Telman Orucov



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə1/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   38

 

 
 
 
 
 
 
Telman Orucov 
 
ABŞ: beşikdən zirvəyə gedən yol 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

 
 
 
 
Birləşmiş Ştatlara artan maraq  
 
Bu  ilin  11  sentyabrında  Nyu-Yorkda  və  Vaşinqtonda  baş  verən  terror 
əməliyyatları böyük faciə ilə nəticələndiyindən, bu hadisə təkcə  amerikanları deyil, 
bütün  dünyanı  sarsıtmışdır.  Qüdrətli  Amerika  məkrli  və  qaniçən  terrorizmdən  ağır 
zərbə almışdır.  
Faciə nə qədər böyük olsa da, bu cavan və güclü ölkə, bu fərasətli və işgüzar 
xalq  vurulmuş  yaraları  sağalda  biləcək,  demokratiya  və  inkişaf  yolundan  əsla 
sapmayacaqdır.  Birləşmiş  Ştatlar  öz  tarixinin  lap  başlanğıcdan  heç  kəsi  təqlid 
etməmişdir.  Fəlakət  anında  da  ölkədə  dini,  irqi,  milli  ayrı-seçkilik  hallarına  yol 
verməməklə, yalnız terrorizmi məhkum etməklə özünəməxsus xüsusiyyətini bir daha 
sübut  etmişdir.  225  yaşı  olan  bu  dövlət  çoxlu  sınaqlardan  çıxmış,  öz  prinsiplərinə, 
bani-ataların  öz  dəyərini  itirməyən  vəsiyyətlərinə  sədaqətsizlik  etməmişdir.  Son 
fəlakəti  onun  özünə  güvənməsi,  məğrurluğu  ilə  izah  edənlər  isə  səhv  edirlər,  açıq 
cəmiyyətin  məxfilik  yolunu  rədd  etməsini,  vətəndaş  azadlıqlarına  hörmətli 
münasibətini,  bu  dəhşətli  sui-istifadələr  faktına  görə  az  qala  ona  irad  kimi  qeyd 
edirlər.  Lakin  Birləşmiş  Ştatlar  təhlükəli  anda  belə  öz  təməl  prinsiplərindən 
uzaqlaşmamışdır.   
İlk  prezident  Corc  Vaşinqton  1796-cı  ildə  xalqa  yazdığı  vida  müraciətində 
göstərmişdi: “Cultivate peace and harmony with all” Hamı ilə sülh və harmoniya 
şəraitində  yaşayın".  Bu  müdrik  istiqamət    heç  vaxt  unudulmamışdır.  Dövlətin  öz 
prinsiplərinə sədaqətini qısa da olsa tarixi faktlarla sübut etmək olar.  
Fransa  Amerika  koloniyalarına  İstiqlaliyyət  müharibəsində  sanballı  kömək 
göstərmişdi.  Markiz  Lafaret  də  daxil  olmaqla  fransız  volontyorları  və  əsgərləri 
Amerikada  ingilislərə  qarşı  vuruşmuşdu.  Ancaq  gənc  dövlətə  qarşı  Avropanın 
intriqaları kəsilmək bilmirdi. Fransa və İngiltərə müharibə vəziyyətində olduğundan, 
onların hər ikisi istədikləri vaxt dənizdə Amerika ticarət gəmilərini tuturdu. 1797-ci 
ildə  Fransa  Birləşmiş  Ştatlara  bu  məsələdə  daha  çox  ziyan  vururdu.  Bu  vaxt 
prezident  Con  Adams  üç  şərəfli  adamdan  ibarət  nümayəndə  heyətini  Fransaya 
göndərdi  ki,  amerikan  ticarət  malları  barədə  ikitərəfli  müqavilə  bağlansın.  Həmin 
dövrdə Fransanı idarə edən və öz ölkəsində artıq rüşvətxorluqda ad çıxarmış inqilabı 
Direktoriya Birləşmiş Ştatlardan da rüşvət tələb etdi.  
Amerikanın səlahiyyətli nümayəndələri Parisə gəlib çatanda, üç Fransız rəsmi 
şəxsi onlardan 250 min dollar məbləğində rüşvət, Birləşmiş Ştatların isə Fransaya 10 
milyon dollar borc verməsini tələb etdi və bu şərt ödənməsə müharibə elan edilməsi 
hədə-qorxusu  gəlməyə  başladı.  Lakin  amerkanlar  belə  şantaja  boyun  əymədilər. 
Komissiyanın  üzvü  general  Çarlz  Pinkni  nəhayət  fransızlara  dedi:  "Yox,  yox,  bir 
qəpik  də"  və  danışıqları  amerikanlar  kəsdilər.  Pinkni  demişdi  ki,  "Müdafiə  üçün 
milyonlar xərcləyərik, bac üçün isə bir sent də vermərik". Beləliklə, Birləşmiş Ştatlar 
öz prinsipinə sadiq çıxaraq, dünənki müttəfiqini də yerində oturtdu.  

 

Yaxud,  1814-cü  ilin  avqustunda  Britaniya  ekspedisiya  korpusu  Çesapik 
buxtasında sahilə çıxıb Vaşinqtona yürüş etdi. Prezident Ceyms Medison Vaşinqtonu 
müdafiə  etmək  üçün  heç  bir  plan  hazırlamamışdı.  Özü  maliyyə  nazirindən  bir  cüt 
duel  tapançasını  borc  götürüb,  faytonda  vuruşmağa  yollandı.  Lakin  işlərin  necə 
getdiyini  görüb  əks  istiqamətə  tələsdi.  Onun  arvadı  Dollinin  Ağ  evdən  xilas  etdiyi 
şeylər arasında rəssam Cilbert Styuart tərəfindən çəkilmiş və çərçivəsindən çıxardığı 
Vaşiqtonun  portreti,  gümüş  boşqab,  bir  fayton  yükündə  rəsmi  sənədlər  və  öz 
tutuquşusu  var  idi.  Digər  bütün  şeylər,  onun  velvetdən  olan  xalatları  və  qızıl 
boyunbağısı da itmişdi.  
Düşmən  qoşunu  Ağ  evə  gələndə,  onlar  mətbəxdə  qırx  nəfər  üçün  bişirilmiş 
nahar xörəklərini tapdılar. Britaniya admiralı Corc Kokborn prezidentə məxsus olan 
şlyapanı oğurladı və "Cemmi sarayı"nın qalan hissəsinin yandırılmasına razılıq verdi. 
Əlli Britaniya dənizçisi pəncərələrdən binaya yanan qətran kürələrini atırdılar. Belə 
bir  dağıntı  Kapitolidə  də  baş  verdi,  onun  mərkəzi  günbəzi  o  vaxtlar  hələ 
tikilməmişdi. Qəzet redaksiyalarının binaları, bütün şəhər körpüləri və bir neçə ev bu 
taleyi  yaşadı.  Belə  deyirlər  ki,  Kapitolidə  qaraguruhun  ardınca  Nümayəndələr 
Palatasının  zalına  daxil  olub,  spiker  kürsüsünə  dırmaşan  Kokborn  belə  sualla 
müraciət  etdi:  "Yanki  demokratiyasının  bu  limanı  yanacaqdırmı?"  Yekdil  təsdiq 
nidaları səsləndi və burada da məşəllərdən istifadə olundu. 
Ağ evin içərisi bütünlüklə yanmışdı. Başlayan yağış onun divarlarını salamat 
saxlamışdı.  Gənc  dövlətin  paytaxtı  belə  təhqirlə  üzləşməli  olmuşdu.  İngilislərin  bu 
hərəkəti təkcə Amerikada deyil, ingilislərin bəzi dairələrində də qəzəb doğurmuşdu. 
Paytaxtın  vəhşicəsinə  dağıdılması  amerikanların  döyüş  əzmini  qırmadı.  Bundan 
sonra  onlar  ilk  qələbəni  Pittsburqda,  ikinci  qələbəni  isə  Baltimorda  qazandılar. 
Paytaxtın  taleyi  xalqa  ibrət  dərsi  vermişdi.  Birləşmiş  Ştatlar  şərəfli  sülh  bağlamağa 
nail  oldu.  Britaniyalılar  deyil,  amerikalılar  müharibədən  çox  şey  əldə  etdilər. 
Birləşmiş  Ştatlara  birinci  növ  dövlət  olmaq  yolu  açıldı,  müharibədən  sonra  ölkəyə 
immiqrasiya axını başladı.  
Digər  bir  hadisə  isə  1898-ci  ilin  yanvarında  baş  verdi.  Birləşmiş  Ştatların 
"Men"  hərb  gəmisi  Amerika  baş  konsulunun  məxfi  tələbi  ilə  Havana  limanına 
gəlmişdi. Prezident Mak-Kinlinin adminstrasiyası bu missiyanın "dostluq və ehtiram 
səfəri" olduğunu elan etmişdi. Lakin hamı bunun diplomatik yalan olduğunu bilirdi. 
"Men"  gəmisi  amerikan  vətəndaşlarını  himayə  etmək  və  amerikan  pullarını  və 
əmlakını xilas etmək üçün getmişdi. Çünki inqilab Havanaya da gəlib çata bilərdi. Nə 
ispan müstəmləkəçiləri, nə də Kuba qiyamçıları "Men"i görməkdən şad deyildi, lakin 
özlərini elə göstərirdilər ki, onlar buna sevinirlər. Amerikan zabitləri öküz döyüşünə 
tamaşa etmək üçün sahilə çıxdılar. Fevralın 15-i gecəsi "Men"də partlayış baş verdi. 
266  amerikan  zabiti  və  gəmi  komandasının  üzvü  həlak  oldu.  Bu  İspaniyaya  qarşı 
müharibəyə  başlamaq  üçün  səbəb  rolunu  oynadı.  Üç  il  davam  edən  bu  müharibə 
Birləşmiş Ştatların qələbəsi ilə başa çatdı. Filippin adaları da Amerikanın tabeliyinə 
keçdi.  Bundan  əvvəl  isə  İspaniya  Kubada  müharibəyə  son  qoymaq  üçün  sülh  xahiş 
etdi və atəşkəs bağlandı.  
Bu üç hadisə çox şey barədə təsəvvür yaradır. Birləşmiş Ştatlar heç bir təhqiri 
və zərbəni cavabsız qoymur. Ümumiyyətlə, bu ölkə olduqca maraqlı tarixə malikdir 
və  yəqin  oxucular  bu  həm  uzaq,  həm  də  yaxın  ölkəni  daha  dərindən  tanımaq 

 

həvəsindən  xali  deyillər.  Bunu  nəzərə  alaraq  Sizə  "  ABŞ:  beşikdən  zirvəyə  gedən 
yol"  adlı  yazını  təqdim  edirəm.  Güman  edirəm  ki,  Amerika  ilə  maraqlananlar  üçün 
bu müəyyən əhəmiyyət kəsb edə bilər.  
 «525-ci  qəzet»də  dərc  olunmuş,  baş  redaktor  Rəşad  Məcidə  məktubdan. 
Fürsətdən  istifadə  edib,  kitabı  bütünlüklə  qəzetdə  çap  edən  baş  redaktora  və 
kollektivin üzvlərinə minnətdarlığımı bildirmək istərdim.   
29.09.2001-ci il 
 
ABŞ: beşikdən zirvəyə gedən yol  
 
(Qitənin kəşfindən 1900-cu ilədək) 
 
Müqəddimə 
 
Amerika Birləşmiş  Ştatlarının tarixi əslində Yeni  Dünyanın, onun yaranması 
və  təşəkkül  tapması,  gənc  bir  dövlətin  meydana  gəlməsi  və  qüvvətlənməsi,  fövqəl 
dünya  dövlətinə  çevrilməsi  tarixidir.  Ana  bətnində  olan  uşaq  müəyyən  dövr 
keçdikdən sonra dünyaya gəlir. Burada təbiət qanunlarının hamısına uyğun olan bir 
pozulmaz prinsip mövcuddur. Cəmiyyətin formalaşmasında isə belə qanunauyğunluq 
yoxdur.  Dövlətlərin  yaranması  heç  də  xalqların  meydana  gəlməsi  ilə  bir  vaxta 
düşmür. Bəzən minilliklər keçməsi lazım gəlir ki, xalq özünə dövlət yaratsın və ya 
əvvəllər  tarixdə  mövcud  olmuş  öz  dövlətinin  tam  oxşarı  olmasa  da,  ona  bənzər  bir 
cəmiyyət  quruluşu  düzəltsin.  Roma  imperiyası  dağıldıqdan  sonra  yeni  birləşmiş 
İtaliya  krallığının  yaranmasınadək,  demək  olar  ki,  (476-cı  illə  1870-ci  il 
arasında)1400 il gözləmək lazım gəldi.. Almaniya krallığının formalaşdığı X əsrdən 
sonra  altı  əsr  ərzində  müxtəlif  formalarda  ömür  sürən  Almaniya  bir  mərkəzləşmiş 
dövlət  kimi  özünü  itirdi  və  bir  də  birləşmiş  dövlət  məhz  Almaniya  imperiyası 
şəklində  1871-ci  ildən  mövcud  olmağa  başladı.  İngiltərə  ətrafdakı  əraziləri  - 
Şotlandiyanı,  Uelsi  və  Şimali  İrlandiyanı  qılınc  gücünə  özünə  birləşdirib,  indi 
mövcud olduğu ərazilərə sahib oldu. İngiltərə İrlandiyanı hələ XII əsrdə zəbt etməyə 
başladı,  XIII  əsrdə  isə  Uels  tutuldu,  Şotlandiya  isə  Şotland  sülaləsi  olan  Styuartlar 
hakimiyyətə  gəldikdə  əvvəlcə  könüllü  şəkildə,  1651-1652-ci  illərdə  isə  -  Oliver 
Kromvel dövründə zorla bu ölkəyə birləşdirildi və bu özünün rəsmi təsdiqini yalnız 
1707-ci  ildə  tapmaqla,  dövlət  Böyük  Britaniya  adlanmağa  başladı.  İngiltərənin 
ərazilər  tutmaq  təcrübəsi  sonralar  yaranan  gənc  dövlətlər  üçün  də  faydalı  oldu  və 
gənc ABŞ dövləti də bir qədər qüvvətləndikdən sonra bu üsuldan istifadə etməkdən 
çəkinmədi.  
Amerika  Birləşmiş  Ştatları  dövləti  meydana  gələnə  qədər  ana  bətni 
timsalındakı, yeni məskunlaşan xalq yaşadığı ərazidə bir əsr yarımdan artıq müddətə 
inkişaf  etmə  fazasına  keçdi.  Onun  ruşeymini  təşkil  edən  İngiltərə  koloniyalarının 
yaranması  da  uzun  illər  ərzində  davam  etdi.  XV  əsrin  sonunda  kəşf  olunan  bu 
torpaqlar  əslində  XVII  əsrdə  və    XVIII  əsrin  əvvəllərində  Şimali  Amerikanın  şərq 
sahili boyu məskunlaşdırılmağa başlandı. Bütün bunlar görünməmiş əzab-əziyyətlər, 
məşəqqətlər hesabına başa gəlirdi. Yaşamaq üçün ilk dəfə bu torpağa qədəm qoyan 
insanlar  ağıllarına  belə  gətirə  bilməzdilər  ki,  onlar  gələcəyin  böyük  bir  xalqının  və 

 

dövlətinin  bünövrəsini  yaradırlar.  Birləşmiş  Ştatlar  burada  yurd-yuva  salmış  ingilis 
koloniyalarından böyümüşdür. Bu adamlar ağlasığmaz çətinliklərlə üzləşdikdə belə, 
böyük bir tarixi yaratdıqlarını güman edə bilməzdilər. Xoşbəxtlikdən sonrakı nəsillər 
də uğurlu hərəkət edib, körpə, lakin yaşamağa qadir olan dövlət qurdular, böyük və 
əzablı sınaqlardan keçərək, onun misilsiz inkişafına nail oldular.  

 

Yeni Dünyanın kəşfi 
 
Özünün  gözləmədiyi  halda  belə,  insanın  fədakarlığı  təkcə  qəhrəmanlıq 
nümunəsi yaratmır, həm də bəşəriyyətə, dünyaya yeni yol açır, yeni bir sivilizasiya 
yaradır.  Bu  yolun  ilk  yolçuları  isə  ölməzlik  hüququ  qazanıb  tarixin  səhifələrini 
bəzəyir. Söhbət Amerikanın, bəşəriyyətin böyük bir hissəsinə məlum olmayan Yeni 
Dünyanın tarixindən getdiyinə görə bu fatehlər, həmin torpaqları ilk məskunlaşdıran 
dəstələr barədə bir qədər geniş danışmaq ehtiyacı yaranır.  
Hələ  Amerikanı  kəşf  edən  Kolumbun  dövründən  çox-çox  əvvəl  alimlər 
arasında  Yerin  kürə  şəklində  olması  barədə  bir  umumi  inam  var  idi.  Bu  mülahizə 
İisus  Xristdən  altı  əsr  əvvəl  Pifaqor  tərəfindən  söylənmişdi.  Qədimdə  Platon  və 
Aristotel, həmçinin onlardan sonrakı dahilər də bu fikri təkrar etmişlər. M.ə. IV əsrdə 
Aristotel  bəyan  edirdi  ki,  Herkules  sütunun  (Gibraltar  boğazının  qədim  adıdır) 
qonşuluğundakı regionla əlaqə saxlayanlar, - guya bu Hindistana tərəf idi və yol bir 
dənizdən  keçirdi,  -  vardır.  "Əgər  Atlantik  okeanı  o  qədər  böyük  olmasaydı,  adam 
asanlıqla İberiyadan (indiki İspaniya) Hindistana gəlib çıxardı". Sanki peyğəmbərlik 
edərək  o  deyirdi  ki,  sonrakı  illər  bu  nəticəyə  gələcəkdir  ki,  okean  təbiətin  yeni 
töhfələrini  itirməyəcəkdir,  böyük  okean  uzaqlara  uzanacaq  və  yeni  dünyaları 
meydana çıxaracaqdır. Antipod dünyası barədə də qədimdə cəsarətli bir fikir var idi. 
Bu ideyaya görə yer üzünün əks tərəfində olan, Oykumenadan kənarda olan adamlar 
başlarının üstündə yeriyirdilər. Bu məsələ müdrikləri çox məşğul edirdi. Nyuton hələ 
qravitasiya - Yerin cazibə qüvvəsi haqqında qanunu kəşf etməmişdən, Kopernik yer 
üzünün  kosmosda  asılı  vəziyyətdəki  kürə  olmasını  hələ  söyləməmişdən,  bu  fikir 
alimləri düşündürürdü.  
İnsanlar  təxəyyüldən,  hipotezalardan  real  təcrübəyə  keçməyə  başladılar  və 
yeni  ərazilər  kəşf  olunmağa  başlandı.  XV  əsrin  sonunda  avropalılara  bu  vaxtadək 
məlum olmayan torpaqların mövcudluğu meydana çıxdı və əvvəlcə bu ərazilər iki əsr 
əvvəl  haqqında  məlumat  yayılmış  Uzaq  Şərqi  tapmaq  həvəsi  böyük  olduğundan, 
səhvən həmin torpaqlar kimi qəbul edildi.  
Yeni coğrafi məkanların kəşf edilməsində dənizçilər böyük rol oynadığından 
liman şəhərləri arasında böyük rəqabət gedirdi. Ağıllarda da böyük dəyişikliklər baş 
verirdi.  Avropanı  bürüyən  İntibah  özünün  şəfaverici  təsirini  həyatın  bütün 
sahələrində  göstərirdi.  Avropanı  bu  dövrdə  düşündürən  məsələlər  içərisində 
Hindistana və Böyük Şərqə yeni yol tapmaq arzusu xüsusi yer tuturdu. 1453-cü ildə 
Konstantinopolun  türklər  tərəfindən  tutulması  ilə  Bizansın  taleyində  baş  verən 
bədbəxt  hadisələr,  Avropanın  ərəblərin  vasitəsilə  Hindistanla  apardığı  ticarətin 
yolunu kəsmişdi. Bu region Avropa üçün xüsusi əhəmiyyətə malik idi. Çünki həmin 
regionun  sahillərini  yuyan  Aralıq  dənizi  qədim  Avropanın  daim  ürəyi  və  mərkəzi 
hesab  olunurdu.  Bu  ərazidə  yeni,  münasibətindən  təhlükə  gözlənilən  dövlətin 
meydana gəlməsi isə Avropaya müəyyən problemlər yaratmaya bilməzdi.  
X  əsrin  sonuna  yaxın  nomadik,  köçəri  xalq  olan  Səlcuq  türkləri  Mərkəzi 
Asiya  xalqı  kimi  islam  dinini  qəbul  etdi  və  yeni  dinə  ürəkdən  bağlılıq  həmin  xalqı 
işğallara ruhlandırdı və onlar Bizans İmperiyasının ərazisinə qədər gəlib çıxdılar. XI 
əsrin  əvvəllərində  onlar  Kiçik  Asiyaya  yayıldılar.  Buradakı  mövcud  qaydaları 
dağıdıb,  öz  həyat  tərzlərini  bərqərar  etdilər.  Səlcuq  dövləti  süqut  etdikdən  sonra, 

 

1299-cu  ildə  bura  Orta  Asiyadan  gəlmiş  türklər  isə  özlərinin  Osmanlı  dövlətini 
yaratdılar.  Onların  hücumları  Bizans  İmperiyasının  ərazisini  şaqren  dərisi  kimi 
qısaldırdı  və  nəhayət  1453-cü  ildə  türklər  Konstontinopolu  işğal  etməklə  Bizans 
dövlətinin  mövcudluğuna  birdəfəlik  son  qoydular.  Aralıq  dənizinin  şərq  sahilində 
düşmənçilik  mövqeyində  olan  Osmanlı  dövləti  qurulduqdan  sonra  Avropa  özünün 
adət etdiyi həyat xəttindən ayrıldı və onun Şərqlə bütün əlaqəsi kəsildi. Əsrlər boyu 
davam edən və Hindistanla ərəblərin vasitəçiliyi ilə aparılan ticarət əlaqəsi Bizansın 
türk  işğalından  sonra  bütünlüklə  kəsilmişdi.  Həm  də  Avropa  xalqları  üçün  müxtəlif 
həyat  tərzləri,  yeni  siyasət  obyektləri,  özünü  təsdiq  üçün  isə  digər  məqsədlər  lazım 
idi.  Bu  məqsədlər  üçün  Avropa  özünü  sınamağa  hazır  idi.  Onun  ən  birinci  qayğısı 
yenidən  öz  yolunu  tapmaq  istəyi  olsa  da,  Hindistanla  itirilmiş  ticarət  onu  ciddi 
narahat edirdi. Ona görə də yeni dəniz yolları axtarılırdı.  
Portuqaliya  dənizçiləri  Afrikanın  cənub  burnunu  hərlənib  oradan  keçən  yolu 
axtarıb  tapdılar.  Xristofor  Kolumb  isə  Atlantik  okeanı  birbaşa  keçməyi  qərara  aldı. 
Bu  vaxt  bu  okean  "Qaranlıqlar  dənizi"  kimi  sehrli  görünürdü  və  tarix  boyu  öz 
sirrlərini qoruyub saxlamışdı. O, güman edirdi ki, birbaşa Asiya sahillərinə, tatarların 
səltənətinə,  -  monqol  imperiyaları  bu  ad  altında  məşhur  idi,  -  çıxacaqdır.  Belə 
təxəyyüllərə  dalanlar  hər  şeyə  inanmaq  istəyirdi.  Onlar  artıq  Çində,  burada 
monqolların  sarayında  olmuş  XIII  əsr  italyan  səyyahı  Marko  Poloya  da  inanırdılar. 
Öz  atası  və  əmisi  ilə  Polo  Asiyanın  uzaq  dövlətlərinə  səyahət  edərək,  XIII  əsrin 
sonunda özünün "Kitab"ı ilə Mərkəzi, Şərqi və Cənubi Asiyanın ölkələri haqqında ilk 
dəfə olaraq avropalıları ətraflı məlumatlandırmışdı.  
Kitab Tibeti və Birmanı, Hindistanı, Siam və Çini təsvir edirdi. Onun səyahət 
etdiyi  həmin  əsrin  ikinci  yarısında  o,  təkcə  Çində  17  il  yaşamış  və  sarayda  vəzifə 
tutmuşdu. Bu dövrdə monqol imperiyası Xubilay xanın başçılığı altında Avropadan 
Çin dənizinə qədər uzanırdı, indiki Pekin şəhəri onun paytaxtı idi, o vaxtlar Xanbalıq 
adlanırdı. Səyyah iyirmi ilə yaxın müddətdə öz gözləri ilə bu dövlətin böyüklüyünü 
görmüşdü.  Burada  varlı  əyalətlər,  gur  əhalisi  olan  qədim  şəhərlər,  dəbdəbəli  var-
dövlət  və  misilsiz  qüvvə  var  idi.  Polo  bu  hökmdarların  bəzisini  yaxşı  tanıyırdı,  axı 
Böyük  xan  onu  özünün  yaxın  məsləhətçisi  təyin  etmişdi.  Bu  ölkənin  sahillərini 
mühüm  dövlət  tapşırıqlarını  yerinə  yetirmək  məqsədilə  dolanmışdı.  Lakin  vətənə 
qayıtdıqdan sonra adamlar onun sözünə inanmırdılar. Heç kəs nəhayətsiz və füsunkar 
torpaqlar  haqqında  bu  Venetsiyalı  macəraçının  söylədiklərini  ciddi  qəbul  etmirdi. 
Axı heç kəs bu torpaqları görməmişdi və hətta onların adını belə  eşitməmişdi.  Heç 
kəs  danışıqlardan  nəyin  həqiqət,  nəyin  yalan  olduğunu  müəyyən  edə  bilmirdi.  Axı 
söhbət  Asiyanın  qurtaracağından  gedirdi,  bu  torpaqları  isə  Avropadan  iri  dənizlər 
ayırırdı. Lakin artıq kitaba köçmüş bu əhvalatlar yaşayırdı və hər şeyə ümidlə baxan 
dövr gəlib çatdıqda, adamlar artıq inanmağa başladılar ki, mümkün olmayan heç bir 
şey yoxdur.  
Bunlardan, 
həmçinin  digər  xəritələrdən  və  başqa  səyahətçilərin 
söylədiklərindən  qidalanan  Kolumb  tamamilə  əmin  oldu  ki,  okeanın  o  tərəfində 
tapmaq  istədiyi  torpaq  məhz  Marko  Polonun  təsvir  etdiyi  Kateyin  (Çini  belə 
adlandırırdılar) özüdür.  
Kolumbun  uğurlu  səfəri  Atlantik  okeanın  sehrlilik  məsələsini  də  birdəfəlik 
həll  etdi.  Lakin  avropalılar  da  onun  tapdığı  torpaqların  yeni,  naməlum  ərazilər 

 

olduğunu  bilmirdi.  Heç  kəs  ağlına  belə  gətirə  bilməzdi  ki,  Kolumbun  dənizçiləri 
Yeni Dünyanın sahillərində olmuşlar. Heç kəs inanmırdı ki, yer kürəsi belə böyük ola 
bilər və xristian dünyasına bəlli olmayan bütöv qitə mövcuddur.  
Beləliklə,  12  oktyabr  1492-ci  ildə  dünya  tarixinin  ən  görkəmli  hadisəsi  baş 
verdi,  gecə  yarısından  sonra  üç  kiçik  -  "Santa  Mariya",  "Nina"  və  "Pinta"  adlı 
gəmilərdəki  adamlar  yeni  torpaqları  kəşf  etdilər.  Bu  kiçik  donanmanın  başçısı 
Xristofor  Kolumb  bütünlüklə  əmin  idi  ki,  o,  İndiyalara  qısa  müddət  çəkən  səfər 
etmişdir  və  qarşısında  olan  bu  torpaqlar  yəqin  ki,  Asiyanın  ən  şərq  sahilində  olan 
Yapon  adalarından  biridir.  Kolumbun  ilk  kəşf  etdiyi  bu  torpaq  əslində  Bahama 
adalarından biri idi və o, bu adanı San Salvador adlandırdı. Yəqin ki, o, sonra Kateyi 
tapmalı idi.  
İspaniyalılar  tuzemlərdən  tələsik  qızılın  yerini  soruşduqda,  onlar  cənub 
istiqamətini  göstərdi.  Həmçinin  dənizçilərə  Kuba  adlanan  varlı  və  çox  əhalisi  olan 
ada barədə danışdılar. Kolumb güman edirdi ki, bu, Sippanqo (Yaponiya) olmalıdır. 
O, həmçinin Kuba sahilini kəşf etdi. Bir neçə həftə sonra Haiti adası kəşf edildi, bu 
adanı  o,  İspaniola  (İspan  torpağı)  adlandırdı.  "Santa  Mariya"  gəmisinin  heyətindən 
40 adam La Navidadda qalmaq istədi. Onlar özlərinə ev düzəltdilər, digər adamlar isə 
4 yanvarda (1493-cü il) gəmiyə oturdular və özləri ilə 10 hindu götürdülər. Onlardan 
biri  yolda  öldü,  üçü  xəstələndi,  altısı  isə  İspaniya  kralı  Ferdinand  və  kraliça 
İzabellaya nümayiş etdirildi.  
İspaniyadan  çıxdıqları  vaxtdan  düz  yeddi  ay  sonra,  1493-cü  il  martın  15-də 
yalnız bir neçə saat fərqlə "Nina" və "Pinta" gəmiləri İspaniyadakı Palosa gəlib çıxdı. 
Sonrakı səfərlərində Kolumbun kəşf etdiyi torpaqların siyahısı böyüdü.  
Bir az sonra Roma Papası VI Aleksandr "Demarkasiya xətti" adlanan məşhur 
bullasını  dərc  etdirdi.  Bu  bullaya  görə,  Braziliyanın  şərq  hissəsi  istisna  olmaqla 
Bütün Yeni Dünya İspaniyaya verildi. Bu xəttdən şərqdə olanların hamısı isə (Azor 
adaları, Keyp Verde adaları) Portuqaliyaya verildi. Qeyd edildiyi kimi, bütün qərb isə 
İspaniyaya qaldı.  
Kolumb  25  sentyabr  1493-cü  ildə  Kadisdən  yeni  səfərə  çıxdı  və  Dominika 
adasında  sahilə  çıxdı.  O,  sonra  La  Navidad  adasına  tələsdi,  axı  burada  koloniya 
qoyub  getmişdi.  Qırx  adamın  hamısı  həlak  olmuşdu.  Ağ  sümüklər  bu  kədərli 
əhvalatdan  xəbər  verirdi.  Qərb  dünyasında  ilk  salınan  koloniya  tuzemlər  tərəfindən 
dağıdılmışdı  və  bu  ağ  insanlarla  qırmızı  dərililər  arasındakı  ölümcül  mübarizənin 
başlanmasının  əlaməti  oldu.  San  Dominqoda  koloniya  yaratdıqdan,  üç  il  ərzində 
Porto  Rikoda,  Yamaykada  və  digər  adalarda  qaldıqdan  sonra  Kolumb  1496-cı  ildə 
İspaniyaya döndü və iki il sonra isə o, üçüncü dəfə səfər etdi. Trinidad və Orinoko 
çayının mənsəbində Cənubi Amerikanı kəşf etdi. Yenə də o, inanmaqda davam edirdi 
ki,  Asiya  sularındadır  və  bu  çayı  Bibliyada  xatırlanan  Edem  bağından  axan  böyük 
çaylardan  biri  hesab  edirdi.  O,  uğur  və  populyarlığın  dadının  nə  olduğunu  bildiyi 
kimi, bədbəxtliyin də acısını dadmışdı. Ömrünün sonu çatan illərdə elə bil ki, həm də 
qısqanclıq, paxıllıq və nifrətə tuş gəlməyi yaşamalı idi. Üçüncü səfərdə onunla Qərbi 
İndiyalara səlahiyyətli şəxs kimi göndərilən Babadilla adlı bir nəfər, Kolumba  olan 
ittihamları  ədalətlə  yoxlamaq  əvəzinə,  onu  mühakimə  olunmadan,  qandalda 
İspaniyaya  göndərdi.  Kraliça  İzabella  ona  himayə  göstərdiyinə  görə  qandalını 
açdırdı.  1504-cü  ildə  ona  digər  bir  bədbəxtlik  də  üz  verdi.  Daim  ona  kömək  əlini 

 

uzadan kraliça İzabella öldü. Bundan bir az əvvəl o, Yeni Dünyaya dördüncü səfərini 
etmiş  və  Honduras  sahilini  kəşf  etmişdi.  Bu  səfərdən  1504-cü  ildə  qayıdanda  o, 
düşmənlərinin  daha  da  gücləndiyini  gördü.  20  may  1506-cı  ildə  Valyodoliddə 
Kolumbun həyatı sona çatdı və onun cəsədi orada da dəfn edildi.  
Kolumb  bütün  cazibədar  xüsusiyyətlərilə  yanaşı  insanpərvər  idi.  Lakin 
nöqsansız  da  deyildi.  O,  qan  axıtmağa  əl  atmırdı.  Lakin  hindu  qəbilə  başçılarına 
özünü  dost  kimi  göstərməklə,  yüzlərlə  tuzemi  oğurlatdırıb  İspaniyaya  qul  bazarına 
göndərmişdi.  O,  iri  miqyaslı  qul  ticarətini  müdafiə  edirdi  və  hindularla  xəyanətkar 
metodlar  əsasında  davranmağı  tətbiq  edirdi.  Təəssüf  ki,  bu  nəciblikdən  uzaq  olan 
qayda ispanlar tərəfindən yüz illər ərzində davam etdirildi.  
Kolumb  iki  dünyanı  birləşdirdi,  onun  şöhrəti  əsrlər  boyu  yaşadı,  Uinsorun 
yazdığı kimi "Onun kəşfi səhv idi, onun səhvi Yeni Dünya idi və Yeni Dünya onun 
abidəsidir".  
Amerika  materikini  isə  ilk  dəfə  Kolumb  deyil,  Con  (Covanni)  Kabot  kəşf 
etmişdi. O da Kolumb kimi italyan idi, onun həmyerlisi olmaqla Genuya şəhərindən 
idi.  Sonra  Venetsiya  vətəndaşı  olmuş,  1490-cı  ilə  yaxın  bir  dövrdə  İngiltərəyə, 
Bristola gəlmişdi. Dənizçi və tacir kimi vikinqlərdən sonra o, Şimali Amerikaya səfər 
etmiş ilk ağ adam kimi tanınır. 2 may 1497-ci ildə "Matfey" adlı yeganə gəmidə o, 18 
nəfərdən ibarət komanda heyəti ilə, buraya onun üç oğlu - Luis, Sebastyan, və Sankto 
da  daxil  idi,  -  səfərə  çıxdı.  24  iyunda  onlar  Breton  adası  burnunda  sahilə  çıxdılar. 
Güman ki, bura Nyufaundlend və ya Labrador idi. 1498-ci ildə o, ikinci səfərini etdi 
və Şimali Amerikanın sahilində Hatteris burnundan cənubda olan yerə gəldi. Buranı 
bəziləri  sonralar  Florida  deyə  adlandıracaqlar.  Payızda  onlar  İngiltərəyə  döndülər. 
Kabot  da  Kolumb  kimi  əmin  idi  ki,  Sipanqo  və  Kateyə  gəlib  çıxmışdır.  Kabot  öz 
səyyah sələfindən altı il əvvəl, 1500-ci ildə öldü.  
Sebastyan  Kabot  nankorluq  və  atasının  xatirəsinə  hörmətsizlik  edərək,  xeyli 
sonra  bu  səfərləri  məhz  özünün  etdiyini  bildirdi.  O,  deyirdi  ki,  atası  onun  birinci 
səyahətindən  əvvəl  ölmüşdür  və  hər  iki  səfərə  onun  özü  komandanlıq  etmişdir.  Bu 
məlumata əsrlər boyu inandılar.  
Kabotun kəşfləri İngiltərədə iftixar hissi yaratdı, lakin bu uzun müddət davam 
etmədi. Səyahətçilər qızıl gətirmədiklərindən, bu mövzuya maraq tezliklə yoxa çıxdı. 
Lakin  bir  çox  illərdən  sonra  dünya  yeni  qitənin  kəşf  edildiyini  bildi.  İngilətərə  isə, 
torpaqlarını Kabotun kəşf etdiyi bütün Şimali Amerikaya öz iddiasını irəli sürdü. 
Ameriqo (və ya Ameriko) Vespuççi Florensiya vətəndaşı olmaqla, Sevilyada 
yaşayırdı. O, güman ki, 1501-ci ildə Braziliya sahillərini öyrənmişdi. Kolumb yalnız 
adaları və güman ki, İndiyalara yeni marşrutu kəşf etmişdi. Vespuççi "Yeni Dünya" 
haqqında kiçik, qısa məlumat yazdı. O, bu torpaqları belə adlandırırdı və Kolumbun 
on  il  əvvəl  etdiyindən  daha  böyük  sensasiya  yaratdı.  Onun  məqaləsi  çox  dillərə 
tərcümə olundu, özü isə bütün Avropada həmin dövrün ən böyük dənizçilərindən biri 
kimi  şöhrət  qazandı.  O,  vətəninə  cənubi-qərbdəki  yeni-yeni  sahillərin  xəritəsini 
gətirdi. Atlantik okeandan çox uzağa gedərək buraya girmişdi. O, bu qənaətə gəldi ki, 
bura Yeni Dünyadan başqa bir şey deyildir.  
1507-ci  ildə  professor  Valdzeemüller  Lotaringiyadakı  Vozgez  dağları 
arasında  yerləşən  kiçik  bir  kollecin  professoru  idi.  O,  coğrafiyaya  aid  məqalə  dərc 
etdirdi  və  ilk  dəfə  bu  məqalədə  Amerika  adını  təklif  etdi.  O,  yazırdı:  "Mən  heç  bir 

 
10 
səbəb  görmürəm  ki,  niyə  dünyanın  dörddə  bir  hissəsi  fərasətli  kəşfinə  görə  onun 
adını daşımasın" və "Ameriqe" və ya "Amerika" adı bu yolla yarandı və bütün yeni 
xəritələrdə, qlobuslarda bu ad altında qərb yarımkürəsi meydana gəldi.  
"İndiya"lar  Kolumb  tərəfindən  kəşf  edilmişdi.  Bu  ərazilər  Qərbi  İndiyalar 
adını  aldı.  Bu  ad  altındakı  ərazi  Mərkəzi  Amerikadan  şərqdə  yerləşən  adalarla 
məhdudlaşır.  
Amerikanın  şərq  sahili  bu  səyyahlardan  çox-çox  əvvəl,  hələ  1000-ci  illərdə 
Leif  Eriksonun  (Qrenlandiyada  koloniya  salan  Kürən  Erikin  oğlu)  başçılıq  etdiyi 
vikinqlər tərəfindən kəşf edilmişdi.  
İflas olmuş və qiyamçılara liderlik edən ispan Vasko Nunyes de Balboa 1513-
cü ildə Panama boynundan keçəndə hindu başçısının məlumat verdiyi kimi, oradakı 
dağların  arxasında  böyük  dəniz  olduğunu  tapdı.  Bu  torpaqlar  qızılla  dolu  olan 
ərazilərlə sərhəddə idi. Balboa dağa çıxdı və cənuba tərəf gözlərini dikib nəhayətsiz 
uzanan dənizi gördü. O, bunu Cənub Dənizi adlandırdı. Bu, əslində dünyadakı ən iri 
su hövzəsi idi və gələcəkdə Magellan tərəfindən Sakit okean adlanacaqdı.  
Cəsarətli  Portuqaliya  dənizçisi  Ferdinand  Magellan  1519-cu  ildə  beş  kiçik 
gəmidə  250-yə  yaxın  adamla  İspaniyanın  qərb  tərəfindən  səyahətə  çıxdı  və  üç  il 
sonra  onlardan  yalnız  15  adam  bir  gəmi  ilə  Şərqdən  qayıdıb  səfərə  çıxdıqları 
məntəqəyə  gəlib  çatdı.  Qalanların  hamısı,  onların  arasında  Filippin  adalarında 
tuzemlər tərəfindən öldürülən cəsur komandor Magellan da olmaqla, həlak olmuşdu. 
Bu dünya ətrafına ilk səyahət idi.  
Hələ  1487-ci  ildə  Bartalomeo  Dias  Portuqaliyanın  Afrika  əraziləri  boyu 
sahillə cənuba üzüb Xoş Ümid burnunu kəşf etmişdi. Ondan on il sonra, 1497-ci ildə 
Vasko da Qama bu burundan keçərək Afrikanın dövrəsinə səyahət edib Hind okeanı 
ilə Şərqi İndiyaya gəlib çıxdı. Bir neçə il sonra ədviyyat və fil sümüyü ilə yüklənmiş 
gəmi  ilə  qayıtdı  və  beləliklə,  ilk  dəfə  olaraq  Kolumbun  bilavasitə  tapmaq  istədiyi 
həmin ölkəyə yolu açdı. Vasko da Qama Hindistan torpağına ilk qədəm basan Marko 
Polodan  sonra  ikinci  avropalı  idi.  Kaspar  de  Korteral  1500-cü  ildə  indiki  Birləşmiş 
Ştatların  şərq  sahilini  öyrəndi.  Kabral  da  həmçinin  Vasko  da  Qamanın  yolu  ilə 
Hindistana  getmək  üçün  Afrika  sahillərindəki  tam  sakit  havadan  qaçmaq  üçün,  bu 
vaxt külək olmadığından yelkənli gəmilər üzə bilməyib, çox gözləməli olurdu, qərb 
tərəfə  istiqamət  götürdü  və  Braziliya  sahilinə  gəlib  çatdı.  Təsadüfi  olmasına 
baxmayaraq,  bu  həqiqətən  də  Amerikanın  kəşfi  idi:  da  Qama,  Korteral  və  Kabralın 
hər üçü portuqaliyalı idi.  
Bu  kəşfdən  sonra  Mərkəzi  və  Cənubi  Amerikanın  işğalı  başlandı.  Kortes 
Meksikanı  altı  yüz  ispanla  1519-1521-ci  illərdə  işğal  etdi.  12  il  sonra  isə,  1533-cü 
ildə  Pisarro  Perunu zəbt  etdi.  Onun  vur-tut  180  adamı  var  idi  və  buraya  hinduların 
heç vaxt görmədiyi atları gətirmişdi.  


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə