Vüqar ƏHMƏd elmi-filoloji qaynaqlar, ədəbi simalar haqqında düşüncələr baki-2010



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə13/21
tarix23.12.2016
ölçüsü2,28 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

(ona yaxınlaşır)
Nədir gözlərində bu hiddət, bu kin?
Düşün, təslim olmadıqca san mana,
Həsrət qalacaqdır nişanlın sana.
GƏLİN
Mənim duvağımı sən deyil, ancaq
Yalçın almalıdır.
VALİ
(qolundan tutar)
Yaxın gəl!
GƏLİN
(geri çəkilir, nifrətlə)
Burax!
MÜŞAVİR
Yavrum, hər gəlin ki, yeni köçərsə,
Bakiri nəsib olur ancaq rəisə.
Şərəfdir bu sana düşünsən bir az,
Valinin diləyi heçə sayılmaz.
VALİ
Bu bir qanun! Hər kim boyun qaçıpsa,
Eli, əqrabası batar həp yasa.
Qatlandım nazına bütün bir gecə,
Qırma məni, yaman olur nəticə.
Əsərdəki qadın surətləri də nəzər-diqqəti cəlb edir. Başqa əsərlərində
olduğu kimi, biz Cavidin «Səyavuş» faciəsində də müxtəlif xarakterli qadın

229
qadın qəhrəmanları ilə rastlaşırıq: Çılğın ehtirasına cavab ala bilmədiyi üçün
məkrə və hiyləyə uymuş, bəlalar və fitnələr törətməkdən zövq alan Südabə və
rübabə ilə; əsl qadın gözəlliklərini, saf mənəviyyatı, geniş qəlbiilə fərqlənən El
anası, Firəngiz, Dürdanə, Gəlin,  1-ci və 2-ci Cariyyə surətləri ilə. Cavidin bu
əsərdə yaratdığı parlaq və canlı insan xarakterləri dramaturqun böyük yaradıcılıq
kəşfi kimi qiymətli və diqqətəlayiqdir.
Faciənin baş qəhrəmanı Səyavuşdur. Hələ körpə ikən anasınqı itirən,
kənddə, sadə adamlar arasında böyüyən Səyavuş şah nəslindən olmasına
baxmayaraq xalqa mənən bağlı, təmiz ürəkli bir cəngavərdir. Bu obrazı
dramaturq elin dərdinə şərik, saraylara qarşı etiraz səsini ucaldan demokratik
əhval-ruhiyyəli bir qəhrəman kimi yaratmışdır.  «Səyavuş atası Keykavusun
əmrilə saraya çağrılır. Ürəkdən bağlı olduğu kənddən ayrılmaq onun üçün çətin
olsa da, şah əmrini yerinə yetirməyə məcbur olur (Firdovsidə isə Səyavuş öz
arzusu ilə saraya, atasının yanına gəlməyə can atır). Yola çıxarkən səmimi
çöhrəli, ağsaçlı bir qadın, bir el anası Səyavuşun alnından öpüb ona xeyir-dua
verir. bu el anasının xeyir-duası bizə böyük Nizaminin əsərlərində şahlara öyüd-
nəsihət verən dünya görmüş, ağsaçlı qadınların arzularını xatırladır (bu ana
surəti Firdovsidə yoxdur)» (M.Cəfər. Hüseyn Cavid. Azərnəşr,  1960, səh.213).
Ağbirçək el anasını üzünü Səyavuşa tutub «Biz səni bəslədik çalış adil ol!» -
deyir, gənc qəhrəmana «şanlı yol, uğurlu yol» diləyir. Səyavuşda saraylara qarşı
olmayan həvəs, bu vəhşilər yuvasına ayaq basdıqdan sonra nifrətə çevrilir. Bir
tərəfdən çılğın ehtirasları cavabsız qalan Südabənin ona böhtan yaxması, digər
tərəfdən, günahsız qan tökmək əleyhinə olduğu üçün atası Keykavusun qəzəbinə
düçar olması gənc qəhrəmanın iztirablarını daha da artırır. Bu daxili iztirablar
artdıqca onu mübarizəyə daha çox sövq edir. Səyavuş ona qarşı çıxanlara
müqavimət göstərir. Lakin bununla belə onun bacarığı arzularına nisbətən
məhduddur. Səyavuş qəlbində yoxsul kütlələrə qarşı məhəbbət, xaqanlara və
şahlara nifrət hissi yaşadırsa da qarşısına qoyduğu nəhəng ictimai məqsədi –

230
gərdişi-dövranı məcrasına salmağı bacara bilmir, nəticədə ətrafını sarmış rəzalət
və zülm aləminin nümayəndələri tərəfindən öldürülür. Filologiya elmləri doktoru
Məsud Əlioğlu haqlı olaraq Səyavuşun təbiətinə və xarakterinə məxsus üç
xüsusiyyəti qeyd edir:
«A – Uşaqlığını və gəncliyinin ilk çağlarını kənddə keçirən, təbiətin azad
qoynunda böyüyən, sıldırımlıdağlardan vüqarı, sadə insanlardan müdrikliyi
öyrənən igid, dəliqanlı Səyavuş. Xalqdan və yoxsul insanlardan aldığı tərbiyəni
bu gənc əsərin başlanğıcında, eləcə də sonrakı pərdələrdə nümayiş etdirir.
B – Səyavuş eyni zamanda şahlıq sülalaəsinə mənsub əsilzadədir.
Doğrudur, o, sarayda böyüməmişdir, zadəgan cəmiyyətin və «ali təbəqənin»
davranış qaydalarından, saraylarda hökm sürən münasibət və ədalardan
xəbərsizdir, lakin onun varlığında cüzi də olsa, əsilzadəlik əhval-ruhiyyəsi özünü
göstərir. O, müəyyən məsələdə atası Keykavusla və dayısı Əfrasiyabla birləşir,
sazişə gəlir.
C – Səyavuş həm də saray daxilindəki rəzalətləri duyub, dəhşətə gələn,
zülm və zorakılığa qarşı qılınc qaldıran, haqqın, ədalətin müdafiəsi yolunda
cəsarətli fikir söyləyən bir həqiqət carçısıdır» (M.Əlioğlu. Tənqidçinin düşüncələri.
Azərnəşr, 1968, səh.169-159).
Doğrudan da biz əsərin əvvəlindən axırınadək qəhrəmanın xarakterindəki
bu üç xüsusiyyəti müşahidə edirik. Uşaqlığını təbiətin füsünkar qoynunda, pak
diləkli insanlar arasında keçirən bu gənc qəhrəman Südabənin «Söylə, maraqlımı
saray həyatı?» - sualına:
Maraqlı olsa da, göy xatiratı
Könlümü daima cəzb edib durur.
…Cocuqluqdan bəri alışdım köyə,
Zal oğlu Rüstəmdən aldım tərbiyə.
Dağlarda yaşadım, ceyran ovladım,
Böylə şənliklərə mənus olmadım.

231
- deyərək azad kənd həyatını qızıl qəfəsləri andıran möhtəşəm saraylardan üstün
tutur. Hələ Zabilistanda ikən məşhur pəhləvan Zal oğlu Rüstəmdən cəngavərlik
təlimi almış Səyavuş igid bir dəliqanlı kimi eyni zamanda öz ustanıda qarşı çox
mehriban və təvazökardır. Əsərin Zabilistanda təlim meydanını təmsil edən
başlanğıc səhnəsində Səyavuşla Rüstəm arasında gedən dialoqa nəzər salaq:
SƏYAVUŞ
Kim gəlirsə, gəlsin, çəkinməm.
RÜSTƏM
Yalınz eşdir ona Zal oğlu Rüstəm.
SƏYAVUŞ
Mən səndən öyrəndim qəhrəmanlığı,
Enilsəm də yoxdur peşimanlığı.
Rüstəm də öz növbəsində yetirməsinə qarşı hörmət və nəzakətlə davranır.
O, Səyavuşun bu təvazökarlığını təvazökarlıqla qarşılayır:
Nə sən, nə mən!
Biz ər oğlu ərləriz,
Gücdə, saldırışda həp bərabəriz.
Yuxarıda qeyd etdiyimiz kimi Səyavuş eyni zamanda şah nəslinə mənsub
əsilzadədir. Onun varlığında müəyyən şahzadəlik əhval-ruhiyyəsi də vardır. O,
sarayda böyüməmişdirsə də, «Dayım gömdürsə də bizi altuna, qoltuğa sığınmaq
ağırdır mana» deyirsə də, Turan hökmdarı Əfrasiyab:
Göndərəyim səni Çin hüduduna,
Böyük bir vilayət üsyan içində,
Həp çırpınıb durur al qan içində.
- deyə onu baş verən üsyanları yatırmaq üçün Çin sərhəddinə göndərdikdə
dayısının təklifini qəbul edir və «bir ay belə sürməz o qanlı dalğa»- deyə xaqanı
üsyanın tez bir zamanda yatırılacağına əmin edir. bundan başqa Səyavuşun

232
sonrakı pərdədə üsyançı kəndlilər tərəfindən həbs edilmiş azğın Valini Gərşivəzə
bağışlaması və Altayın ona:
Səyavuş da şah nəsli,
xaqan nəsli,
Onun hər kəslə var başqa
bir dili.
- deməsi bu gənc qəhrəmanın cüzi də olsa şahzadəliliyini – öz ictimai təbəqəsi,
sinfi ilə əlaqə saxlamasını göstərir.
Bütün bunlarla yanaşı Səyavuş saraydakı rəzalətlərdən dəhşətə gələn,
haqqın və ədalətin yolunda hər an canından keçməyə hazır olan bir ədalət
carçısıdır. Rüstəmlə düşmən ordularını geri oturtmaq üçün döyüşə getdikdə
səyavuş kəndləri çapıb-talayanların xarici düşmənlər deyil, İran ordusunun öz
başçılarının olduğunu gördükdə daha da qəzəblənir, saraya qarşı nifrəti artır.
«Cavid Səyavuşun saraya qarşı olan narazılığını göydən düşmə bir şey kimi
göstərməyib. Səyavuş bir sıra ciddi hadisələrin şahidi olur, bir çox rəzalətləri
görür, əməkçilərin bir ovuc azğınlar tərəfindən amansızcasına əzildiyini, istismar
edildiyini, aşağılarda hökmranlıq edən məmurların əməkçilərə düşmən olduğunu
anlayır» (M.Mehdi. Cavid haqqında bir neçə söz.  «Səyavuş», Azərnəşr,  1934,
müqəddimə). Səyavuş xalqı soyub talayan əsgər mundirli bu saray quldurlarının
xəyanətlərini üzlərinə deyərək, bu qarətçiliyi qıtlıqdan, aclıqdan, tufandan,
fırtınadan və hətta ölümdən də dəhşətli sayır:
Ötər keçdiyiniz yerdə bayquşlar,
Qəhrəman cildinə girən sərxoşlar!
Məzlumlara qarşı duyğusuz qalan
Bir insandan daha şərəfli qaplan!..
Biz gəldik ki, çeynənməsin yurdumuz,
Məgərsə çeynəyən eəndi ordumuz.
Qıtlıq, aclıq, tufan, ölüm, fırtına…

233
Cümləsi bir yana, sizlər bir yana.
Atası Keykavusun əxlaqsızlığı, analığı Südabənin cilovagəlməz qorxunc
ehtirasları Səyavuşu dəhşətə gətirir. O, sarayların iç üzünə bələdolduqca anasının
sözlərini xatırlayır:
Ah, nə qədər çirkin, vəhşi duyğular…
…Heç yalan deyilmiş anamın sözü,
Başqa imiş sarayların iç üzü.
O da bu çirkablar içində sönmüş,
Gənc yaşında ömrü sərabə dönmüş.
Səyavuş Firəngizə qarşı olan məhəbbətinə də sadiqdir. O, Turana gəldiyi
ilk gün nədimələrlə ahu ovuna çıxmış dayısı qızına vurulur. Firəngiz təqib etdiyi
ova atdığı ox ilə özü dəbilmədən Səyavuşu qolundan yaralayır. Bu «ovçu» qız
eyni zamanda öz süzgün baxışları ilə dəliqanlı gəncin qəlbini oxlayır. Firəngiz
də Səyavuşa vurulur, sevdiyinin Səyavuş olduğunu bildikdə, bu məhəbbət daha
da alovlanır. Nədimənin:
Bayğın gözlərində acı bir hal var,
Səyavuşdanmıdır bu iztirablar? –
sualına Firəngiz:
O, bir yıldız kimi axdı könlümə,
Atəşli bir çiçək taxdı könlümə.
Əlimdən aldı səbrimi, uyğumu,
Alov dalğaları sardı ruhumu –
- deyə sevən qəlbinin çırpıntıları ilə cavab verir. sarayda Səyavuşla Firəngizin
ilk görüş səhnəsi hər iki gəncin bir-birinə qəlbən necə bağlandığını göstərir:
FİRƏNGİZ
Yaran nə haldadır?
SƏYAVUŞ
Həp sağalmış.

234
FİRƏNGİZ
(qoluna baxar, şübhəli gülümsəyişlə)
Hanı? Ondan bir iz belə qalmamış…
SƏYAVUŞ
Qəlbimdədir izi, görünməz gözə
Sızlar, durur, gəlincə biz üz-üzə.
Hələ ilk əsərlərindən məhəbbət səhnələri yaratmaqda mahir olan Hüseyn
Cavid, «Səyavuş» faciəsində də «Mənim tanrım gözəllikdir, sevgidir» prinsipinə
sadiq qalmışdır.
Əsərin baş qəhrəmanı Səyavuşun faciəsinə gəlincə, bu faciə daş-qaşla
bəzədilmiş taclarda gözü olan bir vəliəhdin faciəsinə deyil, sadə, əməkçi
adamların, zülm və əsarətə qarşı qılınc qaldıran mərd və yenilməz igidlərin
faciəsi idi. Çünki «Kənddə böyüyən və tərbiyələnən Səyavuş da əslində
sarayların oğlu deyil, kəndin və kəndlilərin oğlu idi» (Q.Yaşar. Faciə və qəhrəman.
EA nəşriyyatı, 1965, səh.149).
Faciədə bədii cəhətdən ən bitkin və müvəfəqqiyətli çıxmış qadın surəti
südabədir.  «Cavidin südabə surəti də Səyavuş dastanındakı südabədən
fərqlənirdi. Firdovsi südabəni əsasən hiyləgər bir qadın kimi göstərmişdi. Cavid
həmin motivi saxlamaqlabərabər, bu qadının səmimi mənvi iztirablarını da
vermişdir. Cavidin Südabəsi, eyni zamandagüclə saraylara alınan, öz vətənindən,
elindən ayrı düşən, həyatında çox haqsızlıq gördüyü üçün sərtləşmiş bədbəxt bir
qadın, qəfəsə salınmış bir quşdur» (M.Cəfər. Hüseyn Cavid. Azərnəşr,  1960,
səh.213).
Keykavusun baş hərəmi Südabə Suriya kralının qızıdır. Hələ gənc ikən
məhəbbətin acısını-şirinini dadmamış hərəmxanalar qoynuna atılan bu gənc
qadın ehtiras alovunda qovrulur. Zabilistandan ata sarayına gələn təmiz qəlbli,
ağıllı, cəsarətli və igid Səyavuşa bir könüldən min könülə aşiq olan Südabə

235
ondan çılğın ehtirasına cavab umur. Səyavuşa ögey də olsa, hər halda ana sayılan
Südabə çəkinmədən öz eşqini açıb ona söyləyir:
Bir yaşdayız insaf edib baxsana,
Ana deyil, yalnız vurğunam sana.
(birdən-birə sarılır)
Lakin çılğıncasına sevən Südabənin bu yersiz məhəbbətini Səyavuş «Anam
ölmüşsə də, bu gün sən mana ikinci annəsin» - deyə rədd edir. eşqi rədd edilən
Südabənin odlu ehtirasları daha da alovlanır.
SÜDABƏ
(diz çökərək)
Bir busə ver mana.
SƏYAVUŞ
(qolundan tutub qaldırar)
Yetər bu zillət!
SÜDABƏ
Sənin, həp varlığım sənin…
SƏYAVUŞ
Rəzalət!
SÜDABƏ
Gözəlliyə qarşı kordur gözlərin!
Bax, eyi bax…
(sinəsini açar)
SƏYAVUŞ
Əvət, gözəl hər yerin,
Lakin, əfsus, mənim gözümdə çirkin!..
SÜDABƏ
Təhqir etsən belə buraxmam səni.
(sarılır)

236
SƏYAVUŞ
Çəkil ehtirasın qara yelkəni!
Sən nəsin! Bir heç, bir şərəf xırsızı,
Vəhşi Suriyyənin uğursuz qızı!
Bütün bu yalvarışlara baxmayaraq, Səyavuşu yola gətirə bilməyən
«ehtirasın bu qara yelkəni»nin qəlbində gənc qəhrəmana qarşı nifrət və amansız
intiqam hissi baş qaldırır. Südabə əri Keykavusa onun oğlu tərəfindən təhqir
edildiyini söyləyir:
Babam nerdə? – deyə gəlibsöz atdı,
Mana xəyanət əlini uzatdı.
Bax, iştə köynəyim!..
Şübhəli olan bu məsələni aydınlaşdırmaq üçün Keykavusun əmrilə atəş
qalanır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu səhnə əsərdə ən qüvvətli
səhnələrdən biri olmaqla eşqi «topuğuna vurmuş» Südabənin ehtiraslarını daha
qabarıq göstərmək üçün çox səciyyəvidir. Keykavus atəşə birinci girməyi
Südabəyə əmr etdikdə o, dəhşətli tonqal alovlarını alovlu qəhqəhələrlə qarşılayır:
Bu xoşdur manna,
Könlümlə yanğın var,başda fırtına.
Təsir edərmi heç atəş atəşə?
Vuruldum yanaraq mən Səyavuşə – deyir.
Südabə Səyavuşun mərdliyini, yenilməzliyini görüb, ona qarşı olan
məhəbbətini Keykavusdan belə çəkinmədən qəhrəmana xatırladır, onun bir
busəsini Kəyan tacından üstün tutur. Qan tökmək əleyhinə olan Səyavuşun
mrhəməti nəticəsində Keykavus Südabə üçün çıxardığı ölüm hökmünü dəyişir.
İkinci pərdədən sonra Südabə səhnədə görünməsə də onun gənc qəhrəmana
qarşı hazırladığı süi-qəsdlər tamaşaçıların diqqət mərkəzindədir. Əsərin sonrakı
pərdələrində
«həyait
nəşəsilə
çağlayan
günahsızbir
qəlbi
Südabə
mərhəmətsizcəsinə və heç bir əzab çəkmədən zəhərləyir; ən müqəddəs inamları –

237
şübhəyə, ən pak niyətləri – iftiraya və ən şirin arzuları – sönük bir həvəsə
döndərir» (M.Əlioğlu. Tənqidçinin düşüncələri. Azərnəşr, 1968, səh.172-173).
Südabə ehtiraslı bir qadın olmaqla bərabər, həm də qırılmaz iradəyə
malikdir. Onun qanlı-qadalı ehtirasını qırılmaz bir iradə tamamlayır. Südabə
gənc qəhrəmanı məhv etmək üçün bir vasitə qalmır ki, ona əl atmamış olsun:
Keykavusun adından Səyavuşa saxta məktubdüzəldərək onu Rübabə vasitəsilə
Turana göndərir, Çin elçisinə və Dürdanəyə Səyavuşu zəhərləyib, öldürmək
əmrini verir. bir sözlə, bu «ipəkli ilan» özü İranda oturub Turanda Səyavuşun
taleyilə oynayır:
…Səyavuşun o dik, o məğrur başı
Əyilməz olursa sevgimə qarşı,
Onu al qanlarda görmək istərim,
Saçlarından çələng hörmək istərəm –
deyən Südabə «alovlu ehtirasdan, cinayətkar, öz qərarından kor-kar bir iradədən
toxunmuşdur» (M.Məmmədov. Teatrlar, aktyorlar, tamaşalar. Azərnəşr,  1966,
səh.170).
Çin elçisi Südabənin əmrini – Səyavuşu öldürmək əmrini həyata keçirmək
istədiyi son anda buna dözə bilməyən təmiz qəlbli Dürdanə ona mane olur.
Səyavuş bu xəyanət səhnəsinin şahidi olduqda dəhşətə gəlir, bütün kinlər,
ftinələr, bütün ehtiraslar onun gözündə Kəbəyə çevrilib bir afət doğur, - qəddar
bir afət:
Nə dəhşət?! Əgər
Cahandakı bütün kinlər, fitnələr,
Bütün ehtiraslar olsa həp kəbə,
Bir afət doğardı, o da – Südabə!
Südabə «Səyavuş»a qədər bir sıra dolğun qadın surətləri yaratmış Cavidin
yeni və böyük müvəffəqiyyəti idi.

238
İranın əfsanəvi pəhləvanlarından biri, Sam nəslindən olan Rüstəm
Firdovsinin «Şahnamə» epopeyasındakı bir çox dastanlarda iştirak edir. Hüseyn
Cavid dəözünün «Səyavuş» faciəsində Rüstəm surətinə geniş yer vermişdir.
Dramaturq bu obrazı qələmə alarkən ona yeni xüsusiyyətlər aşılamış, Səyavuşun
məsləkdaşı, vətənini və xalqını qəlbən sevən bir qəhrəman kimi yaratmışdır.
Rüstəm də dostu və məsləkdaşı Səyavuş kimi şəhvət qoxuyan fitnə-fəsadlar
yuvası saraylara nifrət edir. lakin o, bir xalq qəhrəmanı kimi vətəni müdafiə
etməyə, onun yolunda canından keçməyə həmişə hazırdır. Elə bu məqsədlə də
Rüstəm atası tərəfindən çağrılan Səyavuşla birgə Keykavus sarayına gəlir. Çox
keçmir ki, Türk ordularının sərhəddi keçməsi xəbərini İran hökmdarına
çatdırırlar. Düşmənləri vətən hüdudlarından geri oturtmaq məqsədilə sərhədə
gələn Rüstəm kəndliləri talayanların xarici düşmənlər deyil, daxili düşmənlər –
yerli saray məmurları olduğunu gördükdə bərk qəzəblənir:
Ar olsun sizlərə, ar olsun, əvət!
Əsla ummadığım alçaq xəyanət.
Sizdən uğurludur taun-qasırğa,
Xayır yol verilməz bu azğınlığa.
Səyavuş kimi nahaq qan tökülməsi əleyhinə olan Rüstəm, Əfrasiyabın
vəziri Piranla sülh bağlayıb geri qa
yıdır. Lakin Rüstəmin gətirdiyi bu
xeyirxah xəbər İran hökmdarını hirsləndirir, Keykavus igid Rüstəmi qorxaq, xain
adlandırır:
İştə hər ikiniz qorxaq və miskin!
Səyavuş da xain, Rüstəm də xain!..
Ömründə xəyanət nədir bilməyən sadə qəlbli insan, saysız-hesabsız
döyüşlərdən həmişə zəfərlə qayıtmış igid pəhləvan Rüstəm İran şahının bu kirli
böhtanlarına qarşı öz qəzəb səsini ucaldaraq «Həddin bil, nə sandın məni? Saqın
güvənmə çox taxtü-tacına» deyir. Keykavusun namərdliyinə və saray
çirkinliklərinə artıq davam gətirə bilməyən Rüstəm:

239
Artıq mənə oldu əyan,
Cənnət imiş Zabilstan.
Dönməliyim əski yurda,
Namus, şərəf həpsi orda!..
…Gəl gedəlim, nifrət olsun
Bu yaldazla vəhşətlərə!
Artıq yetər, lənət olsun
Ölüm qoxan şəhvətlərə!
– deyərək xəyanətdən uzaq olan sadə insanların yanına qayıdır. Dramaturqun
müsbət qəhrəman kimi yaratdığı Rüstəm surəti öz xeyirxahlığı, mübarizliyi,
fikirlərinin kəskinliyi və əzəmətli xarakteri ilə Firdovsi dastanlarındakı
Rüstəmdən qat-qat fərqlənir.
Faciədə Keykavus, Əfrasiyab, Gərşivəz kimi mənfi planda işlənmiş, bədii
cəhətdən tam kamil olan obrazlar da vardır. Bu mənfi surətlər içərisində
Keykavus, öz xarakterinin mürəkkəbliyi ilədiqqəti cəlb edir. o, ədalətsiz olmaqla
bərabər, düşüncəsiz, özünün və eləcə də ölkənin xeyir-şərini ayırd etməyən,
tədbirsiz, qədir bilməyən, yaxşılığı qiymətləndirməyən tipik bir şah surətidir. O,
türk ordularının sərhəddi keçdiyini eşitdikdə:
İranda Rüstəm kimi
Pəhləvanlar dururkən,
Nə cürətdir bilməm ki,
Oh, bu azğınlıq nədən?!
deyə Rüstəmə arxalanırsa, Səyavuşa vurulduğunu Südabənin öz dilindən
eşitdikdə:
Səyavuş! Qalmadı bir şübhəm sana,
Vuruldum səndəki parlaq ficdana.
Bir ləkə var, bəlkə, suda, günəşdə,
İncə bir iz belə yox Səyavuşdə.

240
deyə oğlunun parlaq vicdanına qibtə edirsə, Piranla sülh bağladıqlarına görə hər
iki qəhrəmanı xain adlandırır. Bundan əlavə, xarici düşmənlərdən xalqı deyil, öz
taxtı-tacını qurtarmağa çalışan Keykavus Rüstəmin kəndliləri «köylər dağılsa da
ağrıtmaz məni, ancaq Əfrasiyab bilsin həddini» deyir.
Keykavus eyni zamanda azğın şəhvətə tutulmuş bir hökmdardır. Onun bu
xasiyyəti əsərdə 1-ci və 2-ci Cariyyənin vasitəsilə çox gözəl işıqlandırılmışdır.
Qarşısında diz çökərək «qüsurə baxma» deyə yalvaran Cariyyənin hıçqırıqlarına
əhəmiyyət ıerməyən Keykavus onu zorla qolları arasına alaraq otağına doğru
sürükləyir:
Könül həp zövq alır tazə qönçədən.
Unutma ki, hər gün bir nazlı sona,
Yavru bir göyərçin qismətdir mana.
Bir gün əvvəl günahsız yavru kimi bu əxlaqsız şahın toruna düçar olmuş 1-
ci cariyyə «göylərəmi uçdu haqq və ədalət» - deyə fəryad qopardıqda Pişxidmət
qəhqəhələrlə ona cavab verir:
Haqq və ədalətmi… O bir quş olsa,
Şahın sarayında yapmaz yuva.
Cavidin bu misraları saray rəzalətlərini çox aydın əks etdirir.
Əfrasiyab əsərdə despot bir hökmdar surəti kimi yaradılmışdır. Əməkçi
xalqa barmaqarası baxan,  «yoxsullar qanından badə sonduran» Əfrasiyab
cəlladlıqla Keykavusdan heç də geridə qalmır. Hələ dahi Nizami XII əsrdə
yazırdı:
Bilirsən, şahmatın iki şahı var,
Hər qəlbə yeni qəm gətirər onlar.
Dəhşətli müharibələrdən yaxasını kənara çəkib, saraylarda eyş-işrətlə
xumarlanan hər iki xaqan (Keykavus, Əfrasiyab – V.Ə., Ə.N.) çanağın xalqın
başında çatlayacağını əsla saya salmır. İran sarayındakı zülmə və rəzalətlərə
dözməyərək Turana pənah gətirən qəhrəman Səyavuşu Əfrasiyab hörmətlə

241
qarşılayır. Xaqan bacısı oğlunun Firəngizlə izdivacına qəlbən şad olur. Çin və
Türk məzlumlarının birləşərək məmurlara qarşı üsyan qaldırdığını eşitdikdə bərk
qəzəblənir, Səyavuşu qızışmaqda olan bu alovu söndürmək üçün Çin sərhəddinə
göndərir. Lakin Səyavuş içərisində yetişib, boya-başa çatdığı insanlara əl qaldıra
bilmir, dayısının göstərişlərinin əksinə olaraq xalqın namusunu heçə sayan,
kəndliləri çapıb-talayan Valiyə göz dağı çəkdirir. Bir vasitə ilə Səyavuşu aradan
götürməyə çalışan Gərşivəz gənc qəhrəmanın bu xeyirxahlığını Türk xaqanına
xəyanət kimi qələmə verir. üstəlik Südabənin Keykavusun adından düzəltdiyi
saxta məktubu Əfrasiyaba verərək onu daha da sarsıdır:
Çəlik qollu Səyavuş!
Sən bir yandan hücum et,
…Hər tədarük görülmüş.
Tus ilə Zal oğlu da
Saldıracaq İrandan.
Çin xalqını bir yandan
Alt-üst edin Turanı
Orduları əzilsin,
Əfrasiyab hüzura
Qolları bağlı gəlsin.
Bu quduz xaqan, qızı Firəngizin «Lütf edin, acıyın, o, xain deyil»,
«Səyavuşun «İştə mənim üçün ölüm fitvası» deməsinə məhəl qoymayaraq,
«Yetər pək şımırdı, həm susdurun» - deyə öz bacısı oğlunun ölümünə fərman
verir. Keykavus və Əfrasiyab öz xarakterlərindəki fərdi xüsusiyyətlərinə görə nə
qədər fərqlənsələr də, bir despot kimi bir-birinin eynidir. Səyavuşun ölərkən
dediyi «Keykavus bir cəllad, sən də bir cəllad» sözləri hər iki hökmdarın
amansızlıqla oxşarlığını təsdiq edir.
Səyavuş, Rüstəm kimi qəhrəmanlarla yanaşı, xalqın həqiqi oğlu, üsyan
başçısı Altay surəti də faciədə dramaturq tərəfindən məharətlə işlənmişdir. Altay

242
müxtəlif xalqların – çinlilərin, türklərin, farsların xaqanlar əleyhinə qaldırdığı
kəndli qiyamlarına rəhbərlik edir. Dramaturq Altayın üsyan qaldırmış yoxsul
kütlələrlə rəğbətini obrazın öz dililə çox gözəl mənalandırmışdır:
Zülmətləri yaran bir şimşəyim mən,
Doğdum məzlumların diləklərindən.
Xalqa qan udduran saray məmurlarının özbaşınalığına dözməyən kəndlilər
Altayın rəhbərliyi ilə bir bayraq altındacəm olaraq:
Lənət bu varlığa, yetər, usandıq,
Kəndi yaxdığımız atəşdə yandıq.
- deyə öz hüquqlarını tələb edirdilər:
Zülmə qarşı dikbaş və məğrur olun!
Hüriyyət uğrunda pək cəsur olun!
Səadət pərisi gülməz qullara,
Munis olur, ancaq dəmir qollara.
- deyə kəndlilərin gözlərini açan Altay, onları mübarizəyə ruhlandırır, zalımlara
qarşı amansız olmağa çağırır. Kəndlilər öz xilaskarlarının göstərdiyi yolla
gedərək onu alqışlayırlar:
Altay! Sən bu yurda yeni can verdin,
Zülmün qaba heykəlini devirdin.
Altay üsyankar ruhlu bir obraz olmaqla Cavidin əvvəlki qəhrəmanlarından
– Şeydadan («Şeyda»), Antondan («Knyaz») irəli getmiş olsa da, bir inqilabçı
surəti kimi tam və yetkin deyildir. Valinin həbs edilməsi ilə zülmə, haqsızlığa
son qoyulduğunu zənn edən Altay:
Şu qayğısız ovalara, dağlara
Xəyanət ubramaz bu gündən sonra.
Susdu hər bucağa qonan bayquşlar,
Bir də çeynəməz buy urdu sərxoşlar.

243
- deyir və dərk edəbilmir ki, hələ vali kimi azğınlar çoxdur, ilanı öldürməklə
təhlükədən qurtulmaq olmaz, onun yuvasını dağıtmaq gərəkdir. Xarakterindəki
bəzi zəif cəhətlərə baxmayaraq Altay dramaturqun sevə-sevə yaratdığı
obrazlardandır.  «Mən ayrılmam ədalətdən, qanundan» deyən valiyə dar ağacını
göstərərək üsyankar səslə:
İştə ədalətlərin dar ağacları!
Boğazaltdın acları.
Quraqlıq bir yandan, sən də bir yandan,
Xalqa uddurdunuz qan.
Ölkə viran oldu, çıraqlar söndü,
Evlər məzara döndü.
Vergi deyə hər gün bizi soydunuz
Yaman günə qoydunuz.
- deyən üsyan başçısı Altaya qarşı müəllifin rəğbətini M.C.Cəfərov belə
xarakterizə edir: «Zahirdə əsərin qəhrəmanı Səyavuş idisə, əslində dramaturqun
daha çox rəğbət bəslədiyi üsyançı kəndlilərin başçısı Altay və onu əhatə edən
üsyançı kəndlilər idi» (
1
M.C.Cəfərov. Hüseyn Cavid. Azərnəşr, 1960, səh.213).
Altay surəti Cavidin müsbət qəhrəmanları içərisində özünə layiqli
yerlərdən birini tutur.
Gərgin dramatik konflikt, parlaq obrazlarla zəngin olan «Səyavuş»
faciəsində, dil, üslub cəhətdən də bir çox yeniliklər vardır ki, bu haqda gələn
fəsildə bəhs ediləcəkdir.

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə