XaləDDİN İbrahiMLİ



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə7/19
tarix31.01.2017
ölçüsü2,7 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   19

 
 
 
 
 
 
 
 
 

 
 
130 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
2. 4. Azərbaycan mühacirəti və “Prometey” ittifaqı, 
“Qafqaz Birliyi” ideyası 
 
     Mühacirlər ayrı-ayrılıqda öz təşkilatlarını qurmaqla yanaşı, 
məqsəd və hədəfləri eyni olduqlarından bolşevizmə qarşı imkan-
larını,  güclərini  səfərbər  edərək  beynəlxalq  birliklər  də  yara-
dıldılar.  Hər  bir  mühacir  təşkilatının,  o  cümlədən  azərbaycan-
lıların fəaliyyətini bu kontekstdən kənar təsəvvür və tədqiq etmək 
çətindir. 
     1920-1930-cu  illərdə  təşəkkülündə  və  fəaliyyətində 
Azərbaycan  mühacirətinin  də  yaxından  iştirak  etdiyi  iki  belə 
birlik-“Qafaqz Konfederasiyası  Şürası” və  “Prometey” meydana 
gəldi. 
     Prometey  Birliyində  (Liqus  Promethee)  erməni  və  rus-
lardan  başqa  SSRİ-dən  olan  bütün  milli  mühacir  təşkilatlarının-
Ukrayna,  Belorusiya,  Azərbaycan,  Şimali  Qafqaz,  Gürcüstan, 
Türküstan,  Moldova,  İdil-Ural,  Krım,  Kareliya,  İngeriya,  İnqu-
şetiya,  Komi  və  Kubanın  nümayəndələri  təmsil  olunurdu.  Bu 
nümayəndələrin  böyük  əksəriyyəti  hələ  Ι  Dünya  müharibəsi 
dövründə  (1916)  Lozanna  konfransına  toplaşan  Rusiya  Dövlət 

 
 
131 
Dumasının bir-birlərini yaxşı tanıyan və başa düşən əski üzvləri 
idi. 
     “Prometey”in  yaradılmasında  ilk  təşəbbüs  Başqırdıstan 
mühaciri, prof. Əhməd Zəki Vəlidi Toğana və M. Ə. Rəsulzadəyə 
məxsusdur. Hələ 1923-cü il iyunun 26-da çıxan “Yeni Qafqasya” 
məcmuəsinin  birinci  nömrəsində  M.  Ə.  Rəsulzadə  Zevsin 
Prometeyi  Qafqaz  dağlarına  zəncirləməsini  və  qartalın  onun 
ciyərlərini  hər  gün  didməsini  Azərbaycanın,  eyni  zamanda 
Qafqazın  mövcud  siyasi  durumu  ilə  əlaqələndirərək  yazırdı: 
“Qafqasyanın  tarixini,  son  əsrdəki  güzəran  edən  əhalini  və  bir 
xassə indiki vəziyyətini ifadə etmək üçün bu əsatirdən daha gözəl 
bir rəmz tanımaq mümkün deyil” [42, N-1, 1926]. Azərbaycanı və 
Qafqazı  Prometey  adlandıran  müəllif  onu  parçalayıb,  qanına 
qəltan  edənin,  gerbində  ikibaşlı  qartal  həkk  edilən  Rusiya 
imperiyası  olduğunu  göstərirdi.  Bu  yazının  analoji  variantı 
Birliyin  1926-cı  il  yanvarın  10-dan  çıxmağa  başlayan  eyni  adlı 
jurnalının birinci sayında da dərc edilmişdi. 
     “Prometey”in  yaranma  tarixi  və  onun  təşəbbüsü  ilə  bağlı 
alman tədqiqatçısı P. Mühlen  yazır:  “Əslində  birlik 1928-ci  ildə 
Varşavada  iki  il  öncə  eyni  adı  daşıyan  bir  Qafqaz  mason  lojası 
Parisə  yerləşdikdən  sonra  quruldu.  Quruluş  Rəsulzadənin  ini-
siativi (təşəbbüsü-X. İ.) və birliyi mali yöndən dəstəkləyən Polon-
ya (Polşa-X. İ.) hökümətinin onayı ilə gerçəkləşdi” [284, s.20]. Bu 
sitatdan  da  məlum  olduğu  kimi  “Prometey”  əsasən  Qafqaz 
mühacirlərinin  birliyi  şəklində  hələ  1926-cı  ildən  fəaliyyətə 
başlamışdı. 
     Polşa tarixçisi Mikuliç isə birliklə bağlı aşağıdakı məlumatı 
verir:  “Qeyri-rus  ağ  mühacirlər”...Parisdə  mühacir  təşkilatı 
“Prometey”i  yaratdılar.  Qədim  yunan  mifoloji  qəhrəmanı  adı 
altında antisovet  fəaliyyət  göstərən bu təşkilat  sovet  quruluşunu 
sıradan  çıxarmaq  vəzifəsini  qarşıya  qoymuşdu”  [410,  s.157]. 
Təşkilatda  Ukraynanı  prof.  Roman  Smal  Stotski,  A.  Şulqin, 
Azərbaycanı  M. Ə. Rəsulzadə, Mir Yaqub Mehdiyev, Türküstanı 
Mustafa Çokayev, Gürcüstanı N. Jordaniya, G. Qvazava, Şimali 

 
 
132 
Qafqazı Səid Şamil, Xurşilov, Tausultan Şakmanov, Krımı Cəfər 
Seyid Əhməd, İdil – Uralı Ayaz İshaki və b. nüfuzlu mühacirlər 
təmsil edirdi. “Prometey”in ilkin mərhələdə rəhbəri Şimali Qafqaz 
mühaciri Tausultan Şakmanov, sonralar isə ukraynalı prof. Roman 
Smal  Stotski  oldu.  Jurnala  G.  Qvazava  redaktorluq  edirdi. 
“Birliyin İstanbulda M. Vəkilli, S. Əhməd, M. Çokayev, Osman 
Xoca  və  V.  Murskinin  təmsil  olunduqları  böyük  bir  şöbəsi 
fəaliyyət göstərdi [140, N-1(5), 1993] “Prometey”in istiqlalçı və 
milliyyətçi  (patriot)  gəncləri  birləşdirən  “Prometey  Gəncliyi” 
şöbəsi də yaradılmışdı. 1936-cı ildə bu şöbənin “Gənc Prometey” 
(Mlody Prometeusz) adlı məcmuəsi də nəşrə başladı. Onun elə ilk 
sayında,  şöbənin  fəaliyyət  istiqamətləri  və  yaranma  məqsədləri 
barədə  M.  B.  Məmmədzadə  yazırdı:  “Kommunist  firqələri  və 
Komintern  yeni  kadrosunu  gənc  kommunistlər  birliyindən  alır. 
Buna qarşı məhkum millətlərin gəncləri dahi “Prometey Gənclər” 
təşkilatı yaratmalı və yaşlı nəslin açdıqları istiqlal davsını davam 
etdirəcək kadro və nəsil yetişdirməlidirlər. 
     Kominternə qarşı “Prometey”, gənclər Kominterninə qarşı 
“Gənc Prometeyçilər” [39, N-20, 1936]. 
     Prometey Birliyinin əsas fəaliyyət istiqamətlərini aşağıdakı 
şəkildə ümumiləşdirmək olar: 
     - Birlik milli dövlətlərin yenidən təsisi yolunda beynəlxalq 
hüququn  və  diplomatiyanın  verdiyi  imkanlardan  maksimum  və 
səmərəli  istifadə  edir,  bu  sahədə  mühacir  təşkilatlarının  istər 
ayrılıqda,  istərsə  də  birliklər  şəklində  müştərək  antibolşevik 
fəaliyyətinin gücləndirilməsinə çalışır; 
     - Sovet İttifaqının daxili siyasəti, iqtisadi, siyasi, mədəni və 
b.  sahələrdə  yol  verilən  hüquq  pozuntuları  ilə  bağlı  məlumatlar 
toplayır,  təhlillər  aparıb  ictimai  rəy  yaratmaq  üçün  dünya 
dövlətləri, beynəlxalq təşkilatlar və ictimaiyyət qarşısında rəsmi 
etirazlar,  bəyanatlarla  çıxış  edir,  həmçinin  vacib  məsələlərlə 
əlaqədar  olaraq  qurultay,  konfrans,  eləcə  də  digər  toplantılar 
çağırır; 

 
 
133 
     -  SSRİ-dəki  məzlum  millətlərin  gizli  fəaliyyət  göstərən 
təşkilatlarına xaricdən məsləhətlər və istiqamət verir, onlara qəzet, 
jurnal,  eləcə  də  başqa  sənədlər,  materiallar  göndərir,  bir  sıra 
hallarda isə maliyyə yardımı göstərir; 
     -  Milli  müstəqillik  ideyalarının  təkmilləşməsi,  inkişafı, 
dövrə uyğun interpretasiyası istiqamətində elmi-nəzəri axtarışlar 
aparır; 
     -  Mühacir  mətbuatının  fəaliyyətini  əlaqələndirir,  eyni 
zamanda  maliyyələşməsi  məqsədə  müvafiq  olan  dərgilərə  bu 
istiqamətdə yardımlar göstərir və s. 
     1936-cı ilin mayın 31-i iyunun 1-də Varşavada, “Prometey” 
Birliyində  təmsil  olunan  millətlərin  qurultayı  oldu.  Qurultayda, 
Stalinin KP-nin XVΙ Konfransında “bütün milli mədəniyyətlərin 
və dillərin vahid dil, vahid mədəniyyət ətrafında birləşdirilməsi” 
tezisi  ilə  bağlı  rəsmi  ruslaşdırmaya  qərar  verildiyindən,  etiraz 
əlaməti olaraq və ictimai fikri bu məsələyə yönəltmək üçün əsasən 
siyasi  baxımdan  dil  problemi  müzakirə  olunurdu.  Türk 
millətlərindən  olan  mühacirlər,  Moskvanın  son  illərdə  SSRİ-də 
yaşayan  türklərin  arasında  süni  sədlər  çəkməsindən,  əlifba 
islahatlarından,  nəhayət,  ümumi  dil  təbliğatı  ilə  yanaşı  yerli 
dillərin  yaradılmasına-qondarma  əlifbalar  meydana  gəlməsinə 
rəvac verdiyindən danışdılar. Natiqlərdən Ayaz İshaqi bu məsələ 
ilə  bağlı  fikrini  belə  ifadə  etmişdi:  “Moskva  Rusiyada  yaşayan 
Türklər üçün tam 70 (ədəbi) türkcə meydana gətirmişdi” [39, N-
20, 1936]. 
     Problemlə  bağlı  Millətlər  Cəmiyyətinə  rəsmi  müraciət 
qəbul edən qurultay, eyni zamanda qərara aldı ki: 
     - 1926-cı ildən bəri bolşevik firqəsi rus olmayan xalqların 
dillərini sistemli şəkildə ruslaşdırmağa başlamışdır; 
     -  Stalin  proletariatın  bütün  dünyaya müzəffər olmasından 
sonra mövcud mədəniyyətlərin hamısının ortaq mədəniyyət halına 
gətirilməsi iddiasına düşmüşdür; 

 
 
134 
     - Son illərdə rus dilinin “oktyabr dili”, “Lenin dili” adı al-
tında Sovetlər birliyində yaşayan xalqların ortaq dilinə çevrilməsi 
prosesi gedir. 
     Buna görə də qurultay: 
a)
 
Ruslaşdırmaya qarşı kəskin etiraz edərək bütün beynəl-
miləl  elm  və  mədəniyyət  təşkilatlarını,  ictimaiyyəti  millətləri-
mizin müdafiəsinə çağırır; 
b)
 
Millətlər Cəmiyyətinin üzvü olan SSRİ-nin daxilindəki 
bu  vəziyyətin,  MC-nin  istinad  etdiyi  bəşəri  ədalət  kimi  təməl 
fikirlərinə müxalif olduğuna MC-     nin diqqətini cəlb edir; 
v)    Millətlər  Cəmiyyətinin  bu  ilki  toplantısında SSRİ-də  ya-
şayan millətlərin dillərinin müqəddəratının tədqiqini məqsədəuy-
ğun bilir, eyni  zamanda qeyri-rusların öz dillərinin sərbəst  inki-
şafına tam hüquqlu olduqlarından, ona şərait yaradılmasını MC-
nin Sovetlər birliyindən tələb etməsini xahiş edir [39, N20, 1936]. 
     “Prometey”  Birliyi  təkcə  dil  problemini  deyil,  SSRİ-nin 
daxilində cərəyan edən bu və ya digər hadisələri də araşdırıb Mil-
lətlər  Cəmiyyətinə  tez-tez  rəsmi  bəyanatlar,  etiraz  notaları  gön-
dərirdi.  Bunlardan,  SSRİ-nin  Millətlər  Cəmiyyətinin  üzvlüyünə 
daxil  olunması  və  1936-cı  qəbul  edilən  yeni  konstitusiyaya  ilə 
bağlı göndərilən müraciətlər, eyni zamanda İspaniyadakı vətəndaş 
müharibəsinə qarşı etiraz notaları əhəmiyyətli tarixi sənədlərdir. 
SSRİ-nin  Millətlər  Cəmiyyətinin  üzvlüyünə  daxil  olunması  ilə 
bağlı MC-nin XVΙΙΙ ümumi toplantısının rəisi Saavadra Lamasa 
ünvanlanmış  etiraz  notasında  deyilirdi:  “Rusiyanın  Millətlər 
Cəmiyyəti  azalığına  (üzvlüyünə-X.  İ.)  alınması  Cəmiyyətin 
əsaslarına  tamamilə  müxalifdir.  1934-cü  ildən  bəri  Rusiya 
məhkumu millətlərin vəziyyətində bir irəliləyiş vücuda gəlməmiş, 
əksinə vəziyyət daha da fənalaşmışdı” [39, N-24, 1936]. Notada 
daha  sonra  16-ların  mühakiməsindən,  kütləvi  sürgün,  həbs  və 
qətllərdən söhbət açılır, sovet rejiminin terror sayəsində dayandığı 
göstərilirdi.  Notanı  MC-nin  SSRİ-dəki  məzlum  xalqlara  yardım 
edəcəyi  ümidi  ilə  Azərbaycan  adından  Dr.  Mir  Yaqub,  Şimali 
Qafqaz  adından  Tausultan  Şakman,  Gürcüstan  adından  sabiq 

 
 
135 
Fransa  səfiri  A.  Çxenkeli,  Türküstan  adından  M.  Çokayev, 
Ukrayna  adından  Demokratik  Ukrayna  Cumhuriyyətinin  MC 
nəzdində sabiq təmsilçisi A .Şulqin imzalamışlar. 1937-ci ildə isə 
İspaniyanın  daxilində  gedən  vətəndaş  müharibəsi  ilə  bağlı 
“Prometey” cəbhəsi Millətlər Cəmiyyətinə növbəti müraciət qəbul 
etdi. Müraciətdə SSRİ-nin İspaniya daxili vətəndaş müharibəsində 
iştirakının artıq bir həqiqət olduğu göstərilirdi: “Sovet hökuməti 
bu iç hərbində zabitləri ilə iştirak etməkdədir” [39, N-27, 1937]. 
     SSRİ-nin İspaniya vətəndaş müharibəsində iştirakını, tök-
düyü  qanları  xüsusi  vurğulayan  prometeyçilər  bu  ölkənin  öz 
daxilindəki  millətlərlə  daha amansız rəftarlarına beynəlxalq  icti-
maiyyətin diqqətini cəlb etməyə çalışırdı. Sənəddə həmçinin, Saar 
vilayətində  keçiriləcək  plebisit  (ümumi  səsvermə)  kimi  analoji 
tədbirin  ölkə  daxilində  tətbiqini  və  bu  məqsədlə  qızıl  ordunun 
işğal  etdiyi  məmləkətləri  boşaltmasını  Millətlər  Cəmiyyətinin 
SSRİ-dən tələb etməsi xahiş olunurdu. 
     “Prometey”in başlıca fəaliyyət sahələrindən biri də öz jur-
nalını  yayınlamaqla  yanaşı,  ayrı-ayrı  mühacir  təşkilatları  tərə-
findən dərc olunan qəzet və dərgilərə maliyyə yardımı göstərmək 
idi. (Birliyin mənafeyinə uyğun gələnlərə). Bu məqsədlə Parisdəki 
“Sakartvelo”(Gürcüstan), Rumıniyadakı “Əməl” (Krım tatarları) 
Varşavadakı  “Severnıy  Kavkaz”  (Şimali  Qafqaz),  “Yana  Milli 
Yol”-“Yeni  Milli  Yol”  (İdil-Ural),  Berlindəki  “Qurtuluş” 
(Azərbaycan) və “Yaş Türküstan”-“Gənc Türküstan” (Türküstan) 
dərgiləri  maliyyələşdirilir,  onların  fəaliyyəti  əlaqələndirilərək, 
demək olar ki, vahid mətbuat siyasəti yürüdülürdü. Hər birisinin 
əsas hədəfi bağımsız milli dövlətinin təsisini yenidən elan etmək 
olan  “Prometey”  Cəbhəsinin  mühacir  təşkilatları  beynəlxalq 
aləmdə  “xarici  siyasətlərini  Polşanın  və  Batı  dövlətlərinin 
mənafeyinə uyğun qururdu” [284, 21]. Bu təşkilatlar konstitusiya 
prinsiplərini, demokratiyanı əsas tutan, bir sıra hallarda isə sosial 
bərabərliyə və liberal dəyərlərə önəm verən solçular idi. 

 
 
136 
     Radikal  millətçiliyi,  pantürkist  və  panislamist  ideyaları 
müdafiə  edən  saglar  isə  “Prometey”ə  kəskin  müxalifət  mövqe-
yində  dayanmışdı.  Lideri  Şimali  Qafqaz  Cümhuriyyətinin  sabiq 
nazirlərindən olan Heydər Bammatın sağ müxalifətçilər qrupuna 
Azərbaycan mühacirlərindən Xəlil Xasməmmədov, Şəfi Rustəm-
bəyli, Nağı Şeyxzamanlı, Fuad Əmircan (Daryal) və b., Gürcüstan 
mühacirlərindən  N.  Jordaniya  ilə  ixtilafda  olan  general  Q. 
Kvinitadze,  prof.  Zurab  Avalişvili  və  Gürcüstanın  sabiq  Berlin 
səfiri Lado Əhməteli, Şimali Qafqaz mühacirlərindən isə Əli xan 
Qandəmir və b. daxil idi. Qrup türkçə, rusca, ingiliscə, fransızca, 
1937-ci ildən isə almanca nəşrə başlayan “Qafqaz” dərgisini, eyni 
zamanda “Qafqaz” almanaxını yayınlayırdı. H. Bammat qrupunun 
xarakterinə  və  məramına,  onun  fəal  üzvlərindən  olan  “Qafqaz” 
dərgisinin  redaktoru  Əli  xan  Qandəmirin  “Qafqaz  məsələsi”  
məqaləsindəki mülahizələri aydınlıq gətirir: “Dərgi (“Qafqaz”-X. 
İ.)  hər  şeydən  öncə  N.  Jordaniya  və  gürcü  sosialistlərinə  qarşı 
cəbhə  açmış, eyni  zamanda Rəsulzadəyə, “Müsavat” partiyasına 
və “Prometey”çi Quzey Qfqazlıların lideri” Səid Şamilə də cəbhə 
açmışdır”  [284,  s.23].  Sonra  müəllif,  daşnaklara  qarşı  da 
dayandıqlarını  bildirərək  Almaniya,  Yaponiya,  İtaliya,  İspaniya 
kimi  millətçi  dövlətlərə  rəğbət  bəslədiklərini,  beynəlmiləl 
demokratiyanı isə qəbul etmədiklərini gizlətmirdi. 
     Bu dövrdə beynəlxalq aləmdə Pantürkizm və Panislamiz-
mə  qarşı  güclənən  ictimai  əhvali-ruhiyyəyə  rəğmən  Türkiyə 
Cümhuriyyəti öz daxilində bir sıra tədbirlər görməyə məcbur oldu. 
SSRİ-nin də istəyi üzrə hələ 1927-ci ildə “Türk ocaqları” və onun 
dərgisi “Türk Yurdu” (1931) bağlandı. M. Kamal Paşadan sonra 
Cumhurbaşqanı  olan  İsmət  İnönü  bu  məsələ  ilə  bağlı  demişdi: 
“Panturkizm  və  Panislamizmi siyasətimizdən radikal bir şəkildə 
çıxardıq” [284, s.23]. Bu bəyanatına uyğun olaraq İ. İnönü 1938-
ci ilin sentyabrında “Qafqaz”çı Əli xan Qəndəmir başda olmaqla 
bir qrup millətçinin Türkiyədən çıxarılması barədə göstəriş verdi. 
Ölkədən çıxarılanların böyük əksəriyyəti Berlində məskunlaşdılar. 
Türküstanlılar  və  tatarlar  isə  Zəki  Vəlidi  Toganın  ətrafında 

 
 
137 
cəmləşərək M. Çokayevə, A. İshakiyə müxalifətdə dayanardı. Z. 
V.  Togan  böyük  Dogu  Türküstan  dövlətinin  ideoloqu  kimi 
(“Türkeli”)  Pantürkizmin  dildə  və  mədəniyyətdə  yürüdülməsi 
fikrini  müdafiə  edirdi.  Bu  məhdudiyyəti  qəbul  etməyən  daha 
radikal  sağçılar  Z.  V.  Togandan  ayrılaraq  pantürkizmi  daha  da 
tündləşdirən  təbliğat  aparmaq  qərarı  ilə  1942-ci  ilə  qədər 
“Bozqurd” və “Çinaraltı” dərgilərini nəşr etməyə başladılar. 
     Bu  dərgilər  də  bağlandıqdan  sonra  onun  işçilərindən  bir 
qrupu  nasional-sosializmə  bənzər  spesifik  nəzəriyyə  yayan  yeni 
iki dərgi- “Tanrıdağ” və “Orhunu”-u dərc etmişlər. 
     Kerenski  və  Milyukovun  şəriksiz  lideri  olduqları  rus 
mühacir təşkilatları da “Prometey” cəbhəsinə qarşı kəskin müxa-
lifət mövqeyində dayanmışdı. 1931-ci ildə rus siyasi mühacirləri-
nin  toplandığı  “Rusiyadakı  vəziyyət  və  mühacirlərin  vəzifələri” 
adlı Praqa konfransında Milyukov Sovet İttifaqının dağılması ilə 
qeyri-rusların daha erkən müstəqilliyə qovuşacağını istisna etməsə 
də,  milli  müstəqilliyin  tam  şəkildə  qəbul  olunmasının  qeyri-
mümkünlüyünü bildirirdi. M. Ə. Rəsulzadə “Tarixçiyə qarşı siyasi” 
məqaləsində  onu  tənqid  edərək,  Milyukovun  tarixçi  kimi  düz, 
siyasətçi  kimi  səhv  nəticə  çıxardığını  göstərmişdi  [314,  10.01. 
1931].  Yenə  həmin  Milyikov  “Ukrayna  İstiqlal  Hərəkatı”nın 
liderlərindən  biri  V.  Murskiyə  mətbuatda  hücum  edərək: 
“Ukraynaçılıq Qara Dənizin Rusiyadan alınması deməkdir” fikrini 
yayırdı.  Kerenski  isə:  “Ukraynaya  Avropada  yardım  aramaq 
xəyanətə  haqq  qazandırmaq  propaqandasıdır.  Biz  heç  zaman 
Rusiyanın  parçalanmasına  razı  olmadıq”  deyərək  imperialist 
niyyətini gizlətmirdi [314, 10.01. 1931]. 
     Kerenski və Milyukov çoxsaylı türk mühacir təşkilatlarının 
yaranmasından  təşvişə  düşərək,  pantürkizm  və  panislamizmin 
Rusiyanın  taleyini  şübhə  altına  aldığını  bildirir,  Avropanı  bu 
cərəyanlara  qarşı  dayanmağa  çağırırdı  (Bax:  “Mühacirətin 
ideoloji-siyasi  və  ədəbi-tarixi  irsi”,  “Visbaden  və  Münxen 
konfransları”).  Rus  mühacir  təşkilatlarından  Prins  Qalitsının 

 
 
138 
yaratdığı və rəisi olduğu “Beynəlmiləl Antibolşevik Komitəsi” az-
çox “Prometey”ə loyal mövqedə dayanırdı. 
     Komitə  mühacirlər  arasında  elə  bir  populyarlığa  malik 
olmasa  da,  yaydığı  “beynəlmiləl  antibolşevik  cəbhəsi”  ideyası 
maraqlı,  həm  də  dəyərli  idi  ki,  ΙΙ  Dünya  müharibəsindən  sonra 
müəyyən mənada bu ideyanın reallaşmasını görürük. 1930-cu ildə 
Komitə mühacirlərin diqqətini cəlb edən maraqlı bir bəyanat verdi. 
Bəyanatda-Ukrayna,  Qafqaz  və  digər  Sovet  İttifaqı  millətlərinin 
müstəqilliyinin  tanındığı,  din,  şəxsi  mülkiyyət  azadlığının 
bərqərar  olacağı  və  s.  göstərilirdi  [13a,  13.11.  1930].  Buna 
baxmayaraq, “Prometey”lə istər Komitə, istərsə də başqa rus mü-
hacir təşkilatları arasında iş birliyi, yaxınlıq müşahidə edilmədi. 
     1939-cu  ildə  Almaniyanın  Polşanı  işğal  etməsi  ilə  “Pro-
metey”  əsasən  dağıdıldı.  Birliyin  üzvlərindən  almanların  əlinə 
düşənlər  siyasətdən  əl  çəkmək  şərti  ilə  faşist  rejiminin  ciddi 
nəzarəti  altında  elmi  araşdırmalara  cəlb  edildi.  Qalanlardan: 
Əhməd Xoca inqilis təyyarəsi ilə Londona, oradan da İrana getdi, 
Ayaz İshaqi də əvvəlcə Londona gedib, sonra İstanbula qayıtdı və 
açıq  şəkildə  faşist  Almaniyasının  əleyhinə  təbliğat  aparmağa 
başladı.  Krım  tatarlarından  sabiq  xarici  işlər  naziri  Cəfər  Seyid 
Əhməd  Polşa  və  İngiltərənin  mövqeyini  müdafiə  etdiyindən 
Ankaradakı  alman  səfiri  Frans  fon  Papen  onu  “Sikorskinin 
(Londonda  sürgündə  qurulmuş  Polşa  hökumətinin  başçısı  idi-
1943-cü  ildə  öldü)  casusu”  [284,  s.37]  adlandırdı.  Faşist  Alma-
niyasının  işğalçılıq  siyasətini  pisləyən  N.  Jordaniya  aşağıdakı 
bəyanatla çıxış etdi: “Millətlərin həyatını böyük bir rahatlıqla yox 
edən Alman dövləti Gürcüstanın hürriyyətini yenidən təsis etməyə 
qatqıda  bulunmaz.  Qədərimiz  keçmişdə  də,  indi  də  sadəcə 
başqalarının  hürriyyətinə  sayğı  göstərməyə  müqtədir  olan 
demokratik güclərə bağlı olmuşdur” [284, s.37]. N. Jordaniyanın 
məskunlaşdığı  Paris  şəhəri  1940-cı  ildə  almanların  əlinə  keç-
dikdən sonra “Prometey”in qərargahı da dağıdıldı. 
      Polşanın  işğalı  ərəfəsində  Varşavada  yaşayan  M.  Ə.  Rə-
sulzadə  də  faşist  təcavüzkarlığına  münasibətdə  N.  Jordaniya  ilə 

 
 
139 
şərik olduğunu bəyan edərək Buxarestə çəkildi (Bax: “Azərbaycan 
legionları”). 
     İkinci  Dünya  müharibəsindən  sonra  ayrı-ayrı  qruplar 
şəklində  fəaliyyət  göstərən  “Prometey”-çilər  Londonda  Setselin 
Başqanlığı (müavin polkovnik Haraşkeviç) altında yeni rəhbərlik 
orqanını-Divanı  yaratdılar.  Digər,  nisbətən  zəif  bir  qrup  isə 
Varşavada formalaşdı. Lakin, öz aralarında belə mükəmməl rabitə 
yarada bilməyən bu qruplar 1960-cı  illərə  qədər mövcud olsalar 
da, beynəlxalq aləmdə fəaliyyətləri nəzərə çarpmadı. 
     “Prometey” kimi ciddi bir birlik şəklində formalaşan, lakin 
bütün “SSRİ əsiri millətlərin” deyil, adından da göründüyü kimi 
qafqazlıların təmsil olunduqları “Qafqaz Konfederasiyası Şurası” 
da mühacirlərin apardıqları milli azadlıq mübarizəsində müstəsna 
rol oynamışdı. 1935-ci ilin fevralında yaranan bu birlik öz ideya 
qaynaqlarını hələ 1915-ci ildə Səlim bəy Behbudovun yaxından 
iştirakı  ilə  yaradılan  Qafqaz  Komitəsindən  götürmüşdü  (Bax: 
Azərbaycan  mühacirətinin  tarixi  kökləri  və    yeni  mərhələsi). 
Qafqaz Birliyi məsələsi 1918-ci il Trabzon konfransında və  1919-
cu il Müsavat partiyasının qurultayında da müzakirə edildi. 1920-
ci  il  aprelin  7-də  Qafqaz  respublikalarının  Tiflis  konfransında 
Azərbaycan  heyətinin  (H.  Ağayev-heyət  rəisi,  F.  X.  Xoyski,  M. 
Vəkilli,  O.  N.  Mirzə  Kriçinski)  təşəbbüsü  ilə  Qafqaz  Cum-
huriyyətləri  Şurası  yaratmaq  barədə  razılaşma  əldə  olundu.  Bu 
şuranın  yaradılması  haqqında  Azərbaycan  Ədliyyə  nazirinin 
müavini  O.  Nayman  Mirzə  Kriçinski  tərəfindən  24  maddədən 
ibarət  bir  layihə  hazırlandısa,  aprelin  27-də  Azərbaycanı  XΙ 
Ordunun işğalı ilə məsələ öz-özünə dayanmalı oldu [39, N5, 1935]. 
     Lakin  ideyanın  reallaşması  üçün  mühacirlər  yeni  təşəb-
büslərlə  çıxış  edərək,  1921-ci  ildə  Parisdə  M.  Ə.  Rəsulzadənin 
yazdığı kimi “Dörd heyətin nümayəndələrindən ibarət daimi bir 
Qafqasya Konseyi vücuda gətirdilər” [37, N-11-12, 1952]. Şimali 
Qafqaz, Azərbaycan, Gürcüstan, Ermənistan nümayəndə heyətləri 
arasında  müştərək  müraciətin  imzalanması  ilə  əsası  qoyulan 
mühacirətdəki  bu  ilk  Qafqaz  birliyi,  sonrakı  mərhələdə  daha 

 
 
140 
mükəmməl təşkilatların meydana gəlməsinə rəvac verdi. 1927-ci 
ildə  Azərbaycan,  Gürcüstan  və  Şimali  Qafqazı  birləşdirən  yeni 
təşkilat-Qafqaz  İstiqlal  Komitəsi  meydana  gəldi.  Təşkilat  3+1 
prinsipi  əsasında  qurulmuşdu:  üç  Qafqaz  respublikası  üstəgəl 
Polşa  dövləti.  Polşa  bu  Qafqaz  respublikalarını  təmsil  edən 
təşkilatların  fəaliyyətini  əlaqələndirir,  onlara  maliyyə  və  başqa 
yardımlar göstərirdi. 
      Azərbaycanı QİK-də M. Ə. Rəsulzadə, M. Y. Mehdiyev, 
Gürcüstanı  N.  Jordaniya,  A.  Çxenkeli,  A.  Asatiani,  S.  Mdivani, 
Dağlıları  isə  M.  Sunşev  və  İ.  Çumşov  təmsil  edirdi.  Təşkilatda 
hərbi bölmə, mətbuat şöbəsi, o cümlədən M. Mehdiyev, M. Suş-
nev və İ. Salamodadan ibarət əməliyyat (operativ) işlərini həyata 
keçirən üçlük mövcud idi [140, N-1(5), 1993]. 
     Qafqazlılar,  1920-ci  illərdə  get-gedə  populyarlaşan 
“Avropa  birliyi”  və  “Balkan  birliyi”  ideyalarını  örnək  tutaraq 
Ermənistanı da Komitəyə cəlb etməyə çalışırdılar. Ermənilər isə 
rus  mühacirləri  ilə  iş  birliyinə  üstünlük  verərək,  onların  mət-
buatında Azərbaycan və Gürcüstana qarşı torpaq iddialarından əl 
çəkmirdi.  “Azəri  Türk”  dərgisi,  erməni  müəlliflərinin  Praqada 
çıxan  “Soüialistiçeskiy  vestnik”  məcmuəsindən  bəzi  parçaları 
(“Qafqaz problemi” məqaləsi) dərc edərək, qonşularımızın Bakı 
neftindən pay istədiyini, Qafqaz ailəsinin birlik məfkurəsinə get-
gedə  daha  çox  bağlandığı  halda,  onların  hələ  də  xülyalarla 
yaşadığını göstərirdi [293, N-28-29, 1929]. 
     Ermənilərin  pozuculuq  fəaliyyətinə  baxmayaraq  müha-
cirlər  Qafqaz  birliyi  məsələsində  bir  addım  da  qabağa  gedərək, 
1934-cü  ilin  14  iyulunda  Brüsseldə  Qafqaz  Konfederasiyası 
Misaqını (andlaşma) imzaladılar. 
     Tarixdə həm də Qafqaz Konfederasiyası Paktı adlanan 14 
iyul andlaşmasında: 
     - “Bir millətin tam inkişafının ancaq tam bir istiqlal şərtilə 
mümkün ola biləcəyini; 

 
 
141 
     -  Təkmil  Qafqaz  qüvvələrinin  tək  və  müştərək  bir  hüdud 
daxilində  birləşmədən,  bu  məqsədə  nail  olmanın  son  dərəcə 
müşkül olacağını; 
     - Qafqaz millətlərinin xarici siyasət və milli müraciətlərinin 
müştərək bir tərzdə ifadə edilməsinin zəruriliyini
     - Qafqaz Cümhuriyyətləri Konfederasyonunun məmləkətin 
siyasi və iqtisadi vəhdətindən irəli gələn siyasi bir şəkil olduğunu” 
[37, N-11-12, 1952] nəzərə alan Azərbaycan, Gürcüstan və Şimali 
Qafqaz  Milli  Mərkəzləri  Qafqaz  Konfederasiyasının  aşağıdakı 
əsaslarını elan etdilər: 
     1.  Qafqaz  Konfederasiyası  xaricdə  tərkibinə  aldığı 
cümhuriyyətlər adına hərəkət edəcək və müştərək siyasi gömrük 
hüduduna malik olacaq. 
     2.  Konfederasiyaya  daxil  olan  Cümhuriyyətlərin  xarici 
siyasəti  qurumun  səlahiyyətli  nümayəndələri  tərəfindən  idarə 
ediləcək. 
     3.  Konfederasiyanın  hüdudları  Cümhuriyyətlərin  ordula-
rından  təşkil  olunan  və  vahid  komandanlıq  altına  alınan  Kon-
federasiya Ordusu tərəfindən müdafiə olunacaq. 
     4.  Konfederasiyadaxili  mübahisəli  məsələ  Yüksək 
Konfederasiya Məhkəməsinə veriləcək. 
     Paktı Azərbaycan adından M. Ə. Rəsulzadə, Ə. M. Topçu-
başov,  Şimali  Qafqaz  adından  M.  Girey  Sunc,  İbrahim  Çulik, 
Tausultan Şakman, Gürcüstan adından N. Jordaniya, A. Çxenkeli 
imzaladı.  Bu  tarixi  andlaşmanı  imzaladıqdan  dörd  ay  sonra-
noyabrın  5-də  rəhmətə  gedən  Ə.  M.  Topçubaşovun  dəfn  məra-
simində  M.  Ə.  Rəsulzadə  demişdir:  “Xəstəliyin,  qocalığın  və 
mühacirətdəki  yoxsulluğun  yıpratdıqları  (zəif  saldığı  X.  İ.) 
həyatının  son  günlərində  imzaladığı  Qafqasya  Konfederasyonu 
Misakının elanından Əli Mərdan bəy son dərəcə məmnun idi” [39, 
N-2, 1934]. 
     14  iyul  Paktının  məqsədləri  ilə  bağlı  Qafqaz  İstiqlal 
Komitəsi  yaydığı  bəyannamədə-“yaxında  bir  konfrans  çağırıla-
cağını  və  QİK-in  istefasını  qəbul  edəcək  olan  bu  konfransın 

 
 
142 
müştərək  bir  Qafqaz  orqanı  yaradacağını  bildirmişdir”  [39,  N5, 
1935].  
Nəhayət, 1935-ci il fevralın 14-də (fevralın 23-nə qədər davam 
etdi)  nəzərdə  tutulan  konfrans  çağırıldı.  Konfrans  Qafqaz 
Konfederasiyası  ideyasının  gerçəkləşməsi  və  öz  mıllətlərinin 
hürriyyəti  uğrunda  son  nəfəsinə  qədər  mübarizə  aparan  Ə.  M. 
Topçubaşov, İ. Ramişvili (1934-cü ildə sui-qəsd nəticəsində Pa-
risdə qətlə yetirilmişdi) və Əhməd bəy Solikattinin xatirəsini yad 
edərək, 8 illik mücadilənin yekunu kimi Qafqaz Konfederasiyası 
Şurasının yaradılmasını bəyan etdi. “Qafqaz məsələsi və Rusiya” 
adlanan  on  bəndlik  sənəddə  İvan  Qroznıdan  üzü  bəri  Rusiya-
Qafqaz  münasibətlərinə  tezislər  şəklində  qiymət  verən  konfrans 
bolşevik  işğalı  altında  olan  Qafqazın  gələcək  taleyi  ilə  bağlı 
Şuranın qarşısında aşağıdakı vəzifələrin dayandığını bildirdi: 
“1. Kafkasyadakı rus istila hökumətinin likvidə edilməsi üçün 
Kafkasya  cümhuriyyətlərinin  bərqərar  olması  və  bu  cüm-
huriyyətlərin  Konfederasyon  halında  birləşməsi  yolunda  Kaf-
kasya millətlərinin hazırlanmasına çalışmaq. 
2.  Bu  məqsədlə  Sovetlər  Birliyindəki  başqa  əsir  millətlərin 
təşkilatları ilə siyasi və təşkilati irtibata girmək. 
3.  Şura  Kafkasyanın  və  Rusiya  məhkumu  bütün  millətlərin 
istiqlallarını qeyd-şərtsiz tanıyan rus qüvvələri ilə təmasa gəlməyə 
hazırdır. 
4.  Kəndi  müstəqillikləri  yolunda  Şura...kəndi  qüvvətinə 
dayanır” [39. N-5, 1935]. 
     QKŞ  Azərbaycan,  Gürcüstan  və  Şimali  Qafqaz  Milli 
təşkilatlarının  nümayəndələrindən  ibarət  olub,  paritet  əsaslarla 
qurulmuşdu. Şura nizamnaməyə uyğun olaraq mütəmadi toplanır, 
Qafqaza  aid  bütün  siyasi  məsələlərlə  məşğul  olur  və  rəyasət 
Divanının tətbiq edəcəyi siyasətin əsas xətlərini müəyyənləşdirirdi. 
Azərbaycanı  Şurada  təmsil  edən  səlahiyyətli  nümayəndə  Milli 
Mərkəzin sədri M. Ə. Rəsulzadə idi. 
     Qafqaz  Konfederasiyası  Şurası  Ermənistan  mühacir 
təşkilatları  üçün  açıq  elan  olunsa  da,  uzun  müddət  onlar  Şuraya 

 
 
143 
girməkdən çəkindilər. M. Ə. Rəsulzadənin göstərdiyi kimi ancaq: 
“İkinci Dünya müharibəsi ərəfəsində-1940-da erməni müməssil-
ləri (nümayəndələri-X. İ.) də sözükeçən misaka qoşuldular” [37, 
N-11-12, 1952]. 
     Yuxarıda  qeyd  etmişdik  ki,  Qafqaz  mühacirlərindən  bir 
qrup H.  Bammatın liderliyi  ilə radikal millətçilik xəttini tutaraq 
“Prometey”ə  qarşı  müxalifətdə  dayanmışdı.  Qafqaz  Konfede-
rasiyası  Paktını  imzalayanlar  və  QKŞ-ni  yaradanlar  əski  “Pro-
metey”çilər  olduğundan  bammatçılar  təbii  ki,  QKŞ-yə  loyal 
münasibətdə deyildilər. P. Mühlen bunun səbəbini Qafgaz Fede-
rasiyası  məsələsinə  prinsipial  baxış  fərqlərində  görərək  yazırdı: 
“Bammat və onun ətrafındakılar Qafqaz Federasiyasının Türkiyə-
yə bağlı olmasını istəyirdilər” [284, s.21]. Alman tədqiqatçısının 
bu  nöqsanlı  mülahizəsi  Qərbi  Avropada  pantürkizm  və 
panislamizim barədə yayılan dumanlı və qeyri-real təsəvvürlərin 
nəticəsidir.  H.  Bammatın  mövqeyinə  gəldikdə  isə  o,  “Qafqazla 
Rusiya arasına Səddi Çin çəkəsi deyilik” fikrini söyləməklə yanaşı, 
Cənub  qonşuları  Türkiyə  və  İrana  münasibətin  də  çox  bəsit  və 
aydın olduğunu bildirirdi: “Qafqaz millətlərinin məqsədi bir ağanı 
başqa ağayla dəyişmək deyildir” [38, s.9, 1936]. 
H. Bammat hər birisində “axilles dabanı” olan Qafqaz millət-
lərinin  birinin  digəri  üzərində  hegemonluğunun  qeyri-mümkün-
lüyünü qeyd edir, eyni zamanda heç kimi kənardan yardım istə-
məməyə çağırırdı. O, yaxın tarixi keçmişi xatırladaraq göstərirdi 
ki, bir Qafqaz Cümhuriyyətinin kənardan kömək istəməsi başqa 
cümhuriyyəti də həmin fikrə və yola sürükləyir. Qafqaz və Tür-
kiyənin  birliyi  isə  ortaq  mənafe  birliyidir,  çünki  Qafqazın  müs-
təqilliyi Türkiyənin cənub sərhədlərindən tam rahatlığı deməkdir. 
     P. Mühlenin mülahizəsinin doğru olduğunu təsdiq edən fi-
kirlərə  H.  Bammatın  digər  cəbhədaşlarının  yaradıcılığında  da 
təsadüf olunmur. 
     Təbii  ki,  maraq  doğuran  məsələlərdən  biri  də  Qafqaz 
Konfederasiyası ideyası ətrafında meydana gələn fikir ayrılıqları 
və  qruplaşmalar  idi.  Istər  N.  Jordaniyaya  müxalif  gürcülər  (Q. 

 
 
144 
Kvinitadze, Z. Avalişvili, Ş. Karumidze və b.), istərsə də M. Ə. 
Rəsulzadəyə müxalif olan Azərbaycan mühacirlərindən bir qrupu 
(Ş.  Rüstəmbəyli,  X.  Xasməmmədov  və  b.)  Qafqaz  millətlərinin 
birliyinin  zəruriliyini  dönə-dönə  qeyd  edir,  onun  reallaşmasına 
çalışırdılar.  Bu  məsələ  ilə  bağlı  gürcü  mühacirlərindən  Ş.  Ami-
racibi yazırdı: “Qafqazın bütün millətlərini içinə alan Qafqaz Kon-
federasiyası  qurulmalıdır”  [183,  s.15-17].  Prof.  M.  Sereteli  isə 
qafqazlıları isveçrəlilər kimi bir-birlərinin dilinə və milli hüquq-
larına hörmətə vərdiş etməyə çağırır, “Qafqaz Konfederasiyonuna 
da, bütün millətlərin istiqballarının təmini üçün ən əmin bir çarə 
olan idealizmə də inandığını” bildirirdi [183, s.20]. 
     Ümumiyyətlə  nə  Qafqaz  Konfederasiyası  Paktını  imzala-
yıb, sonra isə Şuranı yaradanlar (M. Ə. Rəsulzadə, N. Jordaniya, 
S. Əhməd və b.), nə də müxalifətdə dayananlar (H. Bammat, X. 
Xasməmmədov, Q. Kvinitadze və b.) Qafqaz Konfederasiyasının 
yaranmasına qarşı olmamışdır. Əksinə hər iki tərəf mühacirətdə 
bu  ideyanın  reallaşması  üçün  xeyli  əziyyət  çəkmişlər.  Bəs  fikir 
ayrılıqlarına, münaqişələrə, parçalanmaya rəvac verən nə idi? 
     Yuxarıda  qeyd  etdiyimiz  kimi  parçalanmaya  səbəb  Kon-
federasiyanın  Türkiyə  ilə  və  yaxud  Türkiyəsiz  yaranması  fikri 
deyildi.  Paktı  imzalayanlar  və  Şuranı  yaradanlar  ən  çox  Qafqaz 
Cümhuriyyətlərinin  süqutuna  qədər  bu  ideyaya  əhəmiyyət  ver-
məməkdə  ittiham  olunurdu.  Müxalif  tərəf  bildirirdi  ki,  vaxtında 
Qafqaz birliyi yaradılsaydı indi nə M. Ə. Rəsulzadə, nə də N. Jor-
daniya  mühacirətdə  belə  birlik  yaratmaq  haqqında  fikirləşməz-
dirlər.  Mühacirlərlə  yanaşı  Qafqaz  əsilli  bəzi  Türkiyə  təd-
qiqatçıları da Qafqazın istilasına zəmin yaradan amillər sırasında 
bölgə cümhuriyyətlərinin bir-birlərinə, başlıcası isə işğala məruz 
qalan  Şimali  Qafqaza  yardım  etməmələrini  göstərmişlər. 
Şərafəddin Erəl “Azərbaycan politikaçılarının yanlışları” əsərində 
Azərbaycanın  Şimali  Qafqaza  hərbi  kömək  etməməsini  bağış-
lanmaz  səhv  adlandırıb  yazırdı:  “Azərbaycana  yardımda  şəhid 
olan bir çox Şimali Qafqaz zabit və əsgərinə qarşı bir tək hərbçi 
belə  Azərbaycandan  şimala  göndərilməmişdi”  [223,  s.10].  H. 

 
 
145 
Bammat da Azərbaycanla Şimali Qafqazın Quba məsələsi üstündə 
bir-birindən soyumasını işğala təsir edən faktlardan hesab edirdi. 
     C. Hacıbəyli isə bu məsələ ilə bağlı yazırdı: “Vaxtilə Azər-
baycan və Şimali Qafqazın birləşməsinə acınacaq bir cəhalət mane 
oldu  və  bu  vəziyyətdən  istifadə  etmiş  olanlar  şübhəsiz  kəndi 
istiqlaliyyətlərinin  düşmənləridir.  Ümumi  Qafqazın  Şimali 
Qafqazlılara qarşı tarixi bir borcları vardır” [183, s.11]. 
     Yuxarıda  qeyd  etdiyimiz  kimi  ittihamlar  əsasən  M.  Ə. 
Rəsulzadə  və  N.  Jordaniyaya  ünvanlanmışdı.  Qəribə  də  olsa 
Azərbaycanın istilası ilə bağlı bir sıra məsələlərdə məsuliyyəti M. 
Ə.  Rəsulzadənin  üstünə  yükləməyə  cəhd  edən  Azərbaycan 
mühacirləri, dövləti xaricdə təmsilçilikdə onun elə bir səlahiyyət 
sahibi  olmadığını  vurğulayırdılar.  Müxalifət,  N.  Jordaniya  kimi 
bir “marksist”in, sosial-demokratın Qafqaz Konfederasiyası Şura-
sının rəhbərliyində təmsil olunmasından da çox narahat idi. Onu 
ΙΙ  İnternasionalla  əməkdaşlıqda  və  Türkiyəyə  qarşı  mənfi 
münasibətdə  suçlayan  H.  Bammat  yazırdı:  “Türkiyə  və  Qafqazı 
bir-birlərinə  bağlayan  dostluq və  qardaşlıq bağlarıdır. Buna  rəğ-
mən  gürcü  “menşevik”lərinin  öndərləri  Türkiyə  əlehində  iftira-
larla dolu bəyannamə çıxarmaqdan çəkinməlidirlər. 13 illik məc-
buri  mühacirlik  həyatımızın  başlanğıcından  bəri  bu  adamlar  ΙΙ 
İnternasionalın direktivlərinə kor-koranə uyaraq Sovet əleyhdar-
ları olan “siyasi qüvvələrə qarşı gəldilər” [199, s.30]. 
     Bir  sıra  gürcü  müəllifləri  də  N.  Jordaniyanın  hələ  çarizm 
zamanında pullu, ruspərəst adamların Dövlət Dumasına seçilmə-
lərinə kömək etdiyini bildirir, bu “marksist”i Gürcüstan faciəsinin 
baiskarı  adlandırırdılar.  Ş.  Karumidze  gürcü  menşeviklərindən 
qalanın  da  bolşeviklər  tərəfindən  dağıdıldığını,  N.  Jordaniyanın 
“Gürcüstanı  xarabalığa  çevirməkdə,  onu  boyunduruq  altına 
çəkməkdə çox əmək çəkdiyini” göstərirdi [241, s.41]. 
     Bammatçılar,  N.  Jordaniya  və  M.  Ə.  Rəsulzadəni  təkcə 
Qafgqz  Konfederasiyası  ideyasına  vaxtilə  məhəl  qoymamaqda 
ittiham  etməklə  kifayətlənmir,  ilk  dəfə  özlərinə  məxsus  olan  bu 

 
 
146 
ideyanın  Qafqaz Paktını  imzalayanlar tərəfindən marksizmə uy-
ğun interpretasiya olunduğunu da iddia edirdilər. H. Bammatdan 
aşağıda  verilən  sitat  məsələyə  aydınlıq  gətirir:  “Marksizm  pro-
poqandası bəzən praktik qeydlərlə, bizdən çalınmış (oğurlanmış-
X.  İ.)  ideolojilər  və  müvəqqət  (keçici-X.İ.)  formullarla  təkviyə 
(qüvvətləndirilməkdə-X.  İ.)  edilməkdədir.  Bunun  misalı  Qafqaz 
Konfederasyonu Paktıdır” [199, s.31]. Yuxarıdakı bütün mülahi-
zələrin müqabilində tək onu qeyd etməklə kifayətlənmək olar ki, 
marksizmə  qarşı  M.  Ə.  Rəsulzadə  bütün  yaradıcılığı  ilə  dayanır 
(Bax: Mühacirətin ideoloji-siyasi və ədəbi-tarixi irsi). 
     Qafqaz Konfederasiyası Paktı imzalandıqdan dərhal sonra 
Xəlil  bəy  və  Şəfi  bəy  qrupu  yenidən  fəallaşdı.  Onlar  Qafqaz 
Konfederasiyası ideyasını deyil, onun yaradılması ilə bağlı Paktı 
imzalayanları və Şuranın rəhbərlik heyətini tənqid edirdi. M. Ə. 
Rəsulzadə ən çox əski çar generalı, osetin əsilli Lazar Biçeraxovla 
əməkdaşlıqda,  Azərbaycana  vaxtilə  divan  tutan  bu  adamla  bir 
yerdə  Qafqaz  Konfederasiyasında  təmsil  olunmaqda  tənələrə 
məruz qalmışdı. 
     Şəfi  bəy  M.  Ə.  Rəsulzadəni  həm  də  türkçülük  və  turan-
çılıqdan deyil, paktçılıq və prometeyçilikdən dəm vurmaqda gü-
nahlandıraraq yazırdı: “Onun həqiqi arkadaşları gürcü sosialistləri, 
erməni  daşnakları,  təbii  müttəfiqləri  isə  Kazakiya  və  Ukrayna 
olmuşdur” [39, N-13,14, 1935]. 
     Paktı  imzalayanları  boykot  etmək  üçün  müxalifətdə 
dayanan Azərbaycan mühacirləri qəzet  və jurnal  redaksiyalarına 
kollektiv  imzalarla  təsdiq  olunan  məktublar  da  göndərmişlər. 
Bunlardan  ən  fəalı  Azərbaycan  mühacirətinə  daşnak  taktikası 
təklif  edən  Yusif  Əli  Əliyev  (bax.  Mühacirətdə  ixtilaflar)  və 
“Azərbaycan  Neftçilər  Cəmiyyətinin”  sabiq  üzvü  (Cəmiyyətin 
məlumatında  bildirilir  ki,  o  1932-ci  ildən  üzvlükdən  xaric  edil-
mişdir) Möhsün Səlimov idi. Onlar imzaları toplayan zaman bu 
aktın “M. Ə. Rəsulzadəyə qarşı müxalifətdə dayanan bir dağıstan-
lının protestosu məqsədilə həyata keçirildiyini bildirmişlər” [32, 
N-11, 1935]. 

 
 
147 
     Bir sıra mühacirlər, o cümlədən “Azərbaycan Neftçilər Cə-
miyyətindən” A. H. Tağıyev, A. Əsədullayev, A. M. Məlikov, M. 
H.Məlikov, A. H. Quliyev, A. R. Tağıyev və b. Parisdən Tehrana 
qaçıb,  orada  Avropadakı  Azərbaycan  mühacirlərinə  qarşı  bəd 
əməllərlə məşğul olan bu adamları kəskin tənqid atəşinə tutdular 
[39, N-2, 1934]. 
     1936-cı il mayın 24-də “Erməni-Gürcü İttifaqı”nın yaran-
ması ilə bağlı erməni və gürcü millətlərinə ünvanlanmış bir bəyan-
namə  yayıldı.  Parisdəki  erməni  kilsəsində  oxunan  bu  sənədin 
müəllifləri gürcü prinsi Vaçnadze və sabiq Ermənistan xarici işlər 
naziri Arşak Camalyan idi. 
     Bəyannamədə deyilirdi: “Əskidən bəri müştərək kültür və 
siyasi müqəddəratla bir-birlərinə bağlı olan erməni və gürcülərin 
milli  varlıqlarını  əlbirliyi  ilə  müdafiə  etdiyi  tarixdə  qeyd  edil-
mişdir... 
     Əski,  nəcib  və  hürriyyətpərvər  Qafqaz  millətləri  bundan 
sonra  əcnəbi  imperialistlərin  ehtiraslarına  qurban  olmayacaq...” 
[38, s.55-58]. “Əcnəbi imperialistlər” deyildikdə Rusiya ilə yanaşı 
“geniş erməni və gürcü torpaqlarını ələ keçirən” Türkiyənin də adı 
çəkilirdi.  Qafqaz  millətlərinin  birliyi  yolunda  “erməni-gürcü 
ittifaqı”nı  separatçılıq  kimi  qarşılayan  Qafqaz  mühacirləri-
ələlxüsus  da  Bammat  qrupu  bu  ittifaqa  qarşı  bir  sıra  tənqidi 
məqalələrlə  çıxış  etdi.  Ş.  Amiracibi  Azərbaycan  və  Şimali  Qaf-
qazın sonradan da olsa dəvətlərinə lüzum görməyən erməni-gürcü 
ittifaqçılarına  aşağıdakı  sualla  müraciət  edirdi:  “Azərbaycan  və 
Şimali  Qafqazın  iştirak  etmədiyi  bir  ittihadın  yeni  Türkiyədə 
şübhələr  oyandırması,  hətta  Türkiyəni  irqdaş  və  dindaşlarını  hi-
mayə niyyətilə müdaxiləyə belə sövq edə bilər. Böylə ehtimallara 
qarşı Erməni-Gürcü Bloku nə yapa bilir?” [183, s.62]. 
     Fuad Əmircan (Daryal) da “Erməni-Gürcü İttifaqı”nın mə-
ramını  açıqlayaraq,  üç  qayənin  hədəf  tutulduğunu  göstərirdi: 
Birincisi, Azərbaycan və Şimali Qafqazdan ayrı bir erməni-gürcü 
birliyi  yaratmaq;  ikincisi,  Türkiyəni,  erməni  və  gürcü  millətləri 
üçün  Rusiyadan  daha  böyük  bir  təhlükə  olaraq  təqdim  etmək; 

 
 
148 
üçüncüsü  isə,  “geniş  erməni-gürcü  hüdudları”  məsələsini  təzə-
ləmək [220, s.64]. 
     Birliyə Şalva Karumidzenin münasibəti də maraq doğurur. 
O, “Erməni-Gürcü Birliyi”nin Qafqazı iki dini qütbə parçalama-
sından, nəticədə azlıqda qalan xristianlarla 7 milyonluq (Qafqazın 
bu dövrdə cəmi əhalisi 12 milyon idi) müsəlman əhalisi arasındakı 
mövcud  mehribançılığa  şimal  soyuqluğunun  girə  biləcəyindən 
ehtiyatlanırdı. 
     İttifaqı  yaradanlarla  yanaşı,  mühacirlər  onun  ilhamçısı 
hesab  etdikləri  Qafqaz  Konfederasiyası  Şurasını  da  ittiham 
edirdilər. Bu ittihamlara qarşı QKŞ 16 iyun toplantısında bəyanat 
verərək,  yaradıcılarını  belə  hələ  tanımadığı  “Erməni-Gürcü 
Birliyini” pislədi. Bəyanatda deyilirdi: “1. Nə QKŞ-nin, nə də ona 
daxil olan milli mərkəzlərin bu bəyannamədən məlumatları yox-
dur.  Onu  yaradanlar  hələ  bizə  məchuldur.  2.  QKŞ  Qafqaz  mil-
lətlərinin  tək  bir  təşkilatda  birləşməsini  lüzum  bilir  ki,  QKŞ-nin 
şəxsində belə bir təşkilat mövcuddur. 3. Qafqaz millətlərinin ayrı-
ayrı təşkilatlar yaratması Qafqaz birliyini dağıda..., düşmənçiliyə 
səbəb  ola  bilər.  4.  Hüdud  davaları  Qafqazın  hürriyyətindən 
sonra...arbitraj yolu ilə həll olunmalıdır” [39, N20, 1936]. 
     Qeyd  etmək  lazımdır  ki,  analoji  birlik  Azərbaycan  və 
Şimali  Qafqaz  mühacirləri  tərəfindən  də  yaradılmışdı.  Rəsmən 
“Azərbaycan-Dağlılar birliyi” adlanan belə bir qurumun əvvəlcə 
sədri Xəlil Xasməmmədov, baş katibi Səid Şamil, xəzinədarı isə 
Şəfi Rüstəmbəyli idi. Sonralar H. Bammatın lideri olduğu bu birlik, 
N.  Jordaniyaya  müxalif  gürcü  mühacirlərinin  gəlişi  ilə  nisbətən 
böyüdü  (Q.  Kvinitadze,  Z.  Avalişvili  və  b.).  Bütün  Qafqaz 
Cümhuriyyətlərinin birlikdə təmsil olunmasına can atan H. Bam-
mat, ermənilərdən Zərgəryan qardaşlarını da cəlb etdikdən sonra 
həqiqi Qafqaz Federasiyasının yarandığını bildirdi. 
     ΙΙ  Dünya  müharibəsi  ərəfəsində  H.  Bammat  Berlində 
məskunlaşaraq,  “Qafqaz”  dərgisinin  nəşr  işlərinə  nəzarət  edirdi. 
Bu dövrdə onun “alman  əks kəşfiyyat təşkilatıyla çox sıx rabitə 
içində olduğu söylənir” [284, s.35]. “Qafqaz” dərgisi 1939-cu il 

 
 
149 
Hitler-Stalin  Paktından  sonra  Almaniyada  bəzi  narahatlıqlar 
yaratdığından  dövlətin  rəsmi  göstərişi  ilə  bağlandı.  Almaniya 
millətçiliyinə  böyük  rəğbəti  olan  H.  Bammat  bu  “Paktdan  və 
“Qafqaz”ın  bağlanmasından  sonra  küskün  bir  şəkildə  İsveçrəyə 
çəkildi və 1941-ci ildə Alman-Sovet hərbi başladığı zaman belə 
faşist rejimi ilə işbirliyinə qarşı duyduğu şübhəni dəyişdirmədi” 
[284,s.35]. 
     Bammatçılar  ΙΙ  Dünya  müharibəsindən  sonra  bir  yerə 
toplaşa  bilmədilər.  Qrupun  bəzi  üzvləri  isə  M. Ə.  Rəsulzadənin 
xəttini  müdafiə  edən  mövqe  tutdu  (Əli  xan  Qandəmir,  Fuad 
Əmircan, N. Şeyxzamanlı və b.). 
     ΙΙ  dünya  müharibəsi  dövründə  Qafqaz  Konfederasiyası 
Şürasına daxil olan mühacirlər həm ayrı-ayrılıqda, həm də ittifaq 
şəklində alman rəsmi dairələri ilə təmsil etdikləri məmləkətlərin 
azadlıqlarının tanınması haqqında uzun-uzadı danışıqlar apardılar 
(Bax,  Azərbaycan  legionlarının  yaradılması  və  alman  rəsmi 
dairələri ilə aparılan danışıqlar). 
     Dörd  Qafqaz  cümhuriyyəti  1944-cü  ilin  22  avqustunda 
Qafqazın  konfederativ  dövlət  şəklində  mövcud  olacağına  qərar 
verilməsini ifadə edən “mühtıranı (Diplomatik Nota) Şərq Nazirli-
yinin  məsul  işçisi  prof.  Fon  Şulenburq  vasitəsilə  Xarici  işlər 
nazirliyinə  təqdim  etdilər”  [313,  N-11-12,  1952].  Müharibənin 
sonuna yaxın QKŞ-ni tanımasa da ona daxil olan cümhuriyyətləri 
Alman dövləti rəsmən tanıdığını bildirdi. 
     1952-ci  il  dekabrın  11-16-da  üç  Qafqaz  Cümhuriyyətinin 
nümayəndələri  Münxenə  Ümumqafqaz  konfransına  toplaşdılar. 
Konfrans,  “Qafqaz  İstiqlal  Komitəsi”  adı  altında  “Ümumqafqaz 
Mərkəzi  yaradaraq  ona  aşağıdakı  vəzifələri  həvalə  etdi:  “a) 
Qafqaz millətlərinin milli qurtuluş mücadiləsini xaricdə təmsil və 
idarə  etmək;  b)  ABŞ  və  Batı  dövlətləri  başda  olmaq  üzrə...  bol-
şevizmə  qarşı  savaşda  məhkum  millətlərin  yardımlarına  ümid 
bağladıqları dövlətlərlə, millətlərarası təşkilatlarla QİK-nin fəaliy-
yətini uzlaşdırmaq; v) Dogu Avropa, Türküstan və b. millətlərin 
apardıqları  azadlıq  mübarizəsi  ilə  iş  birliyi  yaratmaq”.  Sonuncu 

 
 
150 
bənddə  isə  Qafqaz  millətlərinin  çökməsi  ilə  rusların  da  xilas 
olacağı bildirilirdi. 
     Bəyannaməni,  Azərbaycan  Milli  Mərkəzinin  sədri  M.  Ə. 
Rəsulzadə, Gürcüstan Milli Siyasi Mərkəzinin sədri N. Jordaniya 
və Şimali Qafqaz Milli Komitəsinin sədri prof. Əhməd Maqoma 
imzalamışlar. QİK- Qafqazlıların mühacirətdə yaratdıqları sonun-
cu müştərək təşkilat oldu. 
     SSRİ  millətlərinin  taleləri  kimi  məqsəd  və  vəzifələri  də 
oxşar idi: hamısı işğala məruz qalmış, hamısı azadlıq mübarizə-
sinə qalxmışdı. Bu baxımdan mühacirət tarixində müstəsna  əhə-
miyyəti  olan  “Prometey”  cəbhəsinin  yaranması  labüd,  eyni  za-
manda zəruri idi. Bir tərəfdən “Bütün ölkələrin proletarları, birlə-
şin!” şüarını irəli sürən sovetlərə və kommunizm ideologiyasının 
beynəlxalq aləmdə əsas yayıcılarından olan İnternasionala, digər 
tərəfdən  isə  “tək  və  bölünməz  Rusiya”  prinsipini  hədəf  tutaraq 
millətlərin müstəqilliyinin qeyd-şərtsiz qəbulunu mümkün sayma-
yan rus mühacirətinə qarşı qeyri-rus mühacirlərin vahid platfor-
madan  çıxış  etməsi  həm  kommunizm  ideologiyasına,  həm  də 
imperiya  pərəst  dairələrə  kəskin  zərbə  vururdu.  “Prometey”in 
mövcudluğu  və  fəaliyyəti  SSRİ  daxilində  də  millətlərin  antiim-
perialist mübarizəsinə istiqamət verir, ona ideoloji-siyasi cəhətdən 
təkan göstərirdi. 
     1920-30-cu  illərdə  SSRİ  daxilində  baş  verən  hadisələrin, 
yürüdülən siyasətin mahiyyətinin açıqlanıb beynəlxalq ictimaiy-
yətə çatdırılmasında “Prometey” xeyli iş  gördü.  Təqdirəlayiq  və 
örnək  bir  haldır  ki,  belə  beynəlmiləl  bir  təşkilatın  meydana 
gəlməsində ilk təşəbbüs M. Ə. Rəsulzadəyə məxsusdur. Bununla 
yanaşı  onun  ağır  bir  missiyanı  öz  üzərinə  götürməsi  də  qeyd 
olunmalıdır. Belə ki, bu dövrdə M. Ə. Rəsulzadə sağdan Almaniya 
və Yaponiyaya meyl edən radikal millətçi, soldan liberal və sosial 
demokratiya  yönlü  cərəyanların,  eyni  zamanda  erməni-rus 
mühacirlərinin təzyiqlərinə məruz qalmışdı. Sağların “sosialist”, 
“marksist” ittihamlarına, solların və rus-erməni mühacirlərinin isə 
“pantürkist”, “panislamist” ittihamlarına tab gətirib “Prometey”i 

 
 
151 
“Bütün SSRİ əsiri millətlərin cəbhəsinə” çevirmək o qədər də asan 
deyildi.  Lakin,  qarşıya  qoyulan  vəzifə  əsasən  həll  edildi:  cəbhə 
yaradıldı və uğurlu fəaliyyət göstərdi. 
     Qafqaz 
Cümhuriyyətlərinin  mühacirətdəki  birliyinə 
gəldikdə isə, qeyd etmək lazımdır ki, belə bölgəsəl qruplaşmalar 
da ümumi antibolşevik hərəkatının formalaşmasında az əhəmiyyət 
kəsb  etməmişdi.  Qafqaz  birliyi  öz  növbəsində  türküstanlıları  və 
tatarları  da  (İdia-Ural,  Krım,  Başqırd  və  s.)  analoji  birliklər 
yaratmağa sövq edirdi. 
     Digər  tərəfdən  kommunist  cəbhəsi  olan  Zaqfederasiyaya 
(ZSFSR) qarşı, Moskvasız Qafqaz Konfederasiyası Şurası yarat-
maq müstəqilliyin və asılılığın nümunələri idi ki, öz növbəsində 
belə paralellik cəmiyyətdə müqayisə imkanı da yaradırdı. 
     Qafqaz  Birliyi  ideyasında  maraqlı  cəhət  kommunist 
variantının  əksinə,  Şimali  Qafqazın  Zaqfederasiyadan  (Cənubi 
Qafqazdan) ayrılmaması idi. Sovetlər isə bu dövrdə Şimali Qafqaz 
Cümhuriyyətinə daxil olan xalqları-çeçen, inquş, balkar, kumık, 
çərkəz, adıgey, ləzgi, avar, osetin və başqalarını parçalayıb onları 
ayrı-ayrılıqda muxtar şəklə salırdı. 
     Könüllülük  prinsipi  əsasında  1918-ci  ildə  Şimali  Qafqaz 
Cümhuriyyətinin rəsmi dövlət dili elan olunmuş kumık dili bu sta-
tusdan  məhrum  edilərək,  onun  yerinə  onlarla  milli  dil,  əlifba-
larının belə olmadıqlarına məhəl qoyulmadan süni sürətdə tətbiq 
edilirdi.  İlk  baxışdan  humanist  görünən  bu  siyasət  1917-20-ci 
illərdə “ərəb məmləkətindən türk ruhunun və türkçülük şüurunun 
hakim olduğu bir məmləkətə çevrilən” [223,s.30] Şimali Qafqazın 
ruslaşdırılmasına zəmin hazırlamaq demək idi. 
     Sovetlərin Şimali Qafqazı Cənubi Qafqazdan ayrı salmaq 
siyasətinə qarşı mühacirətin, dörd Qafqaz cümhuriyyətinin vahid 
ailədə birləşməsi ideyası bu mülahizələr baxımından az əhəmiy-
yətli görünmür. 
     “Prometey” və “Qafqaz Konfederasiyası Şurası”nın yaran-
ması  və  fəaliyyəti  mühacirətdə  milli  azadlıq  ideologiyasının, 

 
 
152 
dövlətçilik şüurunun formalaşmasında da xüsusi rol oynadı. Azər-
baycana,  eləcə  də  digər  Qafqaz  Cümhuriyyətlərinə  göndərilən 
qəzet və jurnallar (Prometey, Qurtuluş, İstiqlal, Bildiriş və b.) milli 
azadlıq ideyalarının məhv edilməsi yolunda ciddi maneə idi. 
     Qafqaz  Konfederasiyası  Şurasının  praktiki  əhəmiyyətinə 
gəldikdə  isə  etiraf  etmək  lazımdır  ki,  hazırda  Qafqaz  Cümhu-
riyyətlərinin siyasi, hərbi cəhətdən konfederativ birliyi qeyri-real 
görünür. Lakin, 1918-1921-ci illərdə Qafqaz Cümhuriyyətlərinin 
bolşevik  istilasına  qarşı  müştərək  müdafiə  sistemi  yarada  bil-
mədikləri və sovetlərin Qafqazda yürütdükləri siyasət müqabilin-
də XX əsrin Ι yarasında bu ideya son dərəcə aktual və əhəmiyyətli 
idi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə