XaləDDİN İbrahiMLİ



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix31.01.2017
ölçüsü2,7 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

 
 
 
 
3. 2. Visbaden və Münxen konfransları 
 
     İkinci Dünya müharibəsi bitdikdən sonra vətənə dönmək-
dən imtina edən əsirlər dünyanın müxtəlif ölkələrində, əsasən də 
Avropa  dövlətlərində  və  ABŞ-da  məskunlaşdılar.  Az  bir  müd-
dətdən sonra “yurdlarından olmuş” (Dusplaced persons-D.R.) bu 
əsirlərin bir qismi siyasi fəaliyyətə başlayaraq həm əski mühacirət 
təşkilatlarında, həm də yeni yaradılan siyasi qruplarda birləşdilər. 
Yeni 
yaranan 
bəzi 
təşkilatlarda 
əski  mühacirətin  öz 
cəbhədaşlarından  incik  düşən  bir  sıra  nümayəndələri  də  görün-
məyə  başladı.  Bir  tərəfdən  yeni  təşkilatların  meydana  gəlməsi, 
digər  tərəfdən  əski  mühacirət  düşərgəsində  baş  verən  yerdəyiş-
mələr  mühacirət  həyatında  yeni  mərhələnin  başlanmasını  xəbər 
verirdi. 
     Bir-birlərini daha çətin başa düşən qruplar arasında çəkiş-
mələr  get-gedə  kəskinləşirdi.  Bu  xoşagəlməz  prosesdə  şəxsi 
motivlərdən  tutmuş,  arxa  planda  maliyyə  və  siyasi  dəstəkçilərin 
(ABŞ,  Böyük  Britaniyanın)  niyyətlərinə  qədər  hər  şey  öz  işini 
görürdü.  Elə  bu  səbəbdəndir  ki,  1948-50-ci  illərdə  bir  neçə  rus 
mühacir  təşkilatları  ilə  yanaşı,  iki  gürcü,  iki  erməni,  iki  azər-
baycanlı, iki türküstanlı, iki tatar, üç  Quzey  Qafqaz və bir neçə 
belorus,  Ukrayna  mühacir  təşkilatları  ayrı-ayrı  cəbhələrdə 
qruplaşmışdı. 
     İngilislərin  maliyyə  yardımı  ilə  Qəyyum  xanın  rəhbərlik 
etdiyi  “Milli  Türküstan  Birlik  Komitəsi”  yenidən  təşəkkül  etdi. 
Puldan  korluq  çəkməyən  bu  təşkilat  80-ci  illərə  qədər  özünün 
orqanı  “Milli  Türküstan”  dərgisini  nəşr  edə  bilmişdi.  Paralel 
vaxtda  Qəyyum  xan  təşkilatına  müxalif  Hafiz  Kanatbayın  rəh-
bərlik etdiyi “Türküstan Milli Qurtuluş Komitəsi” də yaranmışdı 
(“Türküli”). 

 
 
174 
     Quzey Qafqaz mühacirləri də parçalanmışdı. Əli xan Qan-
dəmir,  prof.  Əhməd  Nəbi  Maqoma  ilə  birlikdə  “Quzey  Qafqaz 
Milli  Komitəsi”ni  yaradaraq,  Münhendə  “Birləşmiş  Qafqasya” 
(rus,  türk,  ingilis  dillərində)  jurnalını  yayınlayırdı.  Əli  xan 
Qəndəmir həm də “Prometey” tərəfdarı B. Baytuqan və B. Bilatti 
ilə  təkrar  canlanmış  olan  “Qafqaz”  dərgisinin  yazı  işlərini  idarə 
edirdi. Quzey Qafqaziyalıların yeni mühacirlər qrupuna isə sabiq 
“Qazavat”ın yazı işləri müdiri Əbdurrəhman Avtorxanov başçılıq 
edirdi. Onun nəzarəti ilə “Svobodniy Kavkaz” jurnalı da nəşr olu-
nurdu.  (Ə.  Avtorxanov  “Almaniya  İslam  Cəmiyyəti”  adlı  bir 
təşkilat  da  yaradıb,  buraya  xeyli  mühacir  müsəlman  cəlb  edə 
bilmişdi). 
     Erməni, gürcü, tatar mühacirləri də bir neçə yerə bölünərək 
öz aralarında çarpışırdılar. M. Ə. Rəsulzadənin ətrafında birləşən 
əski 
Azərbaycan 
mühacirlərinə 
müharibənin 
gedişində 
“Azərbaycan  Milli  Birlik  Məclisi”  adı  altında  yaradılan  yeni 
təşkilat  müxalif  mövqedə  dayanırdı.  Əbdurrəhman  Fətəlibəyli-
Düdənginski  bu  təşkilatın  rəhbəri,  Azərbaycan  parlamentinin 
1919-cu ildə Parisə göndərdiyi diplomatik heyətin nümayəndələri, 
kifayət qədər mühacirət təcrübəsinə və nüfuza malik olan Ceyhun 
Hacıbəyli,  Əkbərağa  Şeyxülislam  isə  onun  başqanlıq  heyətinin 
üzvləri idi. 
     Mühacirət  düşərgəsində  belə  qruplaşmalar  və  münaqişə-
lərin  olduğu  bir  şəraitdə  “vahid  antibolşevik  cəbhəsi”  yaratmaq 
məqsədilə  xüsusi  bir  “Amerikan  Komitəsi”  meydana  gəlir.  Baş-
çıları əvvəlcə “Xəyal məmləkətinə səyahət” kitabının müəllifi C. 
Layons,  sonra  isə  A.  Kerk  olan  bu  komitə  qarşısında  dayanan 
vəzifənin həlli üçün əsasən, əski Rusiya Müvəqqəti Hökumətinin 
başçısı  A.  Kerenskiyə  istinad  edirdi.  A.  Kerenski  isə  öz  növbə-
sində  Qərbdə  “milli  məsələ  üzrə  ən  etibarlı  mütəxəssis”  kimi 
tanınmasından  faydalanaraq,  “Antibolşevik  cəbhənin”  yaranma-
sında “Vahid, bölünməz Rusiya” prinsipindən çıxış edir və qeyri-
rus  mühacir  təşkilatlarla  iş  birliyinin  bu  şərt  daxilində  reallaş-
masına  çalışırdı.  “Amerikan  Komitəsi”  bir  tərəfdən  Rusiyanın 

 
 
175 
parçalanmasının ciddi fəsadlar törədib, içərisində olan xalqlara da 
bəlalar  gətirəcəyi  mülahizələrinə  söykənərək  A.  Kerenski 
prinsipini müdafiə edir, digər tərəfdən isə “antibolşevik cəbhəyə” 
qeyri-rusların da cəlb olunmasının zəruriliyini başa düşüb, ona can 
atırdı. 
     Nəhayət,  uzun  müzakirələrdən  sonra  “Amerikan  Komi-
təsi”nin yardımı ilə 1951-ci il yanvarın 16-da başda A. Kerenski 
və prof. S. Melqunovun rəhbərlik etdiyi partiyalar, digər rus par-
tiyalarının  da  qatıldığı  Füssen  Konqresinə  toplaşa  bildilər.  Bu 
konqresdə  rus partiyaları bolşevik  rejiminin  çökməsindən sonra, 
Rusiya bütövlüyünün qorunması  şərtilə qeyri-rus mühacir təşki-
latları ilə işbirliyinin mümkünlüyü qənaətinə gəldilər. Millətlərin 
öz  müqəddəratını  təyin  etməsi  məsələsi  isə  sonra  qurulacaq 
Rusiya Qurucular Məclisinin öhdəsinə buraxılırdı. 
     Çox keçmədən rus mühacirləri Ştutqart şəhərində 1951-ci 
il 10 avqustda ikinci konqresə toplaşdılar. Müzakirələr nəticəsində 
aydın  oldu  ki,  imperiyapərəst  rus  mühacir  dairələri  millətlərin 
hüququ  məsələsində  yenə  əvvəlki  mövqelərindən  əl  çəkməyib: 
“Konqresdə  iştirak  edən  rus  siyasi  partiyaları  Rusiya  millət-
lərindən hər birisinin təyini müqəddərat haqqını tanıyır... Rusiya 
torpaqlarının  Balkanlaşması  istisnasız  olaraq  bütün  Rusiya 
millətlərinin  mənafeyinə  uyğun  deyildir.  Yeganə  doğru  yol 
Rusiyanın  parçalanması  olmayıb,  Federasiya  və  Milli  Mədəni 
Muxtariyyat  əsasında  Rusiya  millətləri  ailəsinin  mühafizəsidir” 
[365, N-4, 1952]. 
     Qeyri-rus  mühacir  təşkilatların  etirazlarına  səbəb  olacaq 
belə mülahizələr sonrakı mərhələlərdə ciddi-cəhdə müdafiə olun-
maqda idi. Ştutqart konqresinin yekunu kimi “Rusiya Millətlərinin 
Qurtuluş  Şurası”  (RMQŞ)  yaradıldı.  Bu  təşkilatı  maliy-
yələşdirdiyinə və onun yaranmasına səy göstərdiyinə görə “Ame-
rikan Komitəsi”, əsasən əski müxalifətin ciddi hücumlarına məruz 
qaldı. Ayrı-ayrı milli mühacir təşkilatları Komitəni “rusofillikdə” 
ittiham  edirdi.  Belə  olan  tərzdə  “Amerikan  Komitəsi”  rus 
partiyalarına növbəti mərhələdə qeyri-rus mühacir təşkilatların da 

 
 
176 
“antibolşevik  cəbhəsi”nə  qoşulması  prosesini  sürətləndirməyi, 
onlarla dil tapmağı tövsiyə etdi. 
     Beləliklə,  “Vahid  antibolşevik  cəbhəsi”ni  genişləndirmək 
və  möhkəmləndirmək  yolunda  yeni  bir  addım  atılır.  RMQŞ-nin 
yaratdığı  Büronun  təşəbbüsü  ilə  beş  rus,  beş  qeyri-rus  mühacir 
təşkilatının iştirak etdiyi Visbaden konfransı öz işinə başlayır. 
    “Amerikan  Komitəsi”nin  nümayəndələri  tərəfindən  açılan 
ilk iclas noyabrın 2-nə (1951) təsadüf edir. Elə bu iclasda Komitə 
nümayəndəsi  təbrik  çıxışını  başa  vurduqdan  sonra,  A.  Kerenski 
söz  alaraq  qeyri-rus  mühacirlərin,  beş  rus  partiyası  tərəfindən 
Ştutqart  konqresində  təsdiqlənən  məlum  proqramı  qəbul  etmək 
üçün dəvət olunduqlarını bildirdi. A. Kerenski, F. Melqunov və b. 
milli  özünütəyinin  deklarativ  mahiyyət  kəsb  etdiyini,  mövcud 
problemin  həllinin  ancaq  əski  Rusiya  İmperiyası  çərçivəsində 
mümkünlüyünü  gizlətmirdilər.  Açıq-aydın  hiss  olunurdu  ki,  bu 
şovinist dairə SSRİ ərazisində köhnə Rus imperiyasının bərpasını 
əsas  tutaraq  elə  bu  məqsədlə  də  özlərinə  sərf  edən  qeyri-rus 
mühacir  təşkilatlar  axtarırlar.  “Amerikan  Komitəsi”nə  də  “Bizə 
pul  verin,  özümüzə  lazım  olan  təşkilatları  taparıq”  [365,  N-4, 
1952] demələri aydın mənzərə yaradır. 
     Konfransın gedişində tərəflərin (ruslar və qeyri-ruslar) bir-
birlərinə  qeyri-səmimi  münasibətdə  olduqları,  onların  “konspi-
rativ” iş metoduna üstünlük vermələri aşkar oldu. Daban-dabana 
zidd  mövqelər  öz  növbəsində  gizli  qruplaşmalara  rəvac  verirdi. 
Belə ki, rus mühacirləri Ştutqartda qəbul edilən proqram sənədinin 
əsasında, qeyri-ruslar isə milli bərabərlik, paritet əsaslar və BMT
Atlantik  Xartiyası  prinsiplərinə  dayanaraq  birliyin  mümkün-
lüyünü  iddia  etməkdə  idilər.  Mövcud  ziddiyyətlərə  baxmayaraq 
Visbadendə müştərək deklarasiya imzalandı. 
     Visbaden  konfransı  öz  işinə  noyabrın  8-də  yekun  vurdu. 
Imzalanan  deklarasiya  isə  11  noyabr  1951-ci  ildə  rus  mühacir-
lərinin orqanı “Qolos naroda” və "Posev” qəzetlərində dərc edildi. 

 
 
177 
     Deklarasiya  qəzet  səhifələrinə  çıxdıqdan  dərhal  sonra 
mühacir təşkilatları arasında “mətbuat müharibəsi” başlandı. Vis-
baden deklarasiyasına imza atdıqlarına görə C. Hacıbəyli, Ə. A. 
Şeyxülislam  və  İ.  Əkbər  Azərbaycan  mühacirlərinin  kəskin 
hiddətinə məruz qalmışdı. Ankarada, İstanbulda, Münxendə və b. 
şəhərlərdə  fəaliyyətdə  olan  Azərbaycan  mühacirət  təşkilatları 
yığıncaqlar çağıraraq, kollektiv imzalarla deklarasiyadakı şərtlərin 
qəbulunun  qeyri-mümkünlüyünü  və  “Azərbaycan  Milli  Birlik 
Məclisinin” Azərbaycan davasına xəyanət etdiyini bildirirdi. 
     “Dövlət  adamları”  adından  M.  Ə.  Rəsulzadə,  M.  Ə.  Rə-
suloğlu, M. Sadiq Aran (parlament üzvləri) tərəfindən aşağıdakı 
məzmunda məktub imzalandı: “7 noyabr 1951-ci il tarixində Batı 
Almaniyanın  Visbaden  şəhərində  yapılan  bir  toplantı  tərəfindən 
yayımlanan bəyannamədə beş Velikorus partisinin nümayəndələri 
ilə  birlikdə  rus  olmayan  millətlər  adına  hərəkət  edən  bir  takım 
hüviyətləri  məchul  (kimlikləri  bəlli  olmayan-X.  İ.)  adamlar 
sırasında Azərbaycan namına C. Hacıbəyli və Ə. Şeyxülislamovun 
adları  daha  böyük  bir  heyrətlə  görülmüşdür.  Bunların 
“Azərbaycan  Milli  Birlik  Məclisi”  deyilən  bir  təşkilat  namına 
imza  atmaları  isə  bu  heyrəti  bir  az  da  artırmaqdadır.  Çünki  C. 
Hacıbəyli və Ə. Şeyxülislamov bir fərd olaraq bizcə bəlli isə də, 
“Azərbaycan Milli Birlik Məclisi” deyilən bir təşkilatdan qətiyyən 
xəbərimiz  yoxdur.  Mövcud  olmayan  bir  təşkilat  namına  söz 
söyləmək ümumi əfraki göz görə-görə aldatmaqdır”. 
     Müsavat Partiyası öz təbliğatında “Azərbaycan Milli Birlik 
Məclisini”  tanımadığını  və  beynəlmiləl  bir  mahiyyətdə  bulunan 
Azərbaycan  davasını  azərbaycanlı  heç  bir  zümrənin  Sovetlər 
Birliyinin  və  yaxud  da  Rusiyanın  daxili  məsələsi  şəklində 
müzakirə etməyə haqlı olmadığını bildirirdi. 
     Tanınmış siyasi mühacirlərdən M. B. Məmmədzadə, Nağı 
Keykurun (Şeyxzamanlı), Əhməd Cəfəroğlu, Süleyman Təkinər, 
Əflan Muğan, Səlim Ağasıbəyli, Fuad Əmircan (Daryal) və baş-
qalarının  da  mətbuatda  Visbaden  anlaşması  əleyhinə  kəskin 
çıxışlarının şahidi oluruq. 

 
 
178 
     Visbaden  anlaşmasına  müxalifətdə  dayanan  siyasi  mü-
hacirət  ilk  növbədə  milli  mübarizələrin  “Rusiyanın  iç  işi”  elan 
olunmasına etiraz edirdi. Təşkilatın adından da (Rusiya Millətlə-
rini Qurtarma Şurası) məlum olur ki, qeyri-ruslara Rusiya milləti 
kimi baxılır, “antibolşevik cəbhə”nin formalaşdırılmasında 1917-
ci  il  fevral  inqilabına  qədərki  Rusiyanın  sərhədləri  və  siyasi-
inzibati qurumu əsas götürülürdü. Münxendə az sonra qurulacaq 
Koordinasiya  Mərkəzinin  nizamnaməsinin  3-cü  bəndində  də  bu 
məsələ  özünü  aydın  şəkildə  büruzə  verirdi:  “Mərkəzə  daxil  rus 
təşkilatları  özlərini  Rus  Hökumətinin  nüvəsi  hesab  etmirlər. 
Bununla  birlikdə  KM-ə  daxil  qeyri-rus  təşkilatlar  da  özlərini 
təşəkkül  etmiş  müstəqil  Milli  Dövlətlərin  nümayəndələri  adlan-
dıra bilməz” [103]. 
     Zahirən ruslar və qeyri-ruslar arasında bərabərliyi nümayiş 
etdirən bu bənd, əslində 1918-21-ci illərdə mövcud olan və dünya 
dövlətləri  tərəfindən  tanınan  Milli  Cümhuriyyətlərin  inkarından 
başqa bir şey deyildi. Rus mühacirləri öz mətbuatlarında da fevral 
inqilabından  sonra  Rusiya  ərazisində  yaradılan  heç  bir  müstəqil 
dövləti tanımadıqlarını gizlətmirdilər. 
     Yalnız Amerikan Komitəsinin təkidi ilə 1922-23-cü illərdə 
beynəlxalq aləmdə tanınmış dövlətlər istisna edilirdi. Bu isı Polşa 
və Baltik dövlətləri-Latviya, Litva, Estoniya idi. Çünki ΙΙ Dünya 
müharibəsi bitdikdən sonra ABŞ təkrar-təkrar Sovetlər İttifaqının 
Baltik  dövlətlərini  işğal  etməsilə  heç  vaxt  barışmayacağını 
bildirirdi. 
     Visbaden  konfransında  qərara  alındığı  kimi  “Rusiya  Mil-
lətlərini  Qurtarma  Şurasını”  daha  geniş  cəbhəyə  çevirmək  və 
“Bolşevik  əleyhdarlarının  Koordinasiya  Mərkəzi”ni  yaratmaq 
üçün  mühacirlər  yeni  toplantıya  hazırlaşırdı.  Eyni  zamanda 
müxalifətdə  dayanan  siyasi  mühacirət  də  Visbaden  anlaşmasını 
beynəlxalq  səviyyədə  boykot  etməyi  planlaşdırmışdı.  Bu  məq-
sədlə  30  noyabr  1951-ci  ildə  Doğu  Avropa,  Qafqaziya  və 
Türküstan siyasi mühacirləri Münxendə toplantı çağırdılar. Top-

 
 
179 
lantıya rəsmi iştirakçılardan başqa Polşa, Çexiya, Slovakiya, Slo-
veniya, Horvatıstan, Macarıstan,  Latviya, Litva, Estoniya müha-
cirətinin  nümayəndələri,  bundan  əlavə  işğal  altında  olan  bir  sıra 
dövlətlərin mühacirləri və mətbuat, informasiya orqanlarının xeyli 
əməkdaşı gəlmişdi. Bu qərarda: 
     -  Beş  rus təşkilatı tərəfindən qurulan “Rusiya Xalqlarının 
Qurtuluş  Şurası”nın  Sovetlər  Birliyinin  bütün  millətləri  adına 
hərəkət  etmək  iddiasında  olduğu,  bu  haqların  ancaq  məhkum 
millətlərin milli təşkilatlarına məxsusluğunun nəzərə alınmaması 
və belə vəziyyətin dözülməzliyi; 
     - Rusiya məhkumu millətlərin 1917-21-ci illərdə müstəqil, 
hürr  dövlətlər  qurduqları  və  dövlətlərin  dünya  birliyi  tərəfindən 
tanınması  bəzilərinin  isə  Birləşmiş  Millətlər  Təşkilatına  qəbul 
olunması; 
     -  RXQŞ-nın  kommunist  diktatorluğu  çökdükdən  sonra 
ortaya atdığı plebisit fikrinin qeyri-mümkünlüyü: bir tərəfdən artıq 
yaxın tarixdə öz müstəqil dövlətini quran millətin belə plebisidə 
ehtiyacı olmadığını, digər tərəfdən isə uzun illərdən bəri aparılan 
ruslaşdırma  və  40-cı  illərin  deportasiyaları  nəticəsində 
etnodemoqrafik  tarazlığın  pozulması  ilə  plebisidin  aldadıcı 
nəticələr verə biləcəyi
     -  RXQŞ-nın  öz  iradəsini  qəbul  etdirmək  üçün  zəif,  yeni 
yaranmış qeyri-rus siyasi mühacir təşkilatları öz sıralarına qatmaq 
təşəbbüsünün antidemokratikliyi; 
     -  Bu  addımın  qeyri-rus  xalqların  mühacirət  cəbhəsini 
parçalamaq üçün atıldığı; 
     - Eyni zamanda rus xalqına dostanə münasibətin mövcüd-
luğu,  milli  qarşıdurmaya  rəvac  verəcək  hər  hansı  addımın 
qarşısının kəskinliklə alınması zəruriliyi göstərilirdi. 
     Qərarın son bəndi dünya ictimaiyyətinə müraciət idi: “Yu-
xarıdakı  əsaslara  dayanan  bizlər-Azərbaycan,  Ermənistan,  Gür-
cüstan, Şimali Qafqaziya, Belorusiya, İdil-Ural, Kazakiya, Krım, 
Türküstan  və  Ukrayna  milli  təşkilatlarının  təmsilçiləri  hürr 
millətlərin əfkarı ümumiyyələrinə və siyasi mühitlərinə müraciət 

 
 
180 
edərək,  rus-bolşevik  imperializminə  qarşı  yapdıqları  mücadilədə 
millətlərimizə yardım və Atlantika bəyannaməsi prinsipləri daxi-
lində  hürr  millətlər  cərgəsinə  qatılmalarını  təmin  etmələrini  rica 
edirik” [102]. 
     Qərara Azərbaycan Milli Mərkəzi adından Dr. Məhəmməd 
Kəngərli imza atmışdır. 
     Münxen  konfransı  bir  daha  əski  mühacirətin  milli  müs-
təqillik  ideyasına  sadiqliyini,  onun  hər  bir  şəraitdə,  hansı  şərtlər 
daxilində olursa-olsun dəyişməyəcəyini nümayiş etdirdi. Sovetlər 
Birliyinə  daxil  olan  milli  mühacir  təşkilatların  belə  həmrəyliyi 
Amerikan Komitəsini də silkələdi. 
     Visbaden  anlaşması  barədə  bir  sıra  mətləblərə  aydınlıq 
gətirməkdə İsmayıl Əkbərin (“Azərbaycan Milli Birlik Məclisini” 
təmsil  edən  üç  nəfərdən  biri)  “Novoe  Russkoe  Slovo”  qəzetinə 
yazdığı  məktubun  xüsusi  əhəmiyyəti  var.  Bu  məktubunda  o 
Visbaden deklarasiyasına imza atmadığını bildirir və mövcud faktı 
sonra AMBM-in dərgisi “Azərbaycanda” (“Deklarasiyaya mənim 
tərəfimdən imza atılmamışdır-deməyim həqiqətdir” - 103) təsdiq 
edirdi. 
     İ. Əkbərin məlumatına görə deklarasiyaya C. Hacıbəyli, Ə. 
Şeyxülislam o şərtlə imza atdılar ki, ümumi razılıq əldə olunmasa 
sənəd  çapa  getməsin.  Noyabrın  7-si  Visbaden,  noyabrın  8-i 
Münxen yığancaqları göstərdi ki, ümumi razılıq əldə olunmadı və 
deklarasiya da şərtə görə çap edilməməliydi. 
     Lakin  ayın  11-də  “Qolos  naroda”  qəzeti  şərti  pozaraq 
sənədi çap etdi. 
     İ. Əkbərin məktubunu “Novoe Russkoe” qəzeti dərc etmədi, 
lakin  o,  müəllifin  xəbəri  və  razılığı  olmadan  Əhməd  xan 
Qandəmirin məsul müdir olduğu “Qafqaz” [36, N-4(9), 1952] dər-
gisində  dərc olundu.  Sonralar  İ.  Əkbər məktubun “Qafqaz” dər-
gisinə  necə  düşməsinə  təəccüblənir  və  onun  nəşrində  qərəzin 
olduğunu inkar etmirdi. 
     Qeyd  etmək  lazımdır  ki,  “Qafqaz”  da  İ.  Əkbərin  məktu-
bunun  dərc  olunması  ilə  mühacirlər  arasında  münaqişə  daha  da 

 
 
181 
artmışdı. Görünür elə bu məqsədlə “Novoe Russkoe Slovo” mək-
tubu müxalifət mətbuatına göndərmişdir. 
     Yuxarıda göstərmişdik ki, Visbadendə Mühacirlər Koordi-
nasiya  Mərkəzi  yaratmaq  qərarına  gəldi.  A.  Kerenski  “antibol-
şevik  cəbhə”nin  genişlənməsi  tərəfdarı  olsa  da  RMQŞ-nın  nə 
adının, nə də prinsiplərinin dəyişməsini istəmirdi. Nəhayət, bir ilə 
yaxın  sürən  vaxt  ərzində  uzanıb  gedən  diskussiyaların  yekunu 
kimi  9  mühacir  təşkilatı  1952-ci  il  oktyabrın  16-da  Münxenə 
toplaşdı. Bu toplantıda 4 rus partiyası, 5 mühacir qeyri-rus təşki-
latlarının  nümayəndələri  “Bolşevik  Əleyhdarları  Koordinasiya 
Mərkəzini”  (BƏKM)  yaratdılar.  Yeni  yaradılan  Mərkəzin  plat-
formasında RMQŞ-in və Visbaden anlaşmasının şərtlərini eynən 
təkrar  edən  prinsiplərə  xeyli  yer  verilirdi.  Mühacirlər  arasında 
mövcud  olan  münaqişələrdə  həqiqəti  ortaya  qoymaq  üçün  plat-
formanın bəzi müddəalarını göstərmək məqsədəuyğundur: 
     1.  BƏKM-in  fəaliyyət  sahəsi  əski  rus  imperatorluğu  və 
SSRİ torpaqlarıdır. 
     2. BƏKM  Sovetlər Birliyini  yıxıb  yerinə  “demokratik bir 
rejim qurmaqla” yanaşı çalpaşıq vəziyyətdə olan millətlər məsə-
ləsini sonraya buraxmaqdadır. Bu məsələ  ya ümumi referendum 
nəticəsində,  ya  Məhəlli  Qurucular  Məclisinin,  ya  da  Rusiya 
Qurucular  Məclisinin  səlahiyyətli  qərarları  ilə  ancaq  təyin 
olunacaqdır. 
     3.  BƏKM-ə  daxil  olan  partiya  və  təşkilatlar  millətlər 
məsələsi  üzərində  öncədən  heç  bir  qərar  verməməyə  razıdırlar. 
(Deməli, 1917-ci ildən sonra istiqlallarını elan edib, millətlərarası 
təsdiqə  nail  olan  Cümhuriyyətlər,  bolşevik  rejimi  çökdükdən 
sonra  istiqlallarını  avtomatik  şəkildə  geri  almaq  haqqına  malik 
olmayacaqlar). 
     4.  BƏKM-ə  daxil  olan  təşkilatların  istiqlallarını  özbaşına 
elan etmələri yasaqdır. 
     5.  BƏKM  Mühacir  Parlamenti  sayılan  Koordinasiya 
Şurasını yaradır. Bu Şura 20 rus, 20 qeyri-rus təşkilat nümayəndə-
lərindən  və  20  mütəxəssisdən  ibarət  bir  orqandır  (cəmi  60  n.). 

 
 
182 
Sənədin  son  bəndində  Mərkəzi  Büronun  yaradıldığı  elan 
olunurdu: “Dörd rus partisi: “Liqa borba za narodnuyu svobodu”, 
“Russkoe narodnoe dvijenie”, “Soöz borğba za svobodu Rossiy”, 
“Soöz  borğba  za  osvobojdenie  Rossii”  ilə  yeni  qurulan  beş 
emiqrasyon  təşəkkülü  (təşkilatı-X.  İ.)  “Gürcüstan  Milli  Şurası”, 
“Azərbaycan  Milli  Birlik  Məclisi”,  “Hürriyyət  uğrunda  savaşan 
erməni birliyi”, “Şimali Qafqaziya Milli Birliyi”, “Türküstan Milli 
Birlik  Komitəsi”  (Türkeli)  mənsublarının  iştirak  etdiyi  genel 
toplantıda  S.  P.  Melqunov,  V.  F.  Butenko,  İ.  A.  Kurqanov,  Q. 
Antonov, N. K. Tsintsadze, C. Hacıbəyli, Q. Saharuni, E. Hodarov 
və K. Kanatbaydan ibarət bir Koordinasyon Mərkəzinin Mərkəz 
Bürosu  təşkil  olunmuşdur.  Büro  başqanlığına  S.  Melqunov 
seçilmişdir” [32, N-282, 1991]. 
     Koordinasiya  mərkəzinin  yaranması  barədə  razılaşmaya 
“Azərbaycan  Milli  Birlik  Məclisi”  adından  C.  Hacıbəyli,  Ə. 
Şeyxülislam və polkovnik C. Kazımbəy (1920-ci il Gəncə üsya-
nının rəhbəri) imza etmişdir. 
     “Bolşevik  Əleyhdarları  Koordinasiya  Mərkəzi”  yaradıl-
dıqdan  sonra  mühacirlərarası  ziddiyyətlər  daha  da  dərinləşdi. 
Prosesi tam təfsilatı ilə açıqlamaq üçün visbadençilərin mövqeyini 
şərh etmək də zəruridir. 
     Ə.  A.  Şeyxülislam  Visbaden  və  Münxen  konfranslarının 
əhəmiyyətini  yüksək  qiymətləndirərək,  fərqli  fikirdə  olan  tərəfi 
“çığırqan  şovinistlər”  adlandırır,  “bir  və  bölünməyən  Rusiya 
məsələsinin”,  “bölünməyən  Rusiya  deyən  və  böyük  dövlətlər 
tərəfindən  tanınan  bir  rus  hökumətini  iddia  edən  kimsənin 
olmadığını” bildirirdi [365, N-4, 1952]. 
     İstər imzalanan deklarasiyanın  prinsipləri ilə  uzlaşmayan, 
bir sıra hallarda isə ziddiyyət təşkil edən bu fikirlərində, istərsə də 
“Bunu da yaxşı bilin ki, Azərbaycanı demoqoji ilə yıxdınız, fəqət 
demoqoji  ilə  onu  qura  bilməzsiniz”  deyərək  rəqiblərini  ittiham 
etməsində Ə. A. Şeyxülislamın birtərəfli mövqedən çıxış etməsini 
görmək çətin deyil [365, N4, 1952]. 

 
 
183 
     Konfranslara aid Ə. Fətəlibəyli-Düdənginskinin mülahizə-
ləri  də  maraq  doğurur.  “Vahid  Antibolşevik  Cəbhəsi  barədə” 
yazdığı  məqalədə  o,  tədqiqatımız  üçün  maraq  doğuran  bir  sıra 
məlumatlar verir: “...Eyni zamanda mən Kerenski və Melqunovu 
da  ittiham  edirəm.  Hansı  ki,  öz  həmfikirlərinin  təzyiqinə  dözə 
bilməyib  (rus  imperialist  ağaların)  imzalarını  geri  götürərək, 
biabırçılığa məhəl qoymadan qaçdılar. Cənab Melqunov anlamır 
ki, biz mübarizə üçün birləşirik, nə isə qurmaq üçün yox. (BƏKM-
in  qəbul etdiyi platformanın ikinci bəndində bu fikrin tam əksini 
görürük-İ. X.). Axırıncı səlahiyyət ancaq xalqlarımıza məxsusdur” 
[404, N-2, 1952]. 
     Kerenski  və  Melqunovu  sənəddən  imzalarını  geri 
götürməyə vadar edən amillər barədə mənbələrdə bilgi az olsa da 
hadisələrin  gedişi  belə  nəticəyə  gəlməyə  əsas  verir  ki,  onlar  öz 
istədiklərinə  nail  olmadıqda,  sadəcə  olaraq  destruktiv  mövqe 
tutmuşlar.  Bu  fikri  Koordinasiya  Mərkəzinin  çox  keçmədən 
parçalanması (bu barədə bəhs olunacaq) faktı da möhkəmləndirir. 
Xatırladaq  ki,  hələ  Bisbaden  konfransından  bir  ay  keçməmiş 
Kerenski  və  Melqunov  işlərin  yaxşı  getmədiyindən,  konfransa 
“separatçıların”, “öncədən qərar çıxarmağın qatı tərəfdarlarının”, 
həm  də  “Prometey”lə  əlaqədə  olanların  gəldiklərindən  giley-
lənirdilər.  Ə.  Fətəlibəyli  də  müxalifətdə  dayanan  mühacirətdən 
çox  Kerenski  və  Melqunovu  dağıdıcılıqda  təqsirləndirir,  vahid 
antibolşevik  cəbhənin  yaranmasını  isə  alqışlayırdı.  Kerenski  və 
Melqunovun  Koordinasiya  Mərkəzində  ixtilaflar  törətməsini  C. 
Hacıbəyli də tənqid  edərək, onların  fəaliyyətinin  “bolşevizmdən 
daha çox antibolşeviklərə” qarşı çevrildiyini göstərirdi. C. Hacı-
bəylinin  məqalələrində  belə  bir  fikrə  də  təsadüf  olunur:  “Visba-
denə getmədiyimiz təqdirdə nə olacağını təsəvvür etmək asandır. 
Kerenski  və  Melqunovlar  oradan,  buradan  dollarla  bir  neçə 
mühacir  tapıb  onları  amerikalılara  “millətlər  nümayəndələri” 
sifətilə təqdim etməkdə bir an belə tərəddüd etməycəkdilər” [226, 
N-14, 1953]. Qeyd edək ki, bu fikir Ə. Fətəlibəylinin yazılarında 
da mövcuddur. Belə mülahizələrin fonunda mühacirət cəbhəsinin 

 
 
184 
monolit  olmasının  zəruriliyi  daha  qabarıq  görünür.  Biz,  başlan-
ğıcda da göstərmişdik ki, mühacirət düşərgəsindəki parçalanma-
lardan  Amerikan  Komitəsi,  eyni  zamanda  göründüyü  kimi 
Kerenski kimilər də faydalanmağa cəhd edirdilər. 
     Koordiynasiya  Mərkəzində  ixtilafların  artdığı,  parçalan-
manın  qaçılmaz  olduğunun  qabarıq  təzahür  etdiyi  bir  vaxtda 
Azərbaycan, Gürcüstan və Şimali Qafqaziyanın mühacir təşkilat-
ları Müxnenə Ümumqafqaz Konfransına toplaşdı (1952-ci il 11-
16 dekabr). 
     Konfransda  Azərbaycanı  “Milli  Mərkəz”  (sədri  M.  Ə. 
Rəsulzadə), Gürcüstanı “Milli Siyasi Mərkəz” (sədri R.Qabaşvili), 
Şimali Qafqazı “Milli Komitə” (sədri prof. Ə. N. Maqoma) təmsil 
edirdi. 1935-ci ildə yaradılan “Qafqaz Konfederasiyası Şurası”nın 
prinsiplərindən çıxış edən bu təşkilatlar, Qafqaz millətlərinin milli 
qurtuluş  mübarizəsini  xaricdə  təmsil  və  ona  rəhbərlik  etmək, 
bolşevizmlə mübarizədə beynəlxalq dövlətlər və təşkilatlarla birgə 
mübarizə aparmaq, antibolşevik cəbhəni gücləndirmək üçün Doğu 
Avropa,  Türküstan  və  b.  milli  mühacir  təşkilatları  ilə  iş  birliyi 
qurmaq  məqsədilə  yeni  təşkilat-Qafqaz  İstiqlal  Komitəsini 
yaratdılar (bax: Azərbaycan siyasi mühacirlərinin “Prometey” və 
“Qafqaz Konfederasiyası Şurası”nda yeri). 
     Visbaden  razılaşması  və  Bolşevik  Əleyhdarları  Koordi-
nasiya Mərkəzinə münasibətə gəldikdə isə, bu barədə Konfransın 
rəyasəti (M. Ə. Rəsulzadə, R.  Qabaşvili, Ə. N. Maqoma) xüsusi 
sənəd və mətbuat üçün kommunike qəbul etdi. Sənəddə deyilirdi: 
“Konfrans, təəssüflər olsun ki, Bolşevik Əleyhdarları Koodinasiya 
Mərkəzi”  ilə  əməkdaşlığın  qeyri-mümkünlüyünü  bildirir.  16 
oktyabr 1952-ci ildə Münxendə təşkil olunan bu qurum, Visbaden 
anlaşması  kimi  Qafqaz  respublikaları  müstəqilliyinin  danışıqsız 
tanınmasını rədd edir. Bu hüququn ancaq Baltik dövlətlərinə aid 
olduğunu bildirən BƏKM Qafqaz xalqlarının iradəsi əleyhinə və 
tarixi  faktlara  qarşı  dayanır  (1918-ci  il  müstəqillik  aktlarına). 
Konfrans  Qafqaz  respublikaları  müstəqilliyinin  danışıqsız  qəbul 
olunması 
hüququnu 
bilmədən 
Visbaden 
və 
Münxen 

 
 
185 
razılaşmalarına  imza  atmaqla,  onu  Rusiyanın  daxili  məsələsinə 
çevirən  naməlum  və  yeni  yaradılmış  Qafqaz  təşkilatlarının 
hərəkətini pisləyir. 
     Konfrans ümid edir ki, ayrı-ayrı təşkilat nümayəndələri, o 
cümlədən  SSRİ-də  milli  məsələlərdə  məşğul  olan  “Amerikan 
Komitəsi”  amerikan  demokratiyasının  xeyirxah  prinsiplərini  və 
Atlantik  Xartiyasında  ifadə  olunan  millətlərin  öz  müqəddəratını 
təyin  etmə  hüququnu  gələcək  fəaliyyətlərində  əsas  tutacaqlar 
[102].  Sənəddə  öz  müstəqilliyini  danışıqsız  bərpa  etmək 
hüququnda  olduğunu  inkar  edən  BƏKM-lə  əməkdaşlığın  qeyri-
mümkünlüyü  bir  daha  vurğulanır,  eyni  zamanda  Şərqi  Avropa, 
Türküstan və digər bölgələrin mühacir təşkilatları ilə əməkdaşlığın 
zəruriliyi qeyd olunurdu. 
     Konfransda M.  Ə. Rəsulzadə “Ümumi Qafqasya siyasəti-
nin ana xətləri” mövzusunda çıxış edərək, Kerenskinin “öncədən 
qərar  verməmək”  tezisinin  milli  macadiləyə  sədd  çəkə  bilməyə-
cəyini  göstərdi:  “Millətlərimizin  istiqlallarına  aid  olan  məsə-
lələrdə biz qərar verənlərdəniz. Daxili rejim məsələləri sonradan, 
millətin  rəyinə  buraxılmaq  şərtilə  sınaqdan  keçirilə  bilər.  Qaf-
qasiya Cümhuriyyətlərinin birər dövlət olaraq istiqlalı məsələsinə 
gəlincə, buna çoxdan qərar verilmiş və bu 1918-ci ildə həm milli, 
həm  də  millətlərarası  qərarlarla  təsdiq  olunmuşdur.  Bu  əsasdan 
vaz keçmək və ya onu yeni bir qərara tabe tutmaqla şübhə altına 
almaq haqqında deyiliz. Tarixin çarxı geri döndürüləməz!” [32, N-
282, 1991]. 
     Ümumi Qafqaz konfransından sonra Bolşevik Əleyhdarları 
Koordinasiya  Mərkəzində  artan  daxili  ixtilaflar,  bu  qurumun 
1953-cü ilin iyulunda iki yerə parçalanmasına gətirib çıxardı. 
     Parçalanma  nəticəsində  formalaşan  qurumların  hər  biri 
ayrılıqda öz Koordinasiya Mərkəzlərini yaratdılar. 
     Kerenski və Melqunovun rəhbərlik etdiyi partiyalara üçün-
cü rus partiyası və “Hürriyyət uğrunda savaşan Erməni Birliyi” də 
qoşuldu.  Sonralar  bu  KM-ə  daxil  olan  təşkilatların  sayı  16-ya 
çatdısa  da,  “Amerikan  Komitəsi”  onlara  yardımı  dayandırdı. 

 
 
186 
Kerenski artıq “Amerikan Komitəsi”ni də mətbuat səhifələrində 
ittiham  etməkdən  çəkinmirdi.  Vəziyyət  belə  şəkil  aldıqda 
“Amerikan  Komitəsi”  Kerenski-Mequnov  qrupunun  Komitəyə 
məxsus olan binadan çıxmalarını tələb etdi. 
     Tərkibində Liqa, Gürcüstan Milli Şurası, Azərbaycan Milli 
Birlik  Məclisi,  Şimali  Qafqaziya  Milli  Birliyi  və  “Türk  eli”ni 
birləşdirən  ikinci  qrupun  yaratdığı  KM  isə  “Amerikan  Ko-
mitəsi”nin  yardımına  arxalanır,  öz  işlərinin  ciddi  nəticələr  verə-
cəyinə inanıb mübarizəni davam etdirirdilər. Bu məqsədlə ikinci 
KM, hələ əsası 1950-ci ildən qoyulan, lakin formal olaraq mövcud 
olan  Paris  blokunda  birləşən  təşkilatları  da  öz  sıralarına  daxil 
etməyi  qərara  aldı.  Göstərilən  cəhətlərə  baxmayaraq  “Amerikan 
Komitəsi” ikinci qrupun yaratdığı KM-ni də tanımırdı. Paris bloku 
isə  yenidən  təşkil  olunmuş,  əski  “Prometey”  tərəfdarları  M.  Ə. 
Rəsulzadə, Noy Jordaniya, Səid Şamil, Əli xan Qandəmir, Əhməd 
Nəbi Maqoma, Vəli Qəyyum Xan, Dro Kanayan kimi mühacirətdə 
30 ildən artıq mübarizə aparan milli dövlət qurucularının rəhbərlik 
etdiyi  təşkilatların  birliyinə  çevrilmişdi.  “Rusiya  Məhkumu 
Millətlərin  Qurtuluş  Birliyi”  adlanan  bu  blok  “The  Problems” 
adında dərgi  də  nəşr etdirirdi ki,  o 1980-ci  illərə qədər işıq üzü 
görmüşdü. 
     Amerikan  və  ingilislərin  maliyyə  yardımı  kəsildikdən 
sonra Koordinasiya Mərkəzlərinin hər ikisi dağıldı  “Azərbaycan 
Milli Birlik Məclisinin” orqanı “Azərbaycan” jurnalının nəşri isə 
dayandı.  Ə.  Fətəlibəyli  1954-cü  ildə  qətlə  yetirildikdən  sonra 
“Azərbaycan Milli Birlik Məclisi” də fəaliyyətinə nöqtə qoydu. 
     50-ci  illərin  əvvəllərində  siyasi  mühacirət  həyatında 
müşahidə olunan canlanmanın katalizatoru uzun-uzadı mübahisə-
lərə  və  münaqişələrə  rəvac  verən  Visbaden  konfransı  idi.  Bu 
konfrans (eləcə də sonrakı proseslər) istər Azərbaycan, istərsə də 
digər millətlərin siyasi mühacirət təşkilatlarının bir sıra mənfi və 
müsbət  tərəflərini  aşkarladı.  Öncə  onu  qeyd  etmək  lazımdır  ki, 
mühacirət  öz  daxilində  mükəmməl  təsanüdə  malik  olmadıqda, 
apardığı  mübarizənin  kəskinliyi  zəifləyir,  deyilən  söz  kəsərdən 

 
 
187 
düşür. Qarşı tərəf ilk növbədə daxildəki müxalifətdən istifadə edir. 
Bir  millətin  xaricdə  çoxsaylı  təmsilçisi  olanda,  “ən  sərfəlisini 
seçmə”  prinsipi  işə  düşür.  Hansı  ki,  “Amerikan  Komitəsi”  və 
Kerenski-Melqunov qrupu öz fəaliyyətlərində bu prinsipə az önəm 
verməmişlər. 
     Koordinasiya Mərkəzinin yaranması və dağılması göstərdi 
ki, maliyyə dəstəklərinin arxasında heç də həmişə xoş məramlar 
dayanmır, eyni zamanda maliyyə siyasi problemlərini həlli üçün 
başlıca istinad nöqtəsi də deyil. 
     Visbaden konfransı ətrafında gedən mətbuat müharibəsini 
araşdırarkən belə qənaət gəlmək olur ki, bir sıra hallarda tərəflər 
köhnə incikliklərin, ədavətin təsiri altında öz rəqiblərini məğlub 
etmək  üçün  yaranmış  vəziyyətdən  sui-istifadə  etmişlər.  Hətta 
gərginliyi süni surətdə artıran yazılara da az təsadüf olunur. Bəzi 
nümunələrə müraciət edək: 
     1. F. Daryal (Əmircan): “Fətəlibəylinin legionerləri “Türk 
ənənələri  ruhunda  tərbiyələndirdiyi”  iddiası  gülünc  və  boşdur... 
Ruslara, on minlərlə legionçuların içərisindən yalnız Fətəlibəyli-
nin qoşulması onun özünün milli tərbiyəyə ehtiyacı olduğunu isbat 
edir” [218, N6, 1952]. 
     2. Polkovnik C. Kazımbəy, Şəfi Aran (Rüstəmbəyli) və b. 
imzaları ilə kollektiv məktub: “1934-cü ildən heç bir müsavat təş-
kilatı yoxdur. Müsavat Partiyasının keçmiş lideri M. Ə. Rəsulzadə 
şəxsən  öz  adından  çıxış  edə  bilər,  amma  partiya  adından 
deklarasiya buraxmaq, ictimai fikri aldatmaq deməkdir” [33, N5, 
1952]. 
     3.  Şamil  Atabəy:  “M.  Ə.  Rəsulzadə  komitəsi  fəaliyyət 
göstərəndə onun günahından legionerlər cəbhədə əziyyət çəkdilər 
və Azəri türklərinin şərəfi qorunmadı” [33, N-2, 1952]. 
     4. Doktor Əziz Alpaut: “1918-ci il mart hadisələrində biz 
Bakı  küçələrində  döyüşürdük,  “Böyük”  isə  İsmailiyyədə  otur-
muşdu.  Sonra  aydın  oldu  ki,  M.  Ə.  Rəsulzadə  kitab  yazdığını 
bəhanə edərək kənddə gizlənibmiş” [33, N-2, 1952]. 

 
 
188 
     5. İ. Əkbər “Onun (F. Əmircanın-X. İ.) Berlində qatı kom-
munist Cümşud Məmmədovla, Səbzəli Məmmədovla sıx əlaqəsi 
nə ilə izah oluna bilər” [33, N-2, 1952]. 
    Təəssüflər  olsun  ki,  Visbaden  problemi  ətrafında  gedən 
mübahisələrdə bu cür “kənara çıxmaların” sayını xeyli artırmaq 
mümkündür. 
     Visbaden konfransı və Koordinasiya Mərkəzinin yaranma-
sının bir sıra müsbət cəhətləri də var. “Vahid antibolşevik cəbhəsi” 
ideyası ΙΙ Dünya müharibəsindən sonra siyasi mühacirətin uğuru 
sayıla  bilər.  Bu  ideyanın  mükəmməl  şəkildə  praktikaya  tətbiq 
olunmamasına baxmayaraq, onun nəzəriyyə şəklində mövcudluğu 
da  özlüyündə  beynəlxalq  ictimaiyyətdə  antibolşevik  əhvali-
ruhiyyənin oyanmasında az rol oynamırdı. 
     Proses 50-ci illərdə get-gedə güclənən “dünya kommuniz-
mi”  ideyasına  qarşı  dünya  demokratlarının  sıx  birliyinin  tələb 
olunduğu bir vaxtda gedirdi. 
     Lakin “Azərbaycan Milli Birlik Məclisi” bu düzgün məq-
sədə  çatmaq  üçün  məqsədəmüvafiq  yol  seçə  bilmədi.  Ə.  Fətəli-
bəyli  və  onun  silahdaşlarının  “biz  getməsək,  onsuz  da  kimsə 
gedəcəkdi”  demələri  də  bəraət  üçün  əsas  vermir.  Kerenski  və 
Melqunova imkan vermək lazım deyildi ki, yaranmış vəziyyətdən 
istifadə  edərək  Azərbaycanın  müstəqilliyinin,  istiqlaliyyətinin 
tanınması faktını beynəlxalq aləmdə sual altına alsın. Ən azı yaxın 
tarixi  keçmişə  nəzər  salmaq  lazım  idi.  Hələ  müharibədən  əvvəl 
Kerenski  çoxsaylı  türk  siyasi  mühacir  təşkilatlarının  yaran-
masından  (İdil-Ural,  Türküstan,  Krım,  Azərbaycan,  Şimali 
Qafqaziya, Tatar, Başqırd və s.) narahat olaraq “panturanizm”in 
dirçəldiyini,  Rusiyanı  yeni  monqol-tatar  istilasının  gözlədiyini 
yazırdı. M. Ə. Rəsulzadə “Panturanizm haqqında” əsəri və mət-
buatdakı sərt sərt çıxışları ilə Kerenski və onun erməni havadarı 
Xondkaryanı  susdurdu.  Lakin  onu  da  qeyd  edək  ki,  yayılan 
“panturanizm”  xofu  izsiz  otüşmədi.  Qərb  artıq  çoxsaylı  türk 
mühacir  təşkilatlarının  müqabilində  Rusiyanın  parçalanması 
fikrinə ehtiyatla yanaşırdı. 

 
 
189 
     Bu  tarixi  rakursdan  baxdıqda  “Azərbaycan  Milli  Birlik 
Məclisinin” Kerenski və  Melqunovu  aldada bilməyəcəyi,  əksinə 
onun toruna düşmə ehtimalının mövcudluğu aydın görünür. Hər 
halda “taktiki oyunlarla” Kerenski kimi təcrübəli, hiyləgər şovi-
nistlərin uduzacağına inanıb “ilkin mərhələdə milli mənafeyə uy-
ğun gəlməyən sənədlərə imza atmaq olar” fikrinə düşmək səhv idi. 
     Visbaden konfransı əski mühacirət üçün yeni imtahan oldu. 
M.  Ə.  Rəsulzadə  ömrünün  son  illərində  Azərbaycan  uğrunda 
növbəti  döyüşə  qalxmışdı.  “Amerikan  Komitəsi”  (Don  Levin) 
1951-1952-ci  illərdə  onu  görüşmək  üçün  İtaliya  və  Almaniyaya 
dəvət etsə də, məqsədi “Sovetlər Birliyinin mövcud sərhədlərinin 
mühafizəsi”  olan  bu  təşkilatın  dəvəti  qəbul  edilməmişdi.  “Mü-
savat” Partiyasının lideri kimi M. Ə. Rəsulzadə, 1953-cü ildə hö-
kumətin rəsmi dəvəti üzrə ABŞ-a gedərək, Azərbaycan istiqlalının 
35-ci  ildönümü  münasibəti  ilə  “Amerikanın  səsi”  radiosunda 
Azərbaycan xalqına müraciət etdi. 
     “1954-cü ildə “Amerikan Komitəsi”nin yeni başqanı prof. 
Dr. Kuneholm Ankaraya gələrək M. Ə. Rəsulzadə ilə bir neçə dəfə 
görüşmüş, komitənin Azərbaycanın istiqlalı məsələsinə hörmətlə 
yanaşacağını ifadə etməklə Müsavat Partiyasının bu mücadilədə 
öz siyasəti yönündə layiq olduğu yeri almasını istəmişdir. Bu cür 
yaxınlaşmanı  qəbul  edən  partiya  komitəsi  ilə  sıx  əlaqələr 
qurmuşdu” [147, s.30]. 
     Beynəlxalq konfranslar, mətbuat mübarizəsi, yeni birliklər 
yaratmaq,  dünya  dövlətlərinə  və  təşkilatlara  müraciətlər  hədər 
getmədi. Ancaq Pribaltikanın müstəqilliyini qəbul edən Qərb artıq 
50-ci  illərdən  Azərbaycanın  müstəqilliyi  barədə  də  fikirləşməyə 
başlayır. Qəti şəkildə söyləmək olar ki, 1991-ci ildə qəbul olunan 
müstəqillik aktı və Azərbaycanın yenidən dünya birliyi tərəfindən 
tanınmasında 50-ci illər mübarizəsinin əhəmiyyəti çox böyükdür. 
 
 
 
 
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə