və maliyyə sabitliyinin təmin olunması üçün 1 ay ərzində yeni tənzimləyici çərçivələrin müəyyən edilməsi qərara alınıb.

Xəbəri Marja.az yayıb.

142 mərkəzi üç ayda 45520 müraciəti cavablandırıb

05.04.2016

Bu ilin mart ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 — “Çağrı mərkəzi”nə 13993 müraciət daxil olub. Rəsmi məlumata görə, ötən ay 142-yə daxil olan müraciətlərin 48,4%-i sosial təminat, 15,9%-i əmək qanunvericiliyi, 18,2%-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən istifadə, 9,1%-i tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 8,4%-i isə məşğulluq məsələlərini əhatə edib.

Mart ayında “Çağrı mərkəzi”nə daxil olan müraciətlərin sayı fevral ayı ilə müqayisədə 22,6%, o cümlədən tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası məsələləri üzrə 39%, məşğulluq məsələləri üzrə 35,2%, əmək qanunvericiliyi məsələləri üzrə 26,3%, sosial təminat məsələləri üzrə 21,8% azalıb. Nazirliyin e-xidmətlərindən istifadə məsələlərini əhatə edən müraciətlərin sayı isə 2,5 faiz çoxalıb.

Yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 mərkəzi 45520 müraciəti cavablandırıb.

Dünyada hərbi xərclər necə və kimlərin hesabına artıb?

05.04.2016


2015-ci ildə dünyada hərbi xərclər 1% artaraq 1,7 trilyon dollara çatıb. Novator.az xəbər verir ki, Stokholm Sülh Problemləri Beynəlxalq Tədqiqatlar İnstitutunun aprelin 5-də yaydığı hesabatda belə deyilir.

Hesabatda 2011-ci ildən bəri dünyada hərbi xərclərin ilk dəfə artdığı qeyd olunur.

Məruzədə dünya üzrə hərbi xərclərin əsasən Asiya və Okeaniya, Şərqi və Mərkəzi Avropa, həmçinin Yaxın Şərq ölkələrinin hesabına artdığı vurğulanır.

2015-ci ilin nəticələrinə görə, ABŞ hərbi xərclərini 2,4% (596 milyard dollara qədər) azaltsa da, siyahıya liderlik edir. Onun hərbi xərcləri dünyanın ümumi hərbi xərclərinin 36%-idir.

Hərbi xərclərin həcminə görə üçlükdə sonrakı yerlərdə Çin (215 milyard dollar) və Səudiyyə Ərəbistanı (87,2 milyard dollar) dayanır.

Siyahıda 4-cü yeri Rusiya tutur. 2015-ci ildə Rusiyanın hərbi xərcləri 7,5 faiz artaraq 66,4 milyard dollara çatıb.

Hesabatda qeyd olunur ki, Qərbi Avropa ölkələri 2015-ci ildə hərbi xərclərini 1,3% azaldıb. Bu, regionun 2010-c ildən bəri ən aşağı həcmli illik ixtisarıdır.

Atası komada olan jurnalist Ramil Usubovdan kömək istədi

05.04.2016

Jurnalist İmdad Əlizadə atasının avtomobil qəzasına uğraması ilə bağlı istintaqın gedişindən narazıdır.

İmdad Əlizadənin 70 yaşlı atası, müəllim, yazıçı-publisist Əli Əliyev bu il fevralın 14-də Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonunda məskunlaşmış kəndlisinin hüzr mərasiminə gedərkən ağır qəza keçirib. Bakının “Koroğlu” metro stansiyası yaxınlığında yolu keçərkən onu avtomobil vurub. Ağır kəllə-beyin travması alan Əli Əliyev həmin gündən komadadır.

Əli Əliyev fevralın 22-dək Bakıdakı 1 saylı Xəstəxananın (“Semaşko”) reanimasiya şöbəsində saxlanıb. Fevralın 22-də o, Mərkəzi Klinik Xəstəxanaya köçürülüb və hazırda reanimasiya şöbəsindədir. Həkimlər iki aya yaxındır onu komadan ayılda bilmirlər.

Qeyd edək ki, Əli Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşmüş ziyalılardan biridir. O, 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib.

Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Əli müəllimin və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən “54 gün mühasirədə” adlı sənədli film çəkilib. Əli Əliyev həmçinin “54 gün erməni mühasirəsində” kitabının müəllifidir.

Əli Əliyev altı övlad atasıdır. Ölkənin tanınmış jurnalistlərindən olan İmdad Əlizadə onun böyük oğludur.

Aprelin 5-də yaydığı açıqlamasında İmdad Əlizadə bildirir ki, qəzanın istintaqını Nərimanov Rayon Polis İdarəsi aparır: “Mənə verilən məlumata görə, Cinayət Məcəlləsinin 263.1-1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işinə başlanıb. Hadisə yeri müayinə olunub. Sürücünün ifadəsi alınıb. O, atamla birgə yolu keçən, tanımadığımız digər şəxsi də vurub. Həmin adam da ağır xəsarət alıb. Amma huşu yerində olduğundan polisə ifadə verə bilib. Atam isə qəzaya uğradığı andan komaya düşdüyündən onun ifadəsini almaq hələ mümkün olmayıb.

Nərimanov Rayon Polis İdarəsində işi əvvəlcə müstəntiq Cavid Mirzəli aparırdı. Sonra iş idarənin digər zabiti, polis mayoru Rafael Cəfərova verildi. Əvvəlcədən hər iki müstəntiqə bildirmişdim ki, hadisə yerində çoxsaylı təhlükəsizlik kameraları var, kamera görüntülərinin götürülməsini istəmişdim. Bildirmişdilər ki, problem yoxdur, kamera görüntüsü götürüləcək. Bununla bağlı Daxili İşlər Nazirliyinin “Təhlükəsiz Şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinə müraciət olunduğunu, görüntülərin oradan polis idarəsinə göndərilməsinin təxminən bir ayadək vaxt aparacağını söyləmişdilər. Biz də səbirlə, istintaqın işinə müdaxilə etmədən bir aydan artıq gözlədik.

Axırda Nərimanov Rayon Polis İdarəsindən bizə nə cavab verilsə yaxşıdır?! Deyirlər görüntülər silinib. Təsəvvür edirsinizmi? Şəxsən mən təsəvvür etmirəm. Eşidib-bilən dost-tanışlarımız, yaxınlarımız da buna yalnız təəccüblənirlər, amma təsəvvür edə bilmirlər. Heç kim, maraq üçün müraciət etdiyim hüquq ekspertləri də təsəvvür etmir ki, “Təhlükəsiz Şəhər”də iki nəfərin ağır yaralanması ilə nəticələnmiş, paytaxtın strateji sayılan yollarından birində baş vermiş, hadisədən dərhal sonra polis araşdırmasına cəlb edilmiş, cinayət işi qaldırılmış bir qəzanın görüntüsü qalmayıb. Bu məsələ istintaqın qeyri-obyektiv aparıldığı haqda şübhələrə rəvac verir.

Mən mətbuat vasitəsilə ölkəmizin daxili işlər naziri general-polkovnik Ramil Usubova müraciət edirəm. Jurnalist təcrübəmdən yaxşı bilirəm ki, cənab Ramil Usubov belə müraciətlərə diqqətlə yanaşır. Mənim müraciətimin də diqqətdən kənar qalmayacağına ümidliyəm. Cənab nazirdən xahiş edirəm ki, vaxtilə 54 günlük erməni mühasirəsindən salamat çıxmış atamın iki aya yaxındır komaya düşməsinə səbəb olan bir qəzanın obyektiv araşdırılmasına göstəriş versin”.

Ekoloji pozuntulara görə cərimələr tətbiq olunub

05.04.2016




Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti Xəzər dənizinin şimal istiqamətindəki sahil zolağında qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı monitorinqlərin nəticələrini yerində araşdırıb. Nəticələr əsasında cərimələr tətbiq olunub.

Tullantıların idarə olunması zamanı törətdikləri inzibati xətaya görə Xaçmaz və Xudat Yaşıllaşdırma və Təmizlik idarələrinin rəhbərlərinə qarşı akt və protokollar tərtib edilib, qanun pozucularının hər biri 2000 manat məbləğində cərimələnib.

Şabran ərazisində çirkab suların təmizlənmədən və zərərsizləşdirilmədən Dəvəçiçay, Dərəçay və digər təbii axarlarla Xəzər dənizinə axıdıldığı aşkar olunub. Fakta görə Şabran Su-Kanal İdarəsinin rəhbərliyi 3000 manat məbləğində, rayon ərazisində bərk məişət tullantılarının idarə olunması zamanı inzibati xətaya yol verdiyi üçün Şabran Rayon Yaşıllıq və Təmizlik İdarəsinin rəhbəri 2000 manat məbləğində cərimə edilib.

Siyəzəndə çirkab sular təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa Xəzər dənizinə axıdıldığı üçün Siyəzən Su-Kanal İdarəsinin rəhbərinə qarşı 3000 manat məbləğində cərimə tətbiq olunub.

Monitorinq zamanı Sumqayıt şəhərində də Xəzər dənizinin çirkləndirilməsi üzə çıxıb. Ərazidən götürülmüş su nümunələrində çirklilik həddi normadan artıq olduğundan Sumqayıt Su-Kanal İdarəsinin təmizləyici qurğular sexinin rəisinə inzibati xəta haqqında protokol tərtib edilib.

Rəsmi məlumata əsasən, nöqsanların aradan qaldırılması üçün müvafiq icra hakimiyyətlərinə və aidiyyəti qurumlara məktubla müraciət olunub.

Prezident İlham Əliyev yaralı hərbçilərə baş çəkib

05.04.2016

Aprelin 5-də Azərbaycan prezidenti, ali baş komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkib.

Dövlət başçısı cəbhənin təmas xəttində gedən döyüşlərdə yaralanan hərbçilərlə görüşüb. Müdafiə naziri Zakir Həsənov bildirib ki, cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla döyüşən və yaralanan hərbçilərin bir hissəsi müalicə olunmaq üçün bu hərbi hospitala gətirilib: “Hazırda onların müalicəsi istiqamətində zəruri tədbirlər görülür. Hospitalın tibb heyəti onların tezliklə sağlamlıqlarına qovuşmaları üçün gecə-gündüz əllərindən gələni edirlər”.

AZƏRTAC-ın məlumatına görə, sonra prezident İlham Əliyev şəhid ailələrinin və yaralıların yaxınlarının bir qrupu ilə görüşüb.

Atəş dayandırılıb

05.04.2016

Azərbaycanın Müdafiə Nazirliyi yeni rəsmi məlumat yayıb. Nazirlik bildirir ki, aprelin 5-i saat 12-dən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.

Məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işləri həyata keçirir.

Aprelin 2-də Azərbaycanın Silahlı Qüvvələri Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində atəşkəsi pozan erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlə zamanı erməni birləşmələrinin birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Füzuli rayonu istiqamətində yerləşən strateji əhəmiyyətli “Lələ təpə” yüksəkliyi də Azərbaycan bölmələrinin nəzarətinə keçib.

Dövlət büdcəsi üç ayda: rəsmi hesabat yayıldı

05.04.2016




Maliyyə Nazirliyi dövlət büdcəsinin 2016-cı ilin birinci rübündə icrasına dair məlumat yayıb. Transparency.az bildirir ki, hesabata görə, 2016-cı ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3 milyard 678,1 milyon manat, xərcləri 2 milyard 623,5 milyon manat olub, 1 milyard 54,6 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.

Dövlət büdcəsinin mədaxili 3 milyard 570,6 milyon manat proqnoza qarşı 3 milyard 678,1 milyon manat və yaxud 3 faiz çox olub.

Vergilər Nazirliyi mədaxil proqnozunu 101,4 faiz icra edib, dövlət büdcəsinə 1 milyard 542 milyon manat vəsait köçürülüb. Həmin vəsaitin 78,5 faizi və yaxud 1 milyard 210,7 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 9 faiz-bənd çoxdur.

Dövlət Gömrük Komitəsi proqnoza 114,8 faiz əməl edərək büdcəyə 416,9 milyon manat vəsait təmin edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz və yaxud 74,9 milyon manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 47,5 milyon manat təşkil edib.

Sair daxilolmalar üzrə büdcəyə 11,7 milyon manat vəsait gəlib.

Dövlət Neft Fondundan dövlət büdcəsinə 1 milyard 660 milyon manat vəsait transfert edilib.

2016-cı ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 73,3 faiz və yaxud 2 milyard 623,5 milyon manat icra olunub. Dövlət büdcəsi xərclərinin 54,4 faizi və yaxud 1 milyard 426,7 milyon manatı sosial xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz və yaxud 52 milyon manat çoxdur.

Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 16 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidən qurulmasına və digər sahələrə 153,4 milyon manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 4,8 milyon manat vəsait yönəldilib.

İcmal büdcənin gəlirləri 4 milyard 473,2 milyon manat, xərcləri isə 3 milyard 348,3 milyon manat icra olunub. İcmal büdcənin artıqlığı 1 milyard 124,9 milyon manat təşkil edib.

Dövlət istiqrazları üzrə hərrac oldu

05.04.2016

Aprelin 5-i Bakı Fond Birjasında Maliyyə Nazirliyinin tədavül müddəti 91 gün olan 15 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib. İnvestorların sifarişlərinin nominal üzrə ümumi məbləği 56,5 milyon manat olub.

Maliyyə Nazirliyi dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə kəsmə qiymətini 97,1000 (gəlirlilik 12,1455%), orta ölçülmüş qiymətini isə 97,3346 (gəlirlilik 11,1361%) səviyyəsində müəyyən edib.

İstiqrazların ödəmə müddəti 5 iyul 2016-cı ildir.

Nazirlik elektron xidmət statistikası yayıb

05.04.2016

Mart ayında əhali Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalında təqdim etdiyi xidmətlərdən 524 935 dəfə faydalanıb. “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” (152 585 dəfə istifadə), “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” (19 797), “İş yerinə dair arayış” (15 348) e-xidmətləri ilə yanaşı nazirliyin digər e-xidmətlərindən istifadədə də aktivlik müşahidə olunub. Vətəndaşlar cari ilin fevralın 15-dən təqdim edilən “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidmətindən ötən ay 90 071 dəfə yararlanıb.

Rəsmi hesabata görə, ötən ay “Elektron hökumət” portalı istifadəçilərinin 62,8 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə müraciət edənlər olub.

Rusiyada işsizlərin sayı açıqlanıb

05.04.2016




Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyi aprelin 5-də işsizlərin sayını açıqlayıb. Novator.az xəbər verir ki, nazirliyin hesabatına görə, son 1 həftədə — martın 23-dən 30-na olan müddətdə rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayı 0,4% artaraq 1 milyon 65 min 890 nəfərə çatıb.

Rusiyada martın 23-nə qədər 1 milyon 62 min 13 nəfər işsizin olduğu bildirilir.

Nazirliyin məlumatında qeyd olunur ki, ölkənin 56 bölgəsində işsizlərin sayı artıb. 26 bölgədə artım 1% təşkil edib.

Martın 30-na olan vəziyyətə görə, işəgötürənlər məşğulluq xidmətinə 1 milyon 200 min boş iş yeri ilə bağlı müraciət edib.

Diplomatik korpusda yeniliklər

06.04.2016




Prezident İlham Əliyev diplomatik korpusda yeniliklərə imza atıb. Transparency.az xəbər verir ki, aprelin 5-də dövlət başçısı Anar Abel oğlu Məhərrəmovu Azərbaycanın İspaniyada fövqəladə və səlahiyyətli səfiri təyin edib. Anar Məhərrəmova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

İlham Əliyev başqa bir sərəncamla Məsim Abdulla oğlu Hacıyevi Türkiyənin İstanbul şəhərinə baş konsul göndərib.

Ölkə başçısı həmçinin Əli Fikrət oğlu Əlizadəni İranın Təbriz şəhərində baş konsul vəzifəsindən geri çağırıb.

Diplomatik korpusda yeniliklər

06.04.2016


Prezident İlham Əliyev diplomatik korpusda yeniliklərə imza atıb. Transparency.az xəbər verir ki, aprelin 5-də dövlət başçısı Anar Abel oğlu Məhərrəmovu Azərbaycanın İspaniyada fövqəladə və səlahiyyətli səfiri təyin edib. Anar Məhərrəmova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

İlham Əliyev başqa bir sərəncamla Məsim Abdulla oğlu Hacıyevi Türkiyənin İstanbul şəhərinə baş konsul göndərib.

Ölkə başçısı həmçinin Əli Fikrət oğlu Əlizadəni İranın Təbriz şəhərində baş konsul vəzifəsindən geri çağırıb.

Prezident: “Düşmənə çox böyük sarsıdıcı zərbə vurulub”

06.04.2016


“Azərbaycan ordusu bu dəfə də düşmənə yerini göstərdi, onu yerinə oturtdu”. Aprelin 5-də Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkən Azərbaycan prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev şəhid ailələrinin və yaralıların yaxınlarının bir qrupu ilə görüşdə belə deyib.

AZƏRTAC-ın məlumatına görə, prezident qeyd edib ki, aprelin 2-də erməni işğalçıları Azərbaycana qarşı növbəti silahlı təxribat törədib, hərbi mövqelərə hücum çəkib, mülki əhalini, kəndləri atəşə tutublar: “Qəhrəman Azərbaycan ordusu, qəhrəman əsgərlərimiz, zabitlərimiz düşmənin təxribatının qarşısını aldılar, düşmənə layiqli cavab verdilər və təmas xəttində öz üstünlüklərini daha da möhkəmləndirdilər.

Birinci dəfə deyil ki, erməni işğalçıları bu təxribatlara əl atırlar. Mən dəfələrlə demişəm ki, onlar işğal edilmiş torpaqları daim öz nəzarətində saxlamaq istəyirlər, sülh istəmirlər. Danışıqlar prosesində özlərini qeyri-səmimi aparırlar. Beynəlxalq hüququn bütün normalarını, əxlaqi normaları pozublar. Mülki əhaliyə atəş açırlar.

Bu hadisələrdən bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində — Qazax istiqamətində təxribat törədiblər. Orada hərbiçilərimiz həlak olub. Bu hadisələr zamanı bizim kəndlərimizi daim atəşə tuturlar. Mülki əhalidən həlak olanlar var. Üç yüzə yaxın evə ziyan vurulub. Yəni, budur onların hərəkətləri. Azərbaycan əsgəri, Azərbaycan zabiti heç vaxt mülki əhaliyə qarşı vuruşmayıb, vuruşmur və vuruşmayacaq. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq. Bizim işimiz haqq işidir.

Azərbaycan ordusu bu dəfə də düşmənə yerini göstərdi, onu yerinə oturtdu. Bu gün də biz tam üstünlüyü əldə etmişik. Buna baxmayaraq biz bəyan etmişdik ki, birtərəfli qaydada atəşkəsi bərpa etməyə hazırıq, bir şərtlə, qarşı tərəf də atəşkəsə əməl etsin. Biz müharibə istəmirik. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Düzdür, bu, çətin prosesdir. Ancaq bilin ki, bütün əsas beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası — bütün bunlar həqiqəti əks etdirən, bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul ediblər. Düzdür, hələ ki, bu qərarlar nəticəyə gətirib çıxarmayıb. Ancaq bu, məsələnin həlli üçün hüquqi əsasdır. Digər tərəfdən Azərbaycan siyasi, iqtisadi cəhətdən bölgədə Ermənistanla müqayisədə böyük dərəcədə irəliyə gedib.

Bir daha demək istəyirəm, baxmayaraq ki, danışıqlar nəticə vermir, biz yenə də bu danışıqlar prosesinə hazırıq. Bu təxribatı erməni tərəfi ona görə törədib ki, onlara beynəlxalq ictimaiyyət, bu məsələ ilə məşğul olan vasitəçilərdən təzyiqlər artır. Artıq heç kimə sirr deyil ki, vəziyyət nədən ibarətdir. Kim işğalçıdır, kim işğalın qurbanıdır. Ona görə danışıqlar prosesini pozmaq üçün bu təxribata əl atdılar. Bu təxribat nəticəsində biz şəhidlər verdik. Şəhidlərimiz olub, yaralılar var. Ancaq onu da bilməlisiniz, Azərbaycan xalqı bilir ki, düşmənə çox böyük sarsıdıcı zərbə vurulub. Bunun günahkarı onlar özləridir”.

Ali baş komandan əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq: “Əgər bu gün yenə də Ermənistan rəhbərliyi öz səhvlərini başa düşüb danışıqlar masasında özünü səmimi apararsa, əminəm ki, məsələnin sülh yolu ilə həlli üçün imkanlar var. Hər halda biz bunu istəyirik. Azərbaycan bu gün də bəyan edir ki, birtərəfli qaydada bütün döyüş əməliyyatlarını dayandırır, amma bir şərtlə ki, qarşı tərəf bundan istifadə etməsin. Onlar da dayandırsınlar, oturduğu yerlərdə də qalsınlar, tərpənməsinlər. Biz öz torpağımızdayıq. Bizim başqa ölkənin torpağında gözümüz yoxdur. Heç bir başqa ölkənin torpağını işğal etməmişik. Amma heç kimə imkan verməyəcəyik ki, bizim torpağımızda hökmranlıq etsin”.

Ramiz Mehdiyev Ermənistanın təxribatlarını üç məqamla bağlayır

06.04.2016


“Azərbaycan ordusu ərazilərimizi düşmən tapdağından azad etməyə qadirdir”. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev AZƏRTAC-a müsahibəsində belə deyib.

Ramiz Mehdiyev Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin kəskin gərginləşməsini şərh edərkən Ermənistanın hərbi təxribatlarını üç məqamla bağlayıb: “Birincisi, Azərbaycanın apardığı hücum diplomatiyası sayəsində Ermənistanın işğalçı simasının ifşa edilməsi, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi uğurlar əldə olunub. Ordumuzun gücü gündən-günə artır, dünyada müşahidə olunan iqtisadi gərginliyə baxmayaraq Azərbaycan inamla irəliləyir, dinamik inkişaf edir. Beynəlxalq aləmdə artan gərginlik fonunda ölkəmiz sabit, təhlükəsiz məkan kimi dünyanın diqqətini özünə cəlb edir. Bütün bunlar da inkişafımıza dözümsüz yanaşan xarici dairələri, xüsusilə Ermənistanı və erməni lobbisini qıcıqlandırır, narahat edir.

İkincisi, Ermənistan münaqişənin tənzimlənməsini istəmir, beynəlxalq təşkilatların qərar və qətnamələrinin icrasından boyun qaçırır, danışıqlar prosesini imitasiya edir və bütün səylərini mövcud status-kvonun qorunub saxlanmasına yönəldir.

Üçüncüsü, ATƏT-in Minsk qrupu da daxil olmaqla beynəlxalq ictimaiyyət Ermənistanın işğalçı siyasətinə, ardıcıl təxribatlarla sülh prosesini pozmaq cəhdlərinə adekvat reaksiya vermir. Dünyanın ayrı-ayrı bölgələrində baş verən lokal konfliktlərlə bağlı BMT-nin qətnamələri dərhal icra olunur, təcavüzkarlar, beynəlxalq hüquqa hörmət etməyən qüvvələr dərhal cəzalandırılır, onlara qarşı müxtəlif sanksiyalar tətbiq olunur. Lakin 20 ildən artıqdır ki, Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistana qarşı heç bir tədbir görülməyib. Bu da Ermənistanın cinayətkar, terrorçu rəhbərliyini daha da azğınlaşdırır. Mövcud durum isə regionumuzda, daha geniş coğrafiyada sülh və təhlükəsizliyi təhdid edir. Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində baş verən son hadisələr, ermənilərin növbəti təxribatı bunu bir daha təsdiqləyir”.

Prezident Administrasiyasının rəhbəri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivləri haqda sualı belə cavablandırıb: “Azərbaycan ilk növbədə münaqişənin sülh, danışıqlar yolu ilə tənzimlənməsinin tərəfdarı olub və indi də bu mövqeyə sadiqdir. Bununla yanaşı prezident İlham Əliyev qəti şəkildə bəyan edib ki, Azərbaycan sonu olmayan bir prosesdə iştirak etməyəcək və danışıqlar naminə danışıqlar aparmayacaq. Reallıq ondan ibarətdir ki, münaqişənin tənzimlənməsi missiyasını həyata keçirməli olan ATƏT-in Minsk qrupunun qətiyyətsiz mövqeyi nəticəsində irəli sürülmüş bütün təşəbbüsləri Ermənistan rədd edib, müntəzəm şəkildə təxribat törədərək danışıqlar prosesini pozan bu işğalçı ölkəyə qarşı heç bir təsir mexanizmi tətbiq edilməyib, beynəlxalq təşkilatların qərar və qətnamələri icra olunmayıb, bəzi hallarda isə beynəlxalq qurumlarda qaldırılan aktual məsələlər süni şəkildə bloklanıb. Təbii ki, belə bir vəziyyətdə mövcud reallıqları da nəzərə almaqla Azərbaycan öz məqsədyönlü siyasətini daha əzmlə davam etdirəcək. Ölkəmiz öz hərbi gücünü artıracaq, hücum diplomatiyası, Ermənistanın iqtisadi baxımdan təcrid siyasəti davam etdiriləcək. Bundan sonrakı dövrdə də həm beynəlxalq təşkilatlarda, həm informasiya məkanında, həm də qoşunların təmas xəttində Ermənistanın bütün təxribatlarına layiqli cavab veriləcək.

Cənab prezidentin qeyd etdiyi kimi, regionumuzda sülh və əmin-amanlığın, əməkdaşlıq mühitinin bərqərar olması üçün Azərbaycanın işğal olunmuş torpaqları azad edilməli, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bir daha xatırlatmalıyam ki, Azərbaycan xalqı öz torpaqlarının işğal altında qalması ilə heç vaxt barışmayacaq. Azərbaycan ordusu öz missiyasını yerinə yetirərək ərazilərimizi düşmən tapdağından azad etməyə qadirdir. Cinayətkar Ermənistan rəhbərliyi və onun havadarları bu həqiqəti nə qədər tez dərk edərsə, münaqişə dinc yollarla bir o qədər tez həllini tapar”.

Azərbaycan nefti 31 sent dəyər itirib

06.04.2016



AZƏRTAC-ın 6 aprel məlumatına görə, dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 1,29 dollar bahalaşaraq 36,80 dollar olub. London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,01 dollar artaraq 38,53 dollara çatıb.

“AzəriLayt” markalı neftin bir barreli isə 0,31 dollar ucuzlaşaraq 38,55 dollara təklif olunur.

Ötən il edamların sayı 50% artıb

06.04.2016



Aprelin 6-da “Amnesty İnternational” insan hüquqları təşkilatı ölüm hökmlərinin icrası ilə bağlı hesabat yayıb. Transparency.az-ın məlumatına görə, hesabatda deyilir ki, 2015-ci ildə dünyada edamların sayı 1989-cu ildən sonra maksimum həddə çatıb. Ötən il dünyada 1634 şəxs edam olunub. Bu, 2014-cü illə müqayisədə 50% çoxdur. Bununla bərabər “Amnesty İnternational” 2015-ci ildə ölüm hökmü çıxarmayan ölkələrin sayının tarixdə ilk dəfə çoxluq təşkil etdiyini bildirir.

Hesabata əsasən, ötən il dünya üzrə edamların 89%-i Iran, Pakistan və Səudiyyə Ərəbistanın payına düşüb.

Çin edamların sayını bəyan etmədiyi üçün bu ölkənin göstəriciləri statistikaya daxil olunmayıb. “Amnesty İnternational” ötən il Çində 1000 nəfərin edam olunduğunu güman edir, bu isə dünyada ən böyük göstəricidir.

“İş yerinə dair arayış” xidmətindən istifadə statistikası açıqlanıb

06.04.2016

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “İş yerinə dair arayış” elektron xidmətindən istifadə statistikası açıqlayıb. Məlumata görə, mart ayında “İş yerinə dair arayış” e-xidmətindən faydalanan şəxslərin sayı yanvar ayı ilə müqayisədə 15,7 faiz, fevral ayı ilə müqayisədə isə 4 faiz artaraq 15348-ə çatıb.

Hesabatda qeyd olunur ki, 2014-cü ilin dekabrında əhaliyə təqdim olunan bu e-xidmətdən 1 aprel 2016-cı ilə 268809 dəfə istifadə qeydə alınıb.

“Elektron hökumət” portalında “İş yerinə dair arayış” e-xidmətini seçən istifadəçinin iş yerinə dair arayışı elektron şəkildə aidiyyəti quruma göndərmək və ya çap edərək kağız şəklində həmin quruma təqdim etmək imkanı var. Arayışın təqdim edildiyi təşkilat isə orada əksini tapan məlumatların düzgünlüyünü, fərdi məlumatların dəqiqliyini portaldakı xüsusi xidmət vasitəsilə yoxlaya bilir.

4 gündə Azərbaycanın 31 hərbi qulluqçusu şəhid olub

06.04.2016

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Transparency.az-a cəbhədəki itkilərin sayı haqqında açıqlama verilib. Bildirilib ki, savaş itkiləri haqqında yalnız Müdafiə Nazirliyinin rəsmi saytında (Mod.gov.az) verilən rəqəmlər əsas götürülməlidir: “Son əməliyyatlar zamanı Azərbaycan 31 hərbçisini itirib. Müdafiə Nazirliyinin mətbuat xidməti bunu ayrı-ayrı üç məlumatında açıqlayıb. Cəbhə xəttində aprelin 2-də 12, aprelin 3-də 3, aprelin 4-ü və 5-də 16 hərbi qulluqçunun şəhid olduğunu bəyan etmişik. Kim başqa rəqəm səsləndirir, bu, onun öz işidir”.

Aprelin 2-də Azərbaycanın Silahlı Qüvvələri Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində atəşkəsi pozan erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlə zamanı erməni birləşmələrinin birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Füzuli rayonu istiqamətində yerləşən strateji əhəmiyyətli “Lələ təpə” yüksəkliyi də Azərbaycan bölmələrinin nəzarətinə keçib.

Aprelin 5-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.

Azərbaycanın vergi sistemi barədə xülasə

06.04.2016

Taxes.gov.az Azərbaycanın vergi sistemi haqqında qısa bilgi yayıb. Qeyd olunur ki, dövlətin vergi siyasətinin əsas hədəfləri sırasında sahibkarlıq fəaliyyəti üçün əlverişli vergi mühitinin yaradılması; iqtisadiyyata investisiya qoyuluşunun, istehsalın, o cümlədən ixrac yönümlü istehsalın stimullaşdırılması; gəlir vergisinin dərəcələrinin, güzəşt və azadolmaların təkmilləşdirilməsi ilə əməkhaqqının ödənilməsi sisteminin leqallaşdırılmasına nail olunması; nağdsız ödənişlərin stimullaşdırılması; vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması, vergi orqanı və vergi ödəyicisi arasında birbaşa əlaqələrin minimuma endirilməsi kimi vacib məsələlər də yer alır.

Vergilər Nazirliyinin rəsmi portalı Vergi Məcəlləsinə 2016-cı il yanvarın 1-dən qüvvəyə minmiş əsas dəyişiklikləri belə sıralayır:

- investisiya təşviqi sənədini almış sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar əlavə dəyər vergisindən, əmlak və torpaq vergilərindən, o cümlədən həmin sənədi aldığı tarixdən əldə etdiyi gəlirin (mənfəətin) 50 faizi məbləğində gəlir və mənfəət vergilərindən 7 il müddətinə azad edilib;

- ƏDV-nin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120 000 manatdan 200 000 manatadək artırılıb;

- ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə satış dövriyyəsi 200 000 manatdan artıq olduğu halda ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ verilib;

- bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ verilib;

- daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlərdən sadələşdirilmiş vergini notariusların ödəmə mənbəyində tutmalı olduğu müəyyən edilib;

- əsas iş yerində aylıq gəliri 2500 manatadək və illik gəliri 30 000 manatadək olan fiziki şəxslərin gəlirlərinin müvafiq olaraq ölkə üzrə yaşayış minimumunun 1 və 12 mislinədək olan hissəsinə gəlir vergisi üzrə güzəşt tətbiq edilib.

Transparency.az-ın məlumatına görə, xülasədə qeyd olunur ki, 2015-ci ildə Azərbaycanda vergi yükü gəlirlərin 13,3 faizinə bərabər olub. “Heritage” Fondunun məlumatlarına əsaslanan Vergilər Nazirliyi bildirir ki, 2015-ci ildə Fransada vergi yükü gəlirlərin 45 faizini əhatə edib. Belçikada bu rəqəm 44,6 faiz, Finlandiyada 44 faiz, İsveçdə 42,8 faiz, İtaliyada 42,6 faiz olub.

Mənfəət vergisinin dərəcəsinin Azərbaycanda 20 faiz olduğu bildirilir. Fransada bu rəqəm 38 faizə, Belçikada 34 faizə, İspaniyada 28 faizə bərabərdir.

ƏDV dərəcəsi Azərbaycanda 18 faizdir. İtaliyada ƏDV dərəcəsi 22 faiz, İspaniya, Belçika, Litva və Çexiyada 21 faiz müəyyən edilib.

4 gündə Azərbaycanın 31 hərbi qulluqçusu şəhid olub

06.04.2016

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Transparency.az-a cəbhədəki itkilərin sayı haqqında açıqlama verilib. Bildirilib ki, savaş itkiləri haqqında yalnız Müdafiə Nazirliyinin rəsmi saytında (Mod.gov.az) verilən rəqəmlər əsas götürülməlidir: “Son əməliyyatlar zamanı Azərbaycan 31 hərbçisini itirib. Müdafiə Nazirliyinin mətbuat xidməti bunu ayrı-ayrı üç məlumatında açıqlayıb. Cəbhə xəttində aprelin 2-də 12, aprelin 3-də 3, aprelin 4-ü və 5-də 16 hərbi qulluqçunun şəhid olduğunu bəyan etmişik. Kim başqa rəqəm səsləndirir, bu, onun öz işidir”.

Aprelin 2-də Azərbaycanın Silahlı Qüvvələri Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində atəşkəsi pozan erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlə zamanı erməni birləşmələrinin birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Füzuli rayonu istiqamətində yerləşən strateji əhəmiyyətli “Lələ təpə” yüksəkliyi də Azərbaycan bölmələrinin nəzarətinə keçib.

Aprelin 5-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.

Azərbaycanın vergi sistemi barədə xülasə

06.04.2016



Taxes.gov.az Azərbaycanın vergi sistemi haqqında qısa bilgi yayıb. Qeyd olunur ki, dövlətin vergi siyasətinin əsas hədəfləri sırasında sahibkarlıq fəaliyyəti üçün əlverişli vergi mühitinin yaradılması; iqtisadiyyata investisiya qoyuluşunun, istehsalın, o cümlədən ixrac yönümlü istehsalın stimullaşdırılması; gəlir vergisinin dərəcələrinin, güzəşt və azadolmaların təkmilləşdirilməsi ilə əməkhaqqının ödənilməsi sisteminin leqallaşdırılmasına nail olunması; nağdsız ödənişlərin stimullaşdırılması; vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması, vergi orqanı və vergi ödəyicisi arasında birbaşa əlaqələrin minimuma endirilməsi kimi vacib məsələlər də yer alır.

Vergilər Nazirliyinin rəsmi portalı Vergi Məcəlləsinə 2016-cı il yanvarın 1-dən qüvvəyə minmiş əsas dəyişiklikləri belə sıralayır:

- investisiya təşviqi sənədini almış sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar əlavə dəyər vergisindən, əmlak və torpaq vergilərindən, o cümlədən həmin sənədi aldığı tarixdən əldə etdiyi gəlirin (mənfəətin) 50 faizi məbləğində gəlir və mənfəət vergilərindən 7 il müddətinə azad edilib;

- ƏDV-nin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120 000 manatdan 200 000 manatadək artırılıb;

- ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə satış dövriyyəsi 200 000 manatdan artıq olduğu halda ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ verilib;

- bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ verilib;

- daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlərdən sadələşdirilmiş vergini notariusların ödəmə mənbəyində tutmalı olduğu müəyyən edilib;

- əsas iş yerində aylıq gəliri 2500 manatadək və illik gəliri 30 000 manatadək olan fiziki şəxslərin gəlirlərinin müvafiq olaraq ölkə üzrə yaşayış minimumunun 1 və 12 mislinədək olan hissəsinə gəlir vergisi üzrə güzəşt tətbiq edilib.

Transparency.az-ın məlumatına görə, xülasədə qeyd olunur ki, 2015-ci ildə Azərbaycanda vergi yükü gəlirlərin 13,3 faizinə bərabər olub. “Heritage” Fondunun məlumatlarına əsaslanan Vergilər Nazirliyi bildirir ki, 2015-ci ildə Fransada vergi yükü gəlirlərin 45 faizini əhatə edib. Belçikada bu rəqəm 44,6 faiz, Finlandiyada 44 faiz, İsveçdə 42,8 faiz, İtaliyada 42,6 faiz olub.

Mənfəət vergisinin dərəcəsinin Azərbaycanda 20 faiz olduğu bildirilir. Fransada bu rəqəm 38 faizə, Belçikada 34 faizə, İspaniyada 28 faizə bərabərdir.

ƏDV dərəcəsi Azərbaycanda 18 faizdir. İtaliyada ƏDV dərəcəsi 22 faiz, İspaniya, Belçika, Litva və Çexiyada 21 faiz müəyyən edilib.

Qiymətləri tənzimlənən dərman vasitələrinin sayı 7 mini ötüb

06.04.2016

Tarif (qiymət) Şurası daha 1427 dərman vasitəsinin qiymətini təsdiqləyib. Qiymətləri tənzimlənən dərman vasitələrinin 26 faizinin qiyməti mövcud qiymətlərlə müqayisədə 2 dəfədən çox, 11 faizinin qiyməti 3 dəfədən çox azalıb, ümumilikdə isə 90 faiz dərmanın qiyməti endirilib.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, indiyədək şura 7075 dərman vasitəsinin topdan və pərakəndə satış qiymətini təsdiq edib. Bu, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 77 faizini təşkil edir. 5741 dərman vasitəsi təsdiq edilən qiymətlərlə artıq satışdadır, digər 1334 dərman vasitəsinin yeni qiymətləri isə iyunun 1-dən qüvvəyə minəcək.

Qiymət tənzimlənməsi aparılmayan təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) son qəbul tarixi aprelin 22-si müəyyən edilib.

Qərarlar və dərman vasitələrinin siyahısı Tarif Şurasının rəsmi internet saytında yerləşdirilib.

Yeni tariflər qüvvəyə minib

06.04.2016

Baş Dövlət Yol Polisi İdarəsinin nəzdindəki cərimə meydançalarında nəqliyyat vasitələrini saxlama xidmətlərinin tarifləri təsdiqlənib. Tarif Şurası meydançalarda 1 gün üçün saxlanma xidmətlərinin tariflərini nəqliyyat vasitəsinin çəkisi 3,5 tonadək olduqda 1 manat, 3,5 tondan 10 tonadək olduqda 2 manat, 10 tondan yuxarı olduqda isə 3 manat müəyyən edib.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, hava nəqliyyatı ilə Gəncə-Naxçıvan reysi üzrə sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi 60 manat müəyyən olunub.

Yeni tariflər aprelin 6-dan qüvvəyə minib.

Prezident həmsədrləri qəbul edib

06.04.2016


Prezident İlham Əliyev aprelin 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorliki, İqor Popovu, Pyer Andriyonu və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son hadisələrlə bağlı vəziyyət müzakirə olunub. Həmsədrlər cəbhə xəttində atəşkəs razılaşmasının əldə olunmasını alqışlayıblar. Onlar belə bir fikri diqqətə çatdırıblar ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırda aparılan danışıqlar daha intensiv xarakter almalı və bu danışıqlar nəticəsində münaqişə tezliklə öz həllini tapmalıdır.

Xəbəri AZƏRTAC yayıb.

Aprelin 2-dən Azərbaycanın Silahlı Qüvvələri Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində atəşkəsi pozan erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əməliyyatlar zamanı Azərbaycan 31 hərbçisini itirib.

Aprelin 5-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.

1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistana birləşmək istəyi ilə separatçı hərəkat başlayıb. Bu hərəkat müharibə ilə nəticələnib. 1991-ci ildə Dağlıq Qarabağ bölgəsi müstəqillik elan edib, savaş şiddətlənib. Hazırda Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı digər 7 Azərbaycan rayonu Ermənistanın işğalı altındadır. 1994-cü ildə elan olunan atəşkəsdən bəri sülh danışıqları heç bir nəticə vermir.

Avrasiya İttifaqının Yerevan toplantısı təxirə düşdü, ancaq Medvedyev gəlir

06.04.2016




Avrasiya İqtisadi İttifaqı ölkələri hökumət başçılarının Yerevan toplantısı təxirə salınıb. Transparency.az-ın məlumatına görə, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan aprelin 6-sı Yerevanda jurnalistlərə deyib ki, sammit Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin birinin təşəbbüsü ilə təxirə düşüb və aprelin 8-i Yerevanda deyil, aprelin 13-ü Moskvada keçiriləcək.

Şavarş Köçəryan sammitin hansı ölkənin təşəbbüsü ilə təxirə düşdüyünü açıqlamayıb.

Bununla belə, Rusiyanın baş naziri Dmitri Medvedyevin Yerevana səfəri qüvvədə qalır. Dmitri Medvedyev aprelin 7-si Yerevanda olacaq, növbəti gün isə Bakıya gələcək.

2014-cü ildə yaradılmış Avrasiya İqtisadi İttifaqına Rusiya, Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstan daxildir. Bu qurumun icra orqanı olan Avrasiya İqtisadi Komissiyasına Ermənistan təmsilçisi Tiqran Sərkisyan sədrlik edir.

Gömrükdə cinayət işləri: üç aylıq hesabat

06.04.2016



-cı ilin birinci rübündə gömrük hüquqpozmaları üzrə 61 cinayət işi başlanıb. Dövlət Gömrük Komitəsi aprelin 6-da belə hesabat yayıb. Transparency.az bildirir ki, rəsmi məlumata görə, 52 cinayət işinin icraatı başa çatdırılıb, 63 şəxs barəsində 47 cinayət işi ittiham aktı ilə baxılması üçün məhkəmələrə göndərilib, 5 cinayət işinin icraatına isə xitam verilib.

Cinayət işləri üzrə 36867,21 manat vurulmuş ziyan və cinayət işinin başlanması rədd edilmiş materiallar üzrə 101868,55 manat gömrük ödənişləri ödətdirilib.

21 milyon 750 min Rusiya rublu, 4702 manat dəyərində 180,6 qram qızıl-zinət əşyaları və cinayət işinin başlanması rədd edilmiş materiallar üzrə 41600 ABŞ dolları, 18103 manat, 10746 manat dəyərində isə 163 ədəd mobil telefon dövlət mülkiyyətinə keçirilib.

2016-cı ilin birinci rübündə Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin icraatında olmuş cinayət işləri üzrə 30728,32 manat məbləğində mülki iddia qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında ödətdirilib.

Hazırda İstintaq İdarəsinin icraatında olan 83 cinayət işi üzrə istintaq davam etdirilir.

15 gündə nə qədər ekoloji pozuntu qeydə alınıb?

06.04.2016

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb. Rəsmi məlumata əsasən, araşdırma zamanı hüquqi və fiziki şəxslərin atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verdiyi qanun pozuntularına görə 92 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün 15 müddətli məcburi göstəriş verilib.

Martın ikinci yarısı üzrə aparılan araşdırmada ümumilikdə 34 iş üzrə inzibati qaydada 35720 manat cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyana görə 11 iş üzrə 21139,81 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 153 iş üzrə 72237,37 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 7, icra qurumlarına 12, məhkəmələrə isə 2 iş göndərilib.

Vergi yoxlamalarının nə qədər azaldığı bəyan olunub

06.04.2016


Aprelin 6-sı Bakı Vergilər Departamentində KİV nümayəndələri üçün açıq qapı günü keçirilib. Vergilər Nazirliyindən Transparency.az-a verilən məlumata görə, nazir müavini Sahib Ələkbərov jurnalistlərə açıqlamasında bildirib ki, 2016-cı ilin birinci rübündə qurum dövlət büdcəsinin icrası ilə bağlı tapşırığa 101,4% əməl edib: “Büdcənin gəlir hissəsinin təmin olunmasında qeyri-neft sektorunun payı 78,5% təşkil edib. Bu ilin sonuna neft sektorundan daxilolmaların 23% olacağı proznozlaşdırlır. Cari ilin birinci rübündə ölkədə ötən ilin eyni dövrü ilə müqayisədə kameral vergi yoxlamaları 60%, səyyar vergi yoxlamaları 30% azalıb”.

Bildirilib ki, cari ilin ilk rübündə Azərbaycanda valyutadəyişmə əməliyyatları ilə bağlı 168 qanun pozuntusu aşkarlanıb. Belə qanun pozuntularına hotellərdə, ticarət və ictimai iaşə müəssisələrində rast gəlindiyi qeyd olunub.

Nazir: “Silahlı Qüvvələrin məqsədi atəş nöqtələrinin məhv edilməsi olub”

06.04.2016




Müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik, Pyer Andriyo və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb.

Mod.gov.az-ın məlumatına görə, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki son hadisələrlə bağlı vəziyyətin müzakirə edildiyi görüşdə Zakir Həsənov ölkənin yaşayış məntəqələrinin və mülki əhalinin atəşə məruz qalması faktlarını diqqətə çatdırıb. Müdafiə naziri deyib ki, Azərbaycan ordusu uşaq və qadınlarla müharibə aparmır: “Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyevin əmrinə əsasən, eləcə də Azərbaycan xalqının sülhsevərliyini nəzərə alaraq hərbi əməliyyatları dayandırdıq. Amma ələ edilmiş razılaşmaya baxmayaraq Ermənistan ordusunun bölmələri atəşkəs rejimini yenə də pozur”.

Azərbaycanın heç vaxt işğal faktı ilə barışmayacağını və ərazilərin düşməndən azad edilməsi hüququnu özündə saxladığını bildirən general-polkovnik həmsədrlərin diqqətinə çatdırıb ki, baş vermiş son hadisələrdə Silahlı Qüvvələrin məqsədi təmas xəttinə yaxın Azərbaycan kəndlərinin atəşə tutulmasının qarşısını almaq və həmin atəş nöqtələrinin məhv edilməsi olub: “Azərbaycan ordusunun həyata keçirdiyi tədbirlər ancaq müdafiənin ön xəttində olan qüvvələrimizin cəlb edilməsi ilə icra edilib”.

Müdafiə naziri döyüş toqquşmasında böyük itkilərə məruz qalan erməni hərbi qulluqçularının, eləcə də müxtəlif yerlərdən cəlb edilən muzdluların silah-sursatlarını ataraq öz mövqelərindən qaçdığını bildirib.

General-polkovnik vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri hazırda işğaldan azad edilmiş ərazilərdə möhkəmləndirmə tədbirlərini davam etdirir. Nazir qeyd edib ki, münaqişənin tezliklə nizamlanmasının yeganə çıxış yolu işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılmasıdır.

Tərəflər arasında atəşkəs razılaşmasının əldə olunmasını alqışladıqlarını bəyan edən həmsədrlər bildiriblər ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı aparılan danışıqlar daha intensiv olmalı və münaqişənin tezliklə həlli istiqamətində mühüm addımlar atılmalıdır.

Rusiyanın təklifləri var

07.04.2016



Prezident İlham Əliyev aprelin 6-sı Bakıda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Dövlət başçısı Rusiya, İran və Azərbaycan xarici işlər nazirlərinin Bakı görüşünə toxunaraq deyib ki, birinci belə görüşün aprelin 7-si Azərbaycanda olması məmnunluq doğurur: “Hesab edirəm ki, bu, ölkələrimiz arasında çox ciddi regional əməkdaşlıq prosesinin başlanğıcıdır. Azərbaycan dünyada həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə ölkədir. Bu, üç ölkə xalqlarının həm coğrafiyası, həm də qarşılıqlı əlaqələrinin tarixidir. Ölkələrimiz arasında bugünkü qarşılıqlı fəaliyyət də, əlbəttə ki, əməkdaşlığın həm də çoxtərəfli formatda dərinləşməsini tələb edir”.

AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev qeyd edib ki, iki ölkə arasında münasibətlərin gedişatından, yüksək səviyyəsindən, demək olar, bütün sahələri əhatə edən strateji tərəfdaşlıqdan çox məmnundur: “Rusiya və Azərbaycan iki dost, iki qonşudur. Biz bu münasibətləri yüksək dəyərləndiririk, bu münasibətləri möhkəmləndirməyə və inkişaf etdirməyə səy göstəririk. Bu həm qarşılıqlı siyasi fəaliyyətə, həm humanitar, iqtisadi və energetika sahələrində əməkdaşlığa, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə aiddir.

Hamıya bəlli olduğu kimi, son günlər qoşunların təmas xəttində insan tələfatı ilə müşahidə olunan gərgin vəziyyət yaranıb. Bu da həm dünyada, həm regionda, həm də ictimaiyyət arasında narahatlıq doğurur. Rusiya bu halda yenidən təşəbbüs göstərdi və onun vasitəçiliyi ilə atəşkəs haqqında razılaşma əldə olundu. Biz hesab edirik ki, bu, regionda vəziyyətin gərginləşməsinə imkan verməməyin yeganə yoludur.

Biz danışıqlar prosesinin davam etdirilməsinə köklənmişik. Azərbaycan danışıqlar prosesinə sadiqdir. Biz bu münaqişəni sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimləmək istəyirik. Düşünürəm ki, atəşkəsin elan olunmasından sonra ötən 20 ildən çox müddət bizim məhz siyasi nizamlanmaya kökləndiyimizi sübut edir”.

Sergey Lavrov deyib ki, səfəri İlham Əliyevin Rusiya və İran prezidentləri ilə razılaşmasının nəticəsidir: “Sizin təşəbbüsünüz bu cür üçtərəfli formatı qurmaqdan ibarət idi. Bu format daha sıx üçtərəfli siyasi, təhlükəsizlik, terrorizmlə mübarizə sahələrində əməkdaşlıq baxımından əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, üç ölkənin, həmçinin bizim digər qonşularımızın ərazilərindən terrorçuların təchizatı marşrutları, yaraqlıların trafiki keçir. Bu təzahürlərin qarşısının kollektiv əsaslarla alınması üçün qarşılıqlı fəaliyyətin qurulması zəruridir.

Bundan başqa nəqliyyat marşrutları, iqtisadi əlaqələrin inkişafı, energetika sahəsində qarşılıqlı fəaliyyət baxımından bizim geostrateji, geosiyasi vəziyyətimizdən istifadə etməkdə ümumi maraqlarımız var. Bu məsələlər müxtəlif formatlarda, lakin pərakəndə şəkildə müzakirə olunmuşdu. Ümidvaram ki, Sizin prezident Putin və prezident Ruhani ilə razılaşmanızı rəhbər tutaraq biz nazirliklərə bölmələr üzrə daha dəqiq müvafiq nəqliyyat və energetika layihələrinin gerçəkləşməsi üzərində işləməyə imkan verən siyasi çərçivə yarada biləcəyik. Sözsüz ki, bizim ikitərəfli münasibətlərimiz, strateji tərəfdaşlığımız da nəzərdən keçiriləcək”.

Qarabağ cəbhəsindəki son gərginliyə toxunan Sergey Lavrov qeyd edib ki, Rusiya Federasiyası həm prezident, həm baş nazir, həm Xarici İşlər Nazirliyi, həm də Müdafiə Nazirliyi və Baş Qərargah səviyyəsində tərəflərə atəşkəs barədə razılıq əldə edilməsi üçün zəruri olan bütün addımları atıb: “Bu razılaşmanın pozulmamasına dəstək verməyə hazır olacağıq. Ümid edirəm ki, son günlərin hadisələri bizi siyasi tənzimlənmə ilə daha fəal məşğul olmağa sövq edəcək. Bizim təkliflərimiz var. Biz bu təklifləri həmsədrlərlə birlikdə Azərbaycanla Ermənistan arasında razılaşmanın əldə olunması naminə daha fəal işə salmağa çalışırıq”.

Xarici valyutaların kursu qalxıb. Ucuzlaşan da var

07.04.2016

Azərbaycan manatı aprelin 7-də dollar qarşısında bir qədər ucuzlaşıb. Mərkəzi Bank 1 ABŞ dollarının rəsmi kursunu 1,5165 manatdan 1,5193 manata qaldırıb.

Transparency.az-ın məlumatına görə, avro da bahalaşıb. 1 avronun rəsmi məzənnəsi ötən gün 1,7246 manat olub, aprelin 7-də isə Mərkəzi Bank kursu 1,7328 manat müəyyən edib.

Rublun da kursu yuxarı qalxıb. 1 Rusiya rublu 0,0225 manata satılır. Ötən gün kurs 0,0221 manat idi.

Aprelin 7-də bir neçə valyutanın, o cümlədən türk lirəsinin rəsmi məzənnəsi aşağı düşüb. 1 türk lirəsi 0,5354 manata təklif edilir.

1 ingilis funt sterlinqi də ucuzlaşaraq 2,1453 manat olub.

İrana yeni səfir təyin edildi

07.04.2016

Prezident İlham Əliyev aprelin 6-da Bünyad Səməd oğlu Hüseynovu Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.

İranda səfir postu 1 aydır boşalmışdı. Martın 7-də Azərbaycan prezidenti Cavanşir Əşrəf oğlu Axundovu Azərbaycanın İranda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırıb. Həmin gün o, Latviya Respublikasına fövqəladə və səlahiyyətli səfir göndərilib.

Niderland əhli Ukraynanı Avropaya buraxmaq istəmədi

07.04.2016



Niderlandda aprelin 6-da keçirilmiş Ukrayna referendumunun ilkin nəticələri açıqlanıb. Referenduma Avropa İttifaqı ilə Ukrayna arasında 2014-cü ildə imzalanmış assosiasiya sazişinin təsdiqi  məsələsi çıxarılıb. Novator.az-ın məlumatına görə, referenduma qatılanların 61,1%-i Ukrayna ilə assosiasiya sazişinə yox deyib.

Ukrayna ilə Avropa İttifaqının assosiasiya sazişini  birliyə daxil olan 28 ölkənin 27-si təsdiqləyib. Yalnız Niderland kənarda qalıb.

Ukrayna prezidenti Pyotr Poroşenko referendumun nəticələrini şərh edərkən deyib ki, Niderland Konstitusiyasına görə, bu referendum məşvərət xarakteri daşıyır və əsas sözü siyasətçilər, hökumət, parlament deyəcək: “Mən bu hadisənin Ukraynanın Avropa yolunda maneə olmayacağını düşünürəm. Heç nəyə baxmayaraq Ukrayna assosiasiya sazişindən irəli gələn islahatları davam etdirəcək. Biz Avropaya inteqrasiya yolundan dönən deyilik”.

2014-cü ilin fevral ayında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişib, Rusiyaya yaxın, Avropa İttifaqı ilə inteqrasiyaya qarşı çıxan qüvvələri Qərb meylli qüvvələr əvəzləyib. Bundan dərhal sonra Rusiya Ukraynanın Krım bölgəsini hərbi güclə tutaraq özünə birləşdirib və Donbasda iki separatçı rejimin əli ilə bu bölgənin bir hissəsini işğal edib. Qərb meylli yeni hakimiyyət Avropa İttifaqı ilə dərin inteqrasiyanı nəzərdə tutan assosiasiya sazişini imzalayıb

Ekspert: “Azərbaycan büdcəsi getdikcə istehlaka yönəlir”

07.04.2016



“Dövlət büdcəsi inkişafa deyil, istehlaka xidmət edir”. İqtisadçı ekspert Qubad İbadoğlu büdcənin ilk rüb üzrə xərclərini (Dövlət büdcəsi üç ayda) belə şərh edir. Transparency.az-ın məlumatına görə, ekspert yazır ki, bu ilin ilk 3 ayında büdcə xərcləri ötən illə müqayisədə 1,5, proqnozla müqayisədə isə 2,6 milyard manatdan çox azalıb, buna da əsasən investisiya büdcəsinin ixtisarı təsir göstərib: “Nəticədə də bu və digər amillərin təsiri ilə dövlət büdcəsinin xərclər hissəsinin strukturunda ciddi dəyişikliklər müşahidə olunur. İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 54,4 faizi və yaxud 1 milyard 426,7 milyon manatı sosial yönümlü xərclərin maliyyələşdirilməsinə yönəldilib.

Ötən ilin birinci rübündə eyni təyinatlı xərclərin cəmi xərclərdə payı 33 faiz və ya 1 milyard 380,6 manat idi. Göründüyü kimi, Azərbaycan büdcəsi getdikcə daha çox istehlaka yönəlir. Bu isə bütövlükdə büdcə, ayrılıqda isə investisiya xərclərinin azalması hesabına baş verir. Büdcədən ayrılan vəsaitlərin əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri vasitəsilə əsasən istehlaka yönəldilməsi, onun uzunmüddətli inkişafa deyil, cari xərcləmələrə meyllənməsi həm də ÜDM-in artım tempini aşağı salır. Ölkədə işgüzar fəallığın artımını təmin edən başlıca mənbələrdən biri olan büdcə mənşəli investisiya layihələrinin maliyyələşdirilməsi sisteminin zəifləməsi həm də yeni iş yerlərinin açılması imkanlarını məhdudlaşdırır.

Bu ilin 3 ayında büdcə qarşısında vergi ödəyicilərinin cəmi borcları 1,6 milyard manat təşkil edib ki, bu da həmin dövrə olan büdcə gəlirlərinin 43,5 faizidir. Ötən illə müqayisədə azalan vergi borclarının yarısı dövlət şirkətlərinin payına düşür ki, bu da vergi intizamının pozulmasının daha çox dövlət şirkətləri üçün xarakterik olmasının göstəricisidir”.

General-mayor Natiq Əliyev: “Düşmən sanitar tibb maşınını atəşə tutub”

07.04.2016


Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdə Azərbaycan mövqelərini və yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

General-mayor Natiq Əliyev nazirliyin mətbuat xidmətinə bildirib ki, aprelin 7-də cəbhənin Ağdərə-Goranboy istiqamətində sanitar tibb maşını atəşə tutulub.

Hadisə nəticəsində sanitar maşına ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.

General-mayor Natiq Əliyev ermənilərin törətdiyi bu hadisəni beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi dəyərləndirib.

İlham Əliyevə “İlin islahatçısı” beynəlxalq mükafatı təqdim olunacaq

07.04.2016



Bu il noyabrın 30-u Bakıda keçiriləcək IV Beynəlxalq “Caspian Energy Forum — 2016” mərasimində prezident İlham Əliyevə “İlin islahatçısı” nominasiyası üzrə “Caspian Energy Award” beynəlxalq mükafatı təqdim olunacaq. AZƏRTAC-a açıqlamasında “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev belə deyib.

“Caspian Energy Award” beynəlxalq mükafatı dünyanın 50 ölkəsində keçirilən internet sorğusunun nəticələrinə əsasən, Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin iqtisadiyyatının inkişafına verdikləri töhfəyə görə siyasi xadimlərə, dövlət məmurlarına, diplomatik nümayəndəliklərin, dövlət və özəl şirkətlərin rəhbərlərinə təqdim edilir.

Telman Əliyev qeyd edib ki, “Caspian Energy İnternational Media Group”un təşkil etdiyi beynəlxalq foruma “Caspian European Club”un nümayəndələri gələcəklər. Tədbirə Azərbaycanın və Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirlik, komitə və idarələrinin rəhbərləri, Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin nəhəng xarici şirkətlərin başçıları qatılacaq.

Ağdərə rayonunun bərpası mümkündürmü?

07.04.2016


Azərbaycanın Qarabağ bölgəsində son qanlı döyüşlərin əsas istiqamətlərindən biri keçmiş Ağdərə rayonunun ərazisi oldu. Silahlı Qüvvələr Qarabağda atəşkəsi pozan Ermənistan ordusuna qarşı cavab tədbiri zamanı bu istiqamətdə Seysulan kəndini və Talış kəndinin ətrafındakı yüksəklikləri azad edib.

Transparency.az bildirir ki, 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayəti 1991-ci ilədək mərkəzi şəhər Stepanakertdən və Şuşa, Mardakert, Martuni, Hadrut, Əsgəran rayonlarından ibarət olub.

Azərbaycan parlamenti 26 noyabr 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edəndə Mardakert rayonu Ağdərə rayonu adlandırılıb.

1992-ci il avqustun 25-də Azərbaycan parlamentinin qərarı ilə Ağdərə rayonunun bir hissəsi, o cümlədən Seysulan və Talış kəndləri Tərtər rayonunun tərkibinə keçib.

Parlamentin 13 oktyabr 1992-ci il qərarı ilə Ağdərə rayonu ləğv olunub. Bu qərara əsasən, Ağdərə rayonunun 8 kəndi Ağdam rayonunun, 23 kəndi Kəlbəcər rayonunun, Ağdərə şəhəri və 13 kəndi Tərtər rayonunun inzibati tərkibinə verilib. Hazırda Ağdərənin Tərtərə aid kiçik bir hissəsi Azərbaycanın nəzarətindədir.

İllərdir müxtəlif səviyyələrdə Ağdərə rayonunun bərpası məsələsi gündəmə gəlir. İndi bu məsələnin perspektivi varmı?

Milli Məclisin regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Transparency.az-a deyib ki, Ağdərənin bərpası Dağlıq Qarabağda qələbə əldə etdikdən sonra mümkündür: “Ağdərə rayonu, sözsüz ki, bərpa olunmalıdır. Ancaq indiki vəziyyətdə bu çətindir. Rayonun ərazisi üç qonşu rayon arasında bölünüb. İndi Ağdərənin inzibati-ərazi vahidi kimi bərpası üçün külli miqdarda vəsait tələb olunur. Rayon bərpa ediləcəksə, icra, hüquq mühafizə, təhsil, səhiyyə orqanları yaratmaq, ayrı-ayrı yerlərdə məskunlaşan məcburi köçkünləri bu işlərə cəlb etmək, bir yerə toplamaq lazımdır. Bütün bu işlər həm külli miqdarda vəsait tələb edir, həm də əhalinin narahatlığına səbəb ola bilər. Milli Məclisdə Ağdərənin bərpası məsələsi bir neçə dəfə qaldırılıb, amma idarəetməni, təşkilatçılığı dərindən bilənlər ortaya elə məsələlər qoyub ki, həqiqətən də indiki zamanda bunu həyata keçirməyin çətin olduğunu görürsən. Amma torpaqlar geri qaytarılandan sonra əhali bu ərazilərdə məskunlaşacaq, rayonun hər bir infrastrukturu da qurulacaq”.

Transparency.az-a danışan ağdərəli hüquqçu Yalçın İmanov düşünür ki, rayonun bərpası həm idarəetmə, həm də Qarabağ münaqişəsinin həlli baxımından vacibdir: “Ağdərənin üç rayon arasında bölüşdürülməsi yanlış addım idi. Rayon əhalisi ölkə boyu səpələnib, hətta kiçik texniki problemləri yarandıqda belə çıxılmaz vəziyyətə düşürlər. Üstəlik, Ağdərənin yoxluğu Dağlıq Qarabağ azərbaycanlıların sayına mənfi təsir edir. Rayonun bərpası, vahid idarəetmə strukturunun yaradılması ağdərəli köçkünlərin toparlanmasına səbəb olar. İndi bərpa məqamıdır. Biz gələcəkdə ağdərəli ermənilərə bu təminatla eyham edə, zəmanət verə bilərik. Digər tərəfdən bu addım Azərbaycanın diplomatik mövqelərinin gücləndirilməsinə səbəb ola bilər”.

İşğala qədər Ağdərənin 14 kəndində (Sırxavənd, Bəşirlər, Qaraşlar, Qaralar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli, Manikli, Tellibinə, Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar) və Gəncxana sovxoz qəsəbəsində 14 mindən çox azərbaycanlı yaşayıb.

Neft Fondunun satdığı valyutanın həcmi 1 milyard 300 milyon dolları ötdü

07.04.2016

Aprelin  7-də Mərkəzi Bankın növbəti hərracı təşkil edilib. Dövlət Neft Fondu 50 milyon ABŞ dolları məbləğində vəsaiti hərraca çıxarıb və 21 banka satıb.

Transparency.az-ın məlumatına görə, bununla Dövlət Neft Fondunun bu il hərraclarda satdığı valyutanın həcmi 1 milyard 304 milyon 326 min dollara çatıb.

2016-cı ilin hərraclarında Mərkəzi Bankın özündən 685 milyon 488 min ABŞ dolları alınıb.

İki qurumun manatın sabitliyinə xərclədiyi valyutanın həcmi 1 milyard 989 milyon 814 min ABŞ dollarıdır.

Səfərbərlikdə yaş həddi

07.04.2016




Qarabağ cəbhəsində toqquşmaların şiddətlənib genişmiqyaslı müharibəyə çevrilmək ehtimalı fonunda səfərbərlik məsələsi də gündəmə gəlir. Transparency.az qanunların bu məsələni necə tənzimlədiyinə nəzər salıb.

“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna görə, ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar səfərbərlik elan edildikdə səfərbərlik üzrə hərbi xidmətə çağırılırlar.

Ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırılmayan vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində işləmək üçün göndərilə bilərlər.

Səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada bron edilmiş şəxslərə; səhhətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab olunan şəxslərə altı ay müddətinədək; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ayrı-ayrı kateqoriyalı vətəndaşlara verilir.

Vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırışı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin səfərbərlik planlarında müəyyən edilmiş müddət ərzində həyata keçirilir.

Müharibə dövründə hərbi xidmət keçmək üçün hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) vətəndaşlar, onların təhkim olunduğu (təyin edildiyi) hərbi hissələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati-ştat strukturuna keçirilmələrinə aid tədbirlər yerinə yetirildiyi halda, habelə xüsusi birləşmələrin yaradıldığı halda səfərbərlik üzrə hərbi xidmətə çağırılırlar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən, ehtiyatda olan hərbi vəzifəlilər yaşa görə dərəcələrə bölünür.

Əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanların ehtiyatda olmasının son yaş həddi birinci dərəcə üçün 35 yaş, ikinci dərəcə üçün 45 yaş, üçüncü dərəcə üçün 50 yaşdır.

Kiçik zabitlərə son yaş həddi birinci dərəcə üçün 50 yaş, üçüncü dərəcə üçün 55 yaş müəyyən edilib.

Mayor və polkovnik-leytenantlarda birinci dərəcə üçün 50 yaş, üçüncü dərəcə üçün 55 yaş, polkovniklərdə birinci dərəcə üçün 55 yaş, üçüncü dərəcə üçün 60 yaş ehtiyatda olmanın son yaş həddidir.

Son yaş həddi ali zabitlərdə birinci dərəcə üçün 60 yaş, üçüncü dərəcə üçün 65 yaşdır.

Ehtiyatda olmağın son yaş həddi qadın zabitlər üçün 50 yaş, gizirlər (miçmanlar) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular sırasından olan qadınlar üçün 45 yaşdır.

Nazirlər nələrə razılaşdı?

07.04.2016




Aprelin 7-si Bakıda Azərbaycan, İran, Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov, Məhəmməd Cavad Zərif və Sergey Lavrovun üçtərəfli görüşü keçirilib. Görüşdə ölkələrin regional və beynəlxalq məsələlər üzrə dialoq və qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsinə töhfə verəcək xarici işlər nazirlərinin üçtərəfli formatda görüşünün vacibliyi vurğulanıb.

Tərəflər bərabərlik, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərarası münasibətləri daha da inkişaf etdirmək və gücləndirmək barədə razılığa gəliblər.

Xarici işlər nazirləri Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliklərini təsdiq ediblər. Bu kontekstdə onlar həmçinin regiondakı münaqişələrin həllinin asanlaşdırılmasına dair qərarlı olduqlarını vurğulayıblar.

Tərəflər regional sabitlik və təhlükəsizliyə yeni çağırış və təhdidlərlə mübarizənin gücləndirilməsinin vacibliyini qeyd ediblər, bununla əlaqədar olaraq terrorçuluq, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlıq və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə sıx fəaliyyət göstərməyə hazırlıqlarını ifadə ediblər. Onlar iqtisadiyyat, enerji, nəqliyyat, infrastruktur, mədəniyyət, turizm, biznes, gənclər mübadiləsi, eləcə də konsulluq və gömrük sahələrində üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi və üç ölkənin regionları və əyalətləri arasında təmasların təşviq edilməsi barədə razılığa gəliblər.

Xarici işlər nazirləri ticari-iqtisadi əməkdaşlığın bərabərhüquqlu və qarşılıqlı fayda prinsipləri əsasında təşviqinin zəruriliyini vurğulayıblar. Sərmayə layihələrinin reallaşdırılması və yeni texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması üzrə maraqlarını ifadə ediblər.

Tərəflər Xəzər dənizinin sülh, dostluq, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi qorunub saxlanmasına yönəlmiş hərtərəfli səyləri davam etdirməyə əzmli olduqlarını təsdiq ediblər. Onlar Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın ən qısa müddətdə yekunlaşmasına dair razılığa gəliblər.

Nazirlər etiraf ediblər ki, təhlükəsiz və etibarlı alternativ tranzit dəhlizləri regionun inkişafı üçün yeni imkanlar yaradılmasına xidmət edəcək və onların xalqlarının rifahına töhfə verəcək. Tərəflər bazar iqtisadiyyatı, azad rəqabət və qarşılıqlı fayda prinsipləri əsasında avtomobil və dəmir yolu, dəniz nəqliyyatının və yüklərin daşınma vasitələrinin şaxələndirilməsinə sadiqliklərini təsdiq ediblər. Xarici işlər nazirləri Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üzrə layihələrin daha da təşviqi və dəstəklənməsinin vacibliyini qeyd ediblər.

Tərəflər sahəvi qurumlar və təşkilatlar formatında yuxarıda qeyd edilən istiqamətlərin müzakirəsi mövzusunda razılığa gəliblər.

Nazirlər öz ölkələrinin dövlət başçılarının təlimatına uyğun olaraq birinci zirvə toplantısının hazırlanmasına dair müzakirələrin başlanması ilə bağlı razılıq əldə ediblər.

AZƏRTAC-ın məlumatına görə, həmin gün prezident İlham Əliyev Məhəmməd Cavad Zərifi qəbul edib. İran, Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında ilk görüşün Bakıda keçirilməsinin önəmini qeyd edən dövlət başçısı üçtərəfli görüşün regional əməkdaşlığın tarixində yeni səhifə açacağına, bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Meyiti tapılan neftçilərin sayı 14-ə çatıb

07.04.2016



Xəzər dənizinin Türkmənistan sahillərində tapılan meyitin tanınma prosesi başa çatıb. Dövlət Neft Şirkətinin məlumatına görə, aprelin 2-də aşkar edilən meyitin Xəzərdəki “Günəşli” yatağının 10 saylı dərin dəniz özülünün çilingəri Rzaxanov Edik Rivazin oğlunun meyiti olduğu bilinib. O, dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağında baş verən qəzada itkin düşən neftçilərdəndir.

Ötən il dekabrın 4-də qasırğa zamanı Xəzərdəki “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə faciə baş verib. Özüldə sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və şiddətli yanğın olub, 30 nəfər itkin düşüb, indiyədək 13 nəfərin meyiti tapılıb.

Həmin gün  “Neft daşları”ndakı 501 saylı özüldə də faciə baş verib, güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb, 3 nəfər itkin düşüb. Onlardan 1-nin meyiti aşkar edilib.

Ümumilikdə 19 neftçi hələ də itkindir.

Rusiya Qarabağ məsələsində 3-4 il əvvəlki ideyalara qayıtmağa çağırır

07.04.2016




Aprelin 7-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusmana müsahibə verib.

Müsahibəsində o, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki vəziyyətdən, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarından danışıb.

Novator.az-ın məlumatına görə, Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konkret addımların atılmasının vacibliyini vurğulayıb: “İndi əsas məsələ zorakılığın yenidən baş qaldırmasına imkan verməməkdir. Biz Bakıda Azərbaycan prezidenti ilə müzakirə apardıq, ümidvaram ki, Ermənistan tərəfinin iştirakı ilə də müzakirə aparılacaq. Hələ 3-4 il əvvəl Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilən görüşlərdə qəbul edilən birgə bəyanatlarda əks olunmuş ideyalara qayıtmaq lazımdır. Siyasi həll yolunda səylərdən başqa təmas xəttində etimad tədbirləri ilə bağlı məsələlər də müzakirə olunmuşdu. Hər iki tərəfdən itkiləri nəzərə alaraq snayperlərin təmas xəttindən bir qədər geri çəkilməsi ideyası irəli sürülmüşdü. Adamların hər saat, hər dəqiqə bir-birinə nişangahda baxması çox risklidir. Kiminsə əsəbləri buna davam gətirməyə bilər”.

Lavrov təmas xəttindən snayperlərin çəkilməsi məsələsinin çoxdan planlaşdırılıdığını deyib: “Razılığa əsasən, Azərbaycan, Ermənistan və Rusiya prezidentləri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə qəti addımlar atmaqla məşğul olmuşdular. Bu, hələlik sonadək təsdiqlənmiş sənəd deyil, amma belə bir sənəd mövcuddur, onun üzərində neçə ildir iş gedir. Düşünürəm ki, hazırkı vəziyyət bizim hamımızı tələsdirəcək və tezliklə həmin tədbirləri qəbul edib həyata keçirməyə məcbur edəcək”.

Rusiyanın xarici işlər naziri məsələni Azərbaycan prezidenti ilə müzakirə etdiyini və İlham Əliyevin yanaşmanı dəstəklədiyini bildirib: “Amma bu şərtlə ki, həmin tədbirlər status-kvonu əbədiləşdirməyə xidmət etməsin. Bunu heç kim istəmir, sözügedən addımlar siyasi proses üçün əlverişli atmosfer yaratmaq üçün atılmalıdır. Minsk qrupunun səylərindən savayı Rusiya bu məsələdə öz təşəbbüslərini irəli sürür. Prezident Putin, ondan əvvəl isə Medvedyev Qarabağ ətrafındakı rayonları azad etmək, eyni zamanda Dağlıq Qarabağın statusunu müəyyənləşdirməklə məsələnin həllinə imkan verən müxtəlif ideyalar irəli sürmüşdülər. Detallara varmayacam, amma danışıqlar masasında bir neçə variant qalır. Dünən Azərbaycan prezidenti ilə bu məsləyə toxunduq. Səylərimizi bundan sonra da davam etdirəcəyik”.

Medvedyevli Qarabağ sənədləri

07.04.2016


Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 7-si TASS agentliyinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsindən danışarkən deyib ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilmiş görüşlərdə qəbul edilən birgə bəyanatlarda əks olunmuş ideyalara qayıtmaq lazımdır.

Transparency.az bildirir ki, son illər Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilmiş görüşlərdə 5 sənəd qəbul olunub. Onların hamısı Rusiya prezidenti postunu Dmitri Medvedyev tutan zaman gerçəkləşib.




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin