XaləDDİN İbrahiMLİ



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə5/19
tarix31.01.2017
ölçüsü2,7 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   19

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
IKİNCİ BÖLÜM 
 
MÜHACİRƏTİN 
TƏŞKİLATLANMASI 
                                                                                                                
2.1.
 
Siyasi təşkilatların və  dərnəklərin yaranması.  
 

 
 
90 
      Çevrilişin  səhəri  günü  başlanan  terror  və  həbslər  Azər-
baycan Demokratik Respublikasının liderlərini, görkəmli dövlət, 
siyasət  adamlarını  ölkəni  tərk  etmək  məcburiyyəti  qarşısında 
qoydu. 
     Fətəli  Xan  Xoyski,  Mustafa  Vəkilli,  Şəfi  Rüstəmbəyli, 
Nağı Şeyxzamanlı və digər dövlət xadimləri hələ sovetləşməmiş 
qonşu Gürcüstana keçə bildilər. 
     Aprelin ortalarından Azərbaycan Parlamentinin sabiq sədr 
müavini Həsən bəy Agayevin  rəhbərliyi ilə Tiflisə. Zaqafqaziya 
Respublikalarının  Konfransına  göndərilən  nümayəndə  heyəti  də 
aprel çevrilişdən sonra vətənə dönmədi. 
     İlk dəfə qonşu Gürcüstanda fəaliyyətə başlayan mühacirlər, 
bolşeviklərin  xalqın  iradəsi  və  tarixin  hökmü  ilə  qurulmuş 
Azərbaycan  Demokratik  Respublikasını  hərbi  yolla  devirməsini 
dünya ictimaiyyətinə çatdırmaq üçün kəskin etiraz bəyannaməsi 
ilə çıxış etdilər. Azərbaycanın səlahiyyətli nümayəndəsi H. Ağa-
yevin imzası ilə yayılan bu bəyannamədə deyilirdi: “Aprelin 27-
də gecə ikən rus qızıl ordu hissələri o vaxt Azərbaycan Ordusunun 
demək  olar  ki,  hamısının  Cənubda,  erməni  silahlı  qüvvələrinin 
hücum təhlükəsinə məruz qalmış Qarabağda olmasından istifadə 
edərək, heç bir səbəb olmadan, xəbərsiz surətdə Dağıstan tərəfdən 
Azərbaycan Respublikasına soxulmuşdur. 
     Azərbaycan  hərbi  hissələri  sərhəddə  bu  təcavüzə  silahlı 
müqavimət  göstərmişdi,  hər  iki  tərəfdən  həlak  olanlar  və  yara-
lananlar var. 
     ...Öz  istiqlaliyyəti  naminə  böyük  qurbanlar  verən,  qazan-
dığı azadlığı iki il ərzində bütün qüvvəsilə qoruyan və əziz bilən 
Azərbaycan  xalqı  ona  zorakı  yolla  qəbul  etdirilən  yeni  qayda-
qanun ilə barışa bilməz”  [49, v.30-33]. 
     Baş vermiş hadisəyə Azərbaycandan xaricdə ilk dəfə rəsmi 
münasibəti ifadə edən bu sənəddə daha sonra, XΙ Ordu hissələrinin 
respublika  ərazisində  törətdiyi  vəhşiliklərdən,  baş  alıb  gedən 
soyğunçuluqlardan,  talantlardan,  qanlı  toqquşmalardan  bəhs 
olunur,  “Rus  qızıl  ordusunun  tezliklə  ölkə  hüdudlarından 

 
 
91 
çıxarılması  tələbi  ilə”  dünya  dövlətlərinin  Sovet  hökumətinə 
təzyiq göstərməsi xahiş edilirdi. 
     Bu  etiraz  bəyannaməsi  imzalanıb  yayıldıqdan  heç  bir  ay 
keçməmi-iyunun 19-da Fətəli Xan Xoyski və Həsən bəy Ağayev 
Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirildi. 
     Mayın sonlarından Bakıda gizli yaşayan M. Ə. Rəsulzadə 
də get-gedə şəhərdə qalmağın təhlükəli olduğunu görüb, dostu A. 
Kazımzadə ilə Tiflisə yola düşmək qərarına gəlir. Yolların narahat 
olduğunu nəzərə alıb bir müddət Lahıc kəndində gizlənən M. Ə. 
Rəsulzadə və A. Kazımzadə burada da çox qala bilmədilər. Gür-
cüstana keçmək üçün növbəti dəfə yola çıxsalar da, “Avqustun 17-
də  hər  ikisi  Şamaxının  Qaraməryəm  kəndi  yaxınlığında  həbs 
edilib Bakıya gətirildi” [127, 23.11.1995; 25.11.1993]. 
     1920-ci il noyabrın 1-də Bakıya gələn Stalin, Xüsusi Şöbə 
rəisi Pankratova “M. Ə. Rəsulzadə ilə A. Kazımzadəni azad hesab 
etmək və sərəncama qatara göndərmək” göstərişi verdi və noyab-
rın 16-da ikisini də özünün getdiyi qatarda Moskvaya apardı. 
     1919-cü  ildə  Azərbaycan  Parlamenti  tərəfindən  Ə.  M. 
Topçubaşovun  rəhbərliyi  ilə  Paris  sülh  konfransına  göndərilmiş 
nümayəndə heyətinin əksər üzvləri də 27 apreldən sonra Avropada 
qalaraq, çox faydalı işlər görürdü. (Mir Yaqub Mehdiyev, Ceyhun 
Hacıbəyli,  Məmməd  Məhərrəmov,  Əkbəraga  Şeyxülislamov, 
Abbas bəy Ataməlibəyov). 
     1920-ci  il  sentyabrın  8-də  Parisdə  məhkum  Azərbaycan 
Cümhuriyyəti  heyəti  tərəfindən  Millətlər  Cəmiyyəti  rəisliyinə 
aşağıdakı bəyanatla müraciət olundu: 
     “Azərbaycan  milləti...  Cenevrədə  birləşmiş  olan  millətlər 
təmsilçilərinə müraciət edərək Azərbaycan xalqının məruz qaldığı 
ələm  və  nəqabilə  (müsibətə-X.  İ.)  nəzəri  diqqətinizi  cəlb  etmək 
istəyir. 
     ...1920-ci ilin aprelində rus bolşevikləri Azərbaycanı istila 
etdi  və  qeyri-bərabər  hərbdən  sonra  qızıl  ordu  məmləkəti  əsgəri 
işğalı altına  aldı. O vaxtdan bəri  Azərbaycanda  üsyanlar davam 
edir. 

 
 
92 
     ...Millətlər Cəmiyyəti Ali Məclisinin Azərbaycan millətinə 
və  onun  haqlı  tələbatına  mənəvi  himayə  göstərəcəyinə  ümid 
edirik”  [170,  s.131].  Noyabr  ayında  isə  Ə.  M.  Topçubaşov  özü 
Millətlər  Cəmiyyətinin  Cenevrədəki  toplantısında  iştirak  edib 
Azərbaycanın  istilası  məsələsini  yenə  dünya  birliyinin  nəzərinə 
çatdırdı. “Bundan sonra...arkadaşları ilə bərabər 1922-də Lozanna 
və  Genuya,  1923-də  London  Konfranslarına  gedərək  Azərbay-
canın milli mənafelərini müdafiədə bulunmuş, bu sayədə, məsələ, 
Genuya konfransında bolşeviklərin Azərbaycan namına (adına-X. 
İ.)  söz  söyləməyə  səlahiyyətdar  olmadıqlarına  qərar  vermişdir” 
[39, N-2. 1934]. 
     Azərbaycan  nümayəndə  heyəti  faktiki  itirilmiş  müstə-
qilliyin hüquqi mühafizəsi sahəsində beynəlxalq ələmdə gərgin iş 
aparır,  öz  fəaliyyətlərini  digər  Qafqaz  respublikalarının  təmsil-
çilərinin fəaliyyətləri ilə əlaqələndirməyə çalışırdılar. 
     Elə  bu  məqsədlə  1921-ci  ilin  mayın  8-də  Azərbaycan 
nümayəndə heyəti, ADR-in Parisdəki nümayəndəliyində yığışaraq 
Qafqaz  respublikalarının  müstəqilliyi  yolunda  birgə  fəaliyyətin 
zəruriliyini  nəzərə  alıb  Qafqaz  Konfederasiyasının  yaradılması 
məsələsini müzakirə etdilər. 
     1921-ci il iyunun10-da isə artıq üç Qafqaz Respublikasının 
səlahiyyətli  təmsilçiləri  ilk  yığıncaqlarını  keçirib  (Ə.  M. 
Topçubaşovun  sədrliyi  ilə)  “öz  aralarında  siyasi,  iqtisadi  ittifaq 
yaratmaq qərarına gəldilər” [83, v.1]. 
     Lakin, ADR-in 1920-ci il aprelin əvvəlində Türkiyəyə səfir 
təyin  etdiyi  Xəlil  Xasməmmədovun  1  noyabr  1921-ci  ildə 
İstanbulda  verdiyi  bəyanatda  deyildiyi  kimi  “Konfederasiya  ilə 
bağlı  Parisdə  imzalanan  sənəd  müqavilə  deyil,  proklamasiya 
(bəyannamə-X. İ.) idi” [47, v.189-192]. 
     10 iyun qərarı barədə mühacirlər Fransa Nazirlər Sovetinin 
sədri  Brianı  məlumatlandırdı.  Brian  isə  öz  növbəsində  azad 
olunmuş  bölgələr  üzrə  nazir  Lüşerə  üç  Qafqaz  respublikasının 
nümayəndələri ilə danışıqlar səlahiyyəti və göstərişi verdi. 

 
 
93 
     Şimali Qafqaz Respublikasının təmsilçiləri də dəvət olunan 
7  noyabr  görüşündə  Lüşerin  dörd  Respublika  nümayəndələrinin 
Fransadan konkret  hansı kömək  gözləməsi  sualına cavab olaraq 
mühacirlər, ilk növbədə maddi yardımın vacibliyini vurğuladılar. 
     Aparılan  danışıqların  nəticəsi  olaraq  Fransa  hökuməti 
1922-ci  ilin  əvvəllərində  Qafqaz  respublikalarının  səlahiyyətli 
təmsilçilərinə maddi yardım göstərdi. Azərbaycan SSR-in Türki-
yədəki fövqəladə səlahiyyətli nümayəndəsi İbrahim Əbilov 1 mart 
1922-ci  ildə  Azərbaycan  Xarici  İşlər  Komissarlığına  verdiyi 
məlumatda bildirirdi: “Aldığım məlumata görə, bizim əksinqilab-
çıların  Paris  təşkilatı  Fransa  hökumətindən  fəaliyyətini  güclən-
dirmək üçün üç milyon yarım frank məbləğində pul almışlar” [48, 
v.  110-111].  Başqa  bir  sənəddə  isə  deyilir:  “Topçubaşov  30 
desyatin neft sahəsini 1 milyon franka fransızlara satıb və bu pulun 
yüz minini bəri başdan alıbdır” [83, v.13]. 
     Türkiyə  və  İrandakı  mühacirlərə,  ADR-in  təhsil  almağa 
göndərdiyi  78  tələbəyə,  (onların  da  əksəriyyəti  vətənə  qayıtma-
mışdı),  sonralar  isə  yaranan  təşkilatlara  və  mətbuat  orqanlarına 
Fransadan  maliyyə  dəstəyi  alan  Paris  heyətinin  maddi  yardım 
göstərməsi barədə mühacirət ədəbiyyatında da məlumat az deyil. 
Lakin  yuxarıda  göstərilən  məbləğin  qəsdən  şişirdilməsi  şübhə 
doğurmur.  Çünki  aradan  bir  il  keçdikdən  sonra  Sovet  agentura 
şəbəkəsinin  özü  də  Azərbaycan  mühacirlərinin  maddi  cəhətdən 
çox çətinlik çəkdiyini təsdiq edirdi [80, v.138]. 
     Qafqaz Respublikaları öz aralarında ortaq fəaliyyət birliyi 
ilə bağlı ilkin razılığa gəldikdən sonra, ağ Rusiyanın təmsilçiləri 
ilə  də  bu  istiqamətdə  danışıqlar  aparmağa  təşəbbüs  göstərdilər. 
Fransa  hökuməti  də  Qafqaz  və  Rusiya  mühacirlərinin  vahid 
antibolşevik cəbhədə birləşməsinin tərəfdarı idi və buna çalışırdı. 
     1921-ci il, 7 iyulda Parisin Məhkəmə Palatasının iclas za-
lında  Qafqaz  Respublikaları  və  Rusiya  təmsilçilərinin  ilk  yığın-
cağı  keçirildi.  Yığıncaqda  Azərbaycanı  Ə.  M.  Topçubaşov, 
Gürcüctanı Qeqeçkori və Sabaxtaraşvili (sabiq Xarici İşlər naziri), 
Ermənistanı  Avetis  Aqoranyan,  Rusiyanı  Maklakov  (Kerenski 

 
 
94 
hökümətində Fransa səfiri) və Mandelştam (cabiq Türkiyə səfiri), 
Fransa tərəfini sabiq ali komissar Şevalye və Sarbon Universiteti 
hüquq fakültəsinin rektoru, prof. Verno təmsil edirdi. 
     Vernonun sədrliyi ilə keçən bu yığıncaqda ilk çıxış edən Ə. 
M. Topçubaşov oldu. O, əvvəllər də Qafqaz Konfederasiyasının 
qatı  tərəfdarlarından  birinin  Azərbaycan  olduğunu  göstərərək, 
Türkiyənin  də  bu  ideyaya  müsbət  münasibətini  vurğuladı. 
Çıxışının  sonunda  Ə.  M.  Topçubaşov  müttəfiqləri  (Türkiyəni 
parçalamaq mövqeyinin tərəfdarı olan İngiltərə, Fransa, Yunanıs-
tan  nəzərdə  tutulur)  Türkiyənin  hüquqlarını  tanımağa  və  Şərqdə 
əmin-amanlığın qarantı olan bu dövlətə yardım etməyə çağıraraq, 
yığıncaq  iştirakçılarını  inandırmağa  çalışdı  ki,  “Türk  bolşevik 
razılaşması qısamüddətlidir, çünki bolşevik ideyaları İslam əxlaqı 
və ənənələri ilə bir-birlərini inkar edir” [48, v.24-25]. 
     Ə.  M.  Topçubaşovun  Türkiyəni  müdafiə  etməsi  və  müt-
təfiqlərə tutduğu iradlar Şevalyenin xoşuna gəlmədi. O, çıxışında 
mədəniyyət  baxımından  Ermənistan  və  Gürcüstanın  inkişafını 
xüsusi  qeyd  edərək  “müttəfiqlərin  də  qəddar  düşməni”  olan 
Türkiyə  kimi  əjdahanın  qonşuluğunda  bu  respublikaların  hələ 
mövcudluğuna təəcubləndiyini gizlətmədi. Şevalye “Qeqeçkoriyə 
də  Topçubaşova  cavab  vermək  təklif  etdisə,  Qeqeçkori  bu  tək-
lifdən boyun qaçırdı”. Lakin A. Aqoranyan söz alıb 1918-ci ildən 
müstəqilliklərinə  çalışan  Qafqaz  respublikalarına  Türkiyənin, 
1920-ci ildən isə Rusiyanın imperialist dövlət kimi ayaq basdığını 
göstərdi. 
Rusiyanın 
imperializmdə 
və 
işğalçılıqda 
suçlandırılmasından  qəzəblənən  Maklakov  erməniləri  tənbeh 
edərək,  onlara  Rusiyanın  “tarixi  atalıq  qayğısını”  xatırlatdı. 
Çıxışının  sonunda  isə  hədələyici  bir  tonda  “Rusiya  sabah  yenə 
ayağa qalxacaq!” deyərək yığıncaqda əsəbi ovqat yaratdı. 
     Sabaxtaraşvilinin-“Gürcüstanın 100 il bundan əvvəlki mü-
qaviləyə görə öz müqəddəratını təyin etməyə haqlı olduğu” fikrinə 
isə  Maklakov,  “Rusiyanın  razılığı  əsasında”  replikası  ilə  cavab 
verdi  və  bununla  da  yığıncaq  heç  bir  razılıq  əldə  olunmadan 
dağıldı [48, v.25]. 

 
 
95 
     Gürcüstanda,  Türkiyədə,  İranda,  Fransada  mühacirləri-
mizin  1920-1922-ci  illərdə  gərgin  fəaliyyətinə  baxmayaraq,  ilk 
siyasi təşkilat 1923-cü ildə M. Ə. Rəsulzadənin Türkiyəyə gəlməsi 
ilə  yarandı.  (İ.  Əbilovun  Azərbaycan  SSR  Xarici  İşlər  Komis-
sarlığına  göndərdiyi  yuxarıda  adı  çəkilən  məlumatında  “bizim 
Paris  təşkilatı”  ifadəsi  Paris  sülh  heyətinə  işarədir).  Azər-
baycandakı  gizli  Müsavatın  MK  üzvlərindən  biri  Ə.  V.  Məm-
mədzadənin yazdığına görə: “1922 sənəsində parti başqanı M. Ə. 
Rəsulzadə Moskvadan Petroqrad yolu ilə Finlandiyaya, arxasınca 
Kazımzadə  Abbas  bəy  və  Məmməd  Əli  Rəsulzadə  də  Bakıdan 
İrana qaçırılmışlar” [352, N-282, 1991]. 
     Finlandiyadan 1922-ci ildə Türkiyəyə gələn M. Ə. Rəsul-
zadə İstanbulda, Gürcüstan sovetləşən ərəfədə oradan da qaçmağa 
məcbur olan müsavatçı mühacirlərlə Müsavat Partiyasının Xarici 
Ölkələr Bürosunu qurdu. 
     Xarici Büro bütöv partiyanın fəaliyyətinə rəhbərlik edən bir 
orqan  idi  və  yarandığı  vaxtdan  etibarən  Azərbaycandakı  gizli 
Müsavat təşkilatı ilə əlaqəyə girmişdi. 
     Büronun MK-sı nisbətən geniş tərkibə malik olduğundan, 
əsas məsələlər partiyanın Başqanı M. Ə. Rəsulzadənin rəhbərlik 
etdiyi üçlüyün-Rəyasət Heyətinin qərarı ilə həll edilirdi. Bu üçlüyə 
Başqandan  əlavə  iki  nəfər-Xəlil  Xasməmmədov  və  Məmməd 
Sadıx Axundzadə də daxil idi. 
      Azərbaycandakı  gizli  Müsavat  MK-sının  tərkibini  ancaq 
üçlüyün  üzvləri  bilirdi,  gizli  Müsavat  MK-sı  da  öz  növbəsində 
üçlüyün göstərişləri və qərarları ilə hərəkətə edirdi. 
      “Azərbaycan  haqqında  ayda  bir  dəfə  Partiyanın  Başqanı 
məruzə  edirdi.  Bu  məruzələr  ümumi  məlumat  xarakterli  oldu-
ğundan mübahisələr doğurmurdu. 
     Xarici Büro konspirasiya məqsədi ilə büro üzvlərinin bir-
birlərindən  Azərbaycandakı  gizli  təşkilatlar  haqqında  heç  nə 
soruşmaması qərarı çıxarmışdı” [80, v.36]. 

 
 
96 
      Azərbaycanla əlaqə səlahiyyəti 1922-23-cü illərdə bir neçə 
dəfə Zaqafqaziyada olan M. S. Axundzadəyə verilmişdi. O, əldə 
etdiyi məlumatları ancaq Başqana çatdıra bilərdi. 
     Xarici  Büronun digər fəalları-M. Vəkilli, Ş. Rüstəmbəyli, 
A. Kazımzadə, Məşədi Əli Rəfiyev, İsmayıl Nəzərəlizadə, Həsən 
Fəttahov,  Əlibəy  Əsədullayev,  Əmir  Xan  Xoyski,  Səlim 
Ağasıbəyov, Əli Cəbiyev, Nadir Şirinbəyov, Həmdi Qaracazadə, 
Mirzə Hacızadə, Kamal Qənizadə və b. idi. 
     Maliyə komissiyasına əvvəlcə M. Ə. Rəsulzadə özü, sonra 
isə Təbrizdən  gələn M.  Ə. Rəfiyev rəhbərlik edirdi. 1925-ci  ilin 
dekabrından  komissiyaya  Ş.  Rüstəmbəylinin  rəhbərlik  etməsi 
qərara alındı. 
     Maliyə  komissiyasından  başqa  Xarici  Büroda  M.  S. 
Axundzadənin  rəhbərliyi  altında  mədəniyyət  komitələri  yaradıl-
mışdı. 
    Ι. Türkiyədə: 
     a)  Trapezund  Komitəsi-Səməd  Muradov,  Nəsrulla  Aşur-
bəyov, Nağı Şeyxzamanlı; 
     b)  Qars  Komitəsi-Məmməd  Əli  Əfəndizadə,  Yasin  Və-
kilov; 
     v)  Smirna  Komitəsi-doktor  Əfəndiyev  (Azərbaycanın 
Batumdakı sabiq konsulu) və b. 
    ΙΙ. İranda: 
     a)  Tehran  Komitəsi-doktor  Cəfər  Cəfərov,  Məmməd  Əli 
Rəsulzadə,  Ruslan  Şərifov  (Tehran  Komitəsinə  Rəşt  və  Ənzəli 
komitələri daxil idi. Təəssüf ki, Ənzəli Komitəsinin üzvləri barədə 
məlumata təsadüf etmədik); 
     b) Rəşt Komitəsi-Axundov (sədr), Hacı Axundzadə; 
     v) Təbriz Komitəsi-Teymur bəy Məlik Aslanov (sədr), Ağa 
Zeynal Məmmədov, Məmməd Sadıx Quliyev (Xülusi) və b. 
     Təbriz Komitəsinə  Ərdəbil və  Astara təşkilatları daxil idi 
[140, N-1(5), 1993]. 
     İstanbuldan  maliyyələşən  M.  S.  Quliyev  Xarici  Büronun 
qərarı  ilə  Təbrizə  Ərdəbildən  göndərilmişdi.  Ona  Mirzə  Bala 

 
 
97 
Məmmədzadənin gəlməsinə qədər (M. B. Məmmədzadə Azərbay-
candan  İrana  1924-cü  ildə  gəldi  və  1927-ci  ilə  qədər  burada 
Müsavatın  liderlərindən  biri  oldu.  1927-ci  ildə  isə  Türkiyəyə 
köçdü)  Azərbaycandakı  qeyri-leqal  təşkilatların  işinə  rəhbərlik 
etmək həvalə olunmuşdu. 
     1924-cü ildə Xarici Büronun qərarı ilə mədəniyyət komis-
siyasının nəzdində “Azərbaycan Gənclər Birliyi” (AGB) yaradıldı. 
     Sədri  M.  S.  Axundzadə  seçilən  bu  birliyin  katibi  İsmayıl 
Sarı İmanqulu oğlu, fəalları isə Ş. Rüstəmbəyli, S. Ağasıbəyli, M. 
Ağaoğlu, Niyazi Usubbəyov (“Kürdəmir”, N. Yusifbəylinin oğlu 
olub), İskəndər Xan Xoyski, M. Hacızadə, H. Camalbəyov və b. 
idi. 
     “Birliyin əsas məqsədi-gəncləri təşkilatlandırmaq, onlarda 
milli  ruhun  yüksəldilməsinə  nail  olmaq,  həm  də  maddi  ehtiyac 
hiss edən üzvlərə yardım göstərmək olmuşdu” [140, N-1(5), 1993]. 
     Gənclərin “Yeni Qafqasya” sonra isə “Azəri Türk” jurnal-
larının radaksiyasındakı yığıncaqlarında müntəzəm olaraq Müsa-
vatın liderləri iştirak edirdi. 
     Birliyin fəaliyyəti barədə “Azəri Türk” məcmuəsinin 1929-
cu  il,  6-7-ci  saylarında  deyilir:  “Beş  yaşına  girən  “Azəri  Türk 
Gənclər  Birliyi  39  möhtac  tələbəyə  maddi  yardımda  bulunduğu 
kimi, bir çox Azəri gənclərinin də məktəblərə girməsinə rəhbərlik 
etmişdi. Bundan başqa 32 tarixi və ictimai konfranslar və 7 xüsusi 
müşavirə tərtib etmişdi” [35, N-6-7, 1929]. 
     Müsavat Partiyasının Xarici Bürosunun İran və Türkiyədə 
çoxsaylı  yerli  komitələri  qurulduqdan  sonra  M.  Ə.  Rəsulzadə 
siyasi  mənsubiyyətindən  asılı  olmayaraq  bütün  Azərbaycan 
mühacirlərinin təmsil oluna biləcəyi yeni siyasi təşkilat yaratmaq 
qərarına gəldi. 
     Belə bir təşkilatın yaradılmasında əsas məqsəd bütün siyasi 
mühacirləri  bir  araya  gətirmək,  xarici  ölkələrdə,  dünya  birliyi 
qarşısında  Azərbaycanı  təmsilçilikdə  meydana  gələ  biləcək 
paralelliklərə  yol verməmək idi. Elə bu missiya ilə 1924-cü ildə 
İstanbulda gizli fəaliyyət göstərən yeni siyasi təşkilat-Azərbaycan 

 
 
98 
Milli Mərkəzi (AMM) yaradıldı. AMM-in sədri M. Ə. Rəsulzadə, 
MK  üzvləri  Xəlil  Xasməmmədov,  Mustafa  Vakilli  (Müsavat), 
Əbdüləli  bəy  Əmircanov  (bitərəf),  Əkbərağa  Şeyxülislamov 
(xalqçı-sosialist) idi. (Sonralar tərkib dəyişilmişdi). 
     Lakin  siyasi  mühacirətin  vahid  bir  təşkilat  ətrafında 
birləşməsi prosesi çox ağır və ləng gedirdi. Ə. Əmircanov və Ə. 
Şeyxülislamovun  AMM-in  rəhbərliyində  təmsil  olunmalarına 
baxmayaraq,  “onlar  Konstantinopolda  (sovet  mənbəşünaslığında 
İstanbul  əsasən  belə  adlanır-X.  İ.)  ittihadçılarla  yaxınlaşmağa 
çalışırdılar” [80, v.33]. İttihadın isə mühacirətdəki lideri Xosrov 
bəy Sultanov partiyanın Xarici Ölkələr Bürosunu formalaşdırmaq 
və bütün ittihadçıları bir təşkilat ətrafında cəmləşdirmək istəyirdi. 
O, 1926-cı ildə  İrana gedərək burada İttihadın Tehran və  Təbriz 
komitələrini yarada bildi. “Tehran Komitəsinə Aşur-bəy İsabəyi, 
Təbriz Komitəsinə isə qardaşı İsgəndər bəyi rəhbər təyin etdi [80, 
v.31].  Mühacirətdəki  İttihad  liderlərindən  X.  Sultanov,  eləcə  də 
Mir  Yaqub  Mehdiyevin  göstərdiyi  bütün  cəhdlərə  baxmayaraq 
partiyanın xarici ölkələr bürosu yaradılmadı. 
     Azərbaycan  mühacirlərinin  bir  mərkəzdə  birləşməsi 
ideyasına  Ə.  M.  Tipçubaşov  də  tərəfdar  idi.  Ə.  M.  Topçubaşov 
çalışırdı  ki,  bütün  Qafqaz  respublikalarının  mühacirləri  bir 
səlahiyyətli təşkilat vasitəsilə Qafqaz Birliyində təmsil olunsun. O, 
parçalanmış  gürcü  mühacirlərini  də  milli  birliyə  dəvət  edir, 
Qafqaz  Birliyi  ideyasının  gerçəkləşdirilməsi  üçün  ciddi  səy 
göstərirdi. 
     Lakin  Qafqaz  Birliyi  ideyasının  arxasında  İngiltərə  və 
Fransanın dayandığına görə, Türkiyənin maliyyə yardımını kəsə-
cəyindən ehtiyat edən M. Ə. Rəsulzadə hələ ki, gözləmə taktikası 
seçmişdi və AMM-in mütəşəkkil hala gəlməsinə önəm verirdi. 
     Türkiyədəki  Azərbaycan  mühacirləri  əsasən  “Türk  Ocaq-
ları”  MK-sı  və  onun  Başqanı,  həm  də  Maarif  naziri  Həmdullah 
Subhi Tanrıövərdən maliyə dəstəyi alırdı. 
     Əhməd  bəy  Ağaoğlu    X.  Sultanova  yazdığı  məktubunda 
“Türk Ocaqları”nın hər ay ona, “eləcə də Ə. Əmircanov və M. Ə. 

 
 
99 
Rəsulzadəyə  75  lirə  məbləğində  pul  verilməsi  barədə  qərar 
çıxardığını” göstərirdi [78, v.597]. H. S. Tanrıövərin X. Sultanova 
yazdığı  məktubunda  da  X.  Sultanov,  Ə.  Əmircanov,  M.  Ə. 
Rəsulzadəyə hər ay 75 lirə verilməsi faktı təsdiqlənir [78, v.596]. 
     1925-ci  ildən  sonra  ittihadçıların  Parisdə  yaradıldığını 
bəyan edilən Qafqaz Birliyinə daxil olması qərarına gəlmələri ilə 
X. Sultanovun timsalında partiyaya göstərilən yardım dayandırıldı. 
Onlar  Türkiyənin  maliyyə  yardımını  kəsməsində  Ə.  Ağaoğlunu 
günahlandırır və Əhməd bəyin özünün hər ay, bolşeviklərdən 300 
lirə  aldığını  iddia  edirdilər”  [80,  v.40].  Ə.  Ağaoğlu  isə  öz 
növbəsində  M.  Ə.  Rəsulzadəyə  minnətdarlıq  məktubu  yazaraq, 
ittihadçılardan fərqli olaraq “onun türk aristokratiyasına xəyanət 
etməməsini alqışlayırdı” [80, v.40]. 
     Qafqaz mühacirlərinin müştərək təşkilatını yaratmaq M. Ə. 
Rəsulzadənin də çoxdankı arzusu idi. Bu məqsədlə o, Avropanın 
Qafqaz Birliyinin reallaşmasında maraqlı olan dairələri, Polşanın 
Türkiyədəki səfiri, eləcə də gürcü və Şimali Qafqaz mühacirləri 
ilə  xəlvəti  danışıqlar  aparır,  müştərək  təşkilatın  yaradılmasının 
imkan və yollarını arayırdı. 
     1926-çı  ildə  Polşanın  təklifi  əsasında  Qafqaz  İstiqlal  Ko-
mitəsinə daxil olmağa tələsməyən M. Ə. Rəsulzadə, artıq 1927-ci 
ildə  gürcü  mühacirlərinin  lideri  N.  Jordaniya  və  Polşa  rəsmi 
dairələri  ilə  əlaqə  yaradıb  təşkilatda  AMM-in  rəsmən  təmsil 
olunduğunu bəyan etdi. (Ətraflı “Qafqaz Konfederasiyası Şurası 
və “Prometey” Birliyinin yaradılmasında Azərbaycan siyasi mü-
hacirətinin yeri” bölümündə). 
     1927-ci  ildən  sonra  Türkiyə  tərəfi  AMM-ə  göstərdiyi 
maddi yardımı dayandırdı. Əslində, M. Ə. Rəsulzadə Qafqaz Bir-
liyi məsələsini Türkiyənin öz inhisarına götürməsinə çalışırdı. Bu 
istiqamətdə rəsmi dairələrdə 1925-ci ildə müəyyən həvəs yansa da, 
sonralar SSRİ-nin təzyiqləri nəticəsində tədricən mühacirlərin səsi 
Türkiyədə eşidilməz oldu. 

 
 
100 
     Türkiyənin  SSRİ  ilə  “məcburi  dostluğu”  üzündən  təkcə 
Azərbaycan mühacirləri deyil, burada məskunlaşan Qafqaz, Tür-
küstan və başqa bölgələrin türk-müsəlman mühacirləri də yavaş-
yavaş  Avropa  ölkələri  ilə  əlaqələrə  üstünlük  verməyə  başladı. 
Çünki kommunizmin Avropaya yayılmasından qorxan avropalılar, 
SSRİ-dən  olan  siyasi  mühacirlərə  qayğı  göstərir,  onlara  dayaq 
durmağa çalışırdı. 
     Avropada  Azərbaycan  mühacirlərinin  yaratdığı  ilk  siyasi 
təşkilat “Azərbaycan İstiqlal Komitəsi” idi. 1924-cü ildə Almani-
yada təhsil alan azərbaycanlı tələbələrin bazası əsasında yaradılan 
bu təşkilatın ilk sədri Heydər adlı bir mühacir olmuşdu. 
     Sonralar  Almaniyada  yaxşı  tanınan  Hilal  Münşinin  sədri 
olduğu AİK, yaydığı ideoloji-siyasi ədəbiyyat, məcmuə, eləcə də 
verdiyi konfranslarla uzun illər Avropa ictimaiyyətinin və dövlət-
lərinin  diqqətini  Azərbaycanın  müstəqilliyi  məsələsinə  cəlb  edə 
bilmişdi. 
     ΙΙ Dünya müharibəsi başlayanda M. Ə. Rəsulzadə və Hilal 
Münşi tərəfindən Berlində Milli Azərbaycan Komitəsi yaradıldı. 
MAK-ın  proqramında  deyilirdi:  “Azərbaycanın  milli  haqlarını 
qorumaq, vətənin xilas və istiqlalı üçün mübarizə aparmaq, Qaf-
qaz  millətlərinin  dostluqları  və  siyasətcə  bir  yerdə  yaşamaları 
üçün  çalışmaq...  Komitənin  əsas  qayəsini  təşkil  edir”  [42,  N-9, 
1952]. 
     Azərbaycan  milli  legionlarının  formalaşdırılmasında  mü-
hüm rol oynayan bu komitə, eyni zamanda M. Ə. Rəsulzadənin 
yazdığı  kimi,  “Milli  Azərbaycan  davasının  əsaslarını  alman 
məqamlarına qəbul etdirmək üzrə fəaliyyətə keçmişdi” [32, N-9, 
1954]. 
     M. Ə. Rəsulzadənin rəhbərliyi ilə 1945-ci ildə Münhendə 
yeni bir təşkilat da meydana gəlmişdi. Bu Azərbaycan Demokratik 
Birliyi  idi  və  müharibə  qurtardıqdan  sonra  çox  acınacaqlı 
vəziyyətə  düşmüş  azərbaycanlı  hərbçiləri  müxtəlif  ölkələrdə 
yerləşdirməyə  çalışırdı.  ADB-nin  sədri  M.  Ə.  Rəsulzadə  vətənə 
dönmək istəməyən soydaşlarına müraciət edərək, onları qarşıdakı 

 
 
101 
çətinliklərə,  məhrumiyyətlərə  baxmayaraq  ruhdan  düşməməyə 
çağırırdı.  Müraciətdə  deyilir:  “Əziz  mühacirlər!  6  ildir  davam 
edən  İkinci  Cahan  hərbi  artıq  sona  yetdi.  Hərb  almanların 
məğlubiyyəti,  Qərb  müttəfiqlərinin  zəfəri  ilə  nəticələndi.  Bizim 
mücadiləmiz isə davam edəcək, çünki müqəddəs vətənimizi işğal 
altında  tutan  Sovet  kommunist  rejimi  müttəfiqlərin  yanında  yer 
almaq imkanına sahib oldu... 
     ...Yurddaşlar,  yurdumuza  dönənə  qədər  yaşayacağınız 
ölkələrdə sizə bəxtiyar olmağınızı dilərik. Bu vəsiqə ilə qısa adı 
“ADB” olan Azərbaycan Demokratik Birliyi ətrafında birləşməyə 
çağırırıq” [25, 17.04. 1996]. 
     1943-cü  ildə,  müharibənin  gedişində  könüllü  alman  tərə-
finə  keçən  mayor  Ə.  Fətəlibəyli-Düdənginski  tərəfindən  “Azər-
baycan  Milli  Birlik  Məclisi”  adlanan  bir  siyasi  təşkilat  da  yara-
dılmışdı. Müharibədə Azərbaycan müstəqilliyinin Almaniya tərə-
findən  tanınması  uğrunda  mübarizə  aparan  bu  təşkilat  müha-
ribədən sonra bir sıra yeni mühacirləri, o cümlədən əski mühacir-
lərdən Ə. Şeyxülislam, C. Hacıbəyli, İ. Əkbər, C. Kazımbəy və b. 
öz ətrafında birləşdirərək Müsavatın Xarici Ölkələr Bürosuna və 
AMM-ə müxalifət mövqeyində dayanırdı. 
     “Hərb  bitdikdən  sonra  dürlü  macəralardan  keçən  Fətəli-
bəyli, nəhayət amerikalılar tərəfindən finansə olunan, Münhendə 
təsis edilmiş  “Qurtuluş Radiosu” Azərbaycan şöbəsinin şefi idi” 
[32, N-9, 1954]. 
     1954-cü  ildə  Ə.  Fətəlibəyli  Sovet  casusu  tərəfindən 
Almaniyada  qətlə  yetirildikdən  sonra  “Azərbaycan  Milli  Birlik 
Məclisi” də dağıldı. 
     1947-ci  ildə  Avropada  məskunlaşan  Azərbaycan  müha-
cirlərinin əksəriyyəti Türkiyəyə qayıtdı. 1949-cü il fevralın 1-də 
M.  Ə.  Rəsulzadə  başda  olmaqla  siyasi  mühacirlər  Ankarada 
“Azərbaycan Kültür Dərnəyi”ni qurdular. 
     Dərnəyin  qarşısında  duran  əsas  vəzifələr  belə  müəyyən-
ləşdirilmişdi: 

 
 
102 
     “A- Azərbaycanı, onun tarixini, kültürünü, dərnək, işləmək 
və yaymaq; 
     B- Kitab, dərgi və qəzet olaraq  yayın  yapmaq və kültürəl 
toplantılar tərtib etmək; 
     C- Möhtac azərbaycanlılara maddi və mənəvi yardımlarda 
bulunmaq” [32, N-1, 1952]. 
     Türkiyədə  Azərbaycan  mühacirlərinin  siyasi  fəaliyyəti 
qadağan  olunduğundan  müsavatçılar,  eləcə  də  digər  mühacirlər 
dərnək  qurulduqdan  sonra  onun  ətrafına  cəmləşdilər.  M.  Ə. 
Rəsulzadə  AMM-də  yenidənqurma  işləri  aparıb,  Müsavat  Parti-
yasının və AMM-in fəaliyyətini Kültür Dərnəyinin fəaliyyəti ilə 
uzlaşdırdı. Nizamnaməsində “siyasətlə uğraşmaz” sözləri yazılan 
Azərbaycan Kültür Dərnəyi əslində pərdə arxasındakı Müsavatın 
və Milli Mərkəzin üzdə olan şəkli idi. 
     M.  Ə.  Rəsulzadənin  “Azərbaycan  Kültür  Gələnəkləri” 
əsərində yazdığı kimi, geniş anlam daşıyan “Kültür” sözü həm də 
siyasi  həyatı  əhatə  etdiyindən,  dərnəyin  adı  da  onun  siyasətlə 
uğraşacağını bəri başdan xəbər verirdi. 
     Örnək cəhətlərdən biri də o idi ki, Azərbaycan Kültür Dər-
nəyi  bütöv  Azərbaycan  həyatını  və  problemlərini  özündə  ehtiva 
etməyə çalışır, onu küll hallında öyrənib təbliğ etməyi əsas məq-
sədi  sayırdı.  Bu  amil  1960-cı  illərdən  sonra  özünü  daha  qabarıq 
büruzə verməyə başladı. 
    Bütün  bunlardan  başqa  Türkiyə  və  Qərb  dövlətlərində  o 
qədər  də  populyar  olmayan  qrupların  yaratdıqları  aşağıdakı  təş-
kilatlar da fəaliyyət göstərirdi: 
    1. 1948-ci ildə Ankarada İsmayıl Saryal, Məmməd Altun-
bay,  Əziz  Alpaut,  Nurəddin  Ardıcoğlu  tərəfindən  yaradılan 
“Azərbaycan Müdafiə Hüquq Cəmiyyəti”. 
     “Siyasətlə  uğraşmayacağını”  bildirsə  də,  cəmiyyətin  ni-
zamnaməsindən  aydın  olur  ki,  onun  əsas  qayəsində  siyasi  isti-
qamət  yox  deyildi.  AMHC-nin  nizamnaməsinin  ikinci  bəndində 
deyilir:  “Azərbaycanın  haqlarını  və  mövcudiyyətini  təhdid  edən 

 
 
103 
cərəyanlarla və kommunizmlə fikri sahədə mücadilədə bulunmaq” 
[98]. 
     2. Ankarada Əhməd Ulusoy, Əli Daşkənd, Hidayət Turanlı, 
Nağı Bayramgil, Niyazi Kürdəmir (Usubbəyov) və b. tərəfindən 
1952-ci ildə qurulan “Azərbaycan Milliyyətçilər Dərnəyi”. 
     Dərnəyin  Nizamnaməsində  göstərilirdi  ki,  o  “siyasətlə 
uğraşmır”. Lakin məramnaməsindəki aşağıdakı bənddən onun da 
siyasi  hədəfləri  aydın  görünür:  “Vətən,  hürriyyət  və  Milli 
Müqəddəsat  (Müqəddəs  inanc-X.  İ.)  əsaslarına  dayanan  Azəri 
Türk millətçiliyini işləmək” [33, N-2, 1952]. 
     3.  “Azərbaycan  Mühariblər  (savaşçılar-X.  İ.)  Birliyi”. 
1952-ci  ildə  Ankarada  yaradılan  bu  birlik  də  əvvəlkilər  kimi 
nizamnaməsində  “siyasətlə  uğraşmadığını  göstərməsinə  baxma-
yaraq  əksəriyyəti  hərbçilərdən  ibarət  olan  siyasi  bir  təşkilat  idi. 
Onun hədəf və qayələrində deyilirdi: 
     “a)  Azərbaycan  istiqlal  savaşına  bağlı  qalmaq  və  bu 
bağlılığı savaşçılara təlqin, təşviq etmək; 
     b)  Vətən,  istiqlal  savaşında  və  millətsevərlikdə  örnək 
olmaq” və s. [32, N-4, 1952]. 
     Təəssüf  ki,  birlik  öz  rəhbərləri,  üzvləri  barədə  heç  bir 
məlumatın yayılmaması qərarı çıxardığından, onun yaradıcıları ilə 
bağlı məlumata təsadüf etmədik. 
     4. “Azərbaycan Millət Partiyası”. 1952-ci ildə Əziz Alpaut 
tərəfindən  yaradılmışdı.  Təşkilat  Ə.  F.  Düdənginski  qrupu  ilə 
əməkdaşlıq  edir,  müsavatçılara  müxalifətdə  dayanırdı.  Lakin 
ətrafına  mühacirləri  cəlb  edə  bilmədiyindən  AMP  bir  müddət 
“kağız üzərində” fəaliyyət göstərdikdən sonra dağıldı; 
     5. “Cəbhəçilər  İttifaqı” (“Azərər”). 1952-ci  ildə  yaradılan 
bu təşkilat əski legionçuları öz ətrafında birləşdirmişdi. 
     6.  “Azərbaycan  Qarşılıqlı  Yardım  Cəmiyyəti”  Məmməd 
Sadıx  Axundzadə  tərəfindən  yaradılmışdı.  Xeyriyyəçilik  adı 
altında fəaliyyət göstərsə də, əsas qayəsi Azərbaycan istiqlaliyyəti 
fikrini  şüurlarda  yaşatmaq,  onun  uğrunda  mübarizə  aparacaq 
gənclər yetişdirmək idi. 

 
 
104 
     7.  “Amerika  Azərbaycan  Cəmiyyəti”  1951-ci  ildə  əski 
legionçulardan  Məcid  Musazadə  tərəfindən  qurulmuş,  ətrafında 
əsasən  müharibədən  sonra  ABŞ-a  mühacirət  etmiş  legionçuları 
cəmləşdirmişdi. Cəmiyyət Türkiyə və Avropa ölkələrində fəaliy-
yət  göstərən  mühacirlərlə  məktublaşmalar  vasitəsi  ilə  əlaqə 
saxlayırdı. 
     8. “Azərbaycan Neftçilər Cəmiyyəti” Ə. M. Topçubaşovun 
tövsiyəsi  ilə  1920-ci  illərin  ortalarında  Parisdə  qurulmuşdu. 
Cəmiyyətin  İdarə  Heyətinə  məşhur  Azərbaycan  milyonçularının 
övladları, qohumları, eləcə də digər neft sənayeçiləri daxil idi: Ə. 
H. Tağıyev, Ə. Əsədullayev, A. Rza Tağıyev, M. Məlikov və b. 
     Azərbaycan  nefti  uğrunda  mübarizə  Avropada  siyasi 
mahiyyət  kəsb  etdiyindən  bu  cəmiyyət  də  istər-istəməz  siyasi 
proseslərə qoşulmalı olurdu. 
     “1927-ci ildə Əsədullayev “Royal Doyç” Deterdinq kom-
paniyası ilə gələcəkdə neft çıxarılması barədə 16 min funt sterlinq 
məbləğində  müqavilə  bağladı”  [78,  v.7].    Bu  müqavilə  öz 
növbəsində “Royol Doyç”la rəqabət aparan “Standart Oyl” kom-
paniyasını  bərk  narahat  etdiyinə  görə  beynəlxalq  aləmdə  geniş 
miqyas alan uzun-uzadı mübahisələr yarandı. Mübahisələrə ayrı-
ayrı  dövlət  strukturlarının  nümayəndələri,  siyasət  adamlarının 
qoşulması, M. Vəkilinin dediyi kimi  “Azərbaycan neftçilərini də 
get-gedə daha çox siyasiləşdirirdi” [78, v.7]. 
     9. Azərbaycan Gənclik Dərnəyi. Başqanı İldəniz Qurtulan 
olan  bu  dərnək  1961-ci  il  mayın  16-da  İstanbulda  quruldu. 
“Amacları Türk Dünyasının “Odlu Yurdu Azərbaycanı” çevrəyə 
tanıtmaqdı. “Bir çox seminarlar, anma törənləri, “gecə və çaylar”, 
milli  oyun  və  musiqi  göstərilərindən  başqa,  yurd  durumunu 
ilgiləndirən yazı və kitablarla dərnək üzvləri bu uğurda çalışırlar” 
[32, N-1,2,3. 1963]. 
     10.  İstanbulda  prof.  Əhməd  Cəfəroğlunun  yaratdığı  və 
rəhbərlik etdiyi “Azərbaycan Türk Kültürünü Tanıtma Dərnəyi”də 
fəaliyyət göstərirdi. Bu dərnək “Azərbaycan Yurt Bilgisi” adında 
çox populyar bir məcmuə dərc edirdi. 

 
 
105 
     Axırıncı  iki  dərnək  1960-70-ci  illərdə  belə  fəaliyyət 
göstərmişdi. 
     Polşa kəşfiyyatının Azərbaycan mühacirləri barədə verdiyi 
məlumatlarda M. Ə. Rəsulzadənin, 1938-ci ildə iki türk qəzetinin 
müxbiri  kimi,  qeyri-leqal  şəkildə  İrana  gələrək,  burada 
“Federalistlər  və  Millətçilər”  adlı  bir  partiya  yaratdığını  da 
bildirilir. Əsasən Cənubi Azərbaycanda populyar olan bu partiya, 
sərhədyanı məntəqələrdə güclü özəklər yaratmışdı. Onun üzvləri 
tez-tez Sovet Azərbaycanına gedir, oradan ölkə daxili vəziyyətlə 
bağlı  maraqlı  məlumatlar  toplayaraq  Azərbaycan  mühacirlərinə 
çatdırırdı. 
     Qarşısına  Sovet  hakimiyyətini  devirmək  məqsədi  qoyan 
“Federalistlər  və  Millətçilər”  pantürkçülük  ideologiyasına  daya-
nırdı. Partiya şah sarayına belə təsir edəcək nüfuza malik idi [99]. 
     Böyük Vətən müharibəsi başlayana qədər Müsavatın SSRİ 
ərazisində də bir sıra gizli təşkilatları fəaliyyətdə idi. Bunlardan ən 
mütəşəkkili və böyüyü Aşqabad təşkilatı hesab edilirdi. 
     Hələ aprel işğalından əvvəl asası qoyulan bu təşkilat, 1923-
cü  ildən  sonra  Azərbaycandakı  repressiyalardan  yayınan, 
həbsxana və sürgündən qaçan müsavatçıların hesabına böyüyərək 
40-cı illərə qədər fəaliyyətdə olmuşdu. 
     M.  Bədəlbəyov,  N.  İsrafilov,  M.  Ağamirovdan  ibarət 
rəhbər üçlük tərəfindən idarə olunan gizli Aşqabad komitəsində Ş. 
Əliyev, N. Quliyev, K. Həşimov, M. Həşimov, Z. İsmayılov, L. 
Səfərov kimi fəallar çalışırdı. 
     1927-ci ildə sürgündən qaçan Ə. V. Məmmədzadə (Yurd-
sevər)  və  K.  V.  Mikayılzadənin,  eləcə  də  digər  müsavatçıların 
İrana keçməsinə yardım edən Aşqabad təşkilatı idi. 
     Müsavatın 1920-ci ilə qədər fəal olan Kiyev və Peterburq 
şöbələri  1920-ci  ildən  sonra  demək  olar  ki,  fəaliyyətlərini 
dayandırdı. Kiyev şöbəsinin liderlərindən Y. V. Çəmənzəminli və 
M.  Topçubaşov  (həkim)  partiyadan  çıxaraq  Azərbaycanda 
qaldılar. Qalanların bir qismi Polşa və Finlandiyaya, digər qismi 
isə İrana səpələndi. 
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə