Xəbər bülleteni №21


Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkə İtaliyadır



Yüklə 3,34 Mb.
səhifə7/28
tarix07.06.2017
ölçüsü3,34 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   28

Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkə İtaliyadır


22.01.2016

2015-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkə İtaliya olub. Bu ölkə ilə ticarət dövriyyəsinin həcmi ümumi dövriyyənin 13,77%-nə bərabərdir.

Transparency.az Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, ikinci yerdə 9,27%-lə Almaniya gəlir. Rusiya 8,98%-lə üçüncü, Türkiyə 7,15%-lə dördüncü, ABŞ 5,74%-lə beşincidir.

2015-ci ildə Azərbaycanın ixracında ən böyük pay İtaliyaya düşür. Bu ölkəyə ixrac ümumi ixracın 19,73%-dir.

Ötən il ixracda MDB ölkələri üzrə 37,31%, Avropa İttifaqı ölkələri üzrə 41,63% azalma olub. Digər ölkələrə ixrac 55,99% aşağı düşüb.

İdxalda əsas ölkələrin siyahısına Rusiya başçılıq edir (15,59%). Türkiyə (12,70%) ikinci, ABŞ (9,19%) üçüncüdür.

İlk beşliyi Almaniya (7,48%) və İtaliya (6,37%) qapayır.

MDB ölkələrindən idxal 2014-cü illə müqayisədə 5,86% azalıb. Avropa İttifaqı ölkələri üzrə idxalda 5,18% azalma var. Digər ölkələrdən idxal isə 7,91% artıb.


Dövlət Miqrasiya Xidməti ötən ilə yekun vurub


22.01.2016

dmx
Dövlət Miqrasiya Xidmətində 2015-ci ilin yekunlarına və bu il qarşıda duran vəzifələrin icrasına həsr olunmuş xidməti müşavirə keçirilib. Rəsmi məlumata görə, struktur bölmələrin və tabe qurumların rəhbərlərinin qatıldığı müşavirədə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib. O deyib ki, Miqrasiya Məcəlləsinə əsasən, ölkə iqtisadiyyatına azı 500 min manat investisiya qoyan əcnəbi şəxslərə üç ilədək müddətə müvəqqəti yaşamaq üçün icazə verilir: “Əvvəlki qanunvericilik müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin müddətinin dörd dəfədən artıq uzadılmasına yol vermirdi, amma hazırkı qanunvericiliklə bu məhdudiyyət də aradan qaldırılıb.

Daxili əmək bazarının qorunması kimi mühüm missiyanı yerinə yetirən Dövlət Miqrasiya Xidməti əcnəbi işçi qüvvəsindən istifadənin tənzimlənməsi istiqamətində ardıcıl tədbirləri davam etdirir, əcnəbilərin haqqı ödənilən əmək fəaliyyətinə yalnız müəyyən edilmiş kvota çərçivəsində cəlb edilməsinə dövlət nəzarətini həyata keçirir. Neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi məsələlərinə nəzarət gücləndirilir.

Qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparılır. Ötən il əcnəbilər və vətəndaşlığı olmayan 26567 şəxsin inzibati qanunvericiliyi pozduğu aşkar edilib və müvafiq tədbirlər görülüb”.

Firudin Nəbiyev deyib ki, Azərbaycan miqrasiya baxımından artıq mənşə ölkədən tranzit və təyinat ölkəyə çevrilib: “Ötən il ölkədə qalma müddətinə müvafiq olaraq girişi qeydə alınmış əcnəbilərdən 670 326 nəfəri olduğu yer üzrə qeydiyyata alınıb. Dövlət Miqrasiya Xidmətinə ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 105 550 şəxsdən müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Ötən il Azərbaycan prezidentinin sərəncamları ilə 267 şəxs vətəndaşlığa qəbul, 9 nəfər isə bərpa edilib. Hesabat dövründə müraciətlər əsasında 53 200 şəxsə və onunla birlikdə immiqrasiya edən 18 yaşına çatmamış övladlarına Azərbaycan Respublikasında müvəqqəti və 2640 şəxsə daimi yaşama icazələri verilib, 885 şəxsin ölkə ərazisində müvəqqəti olma müddəti uzadılıb”.

Sloveniya parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul edib


22.01.2016

sloveniya parlamenti 1Xarici İşlər Nazirliyinin mətbuat xidməti Sloveniya parlamentinin qəbul etdiyi qərara dair məlumat yayıb. Məlumatda deyilir ki, yanvarın 20-də Sloveniya Respublikasının parlamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul edib: “Parlament Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması və məcburi köçkünlərin təhlükəsiz və rahat şəkildə öz doğma yurd-yuvalarına qayıtmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri əsasında həllinin dəstəklənməsinə çağırır.

Sənəddə bütün hallarda etnik təmizləmə, qırğın və mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsinin kəskin pislənməli olduğu qeyd edilir, bu xüsusda Ermənistan silahlı qüvvələrinin 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının insanlığa qarşı cinayət olduğu vurğulanır və faciənin 24-cü ildönümü münasibətilə Azərbaycan xalqına başsağlığı ifadə olunur. Qeyd edilir ki, Xocalıda 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla 613 nəfər dinc sakin amansızcasına qətlə yetirilib və çoxlu sayda mülki insan itkin düşüb. İnsanlığa qarşı cinayət olan bu hadisəni dünyanın əksər hökumətlərinin pislədiyi vurğulanır.

Qərarda BMT Baş Assambleyası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamələrdə Dağlıq Qarabağ daxil olmaqla Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün dəstəkləndiyi qeyd olunur, münaqişənin həllinin beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyünə, xüsusilə BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinə (822, 853, 874 və 884) əsaslanmalı olduğu bildirilir”.

Xarici İşlər Nazirliyi əlavə edir ki, Meksika, Pakistan, Honduras, Qvatemala, Kolumbiya, Panama, Peru, Bosniya və Herseqovina, Sudan, Çex Respublikası və Rumıniyanın parlamentləri və ABŞ-ın 16 ştatının yerli qanunverici orqanı, İslam Əməkdaşlıq Təşkilatı və onun Parlament İttifaqı Xocalı faciəsini soyqırımı və insanlıq əleyhinə cinayət kimi tanıyıb.




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə