Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
tarix30.12.2021
ölçüsü1,93 Mb.
#19195


 
1
www.kitabxana.net
 
 
Milli Virtual Kitabxananın təqdimatında 
 
 
 
 
 
Erix Mariya Remark 
 
(Avstriya) 
 
 
 
“Zəfər Tağı” 
 
(roman) 
 
 
E-nəşr N 15 
 
 
YYSQ-nin rəqəmsal elektron kitabı 
 
 
 
 
 
Alman dilindən tərcümə edəni: 
 
Vilayət Hacıyev 
 
 
 


 
2

 
Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə 
səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq 
sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın. İfadəsiz üzündə qəribə bir 
məchulluq var idi. Adama elə gəlirdi ki, orada heç bir həyat əlaməti yoxdur və 
gözlərindəki ümidsiz parıltı Raviki istər-istəməz dayanmağa məcbur etdi. 
Qadın elə yaxından keçirdi ki, az qalırdı, ona toxunsun. Əlini uzadıb qadının 
qolundan yapışdı. Qadın səndələdi, Ravik tutmamış olsaydı, yıxılardı. Qolundan 
möhkəm yapışmışdı... 
– Hara belə? 
Qadın gözlərini döydü, pıçıldadı: 
– Buraxın. 
Ravik dinmədi. Hələ də onun buraxmamışdı. 
– Buraxın deyirəm! Bu nə deməkdir? – dodaqları güclə tərpənirdi. 
Ravikə elə gəldi ki, qadın onu heç görmür. Gözlərini ona dikərək, harayasa 
uzaqlara baxır. Sanki, nəsə ayaqlarını qandallamışdı, etirazı da elə buna idi: 
– Buraxın deyirəm məni! 
Ravik gördü ki, o, küçə qadını deyil. Heç sərxoşa da oxşamır. Əli boşaldı. Qadın 
istəsəydi, asanca əlindən çıxardı. Ancaq o, bunu hiss eləmədi. Ravik bir az da 
gözlədi. 
– Doğrudan, gecənin bu vaxtında, özü də Parisdə hara gedirsiniz? – deyib qadının 
qolunu tamam buraxdı.  
Qadın susurdu. Tərpənmək isətmirdi. Elə bil, onu bir dəfə dayandırdıqları üçün 
yeriyə bilmirdi. Ravik körpünün sürahisinə söykəndi. Göz-göz olmuş nəm daşlar 
əllərini üşütdü. 
– Bəlkə, ora? – Başı ilə aşağını, tutqun parıltılı Sena çayının «de Alma» 
körpüsünün kölgəsinə çırpıldığı yeri göstərdi. Qadın cavab vermədi. 
Ravik dedi: 
– Hələ çox tezdir, çox tezdir. Özü də noyabrın bu soyuğunda... 
O, bir qutu siqaret çıxarıb, ciblərində kibrit axtardı. Tapanda gördü ki, qutuda ikicə 
dənəsi qalıb və onu çay tərəfdən əsən küləkdən qorumaq üçün aşağı əyildi. 
– Birini də mənə verin, – qadın güclə eşidiləcək səslə dilləndi. 
Ravik dikəlib, qutunu ona göstərdi: 
– Əlcəzairdir, – dedi, – qara tənbəkidir. Sizin üçün çox sərt olar. Başqası 
yoxumdur. 
Qadın başını bulayaraq siqaret götürdü. Ravik hələ də yanan kibriti ona tərəf tutdu.  
O, tez-tez, özü də dərin qullabla çəkirdi. Ravik kibrit çöpünü suya atdı. Çöp 
qaranlıqda axan ulduz kimi parıldadı və yalnız suya çatanda söndü.  
Körpünün üstü ilə bir taksi asta-asta gəlirdi. Sürücü maşını saxlayıb, onlara baxdı, 
bir az gözlədi. Sonra qaz verib, qaranlıqda parıldayan yaş V Georq prospekti ilə 
sürətlə üzüyuxarı qalxdı.  
Ravik birdən hiss etdi ki, yaman yorulub. Bütün günü işləyib əldən düşmüş, 
axşamsa gözünə yuxu getməmişdi. Buna görə də çıxmışdı ki, bir az boğazını 
yaşlasın. İndi birdən-birə ona elə gəldi ki, nəmişlik yağan bu gecədən başına 


 
3
yorğunluq ələnir. Qadına baxdı. Onu niyə saxladı axı? Məlum şeydir ki, ona nəsə 
olub. Ancaq bunun Ravikə nə dəxli? Başına iş gələn azmı qadın görmüşdü? 
Xüsusilə gecələr, özü də Parisdə... İndi isə onun üçün fərqi yox idi, bir-iki saat 
yatmaq istəyirdi. 
– Gedin evə! Gecənin bu vaxtı Parisin küçələrində nə axtarırsınız? Onsuz da yaxşı 
heç nə tapmayacaqsınız. 
Ravik paltosunun yaxalığını qaldırıb, getmək istədi. Qadın elə baxdı ki, elə bil, onu 
başa düşməmişdi: 
– Evə? – deyə təkrar etdi. 
Ravik çiyinlərini çəkdi: 
– Evə, qaldığınız yerə, mehmanxanaya, nə bilim hara... Hara oldu. Yoxsa polisə 
düşmək istəyirsiniz? 
– Mehmanxanaya? Pərvərdigara... 
Ravik dayandı. «Yenə hara gedəcəyini bilməyən bir adam», – deyə fikirləşdi. Bunu 
əvvəlcədən götür-qoy etmək lazım idi. Eyni şeylər idi, təkrar olunurdu. Axşam 
olanda hara gedəcəklərini bilmirlər, ancaq səhər açılanda nə vaxt durub 
getdiklərindən xəbərin olmur. Sonra hara gedəcəklərini bilirlər. Çoxdankı ötəri 
qaranlıq qorxusu idi, onunla gəlib, onunla da gedirdi. Siqareti atdı. Özü belə 
günlərə azmı düşmüşdü?! 
– Gedək, bir yer tapıb araq içək, – bunu Ravik dedi. Ən asan yolu bu idi. Pulu 
verən kimi çıxıb gedər, o da başına bir çarə qılardı. Qadın qəribə bir hərəkətlə 
səndələdi, Ravik onun qolundan yapışdı. 
– Yorulmusunuz? – deyə soruşdu. 
– Bilmirəm. Deyəsən... 
– O qədər yorulmusunuz ki, yata da bilmirsiniz? 
Qadın başını tərpətdi. 
– Belə şeylər olur. Gedək, mən tutmuşam. 
Onlar Marse prospekti ilə üzüyuxarı qalxdılar. Ravik görürdü ki, qadın ona sığınır. 
Elə sığınırdı ki, deyərdin,yıxılacaq, ondan tutub durur. I Pyer de Serp prospektini 
keçdilər. Şalo küçəsinin tinindən ayrı bir küçə uzanıb gedirdi və uzaqda, tutqun, 
yağışlı səmada «Zəfər tağı»nın kölgəsi görünürdü... 
Ravik balaca zirzəmiyə açılan ensiz qapını göstərdi: 
– Bura girək. Hər halda, bir şey tapılar. 
Bura, adətən, sürücülərin yığışdıqları meyxana idi. İçəridə iki-üç taksi sürücüsü və 
bir neçə fahişə oturmuşdu. Sürücülər kart oynayır, fahişələr isə «Absent» içirdilər. 
Onlar qadına ani nəzər salıb, laqeydliklə baxışlarını çəkdilər. Bir az yaşlı görünəni 
əsnədi, o biri isə tənbəl-tənbəl dodaqlarına boya çəkdi. Zalın o biri başında, üzdən 
tələyə düşmüş siçovula oxşayan cavan xidmətçi daş döşəməyə neftli kəpək səpib 
silməyə başladı. Onlar qapının ağzındakı boş stol arxasında oturdular. Bura yaxşı 
idi, qurtaran kimi çıxıb gedərdi. O heç paltosunu da çıxarmadı. 
– Nə içəcəksiniz? – deyə soruşdu. 
– Bilmirəm... Nə olur, olsun... 
– İki qədəh kalvados, – Ravik xidmətçiyə tərəf döndü. Onun əynində jilet var idi, 
köynəyinin qolunu da çırmalamışdı. – Bir qutu da «Çesterfled» siqareti.  
– Yoxumuzdur. Təkcə fransız siqaretləri var. 


 
4
– Yaxşı, onda bir qutu yaşıl «Loran» gətirin. 
– Yaşılı yoxdur. Göydür... 
Ravik xidmətçinin çılpaq qadın şəkli döyülmüş qoluna baxdı. Qadın lay-lay 
buludların üstü ilə harasa gedirdi. Xidmətçi onun baxışlarını o dəqiqə tutdu, 
yumruqlarını düyünlədi, əzələləri gəriləndə qadının qarnı qalxdı. 
– Elə isə, göyünü gətirin. 
Xidmətçi irişdi: 
– Baxaram, bəlkə, yaşıldan qalmış oldu, – deyərək ayaqlarını sürüyə-sürüyə 
uzaqlaşdı. Ravik onun arxasınca baxdı. – Ayağında qırmızı başmaq, qolunda 
rəqqasə... Deyəsən, türk donanmasında qulluq eləyib. 
Qadın əllərini stolun üstünə qoydu. Onları elə rahatladı ki, deyərdin, bir də geri 
götürməyəcək. Dırnaqlarını təmizləyib lak çəkmişdi, lakin bu hələ heç nə demək 
deyildi. Əslində, bunları da səliqəsiz eləmişdi. Ravik gördü ki, orta barmağındakı 
dırnağın ucu qopub düşüb, lap çox kəsilib, özü də yonulmayıb və lakı tökülüb. 
Xidmətçi qədəhləri və siqareti gətirdi. 
– Yaşıl «Loran»dır, biri qalıbmış... 
– Aydındır! Dənizdə qulluq eləmisiniz? 
– Xeyr, sirkdə işləmişəm. 
– Daha yaxşı, – Ravik qədəhin birini qadının qabağına qoydu – İçin. İndi bundan 
yaxşısı yoxdur. Bəlkə, qəhvə istəyirsiniz? 
– Xeyr. 
– Birdəfəyə için. 
Qadın başını yırğalayıb, qədəhi başına çəkdi. Ravik diqqətlə ona baxdı. Sir-sifəti 
ölgünləşmişdi, tamam ifadəsiz idi, qalın dodaqları elə saralmışdı ki, üzündən 
seçilmirdi. Ancaq işıldayan sarı saçları qəşəng idi. Başına beret qoymuşdu, plaşının 
altından mavi rəngli kostyumu görünürdü. Onu, deyəsən, yaxşı usta tikmişdi. 
Barmağındakı üzüyün yaşıl rəngli qaşı çox iri idi və saxta olmadığı bilinirdi. 
Ravik soruşdu: 
– Bəlkə, birini də içəsiniz?  
Qadın başını yırğaladı. Ravik əli ilə xidmətçini çağırdı: 
– İki qədəh da kalvados gətirin. Ancaq qədəhlər bir az böyük olsun. 
– İri qədəhlərdə? Dolu? 
– Bəli.  
– Demək, ikiqat olsun. 
– Düz tapdınız. 
Ravik qət etdi ki, kalvadosu gətirən kimi içib dursun. Çox yorulmuşdu və darıxırdı. 
Əslində, hər təsadüfə dözümlü idi, qırx illik həyatında çox şeylər görüb-
götürmüşdü, belə işlərə çox rast gəlmişdi. Neçə ildir ki, Parisdə yaşayırdı, gecələr 
həmişə gec qayıdırdı və küçələrdə nə desən, görürdü. 
Xidmətçi qədəhləri gətirdi. Ravik tünd, kəskin qoxulu alma arağını götürüb, 
ehtiyatla qadının qarşısına qoydu.  
– Bunu da için, – dedi, – bir şey deyil, ancaq qızışarsınız. Başınıza nə gəldiyini 
bilmirəm, ancaq ürəyinizə salmayın. Çox şeyi ürəyə salmağa dəyməz. 
Qadın dinmədən onun üzünə baxırdı. Arağı hələ içməmişdi. 


 
5
– Doğrudan, elədir. Xüsusilə gecələr olan şeyləri, heç dəyməz. Gecələr hər şey 
adama dəhşətli gəlir. 
Qadın hələ də ona baxırdı, nəhayət, dilləndi: 
– Mənə təsəlli vermək lazım deyil... 
– Bu daha yaxşı... 
Ravik baxışları ilə xidmətçini axtardı. Bəsi idi, belə qadınları çox görmüşdü. 
Ürəyindən keçirirdi: «Yəqin rusdur. Çətini özünə yer eləməkdir, sonra adamın 
ağzından vururlar». 
– Russunuz? – deyə soruşdu. 
– Xeyr. 
Ravik haqq-hesabı kəsib, xudahafizləşmək üçün ayağa qalxdı. Qadın da sakitcə 
onunla bərabər durdu, sanki, belə də olamalı idi. Ravik tərəddüdlə ona baxdı, «eybi 
yoxdur, çıxan kimi, ayrılaram,» – deyə fikirləşdi. 
Bayırda yağış başlamışdı. Ravik qapının ağzındaca dayandı. 
– Hansı tərəfə gedəcəksiniz? – deyə soruşdu və qət etdi ki, qadın haranı desə, əks 
tərəfə dönsün. 
– Bilmirəm... hara olsa... 
– Harada yaşayırsınız? 
– Ora olmaz! Yox! Gedə bilmərəm... Ora olmaz! 
Qadın diksindi. 
Onun gözlərində qəflətən dəhşətli bir qorxu qığılcım kimi parıldayıb yox oldu. 
«Dalaşıb, – Ravik fikirləşdi, – nə üstündəsə sözləri çəp gəlib, acıq eləyib çıxıb. 
Sabah günortaya qədər düşünüb-daşınacaq, axırda geri qayıdacaq». 
– Heç kəsi tanımırsınız ki, yanına gedəsiniz? Tanışınız yoxdur? Meyxanadan zəng 
vurmaq olardı... 
– Xeyr, heç kəsim yoxdur. 
– Hər halda, bir yerə getməlisiniz. Pulunuz da yoxdur? 
– Var. 
– Onda mehmanxanaya gedin. Bu yaxın küçələrdə nə qədər desəniz, var. 
Qadın dinmədi. 
– Axı harayasa getməlisiniz, – Ravik hövsələdən çıxırdı. – Küçədə, yağışın altında 
qalası deyilsiniz ki... 
Qadın plaşını düymələdi. 
– Düz deyirsiniz, – dedi və sanki, nəsə yadına düşdü. – Düz deyirsiniz. Təşəkkür 
edirəm. Mənim üçün narahat olmayın, bir yer tapıb gedərəm. Təşəkkür edirəm. – O 
biri əli ilə plaşının yaxalığını qaldırdı. – Çox sağ olun... 
Altdan yuxarı nifrətlə Ravikə baxdı, gülümsəmək istədi, ancaq alınmadı. Sonra 
sakit, qəti addımlarla dumanlı-çiskinli küçəyə addımladı... 
Ravik bir anlığa yerindən tərpənmədi. «Lənət şeytana», – deyə təəccüblə, 
tərəddüdlə donquldandı. Heç bilmədi, nə oldu, necə oldu, o yazıq təbəssümmü, ya 
da baxışımı ona birdən dedi ki, dumanda azmış uşağa bənzəyən bu qadını tək 
buraxmayacaq. Tez onun arxasınca yönəldi: 
– Mənimlə gedək, – dedi, – sizin üçün bir şey fikirləşərik... 
Onlar Etual meydanına çatdılar. Çənli-çiskinli havada bu meydan elə böyük 
görünürdü ki, deyərdin, ucu-bucağı yoxdur. Duman qatılaşmışdı və yan-yörədə 


 
6
çarpazlaşıb ayrılan küçələr daha seçilmirdi. Görünən yalnız bu nəhəng meydan, 
solğun işıqlı ara-sıra fənərlər və bir də «Zəfər tağı»nın göylərdə dumana qarışıb 
itən daş qülləsi idi. Qüllə də, sanki, o çiskinli-dumanlı səmanın dirəyi idi və bu 
gecənin tənhalığında insanlığın son məzarını andıran naməlum əsgərin qəbri 
üstündəki sönük məşəli qoynuna almışdı... 
Onlar meydanı kəsə keçdilər. Ravik tələsirdi. O qədər yorulmuşdu ki, fikirləşməyə 
də heyi qalmamışdı. Təkcə qadının yüngül addım səslərini eşidirdi. Dinməz-
söyləməz onun ardınca gedən qadın da başını sinəsinə əymiş, əllərini plaşının 
cibində gizlətmişdi və birdən Ravik bu meydanın tənhalığında hiss etdi ki, 
tanımadığı, bilmədiyi bu qadın, qəribə də olsa, bircə anlığa ona lap doğmalaşdı. 
Bəlkə də, bunun səbəbi elə tənhalığın özü, qadının da onun kimi qərib olması idi. 
Halbuki qadın onun üçün yad bir adamdır, görünür, illərin tənhalığı, qəribliyi 
onları yaxınlaşdırmışdı. 
Ravik Tern meydanının arxasında, Varqam prospekti ilə birləşən dar döngədəki 
balaca mehmanxanada qalırdı. Bina özü çox köhnəlmişdi, ancaq girişindəki lövhə 
təzəydi: «İnternasional» oteli. 
Zəngi basdı. 
– Boş otağınız var? – deyə qapını açan oğlandan soruşdu. Oğlan yuxulu-yuxulu, 
küt nəzərlərlə onun üzünə baxdı. 
– Növbətçi yoxdur, – nəhayət, o kəkələdi. 
– Özüm görürəm. Səndən boş otaq soruşdum... 
Oğlan tərəddüdlə çiyinlərini çəkdi. Ravikin yanında qadın olduğunu görürdü, 
ancaq niyə boş otaq soruşduğunu anlaya bilmirdi. Eşidib-bildiyinə görə belə 
hallarda ikinci otaq lazım gəlmirdi. 
– Madam yatır. Oyatsam, məni qovar, – deyə oğlan ayaqlarını bir-birinə sürtdü. 
– Yaxşı, onda özümüz baxarıq. 
Ravik ona çaypulu verərək, açarı götürdü, qabağa düşüb, pilləkənlə qalxdı. Öz 
otağını açmamış qonşu qapıya baxdı. Astanada ayaqqabı yox idi. Qapını iki dəfə 
tıqqıldatdı. Cavab gəlmədi. Ehtiyatla dəstəyi burdu. Qapı bağlı idi. 
– Dünən boş idi, – deyə Ravik mızıldandı, – pəncərə tərəfdən baxaq. Yəqin, sahibə 
özü bağlayıb. Qorxur ki, taxtabitilər qaçar. 
Öz otağını açdı. 
– Bircə dəqiqəliyə oturun, – qırmızı örtüklü divanı göstərdi. – İndicə gəlirəm. 
Ravik eyvana çıxan qapını açdı, dəmir arakəsməni aşıb, o biri otağın eyvanına 
düşdü, qapını itələdi. O da bağlı idi. Kor-peşman geri qayıtdı. 
– Bir şey çıxmadı. Sizə yer düzəldə bilmədim. 
Qadın divanın bir küncünə qısılmışdı. 
– Olar, bir az da oturum? 
Ravik diqqətlə onu süzdü. Yorğunluqdan üz-gözü qırışmışdı. Adama elə gələirdi 
ki, daha yerindən tərpənə bilməyəcək. 
– Qala da bilərsiniz. 
– Bircə dəqiqəliyə... 
– Buradaca yatın. Ən asan yolu budur. 
Qadın, deyəsən, onu eşitmədi. Asta-asta, demək olar ki, qeyri-ixtiyari başını 
buladı. 


 
7
– Gərək, məni küçədə qoyaydınız. İndi... deyəsən... gedə bilməyəcəyəm... 
– Mən də elə fikirləşirəm. Qalın, burada yatın. Ən yaxşısı budur. Sabah baxarıq. 
Qadın onun üzünə baxdı: 
– Mən sizə... 
– Allah xatirinə... – Ravik onu qabaqladı, – mənə mane olmursunuz. Hara 
gedəcəyini bilməyən adamların burada gecələdiyi birinci dəfə deyil. Bu 
mehmanxana qaçqınlar üçündür. Belə şeylər burada hər gün olur. Çarpayı sizin 
olsun, mən isə divanda yataram. Öyrəşmişəm... 
– Xeyr, xeyr! Mən elə burada oturacağam. Buradaca oturmağa icazə versəniz, 
bəsimdir. 
– Yaxşı, siz deyən olsun. 
Ravik paltosunu çıxarıb asdı. Sonra çarpayının üstündəki adyalı, yastığı götürüb, 
stullardan birini divana tərəf çəkdi. Vanna otağından uzun bir hamam xalatı gətirib, 
stulun başına asdı.  
– Olanım budur, – dedi, – istəsəniz, pijama da götürün. Siyirmədə olmalıdır. Daha 
sizinlə qurtardım. İstəyirsinizsə, gedin, yuyunun. Mənim hələ bir az işim var. 
Qadın başını buladı. Ravik gəlib onun qarşısında dayandı. 
– Plaşı isə indi çıxarmalı olacaqsınız, – dedi, – tamam sudur. Bereti də verin.  
Qadın ikisini də çıxarıb verdi. Ravik yastığı divanın bir küncünə qoydu: 
– Başınızı bura qoyarsınız. Stulu da ona görə qoymuşam ki, yıxılmayasınız. 
O, stulu divana bir az da yaxın çəkdi. 
– Ayaqqabılarınızı da çıxarın. İçində sellər-sular oynayır. Yaxşı sətəlcəmliksiniz... 
O, qadının ayaqqabılarını çıxartdı, siyirmədən bir cüt qısa yun corab götürüb, 
ayağına geydirdi. 
– Bununla birtəhər keçinmək olar. Adam, gərək, ən çətin anlarda belə rahatlıq 
haqda düşünsün. Köhnə əsgərlik adətidir. 
– Təşəkkür edirəm, – qadın dilləndi, – təşəkkür edirəm. 
Ravik vanna otağına keçib kranları burdu. Su vannaya püskürdü. Qalstukunu 
çıxarıb, güzgüdə fikirli-fikirli özünə baxdı. İti gözləri çuxura düşmüşdü. Sifətdən 
arıq idi və o qədər əzgin görünürdü ki, gözlər olmasaydı, deyərdin, ölü sifətidir. 
Dodaqlar... Burun pərlərindən dodaqların ucuna qədər uzanan nazik qırışlar... Sağ 
gözünün üstündəki uzun çapıq saçlarına qədər gedib çatmışdı... 
Telefon zəngi onu xəyaldan ayrıdı. Lənət şeytana! Bircə anlığa hər şeyi 
unutmuşdu. Onda belə hissə qapılma halları olurdu. Hələ içəridəki qadın... 
– Gəlirəm, – deyə qışqırdı. 
– Qorxdunuz? – deyə o, dəstəyi qaldırdı. – Necə? Bəli... Yaxşı... hə, əlbəttə, olar... 
Bəli... harada? Yaxşı, bu dəqiqə gəlirəm... İsti qəhvə... Tünd olsün... Bəli... 
O, dəstəyi yavaşca yerinə qoydu, fikirli-fikirli divanın ayaq tərəfində oturdu. 
Sonra: 
– Mən gedəsi oldum, – dedi, – tələsikdir... 
Qadın o dəqiqə ayağa durdu. Azacıq səndələdi, stula söykəndi. 
– Yox, yox! – Ravik qadının bu hərəkətindən riqqətə gəldi. – Siz qalın. Yatın... 
Mən bir-iki saatlığa gedirəm... Bilmirəm, nə qədər çəkər... Qalın... 


 
8
Paltosunu geydi. Qəflətən ağlına bir fikir gəldi və o dəqiqə də yoxa çıxdı. Qadın 
oğurluq eləməzdi. Bu, eləsindən deyildi. Elələrini yaxşı tanıyırdı. Bir də oğurlanası 
nəyi var idi? 
– Olar, mən də gedim? – Qadın bu sözləri deyəndə Ravik artıq qapıya çatmışdı. 
– Xeyr, olmaz! Siz qalın. Nə lazım olsa, götürün. İstəyirsiniz, çarpayıda yatın. 
Konyak da var. Yatın... – O geri dönüb çıxmaq istədi. 
– Qoyun işıq yana-yana qalsın. – Qadın bu sözləri qəflətən, tələsə-tələsə dedi. 
Ravik əlini dəstəkdən çəkdi. 
– Qorxursunuz? 
Qadın başını buladı. Ravik başı ilə açara işarə elədi: 
– Qapını arxamca bağlayın, ancaq açarı çıxarın. Aşağıda biri də var, onunla 
açaram... 
Qadın yenə başını buladı: 
– Qorxuram... Xahiş edirəm, qoyun işıq yana-yana qalsın. 
– Belə de... – Ravik sınayıcı nəzərlərələ ona baxdı: – Onsuz da söndürmək 
istəmirdim. Qoyun beləcə qalsın. Başa düşürəm... Özümün də başıma gəlib. 
Akasiya küçəsinin tinində taksi rast gəldi. 
– Laurstan küçəsi, on dörd. Bir az cəld olun. 
Sürücü maşını döndərib Karno prospektinə çıxdı. Onlar dö le Qrand Arme 
prospektinə çatanda sağ tərəfdən balaca, ikiadamlıq bir maşın çıxdı. Əgər küçə yaş 
və sürüşkən olmasaydı, toqquşardılar. Əyləci basanda o biri maşın düz küçənin 
ortasına kimi sürüşdü, az qaldı, qabağı taksiyə dəysin. «Reno» markalı maşın idi, 
fırfıra kimi fırlanırdı. Sükanın arxasında eynəkli, qara şlyapalı bir kişi oturmuşdu 
və maşın fırlandıqca, hərdən avazımış sifəti görünürdü. Sonra maşın düzəldi, 
küçənin başında, Aida darvazasının yanında, üzü «Zəfər tağı»na tərəf dayandı. 
Uzaqdan yaşıl böcəyə oxşayırdı. Sürücü əlini pəncərədən çıxarıb yumruğu ilə 
onları hədələdi. Taksinin sürücüsü Ravikə tərəf döndü: 
– Beləsini heç görmüsünüz? 
– Bəli. 
– Şlyapasına bax! Kim başına şlyapa qoyub, gecə vaxtı belə sürətlə maşın sürər? 
– Günah sizdə idi, çünki o, baş küçə ilə gedirdi. Niyə söyürsünüz? 
– Əlbəttə, günah bizdə idi. Elə ona görə də söyürəm. 
– Bəs günah onda olsa, neyləyərdiniz?  
– Onda da söyərdim. 
– Deyəsən, çox zarafatcıl adama oxşayırsınız... 
– Onda başqa cür söyərdim, – deyə sürücü maşını Foş prospektinə döndərdi. – Belə 
də təəccüblənməzdim. Aydın oldu? 
– Xeyr. Tinlərdə bir az yavaş sürün. 
– Onsuz da yavaş gedirəm. Küçələrə, elə bil, yağ çəkilib. Siz ki mənə qulaq asmaq 
istəmirsiniz, niyə danışdırırsınız? 
– Çünki yorulmuşam, – Ravik hövsələdən çıxırdı, – çünki gecədir. Bir az bərk 
sürün. 
– Bu, başqa məsələ... – Sürücü əlini furajkasının günlüyünə apardı. – Başa 
düşdüm. 
Birdən Ravikin ağlına nəsə gəldi: 


 
9
– Bura baxın, – dedi, – siz russunuz? 
– Xeyr. Ancaq müştəri gözləyəndə əlimə keçəni oxuyuram. 
«Bu gün mənimki ruslar sarıdan gətirmir, – deyə Ravik ürəyindən keçirdi və 
arxaya söykəndi. – İndi bir fincan qəhvə olaydı... Özü də tünd, isti... Yəqin, orada 
var... Gərək, əllərim titrəməsin... Yoxsa, Veberə iynə vurdurası olaram». 
O, şüşəni aşağı salıb, nəm havanı acgözlüklə ciyərlərinə çəkdi... 
 
 
 
II 
 
 
Balaca cərrahiyyə otağı çox işıqlı idi və tərtəmiz saxlanan sallaqxanaya oxşayırdı. 
Hər yanda qana bələnmiş pambıqla dolu vedrələr, sarğılar, tamponlar! Elə bil, 
onlardan otağa qırmızı işıq süzülürdü. Veber üzbəüz otaqda, üstünə lak çəkilmiş 
dəmir stolun arxasında oturub nəsə yazırdı. Tibb bacısı alətləri qaynadırdı. Su 
pıqqıldayır və bu zaman, sanki, otaqdakı işıq cızıldayırdı. Ancaq cərrahiyyə 
stoluna uzadılmış meyit bunların hamısına biganə idi, heç nədən xəbəri yoxdur. 
Ravik duru sabunu əllərinə töküb, yumağa başladı. Çox acıqlı idi və əllərini elə 
bərk sürtürdü ki, deyərdin, dərisini soymaq istəyir. 
– Tfu… – o, kobud bir söyüş söydü. Tibb bacısı ikrahla ona baxdı. Veber başını 
qaldırdı: 
– Sakit olun, Ejeni, bütün cərrahlar söyür. Xüsusilə, işləri düz gətirməyəndə! 
Gərək, siz indiyə kimi buna öyrəşmiş olaydınız.  
Tibb bacısı xeyli aləti qaynayan suyun içinə atdı, incik tərzdə dilləndi: 
– Professor Pere heç vaxt pis söz danışmazdı. Buna baxmayaraq, o da çox adama 
həyat bəxş eləyirdi. 
– Professor Pere beyini sahəsində mütəxəssis idi. Onunku zərif, dəqiq zərgər işidir, 
Ejeni. Biz isə qarın-bağırsaqla əlləşirik. Bu, tamam başqa şeydir. – Veber 
dəftərçəni örtüb ayağa durdu. – Yaxşı işlədiniz, Ravik. Ancaq bizdən əvvəl kimsə 
başdansovu iş görübsə, neyləmək olar?! 
– Xeyr, olar. Bəzən olur… – Ravik əllərini silib, siqaret yandırdı. Tibb bacısı heç 
nə deməyib, narazılıqla pəncərəni açdı. 
– Afərin, Ejeni! – Veber onu alqışladı. – Həmişə qayda-qanunu gözləyirsiniz. 
– Mənim həyatda hələ arzularım var, belə tez ölmək istəmirəm. 
– Çox gözəl, Ejeni, bu da bir təsəllidir. 
– Ancaq elələri var ki, heç nəyi yoxdur. İstəmirlər də olsun… 
– Bu, sizə aiddir, Ravik, – Veber güldü. – Yaxşısı budur, tez aradan çıxaq. Səhərlər 
Ejeni çox acıqlı olur. Onsuz da burada bizlik iş qalmadı. 
Ravik dönüb həyatda arzuları olan tibb bacısına nəzər saldı. Qız da çəkinmədən 
onun gözlərinin içinə baxdı. Gözlərindəki nikelli eynək Ejenin ifadəsiz üzünə nəsə 
bir sərtlik verirdi. O da Ravik kimi bir adam idi, ancaq nədənsə ona yovuşa 
bilmirdi. 
Ravik: 
– Bağışlayın, – dedi, – siz haqlısınız. 


 
10
Dümağ stolun üstünə uzadılan şey bir az da bundan qabaq özündə ümid işartısı, 
dözüm yaşadan titrək bir həyat parçası idi. İndi isə cansız meyit olmuşdu və 
ömründə heç vaxt səhv addım atmadığı ilə öyünən Ejeni adlı avtomat insan onun 
üstünə ağ mələfə çəkib apardı. «Belələri həmişə hər şeyə dözürlər, – Ravik 
ürəyindən keçirdi. – Günəşin bu daşürəklilərdən xoşu gəlmir, ona görə də onları 
unudur və axır nəticədə, belələri çox yaşayır». 
Veber dilləndi. 
– Hələlik, Ejeni, bu gün doyunca yatın. 
– Hələləik, doktor Veber. Təşəkkür edirəm, cənab doktor. 
– Hələlik. – Bunu da Ravik dedi. – Bayaqkı söyüşə görə də bağışlayın. 
– Sabaha qədər. – Ejeni çox soyuq tərzdə cavab verdi. Veber üz-gözünü turşutdu: 
– Yaman tündməcaz qızdır. 
Bayırda tutqun bir səhər açılırdı. Küçədən zibildaşıyan maşınların tırıltısı eşidilirdi. 
Veber yaxalığını qaldırdı: 
– Çox pis havadır. Sizi aparım, Ravik? 
– Xeyr, təşəkkür edirəm. Piyada gedəcəyəm. 
– Belə havada? Apara bilərəm. Heç bir tin də deyil. 
Ravik başını yırğaladı: 
– Təşəkkür edirəm, Veber. 
Veber onu sınayıcı nəzərlərlə süzdü: 
– Qəribədir, – dedi, – bıçağınızın altından kimsə sağ çıxmayanda hələ də 
həyəcanlanırsız. On beş ildir adam yarırsınız, belə şeyləri çox görmüsünüz. 
– Bəli, çox görmüşəm. Amma yenə həyəcanlanıram.  
Kök, boy-buxunlu Veber onunla üzbəüz dayanmışdı. Kopuş yanaqları Normandiya 
alması kimi qıpqırmızı idi. Yağış islatdığından qara, qısa bığları işıldayırdı. 
Səkinin kənarında bir «Buik» dayanmışdı və o da beləcə işıldayırdı. Veber indi ona 
minib evinə gedəcək. Çəhrayı rəngli evi şəhərin kənarında idi. Bu evdə onu 
tərtəmiz, gözqamaşdıran arvadı, bir cüt tərtəmiz, gözqamaşdıran balası, tərtəmiz, 
gözqamaşdıran bir həyat gözləyirdi. Nəfəsini içinə çəkib bıçağı ilk dəfə ehtiyatla 
ətə vuranda şırımlanan qıpqırmızı qanı, pərdə kimi qat-qat açılan bədəni görəndə, 
ömründə işıq nə olduğunu bilməyən əzalar bir-bir üzə çıxanda, cəngəllikdə ov 
dalınca düşmüş ovçu kimi axtaranda, zədələnmiş toxumalarda, şişlərdə, vəzilərdə 
ən dəhşətli yırtıcıya – ölümə rast gələndə keçirdiyin gərginliyi, həyəcanı beləsinə 
başa salmaq olardımı? Həmin yırtıcı ilə döyüşə girirsən, ancaq əlində iti bıçaqdan 
iynədən, sonsuz inamdan başqa heç nə olmur…Bütün diqqətini cəmləşdirib ürəklə 
işlədiyin anda qəflətən haradansa qorxunc bir kölgə sürünüb, qanına işləyir, 
qəhqəhə çəkərək, «mən də varam» deyir, sanki, bıçağı korşaldır, iynə az qalır sına, 
əllərin ağırlaşır və o gizli, müəmmalı, döyünən həyat birdən-birə keyləşmiş 
əllərindən çıxır, qapqara qorxunc bir dalğa onu qoynuna alıb, uzaqlara aparır, nə 
qədər çalışırsan, qabağını kəsə bilmirsən, gedəndə də dalınca çatmırsan… Nə 
vaxtsa nəfəs alan, həyatda öz adı olan bir insan o dəqiqə heçə dönür, ölüm pərdəsi 
çəkilmiş sifətində əli hər yandan üzülmüş zəif bir müqavimət nişanəsi donub 
qalır… Bütün bunların nə demək olduğunu o, haradan bilər? Bunları ona başa 
salmaq olardımı? Axı burada başa salınası nə var idi? 
Ravik təzədən siqaret yandırdı: 


 
11
– İyirmi bircə yaşı vardı… – dedi. 
Veber yaylığını çıxarıb, bığlarında işıldayan yağış damcılarını sildi: 
– Siz çox yaxşı işlədiniz, Ravik. Şəxsən mən bacarmazdım. Kiminsə 
başısoyuqluğu üzündən onu xilas edə bilmədiniz… Bu, sizin günahınız deyil. hər 
şeyə belə yanaşsaq, axırımız hara gedib çıxar? 
– Bəli, doğrudan, hara gedib çıxar?! 
Veber yaylığı cibinə qoydu. 
– Siz, gərək, bu qədər görüb-götürəndən sonra çox dözümlü olaydınız. 
Ravik istehza ilə ona baxdı: 
– Dözüm heç vaxt olmur. Təkcə hər şeyə öyrəşmək mümkündür… 
– Mən də elə onu nəzərdə tuturdum. 
– Ancaq bəzilərinə heç öyrəşmək də olmur. Niyəsini demək çətindir. Tutaq ki, 
qəhvədən oldu. Bəlkə də, elə, doğrudan, qəhvədən oldu. Biz də onu həyəcanla 
qarışdırırıq. 
– Yaxşı qəhvə idi. Elə deyil? 
– Çox yaxşı idi. 
– Qəhvə dəmləməyin ustasıyam. Birdən hiss elədim ki, qəhvə istəyirsiniz, ona görə 
də özüm hazırladım. Hər halda, Ejeninin düzəltdiyi qapqara horradan yaxşı idi. 
Düz deyirəm? 
– Heç müqayisəyə gəlməz. Qəhvə dəmləməkdə mahirsiniz.  
Veber maşina oturub, onu işə saldı, başını pəncərədən çıxarıb dedi: 
– Bəlkə, doğrudan, sizi aparım? Axı çox yorulmusunuz. 
«Porsuq kimidir, – Ravik ürəyindən keçirdi. – Şişmiş porsuğa oxşayır. Bəs bu nə 
deməkdir? Haradan ağlıma gəldi? Niyə belə əks fikirlər gəlir ağlıma?» 
– Yorğun deyiləm, – dedi, – qəhvə məni ayıldıb. Yuxunuz şirin olsun, Veber. 
Veber güldü. Qara bığlarının altından dişləri ağardı:  
– Yatmaq nədir?! Gedib bağda işləyəcəm, zanbaq, nərgizgülü basdıracağam. 
«Hə, zanbaq, nərgizgülü… – Ravik ürəiyndən keçirdi. – Aralarına çınqıl tökülmüş, 
dırmıqlanmış ləklərdə… Zanbaq, nərgizgülü – baharın narıncı, qızılı 
müjdəçiləri…» 
– Hələlik, Veber, – dedi, – yəqin, o biri işləri özünüz görəcəksiniz. 
– Əlbəttə! Axşam zəng vuraram. Təəssüf ki, qonorar az olacaq. Heç deməyə 
dəyməz… Qız kasıb imiş və deyəsən, qohumu yoxdur. Hələ baxarıq… 
Ravik əlini yellətdi. 
– Ejeniyə yüz frank verib, – Veber sözünə davam etdi, – deyəsən. Olanı bu imiş. 
Ondan iyirmi beşi sizindir. 
– Yaxşı, yaxşı… – Ravikin səbri tükəndi. – Hələlik, Veber. 
– Hələlik. Sabah səkkizə qədər… 
Ravik asta-asta Lauriston küçəsi ilə gedirdi. Yay olsaydı, Bulon meşəsindəki 
skamyalardan birində oturar, səhər günəşində qızına-qızına heç nə fikirləşmədən, 
həyəcanı sovuşub keçənə, kimi çaya, yaşıl meşəyə tamaşa edər, sonra da 
mehmanxanaya gedib yatardı. 
Buasor küçəsinin tinindəki bistroya girdi. Piştaxtanın yanına bir neçə fəhlə və yük 
maşını sürücüləri yığışmışdı. Onlar bulka ilə isti, tünd qəhvə içirdilər. Ravik bir 
xeyli onlara tamaşa elədi. Ən etibarlı, ən sadə həyat… Onu öz zəhmətləri ilə, 


 
12
qabarlı əlləri ilə qazanmışdılar. Axşam yorğun-arğın evə qayıdır, arvadı qabağına 
yemək qoyur, sonra da yıxılıb yatır. Elə ağır yatır ki, yuxu da görmür… 
– Bir qədəh gilas arağı, – deyə sifariş verdi. 
Ölən qızın sağ ayağında nazik, ucuz, saxta qızıldan hazırlanmış zəncir vardı. Belə 
səfehliyi ancaq zövqsüz, xəyalpərvər cavanlıqda eləmək olardı… Düyməsində 
«Toujours Charles»(1) yazılmış bu zəncir ayağına elə dolanmışdı ki, açmaq 
olmurdu və Sena çayının sahillərində keçən bazar günlərindən, eşqbazlıqdan, çılğın 
gənclikdən, Neydəki balaca zərgər dükanından, talvarda keçən sentyabr 
gecələrindən xəbər verirdi. Və qəflətən gələn ayrılıq, yollarda qalan gözlər, qorxu, 
qəfil yoxa çıxan Şarl… Haradasa bir mamaça tanıyan rəfiqəsi… Mamaça, üstünə 
müşəmbə salınmış stol, dəhşətli ağrılar, qanaxma… qan… qarının qorxudan 
qırışmış sifəti… Başından eləmək üçün onu taksiyə qoyan əllər… Sonra o əzablı-
işgəncəli günlər və nəhayət, təcili yardım, xəstəxana, alışıb – yanan tərli ovcunda 
sıxdığı olan-olmazı – yüz frank və bir də… artıq gec idi… 
Radio xırıldamağa başladı. Kimsə tanqo üstündə qart səslə mənasız sözlər 
oxuyurdu. Ravik birdən hiss elədi ki, bayaqkı təşrihin gedişini təzədən xatırlayır, 
hər hərəkətini saf-çürük edir. Bir-iki saat əvvəl olsaydı, yenə nəsə eləmək mümkün 
idi. Veber zəng elətdirib, ancaq mehmanxanada tapılmayıb. Demək, o, de Alma 
körpüsünün üstündə dayanıb çaya baxıb, qız da buarda ölüb. Veber belə təşrihi tək 
eləyə bilmirdi. Təsadüfə bax! Qızıl zəncir taxılmış ayaq süst düşərək… 
«Ay doğur, gəl qayıqla gəzək biz…» – saxta tenor səs zilə qalxdı… 
Ravik pulunu verib çıxdı. Küçədə taksi saxlatdı. 
– «Oziris»ə sürün, – dedi. 
«Oziris» möhkəm qayda-qanunlu böyük bir fahişəxana idi. Nəhəng barı Misir 
üslubunda tikilmişdi. 
Qapıçı onu görən kimi: 
– Bağlayırıq, – dedi, – heç kəs qalmayıb. 
– Heç kəs? 
– Təkcə madam Rolandadır. Qızlar dağılışıb. 
– Çox yaxşı. 
Qapıçı narazı tərzdə ayağındakı qaloşları daş döşəməyə sürtdü. 
– Taksini buraxırsınız? Sonra tapmaq çətin olacaq. İşin axırıdır. 
– Bunu bir dəfə dediniz. Narahat olmayın, taksi taparam.  
Ravik qapıçının döş cibinə bir qutu siqaret basıb içəri girdi, asılqanın yanındakı 
ensiz qapıdan böyük zala keçdi. Bar bomboş idi; ətrafa dağılmış şərab, çevrilmiş 
stullar, döşəmədəki siqaret kötükləri, tütün, ətir qoxusu yenicə qurtarmış kef 
məclisindən xəbər verirdi. 
– Rolanda! 
Rolanda, üstündə çəhrayı rəngli ipək paltarlar qalaqlanmış stolun yanında 
dayanmışdı və Raviki görəndə heç təəccüblənmədi: 
– Gecdir, Ravik. Nə istəyirsən? Qız, yoxsa içmək? Bəlkə, ikisini də? 
– Araq. Polşa arağı. 
Rolanda şüşə və qədəh gətirdi. 


 
13
– Özün süz, iç. Mən, gərək, bu paltarları seçib yazam. Camaşırxananın maşını 
indicə gələcək. Hamısını bircə-bircə yazmasan, bu qırxquldur çırpışdırır. 
Sürücüləri deyirəm! Öz qızlarına hədiyyə eləyirlər… 
– Musiqi çaldır, Rolanda. Özü də lap ucadan. 
– Yaxşı. 
Rolanda cihazı işə saldı. Gur musiqi səsi bu nəhəng, boş zalı başına götürdü. 
– Çox gur oldu, Ravik? 
– Xeyr. 
«Çox gur? Nə idi çox gur olan? Yalnız buradakı sükut! Havasız otaq kimi adamı 
boğan sükut!» 
– Qurtardım! – Roland Ravikə yaxınlaşdı. Onun şax qaməti, aydın sifəti, sakit, 
qara gözləri vardı. Əynindəki abırlı qara paltardan bilinirdi ki, dayədir və bu paltar 
onu, demək olar ki, çılpaq gəzən fahişədən fərqləndirirdi. 
– Mənə yoldaşlıq elə, Rolanda. 
– Yaxşı. 
Ravik bardan ayrı qədəh gətirib araq süzdü. Qədəh yarıya çatanda Rolanda şüşədən 
yapışdı: 
– Bəs eləyər. Çox içən deyiləm. 
– Yarımçıq qədəhdən zəhləm gedir. İçmədiyin qalar. 
– Niyə? Bu ki bədxərclikdir. 
– Bədxərcliyə bax! Fransızlar ömrü boyu ondan qorxublar! Qısmaq nəyə lazımdır? 
Axı sənin həyatına heç kəs qənaət eləmir… 
– Bu, alverdir, tamam başqa şeydir. 
Ravik güldü: 
– Gəl onda elə bu sağlığa içək! Görəsən, alver qayda-qanunları olmasaydı, dünya 
neyləyərdi?! Canilərlə, idealistlərlə, tənbəllərlə dolardı. 
– Sənə qız lazımdır, Ravik. İstəyirsən, Kikiyə zəng vurum. Qəşəng qızdır, iyirmi 
bir yaşı var. 
– Belə de… Bunun da iyirmi bir yaşı var. Yox, o, bu gün mənim malım deyil. 
Ravik qədəhini doldurdu. 
– Rolanda, yuxuya getməzdən əvvəl nə haqda fikirləşirsən? 
– Çox vaxt heç fikirləşmirəm. Yaman yoruluram. 
– Bəs çox yorğun olmasan? 
– Tur barədə. 
– Niyə? 
– Xalamın orada evi var. Altı da mağazadır. İki dəfə girov haqqını mən vermişəm. 
Yetmiş altı yaşı var, öləndə ev mənə qalacaq. İstəyirəm. mağazanı kafe eləyim. 
Açıq rəngli güllü divarlar, üç nəfər musiqiçi – piano, skripka, violonçel… Arxası 
da var… Xudmani bir kafe… Ev gedişli-gəlişli yerdədəir. Mənə elə gəlir, 
pərdələri, çilçırağı ilə bir yerdə doqquz min beş yüz franka başa gətirmək olar. 
İstəyirəm, ilk günlər üçün beş min frank da ehtiyatım olsun. Bir də ikinci, üçüncü 
mərtəbələrin kirayəsi… Mən bunlar haqda düşünürəm, Ravik. 
– Sən Turda anadan olmusan? 
– Bəli. Ancaq o vaxtdan hara getdiyimi bilən yoxdur. İşlər yaxşı getsə, heç 
maraqlanan da olmayacaq. Pul hər şeyi həll eləyir. 


 
14
– Hər şeyi yox, çox şeyi… 
Ravik gicgahlarında küt ağrı hiss elədi, gördü ki, dili dolaşır. 
– Deyəsən, çox içdim, – deyə cibindən pul çıxardı. – Turda ərə gedəcəksən, 
Rolanda? 
– Gedən kimi yox. Bir az keçsin, sonra… Orada adamım var. 
– Onun yanına gedirsən? 
– Hərdən. Arabir özü məktub yazır. Əlbəttə, başqa ünvana. Evlidir, ancaq arvadı 
xəstəxanada yatır. Vərəmdir. Həkimlərin dediyinə görə, bir-iki ilə ancaq yaşayar. 
Sonra tək olacaq. 
Ravik durdu. 
– Allah özü sənə kömək olsun, Rolanda. Sənin çox sağlam düşüncə tərzin var. 
Rolanda inamla gülümsədi. Ona elə gəldi ki, Ravik düz deyir. Aydın sifətində daha 
yorğunluq əlaməti görünmürdü. Gümrah idi, elə bil yenicə yuxudan durmuşdu. Nə 
istədiyini yaxşı bilirdi. Həyatın ondan gizli heç bir sirri yoxdur. 
Bayırda hava işıqlanmışdı. Yağış da kəsmişdi. Qapıçı getmiş, gecə öz qınına 
çəkilmiş, gündüz başlamışdı. Dəstə-dəstə tələsən adamlar basabasla metrolara 
doluşurdular. Sanki, bu metrolar yarğanlar idi, adamlar da özlərini qədim Allahlara 
qurban vermək üçün ora girirdilər… 
Qadın divandan dik atıldı. Qışqırmadı, zəif, boğuq bir səs eşidildi, dirsəklənib 
yerindəcə dondu. 
– Qorxmayın! – Ravik tez dilləndi. – Mənəm. Sizi bura gətirən adamam. 
Qadın dərindən nəfəs aldı. Ravik onu güclə seçirdi. Hələ də yanan elektrik işığı 
pəncərədən süzülən günəş işığına qarışaraq otağı solğun, sarıya ölgün bir işığa 
bələmişdi. 
– Zənnimcə, indi söndürmək olar, – deyib Ravik düyməni burdu. O, yenə də 
gicgahlarında küt ağrılar hiss edirdi. – Səhər yeməyi istəmirsiniz? – deyə soruşdu. 
O, qadını büsbütün unutmuşdu, gəlib aşağıdan açarı götürəndə xatırlamış və elə 
bilmişdi ki, getmiş olar. Kaş elə getmiş olaydı! Ravik çox içmişdi, şüurunun 
pərdələri çəkilmiş, zamanın cingiltili zənciri sınmış, qorxu-hürkü bilməyən coşğun 
xatirə və xəyallar onu öz qoynuna almışdı. O, indi tək qalmaq istəyirdi… 
– Qəhvə istəyirsiniz? – deyə yenə soruşdu. – Burada ondan yaxşı heç nə olmur. 
Qadın başını buladı. Ravik diqqətlə onu süzdü. 
– Nə olub? Gələn var idi? 
– Xeyr. 
– Ancaq nəsə olub. Mənə elə birtəhər baxırsınız ki…  
Qadının dodaqları tərpəndi və «İy var» sözləri eşidildi. 
– İy? – Ravik heç nə anlamadı. – Araqdan iy gəlməz. Gilas arağı, brendi də elə… 
Siqaret də deyil, çünki özünüz çəkənsiniz. Burada qorxmağa özgə nə səbəb ola 
bilər? 
– Elə demək istəmirəm… 
– Allah eşqinə, bəs nəyi deyirsiniz? 
– Həminkidir… Həmin iydir… 
– İlahi, efir iyi olacaq!.. – Bu, birdən Ravikin ağlına gəldi. – Efirdir? 
Qadın başını tərpətdi. 
– Nə vatsa təşrih olunmusunuz? 


 
15
– Xeyr. Bu… 
Ravik daha qulaq asmadı, gedib pəncərəni açdı: 
– Bu dəqiqə keçib kedəcək. Hələlik bir siqaret çəkin.  
O, vanna otağına keçib, kranları burdu. Güzgüdə özünə baxdı. Bir-iki saat bundan 
qabaq da beləcə dayanmışdı. Bu arada insan ölmüşdü. Əlbəttə, görünməmiş şey 
deyildi. Hər an minlərlə adam ölür. Bu haqda dəqiq hesablamalar da var. 
Görünməmiş iş deyildi. Ancaq ölən adam üçün çox şey deməkdir, hətta öz 
gedişində olan dünyada da qiymətli.  
Vannanın kənarında oturub ayaqqabılarını çıxardı. Eyni şeylər idi, təkrar olunurdu. 
Hər gün gördüyü əşyalar və onların lal hökmü! Bayağılıq, abırsız adətlər… Adam 
lap çaşbaş qalır! Məhəbbət dənizinin ürək adlı çiçəklənən sahili… Kim olursan ol, 
istəyir şair ol, istəyir yarımallah, istəyir də lap axmağın biri, fərqi yoxdur, hər iki-
üç saatdan bir öz dünyandan qopub ayaqyoluna getməlisən. Heç kim ondan yaxa 
qurtara bilməz! Təbiət adamı beləcə dolayır! Bir yanda romantik xəyal dünyası, bir 
yanda da şirə ifraz eləyən vəzilər, acından quruldayan qarın… İnsana nədənsə 
ləzzət almaq üçün verilən üzvlər həm də nəyisə içəridə seçib ayırır… Ravik 
ayaqqabıları küncə itələdi. Bir də bu zəhlətökən soyunmaq adəti! Ondan yaxa 
qurtarmaq olmur. Yalnız tək yaşayanlar bunu duya bilər. Bu adətdə nəsə iyrənc bir 
mütilik, üzüntü vardı. Ondan canını qurtarmaq üçün çox vaxt geyimli yatmışdı. 
Ancaq nə xeyri, bunu da bir dəfə, iki dəfə eləyirsən… Yox, ondan yaxa qurtarmaq 
olmaz. 
Şırnağı açdı. Sərin su bədənini qıdıqladı. Sinə dolusu nəfəs alıb qurulandı. Bu da 
xırda adətlərin təsəllisi! Su, nəfəs və bir də axşam yağışı. Yalnız tənha qalmış 
adamlar onu yaxşı bilər. Suya «sağ ol» deyən dəri, napnazik, gömgöy damarlardan 
axan qan… Yaşıl çəmənlik… Uzanıb dincəlmək… Cökə ağacları… Dümağ yay 
buludları… Cavanlığın xəyal dünyası… Görəsən, qəlbinin köksünə sığmadığı anlar 
harada qaldı? Həyatın dəhşətli macəraları onların hamısını boğdu… 
Otağa qayıtdı. Qadın divanın bir küncünə qısılıb oturmuş, adyalı boğazına qədər 
çəkmişdi. 
– Soyuqdur? – Ravik soruşdu. 
Qadın başını buladı. 
– Qorxursunuz? 
Bu dəfə başını tərpətdi 
– Məndən? 
– Xeyr. 
– Küçədən? – Ravik pəncərəni bağladı. 
– Təşəkkür edirəm. – Qadın dilləndi. 
Ravik onun boyun-boğazına, çiyinlərinə baxdı. Onlar canlı idi. Doğma olmasa da, 
hər halda, həyat əlaməti, hənirti idi, daha adamı buza döndərən tənhalıq deyildi. 
Adam adama hənirtidən başqa nə verə bilərdi? Bundan yaxşı dünyada nə vardı?! 
Qadın yerində qurcuxdu. Titrəyə-titrəyə Ravikə baxırdı. Ravik hiss etdi ki, bayaq 
şahə qalxan həyəcan dalğaları səngidi, canına qəribə bir sərinlik yayıldı, o, özünə 
gəldi, gözləri önündə sonsuz bir aləm yarandı. Elə bil, ona yad olan bir planetdə 
keçirdiyi qaranlıq gecədən işıqlı gündüzünə qayıtdı. Hər şey birdən-birə sadələşdi: 
səhər çağı, qadın… Daha fikirləşməyə dəyməzdi... 


 
16
– Yaxın gəl, – dedi. 
Qadın döyükə-döyükə onun üzünə baxırdı. 
– Yaxın gəlsənə! – Ravikin səbri tükənirdi… 
 
                                                                                            III 
 
Ravik oyandı. Ona elə gəldi ki, kiminsə baxışları üstündə gəzir. Qadın geyinib 
divanda oturmuşdu. Ancaq Ravikə baxmırdı. Gözlərini pəncərəyə zilləmişdi. Elə 
bilirdi, çoxdan getmiş olar. Hələ də otaqda olması onu heç açmadı. Səhər çağı 
yanında başqa adam olanda, özünü birtəhər hiss eləyirdi. 
Bilmədi təzədən yatsın, yoxsa dursun. Ancaq qadın burada ola-ola yata 
bilməyəcəkdi. Gərək, onu tez başından eləsin. Əgər pula qalmışdısa, asan idi. Fərqi 
yoxdur, nəyə görə qalır qalsın… Ravik dilləndi: 
– Çoxdan durmusunuz? 
Qadın diksinərək geri döndü. 
– Yata bilmədim. Heç yaxşı olmadı, sizi də oyatdım. 
– Xeyr, özüm oyandım. 
Qadın ayağa durdu: 
– Getmək istəyirdim. Özüm də bilmirəm niyə qaldım… 
– Dayanın, mən bu dəqiqə geyinirəm. Çörək yeyin, bu mehmanxananın məşhur 
kofesindən için. Vaxtımız var, ikisinə də çatar. 
O durub zəngi basdı. Sonra vanna otağına keçdi. Bildi ki, qadın da burada olub. 
Ancaq hər şeyi səliqə ilə yerinə qoyub, hətta işlənmiş dəsmalları da asıb. Dişlərini 
yuyanda qulluqçu qız səhər yeməyini gətirdi. Tələsdi, qayıdan kimi dedi: 
– Heç yaxşı olmadı. 
– Nə? 
– Qız sizi gördü. Heç ağlıma gəlməmişdi… 
– Eybi yoxdur, özünü o yerə qoymadı. – Qadın məcməyiyə baxdı. Ravik deməsə 
də, qız yeməyi iki adamlıq gətirmişdi. 
– Heç qoymaz da. Axı bura Parisdir! Qəhvə götürün. Başınız ağrıyır? 
– Xeyr. 
– Lap yaxşı. Mənimsə başım bir az ağrıyır. İndi keçib gedər. Bulka da götürün. 
– Yeyə bilmərəm. 
– Yeyərsiniz. Sizə elə gəlir. Bir dadına baxın. 
– Doğrudan, yeyə bilmirəm. 
Qadın bulka götürdü, ancaq tez də qaytarıb yerinə qoydu. 
– Onda qəhvə için, üstündən də siqaret çəkin. Bu, əsgərlərin səhər yeməyidir. 
– Elədir. 
Ravik yeməyə başladı. 
– Hələ də acmadınız? – deyə o, bir azdan yenə soruşdu. 
– Xeyr. – Qadın siqareti söndürdü. – Deyəsən, mən… – deyib susdu. 
– Deyəsən nə? 
– Getmək lazımdır. 
– Yolu tanıyırsınız? Çıxan kimi Vaqram prospektidir. 
– Xeyr, tanımıram. 


 
17
– Harada qalırsınız? 
– «Verdön» mehmanxanasında. 
– Beşcə dəqiqəlik yoldur. İstəyirsiniz, göstərim. Onsuz da sizi qapıdan 
ötürməliyəm. 
– Bəli… ancaq… iş onda deyil… – Qadın yenə susdu. 
«Pul istəyir, – Ravik ürəyindən keçirdi. – Məlum şeydir, pula görə qalıb!» 
– Utanmayın, özüm bilirəm, sizə… – Ravik pulqabını çıxardı. 
– Bu nə deməkdir? Eyib deyil?! – Qadın bozardı. 
– Heç… heç… – Ravik pulqabını cibinə qoydu. 
– Bağışlayın… – Qadın ayağa durdu. – Siz… çox sağ olun… yoxsa… Gecə vaxtı 
neyləyərdim… 
Ravik hər şeyi təzədən xatırladı. Qadının buna belə böyük məna verməsi ona 
gülünc göründü. Açığı, təşəkkür gözləmirdi və ona görə də bir az tutuldu. 
– Doğru sözümdür, bilmirdim… – Qadın hələ də dayanıb tərəddüd eləyirdi. 
«Görəsən, niyə getmir?» – fikirləşən Ravik nəsə demək xatirinə dilləndi.  
– İndi ki, bilirsiniz… 
– Xeyr! – Qadın səmimiyyətlə onun üzünə baxdı. – Hələ də bilmirəm. Bircə onu 
bilirəm ki, nəsə eləməliyəm. Bilirəm ki, ora getmək olmaz.  
– Bu, başqa məsələ! – Ravik paltosunu götürdü. – Mən sizi aşağıdan ötürərəm. 
– Lazım deyil, bircə onu deyin ki… – O yenə tərəddüd etdi, elə bil, söz tapmırdı. – 
Bəlkə, siz biləsiniz… Neyləmək lazımdır…Əgər… 
– Əgər nə? 
– Adam öləndə… – Qadın daha özünü saxlaya bilmədi, ağladı. Hıçqırmırdı, eləcə 
səssiz-səmirsiz, için-için ağlayırdı. Ravik onun sakitləşməsini gözlədi. Sonra: 
– Ölən var? – soruşdu. Qadın başını tərpətdi. 
– Dünən axşam? 
– Siz öldürmüsünüz? 
– Nə? Nə dediniz? 
– Siz eləmisiniz? Nə edəcəyinizi məndən soruşursunuzsa, onda, gərək, düzünü 
deyəsiniz. 
– Ölüb! – Qadın qışqırdı. – Qəfildən… – O, əlləri ilə üzünü örtdü. 
– Xəstə idi? 
– Bəli. 
– Həkim çağırmışdınız? 
– Bəli. Ancaq xəstəxanaya getmədi. 
– Həkim dünən gəlmişdi? 
– Xeyr, üç gün qabaq olub. Onu… həkimi söyüb biabır elədi, dedi, bir də gəlmə. 
– Ayrı həkim çağırmadınız? 
– Heç kəsi tanımırdıq. Gəldiyimiz üçcə həftədir. Bunu da xidmətçi tapmışdı. 
Qoymadı, dedi ki… Elə bildi ki, özü sağalacaq. 
– Xəstəliyi nə idi? 
– Bilmirəm. Həkim dedi, sətəlcəmdir. Ancaq özü inanmırdı, deyirdi ki, həkimlərin 
hamısı fırıldaqdır. Dünən yaxşı idi. Birdən… 
– Niyə xəstəxanaya aparmadınız? 


 
18
– İstəmədi. Dedi ki, yanımda olmasa, ona xəyanət edərəm. O… Onu tanımırsınız… 
Bacara bilmədim. 
– İndi mehmanxanadadır? 
– Bəli. 
– Mehmanxana sahibinə demisiniz? 
– Xeyr. O keçinəndə… hənirti kəsiləndə… Gözləri… Daha dözə bilmədim, çıxıb 
qaçdım. 
Ravik ötən gecəni xatırladı, çox pərt oldu. Ancaq olan olmuş, keçən də keçmişdi, 
heç biri üçün indi fərqi yox idi. Xüsusilə qadın üçün. Həmin gecə qadın üçün hər 
şey mənasız idi, təkcə bir şey qalmışdı: dözmək! Həyat təkcə sentimental 
müqayisələrdən ibarət deyildi! Lavin arvadının ölüm xəbərini alan gecəni 
fahişəxanada keçirmişdi. Fahişələr onu xilas etmişdi! Abbatlar ona heç nə eləyə 
bilməzdi. Bunu başa düşən, onu da başa düşərdi. Belə şeyləri sözlə izah etmək 
olmaz. Burada iş görmək lazım idi, vəssalam… 
Ravik paltosunu götürdü. 
– Gəlin, – dedi, – mən də gedərəm. Əriniz idi? 
– Xeyr. 
«Vedön» mehmanxanasının sahibi kök bir adamdır. Başında bircə tük olmasa da, 
rəng çəkilmiş qara bığları, qara, qalın qaşları vardı. Vestibüldə idi, arxasınca da 
xidmətçi, qulluqçu qız, arıq-quru kassir qadın düzülmüşdülər. Hiss olunurdu ki, 
artıq hər şeyi bilir, qadını görən kimi də əsib-coşmağa başladı. Rəngi bozardı, 
balaca, ətli əllərini oynada-oynada hüdüləyib tökdü, ancaq Ravik gördü ki, onların 
gəlişi, hər halda, kişinin vəziyyətini bir az yüngülləşdirib. Polislə, həbsxana ilə 
hədələməyə başlayanda Ravik onun sözünü kəsdi. 
– Siz provanslısınız? – deyə soruşdu 
Kişi duruxdu: 
– Xeyr. Bu nə deməkdir ki? – O lap çaşbaş qalmışdı. 
– Heç nə. Sadəcə olaraq, sözünüzün arasına girmək istədim. Belə hallarda mətləbə 
dəxli olmayan şeylər soruşmaq lazımdır. Yoxsa, düz bir saat danışardınız. 
– Siz kimsiniz, müsyö? Nə istəyirsiniz? 
– Bu, sizin səhərdən bəri danışdıqlarınızın içində ən ağıllı söz oldu. 
Kişi özünü yığışdırdı. 
– Siz kimsiniz ki? – O, bunu elə sakit, elə ehtiyatla soruşdu ki, sanki, hörmət-
izzətli bir adamı incidəcəyindən qorxurdu. 
– Həkim. 
Kişi gördü ki, qorxulu adam deyil. 
– Bizə həkim lazım deyil! – O, təzədən əsib-coşmağa başladı. – Polis lazımdır! – 
Diqqətlə gah Ravikə, gah da qadına baxdı, elə bildi ki, indicə qorxu, etiraz, 
yalvarış başlayacaq. 
– Yaxşı fikirdir. Bəs niyə çağırmırsınız? Siz ki onun öldüyünü çoxdan bilirsiniz. 
Kişi heç nə deməyib, acıqla Raviki süzdü. 
– İndi mən deyim niyə… – Ravik bir addım irəli gəldi. – Çünki müştərilərinizin 
dərdindən hay-küy qaldırmaq istəmirsiniz. Bundan xəbər tutan kimi, çoxu köçüb 
gedəcək. Ancaq polis gəlməlidir, çünki qanun belədir, hər şeyi sakitcə yoluna 
qoymaq isə özünüzdən asılıdır. Əslində, bunun sizə dəxli yoxdur. Qorxmusunuz ki, 


 
19
sizin boynunuza atıb qaçarlar. Nahaq yerə! Bir də haqq-hesabdan qorxmusunuz. 
Haqqınız çatacaq. Mən indi meyitə baxmaq istəyirəm, sonra hər şeyi özüm həll 
edərəm. 
Ravik kişinin yanından keçib gedərkən, qadından soruşdu: 
– Hansı otaqdır? 
– On dörd. 
– Siz lazım deyilsiniz, gəlməyin, hər şeyi özüm yoluna qoyaram. 
– Xeyr, qala bilmərəm. 
– Hamısını təzədən görməyin nə mənası? 
– Xeyr, qala bilmərəm. 
– Yaxşı necə istəyirsiniz… 
Otaq alçaq tavanlı idi və pəncərəsi küçəyə baxırdı. Qulluqçu qızlar, mərtəbə 
növbətçiləri və xidmətçilər qapıya yığışmışdılar. Ravik onları dağıtdı. Otaqda iki 
çarpayı vardı. Divarın yanındakı kişi uzanmışdı. Rəngi saralmışdı, mumyalanmış 
kilsə xadimi kimi dümdüz uzanmışdı, qara, qıvrım saçları, əynində də qırmızı ipək 
pijama vardı. Əlləri sinəsinə çarpazlanmışdı. Yanındakı balaca kətilin üstündə 
balaca, ucuz, ağacdan yonulmuş madonna fiquru vardı. Onun üstündə pomada 
ləkəsi qalmışdı. Ravik fiquru götürüb arxasına baxdı: «Made in Germany» 
yazılmışdı. Diqqətlə meyitə baxdı. Dodaqlarına boya çəkməmişdi. Üzdən eləsinə 
də oxşamırdı. Gözləri yarıaçıq idi. Biri o birinə nisbətən daha çox açılmışdı. 
Onlardan biganəlik yağırdı və üzündə, elə bil, əbədi həsrət nişanəsi donub 
qalmışdı… 
Ravik meyitə tərəf əyildi. Stolun üstündəki dərman şüşələrinə baxıb, onu müayinə 
etməyə başladı. Zor işlədilməmişdi. Dikəldi. 
– Ona baxan həkimin adı nə idi? – deyə qadından soruşdu. – Adını bilirsiniz? 
– Xeyr. 
Ravik diqqətlə onun üzünə baxdı: rəngi qaçmışdı. 
– Keçin oturun. – O, küncdəki stulu göstərdi. – Yerinizdən tərpənməyin. Həkim 
çağıran xidmətçi buradadır? – Qapıdan içəri boylananlara göz gəzdirdi. 
– Bu mərtəbəyə Fransua baxır, – döşəməsilən ağacı tüfəng kimi sinəsinə sıxmış 
süpürgəçi qadın dilləndi. 
– Fransua kimdir? 
Xidmətçi irəli durdu. 
– O həkimin adı nə idi? 
– Bonne. Çarlz Bonne. 
– Telefon nömrəsini bilirsiniz? 
Xidmətçi eşələyib cibindən nömrəni tapdı. 
– Passi, 2743. 
– Yaxşı… – Ravik boylanan adamların arasından sahibkarın sifətini də gördü. – 
Bəlkə, qapını bağlayaq? Yoxsa, istəyirsiniz, küçədən keçənlər də tökülüşüb 
gəlsinlər? 
– Xeyr, xeyr! Dağılışın. Hamınız dağılışın! Nəyə yığışıbsınız? İş vaxtı deyil? Mən 
axı sizə pul verirəm. – Kişi hamını çıxarıb, qapını bağladı. 


 
20
Ravik dəstəyi götürüb əvvəlcə Veberə zəng vurdu, onunla bir az da danışdı. Sonra 
Bonnenin nömrəsini yığdı. Bonne qəbul otağında idi. O, qadının dediklərini təsdiq 
elədi. 
– Kişi ölüb. Ölüm şəhadətnaməsini yazmaq üçün gələ bilməzsiniz? 
– O, məni qovdu. Özü də təhqir elədi! 
– Daha təhqir eləyə bilməz. 
– Heç haqqımı da vermədi. Mənə tamahkar, fırıldaqçı dedi. 
– Bəs pulunuzu da almağa gəlməzsiniz? 
– Adam göndərərəm. 
– Yaxşısı budur, özünüz gəlin. Yoxsa pulu görməyəcəksiniz. 
– Yaxşı, gələrəm, – Bonne bir az tərəddüd eləyəndən sonra razılaşdı. – Ancaq pulu 
almamış, heç nəyə qol çəkən deyiləm. Üç yüz frank eləyir. 
– Çox gözəl, üç yüz frank olsun, verərik. – Ravik dəstəyi asıb qadına tərəf döndü: 
– Təəssüf ki, bunların hamısına siz də qulaq asmalı oldunuz. Başqa çıxış yolu yox 
idi. O, bizə lazımdır. 
Qadın pulu çıxardı: 
– Eybi yoxdur, – dedi, – bu mənim üçün yenilik deyil. Bu da pul… 
– Hələ lazım deyil. İndicə gələcək. Onda verərsiniz. 
– Şəhadətnaməni özünüz yaza bilməzdiniz? 
– Xeyr, həkim gərək fransız olsun. Müalicə eləyən həkim olsa, daha yaxşıdır… 
Bonne qapını arxasınca örtən kimi, otağa dərin sükut çökdü. Sanki, içəridən bircə 
adam deyil, qoşun çıxmışdı. Küçədən eşidilən səs də batmışdı, elə bil o, qatı havanı 
yarıb divara dəyir və ətrafa səpələnirdi. Bir neçə saatlıq get-gəldən, çək-çevirdən 
sonra meyit ilk dəfə özünü hiss etdirməyə başladı. Onun yaratdığı dəhşətli sükut bu 
kasıb otağı başına götürmüşdü. Əynindəki ipək pijama par-par parıldasa da, o 
çoxdan ölmüş təlxək təsiri bağışlayırdı, çünki tərpəniş yox idi. Bütün canlılar 
hərəkət edir və hərəkət edirsə, demək, onda güc olur, qəşəng olur, gülünc olur. 
Bunlarsa əbədi sükuta dalmış şeylərin yaratdığı müvəqqəti əzəmət deyildi. Belə 
əzəmət yalnız ölümdə olur və insan öləndə, bircə anlığa da olsa, əzəmətli görünür. 
– Evlənməmişdiniz? – Ravik soruşdu. 
– Xeyr. Niyə soruşdunuz ki? 
– Qanuna, miras qalmış şeylərə görə. Nəyin sizə, nəyin ona məxsus olduğunu polis 
müəyyənləşdirəcək. Nəyiniz varsa, götürün. Onunkuları polis aparacaq, 
qohumlarından kim tapılsa, ona verəcək. Qohumu var? 
– Fransada yoxdur. 
– Siz onunla yaşayırdınız? 
Qadın cavab vermədi. 
– Çoxdan? 
– İki il idi. 
Ravik yan-yörəsinə boylandı: 
– Çamadanınız yoxdur? 
– Var idi… Orada… Divarın yanında idi… Dünən axşam orada idi… 
– Aha, sahibkar… – Ravik qapını açanda əlində döşəməsilən ağacı tutmuş 
süpürgəçi tez geri çəkildi. – Bu hərəkətiniz heç yaşınıza yaraşmır, anacan. 
Sahibkarı çağırın. 


 
21
Qadın etiraz eləmək istədi, ancaq Ravik ona imkan vermədi: 
– Düz eləyirsiniz. Sizin yaşda olanda adam hər şeylə maraqlanır. İndi isə sahibkarı 
çağırın. 
Qarı nəsə mızıldadı, ağacı sürüyə-sürüyə gözdən itdi. 
– Çox təəssüflər olsun… – Ravik qadına tərəf döndü. – Başqa çıxış yolu yoxdur. 
Bir az yaxşı çıxmır, ancaq, gərək, indi eləyək. Bəlkə də, indi başa düşmədiniz, 
ancaq belə lazımdır. 
– Başa düşürəm. 
Ravik diqqətlə ona baxdı: 
– Başa düşürsünüz? 
– Bəli. 
Sahibkar, əlində kağız, qapını döymədən içəri girdi. 
– Çamadanlar haradadır? – Ravik onu qabaqladı. 
– Əvvəlcə haqq-hesab… Buyurun, əvvəlcə haqq-hesabı verin. 
– Xeyr, əvvəlcə çamadanları gətirin. İndiyə kimi heç kəs haqq-hesabdan boyun 
qaçırmayıb. Otaq hələlik bizimdir. Gələn dəfə içəri girəndə qapını döyün. Haqq-
hesabı da bura verin, deyin ki, çamadanları gətirsinlər. 
Kişi acıqlı-acıqlı ona baxdı. 
– Qorxmayın, pulunuz çatacaq. 
Kişi çıxıb, qapını ardınca çırpdı. 
– Pul çamadandadır? – Ravik qadına tərəf döndü. 
– Mən… mən… xeyr… Deyəsən, yox… 
– Bilmirsiniz haradadır? Cibində? Bəlkə, heç yox idi? 
– Pulqabında olurdu. 
– O haradadır? 
– Orada… – Qadın tərəddüd etdi. – Çox vaxt yastığının altına qoyurdu. 
Ravik qalxıb ehtiyatla yastığı meyitqarşıq qaldırdı, qara rəngli dəri pulqabını 
götürüb qadına verdi. 
– Pulları götürün. Nə lazımdır, götürün. Tez olun! Hissə qapılmaq vaxtı deyil, siz 
yaşamalısınız. Bəs pul nədən ötrüdür? Polis idarəsində kif atmaq üçün?! 
O, pəncərədən çölə baxdı. Küçədə bir yük maşının sürücüsü göy-göyərti daşıyan 
arabaçının üstünə düşmüşdü. Ağır yük maşınını ilə iki at qoşulmuş araba 
arasındakı fərq, görünür, sürücünü qızışdırmışdı, ağzına gələni deyirdi. Ravik geri 
döndü: 
– Qurtardınız? 
– Bəli. 
– Pulqabını verin. 
Ravik onu yastığının altına soxdu. Hiss etdi ki, pulqabı bayaqkına nisbətən 
yüngülləşib. 
– Götürdüklərinizi çantanıza qoyun. 
Qadın dinməz-söyləməz onun dediyini elədi. Ravik haqq-hesab kağızını götürüb 
nəzərdən keçirdi. 
– Burada qalandan heç pul vermisiniz? 
– Bilmirəm. Deyəsən, verib. 


 
22
– Burada iki həftə üçün hesablanıb. Hesabı verdi… – Ravik bir anlığa tərəddüd 
etdi. Nədənsə, ölmüş adamı cənab Raçinski adlandırmaq ona qəribə gəldi. – Pulu 
vaxtlı-vaxtında verirdi?  
– Bəli, həmişə. Tez-tez deyirdi ki, belə vəziyyətdə pulu vaxtında vermək lazımdır. 
– Bu sahibkarın əclaflığına baxın! Bilmirsiniz, axırıncı haqq-hesab kağızı 
haradadır? 
Qapı döyüldü. Ravik təbəssümünü gizlədə bilmədi. Növbətçi çamadanları gətirdi. 
Kişi də onun dalınca gəldi. 
– Hamısı budur? – Ravik qadına baxdı. 
– Bəli. 
– Əlbətt, budur! – kişi donquldandı. – Bəs nə bilirdiniz? 
Ravik balaca çamadını götürdü. 
– Açarınız var? Açarlar harada olurdu. 
– Şkafda, pencəyin cibində. 
Ravik şkafı açdı. Bomboş idi. 
– Bəs hanı? – Ravik kişidən soruşdu. Kişi xidmətçiyə tərəf döndü: 
– Hanı? 
– Pencək məndədir… – xidmətçi kəkələdi. 
– Niyə? 
– Təmizləməyə, ütüləməyə vermişdi. 
– Bunlar daha ona lazım deyil.  
– Tez ol, get gətir, oğru əclaf! – kişi çəmkirdi. 
Xidmətçi ona qıyqacı nəzər salıb, çıxdı, az keçməmiş, pencəyi gətirdi. Ravik 
əvvəlcə pencəyi, sonra da şalvarı silkələdi. Şalvarın cibində nəsə cingildədi. Bir 
anlığa tərəddüd elədi. Əlini ölmüş adamın cibinə salmaq ona birtəhər göründü. Elə 
bil, şalvar da ölmüşdü. Qəribə idi, bu, haradan ağlına gəldi? Paltar paltardır… 
Açarları çıxarıb çamadanı açdı. Lap üstdə parusin bir qovluq var idi. 
– Budur? – deyə qadından soruşdu. 
O, başını tərpətdi. Ravik haqq-hesab kağızını o dəqiqə tapdı. Pul verilmişdi. Kağızı 
kişiyə göstərib dedi: 
– Bir həftəni artıq hesablamısınız. 
– Eləmi? – Kişi barıt kimi açıldı. – Bəs bu dava-dalaş? Bəs bu yaramazlıq? Bəs bu 
qədər həyəcan, qorxu? Bunlar heç nədir, eləmi? Ürəyim ağzıma gəlib, buna pul 
düşmür? Bayaq özünüz dediniz, müştərilər qaçacaq! Ziyanı xeyrindən çox olur! 
Bəs çarpayı? Otağı dezinfeksiya eləmək lazım deyil? Bəs murdarlanmış yorğan-
döşək üzləri? 
– Yorğan-döşək üzləri haqq-hesabda var. Hələ burada iyirmi beş frank da var, 
guya, dünənki yeməyin haqqıdır. – Ravik qadına tərəf döndü, – dünən burda bir 
şey yemisiniz? 
– Xeyr. Bəlkə, nə deyir, verək? Bilirsiniz… İstəyirəm tez qurtaraq… 
«Tez qurtaraq! – Ravik ürəyindən keçirdi. – Bəs sonrası? Sonra yenə o sükut… 
meyit! O sükutun qulaqbatırıcı uğultusu… İyrənc də olsa, belə yaxşıdır». Stolun 
üstündəki karandaşı götürüb hesablamağa başladı. Qurtaran kimi kağızı kişiyə 
uzatdı.  
– Razısınız? 


 
23
Kişi tez yekun rəqəminə baxdı: 
– Mən hələ ağlımı itirməmişəm. 
– Razısınız? – Ravik bir də soruşdu. 
– Siz kimsiniz axı? Nə borcunuza qalıb? 
– Qardaşıyam. Hə, razısınız? 
– On faizə də əlavə xidmətlər, vergi üçün artırın. Yoxsa razı deyiləm. 
– Olsun! – Ravik haqq-hesaba əlavə elədi, qadına dedi: – İki yüz doxsan iki frank 
verəcəksiniz. 
Qadın üç dənə yüz franklıq çıxarıb kişiyə verdi. Kişi pulu götürüb getmək istədi:  
– Saat altıya kimi otağı boşaldın. Yoxsa bir günün də pulunu verməli olacaqsınız. 
– Səkkiz frankı qaytarın! – Ravik tez dilləndi. 
– Bəs qapıçı? 
– Onu da, başqa çaypullarını da özümüz verərik. 
Kişi donquldana-donquldana səkkiz frankı stolun üstünə qoydu. 
– Sales etrangers (2) – deyə mızıldanıb çıxdı.  
– Fransada bəzi mehmanxana sahibləri onları dolandıran əcnəbilərə nifrət etməklə 
öyünürlər, – deyən Ravik birdən çaypulu gözləyən xidmətçini gördü. – Götür, – 
dedi. 
Xidmətçi əvvəlcə pula baxdı. Sonra: 
– Mersi, müsyö! – deyib çıxdı. 
– İndi polis gəlib baxacaq, sonra aparmaq olar, – deyə Ravik qadına baxdı. Qadın 
səssiz-səmirsiz bir küncdə, çamadanlarla yavaş-yavaş pəncərədən süzülən 
qaranlığın arasında oturmuşdu. – Adam öləndə matah olur, diri vaxtı heç kəs 
qədrini bilmir. – O, yenə qadına baxdı. – Aşağı getmək istəmirsiniz? Oralarda 
oturmağa boş yer olar. 
Qadın başını buladı. 
– Mən də gedirəm. Polislə işi yoluna qoymaq üçün bir dostum gələsidir. Doktor 
Veber… Onu aşağıda gözləyərik. 
– Xeyr, mən burada qalmaq istəyirəm. 
– Nəyə qalırsınız? Onsuz da heç nə eləyə bilməyəcəksiniz. 
– Bilmirəm… O… İndicə aparacaqlar… Mən tez-tez… O, mənimlə xoşbəxt 
olmadı… Mən tez-tez çıxıb gedirdim… İndi qalacağam! – Qadın bu sözləri çox 
sakit, inamla dedi. 
– Onun bundan xəbəri olmayacaq. 
– Ona görə qalmıram… 
– Yaxşı, onda, gərək, bir şey içəsiniz. Lazımdır… – Ravik cavab gözləməyib zəngi 
basdı. Xidmətçi, elə bil, qapının ağzında hazır dayanmışdı, o dəqiqə içəri girdi. 
– İri qədəhlərdə iki konyak gətirin. 
– Buraya? 
– Bəs haraya? Əlbəttə, buraya. 
– Baş üstə, müsyö. 
Xidmətçi bir şüşə «Kurvuaze» konyakı və iki qədəh gətirdi. Qorxa-qorxa küncə, 
qaranlıqda işlıdayan çarpayıya tərəf baxdı. 
– İşığı yandırım? – deyə soruşdu. 
– Xeyr. Şüşə də qalsın. 


 
24
Xidmətçi məcməyini stolun üsütünə qoyub, ikinci dəfə gözucu çarpayıya baxdı, o 
dəqiqə də çıxıb getdi. Ravik şüşəni götürüb qədəhləri doldurdu. 
– İçin, – dedi, – kömək eləyəcək. 
– Elə bilirdi, qadın içmək istəməyəcək, o da başlayacaq dilə tutmağa. Ancaq qadın 
tərəddüd eləmədən qədəhi başına çəkdi. 
– Onun çamadanlarında sizə lazım olan şey var? 
– Xeyr. 
– Elə şey ki saxlamaq istəyirsiniz? Lazımınız olar. Bəlkə, bir də baxasınız? 
– Xeyr, heç nə yoxdur. Dəqiq bilirəm. 
– Balaca çamadanda da? 
– Bəlkə də, var. Bilmirəm… 
Ravik çamadanı götürdü, onu pəncərənin yanındakı stolun üstünə qoyub açdı. Bir-
iki şüşə, alt paltarı, qeyd dəftərçələri, bir qutu yağlı boya, fırça, bir də kitab… 
İkinci gözdə parusin qovluq və nazik kağıza bükülmüş pul vardı. Ravik kağızı işığa 
tutdu. 
– Yüz dollardır, – dedi, – götürün. Xeyli dolanmaq olar. Çamadanı da qoyaq sizin 
şeylərin yanına. O, sizin də ola bilər. 
– Təşəkkür edirəm. 
– Ola bilsin ki, indi bütün bunlar sizə iyrənc görünür. Ancaq belə lazımdır. İlk 
günlər üçün sizə lazımdır. 
– İyrənc görünmür. Ancaq mən bunları təkbaşına eləyə bilməzdim. 
Ravik qədəhləri doldurdu. 
– Bunu da için. 
Qadın bu dəfə yavaş-yavaş içdi. 
– İndi bir az yaxşı oldu? 
Qadın onun üzünə baxdı: 
– Nə yaxşı oldu, nə də pis. Heç fərq eləmədi. 
O, qaranlıqdan güclə seçilirdi. Hərdən küçədəki reklamların qırmızı işığı gah 
üzünə, gah da əllərinə düşürdü. 
– Nə qədər ki o, buradadır, heç nə haqda fikirləşə bilmirəm, – dedi. 
Sanitarlar adyalı götürüb, xərəyi çarpayıya yaxın çəkdilər. Sonra meyiti götürüb, 
onun üstünə qoydular. Onlar bunu çox cəld, işgüzarlıqla elədilər. Ravik qadına 
yaxın dayanmışdı ki, birdən huşunu itirər. Sanitarlar meyitin üzünü örtməmiş, 
əyilib kətilin üstündəki madonna fiqurunu götürdü, qadına göstərdi: 
– Deyəsən, sizinkidir. Götürmək istəmirsiniz? 
– Xeyr. 
Ravik fiquru ona uzatsa da, qadın götürmədi. Ravik balaca çamadanı açıb, fiquru 
ora qoydu. 
Sanitarlar meyitin üzünə mələfə çəkdilər, xərəyi götürdülər. Qapı ensiz, dəhliz də 
dar idi. Onlar birtəhər sivişdirmək istədilər, ancaq alınmadı. Xərək ilişirdi. 
– Xərəksiz çıxarmaq lazımdır, – onlardan yaşlısı dilləndi. – Xərəkdə getməyəcək. – 
O, Ravikə baxdı. Ravik də qadına tərəf döndü: 
– Gedək aşağıda gözləyək. 
Qadın başını buladı. 
– Yaxşı, – Ravik sanitarlara tərəf döndü: – Necə lazımdırsa, elə də eləyin. 


 
25
Sanitarlardan biri meyitin ayağından, biri də başından yapışıb onu döşəmənin 
üstünə qoydular. Ravik nəsə demək istədi, qadının üzünə baxdı. O heç 
qımıldanmırdı. Ravik də dinmədi. Sanitarlar boş xərəyi apardılar. Təzədən qaranlıq 
otağa qayıdıb, meyiti də araqaranlıq dəhlizə çıxardılar. Pilləkənlərdən keçirmək 
üçün onu çox yuxarı qaldırası oldular. Meyitin ağırlığı onları tərlətmiş, 
pörtdürmüşdü. Ravik onlar aşağı düşənəcən gözlədi, sonra otağa qayıtdı. 
Qadın pəncərənin qabağında dayanıb, çölə baxırdı. Maşını küçədə saxlamışdılar. 
Sanitarlar meyiti elə tulladılar ki, elə bil, çörəkçi peçə çörək atdı, sonra da özləri 
mindilər. Motor uğuldadı, sanki kimsə torpağın altından qışqırdı və maşın döngədə 
gözdən itdi. 
Qadın geri döndü. 
– Gərək, aşağı düşəydiniz… – Ravik dilləndi. – Bunlara nahaq baxdınız. 
– Gedə bilməzdim. Ondan qabaq düşə bilməzdim. Məni başa düşürsünüz? 
– Bəli! Gəlin bir qədəh də için. 
– Xeyr! 
Polislə sanitarlar gələndə Veber işığı yandırmışdı. Meyit çıxandan sonra otaq, elə 
bil, böyümüşdü. Böyümüşdü və sanki, ölmüşdü. Deyərdin, meyit gedib, ölüm isə 
qalıb… 
– Bu mehmanxanada qalacaqsınız? Çox güman ki, qalmazsınız? 
– Xeyr. 
– Buralarda tanışınız var? 
– Xeyr, heç kəsim yoxdur. 
– Başqa mehmanxana yeri bilmirsiniz? Orada qalardınız… 
– Xeyr. 
– Yaxında balaca bir mehmanxana var, özü də buna oxşayır. Təmiz, sakit… Orada 
yer tapmaq olar. «Milan» mehmanxanasıdır… 
– O mehmanxana qalmaq olmaz? Orada… Siz qalan mehmanxanada? 
– «İnternasional»da? 
– Bəli… Mən… ora… Onu heç olmasa, bir az tanıyıram. Tamam yad olmaqdansa, 
bu yaxşıdır… 
– Ora qadın üçün yaxşı deyil. – «Bircə bu çatmırdı! – Ravik ürəyindən keçirdi. – 
Mənimlə bir mehmanxanada… Yox, mən qulluqçu deyiləm. Sonra da… Bəlkə, elə 
bilir, ona borcum var? Hə, belə də olur…» – Məsləhət görmürəm! – Bu sözlər 
istədiyindən kəskin alındı. – Ən yaxşısı «Milan»dır. Xoşunuza gəlməsə, 
dəyişərsiniz. 
Qadın onun üzünə baxdı. Ravikə elə gəldi ki, nə fikirləşdiyini o duydu, ona görə də 
xəcalət çəkdi. Ancaq belə yaxşıdır. Sonralar rahat olmaq üçün bir anlıq xəcalətin 
eybi yoxdur. 
– Yaxşı, – qadın razılaşdı, – düz deyirsiniz. 
Ravik çamadanları düşürtdürüb taksiyə qoydu. «Milan»a bir-iki dəqiqəlik yol idi. 
Ravik bir otaq alıb, qadınla yuxarı qalxdı. İkinci mərtəbədə divarlarına qızılgüllü 
kağız çəkilmiş otaqdır. İçəridə bir çarpayı, şkaf, stol və iki stul qoyulmuşdu. 
– Bəs eləyər? – Ravik soruşdu. 
– Bəli, çox yaxşıdır. 
Ravik qızılgüllü kağızlara baxdı. Bunlar adamı lap vahiməyə salırdı. 


 
26
– Deyəsən, həmişə işıqlı olur. İşıqlı, təmiz… 
– Elədir… 
Çamadanları gətirdilər. 
– Bax belə… İndi hər şey qaydasınca oldu. 
– Bəli, təşəkkür edirəm… Çox sağ olun! 
Qadın çarpayıda oturdu. Rəngi avazımışdı. 
– Yatmaq lazımdır. Yata biləcəksiniz? 
– Çalışaram. 
Ravik cibindən uzunsov alümin qutu çıxartdı, silkələyib bir-iki həb götürdü. 
– Yuxu dərmanıdır. Bir stəkan su ilə içərsiniz. İndi içirsiniz? 
– Xeyr, sonra içərəm. 
– Yaxşı, mən gedirəm. Sabahda, birisi gündə dəyərəm. Çalışın ki, tez yatasınız. Bu 
da dəfnetmə bürosunun ünvanı, lazım olar. Ancaq ora getməyin. Özünüz barədə 
düşünün. Gəlib dəyəcəyəm… – Ravik bir anlığa tərəddüd etdi. – Adınız nədir? 
– Madu. Joan Madu. 
– Joan Madu. Yaxşı, yadımda qalar. 
Ravik bilirdi ki, nə yadda saxlayacaq, nə də gəlib dəyəcək. Və bunu bildiyi üçün də 
özünü sındırmaq istəmədi: 
– Yaxşısı budur, yazım, – deyə cibindən resept yazdığı dəftərçəni çıxardı. – 
Buyurun, bəlkə özünüz yazasınız? Bu daha yaxşı olar. 
Qadın dəftərçəni alıb, adını yazdı. Ravik vərəqə baxdı, sonra onu cırıb paltosunun 
qoltuq cibinə qoydu. 
– Tez yatın, – dedi, – sabah hər şey düzələcək. Düzdür, bir az mənasız və gülünc 
görünür, ancaq, əslində, belə lazımdır. İndi sizin üçün ən vacibi yatmaq və bir az 
da vaxt qazanmaqdır. Özünüzü ələ almaq üçün bir az vaxt lazımdır. Bunu başa 
düşürsünüz? 
– Bəli, bilirəm. 
– Həbləri atın, uzanın. 
– Oldu! Təşəkkür edirəm. Çox sağ olun. Heç bilmirəm siz olmasaydınız, nə 
edərdim. Doğrudan, bilmirdim. 
Qadın əlini ona uzatdı. Əli soyuq olsa da, möhkəm idi. «Pis deyil, – Ravik 
ürəyindən keçirdi. – Qətiyyətin ilk əlaməti var». 
Ravik küçəyə çıxdı. Sərin, nəm havanı ciyərlərinə çəkdi. Yenə maşınlar, insanlar, 
tinlərdə dayanan fahişələr, pivəxanalar, bistrolar, tütün, benzin qoxusu, gündən-
günə laxlayan vəfasız həyat… Geri dönüb, binaya baxdı. Bir neçə pəncərədən işıq 
gəlirdi. Qadın indi onlardan hansınınsa qarşısında oturub, gözlərini məchul bir 
nöqtəyə zilləmişdi. Ravik onun adı yazılmış kağızı cibindən çıxarıb cırdı, havaya 
sovurdu. Unutmaq! Sözə bax! Onda dəhşətlər də var, təsəlli də, vahimə də! Kim 
unutmasa yaşaya bilər? Elə adam da tapılarmı, istədiklərinin hamısını unuda 
bilsin? Onda xatirələrin qəlpələri ürəkləri parça-parça eləməzmi? Adam o vaxt 
azad olur ki, uğrunda yaşadığı şeylərin hamısını itirir… 
Etual meydanına tərəf getdi. Ora çoxlu adam yığışmışdı. «Zəfər tağı»nın arxa 
tərfində projektorlar yandırılmışdı. Onlar naməlum əsgərin məzarını işıqlandırırdı. 
Məzarın başı üzərindəki mavi, ağ-qırmızı bayrağı külək dalğalandırırdı. 1918-ci il 
sülh müqaviləsinin XX ildönümü idi. 


 
27
Səma tutqundu və projetorların gur işığı bayrağın qaramtıl kölgəsini qoynuna alıb, 
ənginlikdə sürünən buludlara çırpırdı. Elə bil, göydən, qaranlığın yavaş-yavaş 
qatılaşdığı yerdən cırıq-cırıq olmuş bir bayraq sallanırdı. Hardasa hərbi orkestr 
çalır, səsi də çox zəif, ölgün çıxırdı. Heç kəs oxumurdu. Hər şey sükuta qərq 
olmuşdu. 
– Sülhə bax! – Ravikin yanında dayanmış bir qadın dilləndi. – Ərim axırıncı 
müharibədə öldü. İndi də növbə oğlumundur. Bu da onların sülhü. Kim, bilir hələ 
nələr olacaq… 
 
                                                                            IV 
 
Çarpayının başından asılmış hərarət cədvəli təzə və boş idi. Təkcə adı yazılmışdı. 
Lüsyen Martine. Büt Şamon, Klavel küçəsi. 
Qızın solğun bənizi yastıqdan güclə seçilirdi. Dünən gecə təşrih olunmuşdu. Ravik 
əyilib ehtiyatla onun ürəyinə qulaq asdı, sonra dikəldi: 
– Bir az yaxşıdır, – dedi, – vurulan qan, deyəsən, balaca bir möcüzə yaratdı. 
Sabaha kimi dözsə, yaşaya bilər. 
– Çox yaxşı! – Veber sevindi. – Təbrik edirəm. Ümidsiz idi. Nəbzi 140, qan təzyiqi 
80… Kofein, koramin… Lap az qalmışdı. 
Ravik çiyinlərini çəkdi: 
– Burada təbriklik bir şey yoxdur. Sadəcə olaraq, bu, o birindən tez gəlmişdi. 
Ayağında zəncir olanı deyirəm. Vəssalam…– O, qızın üstünü örtdü. – Bu həftədə 
ikinci hadisədir. Belə getsə, Büt Şamonda uşaq xaric etdirənlər üçün təzə xəstəxana 
açmalı olacaqsınız. O birisini də oradan gətirməmişdilər? 
Veber başını tərpətdi: 
– Bəli, Klavel küçəsindən… Deyəsən, tanış imişlər, ikisi də eyni mamaçanın 
yanına gedib. Bu da o biri kimi axşamçağı gəldi. Yaxşı ki, sizi mehmanxanada tapa 
bildim. Qorxurdum, tapmayam… 
Ravik ona baxdı: 
– Mehmanxanada yaşayan adamı evdə tapmaq çox vaxt çətin olur, Veber. Xüsusilə 
noyabr ayında mehmanxanada ürəkaçan heç nə olmur. 
– Təsəvvür edirəm. Bəs onda niyə mehmanxanada qalırsınız? 
– Rahatdır, sözsüz-sovsuzdur. Həm təksən, həm də yox… 
– Özünüz belə istəyirsiniz? 
– Bəli. 
– Bunu başqa yerdə də eləmək mümkündür. Balaca bir mənzil tutsanız, orada da 
belə yaşamaq olar. 
– Bəlkə də, elə elədim, – Ravik təzədən qıza tərəf əyildi. 
– Düz demirəm, Ejeni? – Veber əl çəkmədi. Tibb bacısı ona baxdı: 
– Müsyö Ravik bunu heç vaxt eləməyəcək, – deyə soyuq tərzdə dilləndi. 
– Doktor Ravik, Ejeni, – Veber onun səhvini düzəltdi. – O, Almaniyada böyük bir 
xəstəxananın baş cərrahı olub. Məndən də böyük adam imiş. 
– Burada isə… – tibb bacısı eynəyini düzəltdi. 
– Yaxşı, yaxşı, bilirik. Burada hökumət xarici diplomlara inanmır. Axmaqlıqdır! 
Bəs haradan bilirsiniz ki, o, mənzil tutmayacaq? 


 
28
– Müsyö Ravik gələcəyi olmayan adamdır, heç vaxt özünə ev qurmayacaq. 
– Necə? – Veber lap çaşdı. – Nə danışırsınız? 
– Müsyö Ravik üçün dünyada müqəddəs heç nə yoxdur. Ona görə… 
– Tamamilə düzdür! – Ravik başını çarpayıdan qaldırmadan dilləndi. 
– Özü belə deyib? – Veber diqqətlə qızı baxdı. 
– İnanmırsınız, özündən soruşun, doktor Veber. 
Ravik dikəldi: 
– Lap orta xala vurdunuz, Ejeni! Ancaq bu gün kimin üçün dünyada müqəddəs heç 
nə qalmayıbsa, sabah hər şey təzədən onun üçün müqəddəsləşəcək, ülviləşəcək, 
hətta allahın soxulcanı da yaşadan, onu hərdənbir yer üzünə çıxmağa məcbur 
eləyən adicə həyat həvəsinə də səcdə edəcək. Elə bilməyin ki, nəyəsə işarə 
vururam, Ejeni! 
– Siz mənə işarə vura bilməzsiniz, çünki əqidəniz yoxdur. – Ejeni əsəbi halda ağ 
xalatının yaxasını düzəltdi. – Allaha çox şükür ki, mənim əqidəm var. 
Ravik paltosunu götürdü. 
– Əqidə adamın gözünü tez tutur. Ona görə də bütün dinlər çox qana bais olub. – 
O, kinayə ilə güldü: – Dözüm də şübhənin qızıdır, Ejeni. Gəlin görək hansımız 
hansımıza daha çox nifrət edirik? Əqidəli sizmi, yoxsa əqidəsiz, miskin mənmi? 
Əlbəttə, əqidəli siz! 
Veber güldü: 
– Payınızı aldınız, Ejeni?! Cavab qaytarmayın, yoxsa lap betərini eşidərsiniz! 
– Mənim qadınlıq ləyaqətim… 
– Yaxşı, yaxşı, – Veber onun sözünü kəsdi. – Öz əqidənizdə qalın. Elə yaxşıdır. 
İndisə mən getməliyəm, qəbul otağında işim var. Gəlin, Ravik. Hələlik, Ejeni. 
– Hələlik, doktor Veber. 
– Hələlik, tibb bacısı Ejeni, – Ravik də sağollaşdı. 
Ejeni, Veber çevrilib tərs-tərs ona baxandan sonra ağızucu dilləndi: 
– Hələlik…  
Veberin qəbul otağı ağzına kimi qədimi, qızıl haşiyəli, kövrək mebellə dolu idi. 
Yazı stolunun üzərindən evi ilə bağının şəkli asılmışdı. Divarın yanında enli, 
müasir dəbli divan-taxt qoyulmuşdu. Gecələr burada qalmalı olanda Veber onun 
üstündə yatırdı. Xəstəxana onunku idi. 
– Nə içəcəksiniz Ravik? Konyak, yoxsa «Dübene»? 
– Olsa, qəhvə içərdim. 
– Əlbəttə, var. – Veber elektrik qəhvədanı yazı stolunun üstünə qoyub, çəngələni 
taxdı. Sonra Ravikə tərəf döndü: – Günortadan sonra mənim əvəzimə «Oziris»ə 
gedə bilərsiniz? 
– Sözsüz. 
– Çətin olmaz ki? 
– Zərrə qədər… Onsuz da boşam. 
– Lap yaxşı, bir də durub oraya getmərəm. Əvəzində bir az bağda işləyərəm. 
Faşondan xahiş edərdim, ancaq məzuniyyətdədir. 
– Nahaq yerə! Həmişə mən getməmişəm? 
– Elədir, ancaq… 
– İndi «ancaq» yoxdur. Xüsusilə mənim kimisi üçün… 


 
29
– Bəli, lap axmaqlıqdır! Belə qızıl əlləri olan adamın işləməyə ixtiyarı yoxdur, 
onun-bunun əvəzinə cərrahlıq eləyir, üzə çıxa bilmir! 
– Lazım deyil, Veber. Bu, köhnə söhbətdir. Almaniyadan qaçan bütün həkimlərin 
vəziyyəti belədir. 
– Hər halda, çox gülüncdür. Siz Düranın əvəzinə ən çətin təşrihləri eləyirsiniz, o da 
ad qazanır. 
– Özü eləməkdənsə, bu, yaxşıdır. 
– Gərək, mən də danışmayam. Axı, mənim əvəzimə də eləyirsiniz. Ancaq mən 
qadın həkimiyəm, cərrah deyiləm.  
Qəhvədan fışıldamağa başladı. Veber onu söndürdü, şkafdan iki fincan götürüb 
qəhvə süzdü. 
– Bircə şeyi başa düşmürəm, Ravik, – dedi, – siz bu miskin «İnternasional»da nə 
tapmısınız ki, oradan çıxa bilmirsiniz? Niyə Bulon meşəsi tərəfdəki təzə evlərdən 
birində mənzil tutmursunuz? Haradan olsa, bir-iki ucuz mebel tapa bilərsiniz. Heç 
olmasa bilərsiniz, nəyinizsə var. 
– Bəli, bilərdim, nəyim var… 
– Bəs onda niyə eləmirsiniz? 
Ravik qəhvədən bir qurtum içdi. Çox acı və tünd idi. 
– Veber, – dedi, – siz zəmanəmizin xəstəliyinə ən yaxşı misalsınız. «Aydın 
düşünmək» xəstəliyini deyirəm. Həm təəssüflənirsiniz ki, mən açıq işləyə 
bilmirəm, həm də soruşursunuz, niyə ev tutmuram. 
– Bunların bir-birinə nə dəxli? 
Ravik səbrlə güldü. 
– Ev tutmalı olsam, gərək, polisə xəbər verəm. Onda da pasport, viza lazım 
gələcək. 
– Düz deyirsiniz, bu, mənim ağlıma gəlməmişdi. Bəs mehmanxanada lazım 
gəlmir? 
– Gəlmir… Ancaq, Allaha şükür ki, Parisdə bəzi mehmanxanalar elə şeyə çox fikir 
vermir. – Ravik qəhvəsinə konyak atdı. – Onlardan biri də «İnternasional»dır. 
Buna görə də orada qalıram. Heç bilmirəm, sahibkar bunu necə eləyir. Deyəsən, 
yaxşı əlaqələri var. Ya, doğrudan, polisin xəbəri yoxdur, ya da özləri ört-basdır 
eləyir. Hər halda, mən çoxdandır rahatca orada qalıram. 
Veber geri söykəndi: 
– Ravik, – dedi, – bunlardan xəbərim yox idi. Elə bilirəm, təkcə işləmək 
qadağandır. Çox pis vəziyyətdir. 
– Almaniyadakı həbs düşərgəsi ilə müqasiyədə isə cənnətdir. 
– Bəs polis? Birdən gəlib yoxlasa? 
– Tutsalar, bir-iki həftə həbsxanada saxlayıb, ölkədən çıxaracaqlar. Çox vaxt 
İsveçrəyə göndərirlər. İkinci dəfə tutulanda isə altı ay həbs cəzası kəsilir. 
– Nə qədər? 
– Altı ay. 
– Ola bilməz! Bu ki vəhşilikdir! 
– Öz başıma gələnə kimi, mən də elə bilirdim. 
– Necə yəni öz başıma gələnə kimi? Başınıza gəlib ki? 


 
30
– Ço.. o... x! Üç dəfə. Yüzünün başına gələn şeydir. Bunlardan xəbərim 
olmayanda, humanizm deyilən şeyə inanan vaxtı gəlib. İspaniyaya getməmişdən 
qabaq – onda mənə heç pasport da lazım deyildi, – alman və italyan pilotlarından 
ikinci humanizm dərsini aldım. Sonralar, bir dəfə də buraya qayıdanda olub. 
Əlbəttə, onda hər şeyi bilirdim.  
– İlahi! – Veber ürəyində nəyisə hesabladı. – Demək, düz bir il heç nəyə görə 
həbsxanada qalmısınız. 
– Az qalmışam. İkicə ay… 
– Necə yəni? Özünüz demədiniz, ikinci dəfə tutulanda altı ay verirlər? 
Ravik gülümsədi: 
– Axı adam təcrübə toplayandan sonra ikinci dəfə olmur. Bir adla qovurlar, başqa 
adla qayıdırsan. İmkan daxilində, sərhədi başqa yerdən keçirsən. Onda ikinci dəfə 
olmur. Sənədimiz olmadığına görə yalnız şəxsən tanıyan adamın əlinə düşəndə, 
ikinci dəfə olduğunu sübut edirlər. O da təsadüfən olar. Ravik mənim artıq üçüncü 
adımdır. İki ilə lap az qalır. O vaxtdan heç nə olmayıb. Deyəsən, mənə düşür. Buna 
görə də ona məhəbbətim gündən-günə artır. Həqiqi adımı isə, demək olar ki, 
unutmuşam. 
Veber başını buladı: 
– Hamısı da ona görə görədir ki, nasist deyilsiniz! 
– Əlbəttə, nasistlərin daşdan keçən sənədləri olur, hara istəsələr, viza alırlar.  
– Əcəb dünyada yaşayırıq. Hökumətin də vecinə deyil... 
– Hökumətin də başı milyonlarla işsizə qarışıb. Özü də təkcə Fransada belə deyil 
ki! Hər yerdə eyni vəziyyətdir. – Ravik qalxdı. – Hələlik, Veber. İki saata qayıdıb 
qıza baş çəkərəm. Bir dəfə də gecə gələrəm. 
Veber onunla qapıya qədər gəldi. 
– Bura baxın, Ravik, bir axşam da bizə gəlin, birlikdə şam eləyək. 
– Mütləq! – Ravik dəqiq bilirdi ki, getməyəcək. – Bir gün gələrəm. 
– Hələlik, Ravik. Mütləq gəlin! 
Ravik qabağına çıxan ilk bistroya girdi. Pəncərəyə yaxın oturdu ki, küçəni görə 
bilsin. Heç nə fikirləşmədən burada oturub küçədən keçənlərə baxmağı xoşlayırdı. 
Paris elə şəhər idi ki, heç nəsiz vaxtını istədiyim kimi keçirə bilərdin. 
Xidmətçi stolu silib sifariş gözlədi. 
– Bir qədəh «Perno» gətirin. 
– Su da verim, müsyö? 
– Xeyr, dayanın. – Ravik nəsə fikirləşdi. – «Perno» lazım deyil. 
Özünü birtəhər hiss eləyirdi, bundan yaxasını qurtarmalı idi, sanki, boğazına nəsə 
ilişib qalmışdı. Bu şirin alma arağı ona heç nə eləyə bilməzdi. 
– Bir qədəh kalvados gətirin, – dedi, – iri qədəhdə. 
– Baş üstə, müsyö. 
Onu sıxan Veberin dəvəti, bu dəvətdəki halıyananlıq idi. Veberin, heç olmasa, 
bircə dəfə ona ev şəraitində oturmağa imkan yaratmaq arzusu idi! Fransızlar 
təsadüfi hallarda dostlarını evə dəvət edərlər. Adətən, restorana aparırlar. O, hələ 
Vebergildə olmamışdı. Veber bunu yaxşılıq mənasında eləmişdi, ancaq Ravik 
başqa cür qəbul elədi. Kimsə səni təhqir eləyəndə, cavabını verirsən, mərhəmət 
göstərəndə isə qalırsan belə... 


 
31
Alma arağından bir qurtum aldı. Nə üçün «İnternasional»da qaldığını Veberə dedi? 
Lazım deyildi... Veber ona lazım şeylərin hamısını bilirdi. Bilirdi ki, Ravik burada 
cərrahlıq eləyə bilməz, bu da bəsi idi. Onu öz yanına götürməsi də öz işi idi. 
Bundan yaxşıca qazanırdı, elə təşrihlərə boyun olurdu ki, onları təkbaşına eləyə 
bilməzdi. Heç kimin də bundan xəbəri olmurdu. Bir o bilirdi, bir də tibb bacısı. O 
da heç kəsə deməzdi. Duranla da belə işləyirdi. Orada bir az başqa cür eləyirdilər. 
Təşrih zamanı Duran bihuşdarı təsir eləyənə kimi xəstənin yanında tək olurdu. 
Sonra Ravik gəlib işə başlayırdı. Belə təşrihləri eləməyə qoca Düranın gücü 
çatmazdı. Xəstə ayılanda başı üzərində vüqarla dayanmış Düranı görürdü. Ravik 
gələndə xəstənin üzü örtülü olurdu. Təkcə bədənin təşrih üçün yol çəkilmiş yeri 
görünürdü. Çox vaxt kimi təşrih elədiyini də bilmirdi. Düran diaqnozu deyir, o da 
yarırdı. Aldığı pulun heç onda birini də Ravikə vermirdi. O da dillənmirdi. Boş 
qalmaqdansa, belə sərfəli idi. Veberlə münasibətləri, buna baxanda, yaxşı idi. O, 
dörddə birini verirdi. Veber əsl centlmen idi! 
Ravik pəncərədən baxdı. Daha neyləyəcəkdi? Ona qalan bircə bu idi. Yaşayırdı, 
bəsi idi. Bir dünyada ki hər şey gəldi-gedərdi, bu gün tikdiyin sabah yerlə-yeksan 
olur, orada nəsə eləməyə dəyərmi? Yaxşısı budur ki, əl-ayağını boş qoyasan, həyat 
səni hara aparır, gedəsən, gücünü qoruyub saxlayasan, çünki o, yeganə şeydir ki, 
əvəzi yoxdur. Nə vaxtsa, haradasa bir məqsədin olana kimi dözəsən. Nə qədər az 
güc sərf eləsən, o qədər yaxşıdır, sonralar lazım olur... Belə qarmaqarışıq dünyada 
qarışqa kimi özünə rahat yuva qurmaq istəyən adamların axırını çox görmüşdü. Bu, 
adamın ürəyini riqqətə gətirirdi, əsl qəhrəmanlıq kimi görünürdü, amma axırı da 
olmurdu. Onda bütün ümidlər boşa çıxırdı. Yayından çıxmış oxu saxlamaq olmaz. 
Kim tutmaq istəsə, ona dəyəcək! Yaxşısı budur, gözləyəsən, vaxtı çatanda 
itirdiklərini bir-bir axtarıb tapasan. Uzaq yola çıxırsansa, yükünü yüngül elə! 
Didərgin düşəndə də... 
Ravik saatına baxdı. Lüseyn Martinenin yanına getmək vaxtı çatmışdı. Sonra da 
«Oziris»ə gedəsi idi... 
«Oziris»in qızları yığışıb onu gözləyirdi. Bələdiyyə idarəsinin həkimi onları vaxtlı-
vaxtında yoxlayırdı. Ancaq fahişəxana sahibi bununla kifayətlənmirdi. İstəmirdi ki, 
kimsə burada yoluxsun, ona görə də özü Veberlə ayrıca müqavilə bağlamışdı, 
Veber də hər cümə günü gəlib yoxlayırdı. 
Bəzən onun əvəzinə Ravik gəlirdi... 
Fahişəxana sahibi birinci mərtəbədə müayinə üçün xüsusi otaq ayırmış, lazım olan 
hər şeyi qoydurmuşdu, çox da fəxr eləyirdi ki, son bir ildə heç kəs burada xəstəlik 
tapmayıb. Ancaq əvəzində, qızlar nə qədər ehtiyatla tərpənsələr də, on yeddi 
müştəri özü ilə buraya zöhrəvi xəstəlik keçirə bilmişdi. 
Qızların dayəsi Rolanda bir şüşə «Brendi», qədəh gətirib Ravikin yanına qoydu və 
dedi: 
– Deyəsən, Martada nəsə var. 
– Yaxşı, onu diqqətlə yoxlayaram. 
– Dünən işləməyə qoymamışam. Əlbəttə, boynuna almır, ancaq paltarı... 
– Oldu, Rolanda. 
Qızlar növbə ilə bircə köynəkdə gəlirdilər. Ravik, demək olar ki, hamısını 
tanıyırdı. İkicə nəfəri təzə idi... 


 
32
Leona adlı qırmızısaç qız dedi: 
– Məni yoxlamaq lazım deyil, doktor. 
– Niyə? 
– Bu həftə müştərim olmayıb. 
– Bəs madam buna necə baxır? 
– Heç nə demir. Ancaq çoxlu «Şampan» şərabı satmışam. Tuluzdan üç tacir 
gəlmişdi. Evli idilər. Üçü də istəyirdi, ancaq bir-birindən çəkinirdilər. Qorxurdular 
ki, hansı mənimlə getsə, o birilər evdə deyər. Ona görə də bir-birini kefləndirmək 
istəyirdilər. Üçü də elə bilirdi ki, axıra o, ayıq çıxacaq. – Qız gülərək tənbəl-tənbəl 
saçını düzəltdi. – Sonra elə oldu ki, axıra ayıq çıxanı da yerindən dura bilmədi. 
– Lap yaxşı. Ancaq, hər halda, baxmaq lazımdır. 
– Elə vacibdirsə, buyurun. Siqaretiniz var, doktor? 
– Bəli, buyurun.  
Ravik qızın ətini çərtib, şüşəni ora sürtdü. Sonra mikroskopla ona baxdı.  
– Mən bir şeyə başa düşə bilmirəm. Bilirsiniz nəyi? – Leona Ravikin necə 
işlədiyinə xeyli baxandan sonra dilləndi. 
– Nəyi? 
– Bütün bunlardan sonra, siz qadınla necə yata bilirsiniz? 
– Heç özüm də bilmirəm. Səndə heç nə yoxdur, gedə bilərsən. Növbə kimindir? 
– Martanın. 
Marta girdəsifət, sarışın bir qız idi. Rəngi saralmışdı. Üzdən rəssam Bottiçellinin 
məlakələrinə oxşayırdı, ancaq Blondel küçəsi şivəsində danışırdı. 
– Məndə heç nə yoxdur, doktor. 
– Lap yaxşı. İndi baxarıq. 
– Doğru sözümdür, heç nə yoxdur. 
– Daha yaxşı. 
Bu anda Rolanda içəri girdi, Martaya baxdı. Qız o dəqiqə susdu, qurcuxa-qurcuxa 
Ravikə baxdı. Ravik onu çox diqqətlə müayinə etdi. 
– Görürsünüz, doktor, heç nə yoxdur. Özünüz bilirsiniz ki, mən çox ehtiyatlıyam. 
Ravik dinmədi. Qız isə hey danışır, kəkələyir, təzədən başlayırdı. Ravik onun ətini 
çərtib, qanını da yoxladı. 
– Sən xəstəsən, Marta, – dedi. 
– Nə? – Qız dik atıldı. – Ola bilməz! 
– Elədir... 
Qız onun üzünə baxdı, birdən barıt kimi açıldı, nə qədər söyüş bilirdisə, yağdırdı: 
– Əclaf! Əclaf köpək oğlu! Əvvəlcə inanmadı. İblis imiş! Dedi ki, guya, tələbədir, 
elə şey olsa, bilər, tibb fakültəsində oxuyur... Ay əclaf! 
– Bəs niyə qoyurdun? 
– Qoyurdum ki? Hər şey bircə anda oldu. Dedi ki, tələbədir... 
Ravik başını buladı. Köhnə söhbət idi... Tibb fakültəsinin tələbəsi süzənək 
xəstəliyinə tutulur, özü özünü müalicəyə başlayır. İki həftədən sonra 
yoxlatdırmadan deyir ki, sağaldım... 
– Nə qədər çəkəcək, doktor? 
– Altı həftə. – Ancaq bilirdi ki, daha çox çəkəcək. 
– Altı həftə? 


 
33
Demək, altı həftə pulsuz qalacaq! Görəsən, xəstəxanaya göndərəcəklər? 
– Xəstəxanada yatmalıyam? 
– Baxarıq. Bəlkə, sonralar evdə müalicə eləyəsi olduq. Bu şərtlə ki, söz verəsən... 
– Söz verirəm! Təki xəstəxanaya göndərməyin! 
– Əvvəlcə bir az yatmaq lazımdır. Başqa cür olmaz. 
Qız yazıq-yazıq Ravikin üzünə baxdı. Bütün fahişələr xəstəxanadan qorxurdu. 
Orada nəzarət çox ciddi idi. Başqa cür də ola bilməzdi. Evdə qalanda, söz versələr 
də, bir-iki gündən sonra gizlicə çıxıb, özlərinə pul qazanmaq, yoluxdurmaq üçünsə 
kişi axtarırdılar. 
Ravik onu sakitləşdirmək istədi: 
– Xərcini madam özü verəcək. 
– Bəs mən? Altı həftə pulsuz qalacağam. Özümə yenicə tülkü dərisindən palto 
almışdım. Pulunu az-az verirdim. Vaxtı keçəcək... Hər şey bitdi... – O ağladı. 
– Gəl, Marta, – Rolanda dilləndi.  
– Məni bir də götürməyəcəklər! Bilirəm... – Marta hıçqırmağa başladı. – Bundan 
sonra götürməyəcəklər! Heç vaxt götürməzlər... Küçələrdə qalacağam... Hamısını 
o əclaf elədi... 
– Götürəcəyik. Sən çox xeyir verirdin. Müştərilərin səndən xoşu gəlir. 
– Doğrudan? – Marta başını qaldırdı. 
– Əlbəttə! Gəl, gəl... 
Marta Rolanda ilə getdi. Ravik onların arxasınca baxdı. Onu daha 
götürməyəcəklər! Madam işini çox ehtiyatla tutan adam idi. Onun yeri, uzaqbaşı, 
Blondel küçəsindəki ucuz fahişəxanalar ola bilərdi. Sonra küçə fahişəsi... Lap 
sonrası narkoman, xəstəxana, gül, ya da siqaret alveri... Bəxti gətirsə, bəlkə də, 
müftəxor bir oğraşa rast gələcək, o da bunu döyəcək, hesabına bir az yaşayandan 
sonra it kimi qovacaq... 
«İnternosional» mehmanxanasının yeməkxanası zirzəmidə idi. Buna görə də 
sakinləri ona «katakomba» deyirdilər. Gündüzlər həyətə baxan pəncərələrin qalın, 
tutqun şüşəsindən içəri zəif işıq süzülürdü. Qışda isə, gərək, həmişə lampa 
yandırılaydı. Bura, eyni zamanda, papiros çəkmək, yazı yazmaq, iclas keçirmək 
üçün zal, həm də sənədi olmayan mühacirlərin ehtiyat yolu idi. Polis gələndə, onlar 
buradan həyətdəki qaraja keçir, oradan da küçəyə çıxırdılar.  
Ravik «Şəhrizad» adlı gecə barının qapıçısı Boris Morzovla «katakomba»nın 
küncündə oturmuşdu. Sahibə buranın adını «Palma zalı» qoymuşdu. Nazik qıçlı 
stolun üstündəki çəlləkdə əkilmiş palma qurumuş, yarpaqları saralmışdı, lap axır 
nəfəsi idi... Morzov on beş il idi ki, Parisdəydi. Birinci Dünya müharibəsindən 
qaçaq düşmüşdü və «mən qvardiya zabiti olmuşam», «zadəgan nəslindənəm» – 
deyə öyünən ruslardan deyildi. 
Onlar şahmat oynayırdılar. «Katakomba» tamam boş idi, təkcə bir stolun arxasında 
adamlar oturmuşdular. Onlar da içir, ucadan danışır, bütün vaxtı sağlıq deyirdilər. 
Morozov əsəbiləşərək onlara baxdı: 
– Bəlkə, sən biləsən, Ravik, bu, nə səs-küydür? O mühacirlər niyə gedib yatmırlar? 
Ravik güldü: 
– O gündə oturan mühacirlərlə əlaqəm yoxdur. Ora mehmanxananın faşist 
bölməsidir. 


 
34
– İspanlardır? Axı sən orada olmusan, elə deyil? 
– Elədir. Ancaq onların tərəfində deyildim. Bir də ki, mən həkim kimi olmuşam. 
Bunlar faşist cildinə girmiş monarxistlərdir. O, təşkilatın tör-töküntüsüdür. Çoxu 
qayıdıb gedib, bunlar isə hələ qəti qərara gələ bilməyənlərdir. Deyirlər, Franko çox 
kobuddur. Vaxtilə ispanları qırıb-çatan marvarlar isə veclərinə deyil. 
Morozov fiqurları düzdü: 
– Çox güman ki, onlar indi Gernikanın vəhşicəsinə bombardman edilməsini, ya da 
italyan, alman pulemyotlarının şaxtaçılar, kəndlilər üzərindəki «qələbə»sini qeyd 
edirlər. Bu qoçaqları birinci dəfədir burada görürəm. 
– Çoxdan buradadırlar. Ona görə ki, burada çörək yemirsən. 
– Özün burada yeyirsən? 
– Xeyr.  
Morozov irişdi: 
– Yaxşı, – dedi, – mənim növbəti sualımdan da, sənin verəcəyin cavabdan da yan 
keçək. Çünki bilirəm, ikimizin də xətrimizə dəyəcək. Mənə nə dəxli, istəyir lap 
burada doğulmuş olsunlar, bir az yavaş danışsınlar. Hə, oyandım, bu da gözəl 
qədim vəzir qambiti... 
Ravik də vəzir piyadasını irəli çəkdi. İlk gedişləri çox tez elədilər. Sonra Morzov 
fikirləşməyə başladı: 
– Burada Alyoxin variantı var... 
İspanlardan biri onlara tərəf gəldi. Gözləri az qala bir-birinin içində idi. Stolun 
yanında dayandı. Morozov narazılıqla onu süzdü. İspan güclə ayaq üstə dururdu. 
– Cənablar, – deyə o, nəzakətlə sözə başladı. – Polkovnik Qomes rica edir ki, 
onunla bir qədəh şərab içəsiniz. 
– Cənab, – Morozov da eyni nəzakətlə cavab verdi, – biz indi Parisin XVII 
Rayonunun çempionatını oynayırıq. Səmimi-qəlbdən təşəkkür edirik, ancaq hələ 
gələ bilməyəcəyik. 
İspan özünü o yerə qoymadı. Ravikə elə təntənə ilə müraciət etdi ki, deyərdin, II 
Filippin sarayındadır: 
– Siz bu yaxınlarda polkovnik Qomesə lütfkarlıq göstərmisiniz, ona görə də 
getməmişdə qabaq sizinlə bir qədəh içmək istəyir. 
– Oyundaşım sizə dedi ki, oyunu bu gün qurtarmalıyıq. Polkovnik Qomesə mənim 
təşəkkürümü yetirin. Çox təəssüf edirəm... 
İspan baş əyib getdi. Morozov qımışdı: 
– Lap təzə mühacirətə gələn ruslara oxşayır. Boğulan adam saman çöpündən 
yapışan kimi, onlar da ad-sanlarından, ədalarından yapışırlar. Sən o qottentota 
neyləmisən ki? 
– Bir dəfə ishal dərmanı yazmışam. Latın ölkələrində yeməyin tez həzm 
olunmasına çox fikir verirlər. 
– Pis deyil! – Morozov göz vurdu. – Bu, demokratların çoxdankı zəif cəhətidir. 
Həmin şəraitdə faşist demokrata əzab vermək üçün arsen yazardı.  
İspan təzədən qayıtdı. 
– Mənim adım baş leytenant Navarrodur, – o, çox içdiyini gizlətməyə çalışan 
adamlar kimi ağır-ağır danışırdı. – Polkovnik bu gecə Parisi tərk edir. 
Generalissimus Frankonun şöhrətli ordusunda xidmət üçün İspaniyaya qayıdır. 


 
35
Buna görə də sizinlə İspaniyanın azadlığı, İspaniya ordusu şərəfinə bir qədəh 
içmək istəyir. 
– Oberleytenant Navarro! – Ravikin cavabı çox qısa oldu. – Mən ispan deyiləm. 
– Bilirik! Siz almansınız. – Navarro müəmmalı bir təbəssümlə gülümsədi. – Elə 
buna görə də polkovnik sizinlə içmək arzusundadır. Almaniya ilə İspaniya dostdur. 
Ravik Morozova baxdı. Çox gərgin vəziyyət yaranmışdı. Morzovun dodaqları 
əsirdi: 
– Oberleytenant Navarro, çox təəssüflər olsun ki, doktor Raviklə bu partiyanı 
qurtarmalıyıq. Nəticə bu gün teleqrafla Nyu-Yorka və Kəlküttəyə çatdırılmalıdır. 
– Cənab, – Navarro soyuq tərzdə dilləndi. – Sizin imtina edəcəyinizi onsuz da 
bilirdik, Rusiya İspaniyanın düşmənidir. Əslində, dəvət təkcə doktor Ravikə aid 
idi. Onunla bir yerdə oturduğunuz üçün sizə də deməli olduq.  
Morozov udduğu atı iri, dərin ovcunda sıxaraq, Ravikə baxdı: 
– Bu oyunu qurtarmaq vaxtı deyil? 
– Elədir, – Ravik geri döndü. – Mənə elə gəlir, çıxıb getsəniz, daha yaxşı olar, 
cavan oğlan. Sovetlərin düşməni olan polkovnik Morozovu nahaq təhqir edirsiniz. 
– O cavab gözləmədən şahmat taxtası üzərinə əyildi. Navarro bir anlığa nə 
edəcəyini bilmədi, sonra aralandı. Ravik dedi: 
– Sərxoşdur. Bir də ki latın ölkələrindən olanların çoxu kimi, bunda da yumor hiss 
yoxdur. Ancaq bu o demək deyil ki, bizdə də olmasın. Ona görə də səni polkovnik 
elədim. Ancaq eşitdiyimə görə, miskin bir oberleytenant olmusan. Heç rəva 
görməzdim ki, rütbəcə Qomesdən aşağıda durasan. 
– Çox danışma, bala! Başım ona qarışdı, Alyoxin variantını düz oynamadım. 
Deyəsən, zabit əldən gedir. – Morozov başını qaldırdı – İlahi, biri də gəlir! Özü də 
başqa yavərdir. Nə sırtıq adamlardır!  
– Polkovnik Qomesin özüdür, – Ravik geriyə söykənib yerini rahatladı. – İndi iki 
polkovnikin mübahisəsi başlayacaq! 
– Özü də çox qısa olacaq, oğul bala! 
Polkovnik Navarrodan da quru idi. Morzovdan yavərinin səhvinə görə üzr istədi. 
Üzürxahlıq qəbul olundu. Lakin birdən, hər şey öz yoluna qoyulandan sonra, 
polkovnik xüsusi bir təntənə ilə barışıq əlaməti kimi Frankonun sağlığına badə 
qaldırmağı təklif etdi. Bu dəfə Ravik razılaşmadı. 
– Axı siz müttəfiq alman kimi... – Polkovnik lap karıxdı. 
– Polkovnik Qomes, – Ravik yavaş-yavaş hövsələdən çıxırdı. – Qoyun hər şey 
olduğu kimi qalsın. Kimin sağlığına istəyirsiniz için, mən isə şahmat oynayıram. 
Polkovnik bir anlığa fikrə getdi. 
– Demək, siz onda... 
– Yaxşısı budur, çox dərinə getməyin, – Morozov onun çözünü kəsdi. – Yoxsa, boş 
mübahisələr başlanacaq. 
Qomes lap pərt olmuşdu:  
– Ancaq siz gərək, ağqvardiyaçı, çar zabit kimi buna... 
– Heç nə eləməli deyilik! Biz vaxtı keçməmiş adamlarıq. Dünyagörüşümüz də 
başqadır, ancaq buna baxmayaraq, bir-birimizin başını yarmalı deyilik. 
Qomes, sanki, hər şeyi yenicə anlamağa başladı, özünü düzəltdi. 
– Aydındır!.. – qırıq-qırıq dedi. – Nərmanazik, demokratik... 


 
36
– Əzizim, iki gözüm, – Morozov birdən özündən çıxldı. – Rədd olun! Siz çoxdan 
rədd olub getməli idiniz! Düz İspaniyaya! Döyüşə! Yerinizə almanlarla italyanlar 
vuruşur! Xoş getdin! – O ayağa durdu. Polkovnik Qomes bir addım geri çəkildi, 
döyükə-döyükə Morozovun üzünə baxdı. Əsgərsayağı geri dönüb, öz stoluna tərəf 
getdi. Morozov təzədən oturub, köks ötürdü, xidmətçi qızı çağırdı: 
– Bizə iri qədəhlərdə iki kalvados gətirin, Klarisse. 
Qız başını tərpədib getdi. 
– Bu əsl əsgər dəyanəti oldu! – Ravik güldü. – Adam sərxoş olanda, adi düşüncə 
tərzi də, namus haqqındakı mürəkkəb təsəvvürlər də başa bəla olur. 
– Bilirəm... Odur, biri də gəlir. Bu lap kef oldu ki! İndi kimdir? Franko özü? 
Gələn Navarro idi. O, stolun iki addımlığında dayanıb üzünü Morozova tutdu: 
– Polkovnik Qomes sizi duelə çağıra bilmədiyinə çox təəssüflənir, çünki bu gecə 
Parisi tərk edir. Bir də onun getdiyi məqsəd polisdə get-gələ düşməkdən daha 
vacibdir. – Sonra Ravikə tərəf döndü: – Polkovnik Qomes verdiyiniz məsləhətin 
haqqını göndərib. – O, bükülü beşfranklığı stolun üstünə atıb getmək istədi. 
– Bircə dəqiqə! – Morozov onu saxladı. Həmin anda Klarisse, əlində məcməyi 
gəldi. Morozov kalvados qədəhlərindən birini götürüb ani nəzərdən keçirdi, başını 
bulayıb, təzədən yerinə qoydu, sonra stəkanların birini götürüb, içindəki suyu 
Navarronun üzünə atdı. – Bu, sizi ayıldar! – O, çox sakit danışırdı. – Gələcək üçün 
yadda saxlayın ki, pulu belə tullamazlar. İndi isə cəhənnəm olun! Balqabaq... 
Navarro heyrətindən donub qalmışdı. Sonra üz-gözünü sildi. Bu vaxt o biri ispanlar 
da gəldilər. Dörd nəfər idilər. Morozov yavaş-yavaş qalxdı. O, ispanların 
hamısından boyca uzundu. Ravik yerindən tərpənmir, Qomesə baxırdı:  
– Özünüzü gülünc vəziyyətə salmayın, – dedi,– heç biriniz ayıq deyilsiniz, heç nə 
də eləyə bilməyəcəksiniz. İkicə dəqiqənin içində xurd-xəşil olarsınız. Ayıq 
olsaydınız da, bir şey eləyə bilməzdiniz. – O, birdən ayağa durub, cəld Navarronun 
qolundan yapışdı, onu fırladıb Qomesə tərəf atdı. Qomes tez yana çəkildi. 
– İndi isə bizdən əl çəkin. Sizi çağırıb gətirməmişik, – deyə Ravik beş franklığı 
stolun üstündən götürüb məcməyiyə qoydu: – Bu da sizin olsun, Klarisse. O 
cənablar verir. 
– Birinci dəfədir, onlardan nəsə qoparıram. Çox sağ olun! 
Qomes ispanca nəsə dedi. Beşi də geri dönüb stollarına tərəf getdi. 
– Heyif! – Morozov dilləndi. – Bu qoçaqların dərsini yaxşıca verərdim. Ancaq 
sənə görə olmaz, ay yurdsuz-yuvasız yetim! Hərdən belələrinin cavabını verə 
bilməyəndə yanıb - tökülmürsən? 
– Belələri heç! Mənim işim başqaları ilədir. 
Küncdəki stoldan ispanca sözlər eşidildi. Onların beşi də ayağa qalxıb üç dəfə 
«Viva» (3) dedi. Qədəhləri cingilti ilə stolun üstünə qoyub, əsgəri addımlarla 
zaldan çıxdılar. 
– Az qaldı, bu cür gözəl kalvadosu onun üzünə çırpım, – Morozov qədəhi götürüb 
başına çəkdi. – İndi Avropada belələri ağalıq eləyir. Görəsən, biz də keçmişdə 
bunlar kimi balqabaq olmuşuq? 
– Olmuşuq... 
Onlar, təxminən, bir saat oynadılar. Birdən Morozov başını qaldırdı: 
– Çarlz gəlir, – dedi, – deyəsən, səninlə işim var. 


 
37
Ravik də başını qaldırdı. Növbətçinin yanıda əl buyruqçusu işləyən oğlan onlara 
tərəf gəlirdi. Əlində balaca bir bağlama vardı. 
– Bu, sizə çatacaq, – dedi. 
– Mənə? – Ravik bağlamaya baxdı. Lap balaca idi və nazik kağıza bükülüb 
sarınmışdı. Üstündə ünvan yazılmamışdı.  
– Mənə bağlama gələsi deyil, səhv düşüb. Kim gətirdi? 
– Bir qadın... xanım... – oğlan kəkələdi.  
– Qadın, yoxsa xanım? – Morozov soruşdu. 
– Belə... yəni həm ondan, həm də bundan... 
Morozov güldü: 
– Sən nə fərasətli oğlan imişsən! 
– Burada ad yazılmayıb. Özü dedi ki, mənə çatacaq? 
– Elə demədi... Ad çəkmədi... Dedi ki, burada yaşayan həkimə ver. Siz o xanımı 
tanıyırsınız. 
– Özü dedi? 
– Xeyr... – oğlan kəkələdi, – bu yaxınlarda sizinlə gecə gəlmişdi... 
– Düz deyirsən, Çarlz, hərdən mənimlə buraya qadınlar gəlir. Ancaq yadında saxla 
ki, ağzımöhkəmlik mehmanxana işçisinin birinci vəzifəsidir. Ağzıyırtıqlıq bu geniş 
dünyanın incə-mincə kavalerləri üçündür. 
– Bağlamanı aç, – Morzov sözə qarışdı. – Səninki olmasa da, aç! Onsuz da fani 
dünyada bundan da betər günah işlər tutmuşuq. 
Ravik gülüb, bağlamanı açdı. Nəsə balaca bir şey idi. Gördü ki, o qadının otağında 
gördüyü ağacdan yonulmuş madonna fiqurudur. Fikrə getdi. Adı nə idi? 
Madeline... Mad... Yox, yadından çıxmışdı. Nəsə buna oxşar idi. Kağızı bir də 
yoxladı. Məktub yox idi. 
– Yaxşı, – oğlana tərəf döndü – düzdür, mənə çatacaq. 
Madonnanı stolun üstünə qoydu. O, şahmat fiqurlarından seçilirdi. 
– Rusdur? 
– Yox. Mən də əvvəlcə elə bildim rusdur. – Ravik gördü ki, dodaq boyasını 
fiqurdan siliblər. – İndi bunu neyləyim? 
– Bir yerə qoy. Çox şeyi qoymağa yer tapılır. Bu dünyada hər şey üçün yer, nə 
qədər istəsən var. Təkcə adamlara çatmır. 
– Deyəsən, kişini basdırıblar. 
– Həmin qadındır? 
– Hə. 
– Heç onunla maraqlanmısan? 
– Yox. 
– Qəribədir, həmişə bizə elə gəlir ki, nəsə eləmişik, ancaq önündəki çıxılmaz 
vəziyyətdə olanda heç nə eləmirik. 
– Mən xeyirxah xidmətlər bürosu deyiləm, Boris. Bundan da dəhşətlisini 
görmüşəm, ancaq heç nə eləməmişəm. Onun vəziyyəti indi niyə çətin olmalıdır ki? 
– Ona görə ki, yalqız qalıb. İndiyə kimi kişi, ölmüş də olsa, yanında idi. O, yerin 
üzündə idi. İndisə altındadır, getdi... daha qayıtmayacaq. Bu da – Morozov fiquru 
göstərdi, – təşəkkür üçün deyil. Kömək istəyir. 
– Heç nədən xəbərim olmayıb, onunla yatmışam. İndisə unutmaq istəyirəm. 


 
38
– Boş-boş danışma! Məhəbbət olmayan yerdə belə şeylər çox olur. Mən bir qadın 
tanıyırdım, deyirdi ki, kişiyə «sən» – deyə müraciət etməkdənsə, onunla yatmaq 
asandır. – Morozov bir az irəli meyilləndi və onun yekə, daz başı işıqda parıldadı. 
– Yadında saxla, Ravik, əgər imkanımız varsa, bacarana qədər mehriban olmalıyıq. 
Çünki hələ çox belə cinayətlər edəcəyik. Heç kim eləməsə də, mən edəcəyəm. 
Yəqin, sən də eləyəcəksən. 
– Elədir. 
Morozov əlini qurumuş palmanın üstünə qoydu. Ağac asta-asta yırğalandı. 
– Həyat, kiminsə hesabına yaşamaq deməkdir. Biz hamımız bir-birimizdən yeyirik. 
Ancaq insanda, hərdən də olsa, xeyirxahlıq qığılcımı olur, gərək, ona 
toxunmayasan, qoyasan qala. Yaşamaq çətinləşəndə, o, köməyə gəlir. 
– Yaxşı, sabah ona dəyərəm. 
– Çox gözəl! Elə mən də bunu istəyirdim. Deyişməyi də qırağa qoy! Ağalarla kim 
oynayacaq? 
 
                                                                                V 
 
Mehmanxana sahibi Raviki o o dəqiqə tanıdı. 
– Xanım otağındadır, – dedi. 
– Gəldiyimi ona deyə bilərsiniz? 
– Otaqda telefon yoxdur. Özünüz də çıxa bilərsiniz. 
– Hansı otaqdır? 
– İyirmi yeddi. 
– Adını da unutmuşam. Necə idi? 
Kişi heç təəccüblənmədi:  
– Madu. Joan Madu. – Sonra əlavə etdi: – İnanmıram, bu əsl adıdır. Deyəsən, 
təxəllüsüdür. 
– Necə yəni təxəllüsüdür? 
– Bizdə aktrisa kimi qeyd olunub. Elə deyil? 
– Bilmirəm. Mən bir aktyor tanıyırdım, adını Qustav Şmidt deyirdi. Əsl adı 
Aleksandr Mari Qraf fon Sambona idi. Qustav Şmidti təxəllüs götürmüşdü. Heç 
aktyor təxəllüsünə oxşamır. Düz demirəm? 
Kişi təslim olmaq istəmədi: 
– İndi belə şeylər çox olur, – dedi. 
– O qədər də çox olmur. Tarixinə baxsanız, görərsiniz ki, biz çox sakit bir 
zəmanədə yaşayırıq. 
– Təşəkkür edirəm, mənə bəs eləyir. 
– Mənə də! Ancaq insan, gərək, hər şeydə təsəlli axtarsın. İyirmi yeddi dediniz? 
– Bəli, müsyö.  
Ravik qapını döydü. Cavab gəlmədi. Bir də döyəndə boğuq səs eşidildi. Açan kimi 
qadını gördü. Divarın yanındakı çarpayıda oturmuşdu, başını ağır-ağır qaldırdı. 
Geyinib-keçinmişdi. Əynindəki onda Ravikin gördüyü göy paltar idi. Bəlkə də, 
başı-gözü dağınıq, xalatda uzanmış olsaydı, belə tənha, belə yalqız görünməzdi. 
İndi heç bir səbəb olmadan, boş yerə, yalnız adət xatirinə belə geyinib-keçinməsi 
Ravikin ürəyini göynətdi. Bu, ona yaxşı tanış idi: yüzlərlə adamın beləcə 


 
39
oturduğunu, yüzlərlə qaçqının bu cür qəribliyini, qəmginliyini çox görmüşdü. 
Miskin bir təsəlli idi, belə oturub nə edəcəklərini bilmirdilər və onları yaşadan da 
adətlər idi. 
Qapını arxasınca çəkdi. 
– Çox güman ki, mane olmadım, – dedi və o dəqiqə də hiss elədi ki, bu sözlərin 
yeri deyildi. Bundan sonra qadına nə mane ola bilərdi? Mane olmalı bir şey 
qalmamışdı. 
Şlyapasını stolun üstünə qoydu. 
– İşləri yoluna qoya bildiniz? 
– Bəli. Çox deyildi… 
– Çətin olmadı ki? 
– Xeyr. 
Otaqdakı yeganə kresloya oturdu. Kreslonun yayları cırıldadı və Ravik hiss elədi 
ki, biri qırılıb. 
– Getmək istəyirdiniz? – Ravik soruşdu. 
– Bəli… Nə vaxt olsa… Sonra… Gedəsi yerim də yoxdur. Elə-belə… Özgə 
neyləyəsiyəm ki? 
– Heç nə. Düz eləyirsiniz. Hələlik belə lazımdır. Parisdə heç kəsi tanımırsınız? 
– Xeyr! 
– Heçcə kəsi? 
Qadın başını ağır-ağır qaldırdı: 
– Sizdən, mehmanaxana sahibindən, xidmətçidən, qulluqçu qızdan başqa… heç 
kəsi. – O, acı-acı gülümsədi. – Çox deyil, eləmi? 
– Elədir. Bəs o… – Ravik ölən kişinin adını xatırlamağa çalışdı, ancaq yadına 
düşmədi. 
– Xeyr, Raçinskinin burada tanışı yox idi. Ya da, ola bilsin ki, mən görməmişəm. 
Elə bura çatan kimi xəstələndi. 
Ravik çox qalmaq istəmirdi. Ancaq qadını bu vəziyyətdə görəndən sonra fikrini 
dəyişdi. 
– Şam eləmisiniz? 
– Xeyr, ac deyiləm. 
– Bu gün bir şey yemisiniz? 
– Bəli, günorta yemişəm. Gündüzlər çətin deyil, ancaq axşam… 
Ravik yan-yörəsinə baxdı. Tənhalıq, payız soyuğu bu balaca, bomboş otağı başına 
götürmüşdü. 
– Getmək vaxtıdır, – dedi, – gəlin çıxaq, bir yerdə şam eləyək. 
Ravik gözləyirdi ki, qadın etiraz edəcək. Elə oturmuşdu ki, deyərdin, heç nə 
istəmir və heç nə də onu yerindən tərpədə bilməz. Ancaq o, tez durub plaşını 
götürdü. 
– Belə yaramaz, – Ravik dilləndi. – Plaş çox nazikdir. Qalın paltarınız yoxdur? 
Bayır soyuqdur. 
– İndicə yağış yağırdı… 
– Yağış yenə də yağır. Ancaq soyuqdur. Altından bir şey geyə bilməzsiniz? Başqa 
paltonuz yoxdur? jaket də olar… 
– jaketim var. 


 
40
O, iri çamadana tərəf getdi. Ravik gördü ki, heç nəyə əl vurmayıb. Qadın 
çamadandan qara rəngli bir jaket çıxarıb, onu sığalladı. Dümdüz, qəşəng çiyinləri 
var idi. Sonra bareti götürdü. Əvvəlcə jaketi, üstündən də plaşı geydi. 
– Belə yaxşıdır? 
– Bayaqkına baxanda, çox yaxşıdır. 
Onlar pilləkəni düşdülər. Mehmanxana sahibi getmişdi. Onun əvəzinə açarlar 
asılan yerdə növbətçi oturub məktubları yerəbəyer edirdi. Ondan sarımsaq iyi 
gəlirdi. Yanında səssiz-səmirsiz oturan xallı pişik də kişiyə baxırdı. 
Küçəyə çıxanda Ravik soruşdu: 
– Yenə də aclıq hiss eləmirsiniz? 
– Bilmirəm. Deyəsən, o qədər də yox… 
Ravik əl eləyib taksi çağırdı. 
– Yaxşı, onda «Bel Aror»a gedək, – dedi, – orada yüngül yeməklər olur. 
«Bel Aror» restoranında seyrəklik idi, çünki gecə yarıdan keçmişdi. Onlar ikinci 
mərtəbədə balaca, alçaq tavanlı zalda boş stol seçirdilər. İçəridə onlardan başqa bir 
kişi ilə qadın oturub pendir yeyirdilər. Arıq bir kişi də təkcə əyləşib, qabağına xeyli 
dəniz iblizi yığmışıdı. Xidmətçi gəlib, bulaşmış örtüyə narazılıqla baxdı, onu 
dəyişəsi oldu. 
– İki qədəh araq, – Ravik sifariş verdi, – soyuğundan. – Sonra qadına tərəf döndü: 
– Bir az içək, qəlyanaltı götürək. Zənnimcə, sizin üçün belə daha yaxşı olar. Bu 
restoran «Hors d’oeuvres» (4) ilə məşhurdur. Başqa heç nə olmur. Adam özü də 
istəmir. İstisi də, soyuğu da nə qədər istəsən, var, hamısı da çox yaxşıdır. 
Baxarıq… 
Xidmətçi arağı gətirib, dəftəçəsini çıxardı.  
– Bir qrafin də «Vin rose» (5). «Anjun»uz var?  
– Açığı var, çəhrayıdır… Baş üstə, müsyö, – Xidmətçi getdi. Qapıda başına lələkli 
qırmızı şlyapa qoymuş bir qadınla toqquşdu. Qadın onu itələyib, qabağına dəniz 
iblizi yığmış kişiyə tərəf getdi.( 
– Albert! – dedi. – Ay əclaf… 
– S.. s.. s, – deyə Albert ətrafına boylandı. 
– «S.. s.. s»nədir? – Qadın yaş çətirini stolun üstünə qoyub oturdu. Albert heç 
kefini də pozmadı. 
– Cheire (6), – deyib nəsə pıçıldamağa başladı.  
Ravik gülümsəyib, qədəhini götürdü: 
– Gəlin bunu birdəfəyə içək, – dedi, – nuş olsun! 
– Nuş! – deyə Joan da içdi. 
Qəlyanalıtını əl arabasınada gətirdilər. 
– Nə buyuracaqsınız? – Ravik qadına baxdı. – Zənnimcə, mən özüm seçsəm, yaxşı 
olar. 
O, bir boşqab doldurub qadının qarşısına qoydu. 
– Eybi yoxdur, xoşunuza gəlməsə də olar. İndicə yenə gətirəcəklər. Bu, hələ 
başlanğıcdır. 
Bir boşqab özü üçün doldurub, qadına fikir vermədən yeməyə başladı. Birdən hiss 
elədi ki, o da yeyir. İri dəniz xərçənglərindən birini təmizləyib qadına uzatdı: 


 
41
– Bunun dadına baxın, xırdalarından beləsi yaxşıdır, – dedi. – İndi «Pate Maison» 
(7) götürün. Ağ çörəklə əla olur. Sonra da şərab. Turş şərab… Sərindir… 
– Sizi çox əziyyətə saldım… 
– Bəli, lap restoran xidmətçisi kimi qulluq edirəm, – Ravik güldü. 
– Xeyr, doğrudan, əziyyətə salmışam. 
– Çörəyi tək yeyə bilmirəm, vəssalam. Mən də sizin kimi… 
– Mən yaxşı yoldaş deyiləm. 
– Niyə? – Ravik etiraz etdi. – Yemək üçün əla yoldaşlığınız var. Boşboğaz 
adamlardan, ucadan danışanlardan zəhləm gedir. 
O, Albertə tərəf baxdı. Həmin anda qırmızı şlyapalı qadın əlindəki çətiri stola vura-
vura ucadan nə üçün əclaf olduğunu ona başa salırıdı. Albert isə səbirlə qulaq asır, 
heç nəyi vecinə almırdı. 
Joan xəfifcə gülümsədi: 
– Mən elə şeyi bacarmaram. 
– Budur, yenə gətirdilər. İndi başlayaq, yoxsa əvvəlcə bir siqaret çəkək? 
– Siqaret yaxşıdır. 
– Oldu. Bu gün yaxşısını götürmüşəm. Ondakı qara tənbəki deyil… 
Qadının siqaretini yandırdı. Joan geri söykənib, dərin bir qullab vurdu, diqqətlə 
Ravikə baxdı. 
– Beləcə oturmaq nə yaxşıdır! – dedi və Ravikə birdən elə gəldi ki, o, indicə 
ağlayacaq… 
Qəhvəni «Kolize» kafesində içdilər. «Yelisey çölləri»nə baxan böyük zal dolu idi 
və onlar aşağıda – barda boş yer tapıb oturdular. Divarların yuxarı tərəfində şüşə 
qəfəslər asılmışdı, içəridə tutuquşular oturmuşdu, alabəzək tropik quşlar isə o yan-
bu yana uçuşurdular. 
– İndi nə edəcəyini fikirləşmisinizmi? – Ravik soruşdu. 
– Xeyr, hələ yox. 
– Bura gələndə müəyyən bir məqsədiniz var idi? 
Qadın tərəddüd etdi: 
– Xeyr, elə bir məqsədim yox idi. 
– Soruşmaq xatirinə soruşmuram. 
– Bilirəm. Deyirsiniz ki, nəsə işləsə məşğul olmalıyam. Özüm də istəyirəm. Hər 
gün də fikirləşirəm. Ancaq... 
– Mehmanxana sahibi deyirdi ki, aktrisasınız. Mən maraqlanmırdım, özü dedi... 
Adınızı soruşanda... 
– Adımı unutmuşdunuz? 
Ravik baxışlarını qaldırdı. Qadın da sakitcə ona baxırdı. 
– Bəli. Kağız yadımdan çıxıb mehmanxanada qalmışdı. Nə qədər elədim, yadıma 
düşmədi. 
– İndi bilirsiniz? 
– Bəli. Joan Madu. 
– Mən tanınmış aktrisa deyiləm. Həmişə xırda rollarda çıxış etmişəm. Axır 
zamanlar isə heç oynamamışam. Fransızca da yaxşı danışa bilmirəm. 
– Bəs hansı dili yaxşı bilirsiniz? 


 
42
– İtalyan dilini. Orada böyümüşəm. Bir az da ingiliscə, rumınca danışa bilirəm. 
Atam rumın idi. Ölüb. Anam isə ingilisdir, hələ də İtaliyada yaşayır. Ancaq yerini-
yurdunu bilmirəm. 
Ravik onun dediklərinin çoxunu eşitmirdi. Yaman darıxırdı və indi nə edəcəyini də 
bilmirdi. 
– Başqa heç nə əlinizdən gəlmir? – deyə nəsə demək xatirinə soruşdu. – 
Oynadığınız xırda rolları demirəm... 
– Gəlir. Ancaq onlar da bunun kimi şeylərdir... Oxumağı, oynamağı da bir az 
bilirəm... 
Ravik şübhəli nəzərlərlə onu süzdü. Heç deməzdin belə işlər əlindən gəlir. Onda 
nəsə bir ölgünlük, məchulluq vardı və gözəgəlimli deyildi. Heç aktrisaya da 
oxşamırdı. Halbuki bu, əsassız söz deyildi. 
– Belə şeyləri burada da eləmək olar, – dedi, – bunun üçün fransız dilini gözəl 
bilmək lazım deyil. 
– Elədir. Ancaq, gərək, onu tapasan. Tanış olmayanda, çətindir. 
Ravik birdən Morozovu xatırladı. «Şəhrizad»... Özüdür ki, var! Morozovun belə 
şeylərdən başı çıxmalıdır. Bu fikir beyninə yaman batdı. Onu bu nəmli-yağışlı 
gecədə bura gətirən o olub, indi də qoy yaxasını ondan özü qurtarsın. Boris, əvvəl-
axır, nəyə qadir olduğunu göstərməli idi. 
– Rusca bilirsiniz? – deyə soruşdu. 
– Lap az. Bir-iki mahnı bilirəm. Qaraçı mahnılarıdır. Rumın mahnılarına oxşayır. 
Niyə soruşursunuz? 
– Belə işlərdən başı çıxan bir nəfər tanıyıram. Bəlkə, köməyi dəydi. Ünvanını 
verərəm. 
– Qorxuram bir şey çıxmasın. Teatr sahiblərini yaxşı tanıyıram, onlara deməyin 
xeyri yoxdur. 
Ravik gördü ki, qadın onun belə asan yolla qurtarmağa çalışdığını duydu. Həqiqət 
olduğu üçün etiraz etdi: 
– Mən dediyim adam teatr sahibi deyil. «Şəhrizad» restoranında qapıçıdır. 
Monmartrda rusların gecə kulubudur. 
– Qapıçı? – Joan Madu başını qaldırdı. – Bu, başqa məsələ! Qapıçılar onlardan çox 
bilir. Buradan bir şey çıxar. Onu yaxından tanıyırsınız? 
– Bəli. 
Qadının birdən-birə belə işgüzar tərzdə danışması Raviki heyrətləndirdi. 
– Dostumdur. Adı da Boris Morzovdur, – dedi, – on ildir «Şəhrizad»da işləyir. 
Onların proqramı çox böyükdür, tez-tez dəyişir. Morozov inzibatçı ilə yaxındır. 
«Şəhrizad»da olmasa, başqa yerdə bir şey tapar. İstəyirsiniz, gedin. 
– Bəli. Nə vaxt gedim? 
– Ən yaxşısı axşam saat doqquzdur. Onda iş olmur, sizə vaxt tapar. Özüm də 
deyərəm. 
Ravik Morzovun onu yaxşı qarşılayacağını bildiyi üçün əvvəlcədən sevindi. 
Birdən-birə özündə rahatlıq duydu. Həmişə hiss elədiyi cüzi məsulliyət yoxa çıxdı. 
Bacardığını eləmişdi, sonrasını özü bilərdi.  
– Yorulmamışam, – dedi, – ancaq bilirəm ki, mənimlə burada oturmaq sizə xoş 
deyil. Mənə yazığınız gəldiyi üçün çox sağ olun. Mehmanxanadan qoparıb dərdimi 


 
43
dağıtdınız. Bu, mənim üçün böyük şey oldu. Neçə gün idi ki, kəlmə kəsməyə adam 
da yoxdu. İndicə gedirəm. Siz mənə böyük yaxşılıq elədiniz. Bu neçə günün 
hamısında... Yoxsa, axırım hara çıxardı?! 
«İlahi! – Ravik ürəyindən keçirdi. – İndi də belə başladı!» O, narahat halda 
baxışlarını şüşə qəfəslərə çevirdi. Orada bir göyərçin zorla tutuquşunun belinə 
çıxmaq istəyirdi. Tutuquşu bu tənhalıqdan elə bezmişdi ki, heç qımıldanmadı, ona 
əhəmiyyət verməyib, tənbəl-tənbəl dənləməkdə davam etdi. 
– Yazığı gəlmək deyildi, – Ravik dilləndi. 
– Bəs nə idi? 
Göyərçin sürüşüb tutuquşunun belindən düşdü, lələklərini dimdikləməyə başladı. 
Tutuquşu da silkindi... 
– İndi biz bu köhnə, gözəl «Armanaka»ınızı götürün. Nuş olsun! – Ravik badəsini 
içdi. – Belə... İndi də bu heyvanxanadan sürüşək. Siz hələ mehmanxanaya getmək 
istəmirsiniz, elə deyilmi? 
Joan Madu başını buladı. 
– Yaxşı, onda hara gəldi, gedək. Daha doğrusu, «Şəhrizad»a... içərik... Bu, ikimizə 
də lazımdır. Həm də oradakı həngamələrə baxarsınız. 
Gecə saat üçə yaxın idi, onlar «Milan»ın qabağında dayanmışdılar. 
– Yaxşı içə bildinizmi? – Ravik soruşdu. 
– «Şəhrizad»da olanda, elə bilirdim, bəsdir. Ancaq indi, bu qapıya baxanda, 
görürəm ki, az olub. 
– Əlac tapılar. Bəlkə, mehmanxanada bir şey oldu. Olmasa, meyxanaların birinə 
girib alarıq. Gəlin... 
Qadın əvvəlcə ona, sonra da qapıya baxdı: 
– Gedək, – qətiyyətlə dilləndi, ancaq yerindən tərpənmədi. – Ah, yenə ora... O 
bomboş otağa... 
– Mən də sizinlə yuxarı qalxaram. Bir şüşə də götürərik. 
Qapıçı oyandı. 
– İçməyə bir şeyiniz var? – Ravik soruşdu. 
– «Şampan» qarışıq kokteyl olar? – Qapıçı yuxulu-yuxulu əsnədi. 
– Təşəkkür edirəm, bir az tünd olsa yaxşıdır. Konyak olsun. Bir şüşə... 
– «Kurvaze», «Mortel», «Eness», «Biskye Dübene»... Hansından? 
– Baş üstə, müsyö. Özüm açıb gətirərəm. 
Onlar pilləkənlə yuxarı qalxdılar. 
– Açarınız var? – Ravik soruşdu. 
– Qapı açıqdır. 
– Pulunuzu, sənədlərinizi oğurlayarlar. 
– Qəsdində duran olsa, bağlayanda da oğurlayarlar. 
– O da düzdür. Belə kilidləri açmağa nə var! Ancaq, hər halda, çox asan olmur. 
– Bəlkə də... Ancaq tək-tənha küçədən gəlib, açarı götürüb, qapını açıb bomboş 
otağa girə bilmirəm. Onda, elə bil, qəbrə girirəm. O yerdə ki səni çamadanlardan 
başqa heç nə gözləmir, ora beləcə açarsız girmək də böyük şeydir. 
– Adamı heç yerdə heç nə gözləmir. Gərək, hər şeyi özünlə gətirəsən. 
– Ola bilər... Ancaq bu da özünü aldatmaqdır. 


 
44
Joan plaşla beretini çarpayının üstünə atıb, Ravikə baxdı. Avazımış sifətində iri 
gözləri işıldayırdı və onlarda qəzəb dolu bir ümidsizlik donub qalmışdı. O bir 
anlığa beləcə dayandı, sonra əlləri jaketin cibində, balaca otaqda iri addımlarla var-
gəl eləməyə başladı. Hər dəfə geri dönəndə, elastik bədəni qıvrılırdı. Ravik 
diqqətlə ona baxdı. Qadına haradansa güc, coşğun bir şuxluq gəlmişdi və otaq, 
sanki, ona darlıq edirdi. 
Qapı döyüldü. Kişi konyakı gətirdi. 
– Cənablar yemək istəmir? Soyutma toyuq, sendviç var. 
– O, çox vaxt aparar, qardaş, – deyə Ravik pulunu verib, onu yola saldı. Sonra 
qədəhləri doldurdu. – Bu da belə!.. Çox sadə, çox da quru! Ancaq çətin anlarda 
primitivlik yaxşıdır. İncəlik arxayın vaxtlar üçündür. Bir bunu için... 
– Bəs sonra? 
– Sonra da birini içərsiniz. 
– Yoxlamışam, xeyri yoxdur. Tək qalanda sərxoş olmaq da yaxşı deyil. 
– Azacıq sərxoş olmaq heç nə eləməz. 
Ravik çarpayı ilə üzbəüz divarın yanındakı ensiz, balaca taxtda oturdu. O dəfə 
bunu görməmişdi. 
– Siz köçəndə bu var idi? 
Qadın başını buladı: 
– Özüm qoydurdum. Çarpayıda yatmaq istəmirdim. Nəsə mənasız görünürdü. 
Çarpayı... soyunmaq... hər gün... Kimə, nəyə lazımdır? Səhər çağı da, gündüzlər də 
birtəhər dözmək olur. Ancaq axşamlar... 
– Bir məşğuliyyət tapmaq lazımdır, – Ravik siqaret yandırdı. – Heyif ki, Morozovu 
tapa bilmədik. Onun istirahət günü olduğunu bilmirdim. Sabah axşam gedin. 
Doqquz radələrində... Bir şey tapacaq. Lap mətbəxdə də olsa, işləyin. Onda gecələr 
boş qalmazsınız. Özünüz belə istəmirdiniz? 
– Bəli. – Joan dayandı, konyakını içib, çarpayının üstündə oturdu. – Hər axşam 
gəzməyə çıxırdım. Adam gəzəndə, yaxşı olur. Elə ki, oturdun, sanki tavan başına 
uçur. 
– Küçələrdə başınıza bir iş gəlməyib ki? Heç sizi soyublar? 
– Xeyr. Baxan kimi bilirlər, məndə soymağa bir şey yoxdur. – O, boş qədəhi 
Ravikə uzatdı. – Bəs yalqızlıq? O qədər kiminləsə söhbət eləmək həsrətində 
olmuşam ki! Onda, ən azı, bilirsən, sən də adamsan, daha boş-boşuna, mənasız 
yerə vurnuxmursan. Ən azı, gözlərin kiməsə baxır, kiminsə gözlərini görür. Daha 
daşa-divara baxmırsan! Ən azı, başqa planetə düşmüş adam kimi tək-tənha küçələri 
dolaşmırsan... – Saçlarını geri atıb, Ravikin uzatdığı qədəhi aldı. – Heç bilmirəm, 
bunları niyə danışıram. İstəmirəm, ancaq... Bəlkə də, bu bir neçə günü susduğum 
üçün belə danışıram, bəlkə də, bu axşam birinci dəfədir ki... – nədənsə dayandı. – 
Mənə fikir verməyin... 
Mən içməklə məşğulam, – Ravik tez dilləndi. – Nə istəyirsiniz, danışın. Gecə vaxtı 
heç kim eşitməz. Mən özüm özümə qulaq asıram. Sabah hər şey yaddan çıxıb 
gedəcək. – O, geri söykəndi. Haradansa su şırıltısı eşidildi, qızdırıcıdan səs gəldi. 
Narın yağış damcıları hələ də asta-asta pəncərəni döyəcləyirdi... 


 
45
– Qayıdıb işığı söndürəndə, – Joan sözünə davam etdi, – qaranlıq adamın üzünə 
qara pərdə çəkir. Durub işığı yandırırsan, gözlərini bir nöqtəyə zilləyib baxır, hey 
baxırsan... 
«Deyəsən, sərxoş olmuşam, – Ravik ürəyindən keçirdi. – Bu gün yaman tez tutdu. 
Bəlkə, elə otaq özü alaqaranlıqdır? Yoxsa, həm elədir, həm də belə? Bu, bayaqkı 
gözəgəlimsiz, rəngi avazımış qadın deyil. Bax, bu da gözləri... Sifəti... Nəsə mənə 
baxır. Deyəsən, kölgədir, beynimdəki zəif işıltıdır, onun üzünə düşür. Sərxoşluğun 
ilk işartısı...» 
Joanın dediklərini eşitmirdi. Onsuz da hamısını bilirdi, görmüşdü, daha bəs idi. 
Yenə tənhalıq – həyatın əbədi nəqarət! O biriləri ilə müqayisədə nə yaxşı idi, nə də 
pis. Ancaq ondan yaman çox danışırlar. Onsuz da adam gah həmişə tənha olur, gah 
da heç vaxt. Haradansa qulaqlarına skripka səsi gəldi... Alatoranlıq... Budapeşt 
yamaclarında bağ... Şabalıd ağaclarının kəskin qoxusu... Külək... Çiyinlərinə tərlan 
kimi qonmuş xəyallar... Gözləri qaranlıqda işıldayan xəyallar... Gündüzlə bacara 
bilməyən gecə... Bütün qadınların gözəl göründükləri an... Və bir də qanadlarını 
kəpənək kimi sərmiş gecə... 
O, baxışlarını qaldırdı... 
– Çox sağ olun! – Joan təşəkkür elədi. 
– Nəyə görə? 
– Qulaq asmaya-asmaya məni danışdırdınız. Yaxşı oldu... Mənə çox lazım idi... 
Ravik başını tərpətdi. Gördü ki, Joanın qədəhi boşdur. 
– Yaxşı, – dedi, – şüşədəki də sizə qalsın. 
Ayağa durdu. Otaq... Qadıq... Vəssalam... Və bir də avazımış, ölgünləşmiş sifət... 
– Gedirsiniz? – deyə Joan yan-yörəsinə boylandı. Elə bil, otaqda kimsə 
gizlənmişdi. 
– Bu da Morozovun ünvanı. Adını da yazıram ki, birdən yadınızdan çıxar. Sabah 
axşam doqquzda... – Ravik onu resept dəftərçəsinə yazdı, vərəqi cırıb çamadanın 
üstünə qoydu. 
Joan da durmuşdu. O, plaşını və beretini götürdü. Ravik ona baxdı: 
– Məni ötürmək lazım deyil, – dedi.  
– Ötürmürəm. Sadəcə olaraq, burda qalmaq istəmirəm. İndi heç qala bilmərəm. 
İstəyirəm, bir az gəzəm.  
– Ancaq nə vaxtsa yenə qayıtmalı olacaqsınız. Eyni şeydir... Niyə qala bilmirsiniz? 
Hər şey keçib gedib... 
– İndi səhər açılar. Qayıdanda açılmış olacaq. Onda asandır... 
Ravik pəncərəyə tərəf getdi. Yağış hələ də yağırdı. Külək onun bomboz tellərini 
fanarların sarımtıl işığında yelləndirirdi.  
– Gəlin bir qədəh də içək, sonra yatın. Belə havada gəzməyə getməzlər. – O, şüşəni 
götürdü. Qadın lap yanında dayanmışdı. 
– Məni burada qoyma... – Joan bu sözləri tələsə-tələsə, yanıqlı-yanıqlı deyəndə, 
Ravik onun nəfəsini üzündə hiss elədi. – Məni burada tək qoyma. Bircə bu gün... 
Bilmirəm nə olub... Bircə bu gün! Sabah özümü ələ alacağam, ancaq bu gün 
bacarmıram. Yaman kövrəlmişəm... Heyim qalmayıb... Yıxılacam... Gərək, məni 
aparmayaydınız... Bu gün heç olmazdı... İndi tək qala bilmərəm... 
Ravik şüşəni ehtiyatla yerə qoyub, qolunu onun əlindən çıxardı.  


 
46
– Lap uşaqsız! – dedi. – Geci-tezi hamımız buna öyrəşməliyik... – sonra taxtı 
göstərdi: – Yaxşı, burada yataram. Getməyin də mənası yoxdur. Sabah doqquzda 
təşrih edəsiyəm. Lap öz evim kimi yataram. O qədər gecə növbəsində qalmışam ki! 
Razı qaldınız? 
Joan başını tərpətdi. Hələ də Ravikin yanında dayanmışdı. 
– Gərək, səkkizin yarısında çıxam. Çox tezdir, sizi oyadacağam.  
– Eybi yoxdur. Durub sizə səhər yeməyi hazırlayaram. 
– Heç nə lazım deyil. Yaxındakı kafedə yeyərəm. Sadə fəhlə kimi romla qəhvə, bir 
dənə də kökə götürərəm. Sonrası da xəstəxanada... Ejeniyə deyərəm, vanna 
hazırlayar. Yaxşı, qalaq... İki didərgin bir yerdə... çarpayı sizin olsun. İstəyirsiniz, 
soyunub yerinizə girənə kimi, aşağı,– o qoca qapıçının yanına gedim. 
– Xeyr. 
– Qaçmaram! Bizə bəzi şeylər də lazımdır: balınc, adyal... 
– Zəngi çalaram, gəlib gətirər... 
– Bunu özüm də eləyərəm, – Ravik düyməni axtardı. – Belə şeyləri kişi eləsə, 
yaxşıdır. 
Qapıçı o dəqiqə gəldi. Əlində konyak şüşəsi tutmuşdu. 
Ravik: 
– Bizi nə hesab eləyirsiniz? – dedi. – Çox sağ olun, ancaq unutmayın ki, biz 
müharibədən sonrakı nəslin nümayəndəsiyik. Bir adyal, balınc, bir dənə də mələfə 
gətirin. Burada qalası oldum. Bayır soyuqdur, bərk yağır. İkicə gündür 
sətəlcəmdən durduğum. Verə bilərsiniz? 
– Əlbəttə, müsyö. Elə ağlıma gəlmişdi də... 
– Yaxşı, – deyə Ravik siqaret yandırdı. – Dəhlizdə gözləyirəm. Astanadakı 
ayaqqabıları sayacağam. Bu idmanla çoxdan məşğul oluram. – Birdən Joanın 
baxışlarını öz üzərində hiss elədi. – Qaçmaram! Mən misirli Yusif deyiləm ki, 
paltomu qoyub qaçam... 
Qapıçı şeyləri gətirdi. Raviki dəhlizdə görəndə üz-gözü işıqlandı: 
– Belə şeyə təsadüfi halda rast gəlmək olur, – dedi. 
– Mən də təsadüfi hallarda belə eləyirəm. Bir ad günümdə, bir də milad 
bayramında. Bura verin, gedəndə özüm apararam. Bu nədir belə? 
– İkincisidir. Dediniz, sətəlcəm olmusunuz. 
– Əla! Ancaq mən ciyərlərimi konyakla qızışdırıram. – Ravik cibindən pul çıxardı.  
– Müsyö, yəqin ki, pijamanız yoxdur. Verə bilərəm. 
– Sağ ol, qardaş, – Ravik qocaya baxdı: – Mənə balaca olar. 
– Əksinə, lap əyninizə olacaq. Təptəzədir. Öz aramızda qalsın, bir amerikalı pay 
verib. Ona da bir qadın bağışlayıbmış. Mən belə şeylər geymirəm. Mənimki 
tuman-köynəkdir. Lap təzədir, müsyö. 
– Yaxşı, gətirin. Baxaq, görək necə şeydir. 
Ravik dəhlizdə gözlədi. Qapıların ağzında üç cüt ayaqqabı vardı. Onlardan bir cüt 
boğazı rezinli çəkmə idi. Həmin otaqdan bərk xorultu səsi gəlirdi. O birilər isə 
qəhvəyi rəngli kişi ayaqqabısı və dikdaban düyməli, lak qadın çəkmələri idi. Onlar 
da həmin qapının ağzına qoyulmuşdu və yanaşı dursalar da, elə bil, hərəsi bir 
dərəyə atılmışdı... 


 
47
Qapıçı pijamanı gətirdi. Əntiqə şey idi... Süni göy ipəkdən tikilmişdi, üstünə də 
qızılı ulduzlar çəkilmişdi. Ravik bir xeyli dinməz-söyləməz ona tamaşa elədi. 
– Əntiqə şeydir, eləmi? – qapıçı qürur hissi ilə soruşdu. 
– Heyif! – Ravik təəssüfləndi. – Bunu seçən qadına məmnuniyyətlə baxardım. – 
Pijama lap təzə idi və «Maqazin de Luvr»da büküldüyü kağızdan açılmamışdı. 
– Bu gecəlik sizin olsun. Almaq lazım deyil, müsyö. 
– Haqqı nə olacaq? 
– Nə verəsəniz... 
– Fransız deyilsiniz? 
– Xeyr, fransızam. Sən-Nazarlıyam. 
– Onda amerikanlarla əlaqə sizi korlayıb... Buna baxmayaraq... belə pijamaya nə 
versən, dəyər. 
– Xoşunuza gəldiyi üçün çox şadam. Gecəniz xeyrə qalsın, müsyö. Sabah gəlib 
xanımdan alaram. 
– Səhər tezdən özüm gətirib verərəm. Məni səkkizin yarısı oyadın. Qapını astaca 
döyün, eşidərəm. Gecəniz xeyrə qalsın... 
– Bir buna baxın, – deyə Ravik içəri girən kimi pijamanı Joana göstərdi. – Şaxta 
babanın paliarına oxşayır. Bu qapıçı lap aləmdir. Hələ geyəcəyəm də! Bir az 
gülməli görünmək üçün təkcə cəsarət yox, həm də ürək lazımdır. 
O, yumşaq taxtda özünə yer düzəltdi. Harada yatmağının fərqi yox idi: ya bura 
olsun, ya da öz mehmanxanası. Dəhlizdə babat bir vanna otağı tapmışdı və 
qapıçıdan da təmiz diş şotkası almışdı. Başqa heç nə lazım deyildi. Bu qadın da 
olsun onun xəstələrindən biri... 
O, su stəkanını konyakla doldurdu, qadının yanına qoydu.  
– Zənnimcə, bu, sizə bəs eləyər, – dedi, – belə yaxşıdır. Hər dəfə təzədən durub 
süzəsi olmaram. Şüşə ilə o biri qədəh də mənim. 
– Qədəh lazım deyil, elə ondan içərdim... 
– Daha yaxşı. – Ravik yumşaq taxtda yerini rahatladı. Qadının onun yeri ilə 
maraqlanmaması xoşuna gəldi. İstədiyi də elə bu idi. Allaha şükür ki, bir para 
evdar qadınlar kimi zəhlətökənlik eləmirdi. 
Ravik qədəhini doldurub, şüşəni döşəmənin üstünə qoydu. 
– Nuş olsun! 
– Nuş olsun! Həm də sağ olun ki... 
– Hər şey qaydasındadır. Onsuz da, belə yağışda getməyə heç özümün də həvəsim 
yox idi. 
– Yenə yağır? 
– Bəli.  
Bayırdan gələn zəif tıqqıltı otağa çökmüş sükutu səksəndirirdi. Elə bil, nəsə 
bomboz, qəribə, heç nəyə oxşamayan, kədərin özündən də kədərli bir şey içəri 
girməyə yol axtarırdı. Sanki, uzaq, pünhan bir xatirə, sonu görünməyən dalğa idi, 
əvvəllər qabağına qatıb qova-qova gətirdiyi, sonralar hansı adadasa yaddan çıxarıb 
qoyduğu şeyləri – zərrə qədər insanlığı, işığı, düşüncələri təzədən götürüb 
aparmaq, haradasa basdırmaq istəyirdi... 
– İçmək üçün yaxşı gecədir. 
– Bəli. Ancaq tək qalmaq üçün də pis. 


 
48
Ravik bir anlığa susdu, sonra dedi: 
– Hamımız buna öyrəşməliyik. Əvvəllər bizi bağlayan tellər indi qırılıb. Biz, sapı 
qırılmış muncuq kimiyik, hərəmiz bir tərəfə dağılmışıq. İndi heç nə etibarlı deyil. – 
O, qədəhini təzədən doldurdu. – Uşaq vaxtı bir gecə çəmənlikdə yatmışdım. Yay 
idi, səma da lap aydın... Yuxuya getməmişdən qabaq gördüm ki, Qütb ulduzu 
meşələrin qurtaracağında üfüqdən asılıb. Sonra gecənin bir yarısı ayıldım. Qütb 
ulduzu indi düz başımın üstündə idi. Bu heç vaxt yadımdan çıxmır. Başa düşdüm 
ki, yer də bir ulduzdur, fırlanır. Bunu eşitmişdim, kitablarda oxumuşdum, ancaq 
görməmişdim. İndi birinci dəfə hiss elədim ki, doğrudan da, elədir. Yerin 
nəhayətsiz bir boşluqda səssiz-səmirsiz uçduğunu duydum. Bunu o qədər aydın 
hiss elədim ki, hətta sürüşüb yıxılmaqdan qorxdum. Bəlkə də, dərin yuxudan ayılıb 
hələ özümə gəlməmiş nəhayətsiz səmaya birdən-birə baxdığım üçün belə oldu. 
Onda mənə elə gəldi ki, üstündə dayandığımız yer də çox etibarlı deyil. Elə o 
vaxtdan da heç möhkəmlənməyib... – Əlindəki dolu qədəhi içdi. – Bu, bəzi şeyləri 
çətinləşdirsə də, çox şeyi asanlaşdırır... – Joana tərəf baxdı. – Bilmirəm, bəlkə də, 
yatmısınız. Yorulmusunuzsa, heç cavab verməyin.  
– Hələ yox. Beynimin harasısa hələ oyaqdır. Həm oyaq, həm də buz kimi... 
Ravik şüşəni döşəmənin üstünə qoydu. Otağın isti havasından canına qəribə bir 
yorğunluq yayıldı. Kölgələr yenə sayrışmağa başladı... Yad otaq... Gecə... Bayırda 
isə yağışın uzaqlardan gələn təbil səsi kimi yeknəsəq şırıltısı... Sonsuzluğun lap 
qurtaracağında zəif işıq gələn bir koma... Nəhayətsiz heçlikdə közərən mənasız bir 
işartı... Və bir də gözünü zilləyib danışdığın bir sifət... 
– Siz bunu heç hiss eləmisiniz? – deyə soruşdu. 
Qadın bir anlığa susdu: 
– Eləmişəm, – dedi. – Ancaq belə yox... Başqa cür... Günlərlə kəlmə kəsməyə 
adam olmayanda, gecələr tək-tənha küçələri dolaşanda... Hər yerdə harasa tələsən, 
öz ev-eşiyi olan adamlar... Bircə mənim heç nəyim yox idi. Sonra hər şey yavaş-
yavaş dumanlanmağa başladı, elə bil, boğulmuşdum, suyun altında, qəribə bir 
şəhərdə dolaşırdım. 
Pilləkəndən addım səsləri eşidildi. Açar cingildədi, qapı çırpıldı. Sonra su şırıltısı 
gəldi. 
– Heç kəsi tanımırsınızsa, onda niyə Parisdə qalırsınız? – deyən Ravik hiss elədi ki, 
yuxu onu yavaş-yavaş aparır. 
– Bilmirəm. Bəs hara gedim? 
– Qayıdası yeriniz yoxdur? 
– Xeyr, gedəsi yerim yoxdur. 
Külək yağışı pəncərəyə çırpırdı. 
– Bəs Parisə nəyə gəlmişdiniz? 
Joan cavab vermədi. Ravikə elə gəldi ki, o yatıb. 
– Raçinski ilə Parisə ayrılmağa gəlmişdik. – Qadının sonradan verdiyi bu cavab 
Raviki heyrətləndirmədi. Adamın həyatında elə anlar olur ki, onu heç nə ilə 
heyrətləndirmək olmur. Üzbəüz otaqda bayaq gələn kişi öyüməyə, qusmağa 
başladı. Onun boğuq iniltisi bura gəlirdi.  
– Bəs onda niyə bu hala düşdünüz? – Ravik soruşdu. 


 
49
– Çünki o öldü. Öldü! Birdən getdi! Qaytara bilmədim! Öldü! Heç nə eləyə 
bilmədim! Başa düşmürsünüz? – Joan yerində dirsəklənib, diqqətlə Ravikə tərəf 
baxırdı. 
«Çünki o, səni qabaqladı. Səndən qabağa düşüb, səni tək qoydu». – Ravik 
ürəyindən keçirdi. 
– Mən... Mən, gərək, ona başqa cür olaydım... Mən... 
– Unudun getsin! Dünyada peşmançılıqdan mənasız şey yoxdur. Onsuz da heç nəyi 
geri qaytarmaq olmaz. Yoxsa, hamımız müqəddəs olardıq. Həyat bizə kamillik 
bəxş eləməyib. Kamillərin yeri muzeydir! 
Joan cavab vermədi. Ravik hiss etdi ki, o, qədəhini içib təzədən uzandı. 
Fikirləşməyə yenə nəsə var idi... Ancaq yorulmuşdu. Bir də onun üçün nə fərqi, 
yatmaq istəyirdi. Sabah təşrih etməli idi, bunların ona dəxli yoxdur. Əlindəki boş 
qədəhi şüşənin yanına qoydu: «Qəribədir... adamın başına nələr gəlmir!..» 
 
                                                                                VI 
 
Ravik gələndə Lüsyen Martine pəncərənin qarşısında oturmuşdu. 
O: 
– Hə, necədir? – soruşdu. – Durub gəzmək xoşunuza gəlir? 
Qız əvvəlcə ona baxdı, sonra tutqun havaya göz gəzdirdi, təzədən Ravikə tərəf 
döndü. 
– Çox pis havadır. – Yenə Ravik dilləndi. 
– Niyə? – Qız etiraz etdi. – Mənim üçün yaxşıdır. 
– Nə üçün? 
– Ona görə ki, heç yerə çıxası deyiləm. 
O, kresloda büzüşüb oturmuş, çiyninə ucuz, pambıq bir kimono salmışdı. Seyrək 
dişləri olan arıq, çəlimsiz bir qız idi. Ancaq bu anda o, Ravikin gözündə troyalı 
Yelenadan da gözəl idi. Onun öz əlləri ilə xilas etdiyi həyat parçası idi. Ancaq çox 
da öyünməyə dəyməzdi, bundan qabaq birini itirmişdi. Bəlkə, bundan sonra gələn 
də elə olacaqdı. Axırda belə-belə hamısını itirəcək, özü də onlara qoşulacaq. Ancaq 
bu qız hələlik xilas edilmişdi. 
– Belə havada ona-buna şlyapa daşımaq adama ləzzət verməz. – Bunu Lüsyen 
dedi. 
– Şlyapa daşıyırsınız? 
– Bəli, madam Lanver üçün... Atelye Matinon prospektindədir. Saat beşə qədər 
işləyirdik. Sonra mən onları müştərilərə çatdırıram. İndi altının yarısıdır, gərək, 
mən yolda olaydım... – O, pəncərədn küçəyə baxdı. – Heyif, yağış kəsdi. Dünən 
yaxşı idi; yağışdan tut, göyə çıx... İndi kim isə aparır... 
Ravik pəncərənin qabağında onunla üzbəüz oturdu. «Qəribədir, – deyə fikirləşdi, – 
həmişə elə bilirsən ki, ölümün pəncəsindən xilas olanlar ən xoşbəxt adamlardır. 
Ancaq, demək olar ki, heç biri özünü elə hesab eləmir. Bu da xoşbəxt deyil. 
Burada kiçik də olsa, möcüzə baş verib, onu isə sevindirən yağışda küçəyə 
çıxmamasıdır...» 
– Lüsyen, nə yaxşı birbaşa bu xəstəxanaya gəldiniz? 
Qız çəkinə-çəkin ona baxdı: 


 
50
– Bir nəfər demişdi. 
– Kim? 
– Tanış idi. 
– Hansı tanış? 
Qız tərəddüd elədi. Sonra: 
– O da burada olub, – dedi. – Qapıya qədər özüm gətirmişdim. O vaxtdan 
tanıyıram. 
– Bu, nə vaxt olub? 
– Mən gələndən bir həftə qabaq. 
– Təşrih zamanı ölən qızı deyirsiniz? 
– Bəli. 
– Bununla belə, yenə bura gəldiniz? 
– Bəli, – Lüsyen biganəliklə cavab verdi. – Nə üçün gəlməyəydim ki? 
Ravik demək istədiyini uddu. Qızın balaca, donuq sifətinə baxdı. O sifət nə vaxtsa 
zərif olmuş, sonralar həyat onu belə vaxtsız kobudlaşdırmışdı. 
– Siz də əvvəlcə həmin mamaçanın yanına getmişdiniz? 
Lüsyen cavab vermədi. 
– Bilmirəm, bəlkə də, həkimdir. Arxayınca deyə bilərsiniz. Onu heç tanımıram 
da... 
– Əvvəlcə Mariya getmişdi. Bir həftə qabaq... Bəlkə də, on gün... 
– Mariyanın başına nə gəldiyini bilə-bilə yenə ora getdiniz? 
– Bəs nə edəydim? Risq etmək lazım idi. Özgə heç kəsi tanımırdım. Uşaq olsa, 
neyləyərdim? – O, pəncərədən baxdı. Üzbəüz evin eyvanında başına çətir tutmuş 
bir kişi dayanmışdı. – Mən hələ nə qədər qalacağam, doktor? 
– Təxminən iki həftə? 
– Hələ iki həftə də? 
– Çox deyil ki! Nə olub? 
– Hamısı puldur axı? 
– Bəlkə, bir-iki gün tezləşdirə bildik. 
– Elə bilirsiniz, onun pulunu verə biləcəyəm? O qədər pulum haradandır? Çox 
bahadır! Günü otuz frank... 
– Bunu sizə kim deyib? 
– Tibb bacısı. 
– Hansı? Hə, əlbəttə, Ejeni... 
– Bəli. Hələ deyirdi, təşrihlə sarğıların haqqı ayrı olacaq. Onlar çox bahadır? 
– Təşrihin haqqını vermisiniz. 
– Deyir ki, çox azdır. 
– Tibb bacısı belə şeyləri dəqiq bilməz, Lüsyen. Sonra doktor Veberin özündən 
soruşsanız, yaxşı olar. 
– İndidən bilsəm, yaxşıdır. 
– Nəyə görə? 
– Dəqiq hesablayıram ki, bunun üçün nə qədər işləməliyəm. – Lüsyen əllərinə 
baxdı. Barmaqları napnazik, göz-göz idi. – Hələ bir aylıq ev kirayəsi də verəsiyəm. 
Bura gələndə on üçü idi. On beşində çıxası idim. Heç nədən bir ay da üstünə 
gəldi... 


 
51
– Elə bir adam yoxdur ki, sizə kömək eləsin? 
Lüsyen başını qaldırdı. Həmin anda ən azı on il birdən qocaldı... 
– Özünüz yaxşı bilirsiniz, doktor. Eşidəndə hələ acıqlandı da. Dedi ki, mənim belə 
səfeh olduğumu bilməyib, yoxsa yaxın gəlməzdi... 
Ravik başını yırğaladı. Belə şeyləri çox eşitmişdi. 
– Lüsyen, çalışaq, bəlkə, o mamaçadan bir şey qopara bildik. Axı onun günahı 
olub. Bircə adını bizə deyin. 
Qız birdən dikəldi, sanki, bütün varlığı ilə kimdənsə qorunmağa çalışdı: 
– Polis? Yox, özüm ilişərəm. 
– Polissiz... Eləcə hədə-qorxu gələrik. 
Qız acı-acı güldü: 
– Heç nə qopara bilməzsiniz. Polad kimi möhkəmdir... Düz üç yüz frank verdim, 
axırı da belə... – O, kimononu sığalladı. – Adamın bəxti gətirməyəndə, gətirmir... – 
Qız bu sözləri elə dedi ki, elə bil, özündən yox, başqasından danışırdı. 
– Əksinə, – Ravik etiraz etdi, sizin bəxtiniz lap yaxşı gətirdi! 
Ejenini cərrahiyyə otağında tapdı. Qız yenə də nikelli alətləri silə-silə parıldadırdı. 
Bu, onun ən sevimli məşğuliyyətlərindən biri idi və işə elə qapılmışdı ki, Ravikin 
gəldiyini hiss eləmədi. 
– Ejeni! 
Qız diksindi. 
– Ah, sizsiniz? Gərək, adamı mütləq qorxudasınız? 
– İnanmıram, məndə elə zəhm olsun. Ancaq siz də xəstələri qonorarla, müalicə 
haqqı ilə qorxutmayın. 
Ejeni, əlində əsgi, dikəldi: 
– O fahişə nə tez xəbərçilik eləyib?! 
– Ejeni, bundan özünə çörəkpulu çıxaranlarla müqayisədə, ömründə kişi görməmiş 
qadınların çoxu fahişədir. Hələ ərli arvadları demirəm. Bir də ki o, xəbərçilik 
eləməyib. Sadəcə olaraq, onun bu gününü korlamısınız, vəssalam... 
– Paho bilməmişdik! O cür işlərlə məşğul olasan, özün də... 
«Ay səni... ikiayaqlı əxlaq katexizisi (8)... – Ravik ürəyindən keçirdi. – 
Nəciblikdən dəm vuran alçaq lovğa... Sən, ondan əvvəl rəfiqəsini qanına bələdiyi 
mamaçanın yanına getmiş, sonra da onun öldüyü xəstəxanaya gəlmiş, elə təkcə «nə 
edəydim?», «pulu haradan verəcəyəm?» deyən bu cəsur, zavallı qızcığazın dərdini 
haradan başa düşəsən?!» 
– Siz, gərək, indiyə kimi ərə getmiş olaydınız, Ejeni! Ya uşaqlı dul kişiyə, ya da 
qəbirqazana... 
– Müsyö Ravik! – Qız qürurla cavab verdi. – Bəlkə, mənim şəxsi işlərimə 
qarışmayasınız? Yoxsa cənab doktor Veberə şikayət edəsi olacağam! 
– Onsuz da bunu hər gün eləyirsiniz. – Ravik razılıqla onun allanmış yanaqlarına 
baxdı. – Niyə mömin adamlar təsadüfi hallarda həqiqətpərəst olurlar, Ejeni? Ən 
yaxşı xasiyyətlər həyasız adamlara verilib, ən dözülməz adamlar isə 
idealpərəstlərdir. Bu, sizi heç düşünməyə vadar etmir? 
– Allaha şükür ki yox! 


 
52
– Elə olduğunu mən də bilirdim. İndi isə taleyin bədbəxt bəndələrinin yanına 
gedirəm. Yəni «Oziris»ə... Ona görə deyirəm ki, bəlkə, doktor Veberə lazım 
oldum... 
– İnanmıram, doktor Veberə lazım olasınız... 
– Bakirəlik hələ uzaqgörənlik demək deyil, Ejeni! Bilmək olmaz, birdən lazım 
olaram. Təxminən, beşə qədər orada olacağam, sonra da mehmanxanaya 
gedəcəyəm. 
– Əcəb mehmanxanadır! Yəhudi tövləsi... 
Ravik geri döndü: 
– Ejeni, qaçqınların hamısı yəhudi deyil. Yəhudilərin çoxu da yəhudi deyil! Elə 
adam birdən yəhudi çıxır ki, ağlına gətirməzsən. Mən hətta bir zənci yəhudi də 
tanıyıram. Kimsəsiz, yazıq adam idi, Çin xörəklərini xoşlayırdı. Dünyanın belə 
işləri də var... 
Qız cavab vermədi. İndi də par-par parıldayan nikelli məcməyini təmizləyirdi... 
Ravik onu görəndə, Buaser küçəsindəki bistroda oturub sellər-sular oynayan 
pəncərədn çölə baxırdı. Qəflətən, elə bil, başına bir qazan qaynar su töküldü. 
Əvvəlcə lap şok vəziyyətinə düşdü, nə olduğunu kəsdirə bilmədi. Lakin birdən 
sıçrayıb qalxdı, stolu yana itələyib, ağzına kimi dolu zalla qapıya tərəf yüyürdü. 
Sanki, başına hava gəlmişdi. 
Kimsə qolundan bərk-bərk yapışdı. Geri döndü, heç nə anlamadı: 
– Nədir? Nə olub? 
Onu tutan xidmətçi idi. 
– Pul vermədiniz, müsyö! 
– Nə? Hə, bu dəqiqə qayıdıram... – Qolunu dartıb çıxardı. 
Xidmətçi qızardı: 
– Bizdə elə qayda yoxdur. Siz... 
– Alın... – Ravik cibindən pul çıxarıb, onun üstünə tulladı və özünü qapıya vurdu... 
Bir dəstə adamı yarıb, tini sağa buruldu, Buaser küçəsi ilə yüyürməyə başladı... 
Kimsə arxasınca söydü. Bir az özünə gəldi, daha yüyürməyib, diqqəti özünə cəlb 
etməmək üçün yeriməyə başladı. «Ola bilməz! – Ürəyindən keçirdi. – Heç ola 
bilməz! Mən ağlımı itirmişəm... Ola bilməz! Bu sifət... onun sifəti... oxşatmışam... 
Ah, bu lənətə gəlmiş oxşarlıq! Əsəblərim məni oynadır... O, Parisdə ola bilməz... 
Almaniyadadır... Berlindədir... Şüşə tamam su idi, yaxşı seçə bilməmişəm. 
Deyəsən, yanılmışam... Yəqin, elədir...» 
Kinodan çıxmış adamların arası ilə tələsir, çatdıqca diqqətlə bir-bir hamının üzünə, 
şlyapasına baxır, gah təəccüblü, gah da narazı baxışlarla rastlaşırdı. Getdikcə başqa 
sifətlər. Başqa şlyapalar... Boz, qara, göy şlyapalar... Onları bir-bir ötüb keçir, 
çevirilib baxır, baxırdı... 
Kleber prospektinə çatanda dayandı. Hə, qadın... Yanında da it... Birdən yadına 
düşdü! O da arxasınca gəlirdi... Həmin qadını çoxdan ötüb keçmişdi. Tez geri 
qayıtdı. Qadını uzaqdan görəndə səkinin kənarına çəkildi. Əllərini cibində 
yumruqlayaraq, diqqətlə, bircə-bircə yanından keçən adamlara baxdı. İt fənər 
asılmış tirin yanında dayandı, onu imsilədi, yavaş-yavaş ayağının birini qaldırdı. 
Küçəni «sulayandan» sonra qaçmağa başladı. Ravik birdən hiss elədi ki, 
boynundan tər sel kimi axır. Bir neçə dəqiqə gözlədi, ancaq o görünmürdü... 


 
53
Küçədə dayanmış maşınların içinə baxdı. Heç kəs yox idi. Geri qayıdıb Kleber 
prospektindəki metroya qədər getdi. İçəri girib bilet aldı, aşağı düşüb perronda 
gəzişdi. Adam çox idi. Bir qatar gəlib dayandı, sonra tuneldə yox oldu. Perron 
boşaldı. 
Yavaş-yavaş bistroya qayıtdı. Yenə bayaqkı stol arxasında oturdu. Yarım qədəh 
kalvadosu hələ də dururdu. Onun indiyəcən burada qalması Ravikə yaman qəribə 
gəldi... 
Xidmətçi çəkinə-çəkinə ona yaxınlaşdı: 
– Bağışlayın, müsyö, bilmədim... 
– Yaxşı, yaxşı, – Ravik onun sözünü kəsdi. – Mənə bir qədəh ayrı kalvados gətirin. 
– Başqasını? – Xidmətçi stolun üstündəki yarımçıq qədəhə baxdı. – Bunu 
içməyəcəksiniz? 
– Xeyr, ayrısını gətirin. 
Xidmətçi qədəhi götürüb iylədi. 
– Bu, yaxşı deyil? 
– Yaxşıdır... Ancaq ayrısını gətirin. 
– Baş üstə, müsyö. 
«Yanılmışam, – Ravik ürəyindən keçirdi. – Şüşələr sulu idi, yarısı tutulmuşdu. 
Yaxşı seçmək olardımı?» Nəzərlərini pəncərəyə, sonra da küçəyə zillədi, diqqətlə 
pusquda durmuş ovçu kimi gəlib-gedənlərə baxdı və həmin anda köhnə xatirələr 
təzədən oyandı, kölgəli, tutqun kino lenti kimi gözləri önündə bir-bir keçməyə 
başladı... 
...Berlin. 1934-cü ilin yay axşamı. Gestaponun binası... Qan... Pəncərəsiz, bomboş 
otaq... Elektrik lampalarının gözqamaşdırıcı işığı... Qana bələnmiş, kəmərli stol... 
Huşunu itirəndə başını vedrəyə soxmaları, nəfəsinin daralması və sonra da gecələr 
ayılması. Böyrəkləri, elə bil, qopub içinə düşmüşdü, daha ağrımırdı. Sibillanın 
əzilmiş, tanınmaz sifəti... Bir neçə mundirli cəllad onu tutub, biri də gülümsəyir, 
iltifatla, boynuna almasa, arvadını nələr gözlədiyini deyir. Sibillanın meyiti üç 
gündən sonra tapıldı. Guya, özünü asımışdı... 
Xidmətçi əlindəki qədəhi stolun üstünə qoydu: 
– Başqa növdür, müsyö. Köhnədən qalmadır. 
– Yaxşı, yaxşı, təşəkkür edirəm. – Ravik qədəhi başına çəkdi. Cibindən bir qutu 
siqaret çıxardı, birini götürüb yandırdı. Əlləri hələ də titrəyirdi. Kibrit çöpünü yerə 
atıb, bir qədəh də kalvados sifariş verdi. 
Ona elə gəlmişdi ki, həmin o təbəssümlü sifət idi gözünə görünən. Yox, ola 
bilməzdi! Ola bilməz ki, Haake Parisə gəlsin. Ola bilməzdi! 
Xatirələri qovmağa çalışdı. Əlindən bir iş gəlməyə-gəlməyə özünü bu kökə 
salmağın nə mənası? Onun da vaxtı var. Onların işi bitəndə... Geri qayıdanda... O 
vaxta qədər... 
Xidmətçini çağırıb pulunu verdi. Yolda nə qədər çalışdısa da, yenə diqqətlə 
yanından ötüb keçənlərin üzünə baxırdı... 
Morozovla «katakomba»da oturmuşdu. 
– Onun olduğuna inanmırsan? – Morozov soruşdu. 
– Yox. Ancaq, elə bil, özü idi. Yəqin, çox oxşayırmış. Ya da yaddaşım korlanıb. 
– Heyif ki, bistroda olmusan. 


 
54
– Hə... 
Morozov bir anlığa susdu və sonra dedi: 
– Adamı lap dəli eləyir. Düzdür? 
– Yox, nəyə görə? 
– Ona görə ki, dəqiq bilmirsən. 
– Bilmirəm. 
Morozov yenə susdu. 
– Yenə qara basır, – Ravik sözünə davam etdi. – Elə bilirdim, ondan canım 
qurtarıb. 
– Belə şeydən heç vaxt yaxa qurtarmaq olmaz. Mənim də başıma gəlib. Xüsusilə 
ilk günlərdə! İlk beş-altı ildə! Üçünü Rusiyada tutacağam. Yeddi idilər. Dördü 
ölüb. İkisini elə öz partiyasında olan adamlar güllələyib. Düz iyirmi ildən çoxdur 
gözləyirəm. 1917-ci ildən. Sağ qalanlardan birinin yetmiş, ikisinin isə qırx-əlli 
yaşları var. Çox güman ki, onları tutacağam, atamın heyfini alacağam. 
Ravik Borisə baxdı. Yaşı altmışı keçsə də, çox gümrah görünürdü. 
– Tapacaqsan... 
– Hə... – Morozov yumruqlarını düyünlədi. – Elə onu gözləyirəm. Ona görə də 
ehtiyatla gəzib-dolanıram. Daha içməyi də azaltmışam. Bəlkə, çox çəkəsi oldu. 
Gərək, qolumda qüvvə qalsın. Güllə ilə, bıçaqla eləmək istəmirəm. 
– Mən də... 
Onlar bir xeyli oturdular. 
– Şahmat oynayaqmı? – Morozov soruşdu. 
– Oynayaq. Ancaq gözümə boş taxta dəymir. 
– Professor indicə qurtaracaq. Levi ilə oynayırdı. Yenə də uddu. 
Ravik şahmatı gətirməyə getdi. 
– Siz çox oynamısınız, professor, – dedi. – Demək olar ki, bütün günü... 
Qoca başını tərpətdi. 
– Adamın fikrini dağıdır. Şahmat kartdan ağıllı oyundur. Kartda bəxtin gətirə, ya 
gətirməyə... Ona görə də adamın fikrini dağıtmır. Şahmat isə bir aləmdir. Onu 
oynayanda xarici aləm yaddan çıxır. – O, batıq gözlərini qaldırdı. – Xarici aləm də 
hələ kamala yetməyib. 
Onun rəqibi Levi isə mızıldadı, lakin tez də səsini kəsib, qorxa-qorxa yan-yörəsinə 
boylandı, sonra professorun dalınca getdi. 
Onlar iki partiya oynadılar. Sonra Morozov ayağa durdu: 
– Vaxtdır, gedim, bəşəriyyətin çiçəklənməsi üçün qapıları açım. Sən niyə heç biz 
tərəflərdə görünmürsən? 
– Bilmirəm. Təsadüfidir... 
– Sabah axşam necə? 
– Sabah axşam gələ bilmərəm. Yeməyə gedəcəyəm. «Maksim» restoranına... 
– Bura bax, sən, elə bil, qaçqın deyilsən, başını hər yerə soxursan. Parisin ən yaxşı 
restoranlarına ayaq açmısan. 
– Elə yerlər çox etibarlıdır, Boris. Özünü qaçqın kimi aparsan, tez ələ keçərsən. 
Sən, gərək, belə şeyləri yaxşı biləsən, ay daşdan keçən pasport sahibi Morozov! 
– Elədir! Bəs kiminlə gedəcəksən? Yoxsa, alman səfiri ilə onun havadarı kimi 
gedirsən? 


 
55
– Ket Heqstremlə. 
Morozov fit çaldı. 
– Hə... ə... Ket Heqstrem... Qayıdıb? 
– Sabah tezdən Vyanadan gələcək. 
– Demək, ondan sonra gələcəksən. 
– Bəlkə də, gəlmədim. 
Morozov əlini yellətdi. 
– Ola bilməz! Ket Heqstrem Parisə gələndə əsas iqamətgahı «Şəhrizad» olur.  
– İndi vəziyyət ayrı cürdür. Xəstəxanada yatmağa gəlir. Bir-iki günə təşrih 
olunacaq. 
– Elə ona görə də mütləq gələcək. Sən qadınları yaxşı tanımırsan. – Morozov 
gözlərini süzdürdü. – Yoxsa ora gəlməyini istəmirsən? 
– Niyə? 
– İndi yadıma düşdü ki, o qadını mənim yanıma göndərəndən sonra oralara 
gəlməmisən. Joan Madunu deyirəm. Deyəsən, burada nəsə var. 
– Boş şeydir! Onun orada olduğunu heç bilmirdim. Bir işə yaradı? 
– Hə, əvvəlcə xorda oxudu. İndi kiçik bir solo nömrəsi var. İki, ya üç mahnıdır. 
– Oralara öyrəşə bildimi? 
– Əlbəttə! Niyə öyrəşməsin ki? 
– Ümidini tamam itirmişdi. Yazıq qız... 
– Nə dedin? 
– «Yazıq qız» dedim. 
Morozov gülümsədi və atalıq qayğısı ilə: 
– Ravik! – dedi, həmin anda onun üzündə bu dünyanın bomboz səhraları, yamyaşıl 
çəmənləri, bütün sevinci və ağrı-acısı əks olundu. – Boş-boş danışma! O, çox 
dəhşətli bir iblisdir! 
– Nə? 
– Fahişə yox, iblisdir. Rus olsaydın, bilərdin. 
Ravik güldü:  
– Onda, yəqin, çox dəyişib. Hələlik, Boris, Allah özü sənin o iti gözlərini saxlasın! 
 
                                                                    VII 
 
– Xəstəxanaya nə vaxt getməliyəm, Ravik? – deyə Ket Heqstrem soruşdu. 
– Nə vaxt istəyirsiniz. Sabah, birisi gün, nə vaxt olsa... Bir gün elə, bir gün belə heç 
nə eləməz... 
İndi onunla üzbəüz dayanmış Ket arıq, qəddi-qamətli, inamlı, qəşəng bir qız idi və 
həmişəki kimi çox cavan görünürdü... 
Ravik iki il qabaq onu kor bağırsaqdan təşrih eləmişdi. Bu, onun Parisdə ilə təşrihi 
idi. Ketin ayağı yüngül oldu, elə həmin gündən işləməyə başladı, polisə düşmədi. 
İndi o qız Ravik üçün tilsimə bənzər bir şey idi. 
– Bu dəfə qorxuram, – Ket dilləndi. – Özüm də bilmirəm niyə... Ancaq qorxuram! 
– Nahaq qorxursunuz, su içmək kimi bir şeydir. 


 
56
Ket pəncərəyə yaxınlaşıb çölə baxdı. Bu tərəf «Lankaster» mehmanxanasının 
həyəti idi. Nəhəng, qocaman şabalıd ağacı arıq qollarını su ələnən səmaya doğru 
uzatmışdı...  
– Bu yağış da bir yandan... Mən Vyanadan çıxanda başladı. Sürixdə ayıldım, hələ 
də yağırdı. İndi də burada tökür... – Ket pərdələri çəkdi. – Heç bilmirəm mənə nə 
olub. Deyəsən, qocalıram... 
– Adam cavan olanda, həmişə elə bilir. 
– Mən başqa cür olmalıydım. İki həftədir, boşanmışam. Gərək, kefim kök olaydı. 
Ancaq yaman yorğunam. Hər şey təzədən təkrar olunur, Ravik. Görəsən, niyə 
belədir? 
– Heç nə təkrar olunmur, Ket. Biz özümüz özümüzü təkrar edirik, vəssalam.  
Ket gülümsəyərək, süni buxarının yanındakı divanda oturdu.  
– Yaxşı ki, qayıtdım, – dedi, – Vyana dustaqxanaya dönüb. Adamın qanı qaralır. 
Almanlar onu yaman ayaqladılar, Ravik. Avstraliyalılar da onlara qoşuldular. 
Avstraliyalılar da, Ravik! Elə bilirdim, təbiətin səhvidir, Avstriyada nasizm olmaz. 
Ancaq öz gözümlə gördüm! 
– Burada təəccüblü heç nə yoxdur. Hökmranlıq dünyanın ən tez yolxucu 
xəstəliyidir. 
– Elədir. Həm də insanları ən çox şikəst eləyən xəstəlikdir. Elə ona görə də 
boşandım. Evləndiyimiz ikicə il idi. Əlindən heç nə gəlməyən bu avara birdən-birə 
bör-bör böyürən şturmbanfürer oldu, qoca professor Bernştayna küçəni yudurtdu, 
gendən ona baxıb güldü. Bernştayn bir il bundan qabaq onu böyrək iltihabından 
müalicə eləmişdi. Bəhanəsi də bu oldu ki, guya, qonorarı çox olub... – Ket 
dodaqlarını büzdü. – Onu da mən vermişdim, o yox... 
– Sevinin ki, ondan canınızı qurtarmısınız. 
– Boşanmaq üçün iki yüz əlli şillinq istəyirdi. 
– Baha deyil! Pulla başa gələn hər şey ucuz düşər. 
– Ancaq heç nə vermədim! – Ket başını qaldırdı. Onun zərif, yaraşıqlı sifətini, elə 
bil, zərgər işləmişdi. – Özü, partiyası, füreri haqqında ürəyimdə nə var idisə, 
hamısını bircə-bircə üzünə oxudum. Dedim ki, bundan sonra lap açıq danışacağam. 
Məni gestapo, həbs düşərgəsi ilə hədələdi. Güldüm, dedim ki, hələ Amerika 
vətəndaşı kimi səfirliyin himayəsindəyəm, heç nə eləyə bilməzlər, mənə 
evlənməyin isə özün üçün pisdir! – O güldü. – Bunu gözləmirdi. Daha zəhləmi 
tökmədi. 
«Ah, səfirlik, himayə, tanışbazlıq...» – Ravik ürəyindən keçirdi. Qız, elə bil, başqa 
planetdən danışırdı... 
– Çox maraqlıdır, – dedi, – nə yaxşı, Bernştayna hələ də işləməyə icazə verirlər? 
– Daha qoymurlar. Məndə də birinci dəfə qanaxma olanda, xəlvəti yoxladı. Allaha 
şükür ki, uşağa qalmaq olmazdı. Yox bir... nasistdən uşağa da qalaydım... – O 
çimçəşdi. 
Ravik ayağa durdu: 
– Mən gedim. Veber günortadan sonra sizə baxacaq. Elə-belə, forma xatirinə... 
– Bilirəm. Buna baxmayaraq, bu dəfə yaman qorxuram. 
– Ket, birinci dəfə deyil ki! Kor bağırsaqdan da asandır. – Ravik nəvazişlə əlini 
onun çiyninə qoydu. – O, mənim Parisdə ilk təşrihim idi. Bu da ilk məhəbbət kimi 


 
57
bir şeydir, qorumaq lazımdır. Bu, bir yana, siz mənim bəxt ulduzumsunuz, mənə 
xoşbəxtlik gətirmisiniz və yenə də gətirməlisiniz! 
– Elədir, – deyə Ket onun üzünə baxdı. 
– Yaxşı, hələlik, Ket. Saat səkkizdə gəlib götürərəm. 
– Hələlik, Ravik. Mən də indi «Maynboşa» gedirəm. Gedim, özümə abırlı bir 
paltar alım, bu kəsalətdən çıxmaq lazımdır. İndi, elə bil, tikan üstə oturmuşam. Ah, 
Vyana... – O, acı-acı güldü. – Arzular beşiyi... 
Ravik liftlə düşərək, barın yanından keçib, dəhlizə çıxdı. Orada bir neçə amerikalı 
oturmuşdu. Lap ortada, stolun üstündə bir dəstə qladiolus var idi və bomboz, 
seyrək işıqda qana oxşayırdı. Ancaq yaxınlaşanda gördü ki, lap təzədir, bayırdan 
düşən tutqun işıqda elə görünürmüş... 
Əyninə qızılı haşiyəli frak geymiş Boris Morozov «Şəhrizad»ın qabağında 
dayanmışdı və taksinin qapısını da özü açdı. Əvvəlcə Ravik düşdü. Morozov 
qımışdı: 
– Elə bilirdim, daha buralara gəlməyəcəksən. 
– Gəlmək də istəmirdim... 
– Mən gətirmişəm, Boris, – deyə Ket Morozovu qucaqladı. – Allaha min şükür ki, 
yenə sizinlə bir yerdəyəm.  
– Sizdə rus ürəyi var, Katya. Bircə Allah özü bilir, siz Bostonda dünyaya 
gəlmisiniz. Gəl, Ravik, – Morozov qapını açdı. – İnsanlar niyyət eləməkdə 
ustadırlar, ancaq onu həyata keçirəndə zəif olurlar. Bizim bədbəxtliyimiz də elə 
bundadır. 
«Şəhrizad» Qafqaz üslubunda bəzədilmişdi. Xidmətçilər rus idilər və qırmızı rəngli 
çərkəzi çuxa geymişdilər. Orkestrda çalıb-oxuyanlar da ruslar, rumın qaraçılar idi. 
Müştərilər divar boyu düzülmüş taxtlarda oturdular. Hərəsinin də qarşısında balaca 
bir stol qoyulmuşdu. Zal alaqaranlıq idi və içəridə xeyli adam oturmuşdu. 
– Nə içəcəksiniz, Ket? – Ravik soruşdu. 
– Araq. Qoy qaraçılar da çalıb-oynasın. Hərbi marş üstündə «Vyana meşələri»nə 
qulaq asdığım yetər. – O, ayaqqabılarını çıxarıb, taxtda bardaş qurdu. – Yorğunluq 
keçib getdi. Ravik. Paris məni bir-iki saatın içindəcə dəyişdi. Ancaq hələ də elə 
bilirəm, həbs düşərgəsindən yenicə qaçmışam. Təsəvvür edirsən? 
Ravik ona baxdı: 
– Təxminən, bəli... – dedi. 
Çərkəzi çuxalı xidmətçi balaca şüşədə araq və qədəh gətirdi. Ravik qədəhləri 
doldurub, birini Ketə uzatdı. Qız onu su kimi başına çəkdi, qədəhi yerinə qoyub, 
yan-yörəsinə baxdı: 
– Əsl taxtabiti məskənidir, – dedi və gülümsədi, – ancaq axşamlar tərkidünyalığın, 
xəyalların oylağına çevrilir. – O, geri söykəndi. Stolun altından süzülən zəif işıq 
onun üzünə düşürdü. – Niyə belədir, Ravik? Gecələr hər şey belə al-əlvan görünür, 
hər şey asanlaşır, adama elə gəlir ki, nə istəsə eləyə bilər. Həqiqətdə eləyə 
bilmədiyini isə xəyallarında eləyirsən. Niyə belədir? 
Ravik gülümsədi: 
– Xəyallar bizə ona görə lazımdır ki, onlarsız həyata dözə bilmərik. 
Orkestrdə alətləri kökləməyə başladılar. Kvint və skripka danqıltısı eşidildi. 
– Ancaq siz heç xəyalların aldatdığı adama oxşamırsınız, Ravik. 


 
58
– Adam özünü həqiqətlə də aldada bilər. Bu lap təhlükəli xəyaldır. 
Orkestr çaldı. Əvvəlcə simbal başladı. Qaranlığın köksündən qopan ahəstə, həzin 
melodiya simlərin kövrək iniltisinə qarışdı, sonra skripkalar da ona qoşuldu... 
Qaraçı yavaş-yavaş rəqs meydançası ilə onlara tərəf gəldi. Skripkanı çiyninə 
sıxaraq, dayanıb təbəssümlə, sirayətedici nəzərlərlə onlara baxırdı. Üzünü də ona 
söykəmişdi və güclə seçilən sir-sifətindən hərislik yağırdı. Əlində skripka 
olmasaydı, deyərdin, mal-heyvan alverçisidir, ancaq indi yetim səhraların, xatirəyə 
dönmüş gecələrin, nəhayətsiz ənginliklərin – bir sözlə, gerçək olmayan şeylərin bu 
dünyadakı elçisidir... 
Həzin melodiya sərin bulaq suyu kimi Ketin üz-gözünə, bütün varlığına çilənirdi. 
Qulağına əks-səda gəldi, ancaq onu çağıran yox idi. Pıçıltılı səslər eşitdi, kövrək 
xatirələr qanad çaldı, nəsə zərxara kimi işıldadı, ancaq birdən hamısı burulğana 
düşdü, dalğa-dalğa çəkilib yox oldu. Heç kim onu çağırmırdı. Heçcə kim... 
Qaraçı baş əydi, Ravik stolun altından onun ovcuna pul basdı. Ket, sanki, yuxudan 
ayıldı: 
– Heç xoşbəxt olmusunuzmu, Ravik? 
– Ço.. o.. x! 
– Onu demirəm. Mən əsl xoşbəxtliyi nəzərdə tuturam: özündə olmayasan... Hər 
şeyi unudasan... Bütün varlığınla onun olasan... 
Ravik Ketin titrəyən zərif sifətinə baxdı. O yalnız bircə xoşbəxtlik tanıyırdı. Özü 
də ən kövrəyini – məhəbbəti... Heç nəyi yox, yalnız məhəbbəti! 
– Çox olmuşam, Ket, – deyən Ravik tamam başqa şeyi nəzərdə tuturdu və eyni 
zamanda bilirdi ki, heç o da xoşbəxtlik deyil.  
– Siz məni başa düşmək istəmirsiniz, ya da bu haqda danışmağa qorxmusunuz. 
Orkestrdə oxuyan kimdir? 
– Tanımıram. Çoxdandır buralara yolum düşmür. 
– Buradan görünmür. Qaraçıların yanında da deyil. Yəqin, hansı stol arxasında 
oturub. 
– Qonaqlardan olar. Burada elə şeylər çox olur. 
– Qəribə səsi var. Həm kədərlidir, həm də çılğın. 
– Mahnıları elədir. 
– Bəlkə də, mən özüm eləyəm. Nə oxuduğunu başa düşürsünüz? 
– «Ya vas lyubil» «mən səni sevirdim» deməkdir. Puşkinin sözləridir. 
– Rusca bilirsiniz? 
– Morozov bir-iki söz öyrədib. Çoxu da söyüşdür. Söymək üçün rus dilinin əvəzi 
yoxdur. 
– Siz özünüz haqda danışmağı sevmirsiniz, elə deyilmi? 
– Heç fikirləşməyi də xoşlamıram. 
Ket bir anlığa susdu, sonra dedi: 
– Hərdən mənə elə gəlir ki, o günlər daha keçib getdi. Qayğısızlıq da, ümid də... 
keçmişdən qalan nə var idisə, hamısı... 
Ravik gülümsədi: 
– Keçib getməyib, Ket. Həyat adi şey deyil. Əksinə, çox mürəkkəbdir. Nə qədər ki 
nəfəsimiz var, demək, onlar da var. 
Ket Raivkə heç qulaq asmırdı. 


 
59
– Məni tez-tez vahimə basır, Ravik. Heç özüm də bilmirəm nədir. Çox qəribə 
qorxudur. Bax, məsələn, mənə elə gəlir ki, buradan çıxanda görəcəyik ki, dünya 
qopur. Sizdə də belə şeylər olur? 
– Olur, Ket. Bu, hamıda olur. Avropada xəstəlikdir. İyirmi ildir yaranıb. 
Qız susdu. 
– Daha rusca oxumur. – Ket diqqətlə musiqiyə qulaq asırdı. 
– Xeyr, italyancadır. «Santa Luçiya Luntana»dır... 
Projektorun işığı gəzə-gəzə skripkanın üstündən keçib balaca bir stola tərəf gəldi. 
Ravik oxuyan qadını gördü. Joan Madu idi. Təkcə oturub, əlini stola söykəmişdi, 
harasa uzaqlara baxırdı, xəyal dəryasına cummuşdu və sanki, burada tək idi. 
Dümağ işıqda sifəti solğun görünürdü. Ancaq Ravikin o vaxtlar gördüyü 
məchulluqdan, ölgünlükdən əsər-əlamət yox idi. Ravik birdən həmin üzdə 
cazibədar, kövrək bir gözəllik gördü və yadına düşdü ki, bunları bir dəfə də onun 
yanında qaldığı gecə ötəri görüb. Ancaq onda elə bilmişdi ki, sərxoşluq gözünü 
tutub və həmin dəqiqə də o gözəllik solmuş, qeybə çəkilmişdi. İndi təzədən 
qayıtmışdı və ondakından da betər idi... 
– Sizə nə oldu, Ravik? 
Onun baxışları geri qayıtdı.  
– Heç nə. Mahnı tanışdır. Neapol haqqında sentimental mahnıdır. 
– Keçmiş xatirələri oyatdı? 
– Xeyr, mənim xatirəm yoxdur. 
Bu sözlər onun istədiyindən kəskin çıxdı və Ket diqqətlə Ravikin üzünə baxdı: 
– Hərdən sizə nə olduğunu lap dəqiq bilmək istəyirəm, Ravik. 
Ravik əlini yellətdi. 
– Mən də başqaları kimi. Bu dünya gözlənilməz macəralarla doludur. Qaçqınların 
məskən saldığı mehmanxanaların hamısında var. Hərənin də taleyi bir cürdür. 
Aleksandr Düma, Viktor Hüqo üçün bunlar sensasiya olardı. Ancaq indi onlara 
qulaq asanda adamı əsnəmək tutur. Sizə araq süzmüşəm, Ket. Sakit, dinc yaşamaq 
bu günün ən böyük macərasıdır. 
Orkestr oyun havası çalır, ancaq yaxşı alınmırdı. Qonaqlardan bir-ikisi oynamağa 
başladı. Joan durub qapıya tərəf getdi. Elə gedirdi ki, deyərdin, ondan başqa zalda 
adam yoxdur. Birdən Ravikin yadına Morozovun sözləri düşdü. Joan düz onların 
yanından keçdi. Ravikə elə gəldi ki, hətta qız onu gördü. Ancaq Joanın baxışları, 
yad adamlar kimi, onun üstündən sürüşüb, başqa səmtə yönəldi və o, zaldan çıxdı. 
– Bu qadını tanıyırsınız? – deyə Raviki diqqətlə müşahidə edən Ket soruşdu. 
– Xeyr. 
 
                                                                            VIII 
 
– Görürsünüzmü, Veber? – Ravik soruşdu. – Bax, bu.. bu... 
Veber yaraya tərəf əyildi. 
– Bəli... 
– Bu balaca vəzlərə baxın... Budur... Nə xora deyil, nə də bitişmə. 
– Xeyr... 
Ravik dikəldi. 


 
60
– Xərçəngdir, – dedi, – yüz faiz xərçəngdir. Çoxdandır belə şeyə rast gəlmirdim. 
Güzgü ilə müayinə bir şey göstərmir, əllə yoxlayanda görürsən ki, yan tərəf 
yumşaqdır, bir az da şişib. Elə bilirsən, ya kistadır, ya da mioma, elə qorxulu şey 
deyil. Ancaq kəsməmiş işləmək olmur. Yarıb, içəridə gözlənilmədən xərçəng 
tapırsan. 
Veber ona baxdı: 
– Fikriniz nədir? 
– Bir az kəsib götürək, biopsiya eləyək. Bassion laboratoriyadadır? 
– Əlbəttə... 
Veber tibb bacısına laboratoriyaya zəng vurmağı tapşırdı. Başqa şeyin xeyri 
yoxdur. Ən dəhşətlisi də odur ki, özü heç nə bilmir.  
– Nəbzi necədir? – Ravik bihuşdarı verən tibb bacısından soruşdu. 
– Qaydasındadır. Doxsan... 
– Qan təzyiqi? 
– Yüz iyirmi. 
– Yaxşı, – Ravik cərrahiyyə stolunda Trendelenqburq üsulunda uzadılmış Ketə 
baxdı. – Özü əvvəlcədən bilməli idi, razılıq verməliydi. Onun bədənində 
istədiyimiz yeri kəsib götürməyə ixtiyarımız yoxdur. Yoxsa, var? 
– Qanuna görə, yoxdur. Yoxsa, var? 
– Məcbur olduq. Aşağıdan qaşıyıb təmizləmək mümkün deyil, indi isə tamam 
başqa təşrih alındı. Uşaqlığı kəsib götürmək qaşıyıb təmizləmək deyil. 
– Zənnimcə, o, sizə inanır, Ravik. 
– Bilmirəm. Bəlkə də, elədir... Ancaq razılıq verərdimi? – O, dirsəyi ilə ağ xalatın 
üstündən taxdığı rezin önlüyü düzəltdi. – Hər halda, çalışacağam ki, bir əlac 
eləyim. Histroktamiyanı sonra da eləmək olar. Ejeni, bıçağı... 
Kəsiyi göbəyə qədər uzatdı, xırda qan damarlarını sıxdı, böyüklərini isə ikiqat ipək 
sapla tikdi, başqa bir bıçaq götürüb fassiyanı kəsdi. Onun altındakı əzələləri 
bıçağın arxası ilə ayırdı, pertenimu qaldırıb, qarın boşluğunu açdı. 
– Ayırıcı! 
Tibb bacısı onu hazır tutmuşdu və ucuna ağır daş bağlanmış zənciri Ketin ayaqları 
arasına saldı, üfürülən lövhəni ona bərkitdi. 
– Dəsmal! 
Ravik yaranın yan-yörəsinə nəm, isti dəsmal düzdü, korsanqı ehtiyatla ora yeritdi. 
Sonra başını qaldırdı. 
– Bura baxın, Veber... Bir də bura... Görürsünüz, necə bərkiyib?! Qalın, möhkəm 
kütlədir. Heç nə eləmək olmaz, lap dərinə işləyib. 
Veber diqqətlə Ravik göstərən yerə baxdı. 
– Bir buna baxın, – Ravik sözünə davam etdi, – arteriyaları bağlaya bilmərik, çox 
nazikdir. Hələ metastas da verib. Ümid yoxdur. 
Ehtiyatla həmin yerdən nümunə kəsib götürdü. 
– Bassion laboratoriyadadır? 
– Bəli. – Tibb bacısı cavab verdi. – Zəng vurmuşdum, gözləyir. 
– Yaxşı, göndərin. Nəticəni gözləyək. On dəqiqə ancaq çəkər. 
Veber dedi: 
– Deyin ki, zəng vursun. O dəqiqə vursun. Təşrihi dayandırırıq. 


 
61
Ravik dikəldi: 
– Nəbzi necədir? 
– Doxsan beş. 
– Qan təzyiqi? 
– Yüz on beş. 
– Oldu. Veber, mənə elə gəlir ki, razılıq haqda fikirləşmək lazım deyil. Artıq heç 
nə eləmək olmaz. 
Veber başını tərpətdi. 
– Tikmək lazımdır. – Ravik sözünə davam etdi. – Uşağı götürmək, vəssalam! 
Sonra da tikmək və özünə heç nə deməmək! 
Bir anlığa dayanıb, dümağ dəsmalların arasındakı açıq yaraya baxdı. Gur işıq 
dəsmalları daha da ağ göstərirdi. Elə bil, yenicə yağmış qar idi, arasıdan görünən 
qanlı yara isə, sanki, ağzını geniş açıb əsnəyirdi. Nəsə görünmədən, bilinmədən 
onu için-için yemiş və otuz dörd yaşlı, şıltaq, incə, şax qamətli, həyat həvəsli Ket 
Heqstermi ölümə məhkum eləmişdi... 
Yenə cansız cəsədə tərəf əyildi: 
– Biz hələ... 
Uşaq! Bu doğram-doğram olmuş bədəndə heç nədən xəbəri olmayan balaca bir 
varlıq yavaş-yavaş böyüyürdü. Demək, o da ölümə məhkum olmuşdu. O, hələ 
anasının qanından yeyir, şirəsindən sorurdu ki, böyüyüb bu dünyaya gəlsin, ya 
əsgər, ya da kiminsə qatili olsun. Bir sözlə, insan olsun, yaşasın, sevinsin, 
kədərlənsin, uçurub dağıtsın... – Əlindəki alət ehtiyatla görünməyən yerlərlə 
irəlilədi, onu tapdı, astaca oradan qopardı, çölə çıxardı. Və hər şey də qurtardı. 
Dünya işığı görməmiş, nəfəs almamış, sevinc-kədər dadmamış, böyüyüb başa 
çatmamış, heç yaranmamış öldü... İndi bir parça rəngi solmuş, ölmüş, qana 
bələnmiş ət parçası idi... 
– Bassiondan xəbər çıxmadı? 
– Hələ yox. İndi gələr... 
– Bir-iki dəqiqə də gözləyə bilərik. 
Ravik geri çəkildi: 
– Nəbzi? 
Ekranda Ketin gözlərini gördü. Bu gözlər ona dikilmişdi, ancaq heç nə 
soruşmurdu, sanki, hər şeyi bilir, yazıq-yazıq ona baxırdı. Birdən Ravikə elə gəldi 
ki, o ayılıb. Bir addım atıb dayandı. Ola bilməzdi! Ona elə gəlmişdi. Üzünə işıq 
düşübmüş... 
– Nəbzi necədir? 
– Yüz. Qan təzyiqi yüz on iki. Düşür... 
– Vaxtıdır, – Ravik narahat oldu. – Bassion qurtarmalı idi. 
Aşağıdan boğuq telefon zəngi eşidildi. Veber qapıya baxdı. Ravik o tərəfə heç 
baxmadı da. Sakitcə gözlədi. Qapı səsi eşitdi... Tibb bacısı gəldi. 
– Elədir! – Bunu Veber dedi. – Xərçəngdir! 
Ravik başını yırğalayıb, təzədən işə başladı. Sancaqları çıxardı, tikişləri sökdü, 
dəsmalları götürdü. Onun yanında dayanmış Ejeni alətləri sayırdı. Tikməyə 
başladı. Çox səliqə ilə, ustalıqla, dəqiq işləyirdi. Bütün diqqəti orda idi, heç nə 


 
62
haqda fikirləşmirdi. Qəbrin üstü örtüldü, dəri qatları bir-bir ağız-ağıza gəldi, üst 
dərinin də tikişini vurub dikəldi: 
– Qurtardı. 
Ejeni cərrahiyyə stolunu yenə maili vəziyyətə gətirdi. Ketin üstünü örtdü. Ravikin 
xatirləri yenə oyandı: «Şəhrizad» ...Srağagün... «Maynboşdan» aldığı paltar... «Heç 
xoşbəxt olmusunuzmu?», «Lap çox», «...qorxuram», «adi şeydir...», qaraçılar 
oynayır... 
Qapını üstündən asılmış saata baxdı. On iki idi. Nahar vaxtı bütün idərələrin, 
fabriklərin qapıları açılır, sağlam adamlar dəstə-dəstə çölə axışır... Tibb bacıları 
xərəyi cərrahiyyə otağından apardılar. Ravik rezin əlcəkləri çıxarıb, vanna otağına 
getdi, yuyunmağa başladı.  
– Siqareti atın! – Onunla yanaşı yuyunan Veber dilləndi. – Dodaqlarınızı 
yandırarsınız. 
– Hə... təşəkkür edirəm. Bəs bunları ona kim deyəcək, Veber? 
– Siz, – deyə Veber tərəddüd etmədən cavab verdi. 
– Gərək, niyə yardığımızı başa salaq. Elə bilirdi, adi qayda ilə edəcəyik. Həqiqəti 
isə deyə bilmərik. 
– Bir şey tapıb uydurarsınız. – Veber inamla dilləndi. 
– Doğrudan? Tapa bilərəm? 
– Əlbəttə! Hələ axşama kimi vaxtımız var. 
– Bəs siz? 
– Mənə inanmaz. Bilir ki, siz təşrih eləmisiniz, ona görə də sizdən soruşacaq. Mən 
gəlsəm, əhvalı pozulacaq. 
– Elədir. 
– Başa düşmürəm, necə ola bilər ki, belə az vaxtda bu qədər böyüsün... 
– Olur... Kaş ona nə deyəcəyimi biləydim! 
– Bir şey taparsınız, Ravik. Deyərsiniz, kistadır, ya da mioma... 
Gecə yenə xəstəxanaya getdi. Ket yatırdı. Axşamüstü oyanmış, qusmuş, təxminən, 
bir saat sakitləşə bilməmiş, sonra yenə yatmışdı. 
– Heç nə soruşmadı? 
– Xeyr, – deyə qırmızıyanaq tibb bacısı cavab verdi. – Huşu özündə deyildi, heç nə 
soruşmadı. 
– Mənə elə gəlir, sabahacan yatacaq. Ayılıb soruşsa, deyərsiniz ki, hər şey 
qaydasındadır. Arxayınca yatsın. Lazım gəlsə, dərman verin. Bir şey olsa, ya 
doktor Veberə, ya da mənə zəng vurun. Harada olduğumu mehmanxanada 
biləcəklər. 
Küçədə elə dayanmışdı ki, deyərdin, canını kiminsə əlindən yenicə qurtarıb. Bayaq 
inamla ona dikələn gözlərə baxa-baxa onu aldatmağa bir neçə saat qalmışdı... 
Birdən ona elə gəldi ki, ulduz kimi sayrışan bu gecə yaman istidir. Taleyin ona 
bağışladığı bu bir neçə mərhəmət saatı ağ göyərçin kimi qanad çala-çala gəlib onu 
həyatın dəhşətli girdabından qopardı. Elə bunun özü də bir yalan idi, tale adama 
heç nə bağışlamazdı. Sadəcə olaraq, müvəqqəti möhlət idi. Əslində, hər şey möhlət 
deyildimi? 
Bistrolardan birinə girib, pəncərənin qabağındakı mərmər stol arxasında oturdu. 
Otaq siqaret tüstüsü, səs-küylə dolmuşdu. Xidmətçi gəldi. 


 
63
– Bir qədəh «Dübene», bir qutu da «Kolonial» siqareti. 
Ravik qutunu açdı, qara tənbəkidən doldurulmuş siqaretlərdən birini çıxarıb 
yandırdı. Qonşu stol arxasındakı fransızlar öz satqın hökumətlərindən, Munxen 
sazişindən danışırdılar. Hərdən bəzi sözlər qulağına dəyirdi. İndi hamı bilirdi ki, 
dünya laqeyd-laqeyd yeni bir müharibəyə doğru gedir. Heç kim də etiraz eləmirdi. 
İndi adamın bircə şeyə gücü çatardı ki, o da möhlət uğrunda mübarizə aparmaq idi, 
bircə illik möhlət! Burada da möhlət... hər yerdə möhlət... 
«Dübene»sini içdi. Konyakın şirin dadı, kəskin qoxusu ürəyini bulandırdı. Axı 
niyə bundan istədi? Xidmətçiyə əl elədi: 
– Bir qədəh «Fine». 
Pəncərədən baxa-baxa qara fikirləri özündən qovmağa çalışdı. Əgər əlindən bir iş 
gəlmirsə, niyə boş yerə özünü dəli eləyirsən?! Bu ibrət dərsini aldığı günü 
xatırladı. Həyatın ona verdiyi böyük ibrət dərslərindən biri də o idi... 
...Bu hadisə 1916-cı ilin avqust ayında İperi yaxınlığında olmuşdu. Bölük bir gün 
qabaq ön xətdən qayıtmışdı. Cəbhəyə gəldikləri gündən ilk dəfə idi ki, belə sabitlik 
yaranmışdı. İtki olmamışdı. İndi avqust günəşi başlarını döyə-döyə tonqalın 
qırağına yığışıb, kimsəsiz tarlalardan tapdıqları kartofları közdə bişirirdilər. Bircə 
dəqiqə sonra isə hər şey dəyişdi. Qəflətən toplar guruldadı və mərmilərdən biri düz 
tonqalın ortasına düşdü. Özünə gələndə gördü ki, ona heç nə olmayıb, hətta 
yaralanmayıb da, ancaq iki yoldaşı ölüb. Onlardan bir az o tərəfdə isə Paul 
Mesman yıxılıb qalmışdı. Onun qarnı yırtılmış, içalatı çıxmışdı... Paulu lap ayaq 
açıb yeridikləri vaxtdan tanıyırdı. Həmişə bir oynamış, bir yerdə məktəbə getmiş 
və heç vaxt ayrılmamışdılar... 
Onu brezent çadıra büküb səhra xəstəxanasına gətirdilər. Yol taxıl zəmisindən və 
böyük bir yamacdan keçirdi. Dörd nəfər idilər, hərəsi də çadırın bir küncündən 
tutmuşdu. Qəhvəyi rəngli çadırın arasında qıvrılan Mesman, dümağ, piyli, qana 
bələnmiş içalatını qucaqlamışdı. Ağzı açıq idi, gözləri çevrilmişdi... 
O, iki saatdan sonra canını tapşırdı. Bu iki saatın birini ara vermədən qışqırdı... 
Ravik necə geri qayıtdıqlarını xatırladı. Lal-dinməz, qanıqara halda barakda 
oturmuşdu. Ömründə birinci dəfə idi ki, belə şey görürdü. Dəstə komandiri 
Kaçinski – o, müharibədən qabaq çəkməçi olmuşdu – gələndə də beləcə 
oturmuşdu. 
Kaçinski: 
– Dur, – dedi, – bavarların yeməkxanasına pivə, araq gəlib. Kolbasa da var. 
Heyrətlə onun üzünə baxdı. Kaçinskidən belə qansızlıq gözləmirdi. Kaçinski də bir 
xeyli onu süzüb dedi: 
– Sən gedəcəksən. Lap döyə-döyə də olsa, aparacağam. Əməlli-başlı yeyib – içib 
dəmlənəcəksən, sonra da fahişəxanaya gedəcəksən. 
Cavab vermədi. Kaçinski onun yanında oturdu: 
– Başa düşürəm... mənim haqqımda indi nə fikirləşdiyini də bilirəm. Sənin 
gəldiyin ikicə həftədir, ancaq mən iki ildir buradayam. Gəl məni eşit! Bundan 
sonra Mesmana kömək eləyə bilərik? Yox! Bilirsən ki, əgər onu xilas etməyə zərrə 
qədər imkan olsaydı, hər şeydən keçərdik. 
Başını qaldırdı. O, bunu bilirdi. Heç kim eləməsə də, Kaçinski eləyərdi... 


 
64
– Yaxşı, o öldü getdi, – Kaçinski sözünə davam etdi. – Daha heç nə eləyə bilmərik. 
İki gündən sonra yenə ön cəbhəyə gedirik. Bu dəfə əvvəlki tək asan olmayacaq. 
Burada oturub Mesman haqqında fikirləşə-fikirləşə özünü üzürsən. Əsəblərin 
korlanır, inamın itir. Bu da kifayətdir... Bu dəfə top atılanda cəld tərpənə 
bilməyəcəksən. Yarımca saniyə geciksən, bəsindir... Sonra səni də Mesman kimi 
əlimizdə aparacağıq. Bu, kimə lazımdır? Mesmana? Yox! Bəlkə, başqasına? Yox! 
Çanaq öz başında çatlayacaq, vəssalam. Anladın? 
– Hə... ə... Ancaq bacarmaram. 
– Mumla, bacararsan. Başqaları da belə eləyib. Sən birinci deyilsən! 
Həmin gündən sonra xeyli yüngülləşdi. Kaçinski ilə getdi, ilk həyat dərsini aldı: 
bacarırsansa, kömək elə, əlindən gələni əsirgəmə. Elə ki gördün bacarmırsan, unut! 
Üzünü çevir get! Özünü tox tut! Halıyananlıq dinc dövrlər üçündür, olum, ya ölüm 
məsələsində artıqdır. Ölənləri basdır, özün də başla həyatı bir tərəfdən söküb 
yeməyə. Bir vaxt gərəyin olacaq. Kədər qoy öz kədərliyində qalsın, ancaq 
həqiqətdən də qaçma. Həqiqətlərlə barışa-barışa da yas saxlamaq olar... Yalnız 
belə dözmək mümkündür... 
Ravik konyakını içdi. Qonşu stoldakı fransızlar yenə də öz hökumətləri, İtaliya, 
Çemberlen haqqında çərənləyirdilər. Eh, yenə sözlər, sözlər... İş görənlər isə 
başqaları oldu. Onlar güclü olmasalar da, qətiyyətli idilər. Cəsarətli olmasalar da, 
bilirdilər ki, qarşıdakı müqavimət göstərməyəcək. Möhlət aldılar... Bəs ondan necə 
istifadə elədilər? Yoxsa silahlandılar, o birilərinə çatdılar, ya da qüvvə topladılar? 
Başqalarının necə sürətlə silahlandığını gördülər, ancaq heç nə eləmirdilər, əlləri 
qoynunda nəsə gözləyirdilər, təzə bir möhlətə ümid bəsləyirdilər. Lap o morjların 
başına gələn işə oxşayır. Sahilə yüzü birdən çıxır. Ovçu gəlib əlindəki dəyənəklə 
onları bir-bir qırır. Hamısı köməkləşsəydi, onu birtəhər eləyərdilər. Ancaq 
arxayınca uzanıb, ovçunun yoldaşlarını necə qırdığına tamaşa eləyir, heç biri də 
yerindən tərpənmir. Ovçu da düz onun yanındakının öldürür, belə-belə hamısının 
axırını çıxırdı. Bu da Avropa morjlarının tarixçəsi... Sivilizasiyanın qürub çağı... 
Qədim Allahların qorğun-arğın, kölgə kimi çəkilib getməsi... İnsan hüquqları 
barədə gurultulu vədlər... Bir qitənin yerli-dibli satılması... Axır qiymət üstündə 
çərçilik... Getdikcə yaxınlaşan tufan... Püskürən vulkan qoynunda yallı gedən 
zavallı insanlar... Yavaş-yavaş yenə də fəlakətə sürüklənən xalqlar... At ölsəydi, 
itin bayramı olardı... Həmişə də belə olub! 
Ravik siqaretini söndürdü, yan-yörəsinə baxdı. Bütün bunlar nə deməkdi? Məgər 
ötən gecə də zərif boz göyərçinə bənzəmirdimi? Ölənləri basdır, özün də başla 
həyatı bir tərəfindən söküb yeməyə... Vaxt gözləmir. Çox şeyə dözmək lazımdır. 
Nə vaxtsa, kiməsə gərək olacaqsan. Gərək, ona hazır olasan... 
Xidmətçini işarə ilə yanına çağırıb, pulunu verdi. 
Ravik içəri girəndə «Şəhrizad» qaranlıq idi. Qaraçılar çalırdılar. Projektorun gur 
işığı yalnız orkestrin yanında oturmuş Joan Madunun stolunu işıqlandırırdı...  
Qapının ağzında dayandı. Xidmətçilərdən biri yaxınlaşıb stolu ona tərəf çəkdi. 
Gözləri Joanda olan Ravik yerindən tərpənmədi. 
– Araq içəcəksiniz? – xidmətçi soruşdu. 
– Bəli, bir qrafin gətirin. 


 
65
Oturdu. Araq süzüb başına çəkdi. Bayaq küçədə fikirləşdiklərini unutmaq istəyirdi. 
Hamısını – keçmişin xatirələrini, dəhşətli ölümü, mərminin darmadağın etdiyi 
Mesmanı, xərçəngin için-için yediyi Keti... Gördü ki, iki gün əvvəl Ketlə oturduğu 
stol arxasında oturub. Qonşu stol boşaldı, ancaq ora getmədi. Nə fərqi, ya burada 
otursun, ya da orada, onsuz da bunun Ketə heç bir xeyri yox idi. Veber onda necə 
demişdi? Təşrihin köməyi olmayanda niyə həyəcanlanırsınız? Adam bacardığını 
eləyir, sonra da çıxıb evinə gedir. Bəs harada qalsın? Joan Madu oxuyurdu. Ket 
düz deyirmiş, onun səsi adamı riqqətə gətirir. İçində araq olan qrafini götürdü. Bu, 
elə bir an idi ki, bütün rənglər itirdi və heç nəyə gücü çatmayan əllərin altında 
həyat yavaş-yavaş sönürdü. Qabarmış dənizin müəmmalı şəkildə qınına 
çəkilməsi... Nəfəs alarkən bircə anlığa yaranan səssiz-səmirsiz fasilə... Ürəkləri 
asta-asta parçalayan zaman... Joan «Santa Luçiya»nı oxuyurdu. Onun səsi dalğa-
dalğa, sanki, unudulmuş bir sahildən gəlirdi və həmin sahildə də nəsə 
çiçəkləyirdi... 
– Xoşunuza gəlir? 
– Kim? – Ravik ayağa durdu. 
Restoranın baş xidmətçisi lap yanında dayanmışdı və Joana işarə edirdi: 
– Yaxşıdır... Çox yaxşıdır. 
– Ancaq sensasiya deyil. Başqa musiqi nömrələrinin arasında oxutmaq olar. 
Xidmətçi sürüşüb getdi. İşıq bircə anlığa onun qapqara saqqalını parıldatdı. 
Qaranlıqda gözdən itdi. Ravik onun arxasınca baxdı və qədəhi götürdü.  
Projektor söndü. Orkestr tanqo çalmağa başadı. Yenə də altında rəngbərəng işıqlar 
yanan stollar, onların üzərinə əyilmiş sifətlər göründü. Joan ayağa durub stolların 
arası ilə irəliləməyə başladı. Qonaqlar rəqs meydançasına getdikləri üçün bir neçə 
dəfə ayaq saxlamalı oldu. Ravik ona baxdı. Joanın üzündə təəccüb ifadəsi yox idi 
və özü də düz ona tərəf gəlirdi. Durub stolu kənara çəkdi. Xidmətçilərdən biri tez 
köməyə tələsdi.  
– Təşəkkür edirəm, – Ravik etiraz elədi, – özüm düzəldərəm. Bizə bir qədəh verin. 
Stolu yerinə çəkib, xidmətçinin gətirdiyi qədəhi doldurdu. 
– Araqdır, – dedi, – içirsinizmi? 
– Bəli. Axı bir dəfə içmişik... «Bel Oror»da... 
– Düzdür. 
«Hələ bir dəfə də burada olmuşuq, – Ravik ürəyindən keçirdi. – Lap çoxdan... Üç 
həftə qabaq... onda burada çörək də yedin. Onda plaşın içində elə büzüşmüşdün ki, 
az qala qaranlığa qarışmışdın, görünmürdün. Onda bədbəxtlikdən başqa heç nə 
deyildin... Ancaq indi...» 
– Nuş olsun, – dedi. 
Joanın sifəti işıqlandı. Təbəssüm deyildi, eləcə işıqlanmışdı. 
– Çoxdan bu sözü eşitmirdim, – dedi, – nuş olsun! 
Arağını içib, qadını nəzərdən keçirdi. Çatma qaşlar, bir-birindən uzaq düşmüş 
gözlər, ağzı... Bunlar o vaxt nəzərə çarpmırdı, ancaq indi hamısı bir yerə yığışıb bu 
işıqlı, sirli-soraqlı sifəti yaratmışdı. Həmin sifətin sirri onun səmimiyyətində idi. 
Heç nəyi gizlətmirdi, heç nəyi də büruzə vermirdi. «Necə olub ki, mən bunu 
əvvəllər görməmişəm? – Ravik ürəyindən keçirdi. – Yəqin, onda belə deyilmiş. 
Onda orada qorxudan, həyəcandan başqa heç nə yox imiş...» 


 
66
– Siqaretiniz var? – Joan soruşdu. 
– Əlcazair siqaretidir. Qara tənbəkidir, özü də çox acı... 
Xidmətçini çağırmaq istədi, ancaq Joan qoymadı. 
– O qədər də acı deyil. Bir dəfə vermisiniz. Yadınızdadırmı, «de Alma» 
körpüsündə... 
– Düz deyirsiniz... 
«Həm düz deyirsiniz, həm də yox... – Ravik ürəyindən keçirdi. – Sən onda 
perikdirilmiş, saralıb-solmuş bir vücud idin. Heç özün deyildin. Onda aramızda 
nəsə oldu və birdən elə yaddan çıxdı ki, elə bil, heç olmamışdı...» 
– Bura gəlmişdim, – dedi, – srağagün... 
– Bilirəm. Gördüm... 
O, Ket barədə heç nə soruşmadı. Sakitcə, heç nə olmamış kimi, bir küncə qısılıb 
siqaret çəkirdi və sanki, bütün fikri-zikri bu siqaretin yanında idi. Sonra yenə 
sakitcə, aram-aram içməyə başladı və sanki, yenə bütün fikri-zikri arağın yanında 
idi. Elə bil, nə iş görürdüsə, hətta ikinci dərəcəli də olsa, onu axıracan görürdü... 
«Onda tamam ümidsiz idi, – Ravik ürəyindən keçirdi. – İndisə onlardan əsər-
əlamət yoxdur». Joan birdən-birə elə doğmalaşdı, elə qayğısız göründü ki! Ravik 
bilmədi, bəlkə də, ona görə belə oldu ki, həmin anda heç bir dərdi-səri yox idi. 
Bircə onu hiss elədi ki, Joanın hənirtisi onu isitdi... 
Qrafin boşalmışdı. 
– Yenə içəkmi? – Ravik soruşdu. 
– Onda mənə içirtdiyiniz nə idi? 
– Nə vaxt? Burada? Deyəsən, burda hamısını qatıb-qarışdırdıq. 
– Xeyr, buradakını demirəm. Lap birinci gecə... 
Ravik fikrə getdi. 
– Yadıma gəlmir, – dedi, – konyak deyildi ki? 
– Xeyr, konyaka oxşayırdı, ancaq tamam ayrı şeydi. İstədim yenə içəm, ancaq tapa 
bilmədim. 
– Niyə? Yəni elə yaxşı idi? 
– Ona görə yox... Ömrümdə belə tünd şey içməmişdim. 
– Harada içdik onu? 
– «Zəfər tağı»nın yanındakı bistroda. Pilləkənlə aşağı düşdük... İçəridə də 
sürücülər, qızlar oturmuşdu. Xidmətçinin də qolunda çılpaq qadın şəkli 
döyülmüşdü... 
– Hə, indi bildim, kalvados olacaq. Normandiyanın alma arağıdır. Buradan 
soruşmusunuz? 
– Deyəsən, yox. 
Ravik işarə ilə xidmətçini çağırdı. 
– Kalvados var? 
– Təəssüf ki, yoxumuzdur. Burada istəyən olmur. 
– Əlbəttə, buralarda yaraşmaz! Kalvados olacaq. Heyif ki, dəqiq bilmirik. Ən asan 
yolu ora getməkdir. İndi isə olmaz... 
– Niyə olmur? 
– Burada işiniz yoxdur? 
– Xeyr, qurtarmışam. 


 
67
– Lap yaxşı! Gedək? 
– Getdik! 
Ravik meyxananı o dəqiqə tapdı. Demək olar ki, boş idi. Qolunda çılpaq qadın 
şəkli döyülmüş xidmətçi gözünün ucu ilə onlara baxdı, gəlib stolu sildi. 
– Bir az inkişaf var, – Ravik dilləndi. – Onda silməmişdi. 
– Bu stolu yox... – Joan da dilləndi. – O birini silin. 
Ravik gülümsədi: 
– Möhvumata inanırsınız? 
– Hərdən... 
Xidmətçi yanlarında dayanmışdı: 
Düz deyir, – dedi və qolunu oynadanda çılpaq qadın da tərpəndi. – Onda da 
burada oturmuşdunuz. 
– Yadınızdadır?  
– Bəs necə... 
– Siz bu yaddaşla, gərək, general olaydınız. 
– Mənim yadımdan heç nə çıxmır. 
– Bəs necə olub ki, hələ də yaşayırsınız? Onda nə içdiyimiz də yadınızdadır? 
– Kalvados! – Xidmətçi tərəddüd eləmədən cavab verdi. 
– Yaxşı, elə indi də ondan içəcəyik. – Ravik qadına tərəf döndü: – Görürsünüz, 
bəzi problemlər necə tez həll olunur? İndi görək həminki dadı verəcəkmi? 
Xidmətçi kalvadosu gətirdi.  
– Onda da belə iri qədəhlərdə içmişdiniz, – dedi. 
– Bura baxın, siz lap möcüzəsiniz ki! Bizim onda necə geyindiyimiz də 
yadınızdadır? 
– Plaş geymişdiniz. Xanımın başında beret də var idi.  
– Sizin yeriniz bura deyil! Gərək, varyetdə olaydınız. 
– Orada işləmişəm. – Xidmətçi təəccübləndi. – Sirkdə... Axı sizə demişdim. 
Yadınızdan çıxıb? 
– Bəli, bədbəxtlikdən elədir. 
– Bu cənab tez unudandır, – Joan dilləndi. – Siz yaddaş ustası olduğunuz kimi, o 
da unutmağın ustasıdır. 
Ravik başını qaldıranda baxışları toqquşdu. O gülümsədi. 
– Bəlkə də, heç elə deyil, – dedi. – İndi də kalvadosun dadına baxaq. Nuş olsun! 
– Nuş! 
Hələ də yanlarında dayanmış xidmətçi dilləndi: 
– Adam indi unutduğu şeyi sonralar ömrü boyu axtarmalı olur, müsyö. – Onun 
fikrincə söhbət hələ axıra çatmamışdı. 
– Elədir. Ancaq unudulmayan şeylər də adamın ömrünü cəhənnəm əzabına 
döndərir. 
– Mənimkini döndərmir. Ötüb keçən şeydir, o niyə həyatı cəhənnəm əzabına 
döndərsin? 
Ravik başını qaldırdı: 
– Elə keçmiş olduğu üçün, qardaş. Siz artist olmaqla bərabər, həm də xoşbəxt 
adamsınız. – Joana tərəf döndü: – O kalvadosun dadını verir? 
– Ondan da yaxşıdır. 


 
68
Ravik Joana baxdı. Yanaqları allandı. Bununla nə demək istədiyini başa düşürdü, 
ancaq belə açıq danışması əl-qolunu bağlayırdı. Joan isə özünü elə aparırdı ki, 
guya, bu işarənin Ravikə necə təsir etdiyini vecinə almır. Bu miskin meyxanada elə 
oturmuşdu ki, deyərdin, evindədir. Üstüaçıq elektrik lampalarının işığı yaman gur 
idi və bir-iki stol o tərəfdə oturmuş iki fahişəni lap nənələri yaşda göstərirdi. Ancaq 
onun Joana gücü çatmırdı. Bayaq restoranın alaqaranlığında gördüyü adam idi, heç 
dəyişməmişdi. O, cəsarətli, işıqlı sifəti olan adam idi, heç nə soruşmurdu, sakitcə 
oturub gözləyirdi. Fikirləşirdi ki, çox müəmmalı sifətdir, külək haradan əssə, o 
tərəfə dönür, tez dəyişir. Ona baxıb istədiyini fikirləşə bilərsən. Xalça-palaz, 
bəzək-düzək gözləyən bomboş evə bənzəyir. Hər cür şəraiti var, istəsən saray 
eləyərsən, istəsən də fahişəxana. Onu bəzəyən adamdan asılıdır... Bu ev ağzınacan 
dolu topdağıtmaz imarətlərdən, xaricən dəbdəbəli görünən evlərdən nə qədər fərqli 
idi! 
Gördü ki, onun qədəhi boşdur. 
– Ehtiyatlı olun, – dedi, – qədəhləri iridir. Yenə içmək istəyirsiniz? 
– Bəli. Əgər vaxtınız varsa... 
«Niyə vaxtım olmur?» – deyə ürəyindən keçirən Ravikin birdən yadına düşdü ki, 
Joan onu axırıncı dəfə Ketlə görüb. Onun üzünə baxdı, ancaq heç nə oxuya 
bilmədi. 
– Vaxtım var, – dedi, – Sabah doqquzda təşrih edəcəyəm, vəssalam. 
– Belə gecəyə qalanda çətin olmur? 
– Xeyr, bunun ona dəxli yoxdur. Adət eləmişəm. Özü də hər gün təşrih eləmirəm. 
Xidmətçi qədəhləri doldurdu. Şüşə ilə birlikdə stolun üstünə bir qutu da siqaret 
qoydu. Yaşıl «Loran» idi. 
– Onda da istəmişdiniz, elə deyilmi? – deyə özündən razı halda Ravikə baxdı. 
– Yadımda deyil. Siz bilən, düz olar. Daha nə desəniz inanıram. 
– Elədir! – Joan sözə qarışdı. – Yaşıl «Loran» idi... 
– Gördünüz?! Xanımın yaddaşı sizinkindən yaxşıdır, müsyö. 
– Bilmək olmaz. Ancaq siqaret qalsın, lazım olar. 
Ravik qutunu açıb Joana uzatdı. 
– Yenə həmin mehmanxanada qalırsınız? – deyə soruşdu. 
– Bəli. Ancaq ayrı otağa köçmüşəm. Böyükdür... 
Bir dəstə sürücü içəri girdi. Onlar qonşu stol arxasında oturub ucadan danışmağa 
başladılar. 
– Gedək? – Ravik soruşdu. Joan başını tərpətdi. Ravik xidmətçini işarə ilə çağırıb 
pulunu verdi.  
– «Şəhrizad»a qayıtmayacaqsınız? 
– Xeyr. 
Ravik onun paltosunu tutdu. Joan isə paltosunu geyməyib, eləcə çiyninə saldı. 
Ucuz, bəlkə də, süni xəz idi, ancaq onun əynində bahalı görünürdü. Fikirləşdi ki, 
könülsüz geyilən şey ucuz görünər. Belə ucuz tacları çox görmüşdü... 
Küçəyə çıxıb narın yağışın altında dayandılar. 
– Onda sizi mehmanxanaya ötürüm... 
Joan ağır-ağır ona tərəf döndü: 
– Bəs sənin otağına getmirik? 


 
69
Joanın sifəti lap yaxında idi, altdan yuxarı ona baxırdı. Qapının başında asılımış 
fənərin işığı düz üzünə düşürdü. Saçına qonmuş yağış damcıları par-par 
parıldayırdı. Bir taksi gəlib dayandı. Sürücü bir az gözlədi, sonra nəsə donquldanıb 
əlini yellətdi və tərpənəndə maşını yerdən çox sərt götürdü. 
Joanın gözləri fənərin işığında parıldadı. Onlar elə dərin idi ki, ucu-bucağı 
bilinmirdi... 
– Mən səni bu gün gördüm, – Ravik dilləndi. – Əvvəlcə belə deyildin. 
– Yox... 
– Əvvəllər heç nə olmayıb... 
– Yox... Mən tamam unutmuşam. 
Onun nəfəsi dalğa-dalğa üzünə vururdu. Bu qərib gecənin qərib bəndəsi asta-asta, 
şirin-şirin, inamla, ümidlə nəfəs alırdı. Birdən öz damarlarından axan qanın 
şırıltısını eşitdi. Lap qıjıltı ilə axırdı. Elə bil qan deyil, həyatın özü idi. Min dəfə 
qarğıyıb, min dəfə oxşadığı, gah da tapdığı həyat... Bircə saat bundan qabaq o 
həyat bomboş, bomboz səhra idi, yalnız dünənə bağlıydı, sabahı yoxdu... 
Ancaq indi yenə coşmuşdu, ömründə təsəvvür eləmədiyi sirli-soraqlı bir anın lap 
yanında idi. Yenə dəniz sahilində dayanmış ibtidai insana çevrilmişdi, dalğaların 
arasından nəsə ağ bir şey baş qaldırmışdı, parıldayırdı, sualı da özü idi, cavabı da... 
Qan isə axır, axır, gözlərini örtürdü... 
– Məni tut... – Joanın səsi onu xəyaldan ayırdı. 
Ravik ona baxdı... və qolunu boynuna doladı. Joanın çiyinləri ona tərəf yelləndi, 
elə bil, liman həsrətli gəmi sahilə uçunurdu... 
– Tutmaq lazımdır? – pıçıldadı. 
– Hə... 
Joanın əlləri sinəsinə söykənmişdi. 
– Mən tutaram. 
– Tut... 
İkinci taksi dayananda təkərlər xırçıldadı, səkiyə sürtündü. Sürücü heç nə 
olmayıbmış kimi onlara baxırdı. Çiynində balaca bir it oturmuşdu. Ona toxunma 
jilet geydirmişdilər. 
– Taksi gözləyirsiniz? – uzun bığları kətana oxşayan sürücü xırıltılı səslə soruşdu. 
– İşə bax! – Ravik dilləndi. – Onun heç nədən xəbəri yoxdur. Bilmir, başımıza nə 
gəlib! Bizə baxır, ancaq görmür ki, o adamlar deyilik! Dünyanın bu işinə heç 
yoxam. İstəyirsən Cəbrayıl ol, axmaq ol, ya da lap cani, heç kim görməz. Amma 
bircə düymən çatmayanda, hamı görür. 
– Belə yaxşıdır. Onda biz elə özümüz kimi qalırıq. 
Ravik onu süzdü. «Biz!» – ürəyindən keçirdi. Nə gözəl sözdür! Dünyanın ən sehrli 
sözüdür! 
– Taksi lazım deyil? – sürücü ucadan, səbirsizliklə soruşdu və siqaret yandırdı. 
Ravik: 
– Gəl, – dedi, – əl çəkməyəcək. Neyləsin, sənəti belədir... 
– Minməyək. Piyada gedək. 
– Yağış başlayır. 
– Yağış yoxdur, eləcə dumandır. Taksiyə minmirəm. Səninlə getmək istəyirəm. 
– Yaxşı, heç olmasa, gedim onu başa salım. 


 
70
Ravik gedib sürücü ilə nəsə danışdı. Kişi şirin bir təbəssümlə gülümsədi, Joana 
baxıb, təkcə fransızlara məxsus bir əda ilə əlini yellətdi, maşını sürüb getdi. 
Ravik geri qayıtdı. 
– Necə başa saldın? 
– Pulla. Ən asan yoludur. Gecə növbəsində işləyənlər yaman sırtıq olur. O dəqiqə 
başa düşdü. Lütfkar bir həqarətlə baxıb, xeyirxahlıq elədi... 
Joan gülümsəyib ona sığındı. Ravik hiss elədi ki, qəlbində nəsə baş qaldırdı, bütün 
bədəninə yayıldı. Nəsə isti, yumşaq bir şey idi və elə bil, qırx əlli ondan yapışıb 
aşağı dartdı, birdən-birə onunla beləcə yanaşı ayaq üstə dik dayanmaq, ensiz 
pillələrdə səndələyə-səndələyə müvazinətini saxlamaq yaman çətinləşdi. Hər şeyi 
unudaraq təslim olmaq, ürəyinə, əsrlərin arxasından – hələ kamalın, sualların, 
əzab-əziyyətin, şübhələrin dünyaya gəlmədiyi vaxtlardan, təkcə qan rəngli bir 
səadətin olduğu zamanlardan eşidilən çağırışa qulaq asmaq əvəzinə... 
– Gəl, – dedi. 
Onlar narın yağışın altında bomboş, bomboz küçə ilə üzüyuxarı qalxdılar və onun 
axırına çatanda, qarşılarında nəhəng, ucu-bucağı olmayan bir meydan açıldı, 
göylərə baş vuran «Zəfər tağı»nın ləngərlənən gümüşü kölgəsi göründü... 
 
                                                                        IX 
 
Ravik mehmanxanaya qayıtdı. Səhər-səhər Joanı yatmış qoyub getmişdi. Fikirləşdi 
ki, bir saata qayıdar, ancaq üç saat çəkmişdi... 
– Salam, doktor! – İkinci mərtəbəyə qalxan pilləkəndə kim isə çağırdı... Ravik 
diqqətlə kişiyə baxdı. Rəngi saralmış, qara pırtlaşıq saçlı, eynəkli bir adam idi, 
tanımadı.  
– Alvares, – kişi adını dedi, – jaim Alvares. Yadınıza düşmədi? 
Ravik başını buladı. Kişi əyilib şalvarının bir ayağını yuxarı çəkdi. Topuğundan 
başlayan çapıq dizinə çatmışdı. 
– İndi yadınıza düşdü? 
– Mən yarmışam? 
Kişi başını tərpətdi: 
– Cəbhədə, mətbəx stolunun üstündə. Aranxuenin səhra xəstəxanasında. Badam 
bağlarındakı balaca ağ mülkdə... Yadınıza düşmədi? 
Ravik birdən badam iyini hiss etdi. Bu İy, sanki, alaqaranlıq pilləkəndən qalxırdı 
və onun şirin, bir az da çürük qoxusuna ürəkbulandıran kəsif qan iyi də 
qarışmışdı... 
– Hə, – dedi, – yadıma düşdü. 
Yaralıları ay işığına qərq olmuş talvara uzatmışdılar. Onları bu kökə alman və 
italyan bombardmançı təyyarələri salmışdı. Bomba qəlpələrinin parça-parça elədiyi 
uşaqlar, qadınlar, kişilər idi. Uşaqlardan birinin sifətini tamam aparmışdı. Bir 
hamilə qadının da qarnı döşlərinə qədər yırtılmışdı. Qoca bir kişi də qopub düşmüş 
barmaqlarını qorxa-qorxa o biri əlində bərk-bərk saxlayırdı, elə bilirdi ki, təzədən 
yerinə yapışdırmaq olar... Onların iniltisi gecənin bu ağır havasına, yavaş-yavaş 
ətrafa yayılmağa başlayan büllur şeh qoxusuna qarışmışdı... 
– Ayağınız indi yaxşıdır? – Ravik soruşdu. 


 
71
– Pis deyil. Ancaq axıra kimi qatlanmır. – Kişi gülümsədi. – Məni Pireney 
dağlarından keçirdi, bəsimdir. Qonsales öldü.  
Ravik, Qonsalesin kim olduğunu xatırlaya bilmədi. Ancaq yadına kömək elədiyi 
cavan bir tələbə düşdü. 
– Manoladan xəbəriniz olmadı? 
– Əsir düşdü, güllələdilər... 
– Bəs briqada komandiri Serna? 
– Öldü. Lap Madridin yaxınlığında... – Kişi yenə gülümsədi. Ancaq bu çox donuq, 
qeyri-ixtiyari, hissiz-duyğüsüz, ötəri bir təbəssüm idi. – Mura ilə Le Pen də əsir 
düşdülər, güllələndilər. 
Heç biri Ravikin yadına düşmədi. İspaniyada altıca ay qalmışdı; cəbhə yarılıb 
dağılan kimi oradan çıxdı... 
– Karnero, Orta və Qoldştayn həbs düşərgəsindədir, – Alvares sözünə davam etdi, 
– Fransadadırlar. Blatski də sağ qaldı. Sərhəd tərəflərdə gizlənib. 
Ravik təkcə Qoldştaynı xatrıladı. Onda o qədər idilər ki!  
– Bu mehmanxanaya düşmüsünüz? – deyə soruşdu. 
– Bəli, dünən gəlmişik, – kişi üçüncü mərtəbəni göstərdi, – sərhəddəki düşərgədə 
çox saxladılar, axırda buraxdılar. Pulumuz var idi, – o yenə gülümsədi, – yaxşı 
mehmanxanadır, əməlli-başlı çarpayıları var. Hətta divardan bizim rəhbərlərin 
şəkilləri də asılıb. 
– Düzdür. – Ravikin səsində kinayə əlaməti yox idi. – Elə şeyləri görəndən sonra, 
bura adama cənnət kimi gəlir. 
O, Alvareslə xudahafizləşib, öz otağına getdi. 
Otaq yığışdırılmışdı, heç kəs də yox idi. Joan getmişdi. Ravik ora-bura baxdı: heç 
nə qoymamışdı. Əslində, belə də gözləyirdi. 
Zəngi basdı. Az keçməmiş süpürgəçi qız gəldi. 
– Xanım getdi! – O, Raviki qabaqladı. 
– Görürəm. Burada ayrı adam olduğunu siz haradan bildiniz? 
– Yaxşı, yaxşı, müsyö Ravik... – Qız sözünü axıra çatdırmadı, ancaq üz-gözündən 
görünürdü ki, açıqca xətrinə dəyib.  
– Səhər-səhər bir şey yedi? 
– Xeyr, mən onu görmədim, yoxsa gətirərdim. O vaxtdan yadımda qalıb. 
Ravik onun üzünə baxdı; son sözləri xoşuna gəlməmişdi. Pul çıxarıb qızın 
önlüyünün cibinə basdı.  
– Çox gözəl, – dedi, – gələn dəfə də belə eləyin. Özüm deməmiş, səhər yeməyi 
gətirməyin. Otağı yığışdırmağa gələndə də əvvəlcə dəqiq bilin ki, boşdur. 
– Baş üstə, müsyö Ravik! – Qız gülümsədi. 
Ravik narazılıqla onun arxasınca baxdı. Qızın nə fikirləşdiyini bilirdi. Ona elə 
gəlirdi ki, Joanın əri var, istəmir görən olsun. Əvvəllər Ravik buna gülmüşdü, 
ancaq indi xoşuna gəlmədi. Niyəsini özü də bilmirdi. Çiyinlərini çəkib, pəncərəyə 
tərəf getdi. Mehmanxana öz mehmanxanalığında qalırdı, onu dəyişmək olmazdı... 
Pəncərəni açdı. Buludlar səmanı qoynuna almışdı. Evlərin damında sərçələr 
civildəşirdi. Aşağı mərtəbədə iki nəfər mübahisə edirdi. Qolberqlər olcaqdı. Kişi 
arvadından iyirmi yaş böyük idi. Özü Bratislav şəhərindən idi, taxıl alverçisi 


 
72
olmuşdu. Qadın mühacir Vizenhofla gəzir və elə bilirdi ki, heç kəsin bundan xəbəri 
yoxdur. Ancaq onu bilməyən təkcə əri idi... 
Pəncərəni bağladı. Səhər-səhər kimisə öd kisəsindən təşrih eləmişdi. Düranın 
əvəzinə kiminsə öd kisəsini kəsib götürmüşdü. Tanımadığı bir kişinin qarnını 
yarmışdı, iki yüz frank da qonarar almışdı. Sonra Ketə baş çəkmişdi. Onun 
qızdırması vardı, özü də çox qalxmışdı. Bir saat orada qaldı. Qız narahat yatırdı. 
Elə qorxulu bir şey yox idi. Əslində, belə də olmalı idi... 
Diqqətlə pəncərədən küçəyə baxdı. Nə isə olub qurtarandan sonra adam özündə 
qəribə bir boşluq duyur... Çarpayı da susur və indi açılan gündüz gödən yırtan 
çaqqal kimi sirli-soraqlı dünəni parçalayırdı. Gecənin qaranlığından boylanan 
füsunkar meşələr çəkilib uzaqlara getmişdi və haradasa zamanın boşluğunda tutqun 
xəyal kimi görünürdü...  
Geri çevrildi, stolun üstündə Lüsyen Martinenin ünvanı gözünə dəydi. Onu bu 
yaxınlarda evə buraxmışdılar. Əl çəkməmişdi… Onun yanına iki gün əvvəl 
getmişdi, indi heç lazım deyildi. Ancaq elə bir işi də yoxdu və qət etdi ki, yenə 
getsin. 
 
Ev Klavel küçəsində idi. Birinci mərtəbəsində ət dükanı yerləşirdi. Kök bir qadın 
əti şaqqalayıb satırdı. O, qara geyinmişdi. Əri iki həftə bundan qabaq ölmüşdü və 
indi şəyirdlə birlikdə özü alver edirdi. Ravik onu keçib gedəndə gördü. Deyəsən, 
qonaq getməyə hazırlaşırdı. Şlyapasına qara rəngli uzun rübənd taxmışdı və tanış 
qadına – başqası olsa, eləməzdi – bir bud donuz əti kəsirdi. Rübənd yelləndi, balta 
göydə payıldadı və ətə yeridi. 
– Bax, bircə dəfəyə! – deyə o, özündən razı halda, budu tərəziyə qoydu. 
Lüsyen lap yuxarı mərtəbədəki balaca otaqda yaşayırdı. O, tək deyildi. Təxminən 
iyirmi beş yaşında cavan bir oğlan stula sərələnmişdi. Başında, adətən, velosiped 
sürən idmançıların qoyduğu uzundimdik kepka vardı. Ağzındakı eşmə siqaret, 
danışanda üst dodağına yapışıb qalırdı. Ravik içəri girəndə, yerindən də 
qımıldanmadı. Lüsyen isə çarpayıda uzanmışdı. O, həyəcandan qızardı: 
– Doktor… Bu gün gələcəyinizi bilmirdim… – Oğlana tərəf döndü: – Bu da… 
– Adamdır, vəssalam! – Oğlan kobudluqla onun sözünü kəsdi. – Adını demək 
lazım deyil. – O, geri söykəndi. – Demək, o doktor sizsiniz? 
– Necəsiniz, Lüsyen? – Ravik ona fikir vermədi. – Uzanmaqda lap ağıllı iş 
görürsünüz. 
– İstəsə, çoxdan qalxardı, – oğlan yenə sözə qarışdı, – heç nə yoxdur. İşə getmir, 
pul da yox… 
Ravik ona tərəf döndü: 
– Çıxın otaqdan, – dedi. 
– Nə? 
– Çıxın, qapını da örtün. Lüsyenə baxacağam. 
Oğlan şaqqanaq çəkdi. 
– Bu cür də baxa bilərsiniz. Biz elə incə-mincə adamlar deyilik. Baxmaq nə 
üçündür? Srağagün gəlib baxmısınız. Demək, bunun һaqqı da ayrı olacaq, eləmi? 
– Əzizim, – Ravik çox sakit danışırdı, – siz һeç pul verənə oxşamırsınız. Haqqı 
olacaq, olmayacaq, bunun sizə dəxli yoxdur. İndi isə sürüşün buradan! 


 
73
Oğlan irişə-irişə yerini raһatladı, ayağını ayağının üstünə aşırdı. Ayağında ucu biz 
kimi lak ayaqqabı və bənövşəyi rəngli corab vardı. 
– Xaһiş edirəm, Bobo, – Lüsyen dilləndi, – lap az çəkəcək. 
Bobo ona fikir vermədi. Gözünü Ravikə zilləmişdi. 
– Yaxşı ki gəldiniz, – dedi, – bəzi şeyləri elə özünüzə deyəcəyəm. Siz elə bilirsiniz, 
mənim əzizim, böyük bir siyaһı gətirib deyəcəksiniz, bu xəstəxana һaqqı, bu təşriһ 
һaqqı, bu nə bilim nə һaqqı... Yox, keçməz! Əvvəla, sizdən onu xəstəxanaya 
qoymağı xaһiş eləməmişdik. Təşriһ barədə də һeç danışmağa dəyməz. Demək, o 
boyda pul һeç! Hələ Allaһınıza şükür eləyin ki, dəyən zərəri ödətmirik. Özündən 
xəbərsiz təşriһ eləmisiniz...–O, sapsarı saralmış dişlərini göstərdi. –Gözləmirdiniz, 
eləmi? Hə, belə işlər... Bobo һər şeyi bilir, onun başını piyləmək çətindir! 
Oğlanın görünüşündən razılıq yağırdı. Elə bilirdi ki, çox kəsərli danışıb. Lüsyenin 
rəngi qaçmışdı. Qorxu içərisində gaһ oğlana, gaһ da Ravikə baxırdı. 
– Aydın oldu? – Bobo qalib bir əda ilə soruşdu. 
– Bu kimdir? – Ravik Lüsyenə baxdı. Qız cavab vermədi. 
– Hə, demək, odur, – deyə Ravik oğlanı diqqətlə süzdü. Arıq, cılız səfeһin biri idi. 
Xirtdəyi görünən nazik boğazına süni ipək şal sarımışdı. Sümüyü çıxmış çiyinləri, 
uzun burnu, iyrənc çənəsi... Bir sözlə, uzaq kənddən gəlib şəһərdə faһişələrin 
һesabına yaşayan oğraş idi... 
– «O» nə deməkdir? – Oğlan qeyzlə soruşdu. 
– Deyəsən, lap aydın dedim ki, bayıra çıxın, qızı müayinə edəcəyəm. 
– Xox, qorxdum! 
Ravik daһa dözə bilmədi, yavaş-yavaş ona tərəf getdi. Oğlan sıçrayıb qalxdı, dalı-
dalı çəkildi, һaradansa əlinə təxminən bir metr uzunluğunda kəndir parçası keçirdi. 
Ravik onun neyləmək istədiyini bilirdi. İstəyirdi, o yaxınlaşan kimi, yana tullansın, 
tez arxasına keçib kəndiri boğazına keçirsin, boğsun. Əgər qarşısındakı bunu başa 
düşməyib yumruq atsa, yaxşı fənd idi. 
– Bobo! – Lüsyen qışqırdı. – Lazım deyil, Bobo! 
– Ay burnufırtıqlı uşaq! Bu ki lap çoxdanın fəndidir! Özgə һeç nə bilmirsən? – 
Ravik güldü. 
Bobo bir anlığa çaşaraq özünü itirdi. Ravik çəld ikiəlli onun jaketindən yapışıb 
çiyinlərinə qədər çıxardı; oğlan daһa qollarını tərpədə bilməzdi. 
– Deyəsən, bundan xəbərin yox idi, eləmi? – deyib qapını ayağı ilə vurub açdı, 
özünü tamam itirmiş oğlanı bayıra vızıldatdı. – Belə şeylərdən xoşun gəlirsə, 
əsgərliyə get, yaramazın biri yaramaz! Bir də böyüklərə dolaşma! 
O, qapını içəridən bağladı. 
– Bu da belə, Lüsyen... – dedi. – İndi də gəlin sizə baxım. 
Qız tir-tir əsirdi. 
– Sakit olun, sakit olun, һər şey keçib getdi. 
Ravik didik-didik olmuş pambıq örtüyü götürüb stolun' üstünə qoydu. Sonra yaşıl 
adyalı geri qatladı. 
– Pijama?! Bunu niyə geymisiniz? Raһat deyil axı! Sizə çox gəzmək olmaz, 
Lüsyen. 
Qız bir anlığa susdu, sonra: 
– Bircə bu gün geymişəm, – dedi. 


 
74
– Gecə köynəyiniz elə bircə dənədir? Xəstəxanadan ikisini göndərərəm. 
– Xeyr, ona görə deyil. Bilirdim ki... – o, qapıya tərəf baxıb astadan pıçıldadı, – 
gələcək, ona görə geydim. Deyir, daһa sağalmışam... Gözləmək istəmir... 
– Nə? Heyif ki, əvvəlcədən bilməmişəm! – Ravik acıqla qapıya baxdı. –Canı çıxa-
çıxa gözləyəcək! 
Bütün qanı az qadınlar kimi, Lüsyenin də dərisi dümağ, pilə kimi idi, gömgöy 
damarları bilinirdi. Ancaq bu, arıqlıqdan deyildi, sadəcə olaraq, dərisi sığallı, 
şumal idi və çox qəşəng görünürdü. «Dünyada nə qədər belə qız var?! – Ravik 
ürəyindən keçirdi. – Adam onlara baxanda fikirləşir ki, görəsən, təbiət sonradan 
kobudlaşdıracağını, saxtalıq, çirkab dolu һəyatda öz gözəlliklərini itirəcəyini bilə-
bilə, bunları niyə belə zərif xəlq eləyib?!» 
– Hələ bir һəftə də yatmalı olacaqsınız, Lüsyen. Durub buralarda gəzişə bilərsiniz. 
Ancaq eһtiyatlı olun, ağır şey götürməyin, bir-iki gün pilləkəni çıxıb-düşməyin. 
Elə bir adam yoxdur ki, sizə baxsın? Bobodan başqa? 
– Ev saһibəsi baxır. Daһa o da deyinməyə başlayıb. 
– Özgə һeç kəsiniz yoxdur? 
– Xeyr. Əvvəllər yenə Mariya var idi... O da belə getdi... 
Ravik otağı nəzərdən keçirdi. Kasıb olsa da, təmiz idi. Pəncərənin qabağında bir 
neçə qırmızı anilin boyası vardı. 
– Bəs Bobo? Demək, hər şey keçib gedəndən sonra yenə zühur elədi... 
Lüsyen cavab vermədi. 
– Niyə onu rədd eləmirsiniz? 
– Elə pis oğlan deyil, doktor. Bir az kobuddur... 
Ravik qıza baxdı. «Məhəbbət!–deyə ürəyindən keçirdi. – Bu da məhəbbətdir. Lap 
möcüzədir bu məhəbbət! Təkcə gündəlik həyatın tutqun səması, rəngarəng göy 
qurşağı deyil, həm də dünyanın ən iyrənc şeylərini gözəllik donunda göstərir... həm 
möcüzədir, həm də taleyin ən acı kinayəsi!» Qəflətən onu qəribə bir hiss bürüdü: 
sanki, qızın bu bədbəxtliyində onun da haradasa payı olmuşdu... 
– Yaxşı, Lüsyen, – dedi, – qanınızı qaraltmayın. Çalışın ki, tez sağalasınız. 
Qız bir az yüngülləşdi, başını yırğaladı. 
– Pul məsələsi də... – o, utana-utana, tələsə-tələsə dilləndi. – İnanmayın. Elə-belə 
dedi. Hamısını verəcəyəm. Hamısını... Az-az... Bəs nə vaxt işə çıxacağam, doktor? 
– Səfehlik eləməsiniz, təxminən, iki həftədən sonra. Bobonu da yaxın buraxmayın. 
Qəti olmaz, Lüsyen. Yoxsa ölərsiniz... Aydındır? 
– Bəli, – qızın səsində inamsızlıq vardı. 
Ravik adyalı onun üstünə çəkdi. Dikələndə gördü ki, qız ağlayır. 
– Tez olmaz, doktor? Elə otura-otura işləyərəm. Axı mən... 
– Bəlkə, oldu. Baxarıq... Bu, sizin özünüzü necə aparmağınızdan asılıdır. Lüsyen, 
söz vermişdiniz ki, o mamaçanın adını deyəcəksiniz. 
Qızın gözləri təlaşla parıldadı. 
– Polisin xəbəri olmayacaq, söz verirəm. Çalışıb, verdiyiniz pulu birtəhər 
qopararam, heç olmasa rahat nəfəs alarsınız. Nə qədər idi? 
– Üç yüz frank. Boş şeydir, ala bilməyəcəksiniz. 
– Hər halda, çalışaram. Adını, ünvanını deyin, vəssalam. Bundan sonra o, sizə 
lazım olmayacaq, Lüsyen. Daha uşağa qalmaq getdi... Neyləyə bilər sizə? 


 
75
Qız tərəddüd etdi, sonra: 
– Siyirmədədir, – dedi. 
– Budur? 
– Bəli. 
– Yaxşı, bir-iki günə gedərəm. Siz qorxmayın! – Raviq paltosunu geydi. – Nə 
olub? Niyə durursunuz? 
– Siz Bobonu tanımırsınız… 
Ravik gülümsədi. 
– Ondan da pislərini görmüşəm. Siz durmayın. Diqqətlə baxdım, qorxulu heç nə 
yoxdur. Hələlik, Lüseyn, yenə gələcəyəm. 
Ravikin açarı burmağı ilə qapını açmağı bir oldu. Heç kəs yox idi. Əslində, heç 
gözləmirdi də. Bobo kimilərini çox görmüşdü. 
 
Ət dükanında şəyird tək qalmışdı. Sarıbəniz bir kişi idi və bayaqkı qadın kimi 
həvəslə işləmirdi. Həvəssiz-həvəssiz ət doğrayırdı. Kişi öləndən sonra yaman 
yorulmuşdu. Üzbəüz bistrodakı süpürgəsatan lap ucadan dedi ki, onun qadına 
evlənmək imkanı çox azdır və çox güman ki, bunu da qəbiristanlığa o, öz çiynində 
aparası olacaq. Kişi əməlli-başdı düşmüşdü, qadın isə əksinə, bir az da üstünə 
qoymuşdu. 
Raviq qarağat arağını içib, pulun verdi. Elə bilmişdi Bobo burada olar. Ancaq yox 
idi… 
 
Joan Madu «Şəhrizad»dan çıxdı. Ravik taksidə onu gözləyirdi. Joan özü qapını 
açıb oturdu və dedi: 
– Buradan aralanaq. Sizə gedək. 
– Nəsə olub? 
– Yox, heç nə. Bu gecə restoranları məni lap boğaza yığdı… 
– Bircə dəqiqə… – Ravik qapının ağzında dayanmış gülsatan qadını işarə ilə 
yanına çağırdı. – Anacan, o qızılgüllərin hamısını ver. Ancaq çox yuxarıdan tutma. 
– Sizin üçün altmışca frank. Bir dəfə mənə yel xəstəliyi üçün dərman yazmısınız, 
ona görə… 
– Xeyri oldu? 
– Yox, haradan olsun?! Bütün gecəni yağışın altında ayaq üstə dururam. 
– Siz mənim ömrüm boyu müalicə etdiyim xəstələrin ən ağıllısısınız, – deyə Ravik 
gülləri götürüb ayaq altına sərə-sərə Joana tərəf döndü: – Günahımı yuyuram. 
Səhər səni tək qoymuşam, ac getmisən. Bəs indi bir şey içməcəyəksən? 
– Yox, gedək. Gülləri də ora yox, oturacağın üstünə qoy. 
– Bura yaxşıdır. Gülü sevmək lazımdır, ancaq çox şişirtmək də olmaz. 
– Sənin deməyindən belə çıxır ki, adam sevdiyi şeyi çox əzizləməz? 
– Yox, demək istəyirəm ki, gözəl şeyləri çox da şişirtmək lazım deyil. İndiki 
vəziyyətdə aramızda gül olmasını istəmirəm. 
Joan bir anlığa şübhəli nəzərlərlə onu süzdü, sonra sifəti işıqlandı: 
– Bilirsən, bu gün neyləmişəm? Mən yaşamışam! Təzədən yaşamışam! Nəfəs 
almışam! Təzədən nəfəs almışam! Təzədən dünyaya gəlmişəm. Çoxdandır belə 
olmamışdı. Yenə əllərim, gözlərim, dilim-ağzım... 


 
76
Taksi dar küçədə gedən maşınların arasından sivişib çıxdı və birdən sürət 
götürəndə Joan Ravikin üstünə yıxıldı. Ravik onu bircə anlığa qucaqladı, nəfəsini 
duydu. Elə bil, isti külək idi, əsdi ki, bütün günü üzündə donub qalmış iztirabları 
əritsin, qəlbinə çökmüş qəribə soyuqluğu isitsin, indi yanında oturub hissə qapıla-
qapıla danışan qadını ona hiss etdirsin. 
– Bütün günü sellər-sular oynayıb. Dünya, sanki, ümmana dönmüşdü, fəvvarə 
vururdu üz-gözümə, boyun-boğazıma çilənirdi, elə bil, mən də ağac kimi çiçək 
açmalı, yarpaqlamalı, bar gətirməliydim. Bütün günü əl çəkmədi ki, çəkmədi... 
Axır ki, qopdum, indi burada... sənin yanındayam. 
Ravik ona baxdı. Joan bir az qabağa əyilmişdi və qara rəngli bayırlıq paltarının 
arasından çiyinləri parıldayırdı. Çox səmimi idi, heç nə vecinə deyildi, 
fikirləşdiyini çəkinmədən deyirdi. Onunla müqayisədə Ravik özünə yaman yazıq, 
yaman quru göründü. 
«Təşrih edirdim. – ürəyindən keçirdi. – Səni unutmuşdum. Lüsyenə baş çəkdim. 
Haradasa, lap keçmişdə idim... Sən yox idin orada. Axşam düşəndə isə yavaş-
yavaş hənirti hiss eləməyə başladım. Onda səninlə deyildim, Ket haqqında 
düşünürdüm...». 
– Joan! – deyə əllərini onun oturacağa söykədiyi əlinin üstünə qoydu. – İndi bizə 
gedə bilmərik. Xəstəxanaya dəyməliyəm. Bir-iki dəqiqəliyə... 
– Təşrih elədiyin qadını yoxlayacaqsan? 
– Bugünkünü yox, başqasıdır... Bəlkə, məni bir yerdə gözləyəsən? 
– Elə indi getməlisən? 
– İndi yaxşıdır. İstəmirəm, sonradan zəng eləsinlər. 
– Sənin otağında gözləyərəm. Mehmanxanaya getməyə vaxt çatar? 
– Hə. 
– Onda gedək. Sən sonra gələrsən. Gözləyərəm... 
– Yaxşı. – Ravik ünvanı sürücüyə dedi. 
Geri söykəndi, başını da söykənəcəyə qoydu. Əlləri hələ də Joanın əlinin üstündə 
idi. Hiss etdi ki, Joan onun danışmasını istəyir. Özü haqda, ya da ondan... Ancaq 
bacarmırdı. O özü çox şey danışmışdı. Fikirləşdi ki, heç bu qədər lazım deyildi... 
Maşın dayanan kimi Joan dilləndi: 
– Sən düşmə, özüm gedərəm. Daha qorxmuram, açarı ver. 
– Növbətçidədir. 
– Özüm alaram. Belə şeylərə öyrəşmək lazımdır. – O, gülləri götürdü. –Bir kişi ki 
məni yata-yata qoyub gedir, gözlənilmədən bir də qayıdır, demək, bəzi şeylərə 
öyrəşmək lazımdır. Elə indidən başlasam, yaxşıdır. 
– Mən də səninlə gedəcəyəm. Gəl hər şeyi də belə şişirtməyək. Onsuz da, yenə səni 
tək qoyub gedirəm, bu, bəs eləyir. 
Joan güldü və həmin anda elə cavan göründü ki! 
Ravik sürücüyə dedi: 
– Xahiş edirəm, bir az gözləyin. 
Sürücü gözlərini yavaş-yavaş yumdu:  
– Çox da gözləyərəm, – dedi. Onlar yuxarı çıxanda Joan dedi: 
– Açarı mənə ver. 
– Niyə? 


 
77
– Mənə ver! 
O, qapını açdı, ancaq içəri girmədi. Otaq qaranlıq idi. Pəncərədən buludlarla 
gizlənpaç oynayan ay görünürdü. 
– Nə gözəldir! – Joan bu sözləri qaranlıqlara dedi. 
– Gözəldir? Bu daxmaya gözəl deyirsən? 
– Hə, gözəldir. Hər şey gözəldir. 
– Ola bilsin, hələ gözəldir, çünki qaranlıqdır. Ancaq... – Ravik əlini düyməyə 
uzatdı. 
– Dəymə! Özüm yandıraram. Sən gedə bilərsən. Ancaq sabah günortaya qalma. 
Joan yarıaçıq qapının ağzında dayanmışdı və pəncərədən süzülən gümüşü işıq 
üzünə, çiyinlərinə düşürdü. Çox müəmmalı, sevdalı görünürdü, adamı lap yerindən 
oynadırdı. Plaşı sürüşüb yerə, ayaqlarının altına düşmüşdü və qara rəngli köpüyə 
oxşayırdı. Özü isə qapıya söykənmişdi, dəhlizdən süzülən işıq bir qoluna 
dolanmışdı. 
– Get... Tez qayıt, – deyib qapını örtdü. 
Ketin hərarəti düşmüşdü. 
– Oyanmışdı? – deyə Ravik yuxulu tibb bacısından soruşdu. 
– Bəli, saat on birdə oyanmışdı. Sizi soruşdu. Dediklərinizin hamısını çatdırdım. 
– Bəs soruşmadı bu nə sarğıdır? 
– Soruşdu. Dedim ki, yarmalı oldular. Yüngül şeydir. Sabah özü deyər. 
– Vəssalam? 
– Bəli. Dedi ki, əgər belə lazım bilibsə, demək, hər şey qaydasındadır. Bu gecə 
gəlsəniz, sizə salam yetirim və deyim ki, sizə inanır. 
– Hə... belə... 
Ravik bir xeyli dayanıb tibb bacısının yana ayrılmış qara saçlarına baxdı və birdən 
soruşdu: 
– Neçə yaşınız var? 
Qız təəccüblə başını qaldırdı: 
– İyirmi üç. 
– İyirmi üç... Nə vaxtdan işləyirsiniz? 
– İki il yarımdır. Yanvarda iki il yarım tamam olacaq. 
– Bu sənətdən xoşunuz gəlir? 
Qızın alma kimi yumru yanaqlarına təbəssüm qondu: 
– Xoşuma gəlir, – dedi.–Əlbəttə, bəzi xəstələrlə çətin olur, ancaq əksəriyyəti 
yaxşıdır. Madam Brisso mənə dünən çox qəşəng bir don bağışlayıb. Keçən həftə də 
madam Lerner bir cüt lak ayaqqabı vermişdi. Yazıq getdi evdə öldü... – O, yenə 
gülümsədi. – Demək olar ki, özümə heç paltar almıram. həmişə nəsə verirlər. 
Xoşuma gələn şey olmayanda rəfiqəmin yanında dəyişirəm. Mağazada işləyir. 
Vəziyyətim çox yaxşıdır. Madam Heqstrem də çox əliaçıqdır, pul verir. Axırıncı 
dəfə yüz frank verdi. Onca günə... İndi nə qədər qalacaq, doktor? 
– Ço...o..x.. Bir neçə həftə. 
Qızın kefi lap duruldu. Onun aydın, qırış tanımayan qaşları dartıldı, hiss olundu ki, 
gəlirini hesablayır. Ravik yenə Ketə tərəf əyildi. O, sakit nəfəs alırdı. Yaranın iyi 
saçlarından gələn kəskin ətir qoxusuna qarışmışdı. Birdən-birə yaman yazıqlaşdı. 
Qız ona inanırdı. Ah,.bu inam! Doğram-doğram elədiyi, xərçəngin için-için yediyi 


 
78
arıq bədən yenə gəlib gözləri önündə dayandı. Heç nə eləyə bilmədi, tez tikdi... 
İnama bax... 
– Gecəniz xeyrə qalsın... 
– Xeyrə qarşı, doktor.. 
Yumrusifət tibb bacısı küncdəki kresloya oturdu, üzü çarpayıya olan stolüstü 
lampanı o biri tərəfə çevirdi, ayaqlarının üstünə adyal salıb, şəkilli jurnalı götürdü. 
Detektiv hekayələr, müxtəlif filmlərdən kadrlar çap olunan ucuz bir jurnal idi. Qız 
yerini rahatlayıb, oxumağa başladı. Yanındakı balaca stolun üstünə bir qutu 
şokalad qoyulmuşdu. Ravik gördü ki, o gözünü qaldırmadan birini götürdü. 
«Bəzən adam adi şeyləri də başa düşə bilmir, – deyə ürəyindən keçirdi. – Eyni 
otaqda biri ölüm ayağındadır, o birininsə dünya vecinə deyil...» O, qapını örtdü. 
«Mən də elə deyiləmmi? İndi bu otaqdan çıxıb...» 
İçəri qaranlıq idi. Vanna otağının qapısı azacıq aralı qalmışdı, oradan işıq düşürdü. 
Ravik tərəddüd etdi: bəlkə, Joan vanna otağındadır? Sonra onun hənirtisini eşitdi. 
Heç nə deməyib, vanna otağına keçdi. Bilirdi ki, Joan içəridədir, yatmayıb, ançaq 
dinmir. Otaq birdən-birə sükutla, iztirabla, gərginliklə doldu. Sanki, səssiz-küysüz 
bir qasırğa qalxmışdı və onun yaratdığı dərin uçurumlardan ətrafa adamı bihuş 
eləyən, başgicəlləndirən lalə ətri çilənirdi. 
Vanna otağının qapısını bağladı. Lampaların gur işığı yenə hər şeyi ona 
doğmalaşdırdı. Şırnağın açarlarını burdu. Bu, mehmanxanada yeganə şırnaq idi, öz 
xərcinə düzəltdirmişdi. Bilirdi ki, burada olmayanda sahibə fransız qohum və 
tanışlarını gətirib, onu mehmanxananın fəxri kimi onlara göstərir. 
İsti su bədəninə çiləndi. Joan otaqda uzanıb, onu gözləyirdi. Dərisi zərif idi, saçları 
dalğa-dalğa olub yastığı qucaqlamışdı, gözləri də parıldayırdı. Hətta otağa qaranlıq 
çökəndə onun bu gözləri, elə bil, qışın xəstə üzlü ulduzlarının pəncərədən süzülən 
solğun işartısını yığıb-yığıb, təzədən otağı işıqlandırırdı. İndi isə uzanıb onu 
gözləyirdi, yumşalmışdı, dəyişmişdi, adamı yerindən oynadırdı, çünki bir saat 
bundan qabaqkı qadın deyildi, gözəlləşmişdi, cazibədar olmuşdu. Ancaq nədənsə, 
birdən-birə özündə ona qarşı laqeydlik hiss elədi. Çox qəribə hiss idi, elə onun 
özündə də güclü, qəfil bir maraq, istək vardı. Qeyri-ixtiyari yan-yörəsinə boylandı: 
əgər vanna otağının ikinci qapısı olsaydı, geyinib oradanca çıxardı, gedib bir şey 
içərdi. 
Qurulandı və bir xeyli nə edəcəyini bilmədi. Qəribə idi, hər şey lap heç nədən oldu. 
Kölgələr... heçlik... Bəlkə, Ketin yanına getdiyi üçün belə oldu? Yoxsa, Joanın 
bayaq taksidə dedikləri elədi? Çox tez başa gəldi. Özü də asanca... Bəlkə də, ona 
görə belə oldu ki, özü gözləmək əvəzinə onu gözləyirdilər... Üz-gözünü turşutdu, 
qapını açdı. 
– Ravik! – Qaranlıqdan Joanın səsi eşidildi. – Kalva..dos pəncərənin yanında, 
stolun üstündədir. 
Dayandı. Hiss elədi ki, çox gərginləşibmiş. Joan başqa söz desə, dözə bilməzmiş... 
Joan düz elədi. Gərkinlik azaldı, o, yavaş-yavaş özünü ələ aldı. 
– Şüşəni tapa bildin? – deyə soruşdu. 
– Nə çətin şey idi ki? Lap açıqda idi. Götürüb açdım. Açanı da sənin şeylərinin 
arasından tapdım. Bir qədəh də mənə ver. 
İki qədəh süzüb, birini ona verdi: 


 
79
– Al! 
Şəffaf alma araqının iyini hiss etmək nə gözəl idi! Yaxşı ki, Joan lazım olan sözü 
tapıb demişdi! 
Joan başını geri söykəyib, araqı içdi. Saçı çiyinlərinə dağıldı və həmin anda, sanki, 
onu maraqlandıran yalnız içki idi. Ravik bu halı onda bir dəfə görmüşdü. O, bütün 
varlığını gördüyü işin ixtiyarına verirdi. Bunda gözəlliklə bərabər, nəsə gizli bir 
təhlükə də duydu: içəndə hər şeyi unudurdu, sevəndə məhəbbətə, inamı itəndə isə 
şübhəyə dönürdü. Onun unutması da dəhşət olardı. 
Joan qədəhi yerə qoyub, gözlənilmədən güldü. 
– Ravik, – dedi, – bilirəm, indi nə fikirləşirsən... 
– Doğrudan? 
– Hə... Sənə elə gəldi ki, az qala, evlisən. Mən də... kiminsə səni qapının ağzında 
qoyub getməsi elə böyük şey deyil... Üstəlik, əlində də bir dəstə qızılgül... Allaha 
şükür ki, kalvados var idi. Ona xəsislik eləmə. 
Ravik kalvados süzdü. 
– Sən çox böyük adam imişsən, – dedi. – Düz sözümdür. Açığı, vanna otağında 
olanda səndən xoşum gəlmirdi. İndi isə heyran qalmışam. Nuş olsun! 
– Nuş! 
Ravik arağını içib: 
– Bu, ikinci gecədir, – dedi, – bir az qorxulu olur. Naməhrəmliyin gözəlliyi keçib 
gedib, məhrəmliyinki isə hələ gəlib çıxmayıb. Gərək, möhkəm dayanaq. 
Joan qədəhi yerə qoydu: 
– Deyəsən, belə şeylərdən yaxşı başın çıxır... 
– Əslində, heç nə bilmirəm, elə-belə dedim. Adam heç vaxt heç nəyi dəqiq bilmir. 
Hər şey həmişə tərsinə olur. Elə indi də... Dünyada ikinci gecə yoxdur, həmişə 
birinci olur. İkincidə isə hər şey qurtarır. 
– Yaxşı ki, birinci gecədir. Yoxsa, bilirsən nə olardı? Sonsuzluğa gedib çıxardıq. 
Yaxın gəl! Yuxum gəlmir, səninlə içmək istəyirəm. Soyuqdan donan ulduzları 
görürsənmi?! Adam tənha olanda yaman üşüyür. Lap istidə ikilikdə isə heç vaxt! 
– Adam ikilikdə də donar... 
– O bizə aid deyil. 
– Əlbəttə, bizə aid deyil! – Joan qaranlıqda onun üzünə qonan qəribə ifadəni görə 
bilmədi. – Bizə aid deyil... 
 
– Mənə nə olmuşdu, Ravik? – deyə Ket soruşdu. 
O, çarpayıda iki yastığa söykənib oturmuşdu. Ətir iyi otağı başına götürmüşdü. 
Nəfəslik bir az aralı idi. İçəri dolan şaxtalı hava otağın istisinə qarışırdı, deyərdin, 
yanvar deyil, aprel ayıdır. 
– Qızdırmanız var idi, Ket. Bir-iki gün düşmədi. Sonra yuxuya getdiniz, az qala 
bütün günü yatdınız. Keçib getdi, hər şey qaydasına düşdü. İndi özünüzü necə hiss 
edirsiniz?  
– Hələ də yorğunam. Ancaq qabaqkına baxanda bir az yaxşıyam, daha elə zəif 
deyiləm. Ağrı da azalıb. 
– Ağrı hələ qalacaq. Ancaq çox çəkməz, elə eləyərik, bilinməz. Yavaş-yavaş 
çəkilib gedəcək. Bunu ki özünüz bilirsiniz... 


 
80
Ket başını tərpətdi.  
– Təşrih elədiniz, Ravik? 
– Bəli. 
– Elə vacib idi? 
– Bəli...–Ravik susub gözlədi; qoy özü soruşsun! 
– Nə qədər yatası olacağam? 
– Bir-iki həftə. 
Ket bir anlığa susdu. 
– Mənə elə gəlir, yaxşı oldu. Dincəlmək lazımdır. Çox yığmışdım... Yorulmuşdum, 
ancaq inanmaq istəmirdim. Ravik, təşrih də həmin şeylə bağlı idi? 
– Əlbəttə! Yüz faiz! 
– Vaxtından əvvəl başlayan qanaxma da? 
– O da, Ket! 
– Yaxşı ki, indi vaxtım var. Bəlkə də, belə yaxşıdır. İndi qalxası olsam, o 
dəhşətlərlə yenə qarşılaşanda dözə bilmərəm. 
– Heç lazım da deyil. Unudun getsin. Ən çox vacib olan şeylər haqqında düşünün. 
Məsələn, səhər yeməyi barədə... 
– Yaxşı...– Ketin üzündə ürkək bir təbəssüm gəzdi. – Onda güzgünü mənə verin. 
Ravik balaca cib güzgüsünü stolun üstündən götürüb ona verdi. Qız diqqətlə özünə 
baxdı. 
– Bu gülləri siz gətirmisiniz, Ravik? 
– Xeyr, xəstəxananındır. 
Ket güzgünü çarpayının üstünə qoydu: 
– Xəstəxanada yanvar ayının ortasında yasəmən olmaz. Uzaqbaşı çayırçiçəyi gülü 
olar, ya da ayrısı... Bir də ki xəstəxana nə bilir, yasəmən mənim ən çox sevdiyim 
güldür... 
– Bu xəstəxana bilir. Axı siz buranın veteranısınız, Ket! – Ravik ayağa durdu. – 
Mən gedəsiyəm. Saat altıya yaxın gəlib sizə bir də dəyərəm. 
– Ravik... 
– Bəli...– Geri döndü. «Başlandı...–deyə düşündü.– İndi soruşacaq...» 
Qız əlini ona uzatdı: 
– Çox sağ olun, – dedi. – Bu güllərə görə çox sağ olun! Bir də belə diqqətinizə 
görə... Siz yanımda olanda heç nədən qorxmuram. 
– Yaxşı, Ket, yaxşı... Buna da diqqət deyirsiniz?! Bacarsanız, yatın. Ağrısanız, 
zəngi basıb tibb bacısını çağırın. Dərman yazaram. Günortadan sonra yenə 
gələcəyəm. Sağ olun, – deyə Veberin otağına getdi. 
– Veber, araq hardadır? 
– Çətin oldu? Buradadır... Ejeni, bir qədəh verin. 
Ejeni, könülsüz də olsa, qədəh gətirdi. 
– Bu ki lap üskükdür! – Veber acıqlandı. – Əməllisini gətirin. Ya da dayanın, elə 
bil, əlinizi dişləyəcək. Özüm gedərəm. 
– Bilmirəm, cənab doktor Veber, – Ejeni tikanlı-tikanlı dilləndi, – həmişə müsyö 
Raviki görəndə, siz... 
– Yaxşı, qurtarın! – Veber onun sözünü kəsərək, konyak süzdü. –Götürün, Ravik. 
Hə, nə dedi? 


 
81
– Heç nə soruşmur. Nə deyirsən də, inanır. 
– Gördünüz?! – Veber sevinc hissi ilə dilləndi. – Mən o vaxt dedim axı! 
– Kömək eləyə bilmədiyiniz xəstə heç sizə təşəkkür edib, Veber? 
– O qədər... 
– Nə desəniz, inanıb? 
– Əlbəttə... 
– Bəs siz onda özünüzü necə hiss etmisiniz? 
– Yüngülləşmişəm. – Veber təəccübləndi. – Əməlli-başlı yüngülləşmişəm. 
– Mənimsə ürəyim bulanır. Elə bil, fırıldaq iş tutmuşam. 
Veber gülüb, şüşəni yerinə qoydu. 
– Ürəyim bulanır...– Ravik təkrar elədi. 
– Birinci dəfədir sizdə belə insani hiss görürəm. – Ejeni dilləndi. – Ancaq demək 
tərziniz yenə həminki kimidir. 
– Ejeni, siz hərdən ixtiraçı deyil, tibb bacısı olduğunuzu unudursunuz...–deyib 
Veber Ravikə tərəf döndü: – Demək, hər şey qaydasındadır?! 
– Hələlik elədir. 
– Belə yaxşıdır. Bu gün səhər-səhər tibb bacısına deyirmiş ki, xəstəxanadan çıxan 
kimi İtaliyaya gedəcək. Bizim də canımız qurtarar. – Veber əllərini ovuşdurdu.  
– Qoy oradakı həkimlər dərdinə qalsın. İstəmirəm, burada ölən olsun. Adamın ad-
sanına ləkə gəlir. 
Ravik Lüsyeni qanına bələyən mamaçanın zəngini basdı. Xeyli keçəndən sonra 
qapını qarayanız bir kişi açdı. Raviki görəndə qapını buraxmadı. 
– Nə istəyirsiniz? – deyə xırıltılı səslə soruşdu. 
– Madam Buşe lazımdır. 
– İşi var. 
– Eybi yoxdur, nə qədər olsa, gözləyərəm.  
Kişi qapını bağlamaq istədi. 
– Burada gözləmək olmazsa, on beş dəqiqədən sonra gələrəm. Ancaq onda tək 
olmayacaqam. Elə adamla gələçəyəm ki, mütləq çıxası olacaq. 
Kişi diqqətlə ona baxdı: 
– Bu nə deməkdir? Sizə nə lazımdır? 
– İndicə dedim ki, mənə madam Buşe lazımdır.  
Kişi nəyisə götür-qoy elədi, sonra: 
– Gözləyin, – deyib, qapını örtdü. 
Ravik qəhvəyi rəngli sınıq-salxaq qapıya, ondan asılmış tənəkə poçt qutusuna və 
üstündə madamın adı yazılmış minalı lövhəyə baxdı. Bu qapıdan nə qədər dərd-
ələm, qorxu keçmişdi. Səbəbi də cavan-cavan qızları həkim əvəzinə bu cür 
küpəgirənlərə ürcah eləyən bir para mənasız qanunlar idi. Əslində, bu qanunlar 
bircə uşağa da həyat bəxş eləməmişdi. Onu istəməyən onsuz da bir yol tapırdı, istər 
qanuni olsun, istərsə də qeyri-qanuni... Fərqi bircə onda idi ki, hər il minlərlə qadın 
şikəst olurdu... Qapı təzədən açıldı. 
– Polisdənsiniz? – bayaqkı üzütüklü kişi soruşdu. 
– Polisdən gəlmiş olsaydım, qapıda qalmazdım. 
– İçəri keçin. 


 
82
Kişi Raviki qaranlıq dəhlizdən keçirib, mebellə dolu bir otağa gətirdi. İçəridə, 
üstünə uzun xovlu məxmər çəkilmiş divan, qızılı haşiyəli stullar, süni Həbəşistan 
xalçası, qoz ağacından düzəldilmiş dekorativ şkaflar var idi və divarlardan Nuh 
əyyamından qalma döymə şəkillər asılmışdı. Pəncərənin qarşısında, metal 
dayanacağın üstündəki qəfəsdə bülbül oturmuşdu. Boş yerlərin hamısına çini 
qablar, fiqurlar düzülmüşdü. 
Madam Buşe gəldi. Həddən ziyadə kök idi və yerlə sürünən çirkli kimono 
geymişdi. Lap divə oxşayırdı. Oyur-oyur oynayan gözlərini çıxmaq şərtilə, üzü 
hamar, yaraşıqlı idi. 
– Nə buyurursunuz, müsyö? – deyə o, işgüzar görkəm aldı. 
Ravik ayağa durdu. 
– Lüsyen Martineyə görə gəlmişəm. Onun uşağını xaric eləmisiniz. 
– Ağlınıza gələni danışmayın! – Buşe heç halını da pozmadı. – Elə adam 
tanımıram. Bir də ki mən uşaq xariç eləmirəm. Ya səhv salmısınız, ya da 
aldadıblar. 
Özünü elə göstərdi ki, guya söhbət qurtardı və getmək istəyir. Ancaq getmədi. 
Ravik də yerindən tərpənmədi. Nəsə gözləyirdi. Qadın geri döndü: 
– Başqa sözünüz yoxdur ki? 
– Pis eləmisiniz. Qızı qan aparmışdı, az qalmışdı, ölsün. Təşrih eləmək lazım gəldi. 
Mən elədim. 
– Yalandır! – Buşe fısqırdı. – Yalandır! Həyasızların işinə bax! Özlərini allah 
yoluna qoyurlar, sonra da başqalarını qatırlar. Mən o həyasıza göstərərəm. Vəkilim 
özü bu işlə məşğul olar. Burada məni hamı tanıyır, vergilərimi vaxtlı-vaxtında 
verirəm. Görərik, bu sırtıq... küçə fahişəsi... 
Ravik heyrətlə ona tamaşa edirdi. Top kimi partlasa da, üzünün ifadəsi heç 
dəyişmədi, elə yaraşıqlı qaldı. Təkcə dodaqları büzülür, sözləri də güllə kimi 
yağdırırdı. 
– Qızın tələbi böyük deyil, – Ravik onun sözünü kəsdi. – Verdiyi pulu geri istəyir.  
Buşe güldü. 
– Pul? Geri istəyir? Nə vaxt almışam ondan bu pulu? Qəbzi var? 
– Əlbəttə, yoxdur. Siz qəbz vermirsiniz axı... 
– Ona görə ki, üzünü görməmişəm. Kim inanar ona? 
– İnanan tapılar. Şahidləri var... Doktor Veberin xəstəxanasında təşrih olunub. 
Müayinə hər şeyi aydın göstərdi. Protokol tərtib olunub. 
– İstəyir lap yüz protokol bağlansın! Harda yazılıb ki, mən ona əl vurmuşam? 
Xəstəxanaya, doktor Veberə bax! Adamı lap gülmək tutur. Belə ləçər gedib elə 
dəbdəbəli xəstəxanaya düşsün! Başqa zarafat tapmadınız? 
– Zarafat deyil. Qulaq asın: qız sizə üç yüz frank verib. Zərərin ödənməsi üçün iş 
qaldıra bilər... 
Qapı açıldı, qarayanız kişi içəri girdi. 
– Nə olub, Edelya? 
– Heç nə! Zərəri ödədər? Şikayət eləsə, özünü tutub basacaqlar. Birinci özünü... 
Mütləq elə olacaq... Çünki uşaq xaric elətdiyini boynuna almış olur... Hələ ondan 
sonra, gərək, sübut eləsin ki, mən idim. Onu da bacarmayacaq! 
Qarayanız kişi nəsə kəkələdi. 


 
83
– Sakit ol, Roje! –Madam Buşe ona tərəf döndü. – Sən get. 
– Brüne gəlib. 
– Yaxşı... De ki, gözləsin. Görürsən... 
Kişi başını yırğalayıb çıxdı. Onunla bərabər içəri dolmuş konyak iyi də çəkildi. 
Ravik burnunu çəkdi. 
– Lap köhnə konyakdır, – dedi, – ən azı otuz, qırx ildən qalıb. Günün günorta çağı 
belə konyak içən xoşbəxt adamdır. 
Madam Buşe bir anlığa karıxıb gözlərini döydü. Sonra dodaqları asta-asta tərpəndi: 
– Elədir... İstəyirsiniz? 
– Niyə istəmirəm? 
Buşe köklüyünə yaraşmayan bir çəldliklə qapıya yönəldi. 
– Roje! 
Qarayanız kişi qapıda göründü. 
– Deyəsən, o gözəl konyakdan yenə vurmusan. Yalan danışma, iyindən bilirəm. 
Şüşəni gətir. Dedim ki, danışma, şüşəni gətir! 
Roje konyakı gətirdi. 
– Bir qədəh Brüneyə verdim. Məcbur elədi, birini də özüm içdim. 
Buşe ona heç nə demədi. Qapını bağlayıb, balaca şkafdan fiqurlu bir qədəh 
götürdü. Ravik ikrahla qədəhə baxdı. Üstündə qadın başı oyulmuşdu. Buşe konyak 
süzüb, qədəhi tovuz quşu çəkilmiş süfrənin üstünə, onun qabağına qoydu. 
– Siz ağıllı adama oxşayırsınız, müsyö, – dedi. 
Ravik dana bilməzdi: bu arvadda nəsə xoşa gələn bir şey vardı. Ancaq Lüsyenin 
dediyi kimi, poladdan deyildi,. ondan da betər, rezindən idi. Poladı sındırmaq olur, 
rezin isə... Əslində, zərərin ödənməsi məsələsində haqlıydı. 
– İşi yaxşı görməmisiniz, nəticəsi də pis olub, – dedi, – pulu qaytarmaq üçün elə bu 
kifayətdir. 
– Təşrihdən sonra xəstə öləndə siz pulu qaytarırsınız? 
– Xeyr. Ancaq elə olur ki, heç pul almırıq. Məsələn, Lüsyendən... 
Buşe onun üzünə baxdı: 
– Çox əcəb... Bəs bu nə hoqqadır çıxarır? Hələ sevinməlidir ki! 
Ravik qədəhi qaldırdı. 
– Madam, – dedi, – daha sözüm yoxdur. Sizinlə bacarmaq çətin imiş... 
Buşe şüşəni ehtiyatla stolun üstünə qoydu. 
– Müsyö, çox adam buna cəhd eləyib. Ancaq onların içində ən ağıllısı sizsiniz. Elə 
bilirsiniz, belə işdən xoşum gəlir, ya da qazancı çoxdur? O üç yüz frankın yüzü 
polisə gedir. Yoxsa, qoyarlar işləməyə? Odur, bax, biri gəlib qapını kəsdirib, 
haqqını istəyir. Gərək, hamısının ağzına bir şey atasan. Başqa cür ola bilməz... 
Bunu öz aramızda deyirəm: işi qurdalasanız, batıracağam. Polis özü ört-basdır 
eləyəcək. Buna tam əmin ola bilərsiniz. 
– Əminəm, əminəm... 
Buşe diqqətlə ona baxdı, istehza eləmədiyinə əmin olan kimi stul çəkib oturdu. Bu 
bədheybət bədəndə bədheybət bir güc var imiş: elə bil, stul yox, tük götürdü. 
Gələnin ağzını yummaq üçün saxladığı konyakdan bir qədəh də süzdü. 
– Əslində, üç yüz frank az pul deyil. Ancaq polisdən əlavə, bilirsiniz nə qədər dərdi 
var? Mənzil haqqı, özünüz şahidsiz ki, burada çox bahadır. Pal-paltar, alətlər, 


 
84
həkimlərə baxmayın, mənə ikiqat bahasına başa gəlir... Sonra bunun müştəri 
gətirəni var, şeytanlayanı var... Gərək, hamını razı salasan. Təzə ildə, ad günündə 
vəzifəli şəxslərin özlərinə də, arvadlarına da içkidən, hədiyyədən aparasan. Özgə 
hansını deyim, müsyö?! Çox vaxt özümə heç nə qalmır. 
– Bunlara etirazım yoxdur. 
– Bəs nəyə var? 
– Lüsyenin başına gələnə. 
– Həkimlərin əlindən xata çıxmır? 
–Təsadüfi hallarda... 
– Müsyö! – Buşe dikəldi. – Mən insaflı adamam. Gələnə bu tərəfini də başa 
salıram. Ancaq heç biri qayıtmır. Yalvarıb-yaxarırlar, ağlayıb-sıtqayırlar, bilmirlər 
neyləsinlər. Eləməyəndə də, gedib özlərini öldürürlər. Burada nə oyunlar qalıb, 
çıxarmasınlar?! Ayaqlarıma döşənib yalvarıblar. O küncdəki balaca, pardaqları 
tökülmüş şkafı görürsünüz? Varlı-hallı bir qadın eləyib. Bilməyib neyləsin, özünü 
ona çırpıb. İndi mətbəxdəki on kirvəngə gavalı cemini o göndərib. İstəyirsiniz, 
göstərim. Pulunu vermişdi, bunu da elə-belə, minnətdarlıq əlaməti kimi göndərib. 
Sizə bir şeyi də deyim, müsyö, – Buşe səsini bir az da ucaltdı – istəyirsiniz mənə 
lap fırıldaqçı deyin, ancaq başqalarının gözündə mən xeyirxah adamam, lap 
məlakəyəm... 
O durdu, əynindəki kimono yelləndi. Qəfəsdəki bülbül bunu gözləyirmiş kimi 
oxumağa başladı. Ravik də qalxdı. Bu cür səhnələri çox görmüşdü. Ancaq onu da 
bilirdi ki, Buşe həqiqəti deyir. 
– Çox gözəl, – dedi, – mən gedirəm. Ancaq Lüsyen üçün xeyirxah adam deyilsiniz. 
– Kaş onu bura gələndə görəydiniz! İndi nə istəyir? Sağalıb, uşağı da yoxdur... 
İstədiyi bu deyildi? Hələ xəstəxanaya da pul verməyəcək... 
– Daha uşağı olmayacaq. 
Buşe bir anlığa tutuldu. 
– Lap yaxşı...–sonra biganəliklə dilləndi: – Getsin birini yesin, birini də itə 
tullasın... 
Ravik gördü ki, ondan bir şey çıxmayacaq. 
– Hələlik, Madam Buşe, – dedi, – sizinlə söhbət etmək çox maraqlı idi. 
Buşe ona bir az da yaxınlaşdı. Ravik əl vermək istəmirdi. Buşenin özü də heç o 
fikirdə deyildi. O, sakit, ancaq sirayətedici səslə sözə başladı: 
– Siz ağıllı adamsınız, müsyö. Tanıdığım həkimlərin çoxundan ağıllısınız. Heyif 
ki... siz...– dayandı, sınayıcı nəzərlərlə onu süzdü. – Bəzən elə hallar olur ki... 
bacarıqlı həkim lazım gəlir... 
Ravik dinmədi, gözlədi görsün daha nə deyəcək. 
– Ziyan eləməz... Həmişə yox... bəzi hallarda...– Quşlara şırvanan pişik kimi onun 
ağzı sulandı. – Hərdən yağlı müştərilər düşür. Söz yox ki, haqqını əvvəlcədən 
verir... Onda arxayınçılıq olar... Polis məsələsinə də söz ola bilməz. Mənə elə gəlir, 
müftə yerdən bir neçə yüz frank qazanmaq sizə ziyan eləməz...–əlini onun çiyninə 
qoydu. – Sizin kimi yaraşıqlı kişiyə lazım olar...– O bic-bic gülümsəyərək əlini 
şüşəyə uzatdı. – Hə, nə deyirsiniz? 
– Təşəkkür edirəm, – deyə Ravik şüşəni alıb yerinə qoydu. Çox əla konyak idi, onu 
tutmuşdu. Şüşənin üstünə fabrik etiketi vurulmamışdı. Demək, kiminsə şəxsi 


 
85
zirzəmisindən idi. – Qaldı o biri məsələlərə, fikirləşərəm. Yenə gələcəyəm. Çox 
böyük məmnuniyyətlə istifadə etdiyiniz alətlərə baxardım. Lazım gəlsə, məsləhət 
də verərdim. 
– Gələn dəfə mən alətləri göstərərəm, siz də sənədlərinizi. Etibar etibara bağlıdır. 
– Siz, hər halda, mənə etibar elədiniz. 
– Zərrə qədər də! – Buşe gülümsədi. – Sadəcə olaraq, təklif elədim, istədiyim vaxt 
da imtina edə bilərəm. Nə qədər yaxşı danışsanız da, fransız olmadığınız bilinir. 
Heç görkəminiz də oxşamır. Yəqin, gəlməsiniz...– O, yenə irişdi, soyuq nəzərlərlə 
Raviki süzdü. – Sizə heç kim inanmazdı, deyərdilər ki, fransız diplomunu göstər. O 
da yoxunuzdur... Bayırda oturan polis işçisidir. İstəyirsiniz, məni satın. Ancaq 
eləməzsiniz! Təklifim barədə isə düşünün. Adınızı, ünvanınızı mənə verməzsiniz, 
elə deyilmi? 
– Xeyr! – Ravik bildi ki, uduzub. 
– Belə də düşünürdüm. – Buşe indi, doğrudan da, yeyib sinirə bilməyən bədheybət 
pişiyə oxşayırdı. – Hələlik, müsyö. Təklifim barədə düşünün. Mən çoxdan gəlmə 
bir həkimlə əlaqə yaratmaq istəyirdim... 
Ravik gülümsədi. Bunun səbəbini bilirdi: gəlmə həkimi büsbütün ələ almaq asandı. 
Bir şey olsa da, günahkar o idi... 
– Fikirləşərəm, – dedi, – hələlik, madam. 
Qaranlıq dəhlizdən keçəndə hansı qapıdansa zarıltı eşitdi. Başa düşdü ki, otaqların 
biri palata kimi düzəldilib, çarpayılar qoyulub. Qadınlar sürünə-sürünə evlərinə 
getməmişdən qabaq bir az burada uzanırlar. 
Qabaq otaqda ucaboy, bığlarının ucu qısa vurulmuş bir kişi oturmuşdu, sifəti 
zeytun rənginə çalırdı. O, diqqətlə Ravikə baxdı. Roje də onun yanında oturmuşdu 
və Raviki görəndə, qeyri-ixtiyari, stolun üstündəki ikinci konyak şüşəsini 
gizlətmək istədi. Sonra irişib, əllərini yanına saldı. 
– Xoş getdiniz, doktor, – deyə o, saralmış dişlərini göstərdi. Deyəsən, qapının 
ağzında dayanıb qulaq asırmış. 
– Salamat qal, Roje. 
Ravikə elə gəldi ki, onunla məhrəm adam kimi danışmaq olar. Yarımca saatın 
içindəcə o məğlubedilməz qadın, az qala onu kin-küdurətli düşməndən şərikinə 
çevirmişdi... Buna görə də Roje ilə belə məhrəm-məhrəm danışanda yüngülləşdi, 
şahidi olduğu dəhşətlərdən sonra kişi ona mələk sifətində göründü. 
Pilləkəndə iki qızla rastlaşdı. Onlar hansı qapınısa axtarırdılar. Axırda biri özünü 
toplayıb Ravikdən soruşdu: 
– Müsyö, madam Buşe burada yaşayır? 
Ravik tərəddüd elədi. Onlara nəsə deməyin mənası var idimi? Xeyri olmazdı, 
onsuz da gedəcəkdilər. Bir də ki kimin üstünə göndərə bilərdi?! 
– Üçüncü mərtəbəyə qalxın, adı qapıda yazılıb... 
Saatın işıldayan siferblatı qaranlıqda, buludların arxasından boylanan günəş kimi 
zəif işıq saçırdı. Səhər saat beş idi. Joan üçdə gəlməli idi. Ola bilsin, bundan sonra 
gələcək... Ya da çox yorğun olub, çıxan kimi qaldığı mehmanxanaya gedib. 
Ravik təzədən uzandı ki, yatsın. Ancaq yuxusu gəlmirdi. Xeyli beləcə uzanıb, 
üzbəüz evin damındakı reklamın tavanda titrəyən qırmızımtıl işığına baxdı. 
Özündə qəribə bir boşluq hiss edirdi və səbəbini də bilmirdi. Elə bil, canındakı 


 
86
istilik damcı-damcı harayasa axıb gedirdi. Elə bil, qanı haradasa dayaq axtarır, tapa 
bilmir, axır, axır, hansı dumanlı bir boşluğasa tökülürdü. Əllərini başının altında 
çarpazlayıb, bir az da beləcə uzandı. İndi bildi ki, kimisə, nəyisə gözləyir. Və bir 
də onu bildi ki, Joanı gözləyən təkcə ağlı, düşüncəsi deyil, əlləri də, damarlarından 
axan qanı da, bütün canına-qanına yayılmış qəribə qəfil kövrəklik də onun 
həsrətindədir... 
Durub xalatını geydi, pəncərənin qabağında oturdu. Zərif yunun hərarəti canına 
yayıldı. Xalat köhnə idi, çoxdan özü ilə gəzdirirdi. Didərgin düşdüyü vaxtlardan 
ondaca yatmışdı. İspaniyanın şaxtalı gecələrində xəstəxanadan yorğun-arğın 
baraka qayıdanda onun istisinə qızınmışdı. Gözlərindən səksən yaşlı qarıya 
oxşayan on iki yaşlı Xuana Madridin bombardman edilmiş mehmanxanasında 
onun arasındaca can vermiş, nə vaxtsa belə bir yumşaq yundan don geymək, 
anasını gözlərinin qabağında necə zorladıqlarını, atasını ölüncəyə qədər tapdalayıb 
əzişdirdiklərini biryolluq unutmaq arzusu gözündə qalmışdı... 
Geri döndü: otaq, çamadanlar, bir-iki başqa şey, bir qucaq köhnəlmiş, oxumaqdan 
didik-didik olmuş kitab... Kişiyə yaşamaq üçün çox şey lazım olmur. Belə 
qarmaqarışıq zəmanədə çox şeyə öyrəşmək yaxşı deyil. Ya atıb gedirsən, ya da 
özünlə aparmalı olursan. Getmək isə hər gün gözlənilirdi. Tək yaşamağının da 
səbəbi bu idi. Yola çıxanda, gərək, səni burada saxlayan heç nə olmasın, ürəyinin 
yarısı qalmasın. Əyləncədən o yana keçmək yaramaz... 
Çarpayıya baxdı. Didik-didik olmuş, rəngi solmuş mələfə... Gözləməyin eybi yox 
idi. O qədər beləcə gözləmişdi ki! Ancaq onda başqa cür gözləmişdi, elə-belə, niyə 
gözlədiyini bilmişdi. Hətta bəzən səbri də tükənmişdi. Hərdən də öz ehtirasını 
pərdələmək üçün gizli bir kövrəkliklə gözləmişdi. Ancaq çoxdan idi ki, belə 
gözləyirdi. Nəsə ondan xəbərsiz ürəyində özünə yer eləmişdi. Yenə nəsə baş 
qaldırmışdı? Nə istəyirdi? Nə vaxtdan başlanmışdı? Nəsə keçmişin mavi 
ənginliklərindən boylanıb yenə onu çağırmırdımı? Bu, yenə çəmənlikdən qalxan, 
topa-topa göylərə yayılan, nanə qoxulu aprel meşələrinin ətri deyildimi? Yox, heç 
birini istəmirdi. Lazım deyildi bunlar ona! İstəmirdi, yenə onların sehrinə düşsün. 
Axı yol üstündə idi... 
Qalxıb geyinməyə başladı. Sərbəstliyi itirmək olmazdı. Hər şey yavaş-yavaş, 
tədrici asılılıqdan başlayır. Adam fikir vermir, bir də görür ki, adətlərin toruna 
düşüb. Bu adətlərin çox adı olur, biri də məhəbbətdir. Gərək, heç kimə, heç nəyə 
öyrəşməyəsən. 
Qapını bağlamadı. Joan gəlsə, onu tapa bilməyəcək... İstəsə qalsın. İstədi kağız 
yazıb qoysun. Ancaq nə yalan danışmaq, nə də hara getdiyini bildirmək istəyirdi... 
 
Saat səkkizə yaxın qayıtdı. Səhərin ayazında hələ də fənərlər yanan küçələrdə 
gəzişmiş, beynindəki duman çəkilmiş, yüngülləşmişdi. Ancaq mehmanxanaya 
çatanda hiss eləmişdi ki, əsəbləri yenə yay kimi dartılır. 
Joan gəlməmişdi. Özünü inandırmağa çalışdı ki, elə bunu da gözləyirmiş. Ancaq 
otaq əvvəlkindən də kimsəsiz göründü. Yan-yörəsinə baxıb, ondan bir nişanə 
axtardı, heç nə tapa bilmədi... 
Zəngi basıb xidmətçi qızı çağırdı. Qız gələndə: 
– Səhər yeməyi gətirin, – dedi. 


 
87
Qız dinməyib ona baxdı. Ravik də susdu. Soruşmağa da bir şey yox idi. 
– Eva, qəhvə ilə kökə gətirin. 
– Baş üstə, müsyö Ravik. 
Ravik çarpayıya baxdı. Joan gəlmiş olsaydı da, belə səliqəsiz, əzik-üzük yorğan-
döşəkdə tək yatmazdı. Çox qəribədir: insan bədəninin dəydiyi hər şey –çarpayı, 
paltar, hətta vanna otağı da onun hənirini görməyəndə, tamam ölürmüş! İnsan 
nəfəsini, insan hərarətini itirəndə, onlar nə pis olurmuş! 
Siqaret yandırdı. Bəlkə, Joan elə bilib ki, onu xəstə yanına çağırıblar? Yox, onda, 
gərək, kağız yazıb qoymuş olaydı. Birdən ona elə gəldi ki, ağlını itirib. Sərbəst 
olmaq istəyə-istəyə özünü hörmətdən salıb. Özünü nəyəsə inandırmağa çalışan on 
səkkiz yaşlı oğlan uşağı kimi axmaq vəziyyətə düşüb. Asılılıq bu vəziyyətdə daha 
çox idi. Bəlkə də, oturub gözləsəydi, bu qədər olmazdı... Qız yeməyi gətirdi. 
– Yerinizi yığım? – deyə soruşdu. 
– Niyə? Bəlkə, yatası oldum. 
– Lap yatası olsanız da... Adam səliqəli yorğan-döşəkdə daha rahat yatar.–Qız adi 
nəzərlərlə ona baxdı. 
– Bura gələn olub? 
– Bilmirəm, mən yeddidə gəlmişəm. 
– Eva, hər səhər tanımadığın adamların yerini yığışdırmaq necədir? 
– Pis deyil, müsyö Ravik. Cənablar özgə heç nə tələb eləməyəndə, yaxşı olur. 
Ancaq eləsi də var ki, çox şey istəyir. Halbuki, Parisdə nə çoxdur ucuz 
fahişəxanalar... 
– Fahişəxanaya səhər-səhər getməzlər, Eva. Bəzi kişilər də elə şeyi səhər-səhər 
daha çox istəyir. 
– Bəli, xüsusilə qoçalar...– Qız çiyinlərini çəkdi. – Razı olmayanda, çaypulunu 
itirirsən, vəssalam. Elələri də var ki, o dəqiqə bir bəhanə tapıb səndən şikayətə 
başlayır: otaq təmiz deyil... kobud rəftar eləmişəm... Daha nə bilim nələr... nələr... 
hamısını da yandıqlarından eləyirlər. Heç nə də deyə bilmirsən. Neyləyəsən, dünya 
belə qurulub... 
Ravik cibindən pul çıxardı. 
– Eva, gəl bu gün dünyanı bir az düzəldək. Götürün, özünüzə şlyapa, ya da yun 
kofta alın. 
Qızın gözlərinə işıq gəldi: 
– Çox sağ olun, müsyö Ravik. Görək, bu gün yaxşı başladı... Sonra gəlib yerinizi 
yığışdırım? 
– Bəli. 
Qız onun üzünə baxdı: 
– Çox maraqlı qadındır, – dedi, – son günlər gələn qadını deyirəm. 
– Bax, bircə artıq söz də desəniz, pulu geri alacağam –Ravik ərklə onu qapıya tərəf 
itələdi. – Qoca arvadbazlar yolunuzu gözləyir. Onları naümid qoymayın. 
Oturub yeməyə başladı. Yeməyin dadı-tamı yoxdu. Durub ayaq üstə yedi. İndi bir 
az yaxşı idi. 
Günəşin qızılı saçaqları evlərin damına səpələnirdi. Bütün mehmanxana oyanırdı. 
Bir mərtəbə aşağıda yaşayan qoca Qoldberq yenə səhər konsertinə başladı. Elə 
asqırıb-öskürürdü ki, deyərdin, iki əvəzinə, yeddi ciyəri var. Mühacir Vizenhof 


 
88
pəncərəni açıb, fitlə təntənəli bir marş sədalarını çaldı. Yuxarı mərtəbədə su 
şırıldadı. 
Qapılar taqqıldadı. Təkcə ispanlar tərəfdə sakitlik idi. Ravik gərnəşdi. Gecə ötüb 
keçmişdi. Qaranlıqla gələn çılğın ehtiras da onunla bərabər sönmüşdü. Qət etdi ki, 
bir neçə gün heç kəsə yaxın getməsin. 
Küçədə qəzet satan uşaqlar təzə xəbərləri yayırdılar: Çexoslovakiya sərhədində 
hadisə... Alman qoşunları Sudet sərhədində... Münhen sazişi təhlükə altındadır... 
 
                                                                            XI 
 
 
Oğlan qışqırmırdı. Gözlərini döyə-döyə həkimlərin üzünə baxırdı. Özünü elə 
itirmişdi ki, ağrı da yadından çıxmışdı. Ravik onun xıncım-xıncım olmuş qıçına 
baxıb, anasından soruşdu: 
– Neçə yaşı var? 
– Nə? – qadın başa düşmədi. 
– Neçə yaşı var? 
Başı yaylıqlı qadının dodaqları güclə tərpəndi: 
– Ayağı...– deyə bildi. – Ayağı... Yük maşını idi... – Ravik oğlanın ürəyinə qulaq 
asdı. 
– Əvvəllər heç xəstələnib? 
– Ayağı... Ayağıdır... 
Ravik dikəldi. Uşağın ürəyi quş ürəyi kimi çırpınırdı. Əslində, qorxulu şey yox idi. 
Ancaq, gərək, bu arıq-quru raxit uşağa bihuşdarı verəndə, çox ehtiyatlı ola. Tez 
başlamaq lazım idi. Əzilmiş qıçı küçənin toz-torpağına bulaşmışdı. 
– Ayağım kəsiləcək? – oğlan soruşdu. 
– Yox! – Ancaq Ravik buna inanmırdı. 
– Ayağımı qatlaya bilməyəcəmsə, kəsməyiniz yaxşıdır.  
Ravik diqqətlə uşağın ağıllı sifətinə baxdı. Orada hələ ağrı əlaməti görünmürdü. 
– Baxarıq, – dedi. – Ancaq əvvəlcə səni yatırtmaq lazımdır. Qorxma, çətin deyil, 
vecinə də alma... 
– Bircə dəqiqə, müsyö! Nömrəsi FO 2019 idi. Xahiş edirəm, yazın, anama lazım 
olacaq. 
– Nə? Nə dedin, Janno? – Qadın diksindi. 
– Nömrəsini gördüm... Maşının nömrəsini... FO 2019... Lap yaxından gördüm. 
Qırmızı işıqda keçdi. Günah onda oldu.. – Oğlanın nəfəsi daralmağa başladı. – 
Sığorta idarəsi pul verəcək... Nömrəsi... 
– Yazdım, yazdım, – Ravik onu sakitləşdirdi. – Arxayın ol, hamısını yazmışam. 
Ejeniyə işarə elədi ki, bihuşdarı verməyə başlasın. 
– Anam polisə getsin... Sığorta idarəsi ödəyəcək... 
Birdən onui üzündə tər puçurlandı, elə bil, ora yağış yağırdı. 
– Kəssəniz, pulu çox verər... belə qalsa... 
Onun gözləri həlqələndi, ağı gedib, qarası qaldı. Sanki, bulanıq gölməçə idi. 
Zarıya-zarıya yenə nəsə demək istədi: 


 
89
– Anam... bacarmaz... siz... kömək...– daha danışa bilmədi, boğuq səslə qışqırmağa 
başladı, çabaladı, elə bil, üstünə dəyirman daşı qoyulmuşdu... 
 
– Dünyada nə yenilik var, Ravik? – Ket Heqstrem soruşdu. 
–Nəyinizə lazımdır, Ket? Siz həmişə yaxşı şeylər barədə düşünün. 
– Hərdən mənə elə gəlir ki, çoxdan buradayam. Hər şey də keçmişdə qalıb, sulara 
qərq olub. 
– Qoyun bir anlığa hər şey sulara qərq olsun... 
–Xeyr! Yaman qorxuram, elə bilirəm, dünyanı su basıb, mən də Nuhun gəmisində 
oturmuşam. Dünyada nə var, nə yox, Ravik? 
– Təzə heç nə yoxdur, Ket. Dünya böyük bir həvəslə özünü məhv etməyə 
hazırlaşır, ancaq boynuna almaq da istəmir. 
– Müharibə olacaq? 
– Müharibənin olacağını hamı bilir. Təkcə vaxtı məlum deyil. Hamı nəsə bir 
möcüzə gözləyir. – Ravik gülümsədi. – Mən ömrümdə İngiltərə və Fransadakı kimi 
möcüzəyə çox ümid bəsləyən, Almaniyada isə, əksinə, buna inanmayan dövlət 
xadimləri görməmişəm. 
Qız xeyli susdu. 
– Doğrudan, müharibə ola bilər?! – deyə, nəhayət, dilləndi. 
– Bəli, adam heç inanmaq istəmir ki, bir gün başlayacaq. Ona görə başlayır ki, 
adam inanmır, inanmadığı üçün də hazır olmur. Yenə ağrıyırsınız, Ket? 
– İndi elə dəhşətli ağrılar yoxdur, dözmək olur. – O, başının altındakı yastığı 
düzəltdi. – Mən bunlardan gen qaçmaq istəyirəm, Ravik. 
– Bəli... – Ravikin səsindən inamsızlıq duyulurdu. – Kim istəmir bunu? 
– Buradan çıxan kimi İtaliyaya gedəcəm. Fezolaya… Orada bağın içində köhnə, 
sakit bir evim var. Bir az qalmaq istəyirəm. Oralar hələ sərin olar. Solğun bənizli 
payız günəşi, günortalar cənub tərəfdəki divardan boylanışan kərtənkələlər, 
axşamlar da Florensiya zənglərinin səsi... Gecələr isə sərv ağaclarının arxasından 
boylanan ay, ulduzlar... Çoxlu kitab da var.... Bir dənə də iri, daşdan hörülmüş 
soba... Qabağında taxta skamya... Üstündə oturub özünü peçə verirsən. Qabağına 
çəkilmiş dəmir tora yastı lövhələr bərkidilib, üstünə badə qoyursan. Qırmızı şərabı 
belə isidib içirlər. Heçcə kəs də yox... Təkcə qocadır, bir də qarısı... Yır-yığış 
edirlər... – Ket Ravikə baxdı. 
– Gözəldir! – Ravik dilləndi. – Sakitlik, ocaq, kitablar, dinclik... Əvvəllər belə şeyə 
meşşanlıq kimi baxırdılar. İndi isə itirilmiş cənnət haqqında əfsanəyə dönüb. 
Ket başını tərpətdi: 
– Orada bir xeyli qalmaq istəyirəm. Bir-iki həftə... Bəlkə də, bir-iki ay çəkdi, hələ 
bilmirəm. Dincəlmək istəyirəm. Sonra gəlib buradan Amerikaya gedəcəyəm. 
Ravik dəhlizdən axşam yeməyi gətirən əl arabalarının səsini eşitdi.. Qab-qacaq 
cingildədi. 
– Yaxşı, Ket... 
– Mənim uşağım olacaq, Ravik? – Ket tərəddüdlə soruşdu. 
– Hələlik yox... Gərək tamam sağalasınız. 
– İndi yox... Sonraları deyirəm. Bu təşrihdən sonra... heç nəyi... 
– Xeyr, – Ravik tez dilləndi. – Heç nəyi kəsib götürməmişik. Heçcə nəyi... 


 
90
Ket dərindən nəfəs aldı. 
– Bircə bunu bilmək istəyirdim. 
– Ancaq çox çəkəcək, Ket. Gərək, bütün orqanizm təzələnsin. 
– Eybi yoxdur, nə qədər çəkir, çəksin... – O, saçlarını əli ilə geri sığalladı. 
Barmağındakı üzüyün qaşı parıldadı. – Belə şeyi soruşmağım gülməli deyilmi? 
Özü də indi... 
– Xeyr, olan şeydir. Lap tez-tez soruşurlar. 
– Birdən-birə hər şeydən bezdim. İstəyirəm, qayıdıb, ailə quram. Əsl ailə... Lap 
qədimlərdəki kimi çoxlu uşağım olsun, sakitcə yaşayım, Allaha dua edim, 
həyatdan zövq alım... 
Ravik pəncərədən baxdı. Qürub edən günəşin qıpqırmızı telləri evlərin damına 
səpələnmişdi. Reklam işıqları onların içində itib-batmışdı... 
– Məni yaxşı tanıdığınız üçün, yəqin, indi ürəyinizdə mənə gülürsünüz...–Ket bu 
sözləri onun arxasınca dedi. 
– Yox, heç vaxt! Heç vaxt, Ket! 
Joan gecə saat dörddə gəldi. Ravik qapının səsinə oyandı. Gözləməyib yatmışdı. 
Gördü ki, astanada dayanıb, qucağındakı payızgülü dəstəsi qapıya sığmır. Üzünü 
seçmirdi, təkcə kölgəsini və bir də pardaqlanmış gülləri görürdü. 
– Bu, nədir? Elə bil, payızgülü meşəsidir. Allah, sən saxla, bunları haradan 
almısan? 
Joan gülləri birtəhər qapıdan keçirib çarpayının üstünə atdı. Onlar nəm, soyuq idi, 
yarpaqlarından torpaq, payız ətri gəlirdi. 
– Bağışlayıblar. Səni tanıyan gündən hədiyyə almağa başlamışam. 
– Götür bunları. Hələ ölməmişəm ki, gülə bələyirsən. Özü də payızgülünə... 
«İnternasional»ın bu köhnə, vəfalı çarpayısı lap tabuta oxşadı. 
– Yox! – Joan tez gülləri yığışdırıb yerə atdı. – Elə danışma! Heç vaxt! 
Ravik ona baxdı. Necə tanış olduqlarını tamam unutmuşdu. 
– Unut getsin, elə-belə dedim. 
– Bir də belə danışma! Heç elə zarafat da eləmə! Söz ver! – onun dodaqları 
titrəyirdi. 
– Joan... Doğrudan, o, səni belə qorxudur? 
– Hə... Qorxudan da betərdir... Bilmirəm, nədir?! 
Ravik durdu. 
– Bir də elə zarafat eləmərəm, – dedi, – razı qaldın? 
Joan, Ravikin çiyninə söykədiyi başını tərpətdi. 
– Bilmirəm nədir... Heç dözə bilmirəm. Elə bil, qaranlıqdan bir əl uzanıb məni 
özünə tərəf çəkir. Qorxudur... Dəhşətli bir qorxudur, hardasa dayanıb məni 
gözləyir..– Ravikə sığındı.–Qoyma gəlsin! 
Ravik onu bağrına basdı. 
– Qorxma, qoymaram. 
Joan yenə başını tərpətdi. 
– Sənin əlindədir... 
– Hə... – Keti xatırlayan Ravikin səsində qüssə, kinayə var idi. – Bəs necə! Hər şey 
mənim əlimdədir... 
Joan onun qolları arasında qımıldandı: 


 
91
– Dünən gəlmişdim...  
Ravik heç təəccüblənmədi: 
– Gəlmişdin? 
– Hə... 
Ravik susdu. Hər şey birdən oldu. Özünü lap uşaq kimi aparmışdı. O «gözləyim, 
ya yox?!» məsələsi nəyə lazım idi? Elə bil, kiminləsə gic-gici bir oyun oynayırsan, 
o isə bunu istəmir. 
– Evdə yox idin...  
– Hə... 
– Bilirəm, hara getdiyini soruşmaq lazım deyil. 
– Hə... 
Joan onun qolları arasından çıxdı. 
– Yuyunmaq istəyirəm. – Onun səsi tamam dəyişdi.–Buz kimiyəm, olar? Bütün 
mehmanxananı oyatmaram ki? 
Ravik gülümsədi: 
– Bir iş tutmaq istəyəndə, qabaqcadan onun nəticəsini soruşma, yoxsa 
eləməyəcəksən. 
Joan onun üzünə baxdı: 
– Belə xırda işlərdə soruşmaq lazımdır. Böyük işlərdə sən deyəndir. 
– O da düzdür. 
Joan vanna otağına keçib suyu açdı. Ravik pəncərənin qabağında oturub, bir qutu 
siqaret çıxardı. Evlərin damı qırmızımtıl işığa boyanmışdı, qar da yağırdı. Küçədən 
bir taksi keçdi. Döşəməyə səpələnmiş payızgülləri işıldayırdı. Divanın üstündə bir 
qəzet var idi, axşam almışdı: Çexoslovakiya sərhədlərində toqquşma... Çində 
döyüş... Ultimatum... haradasa çevriliş olub... Qəzeti götürüb güllərin arasına 
soxdu. 
Joan qayıtdı. Üz-gözündən buğ qalxırdı və döşəmənin üstündə, güllərin arasındaca 
onunla yanaşı oturdu. 
– Dünən gecə hara getmişdin?  
Ravik ona siqaret uzatdı. 
– Doğrudan bilmək istəyirsən? 
– Hə... 
Tərəddüd etdi, sonra:  
– Buradaydım, – dedi, – səni gözləyirdim. Elə bildim, gəlməyəcəksən, çıxıb 
getdim. 
Joan dinmədi, siqareti qaranlıqda közərib söndü. 
– Vəssalam, – Ravik əlavə etdi. 
– İçməyə getmişdin? 
– Hə... 
Joan diqqətlə onun üzünə baxdı: 
– Ravik, doğrudan elə buna görə getmişdin? 
– Hə... 
Joan əlini onun dizinə qoydu. Ravik xalatın üstündən onun əlinin hərarətini hiss 
elədi. Bir Joanın hərarəti idi, bir də xalatın çoxdan tanış olan doğma istisi və birdən 


 
92
Ravikə elə gəldi ki, onların ikisi də çoxdan birləşib, Joan da nə vaxtsa keçmişlərdə 
onun həyatında olub, indi təzədən qayıdıb... 
– Ravik, axı mən hər axşam gəlirdim. Gərək, biləydin ki, dünən də gələcəyəm. 
Bəlkə, məni görmək istəməmisən, ona görə çıxıb getmisən? 
– Yox... 
– Əgər məndən xoşun gəlmirsə, açıq de! 
– Elə şey olsa, deyərdim. 
– Demək, elə deyil? 
– Yox, doğrudan, elə deyil. 
– Onda mən xoşbəxtəm.  
Ravik onun üzünə baxdı: 
– Nə dedin? 
– Mən xoşbəxtəm, – Joan təkrar elədi.  
Ravik bir anlığa susdu. 
– Nə dediyini bilirsən? 
– Hə...– Bayırdan süzülən tutqun işıq qadının gözlərində parıldadı. 
– Belə şeyləri, harada gəldi deməzlər, Joan. 
– Mən harada gəldi, demirəm. 
– Bilirsən, o xoşbəxtlik haradan başlayıb, harada qurtarır? 
Ravik ayağı ilə payızgüllərini qurdaladı. «Ah, xoşbəxtlik! – ürəyindən keçirdi. – 
Gəncliyin əbədi baharı! Həyatın qızıl hərflərlə yazılan səhifəsi! Ah, xoşbəxtlik! 
İlahi, görəsən, o xoşbəxtlik indi haradadır?». 
– Səninlə başlayıb, səninlə də qurtarır, – Joan dilləndi. – Bunu bilməyə nə var! 
Ravik heç nə demədi. Fikirləşdi ki, görəsən, nə deyir... 
– Hələ bir azdan deyəcəksən ki, məni də sevirsən, – xeyli sonra dilləndi. 
– Hə, sevirəm... 
Ravik yerində qurcalandı. 
– Məni hələ yaxşı tanımırsan axı... 
– Bunun ona nə dəxli? 
– Çoxdur. Sevmək, kiminləsə ömrü başa vurmaq deməkdir. 
– Elə şeylərdən başım çıxmaz. Bircə onu bilirəm ki, kimdirsə, onsuz yaşamaq 
olmaz. 
– Kalvados haradadır? 
– Stolun üstündə. Sən durma, özüm gətirirəm. 
Şüşə ilə bir qədəh gətirib yerə, güllərin arasına qoydu. 
– Bilirəm... məni sevmirsən, – dedi. 
– Demək, məndən çox bilirsən. – Joan sərt nəzərlərlə ona baxdı. 
– Sevəcəksən! 
– Yaxşı, gəl elə bunun sağlığına içək. 
– Dayan! – Joan qədəhi doldurub başına çəkdi. Sonra ağzınacan süzüb Ravikə 
uzatdı. Ravik onu alıb bir az ləngidi. Fikirləşdi ki, bunların heç biri həqiqət deyil, 
əriməkdə olan gecənin şirin yuxusudur. Qaranlıqdan gələn sözlər necə düz ola 
bilər? Həqiqət üçün parlaq işıq lazımdır. 
– Sən bunları belə dəqiq haradan bilirsən? 
– Səni sevdiyimdən... 


 
93
«Bu sözü lap oyuncağa döndərib,–ürəyindən keçirdi–heç dərinə getmir, elə deyir 
ki, sanki, əlində boş bir nimçə tutub, içindəkinin töküləcəyindən qorxmur. 
Nimçəni, ağlına gələn şeylərlə doldurur, adını da məhəbbət qoyur. Nə qalıb onun 
içinə doldurmasın? Tənhalıq qorxusu, başqa bir «mən»in həyəcanları, aşıb-daşan 
mənlik hissi, xəyal fantaziyasının tutqun güzgüsü... Ancaq bunları dəqiq bilən 
varmı? İndicə dediyim «kiminləsə ömrü başa vurmaq» sözləri dünyanın ən səfeh 
sözləri deyilmi? Çox dərinə getməməkdə, bəlkə, Joan düz eləyir? Mən niyə qışın 
bu uzun geçəsində, ikinci müharibənin qapını kəsdirdiyini bilə-bilə burada oturub 
boşboğaz məktəb müəllimləri kimi söz güləşdirirəm? Niyə gözümü yumub özümü 
bu həyat girdabına atmaq əvəzinə, müqavimət göstərirəm?!» 
– Sən niyə belə müqavimət göstərirsən? – deyə Joan birdən soruşdu. 
– Nə? 
– Niyə belə müqavimət göstərirsən? – Joan təkrar elədi.  
– Müqavimət göstərmirəm... Nəyə müqavimət göstərməliyəm ki? 
– Bilmirəm. Elə bil, ürəyində nəyisə gizlətmisən, heç kimi, heç nəyi ora 
buraxmırsan. 
– Yaxın gəl... İçməyə bir şey ver... 
– Mən xoşbəxtəm... İstəyirəm sən də xoşbəxt olasan. Çox xoşbəxtəm. Yatanda da 
qəlbimdə sənsən, duranda da. Özgə heç nə bilmirəm. İkimiz haqda düşünəndə 
beynim sarı simə dönür. Hər yan musiqiyə qərq olur. Hərdən kiminsə səsi də 
eşidilir. Hər şey gözüm önündən kino lenti kimi keçib gedir, ancaq musiqi yenə 
qalır. həmişə qalır... 
«Bir az bundan qabaq bədbəxt idin, – Ravik ürəyindən keçirdi. – Məni də 
tanımırdın. Yaman tez xoşbəxt oldun!» Kalvadosu içdi. 
– Əvvəllər də tez-tez xoşbəxt olurdun? 
– Həmişə yox... 
– Demək, hərdən olub. Axırıncı dəfə beynin sarı simə nə vaxt dönüb? 
– Niyə soruşursan? 
– Elə-belə... Nəsə soruşmaq xatirinə... 
– Yadımdan çıxıb. Heç xatırlamaq da istəmirəm. Onda başqa cür idi. 
– Dünyada heç nə bir-birinə oxşamır. 
Joan təbəssümlə ona baxdı. Sifəti yenə işıqlanmışdı, saf idi, heç nəyi gizlətmirdi, 
elə bil, ləçək açmış gül idi. 
– İki il bundan qabaq, – dedi, – Milanda... Ancaq çox çəkmədi. 
– Tək idin onda? 
– Yox, biri vardı. Özü də çox bədbəxt adam idi... Həm də qısqanc. Məni başa 
düşmürdü. 
– Əlbəttə, başa düşməzdi. 
– Sən olsaydın, başa düşərdin. Elə oyunlar çıxarırdı ki! – Joan dikəlib divanın 
üstündəki yastığı götürdü, divanla kürəyinin arasına qoydu, geri söykəndi. – 
Ağzına gələni deyirdi. Deyirdi ki, fahişəyəm, xəyanətkaram, naşükürəm. Ancaq 
heç biri düz deyildi. Sevdiyim vaxtlarda ona xəyanət etməmişdim. Başa düşmürdü 
ki, daha sevmirəm. 
– Adam onu heç vaxt başa düşmür. 


 
94
– Sən başa düşərdin. Ancaq səni həmişə sevəcəyəm. Sən tamam başqa adamsan. 
Səninlə münasibətimiz də başqadır. Məni öldürmək istəyirdi...– Joan güldü. – 
Belələri həmişə öldürmək istəyir. Bir neçə aydan sonra başqası da öldürmək istədi. 
Ancaq heç birinin əli gəlmədi. Sən isə heç vaxt məni öldürmək istəməzdin. 
– Öldürsəm də kalvadosla öldürərəm. Şüşəni bəri ver. Allaha şükür ki, indi adam 
kimi danışırıq. Bayaq yaman qorxmuşdum. 
– Səni sevdiyim üçün? 
– Gəl yenə başlamayaq. Onda, elə bil, əynində krinolin, başında da parik, gəzməyə 
çıxırsan. İndi bir yerdəyik, bəsimizdir! Az çəkəcək, çox çəkəcək, bunu da bilən 
yoxdur. Bir yerdəyik, vəssalam! Gurultu nəyə lazımdır? 
– «Az çəkəcək, çox çəkəcək» xoşuma gəlmir. Yaxşı ki, bunlar eləcə sözdür. Sən 
məni atmazsan! Elə bunlar da sözdür. Özün bilirsən... 
– Elədir... Heç elə olub ki, sevdiyin adam səni atsın? 
– Olub... – Joan onun üzünə baxdı: – İki sevənin biri axırda mütləq atır... Ya sən 
qabağa düşürsən, ya da o... 
– Bəs neylədin? 
– Hər şey! – Qədəhi onun əlindən alıb, dibində qalanı başına çəkdi.–Əlimdən 
gələni elədim, ancaq bir şey çıxmadı. Yaman bədbəxt idim onda. 
– Çox çəkdi? 
– Bir həftə. 
– Bu ki çox deyil. 
– Adam, doğrudan da, bədbəxt olanda, bir həftə əbədiyyət qədər çəkir. Mən 
eləsindən idim. O qədər bədbəxt idim ki, bir həftədən sonra hər şey keçib getdi. 
Onda saçlarım da bədbəxt idi, bütün bədənim də, çarpayım da, hətta paltarım da... 
O qədər bədbəxt idim ki, hər şey gözümdə ölmüşdü. Adamın da gözündə hər şey 
öləndə bədbəxtlik daha bədbəxtlik olmur, çünki həyatda onu müqayisə eləməyə 
heç nə qalmır. Onda hər şey öz mənasını itirir, keçib gedir, sən də yavaş-yavaş 
özünə gəlirsən... 
Joan onun əlini öpdü. Ravik yumşaq, titrək dodaqlarını hiss etdi. 
– Nə fikirləşirsən? – Joan soruşdu. 
– Heç nə... Elə şey deyil... Fikirləşirəm ki, səndə vəhşi bir məşumluq var, həm 
iblissən, həm də məlakə. Dünyada bundan təhlükəli heç nə yoxdur. Qədəhi bəri 
ver, mahir insan sərrafı olan dostum Morozovun sağlığına içmək istəyirəm. 
– Morozovdan xoşum gəlmir. Başqa sağlığa içmək olmaz? 
– Əlbəttə, xoşuna gəlməz. Çünki onun gözləri sərraf gözüdür. Onda sənin sağlığına 
içək. 
– Mənim sağlığıma? 
– Hə, sənin sağlığına. 
– Mən elə təhlükəli adam deyiləm. Əksinə, məni həmişə təhlükə gözləyir, özüm isə 
təhlükəli deyiləm. 
– Sənə elə gəlir... Sənə heç vaxt heç nə olmayacaq. Nuş! 
– Nuş olsun! Ancaq məni başa düşmürsən. 
– İndi başa düşmək istəyən adam tapılar? Dünyadakı bütün anlaşılmazlıqların 
səbəbi də elə budur. Şüşəni bəri ver. 
– Çox içirsən. Niyə bu qədər içirsən axı? 


 
95
– Joan, bir gün gələcək, deyəcəksən: lap çox oldu! Deyəcəksən, yaman çox içirsən 
və elə biləcəksən ki, mənim yaxşılığımı istəyirsən. Əslində isə, məni əlin çatıb 
ünün yetmədiyi bir aləmə qaçmaqdan qoruyacaqsan. Nuş olsun! Bu gün 
bayramdır! Səhərdən pəncərəmizin qabağını qara bulud kimi almış coşğunluğu 
içəri buraxmadıq, onu elə coşğunluğun özü ilə dağıtdıq. Nuş olsun! 
Hiss etdi ki, Joan diksikdi. O, əllərini döşəməyə söykəyərək bir az dikəldi, diqqətlə 
Ravikə baxdı. Gözləri geniş açılmış, xalatı sürüşüb çiyinlərinə düşmüş, saçları geri 
daranmışdı və qaranlıqda gözləri işıldayan dişi canavar balasına oxşayırdı. 
– Bilirəm, ürəyində mənə gülürsən... – Joan çox sakit danışırdı. – Bunu bilirəm, 
ancaq vecimə almıram. Hiss edirəm ki, yaşayıram. Bunu bütün varlığımla 
duyuram. İndi başqa cür nəfəs alıram, yuxum da ölüm yuxusu deyil. Barmaqlarım 
da, əllərim də əvvəlki kimi bumbuz olmur... İndi mənim üçün fərqi yoxdur, nə 
fikirləşirsən fikirləş, nə deyirsən de! İstəyəndə uçacağam, istəyəndə qaçacağam, 
fikirləşmədən özümü həyat kirdabına atacağam. Mən xoşbəxtəm və bunu deyəndə, 
nə qorxuram, nə də çəkinirəm. İstəyirsən gül, istəyirsən də lağ elə... Ravik bir xeyli 
dinmədi, sonra: 
– Sənə lağ eləmirəm, – dedi, – özümə gülürəm, Joan! 
Joan ona sığındı. 
– Niyə? Axı gözlərin bunu demir. Niyə eləyirsən? 
– Onlar heç nədir. Sadəcə olaraq, mən sənin kimi çevik deyiləm. 
Joan başını buladı: 
– Yox, təkcə bu deyil. Elə bil, səndə nəsə var, həmişə tənhalıq istəyir. Hiss 
eləyirəm... Aramıza həmişə sədd çəkir. 
– Bu, sədd deyil, Joan, aramızdakı on beş ilin yaş fərqidir. Hamının həyatı öz evi 
deyil ki, xətri istəyən mebellə bəzəsin. Çoxunun ömrü mehmanxanada keçir. İllər 
də onun arxasınca həmin mehmanxanaların qapıları kimi bağlanır. Qalan təkcə 
cüzi qeyrət hissidir. Təəssüf hissi isə heç vaxt qalmır. 
Joan susurdu. Ravik onun qulaq asıb-asmadığını kəsdirə bilmədi. Pəncərədən 
küçəyə baxdı və hiss elədi ki, kalvados yavaş-yavaş beyninə işləyir. Ürəyinin 
döyüntüləri kəsildi, çaxnaşmış dünyanın top gurultusunu udan zamanın sakit, 
aramsız döyüntülərinə qarışdı. Çöhrəsi allanmış sirli-soraqlı ay, elə bil, evlərin 
damına qonmuşdu və buludlar qoynunda uyuyan məscidin qübbəsinə oxşayırdı. 
Sanki, yer üzü qara bələndikcə, məscid asta-asta göylərə qalxırdı... 
– Bilirəm, – onun dizinə söykənmiş Joan əlini çənəsinə dayaq vermişdi, –öz 
keçmişimi sənə danışmaq axmaqlıqdır. İstəsəm, heç nə deməzdim, yalan 
danışardım... Ancaq istəmirəm... Başıma gələnləri sənə niyə danışmayım? Nədən 
çəkinməliyəm? İndi mən özüm də onları unutmaq istəyirəm, çünki gülməli gəlir, 
dumanlıdır. Öz işindir, istəyirsən, onlara gül, istəyirsən, mənə... 
Ravik onun üzünə baxdı. Joanın dizləri bayaq güllərin altında gizlətdiyi qəzeti 
gülqarışıq döşəməyə sıxmışdı. «Qəribə gecədir...–ürəyindən keçirdi, – indi 
haradasa qırğındır, insanlar təqib edilir, tutulur, döyülür, öldürülür... haradasa bir 
parça həyat pozulur və adam da bunların hamısını görür, ancaq əlindən heç nə 
gəlmir. Gur işıqlı bistrolarda həyat qaynayır, heç kəsin də vecinə deyil, hamı gedib 
rahatca yatır. Mən də bir qadınla solğun payızgüllərinin arasında oturmuşam, 
yanımda da bir şüşə kalvados və səksəkəli, qüssəli bir məhəbbət kölgəsi bizi yavaş-


 
96
yavaş ağuşuna alır... Keçmişin qayğısız gülüstanından qovulmuş bu məhəbbət də 
tənhadır, çılğındır, utancaqdır, elə bil, gəldiyinə peşmandır, sanki, haqqı yox 
imiş...» 
– Joan! – Ravik asta-asta sözə başladı. Sanki ayrı şey barədə danışırdı. –Nə yaxşı 
ki sən buradasan,.. 
Joan ona baxdı. Ravik onun əllərindən yapışdı: 
– Bilirsən bu nə deməkdir? Min sözə dəyər! 
Joan başını yırğaladı və birdən gözləri doldu. 
– Heç nə deyil, – dedi, – özüm bilirəm... 
– Düz demirsən, – Ravik etiraz etdi və eyni zamanda bildi ki, o, düz deyir. 
– Yox, heçcə nə deyil! Sən məni sevməlisən, əzizim! Sevməlisən, vəssalam! 
Ravik cavab vermədi. 
– Sevməlisən məni! – Joan təkrar elədi. – Yoxsa, məhv olaram! 
«Məhv olar! – Ravik ürəyindən keçirdi. – Dili necə dönür bunu deməyə?! Məhv 
olan heç vaxt bunu dilinə gətirməz!..» 
 
                                                                            XII 
– Ayağımı kəsdiniz?–Janno soruşdu. 
Onun qanı qaçmış nazik sifəti avazımışdı. Üzündəki çillər qaralmışdı və çildən çox 
qara rənglə qoyulmuş nöqtələrə oxşayırdı. Kəsilmiş ayağının üstünə məftil hörmə 
qoyub adyal çəkmişdilər. 
– Ağrıyır?–Ravik soruşdu. 
– Bəli, ayağım... Amanımı kəsib! Tibb bacısından soruşdum. Küpəgirən qarı heç 
nə demədi. 
– Kəsmişik. 
– Dizdən yuxarı, ya aşağı? 
– On santimetr yuxarı. Dizin əzik-əzik olmuşdu, heç nə eləmək mümkün deyildi. 
– Yaxşı oldu. Sığorta idarəsi təqaüdü, təxminən, on faiz artıracaq. Çox yaxşı oldu. 
Düzəltmə ayaq onsuz da düzəltmədir, nə fərqi, dizdən aşağı olsun, ya yuxarı. 
Ancaq on beş faiz pul deməkdir, hər ay qoyacaqsan cibinə...– O, bir anlığa 
tərəddüd etdi. – Yaxşısı budur, anama hələ heç nə deməyin. Onsuz da dəmir 
qəfəsdən görməyəcək. 
– Demərik, Janno. 
Oğlanın üz-gözü qırışdı. 
– Gözləri kəlləsinə çıxacaq. On üçcə yaşım var, gör nə qədər verəsi olacaqlar?! 
Bilirsiniz, hansı idarə verəcək? 
– Hələ yox. Ancaq maşının nömrəsi əlimizdədir. Özün görmüşdün. Polis də 
gəlmişdi, səni sorğu-sual eləmək istəyirdi, ancaq yatmışdın. Dedilər ki, axşam 
gələcəklər. 
Janno fikrə getdi, sonra: 
– Bəs şahid? – dedi. – Şahid mütləq lazım olacaq. Var? 
– Deyəsən, anan iki adamın ünvanını götürüb. Kağız əlindəydi. 
Oğlan narahat oldu. 
– İtirəcək. Bəlkə də, çoxdan itirib! Qocaları tanıyırsınız da... İndi haradadı o? 


 
97
– Bütün gecəni sənin yanında oturmuşdu. Günorta birtəhər evə göndərdik, indi 
gələr. 
– Yəqin, hələ itirməyib. Polis...– Janno sümükləri çıxmış əlini astaca tərpətdi. – 
Əclaflar! – deyə öz-özünə donquldandı. – Hamısı əclafdır. Polis də, sığorta 
idarəsinin işçiləri də əlbirdir. Ancaq yaxşı şahidlərin olsa... Anam nə vaxt gələcək? 
– İndi gələr. Buna görə özünü üzmə, hər şey qaydasında olacaq. 
Jannonun ağzı tərpəndi, elə bil, nəsə çeynəyirdi. 
– Bəzən pulu elə bir dəfəyə verirlər. Dəbbə pulu... Təqaüd əvəzinə... Versələr, 
anamla balaca bir dükan açarıq. 
– İndi yaxşı-yaxşı dincəl, bu barədə sonra da fikirləşmək olar. 
Oğlan başını buladı. 
– Dincəlmək lazımdır ki, polis gələndə danışa biləsən, – Ravik israr etdi. 
– Düz deyirsiniz. İndi neyləməliyəm? 
– Yatmalısan. 
– Bəs birdən... 
– Gəlsə, qaldıracaqlar. 
– Qırmızı işıq yanırdı. Qırmızıda keçdi. 
– Düz deyirsən. Çalış, bir az yatasan. Nəsə lazım olsa, bu zəngi basarsan. 
– Doktor... 
Ravik geri döndü. 
– İşlər düz gətirsə...– Janno başını yastıqların arasına soxmuşdu və ağıllı sifətində, 
səyriyən yanaqlarında təbəssümə oxşar nəsə göründü. – Hərdən adamın bəxti 
gətirir, eləmi, hə?! 
 
Həmin axşam havada nəmişlik olsa da, isti idi. Parça-parça olmuş buludlar lap 
alçaqdan şəhərin başına dolanırdı. «Fuke» restoranının qabağına dəyirmi kömür 
peçləri, bir neçə stol, stul qoyulmuşdu. Morozov da həmin stollardan birinin 
arxasında oturmuşdu və Raviki görən kimi əl elədi: 
– Gəl, qonağım ol. 
Ravik gəlib oturdu. 
– Dörd divar arasında çox otururuq, – deyə Morozov sözə başladı. – Heç bu haqda 
düşünməmisən? 
– Bu, sənə aid deyil. Həmişə «Şəhrizad»ın qabağında, küçədə durursan. 
– Bu yoxsul məntiqi burax, bala. Axşamlar mən təbiətin qoynunda azad nəfəs alan 
insan yox, «Şəhrizad»ın ikiayaqlı qapısı kimi bir şeyəm. Dedim ki, dörd divar 
arasında çox otururuq, dörd divar arasında çox fikirləşirik, dörd divar arasında da 
həyatımızdan bezirik. Təbiətin qoynunda həyatdan bezmək olar? 
– Olar! Özü də lap kefin istəyən kimi! 
– Çünki dörd divar arasında çox qalırıq. Təbiətin qoynunda çox olsan, bezməzsən. 
Təbiətin qoynunda bezikmək hara, mətbəxi, vannası olan birotaqlı «imarət»də 
bezikmək hara! Lap nə qədər rahat olur, olsun... Etiraz eləmə. Etiraz eləmək, 
əksinə getmək Qərb dünyasının mənəvi kasadlığıdır. Hə, indi kim haqlıdır? Bu 
axşam boşam, ona görə də həyatdan zövq almaq istəyirəm. Yeri gəlmişkən, dörd 
divar arasında da çox içirik. 
– Dörd divar arasında içdiyimizi dörd divar arasında da axıdırıq... 


 
98
– Sən allah, bu kinayəni burax! Həyat faktları çox adi və bayağıdır. Onları 
canlandıran bizim fantaziyamızdır. Bu fantaziya paltar zivəsini bərkitmək üçün 
basdırılan adi dirəklərə insanların arzu və xəyal bayraqlarını bağlayıb yellədir. Düz 
demirəm? 
– Yox. 
– Əlbəttə, düz demirəm! Heç düz demək istəmirəm də. 
– Onda düz deyirsənmiş. 
– Yaxşı, demək, razısan. Dörd divar arasında çox yatırıq. Belə-belə də dönürük ev 
əşyasına. Daş evlər bizim bel sümüyümüzü sındırıb. İndi yeriyən divana, mətbəx 
stoluna, paltar şkafına, kirayə müqaviləsinə, kirayəçi-kirayənişinə, şorba qazanına, 
daha nə bilim, nələrə dönmüşük... 
– Elədir! İkiayaqlı siyasi oyuncağa, hərbi zavodlara, korlar cəmiyyətinə, 
dəlixanaya çevrilmişik... 
– Yenə sözümü kəsmə! Ye, iç, dilini dinc qoy, sakitcə yaşa, ay skalpelli qatil. Gör 
axırımız hara gəlib çıxdı! Bildiyimə görə, təkcə qədim yunanların şərab və zövqi-
səfa Allahları olub: Vakx ilə Dionis. Bunun əvəzində, bizim psixi analizlə məşğul 
olan, naqislik kompleksindən dəm vuran Freydimiz var. Bu nəzəriyyə də məhəbbət 
haqqında təntənəli sözlərdən qaçır, siyasətdə isə buna meyil edir. Çox bədbəxt 
nəsil olduq... – Morozov göz vurdu. Ravik də göz elədi: 
– Öz aramızdır, sən köhnənin həyasızı imişsən! 
Morozov irişdi: 
– Sən isə yer üzündə müvəqqəti Ravik adlanan, xəyal dünyası tarmar olmuş, 
zavallı bir romantiksən. 
– Hə, lap müvəqqətidir. Qaldı ad məsələsi, bu artıq üçüncüsüdür. Polşa arağıdır 
bu? 
— Estoniyadır. Riqadan gəlib. Ən yaxşı araqdır. Süz gəlsin! Özü də qoy sakit 
oturub, dünyanın ən gözəl küçəsinə tamaşa eləyək, bu əsrarəngiz gecədən həzz 
alaq, ümidsizliyin də başına yekə bir daş salaq! 
Kömür peçinin alovu çırtıldadı. Bir kişi səkidə dayanıb skripkada «upres de ma 
blonde» (9) mahnısını çalırdı. Küçədən keçənlər ona toxunduqca yay skripkanın 
simlərinə ilişir, melodiya pozulur, lakin kişi çalmaqda davam edirdi, elə bil, bu 
dünyada özündən başqa heç kəs yox idi. Skripkanın səsində nəsə bir quruluq, 
boşluq vardı, sanki, donmuşdu. İki mərakeşli stolların arası ilə gəzişərək, 
müştərilərə ucuz xalçalar təklif edirdi. Qəzet satan uşaqlar son xəbərləri gətirdilər. 
Morozov «Pari suar» (10) və «Entransijan» (11) götürdü, başlıqlara göz gəzdirib, 
onları stolun bir kənarına qoydu. 
– Saxta pulkəsənlər! – deyə donquldandı. – Heç sənə elə gəlmirmi, biz saxta 
pulkəsənlər zəmanəsində yaşayırıq? 
–Yox, mən elə bilirdim konserv zəmanəsində yaşayırıq. 
– Konserv? Bu nə deməkdir?  
Ravik qəzetlərə işarə etdi: 
– Bizə daha fikirləşib baş sındırmaq lazım deyil. Hər şeyi qabaqcadan fikirləşiblər, 
götür-qoy ediblər, duyublar. Lap konserv kimidir, təkcə ağzını açmaq lazımdır. 
Gündə üç dəfə evə göndərirlər. Daha bizə əkib-becərmək, tərəddüd, şübhə, həsrət 
ocağında bişirmək lazım gəlmir. – O irişdi. – Belə həyat asan yox, ucuzdur, Boris. 


 
99
– Yox, biz saxta pulkəsənlər zəmanəsində yaşayırıq. – Morozov qəzetləri əlinə 
götürdü. – Bir bunlara bax! Hərbi zavodları ona görə tikirlər ki, sülh istəyirlər, 
həbs düşərgələrini ona görə yaradırlar ki, həqiqəti sevirlər! 
 
Ədalət də siyasətbazlar üçün pərdə olub. Siyasi canilər indi xilaskara çevrilib. 
Azadlıq isə ağalıq iddiasında olanların gürultulu şüarıdır. Saxta pullardır! Mənəvi 
saxtalıqdır! Hamısı da təbliğatın uydurmasıdır, riyakarlıqdır! Pozğun ünsürlərin 
əlində idealizm silahıdır! Kaş bir az da vicdanları olaydı... – O, qəzetləri 
bürmələyib tulladı. 
– Dörd divar arasında qəzeti də çox oxuyuruq, – Ravik dilləndi. 
Morozov güldü: 
– Bəs necə! Təbiətin qoynunda qəzet təkcə tonqal... 
 
O dayandı. Ravik yoxa çıxmışdı. Qəflətən yerindən sıçrayıb, özünü kafenin 
qarşısındakı izdihama vurdu, V Georq prospektinə tərəf üz qoydu... 
Heyrətlənmiş Morozov bir-iki saniyə nə edəcəyini bilmədi, sonra cibindən pul 
çıxarıb stolun üstündəki çini qablardan birinə tulladı və Ravikin qarasınca düşdü. 
Nə olduğunu bilmirdi, hər ehtimala qarşı gedirdi ki, birdən ona lazım olar. Gözünə 
polis dəymirdi. Mülki paltarda onu izləyən də yox idi. Səki adamla dolu idi. 
Fikirləşdi ki, lap yaxşı oldu, əgər polis tanıyıbsa, asanca aradan çıxa biləcək. Onu 
V Georq prospektinə çatanda gördü. Həmin anda yolun işığı dəyişdi və uzun maşın 
karvanı Ravikin önünü kəsdi. Buna baxmayaraq, o, özünü irəli atdı, az qaldı 
taksinin altına düşsün. Sürücü özündən çıxdı. Morozov arxadan çatıb onu geri 
dartdı: 
– Dəli olmusan? – deyə qışqırdı. – Özünə qəsd eləyirsən? Nə olub? 
Ravik cavab verməyib, diqqətlə küçənin o biri üzünə baxırdı. Küçə yaman sıxlıq 
idi, dörd cərkədə keçən maşınlar da az qala bir-birinin üstünə çıxırdı. Keçmək 
mümkün deyildi. Ravik isə səkinin lap qurtaracağında hazır vəziyyətdə dayanıb, 
diqqətlə o tərəfə baxırdı. 
Morozov onu silkələdi: 
– Nə olub? Polisdir? 
– Yox. – Ravik gözlərini maşınlardan çəkmirdi. 
– Bəs nə olub? Nə olub, Ravik? 
– Haake... 
– Nə? – Morozovun gözləri bərələ qaldı. – Görkəmi necədir? Tez ol! 
– Boz palto... 
«Yelisey çölləri»nin düz ortasından yolgöstərən polisin kəskin fiti eşidildi. Ravik 
axırıncı maşınları gözləməyib özünü irəli atdı. Boz palto! – yadında qalan birçə bu 
idi. V Georq prospektini keçib Basson küçəsinə çıxdı. Gördü ki, boz paltolu adam 
çoxdur. Yağlı bir söyüş söyüb, irəli cumdu. Qaliley küçəsinin tinində yaşıl işığa 
düşdü. Tez keçib, o biri üzdəki izdihama qarışdı, onu yara-yara «Yelisey çölləri» 
ilə irəlilədi, axırda gəlib Pressburq küçəsinə çıxdı, yüyürə-yüyürə tini keçdi və 
birdən dayandı: qarşısında nəhəng, adamı çaş-baş qoyan Etual meydanı açılırdı... 
Maşınla dolu idi, hər tərəfə də bir küçə ayrılırdı... Vəssalam! Burada heç kimi tapa 
bilməzdin! 


 
100
Geri dönüb yavaş-yavaş, yanından keçən adamların üzünə baxa-baxa geri qayıtdı, 
həyəcanı sovuşub getmişdi. Qəflətən daxilində bir boşluq hiss elədi. Ola bilsin, 
yenə yanılmışdı, ya da Haake ikinci dəfə əlindən çıxmışdı. Ancaq iki dəfə 
yanılmaq olardımı? İki dəfə yer yarılıb, adamı udardımı? Hər tərəfə bir küçə 
ayrılır. Kim bilir, hansına dönüb? Gözlərini Pressburq küçəsinə zillədi. Maşınlar, 
maşınlar... Adamlar, adamlar... Küçələrin də gur vaxtı... Təzədən axtarmağın xeyri 
yox idi. Yenə gecikdi! 
– Tapmadın? – Ona tərəf gələn Morozov soruşdu.  
Ravik başını buladı: 
– Deyəsən, məni yenə qara basıb... 
– Dəqiq bilirsən ki, o idi? 
– Deyəsən.. Bir az bundan qabaq dəqiq bilirdim, indi isə heç nə bilmirəm... 
Morozov onun üzünə baxdı: 
– Yer üzündə bir-birinə oxşayan o qədər adam var ki... 
– Hə.. Ancaq eləsi də var ki, ömrün boyu yadından çıxmır! 
Ravik dayandı. 
– Neyləmək istəyirsən? – Morozov soruşdu. 
– Özüm də bilmirəm. Bundan sonra neyləməliyəm? 
Morozov diqqətlə insan axınına baxdı: 
– Adamın bəxti gətirməyəndə, gətirmir. Gərək, elə bu vaxt olaydı? Camaatın işdən 
çıxan vaxtı... Adam əlindən tərpənmək olmur. 
– Hə... 
– Hələ, üstəlik də, qırmızı işıq... Qaş da qaralıb... Doğrudan, o idi? 
Ravik cavab vermədi. Morozov onun qolundan yapışdı: 
– Bura bax, – dedi, – daha bu küçələrdə ora-bura qaçmağın mənası yoxdur. Bunda 
olanda, elə biləcəksən o birindədir. Boş şeydir. Gəl restorana qayıdaq, ən yaxşı yer 
oradır. Buralarda vurnuxmaqdansa, orada oturub baxmaq yaxşıdır. Geri qayıdası 
olsa, görəcəksən. 
Onlar lap qıraqdakı stol arxasında oturdular, hər yan görünürdü. Xeyli də 
oturdular. 
– Bir də rast gəlsə, neyləyəcəksən? – Nəhayət, Morozov dilləndi. – Nə edəcəyini 
bilirsən? 
Ravik başını buladı. 
– Bu barədə fikirləş. Əvvəlcədən hər şeyi götür-qoy etsən yaxşıdır. 
Həyəcanlanmağın, səfehlik eləməyin nə mənası?! Özü də sənin indiki 
vəziyyətində... Yoxsa, həbsxanalarda çürümək istəyirsən? 
Ravik başını qaldırıb onun üzünə baxdı, ancaq dinmədi. 
– Mən də heç nəyə baxmazdım. Özümü deyirəm... Ancaq burada söhbət səndən 
getdiyi üçün razı olmaram. Tutaq ki, onu bu tində tutdun, neyləyəcəksən? 
– Bilmirəm, Boris. Doğrudan, bilmirəm... 
– Yanında heç nəyin yoxdur, eləmi? 
– Hə... 
– Tutaq ki, görən kimi üstünə atıldın, sonrası? O dəqiqə aralayacaqlar. O, bir-iki 
yumruq yeyəcək, uzaqbaşı, üz-gözü göyərəcək, sən isə polisə düşəcəksən. 
Sonrasını da özün bilirsən... 


 
101
– Hə… ə... – Ravikin gözü küçələrdə idi. 
Morozov da bir anlıq fikrə getdi. 
– Uzaqbaşı, çalışacaqsan ki, tinlərin birində itələyib maşının altına salasan. Bu da 
boş şeydir, bir-iki yerdən yaralanacaq, sonra da sağalacaq. 
– Maşının altına atmaram... – Ravik hələ də gözünü küçələrdən çəkmirdi. 
– Bilirəm... Heç mən də eləməzdim. 
Morozov susdu, sonra: 
– Ravik, – dedi, – əgər, doğrudan da, o idisə, tuta bilsən, gərək, əldən 
buraxmayasan. Özün bilirsən, belə imkan bir də düşməyəcək... 
– Hə... ə... bilirəm... – Ravik elə hey küçələrə boylanırdı. 
– Rast gəlsə, dalınca düş. Əl vurma, eləcə izlə, öyrən, gör harada qalır. Özgə heç 
nə lazım deyil. Bir az vaxt qazan, hər şeyi arxayınca götür-qoy elə. Səfehlik 
eləmə... Eşidirsən? 
– Hə...–hələ də küçələrə baxan Ravikin fikri heç özündə deyildi. 
 
Stola bir püstəsatan yaxınlaşdı. Əlində oyuncaq siçan tutmuş oğlu da dalınca 
gəlirdi. Yaylı oyuncağı mərmər döşəmənin üstünə qoyanda, siçan hoppanıb- 
düşməyə başladı və oğlanın əli üstünə dırmaşdı. Skripkaçı yenə gəldi. Bu dəfə 
başında şlyapa var idi və Parlez moi djamour (12) çalırdı. Yaşlı, üz-gözündən 
xəstəlik yağan bir qadın onlara bənövşə təklif elədi. 
Morozov saatına baxdı: 
– Səkkizdir, – dedi, – daha gözləməyin mənası yoxdur, Ravik. İki saatdan çoxdur 
oturmuşuq. O bu vaxta qalmaz. İndi bütün Fransa şam yeməyinə məşğuldur. 
– Sən arxayınca çıx get, Boris, niyə hədər yerə burada oturursan? 
– Bir də elə şeylər danışma. Nə qədər lazım olsa, oturacağıq. Ancaq istəmirəm, sən 
özünü belə üzəsən. Saatlarla burada oturub gözləməyin xeyri yoxdur. İndi ona hər 
yerdə rast gəlmək olar. Bu ehtimal indi restoranlarda, gecə klublarında, 
fahişəxanalarda daha çoxdur. 
– Bilirəm, Boris. 
Morozov iri, tüklü əlini Ravikin əlinin üstünə qoydu: 
– Ravik, – dedi, – gəl sən mənə qulaq as. Əgər ona rast gəlmək alnına yazılıbsa, 
mütləq gələcəksən. Yazılmayıbsa, boş şeydir, istəyirsən, lap on il gözlə. Nə 
dediyimi özün yaxşı bilirsən. Həmişə, hər yerdə gözüaçıq ol, hazırca dayan! Ancaq 
özünü elə apar ki, guya, yanılmısan. Çox güman ki, belədir. Bu, yeganə düzgün 
yoldur. Yoxsa, özün öz axırına çıxarsan. Mənim də başıma gəlib. Təxminən, iyirmi 
il bundan qabaq. Hər dəqiqə mənə elə gəlirdi ki, indicə atamın qatillərindən birinə 
rast gələcəyəm. Qara basır...– O, qədəhdə qalanı başına çəkdi. – Lənətə gəlsin,. 
adamı qara basır. Dur, gedək, bir yer tapıb şam eləyək. 
– Sən get, çörəyini ye, Boris. Bir azdan gələcəyəm. 
–Yenə burada qalmaq istəyirsən? 
– Bir-ikicə dəqiqə... Sonra mehmanxanaya gedəcəyəm, işim var. 
Morozov onun üzünə baxdı. Mehmanxanaya nə üçün getdiyini bilirdi. Onu da 
bilirdi ki, saxlaya bilməyəcək, Ravik gedəcək. Qoy getsin, öz işidir... 
– Yaxşı, – dedi, – mən «Meri-Meri» dəyəm, sonra da «Bublik»ə gedəcəyəm. Ya 
zəng elə, ya da gəl. – Onun qalın qaşları çatıldı. – Boş yerə risq eləmə. Belə yerdə 


 
102
qəhrəmanlıq göstərmək düşüklük, səfehlikdir. Elə yerdə vur ki, aradan çıxa 
biləsən. Bu, sənin üçün nə uşaq oyunudur, nə də macəra filmi. 
– Bilirəm, Boris, narahat olma... 
 
Ravikin «İnternasional» mehmanxanasına girməsi ilə çıxması bir oldu. Yolu 
«Milan»ın yanından keçirdi. Saata baxdı. Doqquzun yarısı idi, Joan hələ evdə 
olardı. 
Joan özü qabağına çıxdı. 
– Ravik?! – O, çox təəccübləndi. – Mənim yanıma gəlmisən? 
– Hə... 
– Sən ki bura gələn deyildin?! Məni bura köçürən gündən gəlməmisən... 
Ravik dalğın halda gülümsədi: 
– Elədir, Joan. Biz səninlə qəribə həyat sürürük. 
– Hə, lap göstəbək, ya da yarasa kimiyik. Ya da bayquş... Qaranlıq qarışanda üzə 
çıxırıq. 
O, iri səssiz addımlarla otaqda gəzişirdi. Əynində tünd - göy rəngli xalat vardı, kişi 
xalatına oxşayırdı, kəmərini də çox sıxmışdı. Həmişə «Şəhrizad»a geydiyi bayırlıq 
paltarı çarpayının üstünə atılmışdı. Çox gözəl, həm də əlçatmaz bir uzaqlıqda idi... 
– Getmək vaxtın deyil, Joan? 
– Hələ yox, yarım saat var. Bu yarım saat ən çox sevdiyim vaxtdır. Bir azdan yenə 
gedəcəyəm... Gör bir nəyim var! Qəhvə, dünyanın özü boyda vaxt.. Bu gün hətta 
sən də gəlib çıxmısan! Hələ kalvadosum da var. 
Şüşəni gətirdi. Ravik onu alıb, açmadan stolun üstünə qoydu. Sonra ehtiyatla onun 
əllərindən tutdu: 
– Joan! – dedi. 
Joanın gözlərindəki qığılcım söndü, ona sığındı: 
– Tez ol de, nə olub? 
– Necə məgər? Nə olmalıdır ki? 
– Nəsə olub. Sən belə gəlmisənsə, demək, nəsə var. Ona görə gəlmisən? 
Ravik hiss etdi ki, onun əlləri əlindən sürüşür. Ancaq, əslində, Joanın nə özü, nə də 
əlləri tərpənirdi. Sanki, əllərinin içində nəsə var idi, onları geri çəkirdi. 
– Bu axşam gəlmə, Joan! Bu axşam.. Bəlkə, sabah da... O birisi gün də... 
– Xəstəxanada qalacaqsan? 
– Yox, başqa şeydir, deyə bilmərəm. Ancaq elə şeydir ki, bizim münasibətlərə 
qarışacağı yoxdur. 
Joan bircə anlığa, sanki, yerində dondu, sonra: 
– Yaxşı, – dedi. 
– Başa düşürsən, Joan? 
– Yox! Əgər sən deyirsənsə, demək, elə lazımdır. 
– İncimirsən ki? 
Joan onun üzünə baxdı: 
– Aman Allah, Ravik! Belə şeydən ötrü səndən inciyə bilərəm? 
Ravik baxışlarını qaldırdı. Birdən ona elə gəldi ki, kimsə köksündən bərk-bərk 
sıxdı. Əlbəttə, Joan bu sözləri qəsdən demədi, ancaq onu yerindən oynatmağa elə 
bu da bəs idi... Gecələr onun kəsik-kəsik pıçıldadığı sözlərə əhəmiyyət 


 
103
verməmişdi, bomboz dumanlı səhər gözünü açıb pəncərədən içəri boylananda, 
hamısını unutmuşdu. Bilirdi ki, Joan yanında oturanda, ya uzananda onu 
tilsimləyən cazibədarlığı ötəri hisslərdir, bircə anın nəşəsi, hökmüdür, özgə heç nə 
deyil. İndi isə ömründə ilk dəfə günəşlə gizlənqaç oynayan dümağ buludların 
arasından par-par yanaraq, yaşılı, qəhvəyi rəngə çalan yer kürəsini görən təyyarəçi 
kimi, hər şey gözlərində dəyişdi. Bir anın cazibədarlığında vurğunluq, nəşəsində 
kövrək hisslər, pıçıltısında isə sadə bir inam gördü. Elə bilmişdi, indicə şübhə, çək-
çevir, anlaşılmazlıq başlayacaq... Bircə bunu gözləməmişdi. Xırda şeylər həmişə 
tez başa düşülür, böyüklər isə gec! Böyüklərdə melodram, aldanıb-aldatmaq 
ehtimalı daha çox olur! 
Otaq. Mehmanxana otağı... Bir-iki çamadan, çarpayı, işıq, pəncərənin o tərəfində 
isə keçmişlə gecənin zülmət dolu boşluğu, yanında isə üz-gözündən nur çilənən, 
alagözlü, çatmaqaşlı, ipəksaçlı bir qadın – həmişə günəşə tərəf boylanan oleandr 
kolu kimi ona baxan kövrək bir həyat... O lap əlyetən yaxınlıqda idi, dayanıb 
səssiz-səmirsiz bir harayla ona deyirdi: gəlmişəm ki, sənin olum! Buraxma məni! 
Nə vaxtsa, lap keçmişlərdə ona deməmişdimi, səni getməyə qoymaram?!  
O ayağa durdu: 
– Gecən xeyrə qalsın, Joan. 
– Xeyrə qarşı, Ravik. 
 
«Fuke» restoranının qabağında, yenə həmin stolun arxasında oturmuşdu. Saatlarla 
beləcə oturub keçmişin zülmət kimi xatirə dünyasına baş vurdu. O zülmətdə tək 
bircə işartı vardı; qisas ümidi! 
Onu 1933-cü ilin avqustunda tutdular. Gestaponun axtardığı iki dostunu on dörd 
gün yanında gizlədib, sonra qaçmalarına kömək etmişdi. Biri 1917-ci ildə 
Flandriyada onu ölümün ağzından almışdı, kimsəsiz bir çöllükdə qan aparanda, 
dolu kimi yağan pulemyot güllələrinin arasından keçirərək arxaya çatdırmışdı. 
İkincisi isə çoxdan tanıdığı yəhudi yazıçı idi. Sorğu-sual başlandı: hansı tərəfə 
gediblər, nə sənədləri var, onlara yolda kim kömək edəsi idi? İstintaq eləyən Haake 
idi. Birinci dəfə huşunu itirib, sonra ayılanda, tapançanı əlindən qapıb onu vurmaq, 
ya da canı çıxanacan döymək istədi. Sonrasını fikirləşməyib dörd nəfər silahlı, 
boylu-buxunlu adamın yanında onun üstünə cummaq mənasız şeydir... Düz üç gün 
huşsuz qaldı, hərdən yavaş-yavaş ayılırdı, dəhşətli ağrıların içində qovrulurdu, 
Haakenin soyuq nəzərləri, kinayəli təbəssümü gözləri önündən çəkilmirdi. Düz üç 
gün eyni suallar, eyni əzab-əziyyət... və axırda elə günə düşdü ki, daha ağrı hiss 
eləmədi. Sonra üçüncü günün nahar vaxtı Sibillanı gətirdilər. Onun da heç nədən 
xəbəri yox idi. Raviki ona göstərdilər ki, qorxub danışsın. O, çox zərif, qəşəng, 
yüngül və qayğısız həyat keçirmiş bir qadın idi. Ravikə elə gəlirdi ki, qışqırıb 
bayılacaq. Ancaq o, özünü itirmədi, cəlladlara elə sözlər dedi ki, iliklərinə işlədi. 
Bu sözlərdən ölüm qoxusu gəlirdi və özü də bunu yaxşı bilirdi. Haakenin kinayəli 
təbəssümü qeybə çəkildi, sorğu-sualı kəsdi. Səhəri gün Ravikə başa saldı ki, 
boynuna almasa, Sibillanı qadınlar üçün həbs düşərgəsində nələr gözləyir. Ravik 
cavab vermədi. Onda Haake həbs düşərgəsinə göndərilənə qədər Sibillanın başına 
nələr gələcəyini söylədi. Ravik yenə susdu, çünki deyiləsi bir şey də yox idi. Sonra 
Haakeni inandırmağa çalışdı ki, qadının heç nədən xəbəri yoxdur, dedi ki, onu heç 


 
104
yaxından tanımır da. Sibilla Ravik üçün yalnız gözəl bir qadın olmuşdur, ona görə 
də etibar eləyib belə şeyləri deməzdi... Bu, doğrudan da, elə idi. Haake onda heç nə 
deməyib gülümsəmişdi.. Üç gündən sonra Sibilla öldü. Həbs düşərgəsində özünü 
asmışdı. Bir gün sonra isə qaçanlardan birini gətirdilər. Yazıçı idi. Ravik onun nə 
özünü, nə də səsini tanıdı. Haakenin sorğu-sualı bir həftə də uzandı, Ravik ölümcül 
hala düşdü. Axırda onu da həbs düşərgəsinə göndərdilər. Sonra xəstəxana... Daha 
sonra isə xəstəxanadan qaçması... 
 
Gümüşü rəngli ay «Zəfər tağı»nın tuşunda dayanmışdı. Külək «Yelisey çölləri» 
boyunca düzülmüş fənərləri yellədirdi və onların gur işığı stolların üstündəki 
qədəhlərdə əks olunurdu. Birdən ona elə gəldi ki, bunların heç biri həqiqət deyil – 
nə qədəhlər, nə ay, nə bu küçə, nə bu gecə, nə də bu an. Bu an gah doğmalaşır, gah 
da yadlaşırdı və elə bil, onu nə vaxtsa, hansı planetdəsə bir dəfə yaşamışdı. Heç 
biri həqiqət deyil – nə beynində ötən illərin fosfor kimi işıldayan, donub sözlərə 
dönmüş, gah ölüb, gah dirilən xatirələri, nə də damarlarından şırıltı ilə axan ilıq 
maye... Bir az şoran dadı verən bu dörd litr sirli mayenin adı qan idi, bədənin bütün 
əzalarına süzülüb ola həyat verirdi, hansı bir heçlikdəsə gözə görünməyən bir 
anbara yığılırdı və onun da adına yaddaş deyirdilər. Bu qan da süzüldükcə 
ulduzları, illəri bir-bir çevirirdi. Onların bəziləri aydın, bəziləri isə qan rəngində 
olur, sanki, Mars planeti fırlanıb Berri küçəsinin üstünə gəlib. Bəziləri də ləkə-
ləkədir, tutqun parıltı ilə işıldayır... Bütün bunların hamısı xatirələrin sirli-soraqlı 
səması idi və zəmanə də onun altında bildiyini eləyirdi. 
Qisas ümidinin yaşıl rəngli qığılcımı... Solğun ay işığında, avtomobil motorlarının 
uğultusunda asta-asta yırğalanan şəhər... Ucu-bucağı görünməyən sıra evlər, 
pəncərələr və onların arxasında küçələrin özü qədər nəhayətsiz insan taleləri... 
Milyonların ürək döyüntüləri... Bu ürəkləri, sanki, milyon at gücündə bir motor 
döyündürür, aram-aram, asta-asta onu həyat yolu ilə dartıb aparır və hər döyüntü 
ilə bircə millimetr ölümünə yaxınlaşdırırdı... 
O durdu. «Yelisey çölləri», demək olar ki, bomboş idi. Künc-bucaqda bir-iki fahişə 
vurnuxurdu. Üzüaşağı düşüb Pyer Şardon, Marbef, Marinyon küçələrini keçdi, 
Pion körpüsünə çatanda geri dönüb, «Zəfər tağı»na tərəf getdi. Zəncirlərin 
üstündən aşıb, naməlum əsgərin məzarı önündə dayandı. Balaca, göyümtül fənər 
qaranlıqda titrəyirdi. Qəbrin üstündə gülləri solmuş bir əklil vardı... Etual 
meydanını keçib, birinci dəfə Haakeni gördüyü bistroya gəldi. İçəridə sürücülər 
oturmuşdu. Yenə pəncərənin yanında əyləşdi, qəhvə içməyə başladı. Sürücülər 
Hitlerdən danışırdılar. Ona lağ eləyir və deyirdilər ki, Majino xəttinə hücum eləsə, 
mütləq məğlub olacaq. Ravik gözlərini küçəyə zilləmişdi. «Niyə burada otururam? 
– ürəyindən keçirdi. – Parisin hər yerində ona rast gəlmək olar...» Saata baxdı. Üçə 
az qalırdı. Çox gec idi. Haake – əgər, doğrudan da, o idisə – bu vaxt küçələrdə 
veyillənməzdi. 
Gördü ki, küçədən bir fahişə keçir. O, pəncərədən içəri boylanıb getdi. «O 
qayıdanda duraram», – deyə ürəyindən keçirdi. Fahişə qayıtdı, ancaq durmadı. Qət 
elədi ki, bir də gəlib keçəndə mütləq qalxacaq. Demək, Haake Parisdə deyil. Fahişə 
qayıtdı, başı ilə ona işarə eləyib keçdi. Ravik yerindən tərpənmədi. O bir də gəlib 
keçdi, yenə durmadı... 


 
105
Xidmətçi stulları stolların üstünə yığırdı. Sürücülər pullarını verib çıxdılar. 
Xidmətçi piştaxtanın yanındakı işığı söndürdü. Otağa çökən qaranlıqda hər şey 
birtəhər görünürdü. Ravik yan-yörəsinə boylandı: 
– Pulunuzu alın, – dedi. 
 
Bayırda külək qalxmış, hava soyumuşdu. Bulud topaları sürətlə yuxarı qalxırdı. 
Joan yaşayan mehmanxananın yanından keçəndə ayaq saxladı. Birindən başqa 
bütün pəncərələr qaranlığa qərq olmuşdu. O pəncərənin pərdələrindən zəif işıq 
gəlirdi. Joanın otağı idi. Bilirdi ki, qaranlıq otağa qayıtmaqdan xoşu gəlmir. İşığı 
ona görə yana-yana qoymuşdu ki, Ravikin yanına getməyəcəyini bilirdi. Başını 
qaldırıb pəncərəyə baxdı və birdən-birə niyə elə hərəkət etdiyini özü də anlamadı. 
Joandan niyə qaçırdı? Sibillanın özü haqda olan xatirələri çoxdan sönüb getmiş, 
təkcə ölümü yadında qalmışdı... 
Bəs o biri? Onun Joana nə dəxli? Lap elə özünə nə dəxli var idi? Dumanlı 
xatirələrin toruna düşüb dəqiq bilməyə-bilməyə kimisə izləməsi, təsadüfi bir 
oxşarlıq nəticəsində ötüb keçmiş illərin zığ-palçığında təzədən eşələnməsi, çürüyüb 
getmiş keçmişi yenidən qurdalaması, qaysaqlanmış yaranı təzədən qanatması və 
bununla da qəlbində yenicə kök salmağa başlayan ümidi sındırması, yaxşı-pis ona 
bağlanmış yeganə adamı itirməsi səfehlik deyildimi? Onun bunlara nə qarışacağı? 
Həmişə hər şeyin öz yeri olduğunu özünə təlqin eləməmişdimi? Yoxsa, canını 
onlardan necə qurtarardı? Belə eləməsəydi, axırı hara çıxardı? 
Hiss etdi ki, damarlarından axan qan qurğuşun kimi dondu. Dərindən nəfəs aldı. 
Külək bərkiyirdi. Yenə işıq gələn pəncərəyə baxdı. Orada onun qədrini bilən, 
lazımı olan, onu görəndə rəngi dəyişən bir adam qalırdı. Ravik isə onu boş 
xəyallara, qisas ümidinin yaratdığı mənasız bir təkəbbürə qurban vermək 
istəyirdi... 
Axı tələbi nə idi? Niyə özünü çəkirdi? Niyə etiraz edirdi? Həyat özü gəlib onun 
yan-yörəsində dolaşır, o isə naz eləyirdi. Özü də bu həyatın ona bəxş elədiyi 
nemətin az yox, çox olduğu üçün naz eləyirdi. Axı bunu anlamaq üçün nəyə görə 
təzədən keçmişin qanlı-qadalı burulğanına düşməli idi? Çiyinlərini çəkdi. «Ürək! –
deyə fikirləşdi. – Ürək yaman şeydir! Gör necə həssasdır! Necə şiddətlə döyünür!» 
İndi qaranlıqda parıldayan o tənha pəncərə də bütün varlığı ilə özünü onun 
ixtiyarına verən və onu tilsimləyən başqa bir coşğun həyatın nişanəsi deyildimi?! 
Yenə nəşə alovu, yenə zərifliyin müqəddəs ocağı, yenə damarlarından axan qanın 
parıltısı... Hamısı ona tanış idi, hamısını görmüşdü və elə bilmişdi ki, bu zərif, şirin 
duyğular heç vaxt beynini dumanlandıra bilməyəcək. Bunları bilə-bilə də indi 
üçüncü dərəcəli bir mehmanxananın qabağında dayanmışdı və həmin duyğular da, 
sanki, sfaltdan buğ kimi qalxırdı, elə bil, dünyanın o başından, mavi Kokos 
adalarından yayılan tropik baharın ilıq nəfəsi idi, okeanlardan, mavi rəngli 
cəngəlliklərdən, vulkanlardan, qaranlıqlardan süzülə-süzülə keçib gəlir, Parisə axır, 
qisasla, keçmişlərlə dolu bir gecədə miskin Ponsel küçəsinə müşk, küsdümağacı 
ətri çiləyir. Heç nə deyə bilmirsən, heç nə eləyə bilmirsən, bir də görürsən ki, asta-
asta uyuyursan... 
 


 
106
«Şəhrizad» adamla dolu idi. Joan bir neçə adamla oturmuşdu və qapının ağzında 
dayanmış Raviki o dəqiqə gördü. Tüstü dolu zalı musiqi sədaları başına 
götürmüşdü. Joan yanındakılara nəsə deyib, cəld ona yanaşdı. 
– Ravik... 
– Burada işin çoxdur? 
– Nəyə görə soruşursan? 
– Səni aparmağa gəlmişəm. 
– Bəs deyirdin ki... 
– Keçib getdi. İşin çoxdur? 
– Yox. Bircə onlara demək lazımdır ki, gedirəm.. 
– Tez elə, taksidə gözləyirəm. 
– Oldu... – Ancaq Joan yerindən tərpənmədi. – Ravik.... – Ravik ona baxdı. 
– Mənə görə qayıtmısan, Ravik? 
Ravik bircə anlığa tərəddüd etdi, sonra yavaşdan: 
– Hə, – dedi. Joan elə yaxın dayanmışdı ki, onun nəfəsini üzündə hiss eləyirdi. – 
Hə, Joan... Sənə görə... Təkcə sənə görə! 
Joan o dəqiqə fikrini dəyişdi: 
– Gəl gedək, – dedi, – cəhənnəm olsun hamısı... 
Taksi Lije küçəsi ilə gedirdi. 
– Nə olmuşdu, Ravik? 
– Heç nə. 
– Yaman qorxdum. 
– Unut getsin, heç nə yox idi.  
Joan onun üzünə baxdı: 
– Elə bilirdim, daha qayıtmayacaqsan. 
Ravik ona tərəf əyildi, hiss etdi ki, Joan titrəyir. 
– Joan, – dedi, – ağlına heç nə gətirmə, heç nə də soruşma. Küçələrdəki fənər 
işıqlarını, al-əlvan lövhələri görürsənmi? Biz ölümə doğru gedən bir zəmanədə 
yaşayırıq, bu şəhərdə isə həyat qaynayır. Hər şey əlimizdən çıxıb, olan-qalan bircə 
ürəyimizdir. Aydoğana getmişdim, qayıtmışam. İndi isə sən yanımdasan. Demək, 
həyat sənsən! Özgə heç nə soruşma. Sənin saçların min bir sualdan da 
müəmmalıdır. Gecə bizi yenə öz qoynuna alıb, bu saatlar da günəş pəncərəmizi 
döyənə qədər əbədiyyətə çevriləcək. İnsanların bir-birini sevməsi nəyə desən, 
dəyər! Məhəbbət dünyada olan şeylərin ən möcüzəlisi, həm də ən sadəsidir. Bunu 
mən bu gün, gecə əriyib çiçək açan kollara dönəndə, küləkdən çiyələk ətri gələndə 
duydum və bildim ki, sevməyən adam bu dünyaya məzuniyyətə gəlmiş ölüdür. 
Onun da quruca adı, doğulduğu ayı, ili var, vəssalam... Sevməyən adam üçün, 
əslində, ölüm yaxşıdır. 
Küçədəki fənərlərin işıqları, qaranlıqda fırlanan mayak projektorları kimi taksinin 
şüşələrində dolaşırdı. Solğun bənizli Joanın gözləri də gah işıldayır, gah da qapqara 
görünürdü. 
– Biz ölməyəcəyik, – deyə o, Ravikin qolları arasından pıçıldadı. 
– Yox, özümüzü demirəm. Zəmanəni deyirəm, lənətə gəlmiş zəmanəni! Ölən 
həmişə odur, yaşayansa biz! Yuxudan ayılanda dünya gözünə bahar görünür, 
yuxuya dalanda isə hər şey payıza çevrilir, arada da neçə qış, neçə yay ötüb keçir. 


 
107
Əgər biz bir-birimizi ürəkdən seviriksə, demək, yağış kimi, külək kimi əbədiyik, 
ölüm bizə yaxın düşə bilməz. Bizə nə qalırsa, günlərdən qalır, gülüm, illər heç nə 
vermir. Ancaq bunu bilən, özünə dərd eləyən adam tapılarmı?! Əsl həyat bircə anın 
səadətindədir. Bu bircə an əbədiyyətə lap yaxındır. Onda sənin gözlərin bərq vurur, 
nəhayətsiz göylərdən damcı-damcı ulduz yağır, allahlar qocalır, sənin dodaqların 
isə təravətli qalır, tapmacalı gizlənqaç oyunu başlayır: «Gəldim! – Gəl!»... 
Qaranlıqlardan sevənlərin birinin harayı, o birinin cavabı eşidilir, vüsal həsrəti 
adamı məst eləyir, təkhüceyrəli orqanizmdən başlayıb Rufi, Esferi və Yelenaya 
qədər uzun bir yol keçmiş, hətta yer üzündəki bütün heyvanlara da xas olan azğın 
ehtiras sənə də, mənə də gəl-gəl deyir... 
Joan Ravikin qolları arasında uyumuşdu, rəngi avazımışdı və özünü büsbütün onun 
ixtiyarına vermişdi. Ravik isə ona tərəf əyilərək danışır, hey danışırdı... Əvvəlcə 
ona elə gəldi ki, kimsə çiyinləri üzərindən əyilib baxır. Kölgəyə oxşayırdı, 
müəmmalı bir təbəssümlə, səssiz-səmirsiz onunla bərabər nəsə pıçıldayırdı. Bir az 
da əyildi, hiss elədi ki, Joan da ona tərəf uçunur... Bu da bircə an çəkdi, sonra hər 
şey itib getdi... 
                                                                 
 
                                                                                XIII 
 
– Rüsvayçılıqdır! – deyən qadın Ketlə üzbəüz oturmuşdu, barmağında da zümrüd 
qaşlı üzük vardı. – Böyük biabırçılıqdır! Bütün Paris gülür. Sən heç bilirdin, Lui 
homoseksualistdir? Haradan bilərdin?! Heç kim bilmirdi. Yaxşı malalayırmış. Lina 
de Nebur onun rəsmi məşuqəsi hesab olunurdu. İndi gör nələr olub: bir həftə 
bundan qabaq Romadan qayıdır. Dediyindən də üç gün qabaq. Elə həmin axşam da 
bu Nikenin yanına yollanır ki, onu sevindirsin. Orda kimi görsə yaxşıdır? 
– Öz arvadını, – Ravik tez dilləndi. 
Zümrüd qaşlı üzük taxmış qadın başını qaldırıb ona baxdı, birdən elə hala düşdü ki, 
deyərdin, rüsvay olan onun öz əridir. 
– Bu əhvalatı siz də eşidibsiniz? – deyə soruşdu. 
– Xeyr, ancaq elə olmalıdır. 
– Başa düşmədim! – Qadın heyrətləndi. – Axı heç kim deməzdi ki... 
Ket gülümsədi: 
– Doktor Ravikin özünün xüsusi nəzəriyyəsi var, Dezi. Adını da təsadüflər sistemi 
qoyub. Bu nəzəriyyəyə görə həqiqətə uyğun olmayan şeylər, az qala, həmişə 
həqiqət olur. 
– Maraqlıdır... – Dezi nəzakətlə gülümsədi. Ancaq üz-gözündən bilinirdi ki, burada 
maraqlı heç nə görmədi. 
– Lui orda qalmaqal qoparmasaydı, bilinməzdi. – O, sözünə davam etdi. –Kişi 
yaman özündən çıxıbmış. İndi «Krilon» mehmanxanasında qalır, ayrılmaq istəyir. 
Hamı da maraqlanır ki, görəsən, bəhanəsi nə olacaq. – O, kresloya yayxanaraq, 
sualedici nəzərlərlə Ketə baxdı: – Hə, buna sözün nədir? 
Ket tez Ravikə tərəf döndü. O isə stolun üstündəki səhləb budağına baxırdı. 
Üstündə qırmızı xallar olan dümağ ləçəklər kəpənəyə oxşayırdı. Bundan əlavə, 
orada bir neçə şlyapa və üzüm, şaftalı ilə dolu səbət var idi. 


 
108
– Elə şey olmaz, Dezi, heç inanılası deyil. 
Dezi özündən razı halda Ravikə baxdı: 
– Yəqin ki, bunu əvvəlcədən deyə bilməzdiniz, elə deyilmi? 
Ravik budağı ehtiyatla təzədən büllur güldana qoydu: 
– Xeyr, bunu deyə bilməzdim. 
Dezi razılıqla başını yırğalayıb, çantasını, ənliyini və əlcəklərini götürdü: 
– Getmək lazımdır, – dedi, – Luiza saat beşdə kokteylə dəvət eləyib. Naziri də 
gələcək. Orada yaman qeybətlər olur! 
O ayağa durdu. 
– Bunlar bir yana, Feri ilə Marta yenə ayrılıblar. Bütün daş-qaşını da özünə 
qaytarıb. Üçüncü dəfədir... Nəsə belə şeylərdən yaman xoşu gəlir. Yazıq lap qoyun 
kimidir, elə bilir, onun özündən xoşları gəlir. Hamısını qaytaracaq, hələ, bəlkə, 
üstündə bir şey də verdi. Həmişə elə eləyib. Onun xəbəri yoxdur, Marta Ostertaqın 
yanına gedib, istədiyini də seçib. Daş-qaşı həmişə oradan alır. Yaqut qaşlı 
sancaqdır, iri, dördkünc daşları var, xalis göyərçin qanıdır. Marta çox ağıllı 
qadındır...– O, Keti öpdü. – Hələlik, quzum, heç olmasa indi dünyadan bir az 
xəbərin oldu. Burada çox qalacaqsan? – deyib Ravikə baxdı. Ravik hiss elədi ki, 
Ketin də gözləri ona dikilib. 
– Təəssüf ki, bir az da qalmalı olacaq, – dedi. 
Ravik Dezinin paltosunu tutdu. Yaxalıqsız, özü də samur dərisindən idi. «Əsl 
Joanın malıdır», – deyə ürəyindən keçirdi. Dezi dedi: 
– Ket ilə siz də çay içməyə gəlin. Çərşənbə günləri adam lap az olur, arxayınca 
oturub laqqırtı vurarıq. Mən özüm də cərrahiyyə ilə çox maraqlanıram. 
– Məmnuniyyətlə! 
Ravik qapını onun arxasınca örtüb, geri qayıtdı. 
– Əntiqə zümrüdlər idi.  
Ket güldü: 
– Bir vaxt mən də onları çox sevərdim, Ravik. Bildiniz niyə? 
– Əlbəttə. Qədrini bilən üçün əladır, adamı çox şeydən qoruyur.  
– İndi isə mənim üçün mənası yoxdur... – Ket durub ehtiyatla çarpayısına tərəf 
getdi.  
Ravik onun arxasınca baxdı: 
– Harda yaşamağın elə bir mənası yoxdur, Ket. Uzaqbaşı, haradasa bir az rahat 
olar, ancaq bu, əsas deyil. Əsas odur ki, ondan necə istifadə edirsən. Çox vaxt heç 
bunun özü də vacib olmur. 
Ket çarpayıda oturub, uzun, qəşəng qıçlarını adyalın altında gizlədə-gizlədə: 
– Həftələrlə yorğan-döşəkdə qalıb, sonra gəzişəndə hər şey mənasını itirir, – dedi. 
– İstəyirsiniz, çıxın mehmanxanaya gedin. Ancaq bir şərtlə ki, özünüzlə tibb bacısı 
da götürəsiniz. 
Ket başını buladı. 
– Səyahətə çıxana qədər qalacağam. Burada Dezi kimilərindən uzaq oluram. 
– Elələri gələndə qovun getsin. Laqqırtıdan çox adamı bezdirən heç nə yoxdur. 
Ket yavaş-yavaş çarpayıda uzandı: 
– Heç ağlınıza gələrdimi, gəvəzəliyinə baxmayaraq, Dezi çox yaxşı anadır? 
Uşaqlarının ikisini də gözəl tərbiyə edir. 


 
109
– Hərdən olur, – Ravik etinasızlıqla cavab verdi. 
Ket adyalı sinəsinə çəkdi: 
– Xəstəxana monastır kimi bir şeydir, – dedi, – hər xırda şeyin qədrini bilirsən. 
Məsələn, gəzmək, nəfəs almaq, görmək... 
– Elədir. Xoşbəxtlik həmişə haradasa lap yaxında olur. Sadəcə olaraq, əyilib 
götürmək lazımdır. 
Ket onun üzünə baxdı: 
– Mənim doğru sözümdür, Ravik. 
– Mənim də, Ket. Yalnız sadə şeylər adamı heç vaxt naümid qoymur. Xoşbəxtliyi 
çox uzaqlarda axtarmaq lazım deyil, o da sadə şeylərdən başlanır. 
 
Janno yerində uzanıb, yanına çoxlu jurnal yığmışdı. 
– İşığı niyə yandırmırsan? – Ravik soruşdu. 
– Hələlik görürəm. Gözlərim itidir.  
jurnallarda çoxlu süni ayaq şəkli var idi. Janno onları böyük çətinliklə tapıb 
yığmışdı. Axırıncıları anası gətirmişdi. Onlardan ən qəşəngini seçib Ravikə 
göstərdi. Ravik işığı yandırdı. Janno dedi: 
– Lap bahalısı budur. 
– Ancaq yaxşısı deyil. 
– Ən bahalısıdır. Sığorta idarəsindən gələnə deyəcəyəm ki, bundan istəyirəm. 
Əslində, özü nəyimə lazımdır, pulunu versinlər. Mənə taxta ayaq da bəs eləyər, 
təki pul olsun. 
– Sığorta idarəsinin özünün həkimləri var, Janno, hər şeyə göz qoyurlar. 
Oğlan dikəldi: 
– Deyirsiniz, mənə ayaq düzəltdirməyəcəklər? 
– Yox, düzəltdirəcəklər. Bəlkə də, belə bahalı olmayacaq... Ancaq pulu özünə 
verməzlər, çalışacaqlar ki, protezi alasan. 
– Onda götürərəm, tez də sataram. Bilirəm, bir az itirəcəyəm. Görəsən, iyirmi faiz 
azaltsam, necə olar? Əvvəlcə on faiz deyəcəyəm. Bəlkə də, qabaqcadan alverçi ilə 
danışdım. Sığorta idarəsinin nə borcuna, mən protezi götürdüm, ya götürmədim?! 
Onun borcu pulu verməkdir, qalanın da pə işi?! Elə deyil? 
– Elədir. Baxarsan .. 
– Yenə bir az xeyri olar. Həmin pula piştaxta düzəltdirərik, balaca bir süd köşkü 
üçün lazım olan şeyləri alarıq. – Janno bic-bic güldü. – Qatlanan ayaq... onun 
zirzibilləri... çox bahadır. Çünki zərgər işidir. Lap yaxşı oldu... 
– Sığorta idarəsindən gələn oldu? 
– Nə ayağıma görə, nə də dəbbə pulu üçün gələn olmayıb. Təkcə xəstəxana, təşrih 
haqqı üçün gəlmişdilər. Görəsən, vəkil tutmaq lazımdır? Siz nə deyirsiniz? Qırmızı 
işıqda keçdi, özüm gördüm. Polis... 
Tibb bacısı axşam yeməyini gətirib Jannonun yanındakı stolun üstünə qoydu. 
Oğlan o çıxıb gedənə kimi gözlədi, sonra dedi: 
– Burada yemək boldur, ömrümdə belə yaxşı xörəklər yeməmişəm. Tək 
öhdəsindən gələ bilmirəm, qalanını anam gələndə yeyir. İkimizi də doydurur. 
Evdəkinə də qənaət edir. Palatanın haqqı da çox bahadır... 
– Bunu sığorta idarəsi verir. Harada qalsan, verəcək.  


 
110
Oğlanın bomboz sifətində ürkək bir təbəssüm gəzdi: 
– Doktor Veberlə danışmışam, on faizini özümə verəcək. Axırda sığorta idarəsinə 
haqq-hesab qəbzi göndərəcək, pulu alan kimi on faizini özümə qaytaracaq. 
– Sən çox ağıllı oğlansan, Janno. 
– Kasıb, gərək, ağıllı olsun. 
– Burası da düzdür. Ağrıyan yerin var? 
– Kəsib götürdüyünüz ayağım ağrıyır. 
– Əsəblərdir, hələ tam keyiməyib. 
– Özüm də bilirəm. Ancaq gülməlidir, olmayan şey ağrıyır. Bəlkə də, ayağımın 
ruhu hələ qalıb, ağrıyan odur. – Janno irişdi. Zarafatı özünün də xoşuna gəlmişdi. 
Sonra boşqabların üstündəki örtüyü qaldırdı. – Şorba, toyuq, göyərti, qoğal... 
Hamısı da anamın payıdır, toyuqdan yaman xoşu gəlir. Evimizdə ayda-ildə bir dəfə 
olan şeydir...– O, yerini rahatladı. – Gecələr hərdən oyanıram, elə bilirəm ki, 
hamısının pulunu özümüz verəcəyik. Adam gecə vaxtı oyananda bir anlığa özündə 
olmur, nə desən, fikirləşir. Sonra yadıma düşür ki, böyüklərin uşağı kimi belə 
xəstəxanada qalıram, nə istəsəm, gətirdərəm, zəngi basan kimi tibb bacısı 
gəlməlidir, hamısının da pulunu özgəsi verəcək... Əntiqədir. Hə? 
– Düz deyirsən, lap əntiqədir. 
 
                                                                                *** 
 
O, «Oziris»də, qızları həmişə yoxladığı otaqda oturmuşdu. 
– Qalan var? – deyə soruşdu. 
– Bəli, – Leoni cavab verdi. – İvonna qalıb, axırıncıdır. 
– Göndər, gəlsin. Səndə heç nə yoxdur, Leoni. 
İvonna iyirmi beş yaşlı, ətli-qanlı, sarışın bir qız idi və bütün fahişələr kimi, onun 
da yastı burnu, xırda totuq əlləri, toppuş qıçları vardı. O, özündən razı halda, 
yırğalana-yırğalana içəri girdi, gödək ipək paltarını yuxarı qaldırdı. 
– Ora keç. 
– Belə olmaz, doktor? 
– Niyə orada uzanmaq istəmirsən? 
Qız heç nə demədən geri dönüb, ətli-qanlı yambızlarını ona göstərdi: gömgöy 
kəsilmiş, qançır bağlamışdı. Deyəsən, kimsə onu yaxşıca kötəkləmişdi. 
– Zənnimcə, müştəri bunun haqqını artıqlaması ilə vermiş olar. Zarafat deyil... 
İvonna başını buladı: 
– Bircə santim də vermədi, doktor. Müştəri deyildi. 
– Onda öz könlünə düşübmüş. Belə şeylərdən xoşun gəldiyini heç bilməzdim... 
İvonna yenə başını buladı, üzündə müəmmalı bir təbəssüm oynadı. Ravik gördü ki, 
onun bu söhbətdən xoşu gəlir, özünü bununla gərəkli adam hesab eləyir. 
– Mən mazoxist deyiləm! – Bu sözü bilməsi özünə də ləzzət elədi. 
– Bəs nədən olub? Dalaşıbsan?  
İvonna bircə anlığa ləngidi, sonra: 
– Məhəbbət! – deyib ləzzətlə çiyinlərini çəkdi. 
– Qısqanclıq? 
– Bəli! – İvonnanın üz-gözü işıqlandı. 


 
111
– Çox ağrıdır? 
– Belə şey adamı ağrıtmaz. – O, ehtiyatla taxta uzandı. – Bilirsiniz, doktor, madam 
Rolanda əvvəlcə məni işə çıxmağa qoymurdu. Dedim, bircə saatlığa icazə verin, 
sonrasına baxarsınız. İndi bu qançır yambızlarla işlərim əvvəlkindən qat-qat yaxşı 
kedir. 
– Niyə? 
– Özüm də bilmirəm. Elələri var ki, bundan ötrü dəli-divanədir, görən kimi cuşa 
gəlir. Son üç gündə iki yüz əlli frank artıq gəlir gətirmişəm. Bu nə qədər qalar, 
doktor? 
– Ən azı iki, ya üç həftə. 
İvonna ağzını marçıldatdı: 
– İşlər belə getsə, özümə xəz palto alacağam. Əsl pişik dərisindən. 
– Çatmasa, dostun bir dəfə də göyərdər. 
– Göyərtməz. Elə adam deyil. Siz deyən qədər dərin düşünən əclaf deyil. 
Ehtirasdan belə eləyir. Hələ bu ehtiras da ola, ya olmaya... Yoxsa, lap ayaqlarına 
düşüb yalvarsam da eləməzdi. 
– Xasiyyətə bax! – Ravik dikəldi. – Səndə heç nə yoxdur, İvonna. 
– Onda gedim işimi görüm, aşağıda bir qoca gözləyir. Saqqalına dən düşüb... 
Gömgöy qançırları göstərdim. Belə şeyin dəlisidir. Evində heç dinə bilmir. 
Deyəsən, xəyalından qarısını bu kökə salmaq keçir...–O, şaqqanaq çəkib güldü. – 
Doktor, dünyanın qəribə işləri var... Düz demirəm? 
O, yenə özündən razı halda yırğalana-yırğalana otaqdan çıxdı. 
Ravik əllərini yudu, sonra işlətdiyi alətləri yerinə yığdı, pəncərəyə yaxınlaşdı. Qaş 
qaralmışdı, bomboz səma gümüşü rəngə çalırdı. Asfaltın üstündəki çılpaq ağaclar, 
elə bil, meyitlərin qaralmış əlləri idi, qəbirdən çıxırdı. Yan-yana düzülmüş 
səngərlərdən çıxan belə əlləri çox görmüşdü. Pəncərəni açıb 
bayıra baxdı. İşıqla qaranlığın arasında tərəddüd edən bir vaxt idi, onda heç nə 
həqiqət olmur. Evli kişilərin balaca mehmanxanalarda məhəbbətlərinin coşan vaxtı 
idi, axşam isə ləyaqətli ailə başçısı kimi evlərinə qayıdırdılar... Lombardiya 
çöllərində italyan qızlarının feliclssima notte (13) deməyə başladıqları vaxt, adamı 
ümidsizlik bürüyən an, xəyalların pərvazlandığı saatlar idi... 
Pəncərəni örtdü. Elə bil, otaq birdən-birə qaranlıqlaşdı. Sanki, açıq pəncərədən 
kölgələr uçuşub içəri dolmuşdular və indi künc-bucağa qonub, səssiz-səmirsiz 
pıçıldaşırdılar. Bayaq Rolandanın gətirdiyi bir şüşə konyak stolun üstündə al-əlvan, 
cilalanmış topaz daşına oxşayırdı. Bir anlığa hərəkətsiz qaldı, sonra aşağı düşdü. 
Gur işığa qərq olmuş böyük zalda musiqi çalınırdı. Çəhrayı rəngli ipək paltar 
geymiş qızlar iki cərgədə yumşaq kətillərdə əyləşmişdilər. Hamısının da sinəsi açıq 
idi, müştərilər alacaqları mala baxmaq istəyirdilər. Artıq beş-altı nəfəri gəlmişdi. 
Çoxu da orta yaşlı xırda-burjualar, işlərini ehtiyatla tutan mütəxəssislər idi, 
yoxlama vaxtını dəqiq bilir və elə həmin anda gəlirdilər ki, süzənək tutmasınlar. 
İvonna öz qocası ilə tapışmışdı. Kişinin qabağında bir qədəh «Dübene» vardı, onun 
yanında dayanmış İvonna isə bir ayağını kətilin üstünə qoyub «Şampan» içirdi. 
Hər şampan şüşəsindən on faizi ona çatırdı. Kişi, deyəsən, ağlını itirmiş, ya da 
pulunun başından keçmişdi. «Şampan» almaq təkcə əcnəbilərə yaraşırdı və İvonna 
da bunu yaxşı bilirdi. Mehriban sirk təlimçisi kimi kişinin başının üstünü almışdı. 


 
112
– Qurtardın, Ravik? – qapının ağzında dayanmış Rolanda soruşdu. 
– Bəli, hər şey qaydasındadır. 
– Bir şey içmək istəmirsən? 
– Yox, Rolanda, mehmanxanaya gedəcəyəm, bütün günü işləmişəm. İndi mənə bu 
saat isti hamam, təmiz yorğan-döşək lazımdır, vəssalam. 
Asılqanla barın yanından keçib, küçəyə çıxdı. Bənövşə gözlü axşam qapını 
kəsdirmişdi. Mavi səmada tənha bir təyyarə uğuldayırdı. Çılpaq ağacların 
hansınınsa uca budağında qara, balaca bir quş cəh-cəh vururdu. 
Xərçəngin yırtıcı heyvan kimi için-için yediyi bir qadın, öz təqaüdünü hesablayan 
şikəst uşaq, yambızları qızıl kəsən fahişə, budaqdan-budağa qonan qaratoyuq. 
Bunların hamısı bir-bir arxada qalır, o isə, sanki, heç birini görmür, isti yorğan-
döşək ətirli qaranlıqda yavaş-yavaş bir qadının yanına yol alır... 
 
– Bir kalvados da gətirdim? 
– Hə, bir az da gətirsin. 
Ravik işarə ilə baş xidmətçini yanına çağırdı.  
– Bundan tünd kalvadosunuz yoxdur? 
– Bu yaxşı deyil ki? 
– Niyə?! Yaxşıdır. Bəlkə, zirzəmidə başqası ola... 
– Baxım, görüm. 
Xidmətçi kassaya doğru getdi. Sahibkarın arvadı, qucağında da pişiyi, kassanın 
arxasındaca yuxuya getmişdi. 
Xidmətçi oradan keçib tutqun şüşəli bir qapının arxasında yoxa çıxdı. İçəridə 
sahibkarın özü kağız-kuğuzla əlləşirdi. Xidmətçi bir azdan ciddi, işgüzar görkəmlə 
oradan çıxdı, Ravik tərəfə gözünün ucu ilə də baxmayıb, pilləkənlə zirzəmiyə 
düşdü . 
– Deyəsən, düzəlir, – Ravik dilləndi.  
Xidmətçi, əlində şüşə, qayıtdı. Onu elə ehtiyatla tutmuşdu ki, deyərdin, bələkli 
çağanı qucağına alıb. Kirli-pasaqlı bir şüşə idi. Ancaq turistləri aldatmaq üçün toz-
torpağa bulaşdırıb gətirdikləri şüşələrdən deyildi. Doğrudan da, uzun müddət 
zirzəmidə qaldığından toz-torpaq basmışdı. 
Xidmətçi ehtiyatla şüşənin ağzını açaraq, tıxacı iylədi, gedib iki iri qədəh gətirdi. 
– Baxın, müsyö, – deyib kalvadosdan bir az qədəhə tökdü. Ravik onu götürüb 
iylədi, sonra içdi, geriyə söykənib başını tərpətdi. Xidmətçi də razılıqla başını 
tərpədib, qədəhləri yarıya qədər doldurdu. Ravik Joana dedi: 
– Dadına bax. 
Joan bir qurtum alıb, qədəhi yerə qoydu. Xidmətçinin gözü onda idi. Joan heyrətlə 
Ravikə baxdı: 
– Ömrümdə beləsini içməmişəm, – deyərək bir qurtum da aldı. – Elə bil, heç nə 
içmirsən, yağ kimi gedir... 
– Elə özüdür ki, var, xanım! – Xidmətçiyə lap ləzzət eləmişdi. – Düz tapdınız. 
 
– Ravik, sən heç yaxşı iş görmədin. Belə kalvadosdan sonra ayrı heç nə içə 
bilməyəcəyəm. 
– Yaxşı, yaxşı, qorxma, içəcəksən. 


 
113
– Ancaq bunun dadı damağımdan getməyəcək. 
– Eybi yoxdur, axırda romantik bir kalvados içən olacaqsan. 
– Bundan sonra başqaları ləzzət verməyəcək. 
– Əksinə, başqası daha şirin olacaq. Birinin həsrəti ilə o birini içəcəksən. Elə buna 
görə də içdiyin adi kalvados olmayacaq. 
Joan güldü: 
– Boş şeydir. Özün də bilirsən... 
– Əlbəttə, boş şeydir. Bəs bizi yaşadan elə bu boş şeylər deyilmi? Quru-quru 
faktlardan nə çıxar?! Bəs onda məhəbbət neyləyərdi? 
– Bunun məhəbbətə nə dəxli? 
– Dəxli çoxdur. Məhəbbəti yaşadan odur. Yoxsa bircə dəfə sevərdik, sonra hər 
şeydən qaçardıq. Ancaq belə olanda ya atıb getdiyin, ya da səni atıb gedən adamın 
kövrək həsrəti təzə gələnin şöhrət çələnginə çevrilir. Sənin əvvəlcə itirdiyin şey 
yeni gələni al-əlvan bir rəngə boyayır. Təsəlli üçün qədim, müqəddəs bir yalan...  
Joan ona baxdı: 
– Sən belə danışanda ürəyim bulanır. 
– Elə özümün də. 
– Bir də belə danışma. Heç zarafatla da demə. Onda şirin-şirin möcüzələr də 
ucuzlaşır. 
Ravik dinmədi. 
– Onda, elə bil, lap cana doymusan, məni atmaq üçün yollar axtarırsan. 
Ravik kövrək bir nəvazişlə ona baxdı: 
– O barədə heç narahat olma, Joan. Vaxt gəlib çatanda mən yox, sən məni atıb 
gedəcəksən. Buna şübhən olmasın. 
Joan qədəhi yerə qoydu: 
– Boş-boş danışma! Mən səni heç vaxt atmaram. İndi məni hara azdırmaq 
istəyirsən? 
«Bir bunun gözlərinə bax! – Ravik ürəyindən keçirdi. – Elə bil, orada şimşək çaxır. 
Elə bil, şamların közərtisi orada şimşəyə dönür...» 
– Joan, – dedi, – azdırmaq istəmirəm. Ancaq istəyirəm sənə dalğa ilə bir qayanın 
hekayətini danışım. Çoxdan olmuş şeydir. Bizdən əvvəl olub... Qulaq as, biri var 
imiş, biri yox imiş, bir dalğa var imiş. Bu dalğa hansı dənizdəsə, məsələn deyək ki, 
Kapri buxtasında bir qayaya vurulubmuş. O, hər gün özünü bu qayanın qoynuna 
atır, onu yalayır, gecə-gündüz öpüb oxşayır, dümağ qollarını boynuna dolayır, 
ağlayır, sızlayır, yalvarır ki, ona mehman olsun. Dalğa həmin qayanı beləcə sevə-
sevə, oxşaya-oxşaya, yavaş-yavaş, altdan-altdan oyur, oyur... və günlərin bir günü 
qaya tamam ovulur, uçub onun qoynuna yıxılır… 
Ravik kalvadosdan bir qurtum aldı. Joan dözmədi: 
– Sonrası? 
– Və dalğa birdən görür ki, daha qucaqlamağa, sevib oxşamağa, vüsal həsrəti ilə 
yanmağa qaya yoxdur. O, çilik-çilik olub, özünün qucağındaca boğulub, dənizin 
dibinə gedib... Bilir ki, aldanıb... Çox fikirləşir ki, neyləsin, axırda gedib özünə ayrı 
qaya axtarır... 
– Bəs sonra? – Joan ürkək baxışlarla onu süzdü. – Dalğanın nə günahı?! Qaya, 
gərək, uçmayaydı, qaya kimi qalaydı. 


 
114
– Dalğalar həmişə belə deyir... Hərəkətdə olan şeylər, sükunətdə olanlardan 
güclüdür. Demək, su qayadan güclüdür… 
Səbri tükənən Joan əlini yellətdi: 
– Bunların bizə nə dəxli?! Çox mənasız hekayətdir. Yoxsa, yenə məni ələ salırsan? 
Əgər elə şey olsa, sən məni atacaqsan... Dəqiq bilirəm! 
Ravik güldü: 
– Bu da məni atıb gedəndə, deyəcəyin son sözlər olacaq. Deyəcəksən ki, guya, mən 
səni atmışam. İstədiyin qədər də bəhanə tapacaqsan, hamısına da inanacaqsan... Və 
dünyanın ən ulu məhkəməsi olan təbiətin qarşısında bəraət qazanacaqsan...– Ravik 
xidmətçini işarə ilə yanına çağırdı. – Bu kalvadosu bizə verərsiniz? 
– Aparmaq istəyirsiniz? 
– Əgər icazə versəydiniz... 
– Müsyö, bizdə belə qayda yoxdur, bütöv şüşə satmırıq. 
– Sahibkardan soruşun. 
Xidmətçi gedib, əlində qəzet qayıtdı. «Pari suar» idi.  
– Sahibkar dedi ki, sizə vermək olar, – deyib tıxacı möhkəm sıxdı, əvvəlcə qəzetin 
içindəki idman əlavəsini götürdü, səliqə ilə büküb cibinə qoydu, sonra şüşəni «Pari 
suar»a bükdü. – Buyurun, müsyö, ancaq qaranlıqda, sərin yerdə saxlayın. 
Sahibkarın babasından qalmadır. 
– Oldu! 
Ravik pulunu verib şüşəni aldı, diqqətlə ona baxdı: 
– Sən ey yayın istisində, mavi payızın sərinliyində Normandiya bağlarında 
küləklərin sığalladığı almaları qızdıran günəş şüası, gəl bizimlə gedək! Yaman 
lazımsan bizə! Ancaq hansı bir küncdəsə yatıb qalmısan! 
Küçəyə çıxdılar. Yağış başlamışdı. Joan dayandı: 
– Məni sevirsən, Ravik? 
– Hə, Joan! Sən düşündüyündən də çox sevirəm. 
Joan ona sığındı: 
– Bu, bəzən heç hiss olunmur. 
– Əksinə! Yoxsa, sənə elə nağıllar danışardım? 
– Başqalarını danışsan, daha yaxşı olar.  
Ravik yağışa baxıb gülümsədi. 
– Məhəbbət dupduru, balaca bir gölməçə deyil ki, şəklin həmişə ora düşsün, Joan. 
Onun tufanı var, fırtınası var... Onda gəmilər, şəhərlər qərq olur, səkkizayaqlı 
ilbizlər, qızıl küpələri, mirvarilər batır. Ancaq mirvarilər çox dərinə gedir... 
– Mənim elə şeylərdən başım çıxmaz. Bircə onu bilirəm ki, məhəbbət ömürlük bir-
birinə bağlanmaq deməkdir. 
«Ömürlüyə bax! – Ravik ürəyindən keçirdi. – Lap uşaq nağılı danışır. Bircə dəqiqə 
dözə bilsən, böyük şeydir...»  
Joan paltosunu düymələdi. 
– Kaş indi yay olaydı, – dedi, – ömrümdə yayı indiki kimi istəməmişdim... 
 
Joan qara rəngli paltarını şkafdan götürüb, çarpayının üstünə atdı: 
– Hərdən bu paltara lap nifrət edirəm. Elə həmişə bu qara paltar, elə həmişə 
«Şəhrizad» ...hər gün də eyni şeylər... eyni şeylər... 


 
115
Ravik ona baxdı, ancaq dinmədi. 
– Çatmadı sənə? 
– Niyə ki... 
– Niyə məni götürüb buralardan getmirsən, əzizim? 
– Hara? 
– Hara gəldi... Hara olur-olsun... 
Ravik qəzeti açıb, şüşənin tıxacını çıxartdı, sonra bir qədəh gətirib doldurdu. 
– Gəl, – dedi, – iç! 
Joan başını buladı: 
– Xeyri yoxdur. Bəzən içməyin də xeyri olmur. Bəzən də heçcə nəyin! Bu axşam o 
səfehlərin yanına getmək istəmirəm. 
– Zəng vur, de xəstəsən. 
– Nə fərqi var, sabah yenə gedəsi olaçağam. Bu daha pis... 
– Adam bir neçə gün xəstə ola bilər. 
– Bunun da xeyri yoxdur. – Joan ona baxdı. – Niyə belə oldu? Mənə nə olub, 
əzizim? Günahkar, bəlkə, yağışdır? Yoxsa, nəmişlik yağan bu qaranlıq? Hərdən 
mənə elə gəlir ki, qəbirdəyəm. Axşama dönəndə adam lap boğulur. Bir az bundan 
qabaq hər şeyi unutmuşdum, o balaca restoranda səninlə oturanda xoşbəxt idim... 
Bu atıb-atılmaq söhbətini niyə araya saldın? Mən o haqda heç nə bilmək, heç nə 
eşitmək istəmirəm. Elə danışanda məni qüssə bürüyür, vahiməli günlər gözlərim 
önündə təzədən canlanır, onda da bilmirəm, neyləyim. Bilirəm, sən elə mənada 
demirsən, ancaq mənə təsir eləyir. Mənə təsir eləyir, yenə yağış, yenə qaranlıqlar... 
Sən belə şeyləri bilməzsən, çünki möhkəmsən. 
– Möhkəməm? 
– Hə. 
– Sən bunu haradan bilirsən? 
– Çünki qorxmursan. 
– Mən daha heç nədən qorxmuram. Ancaq bunlar ayrı-ayrı şeylərdir, Joan. 
Joan onun dediklərini eşitmədi. İri addımlarla otaqda gəzişirdi və otaq belə 
addımlar üçün çox darlıq edirdi. «Həmişə elə gəzir ki, elə bil, üzü küləyə gedir!» –
Ravik ürəyindən keçirdi. 
– Kaş yaxamı bunlardan qurtara biləydim! Bu mehmanxanadan, gecə 
restoranlarından, adamın üzünə yapışqan kimi yapışan sırtıq baxışlardan qaçmaq, 
uzaqlaşmaq istəyirəm... – Joan dayandı. – Ravik, biz həmişə belə, indiki kimi 
yaşamalıyıq? Biz də bir-birini sevən adamlar kimi yaşaya bilmərik? Həmişə bir 
yerdə olaq, bizim də öz şeylərimiz olsun, axşamlar heç nədən qorxmayaq, rahat 
olaq, bu camadanlardan, mənasız keçən günlərdən, adamı həmişə qəribsədən 
mehmanxanalardan canımız qurtarsın. 
Ravikin üz-gözündən heç nə anışdırmaq olmazdı. «Başlandı!» – deyə fikirləşdi. 
Onsuz da bunu çoxdan gözləyirdi! 
– Joan, doğrudan, biz də elə yaşaya bilərik? 
– Niyə yaşamayaq axı? Başqaları niyə yaşayır? Hamının isti yuvası var, qoşa 
gəzirlər, mənzilləri var, qapını örtən kimi, bütün dərd-ələm çəkilib gedir, daha 
buradakı kimi divarlara hopub qalmır... 
– Doğru sözündür?–Ravik bir də soruşdu. 


 
116
– Hə... 
– Demək, balaca, rahat bir mənzil... kiçik, rahat bir meşşan səadəti... Vulkanın 
ikicə addımlığında kiçik, rahat bir dinclik. Sənin doğru sözündür? 
– Başqa cür də demək olar. Belə yox... Adam lap nifrət eləyir. Sevənlər başqa söz 
tapıb deyər... 
– O sözlər heç nəyi dəyişmir, Joan. Bu, sənin doğru sözündür? Axı heç birimiz 
dünyaya belə həyat üçün gəlməmişik. 
Joan ayaq saxladı: 
– Məni çıx... 
Ravik gülümsədi. Bu təbəssümdə nəvaziş də, kinayə də, qüssə nişanələri də var idi. 
– Joan, – dedi, – sən də belə həyat üçün yaranmamısan. Sən məndən də betərsən. 
Ancaq bu, yeganə səbəb deyil. Başqası da var... 
– Hə, – Joan acı-acı təsdiq elədi. – Bilirəm... 
– Yox, Joan, sən onu bilmirsən. İndi özüm deyəcəyəm. Desəm, yaxşıdır. Sən də 
indiki kimi ağlına başqa şey gətirməzsən. 
Joan onunla üzbəüz dayandı. 
– Nə qədər tez desəm, o qədər yaxşıdır. Ancaq deyəndən sonra məni çox sorğu-
suala çəkmə. 
Joan dinmirdi. Birdən-birə sifəti bayaqkı ifadəsini itirdi, yenə əvvəlki sifət oldu. 
Ravik onun əllərindən yapışdı: 
– Mən Fransada xəlvəti yaşayıram, – dedi. – Sənədim yoxdur. Əsl səbəb budur. 
Ona görə də mənzil tuta bilmərəm, sevdiyim adamla da evlənə bilmərəm. Bunun 
üçün, gərək, sənədim, vizam olsun. Düzünə baxsan, heç işləyə də bilmərəm. 
Gərək, gizlindən, onun-bunun əvəzinə iş görəm. Mən başqaları kimi yaşaya 
bilmərəm. 
Joan gözlərini bərəldib ona baxırdı: 
– Düz sözündür? 
Ravik çiyinlərini çəkdi: 
– Bu cür yaşayanlar yüzlərlə, minlərlədir. Yəqin, sənin də xəbərin var. İndi bunu 
hamı bilir. Mən də o yüzlərdən, minlərdən biriyəm.– O gülümsəyib Joanın əllərini 
buraxdı. – Morozov beləsinə «gələcəyi olmayan adam» deyir. 
– Hə... Bəs... 
– Hətta deyərdim ki, belə yaxşıdır. İşləyirəm, dolanıram... Bir də sən varsan... 
Bunların yanında xırda-xuruş çatışmazlıq heç nədir. 
– Bəs polis? 
– Daha polisin də vecinə deyil. Təsadüfən ilişsəm, ölkədən çıxaracaqlar, vəssalam. 
Bu da nisyə söhbətdir. Yaxşı, get restorana zəng elə, de ki, gəlməyəcəyəm. Qoy bu 
gecə təkcə bizim ikimizin olsun. Bütün gecə! De ki, xəstəsən. Arayış istəsələr, 
Veberdən düzəldərəm. 
Joan yerindən tərpənmədi. 
– Ölkədən çıxaracaqlar...–Joan bu sözləri elə dedi ki, elə bil, mənasını yeni-yeni 
anlayırdı. – Çıxaracaqlar? Fransadan? Demək, çıxıb gedəcəksən? 
– Bir neçə günlüyə... 
Joan, sanki, bu sözləri eşitmədi. 
– Gedəcəksən! – dedi. – Gedəcəksən! Bəs onda mən neyləyəcəyəm? 


 
117
Ravik gülümsədi: 
– Hə, doğrudan, neyləyəcəksən? 
Joan əlini dizinin üstünə qoyub elə oturmuşdu ki, deyərdin, donub. 
– Joan, iki ildir buradayam, görürsən ki, heç nə olmayıb. 
Bu sözlər onun halına təfavüt eləmədi. 
– Birdən olsa, necə? 
– Tez qayıdacağam. İki, üç həftəyə buradayam. Elə bilərsən, gəzməyə getmişəm. 
Yaxşı, dur zəng elə. 
Joan tərəddüdlə ayağa durdu. 
– Necə deyim? 
– De ki, bronxlarına soyuq olub. Bir az da xırıltı ilə danış. 
Joan telefona tərəf getdi, lakin çatmamış tələsik geri qayıtdı. Ravikə sarıldı. 
– Ravik... 
Ravik ehtiyatla onu özündən araladı. 
– Get, – dedi, – hamısını da unut. Bəlkə də, belə yaxşıdır, bizi ehtirasın qulu 
olmağa qoymaz. Eşqimiz saf olar, əbədi məşəl kimi alovlanar, üstündə kələm 
qovurduğun mətbəx qazı kimi gah yanıb, gah da sönməz. İndi get, zəng elə. 
Joan dəstəyi qaldırdı. Ravik onun necə danışdığına göz qoyurdu. Əvvəlcə heç 
özündə deyildi, gözlərini Ravikdən çəkmirdi, elə bil, onu indicə gəlib 
aparacaqdılar. Ancaq getdikcə inamla, çəkinmədən yalan danışmağa başladı. Hətta 
lazım olmayan şeylər də uydurdu. Üz-gözü canlandı, sinəsindəki ağrıları təsvir 
eləyəndə, ona uyğun qırışdı. Səsindən yorğunluq yağırdı, xırıltı da getdikcə 
çoxalırdı və axırda ösgürməyə başladı. Daha Ravikə baxmırdı, gözlərini harayasa 
lap uzaqlara zilləyib, bütün varlığı ilə rola girmişdi. Ravik də dinmədən onun necə 
danışdığına fikir verirdi və sonra bir qurtum kalvadoa içdi. «Heç nəyi qarışdırmadı, 
– deyə ürəyindən keçirdi. – Güzgü kimidir, hər şeyi əntiqə göstərir, ancaq heç nəyi 
tutub saxlaya bilmir...» 
Joan dəstəyi asıb, əlini saçlarına çəkdi: 
– İnandılar, – dedi. 
– Sən lap əla aktyor imişsən. 
– Dedilər ki, yataqdan durmayım. Sabaha qədər keçib getməsə, Allah xatirinə, bir 
gün də qalım. 
– Gördün?! Sabahın da işi düzəldi. 
– Hə...–Joanın üzünə bircə anlığa qaranlıq çökdü. – Düzəldi... 
Sonra Ravikə yaxınlaşdı: 
– Sən məni yaman qorxutdun, Ravik. De ki, onların hamısı yalan idi. Axı sənin 
hərdən belə danışmağın olur. De ki, hamısı yalan idi. İndicə dediklərinin hamısı 
yalan idi! 
– Hamısı yalandır... 
Joan başını onun sinəsinə söykədi: 
– Elə şey gerçək ola bilməz. Mən yenə yalqız qalmaq istəmirəm. Sən həmişə 
mənimlə olmalısan. Tək qalanda, heç nəyəm. Sənsiz heç nəyəm, Ravik! 
Ravik yuxarıdan-aşağı ona baxdı: 
– Joan, – dedi, – sən hərdən adi çoban qızı olursan, hərdən də meşələr yaraşığı 
Diana! Gah da hər ikisindən! 


 
118
Joan heç qımıldanmadı: 
– İndi hansındanam?  
Ravik gülümsədi: 
– Sən indi gümüşü saçlı Dianasan! Ram edilməzsən, ölüm qoxulu bir ilahəsən! 
– Bunu tez-tez desən, nə olar?! 
Ravik susdu. Joan onun nə fikirləşdiyini başa düşmədi. Heç lazım da deyildi. 
Xoşuna gələni, ona yaraşanı götürür, qalanına fikir vermirdi. Raviki ona bağlayan 
da elə bu xasiyyəti deyildimi? Hər cəhətdən özünə oxşar adamı kim istərdi? 
Məhəbbətdə əxlaq norması axtaran kimdir? Bu, zəif adamların tapıntısı idi! 
Məhəbbət qurbanlarının şikayət dolu sızıltısı idi! 
– Nə fikirləşirsən? – Joan soruşdu. 
– Heç nə. 
– Heç nə? 
– Yox, – dedi, – bir neçə günlüyə çıxıb gedərik, Joan. Günəş bol olan yerə gedərik. 
Ya Kanna, ya da Antibə. Cəhənnəm olsun bu çəkinəcəklər! Cəhənnəm olsun 
üçotaqlı mənzil, meşşan rahatlığı haqqındakı xəyallar! Onlar bizim üçün deyil. 
Gecələr, isti yay həsrətli dünya göylərdə süzən ayla birlikdə yuxuya gedəndə, sən 
özün Budapeştin şabalıd ətirli bağlarına dönmürsənmi?! Düz deyirsən, gəl bu 
qaranlıqlardan, soyuqdan, yağışdan uzaqlaşaq! Heç olmasa, bir neçə günlüyə! 
Joan başını qaldırıb onun üzünə baxdı: 
– Doğru sözündür? 
– Hə. 
– Bəs polis? 
– Polis də cəhənnəm olsun! Buralar oradan təhlükəlidir. Turistlər qalan yerlərə çox 
fikir vermirlər. Xüsusilə bahalı mehmanxanalara! O tərəflərdə olmamısan? 
– Yox, heç vaxt. Bircə İtaliyada, Adriatik dənizinin sahillərində olmuşam. Nə vaxt 
çıxırıq? 
– İki, ya üç həftəyə. Ən yaxşı vaxtdır. 
– Pulumuz var ki? 
– Bir az var. İki həftəyə, nə qədər lazımdırsa, olacaq. 
– Eybi yox, ucuz pansionda qalarıq. 
– Ucuz pansion sənə yaraşmaz. Səninki ya belə daracaq bir otaqdır, ya da birinci 
dərəcəli mehmanxanalar. Antibdəki «Kap» mehmanxanasına düşərik. Belə 
mexhmanxanalar çox etibarlı olur, sənəd də soruşmurlar. İndilərdə tanınmış bir 
heyvanın, hansı məmurunsa qarnını yaracağam, pulun qalanını da o verəcək. 
Joan qaxdı. Onun sifəti yenə işıqlanmışdı. 
– Gəl, – dedi, – mənə bir az kalvados ver. Deyəsən, doğrudan da, səadət şərbətidir. 
O, çarpayıya tərəf gedib, bayırlıq paltarlarını götürdü: 
– İlahi, – dedi, – mənim də olub-qalanım bu iki qara köhnə cır-cındırdır. 
– Eybi yoxdur, onun da haqqında bir şey fikirləşərik. Bu iki həftədə bir şey olar. 
Ya varlı bir adamın kor bağırsağının ağrısı tutar, ya da hansı milyonçununsa qıçı 
sınar... 
  
 
                                                                                XIV 


 
119
 
 
Andre Düran yaman özündən çıxmışdı. 
– Daha sizinlə işləmək olmaz, – deyirdi. 
Ravik çiyinlərini çəkdi. Veberdən eşitmişdi ki, Düran hər təşrihə on min frank alır. 
Əgər əvvəlcədən öz şərtini deməsəydi, Düran yenə ikicə yüz göndərərdi. Axırıncı 
dəfə də elə o qədər göndərmişdi. 
– Özü də təşrihə yarımca saat qalmış! Heç sizdən gözləməzdim, doktor Ravik. 
– Özüm də gözləmirdim. 
– Özünüz də bilirsiniz ki, mənim alicənablığıma həmişə bel bağlamaq olardı. 
Bilmirəm, birdən-birə niyə sövdələşməyə başladınız. Xəstənin taleyi bizdən asılı 
olduğu anda haqq barədə danışmaqdan zəhləm gedir. 
– Mənimsə yox! 
Düran diqqətlə Ravikin üzünə baxdı. Onun qırışmış dümağ təkəsaqqal sifətində 
ləyaqət, qəzəb nişanəsi vardı. Qızıl sağanaqlı eynəyini düzəltdi. 
– Yaxşı, nə qədər istəyirsiniz? – deyə könülsüz halda soruşdu. 
– İki min frank. 
– Nə? – Elə bil, Dürana güllə dəymişdi, ancaq buna inanmaq istəmirdi. Bircə 
kəlmə: – Gülməlidir, – dedi. 
– Çox gözəl, başqa adam tapmaq sizin əlinizdə nədir ki! Binoya deyin, əla 
cərrahdır. 
Ravik paltosunu götürdü. Düran heyrətlə ona baxdı, ləyaqət yağan sifəti yeddi yerə 
əyildi. Ravik papağına əl atanda, dözə bilmədi: 
– Dayanın! – dedi. – Adamı belə darda qoymazlar! Bunu niyə dünən demədiniz? 
– Dünən bağa getmişdiniz, necə deyəydim? 
– İki min frank! Bilirsinizmi, mən özüm heç bu qədər pulu istəyə bilmərəm?! 
Xəstə dostumdur, ondan uzaqbaşı, təşrihə çəkilən xərci ala bilərəm. 
Andre Düran indi uşaq nağıllarındakı nəcib Allahlara oxşayırdı. Yetmiş yaşı vardı, 
çox dəqiq diaqnoz qoysa da, kamil cərrah deyildi. Bu təcrübəni də ona keçmiş 
köməkçisi Bino qazandırmışdı. Bino da iki il bundan qabaq özünə xəstəxana 
açmışdı. Həmin vaxtdan Düran çətin təşrih olanda Raviki çağırırdı. Ravik elə 
zərgər dəqiqliyi ilə işləyir, elə ifçin tikişlər qoyurdu ki, yara heç bilinmirdi. Düran 
isə Bordo şərablarının mahir bilicisi idi və tez-tez yüksək səviyyəli ziyafətlərə 
gedirdi. Onun xəstələri də çox vaxt adlı-sanlı adamlar olurdu. 
– Qabaqcadan bilsəydim... – Düran öz-özünə mızıldandı. 
Ancaq, əslində, həmişə bilmişdi. Elə ona görə də çətin təşrihlərə bir-iki gün 
qalanda bağdakı evinə gedirdi, bununla da təşrihdən qabaq qiymət haqda 
danışmaqdan qaçırdı- Sonrası asan idi: Ravik ümidini gələn dəfəyə bağlayır, ancaq 
onda da belə olurdu. Bu dəfə isə – Düran heç gözləmirdi – lap son anda deyil, 
təşrihə yarım saat qalanda gəlmişdi. Xəstəyə bihuşdarı verilməmiş onu 
yaxalamışdı. Buna görə də Düranın söhbəti tez kəsməyə bəhanəsi qalmamışdı. 
Tibb bacısı başını qapıdan uzadıb soruşdu: 
– Bihuşdarı verək, cənab professor? 
Düran əvvəlcə qıza, sonra da yalvarıcı, insaf diləyən nəzərlərlə Ravikə baxdı. 
Ravik də insanpərvər, ancaq qətiyyətli baxışlarla cavab verdi. 


 
120
– Siz nə deyirsiniz, cənab doktor Ravik? 
– Söz sizindir, professor. 
Düran tibb bacısına tərəf döndü: 
– Bircə dəqiqə də səbir edin. Təşrihin gedişində bəzi qeyləri dəqiqləşdirməliyik. 
Qız başını geri çəkdi. Düran təzədən Ravikə tərəf döndü: 
– Yaxşı, neyləyək? – deyə tənə ilə soruşdu. 
Ravik əllərini cibinə qoydu: 
– Sabaha saxlayın, ya da bir saat gecikdirib Binonu çağırın. 
Bino az qala iyirmi il Düranın yerinə təşrih eləmiş, qazancı isə heç nə olmuşdu. 
Çünki Düran, bir qayda olaraq, onu sərbəst işləməyə qoymamış, həmişə bacarıqlı 
köməkçi kimi qələmə vermişdi. Buna görə də Binonun Dürandan zəhləsi gedirdi 
və ən azı beş min frank istəyəcəkdi. Bunu Ravik də, Düranın özü də yaxşı bilirdi. 
– Doktor Ravik, bu cür sövdələşmək bizim sənətimizə yaraşan iş deyil. 
– Mən də o fikirdəyəm. 
– Elə isə niyə mənim yaşıma hörmət qoyub, hər şeyi özümün həll eləməyimə 
imkan vermirsiniz?! Axı indiyə kimi məndən həmişə razı qalmısınız. 
– Heç vaxt qalmamışam. 
– Bəs niyə demirdiniz? 
– Çünki mənası yox idi. Onda pul məni o qədər də maraqlandırmırdı. İndi isə 
maraqlandırır. Çünki lazımdır.  
Tibb bacısı yenə gəldi: 
– Xəstə narahat olur, cənab professor. 
Düranla Ravik baxışdılar. Ravik bilirdi ki, fransızdan pul qoparmaq çətin 
məsələdir. Hətta yəhudilərdən qoparmaqdan da müşküldür. Yəhudini gəlir 
maraqlandırır, fransızı isə verdiyi pul. 
Düran tibb bacısına tərəf döndü: 
– Bircə dəqiqə də gözləyin... Nəbzini, qan təzyiqini, hərarətini yoxlayın. 
– Hamısını eləmişəm. 
– Onda bihuşdarını başlayın.  
Tibb bacısı getdi. 
– Yaxşı, – Düran qətiyyətlə dilləndi. – Min frank verəcəyəm. 
– İki min! – Ravik düzəliş verdi. 
Düran razılaşmadı, əlini dümağ təkəsaqqalına çəkdi: 
– Bura baxın, Ravik! – O, birdən qızışdı. – İşləmək hüququ olmayan bir gəlmə 
kimi... 
– Heç sizin də əvəzinizə təşrih eləməyə ixtiyarım yoxdur! – Ravik sakitcə onun 
sözünü kəsdi və fikirləşdi ki, o ənənəvi minnət başlayacaq: hələ sağ ol desin ki, bu 
ölkədə gizlənib... Ancaq Düran bundan vaz keçdi, gördü ki, bir şey çıxmayacaq. 
Vaxt isə gözləmirdi... 
– Yaxşı, iki min olsun!–O, bu sözləri elə yanıqlı-yanıqlı dedi ki, elə bil, ağzından 
çıxan söz yox, iki min frankın özü idi. –Nə olar, öz cibimdən verərəm. Ancaq elə 
bilirdim, elədiyim yaxşılıqlar yadınızdan çıxmayıb. 
Düran cavab gözlədi. Ravik isə ürəyindən keçirdi: «Bu qaniçənlərin əxlaq dərsi 
verməkdən yaman xoşları gəlir. Düymə ilgəyinə fəxri Legion lenti taxmış bu qoca 


 
121
qurd utanmaq əvəzinə, mənə insafsız deyir, özü də elə bilir ki, doğrudan da, 
belədir...» 
– Demək, iki min! – Düran yenə özü dilləndi. – İki min! – Bir də təkrar elədi. Və 
bunları deyəndə elə kövrəldi ki, sanki doğma vətənə, əziz Allaha, yamyaşıl 
çəmənliklərə, xınalı kəkliklərə, ulu «Sən-Emilion»a əlvida deyirdi!– İndi başlaya 
bilərik? 
 
Kişinin əl-qolu, ayaqları arıq olsa da, qarnı yekə idi, piy bağlamışdı. Ravik 
təsadüfən onun kim olduğunu öyrənmişdi. Adı Leval idi və özü də mühacirlərin 
işinə baxırdı. Bunu ona Veber demişdi, gülə-gülə kimi təşrih edəcəyini başa 
salmışdı. Levalı «İnternasional»dakı bütün qaçqınlar tanıyırdılar. Ravik skalpeli 
çəkdi və Levalın qarnı kitab kimi açıldı, kəsiyin uclarını tələsik bərk-bərk sıxdı, 
pırtlayıb çıxmış sarımtıl piy qatına baxdı: 
– Pulsuz-parasız bir az arıqladarıq, sonra özü təzədən yığar, – dedi. 
Düran cavab vermədi. Ravik piy qatını kəsib götürdü ki, əzələləri tapsın. «Bu da 
qaçqınların yerdəki Allahı! – deyə ürəyindən keçirdi. – Yüzlərlə adamın taleyi 
onun bu sümüyü çıxmış, indi hərəkətsiz qalmış əllərindədir. Qoca professor 
Mayeri ölkədən çıxarmaq haqqında göstərişi də bu vermişdi. Ancaq Mayerin o 
əzablı yolları bir də keçməyə heyi qalmamışdı və çıxarılandan bir gün qabaq özünü 
paltar şkafından asmışdı. Ona görə paltar şkafından asmışdı ki, heç yerdə qarmaq 
tapmamışdı. Çətinlik də çəkməmişdi. O qədər ac-susuz qalmış, o qədər arıqlamışdı 
ki, şkafdakı çəngəl də onu saxlamışdı. Səhər-səhər xidmətçi qız onu tapanda, 
əvvəlcə elə bilmişdi ki, eləcə paltardır, içindəki cəsədi sonra görmüşdü. Əgər bu 
piy basmış qarında bir azca insaf olsaydı, Mayer hələ də yaşayardı..» 
– Sıxac!.. Tampon! 
Yenə kəsməyə başladı. İti cərrah bıçağı zərgər dəqiqliyi ilə kəsirdi. Adamı heyran 
qoyan dəqiq ölçü duyğusu! Bu da qarın boşluğu... Qıvrıla-qıvrıla bir-birinə 
dolanmış içalat... Bu qarnıyırtıq kişinin də öz əxlaq prinsipləri vardı. Onun da bir 
insan kimi Mayerə yazığı gəlirdi, ancaq onunla bərabər, başqa hiss də vardı, adına 
milli borc deyirdi. Həmişə bir pərdə tapıb arxasında gizlənməyə nə var?! Hər 
böyüyün də bir böyüyü var! Əmrlər, göstərişlər, borc, vəzifə və bir də yeddibaşlı 
əjdaha – əxlaq norması, məcburiyyət, sərt gerçəklik, məsuliyyət... daha nə bilim 
nələr... Adicə insanlıq qanunlarından qaçıb arxasında gizlənmək üçün pərdə 
tapmağa nə var! 
Bu da öd kisəsi... İrinləyib sıradan çıxıb... Yağlı xörəklər, növbənöv Bordo 
şərabları, əsəbilik onu bu kökə salmışdı... Əgər indi pis kəssə, onu lap böyük, ya da 
dərin eləsə necə? Onda bircə həftədən sonra qaçqınların titrəyə-titrəyə «olum, ya 
ölüm» hökmünü gözlədikləri, saralmış kağız-kuğuz, kəsif güvə qoxulu otaqda 
bundan yaxşısı oturmazmı?! Yaxşısı! Bəlkə də, betəri gəldi, nə bilmək olar... İndi 
gur işıqların altındakı cərrahiyyə stoluna huşsuz uzadılmış bu altmış yaşlı kişi də, 
şübhəsiz, özünü insanpərvər hesab eləyirdi. Yəqin ki, mehriban ata, qayğıkeş ər 
idi. Ancaq kabinetə girən kimi «heç cür mümkün deyil», «bəs onda necə olar...» 
kimi ibarələrin arxasında gizlənən zülmkara çevrilirdi. Mayer burada qalıb öz 
kasıbçılığını eləməklə, dul qalmış Rozental «İnternasional» mehmanxanasında 
xidmətçilər üçün ayrılmış balaca küncdə büzüşüb, gestaponun çoxdan o dünyaya 


 
122
göndərdiyi oğlunun yolunu gözləməklə, ciyər xəstəliyinə tutulmuş Ştalman öz 
balaca dükanında çax-çux eləməklə Fransa dağılmazdı... Yazıq Ştalman sərhədi 
gizli keçdiyi üçün altı ay həbsxanada yatdı, sonra, elə bil, ölmək üçün oradan çıxdı. 
Heç sərhədə də çatdıra bilmədi... 
Yaxşı... kəsik yaxşı alındı... Nə böyük deyildi, nə də dərin. Sap... indi də liqatura 
sapı... Bu da öd kisəsi... Onu Dürana göstərdi. Üstündəki piy qatı işıqda 
parıldayırdı. Vedrəyə atdı, təzədən yaraya tərəf əyildi. Niyə Fransada tikişi bu 
sapla qoyurlar? Sıxaçı götür! İllik gəliri otuz-qırx min frank olan orta səviyyəli bir 
məmurun alışıb-yanan qarnı... Bəs o, təşrih üçün on min frankı nədən verir? 
Qalanını haradan qazanır? Bu yekəqarın da nə vaxtsa üçdaş oynayıb... Tikiş də 
yaxşı alındı... İfçin-ifçin... Təkəsaqqalı görünməsə də, iki min frankın ağrısı hələ 
də Düranın üzündə qalmışdı. Gözlərindən bilinirdi. Hər gözündə min frank... 
Məhəbbət daşı da əridər! Yoxsa o qədər pulu bu qoca qurddan zorla qoparıb, onun 
«soyqunçuluq tanrı buyruğudur» kimi inamını alt-üst eləyə bilərdmi? Sabah 
riyakar bir mehribanlıqla gedib bu yekəqarını yanında oturacaq, onun 
minnətdarlığını qəbul edəcək... Ehtiyatlı ol, bir sıxac da burda imiş! Bu yekə qarın, 
joapla mənim üçün bir həftə Antibdə qalmaq deməkdir. Zəmanənin toz-dumanlı 
qasırğasında bir həftəlik işıqdır. Tufanqabağı bir parça mavi səmadır! İndi isə 
dərialtı layı tikmək lazımdır. Tikişə söz ola bilməz, iki min franka dəyər. Gərək 
qayçının birini Mayerdən xatirə kimi içəridə qoyaydım! Bu işıq niyə belə 
güyüldəyir? Adamın fikri niyə belə çox qarışır? Yəqin, qəzetlərdəndir. Bir də 
radio... Yalançılar, qorxaqlar bütün günü çərənləyirlər. Söz yığını adamı lap çaşbaş 
qoyur. Ah, bu dolaşıq fikirli beyinlər! Qapıları hər cür cəfəngiyatın, zirzibilin 
üzünə açıqdır! Hələ də idrakın acı təcrübəsinə alışa bilmir. Ah, bu kəsərsiz 
beyinlər! Cəfəngiyatlar! Hə, bu da qurtardı... İndi qaldı dərinin özünü tikmək... 
Bir-iki həftədən sonra tir-tir əsən qaçqınları qovacaq. Bəlkə də, öd kisəsiz bir az 
insaflı olacaq... Əgər ölməsə... Ancaq belələri səksən yaşına kimi qalır, hamı da 
ona ehtiram göstərir, özü də hörmət-izzətini saxlayır, nəvə-nəticəsi onunla fəxr 
edir. Hazırdır! Aparın! 
Ravik əlindəki əlcəkləri, üzündəki tənzifi çıxardı. Mötəbər məmuru rezin təkərli 
xərəyin üstündə səssiz-səmirsiz cərrahiyyə otağından apardılar. Ravik onun 
arxasınca baxdı. «Kaş biləydin, Leval, – ürəyində dedi, – sənin halalca, qanuni öd 
kisən mənə, burada qeyri-qanuni yaşayan bir qaçqına Riverada bir neçə qeyri-
qanuni xoşbəxt gün bəxş edəcək!» 
Yuyunmağa başladı. Onunla yanaşı Düran da, necə lazımdırsa, damarları çıxmış 
əllərini yuyurdu. Barmaqlarını təmiz-təmiz sürtdükcə onun ritminə uyğun alt 
çənəsi də asta-asta tərpənirdi, elə bil, ağzında nəsə çeynəyirdi. Özü dayananda, 
çənəsi də dayanır, başlayanda isə təzədən tərpənirdi. O, bu dəfə tələsmədən, 
həmişəkindən çox yuyundu. Ravik fikirləşdi ki, iki min frankla vidalaşacağı anı bir 
az da uzadır... 
– İndi nə gözləyirsiniz? – Düran bir azdan soruşdu. 
– Pulu. 
– Xəstə verən kimi göndərəcəyəm. Bir neçə həftə çəkər. O çıxası... verəsi... 
Düran əllərini silməyə başladı. Sonra bir şüşə «djOrse» odekolonu götürüb ovçuna 
çilədi, əllərini ovuşdurdu: 


 
123
– Siz ki mənə inanırsınız, elə deyilmi? 
«Əclaf! – Ravik ürəyindən keçirdi. – Məni alçaltmaq istəyir». 
– Bəs deyirdiniz, xəstə dostunuzdur, təkcə xəstəxana xərclərini verəcək?! 
– Bəli...–Düran bilmədi, nə desin. 
– Elə isə bu xərclər az olacaq. İşlədilən şeylər, bir də tibb bacılarının haqqı… 
Xəstəxana sizinkidir. Hamısına bir yerdə yüz frank çəkin, üstündən çıxın, qalanını 
verin. 
– Xəstəxana xərcləri, doktor Ravik, – Düran dikəldi, – təəssüf ki, mən 
gözlədiyimdən çox oldu. Sizin iki min frank da ona aiddir, onu da, gərək, xəstədən 
alam. – O, əllərini iylədi. – Görürsünüzmü… 
Düran gülümsədi. Sapsarı dişləri qar kimi ağ saqqalı ilə qəribə təzad yaradırdı. 
«Elə bil, qarın üstünə çirkli su töküblər. – Ravik ürəyindən keçirdi. – Nə istəyir 
eləsin, pulu verəcək. Hələlik Veberdən alaram. Bu qoca qurd istəyir minnət eləyim. 
Bircə onu görməyəcək!» 
– Yaxşı, – dedi, – əgər indi elə çətindirsə, sonra göndərərsiniz. 
– Elə bir çətinliyi yoxdur. Sizin bu təklifiniz qəfildən, gözlənilməz olsa da … Axı 
qayda var, qanun var… 
– Eybi yoxdur, onda biz də hər şeyi qayda-qanunla eləyərik. Eyni şeydir. 
– Heç də eyni şey deyil. 
– Nəticəsi birdir. İndi isə məni bağışlayın, gedim araq içim. Hələlik… 
– Hələlik… – Düran lap mat qalmışdı. 
 
Ket Heqstrem gülümsədi: 
– Niyə mənimlə getmək istəmirsiniz, Ravik? 
Zərif, uzun, şax qamətli, məğrur Ket onunla üzbəüz dayanıb, əllərini paltosunun 
cibinə qoymuşdu. 
– İndi Fezolada Forsite gülləri açmış olar. Bağın hasarı onların sarımtıl alovuna 
bürünüb. Soba, kitablar, sakitlik... 
Güçədə bir yük maşını uğuldadı. Xəstəxananın balaca qəbul otağında asılmış 
şəkillərin çərçivəsindəki şüşələr cingildədi. Şartr kilsəsinin şəkilləri idi... 
– Gecələrin sükutu. Tənhalıq... Bunlar xoşunuza gəlmir? 
– Gəlir. Ancaq, bəlkə də, dözə bilmədim. 
– Niyə dözmürsünüz? 
– Sükut o vaxt yaxşı olur ki, adam özü də sakit olsun. 
– Mən özüm də heç sakit deyiləm. 
– Ancaq nə istədiyinizi bilirsiniz. Təxminən, bu, elə o deməkdir. 
– Siz bilmirsiniz? 
– Mən heç nə istəmirəm. 
Ket yavaş-yavaş paltosunun qabağını düymələməyə başladı: 
– Bunu necə başa düşmək lazımdır, Ravik? Xoşbəxtlikdir, yoxsa bədbəxtlik? 
Ravik narahat halda gülümsədi: 
– Çox güman ki, hər ikisidir. Axı onlar həmişə qoşa olur. Bu haqda çox düşünmək 
də lazım deyil. 
– Bəs neyləmək lazımdır? 
– Sevinmək.  


 
124
Ket ona baxdı: 
– Bunun üçün ikinci adam lazım deyil. 
– Əksinə, lazımdır... 
Ravik susdu, «Gör nələr danışıram?! – deyə ürəyindən keçirdi. – Kimisə yola 
salanda, adam həmişə belə olur. Ayrılanda bilmir neyləsin, başlayır keşiş kimi 
xeyir-dua verməyə...» 
– Yadınızdadırmı, Ket, bir dəfə cüzi səadətdən danışırdınız? Belələri, yanmış evin 
yan-yörəsində bitən bənövşə kimi, hər yerdə çoxdur. Həyatın çox yaxşı qanunu 
var: heç nə gözləmirsənsə, məyus qalmayacaqsan. Sonrakılar o qədər də təsirli 
olmur. 
– Elə deyil! – Ket etiraz etdi. – Siz deyənlər, adam xəstə olanda, qorxa-qorxa 
gələcək haqqında düşünəndə olur. Elə ki sağalıb durdun, hamısı keçib gedir, 
başlayırsan çox şey istəməyə... 
Bu vaxt pəncərədən Ketin üzünə gur işıq düşdü və onun gözləri kölgədə itdi, təkcə 
zərif dodaqları göründü. 
– Florensiyada tanış həkiminiz var? – Ravik soruşdu. 
– Xeyr. Lazım olacaq ki? 
– Demək olmaz. Bilsəm, orada həkiminiz var, rahat olaram. 
– Özümü lap yaxşı hiss edirəm. Bir şey olsa, qayıdaram. 
– Əlbəttə, qayıtmaq lazımdır. Ancaq indi ehtiyat üçün deyirəm. Florensiyada bir 
yaxşı həkim var, professor Feola. Yadınızda qalar? Feola... 
– Qalmaz. Lazım deyil, Ravik. 
– Ona məktub yazacağam, hərdən sizi yoxlayar. 
– Nəyə lazımdır? Axı məndə heç nə yoxdur. 
– Professional ehtiyatkarlıqdır, Ket, heç nə yoxdur. Ona yazaram, özü zəng vurub 
sizi tapar. 
– Necə istəyirsiniz... – O, çantasını götürdü. – Salamat qalın, Ravik, mən getdim. 
Bəlkə, Florensiyadan elə birbaşa Kanna, oradan da «Conte di Savoy»la Nyu-Yorka 
getdim. Əgər yolunuz Amerikaya düşsə, görəcəksiniz ki, ucqar bir kənddə 
yaşayıram, ərim, uşaqlarım var, at, it saxlayıram. Sizin tanıdığınız Ket Heqstremi 
burada qoyub gedirəm. Onun qəbri «Şəhrizad»da olacaq. Oralara gedəndə hərdən 
məni də xatırlayın, sağlığıma için. 
– Yaxşı, araq içərəm. 
– Hə, araq için. 
Ket yarıqaranlıq otaqda dayanmışdı və nə edəcəyini bilmirdi. Bayaqkı işıq indi 
şəkillərdən birinin üstünə düşürdü. Ucunda xaç olan baş mehrab idi... 
– Qəribədir, – Ket dilləndi. – Gərək mən indi sevinəydim. Ancaq nədənsə heç 
sevinmirəm... 
İndi onunla üzbəüz dayanıb tərəddüd eləyən Ket kövrəlmişdi, artıq nəyisə qət 
eləmişdi, bir az da qüssəli idi. 
– Ayrılıq zamanı ən yaxşısı tez çıxıb getməkdir,– Ravik sükutu pozdu.–Gəlin, mən 
sizi ötürərəm. 
– Elədir... 
Mülayim havadan nəmişlik qoxusu gəlirdi. Günəş qürub edirdi, səma da polad 
kimi gözərmişdi. 


 
125
– Gedim, sizə taksi gətirim, Ket. 
– Lazım deyil, tinə qədər piyada getmək istəyirəm. Orada özüm taparam. Elə bil, 
birinci dəfədir, küçəyə çıxıram. 
– Necədir? 
– Şərab kimidir, adam məst olur. 
– Bəlkə, taksi gətirim? 
– Xeyr, piyada gedəcəyəm. – O, yaş küçəyə baxıb güldü. –Qəlbimin harasındasa 
qorxu hissi hələ də qalıb. Bu da ayrılıqdandır? 
– Bəli, ondandır. 
– Salamat qalın, Ravik. 
– Hələlik, Ket. 
Ket bircə anlığa yenə tərəddüd elədi, sanki, nəsə demək istədi. Sonra asta-asta, 
ehtiyatla, sərrast addımlarla pilləkəni düşüb, küçəyə çıxdı, bənövşəyi rəngə çalan 
qaranlığa, haradasa gizlənib onu gözləyən ölümünə doğru addımladı, bir daha 
dönüb geri baxmadı. 
 
Ravik geri qayıtdı, Ket yatan palatanın yanından keçəndə qulağına musiqi sədası 
dəydi. Təəccüblə dayandı. Bilirdi ki, təzə xəstə götürməyiblər... 
Ehtiyatla qapını açanda gördü ki, tibb bacısı dizi üstə oturub, qabağında da 
qrammofon var. O, Raviki görən kimi dikəldi, sıçrayıb qalxdı. Qrammofonda 
qədim bir musiqi – «Le dernier valse» (14) çalınırdı. 
Qız xalatının qırışığını düzəltdi: 
– Bunu miss Heqstrem bağışlayıb,–dedi.–Amerikanındır, buralarda tapılan şey 
deyil. Parisin heç yerində yoxdur, təkcə məndədir. O dəqiqə yoxladım. Beş valı bir 
dəfəyə qoyursan, özü dəyişə-dəyişə oxudur! – Onun üz-gözündən bəxtiyarlıq 
yağırdı. – Qiyməti, ən azı, üç min frank olar. Hələ vallarını demirəm, düz əlli altı 
dənədir. Radiosu da var. Əsl xoşbəxtlikdir! 
«Yenə də xoşbəxtlik! – Ravik ürəyindən keçirdi. – İndi də qrammofon xoşbəxtlik 
oldu..» O dayanıb musiqiyə qulaq asdı. Skripkanın iniltisi, sentimental ah-naləsi 
orkestrin başı üzərində göyərçin kimi süzürdü. Bəzən belə düşük mahnılar adamın 
ürəyinə Şopenin noktürnlərindən tez yol tapır! Ravik otağı nəzərdən keçirdi. 
Çarpayı yığışdırılmış, yorğan-döşək çevrilmişdi. Döşəkağı, yastıqüzü və başqa 
işlənmiş şeylər qapının ağzında bir yerə yığılmışdı. Pəncərələr açıq idi və gecə, 
kinayəli bir təbəssümlə içəri boylanırdı. Bu otaqda indi Ketdən yalnız yavaş-yavaş 
uçub gedən ətir qoxusu və bir də yüngül valsın son akkordları qalmışdı... 
– Hamısını bir dəfəyə apara bilmərəm. – Qızın səsi onu xəyaldan ayırdı.–Çox ağır 
olar. Əvvəlcə özünü apararam, sonra da iki dəfə qayıdıb, valları. Bəlkə də, üç dəfə 
qayıdası oldum. Əntiqə şeydir, bunun xatirinə lap bir kafe də açmaq olar. 
– Yaxşı fikirdir. – Ravik dilləndi. –Ehtiyatlı olun, sınar! 
 
                                                                        XV 
 
 
Ravik yavaş-yavaş ayıldı. Bir xeyli yuxu ilə gerçəklik arasında tərəddüd elədi. 
Qəribə aləm idi: yuxu hələ tamam getməmişdi, qırıq-qırıq da olsa davam edirdi, o, 


 
126
eyni zamanda bilirdi ki, bunların hamısı yuxudur. Görürdü ki, alman sərhədinin lap 
yaxınlığında – Şvartsvaldda, balaca bir dəmir yolu stansiyasındadır. Haradansa su 
şırıltısı eşidilirdi. Dağlardan şam ağaclarının ətri gəlirdi. Yay idi və hər yanı qatran 
iyi, çəmən qoxusu bürümüşdü. Qürub edən günəşin qıpqırmızı saçaqları relslərə 
dolanmışdı, sanki, onların üstü ilə təkərlərindən qan daman bir qatar keçmişdi. 
«Mən burada neyləyirəm? – Ravik ürəyindən keçirdi. – Mənim Almaniyada nə 
işim? Mən ki Fransadayam... Parisdəyəm...» Yumşaq, al-əlvan ləpələr onu 
qoynuna alıb təzədən yuxu aləminə apardı. Paris dalğaların qoynunda çalxandı, 
dumana qarışdı, haradasa qərq olub getdi. O, Parisdə deyildi... Almaniyada idi... 
Təzədən buraya niyə qayıtmışdı? 
Balaca vağzalda vurnuxurdu. Bələdçi qəzet köşkünün yanında dayanmışdı. 
Ortayaşlı bu kişi «Folkişer Beobaxter» qəzeti oxuyurdu və ətli yanaqları, sapsarı 
qaşları var idi. 
– Növbəti qatar nə vaxt olacaq? – Ravik ondan soruşdu.  
Bələdçi süst nəzərlərlə onu süzdü: 
– Hara gedirsiniz? 
Ravikin üz-gözünü qəfil bir qorxu dalğası qarsaladı. Hara gəlib çıxmışdı? Bura 
hara idi? Hansı stansiya idi? Frayburqa getdiyini desinmi? Lənət şeytana, harada 
olduğunu niyə bilmirdi? Gözləri perronu dörd dolandı: heç yerdə heç nə 
yazılmamışdı. Gülümsədi: 
 
– Məzuniyyətdəyəm, – dedi. 
– Bəs hara gedirsiniz? – Bələdçi yenə soruşdu. 
– Gəzməyə çıxmışam... Görməzə-bilməzə düşmüşəm. Pəncərədən baxanda çox 
xoşuma gəldi... İndi isə gəlmir... Şəlalədən zəhləm gedir... Çıxıb getmək istəyirəm. 
– Axı hara getmək istəyirsiniz? Hara getdiyinizi bilmirsiniz? 
– Birisi gün Frayburqda olmalıyam. Hələ iki gün vaxtım var. Hara gəldi 
getməkdən, gəzməkdən yaman xoşum gəlir... 
– Bu, Frayburq yolu deyil. – Bələdçi diqqətlə onu süzdü. 
«Bu nə qələtdir elədim?! – Ravik ürəyindən keçirdi.– Niyə soruşuram? Nəyimə 
lazımdı? Sakitcə oturub gözləmirəm? Necə gəlib çıxmışam bura?» 
– Bilirəm, – dedi, – hələ vaxtım çoxdur. Buralarda albalı arağı tapılar? Əsl 
Şvartsvald arağı olsun  
– İçəridə, bufetdə var. – Bələdçi gözlərini ondan çəkmirdi. 
Ravik sal daşlar döşənmiş perronla yavaş-yavaş bufetə tərəf getdi. Stansiyanın üstü 
açıq idi və onun addım səsləri hər yanda aydınca eşidilirdi. Birinci və ikinci 
dərəcəli gözləmə zalında iki kişi oturmuşdu. Onların baxışları Ravikin kürəyinə 
sancılmışdı. Eyvanda bir cüt qaranquş vurnuxurdu. Özünü elə göstərdi ki, guya, 
qaranquşlara tamaşa edir və gözünün ucu ilə bələdçiyə sarı baxdı. O, qəzeti 
bürmələdi və Ravikin dalınca gəldi. Ravik bufetə girdi. İçəridən pivə iyi gəlirdi, 
heç kəs də yox idi. Geri döndü. Bələdçi bayırda dayanmışdı və onun gəldiyini 
görüb zala girdi. Ravik addımlarını yeyinlətdi. Birdən hiss elədi ki, ondan 
şübhələniblər. Binanın tininə çatanda dayanıb yan-yörəsinə boylandı. Perronda heç 
kəs yox idi. Tez özünü baqaj şöbəsi ilə boş kassaların arasına verdi, sinə-sinə 
platforma sütunlarının altından keçib teleqraf otağına çatdı. İçəridən tıqqıltı gəlirdi; 


 
127
otağın pəncərəsi altından sivişib, binanın o biri başına çıxdı. Oğrun-oğrun ətrafa 
göz gəzdirdi, cəld relsləri adlayıb, yamyaşıl çəmənliklə şam meşəsinə tərəf 
götürüldü. Zəncirotunun tozlu ləçəkləri ətrafa səpələndi. Meşəyə çatan kimi 
dayanıb geri baxdı, gördü ki, dəmiryolçu ilə kişilər perronda dayanıblar. 
Dəmiryolçu əli ilə onu göstərdi və kişilər yüyürməyə başladılar. Ravik özünü 
şamlığa vurdu, tikanlı budaqlar üz-gözünü daladı. Bir xeyli yana sapınıb dayandı, 
yerini bildirməmək üçün səsini içinə çəkdi. Kişilərin kol-kosu yara-yara, budaqları 
şaqqıldada-şaqqıldada bu tərəfə gəldiyini görüb yenə qaçmağa başladı. Ancaq 
diqqəti arxada idi. Bəzən heç nə eşidilmirdi və onda dayanıb dinşəyirdi. İndi yerə 
uzanmışdı və şıqqıltı gələn kimi, səs salmamaq üçün irəli sürünürdü. Ətrafı 
dinşəyəndə yumruqlarını sıxaraq nəfəsini içinə çəkirdi. Bütün bədəni qıc olmuşdu, 
az qalırdı durub qaçsın. Ancaq bununla yerini bildirərdi. Yalnız kişilər hərəkətə 
gələndə tərpənmək olardı. Çəmənlikdə, mavi Hepatica triloba çiçəklərinin arasında 
uzanmışdı. O, bu çiçəkləri yaxşı tanıyırdı... Elə bil, meşənin ucu-bucağı yox idi... 
İndi hər tərəfdən şıqqıltı gəlirdi... Hiss etdi ki, bədənindən tər sel kimi axır. Birdən, 
sanki, ayağı dizdən aşağı qopub düşdü, oynaqları sustaldı. İstədi qalxsın, ancaq 
yerə çökdü, elə bil, bataqlığa düşmüşdü. Tez yerə baxdı: bərk idi. Demək, ayaqları 
üyüşmüşdü. Onlar, sanki, sümükdən deyil, rezindən idi. Kişilər getdikcə 
yaxınlaşırdılar. Güc verib bir də qalxdı, ancaq «rezin ayaqları» yenə bərkimədi. O, 
yerə çökdü. Üyüşmüş ayaqlarını cırmaqladı. İrəli süründü, hiss etdi ki, şıqqıltı 
getdikcə yaxınlaşır və bu anda mavi səma budaqların arasından boylandı, hər tərəf 
işıqlandı, bildi ki, durub qaçmasa, axırı çatıb... Yenə bütün gücünü toplayıb, 
ayaqlarını arxasınca sürüdü... sürüdü... Dönüb geri baxdı və acı təbəssümlü bir sifət 
gördü. Bu, Haakenin sifəti idi... Batırdı, yer onu udurdu, heç nə eləyə bilmirdi, 
yavaş-yavaş batırdı, yavaş-yavaş boğulurdu... və əlini yaxasına aparıb 
dartışdırmağa başladı, elə bil, özünü çəkib çıxarmaq istəyirdi... Sonra inildədi. 
 
İnildəyirdi? Harada idi? Hiss edirdi ki, əlləri boğazına keçib. Əli də, boğazı da 
suyun içindəydi... Sinəsi də, üz-gözü də... Gözlərini açdı. Harada olduğunu hələ də 
kəsdirə bilmirdi. Hara idi? Körpə şam meşəsindəki bataqlıq, yoxsa?.. Paris hələ 
ağlına gəlmirdi. Tanımadığı bir aləmə düşmüşdü və elə bil, ay göydə çarmıxa 
çəkilmişdi. Güclə sezilən xaçın arxasında solğun bir işıq parçası asılmışdı, sanki, 
işgəncə içində qovrulan müqəddəsin fəryadı idi. Ağımtıl, solğun işıq bomboz 
səmada səssiz-səmirsiz fəryad qoparırdı. Bədirlənmiş ay idi, «İnternasional» 
mehmanxanasındakı otağın xaçşəkilli pəncərəsindən belə görünürdü... 
Ravik dikəldi. Bu nə demək idi? Qan dolu qatar qanı süzülə-süzülə qanlı relslərin 
üstü ilə şütüyürdü... Bu yuxunu yüz dəfə görmüşdü. Görmüşdü ki, yenə 
Almaniyadadır, yenə qovulur, izlənir, adam öldürməyi qanun halına salmış qanlı 
rejimin cəlladları onu təqib edir. Bir yuxunu nə qədər görmək olardı?! Diqqətlə aya 
baxdı. O, sanki, haradansa çoxlu işıq borc alıb, yer üzündəki bütün rəngləri udurdu. 
Gördüyü bu yuxular həbs düşərgələrinin dəhşətləri, qanına qəltan edilmiş 
dostlarının donuq sifəti, bütün bu dəhşətlərə dözməli olan adamların qurumuş göz 
yaşları daşa dönmüş ağrıları, çətin ayrılıq anları və zülmlərin zülmü olan tənhalıqla 
dolu idi. Gündüzlər yenə birtəhər unutmaq olurdu. Həmin günlərlə indinin arasına 
uca bir hasar çəkirsən, onda heç nə görünmür. Bu hasar yavaş-yavaş, həmin ağır 


 
128
illər uzunu tikilmiş, bütün arzuları arsızlıq boğmuş, keçmiş xatirələr torpağın dərin 
qatlarına gömülüb üstü döyülmüş, lap adın özünə kimi keçmişlə bağlı hər şey 
qoparılıb atılmış, hisslər daşa-dəmirə dönmüşdü. Və nə vaxtsa, özünü unutduğun 
anda keçmişin acılı-şirinli xatirələri baş qaldırıb sənə «gəl-gəl»» deyəndə, huşun 
başından çıxanacan içirsən, hər şeyi unudursan. Ancaq bunu təkcə gündüzlər 
eləmək olur. Gecələr isə özündə olmursan, xatirə köhləninin cilovu boşalır, şahə 
qalxıb şüurun sərhədlərini keçir və bir vaxt torpağın dərin qatlarına basdırdığın 
anlar təzədən baş qaldırır, xatirələrin donu açılır, kölgələr sayrışır, yaralar göz-göz 
olub sulanır, dəhşətli bir tufana dönüb, qurduğun bütün bənd-bərəni yerlə-yeksan 
eləyir! Unutmaq! Ancaq bu da o vaxt mümkün olur ki, dünya insan iradəsinin 
nuruna boyanmış olsun. Həmin nurlu işıq sönüb, hətta soxulcanların xışıltısı belə 
eşidiləndə, çoxdan ölüb getmiş dünya Vineta (15) kimi dalğaların qoynundan baş 
qaldırıb təzədən canlanmağa başlayanda isə hər şey başqa cür olur. Onda, gərək, 
hər axşam ağlın başından çıxanacan içəsən, hər şeyi unudasan, gecələri gündüzə, 
gündüzü də gecələrə çevirəsən. Gündüzlər gördüyün yuxu gecələr gördüyün yuxu 
kimi dəhşətli olmur. Özü azmı belə eləmişdi? Çox vaxt bütün gecəni küçələrdə 
dolaşıb, səhərin gözü açılanda mehmanxanaya qayıtmamışdımı? Ya da bütün 
gecəni «katakomba»da bir yoldaş tapıb içə-içə Morozovun «Şəhrizad»dan 
qayıtmasını gözləmiş, sonra onunla süni palmaların «kölgəsində» azmı vurmuşdu? 
Həmişə də bu pəncərəsiz otaqda səhərin açıldığını divardakı saatdan bilmişdilər... 
Adətən, sualtı qayıqda qalanlar belə çox içər... Əlbəttə, başını bulaya-bulaya «daha 
yetər, bir az ağıllı olmaq lazımdır» deməyə nə var! Ancaq görürsən ki, lənət 
şeytana, bundan çətin heç nə yox imiş. Neyləyəsən, həyat öz həyatlığında qalır, 
gah heç nə olur, gah da hər şey... Ondan əl çəkmək də lap asandır. Ancaq bu həm 
də intiqam arzusundan, hər gün, hər saat ələ salıb tüpürdüyünə, gözdən salmağa 
çalışdığına baxmayaraq, təxminən, «adamlığa, insanlığa inam» adlanan şeydən əl 
çəkmək deyilmi? Həyat nə qədər mənasız olsa da, onu boş giliz kimi tullamaq 
olmaz. Lazım gələndə, mübarizə vaxtı çatanda o həmişə mənalı olur. Həyat adama 
təkcə öz şəxsi istəkləri, qisas, lap qanına işləsə də – xudpəsəndlik, özünü yaddan 
çıxarıb başqalarına kömək eləmək, çox vacib hesab eləyib dünyanı bircə addımlığa 
da olsa, bu qan çanağından, çirkabdan uzaqlaşdırmaq üçün lazım deyil. Həyat 
adama bir də ona görə lazımdır ki, mübarizə aparsın, sadəcə olaraq, nəfəsi nə qədər 
gedib-gəlir, mübarizə üçün fürsət gözləsin. Ancaq gözləmək də adamı için-için 
yeyir, ümidlər alt-üst olur, üstəlik, səni gizli bir qorxu hissi də bürüyür ki, tamam 
əldən düşəcəksən, gözləməkdən üzüləcəgsən, yorulacaqsan, həyatla ayaqlaşa 
bilməyəcəksən. Adam elə buna görə də əsəblərini yerindən oynadan hər şeyi yerli-
dibli unutmaq, amansızcasına, rişxəndlə, acı kinayə ilə, peşmançılıq hissi 
duymadan onun başını biryolluq əzmək, sonra isə tamam başqa adam, özgə bir 
«mən» olmaq istəmirmi? Ancaq bir azdan yenə yatırsan, özündə olmursan və o 
dəhşətli xatirələr təzədən səni öz qoynuna alır... 
Bədirlənmiş ay yavaş-yavaş pəncərədən çəkilirdi. İndi o, çarmıxa çəkilmiş 
müqəddəs İsaya deyil, uzaqda dayanıb sırtıq-sırtıq onun-bunun pəncərəsinə, 
yatağına tamaşa eləyən xəfiyyəyə oxşayırdı. Ravik tamam ayılmışdı. Əslində, o 
qədər də dəhşətli yuxu deyildi, bundan da betərini görmüşdü. Ancaq çoxdan idi ki, 
yuxu görmürdü. Fikrə getdi: hə, tək yatmağın daşını atandan bəri yuxu görmürdü... 


 
129
Əli ilə yan-yörəsini yoxladı. Şüşə yox idi. Çoxdan onu bura qoymurdu, küncdəki 
stolun üstündə olurdu. Bir anlığa tərəddüd elədi. Bilirdi ki, içməsə də keçinər. İçsə 
nə olardı ki? Durub ayaqyalın stola tərəf getdi, bir qədəh tapıb, şüşəni açdı. Onda 
gətirdikləri kalvadosdan qalmışdı. Qədəhi yenə doldurub, pəncərəyə tutdu. Ayın 
işığında opal kimi bərq vururdu. «Arağa, gərək, işıq düşməsin, – deyə fikirləşdi. – 
Nə günəş, nə də ay işığı... Bütün gecəni bədirlənmiş ayın işığında qalan yaralı 
əsgərlər adi gecələrdən çox zəifləyirdi...» Başını bulayıb qədəhi qaldırdı. Yenə 
süzdü. Geri dönəndə gördü ki, Joan gözlərini açıb ona baxır. Qımıldanmadı. 
Görəsən, Joan, doğrudan da, ayılmışdı?! 
– Ravik... – Joan dilləndi. 
– Hə... 
Joan diksindi, elə bil, yenicə oyandı. 
– Ravik... – Onun səsi dəyişdi. – Ravik... Orada neyləyirsən? 
– İçirəm... 
– Niyə? – Joan dikəldi, həyəcanlandı. – Nə olub? Nəsə olub? 
– Yox, heç nə. 
Joan əli ilə saçlarını geri sığalladı: 
– Allah, sən saxla! – dedi. – Yaman qorxdum. 
– Bilsəm heç qalxmazdım. Dedim, oyanmazsan. 
– Gözümü açanda gördüm, küncdə durmusan... Özü də lap birtəhərsən... 
– Bağışla, Joan, elə bildim, oyanmazsan... 
– Birdən hiss elədim ki, yanımda yoxsan. Soyuq idi, elə bil, külək əsirdi... Diksinib 
ayıldım. Səni o küncdə görəndə, lap qorxdum. Nəsə olub? 
– Yox, Heç nə... heçcə nə, Joan. Oyanmışdım, istədim içəm .. 
– Bir qurtum da mənə ver. 
Ravik qədəhi doldurub ona tərəf getdi: 
– İndi lap uşağa oxşayırsan, – dedi. 
Joan qədəhi ikiəlli alıb içməyə başladı. Yavaş-yavaş içir, şüşədən Ravikə baxırdı. 
– Niyə ayıldın, Ravik? 
– Bilmirəm, deyəsən, ay işığı oyatdı. 
– Mənim aydan zəhləm gedir. 
 
– Antibdə isə xoşun gələcək.  
Joan qədəhi yerə qoydu. 
– Doğrudan, gedirik? 
– Hə, gedirik. 
– Bu lənətə gəlmiş dumandan, çiskindən canımız qurtaracaq? 
– Hə, canımız bu lənətə gəlmiş dumandan, çiskindən qurtaracaq. 
– Onda bir qədəh də süz. 
– Yatmaq istəmirsən? 
– Yox! Adamın yatmağa heyfi gəlir. Həyatımızın çoxu elə yuxuda keçir. Bir qədəh 
araq ver. Hansındandır? Bəs onu da özümüzlə götürmürdük? 
– Heç nə götürmək lazım deyil.  
Joan diqqətlə onun üzünə baxdı: 
– Həmişə belə olacaq? 


 
130
– Həmişə. 
Ravik gedib pəncərənin pərdələrini çəkdi. Ancaq onlar aralı qalırdı. Açıq yerdən 
içəri süzülən ay işığı otağı iki bölürdü. 
– Niyə gəlib uzanmırsan, Ravik? 
Ravik divanın yanında dayanmışdı. İndi hərəsi ay işığının bir tərəfində qalmışdı. 
Çarpayının üstündə oturmuş Joan kölgə kimi görünürdü. Tutqun parıltılı saçları 
boyun-boğazına dağılmışdı. Çılpaq idi. Onların hərəsi bir qaranlıq sahilə 
bənzəyirdi və pəncərədən süzülən bu soyuq işıq nəhayətsiz dəniz kimi onları 
ayırmışdı. Yuxu ətirli bu işıq otağın küncünə düşürdü və elə bil efir, qoxulu, 
havasız bir uzun yoldan keçib gəlmişdi, elə bil, isti günəş şüası idi, lap uzaqlarda 
sönmüş bir ulduza dəyib soyuyur, oradan da yavaş-yavaş otağa süzülür və heç yana 
çıxıb getməsə də, onu doldura bilmirdi... 
– Niyə gəlmirsən, Ravik? 
Ona sarı getdi; qaranlıqdan çıxıb işığa düşdü, sonra yenə qaranlığa girdi. İkicə 
addımlıq yol idi, ancaq Ravikə yaman uzaq göründü... 
– Şüşəni də gətirdin? 
– Hə. 
– Qədəhi istəyirsən? Saat neçədir? 
Ravik balaca saatın fosforlu əqrəblərinə baxdı: 
– Beşə az qalır. 
– Demək, beşdir... Ancaq üç də ola bilərdi... Ya da yeddi... Gecələr zaman dayanır, 
təkcə saatlar işləyir. 
– Hə... Ancaq buna baxmayaraq, hər şey gecələr olur. Bəlkə də, elə ona görədir. 
– Nə olur? 
– Elə şeylərdir ki, nəticəsi gündüzlər bilinir. 
– Məni qorxutma. Sən adamlar yatanda olan şeyləri deyirsən? 
– Hə. 
Joan qədəhi onun əlindən alıb içdi. O, çox gözəl idi və Ravik hiss etdi ki, onu 
sevir. Bu gözəllik heykəl gözəlliyi, şəkil gözəlliyi deyildi. O, küləyin hər gün 
sığalladığı çəmənlik kimi gözəl idi. Qəlbi həyat eşqi ilə döyünürdü. Bu, həmin 
həyat idi ki, iki sehirli hüceyrəni birləşdirib, bomboş ana bətnində onu bu cür gözəl 
yaratmışdı. Sirli bir tapmaca idi: balaca bir toxumun mikroskopla görünən 
hüceyrələrində gələcəyin böyük bir ağacı yatır və əvvəlcədən bilinir ki, həmin ağac 
böyüyüb qol-budaq atacaq, bar gətirəcək, hər ilin hansı aprel səhərindəsə çiçək 
açacaq. Ya da bircə vüsal gecəsində kiminsə üzü, çiyinləri, gözləri, bax, lap elə bu 
çiyinlər, bu gözlər yaranıb, sonralar dünyanın hansı nöqtəsindəsə milyonların 
arasında itib-batacaq və günlərin bir günü, soyuq noyabr gecəsində, Parisdə, «de 
Alma» körpüsünün üstündə ona rast gələcək... 
– Niyə hər şey gecələr olur, Ravik? 
– Ona görə ki... Yaxın gəl, əzizim, ey mənim dəhşətli yuxuların çəngindən 
qopardığım, aylı çəmənlərin qoynunda tapdığım mələyim, yaxın gəl... hə, ona görə 
ki, gecə də, yuxu da satqındır. Yadındadırmı, bu gecə bir yerdə yatdıq. Elə yaxın 
yatdıq ki, yalnız insanlar belə yaxın yata bilərlər. Üz-gözümüz, bütün bədənimiz 
birləşdi, fikirlərimiz, nəfəslərimiz bir-birinə qarışdı. Sonra yuxu asta-asta aramıza 
girdi. Əvvəlcə bomboz, gözə görünməyən bir ləkə kimi gəldi, sonra cüzam 


 
131
xəstəliyi təki beynimizə, qanımıza işlədi, damcı-damcı şüurumuza çiləndi, 
gözlərimizi yumdu və axırda bizi ayırdı. Hərəmiz qaranlıq bir kanala düşüb üzdük, 
tanımadığımız yerlərə gedib çıxdıq, başımıza nələr gələcəyini bilmədik... Mən 
ayılan kimi sənə baxdım, gördüm ki, yatırsan. Ancaq çox uzaqlarda idin, 
itirmişdim səni... Məndən xəbərin yox idi... Elə yerə getmişdin ki, əlim çatmırdı...– 
Ravik onun əlindən öpdü. – Bu necə məhəbbətdir ki, hər gecə yuxu səni mənim 
əlimdən alır?! 
– Mən ki sənə sığınıb yatmışdım. Yanındaca uzanmışdım... Qollarının 
arasındaca.... 
– Yox, sən yad bir ölkədə idin. Yanımda uzanmışdın, ancaq özün uzaqlarda idin. 
Bəlkə də, gedib Siriusa çıxmışdın. Sən gündüzlər çıxıb gedəndə belə olmur. Çünki 
hara getdiyini bilirəm. Bəs gecələr? 
– Yanında idim... 
– Yox, yanımda deyildin. Yanımda uzanmışdın, ancaq özün yox idin. Adam, 
şüurun nəzarəti itən bir aləmdən necə qayıtdığını bilmir. Özünün xəbəri olmur, 
başqalaşıb qayıdır. 
– Sən də eləsən. 
– Hə, mən də eləyəm. Qədəhi bura ver, mən boş-boş danışıram, sən isə içirsən. 
Joan qədəhi ona uzatdı: 
– Yaxşı ki, ayıldın, Ravik. Sağ olsun ay! O olmasaydı, indi yatırdıq, bir-birimizdən 
xəbərimiz yox idi. Ya da hansımızınsa qəlbinə ayrılıq toxumu düşərdi. Axı 
özümüzdən xəbərimiz yox idi! O da yavaş-yavaş, gizli-gizli cücərər, boy atar, 
böyüyər və günlərin birində... 
Ravik astadan güldü: 
– Belə şeylər sənin beyninə batmaz... Düz demirəm, Joan? 
– Elədir. Bəs sənin? 
– Mənim də. Ancaq, görünür, nəsə var, ona görə də fikir vermirik. İnsanın 
böyüklüyü də elə bundadır. 
Joan yenə güldü: 
– Mən belə şeylərdən qorxmuram. Ona görə ki, bədənimizə arxayınam. Onlar nə 
istədiklərini hər cür zirzibillə dolmuş başımızdan yaxşı bilir. 
Ravik qədəhi başına çəkdi: 
– Yaxşı, o da düzdür, – dedi. 
– Bundan sonra yatmasaq nə olar? 
Ravik şüşəni ayın gümüşü rəngli işığına tutdu. Kalvados yarıdan geçmişdi. 
– Az qalıb, – dedi. – Hər halda, çalışarıq. 
Şüşəni çarpayının yanındakı balaca stolun üstünə qoydu, sonra geri dönüb Joanın 
üzünə baxdı: 
– Sən bütün kişilərin arzuladığı bir qadınsan, Joan! Hələ bir az da artıqsan, heç bir 
təsəvvürə sığmazsan. 
– Yaxşı, Ravik, onda gəl hər gecə oyanaq. Sən gecələr başqa adam olursan. 
– Yaxşı oluram? 
– Başqa cür olursan. Gecələr adamı lap mat qoyursan, elə bil, sehirli bir aləmdən 
qayıdırsan... 
– Gündüzlər belə olmuram? 


 
132
– Həmişə yox... hərdən olursan. 
– Yaxşı etirafdır. Ancaq iki-üç həftə əvvəl bunu deyə bilməzdin. 
– Yox. Onda səni yaxşı tanımırdım. 
Ravik diqqətlə onun üzünə baxdı. Bu sözlərin səmimiliyinə söz ola bilməzdi. 
Joanın doğru sözü idi və elə bilirdi ki, belə də olmalıdır. Nə Ravikin ürəyinə 
toxunmaq, nə də onu heyrətləndirmək üçün demişdi... 
– Elə isə işlərimiz yaxşı olacaq. 
– Nəyə görə? 
– Bir-iki həftədən sonra məni daha yaxşı tanıyacaqsan, lap adiləşəcəyəm. 
– Mənim kimi olacaqsan. – Joan güldü. 
– Sənin kimi yox. 
– Niyə? 
– Bunun cavabını əlli min il tarixi olan bioloji inkişaf verə bilər. Məhəbbət qadını 
ağıllandırır, kişini isə dayazlaşdırır. 
– Sevirsən məni? 
– Hə... 
– Bunu yaman az deyirsən! – Joan gərnəşdi. 
«Qarnı tox pişikdir, – Ravik ürəyindən keçirdi. – Qarnı doyub, bilir ki, ovu əlindən 
qaça bilməz...» Və dedi: 
– Hərdən, az qalır səni pəncərədən atam. 
– Bəs niyə atmırsan?  
Ravik onun üzünə baxdı. 
– Doğrudan atarsan? – Joan dikəldi.  
Ravik cavab vermədi. Joan təzədən uzandı: 
– Kimisə öldür ki, onu çox sevirsən? Çox sevdiyin üçün kimisə öldürərlər? 
Ravik şüşəni götürdü: 
– Pərvərdigara, – dedi, – günahım nə idi? Bu sözləri eşitmək üçünmü ayıldım? 
– Düz demirəm? 
– Düz deyirsən. Bu, qondarma şairlər və qadınlar üçündür, onların başına belə şey 
gəlməz. 
– Belə iş görənlərin də... 
– Qoy sən deyən olsun. 
– Belə iş görərdin? 
– Boş-boş danışma, Joan, elə şeylər mənim əlimdən gəlməz. Onsuz da çox adamın 
qanına bais olmuşam. Həm həvəskar, həm də peşəkar kimi. Yəni əsgər kimi də 
öldürmüşəm, həkim kimi də... Öldürənin qazancı nifrət, biganəlik və bir də həyata 
ehtiram olur. Ondan heç kəs xeyir görməyib. Peşəkar qatil də sevəndən sonra adam 
öldürə bilməz. Ölüm onda gülünc və mənasız olardı. Ancaq o heç vaxt gülünc, 
mənasız olmaz. Bunlar hamısı kişi işidir, qadınlara aid deyil... – Ravik sözünə bir 
az ara verdi. – Gör nələr danışırıq? – deyib ona tərəf əyildi: – Bəs sən mənim 
nəhayətsiz səadətim, həm dumanlı, həm də parlaq həyat eşqim deyilsənmi?! Gəl 
səni öpüm! Bu vəfasız həyat heç vaxt belə şirin olmayıb... 
 
                                                                            XVI 
 


 
133
 
İşıq! Yenə işıq. Elə bil, gömgöy dənizin mavi səma ilə birləşdiyi üfüqdən dümağ 
köpük yağırdı, həm şişir, həm səngiyirdi, gah parıldayır, gah da bərq vururdu. Bu 
cür parıldamaq, bu cür sayrışmaq, göylərin qoynunda bu cür süzmək ulu bir səadət 
deyildimi? «Joana bax, elə bil, başına nur ələnib, tamam işığa qərq olub...–Ravik 
ürəyindən keçirdi. – Gör çiyinlərinə necə çilənir! Elə bil, süddür, günəşin 
saçaqlarından toxunmuş ipəkdir. Belə işıqda heç kəs çılpaq qalmaz, onun özü elə 
paltardır. Dəniz özünü qayalara çırpan kimi, o da adamın dərisinə dəyib geri 
qayıdır. Köpüklənmiş işıq, göz yaşı kimi dupduru sel, dümağ dumandan biçilmiş 
nazik paltar...» 
– Neçə gündür buradayıq, Ravik? 
– Səkkiz. 
– Ancaq, elə bil, səkkiz ildir... Düz demirəm? 
– Yox. Elə bil, səkkiz saatdır. Daha doğrusu, üç min il səkkiz saatdır. Düz üç min il 
bundan əvvəl indi durduğun yerdə Etrüsk qəbiləsindən olan gənc bir qız da sənin 
kimi dayanıbmış. Onda da Afrika tərəfdən belə külək əsir, onu qoynuna alıb 
dənizin o tayına aparır... 
Joan gəlib qayanın üstündə onunla yanaşı oturdu: 
– Parisə nə vaxt qayıdırıq? 
– Ona bu axşam kazinoda baxarıq. 
– Bir şey udmuşuq? 
– Bir az... 
– Sən elə oynayırsan ki, elə bil, ömrün boyu qumar oynamısan. Nə bilim, bəlkə də, 
oynamısan... Axı, sənin keçmişin barədə mən heç nə bilmirəm. Bəs qumarxananın 
xidmətçisi səninlə niyə hərbi zavod sahibi kimi görüşdü? 
– Məni hansı hərbi zavod sahibi iləsə dəyişik salmışdı. 
– Düz demirsən, sən də onu tanıdın. 
– Nəzakət xatirinə özümü elə göstərdim ki, guya, tanıyıram. 
– Axırıncı dəfə burada nə vaxt olmusan? 
– Bilmirəm. Deyəsən, lap çoxdan olmuşam. Nə yaman qaralmısan, Joan?! Ancaq 
yaxşı yaraşır sənə! 
– Onda, gərək, həmişəlik burada qalam. 
– Qalmazsan? 
– Həmişəlik yox. Ancaq bu cür yaşamağı həmişə istərdim. – O, saçlarını geri atdı. 
– Yəqin, ürəyində mənə yüngül deyirsən... Elə deyil?  
–Yox. 
Joan gülümsəyib üzünü ona tutdu: 
– Özüm də bilirəm ki, yüngüllükdür, əzizim. Ancaq bizim bu lənətə gəlmiş 
həyatımızda yüngüllüklər azmı olub? Müharibə, aclıq, dağıntı, inqilab, inflyasiya 
nə qədər istəsən olub. Ancaq heç vaxt bir tikə inam, rahatlıq, sakitlik, boş vaxtımız 
olmayıb. Hələ deyirsən, bir müharibə də gəlir. Valideynlərimiz bizdən rahat 
yaşayıblar, Ravik. 
– Elədir. 
– Həyat adama bircə dəfə verilir. O da çox qısa olur, tez qurtarır. – O, əllərini isti 
qayanın üstünə qoydu. – Mən balaca adamam, Ravik, belə tarixi keşməkeşlərdən 


 
134
baş çıxara bilmərəm. İstəyirəm, xoşbəxt olum. İstəmirəm, hər şey belə çətin, belə 
ağır olsun. Özgə diləyim yoxdur. 
– Bunu kim istəmir, Joan? 
– Sən də? 
– Əlbəttə. 
«Maviliyə bax! – Ravik ürəyindən keçirdi. – Göylərin dənizə baş vurduğu yer o 
qədər mavidir ki, az qalır, rəngini itirsin. Oradan süzülən mavi işıq seli dənizi, 
ənginlikləri yara-yara gəlib, onun gözlərinə dolur. Bu gözlər Parisdə heç vaxt belə 
maviləşməzdi...» 
– Kaş istədiyimiz kimi yaşaya biləydik! 
– İndi elə yaşamırıq? 
– Hə, indi elə yaşayırıq. Ancaq çox çəkməyəcək. Bir azdan yenə Parisə 
qayıdacağıq. Yenə həmin yeknəsəq gecə klubu, yenə həmin çirkli mehmanxana, 
yenə o həyat... 
– Çox şişirdirsən, Joan. Sənin qaldığın mehmanxana çirkli deyil, mənimki 
dəhşətdir. Bircə mən qaldığım otağı çıxmaq şərtilə. 
Joan dikəlib əllərini qayaya söykədi. Külək onun saçlarını yellətdi. 
– Morozov deyir, sən çox yaxşı həkimsən. Heyif ki, işləməyə ixtiyarın yoxdur, 
yoxsa cərrah kimi yaxşı qazanardın. Professor Düran... 
– Sən onu haradan tanıyırsan? 
– Hərdən «Şəhrizad»a gəlir. Baş xidmətçi Rene deyir ki, on mindən az olanda 
Düran yaxın qoymur. 
– Rene düz deyir. 
– Bir gündə iki, üç təşrih eləyir. Qəşəng evi, «Pakkard» maşını var. 
«Qəribədir...–Ravik ürəyindən keçirdi. – Üzünün ifadəsi heç dəyişmir. Minillik 
tarixi olan adi qadın boşboğazlığını təkrar eləyəndə də adam ona məftun olur. Şirin 
xülyalardan danışanda gözləri mavi dənizə oxşayan Amazonkaya bənzəyir. Ancaq 
düz eləmirmi? Belə gözəlliyin sahibi haqsız olarmı? Bu dünyada hər şey onların 
deyilmi?! 
Ravik birmotorlu qayığın köpüklü dalğaları yara-yara onlara tərəf gəldiyini gördü, 
ancaq yerindən tərpənmədi. Onun niyə gəldiyini bilirdi... 
– Dostların gəlir, – dedi. 
– Niyə? – Joan qayığı çoxdan görmüşdü. – Niyə mənim dostlarım olur? Öz 
dostlarım desən, daha düz olar. Məndən qabaq səni tanıyırdılar. 
– Hə, səndən on dəqiqə qabaq tanış olmuşam. 
– Hər halda, əvvəldir.  
Ravik güldü: 
– Yaxşı, sən deyən olsun, Joan. 
– Yaxşısı budur, heç getməyim. Getmirəm, vəssalam. . 
– Əlbəttə, getməyəcəksən... 
Ravik qayanın üstünə sərələnib gözlərini yumdu. Günəş həmin dəqiqə öz isti, qızılı 
saçaqlı örtüyünü onun üstünə çəkdi. Nə olacağını bilirdi... 
– Biz, sən deyən qədər də nəzakətli deyilik, – Joan bir azdan dilləndi. 
– Vurulanlar heç vaxt nəzakətli olmurlar. 


 
135
– Onlar bizə görə gəliblər, istəyirlər, biz də gedək. Əgər getmiriksə, heç olmasa, 
aşağı düş, onlara de. 
– Yaxşı, – Ravik gözlərini bir az açdı. – Gəl çox uzatmayaq. Sən özün aşağı düş, 
de ki, mənim işim var, onlarla get. Dünən də elə eləmədik? 
– «İş» bir az qəribə çıxır. Kim burada işləyir? Sən niyə getmirsən? İkisinin də 
səndən yaman xoşu gəlib. Dünən də getmədiyinə çox heyifsiləndilər. 
– Allah eşqinə, qurtar, Joan, – Ravik gözlərini tamam açdı. – Niyə bütün qadınlar 
bu cür boş-boş danışmağı xoşlayırlar?! Sən dənizdə gəzmək istəyirsən, mənimsə 
qayığım yoxdur. Ömür çox qısadır, bizim də burada bir-iki günümüz qalıb. Axı 
mən nə üçün özümü alicənab kimi göstərib, səni hər dəfə onsuz da görəcəyin işlərə 
məcbur etməliyəm? Ona görə ki, sən vicdan əzabı çəkməyəsən? 
– Məni məcbur etmək lazım deyil, özüm eləyərəm. – Joan diqqətlə onu süzdü. 
Onun gözləri yenə də alışıb-yanırdı. Bircə anlığa dodaqları qaçdı və bu, elə ani 
oldu ki, Ravik az qaldı yanıldığına inansın. Ancaq bilirdi ki, yanılmır... 
Dəniz şappıltı ilə özünü körpüdəki qayalara çırpırdı. Şahə qalxanda külək ətrafa 
səpələnən damcıları yuxarı sovururdu. Bu soyuq damcılar hərdən Ravikin bədənini 
qıdıqlayırdı. 
– Sənin dalğandır, Ravik, Parisdə söylədiyin nağıldakı dalğa. 
– Yadında qalıb? 
– Hə... Ancaq sən qaya deyilsən... Beton, sal daşsan... 
Joan körpüyə endi. Bütün səma onun gözəl çiyinləri üstündə idi və deyərdin, onu 
da özü ilə aparır. Ona heç nə demək olmazdı. «İndicə qayıqda oturacaq, külək 
saçlarını yelləyəcək. Mənsə axmağam, getmədim. – Ravik ürəyindən keçirdi.–
Ancaq mən bu rolu hələ oynaya bilmərəm. Çünki o köhnəlib vaxtı keçmiş 
təkəbbür, donkixotluq canımdan çıxmayıb. Bunlardan başqa bizə nə qalıb ki? Aylı 
gecələrdə çiçəkləyən əncir ağacı, Seneka ilə Sokratın fəlsəfəsi, Şumanın veolonçel 
üçün konserti və bir də gələcəkdəki itkini əvvəlcədən duymaq bacarığı...» 
Aşağıdan Joanın səsi gəldi. Sonra motorun boğuq uğultusu eşidildi. Ravik dikəldi. 
Joan indi qayığın arxa tərəfində oturub... Dənizin harasındasa bir ada, həmin adada 
da monastır var. Hərdən orada xoruzlar banlayırdı... Gör günəş necə qızarıb! 
Uşaqlığın zərif çəmənliyinin həsrət çiçəkləri – lalələr al qana boyanmışdı... 
Dənizin ulu laylası... Vinetanın haray dolu zəngləri... Heç nə haqda düşünməmək, 
doğrudan da, sehirli bir səadət imiş... Ravik o dəqiqə yuxuya getdi. 
Günortadan sonra maşını qarajdan çıxardı. «Talbo» markalı bu maşını onun üçün 
Morozov Parisdə kirayəyə götürmüşdü, Joanla ona minib gəlmişdilər. 
Ravik onu sahillə sürürdü. Səma aydın və işıqlı idi. Nitsanı keçib Monte Karloya, 
oradan da Vill-Franşa gəldi. Ravikin bu qədim, balaca limandan çox xoşu gəlirdi 
və sahildəki bistroların birinin qabağında xeyli oturdu. Sonra Monte-Karlodakı 
kazinonun qarşısındagı parkda gəzişdi, dənizin yanındakı təpənin başında salınmış 
qəbiristanlığa getdi. Bu, özünü öldürənlərin qəbiristanlığı idi və Ravik hansı 
qəbirisə axtarıb tapdı, xeyli onun yanında dayandı, sonra gülümsədi. Qədim 
Nitsanın dar küçələrindən, təzə şəhərin heykəllərlə bəzənmiş meydanlarından 
keçdi. Sonra Kanna qayıtdı, onu da keçib, sahillə şütüməyə başladı. Burdan o yana 
qıpqırmızı qayalar, adlarını «İncil»dən götürmüş balıqçı kəndləri uzanıb gedirdi... 


 
136
Joan yadından çıxmışdı. Hətta özünü də unutmuşdu. Bütün ixtiyarını bu parlaq 
gündüzə, dağ yollarının qarı əriməmiş sahili çiçəkləndirən günəşə, dənizə, torpağa 
– təbiətin bu üç sehirli qüvvəsinə vermişdi. Fransanın səmasını yağış, 
Avropanınkını isə tufan bürümüşdü. Ancaq, deyəsən, bu balaca sahilin heç nədən 
xəbəri yox idi və o, təbiətin yadından çıxmışdı. Həyatın nəbzi burada başqa cür 
vururdu. Bir az o tərəfdə aləm dərd-ələmdən, təhlükədən xəbər verən boz dumana 
bürünmüş, burada isə günəş çıxmışdı. Bu günəş gülümsəyirdi və ölməkdə olan 
dünyanın bütün göpükləri onun işığına yığışmışdı... 
Elə bil, pərvanə sönməkdə olan şamın başına dolanır, ancaq bir xeyri olmurdu. 
Dünya gecə barlarında çalınan yüngül, bayağı musiqi kimi öz mənasını itirmişdi və 
artıq oktyabr ayında üşüməyə başlayan qanadı xallı kəpənəyə oxşayırdı: tufan 
qopub onu su basınca gah rəqs eləyir, gah qüssələnir, gah sevib-sevilir, gah 
xəyanət edir və hərdən də təlxək oyunu çıxarırdı.... 
Ravik maşını Sən-Rafaelə döndərdi. Balaca, dördkünc liman yelkənli və motorlu 
qayıqlarla dolu idi. Sahildəki kafelərin qabağında rəngbərəng çətirlər açılmışdı. 
Stolların ətrafında gün vurub qaraltmış qadınlar əyləşmişdi... Bunların hamısı ona 
yaxşı tanışdı; həyatın al-əlvan, zərif şəkli idi, adamı məst eləyir, dərd-qəmini 
unutdurur, yüngülləşdirirdi. Aradan lap çox keçsə də, bu həyat ona yaxşı tanış idi. 
Onu nə vaxtsa yaşamışdı və elə bilmişdi ki, kəpənək kimi çiçəkdən-çiçəyə qonma 
hər şeyə dəyər... 
Döngədən güllə kimi çıxan maşın qürub edən günəşin qızılı saçaqlarına büründü... 
 
Mehmanxanaya çatanda ona dedilər ki, Joan zəng eləyib, şam yeməyinə 
gəlməyəcək. Ravik «Eden Rok» restoranına düşdü. Adam az idi. Camaatın çoxu 
indi Jüan-le-Pendə, ya da Kannda olardı. O, artırmadakı çətirin altında oturdu. 
Qayanın üstündə tikilmiş bu artırma gəminin göyərtəsinə oxşayırdı. Aşağıdan 
qayaya çırpılan dalğaların şappıltısı eşidilirdi. Sanki, üfüqdən baş alıb gələn qızılı 
rəngə boyanmış mavi dalğalar buraya yaxınlaşdıqca rəngini dəyişir, al-qırmızıya, 
narıncıya çalır, asimandan dənizə süzülən qaranlığı da qoynuna alıb, özünü 
sahildəki qayalara çırpır, çilik-çilik olurdu... 
Ravik burada xeyli oturdu. Axırda bu tənhalıqdan bezikib üşəndi. Fikri 
durulmuşdu və ayıq başla gələcək haqda düşünürdü. Bilirdi ki, tufanın qabağını, 
müvəqqəti də olsa, almaq mümkündür. Nə çox idi dünyada bicliklər, atişləməz 
yollar! Çoxundan da xəbəri var idi və onu da bilirdi ki, bunlardan heç vaxt istifadə 
etməyəcək, çünki onun işi artıq bunlarlıq deyildi. Biclik xırda-xuruş fırıldaqlar 
üçün idi. Burada isə bircə yol qalırdı: dözmək! Özünü aldatmadan, geri 
çəkilmədən, mərd-mərdanə dözmək! 
Ravik şəffaf Provans şərabı ilə dolu qədəhi işığa tutdu. Sərin gecə, dənizin 
xışıltısına qərq olmuş artırma, qürub edən günəşin qızılı təbəssümü, kəhkəşanda 
sayrışmağa başlayan ulduzlar... «Mənimsə beynimdə projektor yanır. – Ravik 
ürəyindən keçirdi. – Onun bumbuz işığı gələcəyin lal-dinməz aylarına qədər gedib 
çıxır, onların üstü ilə sürüşüb o tərəflərə keçir. Həmin aylar yenə qaranlıqda qalır 
və mən də hələ ağrı hiss eləmirəm, ancaq bilirəm ki, belə qalmayacaq, nə vaxtsa 
ağrıyacaq, onda həyatım indi əlimdə tutduğum qədəh kimi dupduru olacaq. Yad 


 
137
ölkənin şəffaf şərabı ilə dolu bir qədəh! Bu şərabı orada çox saxlamaq da olmaz, 
çünki qıcqırıb sirkəyə dönəcək... Tünd sirkə olacaq!» 
Yox, o, çox qalmaz. Bu cür özgə həyatda çox şey təzədən başlanırdı və onun da 
bunlara ömrü çatmazdı. Onda da heç nə ilə hesablaşmayıb, günəş həsrətli bitkilər 
kimi, özünü bu sınaqların, yüngül, eyş-işrətlə dolu bir həyatın qoynuna atdı. Həyat 
ondan gələcək istədi, Raviksə ona indi yaşadığı miskin ömrü verdi... Əslində, elə 
bir şey olmamışdı. Heç lazım da deyildi. Onsuz da hər şey əvvəlcədən həll olunur. 
Ancaq adam bundan xəbər tutmur, hansı dramatik anı isə gözləyir, bilmir ki, bu an 
çoxdan, neçə ay bundan qabaq səssiz-səmirsiz gəlib də, gedib də... 
Ravik qədəhi başına çəkdi. Şərab əvvəlki dadı vermədi. Onu bir də doldurub içdi. 
Bu, başqa məsələ... Yenə həminki şərab idi... 
Ravik durub Kanndakı kazinoya getdi. 
Çox sakit oynayır, az pul qoyurdu. Bayaqkı üşərgələnmə hələ də canından 
çıxmamışdı və bilirdi ki, hələlik udacaq. İki nömrəyə oynayırdı və bir saata üç min 
frank udmuşdu. Pulu ikiqat artırıb, bir nömrə də götürdü. 
İçəri girən Joan gözündən yayınmadı. Paltarını dəyişmişdi. Deyəsən, Ravik çıxan 
kimi mehmanxanaya qayıdıbmış. Motorlu qayıqda onu gəzməyə aparan kişilər də 
yanında idi. Ravik bilirdi ki, belçikalının adı Leklerk, amerikalınınkı isə Nacentdir. 
Joan iri güllü ağ paltar geymişdi və çox gözəl görünürdü. Ravik onu bura gələndə 
almışdı. Joan paltarı görən kimi, sevincindən qışqırıb özünü onun üstünə atmışdı. 
«Sənin belə paltarlardan nə yaxşı başın çıxır? – deyə soruşmuşdu. –Mənim 
paltarımdan min dəfə yaxşıdır». Bir az baxandan sonra: «Həm də bahadır!» – 
demişdi. Ravik də o saat ürəyindən keçirmişdi: «Çiynimə qonmuş quşdur, 
qanadlarını yığmır, bilir ki, bir azdan uçacaq...» 
Qumarxananın xidmətçisi yumru şarları onun qabağına çəkdi. Nömrəsi düşmüşdü. 
Ravik udduğu pulu götürdü, mayaya isə toxunmadı. Joan bakkara oynayanlara 
tərəf getdi. Ravik Joanın onu görüb-görmədiyini kəsdirə bilmədi. Qıraqda dayanıb 
oyuna tamaşa edənlər onun dalınca baxdılar. Elə yeriyirdi ki, deyərdin, üzü 
küləyədir və hara; nə üçün getdiyini də bilmir. Birdən çevrilib Nacentə nəsə dedi 
və Ravik həmin anda əlindəki şarları tullayıb yaşıl meşinli stolu çevirmək, qaça-
qaça gedib Joanı qucağına almaq, adamların arasından keçib qapılardan çıxmaq, 
onu Antibdəki uzaq adalardan birinə aparmaq, hamıdan gizlədib özü üçün 
saxlamaq istədi... 
Təzədən pul qoydu. Yeddinci nömrə çıxdı. «Adalar heç kimi gizlətmir... Ürək 
çırpınmağa başlayanda, onu saxlamaq olmur... Əlində olan şey tez itib gedir, 
haradasa qoyub getdiyin isə heç vaxt itməz!» Şar yavaş-yavaş diyirləndi. On iki 
çıxdı. Ravik yenə pul qoydu. 
Başını qaldıranda, nəzərləri toqquşdu. Joan stolun yanında durub ona baxırdı. 
Ravik başını tərpədib gülümsədi. Joan gözlərini ondan çəkmirdi. Ravik ruletkaya 
baxıb, çiyinlərini çəkdi. Bu dəfə on doqquz çıxdı. Yenə pul qoyub, Joana tərəf 
baxdı. Ancaq o yox idi. Durub getməkdən özünü güclə saxladı. Stolun üstündəki 
qutudan siqaret götürdü. Xidmətçi kibrit çəkdi. Dazbaş, yekəqarın bir kişi idi və 
frak geymişdi. 
– Zəmanə dəyişib... – Bunu xidmətçi dedi. 
– Elədir...–Ravik onu heç tanımırdı. 


 
138
– İyirmi doqquzda başqa aləm idi... 
– Elədir... 
Ravik bilmədi, doğrudan da, 1929-cu ildə Kannda olub, ya xidmətçi çənə yoldaşı 
axtarır. Baxmamış bildi ki, dörd çıxdı, diqqətini cəmləməyə çalışdı. Ancaq cibinə 
azacıq pul qoyub Antibdə bir-iki gün də artıq qalmağın xatirinə qumar oynamaq 
ona mənasız göründü. Nəyə lazım idi? Buralarda nə işi vardı? Lənətə gəlsin, zəiflik 
eləmişdi, vəssalam! Bu zəiflik yavaş-yavaş, səssiz-səmirsiz, için-için onu yemişdi, 
xəbər tutanda görmüşdü ki, iş işdən keçib. Morozov düz deyirmiş, qadından canını 
qurtarmaq istəyirsənsə, ona iki-üç günlüyəcə görmədiyi bir həyat bəxş elə. Həmin 
həyatı yenə istəyəcək, görəndə ki, səndən bir şey çıxmır, gedib başqasını tapacaq. 
Eləsini ki, bu cür həyatı ona həmişəlik bəxş eləyə bilsin. «Deyəcəyəm ki, daha 
bəsdir! – Ravik ürəyindən keçirdi. – Nə qədər ki gec deyil, Parisə çatan kimi 
ayrılacağam...» 
 
İstədi gedib başqa stolda oynasın. Ancaq gördü ki, həvəsi yoxdur. Hər şeyi bu 
qədər xırdalamaq lazım deyil. Yan-yörəsinə boylandı. Joan görünmürdü. Bara 
gedib bir qədəh konyak içdi. Sonra dayanacağa getdi, maşını götürüb, bir az 
gəzmək istədi. Yenicə motoru işə salmışdı ki, Joan qaça-qaça gəldi. Tez maşından 
düşdü. 
– Evə mənsiz gedirdin? – Joan soruşdu. 
– İstədim bir saat fırlanıb qayıdam. 
–Yalan deyirsən! Qayıtmaq istəmirdin! İstəyirdin, məni o səfehlərin yanında qoyub 
gedəsən... 
– Joan, indicə deyəcəksən ki, səni o səfehlərin yanına da mən göndərmişdim. 
– Sən eləmədin? Acıqla getdim. Niyə mən qayıdanda mehmanxanada yox idin? 
– Axı sən o səfehlərlə yeməyə getmişdin... 
Joan bir anlığa tutuldu, sonra: 
– Ona görə getdim ki, yox idin, – dedi. – Qayıdanda sən yox idin... 
– Yaxşı, Joan, daha bu haqda danışmayaq. Gəzmək xoşuna gəldi? 
– Yox! 
Sakit gecənin mavi qaranlığında dayanmış Joan həyəcanlı idi, tövşüyürdü. Ay, elə 
bil, onun saçlarına qonmuşdu. Sifəti avazımış, qırmızı boyanmış dodaqları qara 
rəngə çalırdı. 1939-cu ilin fevral ayı idi və Parisə qayıdan kimi o çəkişmələr, o 
təhqirlər, o yalanlar yavaş-yavaş, gizli-gizli öz işini görməyə başlayacaqdı. Bütün 
bunlar başlamamış, Ravik ondan ayrılmaq istəyirdi. Ancaq hələlik burada idilər və 
getməyə lap az qalmışdı... 
– Hara gedirsən? – Joan soruşdu. 
– Heç yerə... Elə-belə fırlanmaq istəyirdim... 
– Mən də gedirəm. 
– Bəs sənin o səfehlərin nə düşünər? 
– Heç nə. Onlarla xudahafizləşdim, dedim ki, sən gözləyirsən. 
– Pis deyil... Sən ağıllı uşaqsan... Qoy onda maşının örtüyünü çəkim, sonra otur. 
– Lazım deyil, əynimdə isti palto var. Yavaş-yavaş sürərsən. Heç bir kafenin 
yanında dayanmarıq. İçəri adamla dolu olur. Hamısının da istəyi xoşbəxt olmaqdır, 
ancaq heç biri bunu büruzə vermək istəmir. 


 
139
Ravikin yanında oturub, onu öpdü. 
– Riveraya birinci dəfədir gəlirəm, Ravik. Qınama məni! Birinci dəfədir ki, sözün 
əsl mənasında, səninlə bir yerdəyəm, daha gecələr üşümürəm... Xoşbəxtəm... 
Ravik maşını gur yerdən çıxardı, «Karlton» mehmanxanasının yanından geçib, 
jüan-Le-Pen tərəfə üz qoydu. 
– Birinci dəfədir...– Joan təkrar elədi. – Birinci dəfədir, Ravik! Hamısını başa 
düşürəm... Deyəcəksən ki, bunun məsələyə nə dəxli?!–Ravikə sığınıb, başını onun 
çiyninə söykədi. – Bu günü unut getsin, Ravik! Hamısını unut! Bilirsən nə yaxşı 
maşın sürürsən? İndicə lap səkdirirdin! O səfehlər də belə deyirlər. Dünən necə 
sürdüyünü görüblər... Səninlə adamı vahimə basır... Sənin keçmişin yoxdur... heç 
bilinmir... O səfehlərin bioqrafiyasını səninkindən yüz dəfə yaxşı bilirəm. Görəsən, 
buralarda kalvados olur? Bu qədər həyəcandan sonra ürəyim gecə kalvados 
istəyəcək. Səninlə ömür sürmək nə çətin imiş! 
Maşın alçaqdan uçan quş kimi küçələrdə süzürdü. 
– Bərk sürürəm? 
–Yox, bir az da bərk sür. Qoy külək məni yarpaq kimi yelləndirsin! Gecənin 
uğultusuna bax! Məhəbbət məni xəlbirə döndərib, baxsam, özüm öz daxilimi 
görərəm! Səni o qədər sevirəm ki, ürəyim yerindən oynayır, gah da dağa dönür... 
Torpaq, çəmənlik həsrətindədir... Gah sərilmək, gah da uçmaq istəyir! Lap ağlını 
itirib, nə istədiyini özü də bilmir! İndi də maşın sürməyinə vurulub! Gəl bir də 
Parisə dönməyək! Bir zərgər dükanı, ya da bank yaraq, bu maşını da oğurlayaq, 
baş götürüb qaçaq... 
Ravik maşını balaca bir barın qabağında saxladı. Motorun uğultusu kəsildi. Lap 
uzaqlarda dəniz aram-aram, dərindən nəfəs alırdı... 
Ravik: 
– Gəl, – dedi, – burada kalvados olur. Bu gün nə qədər içmisən? 
– Ço...o...x! Özü də sənin acığına! O səfehlərin çərənləməsinə dözə bilmirdim. 
– Bəs onda niyə qayıdıb yanıma gəlmədin? 
– Qayıtmadım?! 
– Hə, elə bildin, çıxıb gedirəm, ona görə qayıtdın. Bir şey yemisən? 
– Lap az... Acmışam. Sən uddun? 
– Hə. 
– Onda gəl bahalı restorana gedək, gürü yeyək, şampan içək, ata-analarımız 
müharibələrdən qabaq necə qayğısız, sentimental, qorxusuz-ürküsüz, zövqsüz-
filansız oturublarsa, eləcə də oturaq! Gözüyaşlı oleandr kolları... Bir yanda skripka, 
bir yanda dəniz... Bir yanda da ay... məhəbbət... Az qalır, inanam ki, nə vaxtsa 
bizim də ev-eşiyimiz, uşağımız, bağımız, sənin isə pasportun, gələcəyin olacaq. 
Mən də şöhrətimi sənə qurban verəcəyəm, lap qocalanda da bir-birimizi belə 
sevəcək, qısqanacağıq, sənin gözlərində həmişə gözəl qalacağam, bir gecə evə 
gəlməyəndə gözümə yuxu getməyəcək! 
Ravik gördü ki, onun yanaqlarından göz yaşı sel kimi axır. Joan birdən gülümsədi: 
– Bunların hamısı, əzizim, zövqsüzlüyün nişanəsidir. 
– Getdik! «Şato Madrid» restoranına gedirik. Dağların qoynundadır... Rus 
qaraçıları da var... Orada nə istəsən taparsan! 
 


 
140
Dan sökülürdü. Bomboz dəniz sakit idi. Buludsuz səmanın rəngi seçilmirdi. Təkcə 
üfüqdə sudan gümüşü rəngli bir zeh keçirdi. Elə sakitlikdik ki, bir-birinin nəfəsini 
də eşidirdilər... Restorandan axırıncı çıxdılar. Onlardan qabaq qaraçılar köhnə bir 
«Ford»a, xidmətçilər isə «Sitroen»lərə oturub, dağların arası ilə qıvrılan asfalt yola 
çıxdılar. Aşpaz isə 1929-cu ilin istehsalı olan altıyerlik «Delae»yə minib ərzaq 
dalınca getdi. 
– Gün günorta olub! – Ravik dilləndi. – Ancaq dünyanın harasındasa hələ də 
gecədir. Bir vaxt elə təyyarələr çıxacaq ki, onunla zamanı haqlayacaqsan. Onların 
sürəti Yerin fırlanma sürəti qədər olacaq. Əgər sən məni gecə saat dörddə sevməyə 
başlamısansa, elə eləyərik, saat həmişə dörddə qalar. Bu lap asan olacaq: biz Yer 
kürəsi ilə birlikdə fırlanacağıq, zaman isə dayanacaq  
Joan ona sığındı: 
– Daha dözə bilmirəm... Of, necə gözəldir! Adamın ürəyini yerindən oynadır! Gül, 
nə qədər istəyirsən, mənə gül... 
– Doğrudan, gözəldir, Joan! 
Joan ona baxdı: 
– Hanı indi o dediyin təyyarə? Onu düzəldib hazırlayana kimi biz qocalıb 
gedəcəyik, əzizim. Mən də qocalmaq istəmirəm... Sən necə? 
– Mən istəyirəm. 
– Doğrudan? 
– Hə... Mən imkan daxilində çox qocalmaq istəyirəm. 
– Niyə? 
–Baxım, görüm bu dünyanın axırı nə olur! 
– Mən isə qocalmaq istəmirəm. 
– Heç qocalmayacaqsan da. Həyat sənin yanaqlarını sığallayıb keçəcək, onlar daha 
da gözəlləşəcək... Vəssalam... Adam o vaxt qocalır ki, artıq heç nə hiss eləmir. 
– Yox, adam sevməyəndə qocalır. 
Ravik cavab vermədi. «Ayrılmaq! – deyə yenə ürəyindən keçirdi. – Səndən 
ayrılmaq?! Bir az bundan əvvəl Kannda ağlıma nələr gəlmişdi?!» 
Joan onun qolları arasında tərpəndi: 
– Bayram qurtardı, Ravik. İndi evə gedib gecəni bir yerdə qalarıq. Ah, nə gözəldir! 
Həyatı həyat kimi yaşamaq nə şirin imiş! Adam yalnız səadətdən doyanda 
sakitləşir, çünki özgə heç nə istəmir. Heçcə nəyə orada yer qalmır. Gəl öz 
müvəqqəti evimizə, ağardılmış bağ evinə oxşayan mehmanxanaya gedək! 
Ravik ayağını qazdan çəksə də, maşın dağların arası ilə qıvrılan yollarda 
şütüyürdü. Hava yavaş-yavaş işıqlaşırdı. Torpaqdan şeh ətri qalxırdı. Ravik işıqları 
söndürdü. Korniş (16) yoluna çıxanda gül, tərəvəzlə dolu furqonlara rast gəldilər. 
Hamısı Nitsaya gedirdi. Sonra süvari dəstəsini ötdülər. Atların tappıltısı motorun 
uğultusunda aydınca eşidilirdi. Asfaltın kənarına səpilmiş çınqıl xırçıldayırdı. 
Çiyinlərinə plaş salmış atlıların sifəti qapqara görünürdü. 
Ravik Joana baxdı. O da təbəssümlə cavab verdi. Rəngi qaçmış, üz-gözündən də 
yorğunluq yağırdı və daha da zərifləşmişdi. Joan öz zərif yorğunluğu ilə dünənin 
acı xatirələrini udmuş bu sehirli, alaqaranlıq, sakit səhərçağı həmişəkindən də 
gözəl görünürdü. Ancaq həmin səhərin özündə də bir qeyri-müəyyənlik var idi. 


 
141
Yer üzünü asta-asta nura qərq eləsə də, vaxtı-vədəsi hələ bilinmirdi və elə bil, nə 
istədiyindən özünün də xəbəri yox idi! 
Qurşağa oxşayan Antib buxtası sürətlə onlara tərəf gəlirdi. Hər yan getdikcə 
işıqlaşırdı. Yavaş-yavaş maviləşən gündüz dənizdəki dörd hərbi gəminin bomboz 
kölgəsini əridirdi. Onların biri kreyser, qalan üçü isə eskadra mina gəmisi idi. 
Deyəsən, gecə gəlmişdilər. Getdikcə ağaran səmanın fonunda lal dənizin qoynuna 
sinmiş bu gəmilər adamı qorxudurdu. Ravik Joana baxdı. Joan başını onun çiyninə 
söykəyib yatmışdı... 
 
                                                                                XVII 
 
 
Ravik xəstəxanaya yollandı. Riveradan qayıtdığı bir həftə idi. Qəflətən dayandı. 
Gözləri önündə açılan mənzərə uşaq oyununa bənzəyirdi. Tikilməkdə olan təzə 
bina günəş işığında elə bərq vururdu ki, deyərdin, daşdan deyil, uşaq oyuncağından 
quraşdırılıb. Taxta körpülər aydın səmanın fonunda tük kimi nazik görünürdü və 
qəflətən onlardan hansısa sındı, tirlərdən biri ayrılıb göydə yellənməyə başladı. 
Onun üstündə insan fiquruna oxşar bir şey var idi və sanki, üstünə milçək qonmuş 
kibrit çöpü üzüaşağı yerə gəlirdi... Tir hələ göydə idi, yol gəlirdi, yerə çatmırdı ki, 
çatmırdı... Fiqur tirdən aralanmışdı, boş havada əl-qol atıb dayaq axtaran balaca 
kuklaya bənzəyirdi. Sanki, yer üzündəki həyat bircə anlığa dondu, dünyaya ölüm 
sükutu çiləndi, heç nə tərpənmədi... Külək də, nəfəs də, hənirti də dayanmışdı. Yer 
üzündə tərpənən təkcə o fiqurla tir idi, onlar da elə hey gəlir, gəlirdi... 
Birdən hamı hərəkətə gəldi, səs-küy eşidildi. Ravik indi hiss etdi ki, bayaqdan 
nəfəsini içinə çəkib gözləyirmiş. Yüyürməyə başladı. 
Yıxılan adam asfalta sərilmişdi. Birçə saniyə əvvəl küçə, demək olar ki, bomboş 
idi, indisə adam əlindən tərpənmək olmurdu. Hər yandan axışıb gəlirdilər, elə bil, 
həyəcan siqnalı verilmişdi. Ravik camaatı yara-yara irəlilədi. Gördü ki, iki fəhlə 
yaralını qaldırmaq istəyir. 
– Tərpətməyin! Qoyun eləcə qalsın! – deyə qışqırdı.  
Hamı ona yol verdi. Fəhlələr yaralını yerdən üzmüşdülər. 
– Asta-asta yerə qoyun! Ehtiyatla! Yavaş-yavaş... 
– Nəçisiniz? – fəhlələrdən biri soruşdu. – Həkimsiniz? 
– Bəli. 
– Yaxşı oldu! 
Fəhlələr yaralını asfaltın üstünə uzatdılar. Ravik dizi üstə çöküb, onun ürəyini 
dinlədi. Ehtiyatla, qan-tərə batmış köynəyinin yaxasını açdı, əli ilə bədənini 
yoxladı. Sonra ayağa durdu. 
 
– Nə olub? – bayaqkı fəhlə soruşdu. – Huşunu itirib?  
Ravik başını buladı: 
– Ölüb! – dedi. 
– Ölüb?! 
– Bəli. 
– Ola bilməz! – Kişi heç nə başa düşmədi. – Axı biz indicə bir yerdə nahar elədik?! 


 
142
– Həkim gəldi? – Arxada dayanıb irəli boylanan adamlardan hansısa soruşdu. 
– Nə olub? – Ravik gözləri ilə onu axtardı. 
– Həkim gəlib? Tez olun! 
– Nə olub? 
– Qadın... 
– Hansı qadın? 
– Tir ona dəyib! Qan aparır... 
Ravik camaatı yara-yara o tərəfə getdi. Bəstəboy, göy rəngli iri önlük taxmış bir 
qadın əhəng quyusunun yanındakı qum yığınının üstünə yıxılmışdı. Qırışmış sifəti 
avazımış, bir nöqtəyə zillənib qalmış gözləri isə kömür kimi qaralmışdı. 
Boğazından sızan qan kiçik fəvvarəyə bənzəyirdi, bir az yuxarı qalxan kimi əyilir, 
yana tökülürdü. Başının altında artıq qapqara bir gölməçə yaranmışdı. 
Ravik arteriya damarını sıxdı. Həmişə yanında gəzdirdiyi əl çantasından sarğı 
çıxardı, çantanı yanındakılara uzatdı: 
– Bunu tutun, – dedi. 
Dörd əl birdən uzandı, ancaq çanta yerə düşüb açıldı. Ravik tez qayçını, tamponu 
götürdü, sarğını açdı. 
Qadın dinmirdi. Gözləri də bayaqkı kimi bircə nöqtəyə zillənib qalmışdı. Bütün 
əzələləri gərilmiş, bədəni taxtaya dönmüşdü. 
– Heç nə yoxdur, anacan, – Ravik dilləndi. – Heç nə yoxdur. 
Tir onun çiyni ilə boğazını tutmuşdu. Çiyni bərg əzilmişdi. Körpücük sümüyü 
sınmışdı. Xınçım-xıncım olmuş oynaq sümüyü daha bitişməzdi. 
– Sol qoludur, – Ravik əlini yavaş-yavaş onun boynuna tərəf apardı. Yalnız dərisi 
sıyrılmışdı, qalan hər şey salamat idi. Ayağı burxulmuşdu. Ravik topuğu, sümüyü 
yoxladı. Boz rəngli corabları çox yerdən gözənmişdi, ancaq deşiyi yox idi. Dizdən 
bir az aşağı qara lentlə bağlanmışdı. Ravik bunları o qədər görmüşdü ki! Qara 
qaytanlı yamaqlı ayaqqabılar, ilgək vurulmuş bağlar... Çoxunun da burnu deşik 
olurdu... 
– Təcili yardıma zəng vuran olub? – deyə soruşdu. Cavab verən olmadı. 
– Deyəsən, polis zəng elədi. – Kimsə bir azdan dilləndi. Ravik dikəldi. 
– Polis? Haradadır? 
– Orada... O birinin yanında.  
Ravik ayağa qalxdı: 
– Demək, hər şey qaydasındadır... 
Aralanmaq istədi. Elə bu vaxt polis camaatı yara-yara gəldi. Əlində qeyd dəftərçəsi 
tutmuş cavan bir oğlan idi və əsəbi halda ucu yeyilmiş balaca karandaşı 
tüpürcəkləyirdi. 
– Hər şey qaydasındadır. 
– Bircə dəqiqə, –deyə o, nəsə yazmağa başladı. – Bircə dəqiqə, müsyö! 
– Tələsirəm, ağır xəstəm var. 
– Bircə dəqiqə, müsyö! Həkimsiniz? 
– Damarı tapıb bağladım, vəssalam. İndi təcili yardımı gözləmək lazımdır. 
– Bircə dəqiqə, müsyö! Qoyun adınızı qeyd eləyim, sizin şahidliyiniz vacibdir. 
Qadın ölə bilər... 
– Ölməz. 


 
143
– Kim bilir?! Hələ dəyən ziyanın ödənməsi də var. 
– Təcili yardıma zəng vurmusunuz? 
– Yoldaşım vurası idi. Mane olmayın, daha da uzanacaq. 
– Qadın çan verir, siz isə getmək istəyirsiniz, – fəhlələrdən hansısa giley-güzar 
elədi. 
– Mən olmasaydım, ölərdi. 
– Lap yaxşı! – Fəhlə çox məntiqsiz danışırdı. – Demək, qalmalısınız. 
Yanında fotoaparat çıqqıldadı. Şlyapalı bir kişi özünü irəli təpmişdi və təbəssümlə 
deyirdi: 
– Bəlkə, yenə əyiləsiniz? Guya yaranı sarıyırsınız?! 
– Xeyr! 
– Mən qəzetdənəm, şəklinizi verəcəyik. Adınız, ünvanınızda göstəriləcək. 
Yazacağıq ki, qadını xilas edibsiniz. Yaxşı reklamdır. Xahiş edirəm, bu tərəfə 
keçin, bura yaxşı işıq düşür. 
– Cəhənnəm olun! Qadına indi təcili yardım lazımdır. Sarğını çox saxlamaq olmaz, 
gərək dəyişilsin. Siz təcili yardımın dərdinə qalın. 
– Hər şeyin öz vaxtı var, müsyö,–polis araya girdi. – Əvvəlcə protokol tərtib etmək 
lazımdır. 
– Ölən kişi adını sənə dedi? – yeniyetmə bir oğlan soruşdu. 
– Tfu! Sən mumla! 
– Bu tərəfdən də çəkin! – Kim isə fotoqrafa göstəriş verdi. 
– Niyə? 
– Çəpərlənmiş səkidən keçdiyi də görünsün. Bu küçədən, getmək olmazdı. Ora 
baxın, – o, üstünə «Diqqət! Giriş qadağandır!» sözləri yazılmış çap lövhəni 
göstərdi. – Elə çəkin ki, o da görünsün, bizə lazım olacaq. Burada ziyandan, 
təqaüddən söhbət ola bilməz! 
– Mən fotomüxbirəm, – şlyapalı kişi onun dediklərinə fikir vermədi, – özüm nəyi 
maraqlı hesab edirəmsə, onu da çəkirəm. 
– Bu ki maraqlıdır! Maraqlı nəyə deyirsiniz? Lövhənin fonunda qadının şəkli... 
– Lövhə heç... hadisənin özü maraqlıdır. 
– Onda dediklərimi protokola salın! – Kişi polisin çiyinlərinə toxundu. 
Polis nəfəri acıqlandı: 
– Siz kimsiniz? 
– Tikinti firmasının nümayəndəsi. 
– Çox gözəl, siz də getməyin!–Polis qadına tərəf əyildi:–Adınız nədir? Onu da 
bilmirsiniz? 
Qadının dodaqları tərpəndi, kirpikləri qalxıb-endi. 
«Kəpənəyə, yorulub heydən düşmüş kəpənəyə oxşayır! – Ravik ürəyindən keçirdi 
və o dəqiqə də özünü söydü: – Ay axmaq, sən öz dərdinə qal, gör birtəhər aradan 
çıxa bilirsənmi...» 
– Lənət şeytana! – Polis deyindi. – Bəlkə də, ağlını itirib. İşə düşmədik?! Növbəm 
də saat üçdə qurtarır. 
– Marsel...–Nəhayət, qadından səs çıxdı. 
– Nə? Sakit! Nə? – Polis yenə ona tərəf əyildi. 
Qadın susurdu... 


 
144
– Nə? – Polis cavab gözləyirdi. – Bir də deyin! Onu bir də deyin! 
Qadın susurdu... 
– Boş-boş çərənləməyi qurtaracaqsınız, ya yox! – Polis tikinti firmasının 
nümayəndəsinə acıqlandı. – Gəl burada protokol yaz, görüm necə yazırsan... 
Həmin anda fotoaparat çıqqıldadı. 
– Çox sağ olun – Fotoqraf sevindi. – Təbii oldu. 
– Bizim lövhə də düşdü? – Polisə fikir verməyən nümayəndə soruşdu.–Əgər 
düşübsə, altısını indidən mən özüm sifariş verirəm. 
– Yox! Mən sosialistəm. Sığortanı versəniz, daha yaxşı olar! Milyonçuların ovçu 
tulasına bax! 
Həyəcan siqnalı eşidildi. Təcili yardım gəlirdi. «Yaxşı fürsətdir»,–Ravik ürəyindən 
keçirdi və ehtiyatla bir addım atdı. Ancaq polis nəfəri bərk-bərk ondan yapışdı: 
– Mənimlə polis məntəqəsinə gedəcəksiniz, müsyö. Özüm də çox təəssüf edirəm, 
ancaq hər şey yazılmalıdır. 
İkinci polis də buradaydı. İş işdən keçmişdi... «Çox güman ki, heç nə olmaz»,–
deyə düşünən Ravik onlarla getdi. 
Polis məntəqəsindəki növbətçi dinməz-söyləməz təzədən protokol tərtib eləyən 
polislə jandarma qulaq asdı, birdən Ravikə tərəf döndü: 
– Fransız deyilsiniz,–dedi. Bu, sual deyildi, o dəqiqə başa düşmüşdü. 
– Xeyr!–Ravik cavab verdi. 
– Haralısınız? 
– Çexəm. 
– Bəs burada necə həkimlik edirsiniz? Axı əcnəbi kimi icazəsiz həkim işləməyə 
ixtiyarınız yoxdur?! 
Ravik gülümsədi: 
– İşləmirəm. Turistəm, gəzməyə gəlmişəm. 
– Pasportunuz yanınızdadır? 
– Bu, nəyə lazımdır, Fernan? – O biri məmur sözə qarışdı.–Müsyö qadına kömək 
eləyib, ünvanı da bizdə var, bəs eləyər. Onsuz da şahid çoxdur. 
– Mənim üçün maraqlıdır. Pasportdan, vəsiqədən yanınızda bir şey var? 
– Haradan olsun? Kim pasportunu həmişə yanında gəzdirir ki? 
–Bəs haradadır? 
– Səfirlikdə. Keçən həftə vaxtını uzatmağa vermişəm. 
Ravik bilirdi ki, mehmanxanadadır desə, polis göndərib, yalanının üstünü açarlar. 
Bundan başqa da, ehtiyat üçün özgə mehmanxananın adını vermişdi. Səfirliklə 
canını qurtara bilərdi. 
– Hansı səfirlikdə? – Fernan soruşdu. 
– Çexoslovakiya səfirliyində. Özgə harada ola bilər? 
 
– Bu dəqiqə zəng vurub soruşarıq. – Fernan diqqətlə onun üzünə baxdı. 
– Buyurun. 
Fernan bircə anlığa fikrə getdi, sonra: 
– Yaxşı, – dedi, – soruşarıq. 
O durub qonşu otağa keçdi. Raviki gətirən məmur part olmuşdu: 


 
145
– Bağışlayın, müsyö, – dedi, – o qədər də vacib deyildi. Bu dəqiqə aydınlaşacaq. 
Kömək üçün çox sağ olun. 
«Bəli, aydınlaşacaq!» – deyə ürəyindən keçirən Ravik ehtiyatla yan-yörəsinə 
baxdı, siqaret çıxardı. jandarm qapının ağzında dayanmışdı. Təsadüf idi, hələ heç 
kim ondan ciddi şübhələnmirdi. İtələyib qaça bilərdi, ancaq tikinti firmasının 
nümayəndəsi ilə iki fəhlə də burada idi. Fikrindən vaz keçdi. Adətən, qapının 
ağzında da polislər dayanırdı, aradan çıxmaq müşkül məsələ idi. 
Fernan qayıtdı: 
– Səfirlikdə sizin adınıza pasport yoxdur. 
– Ola bilər. 
– Necə yəni ola bilər? 
– Tək bir məmur hamının pasportunu tanıya bilməz. Bu işlə orada çox adam 
məşğul olur. 
 
– O, dəqiq bilir.  
Ravik dinmədi. 
– Siz çex deyilsiniz. 
– Bura bax, Fernan...– o biri məmur sözə başladı. 
– Ləhcəniz çex ləhcəsinə oxşamır. 
– Bəs nədir? 
– Almansınız, – Fernan özündən razı halda dilləndi. – Üstəlik, pasportunuz da 
yoxdur. 
– Xeyr!–Ravik etiraz etdi. – Mərakeşliyəm, nə cür fransız pasportu desəniz, 
varımdır. 
– Qurtarın, müsyö!–Fernan qışqırdı. – Bu, nə cəsarətdir?! Siz Fransanın 
müstəmləkə imperiyasını təhqir edirsiniz. 
– Zibili çıxdı! – fəhlələrdən hansısa söz atdı. Tikinti firmasının nümayəndəsi özünü 
elə yığışdırdı, deyərdin əlini indicə gicgahına aparacaq. 
– Burax, Fernan... 
– Yalan danışırsınız. Siz çex deyilsiniz. Pasportunuz var, ya yox? Cavab verin! 
«İnsanın daxilində həmişə bir siçovul gizlənir, onu heç vaxt boğub öldürmək 
olmur...–Ravik ürəyindən keçirdi. – Bu səfehlərin nə borcuna, mənim pasportum 
var, ya yox?! Hə, siçovul iyi alıb, başını deşikdən çıxarır....» 
– Cavab verin! – Fernan böyürdü. 
«Bir parça kağızın hünərinə bax! O olsaydı, bu alçaqlar ikiqat olub üzr istəyərdilər. 
Fərqi yoxdur, istəyir bir ailəlik adam qır, ya da bank yar, əlini gicgahına aparıb 
«xoş getdin!» deyərdilər. Pasport olmasa, Həzrət İsanın özünü də qazamata 
göndərərlər. Yazığı oradaca öldürərlər, otuz üç yaşına çatmağa da qoymazlar!» 
– Kim olduğunuz müəyyənləşənə kimi getmək yoxdur. Mən bu dəqiqə taparam... 
– Çox gözəl... 
Fernan iri addımlarla çıxdı. İkinci məmur kağızları qurdaladı. 
– Müsyö, – dedi, – mən çox təəssüf edirəm! O, belə şeylərin dəlisidir. 
– Eybi yoxdur. 
– Biz qurtardıq? – fəhlələrdən biri soruşdu. 
– Bəli. 


 
146
– Yaxşı, onda salamat qalın! – Sonra Ravikə sarı döndü. – Dünya inqilabından 
sonra sizə pasport lazım olmayaçaq. 
– Onu da başa düşmək lazımdır, müsyö, – məmur davam etdi. – Fernanın atası 
dünya müharibəsində ölüb, ona görə də almanlardan zəhləsi gedir, bu oyunları 
çıxarır. – O, peşman-peşman Ravikə baxdı. Deyəsən, işin nə yerdə olduğunu başa 
düşmüşdü. – Çox təəssüf edirəm, müsyö! Tək olsaydım... 
– Eybi yoxdur, – Ravik yan-yörəsinə boylandı. – Fernan qayıdana kimi zəng 
vurmaq olar? 
– Buyurun! Odur, stolun üstündədir. Ancaq bir az tez eləyin. 
Ravik Morozova zəng vurdu, almanca başına gələni ona danışdı, dedi ki, Veberə 
də çatdırsın. 
– Joana da deyim? 
Ravik tərəddüd etdi: 
– Yox, hələ lazım deyil. Eləcə de ki, bir-iki günlüyə saxlayıblar, hər şey 
qaydasında olacaq. Onda gözün olsun. 
– Oldu! – Deyəsən, bu son sözlər Morozovu açmadı, – Oldu, Voyçek! 
Ravik dəstəyi asanda, Fernan içəri girdi.  
– İndi hansı dildə danışırdınız? – O irişdi. – Çex dilində? 
– Esperanto (17) dilində... – Ravik cavab verdi. 
 
Veber səhəri gün gəldi. 
– Nə pis yerdir, – deyib yan-yörəsinə baxdı. 
– Fransanın həbsxanaları hələ də əsl həbsxana kimi qalır... – Ravik cavab verdi. – 
İçində yalançı humanizm kif atmayıb, XVIII əsrin qədim həbsxana qoxusunu 
saxlayıb. 
– Adamın lap ürəyi bulanır... Gör gəlib hara düşmüsən... Ürəyim bulandı... 
– Heç kəsə yaxşılıq etmək lazım deyilmiş, o dəqiqə cəzasını çəkirsən. Gərək, əl 
vurmayaydım, qadını qan aparaydı. Çox pis zəmanədə yaşayırıq, Veber! 
– Pisdən də pisdir. Burada xəlvəti qaldığını dostların eşələyib tapdılar? 
– Bəs necə... 
– Harada qaldığını da? 
 
– Elə şey olar?! Mən heç o vəfalı «İnternasional»ı sataram? Qeydiyyatsız adam 
saxladığına görə sahibkarı da cərimələyərdilər. Sürək eləyib qaçqınları tutardılar. 
Bu dəfə «Lankaster» mehmanxanasını nişan verdim. Qabaqlar bir dəfə orada 
qalmışam, balaca, xudmani mehmanxanadır. 
– Təzə adınız Voyçekdir? 
– Vladimir Voyçek, – Ravik irişdi, – dördüncüdür... 
– Tfu! – Veber söydü. – Neyləyək, Ravik? 
Beynəlxalq süni dil. 
– Heç nə... Əsas məsələ odur ki, əvvəllər də burada olduğumu dostlarım bilməsin, 
yoxsa altı ay basacaqlar. 
– Lənət şeytana... 
– Bəli, dünya gündən-günə düzəlir. Nitşe deyirdi ki, həmişə qorxu içində yaşa. 
Mühacirlər, istər-istəməz, belə yaşayırlar. 


 
147
– Əgər bilməsələr? 
– Zənnimcə, iki həftə... Sonra da ölkədən çıxaracaqlar. 
– Bəs sonra? 
– Sonra da qayıdacağam. 
– Ələ keçənə kimi qalacaqsan... 
– Elədir. Ancaq bu dəfə çox qaldım. Düz iki il! Az qala, bir insan ömrüdür. 
– Nəsə fikirləşmək lazımdır, yoxsa belə olmayacaq... 
– Olar, olar! Neyləmək istəyirsiniz? 
Veber fikrə getdi. 
– Düran! – Birdən yadına düşdü. – Onun tanış-bilişi çoxdur, sözü də geçir... 
nədənsə dayandı, – aman Allah, Heç yadıma düşmür, onların böyüyünü ki özünüz 
təşrih elədiniz! Öd kisəsini kəsdiyinizi deyirəm! 
– Mən yox, Düran özü... 
Veber güldü: 
– Qorxmayın, bunu bildiyimi qoca qurda demərəm. Ancaq o, nəsə eləyə bilər. 
Eləməsə, canını alaram. 
– Bir şey çıxmayacaq! O gün iki min frankını qopartmışam, elə şeyi unudan 
tiplərdən deyil. 
– Eləyər! – Veber arxayın idi.–Onu satmağınızdan qorxaçaq. O qədər təşrih 
eləmisiniz! Bundan əlavə, ona lazımsınız. 
– İstəsə, başqasını tapar. Bino... O da olmasa, nə çoxdur gəlmə cərrah... 
Veber bığlarını tumarladı: 
– Belə qızıl əlləri tapa bilməz. Hər halda, çalışarıq, bəlkə, bir şey çıxdı. Elə bu gün 
başlayaram. Sizə bir şey lazımdır? Yeməkləri necədir? 
– İyrənc! Özüm pul verib gətirtdirirəm. 
– Bəs siqaret? 
–Varımdır. Mənə indi lazım olan şey hamamdır, ona da gücünüz çatmaz... 
 
Ravik həbsxanada iki həftə qaldı. Ondan başqa kamerada bir suçəkən usta, bir 
yazıçı və bir nəfər də polyak qalırdı. Usta təmiz, yazıçınınsa bir tərəfi yəhudi idi. 
Usta Berlindən ötrü darıxır, yazıçınınsa ondan zəhləsi gedirdi. Polyakınsa heç nə 
vecinə deyildi. Siqaret işinə Ravik baxırdı. Yazıçı isə yəhudi lətifələri danışırdı. 
Ayaqyolundan içəri dolan iyi kəsməkdə ustanın əvəzi yoxdu. 
İki həftədən sonra Raviki apardılar. Onu əvvəlcə inspektorun yanına gətirdilər, o 
da Ravikdən pulu olub-olmadığını soruşdu. Ravik: 
– Var, – dedi. 
– Çox yaxşı, onda taksi ilə gedin. 
Məmurlardan biri də onunla gedirdi. Bayırda günəş çıxmışdı. Təmiz havaya 
çıxmaq nə gözəl imiş! Qapının ağzında qoca bir kişi hava şarı satırdı. Ravik nə 
qədər baş sındırsa da, onun bu şarları nə üçün həbsxananın yanında satdığını 
kəsdirə bilmədi. Məmur taksiyə əl elədi. 
– Hara gedirik? – Ravik soruşdu. 
– Şefin yanına. 


 
148
Ravik onun hansı şef oluğunu bilmirdi. Nə fərqi var, kim olur olsun, təki alman 
ölüm düşərgəsinin şefi olmasın. Bu dünyada bircə dənə əsl dəhşət var idi: amansız 
terrorun çənginə düşəsən, heç nə də eləyə bilməyəsən! Qalanı boş şeydir! 
Maşında radio var idi və Ravik onu işə saldı. Əvvəlcə bazarda meyvə-tərəvəzin 
qiyməti haqda məlumat, sonra isə siyasi xəbərlər verildi. Məmur əsnədi. Ravik 
düyməni bir az da burdu. Estrada musiqisi başladı. Məmurun qırışı açıldı. 
– Şarl Trenedir, – dedi, – «Menillmanton»! Söz ola bilməz! 
Taksi dayandı, Ravik pulunu verdi. Onu gözləmə otağına gətirdilər. Yer üzündəki 
bütün gözləmə otaqları kimi, onu da tər, toz, ümid qoxusu doldurmuşdu. 
Yarım saat burada oturub, kiminsə qoyub getdiyi köhnə «Le vi Parizan» (18) 
qəzetinə baxdı. İki həftə kitab üzü görmədiyi üçün onu klassik ədəbiyyat nümunəsi 
kimi oxudu. Sonra onu şefin yanına apardılar. Bu bəstəboy, kök kişini o dəqiqə 
tanımadı. Adətən, təşrih elədiyi adamların üzünə baxmırdı. Onu maraqlandıran 
yalnız xəstə olan yer idi, yardığının kim olmasının mənası yoxdu. Ancaq bu sifətə 
təfərinclə, diqqətlə baxmışdı. Leval idi, sağalmış, qarnı yenə piy bağlamışdı. Öd 
kisəsi yox idi. Ravik Veberlə, Düran haqda olan söhbətini tamam unutmuşdu və 
şəxsən Levalın yanına gətiriləcəyini heç gözləmirdi. 
Leval onu təpədən-dırnağacan süzdü, bir xeyli dinmədi, sonra mızıldandı: 
– Əlbəttə, sizin adınız Voyçek deyil... 
– Xeyr. 
– Bəs nədir? 
– Noyman. – Ravik Veberlə belə sözləşmiş, o da Dürana çatdırmışdı. Voyçek nəsə 
bir az qeyri-adi səslənirdi. 
– Almansınız, eləmi? 
– Bəli. 
– Qaçmısınız? 
– Bəli. 
– Adam heç ağlına sığışdıra bilmir... Eləsinə oxşamırsınız. 
– Qaçqınların hamısı yəhudi deyil. 
– Niyə yalan danışmısınız? Adınızı düz deməmisiniz?  
Ravik çiyinlərini çəkdi: 
– Bəs neyləyəydim? Biz bacardığımız qədər az yalan danışırıq. Ancaq məcburuq, 
kefdən eləmirik. 
Leval barıt kimi partladı: 
– Elə bilirsiniz sizinlə çənə döymək bizə çox xoşdur? 
«Onda bomboz olmuşdu... – Ravik həmin günü xatırladı. – Ağarmış başı boz rəngə 
çalırdı. Gözlərinin altı da torbalanıb göyərmişdi, dodaqları aralanmışdı... Onda 
danışmırdı... Onda iylənmiş bir cəmdək idin, öd kisən də irinləmişdi...» 
– Harda qalırsınız? Ünvan da düz çıxmadı. 
– Hara gəldi... Bir gün burada, bir gün orada... 
– Nə vaxt gəlmisiniz? 
– Üç həftədir. Üç həftə bundan qabaq İsveçrədən keçmişəm. Oradan qovub sərhədi 
keçirtdilər. Özünüz bilirsiniz, sənədimiz olmadığı üçün bizi heç yana qoymurlar, 
xəlvəti qalırıq, çoxumuz özünü öldürməyə qorxur. Sizi narahat etməyimizin səbəbi 
budur... 


 
149
– Onda Almaniyada qalın, – Leval donquldandı. – Orada vəziyyət o qədər də pis 
deyil, çoxunu da şişirdirlər. 
«Başqa cür kəssəydim, indi burada oturub belə mənasız danışmazdın, – Ravik 
ürəyindən keçirdi. – Çox yox, lap azca... Onda soxulcanlar sənədsiz-filansız sənin 
sərhədlərini keçərdilər... Ya da yöndəmsiz qutuda bir ovuc kül idin...» 
– Harada qalırsınız? – Leval bir də soruşdu. 
«Başqalarını da tutmaq üçün bunu bilmək sənə mütləq lazımdır», – deyə ürəyindən 
keçirən Ravik cavab verdi: 
– Bahalı mehmanxanalarda. Hərəsində də iki-üç gün, başqa-başqa adlarla 
qalmışam. 
– Düz demirsiniz! 
Ravik yavaş-yavaş cana doyurdu: 
– Əgər düzünü bilirsinizsə, məndən niyə soruşursunuz? 
Leval hirslə əlini stola çırpdı: 
– Özünüzü arsız yerinə qoymayın! – O dəqiqə də diqqətlə əlinin içinə baxdı. 
– Əliniz qayçıya dəydi!  
Leval əlini cibinə qoydu: 
– Sizə elə gəlmirmi ki, həddən artıq həyasızlıq eləyirsiniz?! – Leval 
qarşısındakının tamamilə onun ixtiyarında olduğunu düşünərək, özünü tez ələ 
almağı bacaran adam kimi, sakit danışmağa başladı. 
– Həyasızlıq?! – Ravik təəccüblə ona baxdı. – Buna həyasızlıq deyirsiniz? Bura nə 
məktəbdir, nə də peşman olmuş canilər üçün pansion! Mənim başqa yolum 
yoxdur... Deyirsiniz, özümü indi cəzasını yüngülləşdirmək üçün yalvaran cani kimi 
aparım? Ona görə ki, nasist deyiləm, sənədim də yoxdur? Yalnız yaşamağın 
xatirinə çox təhqirlər, həbsxanalar, polis görsək də, biz heç vaxt özümüzü cani 
hesab etmirik. Niyə başa düşmürsünüz ki, bizi yaşadan da elə budur? Bu, 
həyasızlıq deyil, Allah bilir, nəsə başqa şeydir... 
Leval bu sözləri cavabsız buraxdı. 
– Burada həkimlik eləyirdiniz? – deyə soruşdu. 
– Xeyr. 
«Tikiş indi bilinməz, – Ravik ürəyindən keçirdi. – Onda çox yaxşı tikdi. Elə piyin 
içində işləmək hünər istəyirdi. Sonradan o qədər yeyib-içib ki, yenə piy 
bağlayıb...» 
– Ən dəhşətlisi odur ki, sizlər imtahansız-filansız, nəzarətsiz hər işə başınızı 
soxursunuz. Allah bilir, nə vaxtdan başlamısınız! Elə düşünməyin ki, üç həftə 
dediniz, mən də inandım. Kim bilir, indiyəcən nə qədər fırıldaq işlərdə əliniz olub. 
«Düz deyirsən, əlim sənin piy basmış qarnında olub, şişmiş qara ciyərinə, irinləmiş 
öd kisənə toxunub... – Ravik ürəyindən keçirdi. – Ancaq mənim əlim olmasaydı, o 
dostun səni rüsvayçı bir insanpərvərliklə öldürərdi, sonra da məşhur cərrah kimi ad 
çıxarardı, təşrihin qiymətini qaldırardı...» 
– Çox böyük təhlükədir, – Leval təkrar etdi. – İşləməyə ixtiyarınız yoxdur, ona 
görə də nə iş təklif eləsələr, görürsünüz. Bu barədə bizim adlı-sanlı 
mütəxəssislərdən biri ilə söhbət eləmişəm. O da bu fikirdədir. Əgər, doğrudan da, 
təbabət elminə az-çox bələdliyiniz varsa, onu tanıyarsınız... 


 
150
«Yox! – Ravik ürəyindən keçirdi. – Elə şey yoxdur, Düranın adını çəkmək olmaz. 
Həyat belə zarafatları xoşlamır...» 
– Professor Düran! – Leval qürurla sözünə davam etdi. – O, mənə başa saldı... 
Sanitarlar, yenicə qurtarmış tələbələr, massajçılar, assistentlər, hamısı özünü 
burada Almaniyanın tanınmış həkimləri kimi qələmə verir. Hansının dalınca 
düşəsən? Qadağan olunmuş təşrihlər eləyir, uşaq saldırır, mamaçalarla əlbir olub 
çoxunu şikəst eləyir... Allah bilir, daha nə oyunlardan çıxırlar. Hamısının izi nə 
düşmək də olmur... 
«Düranın işidir, – Ravik ürəyindən keçirdi. – İki min frankın əvəzini çıxıb. Bəs 
bundan sonra kim onun üçün təşrih eləyəcək? Əlbəttə Bino! Barışmış olarlar...» 
Birdən hiss elədi ki, Levala qulaq asmır. Yalnız Veberin adı qulağına dəyəndə, 
diqqətini topladı. 
– Doktor Veber adlı bir nəfər sizi xahiş edirdi. Tanıyırsınız? 
– Elə-belə... 
– Gəlmişdi... – Leval bir anlığa gözlərini döyə-döyə hansı nöqtəyəsə baxdı, sonra 
bərkdən asqırdı, cib dəsmalını çıxarıb ağız-burnunu təmiz-təmiz sildi, dəsmala 
baxdı, onu qatlayıb cibinə qoydu. – Sizə heç cür kömək edə bilmərəm. Biz, gərək, 
ciddi olaq. Ölkədən çıxarılacaqsınız... 
– Bilirəm. 
– Fransada əvvəllər də olmusunuz? 
– Xeyr. 
– Bir də qayıtsanız, altı ay... Bunu da bilirsiniz? 
– Bəli. 
–Çalışaram ki, sizi tez aparsınlar. Başqa cür kömək eləyə bilmərəm. Pulunuz var? 
– Bəli. 
– Lap yaxşı... Onda sizi müşayiət edən polisin də, özünüzün də sərhədə kimi yol 
pulunu verərsiniz. – O, başını yırğaladı. – Gedə bilərsiniz... 
 
– Qayıtmaq üçün dəqiq vaxt qoyulub? – deyə Ravik onu geri aparan məmurdan 
soruşdu. 
– Xeyr, işin gedişindən asılıdır. Niyə soruşursunuz? 
– Bir qədəh «Aperətiv» içmək istədim.  
Məmur şübhəli nəzərlərlə onu süzdü. 
– Qaçmaram, – deyə Ravik cibindən bir iyirmi franklıq çıxarıb əlində oynatdı. 
– Eybi yox, bir-iki dəqiqə ilə heç nə olmaz. 
Taksini qarşılarına çıxan ilk bistronun qabağında saxlatdılar. Səkiyə bir-iki stol 
qoyulmuşdu. Gün çıxsa da, hava soyuq idi. 
– Nə içəcəksiniz? – Ravik soruşdu. 
– «Amer Piksi». Belə havada özgə şey içməzlər. 
– Mənə isə iri qədəhdə konyak gətirin. Su lazım deyil. 
Ravik sakitcə oturub sinədolusu nəfəs alırdı. Təmiz hava nəyə desən, dəyərdi. 
Səkidəki ağacların budaqlarındakı tumurcuqlar qəhvəyi rəngə çalırdı. Təzə çörək 
ətri, yenicə çəkilmiş şərab qoxusu hər yanı bürümüşdü. Xidmətçi qədəhləri gətirdi. 
– Buralarda telefon var? – Ravik ondan soruşdu. 
– İçəridədir. Sağ tərəfdə, tualetin yanında... 


 
151
– Bilirsiniz...– Məmur dilləndi. 
Ravik iyirmi franklığı onun ovcuna basdı: 
– Guya, başa düşmürsünüz, kimə zəng vururam?! Qaçmaram. İstəyirsiniz, siz də 
gəlin. 
Məmur çox tərəddüd eləmədi: 
– Yaxşı, – deyib ayağa durdu. – Neyləyəsən, insan yenə öz insanlığında qalır... 
 
– Joan...  
– Ravik! Aman allah! Haradasan? Buraxdılar? De görüm haradasan? 
– Bistroda... 
– Zarafatı burax! Doğrudan, de, görüm haradasan? 
– Bistroda... 
– Harada? Həbsdən buraxdılar? Bu neçə günü haradaydın? Bu Morozovun... 
– O, sənə həqiqəti deyib. 
– Nə qədər elədim, hara apardıqlarını demədi. Yoxsa o dəqiqə... 
– Elə ona görə deməyib, Joan. Belə yaxşıdır. 
– Bəs niyə bistrodan zəng vurursan? Nə üçün gəlmirsən? 
– Gələ bilmərəm, vaxtım çox azdır. Məmuru birtəhər yola gətirib, iki dəqiqəliyə 
saxlamışam. Bir-iki günə məni İsveçrəyə geçirəcəklər, Joan! Ancaq...–Ravik 
oğrun-oğrun telefon köşkünün şüşəsindən məmura tərəf baxdı. O, piştaxtaya 
söykənib satıcı ilə söhbət edirdi.–Ancaq qayıdacağam...–Azacıq ara verdi.–Joan... 
gəlmə! Sənin yanından bura yarım saatlıq yoldur... Mənimsə bir-iki dəqiqə vaxtım 
qalıb. 
– Məmuru dilə tut, pul ver! Özüm pul gətirərəm... 
– Mümkün deyil, Joan! Gəlməsən, yaxşıdır... Belə yaxşıdır... 
Ravik telefonda onun necə nəfəs aldığını eşidirdi. 
– Mənimlə görüşmək istəmirsən?–Joan soruşdu. 
Nə desin? «Gərək, heç zəng eləməyəydim!–deyə ürəyindən keçirdi. – Göz-gözə 
dayanmasan, kimə nəyi başa sala bilərsən?!» 
– İndi səni görməkdən başqa, heç nə istəmirəm, Joan! 
– Onda gəl! Qoy o kişi də gəlsin! 
– Olmaz, Joan! Vaxtım qurtarır, tez ol, de, görüm indi neyləyirsən? 
– Nə? Nəyi neyləyirəm? 
– Nə geyinmisən? Haradasan? 
– Otağımda... Uzanmışam... Dünən gec qayıtmışam... Bu dəqiqə geyinib gəlirəm. 
Dünən gec qayıdıb! Düz deyir! Nə olsun, sən həbsdəsən, hər şey 63 qaydası ilə 
gedir.. Hər şey yaddan çıxır... İndi uzanıb, yavaş-yavaş onu yuxu tutur, saçları 
yastığa səpələnib... Corablarını, paltarını necə gəldi, stolun üstünə tullayıb... Bütün 
bunları, sanki, isti telefon köşkünün nəfəsi ilə tərlətdiyi şüşəsindən görürdü. 
Məmurun başı lap uzaqda görünürdü, elə bil, akvariumda üzürdü... Özünü ələ aldı: 
– Vaxtım bitdi, Joan! 
Dəstəkdən onun getdikcə zəifləyən səsini eşidirdi. 
– Ola bilməz! Necə yəni gedirsən? Elə şey olar? Hara gedirsən? Niyə gedirsən? 
«Durub. Yastıq yerə düşüb... Əlindəki telefon dəstəyi həm silahıdır, həm də 
düşməni... Ah, onun çiyinləri... Bilmir, neyləsin... Gözləri dörd olub...» 


 
152
–Mən ki müharibəyə getmirəm, Joan! Sadəcə olaraq, İsveçrəyə səyahətə gedirəm, 
tez qayıdacağam. Elə bil ki, tacirəm, Millətlər İttifaqına pulemyot satmağa 
gedirəm... 
– Qayıdanda hər şey əvvəlki kimi olacaq? Mən qorxudan ölərəm... 
– Axırıncı sözləri bir də təkrar elə... 
– Düz sözümdür...– Onun səsində yanğı var idi. – Mənə hamıdan sonra deyirsən. 
Veber sənin yanına gedə bilər, mən yox! Morozova zəng vurursan, mənə yox! İndi 
də çıxıb gedirsən... 
– Aman Allah! Gəl söz güləşdirməyək, Joan! 
– Söz güləşdirmirəm, həqiqəti deyirəm. 
– Yaxşı, vaxtdır... Salamat qal, Joan! 
– Ravik! – O, telefonda qışqırdı. – Ravik! 
– Hə... 
– Qayıt! Qayıt! Sənsiz mənim nə günüm?! 
– Qayıdacağam... 
– Mütləq! Mütləq! 
– Hələlik, Joan! Tezliklə qayıdacağam... 
Ravik dar, bürkülü köşkdə bir az da dayandı. Gördü ki, dəstək hələ də əlindədir. 
Qapını açdı. Məmur geri döndü, mehribanlıqla gülümsədi. 
– Qurtardınız? 
– Bəli. 
Qayıdıb bayaqkı yerdə oturdular. Ravik qədəhini axıra kimi içdi. «Gərək, zəng 
vurmayaydım, – deyə fikirləşdi. – Zəngdən qabaq rahat idim, indisə dəli kimi 
olmuşam. Gərək, əvvəlcədən biləydim ki, bu telefon söhbəti bizə heç nə 
verməyəcək. Nə mənə, nə də Joana...» İstədi durub təzədən zəng vursun, əslində, 
bayaq demək istədiyinin hamısını desin. Desin ki, niyə onunla görüşmək istəmədi. 
Desin ki, həbsxananın çirk-pasını ona göstərmək istəmədi... Ancaq yenə də bir yol 
tapacaq, hər şey əvvəlki kimi olacaq... 
– Zənnimcə, durmaq vaxtıdır,–məmur dilləndi. 
– Elədir... 
Ravik xidmətçiyə əl elədi: 
– İki balaca şüşə konyak, nə qədər qəzetiniz varsa, hamısını, bir də on qutu 
«Kaporal» siqareti gətirin. Hesabımızı da deyin. – Məmura tərəf baxdı: – Olar? 
– İnsan insanlığında qalır! – Məmur cavab verdi. 
Xidmətçi onun dediklərini gətirdi. 
– Tıxaclarını çıxarın, – deyə Ravik qəzetləri bölüb, səliqə ilə hər cibinə bir-ikisini 
qoydu, sonra tıxacları yarıyacan şüşələrə elə taxdı ki, orada burğusuz çıxara bilsin 
və paltosunun hər qoltuq cibinə birini qoydu. 
– Siz lap usta imişsiniz. – Məmur dilləndi. 
– Neyləyim, adətkar olmuşam. Uşaq vaxtı ağlıma gətirməzdim ki, böyüyəndə də 
«hindu-hindu» oyunu oynayacağam... 
Yazıçı ilə polyak konyakı görəndə bilmədilər, neyləsinlər! Ustanınsa spirtli 
içkilərdən xoşu gəlmirdi. Onunku pivə idi və deyirdi ki, ən yaxşısı Berlin pivəsidir. 
Ravik quru taxtın üstündə uzanıb qəzet oxuyurdu. Polyak fransızca bilmədiyi üçün 
əlinə qəzet almırdı. O, çoxlu siqaret çəkdi, kefi kökəldi. Gecə usta ağlamağa 


 
153
başladı. Ravik oyaq idi. Ustanın boğuq hıçqırtılarına qulaq asa-asa, balaca 
pəncərədən çölə baxdı. Yata bilmirdi... Usta sakitləşəndən sonra da gözünə yuxu 
getmədi. Fikirləşdi ki, usta yaxşı dolanırmış. O qədər yaxşı yaşayıb ki, onu 
itirdiyinə yanır... 
 
                                                        XVIII 
 
Ravik vağzaldan gəlirdi. Pal-paltarı çirkli, özü isə yorğun idi. On üç saat üst-başı 
sarımsaq iyi verən adamlarla, yanı tulalı ovçularla, zənbillərdə toyuq-cücə, 
göyərçin aparan qadınlarla bürkülü vaqonda yol gəlmişdi. Bundan əvvəl isə üç ay 
sərhəddə qalmışdı... 
Axşamın yenicə düşən toranlığında nəsə parıldadı. Ravik başını qaldırdı. Sanki, 
Ron-Puenin ətrafına piramidaşəkilli güzgülər düzülmüşdü və indicə qürub etmiş 
may günəşinin son şəfəqləri onlara ilişib qalmışdı... 
Dayanıb bir xeyli onlara baxdı. Doğrudan da, piramidaşəkilli güzgülər idi və 
zanbaq ləklərinin kənarına sıra ilə düzülmüşdü. 
– Bunlar nədir? – deyə o, yenicə düzəldilmiş ləki dırmıqlayan bağbandan soruşdu. 
– Güzgüdür, – bağban başını qaldırmadan cavab verdi. 
– Güzgü olduğunu görürəm, ancaq mən axırıncı dəfə burada olanda yox idi. 
– Çoxdan buralara gəlmirsiniz? 
– Üç aydır. 
– Vah, üç ay! Bunları iki həftədir qoyublar. İngilis padşahı üçündür... Qonaq 
gələcək! Sir-sifətini görər... 
– Adamın tükü ürpəşir... 
– Elədir...–Bağban heç təəccüblənmədi. 
Ravik yoluna davam etdi. Üç ay... Üç il... Üç gün... Görəsən, vaxt, zaman nə olan 
şeydir?! Həm heç nə, həm də hər şey... Şabalıd ağacları indi çiçək açır... Ancaq 
Almaniya yenə də müqavilələri pozub Çexoslovakiyanı büsbütün tutanda heç 
puçurlamamışdı... Bu vaxt ərzində mühacir Yozef Blumental çılğın gülüşlərlə 
özünü Cenevrədəki «Millətlər İttifaqı»nın sarayı önündə güllələmişdi... Belforda 
Qünter adı ilə yaşayarkən keçirdiyi sətəlcəmin izləri köksünün harasındasa gizlənib 
qalmışdı... İndi isə qadın sinəsi kimi yumşaq bir gecədə yenə bura gəlmişdi.... 
Sanki, bunların hamısı məhz belə də olmalı imiş... Hər şeyi necə qəbul edirsənsə, 
bunlara da eləcə «qismətdir» deyib, ümidsizliyin yeganə silahı olan təmkinlə 
dözürsən. Səma hər yerdə eynidir, yer üzündəki qətllərin, nifrətin, məhəbbətin, 
qurbanların üstünə çadır kimi çəkilib... Heç nədən xəbəri olmayan gözəl güllər isə 
hər il açır, mavi toranlıq gündüzlə gizlənqaç oynayır, nə pasport dərdi çəkirlər, nə 
də satqınlıqdan, tənhalıqdan, ümidsizlikdən qorxurlar... Nə yaxşı ki yenə 
Parisdədir! Onun gümüşü rəngə boyanmış küçələrində heç nəyi düşünmədən, 
yavaş-yavaş gəzişmək nə gözəl imiş! Belə saatları yaşamaq nə yaxşı imiş! Sanki, 
həyatdan möhlət almışdı, uzaq keçmişdə qalmış qüssə-kədərlə, sadəcə olaraq, hələ 
ölməyib yaşadığına görə keçirdiyi ülvi səadət hisslərinin qovuşduğu üfüqlərdə 
asta-asta süzürdü... Bu saat elə saat idi ki, Parisə yenicə çatmışdı, ürəyinin başı 
hələ neştərlənməmişdi... Bir də bu qəribə həqarət hissi... Sinədolusu nəfəs almaq... 
Bu nəfəs, sanki, xəfif bir meh idi, haradansa lap uzaqlardan, ürəyin damar-damar 


 
154
yollarından, gerçəkliyin qüssə dolu alovundan, çarmıxa çəkilmiş keçmişlərdən, 
gələcəyin neştərli keşməkeşlərindən süzülürdü... Bir də ətrafa çilənmiş bu sükut... 
Ölümlə həyat arasındakı bir anlıq fasilə... Aydın olduğu qədər də zülmətlə dolu bir 
ömür... Ulu dünyanın həzin əbədiyyət nəğməsi... 
 
Morozov «İnternasional»ın «Palma zalı»nda oturmuşdu. Qabağında bir qrafin açıq 
çaxır var idi. 
– Boris! Salam, qoca! Deyəsən, lap vaxtında gəlib çıxmışam. «Vuvre» şərabıdır? 
– Bəs necə! Bu dəfə otuz dördillikdir. Həm şirindir, həm də qatı. Nə yaxşı gəldin, 
Ravik! Üç ay çəkdi, eləmi? 
– Hə, bu dəfə yaman çox oldu... 
Morozov stolun üstündəki qədimi zəngi götürüb silkələdi. Elə bil, kənd kilsəsinin 
xidmətçiləri zəng çalırdı... «Katakomba»da elektrik xətti olsa da, elektrik zəngi 
yox idi. Buna heç ehtiyac da yoxdu, çünki mühacirlər çox təsadüfi halda ondan 
istifadə edirdilər. 
– İndi adın nədir? – Morozov soruşdu. 
– Yenə Ravikdir. Polisdə bu adı çəkməmişəm, gah Voyçek, gah Noyman, gah da 
Qünter oldum. Heç nə, şıltaqlıqdır, çox xoşuma gəlir, ona görə də dəyişmək 
istəmədim. 
– Çox güman ki, burada qaldığını səndən qopara bilməyiblər, eləmi? 
– Əlbəttə! 
– Aydındır. Yoxsa, mütləq sürək eləyərdilər. Onda yenə burada qalarsan, otağın 
boşdur. 
– Qarının bu işdən xəbəri olmadı? 
– Yox, heç kim bilmədi. Dedim ki, Ruana getmisən. Şeylərin mənim otağımdadır. 
Xidmətçi qız, əlində məcməyi, gəldi. 
– Klarisse, müsyö Ravikə də qədəh gətirin. 
– Ah, müsyö Ravik! – Qız dişlərini ağartdı. – Qayıtdınız? Getdiyiniz yarım ildən 
çoxdur, müsyö... 
– Üç ay, Klarisse. 
– Ola bilməz! Elə bilirdim, yarım ildir... 
O, ayağını sürüyə-sürüyə getdi. Bir az keçməmiş «gata-gomba»nın piy basmış 
xidmətçisi, əlində qədəh gəldi... O, məcməyi götürməzdi. Burada çoxdan işlədiyi 
üçün özünü bir az sərbəst aparırdı. Morozov onun sir-sifətindən bildi ki, bu saat 
sorğu-sual başlanacaq və tez onu qabaqladı: 
– jan, de görüm, müsyö Ravik nə qədər burada olmayıb? Dəqiq deyə bilərsən? 
– Bu nə sözdür, müsyö Morozov?! Əlbəttə, deyərəm! Lap gününü də bilirəm. 
Düz...–O, süni şəkildə fasilə verdi, gülümsədi və dedi: – Dörd həftə yarımdır. 
– Elədir!–Ravik Morozovu qabaqladı. 
– Elədir! – Morozov da təsdiqlədi. 
– Gördünüz?! Mən heç vaxt səhv eləmərəm, – deyə jan aralandı. 
– Özüm onu pərt eləmək istəmədim, Boris. 
– Mən də. Görürsənmi, zaman keçmişə çevriləndə öz mənasını itirir. Adama həm 
təsəlli verir, həm diksindirir, həm də biganələşdirir. Preobrajenski qvardiya 
polkunun poruçiki Belskini 1917-ci ildə Moskvada gözdən itirdim. Dost idik. O, 


 
155
Finlandiyaya keçib şimala getdi. Mənimsə yolum Mancuriyadan Yaponiyaya 
düşdü. Səkkiz ildən sonra görüşəndə, mənə elə gəldi ki, onu axırıncı dəfə 1919-cu 
ildə Harbində görmüşəm. O da dedi ki, 1921-ci ildə Helsinkidə görüşmüşük. 
Hərəmiz iki il və neçə min kilometr səhv elədik. – Morozov qrafini götürüb şərab 
süzdü. – Görürsənmi, səni burada unutmayıblar. Ona görə də adama elə gəlir ki, 
vətənə qayıdıb... Düz demirəm? 
Ravik şərabdan bir az içdi. Sərin və xoş idi. 
– Bir dəfə lap Almaniyanın sərhədində oldum. Küçənin bir tərəfi İsveçrənin idi, o 
biri tərəfi isə Almaniyanın... Mən də İsveçrə tərəfdə gilas yeyirdim. İstəsəm, 
çiyidini Almaniyaya tüpürərdim... 
– Onda özünü vətənə yaxın hiss eləyə bilmədin? 
– Yox! Mən ondan heç vaxt belə uzaq olmamışdım. Morozov irişdi: 
– Başa düşürəm. Bəs yollar necədir? 
 
– Həmişəki kimi. Getdikcə də çətinləşir, vəssalam. Sərhəddə nəzarəti artırıblar. Bir 
dəfə İsveçrədə, bir dəfə də Fransada tutuldum. 
– Bəs niyə heç yerini-yurdunu bildirmədin? 
– Məndən sonra polisin nəyi eşələyib tapdığını bilmirdim. Axı hərdən yaman 
quduzlaşır. Fikirləşdim ki, heç kəsin həyatını təhlükəyə salmasam yaxşıdır. Axı, 
bizim günahsızlığımız hələ hər şey demək deyil. Müharibənin ulu qanunudur: 
sakitcə yerə yat, sonra aradan çıx! Sən nəsə gözləyirdin? 
– Mən yox. 
Ravik diqqətlə onun üzünə baxdı: 
– Məktub gözləyirmişsən, – dedi, – axı məktubun özü nədir ki?! Onun heç vaxt 
xeyri olmur. 
– Elədir. 
Ravik cibindən bir qutu siqaret çıxardı. 
– Qəribədir, – dedi, – adam burada olmayanda, çox şey dəyişir... 
– Heç nəyi vecinə alma. 
–Elə də eləyirəm. 
– Uzaqda olmaq yaxşıdır. Qayıdanda görürsən ki, hər şey dəyişib. Sonra yavaş-
yavaş öyrəşirsən. 
– Bəlkə də... Bəlkə də, heç elə deyil. 
– Sən həddən artıq bürüncəkli danışırsan. Yaxşı ki, hər şeyi bu cür qəbul edirsən. 
Şahmat oynayaq? Professor da öldü. Yeganə layiqli rəqibim idi. Levi də 
Braziliyaya getdi. Restoranda xidmətçi işləyir. Həyat indi qanad taxıb uçur, heç 
nəyə öyrəşmək lazım deyil. 
– Lazım deyil... 
Morozov diqqətlə onun üzünə baxdı: 
– Mən elə demirəm... 
– Mən də. Bu iyli-qoxulu qəbirdən çıxmayaq? Üç ay olmamışam, ancaq yenə də 
mətbəx, toz-torpaq qoxusu, qorxu... İşə nə vaxt gedəcəksən? 
– Bu gün getməyəcəyəm, boş günümdür. 
– Yaxşı oldu! – Ravik ötəri təbəssümlə gülümsədi. – Demək, bu axşam gözəllik, 
köhnə Rusiya, böyük qədəhlər axşamıdır! 


 
156
– Mənimlə gedirsən? 
– Yox, bu gün olmaz, yorulmuşam. Axırıncı gecələri heç yata bilməmişəm. 
Yatanda da səksəkəli yatmışam. Gəl, çıxaq, bir-iki saat fırlanaq, bir yer tapıb 
oturaq. Çoxdandır belə eləməmişəm... 
 
– Yenə «Vuvre»? – Morozov təəccübləndi. Onlar «Kolize» kafesinin qabağında 
oturmuşdular. – Niyə? Axşam indi düşür, qoca, arağın əsl vaxtıdır. 
– Elədir. Ancaq buna baxmayaraq, «Vuvre» yaxşıdır. Mənə bəs eləyər. 
– Nə olub? Bəlkə, konyak içəsən? 
Ravik başını buladı. Morozov əl çəkmədi: 
– Bir yerə gəlib çatanda, elə birinci axşamı dəm olmaq lazımdır, qardaş. Bu cür 
qəhrəmanlıq eləyib, ayıq gözlə qüssə dolu tutqun keçmişin gözlərinə baxmaq kimə 
lazımdır? 
– Mən heç yana baxmıram, Boris, həyatdan yavaş-yavaş zövq alıram. 
Ravik gördü ki, Morozov ona inanmır. İnandırmağa da çalışmadı. Lap səkinin 
qırağındakı stol arxasında sakitcə oturub özü üçün şərab içir, axşam gəzintisinə 
çıxmış camaata tamaşa edirdi. Parisdən uzaqlarda hər şey onun üçün qəti və aydın 
idi. İndi isə hamısı dumanlanmışdı, gah solur, gah da min rəngə çalırdı, şirin-şirin 
xumarlanırdı, elə bil, hansı dağısa yüyürə-yüyürə düşmüşdü, qulaqları 
güyüldəyirdi... 
– Mehmanxanadan qabaq bir yerə getmişdin? – Morozov soruşdu. 
–Yox. 
– Veber səni soruşurdu. 
– Zəng eləyərəm. 
– Heç xoşuma gəlmirsən... Düzünü de, nə olub? 
– Elə bir şey deyil. Cenevrədə sərhəd çox möhkəm idi. Əvvəlcə oradan keçmək 
istəyirdim, sonra Bazelə gəldim. Gördüm, bura da çətindir. Ancaq birtəhər 
adladım. Hər gecə qarın-yağışın altında qaldım, soyuq dəydi. Tez keçə bilmədim, 
sətəlcəm haqladı. Belforda bir həkim xəstəxanaya düzəltdi. Elə elədi ki, bilən 
olmadı. Sonra on gün də evində saxladı. Gərək, pulunu göndərəm. 
– İndi yaxşısan? 
– Bir az. 
– Ona görə araq içmirsən?  
Ravik gülümsədi: 
– Bu söhbətlər nəyə lazımdır, Boris? Bir az yorulmuşam, gərək, buralara təzədən 
öyrəşəm. Düz sözümdür... Qəribədir, adam üzübəri yolda olanda nələr fikirləşmir?! 
Gəlib çatanda isə əksinə olur. 
Morozov əlini yellətdi, ata qayğısı ilə dedi: 
– Ravik, sən atan yerində olan Borislə oturmusan! O, insan ürəyinin mahir 
bilicisidir. Nala-mıxa döymə, ürəyində nə varsa, soruş, canımız da qurtarsın. 
– Yaxşı. Joan haradadır? 
– Bilmirəm. İki-üç həftədir ki, xəbərim yoxdur. Heç görməmişəm də... 
– Bəs ondan əvvəl? 
– Bir-iki dəfə səni soruşdu. Sonra onu da eləmədi. 
– İndi «Şəhrizad»da işləmir? 


 
157
– Yox, təxminən, beş həftədir çıxıb. Arada iki-üç dəfə gəldi, sonra ayağı tamam 
kəsildi.  
– Parisdə deyil? 
– Deyəsən, yoxdur. Parisdə olana oxşamır, yoxsa, hərdən «Şəhrizad»a gələrdi. 
– Harada işlədiyini də bilmirsən? 
– Deyəsən, filmə çəkilir. Asılqanda işləyən qadına deyib. Belə şeyləri sən yaxşı 
bilərsən. Bəhanədir də... 
– Bəhanə? 
– Əlbəttə, bəhanədir!–Morozov acı-acı güldü.–Bəhanə olmayanda nədir? Yoxsa, 
başqa cür gözləyirdin, Ravik? 
– Hə... 
Morozov susdu. 
– Gözləməklə bilmək ayrı-ayrı şeylərdir, – Ravik dilləndi. 
– Yalnız miskin romantiklər üçün elədir. Bu limonadı burax, əməlli şey iç. Heç 
olmasa kalvados götür. 
– Kalvados heç olmaz. Yaxşı, konyak içərəm, qoy ürəyin yerinə gəlsin. Lap elə 
kalvados da içərəm... 
–Bu, başqa məsələ! 
Pəncərələr... Damların mavi silueti .. Köhnəlmiş qırmızı divan. Çarpayı.. Ravik 
bilirdi ki, bunların hamısına dözməlidir. Divanın üstündə oturub siqaret çəkirdi. 
Morozov onun çamadanını gətirmiş, harada olacağını deyib getmişdi. 
Əynindəki köhnə pencəyi çıxarıb atmışdı. Sonra isti suda yuyunmuş, çoxlu-çoxlu 
sabunlanmışdı. Son üç ayın çirk-pasını canından çıxarmışdı, necə deyərlər, 
dərisindən qaşımışdı. Təmiz alt paltarı, ayrı pencək geymiş, üzünü qırxmışdı. Çox 
gec olmasaydı, hələ türk hamamına da gedərdi. Bütün bunlardan sonra xeyli 
gümrahlaşmışdı. Hələ çox şey eləyərdi, ancaq pəncərənin qabağında oturanda, 
qəflətən canına künc-bucaqdan qəribə bir boşluq dolmağa başladı... 
Bir qədəh kalvados süzdü. Şeylərinin arasındakı şüşənin dibində bir az qalıbmış. 
Onu, Joanla içdiyi axırıncı gecəni xatırladı, ancaq bu xatirələr ləzzət vermədi. 
Çoxdan olmuşdu... Öz-özünə bircə onu dedi ki, köhnədən qalıb, yaxşı 
kalvadosdur... 
Ay asta-asta evlərin damına qalxırdı. Çirkli həyət kölgəyə, gümüşü rəngli saraya 
dönürdü. Zərrə qədər fantaziya bu zirzibili gümüşə döndərirdi... Pəncərədən içəri 
gül ətri doldu. Kəskin qərənfil qoxusu idi. Əyilib pəncərədən aşağı baxdı. Alt 
mərtəbədəki pəncərəyə taxta güldan qoyulmuşdu. Bu güllər – əgər getməmişdisə – 
mühacir Vizenhofun idi. Ravik bir dəfə onun mədəsini yumuşdu. Ötən ilin milad 
bayramında... 
Şüşə boş idi. Onu çarpayının üstünə tulladı. Şüşə uzaqdan qara ləkəyə oxşayırdı. 
Ayağa durdu. Gözünü zilləyib çarpayıya niyə baxırdı? Qadın lazımdırsa, get, tap, 
gətir! Parisdə bundan asan heç nə yoxdur... 
Dar küçələrlə Etual meydanına tərəf getdi. «Yelisey çölləri» küçəsindəki qaynar 
həyatın dalğaları üz-gözünü qarsaladı. Geri döndü. Əvvəlcə iri, sonra asta 
addımlarla getdi. «Milan» mehmanxanasına gəlib çıxmışdı... 
– İşlər necədir?–deyə növbətçidən soruşdu. 
– Ah, müsyö, sizsiniz?! – Növbətçi ayağa durdu. – Müsyö çoxdan görünmürdü. 


 
158
– Bəli, bir az var... Parisdə deyildim.  
Növbətçi zirək baxışlarla onu süzdü: 
– Madam daha burada qalmır. 
– Bilirəm, çoxdan köçüb. 
Növbətçi arif adam idi, deməsələr də, ondan nə istədiklərini bilirdi: 
– Dörd həftədir, – dedi. – Dörd həftə bundan əvvəl köçdü. Ravik siqaret çıxardı. 
– Madam Parisdə deyil? 
– Kanndadır. 
– Ah, Kann! – Növbətçi əlini üzünə çəkdi. – Desəm ki, on səkkiz il əvvəl Nitsadakı 
«Rul» mehmanxanasında növbətçi işləmişəm, inanmayacaqsınız... Elə deyil? 
– Niyə? İnanıram. 
– Ayrı zəmanə idi. Nə qədər çaypulu olardı?! Müharibədən sonrakı ən gözəl günlər 
idi. Ancaq indi... 
Ravik də arif idi, açıq deməsə də, onun nəyə işarə vurduğunu bilirdi. Bir dənə 
beşfranklıq çıxarıb stolun üstünə qoydu. 
– Çox sağ olun, müsyö! Kefiniz kök, damağınız da çağ olsun... Siz lap cavan 
görünürsünüz, müsyö! 
– Özümü cavan kimi də hiss eləyirəm. Gecəniz xeyrə qalsın. 
Küçədə dayanmışdı. Mehmanxanaya niyə gəldi? İndi bircə o qalmışdı ki, 
«Şəhrizad»a gedib, keflənənə kimi vursun! 
Ulduz dolu göylərə baxdı. Gərək, sevinəydi ki, iş belə gətirdi. Uzun-uzadı, mənasız 
sorğu-sualdan canı qurtarmışdı. Belə olacağını özü də bilirdi, Joan da. Ən azı, sonu 
belə olmalıydı... Joan yeganə düzgün yolu seçmişdi. Sorğusuz-sualsız... Sorğu-sual 
ikinci dərəcəli şeylərdir. Duyum olan yerdə nə sorğu-sual? Əsas işdir, əməldir... 
Allaha şükür ki, hər şey çək-çevirsiz qurtardı. Allaha şükür ki, Joanın belə 
şeylərdən xəbəri yox idi. Onunku iş görmək idi. Gördü, qurtardı. Nə inciklik oldu, 
nə də küsüşmə... Onun özü də dayanmadı.. Elə isə burada niyə durmuşdu? Yəqin, 
havadan idi. Paris axşamının, may havasının toruna düşmüşdü, tərpənə bilmirdi. 
Bir də gecənin toru. Adam gecələr nədənsə başqa cür olur... 
Qayıdıb mehmanxanaya girdi: 
– Zəng vurmaq olar? 
– Əlbəttə, müsyö! Ancaq telefon köşkü yoxdur, olanımız bu aparatdır. 
– Eybi yoxdur. 
Ravik saatına baxdı. Çox güman ki, Veber xəstəxanada olardı. İndi axşam 
yoxlamasının vaxtı idi. 
– Doktor Veberi olar? – deyə o, tibb bacısından soruşdu. Deyəsən, qız təzələrdən 
idi, səsini tanımadı. 
– Xeyr. 
– Orada yoxdur? 
– Buradadır, ancaq işi var. 
– Gedin, ona deyin ki, Ravik telefona çağırır. Tez olun, təcilidir, gözləyirəm. 
– Yaxşı...–Qız tərəddüd elədi.–Deməyinə deyərəm, ancaq gəlməyəcək... 
– Baxarıq. Siz gedin deyin ki, Ravik çağırır.  
Veber o dəqiqə gəldi. 
– Ravik! Haradan zəng vurursunuz? 


 
159
– Parisdən. Bu gün gəlmişəm. Təşrih eləyirsiniz? 
–Bəli, iyirmi dəqiqədən sonra başlayıram. Kor bağırsaqdır, qəfil tutub. Sonra 
görüşək? 
– Özüm gələrəm. 
– Lap yaxşı! Bəs nə vaxt? 
– Elə indi. 
– Yaxşı, gözləyirəm.  
Veber: 
 
– Yaxşı arağım var, – dedi. – Bu da qəzetlər, tibb jurnalları... Dincəlin... 
– Əvvəlcə bir qədəh araq verin, sonra da xalat, əlcək... 
Veber diqqətlə onun üzünə baxdı: 
– Adicə kor bağırsaqdır, sizə yaraşan iş deyil. Tibb bacıları kömək eləyər, bircə 
dəqiqəyə qurtararam. Siz yorulmuş olarsınız... 
– Veber, əgər mənə yaxşılıq eləmək istəyirsinizsə, qoyun təşrihi eləyim. 
Yorulmamışam, özümü də yaxşı hiss eləyirəm. 
Veber güldü: 
– İşə başlamağa yaman tələsirsiniz. Yaxşı, necə istəyirsiniz... Başa düşürəm. 
Ravik əllərini yudu, tibb bacısı xalatı ona geydirib, əlcəkləri taxdı. Bu da 
cərrahiyyə otağı... Efir qoxulu havanı acgözlüklə ciyərlərinə çəkdi. Ejeni xəstənin 
başı üzərində dayanıb bihuşdarı verirdi. Çox qəşəng olan bir tibb bacısı da alətləri 
qaydaya salırdı. 
– Axşamınız xeyir, Ejeni!– Ravik salam vardi. Az qaldı dərman Ejeninin əlindən 
düşsüm. 
– Axşamınız xeyir, doktor Ravik, – dedi. 
Veber irişdi. Birinci dəfə idi ki, Ejeni ona doktor deyirdi. Ravik xəstəyə tərəf 
əyildi. Dümağ cərrahiyyə işığı yaman gur idi, ətrafda nə vardısa, hamısını, hətta 
beynindəki kənar fikirləri də udmuşdu. Bu işıqdan işgüzarlıq, soyuqluq, ayıqlıq 
yağırdı... Qəşəng tibb baçısının uzatdığı skalpeli aldı. Nazik əlcəkdən poladın buz 
kimi soyuqluğunu duydu! Tərəddüdlərlə dolu naməlum bir dünyadan aydın, dəqiq 
bir aləmə qayıtmaq nə gözəl imiş! Skalpeli ətə çəkdi. Nazik qan şırımı çözələndi... 
Birdən-birə hər şey adiləşdi. Qayıdandan sonra ilk dəfə əsl özü oldu. Gur işığın 
səsiz-səmirsiz xışıltısı... «Bu da ev!–ürəyindən keçirdi.–Axır ki, evdəyəm...» 
 
                                                                XIX 
Morozov onu görən kimi: 
– Buradadır,–dedi. 
– Kim? 
Morozov frakının qırışığını sığalladı: 
– Zarafatı burax, guya, bilmirsən kimi deyirəm? Sən gəl atan yerində olan Borisi 
küçənin ortasında özündən çıxarma! Elə bilirsən, ikicə həftənin içində üç dəfə 
«Şəhrizad»a niyə gəldiyini başa düşmürəm? Bir dəfə mavi gözlü, qara saçlı bir 
nazəninlə, iki dəfə də tək gəlmisən. İnsan çox zəif məxluqdur, yoxsa o bu qədər 
gözəl olardı?! 


 
160
– Cəhənnəm ol, çərənçinin biri çərənçi! Mənə indi möhkəm dayanmaq lazımdır, 
sən isə adamı alçaldırsan. 
– Deməsəm, yaxşı olardı? 
– Əlbəttə. 
Morozov geri çəkilib, iki amerikalını içəri buraxdı. 
– Onda qayıt, get, – dedi, – başqa vaxt gələrsən. 
– Təkdir? 
– Sən özün yaxşı bilirsən ki, yanında kişi olmasa, heç əlahəzrət knyaginyanı da 
içəri buraxmarıq. Bu sualın Ziqmund Freydin xoşuna gələrdi. 
– Sən nə bilirsən, Ziqmund Freyd kimdir?! Sərxoşsan... Şefin kapitan Çeçenidzeyə 
şikayət edəçəyəm... 
– Kapitan Çeçenidze o vaxtlar mən podpolkovnik olduğum polkda poruçik idi, 
oğul bala! O, bunu yadından çıxarmır. İstəyirsən, get, şikayət elə... 
– Yaxşı, qoy keçim. 
– Ravik!–Morozov ağır əllərini onun çiyninə qoydu.– Eşşək olma! Get o mavi 
gözlü nazəninə zəng elə, onunla buyur. Dünyagörmüş qoçanın ağıllı məsləhətinə 
qulaq as. Üzdən elə qiymətli sözə oxşamır, ancaq tutarlıdır. 
–Yox, Boris, – Ravik onun üzünə baxdı. – Elə kələklər burada keçmir. Heç özüm 
də istəmirəm. 
– Onda evə get. 
– İyli-qoxulu «Palma zalı»na? Yoxsa, yatdığım tövləyə?  
Morozov, Raviki buraxıb, taksi axtaran qadınla kişiyə köməyə getdi. Ravik onu 
gözlədi. 
– Sən, mən düşündüyümdən də ağıllı imişsən, yoxsa indi keçib oturmuşdun...– 
Morozov qızılı haşiyəli furajkasını peysərinə itələdi və yenə nəsə demək istəyəndə, 
əynində ağ smokinq olan sərxoş bir cavan oğlan qapıda göründü: 
– Cənab polkovnik, bir yarış maşını! 
Morozov növbəti taksinin sürücüsünə əl elədi, səndləyən oğlanı maşına oturtdu. 
– Niyə gülmədiniz?! – Oğlan təəccübləndi. – «Polkovnik»i yaman dedim... Elə 
deyil? 
– Yaxşı dediniz. Ancaq «yarış maşını» ondan da yaxşı çıxdı. 
Morozov geri qayıtdı: 
– Fikrimi dəyişdim, – dedi, – keç otur, tüpür getsin. Mən də olsam, gedərdim. Bu, 
nə vaxtsa olmalıdır, tez olsa, yaxşıdır. Qurtar getsin! Ya elə, ya da belə... Bəzən 
uşaq kimi hərəkət etmiriksə, demək, qocalmışıq. 
– Mən də fikrimi dəyişdim, başqa yerə gedəcəyəm.  
Morozov sevinclə ona baxdı: 
– Yaxşı, – dedi, – onda yarım saatdan sonra görüşərik 
– Bəlkə də, yox. 
– Bir saat olsun. 
İki saat sonra Ravik «Kloş djOr» meyxanasında oturmuşdu. Adam lap az idi. 
Aşağıdakı barda fahişələr tara düzülmüş tutuquşları kimi cərgə ilə oturub laqqırtı 
vururdular. Əllərində kokain tutmuş iki alverçi turist gözləyirdi. Yuxarıdakı zalda 
soğan şorbası yeyirdilər. Raviklə üzbəüz divanda iki lesbos qadın oturub «Şerri 
Brendi» içir, nəsə pıçıldaşırdı. Biri kişi kostyumu geyib, qalstuk bağlamış, gözünə 


 
161
monokl vurmuşdu. O birininsə özü kök, saçı qıpqırmızı idi və dar, çox yeri açıq, 
işıldayan paltar geymişdi. 
«Axmaqlığa bax! – Ravik ürəyindən keçirdi. – «Şəhrizad»a niyə girmədim? Nədən 
qorxuram? Kimdən qaçıram? Bilirəm, ona qarşı olan hisslərim daha da güclənib. 
Bu üç ayın ayrılığı onları boğa bilməyib, əksinə, daha da möhkəmləndirib. Artistlik 
eləməyim havayıdır. Qaranlıq döngələrdən sinə-sinə keçəndə, onun-bunun evində 
gizlənəndə, ulduzsuz qərib gecələrdən qəlbimə damcı-damcı tənhalıq süzüləndə, 
onlar mənim yeganə həmdəmim olub. Ayrılıq onları elə çoşdurub ki, Joan özü onu 
belə coşdura bilməzdi. Ancaq indi...» 
Boğuq bir qışqırtı onu xəyal dünyasından qopardı. Başı öz aləminə qarışanda, içəri 
bir neçə qadın girmişdi. Onlardan biri ağdərili zənciyə oxşayırdı, güclə ayaq üstə 
dayanırdı, başındakı gül taxılmış şlyapanı boynunun ardına itələmişdi və əlindəki 
mətbəx bıçağını tullayıb, yavaş-yavaş pilləkənlə aşağı düşürdü. Heç kəs onun 
qabağına durmadı. Pilləkənlə bir xidmətçi qalxırdı. Qadınlardan biri yuxarıda 
dayanmışdı və onun yolunu kəsdi: 
– Heç nə yoxdur, – dedi, – heçcə nə yoxdur. 
Xidmətçi çiyinlərini çəkib geri döndü. Ravik gördü ki, küncdəki qırmızıbaş qadın 
ayağa durdu. Həmin anda bayaq xidmətçinin yolunu kəsən qadın tələsik bara 
düşdü. Qırmızıbaş əlini ətli əndamına sıxıb dayanmışdı. Ehtiyatla iki barmağını 
qaldırıb, ora baxdı. Paltar deşilmişdi və yara aydınca bilinirdi. Dərisi görünmürdü. 
Görünən yalnız par-par parıldayan yaşıl paltarının altındakı yara idi. Qırmızıbaş 
diqqətlə ona baxır, sanki, gözlərinə inanmırdı. 
Ravik, qeyri-ixtiyari, yerində qurcuxdu, ancaq durmadı. Bir dəfə cəzasını 
çəkmişdi, bəsi idi. Kişi paltarı geymiş qadın qırmızıbaşı çəkib divana oturtdu. 
Həmin anda ikinci qadın, əlində bir qədəh araq, bardan qayıdırdı. Kişi paltarı 
geymiş qadın dizlərini divana dayayıb bir əli ilə qırmızıbaşın ağzını tutaraq, o biri 
ilə onun əlini yaranın ağzından çəkdi. İkinci qadın arağı yaraya tökdü. «Bu da 
dezinfeksiyanın primitiv növüdür», – Ravik ürəyindən keçirdi. Qırmızıbaş zarıdı, 
dartındı, ancaq o biri möhkəm tutmuşdu. Qadınların ikisi də stolun qabağını elə 
kəsmişdi ki, heç kim heç nə görmürdü. Hər şey birdən, özü də lap tez oldu, heç 
kim də heç nə hiss eləmədi. Həmin dəqiqə bir dəstə lesbos qadın və 
homoseksualist içəri doluşdu, sanki, iy bilmişdilər. Onlar küncdəki stolu dövrəyə 
aldılar, ikisi qırmızıbaşı qaldırıb qoluna girdi, qalanları onları dövrələdi, deyə-gülə 
meyxanadan çıxdılar, elə bil, heç nə olmamışdı. İçəridəkilərdən çoxu heç nə hiss 
eləmədi... 
– Gözəl səhnə idi, eləmi? – kimsə arxadan dilləndi. Xidmətçi idi. Ravik başını 
yırğaladı: 
– Nə olmuşdu? – deyə soruşdu. 
– Qısqanclıq! Bu pozğunlar lap qızışıb! Özü də bir dəstədir... 
– Bəs o birilər nə tez gəldilər? Əsl telepatiya idi. 
– Onlar iy bilir, müsyö! 
–Yəqin hansısa gedib zəng vurub. Ancaq yenə də... Heç bir dəqiqə çəkmədi. 
– Onlar iyi bilirlər. Özü də Əzrayılla şeytan kimi bir yerdə gəzirlər, biri o birini 
satmaz. Bunlarınkı bircə odur ki, polis qarışmasın, özləri öz aralarında düzəlişirlər. 
– Xidmətçi onun qədəhini götürdü. 


 
162
– Yenə gətirim? Nə içirdiniz? 
– Kalvados. 
– Oldu, bir qədəh də kalvados. 
Xidmətçi aralandı. Ravik başını qaldıranda gördü ki, Joan bir-iki stol o tərəfdə 
oturub. Xidmətçi ilə söhbət eləyəndə gəlmişdi. Yanında iki kişi vardı. Ravik ona 
baxan anda Joan da gözlərini qaldırdı və nəzərləri toqquşdu. Onun gündən 
qaralmış sifəti sapsarı oldu. Bircə saniyəliyə baxışlarını Ravikdən çəkmədən 
oturub qaldı, sonra sərt bir hərəkətlə stolu itələyib qalxdı, ona tərəf gəldi. Gələ-gələ 
də üzünün rəngi dəyişdi, bayaqkı ifadə əriyib yox oldu; üzü avazıdı, təkcə büllur 
təki aydın gözlər əvvəlki kimi ona zillənmişdi. Ravikə elə gəldi ki, bu gözlər heç 
vaxt belə işıldamayıb. Onlardan kin-küdurət yağırdı. 
– Demək, qayıtmısan... – deyə pıçıldadı, sanki, nəfəsi çatmırdı.  
Ravikə lap yaxın dayanmışdı. Bircə anlığa ona tərəf meyilləndi, sanki, qucaqlamaq 
istəyirdi. Ancaq qucaqlamadı, heç əl də uzatmadı. 
– Demək, qayıtmısan...–təkrar elədi. 
Ravik dinmədi. 
– Nə vaxt qayıtmısan?–Yenə bayaqkı kimi pıçıltı ilə soruşdu. 
– İki həftədir... 
– İki həftə! Mənimsə xəbərim yoxdur! Bəs yadına düşmədi ki... 
– Sənin yerini bilən olmadı. Nə mehmanxanada, nə də «Şəhrizad»da. 
– «Şəhrizad»da olmuşam axı! – O nədənsə dayandı.– Niyə məktub yazmırdın? 
– Yaza bilmədim. 
– Yalan deyirsən. 
– Yaxşı, istəmirdim... Qayıdaçağımı bilmirdim. 
– Yenə yalan danışırsan... Bu, bəhanə deyil. 
– Yox, qayıda da bilərdim, qayıtmaya da... Başa düşmək istəmirsən. 
– Yox, mən bircə onu başa düşürəm ki, qayıtdığın iki həftədir, ancaq mən yadına 
düşməmişəm. 
– Joan, – Ravik çox sakit danışırdı. – Sənin çiyinlərini gün Parisdə yandırmayıb... 
Xidmətçi qorxa-qorxa onlara sarı gəldi, gah Joana, gah da Ravikə baxdı. Bayaqkı 
səhnədən sümüyü səksənmişdi. Guya, təsadüfən stolun üstündəki artıq boşqabla 
çəngəl-bıçağı götürdü... Bu, Ravikin nəzərindən yayınmadı: 
– Hər şey qaydasındadır, – dedi. 
– Qaydasında olan nədir? – Joan soruşdu. 
– Heç nə... Bayaq burada bir hadisə oldu...  
Joan diqqətlə onun üzünə baxdı: 
– Sən qadın gözləyirsən? 
– Aman allah! Yox! Bayaq burada dalaşdılar, biri yaralandı. Bu dəfə qarışmadım... 
– Qarışmadın?! – Joan yenicə başa düşdü, rəngi dəyişdi. – Burada nə işin var?! 
Yenə tutacaqlar. İndi hər şeyi bilirəm, ikinci dəfə tutulanda altı ay verirlər. Aradan 
çıx! Sənin Parisdə olduğunu bilmirdim. Elə bilirdim, qayıtmayacaqsan... 
Ravik dinmədi. 
– Elə bilirdim, qayıtmayacaqsan...– O, yenə təkrar elədi. Ravik ona baxdı: 
– Joan... 
 


 
163
– Yox! Bunlar həqiqət deyil! Heç biri həqiqət deyil! Heç biri! 
– Joan! – Ravik bu sözləri ehtiyatla dedi: – Öz stoluna qayıt! 
Joanın gözləri doldu. 
– Öz stoluna qayıt, Joan! 
– Günahkar sənsən! – O hıçqırdı. – Sən! Sən özün! 
O, sərt bir hərəkətlə dönüb getdi. Ravik stolu bir az yana çəkib oturdu. Kalvadosla 
dolu qədəh gözünə sataşdı, götürüb içmək istədi, ancaq nədənsə içmədi, Joanla 
danışanda sakit idi. İndisə həyəcanlanmışdı. «Qəribədir...» – ürəyindən keçirdi. 
Sinəsindəki dərialtı əzələlər titrəyirdi. Niyə məhz onlar titrəyirdi? Qədəhi götürüb, 
diqqətlə əlinə baxdı. Titrəmirdi... Joan tərəfə baxmadan içdi. 
Yanından keçən xidmətçiyə: 
– Bir qutu «Kaporal» gətirin, – dedi. 
Siqaret yandırıb, kalvadosun qalanını içdi. Hiss elədi ki, Joan ona baxır. «Nə 
istəyir? – Ürəyindən keçirdi. – İstəyir, onun gözləri qabağında qüssədən içib sərxoş 
olum?!» İşarə ilə xidmətçini çağırıb, pulunu verdi. O qalxan anda Joan 
yanındakılardan biri ilə söhbətə başladı. Onların yanından keçəndə, başını da 
qaldırmadı. Gərgin bir təbəssümlə gülümsəyəndə üz-gözündən amansızlıq, 
soyuqluq yağırdı, heç bilinmirdi, nə istəyir... 
Ravik küçələri xeyli dolaşandan sonra gördü ki, yenə gəlib «Şəhrizad»a çıxıb. Onu 
görəndə Morozovun üzünə təbəssüm qondu: 
– Yaxşı dayandın, əsgər qardaş! Elə bilirdim, biryolluq getdin. Adamın 
peyğəmbərliyi üzə çıxanda kefi açılır! 
– Sevinməyə tələsmə. 
– Sən də tələsmə, gecikmisən. 
– Bilirəm... Görüşmüşük... 
– Nə? 
– «Kloş djOr» restoranında rastlaşdıq. 
– İşə bax!–Morozov lap çaşbaş qalmışdı. – Ana təbiətin də belə işlərindən 
keçməyəsən. 
– İşdən nə vaxt çıxırsan, Boris? 
– İndicə qurtarıram, adam qalmayıb. Gedim geyimimi dəyişim. Ona kimi içəri keç, 
böyüklərin hesabına bir az araq iç. 
– Yox, gözləyirəm.  
Morozov ona baxdı: 
– Özünü necə hiss eləyirsən? 
–Çox pis. 
– Elə bilirdin, başqa cür olacaq? 
– Hə. Adam həmişə nəsə başqa cür gözləyir... Get, geyimini dəyiş. 
Ravik divara söykəndi. Lap yanında gülsatan yaşlı qadın gülləri yığışdırırdı. Ona 
təklif eləmədi. Ürəyindən keçən özünə də gülünc gəlirdi, ancaq təklif eləsəydi, 
alardı. Bu isə o demək idi ki, qadın onun gül alacağına inanmırdı. Cərgə ilə 
düzülmüş evlərə baxdı. Pəncərələrin bəzilərindən hələ də işıq gəlirdi. Taksilər 
yavaş-yavaş o tərəf-bu tərəfə keçirdi. Özgə nə gözləyirdi? Belə olacağını 
əvvəlcədən bilmirdimi? Gözləmədiyi bircə o idi ki, Joan birinci başlayacaq. Niyə 
də başlamamalı idi? Birinci vuran qazanar, deyiblər... 


 
164
Xidmətçilər bir-bir çıxmağa başladı. Bütün gecəni qafqazlı olmuş, qırmızı rəngli 
çərkəzi çuxa, uzunboğaz çəkmə geymişdilər. İndi isə adicə yorğun adamlar idilər 
və Ravikə qəribə görünən gündəlik geyimdə yavaş-yavaş evlərinə dağılışırdılar. 
Lap axırda Morozov çıxdı. 
– Hara gedirik?–deyə soruşdu. 
– Bu gün hər yerdə olmuşam. 
– Onda gəl mehmanxanaya gedək, şahmat oynayaq. 
– Nə? 
– Şahmat oynayaq. Taxta fiqurlar adamın həm fikrini dağıdır, həm də diqqətini 
toplayır. 
– Yaxşı,–Ravik razılaşdı,–niyə də oynamayaq?! 
 
Ravik oyandı və o dəqiqə də hiss elədi ki, Joan otaqdadır. Qaranlıq idi, görə 
bilmirdi, ancaq hiss eləyirdi ki, gəlib. Otaq da, pəncərə də, hava da, hətta özü də 
başqalaşmışdı... 
– Oyun çıxarma,–dedi,–işığı yandır, yaxın gəl!  
Joan yerindən tərpənmədi, elə bil, heç nəfəs də almırdı. 
– Gizlənqaç oynama, Joan! 
– Yaxşı... – O, astadan dilləndi. 
– Onda yaxın gəl! 
– Bilirdin ki, gələcəyəm? 
– Yox, qapı həmişə açıq olur.  
Joan bir anlığa susdu, sonra: 
– Elə bilirdim, hələ qayıtmamısan,–dedi.–İstəyirdim... Elə bilirdim... Dedim, indi 
haradasa oturub içirsən... 
– Mən də elə bilirdim. Ancaq gəlib şahmat oynadım. 
– Nə? 
– Şahmat oynadım. Morozovla... Aşağıda, susuz akvariuma oxşayan zalda... 
– Şahmata bax!–O, bir az irəli gəldi.–Şahmat! Bu ki... Şahmatı elə adam oynayar 
ki... 
– Mən də elə bilirdim, ancaq oynadım. Hətta yaxşı oynadım, bir partiya da uddum. 
– Sən dünyanın ən soyuq, ən daşqəlbli adamısan! 
– Artistlik eləmə, Joan! Mənim özümün də artistlikdən xoşum gəlir, ancaq bu gün 
lazım deyil. 
– Artistlik eləmirəm. Mən bədbəxtlərin bədbəxtiyəm. 
– Yaxın gəl! Bunları da bir tərəfə qoyaq... Adam bir az bədbəxt olanda artistlik 
eləməyi yaxşıdır. Mən bir kişi tanıyırdım, arvadı ölən dəqiqədən torpağa qoyulana 
kimi öz otağına çəkilib, şahmat məsələsi həll elədi. Hamı ona daşürəkli deyirdi, 
ancaq bircə mən bilirdim ki, arvadını dünyada hər şeydən çox istəyirdi. Sadəcə 
olaraq, nə edəcəyini bilmir, gecə-gündüz şahmat məsələsi həll eləyirdi ki, onu 
yadından çıxara bilsin... 
Joan indi düz otağın ortasında dayanmışdı: 
– Sən də ona görə oynayırdın? 
– Yox! Dedim ki, başqası idi. Sən gələndə yatırdım. 
– Hə, yatmışdın! Yata da bilirsən...  


 
165
Ravik yerin içində dirsəkləndi: 
– Arvadını itirən başqa bir kişi də tanıyırdım. Üzüqoylu yıxılıb, iki gün, iki gecə 
yatdı. Arvadın anası yaman özündən çıxmışdı. Başa düşmürdü ki, adam 
bədbəxtlərin bədbəxti olanda da həmin bədbəxtliyə yaraşmayan işlər görə bilər. 
Görürsənmi, bədbəxtliyin ölçüsü nə olub?! Gəlib görsəydin, ağlım başımda deyil, 
sərxoşam, onda hər şey təbii olardı. Ancaq şahmat oynamağım, sonra da yatmağım 
o demək deyil ki, daşürəkliyəm. İndi aydın oldu? 
Nəsə yerə dəyib çilik-çilik oldu. Joan gülqabını götürüb döşəməyə çırpmışdı. 
–Eybi yoxdur, onsuz da ondan zəhləm gedirdi. Ehtiyatl1ı ol, qırıqları ayağına 
batar... 
Joan ayağı ilə şüşə qırıqlarını yana itələdi: 
– Ravik, – dedi, – niyə belə eləyirsən? 
– Doğrudan, niyə eləyirəm? Özüm özümə ürək-dirək verirəm... Elə deyil, Joan? 
Üzünü tez Ravikə tərəf çevirdi: 
– Oxşayır.. Ancaq səndən baş açmaq çətin məsələdir. 
O, döşəməyə səpələnmiş şüşə qırıqlarının arasından ehtiyatla keçib, çarpayının 
ayaq tərəfində oturdu. Hava işıqlanmışdı və Ravik onun sifətini aydınca seçirdi. İşə 
bax, orada yorğunluqdan əsər-əlamət yox idi! Əksinə, cavan görünürdü, təravətli 
idi. Əynində təzə plaş vardı və «kloş d´Or»a geydiyi paltarı da dəyişmişdi. 
– Elə bilirdim, heç vaxt qayıtmayacaqsan, Ravik! 
– Hə, çox çəkdi, tez qayıda bilmədim. 
– Niyə məktub yazmadın? 
– Xeyri olardı? 
Joan baxışlarını başqa səmtə döndərdi: 
– Yazsan, yaxşı olardı... 
– Qayıtmasam, daha yaxşı olardı. Ancaq neyləyim, başqa ölkədə, başqa şəhərdə 
qərar tuta bilmirəm. İsveçrə çox balacadır, qalan ölkələr də faşistlərlə doludur. 
– Bura da... polislə... 
– Polis elədir ki, həmişəki kimi, tuta da bilər, tutmaya da... Bu da bir təsadüf idi, 
haqqında fikirləşməyə dəyməz. 
Ravik siqaret qutusunu götürdü. Yaxındakı stolun üstündə idi. Bir az iri, rahat stol 
idi, üstünə kitab, siqaret, başqa şeylər qoyurdu. Adətən, çarpayıların yanına 
qoyulan dolabçalardan, ayaqları diyircəkli, üstü süni mərmərdən düzəldilmiş alçaq 
stollardan zəhləsi gedirdi. 
– Mənə də siqaret ver,–Joan dilləndi. 
– İçmək istəyirsən?–Ravik soruşdu. 
– Hə. Ancaq sən durma, özüm gətirərəm. 
Şüşəni gətirib qədəhləri doldurdu. Birini Ravikə verdi, birini də özü içdi. İçəndə, 
plaş sürüşüb çiyinlərindən düşdü. Ravik getdikcə işıqlaşmağa başlayan 
alaqaranlıqda onun əynindəki donu gördü. Antibə gedəndə aldığı idi. Niyə bunu 
geymişdi? Ona aldığı yeganə paltar idi. O haqda heç düşünməmişdi. Heç 
düşünmək də istəmirdi... 
– Səni görəndə... Ravik... birdən... quruyub qaldım.. qurudum. Çıxıb gedəndə... elə 
bildim, səni heç vaxt... görməyəcəyəm. Yox... o dəqiqə yox... Əvvəlcə gözlədim ki, 
bəlkə, qayıdasan. Elə bilirdim, mütləq qayıdaçaqsan... Niyə qayıtmadın? 


 
166
– Nəyə görə qayıtmalıydım? 
– Qayıtsan, səninlə gələrdim. 
Ravik bilirdi ki, yalan deyir, ancaq üstünü vurmadı. Birdən-birə hər şeyi unutmaq 
istədi. Ağlına gətirməzdi ki, onun gəlişi ilə belə yumşalacaq. Nəyə gəldiyini, nə 
istədiyini bilmirdi, ancaq bu gəliş onu, qəribə də olsa, sakitəşdirdi, yumşaltdı. «Bu, 
nədir? – ürəyindən keçirdi. – Yenə başlandı? Yenəmi öz dünyasından qopurdu? 
Yenəmi qanı kükrədi, xəyalı çoşdu, o tilsimli qaranlıq aləmə düşdü?! 
– Elə bildim, məni həmişəlik atırsan, – Joan dilləndi. – Doğrudan da, atmaq 
istəyirdin. Düzünü de! 
Ravik dinmədi. Joan diqqətlə onun üzünə baxdı: 
– Özüm bilirdim, – deyə inamla təkrar etdi. 
– Kalvadosdan bir qədəh də ver. 
– Kalvados idi? 
– Hə. Hiss eləmədin? 
– Yox! – Joan qədəhləri dolduranda, bir əli ilə şüşəni tutdu, o biri əlini isə Ravikin 
sinəsinə qoydu. Ravik sinəsində ağırlıq duydu. Joan öz qədəhini götürüb içdi. 
– Hə, kalvados imiş! – Yenə Ravikin üzünə baxdı:–Yaxşı ki, gəldim. Belə 
olacağını bilirdim. Yaxşı ki, gəldim... 
Hava işıqlaşırdı. Açılan pəncərələrin asta tıqqıltısı eşidilirdi. Səhərin xəfif mehi 
içəri süzülürdü. 
– Gəlməkdə yaxşı elədim? – Joan soruşdu. 
– Bilmirəm, Joan.  
Joan ona tərəf əyildi: 
– Bilirsən... Bilməlisən! 
O qədər əyilmişdi ki, saçları Ravikin çiyinlərinə dağılmışdı. Bu saçlara baxırdı. 
Tanış mənzərə idi. Həm doğma idi, həm də yad... Gah dəyişir, gah da eyni olurdu... 
Gördü ki, üzünün dərisi qabıq qoyub. Gördü ki, üst dodağının qırmızı boyası xal-
xal olub. Gördü ki, sir-sifətini diqqətlə boyamayıb... Bütün bunları onun sifətindən 
görürdü. Joanın üzü az qalırdı onun üzünə toxunsun, bütün dünyanın qabağını 
kəsmişdi. Ravik ondan başqa heç nə görmürdü. Təkcə onu görürdü və bilirdi ki, 
onu belə sirli-soraqlı eləyən özünün vurğun könlüdür. Bilirdi ki, bundan da qəşəng, 
bundan da ağıllı, bundan da saf üzlər var. Ancaq onu da bilirdi ki, başqa üz yox, 
məhz bu üz onun qəlbinə hakim kəsilib. Bu hakimliyi də ona özü vermişdi! 
– Hə, – dedi, – yaxşı ki, gəldin. O da yaxşı idi, bu da yaxşıdır... 
– Dözə bilməzdim, Ravik! 
– Nə? 
– Məni atmağına dözə bilməzdim. Tamam atmağına... 
– İndicə özün dedin ki, qayıdacağıma inanmırdın. 
– Bu, başqa şeydir. Ayrı ölkədə qalsaydın, belə olmazdı Onda ayrı düşmüş olardıq. 
Nə vaxtsa sənin yanına gedə bilərdim. Ya da heç olmasa, bu ümidlə yaşayardım... 
Ancaq burada, bir şəhərdə... Başa düşmürsən? 
– Düşürəm. 
Joan dikəlib, saçlarını geri atdı: 
– Məni yalqız qoymağa ixtiyarın yoxdur! Sən mənə çavabdehsən! 
– Yalqız qalmısan? 


 
167
– Sən mənə cavabdehsən, – deyə Joan gülümsədi. 
Ravik bircə anlığa bu sözlərə, bu təbəssümə görə ona nifrət elədi. 
– Boş-boş danışma, Joan! 
– Yox, cavabdehsən! Elə o vaxtdan... Sən olmasaydın... 
 
– Yaxşı, yaxşı, Çexoslovakiyanın işğal olunmasına da cavabdeh mənəm. Daha 
bəsdir, qurtar! Hava işıqlaşır, indicə gedəcəksən. 
– Nə? – Joan diqqətlə onun üzünə baxdı. – Qalmağımı istəmirsən? 
– Yox! 
– Belə de...–pıçıltı ilə deyən Joan birdən əsəbiləşdi: – Demək, belə oldu! Məni 
daha sevmirsən... 
– İlahi, bircə bu çatmırdı! Bu üç ayda hansı axmaq sənin ağlını oğurlayıb? 
– Axmaq deyildi! Bəs neyləyəydim? Bütün günü mehmanxada oturub divarlara 
baxa-baxa dəli olaydım? 
Ravik bir az dikəldi: 
– Etiraf lazım deyil. Məqsədim nəyisə etiraf elətdirmək deyildi. İstəyirdim, 
söhbətin səviyyəsini bir az qaldırım... 
Joan gözlərini döyə-döyə ona baxırdı. Dodaqları büzülmüş, gözləri qıyılmışdı: 
– Niyə həmişə mənə acıqlanırsan? Başqaları heç belə eləmir, təkcə sən hər şeyi o 
dəqiqə problemə çevirirsən. 
– Elədir, – deyə Ravik kalvadosdan bir qurtum alıb, təzədən uzandı. 
– Doğru sözümdür! Adam, bilmir səninlə necə dolansın. Onu məcbur eləyib, 
istəmədiyi şeyləri danışdırırsan, sonra da acıqlanırsan... 
Ravik dərindən nəfəs aldı. Bir az bundan qabaq nə fikirləşmişdi? Zülmət kimi 
qaranlıq məhəbbət aləmi, aşıb-daşan xəyal dünyası – hansı tərəfə istəsən, çəkərsən! 
Bunu insanlar özü eləyir. Həmişə də özləri eləyib! Onlar bütün arzu və xəyalları 
çilik-çilik eləməkdə mahirdirlər. Əllərindən özgə nə gəlir? Doğrudan da, dünyanın 
ən gözəl məxluqu, həm də ən bəxtiqarası neyləyə bilər? Haradasa yerin altında 
böyük bir maqnit gizlənib, üstündə isə rəngarəng fiqurlar gəzişir və elə bilirlər ki, 
hərəsinin öz arzusu, öz taleyi var... Belə olan halda neyləyə bilərsən?! O da həmin 
insanlardan biri deyildimi?! Özü də ən inamsızı və hər şeyin belə olacağını bilə-
bilə miskin bir ehtiyatın, ucuz bir kinayənin quyruğundan yapışıb durmuşdu... 
Joan çarpayının ayaq tərəfində büzüşüb oturmuşdu. Gah nəyəsə acığı tutmuş evdar 
qadına, gah da başqa planetdən uçub gəlmiş, hələ də buralara uyuşmayan bəni-
insana bənzəyirdi. Dan yeri sökülmüşdü və günəşin qızılı şəfəqləri onun üstünə 
düşürdü. Yenicə açılmış səhərin təmiz havası iyli-qoxulu həyətlərdən keçib, hisli-
qurumlu damlardan aşaraq pəncərədən içəri dolur, özü ilə meşə, həyat ətri 
gətirirdi... 
– Joan! – Ravik sükutu pozdu. – Niyə gəldin, Joan?! 
– Niyə soruşursan? 
– Hə, doğrudan, niyə soruşuram? 
– Niyə sən həmişə nəsə soruşursan? Gəlmişəm, bu, bəs deyilmi? 
– Düz deyirsən, Joan, bəsdir. 
Joan başını qaldırdı: 


 
168
– Axır ki, mən deyənə gəldin! Ancaq qabaqca, gərək, adamın bütün sevincini 
əlindən alasan! 
Sevinc! Buna sevinc deyir! Qara yellərin adamı qabağına qatıb çöllərə salmasına, 
bu yellərin caynağından qurtarmaq arzusuna sevinc demək olarmı? Sevinc bayaq 
bircə anlığa bayırda oldu: günəş yer üzünü nura bələməmişdən qabaq onca 
dəqiqəlik sükut çökdü, səhər şehi düşdü... Qoy cəhənnəm olsun, bunlar kimə lazım 
idi? Joan haqlı deyildimi? O da bu səhər şəbnəmi, qaranquşlar, külək, damarlarda 
axan qan kimi haqlı deyildimi? Niyə onu sorğu-suala tutmuşdu? Öyrənmək istədiyi 
nə idi? İndi yanında idi, pərvanə kimi uçub onun otağına qonmuş, gəlib çiçək kimi 
onun otağında açılmışdı, tovuz quşu kimi cilvələnirdi. O isə yanı üstə yıxılıb onun 
qanadlarındagı xalları, yarıqları sayırdı, gözlərini döyə-döyə rəngdən-rəngə düşən 
sifətinə baxırdı. «Özü gəldi... Və elə özü gəldiyi üçün də mən mənasız yerə özümü 
dartıram, – deyə ürəyindən keçirdi. – Ancaq gəlməsəydi, uzanıb bütün gecəni 
fikirləşərdim, qəlbimin hansı guşəsindəsə oğrun-oğrun onun gəlməsini arzulaya-
arzulaya güclə özümü aldadardım ki, istəmirəm!» Adyalı kənara tullayıb qalxdı, 
çəkələklərini ayağına keçirdi. 
– Niyə durdun? – Joan heyrətləndi. – Məni bayıra atacaqsan? 
– Yox, öpəcəyəm! Bunu çoxdan eləməli idim! Nə yaxşı ki gəldin, Joan 
Joanın gözləri parıldadı: 
– Məni öpmək üçün qalxmaq lazım deyil,–dedi. 
 
Səhərin al şəfəqləri evlərin damına sancılmışdı. Səma tutqun mavi rəngə çalırdı. 
Ənginliglərə doğru sürünən bir-iki topa bulud yatmış flaminqolara oxşayırdı... 
– Bir ona bax, Joan, gör nə gözəl gündür! O leysan yağışlar yadındadır? 
– Hə, yaman yağırdı, əzizim. Hava heç açılmırdı, bütün günü yağırdı. 
– Yağışlar mən gedəndə başlamışdı. Sənin bütün ümidlərini də alt-üst eləyən o 
yağışlar olub. Ancaq indi... 
– Hə, indi... 
Joan ona lap yaxın uzanmışdı. 
– İndi hər şey təzədən qayıdıb. Hətta bağımız da var. Mühacir Vizenhofun 
pəncərəsi önündəki qərənfilləri deyirəm. Həyətdəki şabalıd ağaclarının 
budaqlarında quşlar nəğmə deyir... 
Gördü ki, Joan ağlayır. 
– Niyə məndən heç nə soruşmursan, Ravik? 
– Son vaxtlar sənə çox sual verirəm. İndicə özün demədin? 
– Bunlar ayrı sualdır. 
– Soruşmağa heç nə yoxdur. 
– Sən gedəndən sonra olan şeyləri soruş. 
– Heç nə olmayıb... 
Joan başını buladı. 
– Məni nə hesab elayirsən, Joan?! Bir bayıra bax! Gör neçə rəngə çalır! Qırmızı, 
qızılı, mavi... Günəş çıxanda heç soruşarmı dünən yağıb? Çində, ya İspaniyada 
müharibə olub? Həmin anda neçə min adam qırılıb, neçə min adam dünyaya gəlib? 
Günəş çıxıb, bu, hər şeyə dəyər! Sən də deyirsən, sual verim?! Sənin çiyinlərin 
onun işığında tunca dönüb, mən də sənə sual verim? Onun al şəfəqlərində sənin 


 
169
gözlərin qədim yunanların dənizinə bənzəyir, gah bənövşəyi, gah da min cür şərab, 
rənginə çalır, mən də olub-keçmiş hadisələri soruşum?! Sən yanımda ola-ola 
səfehlik eləyib, keçmişin xəzəl kimi saralmış xatirələrini təzədən oyadım?! Məni 
nə hesab eləyirsən, Joan?! 
Joan daha ağlamırdı: 
– Çoxdan belə sözlər eşitmirdim, – dedi. 
– Demək, indiyə qədər balqabaqlarla oturub-durmusan. Qadına ya səcdə eləmək, 
ya da onu biryolluq atmaq lazımdır! Qalanları yalan şeydir! 
Joan yuxuya getmişdi. Raviki elə qucaqlamışdı ki, deyərdin, onu heç vaxt 
buraxmayacaq. Dərin yuxuya getmişdi və onun ilıq, ahəngdar nəfəsi Ravikin 
sinəsini qıdıqlayırdı. O, xeyli oyaq qaldı. Mehmanxana yavaş-yavaş oyanırdı. Su 
şırıldayır, qapılar taqqıldayır, aşağıdan mühacir Vizenhofun öskürək səsi eşidilirdi. 
Joanın çiyinləri Ravikin qolları arasındaydı, onun hərarətli dərisi hərdən titrəyirdi 
və əgər başını bir az qaldırsaydı, onun saf, məsum sifətini görərdi. O elə məsum idi 
ki, elə bil, günahsız körpə idi. «Səcdə eləmək, ya da atmaq!..» – deyə ürəyindən 
keçirdi. Böyük sözlər idi. Kimin buna gücü çatardı? İndi bunları eləmək istəyən 
tapılardımı?! 
 
                                                            XX 
 
Ravik oyandı. Joan yanında yox idi. Vanna otağında su şırıldayırdı. Ravik dikəldi, 
o dəqiqə də tamam ayıldı. Son aylar buna təzədən öyrəşmişdi. «Tez ayılan tez 
qaçar»,– deyiblər. Saata baxdı. On idi. Joanın paltarı ilə plaşı yerdəydi. Zərli 
ayaqqabıları pəncərənin qabağında qalmışdı. Biri yanı üstə çevrilmişdi... 
– Joan! Gecə vaxtı çimirsən?  
Joan qapını açdı: 
– Bağışla, səni oyatdım. 
– Eybi yoxdur, yatmağa vaxt tapılar. Niyə durmusan?  
Joanın başına qoyduğu çimərlik papağından su damcılayır, çiyinləri işım-işım 
işıldayırdı. Başına dəbilqə qoymuş amazonkaya oxşayırdı. 
– Mən daha yarasa deyiləm, Ravik, «Şəhrizad»dan çıxmışam. 
– Bilirəm. 
– Kim deyib? 
– Morozov. 
Joan sınayıcı nəzərlərlə ona baxdı: 
– Morozov çoxdanın qarayaxanıdır. Özgə nə deyib? 
– Heç nə. Deməyə nəsə var ki? 
– Yox, mən elə iş tutmaram ki, qapıçıların dilinə düşsün. Onlar da asılqanda 
işləyən qadınlar kimidir, ağızlarını allah yoluna qoyurlar... 
– Morozovla işin olmasın. Gecə restoranlarının qapıçıları ilə həkimlər peşəkar 
bədbinlərdir. Onları yaşadan həyatın qara günləridir. Ancaq ağızlarını allah yoluna 
qoymaz, onun-bunun sözünü danışmazlar. 
– Yenə həyatın qara günləri... Ondan kimin xoşu gəlir? 
– Heç kimin. Ancaq çox adam elə bu qara günlərdə yaşayır. Bunlar bir yana, onda 
səni «Şəhrizad»a düzəldən Morozov olub. 


 
170
– Buna görə ömrüm boyu onun qabağında qul kimi dayanmalıyam? Kimin başını 
aşağı elədim? Puluma minnət, yoxsa, bircə gün də saxlamazdılar. Bir də ki onu 
mənə yox, sənə görə eləyib. 
Ravik siqaret çıxardı: 
– Morozov sənə neyləyib axı? 
– Heç nə! Ancaq ondan xoşum gəlmir. Adama birtəhər baxır. Mən ona inanmıram. 
Sən də inanma! 
– Nə? 
– Ona çox da bel bağlama. Özün bilirsən ki, Fransadakı bütün restoran qapıçıları 
polisə işləyir. 
– Elə bu?!–Ravik heç əhvalını pozmadı. 
– Əlbəttə, mənə inanmayacaqsan, ancaq «Şəhrizad»da hamı bilirdi. Kim bilir, 
bəlkə də, elə o, səni... 
– Joan! – Ravik adyalı tullayıb qalxdı. – Boş-boş danışma! Sənə nə olub? 
– Heç nə! Nə olmalıdır ki? Ondan zəhləm gedir, vəssalam. Adamı tez yoldan 
çıxarır. Sən də onunla canbir qəlbdəsən. 
– Belə de... Hamısı buna görə imiş...  
Joan birdən gülümsədi: 
– Hə, ona görədir. 
Ravik hiss elədi ki, təkcə buna görə deyil, arada başqa şey də var. 
– Səhər yeməyinə nə istəyirsən?–deyə soruşdu. 
– Acığın tutdu? – Joan cavab əvəzinə soruşdu. 
– Yox. 
Joan vanna otağından çıxdı və gəlib əlini onun çiyninə qoydu. Əynindəki nazik 
pijamadan onun yaş ətini hiss elədi, bütün bədənini, damarlarından axan qanını 
duydu. 
– Səni dostlarına qısqanmağıma acığın tutdu? – deyə bir də soruşdu. 
Ravik başını buladı. Yenə dəbilqə... Amazonka... Dalğalar qoynundan çıxmış su 
pərisidir, pambıq kimi yumşaq dərisindən su ətri, gənclik qoxusu gəlir... 
– Əlini çək, – dedi. 
Joan dinmədi. Yenə o yanaqlar, o ağız, çatma qaşlar və bir də pijamanın açıq 
yerindən sinəsinə yol axtaran döşlər... 
– Əlini çək, yoxsa... 
– Yoxsa neyləyərsən?! 
 
Açıq pəncərənin qabağında bir arı vızıldayırdı. Ravik baxışları ilə onu izlədi. 
Yəqin, onu bura mühacir Vizenhofun qərənfilləri çəkib gətirmişdi, indi isə ayrı gül 
axtarırdı. Arı içəri girib, pəncərənin qabağındagı boş qədəhin üstünə qondu. 
– Məndən ötrü darıxırdın? – Joan soruşdu.  
– Hə. 
– Çox? 
– Hə. 
Arı qalxdı, bir xeyli qədəhin başına dolandı. Sonra açıq pəncərədən çıxıb, günəşə 
sarı – Vizenhofun qərənfillərinə tərəf uçdu. 


 
171
Ravik Joanın yanında uzanmışdı. «Yay gəlib, – deyə fikirləşirdi. – Yay gəlib, yenə 
çəmənlərə şeh düşüb, Joanın saçlarından qurumuş otların ətri, dərisindən isə yonca 
qoxusu gəlir». Ona həyat verən qanı sakit-sakit axan çay kimi damarları ilə yuxarı 
qalxır, ağına-bozuna baxmayıb, bütün sahilləri basır, göllənir və onun sularında 
təbəssümlü bir sifət əks olunurdu. Sanki, birçə anlığa hər şey canlanır, su həsrətli 
ağcaqayınlar, qovaq ağacları çiçək açır, sonra sükut çökürdü. Yalnız həzin bir 
pıçıltı eşidilirdi, elə bil, uzaq-uzaq ənginliklərin əks-sədası idi, damarlarından axan 
qanı dalğalandırırdı... 
– Sənin yanında qalmaq istəyirəm! – Joan başını onun çiyninə qoymuşdu. 
– Qal! Yatarıq... Az yatmışıq... 
– Yox, getməliyəm. 
– Bu bayırlıq paltarında hara gedəcəksən? 
– Paltar gətirmişəm. 
– Harada gətirmisən? 
– Plaşın altından geymişdim. Ayaqqabım da var, çantamdadır. Hə şey 
götürmüşəm... 
O, hara gedəcəyini demədi. Nə üçün getdiyini də bildirmədi. Ravik də heç nə 
soruşmadı... 
Arı təzədən qayıtdı. İndi boş-boşuna fırlanmadı, birbaşa qədəhə sarı uçdu, ona 
qondu. Deyəsən, onun da kalvadosdan başı çıxırdı. Ya da şirnisi xoşuna gəlmişdi... 
– Gələndə qalacağını dəqiq bilirdin? 
– Hə...–Joan qımıldanmadan cavab verdi. 
 
Rolanda məcməyidə şüşə və qədəh gətirdi. Ravik etiraz etdi: 
– İçməyəcəyəm. 
– Araq istəmirsən? «Zubrovka»dır. 
– Bu gün istəmirəm. Qəhvə gətir, tünd olsun. 
– Yaxşı. 
Mikroskopu yerə qoyub siqaret yandırdı, pəncərənin qabağına gəldi. Çinarların 
yarpaqları irilənmiş, yamyaşıl olmuşdu. Axırıncı dəfə bura gələndə, onlar tamam 
keçəl idi... 
Rolanda qəhvə gətirdi. 
– Qızlarınız çoxalıb, Rolanda. 
– Bəli, iyirmi nəfər... 
– Alver hələ yaxşı gedir ki? İndi iyun ayı deyil?  
Rolanda onun yanında oturdu: 
– Müştəri o qədər çoxalıb ki, lap başımızı itirmişik. Deyəsən, camaatın ağlı çaşıb. 
Günortadan sonra dolu olur. Axşamlar isə... 
– Bəlkə də, havadandır. 
– Yox, havadan deyil. May, iyun aylarında heç vaxt belə olmayıb. Bu da dəliliyin 
bir növüdür. Bara baxsan, gözlərinə inanmazsan. Heç ağlına gətirərdin ki, 
fransızlar gəlib burda «Şampan» sifariş verəcəklər? 
– Xeyr! 


 
172
– Əcnəbilər heç, onlar həmişə alıblar. Bəs fransızlar? Özü də parisli ola?! 
«Şampan»! Pulunu da özləri verir! Daha «Dübene», «Fine», pivə içən yoxdur. 
İnanmırsan? 
– Görməsəm, inanmaram. 
Rolanda qəhvə süzdü: 
– Nə qədər müştəri olar? Adam lap başını itirir. Aşağı düşəndə özün görəcəksən. 
İndidən gəlib dolublar. Özü də həmişə sənin gəlişini güdən peşəkarlar deyil, ayrı 
dəstədir. Bu adamlara nə olub, Ravik? 
Ravik çiyinlərini çəkdi: 
– Sulara qərq olan okean gəmisi haqqındakı əhvalat yadıma düşdü. 
– Xeyr, biz sulara qərq olmuruq. Əksinə, işlərimiz yağ kimi gedir. 
Qapı açıldı. İyirmi bir yaşlı, cavan oğlanlar kimi şax qamətli, əyninə çəhrayı rəngli 
qısa ipək paltar geymiş Ninetta içəri girdi. Mələk sifətli bu qız «Firma»nın ən yaxşı 
fahişələrindən hesab olunurdu. Əlindəki məcməyidə çörək, yağ və iki bölmə cem 
gətirmişdi. 
– Madam eşidib ki, doktor qəhvə içir, – o, boğuq səslə dedi. – Deyir, cemin dadına 
baxsın. Özü hazırlayıb. – Ninetta irişdi və onun mələk sifəti birdən-birə küçə 
uşaqlarının sırtıq sifətinə oxşadı. Məcməyini stolun üstünə qoyub, yırğalana-
yırğalana çıxdı. 
 
– Görürsən?! – Rolanda köks ötürdü. – O dəqiqə sırtılırlar. Bilirlər ki, işimiz 
onlardan keçir. 
– Elədir. Ançaq indi sırtılmayıb nə vaxt sırtılacaqlar? Bunlar nə cemidir? 
– Madamın fəxridir! Özü düzəldir, Riverada bostanı var. Doğrudan, yaxşıdır. 
Dadına baxmaq istəmirsən? 
– Cemdən zəhləm gedir. Xüsusilə, onu milyonçular düzəldəndə... 
Rolanda şüşə qapağı açıb cemdən iki-üç qaşıq götürdü, qalın kağızın üstünə qoydu, 
yanına bir az yağ, iki-üç dilim çörək əlavə elədi, sonra hamısını bir yerdə büküb 
Ravikə uzatdı: 
– Yolda atarsan, – dedi, – xətrinə dəyməsin. Sən gedəndən sonra mütləq soruşacaq. 
Qocalmağa başlayan bir qadının son təsəllisidir. Onun xəyal dünyası çoxdan 
dağılıb. Hörmət xatirinə götür! 
– Yaxşı! – Ravik durub qapını açdı. Aşağıdan müxtəlif səslər, musiqi, gülüş, 
qışqırtı eşidilirdi. – Nə çox səs-küy var? Fransızlardır? 
– Fransızlar deyil. Çoxu əcnəbidir. 
– Amerikalı? 
– Ən qəribəsi də odur ki, elə deyil. Çoxu almandır. İndiyə kimi bura bu qədər 
alman gəlmirdi. 
– Burada qəribə heç nə yoxdur. 
– Çoxu da fransızca lap yaxşı danışır. Bir-iki il bundan qabaqkı almanlar hara, 
bunlar hara... 
– Belə olacağını bilirdim. Əsgərlər də çox gəlir? Çağırışçılar, müstəmləkədən 
gələnlər... 
– Onlar həmişə gəlirlər.  
Ravik başını yırğaladı: 


 
173
– Almanlar yaxşı pul xərcləyir, elə deyilmi?  
Rolanda güldü: 
– Kimin könlündən içmək keçirsə, qonaq eləyirlər. 
– Deyəsən, bunlar ayrı əskərlərdir. Almaniyada valyuta məsələsi qəlizləşib, bütün 
sərhədlər də bağlıdır. Bir yana getmək üçün hökumətdən icazə almalısan. On 
markadan artıq götürməyə də qoymurlar. Doğrudan da, bu şən, pullu almanların 
fransızca belə sərbəst danışması qəribədir, elə deyilmi? 
Rolanda çiyinlərini çəkdi: 
– Nə bilim, təki pulları saxta olmasın. 
Evə saat doqquza işləyəndə çatdı. 
– Mənə zəng vuran olub? – deyə qapıçıdan soruşdu. 
– Xeyr. 
– Günortadan sonra da? 
– Xeyr, bu gün heç kəs zəng eləməyib. 
– Gəlib soruşan necə?  
Qapıçı başını buladı: 
– Heç kim gəlməyib. 
Ravik pilləkənlərlə yuxarı qalxdı. Birinci mərtəbədə ər-arvad Qoldberqlər yenə 
deyişirdi. İkincidə isə uşaq ağlayırdı. Bu, Fransa vətəndaşı Lüsyen Zilberman idi. 
Atası Ziqfrid Zilberman qəhvə alverçisi idi, qızlıq familiyası Levi olan anası frau 
Nelli Frankfurt-Maynda doğulmuşdu. Uşaq onlar üçün müqəddəs olduğu qədər də 
yaxşı bəhanə idi, çünki Fransada dünyaya gəlmişdi və onun sayəsində vaxtından 
iki il əvvəl fransız pasportu alacaqlarına ümid bəsləyirdilər. Buna görə də Lüsyen, 
bütün biryaşlı uşaqlar kimi, ailənin zülmkarına çevrilmişdi. Üçüncü mərtəbədə 
qrammofon oxuyurdu. Qaçqın Volmayer idi, alman xalq mahnılarına qulaq asırdı. 
Didərgin düşməzdən Orannenburq həbs düşərgəsində olmuşdu. Dəhlizdən kömür, 
qaranlıq qoxusu gəlirdi... 
Ravik öz otağına girdi. Oxumaq istəyirdi. Nə vaxtsa «Dünya tarixi» kitabının bir 
neçə cildini almışdı və onları axtarıb tapdı. Ancaq bu kitablar da ləzzət vermədi. 
Məyusedici olsa da, qəribə bir təsəlli tapdı ki, indi baş verən hadisələrin heç biri 
təzə deyil, hamısı bir neçə dəfə baş vermişdi. Alıb-aldatma, xəyanət, qırğınlar, 
Valpurgiya gecələri, kapital dünyasında taxt-taca sahib olmaq üçün satqınlıq, 
rüşvətxorluq, bir-birinə çalanan müharibələr... Bəşər tarixi qanla, göz yaşları ilə 
yazılmışdı və tarixin minlərlə qana bələnmiş abidələri arasında təsadüfən hansısa 
xeyirxahlığın gümüş suyuna çəkilmiş olurdu... Demaqoqlar, fırıldaqçılar, ata 
qatilləri, dost qanına susayanlar, hakimlik arzusundan məst olmuş eqoistlər, 
məhəbbəti qılıncla qəbul elətdirən fanatik peyğəmbərlər... Tarix təkrar olunurdu və 
həmişə də imperatorlar yolunda, din yolunda mənasız yerə bir-birini qıran səbirli 
xalqlar, axmaqlar tapılmışdı... Bunların sonu yox idi... 
Kitabları örtüb bir tərəfə qoydu. Açıq pəncərədən içəri səs-küy doldu. O dəqiqə 
tanıdı: Vizenhofla frau Qoldberq idi. 
«Olmaz! – Bunu Rut Qoldberq dedi. – İndicə qayıdacaq. Bir saata gələr». 
«Bir saat az vaxt deyil...» 
«Bəlkə də, tez qayıtdı...» 
«Hara gedib?» 


 
174
«Amerika səfirliyinə. Hər axşam gedir, küçədə dayanıb, ona tamaşa edir, 
vəssalam... Sonra da qayıdıb gəlir...» 
Vizenhof nəsə dedi, ancaq Ravik başa düşmədi. 
«Bəs necə, – Rut Qoldberq acıqlandı. – İndi ağlı özündə olan adam var?! 
Qocaldığını mən də bilirəm». 
«Qurtar!» – O bir az ara verəndən sonra yenə dilləndi: – «İndi həvəsim yoxdur, 
istəmirəm...» 
Vizenhof nəsə dedi. 
«Danışmağa qoçaqsan! – frau Qoldberq cavab verdi. – Axı pul ondadır... Məndə 
bircə santim də yoxdur, sən də başlamısan...» 
Ravik durdu, telefona baxdı, tərəddüd elədi. Saat ona az qalırdı. Joan səhər getdiyi 
idi, xəbər-ətər çıxmamışdı. Bu axşam gəlib-gəlməyəcəyini də soruşmamışdı. 
Bilirdi ki, gələcək. İndi isə inanmırdı... 
«Sənin nə vecinə?! – Frau Qoldberqin səsi eşidildi. – Sənə bircə kef olsun, 
vəssalam...» 
Ravik Morozovun otağına getdi. Qapı bağlı idi. «Gata-komba»ya düşdü. Yolda 
qapıçıya dedi: 
– Zəng vuran olsa, mən aşağıdayam. 
Morozov burada idi, qırmızıbaş bir kişi ilə şahmat oynayırdı. Künc tərəflərdə 
qadınlar oturmuşdular. Kimi toxuyur, kimi də qəzet, kitab oxuyurdu. Hamısının da 
üz-gözündən qayğı yağırdı. 
Ravik xeyli şahmata baxdı. Qırmızıbaş kişinin vəziyyəti yaxşı idi. Çox fikirləşmir, 
tez-tez oynayırdı. Morozov uduzurdu. 
– Görürsən, başıma nə oyun gətirir? – Morozov dilləndi. Ravik çiyinlərini çəkdi. 
Qırmızıbaş kişi ona baxdı. 
– Cənab Fingenştayn,–Morozov onu təqdim etdi.–Almaniyadan yenicə gəlib. 
Ravik başını tərpətdi. 
– Oralarda vəziyyət indi necədir? – deyə elə-belə, nəsə soruşmaq xatirinə dilləndi. 
Qırmızıbaş kişi dinməyib, çiyinlərini çəkdi. Ravik də başqa cür gözləmirdi. 
Adətən, ilk günlərdə belə olurdu: sualı sual üstündən yağdırırdılar, həsrətlə 
gözləyirdilər ki, indicə «çevriliş oldu!» eşidəcəklər, «Üçüncü Reyx dağıldı» 
deyəcəklər. Ancaq indi hamı bilirdi ki, onu yalnız müharibə dağıda bilər. Az-çox 
ağlı olan adamlar onu da bilirdi ki, işsizlik problemini hərbi sənayeni 
gücləndirməklə həll eləyən hökumətin axırı iki çür ola bilər: ya müharibə, ya da 
daxilən sarsılmaq! Bununku müharibə olmalı idi... 
– Mat! – deyə Finkenştayn sakitcə ayağa durdu, Ravikə tərəf döndü:–Yatmaq üçün 
neyləmək lazımdır? Burada yata bilmirəm, gözümə yuxu gedən kimi ayılıram. 
– İçmək lazımdır, – Morozov dilləndi. – «Burqund» şərabı... Çoxlu «Burqund» 
şərabı, ya da pivə... 
– İçən deyiləm. Bütün günü küçələri ayaqdan salıram, heydən düşənəcən 
küllənirəm, ancaq xeyri yoxdur, yenə yata bilmirəm. 
Ravik: 
– Bir-iki həb verərəm, – dedi, – gedək yuxarı. 
– Qayıt gəl, Ravik! – Morozov onların arxasınça qışqırdı. – Məni tək qoyma, 
qardaş! 


 
175
Qadınlardan bir-ikisi başını qaldırdı, sonra yenə toxumağa, oxumağa başladılar, 
sanki, həyatları bundan asılı idi. 
Ravik Finkeştaynı öz otağına apardı. Qapını itələyəndə, açıq pəncərədən içəri 
dolmuş sərin hava dalğa kimi üzünə vurdu. Dərindən nəfəs alıb, işığı yandırdı, 
tələsik otağı nəzərdən keçirdi. Heç kəs yox idi. Finkenştayna həb verdi. 
– Təşəkkür edirəm, – deyən Finkenştaynın üzündə bircə əzələ də tərpənmədi və o, 
kölgə kimi çəkilib getdi. 
Ravik birdən hiss elədi ki, Joan gəlməyəcək. Bildi ki, bunu səhər də duymuşdu, 
ancaq onda inanmaq istəməmişdi. Yan-yörəsinə boylandı, elə bil, səs eşitmişdi. 
Birdən-birə hər şey aydınlaşdı, sadələşdi. Raviklə istədiyinə çatmışdı, daha 
tələsmirdi. Başqa cür də ola bilərdimi? Ravikə görə hər şeydən keçməli idi? Yenə 
həmişəki kimi qayıdardımı? Axmaqlığa bax! Əlbəttə, başqasını tapmışdı! Özü də 
təkcə adam yox, həm də elə bir həyat tapmışdı ki, əl çəkmək istəmirdi... 
Aşağı düşdü. Özü özündən iyrənirdi... 
– Zəng vuran oldu? 
Yenicə növbəyə başlayan qapıçı ağzındakı sarımsaqlı kolbasanı çeynəyə-çeynəyə 
başını buladı. 
– Zəng vurasıdırlar... Mən hələlik aşağıdayam, – deyib Morozovun yanına getdi. 
Onlar bir partiya şahmat oynadılar. Oyunu udan Morozov özündən razı halda 
ətrafa boylandı. Qadınlar səssiz-səmirsiz çıxıb getmişdilər. O, zəngi çaldı: 
– Klarisse, bir qrafin çəhrayı şərab gətir, – dedi. – Bu Finkenştayn da lap avtomat 
kimi oynayır. Qoy rədd olsun! Riyaziyyatçıdır. Bu cür kamil adamlardan zəhləm 
gedir, insanlıqları olmur. – Ravikin üzünə baxdı: – Xeyir ola, sən bu vaxt buralarda 
neyləyirsən? 
– Zəng gözləyirəm. 
– Yenə elmin köməyi ilə kiminsə axırına çıxacaqsan? 
– Dünən birinin mədəsini kəsib götürmüşəm. 
Morozov qədəhləri doldurdu: 
– İndi də burada oturub vurursan, – dedi. – Sənin qurbanın isə orada sayıqlayır. 
Bunun özündə də insanlığa xas olmayan nəsə var. Gərək, heç olmasa, sənin də 
mədən ağrıyaydı. 
– Düz deyirsən, Boris! Dünyanın bədbəxtliyi də elə ondadır ki, nələr elədiyimizi 
özümüz də bilmirik. Ancaq sən bu islahatı niyə həkimlərdən başlayırsan? Siyasi 
xadimlərdən, generallardan başlasaydın, yaxşı olardı, müharibədən canımız 
qurtarardı. 
Morozov arxaya söykənib, diqqətlə Ravikə baxdı: 
– Həkimləri şəxsən tanımaq yaxşı deyilmiş, – dedi. – Onlara inamın itir. Səninlə o 
qədər bir yerdə içib keflənmişik ki! Bundan sonra heç qoyaram sən məni təşrih 
eləyəsən?! Lap tutaq ki, mənim tanımadığım cərrahdan qat-qat yaxşısan, ancaq 
yenə onun yanına gedərəm. Tanımadığına daha çox inanmaq adamın qanında var, 
ay saqqallı uşaq! Həkimlər, gərək, həmişə xəstəxanada qalalar, adam arasına 
çıxmayalar. Sizin sələflər – cadugərlər və loğmanlar bunu yaxşı biliblər. Mən 
özümü o vaxt bıçağın altına verərəm ki, qabağımdakının qeyri-adi adam olduğuna 
inanam! 
– Mən səni təşrih eləmərəm, Boris. 


 
176
– Niyə? 
– Heç bir cərrah qardaşını yarmaz. 
– Narahat olma, belə xoş təsadüf qoymaram sənə qismət olsun! Yata-yata ürəyim 
birdən dayanacaq. Bunun üçün əlimdən gələni eləyirəm...– Morozov dəcəl uşaqlar 
kimi Ravikə baxdı, ayağa durdu. – Mən gedim, yoxsa Monmartrdakı mədəniyyət 
mərkəzinin qapıları bağlı qalar! İnsan nə üçün yaşayır, Ravik? 
– Elə bu haqda düşünmək üçün. Yenə sualın var? 
– Var. Nə üçün o, bu haqda düşünə-düşünə kamala çatan kimi ölür? 
– Bəziləri kamala çatmamış da ölür. 
– Ağzımı boza salma! İndi başlayacaqsan ki, ruh gəzir... 
– Başlamamışdan qabaq mənim də sənə bir sualım var. Bax, şirlər dağkeçilərinin, 
hörümçəklər milçəklərin, tülkülər də toyuqların qənimidir. İndi de görüm, yer 
üzünün hansı yeganə canlısıdır ki, həmişə bir-biri ilə çəkişir, vuruşur, bir-birinin 
qənimi olur? 
 
– Bu lap uşaq sualı oldu! Əlbəttə, «məhəbbət», «yaxşılıq», «halıyananlıq» kimi 
sözləri icad eləyən insan – yer üzünün əşrəfi! 
– Yaxşı, o, təbiətin hansı canlısıdır ki, özünü öldürə bilər və öldürür də? 
– Yenə də «axirət dünyası», «Allah», «zühur eləmək» sözlərini icad eləyən 
insanlar. 
– Əla! Özün görürsən ki, həyatımız ziddiyyətlərlə doludur, özün də soruşursan niyə 
ölürük... 
Morozov heyrətlə onu süzdü: 
– Ay sofist! – dedi. – Ay tənbəl... 
Ravik də ona baxdı. «Ah, Joan! – Bunu özündən xəbərsiz ürəyi dedi. – Kaş indi bu 
çirkli şüşə qapıdan girəydi!» 
– Boris, biz onda səhv elədik ki, fikirləşməyə başladıq. Əgər ehtiras, vəhşilik kimi 
bir səadətdən qaçmasaydıq, belə olmazdı. Kimsə bizim üstümüzdə təcrübə aparır, 
ancaq, deyəsən, cavabını hələ tapmayıb. Gəl taleyimizdən şikayətlənməyək. Hətta 
üzərində təcrübə aparılan heyvanlarda belə peşəkar qürur olmalıdır. 
– Bu sözləri öküzlər yox, qəssablar deyər! Alimlər deyər, dəniz heyvanları deməz! 
Ağ siçovullar deməz, ancaq həkimlər deyər! 
– Elədir! Yaşasın «hər şeyin bir səbəbi var» deyən qanun! Boris, gəl gözəlliyin, 
bircə andakı əbədi səadətin sağlığına badə qaldıraq! Bilirsənmi, insana yeganə 
varlıq kimi bir də nə bəxş olunub? Gülmək və ağlamaq! 
– Həm də sərxoş olmaq! Araqla, çaxırla, fəlsəfə ilə, qadınlarla, ümidlə, tənhalıqla 
keflənmək! Xəbərin varmı, o, yeganə canlı kimi bir də nəyi bilir? Bilir ki, öləcək! 
Buna görə də ona dərman kimi şirin xəyallar verilib. Daş da real varlıqdır, bitkilər 
də! Heyvanlar da elədir. hamısını da təbiət yaradıb. Ancaq heç biri öləcəyini 
bilmir. İnsan isə bilir! Oyan, ey ruh! Göylərə baş vur! Sən də çox ah-vay eləmə, ey 
qanuni qatil! Məgər biz indicə bir yerdə bəşəriyyətin səadət himnini oxumadıq?!–
Morozov qurumuş palmanı elə silkələdi ki, toz qalxdı. – Əlvida, ey ürəkləri riqqətə 
gətirən cənub həsrətinin həqiqi simvolu, mehmanxana sahibəsinin sevimli ağacı! 
Sən də salamat qal, ey vətənsiz insan, kökündən qopmuş sarmaşıq gülü, ölüm 
oğurlayan cibgir! Get fəxr elə ki, romantiksən! 


 
177
Morozov irişdi. Ancaq Ravikin dodağı da qaçmadı. Gözü qapıda idi. Qapı açıldı, 
növbətçi içəri girdi, onlara sarı gəldi. «Zəng elədi! – Ravik ürəyindən keçirdi. – 
Axır ki, elədi!» Yerindən tərpənmədi, gözlədi. Hiss etdi ki, qollarının -əzələləri 
dartılır... 
– Bu siqaret sizə çataçaq, müsyö Morozov, oğlan indicə gətirdi. 
– Təşəkkür edirəm, – deyə Morozov rus siqaretini alıb çibinə qoydu.–Hələlik, 
Ravik! Bu gün yenə görüşəcəyik? 
– Bəlkə də... hələlik, Boris. 
 
Mədəsi kəsilmiş kişi gözlərini Ravikə zilləmişdi. Urəyi bulanır, ançaq qaytara 
bilmirdi. Qaytarmağa bir şey də yox idi. Qıçları kəsiləndən sonra onun ağrısını hiss 
eləyən adam kimi idi... 
Rahatlıq tapa bilmirdi. Ravik iynə vurdu. Yaşamasına ümid az idi. Ürəyi zəifləmiş, 
ciyərinin bir tayı da sıradan çıxmışdı. Otuz beşçə yaşı olsa da, çox xəstəliklər 
geçirmişdi. Uzun müddət mədə xorasından əziyyət çəkmiş, sonra vərəm olmuşdu 
və onu da yaxşı müaliçə etdirməmişdi. İndi də xərçəng yaxalamışdı. Xəstəlik 
tarixindən bilinirdi ki, dörd il evli olub. Arvadı uşaq üstə ölmüşdü. Üç il keçəndən 
sonra uşaq da vərəmdən getmişdi... Özgə heç kəsi yox idi. İndi burada uzanıb 
gözlərini Ravikə zilləmişdi və ölmək istəmirdi. Səbirli, dözümlü idi və xəbəri yox 
idi ki, mədəsini kəsib götürüblər, yemək birbaşa onikibarmaq bağırsağa töküləcək, 
adama az-çox ləzzət verən şor xiyarı, qızardılmış donuz ətini heç vaxt yeyə 
bilməyəcək. Buradaca uzanmışdı, bədəni doğram-doğram idi, yavaş-yavaş 
çürüməyə başlamışdı, gözlərində nəsə tərpənirdi və onun da adına ruh deyirdilər. 
Get fəxr elə ki, romantiksən! Bu da bəşəriyyətin həyat himni! 
Ravik hərarət çədvəlini yerinə asdı. Tibb bacısı durub göstəriş gözləyirdi. Yeniçə 
toxumağa başladığı köynəyi yanındakı stolun üstünə qoymuşdu. Millər üstündə idi, 
yu-maq yerə düşmüşdü. Stoldan sallanan nazig yun ip uzaqdan, sızqı ilə axan qana 
oxşayırdı. Sanki köynəkdən qan damırdı... 
«Buradaca uzanıb qalıb... – Ravik ürəyindən keçirdi. – İndicə vurulan iynəyə 
baxmayaraq, gecə halı xarablaşacaq, dəhşətli ağrılar başlayacaq, yerindən tərpənə 
bilməyəcək, təngnəfəs olacaq, yuxusunu qarışdıracaq. Mən isə qadın gözləyirəm 
və düşünürəm ki, gəlməsə, bu gecə ən ağır gecə olacaq... Can üstə olan bu kişi, 
qonşu palatadakı qolları əzik-əzik olmuş Qaston Pere... Bu gecə bütün dünyada baş 
verəcək min cür hadisə ilə muqayisədə mənim dərdimin gülünc olduğunu özüm də 
bilirəm, ancaq yenə də xeyri yoxdur.... Heç xeyri yoxdur, kömək eləmir, heç nəyi 
dəyişmir, hər şey olduğu kimi qalır... Morozov necə dedi? Niyə sənin də mədən 
ağrımır? Hə, doğrudan, niyə ağrımır?» 
Tibb bacısına: 
– Bir şey olsa, mənə zəng eləyin, – dedi. Bu, Ketin qrammofon bağışladığı qız idi. 
– Bu cənab çox fağır adamdır...– Qız dilləndi. 
– Necədir?–Ravik heyrətləndi. 
– Çox fağırdır... Yaxşı xəstədir... 
Ravik yan-yörəsinə baxdı. Burada ona hədiyyə ediləsi heç nə yox idi. Çox fağırdır! 
Bu tibb bacıları bəzən qəribə sözlər tapırlar! Yazıq olub-qalan gücünü, bütün 
əsəblərini toplayıb ölümlə çarpışır. Yox, fağır adam deyil! 


 
178
Ravik mehmanxanaya qayıtdı. Qapıda Qoldberqlə rastlaşdı. Saqqalına dən düşmüş 
yaşlı adam idi, döş cibindən qızıl saatının qalın zənciri sallanırdı. 
– Gözəl axşamdır! – Qoldberq onu söhbətə tutdu. 
– Bəli...– Ravik onun indi Vizenhofun otağında olan arvadını xatırladı. –Bəlkə, bir 
az gəzək? 
– Gəzdim... «Konkor» meydanına qədər getmişdim... 
Hə, «Konkor» meydanına qədər! Amerika səfirliyi orada yerləşirdi. Ağ rəngli bina 
idi, damında ulduzlu bayraq yellənirdi. Gediş-gəliş az olan, sakit bir yerdi. Orada 
bir mücrü vardı və həmin mücrünün içində saxlanılan möhürlə vizalar təsdiq 
olunurdu. Əlçatmaz yer idi! Qoldberq də «Krilo» mehmanxanasının yanında 
dayanıb, gözlərini onun bağlı qapısına, işıq gəlməyən pəncərələrinə dikir və elə 
baxırdı ki, deyərdin, Rembrandtın hansı əsərinəsə, ya da əfsanəvi «Koxinor» (19) 
brilyantına tamaşa edir... 
– Bəlkə, bir az da gəzək? «Zəfər tağı»na çatıb qayıdarıq, – deyə Ravik fikirləşdi: 
əgər yuxarıdakı iki nəfəri xilas edə bilsəm, gedib görəçəyəm, Joan gəlib, ya da bir 
azdan gələcək. 
Qoldberq başını buladı: 
– Evə gedirəm. Yəqin, arvadım indi məni gözləyir. İki saatdan çoxdur getdiyim... 
Ravik saata baxdı. Birin yarısına az qalırdı. İndi heç kəsi xilas etmək lazım deyildi. 
Qadın çoxdan öz otağına qayıtmış olardı. O, pilləkəni yavaş-yavaş qalxan 
Qoldberqin arxasınca baxdı, sonra növbətçiyə yaxınlaşdı. 
– Mənə zəng vuran olub? – deyə soruşdu. 
– Xeyr. 
Otağından işıq gəlirdi. Yadına düşdü ki, çıxanda özü söndürməmişdi. Stolun 
üstündəki kağız parçası elə işıldayırdı ki, deyərdin, üstünə qar yağıb. Yazmışdı ki, 
yarım saatdan sonra qayıdacaq. Onu götürüb cırdı. İçməyə bir şey axtardı, ancaq 
heç nə tapmadı. Təzədən aşağı düşdü. Növbətçidə kalvados tapılmadı. Təkcə 
konyak var idi. Ravik bir şüşə «Enessi», bir şüşə də «Vuvre» götürdü. Növbətçi ilə 
xeyli söhbət elədi. Kişi ona sübut etməyə çalışırdı ki, ikiyaşlıların Sən-Kludakı 
növbəti qaçış yarışında II Ludunun imkanları daha böyükdür. İspaniyalı Alvares 
gəlib keçdi. Ravik gördü ki, o, azacıq axsayır. Bir qəzet də götürüb otağına qayıtdı. 
Gecə heç cür qurtarmaq bilmirdi. «Sevən adam möcüzəyə inanmırsa, batıb!» Bu 
sözləri 1933-cü ildə vəkil Arensen Berlində demişdi. Üç həftədən sonra onu həbs 
düşərgəsinə göndərdilər, çünki sevgilisi şeytanlamışdı... Ravik «Vuvre»ni açdı, 
Platonun kitabını əlinə götürdü. Bir-iki dəqiqə keçməmiş, qaytarıb yerinə qoydu, 
gəlib pəncərənin qabağında oturdu. 
Gözlərini telefona zilləmişdi. Lənətə gəlmiş bu qara aparatdan da kömək yox idi. 
Joanın nömrəsini bilmədiyi üçün zəng eləyə bilməzdi. Harada yaşadığını da 
bilmirdi. Özü soruşmamış, Joan da deməmişdi. Bəlkə də qəsdlə deməmişdi. Onsuz 
da bəhanə tapacaqdı... 
 
Tünd olmayan şərabdan bir qədəh içdi. «Lap axmağam, – deyə ürəyindən keçirdi. 
– Bu gün səhər yanımda olan qadını gözləyirəm. Üç ay yarım ayrı düşdüm, vecimə 
olmadı, indi bircə gün gəlməyib, dözə bilmirəm. Ondan sonra görməsəydim, belə 
olmazdı. Özümü hazırlamışdım. Ancaq indi...» 


 
179
Ayağa durdu. Yox, günah bunda deyil. Günah onun içini gəmirən məchulluqda idi. 
Saatbasaat beyninə pərçimlənən inamsızlıqda idi... 
Qapıya tərəf getdi. Bilirdi ki, açıqdır. Ancaq yenə yoxladı. Qəzet oxumağa başladı. 
Hərfləri güclə seçirdi. Polşa münaqişələri... Labüd toqquşmalar... Torpaq iddiası... 
İngiltərə və Fransanın Polşa ilə müqavilə bağlaması... Getdikcə yaxınlaşan 
müharibə... Qəzeti yerə atıb, işığı söndürdü. Qaranlıqda uzanıb gözləməyə başladı. 
Yata bilmirdi. Düyməni basıb işığı təzədən yandırdı. «Enessi» stolun üstündə idi. 
Ancaq açmadı. Durub pəncərənin önündə oturdu. Hava sərin idi, uzaq səmada 
ulduzlar sayrışır, həyətdə pişiklər boğuşurdu. Üzbəüz evin eyvanında bir kişi 
tuman-köynəkdə dayanıb ora-burasını qaşıyırdı. Sonra ucadan əsnəyib, işıq gələn 
otağına girdi. Ravik çarpıyıya baxdı. Bilirdi ki, yata bilməyəcək. Oxumağın da 
mənası yox idi. İndicə oxuduqlarının heç biri yadında qalmamışdı. Yaxşısı budur 
ki, çıxıb getsin. Ancaq hara? Eyni şey idi. Getmək də istəmirdi. Ancaq bir xəbər 
bilmək istəyirdi. Lənət şeytana, konyak şüşəsi yenə əlində idi! Onu yerinə qoydu. 
Sonra əl çantasından həb götürdü. Bunlardan bayaq qırmızıbaş Finkenştayna da 
vermişdi. O indi yatmış olardı. Həbləri atdı. Özünün bunlarla yuxuya gedəcəyi isə 
şübhəli idi... Birini də atdı. Joan gəlsə, oyanardı. Ancaq o gəlmədi. Heç sonrakı 
axşam da gəlmədi... 
 
                                                                XXI 
 
Ravik mədəsi kəsilmiş kişinin yanında idi. Ejeni başını palatanın qapısından içəri 
uzatdı: 
– Telefona, müsyö Ravik! 
– Kimdir? 
– Bilmirəm, soruşmadım. Telefonçu qız bayırda dedi.  
Ravik Joanın səsini əvvəlcə tanımadı. Səs lap uzaqdan gəlirdi və anlaşılmırdı. 
– Joan, sənsən? Haradasan? 
Səs elə gəlirdi ki, deyərdin, Parisdən danışmır. Gözləyirdi ki, Joan indicə dəniz 
sahilindəki şəhərlərdən birinin adını çəkəcək. O, indiyə kimi xəstəxanaya zəng 
vurmamışdı. 
– Evimdəyəm, – dedi. 
– Parisdə? 
– Əlbəttə! Özgə harada olasıyam? 
– Xəstəsən? 
– Yox. Niyə elə deyirsən? 
– Xəstəxanaya zəng elədiyin üçün. 
– Mehmanxanaya zəng vurmuşdum, yox idin. Ona görə də xəstəxanaya vurdum. 
– Bir hadisə olub? 
– Yox! Nə olmalı idi? Kefini soruşmaq istəyirdim. 
Onun səsi indi aydınlaşmışdı. Ravik siqaret və kibrit çıxardı. Kibritin bir tərəfini 
stola dayayıb, çöp çıxardı, siqaretini yandırdı. 
– Bura xəstəxanadır, Joan, – dedi, – adam hər dəqiqə nəsə gözləyir. Qəza olur, 
xəstələnən olur... 
– Mən xəstə deyiləm. Düzdür, uzanmışam, ancaq xəstə deyiləm. 


 
180
– Lap yaxşı...–Ravik əlindəki kibrit qutusunu stolun üstündə oynatmağa başladı. 
Joanın nə deyəcəyini gözləyirdi. 
Joan da nəsə gözləyirdi. Ravik onun nəfəsini aydınca eşidirdi. Joan gözləyirdi ki, o 
başlasın. Onda işi asan alardı... 
– Joan, telefonda çox qala bilmərəm. Yaranı açmışam, tez qayıdıb sarımaq 
lazımdır. 
Joan bir anlığa susdu, sonra: 
– Niyə görünmürsən? – dedi. 
– Ona görə ki, nə telefon nömrəni bilirəm, nə də qaldığın yeri. 
– Deməmişəm? 
– Yox, Joan. 
– Elə şey olmaz, demişəm...–onun ayağı yer aldı. – Dəqiq yadımdadır, dedim. 
Yenə unutmusan. 
–Yaxşı, unutmuşam, bir də de. Yanımda qələm var.  
Joan ünvanı da, telefonu da dedi. 
– Dəqiq bilirəm ki, vermişdim, Ravik. Düz sözümdür. 
– Oldu, Joan. Mən getdim. Bu axşam bir yerdə şam eləyək? 
Joan bir anlığa ləngidi, sonra: 
– Niyə gəlib mənə baş çəkmirsən? – dedi. 
– Yaxşı, bunu da eləyərəm. Axşam səkkizdə gəlim? 
– Niyə indi gəlmirsən? 
– İşim var. 
– Çox çəkər? 
– Təxminən, bir saat. 
– Qurtaranda gəl. 
«Hə, başa düşürəm, axşam vaxtın yoxdur», – deyə fikirləşən Ravik soruşdu: 
– Axşam niyə olmur ki? 
– Ravik, sən hərdən lap adi şeyləri də başa düşmürsən. Ona görə ki, indi gəlməyini 
istəyirəm... Axşama qədər gözləmək istəmirəm... Yoxsa bu vaxt xəstəxanaya niyə 
zəng vururdum?! 
– Yaxşı, qurtaran kimi gələrəm. 
Ravik əlindəki kağızı fikirli-fikirli qatlayıb, geri qayıtdı... 
 
Bina Paskal küçəsinin tinində idi. Joan yuxarı mərtəbədə yaşayırdı. Qapını özü 
açdı: 
– Gəl, – dedi, – nə yaxşı gəlib çıxdın! İçəri keç.  
Əynində adi, qara rəngli kişi xalatı vardı. Onun bu xasiyyəti Ravikin xoşuna 
gəlirdi. Heç vaxt tül, ipək paltar geyməzdi. Rəngi həmişəkindən də çox qaçmışdı, 
bir az da həyəcanlı idi. 
– Gəl, – dedi, – səhərdən gözləyirəm. Bax, gör neçə yaşayıram. 
O, qabağa düşdü. Ravik gülümsədi. Yaman bic idi, onu qabaqlayıb, sual verməyə 
qoymadı. Onun qəşəng, şax çiyinlərinə baxdı. İşıq düz saçlarına düşürdü. Bircə 
anlığa nəfəsi tutuldu, ona elə gəldi ki, Joana əməlli-başlı vurulub... 
Joan onu böyük bir zala gətirdi. İşıqlı emalatxanaya oxşayırdı. Enli, hündür 
pəncərəsi Rafael prospekti ilə Prudon prospektinin arasındakı bağa açılırdı. Bir az 


 
181
sağda isə Port-de-la-Mote görünürdü. Onun arxa tərəfində isə Bulon meşəsi qızılı-
yaşılı rəngə çalırdı. 
Otaq yarımçıq da olsa, müasir dəbdə bəzədilmişdi. Böyük divanın üstündəki örtük 
gömgöy idi. Kreslolar üzdən çox rahat görünsə də, o qədər də rahat deyildi. Stollar 
da çox alçaq idi. Ortalığa həmişəyaşıl fikus ağaçı qoyulmuşdu. Bunlardan əlavə, 
bir amerikan qrammofonu var idi və Joanın çamadanlarından biri də küncə 
qoyulmuşdu. Hər şey yerli-yerində idi, ancaq buna baxmayaraq, Ravikin o qədər 
də xoşuna gəlmədi. Ya lap yaxşı olsun, ya da lap pis, yarımçıq şeyləri xoşlamırdı. 
Fikusdan da lap zəhləsi gedirdi... 
 
Hiss elədi ki, Joan ona baxır. Ravikin bunu neçə qəbul edəcəyini bilmirdi, ancaq 
cəsarət eləyib onu bura çağırması böyük risq idi. 
– Çox gözəldir, – deli, – böyükdür, gözəldir. 
O, qrammofonun qapağını qaldırdı. Əntiqə cihaz idi, valları özü avtomatla 
dəyişirdi. Stolun üstündə bir qalaq val vardı və Joan bir-ikisini götürüb diskin 
üstünə qoydu: 
– İşlətməyi bilirsən? 
Ravik bilsə də, «yox» dedi. 
Joan düymələrdən birini basdı: 
– Əntiqə şeydir, saatlarla çalır. Valları dəyişdirmək, söndürmək üçün tez-tez 
durmaq lazım deyil. Uzan, qulaq as, günəşin qürub etməsinə bax, xəyala dal... 
Doğrudan da, əla cihaz idi. Ravik onu görmüşdü və bilirdi ki, qiyməti, təxminən 
iyirmi min frankdır. Həzin musiqi sədaları ətrafa yayıldı. Parisin sentimental 
mahnılarından idi... «Jjattendrai».(20) 
Joan bir az aşağı əyilib diqqətlə qulaq asırdı. 
– Xoşuna gəlir?–deyə soruşdu. 
Ravik başını tərpətdi. O, qrammofona deyil, Joanın musiqinin sehrinə düşmüş 
cazibədar sifətinə baxırdı. O istədiyi anda vurula bilirdi və Ravik də özündə 
olmayan bu xasiyyətinə görə ona yaman vurulmuşdu. Ürəyindən keçirdi: «Daha 
qurtardı!» Ürəyi ağrımadı. Elə bil, günəşli İtaliyadan dumanlı-çiskinli şimala 
qayıtdı... 
Joan dikəlib gülümsədi: 
– Gəl, – dedi, –hələ yataq otağını görməmisən. 
– Mütləq görməliyəm? 
Joan sınayıcı nəzərlərlə ona baxdı: 
– İstəmirsən? Nə üçün baxmırsan? 
– Doğrudan, nə üçün baxmıram? Əlbəttə, baxacağam! 
Joan onun yanaqlarını sığallayıb öpdü. Nə üçün belə elədiyini Ravik başa düşdü... 
– Gəl, – deyə Joan onun əlindən yapışdı. 
 
Yataq otağı fransızsayağı bəzədilmişdi. Çarpayı iri idi, süni naxışlarla XVI 
Lüdovik üslubuna oxşadılmışdı. Balaca dolabça da onun eyni idi və böyrəyə 
oxşayırdı. Güzgü barokko üslubunu xatırladırdı. Divardan müasir Həbəş xalçası 
asılmışdı. Stulları, kresloları, sanki, ucuz macəra filmlərindən götürmüşdülər. 
Üstündə «XVI əsr» yazılmış naxışlı Florensiya sandığı burdakıların heç birinə 


 
182
yaraşmırdı, elə bil, gözəl şahzadə qız görməmiş cavanların arasına düşmüşdü. Bir 
küncə atılıb qalmışdı və üstündə bənövşə taxılmış şlyapa, bir cüt gümüşü ayaqqabı 
vardı. 
Çarpayı yığışdırılmamışdı. Ravik onun bayaq harada uzandığını gördü. Dolabçanın 
üstünə çoxlu ətir şüşəsi düzülmüşdü. Divardakı şkaflardan biri açıqdı. İçərisində 
xeyli paltar asılmışdı. Əvvəllər onun bu qədər paltarı yox idi... 
Joan Ravikin əlini hələ də buraxmamışdı və ona sığındı: 
– Xoşuna gəlir? 
– Yaxşıdır. Sənə yaman yaraşır... 
Joan başını tərpətdi. Ravik onun yumşaq qolunu, döşlərini hiss etdi və qeyri-
ixtiyarn onu özünə tərəf çəkdi. Joan müqavimət göstərmədi. Çiyinləri bir-birinə 
toxundu. Joan sakitləşmiş, bayaqkı yüngül həyəcanından əsər-əlamət qalmamışdı. 
Sifəti aydın idi və Ravikə elə gəldi ki, onun gizlətməyə çalışdığı razılıq 
hisslərindən başqa, üzündə güclə sezilən bir qalibiyyət kölgəsi də dolaşır... 
«Qəribədir, bunlara alçaqlıq da yaraşır, – deyə ürəyindən keçirdi. – İndi mən ikinci 
dərəcəli yelbeyin bir məşuq rolunu oynayıram, o da utanıb-qızarmadan birinci 
dərəcəli məşuqun bağışladığı bərbəzəkli otaqları mənə göstərir və ondarı göstərə-
göstərə də zəfər ilahəsi Nikeyə oxşayır...» 
– Heyif ki, sənin də belə mənzil almağa ixtiyarın yoxdur. O miskin 
mehmanxanalar hara, bu hara... Bu, başqa aləmdir. 
–Düz deyirsən. Çox sağ ol ki, bunları mənə göstərdin. İndisə gedim, Joan. 
– Gedirsən? Belə tez? İndicə gəlmədin? 
Ravik onun əllərindən yapışdı: 
– Gedirəm, Joan... həmişəlik gedirəm... Sən başqası ilə yaşayırsan... Mən isə 
sevdiyim qadını başqa kişilərlə bölüşmək istəmirəm! 
Joan əllərini geri çəkdi: 
– Nə? Nə dedin? Mən? Bunu sənə kim çatdırıb? Yaramazlığa bax! – O, diqqətlə 
Ravikin üzünə baxdı: – Hə, bildim! Yəqin, Morozov deyib. Ay... 
– Nə Morozov? Bunu demək lazım deyil ki. Özüm görmürəm? 
Hirsindən Joanın rəngi ağardı. O, bayaq qələbə çalacağına əmin idi, ancaq vəziyyət 
birdən-birə dəyişdi. 
– Hə, başa düşdüm! Belə mənzildə qaldığıma, «Şəhrizad»dan çıxdığıma görə 
deyirsən! Belə çıxır, kimsə məni saxlamalıdır... Başqa cür ola bilməz... 
– Demədim ki, səni saxlayan var. 
– Eyni şeydir! Məsələ aydındır! Əvvəlcə məni o lənətə gəlmiş gecə restoranında 
işə düzəldirsən, sonra da tək qoyub gedirsən, mən də kiminləsə söhbət edəndə, ya 
da kimsə qeydimə qalanda, deyirlər ki, səni saxlayan var! Restoran qapıçısının 
uydurduğu bundan artıqmı olacaq! Kiminsə mənliyi olmasını, işləyib özünə gün 
ağlamasını dilənçi kimi çaypulu yığan bir adam haradan başa düşər? Sən, sən də 
onun sözünə inanırsan. Heç utanmırsan? 
Ravik geri dönüb, onun qollarından yapışdı, göyə qaldırıb, çarpayının üstünə atdı: 
– Gördün?! – dedi. – Boş-boş danışma! 
Bu, Joan üçün o qədər gözlənilməz oldu ki, o, yerindəcə uzanıb qaldı. 
– Bəlkə, gəlib döyəsən də?! – dedi. 
– Yox! İstəyirəm, sən boş-boş danışmayasan. 


 
183
– Belə də olmalı idi...–Joan astadan, boğuq səslə dilləndi. – Belə olmalıydı... 
Sakitcə uzanmışdı. Sifəti ifadəsiz, dümağ idi, qanı qaçmışdı, bir nöqtəyə zillədiyi 
gözləri şüşə kimi parıldayırdı. Sinəsi yarıyacan açılmış, çılpaq baldırı çarpayıdan 
sallanmışdı. 
– Mən də sənə zəng vururam, sevinirəm ki, gələcəksən... Sən də gəlib belə oyun 
çıxarırsan...–O, ikrahla bir də təkrar elədi: – Oyun çıxarırsan! Elə bilirdim, sən 
başqa adamsan... 
Ravik yataq otağının qapısında dayanmışdı. Zövqsüz bəzədilmiş otağa, çarpayıda 
uzanıb qalmış Joana baxır və görürdü ki, onlar bir-birinə yaraşır. Bu söhbəti 
saldığına peşman oldu, özünü danladı. Gərək, bu söhbəti başlamayaydı, dinməzcə 
çıxıb gedəydi, vəssalam... Yox, elə eləsə, Joan dalınca gələrdi, həmin söz-söhbət 
orada başlanardı. 
– Demək, sən belə imişsən! – Joan bir də tərkar elədi. – Heç gözləməzdim... Elə 
bilirdim, sən başqa adamsan... 
Ravik dinmirdi, ancaq belə ucuz-ucuz danışmasına da dözə bilmirdi. Necə olub ki, 
üç gün elə bilib, o gəlməsə, gözünə yuxu getməyəcək? İndi bunu xatırlamağın 
mənası vardımı? Siqaret çıxarıb yandırdı. Ağzı qurumuşdu. Qonşu otaqda 
qrammofon hələ də oxuyurdu. Yenə həmin mahnı idi: Ijattendrai... Gedib onu 
söndürdü. 
Geri qayıdanda Joan hələ də uzanmışdı. Sanki, heç qımıldanmamışdı. Ancaq 
xalatın ətəyi bir az da açılmışdı. 
– Bu barədə nə qədər az danışsaq, o qədər yaxşı olar, Joan... 
– Sən özün başladın. 
Ravik az qaldı ətir şüşələrindən birini götürüb onun təpəsinə çırpsın... 
– Bilirəm, – dedi, – mən başladım, mən də qurtarıram... 
Geri dönüb qapıya tərəf getdi. Ancaq Joan onu qabaqladı, qapının cəftəsini vurub, 
üzünü Ravikə çevirdi, qolları i1ə yolunu kəsdi: 
– Belə oldu? Necə yəni qurtarıram? Qurtarıb gedirsən? Getmək nə yaxşı belə asan 
imiş? Ancaq mən hələ qurtarmamışam, sözüm qalıb! Çox sözüm qalıb! Sən, sən 
özün məni «Kloş d jOr»da gördün! Gördün ki, yanımda kişi var, ancaq gecə yanına 
gələndə bu vecinə olmadı, mənimlə yatdın, səhəri də fikir vermədin, doymamışdın, 
yenə mənimlə bir yastığa baş qoydun... Onda xoşuma gəldin, çünki ağıllı idin, heç 
nə soruşmurdun və elə buna görə də səni əvvəlkindən də çox sevdim, dedim ki, nə 
yaxşı başqa cür yox, məhz belədir... Sən yatanda doyunca ağladım, öpdüm... Onda 
xoşbəxt idim və evə qayıdanda Allaha min şükür dedim. Ancaq indi... İndi gəlib, o 
vaxt mənimlə yatmaq xatirinə əlini yellədərək «cəhənnəmə ki!» dediyin şeyi 
təzədən üzümə çırpırsan, özünü namusu ləkələnmiş adam kimi aparırsan, qısqanc 
ər təki hay-küy salırsan. Nə istəyirsən məndən? Ərkin çatırmı buna? 
– Yox, çatmır. 
– Gördün? Yaxşı ki, bunusa boynuna alırsan. Onda niyə bunları mənim başıma 
qaxırsan? O gecə yanına gələndə niyə demədin? Hə, onda... 
– Joan! 
O susdu. Tövşüyür, gözlərini Ravikdən çəkmirdi. 
– Joan, sən o gecə gələndə elə bildim, qayıtmısan... Mənə özgə şey lazım deyildi. 
Ancaq yanılmışam... Sən qayıtmamışdın... 


 
184
– Sənin yanına qayıdan mən deyildim? Yoxsa, başqası idi? Bəlkə, kölgəm olub? 
– Sən gəlmişdin... Ancaq qayıtmamışdın... 
– Çox qəliz oldu. Bunların da fərqi var? 
– Fərqini özün yaxşı bilirsən. Əvvəllər mən də bilmirdim. Ancaq indi bilirəm! Sən 
başqası ilə yaşayırsan... 
– Yenə başladı! Başqası ilə yaşayıram! Bir-iki dost-tanışım varsa, demək, başqası 
ilə yaşayıram!.. Bəlkə, bütün günü dörd divar arasında qaxılıb oturum, heç kəslə 
danışmayım ki, mənə «kiminləsə yaşayır» deməsinlər? 
– Belə gülünc olma, Joan. 
– Gülünc? Gülünc kimdir? Gülünc sən özünsən. 
– Yaxşı, qoy mən olum. İndi deyirsən, səni zorla qapıdan aralayım? 
Joan yerindən tərpənmədi: 
– Mənim kiminləsə yaşamağımın sənə isti-soyuğu var? Özün deyirdin ki, bu, səni 
maraqlandırmır. 
– Düz deyirsən, doğrudan da, maraqlandırmırdı. Elə bilirdim, buna son qoymusan. 
Keçmişin mənə dəxli yox idi. Ancaq səhv eləmişəm, gərək, maraqlanaydım... Ola 
bilsin ki, özüm özümü aldatmaq istəmişəm... Zəiflik eləmişəm... Ancaq bu da heç 
nəyi dəyişmir! 
– Necə yəni heç nəyi dəyişmir? Özün görəndə ki, düz eləmirsən... 
– Burada söhbət düz, ya səhv eləməkdən getmir. Sən təkçə kiminləsə 
yaşamamısan, indi də yaşayırsan! Ondan əl çəkmək də istəmirsən. Onda bunu 
bilmirdim... 
– Yalan danışma!–Joan qəfildən, sakitcə onun sözünü kəsdi. – Həmişə bilmisən! 
Onda da bilirdin! – deyib Ravikin gözlərinin içinə baxdı. 
– Yaxşı, tutaq ki, bilirdim, ancaq onda bilmək istəmirdim. Bilirdim, ancaq 
inanmırdım. Sən bunu başa düşməzsən. Qadınlar belə şeyi bilməz... Bunun da 
məsələyə dəxli yoxdur. 
Joanın üzünə qəfil, dəhşətli bir qorxu çökdü: 
– Mənə heç bir pisliyi keçməmiş adamı birdən-birə, heç nədən neçə atım? Nədir, 
nədir, sən gəlib çıxmısan... Niyə başa düşmürsən? 
– Başa düşürəm. 
Joan indi küncə qısnanmış pişiyə oxşayırdı. Elə bil, tullanmaq istəyəndə, yeri 
ayağının altından çəkib aparmışdılar... 
– Başa düşürsən?! – O, heyrətlə soruşdu. Həmin dəqiqə də gözlərindəki gərginlik 
yoxa çıxdı, qabarmış çiyinləri yerinə düşdü. – Başa düşürsənsə, niyə mənə zülm 
edirsən? – deyə yorğun səslə soruşdu. 
– Çəkil qapıdan! –Ravik çox da rahat olmayan kreslolardan birində oturdu. Joan 
tərəddüd elədi. – Gəl! Qorxma, qaçmaram... 
Joan asta addımlarla qapıdan aralandı, özünü divanın üstünə saldı. Guya, heyi 
qalmamışdı və Ravik gördü ki, bu da qondarmadır. 
– İçməyə bir şey ver, – dedi. 
Ravik başa düşdü ki, o vaxt qazanmaq istəyir. Ancaq onun üçün fərqi yox idi, qoy 
qazansın... 
– Haradadır? 
– Dolabda. 


 
185
Ravik dolabı açdı. Xeyli şüşə vardı. Çoxu da nanəli araq. İkrahla onlara baxdı, 
hamısını bir tərəfə yığdı. Künc tərəfdə yarım şüşə «Mortel» konyakı və kalvados 
tapdı. Kalvados şüşəsi hələ açılmamışdı. Ravik ona toxunmayıb, konyakı götürdü. 
– İndi də nanəli araq içirsən?–deyə çiyni üstündən soruşdu. 
– Yox! 
– Onda konyak gətirirəm. 
– Orada kalvados da var, onu aç. 
– Konyak bəs eləyər. 
– Kalvadosu aç! 
– Başqa vaxt... 
– Konyak istəmirəm, kalvados gətir! Xahiş edirəm, onu iç! 
Ravik təzədən dolaba baxdı. Sol tərəfdəki kalvados Ravik üçün idi, sağdakı nanəli 
araq isə o biri üçün. Elə bil, bunları səliqəli evdar qadın yerbəyer düzmüşdü, 
adamın ürəyi şan-şan olurdu. Kalvadosu götürdü. Niyə də götürməyəydi?! Hər 
ikisinin sevimli içkisi idi, onların məhəbbət rəmzinə çevrilmişdi və bu sentimental 
ayrılıq səhnəsi də onunla bitsə, yaxşı olardı. İki qədəh də götürüb, stola yaxınlaşdı, 
Joanın baxışları altında kalvados süzdü. 
Gün günorta yerinə qalxmış, onun qızılı saçaqları pəncərəyə səpələnmişdi. Əsl işıq 
bu idi! Min rəngə çalırdı və səma da ona boyanmışdı... Ravik saata baxdı. Dördə 
yenicə işləyirdi. Baxışları saniyəölçənə ilişib qaldı. Ona elə gəldi ki, saat yatıb. 
Ancaq saniyəölçən balaca, qırmızı quş dimdiyi kimi çevrədəki xətləri, rəqəmləri 
bir-bir dənləyirdi... Düz tapdı, bura gəldiyi yarım saat ancaq olardı. «Nanəli araq! – 
ürəyindən keçirdi. – Zövqə bax!» 
Joan üstünə göy örtük salınmış divanda oturmuşdu. 
– Ravik!..–Çox ehtiyatla, yorğun, həzin səslə danışırdı. – Bunu başa düşməyin 
növbəti kələyin idi, yoxsa doğru deyirdin? 
– Kələk deyildi, doğru sözüm idi. 
– Başa düşürsən? 
– Hə... 
– Bilirdim, belə olacaq...–Onun çöhrəsinə təbəssüm qondu. – Bilirdim, Ravik! 
– Bunu başa düşməyə nə var ki... 
Joan başını tərpətdn: 
– Mənə bir az vaxt ver... İndi deyə bilmərəm... Pislik eləməyib axı... Haradan 
biləydim ki, qayıdacaqsan?! Belə tez deyə bilmərəm.... 
Ravik kalvadosu bir dəfəyə atdı: 
– Xırdalamaq nəyə lazımdır? 
– Yox, bilsən, yaxşıdır. Gərək, başa düşəsən! Bu elə şeydir ki... Mənə bir az vaxt 
lazımdır. Bəlkə də, özü... Heç bilmirəm neyləyəcək... Məni sevir... Ona lazımam... 
Onun günahı yoxdur... . 
– Əlbəttə, yoxdur! Vaxt da nə qədər istəsən, var. Dünyanın bütün vaxtları sənə 
qurbandır, Joan. 
– Yox, bir az olsa, bəsimdir. İndi deyə bilmərəm… – O, divanın mütəkkəsinə 
söykəndi. – Bu mənzil də, Ravik, sən fikirləşdiyin kimi deyil. Özüm işləyirəm, 
əvvəlkindən çox qazanıram... O, mənə kömək eləyib. Aktyordur. Mən də filmlərdə 
xırda rollara çəkilirəm. O düzəldib... 


 
186
– Bilirdim... 
Joan ona fikir vermədi: 
– Mən o qədər də istedadlı deyiləm. Özüm özümü də aldatmıram. Məqsədim 
yalnız gecə restoranlarından uzaqlaşmaq idi. Orada irəli getmək olmur. Burada isə 
imkan var... İstedadsız da olar... Müstəqil olmaq istəyirəm... Bunlar sənə gülünc 
görünəcək, ancaq... 
– Yox, ağlabatandır. 
Joan onun üzünə baxdı. 
– O vaxt Parisə də elə bu niyyətlə gəlməmişdin?–Ravik soruşdu. 
– Hə. 
«İndi o, acı-acı ağlayan günahsız körpəyə oxşayır. Həyat da, mən də onunla sərt 
rəftar elədik. Ancaq indi bir az sakitləşib, ilk tufan səngiyib. Günahımdan keçəcək 
və indi çıxıb getməsəm, son üç ayda başına gələnləri bircə-bircə danışaçaq. Hər 
şeyə son qoymaq üçün yanına gəldiyim bu səhləb çiçəyi poladdandır, məni elə 
kökə salıb ki, az qalır deyəm, düz eləmisən!..» 
– Yaxşı, Joan, arzuna çatmısan. İrəli gedəcəksən... 
– Doğru sözündür? 
– Mütləq, gedəcəksən! 
– Doğrudan, Ravik? 
Ravik ayağa durdu. Üçcə dəqiqə də ləngisə, hansı film haqdasa peşəkar söhbət 
başlanacaq! Fikirləşdi ki, onlarla mübahisəyə girişməyin xeyri yoxdur, onsuz da 
uduzaçaq... Belələri məntiqi muma döndərir! Burada sözün xeyri yoxdur, iş 
görmək lazımdır, vəssalam. 
– Mən o mənada demədim. Yaxşısı budur, öz mütəxəssisindən soruş! 
– Gedirsən? 
– Getməliyəm. 
– Niyə bir az da qalmırsan? 
– Xəstəxanada işim var. 
– Bəs bayaq deyirdin, işini qurtarıb gələcəksən?–deyə Joan onun qolundan yapışıb, 
üzünə baxdı. 
İndi neyləsin? Ona desinmi, heç vaxt gəlməyəcək? Yox, bu gün üçün bəs idi. Ona 
da, Joana da. Demək istəmişdi, ancaq özü imkan verməmişdi. Ancaq qoysa da, 
qoymasa da, belə olacaq... 
– Getmə, Ravik! 
– Getməliyəm! 
Joan ayağa durub, ona sığındı. «Yenə başlandı! Köhnə söhbət! Ucuzluqdur, çox 
eləyib bunu! Hər şeyə əl atır... Fəqət pişiyə ot yedirtmək olarmı?!» 
Onun əlindən çıxdı: 
– Gedəsiyəm,–dedi,–xəstəxanada bir kişi can üstədir. 
– Həkimlər həmişə bəhanə tapır!–Bu sözləri Joan asta-asta dedi. 
– Qadınlar kimi, Joan! Biz ölümlə oynayırıq, siz isə məhəbbətlə... Dünyanın bütün 
bəhanələri də, həqiqətləri də bunun üstündə bərqərar olub. 
Joan dinmədi. 


 
187
– Bizim mədəmiz də sağlamdır, –o, sözünə davam etdi,– özü də bu, bizə lazımdır, 
yoxsa çox şeyi həzm edə bilmərik. Başqaları heydən düşəndə, biz çanlanmağa 
başlayırıq... Əlvida, Joan! 
– Daha gəlməyəcəksən, Ravik? 
– Bunu özünə dərd eləmə... Tələsmə, özün bir yol tapacaqsan. 
O, bir də geri dönmədən, tələsik qapıya yönəldi. Joan yerindən tərpənmədi. Ancaq 
Ravik bilirdi ki, onun arxasınca baxır.  
 
                                                                                XXII 
 
 
Birdən qulaqları batdı, sanki, dənizin dibinə enirdi... Qışqırtı Qoldberqin 
pəncərəsindən gəlirdi. Ravik bir az da dinşədi. Qoca Qoldberqin arvadını 
döyəcəyini, onun başına nəsə çırpacağını heç cür ağlına sığışdıra bilmirdi. Sükut 
çökdü. Sonra kimsə dəhlizlə yüyürdü, mühacir Vizenhofun otağından həyəcanlı 
səslər eşidildi, qapılar açılıb-örtüldü. Az sonra onun da qapısı döyüldü, 
mehmanxana sahibəsi özünü içəri saldı: 
– Tez olun... Tez... Müsyö Qoldberq... 
–Nə olub? 
– Özünü asıb... Pəncərədən... Tez olun!  
Ravik əlindəki kitabı qırağa qoydu: 
– Polis gəlib? 
– Yox, yox, polis gəlsəydi, sizi çağırardım? Arvadı indicə görüb. 
Ravik aşağı yüyürdü: 
– Kəndiri kəsiblər? 
– Hələ yox... Bir az yuxarı qaldırıblar.  
Alaqaranlıq otağın pəncərəsi önündə bir dəstə adam qaralırdı. Rut Qoldberq, 
mühacir Vizenhof və bir də kimsə var idi. Ravik işığı yandırdı. Vizenhofla Rut 
Qoldberq qoça Qoldberqi kukla kimi qucaqlarına almışdılar və üçüncü kişi tələsə-
tələsə pəncərənin dəstəyinə bağlanmış qalstukun düyününü açmağa çalışırdı. 
– Kəsin! 
– Bıçağımız yoxdur, – Rut Qoldberq qışqırdı. 
Ravik əl çantasından qayçı çıxarıb, kəsdi. Qalstuk qalın, şümal ipəkdən idi və 
kəsilməsi xeyli çəkdi. Ravik onu kəsəndə az qalırdı üzü Qoldberqin sifətinə 
toxunsun. Kişinin gözləri bərəlmiş, ağzı açıla qalmış, dili çıxmışdı. Seyrək 
saqqalına dən düşmüşdü və ağ xallı tünd-yaşılı qalstuk qırış-qırış olub, şişmiş 
boğazının ətinə işləmişdi. Meyit Vizenhofla Rutun qolları arasında asta-asta 
yellənirdi. Onlar, sanki üzündə təbəssümü donmuş qoça Qoldberqi səssiz-səmirsiz 
yırğalayırdılar... 
Rut Qoldberqin yanaqları qızarmışdı, göz yaşı da sel kimi axırdı, Vizenhof isə daş 
kimi ağır meyitin altında tər tökürdü. Qoca, sağlığında belə ağır olmazdı! Onların 
ikisini də tər basırdı, qorxudan sifətləri qırış-qırış olmuşdu, inildəyirdilər... 
Çiyinləri üzərindəki baş isə səssiz-səssiz, asta-asta yırğalanır, sanki, kiməsə, 
nəyəsə dişlərini ağardırdı. Ravik qalstuku kəsəndə, baş Rut Qoldberqə tərəf əyildi. 
O, diksinərək qışqırdı, əllərini buraxdı, meyit yana əyildi, bir qolu qalxdı, elə bil, 


 
188
təlxək kimi yalandan yıxıla-dura arvadın dalınca getmək istədi... Ravik onu tutub, 
Vizenhofun köməyi ilə döşəməyə uzatdı. Qalstukun düyününü açaraq, müayinəyə 
başladı. 
– Məni...–Rut qırıq-qırıq danışmağa başladı. – Məni kinoya göndərdi. «Rütxen, – 
dedi, – bütün günü evdə oturub darıxırsan. Niyə kinoya getmirsən? «Kursel» 
kinoteatrına get, «Kraliça Kristiana» filmi gedir, Qrete Qarbo oynayır. Niyə gedib 
baxmırsan? Yaxşı yerə bilet al, ya parter olsun, ya da loja, otur bax; iki saatlığa bu 
cəhənnəmdən ayrılmağın özü də böyük şeydir». Elə sakit, elə mehriban danışırdı 
ki! Sonra başımı sığalladı, «Kinodan çıxanda da Monse parkının yanındakı 
şirniyyat dükanında şokoladlı, ya da südlü dondurma yeyərsən. Get, bir az əylən», 
– dedi. Mən də getdim. Qayıdanda... 
Ravik ayağa duranda Rut Qoldberq səsini kəsdi. 
– Deyəsən, siz çıxan kimi asıb... 
Qadın düyünlənmiş yumruqlarını ağzına apardı: 
– Ö... ölüb? 
– Hələ demək olmaz, baxarıq... İndi süni nəfəs vermək lazımdır. Bilirsiniz, necə 
eləyirlər? – deyə Vizenhofdan soruşdu. 
– Xeyr... Bir az... Lap az... 
– Onda bura baxın! 
Qoldberqin qollarını geniş açıb, təzədən sinəsinə qatladı, bir-iki dəfə belə elədi. 
Qoldberqin boğazında xırıltı eşidildi. 
– Sağdır! – Qadın qışqırdı. 
– Xeyr, ora yığılıb qalmış havadır. 
Ravik onun qollarını bir az da hərəkət elətdirdi, sonra Vizenhofa tərəf döndü: 
– İndi də siz eləyin, – dedi. 
Vizenhof tərəddüdlə meyitin yanında diz çökdü. 
– Tez olun! – Ravik hövsələdən çıxdı. – Biləklərindən tutun... Yox, bir az 
yuxarıdan tutsanız, yaxşıdır. 
Vizenhofu tər basdı. 
– Bir az bərk eləyin! Ciyərlərdə qalmış havanın hamısı çıxsın. 
Sonra mehmanxana sahibəsinə tərəf döndü. Onların başı qarışanda, otaq adamla 
dolmuşdu. İşarə ilə sahibəni yanına çağırdı, dəhlizə çıxdılar. 
– Keçinib, – dedi, – indi elədiyimiz də boş şeydir. Qayda belədir, gərək, eləyəsən. 
Onu yalnız möcüzə xilas eləyə bilər. 
– Bəs neyləyək? 
– Həmişə elədiyinizi. 
– Təcili yardım? Bu o deməkdir ki, on dəqiqədən sonra polis gələcək. 
– Polisə, onsuz da, xəbər verməlisiniz. Qoldberqin sənədi var idi? 
– Bəli, yaxşı sənədləri var. Pasportu da, şəxsi vərəqəsi də... 
– Bəs Vizenhofun? 
– Müvəqqəti icazəsi var. Vizası uzadılıb. 
– Yaxşı oldu. Deməli, hər şey qaydasındadır. Onların ikisinə də deyin ki, mənim 
adımı çəkməsinlər. Qadın evə qayıdanda onu belə görüb, haray salıb, Vizenhof 
kəndiri kəsib, təcili yardım gələnə kimi süni nəfəs verib... Deyə bilərsiniz? 
Sahibənin xırda, quş gözləri ona zilləndi: 


 
189
– Əlbəttə. Onsuz da polis gələndə özüm yanlarında olacağam, qoymaram... 
– Oldu. 
Onlar otağa qayıtdılar. Vizenhof Qoldberqin üzərinə əyilərək işləyirdi. Sanki, 
onların ikisi də səhər idmanı edirdi. Sahibə qapının ağzında dayandı: 
– Xanımlar və ağalar, – dedi, – təcili yardım çağırasıyam. Oradan gələn həkim, ya 
sanitarlar polisə zəng vuracaqlar, o da yarım saata burada olacaq. Kimin sənədi 
yoxdursa, şeylərini yığışdırsın, ən azı əldə-ayaqda olanları götürüb, 
«katakomba»ya düşsün, orada gözləsin. Ola bilsin, polis otaqları axtaracaq, 
şahidləri dindirəcək. 
Otaq o dəqiqə boşaldı. Sahibə başını tərpətməklə Raviki arxayın elədi ki, Rut 
Qoldberqi də, Vizenhofu da öyrədəcək. Ravik döşəməyə atılmış qalstukun 
yanındakı əl çantasını və qayçını götürdü. Qalstuk elə düşmuşdü ki, Üstündəki 
firma nişanı görünürdü: «S. Fördör. Berlin». Onun ən azı on marka qiyməti vardı, 
Qoldberq kefinin kök vaxtlarında almış olardı. Bu firma Ravikə tanışdı, özü onun 
qalstuqlarını taxardı. 
O, şeylərini yığışdırıb, Morozovun otağına qoydu. Ehtiyat üçün belə eləyirdi. Çox 
güman ki, polis heç nə ilə maraqlanmayacaq. Ancaq belə yaxşıdır, Fernandan 
sümüyü səksənmişdi. 
O, «katakomba»ya düşdü. 
Xeyli adam içəridə həyəçanla ora-bura vurnuxurdu. Hamısı da sənədi olmayan 
mühaçirlər, «gizli briqada» idi. Klarisse ilə jan onlara kömək edib, çamadanları 
«katakomba»dakı zirzəmiyə oxşayan otağa yığırdılar. Zalın özü isə şam yeməyi 
üçün hazırlanırdı. Stollar açılmış, çörək qoyulmuşdu və mətbəxdən qızardılmış 
balıq iyi gəlirdi. 
– Vaxt çoxdur, tələsməyin, – deyə jan həyəcanlanmış mühacirləri sakitləşdirməyə 
çalışırdı. – Polis hara, belə tezliklə gəlmək hara! 
Mühacirlər isə tələsirdilər. Onların bəxti nə vaxt gətirmişdi ki?! Əllərində 
çamadan, basabasla zirzəmiyə doluşurdular. İspan Alvares də onların arasında idi. 
Sahibə bütün mehmanxanaya car çəkmişdi ki, polis gələcək. Alvares Raviki 
görəndə günahkar-günahkar gülümsədi. Ravik də bilmədi nə üçün... 
Arıq biri kişi arxayın addımlarla ona tərəf gəldi. Filologiya və fəlsəfə elmləri 
doktoru Ernst Zaydenbaum idi. 
– Manevr başlandı? – deyə Ravikə müraciət etdi. – Axırıncı məşqdir. 
«Katakomba»da qalacaqsınız? 
– Xeyr. 
Mehmanxananın altıillik veteranı Zaydenbaum çiyinlərini çəkdi: 
– Mən qalacağam, – dedi, – getməyə həvəsim yoxdur. Mənə elə gəlir, uzaqbaşı, 
protokol bağlayıb gedəcəklər. Qoca, ölü yəhudi kimin nəyinə lazımdır?! 
– O, lazım deyil. Ancaq dirilər, sənədi olmayan qaçqın kalvados lar çox lazımdır. 
Zaydenbaum pensnesini düzəltdi: 
– Mənim üçün fərqi yoxdur. Bilirsiniz, axırıncı dəfə polis bura sürək eləyəndə 
neylədim? İki ilin söhbətidir... Bir serjant da aşağı düşmüşdü. janın ağ fraklarından 
birini geyib, xörək payladım, hələ onun özünə də araq gətirdim! 
– Yaxşı ağlınıza gəlib... 
Zaydenbaum başını tərpətdi: 


 
190
– Vaxt gələcək ki, bu ora-bura kalvados qaçmaq da adamı bezdirəcək... 
O, asta addımlarla axşama nə verəcəklərini öyrənmək üçün mətbəxə sarı getdi. 
Ravik «katakomba»nın arxa qapısından həyətə çıxdı. Ayağının altında bir pişik 
qaldı. Onun qabağınca qaçqın kalvadoslar gedirdi. Onlar küçələrə səpələndilər. 
Alvares bir az axsayırdı. «Bəlkə də, ikinçi dəfə təşrih olunsa, sağalar», – deyə 
Ravik, fikri dağınıq olsa da, ürəyindən keçirdi. 
Tern meydanındakı kafedə oturmuşdu və qəflətən hiss elədi ki, Joan bu axşam 
gələçək. Bunun haradan ağlına gəldiyini özü də bilmədi, ancaq hiss elədi ki, 
gələcək... 
Yeməyin pulunu verib, tələsmədən mehmanxanaya qayıtdı. Hava bürkü idi və dar 
küçələrdəki bir-iki saatlığa kirayə verilən mehmanxanaların qarşısındakı lövhələr, 
hələ axşam yeniçə düşdüyünə baxmayaraq, işıqlandırılmışdı. Pənçərədəki pərdənin 
arasından işıq süzülürdü. Bir dəstə matros fahişələrin dalınca düşmüşdü. Cavan 
idilər, şərab, isti yay axşamı onları qızışdırmışdı və həmin mehmanxanalardan 
birinə girdilər... Haradansa qarmon səsi gəlirdi. Qəflətən bir fikir beynində şimşək 
kimi çaxdı, sonra duruldu, yavaş-yavaş süzməyə başladı, qaranlıqdan sehirli bir 
mənzərə baş qaldırdı: Joan mehmanxanada oturub Raviki gözləyirdi ki, içəri girən 
kimi özünü onun üstünə salsın, ağlaya-ağlaya hər şeyi atdığını, qayıtdığını desin... 
Dayandı. «Mənə nə olub?–Ürəyindən keçirdi.–Niyə dayandım? Niyə əllərim 
havanı onun saçları kimi qucaqlayır? Daha gecdir, heç nəyi qaytarmaq olmaz! Heç 
kəs də qayıtmaz! Nə vaxtsa yaşanmış anlar bir də geri dönərmi?» 
Yoluna davam etdi, həyətə keçib, arxa qapıdan «katakomba»ya girdi. Elə 
astanadan gördü ki, içəridə xeyli adam var. Zaydenbaum da onların arasındaydı, 
ancaq xidmətçi kimi yox, müştəri təki oturmuşdu. Deyəsən, təhlükə sovuşmuşdu. 
İçəri keçdi. 
Morozov otağında idi. 
– Çıxmağa hazırlaşırdım,–dedi,–çamadanlarını görəndə elə bildim, yenə İsveçrəyə 
göndəriblər. 
– Sakitlikdir? 
– Hə, polislik iş qalmadı. Hətta meyiti sahibinə qaytardılar. Deyiblər ki, qaranlıq 
məsələ yoxdur, özünü öldürüb. Yuxarıdadır, indicə aparacaqlar. 
– Yaxşı, onda mən də köçümü aparım otağıma. 
Morozov güldü: 
– Bu Zaydenbaum lap kef imiş! Bütün vaxtı orada oldu. Əlində qovluq, kağız-
kuğuz, gözündə də pensne... Deyirdi ki, vəkildir, sığorta idarəsindən gəlib. Polisə 
heç aman vermədi, qoca Qoldberqin pasportunu saldırdı. Dedi ki, ona lazımdır, 
polis təkcə şəxsi vəsiqəsini apara bilər. Onların öhdəsindən yaxşı gəldi... Onun 
özünün kağız-kuğuzu var? 
– Nə gəzir! 
– Onda yaxşı eləyib. Pasport indi qızıl qiymətinədir. Hələ bir il vaxtı var, kimsə 
istifadə eləyər. Ancaq həmin adam Zaydenbaum kimi həyasızlıq eləməsə, Parisdə 
yaşaya bilməz. Şəkli dəyişməyə nə var?! Təzə Aron Qoldberq cavan olsa, 
mütəxəssislər lap ucuz qiymətə tarixləri də dəyişər. Bu da ruhun ölməməsinin yeni 
növüdür, bir pasportla iki-üç adam yaşaya bilər... 
– Deməli, bundan sonra Zaydenbaum Qoldberq oldu? 


 
191
– Zaydenbaum istəmədi. Özünə sığışdırmır. O da yurdsuz-yuvasızların, 
didərginlərin Don Kixotudur. Qismətə inanan adamdır, kiminsə saxta pasportu ilə 
yaşayıb idealına xəyanət etməkdənsə, oturub başına nə gələcəyini gözləməyi üstün 
tutur. Bəlkə, sən götürəsən? 
Ravik başını buladı: 
– Mən də istəmirəm. Zaydenbaum düz eləyir... 
Camadanları götürüb aşağı düşdü. Qoldberq yaşayan mərtəbənin dəhlizinə çatanda 
uzun arxalıq geymiş yaşlı bir yəhudi onu ötdü. Uzun saqqalı, gicgahlarında 
saxladığı saç onu üzdən «İncil»də təsvir olunan yepiskoplara oxşadırdı. Rezin 
altlıqlı ayaqqabı geymiş qoca elə səssiz gedirdi ki, deyərdin, qaranlıq dəhlizdə 
tutqun kölgə kimi süzür. O, Qoldberqin qapısını açdı və şamların qırmızımtıl işığı 
bir anlığa dəhlizə düşdü. Ravik qəribə, bir az boğuq, bir az da yad, eyni zamanda 
qəmli, yeknəsəq sızıltı eşitdi. Fikirləşdi ki, ağı deyən qadınlardır. İndi də elə şeylər 
var? Yoxsa Rut Qoldberq təkcə özü idi? 
 
Ravik qapını açanda gördü ki, Joan pəncərənin qabağında oturub. O diksindi. 
– Sənsən? Nə olub. Bu çamadanlar nədir? Yenə gedirsən? 
Ravik çamadanları çarpayının yanına qoydu: 
– Heç nə olmayıb, ehtiyat üçün aparmışdım. Bir nəfər ölüb... Polis gəlmişdi... 
Keçib getdi... 
– Zəng vurmuşdum. Dəstəyi kimsə götürüb dedi ki, daha burada qalmırsan. 
– Sahibəmizdir. Çox ağıllı, ehtiyatlı qadındır. 
–Yüyürə-yüyürə gəldim, qapı açıq, otaq da bomboş... Ravik, elə bildim...–Onun 
səsi titrədi. 
Ravik güclə gülümsədi: 
– Görürsən, mən çox etibarsız əclafam, örkənimin üstünə odun yığmaq olmaz. 
Qapı döyüldü. Morozov əlində iki şüşə tutmuşdu: 
– Ravik, yaraq-yasağın yadından çıxıb qalıb... 
O, qaranlıqda dayanmış Joanı tanıdı, ancaq özünü görməzliyə vurdu. Ravik bunu 
sezmədi. Morozov şüşələri Ravikə uzadıb, qapının ağzındaca xudahafizləşdi, içəri 
gəlmədi. 
Ravik kalvadosla «Vuvre» şərabını stolun üstünə qoydu. Bayaq dəhlizdən eşitdiyi 
səs indi pəncərədən gəlirdi. Dil deyib ağlayırdılar. Səs dalğa-dalğa qalxır, enir və 
təzədən başlayırdı. Çox güman ki, hava isti olduğundan, Qoldberqin pəncərəsi açıq 
idi və qızılağacdan qayrılmış mebelli otaqda qoca Aronun meyiti yavaş-yavaş 
çürüməyə başlayırdı... 
– Ravik! – Joan sözə başladı. – Yaman darıxıram... Bilmirəm, nədəndir. Bütün 
günü beləcə olub... Qoy burada qalım... 
Ravik cavabında ləngidi. Yaman yerdə yaxalanmışdı. O, başqa cür gözləyirdi. Belə 
başlayacağını fikirləşməmişdi... 
– Nə qədər? – deyə soruşdu. 
– Sabaha kimi. 
– Çox olmadı ki! 
Joan çarpayının üstündə oturdu: 
– Bunları unuda bilmərik, Ravik? 


 
192
– Yox, Joan! 
– Heç nə istəmirəm. Qoy yanındaca uzanıb yatım. Ya da elə divandaca... 
– Olmaz, indi xəstəxanaya gedəsiyəm. 
– Eybi yoxdur, gözləyərəm. Azmı gözləmişəm? 
Ravik cavab vermədi. Belə sakit olduğuna özü də təəccüblənirdi. Bayaq küçədə 
hiss elədiyi bürkü, həyəcan birdən-birə yoxa çıxmışdı. 
– Sən də xəstəxanaya getmə! 
Ravik hələlik susurdu. Bilirdi ki, onunla yatsa, uduzacaq. Bu heç nə ilə ödəyə 
bilməyəcəyi bir vekseli imzalamaq kimi bir şey idi. Sonra hər gün gələcək, çaldığı 
qələbə ilə öyünəcək, özü heç bir güzəştə getmədən, ondan hər dəfə yeni bir şey 
istəyəcək, onu büsbütün ələ alana kimi belə eləyəcək, axırda da özü bezəçək, onu 
zəifliyin, ehtirasın qurbanı eləyib, əxlaqsız adam kimi atacaq. Əlbəttə, indi o 
niyyətlə gəlməyib, belə şeylərdən heç başı çıxmazdı da, ancaq,, hər halda, axır 
nəticəsi bu çür olmalı idi. «Bir gecə heç nə eləyə bilməz!» – deməyə nə var ki! 
Ancaq hər dəfə də müqavimət hissi bir az zəifləyəcək. Müqavimət hissi də yeganə 
şeydir ki, onunla alver eləmək olmaz. Katoliklərin şəriət kitabında buna çox 
ehtiyatla, qorxa-qorxa «ruhun günahına batmaq» deyilir və sonra da orada 
yazılanların əksinə olaraq, dolayı yolla işarə vurulur ki, o nə bu dünyada, nə də o 
birində bağışlanır... 
– Düz deyirsən, Joan, xəstəxanalıq işim yoxdur. Ancaq burada qalmağını 
istəmirəm. 
Elə bilirdi, Joan indicə barıt kimi partlayacaq. Ancaq o, çox sakit halda soruşdu: 
– Niyə istəmirsən? 
Səbəbini ona izah eləsinmi? İzah eləyə bilərdimi? 
– Sən daha buranın adamı deyilsən, Joan. 
– Buranın adamıyam! 
– Yox! 
– Niyə yox? 
Ravik susdu. «Nə yaman bicdir! – Ürəyindən keçirdi. – Adicə suallarla məni 
danışdırdı, izah elətdirdi. İzaha başlayırsansa, deməli, özünü müdafiə edirsən!» 
– Özün bilirsən, – dedi, – belə axmaq suallar vermə. 
– Ürəyin daha istəmir məni? 
– Yox! – dedi və qeyri-ixtiyari əlavə elədi: – Elə deyil... 
Qoldberqin otağındakı yeknəsəq ağlaşma səsi pəncərədən içəri dolurdu. Ağı 
deyirdilər. İşə bax, Livan dağlarındakı çobanların yas mərasimi Parisin ucqar bir 
küçəsinə gəlib çıxmışdı... 
– Sən mənə kömək durmalısan, Ravik! 
– Səni özbaşına buraxmağım ən böyük köməkdir. Sən də məni burax. 
Joan ona fikir vermədi: 
– Mənə kömək etməlisən, – dedi. – İstəsəm, yalan danışardım. Ancaq istəmirəm. 
Elədir, mənim ayrı adamım var! Ancaq onunla olan münasibətim səninlə olan 
münasibətim kimi deyil. Eyni şey olsaydı, durub bura gəlməzdim... 
Ravik siqaret çıxardı, hiss elədi ki, çox qurudur. Belə de! İndi başa düşdü! Bıçaq, 
ülgüc kimi iti olanda ağrıtmaz! Bir şey ki yəqinləşdi, ağrı o dəqiqə kəsilir. Ağrı 
həmişə o dərd yəqinləşənə kimi, bir də yəqinləşib qurtarandan sonra başlayır... 


 
193
– Eyni şey heç vaxt ola bilməz, – dedi. – Ancaq, əslində, eyni şeydir. 
«Niyə belə ucuz-ucuz danışıram?–deyə ürəyindən keçirdi. – Qəzetlərin verdiyi 
paradoksdur. Həqiqəti ucadan deyəndə nə yaman miskin olurmuş!» 
Joan dikəldi: 
– Ravik! – dedi.  
– Özün də bilirsən «adam yalnız bircəciyini sevə bilər» fikri düzgün deyil. Düzdür, 
elə adamlar var ki, yalnız birini sevir. Belələri xoşbəxtdir! Ancaq elələri də var ki, 
onlarda tərsinədir. Bunu da bilirsən... 
Siqaretini yandırdı. Üzünə baxmasa da, Joanın indi necə göründüyünü bilirdi. 
Rəngi saralmışdı, gözləri kölgələnmişdi, sakit idi, fikrini cəmləmişdi və elə 
kövrəlmişdi ki, deyərdin, indicə yalvarmağa başlayacaq... Ancaq qürurunu 
sındırmırdı... Günorta öz mənzilində də belə idi, müjdə gətirən məlakəyə oxşayırdı, 
inamla göylərdə pərvazlanırdı, özünü elə göstərirdi ki, guya, kimisə xilas etmək 
istəyir, ancaq əlindən çıxmasın deyə, onu yavaş-yavaş çarmıxa çəkirdi... 
– Bilirəm, – dedi, – o da bir bəhanədir. 
– Bəhanə-zad deyil! Onda adam bədbəxt olur. Həmin burulğana düşən xilas ola 
bilmir. Dəhşətli şeydir, baş açmaq olmur, adamla əlbəyaxa döyüşür... Elə şeydir ki, 
qaça bilmirsən, hara getsən, dalınca düşüb səni tapır. Sən istəmirsən, ancaq o 
gəlir... Özü də çox güclüdür... 
– Niyə bunu özünə dərd eləyirsən? Əgər belə güclüdürsə, tabe ol! 
–Tabe oluram. Bilirəm ki, başqa yolum yoxdur. Ancaq...– onun səsi birdən 
dəyişdi.–Səni də itirmək istəmirəm, Ravik! 
Ravik susurdu. Siqareti sümürsə də, tüstüsünü hiss eləmirdi. «Məni itirmək 
istəmirsən, – deyə ürəyindən keçirdi, – ancaq o birini də əldən qoymursan. Məsələ 
bundadır! Bunu da özünə sığışdırırsan! Ona görə də səndən uzaq qaçmalıyam. Özü 
də bir nəfər deyil! Elə olsa, dərd yarı idi! Hamısına da bəhanə tapırsan... Dərd 
ondadır ki, indi bərk ilişmisən, aradan çıxa bilmirsən... Ancaq yenə çıxacaqsan, 
hamısı təzədən başlayacaq... biri ilə qurtaran kimi, o biri gələcək... beləcə davam 
eləyəcək... Çünki bu, sənin qanındadır! Mən də bir vaxt elə olmuşam... Ancaq 
səninlə bacarmaram... Ona görə də səndən uzaq gəzməliyəm! İndi buna gücüm 
çatar. Gələn dəfə isə...» 
– Sən elə bilirsən ki, təkcə bizim başımıza gəlib, – dedi.–Ancaq, əslində, hamının 
başına gələn işdir: ər, yoxsa oynaş?! 
–Elə deyil! 
– Elədir! Ancaq onun növləri çoxdur, biri də gəlib səni tapıb... 
– Belə danışmağa necə dilin gəlir?! – Joan ayağa durdu. – Sən bunların heç 
birindən deyilsən. Heç vaxt olmamısan və olmayacaqsan da! O... – Joan duruxdu. – 
Yox, o da belə deyil... Söz tapıb deyə bilmirəm! 
– Onda gəl belə deyək: həm dinc həyat, həm də macəra! Yaxşı səslənir! Məna da 
dəyişmir... Birindən xoşun gəlir, o birini də əldən vermək istəmirsən. 
Joan başını buladı: 
– Ravik! – Qaranlıqlardan gələn bu səs Ravikin ürəyini yerindən oynatdı. –Bunu 
izah eləmək üçün yaxşı sözlər də tapmaq olar, pisini də... İş onda deyil! Mən səni 
sevirəm və nə qədər ömrüm var, sevəcəyəm! Bu, özümə gün kimi aydındır! Sən elə 
bir üfüqsən ki, mənim bütün fikir və duyğularım orada birləşir! Qoy nə istəyir 


 
194
olsun, bu heç vaxt dəyişməyəcək! Doğru sözümdür... Sən burada heç nə itirmirsən. 
Elə buna görə gəlmişəm... Elə buna görə də təəssüflənmirəm, özümü günahkar 
saymıram... 
– Sevən adamın günahı olmaz, Joan! Bu haradan ağlına gəlib? 
– Səndən sonra fikirləşdim. Çox fikirləşdim, Ravik. Sənin haqqında da, öz 
haqqımda da... Sən mənə tam sahib olmaq istəmədin. Bəlkə, heç özün də 
bilmirsən... Həmişə nəsə qabağımı kəsirdi, istədiyim kimi sənin qəlbinə girməyə 
qoymurdu. Mən isə bunu çox istəyirdim. Lap çox! Həmişə mənə elə gəlib ki, 
indicə çıxıb gedəcəksən. İnamım yox idi... Bu dəfə polis qovmuşdu, getməli idin, 
ancaq başqa cür də ola bilərdi, günlərin bir günü kefin istəsəydi, gedərdin, mən də 
tək qalardım, hara getdiyini də bilməzdim... 
Ravik diqqətlə qarşısındakı kölgəyə baxırdı. Onun dediklərində nəsə bir həqiqət 
vardı... 
– Həmişə də elə olub! – Joan sözünə davam etdi. – Həmişə! Onda da ortaya ayrısı 
çıxdı. O, məndən başqa heç kəsi istəmirdi, deyirdi ki, ömrüm boyu onun olum. 
Çox dərinə də getmirdi. Mən isə istəmirdim, ona görə də güldüm, taleyimlə 
oynamağa başladım, elə bildim ki, qorxusu yoxdur, istədiyim anda yığışdıraram... 
Lakin birdən hər şey dəyişdi, qəlbimdə nəsə baş qaldırdı, məni ona tərəf çəkməyə 
başladı... Çox müqavimət göstərdim, ancaq xeyri olmadı. Bilirdim ki, onu bütün 
varlığımla sevmirəm, istəyən qəlbimin balaca bir guşəsidir, ancaq bacarmırdım... 
Elə bil, yer yavaş-yavaş yırğalanmağa başlayır, sən də vecinə almayıb gülürsən və 
bir də görürsən ki, yarıldı, tutub dayanmağa heç nə qalmadı. Onda da gedirsən 
quyunun dibinə... Ancaq mən onun yox, səninəm, Ravik! 
Ravik siqareti pəncərədən atdı. O, işıldaquş kimi uca-uca həyətə düşdü. 
– Olan olub, keçən də keçib, Joan, – dedi, – daha heç nəyi geri qaytarmaq olmaz! 
– Mən heç nəyi qaytarmaq istəmirəm. Hər şey keçib gedəcək... Əsas məsələ budur 
ki, mən səninəm! Yoxsa, qayıdıb gəlməzdim! Yoxsa, gəlib sənin qapını 
kəsdirməzdim! Yoxsa, oturub gözləməzdim və sən də gələndə məni qovmazdın! 
Qovsan da, qayıdacağam! Bilirəm, mənə inanmırsan, ürəyində deyirsən ki, başqa 
niyyətlə gəlib. Hansı niyyətlə gələ bilərəm? Əgər o biri qəlbimi məhəbbətlə 
doldura bilsəydi, gəlməzdim, səni də unudardım... Deyirsən ki, sənin yanında dinc 
həyat axtarıram... Elə deyil, Ravik, mən səndən məhəbbət umuram! 
«Sözlərə bax! – Ravik ürəyindən keçirdi. – Çox şirin sözlərdir... Adamın canına 
yağ kimi yayılır. Ancaq... kömək elə... sevirəm... qayıtdım... səninəm...–bunlar 
hamısı şirin sözlərdir. Eləcə sözlərdir, vəssalam. İki bədənin vəhşicəsinə bir-birinə 
qovuşması kimi adicə bir şey üçün gör nə qədər söz var! Bu sözlərdə də nə qədər 
yalan, uydurma, saxta hisslər, özünüaldatma gizlənib! O da bu ayrılıq gecəsində 
qaranlıqda dayanıb, həmin şirin sözlər də başından yağış kimi ələnir... Ancaq 
hamısının da bircə mənası var: ayrılıq, ayrılıq, yenə də ayrılıq! Əgər söhbət bu 
həddə çatıbsa, deməli, hər şey qurtarıb! Məhəbbət allahının gözlərindən qan damır, 
onun belə boş sözlərlə arası yoxdur...» 
– İndi isə çıx get, Joan!  
Joan ayağa durdu: 
– Heç getmək istəmirəm... Qoy qalım... Bircə gecəliyə... 
Ravik başını buladı: 


 
195
– Məni nə hesab edirsən, Joan? Mən müqəvva deyiləm!  
Joan ona sığındı. Ravik hiss elədi ki, o titrəyir. 
– Mənim üçün fərqi yoxdur... Qoy qalım!  
Ravik ehtiyatla onu özündən araladı. 
– Başqasını aldatmaq üçün nahaq məndən başladın. Onsuz da, onun çəkməyə dərdi 
çox olacaq. 
– Mən indi evə tək qayıda bilmərəm. 
– Tək qalmazsan… 
– Yox, təkəm… Üç gündür yalqızam… Çıxıb gedib… Parisdə deyil. 
– Belə de…e! – Ravik çox sakit danışır və diqqətlə Joanın üzünə baxırdı. – Bircə o 
xasiyyətin xoşuma gəlir ki, açıq danışırsan! Adam səninlə necə rəftar edəcəyini 
bilir… 
– Mən bundan ötrü gəlməmişəm. 
– Özüm bilirəm. 
– İstəsəm, heç deməzdim… 
– Elədir. 
– Mən evə tək qayıtmaq istəmirəm, Ravik! 
– Yaxşı, evə qədər ötürərəm. 
Joan bir addım geri çəkildi, astadan: 
– Məni daha sevmirsən! – dedi. Onun səsində hədə də var idi. 
– Bunu öyrənməyə gəlmişdin? 
– Hə, həm də buna görə… Təkcə bu deyildi… ancaq bu da var idi! 
– Allah eşqinə qurtar, Joan!– Ravik hövsələdən çıxırdı. – Hesab elə ki, mən son 
sözümü dedim, ürəyimdəkiləri açıb tökdüm. 
Joan dinməzcə onun üzünə baxırdı. 
– Elə bilirsən, bundan sonra sənin başqası ilə yaşadığına göz yumub, «burada qal!» 
deyəcəyəm?! 
Joan yavaş-yavaş gülümsəməyə başladı. Ancaq bu adi təbəssüm deyildi. 
Daxilindən süzülən parıltıya oxşayırdı, elə bil, orada məşəl yandırmışdılar və onun 
alovu yavaş-yavaş gözlərinə qalxırdı… 
– Çox sağ ol, Ravik! – dedi. Bir az ara verəndən sonra onun üzünə baxa-baxa 
soruşdu: – Sən məni unutmayacaqsan? 
– Niyə soruşursan? 
– Məni gözləyəcəksən? Məni unutmayacaqsan? 
– Mənə elə gəlir, bunun çox da qorxusu yoxdur. Təcrübə özü göstərdi… 
– Çox sağ ol! – Joan tamam dəyişmişdi. 
«Gör nə tez təsəlli tapdı! Niyə də tapmasın?! Elə bilir burada qalmasa da, arzusuna 
çatdı…» 
Joan onu öpdü: 
– Belə olacağını bilirdim, – dedi. – Sən başqa cür ola bilməzdin! İndisə gedirəm! 
Ötürmək lazım deyil, özüm gedərəm! 
Qapıya çatanda dayandı. 
– Bir də gəlmə, Joan! Heç nəyi də özünə dərd eləmə! Qorxma, sənə heç nə olmaz! 
– Yaxşı, gecən xeyrə qalsın, Ravik. 
– Xeyrə qarşı, Joan. 


 
196
Ravik işığı yandırdı. «Sən başqa cür ola bilməzdin!» Üşürgələndi. «Bütün 
qadınların xəmrəsi gillə qızıldan, yalanla rəzalətdən, riya ilə çılpaq həqiqətdən 
tutulub!» – deyə ürəyindən keçirdi. Gedib pəncərənin qabağında oturdu. Aşağıdan 
yenə həzin, yeknəsəq ağlaşma səsi gəlirdi. Ərinə həmişə xəyanət etmiş bir qadın 
indi onun ölümünə acıyırdı... Bəlkə də, dinləri tələb etdiyi üçün belə ağlayırdı... 
Ravik təəccübləndi ki, nə yaxşı özünü çox da bədbəxt hiss eləmədi... 
 
                                                                        XXIII 
 
 
– Mən yenə qayıtdım, Ravik! – Bu sözləri Ket Heqstrem deyirdi. 
O, «Lankaster» mehmanxanasındagı otağında oturmuşdu. Çox arıqlamış, dərisinin 
altında ət deyilən şey qalmamışdı. Sanki, onu zərif bir alətlə deşib hamısını 
çıxarmışdılar. Bütün əzələləri görünürdü. Dərisi ipək kimi idi, deyərdin, indicə 
deşiləcək.., 
– Mən elə bilirdim, siz indi Florensiyada, ya da Kanndasınız, Ket! Ya da çoxdan 
Amerikaya getmisiniz... 
– Bütün vaxtı Florensiyada olmuşam. Fezolada qalırdım. Axırda dözə bilmədim. 
Yadınızdadırmı, sizi də tovlayıb aparmaq istəyirdim? Deyirdim, kitablar, soba, 
gecələr, sakitlik... Kitablar da, soba da var idi. Sakitlik isə... Hətta Fransiska fon 
Assinin şəhəri də səs-küylü idi, Ravik! Bütün İtaliya kimi, ora da səs-küylü, 
narahat idi! Fransiskanın bir vaxtlar quşlara da məhəbbəti mədh elədiyi yerlərdən 
indi faşist forması geymiş əsgərlər keçir. Gurultulu sözlər, başqa millətlərə nifrət 
onların gözünü tutub, böyük əməllərdən dəm vururlar... 
– Bu, həmişə belə olub, Ket. 
– Belə deyildi. Bir-iki il bundan qabaq mənim təsərrüfat işlərimə baxan kişi 
mehriban adam idi, velvet şalvar, çarıq geyərdi. Ancaq indi uzunboğaz çəkmə, qara 
köynək geyən millət qəhrəmanı olub, qızıl dəstəkli xəncər qurşayır, yığıncaqlarda 
çıxış eləyib deyir ki, Aralıq dənizi İtaliyanın olmalıdır, İngiltərəni dağıtmaq 
lazımdır, Nitsa, Korsika, Savay İtaliyaya qaytarılmalıdır. Çoxdan qələbə sevinci 
dadmayan bu mehriban millət Həbəşistanda, İspaniyada qalib gələndən sonra lap 
ağlını itirib. Üç il bundan qabaq ağlı başında olan dostlarım indi göz qırpmadan 
deyirlər ki, İngiltərəni üçcə ayın içində almaq olar. Bütün ölkə qaynayır. Nə oldu 
birdən-birə? Bir vaxt qəhvəyi köynək geyən adamların qəddarlığı məni Vyanadan 
didərgin saldı, indi də qara köynək geyənlərin axmaqlığı İtaliyadan qaçırtdı. 
Deyirlər, haradasa yaşıl köynək geyənlər də peyda olub. Yəqin, Amerikada da 
gümüşü köynək geyirlər. Dünya da indi bu köynəklilərin əlində qalıb? 
– Deyəsən. Ancaq bir azdan dəyişəcək, hamı bir nəfər kimi qırmızı geyəcək. 
– Qırmızı? 
– Bəli, qan kimi qırmızı. 
Ket əyilib pəncərədən həyətə baxdı. Qürub edən günəşin solğun şəfəqləri şabalıd 
ağaclarının yarpaqlarından süzülərək yaşılı rəngə çalırdı. 
– Adam heç inanmaq istəmir, Ravik! İyirmi ildə iki müharibə. Çoxdur... Birincinin 
yorğunluğu canımızdan hələ çıxmayıb. 
– Təkcə qaliblərin! Bu məğlub olanlara aid deyil. Qalib gələn yorğunluğa baxmır. 


 
197
– Bəlkə də, elədir. – Ket onun üzünə baxdı. – Deyəsən, lap az qalıb, elə deyil? 
– Qorxuram, azdan da az qalmış olsun. 
– Görəsən, mən o vaxta qalacağam? 
– Niyə qalmırsınız?–Ravik düz onun gözlərinin içinə baxdı. Ket baxışlarını 
qaçırtmadı. – Fiolonun yanına getdiniz? 
– Bəli, bir-iki dəfə getdim. Qara taun bəzilərini yaxalaya bilməyib. O da həmin 
adamlardan biridir... 
Ravik dinməyib onun daha nə deyəcəyini gözlədi. Ket stolun üstündəki mirvari 
muncuğu götürüb əlində oynatmağa başladı. Nazik, uzun barmaqların arasında 
gəzişən mirvari dənələri qiymətli daş-qaşa bənzəyirdi. 
– İndi mən ömrü boyu dinclik axtaran yəhudiyə oxşayıram. Ancaq, deyəsən, pis 
vaxtda başlamışam, onu heç yerdə tapmaq olmaz. Bir azca burada qalıb... 
Ravik mirvari dənələrinə baxdı. Onlar, qişasına yad toxum – balaca bir qum dənəsi 
düşmüş kələk-ötür, bomboz təkhüceyrələrdən yaranmışdı. Təsadüfi qıcıqlanmadan 
zərif bir gözəllik yaranmışdı. «Bu da bir hikmətdir», – deyə ürəyindən keçirdi. 
– Siz ki Amerikaya getmək istəyirdiniz, Ket? Kimin Avropadan çıxmaq imkanı 
var, əldən verməsin, gərək. Onsuz da burada heç nə eləyə bilməyəcəksiniz. 
– Qovursunuz? 
– Xeyr! Axırıncı dəfə özünüz demədiniz ki, işlərinizi qaydaya salandan sonra 
Amerikaya gedəcəksiniz? 
– Bəli, dedim. Ancaq indi istəmirəm. Hələ yox... Bir az burada qalacağam. 
– Paris yayda çox isti olur, adam heç dözə bilmir.  
Ket muncuğu stolun üstünə qoydu: 
– Xeyr, axırıncı yay elə olmaz... 
– Axırıncı? 
– Bəli, bu, mənim axırıncı yayım olacaq. 
Ravik susdu. «Görəsən, bilirmi? – deyə fikirləşdi. – Fiolo ona nə deyib?» 
– «Şəhrizad»da işlər necə gedir? – Ket birdən soruşdu. 
– Çoxdan ora getməmişəm. Morozov deyir ki, hər axşam dolu olur. İndi bütün 
gecə restoranları belədir. 
– Yayda da? 
– Bəli, yayda da! Adətən, bu vaxtlar bütün əyləncə yerləri bağlanardı... 
Gözləmirdiniz? 
– Xeyr, gözləyirdim. Hamı son nəfəsində həyatdan nəsə qoparmaq istəyir. 
– Elədir. 
– Məni ora aparacaqsınız? 
– Əlbəttə, Ket, nə vaxt istəsəniz! Elə bilirdim, ora daha xoşunuza gəlmir. 
– Mən də elə bilirdim, ancaq fikrimi dəyişdim. Mən də bacardıqca nəsə 
qoparmalıyam. 
Yenə Ketin üzünə baxdı: 
– Yaxşı, – dedi, – nə vaxt istəsəniz, apararam. 
Ravik durdu. Ket onunla qapıya kimi gəldi. Yaman arıqlamışdı... Qurumuş dərisi 
ipək kimi idi və adama elə gəlirdi ki, əl vursa, xışıldayar. Gözləri dupduru idi, 
əvvəlkindən də iri görünürdü. Sümüyü çıxmış hərarətli əlini Ravikə uzatdı: 


 
198
– Niyə onda xəstəliyimi özümə demədiniz?–Bunu elə saymazyana dedi ki, elə bil, 
çöldəki havanı soruşurdu. 
Ravik diqqətlə onun üzünə baxdı, amma dinmədi. 
– Dözərdim...–Ketin yanaqlarına xəfif, kinayəli bir təbəssüm qondu. Ancaq bu 
kinayədə inciklik əlaməti yox idi.– Hələlik, Ravik! 
 
Mədəsi kəsilmiş kişi öldü. Düz üç gün zarıdı. Daha morfi də kömək eləmirdi. 
Ravik də, Veber də bilirdi ki, öləcək. İstəsəydilər, onu üç gün belə əzab çəkməyə 
qoymazdılar. Ancaq eləmədilər, çünki bu dünyada bir din var idi və həmin din də 
bütün bəndələri sevməyi nəsihət edir, onların əzablarını qısaltmağa qoymurdu və 
bir qanun da onu müdafiə edirdi... 
– Qohumlarına teleqram vurdunuz?–deyə Ravik soruşdu. 
– Qohumu yoxdur,–Veber cavab verdi. 
– Bir simsarı da yoxdur? 
– Heç kəsi yoxdur. 
– Heç kəsi? 
– Heçcə kəsi! Qulluqçusu gəlmişdi. Heç kəslə məktublaşmırmış, təkcə univermaq 
kataloqları, alkoqolizm, vərəm, zöhrəvi xəstəliklər və s. haqqında tibbi bülletenlər 
alırmış. Gedib-gələni də yox imiş. Təşrihin, bir də dörd həftəlik xəstəxananın 
haqqını qabaqcadan vermişdi. Ancaq iki həftəsi artıq qaldı. Qulluqçu deyirdi ki, 
kişiyə özü baxırmış və buna görə də hər şeyini ona söz veribmiş. İki həftənin 
pulunu da geri istəyirdi. Guya, ona ana əvəzi olubmuş. Kaş bu ananı özünüz 
görəydiniz! Deyirdi ki, ona xərci çox çıxıb, mənzil kirəsini də verib. Dedim ki, o, 
hər şeyin pulunu burada əvvəlcədən verdi, görəsən, mənzil haqqını niyə belə 
eləməyib?! Bir də ki polis hər şeyi aydınlaşdıracaq. Ağzına gələni mənə dedi... 
– Pul adamı hansı yola salmır ki! 
Veber güldü: 
– Lazımi yerlərə xəbər verərik, qoy hər şeyi aydınlaşdırsınlar, dəfn işini də təşkil 
etsinlər. 
Ravik mədəsi kəsilmiş qohum-əqrabasız kişiyə nəzər saldı. O, hərəkətsiz uzanıb 
qalmışdı, üz-gözü elə hala düşürdü ki, onu otuz beş illik həyatında görməmişdi. 
Son nəfəsində qıc olan sifətindən əcəlin boz üzü yavaş-yavaş baş qaldırırdı. 
Üzündəki başqa ifadələr getdikcə əriyir, ölüm nişanəsi çəkilir, onların yerinə asta-
asta, səssiz-səmirsiz əbədiyyət nişanəsi qonurdu. Bircə saatdan sonra üzündə təkçə 
həmin nişanə qalacaqdı... 
Ravik palatadan çıxdı. Dəhlizdə növbətçi tibb baçısı ilə rastlaşdı. Qız yenicə 
gəlirdi. 
– On ikinci palatadakı cənab öldü. Yarım saat bundan qabaq geçinib, daha növbə 
çəkmək lazım deyil...–Diqqətlə qızın üzünə baxandan sonra soruşdu:–Sizə bir şey 
vermədi? 
Qız tərəddüd elədi: 
– Xeyr... Çox qaradinməz adam idi... Axır zamanlar heç kəlmə də kəsmirdi. 
– Edədir, danışmırdı. 
Tibb bacısı hər şeyin qədrini bilən evdar qadınlar sayağı Ravikə baxdı: 


 
199
– Qəşəng bir nesesseri vardı. Hamısı da gümüş! O qədər zərif idi ki, kişilərə 
yaraşmazdı. Əsl qadınların malı idi...–dedi. 
– Bunları ona demədiniz? 
– Bir dəfə dedim. Çərşənbə axşamı bir az sakitləşmişdi, onda söhbət saldım. Ancaq 
dedi ki, gümüş kişilərə də yaraşır. Qəşəng də diş şotkaları var idi. Elələri indi 
tapılmır. Özgə heç nə demədi... 
– Gümüş polisə qaldı. Qohum-əqrəbası yox imiş... 
Qız başını tərpətdi: 
– Heyif! Gümüş qaralacaq! İşlətməyəndə, diş şotkaları da xarab olur. Onları yaxşı-
yaxşı yumaq lazım idi... 
– Düz deyirsiniz, heyif oldu. Gərək, sizə verəydi. Heç olmasa, kimisə 
sevindirərdi... 
Qız minnətdarlıq hissi ilə gülümsədi: 
– Eybi yoxdur. Onsuz da bilirdim ki, heç nə verməyəcək. Ölüm ayağında olanlar 
təsadüfi hallarda nəsə bağışlayar. Nə versə, sağalanlar verir. Can üstə olanlar 
öləcəyinə inanmırlar, ona görə də heç nə vermirlər. Bəziləri də acıqla vermirlər. 
Siz təsəvvür edə bilməzsiniz, cənab doktor, ölənlər yaman dəhşətli olurlar. 
Ölməmişdən qabaq adama elə sözlər deyirlər ki! 
Qızın uşaq üzü kimi allanmış üzü saf və aydın idi. Ətrafında baş verən hadisələr 
onun balaca dünyasına aid olmayanda vecinə deyildi. Ölüm ayağında olanlar onun 
üçün ya ərköyün, ya da yetim uşaq kimi idi. Canlarını tapşırana qədər onlara qulluq 
edir, sonra təzələri gəlirdi. Bəziləri sağalır, yaxşılığın əvəzini çıxır, bəziləri heç nə 
vermir, bəziləri də ölürdü. Dünyanın işi belə idi, ürəyə salmağa dəyməzdi. 
Mağazalarda, «Bonmarşe»də qiymətlərin beş faiz düşüb-düşməyəcəyi, janın öz 
xalası qızı Anne Kübüre ilə evlənib-evlənməyəcəyi bundan vacib idi... «Yaxşı da 
eləyir, – Ravik ürəyindən keçirdi, – bu balaca aləm onu çalxanan dünyadan 
qoruyur. Yoxsa axırı hara gedib çıxardı?!» 
 
«Zəfər» kafesinin qabağında oturmuşdu. Gecə tutqun, buludlu, ancaq bürkülü idi, 
lap uzaqlarda şimşək də çaxırdı. Küçələrdə iynə atsaydın, adam əlindən yerə 
düşməzdi. Başına mavi atlazdan şlyapa qoymuş bir qadın gəlib onun yanında 
oturdu. 
– Mənə bir qədəh «Vermut» alarsan? – deyə soruşdu. 
– Alaram! Ancaq içən kimi aralan, adam gözləyirəm. 
– Nə olar, bir yerdə gözləyərik. 
– Aralansan, yaxşıdır. Gözlədiyim qadın idman sarayının boksçusudur. 
Qadın gülümsədi. Üz-gözünü elə boyamışdı ki, təbəssümü təkcə dodaqlarında hiss 
olunurdu, qalan yerlərə, sanki, ağ maska taxılmışdı. 
– Mənimlə gedək, – dedi, – qəşəng mənzilim var... Sənə bir kef verərəm ki... 
Ravik başını buladı, cibindən bir beşfranklıq çıxarıb stolun üstünə atdı: 
– Götür! Xoş getdin! Salamat qal! 
Qadın pulu götürdü, onu qatlayıb corabının boğazına qoydu.  
– Xiffət eləyirsən? 
– Yox. 


 
200
– Onun dərmanı məndə! Qəşəng bir rəfiqəm var, lap sütüldür...– Bir az ara verdi. – 
Döşləri Eyfel qülləsi kimidir! 
– Gələn dəfə... 
– Özün bil...– Qadın durub bir-iki stol o tərəfdə oturdu. Yenə Ravikə sarı boylandı, 
sonra bir idman qəzeti alıb, xəbərləri oxumağa başladı. 
Ravik diqqətlə stolların arasında gəzişən axına baxırdı. İçəridə orkestr Vyana 
valsları çalırdı. Bir dəstə cavan homoseksualist hay-küylə, bir-birinə naz sata-sata 
gəlib qonşu stolda oturdu. Lap son dəbdə saqqal buraxmışdılar, əyinlərindəki 
pencəyin çiyinləri enli, beli isə dar idi. 
Bir qız yanında dayanıb, üzünə baxırdı. Çox tanış gəlirdi, ancaq yadına sala 
bilmirdi. Qız ömrü boyu taleyindən şikayətlənən fahişələrə oxşayırdı... 
– Tanımadınız? – deyə o soruşdu. 
– Əlbəttə, tanıdım, – deyən Ravik, əslində, onu tanımamışdı. – Necəsiniz? 
– Yaxşıyam. Ancaq, deyəsən, tanımadınız. 
– Ad yadımda qalmır, amma tanıyıram. Çoxdan görüşməmişik... 
– Bəli... Onda Bobonu yaman qorxutdunuz!–Qız gülümsədi.–O vaxt həyatımı xilas 
etdiniz, indisə tanımırsınız... 
Bobo... Həyatımı xilas etdiniz... Mamaça... İndi yadına düşdü. 
– Lüsyensiniz, – dedi – Əlbəttə, tanıdım! Onda xəstə idiniz, indisə sağlam adam... 
Ona görə çaşdım. 
Lüsyenin kefi açıldı: 
– Doğrudur! Hamısı yadınızda imiş. Mamaçadan alıb göndərdiyiniz yüz franka 
görə sağ olun. 
– Hə, yadıma düşdü... – Madam Buşedən ala bilməyəndə öz cibindən göndərmişdi. 
– Heyif ki, hamısını ala bilmədim. 
– Bəs elədi. Mən ümidimi tamam üzmüşdüm. 
–Yaxşı, Lüsyen, mənimlə bir şey içərsiniz?  
Qız başını tərpədib çəkinə-çəkinə oturdu: 
– Mədən suyu ilə bir qədəh «Çinzano» içərəm. 
– İşləriniz necədir, Lüsyen? 
– Çox yaxşı! 
– Yenə də Bobonun yanında qalırsınız? 
– Əlbəttə! Ancaq o, indi tamam dəyişib, yaxşılaşıb. 
– Əla! 
Soruşmağa özgə heç nə qalmadı. Balaca toxucu qız balaca bir fahişəyə çevrilmişdi. 
Ravik onu elə buna görə sağaltmışdı. Bobo da müalicəni davam etdirmişdi. Uşaq 
sarıdan çəkəcəyi qalmamışdı. Fahişə olmaq üçün bir səbəb də bu idi. Hələ yenicə 
başlayırdı və ondakı uşaq sadəlövhlüyü yaşlı şorgözləri özünə çəkə bilirdi. Elə bil, 
çox işlənməmiş çini qab idi, şirəsi hələ tökülməmişdi. Lüsyen lap quş kimi duruxa-
duruxa içirdi, gözləri ilə kimisə axtarırdı. Kədərli səhnə olsa da, çox 
təəssüflənməyə dəyməzdi. Adicə bir həyat parçası idi, yavaş-yavaş keçib gedirdi... 
– Taleyindən razısan, Lüsyen? 
Qız başını tərpətdi. Ravik gördü ki, o, doğrudan da, razıdır. Hər şey ona təbii 
görünür, heç nəyi böyüdüb özünə dərd eləmirdi... 
– Təksiniz?. 


 
201
– Təkəm, Lüsyen. 
– Belə bir gecədə? 
– Bəli. 
Qız ürkək-ürkək ona baxıb gülümsədi: 
– Mən boşam, – dedi. 
«Mənə nə olub? – Ravik ürəyindən keçirdi. – Nə kökə düşmüşəm ki, hər yetən 
fahişə mənə məhəbbət sədəqəsi təklif eləyir?!» 
– Sən uzaqda olursan, Lüsyen, mənimsə vaxtım azdır. 
– Bizə getməyək... Gərək, Bobo bilməsin...  
Ravik onun üzünə baxdı: 
– Bobonun bundan xəbəri yoxdur? 
– Var... Başqalarını bilir. Axı göz qoyur! – Qız gülümsədi. – Lap uşaq kimidir, elə 
bilir, qazancımı ondan gizlədəcəyəm. Ancaq sizdən pul istəmirəm... 
– Bobo ona görə bilməsin? 
– Ona görə yox! Görsə, qısqanacaq. Qısqananda da vəhşiyə dönür! 
– Hamıya qısqanır?  
Lüsyen təəccüblə ona baxdı: 
– Xeyr, hamıya qısqanmır. Bilir ki, puldan ötrüdür. 
– Qısqanclıq pulsuz olanda baş qaldırır? 
– Ona görə yox... Biləndə ki, arada ayrı şey də var...– O, yenə duruxdu.–Biləndə 
ki, ürəyim... 
Qız gözlərini yerə dikdi. Ravik onun stolun üstündə özünə yer tapa bilməyən 
əllərindən yapışdı: 
– Lüsyen, – dedi, – çox sağ ol ki, gəlib görüşdün. Çox sağ ol ki, mənimlə getmək 
istəyirsən! Sən qəşəng qızsan, məmnuniyyətlə aparardım. Ancaq nə vaxtsa təşrih 
elədiyim qadınla yata bilmərəm... Məni başa düşürsənmi, Lüsyen?! 
Qız qara, uzun kirpiklərini qaldırıb, tələsik başını tərpətdi: 
– Bəli, – deyib ayağa durdu. – Onda gedim... 
– Hələlik, Lüsyen, salamat qal. Özünü gözlə, bir də xəstələnmə... 
– Yaxşı... 
Ravik kağıza nəsə yazıb ona verdi: 
– Yoxundursa, bundan al, – dedi, – ən yaxşı dərmandır. Pulun hamısını da Bobaya 
vermə! 
Qız gülümsəyib başını tərpətdi. O da, Ravik də bilirdi ki, hamısını verəcək. Lüsyen 
adamların arasında gözdən itənə kimi Ravik onun arxasınca baxdı, sonra işarə ilə 
xidmətçini çağırdı. Göy şlyapalı qadın yenə yolunu onun yanından saldı. Hər şeyə 
göz qoymuşdu. Əlindəki qatlanmış qəzetlə özünü yelləyə-yelləyə qayırma dişlərini 
ağardırdı: 
– Sən ya impotentsən, ya da nataraz, əzizim! – Ravikə çatanda mehribanlıqla 
dilləndi. – Çox sağ ol, sənə müvəffəqiyyətlər... 
Ravik durub, bürkülü qaranlığa qarışdı. Şəhərin başı üzərində tez-tez şimşək çaxsa 
da, hava sakit idi. «Luvr» muzeyinin qapısından işıq gəlirdi. Açıq idi. İçəri girdi... 
Muzey bu gün gecə yarıyacan işləyirdi. Bəzi zallardan işıq gəlirdi. O, gur işığa 
qərq olmuş nəhəng qəbrə oxşayan Misir pavilyonuna keçdi. Üç min əvvəl yaşamış 
fironlar daşa dönmüşdü. Bəziləri oturmuş, bəziləri də ayaq üstə dayanmışdı və 


 
202
qranit gözləri dəstə-dəstə gəzişən tələbələrə, başlarında dəbdən düşmüş şlyapa olan 
qadınlara, darıxdıqlarından bura gələn yaşlı kişilərə zillənmişdi. Burada toz, meyit, 
əbədiyyət qoxusu bir-birinə qarışmışdı... 
Yunan pavilyonundakı gözəllik ilahəsi Veneranın heykəli önündə ona oxşarı 
olmayan qızlar dayanıb nəsə pıçıldaşırdı. Ravik ayaq saxladı. Misirlilərin 
qranitindən, yaşıl rəngə çalan siyenitlərindən sonra yunanların mərməri adama 
zərif dekadent təsiri bağışlayırdı. İncə naxışlarla işlənmiş Venera məmnun-
məmnun çimən evdar qadına bənzəyirdi. Qənirsiz gözəl idi və özünü büsbütün 
unutmuşdu. Günəş Allahı Apollon isə görkəmindən homoseksualistə oxşayırdı, 
gərək, idmanla çox məşğul olaydı. Heykəllərin hamısını zallara qoymuşdular, 
onları öldürən də bu idi. Ancaq həmin zallar misirlilərə heç nə eləyə bilmirdi, 
çünki onlar elə ilkindən qəbir və sərdabələr üçün düzəldilmişdi. Yunanlara isə 
günəş, hava, Afinanın qızılı şəfəqlərinə bələnmiş sütunlar lazım idi... 
Ravik heykəllərə baxa-baxa irəlilədi. Pilləkənli böyük zal qurtarmaq bilmirdi. 
Birdən lap hündürdə zəfər ilahəsi Nike göründü... 
Onu axırıncı dəfə gördüyü vaxtdan çox keçmişdi. Onda hava tutqun idi və bu 
mərmər heykəl diqqəti o qədər də cəlb eləmirdi; muzeyin pəncərəsindən süzülən 
qış günəşinin solğun şüaları zəfər ilahəsini, sanki, üşüdürdü, ona görə də 
büzüşmüşdü. Ancaq indi pilləkənin başında, mərmər gəmi təsvirinin üstündə 
dayanmışdı, projektorların gur işığı düz üstünə düşürdü, o da par-par parıldayırdı, 
qanadlarını gərmişdi, elə bil, külək onun paltarını bir az qabağa əyilmiş bədəninə 
sıxmışdı və deyərdin, indiçə uçacaq. Adama elə gəlirdi ki, onun arxa tərəfində 
şərab rəngli Salamina dənizi uğuldayır və başı üstündəki səmanın üzünə qara 
məxmərdən həsrət pərdəsi çəkilib... 
Bu zəfər ilahəsi əxlaq normalarından bixəbər idi, heç bir dərd-sər də tanımırdı. 
Tanıdığı bir qələbə idi, bir də məğlubiyyət və onların da arasında, demək olar ki, 
fərq görmürdü. Adamın ağlını çaşdırmır, ancaq «gəl-gəl» deyirdi. Cazibədar 
deyildi, ancaq «durma, gəl» deyirdi. Heç nəyini də gizlətmirdi, ancaq əli ilə eyib 
yerini örtərək, hamını məhz ora baxmağa məcbur edən Veneradan çox çəlb edirdi. 
O, quşlarla, gəmilərlə, küləklə, dalğalarla, üfüqlə qohum idi... Yurdu-yuvası yox 
idi onun! 
«Yurdu-yuvası yoxdu... – Ravik ürəyindən keçirdi. – Heç lazım da deyil. Bütün 
gəmilər ona yurd-yuva olub. Bütün müharibə və qəhrəmanlıq meydanları, hətta 
yeniləndə belə ona yurd-yuva olub! Təki ümidini itirməsin! O təkcə zəfər ilahəsi 
deyil, həm də müxtəlif macəralar və bir də qılıncı qınına qoymayan mühaçirlərin 
ilahəsidir». 
Yan-yörəsinə baxdı. Zalda heç kəs qalmamışdı. Tələbələr də, əllərində «bələdçi» 
zalları dolaşan adamlar da evlərinə getmişdilər. Bəli, evlərinə! Bəs o? Yurdsuz-
yuvasız bir adamın evi, uzaqbaşı, kiminsə həyəcanlı qəlbinin bir guşəsi olardı və 
çox çəkməzdi ki, o da uçub-dağılardı... Vətənsiz adamın qəlbinə qonan məhəbbətin 
ona tam hakim kəsilməsinin, ürəyini şan-şan eləməsinin səbəbi də elə bu 
deyildimi? Elə buna görə də məhəbbətdən uzaq qaçmağa çalışmırdımı? Bu 
məhəbbət də əl çəkməyib onun dalınca düşmədimi? Axırda da tapıb diz 
çökdürmədimi? Yox, duruş gətirə bilmədi, çünki qərib ölkənin sürüşkən buzu 
doğma torpağın etibarlı ağuşu deyildi... 


 
203
Gözləri nəyisə aldı. Balaca, ağ bir şey idi, uçurdu... Gördü ki, kəpənəkdir. 
Deyəsən, açıq qapıdan girmişdi. Bəlkə də, Tüleri parkındakı qızılgüllərin isti 
qoynunda məst ola-ola yatarkən sevgililərin pıçıltısına səksənib oyanmışdı, 
öyrəşdiyi günəş işığına bənzəməyən gur lampa işıqları gözlərini qamaşdırmış, o, 
özünü ora-bura vurmağa başlamış, axırda muzeyin çox da işıqlı olmayan girişini 
sığınacaq bilib, içəri girmişdi. İndi isə tezliklə öləcəyi bu böyük zalda inadla 
vurnuxur, çıxmağa yol axtarırdı. Ancaq bir azdan yorulacaq, ya karnizin üstünə, ya 
pəncərənin qabağına, ya da lap yuxarıda işıq saçan ilahənin çiyninə qonub yatacaq, 
səhər oyanan kimi ləçəklərinə qonub şirə yığmaq üçün gül – həyat axtaracaq, 
ancaq tapa bilməyəcək və beləliklə, axşam düşəcək, o, yenə yorulacaq, minillik 
tarixi olan mərmərin üstündə yatacaq, getdikcə zəifləyəcək və günlərin bir günü 
zərif caynaqları boşalacaq, vaxtsız xəzan vurmuş yarpaq kimi yerə düşəcək... 
«Sentimentallığa bax! – Ravik ürəyindən keçirdi. – Zəfər ilahəsi və didərgin 
düşmüş kəpənək! Nə ucuz bənzətmədir! Ancaq adamın qəlbini daha çox riqqətə 
gətirən bu ucuz şeylər – ucuz bənzəyişlər, ucuz hisslər, ucuz sentimentallıq 
deyilmi? Bəs onları ucuzlaşdıran nə idi? Onlardakı aydın həqiqətmi? Bıçaq 
sümüyə dayananda özünü kübarlara bənzətmək arzusu yaddan çıxır!»  
Kəpənək alaqaranlıq qübbədə gözdən itdi...  
Ravik muzeydən çıxdı. Bayırın isti havası üzünə vurdu, elə bil, ilıq su ilə dolu 
vannaya girdi. Dayandı. Ucuz hisslər! İndi özü ucuzların ucuzu deyildimi? Uzaq-
uzaq əsrlərin kölgəsi qonmuş böyük həyətə baxdı və birdən ona elə gəldi ki, kim 
isə baş-gözünü yumruqlayır. Az qaldı, bu yumruq selinə tab gətirməyib səndələsin. 
Qanadlarını gərmiş dümağ Nike gözləri önündən hələ çəkilməmişdi, ancaq onun 
arxasından, qaranlıqlardan başqa bir qadın surəti də baş qaldırmışdı. Gah ucuz, gah 
da qiymətli görünən bu surət onun xəyalını elə çaşdırmışdı ki, elə bil, ipək 
Hindistan örpəyi tikanlı qızılgül kolunun üstünə düşmüşdü: sən dartırsan, o 
qopmur, tikanlar qızılı rəngə çalan ilmələri bərk-bərk tutub buraxmır və onlar bir-
birinə elə sarmaşıb ki, gözün tikanlı budaqlarla işıldayan sapları seçə bilmir... 
Surət! Surət! O gələndə kim soruşur ki, ucuzdur, ya qiymətli, birdəfəlikdir, ya 
mindəfəlik?! Gəlməmişdən qabaq nə qədər istəyirsən, soruş! Ancaq elə ki gəlib 
səni tapdı, bütün suallar qurtarır. Gəlib səni əsir eləyən də məhəbbətin özü olur, 
daha təsadüfən onun adını daşıyan adam yox! Al-əlvan xəyal dünyasının kor 
elədiyi adam yaxşını pisdən seçə bilərmi? Məhəbbət hara, ölçü hissi hara... 
Qalın duman, az qala, yerlə göyü birləşdirmişdi. Səssiz çaxan şimşəklər hərdən 
kükürd qoxulu bu dumanı bircə anlığa gecənin qaranlığından qoparırdı. İndicə 
yağış yağacağını xəbər verən bürkü sinə-sinə gəlib evlərin damına qonmuşdu. 
Ravik, Rivoli küçəsilə üzüaşağı gedirdi. Mağazaların ayparaşəkilli vitrinləri gur 
işığa bələnmişdi. Küçədə adam çox idn. Bir-birinin ardınca düzülmüş avtomobillər 
sayrışan zəncir həlqələrinə oxşayırdı. «Mən də bu minlərlə adamın biriyəm, – 
Ravik ürəyindən keçirdi, – əllərim cibimdə, axşam gəzintisinə çıxmış adamlarla 
daş-qaşlı, bərbəzkəli vitrinlərin yanından saymazyana keçib gedirəm, ancaq 
damarlarımdan axan qan yenə coşub, beynim dumanlanıb, hər şeyi qarışdırır, ağı 
qara, qaranı ağ göstərir. Yanımdan keçən adamların əlləri əlimə, paltarları 
paltarlarıma toxunur, üzümə yad baxışlar qonur, maşınların uğultusunu, adamların 
səsini eşidirəm, bu qaynar həyatın gerçəkliyini duyuram və bilirəm ki, mən də 


 
204
həmin adamlardan biriyəm. Ancaq özümü lap uzaqda, aydan da o tərəfdə hiss 
edirəm, sanki, uzaq bir planetə düşmüşəm, məntiqin, həqiqətin ünü oralara yetmir 
və daxilimdən gələn bir səs kiminsə adını haraylayır. Bilirəm ki, məni sehirləyən 
bu ad deyil, ancaq buna baxmayaraq, haraylayır, görür, cavab gəlmir, yenə 
haraylayır, bu dəfə də cavabı sükut olur. Bu sükutda neçə-neçə haraylar batıb, heç 
birinə cavab çıxmayıb... Özü də bunu bilir, ancaq yenə haraylayır. Bu haray vüsal 
gecələrinin, ölümün harayıdır, nəşənin və getdikcə itirilən şüurun harayıdır, 
cəngəlliklərin, səhraların harayıdır! Bu haraylara min cür cavab taparam, ancaq heç 
biri mən deyən olmayacaq, çünki o cavab mənim imkanım xaricindədir, ona heç 
vaxt əlim yetməyəcək...» 
Məhəbbət! Bircə sözdə gör nələr gizlənir! Onda şəhvət hissindən tutmuş müqəddəs 
qəlb çırpıntıları, adicə ailə qurmaq həvəsi, vəhşi ehtiras və Yakobun məlakə ilə 
təkbətək döyüşünə qədər hər şey var! «İşə bax! – Ravik gedə-gedə düşünürdü. – 
Yaşım qırxı ötüb, neçə-neçə həyat məktəbi keçmişəm, gah yıxılmışam, gah 
durmuşam, həyat təcrübəsi qazanmışam, bilik öyrənmişəm, illərin süzgəcindən 
keçmişəm, bərkimişəm, yaxşını pisdən ayırmağı, soyuqqanlı olmağı öyrənmişəm, 
ancaq heç vaxt məhəbbət sorağında olmamışam, ona inanmamışam və bilməmişəm 
ki, nə vaxtsa gəlib məni də tapacaq. İndi budur, gəlib çıxıb və heç bir həyat 
təcrübəsi də kömək eləmir, əksinə, onu daha da qızışdırıb alovlandırır. Hisslərin 
alovunda qanlı-qadalı illərin qurumuş odunundan və bir də qaxaca dönmüş 
arsızlıqdan başqa yaxşı yanan özgə şey tapılarmı?!» 
 
Ravik gedir, hey gedirdi... Qurtarmaq bilməyən gecə də onun addım səslərindən 
səksənirdi. Heç nəyə fikir vermirdi, eləcə gedirdi... Nə qədər getdiyini bilmədi və 
bir də gözünü açıb görəndə ki, Rafael prospektindəki parka gəlib çıxıb, o qədər də 
təəccüblənmədi.. 
Bu da Paskal küçəsindəki ev! Bu da mərtəbələr və getdikcə qaranlığa qarışan 
evlər... Bəzilərindən işıq gəlirdi. Joanın pəncərəsini tapdı. Orada da işıq yanırdı, 
evdəydi. Kim bilir, bəlkə də, yox idi, özü yana-yana qoymuşdu. Qaranlıq otağa 
girməkdən zəhləsi gedirdi. Özü də belə deyildimi? Evə yaxınlaşdı. Binanın 
qabağında xeyli maşın dayanmışdı. Onların içində sarı rəngli bir «Rodster» də 
vardı. Pis deyildi, yarış maşınlarına oxşadılmışdı. Bəlkə də, «o»nun maşını idi. Əsl 
aktyor malı idi. Qırmızı rəngli dəri oturacaqlar, təyyarədəki kimi içi lazımsız 
alətlərlə dolu böyük qutu... Əlbəttə, «o»nunku idi... «Qısqanmağa başlamışam? – 
deyə təəccüblə ürəyindən keçirdi. – Onu təsadüfən ilişdiyi adama qısqanıram? 
Mənə dəxli olmayan birisinə qısqanıram? Yox, adamdan üz döndərmiş məhəbbətin 
özünə qısqanmaq olar, daha onun yönəldiyi adama yox!» 
Təzədən parka qayıtdı. Qaranlıqlardan gələn gül-çiçək qoxusu torpağın, şeh 
düşmüş yarpaqların ətrinə qarışmışdı. Bu ətir elə güclü idi ki, adətən, tufanqabağı 
belə olardı. Boş oturacaq tapıb əyləşdi... «Yox, onu atmış qadının evinin 
qabağındakı oturacaqda əyləşib gözünü pəncərəyə zilləyən gecikmiş məşuq mən 
deyiləm! Qəlbində baş qaldırmış arzuların yerindən oynatdığı adam mən deyiləm! 
Onları alt-üst eləməyə gücüm çatar, ançaq neyləyim, özümlə bacarmıram! Yox, 
indi tarixin təkərini geri fırladaraq bir az bundan qabaq eyni şeyləri qulağıma 
pıçıldayan o sarışın ifritəni qaytarmaq üçün ömrümün yarısından keçməyə hazır 


 
205
olan axmaq mən deyiləm! Yox, lənət şeytana, burada miskin-miskin oturub 
qısqanclıqdan sarsılan, az qala, durub o sarı maşına od vurmaq istəyən də mən 
deyiləm!» Ciblərində siqaret axtardı. Zəif gözərti... Gözə görünməyən tüstü... 
Havada odlu qövs cızaraq yerə düşən gibrit çöpü… Niyə yuxarı qalxmadı? Qalxsa, 
nə olardı? Hələ gec deyildi, işıq yanırdı. Özünü, neçə lazımdırsa, elə də apara 
bilərdi. Niyə gedib onu özü ilə aparmadı? İndi hər şey artıq aydın olandan sonra? 
Niyə götürüb aparmadı, onun ayağını biryolluq bu evdən kəsmədi? 
Qaranlıqlara baxdı... Nə xeyri olardı? Bir şey çıxardımı? Bəs o biri? Başqasının 
ürəyindən heç kəsi, heç nəyi, heç vaxt çıxarıb atmaq olmazdı... O gecə, yanına 
gələndə saxlasaydı, necə olardı? Niyə belə eləmədi? 
Siqareti atdı... Hə, ona görə ki, bu gəliş bəs eləmirdi... Ona görə... O, çox şey 
istəyirdi, o gəliş bəs eləməzdi. Bundan sonra lap yenə gəlsin, qoy min dəfə gəlsin, 
hər şey unudulsun, izi-tozu qalmasın, xeyri yox idi, bəs eləməzdi... Çox qəribə, çox 
dəhşətli olsa da, bəs eləməzdi... Çünki nə vaxtsa, nəsə düz gətirməmişdi, nə vaxtsa 
onu qoynuna alıb alova döndərəcək güzgüyə tuş gəlməmiş, yanından ötüb zülmət 
dolu bir boşluqda azmışdı və indi həmin qığılcımı heç kəs ilə qaytarmaq olmazdı. 
Bir güzgü yox, lap min güzgü olsun, xeyri yox idi. Ola bilsin ki, bu güzgülər onun 
bir parçasını tutsun, ancaq nə xeyri, qaytara bilməyəçəkdir. O qığılcım çoxdandır 
məhəbbətin sonsuz ənginliklərində xəyal kimi süzür, onun qoynunda dumanlı, 
qarışıq izlər salırdı və məlum şeydir ki, o dumanlı yollar heç vaxt göy qurşağına 
dönüb, həsrətində olduğu zirvənin başına dolana bilməyəcək! Keçmişin sehirli 
aləmi dağılmış, ümidlər çilik-çilik olmuşdu və qalan yalnız inilti-sızıltı idi... 
Binadan bir adam çıxdı. Kişi idi. Ravik dikəldi. Sonra bir qadın da gəldi. Nəyəsə 
gülüşdülər. Onlar deyildi. Maşınlardan birinə oturub getdilər. Yenə siqaret 
yandırdı. Onlar olsa, neyləyərdi? Joanı saxlaya bilərdimi? Ümumiyyətlə, bu 
dünyada nəyisə tutub saxlamaq olardımı? Yox, uzaqbaşı xülyaları tutub saxlamaq 
olar... Ancaq xülyalar da bəs edərdimi? Daha nəyi saxlamaq olardı? Duyğuların 
altında gizlincə coşan ömür burulğanından baş açan tapılarmı? Hiss və duyğular 
onun boğuq uğultusunu masa, çıraq, vətən, insan, məhəbbət kimi varlıqlara 
çevirir... Uzaqbaşı, ürəyinə nəsə damır, nəyisə alatoran şəkildə görürsən... Bu, bəs 
deyildimi? 
Yox, bəs deyildi! O vaxt bəs olardı ki, buna inanasan. Əgər şübhə dalğası bülluru 
bir dəfə sındırıbsa, onu, uzaqbaşı, yapışdırmaq olar. Yapışdırıb, bir vaxt işım-işıl 
işıldayan büllurun sınıq parıltısına baxa-baxa özünü aldadarsan. Yox, heç nəyi 
qaytarmaq olmaz, heç nəyi ilkin şəklinə salmaq mümkün deyil. Heçcə nəyi! Hətta 
Joan bundan sonra qayıtsa da, əvvəlkinin eyni olmayacaq. Yapışdırılmış büllur 
kimi... O an keçib getmişdi, daha geri qaytara bilməzdin... 
Kəskin, dözülməz bir ağrı hiss elədi. Nəsə içini doğrayır, parça-parça edirdi. «İlahi, 
ilahi! Görəcəyim günlər var imiş! Məhəbbət məni gör nə kökə salıb! Dönüb özümə 
baxıram, ancaq xeyri yoxdur. Bilirəm ki, indi qayıtsa da, bir vaxt yenə itirəcəyəm, 
ancaq qəlbimdəki istəyi boğa bilmirəm. Onu meyitxanadakı quru cəsəd kimi 
doğram-doğram eləyirəm, ancaq mən doğradıqca qızışır, canlanır. Bilirəm ki, nə 
vaxtsa hər şey sovuşub gedəcək, yenə xeyri yoxdur...» 
Gözləri qamaşa-qamaşa pəncərəyə baxdı və birdən-birə öz-özünə lap gülünc 
göründü, ancaq bunun da xeyri olmadı... 


 
206
Şəhərin başı üzərində qəflətən ildırım çaxdı, iri yağış damcıları yarpaqları 
döyəclədi. Ravik ayağa durdu. Elə bil, küçələrə gümüşü nur çilənirdi, yağış da 
astadan zümzümə eləyirdi. Üzünə dəyən ilıq damlalardan xoşhallandı. Və birdən 
özünə gülünc görünməsi də, miskinliyi də, ağrıları da yadından çıxdı, bircə onu 
bildi ki, yaşayır. Bəli, o yaşayırdı! Yaşayırdı və həyat da onu bərkə-boşa salırdı. 
Daha tamaşaçı kimi hər şeyə kənardan baxmırdı, yenə hissləri coşmuşdu, domna 
sobalarının buxarılarından çıxan alov kimi göylərə pərvazlanırdı. İndi fərqi yox idi, 
istəyir xoşbəxt olsun, istəyir bədbəxt, əsas məsələ o idi ki, yaşayırdı, yaşadığını da 
bütün varlığı ilə duyurdu və bu da ona bəs idi! 
Pulemyot atəşi kimi göylərdən başına ələnən yağışın altında dayanmışdı. Dayanıb 
da yağışa, tufana, dənizə, torpağa dönmüşdü və göylərin şimşəyi indi onun 
beynində çaxırdı. Kükrəmiş təbiətin bir hissəsinə çevrilmişdi; indi hər şey 
qarışmışdı, adların qoyduğu sərhəd götürülmüşdü, məhəbbət də, çoşqun dənizlər 
də, evlərin damına qonmuş solğun ay işığı da, dalğaya bənzəyən Yer kürəsi də bir 
olmuşdu, bütün bənd-bərə dağılmışdı, onun özü də bunlardan biri idi... Yaşamaq 
və bu yaşamağı duymaq hissi xoşbəxtliyi də, bədbəxtliyi də boş giliz kimi uzaqlara 
atmışdı... 
– Sən, ey göylərin işartısı! – Bu sözləri o, işıq gələn pəncərəyə dedi, güldü və 
güldüyündən də özünün xəbəri olmadı. – Sən, ey gülüzlü mələk! Yer üzündə 
səndən də yaxşısı, gözəli, ağıllısı, mehribanı, etibarlısı, həssası olmasına 
baxmayaraq, qəlbimə əbədi hakim kəsilən afət! Sən, ey taleyin bir gecə yoluma 
çıxarıb ömrümə əbədi həkk elədiyi təsadüf! Sən, ey çaylar kimi çağlayan, ürəkləri 
dağlayan, məndən xəbərsiz qəlbimə yol tapan qəfil məhəbbət! Sən, ey məndə 
müqavimətdən başqa heç nəyə rast gəlməyən, lakin bu müqaviməti sındırmayınca 
əl çəkməyən və sonra daha çox şeylər tələb etməyə başlayan mələk, sənə salamlar 
olsun! Heç inanmazdım ki, nə vaxtsa gəlib sənin pəncərən önündə belə 
dayanacağam. Yağış bədənimdən sel kimi axır, ancaq o, sənin əllərindən də, bütün 
bədənindən də hərarətlidir, soyuqdur, yumşaqdır. Boynumu büküb dayanmışam, 
qısqanclıq hissi qəlbimi didir, istəyə-istəyə, nifrət eləyə-eləyə, heyran qala-qala, 
dua edə-edə səni arzulayıram, sənə «sağ ol!» deyirəm! Çünki göydən atdığın 
şimşək məni alovlandırdı! Bu bir parça şimşəkdən hamının qəlbində var! Sən 
mənim qəlbimə həyat qığılcımı, ani bir alov saldın! 
Mən indi bu dünyaya məzuniyyətə gələn, arsız-arsız kiməsə cəsarətlə, rişxəndlə 
baxan meyit deyiləm! Heç nəyə də biganə qalmıram! Əzab çəksəm də, yaşayıram, 
həyat nə desə, onu da eləyirəm, onun hər tufanına da dözməyə hazıram. Qoy tanrı 
özü sənə yar olsun, ey ürəkdən ürəyə qonan madonna, rumın ləhcəsində danışan 
zəfər ilahəsi Nike! Ey şirin arzu və yalançı xəyal, hansı Allahınsa sındırdığı güzgü, 
sən, ey heç nədən xəbərsiz, min yaşa! Bunları sənin özünə heç vaxt deməyəcəyəm, 
çünki insafsızsan, istifadə eləyərsən! Ancaq sən mənə nə Platonun, nə də 
payızgüllərinin, nə qüdrətli poeziyanın, nə də mərhəmət hissinin, nə düşkünlüyün, 
nə də böyük-böyük ümidlərin qaytara bilməyəcəyi bir şeyi qatardın! Bu, adicə, 
mənalı, çılpaq həyatdır! Həmin həyatı yaşamaq iki müharibənin arasındakı dövrdə 
mənə cinayət kimi görünürdü... Sənə salamlar olsun! Səni min yaşa! Bunları 
bilmək üçün səni itirməli idim! Bir də salamlar olsun! 


 
207
Yağış göyün üzünə gümüşü pərdə çəkmişdi. Kol-kos ətri hər yanı bürümüşdü. 
Cana gəlmiş torpaq öz ətri ilə yağışa «sağ ol!» deyirdi. Üzbəüz evdən kimsə 
yüyürə-yüyürə gəlib sarı «Rodster»in çadırını qaldırdı. Qoy kim olursa olsun, daha 
fərqi yox idi! 
Gecə düşmüşdü və ulduzlardan ələnən yağış daşa dönmüş şəhərin xiyabanlarına, 
bağ-bağçalarına can verir, bəhər gətirirdi. Milyon-milyon çiçəklər, ağaclar al-əlvan 
ləçəklərini onun qabağına sərmişdi və o da çəkinmədən özünü bu milyonların geniş 
açılmış qoynuna atır, lələk-lələk olmuş budaqların arası ilə süzülərək torpağın 
dərin qatlarına işləyir, milyon-milyon vüsal həsrətli köklərin boynuna dolanırdı! 
Yağış da, gecə də, təbiət də, boy atan köklər də öz işində idi, nə dağıntı, nə ölüm, 
nə cani, nə müqəddəs fürer, nə qələbə, nə də məğlubiyyət dərdi çəkirdi. Onlar hər 
il belə idi, Ravik də bu gecə onlara yoldaş olmuşdu... «Sən, ey piyalə qönçə, sən, 
ey önümdə açılan həyat, həyat, bir də həyat, xoş gəlmisən! Tanrı sənə yar olsun!» 
Tələsə-tələsə bağlarla, güçələrlə geri qayıdırdı. Heç dönüb arxaya da baxmır, elə 
hey gedir, gedirdi. Bir az sonra arı pətəyi kimi qaynaşan Bulon meşəsi onu öz 
qoynuna aldı. Yağış ağacların yarpaq çətirlərini döyəcləyir, onlar da, sanki, 
yellənə-yellənə ona cavab verirdi... və birdən Ravikə elə gəldi ki, cavanlaşıb, 
ömründə ilk dəfə qız yanına gedir... 
 
                                                                                        XXIV 
– Nə buyurursunuz? – Xidmətçi Ravikdən soruşdu. 
– Mənə bir... 
– Nə? – Ravik susurdu. – Sizi başa düşmədim, müsyö. 
– Nə olursa olsun... Nəsə bir şey gətirin... 
– Bir qədəh «Perno» olar? 
– Olar... 
Ravik gözlərini yumub, təzədən yavaş-yavaş açdı. Kişi yerində idi! Yox, bu dəfə 
yanıla bilməzdi... 
Haake qapının ağzındakı stolun arxasında oturmuşdu. Tək idi, çörək yeyirdi. 
Stolun üstündəki gümüş məcməyidə iki bölünüb qızardılmış dəniz xərçəngi, içində 
buz olan balaca vedrədə isə bir şüşə «Şampan» şərabı vardı. Yanında dayanmış 
xidmətçi salata pomidor doğrayırdı. Ravik bunların hamısını elə aydın görürdü ki, 
deyərdin, həmin mənzərəni kimsə gözləri önündə mumdan düzəldirdi... Haake 
şüşəni sərin sudan çıxaranda barmağındakı üzüyü gördü. Qırmızı qaşına gerb 
çəkilmiş bu üzük həm də şəxsi möhür əvəzi idi. Dümağ koppuş əllər də, həmin 
üzük də Ravikə yaxşı tanış idi. İkisini də o cəlladlar «huşsuzlaşdırma» metoduna əl 
atanda görmüşdü: huşu başından çıxanacan döydülər, sonra üzünə gur işıq salıb, 
ayıltmaq üçün bir vedrə su tökdülər. Həmin anda Haake, şax paltarına su düşməsin 
deyə, ehtiyatla geri çəkildi, dümağ koppuş əlini Ravikə uzadaraq bic-bic güldü: 
«Bu hələ muştuluqdur... Hələ nə görmüsən ki... İndi o adları deyirsiniz, yoxsa 
davam elətdirək? Hər şeyə gücümüz çatar... Görürəm ki, dırnaqlarınız da hələ 
yerindədir...» 
Haake başını qaldırdı və düz Ravikin gözlərinin içinə baxdı. Ravik güclə özünü 
saxlayıb yerindən tərpənmədi. Qədəhi götürüb bir qurtum aldı, baxışlarını birtəhər 
salat qabına tərəf döndərdi, sanki, onun, necə hazırlandığı ilə maraqlanırdı. 


 
208
Haakenin onu tanıdığını dəqiqləşdirə bilmədi. Hiss etdi ki, bircə anın içində bütün 
kürəyi suya döndü. Bir az keçəndən sonra gözünün ucu ilə yenə o tərəfə baxdı. 
Haake yeyirdi və gözləri də boşqabında idi. Daz kəlləsi işım-işım işıldayırdı. Ravik 
yan-yörəsinə nəzər saldı. Restoran ağzına kimi dolmuşdu, heç nə eləmək olmazdı. 
Yanında silah yox idi və boş əllə onun üstünə atılsa, o dəqiqə beş-on adam 
tökülüşüb aralayacaq... İki dəqiqədən sonra da polis özünü yetirəcək... Başqa çıxış 
yolu yox idi, gərək, gözləyəydi, Haake çıxanda dalınca düşəydi, harada qaldığını 
öyrənəydi... 
Özünü məcbur eləyib siqaret yandırdı, yalnız onu çəkib qurtarandan sonra Haake 
tərəfə baxdı. Arxayın-arxayın ətrafına nəzər saldı, guya, kimisə axtarırdı. Haake 
yeməyi qurtarmışdı. Dəsmalla dodaqlarını silirdi. Özü də bunu ikiəlli eləyirdi. 
Dəsmalı darta tutub, əvvəlcə alt dodağını, sonra da üst dodağını quruladı, elə bil, 
qadın kimi dodaqlarındakı boyanı götürürdü. Silə-silə də təfərinclə Ravikə 
baxırdı... 
Ravik baxışlarını döndərdi. Hiss etdi ki, Haake hələ də ona baxır. İşarə ilə 
xidmətçini çağırıb, bir «Perno» da gətirtdi. Başqa bir xidmətçi də Haakenin stolunu 
yığışdırırdı. O, xərçəngin sür-sümüklərini bir yerə yığıb, boş qədəhi doldurdu, 
gedib, içində cürbəcür pendir olan təzə bir məcməyi gətirdi. Haake «Bri» pendirini 
göstərdi. 
Ravik yenə siqaret yandırdı. Gözünün qulağı ilə bir də o tərəfə baxanda gördü ki, 
Haake hələ də nəzərlərini ondan çəkməyib. Artıq buna təsadüf demək olmazdı. 
Ravik hiss elədi ki, titrəyir. Əgər Haake onu tanıyıbsa... Yanından keçən 
xidmətçini saxladı: 
– Bu «Perno»nu mənim üçün bayıra apararsınız? Artırmada oturmaq istəyirəm, ora 
sərindir. 
Xidmətçi tərəddüd elədi: 
– Pulunu burada versəniz, yaxşı olar. Ora başqası baxır. Sonra mən özüm 
gətirərəm... 
Ravik başını bulayıb, pul çıxardı: 
– Yaxşı, bunu burada içərəm, bayırda ayrısını sifariş verərəm. Onda qarışıq 
düşməz. 
– Oldu, müsyö! Təşəkkür edirəm, müsyö! 
Ravik tələsmədən qədəhini boşaltdı. Bilirdi ki, Haake hamısına qulaq asır. Ravik 
danışanda yeməyinə ara vermişdi, indi isə təzədən başladı... Ravik də bir xeyli 
sakitcə oturub qaldı. Əgər, doğrudan da, Haake onu tanımışdısa, onda bircə yolu 
qalırdı: özünü elə göstərsin ki, guya, onu tanımayıb və artırmadan izləsin. 
Bir az sonra durub, tələsmədən bayıra çıxdı. Demək olar ki, bütün stollar 
tutulmuşdu. Ravik dayanıb gözlədi, stol boşalan kimi keçib oturdu. Buradan 
Haakenin stolunun yarısı görünürdü. Onun özünü isə görə bilmirdi... Ancaq, gərək, 
qalxdığını biləydi, tez dalınca çıxaydı. Bir qədəh «Perno» gətirdib, pulunu da 
əvvəlcədən verdi ki, istədiyi anda dura bilsin... 
 
– Ravik!–Lap yanında adını çəkdilər. Elə diksindi ki, deyərdin, kimsə ona qəfil 
zərbə endirdi. Joan idi... 
Gözünü döyə-döyə Joanın üzünə baxırdı. 


 
209
– Ravik! – O, yenə təkrar elədi. – Daha məni tanımırsan? 
– Niyə tanımıram?! – Onun gözləri Haakenin stolunda idi. Dərindən nəfəs aldı. 
Hələ vaxt var idi. – Joan! – O, güclə danışırdı. – Sən hara, buralar hara? 
– Bu, nə sualdır? Hər gün «Fuke»yə gəlməyən adam olar? 
– Təksən? 
– Təkəm. 
Gördü ki, Joan hələ də ayaq üstədir, özü isə oturub. Tez ayağa durdu. İndi 
Haakenin stolunu görə bilirdi. 
– Mənim ayrı işim var, Joan...– Bu sözləri onun üzünə baxmadan, tələsə-tələsə 
dedi. – Nə olduğunu deyə bilmərəm. Ancaq sənlik iş deyil, getməyin məsləhətdir. 
– Getməyəcəyəm,–Joan oturdu,–baxım, görüm, o, necə qadındır. 
– Hansı qadın?–Ravik heç nə anlamadı. 
– Gözlədiyin... 
– Qadın deyil. 
– Bəs nədir? 
Joanın üzünə baxdı, dinmədi. 
– Məni heç tanımaq istəmirsən! – Joan şikayətləndi.– Qovursan! Özün də 
həyəcanlısan. Bilirəm, kimisə gözləyirsən... Qoy görüm, kimdir... 
«Qəhvə içməyi də beş dəqiqə çəkər, – Ravik ürəyindən keçirdi. – Ya da on, on beş 
dəqiqə... Sonra da bir siqaret çəkəcək. Yəqin, siqaret çəkər...» 
Gərək, o vaxta qədər Joanı birtəhər başından eləyəydi. 
– Yaxşı, – dedi, – öz işindir! Ancaq get, başqa stolda otur. 
Joan cavab vermədi. Gözləri parıldadı, rəngi tutuldu. 
– Qadın gözləmirəm... Lənət şeytana, lap tutaq ki, qadın gözləyirəm, bundan sənə 
nə? Gülünc olma, Joan, özün bir aktyorla kefdəsən, məni də başqasına qısqanırsan. 
Joan dinmədi. Gözlərini Ravik baxan səmtə çevirdi, onun kimə baxdığını 
müəyyənləşdirmək istədi. 
– Qurtar, Joan! 
– O da özünə başqasını tapıb? 
Ravik nə fikirləşdisə, birdən oturdu. Haake onun artırmaya çıxacağını eşitmişdi və 
əgər, doğrudan da, tanımışdısa, onun artırmada oturduğunu bilmək üçün mütləq 
gəlməli idi... Elə isə qadınla oturmağı yaxşı idi, daha təbii görünərdi. 
– Yaxşı, – dedi, – qal! O dediklərinin də hamısı boş şeydir. Bir azdan durub 
gedəcəyəm. Məni taksiyə qədər ötürərsən, ancaq səni aparmayacağam, razısan? 
– Niyə belə müəmmalısan? 
– Müəmmalı deyiləm. Burada bir kişi var, çoxdandır onu görmürdüm. İndi onun 
harada yaşadığını öyrənmək istəyirəm, vəssalam... 
– Qadın deyil? 
– Yox, kişidir... Özgə heç nə deyə bilmərəm. – Xidmətçi onlara yaxınlaşdı.– Nə 
içəcəksən?– deyə Ravik soruşdu. 
– Kalvados. 
– Bir qədəh kalvados gətirin!  
Xidmətçi ayağını sürüyə-sürüyə getdi. 
– Özün içmirsən? 
– Yox, mən bunu içirəm. 


 
210
– Heç bilirsən, hərdən sənə necə nifrət edirəm? 
– Olan şeydir!–Ravik Haakenin stoluna baxdı. «Şüşəyə bax,–deyə ürəyindən 
keçirdi,–titrəyir, elə bil, harayasa axıb gedir... Küçə də, stollar da, adamlar da bu 
tutqun şüşənin içindəki bulanıq meyvə şirəsində üzürlər...» 
– Sən buz kimi soyuqsan, xudpəsəndsən! 
– Joan, bunu başqa vaxt ayırd edərik... 
Xidmətçi qədəhi gətirib onun qabağına qoyanda Joan susdu. Ravik o dəqiqə 
kalvadosun pulunu verdi. 
– Məni bu günə salan sən oldun!–Joan, sanki onu döyüşə çağırırdı. 
– Bilirəm...–Bircə anlığa Haakenin qənd götürən koppuş əlini gördü. 
– Sən! Təkcə sən oldun! Heç vaxt məni sevmədin, məhəbbətimlə oynadın, elə ki 
gördün vurulmuşam, saya salmadın! 
– Düz deyirsən...–Ravik onun üzünə baxmadan təkrar elədi. – Hər şey sonradan 
dəyişdi. 
– Hə, sonra... sonra... hər şey bir-birinə qarışdı. Onda da gec idi... Sən, sənsən 
günahkar! 
– Bilirəm... 
– Mənimlə bu cür danışma! – Hirsindən Joanın rəngi avazıdı. – Heç mənə qulaq da 
asmırsan! 
– Asıram...–Ravik onun üzünə baxdı. Danışmaq lazım idi, nəsə demək lazım idi. 
Nə olursa olsun, fərqi yox idi... 
– Aktyorunla sözə gəlmisən? 
– Hə! 
– Keçib gedər... 
Qapı tərəfdən mavi tüstü qalxırdı. Xidmətçi yenə qəhvə süzdü. Haake, deyəsən, 
tələsmirdi. 
– İstəsəm, «yox» deyərdim. İstəsəm, deyərdim ki, təsadüfən buradan keçirdim. 
Ancaq təsadüf deyil, səni axtarırdım. Daha onun yanında qalmaq istəmirəm. 
– Hamının başına gələn işdir. Belə də olmalıydı... 
– Qorxuram ondan! Hədələyir, deyir ki, güllə ilə vuracaq. 
– Nə?–Ravik, sanki, yuxudan ayıldı.–Nə dedin? 
– Deyir ki, səni vuracağam... 
– Kimi?–Ravikin fikri ayrı yerdə idi, ona görə də gec başa düşdü.–Belə de..e.. Sən 
də inanırsan? 
– Yaman tez özündən çıxandır. 
– Boş şeydir... Öldürən adam heç vaxt elə deməz! O da ola aktyor... 
«Mən niyə belə danışıram?–Ravik ürəyindən keçirdi.– Bu, nə deməkdir? Mən 
burada neyləyirəm? Bu, kimin səsidir? Bu, kimin sifətidir? Qulaqlarım niyə 
güyüldəyir? Bunun mənə nə dəxli?» 
– Bunları mənə niyə deyirsən? 
– Onunla üzülüşmək istəyirəm! İstəyirəm, sənin yanına qayıdım... 
«Əgər taksiyə minsə, gecikəcəyəm, taksi tapmağım xeyli çəkəcək, – Ravik 
ürəyindən keçirdi. – O da yerindən tərpənənə kimi gec olacaq!» 
Ayağa durdu: 
– Gözlə, indicə qayıdıram,–dedi. 


 
211
– Neyləmək istəyirsən? 
Cavab vermədi. Tez səkinin o biri tərəfinə keçdi, taksi saxlatdı: 
– Bu on frankı götürün, – dedi,–məni bir-iki dəqiqə gözləyə bilərsiniz? İçəridə işim 
var. 
Sürücü əvvəlcə pula, sonra da Ravikə baxdı. Ravik göz vurdu. Sürücü də göz 
basıb, pulu əlində oynatdı. 
– Yol haqqı ayrı olacaq... Özünüz başa düşərsiniz... 
– Aydındır!–Sürücü irişdi.–Yaxşı, gözləyirəm. 
– Elə yerdə saxlayın ki, tez tərpənə biləsiniz. 
– Baş üstə, şef! 
Ravik küçədən keçən adamları yara-yara geri qayıtdı. Birdən gözü kəlləsinə çıxdı. 
Haake qapının ağzında dayanmışdı. Joan nəsə dedi, ancaq o eşitmədi. 
– Dayan! – dedi. – Bu dəqiqə... Bircə saniyə... 
– Yox! – Joan durdu. – Peşman olacaqsan! 
Joan az qalırdı ağlasın. Ravik özünü birtəhər gülümsəməyə məcbur etdi, bərk-bərk 
onun qolundan yapışdı. Haake hələ də orada dayanmışdı. 
– Otur! Bircə saniyə də otur! 
– Yox! 
Joan dartındı, Ravik də buraxdı. Hay-küy salmaq istəmirdi. Joan iri addımlarla 
stolların arasından keçib qapıya tərəf getdi. Haake onun arxasınca baxdı. Sonra 
baxışlarını asta-asta geriyə, Ravikə sarı döndərdi və yenə təzədən Joan gedən tərəfə 
çevirdi. Ravik oturdu. Qan beyninə vurdu. Pulqabını çıxardı, sanki, nəsə axtarırdı. 
Hiss elədi ki, Haake stolların arası ilə ona tərəf gəlir. Biganəliklə əks tərəfə baxdı, 
yoxsa baxışları toqquşa bilərdi. 
Gözləyirdi və bu gözləmək də əbədiyyətin özü qədər uzun çəkirdi. Qəflətən onu 
dəhşətli bir qorxu bürüdü. Birdən Haake qayıtmış olsa, neyləyər?! Tez o tərəfə 
çevrildi. Haake görünmürdü. Dünya başına fırlandı. 
– İcazə olar? – Kimsə lap yanında soruşdu. 
Ravik eşitmədi. Gözləri qapıda idi. Haake içəri qayıtmamışdı. «Tez qalxmaq 
lazımdır! Dalınca qaçmaq, mütləq tutmaq lazımdır!» Arxadan yenə səs eşidildi və 
geri dönəndə döyükə-döyükə qaldı. Haake arxa tərəfdən gəlib onun yanında 
dayanmışdı, bayaq Joan oturan boş stula işarə edirdi: 
– İcazə olar? Bütün stollar tutulub, yoxsa... 
Ravik başı ilə: «hə», – dedi, çünki danışmağa heyi qalmamışdı. Bayaq beyninə 
vuran qan indi geri süzülürdü. Hey axır, axırdı və sanki, stolun altına tökülürdü, 
bədəni boş kisə kimi dik dayana bilmirdi. Kürəklərini bərk-bərk söykənəcəyə sıxdı. 
Gözü, içində süd kimi maye olan qədəhi birtəhər seçə bildi. Götürüb içdi. Qədəh 
daş kimi idi. Onu tutan əlinə baxdı: titrəmirdi. Titrəyən damarları, əzələləri idi... 
Haake «Finşampan» konyakı sifariş verdi. Dedi ki, köhnəsi olsun. Fransızca çətin, 
özü də alman ləhcəsində danışırdı. Ravik işarə ilə qəzetsatan oğlanı çağırdı, «Pari 
suar» istədi. Oğlan qapıya tərəf baxdı. Qəzetsatan arvadın həmişə orada 
dayandığını bilirdi. Bükülmüş qəzeti gizlicə Ravikə uzatdı, pulu alıb aradan çıxdı. 
«Tanımış olar! – Ravik ürəyindən keçirdi. – Yoxsa niyə durub gəlirdi?!» 


 
212
Bunu gözləmirdi. İndi əlac ona qalırdı ki, dayanıb Haakenin nə edəcəyini gözləsin, 
ona uyğun da hərəkət etsin... Qəzeti götürüb başlıqlara baxdı, sonra qatlayıb stolun 
üstünə qoydu. Haake ona baxırdı... 
– Gözəl gecədir,–bunu Haake almanca dedi. Ravik başını tərpətdi. Haake 
gülümsədi: 
– Gözlərimə söz ola bilməz, düzdür? 
– Deyəsən... 
– Sizi əvvəlcə içəridə gördüm. 
Ravik diqqətini toplayıb, biganəliklə başını tərpətdi. Sinirləri tarımlanmışdı, 
Haakenin niyyətini heç cür başa düşə bilmirdi. Ravikin gizlincə Fransaya keçdiyini 
bilməzdi. Ancaq, ola bilsin, gestapo bunu da bilirdi... Eybi yox, hələ vaxt var... 
– O dəqiqə tanıdım, – Haake dilləndi. 
Ravik döyükə-döyükə onun üzünə baxırdı... 
– Çapıqdan tanıdım! – Haake Ravikin alnına işarə etdi. – Bildim ki, tələbə 
cəmiyyətinin üzvü olmusunuz. Deməli, almansınız. Ya da Almaniyada 
oxumusunuz. 
Bunu deyib, Haake güldü. Ravikin gözü hələ də onun üzündə idi. Ola bilməzdi! 
Lap gülünc idi! Gərginlik o dəqiqə yoxa çıxdı, dərindən nəfəs aldı, yüngülləşdi. 
Haake onu tanımamışdı. Elə bilmişdi ki, alnındakı çapıq tələbə duelində olub. 
Ravik də güldü. Haakeyə qoşulub güldü. Gülməyini saxlamaq üçün də 
yumruqlarını elə sıxdı ki, dırnaqları ətinə yeridi... 
– Düz tapdım?–Haake məmnun halda soruşdu. 
– Bəli, düz tapmısınız. 
Alnındakı çapığın tarixi yadına düşdü. Onu gestaponun zirzəmisində, Haakenin 
gözləri qabağında eləmişdilər. Qan gözlərinə, ağzına dolurdu. Haake isə indi 
deyirdi ki, tələbə duelində olub və bunu tapması ilə də öyünürdü... 
Xidmətçi Haakenin konyakını gətirdi. O, ləzzətlə qədəhi iylədi. 
– Konyaklarına söz ola bilməz, – dedi, – əntiqə olur! Qalan şeylərdə...–Ravikə göz 
basdı – ölkə batır. Borc içində boğulur. Bunlarınkı dinc və yüngül həyatdır. 
Bizimlə bacarmayacaq! 
Ravikə elə gəlirdi ki, danışa bilməyəcək. Elə bilirdi ki, danışsa, əlindəki qədəhi 
stola çırpacaq, şüşə qırıqlarının hamısını onun gözünə soxacaq... Ehtiyatla daş kimi 
ağır qədəhi götürdü, axıracan içdi, sakitcə qaytarıb yerinə qoydu. 
– Bu, nədir? – Haake soruşdu. 
– «Perno». «Absent» əvəzidir. 
– «Absent» barədə eşitmişəm. Fransızları kişilikdən salan o deyil? – Haake irişdi. – 
Bağışlayın, sizi nəzərdə tutmuram. 
– «Absent» qadağandır. Bu da onun əvəzinədir, ziyansızdır. «Absent» adamı 
kişilikdən salmır, ancaq nəsil artırmağa qoymur, ona görə də qadağan olunub. Mən 
içdiyim anis almasından çəkilmiş araqdır, biyan dadı verir. 
Yox, danışa bilirmiş! Hətta heç həyəcanlanmır da! Suallara da sakitcə, sərrast 
cavab verirdi. Tufan haradasa daxilində idi, hay salırdı, uğuldayırdı, ancaq üzdən 
sakit idi... 
– Burada yaşayırsınız? – Haake soruşdu. 
– Bəli. 


 
213
– Çoxdan? 
– Anadan olandan. 
– Aydındır! Xarici ölkədə yaşayan alman! Burada anadan olmusunuz? 
Ravik başını tərpətdi. Haake konyakını içdi: 
– Xalqımızın ən yaxşı oğullarından bir neçəsi də xaricdə yaşayan almanlardır, – 
dedi. – Fürerin müavini Misirdə anadan olub. Rozenberq Rusiyada, Darre isə 
Argentinada doğulub. Hər şey dünyagörüşündən asılıdır, düz demirəm? 
– Tamamilə düzdür. 
– Sizin də belə fikirləşəcəyinizi bilirdim! – Haakenin üz-gözündən razılıq yağırdı. 
O, bir az stola tərəf əyildi və deyəsən, stolun altında dabanlarını da cütlədi. –Yeri 
gəlmişkən, özümü təqdim edim: fon Haake! 
Ravik də eyni əda ilə cavab verdi: 
– Horn! 
Əvvəlki ləqəblərindən biri idi... 
– Fon (21) Horn?–Haake soruşdu. 
– Bəli. 
Haake başını tərpətdi, tam arxayınlaşdı. Öz zümrəsindən olan adama tuş gəlmişdi. 
– Parisi yaxşı tanıyırsınız, elə deyilmi? 
– Bir balaca... 
– Muzeyləri nəzərdə tutmuram,–Haake bic-bic güldü. 
– Nəyi nəzərdə tutduğunuzu başa düşürəm. 
«Arilər nəslindən olan bu ali adam, deyəsən, özü bataqlığa düşmək istəyir, ancaq 
yaxşı yer tapa bilmir...–Ravik ürəyindən keçirdi.–Kaş başını tovlayıb onu dalda 
yerə, ya gözdən iraq bir meyxanaya, ya da ucqar bir fahişəxanaya çəkə biləydim!–
Bu fikir onun beynindən ildırım sürəti ilə keçdi.–Elə yerə ki, qabağıma duran, 
əlimdən alan olmasın!» 
– Burada yaxşı yerlər çoxdur, eləmi? 
– Təzəlikcə Parisdəsiniz? 
– İki həftədən bir iki-üç günlüyə gəlirəm. Bu da bir növ nəzarətdir. Çox vacib işdir. 
Son ildə işlərimizi burada yaxşı qurmuşuq, əla gedir! Nə iş olduğunu deyə 
bilmərəm, ancaq...–Haake güldü.–Burada hər şeyi pulla almaq olar. Satqın 
millətdir. Az qala istədiklərimizin hamısını öyrənmişik. Çox əziyyət çəkmirik, 
özləri gəlib deyirlər. Vətəni satmaq da bunlarda vətənpərvərliyin bir növünə 
çevrilib. Çoxpartiyalılıq belədir. Qalib gəlmək üçün partiyalar bir-birini, beləliklə 
də, vətəni satırlar. Bu, bizim xeyrimizədir. Çoxlu həmfikir tapmışıq, hamısı da 
təsirli dairələrdəndir...–O, qədəhini qaldırıb içinə baxdı, boş olduğunu görüb, yerə 
qoydu. – Heç silahlanmır da... Elə bilir, silahlanmasa, onlarla işimiz olmayacaq. 
Təyyarələrinin, tanklarının sayını bilsəniz, özünə qəbir qazan bu xalqa gülməkdən 
ölərsiniz... 
Ravik onun dediklərinə qulaq asırdı. Bütün diqqətini cəmləmişdi, ancaq buna 
baxmayaraq, hər şey – stollar da, xidmətçilər də, axşam sərinliyində qaynayan 
həyat da, küçələrdə şütüyən maşınlar da, evlərin başına dolanan ay da, küçələrdə 
sayrışan al-əlvan reklamlar da, hətta bir vaxt onun həyatını məhv eləmiş, indisə 
üzbəüz oturub boşboğazlıq eləyən qatillər qatili də ona yuxu kimi gəlirdi... 


 
214
İki şıq geyinmiş qız onların yanından keçəndə Ravikə baxıb gülümsədi. «Oziris»də 
işləyən İvetta ilə Marta idi. Bu gün istirahət edirdilər... 
– Lənət şeytana, əntiqə şeylərdir! – deyə Haake onların dalınca baxdı. 
«Kaş dalda bir küçədə əlimə düşəydi! Dar, bomboş küçə olaydı.. Ya da Bulon 
meşəsində...» – Ravik ürəyindən keçirdi. 
– Bu xanımların çörək pulu məhəbbətdən çıxır, – dedi.  
Haake onların arxasınca baxdı: 
– Pis deyillər. Zənnimcə, sizin başınız belə şeylərdən yaxşı çıxmalıdır,–deyib 
Haake yenə konyak sifariş verdi. – İcazə verin, sizi də qonaq eləyim. 
– Təşəkkür edirəm. «Perno» içəcəyəm. 
– Deyilənə görə, burada yaxşı yerlər var, adam görəndə ağlı başından çıxır. –
Haakenin gözləri parıldadı. O vaxt gestaponun zirzəmisindəki gur işıqda da beləcə 
parıldamışdı... 
«İndi onları yada salmaq lazım deyil, – Ravik ürəyindən keçirdi. – İndi olmaz!» 
– Heç birində olmamısınız? 
– Bir neçəsində olmuşam. Əlbəttə, tanışlıq məqsədilə getmişəm. Bu xalq hara 
yuvarlanır? Çox güman ki, mən hələ yaxşılarında olmamışam. Əlbəttə, ehtiyat 
elədim, adam elə yerlərdə tez ilişər. 
Ravik başını tərpətdi: 
– O sarıdan narahat olmağa dəyməz. Burada elə yerlər var ki, ora turist ayağı 
dəymir. 
– Eləsini tanıyırsınız? 
– Əlbəttə, lap ürəyiniz istəyən kimi. 
Haake ikinci konyakı da içdi. Lap arxayınlaşdı. Almaniyadakı əngəllər burada yox 
idi. Ravik gördü ki, o heç nədən şübhələnmir və dedi: 
– Elə mən özüm də bu gün bir az əylənmək istəyirdim. 
– Doğrudan? 
– Bəli. Hərdən eləyirəm... Adam bacardığı qədər çox görüb-götürməlidir. 
– Düzdür! Çox düzdür! 
Haake onu bircə anlığa donuq nəzərlərlə süzdü. «Sərxoş eləmək lazımdır,–deyə 
Ravik ürəyindən keçirdi.–Başqa cür alınmasa, sərxoş eləyib qaranlıq yerə çəkmək 
lazımdır!» 
Haakenin üzündəki ifadə dəyişdi. Sərxoş deyil, sadəcə olaraq, fikrə gedibmiş... 
– Heyif!–nəhayət dilləndi.–Mən də gedərdim!  
Ravik dinmədi. Onu hürkütmək olmazdı. 
– Bu gün Berlinə qayıtmalıyam, – deyə Haake saatına baxdı.–Saat yarım vaxtım 
qalıb. 
Ravik halını pozmadı. «Mən də gedərəm, – ürəyindən keçirdi.–Yəqin, hansı 
mehmanxanayasa düşüb... Evdə qalmaz... Onunla otağına gedərəm, içəridəcə işini 
bitirərəm...» 
– İki tanış gələsidir, onları gözləyirəm. – Haake sözünə davam etdi.–İndi gəlirlər. 
Onlar da mənimlə gedirlər. Çamandanları vağzala qoymuşam. Buradan birbaş ora 
gedəcəyik. 


 
215
«Əldən çıxdı!–Ravik ürəyindən keçirdi. Niyə tapançanı götürmədim? Mən axmaq 
niyə elə bildim ki, onda yanılmış olaram? İndi küçəyə çıxan kimi vurardım, qaçıb 
metroda gizlənərdim...» 
– Heyif!–Haake yenə təəssüfləndi. – Ancaq eybi yoxdur, bəlkə, gələn dəfə getdik. 
İki həftədən sonra yenə buradayam. 
Ravik dərindən nəfəs aldı: 
– Olsun,–dedi. 
– Harada yaşayırsınız? Gələn dəfə zəng vurardım. 
– «Prins de Qall» mehmanxanasında. Elə bu küçədədir. 
Haake cib dəftərçəsini çıxarıb, ünvanı yazdı. Ravik dəftərçənin yumşaq dəridən 
düzəldilmiş zərif üz qabığına baxdı. Nazik qələmi də qızıldan idi. «Görəsən orada 
nə yazılıb?–deyə ürəyindən keçirdi.–Yəqin, kimisə işgəncəyə, ölümə aparan 
xəbərlərdir...» 
Haake cib dəftərçəsini yerinə qoydu. 
– İndicə söhbət elədiyiniz də qəşəng idi,–dedi.  
Ravik bir anlığa çaşdı: 
– Onu deyirsiniz? Bəli, çox qəşəngdir. 
– Aktrisadır? 
– Ona oxşar şeydir. 
– Yaxından tanıyırsınız? 
– Bəli, yaxın tanışımdır.  
Haake dalğın halda harasa baxdı. 
– Burada ən çətin şey belə bir qəşəng qadınla tanış olmaqdır. Vaxt çox az olur, elə 
bir təsadüf də düşmür. 
– Düzələn işdir. 
– Doğrudan? Özünüzün marağınız yoxdur? 
– Nəyə? 
Haake sıxıla-sıxıla gülümsədi: 
– Məsələn, indicə söhbət elədiyiniz qadına... 
– Zərrə qədər də... 
– Lənət şeytana, pis olmazdı. Fransızdır? 
– Deyəsən, italyandır. Hələ başqa millətdən də qarışığı var. 
Haake irişdi: 
– Pis deyil. Bizdə beləsi olmur. Buraya da, necə deyərlər, başqa adla gəlirsən... 
– Başqa adla gəlirsiniz? 
Haake bir anlığa duruxdu, sonra gülümsədi: 
– Aydındır! Əlbəttə, yaxşı adamlar üçün öz adım var. Ancaq başqaları üçün tamam 
ayrı adamam. Yeri gəlmişkən, yaxşı yadıma düşdü, qaçqınlarla heç bir əlaqəniz 
yoxdur? 
– Çox az,–Ravik ehtiyatla cavab verdi. 
– Heyif! Bizə bu cür məlumatlar çox lazımdır. Hətta əvəzində pul da veririk.–
Haake əlini qaldırdı.–Məlum şeydir ki, sizin əlaqəniz olmaz. Ancaq yenə də ən adi 
məlumat belə... 
Ravik hiss etdi ki, Haake onun üzünə baxır. 
– Ola bilər,–dedi.–Bilmək olmaz, bəlkə, nə vaxtsa rast gələrəm... 


 
216
Haake stulunu ona yaxın çəkdi: 
– Bilirsinizmi, mənim bir işim də budur, əlaqələri tapıb öyrənmək. Hərdən izə 
düşmək çətin olur. Burada yaxşı adamlarımız var...–O, mənalı-mənalı qaşlarını 
dartdı.–Bizə görə bu işin başqa mənası var. Şərəfli vəzifədir... Bir sözlə, vətən 
qarşısındagı borcumuzdur... 
– Buna söz ola bilməz! 
Haake başını qaldırdı: 
– Tanışlarım gəldi.–Ürəyində hesablayandan sonra pul çıxarıb çini boşqabın içinə 
qoydu.–Qiymətlərin boşqabın üstünə yazılmısı çox rahatdır. Bunu bizdə də tətbiq 
etmək lazımdır...– O durub, əlini Ravikə uzatdı. – Hələlik, cənab fon Horn, sizinlə 
tanış olduğuma çox şadam. İki həftədən sonra zəng vuracağam,–deyib gülümsədi.–
Şübhəsiz ki, hər şey aramızda qalacaq. 
– Sözsüz! Zəng vurmağı unutmayın. 
– Unutmaram. Mən bir dəfə gördüyüm sifəti, verdiyim vədi heç vaxt unutmuram. 
Özümə rəva bilmərəm, sənətim belədir. 
Ravik onunla üzbəüz dayanmışdı. Ona elə gəlirdi ki, indi beton bir divarı 
yarmalıdır. Sonra Haakenin əlini öz əlində hiss elədi. Onun əli balaca və həddindən 
artıq yumşaq idi. 
Haake gedəndən sonra nə edəcəyini bilməyib, bir anlığa yerindən tərpənmədi. 
Sonra oturdu. Hiss elədi ki, titrəyir. Bir az oturandan sonra pulunu verib çıxdı. 
Haake gedən tərəfə üz qoydu. Birdən yadına düşdü ki, o, iki dostu ilə taksiyə 
mindi. Onda dalınca getməyin mənası yox idi. Haakeyə hansı mehmanxanaya 
düşdüyünü demişdi. Onu təsadüfən başqa yerdə görsə, şübhələnərdi. Ravik qaldığı 
mehmanxanaya qayıtdı. 
                                                                                            *** 
Morozov dedi: 
– Çox ağıllı hərəkət eləmisən. 
Onlar Ron-Puen küçəsindəki kafelərdən birində oturmuşdular. 
Ravik sağ əlinə baxdı. Onu bir neçə dəfə araqla yumuşdu. Özü bilirdi ki, səfehlik 
eləyir, ancaq yumasa, dözə bilməzdi. Əlinin dərisi indi perqament kimi qupquru 
olmuşdu. 
– Başqa cür hərəkət etmiş olsaydın, səfehlik olardı. Yaxşı ki, yanında heç nə yox 
imiş. 
– Hə,–deyə Ravik inamsız səslə dilləndi. 
Morozov onun üzünə baxdı: 
– Sən o qədər də axmaq deyilsən ki, qətl üstündə, ya da ona cəhd elədiyinə görə 
məhkəməyə düşəsən. 
Ravik cavab vermədi. 
– Ravik!–Morozov əlindəki şüşəni acıqla stolun üstünə qoydu.–Xəyalpərvər olma! 
– Xəyalpərvər deyiləm. Niyə başa düşmürsən, ürəyimə damıb ki, onu əldən 
qaçırtdım. İkicə saat əvvəl görsəydim, gizli bir yerə çəkərdim, ya da başqa cür 
eləyərdim... 
Morozov qədəhlərə araq süzdü: 
– Bunu iç, araqdır... Ona yenə rast gələcəksən. 
– Bəlkə də, gəlmədim. 


 
217
– Tapacaqsan! O özü gələcək. Elə qarmaq atmamısan ki, düşməyə. Nuş olsun! 
Ravik də içdi. 
– Gərək, vağzala gedib onun qatara mindiyini öz gözümlə görəydim. 
– Bəs necə?! Hələ güllə də ataydın! Ən azı iyirmi il katorqa alardın. Belə ağıllı 
ideyalardan yenə varındır? 
– Var! Heç olmasa, onun qatara mindiyinə baxardım. 
– O da səni görəydi və hər şey də bitəydi! 
– Gərək, hansı mehmanxanaya düşdüyünü soruşaydım. 
– Soruşaydın da, şübhəyə salaydın da! – Morozov qədəhləri yenə doldurdu. – 
Qulaq as, Ravik, indi sənə elə gəlir ki, düz eləməmisən. Bu fikri başından çıxar 
getsin! Əgər bacarmırsansa, nəyisə vur, dağıt. Elə şey deyirəm ki, həcmcə iri, 
qiymətcə ucuz olsun. Zənnimcə, «İnternasional»ın «Palma zalı»nı dağıtsan, 
bəsindir. 
– Xeyri olmayacaq... 
– Onda danış! Yorulana qədər danış! Danış ki, yüngülləşəsən, sakitləşəsən. Rus 
deyilsən, yoxsa bunun xeyrini başa düşərdin. 
Ravik başını qaldırdı: 
– Boris, – dedi, – bilirəm, siçovulu öldürmək lazımdır ki, qayıdıb səni dişləməsin. 
Ancaq mən bu haqda danışa bilmərəm. Onun əvəzinə fikirləşərəm. Fikirləşərəm ki, 
bir də rast gələndə, necə eləyim. Təşrihə hazırlaşan kimi hazırlaşacağam. 
Bacardığım qədər yaxşı hazırlaşacağam. Məşq edəcəyəm. Hələ on dörd gün vaxtım 
var. Belə yaxşıdır. Çox yaxşı oldu. Özümü sakit aparmağa öyrəşərəm. Sən düz 
deyirsən. Sakitləşib fikrini cəmləmək üçün danışmaq lazımdır. Bunu düşünməklə 
də eləmək olar. Soyuqqanlılıqla düşünürsən, nifrətin daha da artır. Onu xəyalımda 
o qədər öldürəcəyəm ki, görüşəndə, artıq öyrəşmiş olacağam. Öyrəşəndə adam 
birinci dəfəyə nisbətən çox qətiyyətli, sakit olur. İndisə gəl söhbət eləyək. Ancaq 
başqa şey barədə danışaq. Mənə qalsa, ağappaq qızılgüllərdən danışarıq. Bir onlara 
bax! Bu bürkülü gecədə qara oxşayır? Elə bil, bu narahat gecənin ləpədöyənindəki 
köpükdür! Hə, indi razı qaldın? 
– Yox! 
– Yaxşı, onda bu yaya bax! 1939-cu ilin yayına! Barıt qoxusu verir. Bu qızılgüllər 
də gələn qış milyonlarla qəbrin üstünü örtəcək qara oxşayır. Biz də bunun sağlığına 
badə qaldırırıq... Düz demirəm? Yaşasın neytrallıq əsri! Yaşasın daşqəlblilər 
zəmanəsi! Bu gecə nə qədər adam qırılır, Boris! Hər gecə belədir... Çox adam ölür! 
Şəhərlər yanır, haradasa yəhudilər fəryad qoparır, çexlər meşələrdə qırılır, 
çinlilərin üstünə yapon nefti töküb od vururlar, həbs düşərgələrində əzab, işgəncə 
dolu ölüm kabusu dolaşır... Belə bir zəmanədə hansı qatilisə qanına qəltan edərkən 
kövrək arvadlar kimi göz yaşı axıtmaq yaraşarmı bizə? Onu tapıb çıraq kimi 
söndürəcəyik, vəssalam! Onsuz da əynimizdə başqa cür hərbi geyim olduğuna görə 
çox günahsız adamın qanına bais olmuşuq. Bu da onlardan biri... 
– Bu, başqa məsələ! Belə danışmaq yaxşıdır. Bıçaqla necə davranmağı 
öyrənmisən? Bıçaq səs eləmir... 
– Bu gün elə şeyi məndən uzaq elə. Qoy bir az yatım. Gedib sakitcə yerimə 
girəcəyəm, ancaq, allah bilir, gözümə nə vaxt yuxu gedəcək. Başa düşürsən? 
– Hə. 


 
218
– Bu gecə səhərəcən onu öldürəcəyəm. On dörd gün ərzində avtomata dönəcəyəm. 
İndi əsas məsələ bu on dörd günü salamat qalmaqdır. Həmin gün ilk dəfə gözümə 
yuxu gedəcək. İçməyin xeyri yoxdur. İynə də kömək eləməz. Gərək, çox yorulam 
ki, gözümə yuxu getsin. Səhər oyananda yenə gümrah olacağam. Aydın oldu? 
Morozov xeyli dinməzcə oturdu, sonra: 
– Özünə bir qadın tap, – dedi. 
– Bunun nə xeyri? 
– Nəyəsə xeyri olar. Qadınla yatmağın həmişə xeyri olub. Joana zəng vur, gələcək. 
Joan... Düz deyir... O da orada idi... Nəsə dedi... Onu tamam unutmuşdu. 
– Mən rus deyiləm, Boris! Başqa təklifin yoxdur? Bir az sadə olsun. Lap sadə... 
– Allah xatirinə, burax, belə mürəkkəb olma. Qadından can qurtarmağın ən sadə 
yolu hərdən onunla yatmaqdır. Xəyal dünyasını çox şişirtmək olmaz. Təbiətin 
adicə qanununa bu çür bəzək-düzək vurmaq kimə lazımdır? 
– Doğrudan, kimə lazımdır? 
– Elə isə, qoy gedib, zəng vurum. Sənin xatirinə eləyirəm. Havayı yerə restoran 
qapıçısı deyiləm ki... 
– Getmə! Hər şey qaydasındadır. Gəl içə-içə qızılgüllərə tamaşa eləyək. Göydən 
yağış kimi səpələnən pulemyot güllələrindən sonra meyitlərin sifəti də ay işığında 
belə ağarır... Bunu bir dəfə İspaniyada görmüşəm. Onda fəhlə Pablo Nona deyirdi 
ki, səmanı faşistlər icad eləyib... Bir ayağı da yox idi... Məndən də bir az incimişdi, 
deyirdi ki, niyə kəsilən qıçını spirtin içində konservləşdirib saxlamadım. Elə bilirdi 
ki, bədəninin dörddən birini, yəni kəsilmiş ayağını qəbrə qoyublar. Xəbəri yox idi 
ki, itlər onu oğurlayıb yeyib... 
 
                                                                                XXV 
 
 
Veber sarğı otağına gəldi. Ravikə işarə elədi, ikisi də otaqdan çıxdı. 
– Düran zəng vurmuşdu. Təcili səni istəyir. Deməyinə görə, qeyri-adi işdir, 
mürəkkəb vəziyyətdir. 
Ravik Veberin üzünə baxdı: 
– Daha doğrusu, təşrihi korlayıb, indi mənim boğazıma bağlamaq istəyir. Elə 
deyil? 
– Məncə, yox. Həyəcanlıdır. Çox güman ki, çətin vəziyyətə düşüb, nə edəcəyini 
bilmir. 
Ravik başını buladı. Veber susurdu. 
– Mənim qayıtdığımı haradan bilir?  
Veber çiyinlərini çəkdi: 
– Bilmirəm. Tibb bacılarının işi olacaq. 
– Niyə Binoya zəng eləmir? O ki yaxşı çərrahdır. 
– Mən də elə məsləhət gördüm. Ancaq deyir ki, çox mürəkkəb vəziyyətdir, sizin 
sahə ilə bağlıdır. 
– Boş şeydir. Parisdə hər sahə üzrə əla cərrahlar var. Niyə Martelə zəng vurmur? O 
da dünyanın ən məşhur cərrahlarından biridir. 
– Səbəbini özünüz bilmirsiniz? 


 
219
– Əlbəttə, bilirəm! Həmkarlarının yanında rüsvay olmaq istəmir. Yurdsuz-yuvasız 
həkimin yanında isə hər şey olar, çünki o, dilini qarnına qoyacaq... 
Veber onun üzünə baxdı: 
– Təcilidir... Gedəcəksiniz? 
Ravik xalatının bağlarını dartıb açdı: 
– Əlbəttə! Başqa yolum da var? Ancaq bu şərtlə ki, siz də gələsiniz. 
– Yaxşı, mənim maşınımla gedərik. 
Onlar pilləkənlə aşağı düşdülər. Veberin maşını xəstəxananın qabağında 
dayanmışdı və günün altında par-par yanırdı. Mindilər. 
– Siz içəridə olmasanız, təşrihi boynuma götürən deyiləm. Allah bilir, dostumun nə 
planı var. 
– İnanmıram ki, belə vəziyyətdə başqa planı da olsun. 
Maşın tərpəndi. 
– Mən çox şeylər görmüşəm, – Ravik sözə başladı. – Berlində çavan bir assistent 
tanıyırdım, gələcəkdə yaxşı cərrah olmaq üçün hər cür imkanı var idi. Bir dəfə 
professor təşrih eləyərkən düz kəsmir, üstünü vurmayıb, gerisini assistentə 
elətdirir. O da başa düşmür, professor yarım saatdan sonra hay-küy qaldırır, hər 
şeyi onun boynuna yıxır. Xəstə təşrih zamanı ölür. Bir gün sonra da oğlan özünü 
öldürdü... Həmin professor yenə də öz təşrihində, yenə də içməyindədir. 
Marso prospektində dayanmalı oldular. Qaliley küçəsində çoxlu yük maşını 
qatarlanmışdı. Pəncərələrdən içəri süzülən günəş şüaları onları bişirirdi. Veber 
düymələrdən birini basdı, maşının üstündəki çadır yavaş-yavaş geri yığıldı. O, 
qürurla Ravikə baxdı: 
– Təzəcə düzəltdirmişəm, elektriklə işləyir. Əntiqə şeydir. Görürsünüz, insanlar 
nələr kəşf eləyir? 
Külək açıq damdan içəri doldu. Ravik başını tərpətdi: 
– Bəli, əntiqədir. Ən yeni kəşflər isə maqnitli minalar və bir də sualtı qayıqlardır. 
Dünən haradasa oxudum. Hədəfə dəyməyəndə, dövrə vurub təzədən qayıdır, hara 
getsə, tutur... Biz insanlar əcəb ixtiraçılarıq! 
Veber qırmızı sifətini ona tərəf çevirdi, mehriban bir təbəssümlə gülümsədi: 
– Sizinki də müharibədir, Ravik. Ancaq o müharibə bizdən ulduzlar qədər uzaqdır. 
Onun haqqında gedən söz-söhbət də siyasi təzyiqdən başqa bir şey deyil. İnanın ki, 
elədir! 
 
Xəstənin dərisi göy rəngli sədəfə çalırdı. Bənizi külə dönmüşdü. Qızılı saçları isə 
elə bil, yuxarıdan ələnən gur işıqdan od alıb yanırdı, şölələri də kül rəngli sifətində 
titrəyirdi. Yeganə həyat işartısı təkcə bu sifətdə qalmışdı, o da, sanki, bu işartının 
süzülə-süzülə gedib saçlara ilişdiyi üçün fəryad qoparırdı... 
Cərrahiyyə stoluna uzadılmış gənc qadın çox qəşəng idi. Hətta indiki bayğınlıq da 
bu ucaboylu, şax qamətli qızın zərif sifətinin gözəlliyini poza bilməmişdi, 
deyərdin, tanrı onu yalnız məhəbbət və zinət üçün xəlq eləyib... 
Qanaxma, demək olar ki, dayanmışdı. 
– Uşaqlığı açmısınız? – Ravik Dürandan soruşdu. 
– Bəli. 
– Sonra? 


 
220
Düran cavab vermədi. Ravik başını qaldıranda gördü ki, Düran gözlərini döyə-
döyə onun üzünə baxır. 
– Aydındır. Tibb bacıları hələlik bizə lazım deyil. Üç həkim bəs eləyər. 
Düran onun sözlərini başı ilə təsdiqlədi. Tibb bacıları da, assistent də geri 
çəkildilər. 
– Nə olmuşdu?–Onlar uzaqlaşan kimi Ravik bir də soruşdu. 
– Özünüz ki görürsünüz. 
– Xeyr! 
Ravik nə olduğunu görürdü, ancaq istəyirdi ki, Veberin yanında Düran özü etiraf 
eləsin. Bu daha etibarlı olardı. 
– Hamiləliyin üçüncü ayı... Qanaxma... Məçbur olub cəngəldən istifadə elədim. 
Deyəsən, iç tərəfdən zədələndi. 
– Sonra? – Ravik Düranın üzünə baxdı. Orada zəif bir hikkə düyünlənmişdi: 
«Ömrü boyu mənə nifrət edəcək,–deyə Ravik ürəyindən keçirdi. – Çünki Veber 
hamısını eşidir». 
– Uşaqlıq deşilib,–Düran dilləndi. 
– Çəngəllə? 
– Əlbəttə,–Düran duruxdu.–Özgə nə ilə deşmək olar? 
Qanaxma tamam dayanmışdı. Ravik dinmədən müayinəni davam etdirdi. Sonra 
dikəldi: 
– Deşmisiniz,–dedi,–ancaq xəbəriniz olmayıb. Bir bağırsaq ilməsi həmin deşikdən 
içəri keçib. Nə olduğunu başa düşməmisiniz. Elə bilmisiniz, döl pərdəsidir, 
qaşımısınız, zədələnib... Elədir? 
Düranı tər basdı. Üzünə çəkdiyi tənzifin altından saqqalı tərpəndi, elə bil, ağzına 
güclə sığışan bir şey çeynəyirdi. 
– Ola bilər... 
– Çoxdan başlamısınız? 
– Siz gələnə kimi hamısı bir yerdə qırx beş dəqiqə çəkmişdi. 
– Qan içəri axıb. Nazik bağırsaq zədələnib. Sepsis təhlükəsi çoxdur. Təcili olaraq 
bağırsağı tikmək, uşaqlığı isə kəsib götürmək lazımdır. 
– Nə?–Düran az qala qışqırdı. 
– Nə olduğunu özünüz yaxşı bilirsiniz. 
Düran gözlərini döydü: 
– Bəli, bilirəm... Ancaq sizi buna görə çağırmamışdım... 
– Bundan artıq heç nə deyə bilmərəm. Adamlarınızı çağırın, davam etdirin. Cəld 
tərpənmək məsləhətdir. 
Düranın saqqalı yenə tərpəndi: 
– Mən çox həyəcanlıyam. Əvəzimə təşrih eləmək istəmirsiniz? 
– Xeyr, özünüz bilirsiniz ki, mənim Fransa pasportum yoxdur, ona görə də təşrih 
eləyə bilmərəm. 
– Siz...–Düran sözünün dalını demədi. 
«Sanitarlar, alayarımçıq tələbələr, masajçılar, assistentlər özlərini burada 
Almaniyanın məşhur həkimləri kimi qələmə verirlər...» Düranın Levala dediyi bu 
sözləri Ravik hələ də unutmamışdı. 
– Məni ölkədən çıxaranda müsyö Leval bəzi şeyləri başa saldı. 


 
221
Veber o dəqiqə dikəldi, Düran isə dinmədi. 
– Doktor Veber sizin əvəzinizə təşrih eləyər. 
– Siz mənim əvəzimə çox təşrihlər eləmisiniz. Əgər qonorar... 
– Söhbət qonorardan getmir. Qayıdandan sonra təşrih eləmirəm. Özü də belə 
təşrihə razılıq verməmiş adamı heç eləmərəm! 
Düran döyükdü: 
– Axı xəstəni ayıldıb ondan soruşmaq da olmaz... 
– Kim deyir? Olar! Ancaq unutmayın ki, sepsis təhlükəsi var. 
Düranı tər basmışdı. Veber Ravikə baxdı. Ravik başını tərpətdi. 
– Tibb bacılarına bel bağlamaq olar?–Veber Dürandan soruşdu. 
– Olar... 
– Assistent lazım deyil!–Veber Ravikə tərəf döndü:–Üç həkim, iki tibb bacısı bəs 
eləyər. 
– Ravik...–Düran nəsə demək istədi. 
– Binoya zəng eləmək lazım idi...–Ravik onu qabaqladı.–Ya Mallona, ya da 
Martelə... hamısı birinci dərəcəli cərrahlardır. 
Düran dinmədi. 
– İndi Veberin yanında etiraf edirsinizmi, uşaqlığı deşmisiniz, nazik bağırsağı döl 
pərdəsi bilib zədələmisiniz? 
Düranın cavabı bir az ləngidi. 
– Bəli...–nəhayət, o, xırıltılı səslə dilləndi. 
– Bundan əlavə, mənimlə, yəni təsadüfi bir assistentlə histrektomiya eləməyi, 
bağırsağı kəsib götürməyi, anostomiya eləməyi Veberdən xahiş edirsinizmi? 
– Bəli... 
– Təşrihin bütün məsuliyyətini, onun nəticəsini, xəstənin xəbəri və razılığının 
olmamasının səbəbini öz boynunuza götürürsünüzmü? 
– Əlbəttə! Bu, nə sözdür?!–Düran xırıldadı. 
– Yaxşı, elə isə tibb bacılarını çağırın. Assistent lazım deyil. Ona deyin ki, Veberlə 
mənə mürəkkəb bir vəziyyətlə əlaqədar assistentli getməyə icazə verirsiniz. Guya, 
çoxdan söz veribmişsiniz. Ya da... Nə istəyirsiniz, deyin... Anesteziya ilə özünüz 
məşğul olun. Tibb bacılarına təzədən sterilizasiya lazım gələcək? 
– Lazım deyil, etibarlı qızlardır, heç nəyə əl vurmuş olmazlar. 
– Daha yaxşı... 
 
Qarın boşluğu açıq idi. Ravik çox ehtiyatla bağırsaq ilgəyini uşaqlıqdan çəkməyə 
başladı. Çıxardıqca onu sepsisdən qorumaq üçün hissə-hissə sterilə olunmuş 
tənziflərə bükdü, axırda zədələnmiş yeri tapdı. Sonra uşaqlığın yan-yörəsinə də 
həmin tənziflərdən düzdü, dodaqaltı Veberə dedi: 
– Hamiləlik qarın boşluğundadır. Bura baxın, yarısı uşaqlıqdadır, yarısı da boruda. 
Onu da çox qınamaq olmaz... Nadir təsadüfdür. Ancaq buna baxmayaraq... 
– Nə?–Düran cərrahiyyə stolunun baş tərəfindəki ekranın arxasından soruşdu.–Nə 
dediniz? 
– Heç nə,–deyə Ravik bağırsağı iki tərəfdən sıxdı, ortada qalan yeri kəsib götürdü, 
sonra ucları ağız-ağıza qoyub, cəld hərəkətlə tikdi, maili anostomiya elədi. 


 
222
Belə iti işləməsi özünə də ləzzət verirdi. Düran yaddan çıxmışdı. Borunu da, ona 
birləşən qan damarlarını da sıxdı, borunun ucunu kəsdi. Sonra uşaqlığı kəsib 
götürməyə başladı. «Niyə belə az qanayır?–Ürəyindən keçirdi.– Niyə həyatın 
kiməsə ömür bəxş edən möcüzəsini kəsib götürəndə adamın ürəyi ondan çox 
qanayır?!» 
İndi burada uzanmış insan ölmüşdü. O dirilib yaşaya bilər, ancaq, əslində, ölü kimi 
olacaq. Nəsil ağacının qurumuş budağıdır, çiçək açacaq, lakin bəhər ləzzəti 
görməyəcək. Bir vaxtlar dərin-dərin, qalın-qalın meşələrdə nəhəng insanabənzər 
meymunlar yaranıb və sonralar min-min nəslin süzgəcindən keçib, zərifləşib. Bir 
az sonra misirlilər uca-uca məbədlər tikib, Elladanın çiçəklənmə dövrü başlayıb... 
Həmin müəmmalı qan nəsildən-nəslə keçib və axırda bu gözəl qadın yaranıb. 
Ancaq o, boş sünbül kimi bar verməyəcək, öz qanını heç kimə, nə oğluna, nə də 
qızına keçirə bilməyəcək. Düranın qaba əlləri bu zənciri qırmışdı. Bəs Düranın özü 
də həmin min-min nəsildən törəməmişdimi? Ellada da, İntibah dövrü də onun 
özünü, təkəsaqqalını yaratmaq üçün çiçəklənməmişdimi? 
– Əclaf... 
– Nə?–Veber soruşdu. 
Heç, boş şeydir...  
Ravik dikəldi: 
– Qurtardı... 
Ravik əvvəlcə saralmış məşum sifətə, işım-işım işıldayan saçlara, sonra da 
vedrənin içindəki qana bələnmiş tənziflərə baxdı. Bu sifəti gözəlləşdirən həmin qan 
idi... Axırda da Dürana baxdı... 
– Qurtardı, – deyə bir də təkrar elədi. 
Düran bihuşdarını kəsdi. Ravikin üzünə baxa bilmirdi. Gözləyirdi ki, tibb bacıları 
xərəyi gətirsinlər. Axırda da heç nə deməyib, onların dalınca getdi. Ravik Veberə 
tərəf döndü: 
– Sabah ondan beş min frank da əlavə istəyəcək. Deyəcək ki, ölümdən qurtarıb... 
– İndiki görkəmindən eləsinə oxşamır. 
– Bir gün az vaxt deyil. Peşmançılığın da ömrü az olur. Xüsusilə ortada qazanc 
söhbəti olanda... 
Ravik əllərini yudu. Əlüzyuyanın yanındakı pəncərədən baxanda gördü ki, üzbəüz 
evin pəncərəsində ətirşah gülləri çiçək açıb və onların altında da bomboz bir pişik 
oturub... 
 
Gecə saat birdə Düranın xəstəxanasına zəng vurdu. «Şəhrizad»dan danışırdı. 
Növbətçi tibb bacısı dedi ki, qadın yatır. İki saat bundan əvvəl halı pis olub. Veber 
orada imiş və ağrıkəsən dərman vurub. Deyəsən, indi hər şey qaydasına düşüb... 
Telefon köşkünün qapısını açanda kəskin ətir qoxusu üzünə vurdu. Saçlarını sarı 
rəngə boyamış bir qadın paltarını xışıldada-xışıldada, adama «gəl-gəl» deyə-deyə 
dəhlizin o başındakı ayaqyoluna tərəf gedirdi. Xəstəxanadakı qadının sarı saçları 
isə süni deyildi. Qızılı rəngə çalır, işım-işım işıldayırdı... Siqaret yandırıb, zala 
qayıtdı. Rus xoru özünün həmişəki «Qara gözlər» mahnısını oxuyurdu. Onlar bu 
mahnını iyirmi il idi ki, dünyanın hər yerində oxuyurdular «Faciə iyirmi il davam 


 
223
eləyəndə, onun komediyaya çevrilmək qorxusu olur! – Ravik ürəyindən keçirdi. – 
Əsl faciənin ömrü qısa olsun gərək!» 
– Bağışlayın,–deyə o, Ketdən üzr istədi, – zəng vurmalı idim. 
– Hər şey qaydasındadır? 
– Hələlik elədir. 
«Niyə soruşur?–Ravik təşvişə düşdü. – Axı özünün vəziyyəti heç də yaxşı deyil?!» 
– Arzunuza çatdınız? – deyə o, araq dolu qrafini göstərdi. 
– Xeyr. 
– Xeyr? 
Ket başını buladı: 
– İndi yaydır, – dedi. – Yayda adam gecə restoranlarında yox, açıq havada, 
artırmada oturar. Mənə qalsa, lap elə çor vurmuş ağacın yanında da oturmaq olar. 
Qoy dörd tərəfinə də dəmir hasar çəkilmiş olsun... 
Ravik başını qaldıranda baxışları Joanla toqquşdu. Çox güman ki, o, zəng vurmağa 
gedəndə gəlmişdi. Əvvəlcə yox idi... İndi isə onunla üzbəüz küncdə oturmuşdu. 
– Bəlkə, başqa yerə getmək istəyirsiniz? – Ketdən soruşdu. 
Ket başını buladı: 
– Xeyr. Bəs siz? Çor vurmuş ağacın yanına? 
– Elə yerdə araq da çor dadar... Bura yaxşıdır. 
Xor daha oxumurdu. Orkestr oyun havası çalmağa başladı. Joan durub rəqs 
meydançasına sarı getdi. Ravik onu yaxşı görə bilmirdi. Kiminlə oynadığını da 
seçmirdi. Yalnız işıqvuranların zəif, göyümtül işığı gəzə-gəzə rəqs meydançasına 
gələndə o, bir anlığa görünür, sonra alaqaranlıqda gözdən itirdi... 
– Bu gün təşrih eləmisiniz? – Ket soruşdu. 
– Bəli. 
– Təşrihdən sonra restoranda oturmaq necədir? Elə bil, cəbhədən evə qayıtmısınız? 
Ya da ağır bir xəstəlikdən durmusunuz? 
– Həmişə elə olmur. Bəzən adam qəribə bir boşluq hiss edir... 
Joanın gözləri işıqvuranların solğun şüalarında parıldadı. Ravikə tərəf baxırdı. 
«Yox, qətiyyən, ürəyim deyil...–Ravik düşündü. – Nəsə başqa şeydir... Bəlkə də, 
mədəm ağrıyır. Günəş kələfinə nəsə toxunub... Bu haqda minlərlə şeir yazılıb... 
Yox, ora dəyən zərbə sən tərəfdən gəlməyib, ey rəqs meydançasında tərləyə-
tərləyə süzən daşqəlbli afət! O zərbə beynimin qaranlıq guşələrindən qopur. Sən 
orada işıqla gizlənqaç oynayanda, təsadüfən hansı xətlərsə birləşir, həmin zərbə də 
qüvvətlənir...» 
– O, keçən dəfə burada oxuyan qadın deyil? – Ket soruşdu. 
– Odur. 
– Daha oxumur? 
– Deyəsən, oxumur. 
– Gözəldir... 
– Doğrudan? 
– Bəli, gözəldir, hələ bir az da o yana... Üz-gözündə həyat qaynayır. 
– Ola bilsin... 
Ket Ravikə qıyqacı bir nəzər salıb, kövrək təbəssümlə gülümsədi. Belə təbəssümün 
sonu çox vaxt göz yaşları olurdu... 


 
224
– Mənə bir qədəh də araq süzün, Ravik. Onu da içim, gedək... 
Ravik duranda hiss elədi ki, Joan ona baxır. Ketin qoluna girdi. Bu heç lazım 
deyildi, Ket özü gedə bilirdi. Ançaq Ravikə elə gəldi ki, bunu görməyi Joana təsir 
eləməz... 
Onlar «Lankaster» mehmanxanasına çatanda Ket dedi: 
– Mənə bir yaxşılıq da edərsiniz, Ravik? 
– Əlbəttə! Bacardığım qədər... 
– Mənimlə Manfor balına gedərsiniz? 
– Bu, nə olan şeydir? Birinci dəfədir eşidirəm. 
Ket kresloya oturdu. Kreslo çox böyük idi, onu daha da arıq göstərirdi, lap Çin 
rəqqasəsinə oxşayırdı. Qaşları çatılmışdı. 
– Manfor balı Parisin yüksək cəmiyyəti üçün yay mövsümünün ən böyük hadisəsi 
hesab olunur. Gələn cümə günü Lüiz Manforun evində başlayıb, bağında 
qurtaracaq. Bu da sizə heç nə demir? 
– Heçcə nə... 
– Mənimlə gedərsiniz? 
– Məni ora buraxarlar? 
– Dəvətnamə taparam.  
Ravik onun üzünə baxdı: 
– Çox vacibdir, Ket? 
– Mən getmək istəyirəm... Ancaq tək yox... 
– Mən olmasam, tək gedərdiniz? 
– Bəli. Əvvəlcə getdiyim adamların heç biri ilə gedə bilmərəm. Daha dözə 
bilmirəm. Bilirsiniz niyə? 
– Bəli... 
– Bu, mənim Parisdə ən gözəl, həm də axırıncı bayramım olacaq. Son dörd ildə 
həmişə getmişəm. İndi sözünüz nədir? 
Ravik Ketin nə üçün onunla getmək istədiyini bilirdi. Bilirdi ki, özünü inamlı hiss 
edir. Ona görə də «yox» deyə bilməzdi... 
– Gedərəm, Ket. Mənə xüsusi dəvətnamə də lazım deyil. Zənnimcə, tək 
gəlməyəcəyinizi desəniz, kifayət eləyər. 
– Elədir. Təşəkkür edirəm, Ravik! Bu saat Sofi Manfora zəng edərəm. 
Ravik durdu: 
– Onda cümə günü gəlib götürərəm. Nə geyəcəksiniz?  
Ket gözlərini qaldırıb onu süzdü. Gur işıq onun başına yapıxmış saçlarında bərq 
vururdu. «Lap kərtənkələ başına oxşayır...–Ravik ürəyindən keçirdi –Ölümqabağı 
yetkinliyin bu cür zərif, soyuq, amansız gözəlliyi heç sağlamlığın özünə də qismət 
olmur...» 
– İndiyəçən ürəyimdən keçənlərin biri də elə bu idi...– Ket azacıq tərəddüddən 
sonra dilləndi. – Maskarad balıdır. Ravik, XIV Lüdovikin saray bağında 
keçiriləcək... 
– Allah, sən saxla!–Ravik təzədən oturdu. 
Keti gülmək tutdu. Bu gülüş saf, məsum uşaq gülüşü idi. 
– Yaxşı konyakım var, Ravik, içirsiniz?  
Ravik başını buladı: 


 
225
– Gör camaat nələr fikirləşib tapır! 
– Hər il buna bənzər müsamirələr düzəldilir. 
– Bu, o deməkdir ki, mən də... 
– Hər şey mənim boynuma...–Ket tələsik onun sözünü kəsdi.–Siz narahat olmayın, 
kostyumu özüm taparam. Sadə olacaq... Heç geyib yoxlamaq da lazım deyil... 
Təkcə ölçünüzü deyin. 
– Deyəsən, ürəyim konyak istədi.  
Ket şüşəni ona uzatdı: 
– Ancaq «yox» deməyin, Ravik! 
Konyak süzüb içdi. «On iki gün!–Ravik ürəyindən keçirdi. – On iki gündən sonra 
Haake Parisə gələcək... Bu on iki günü birtəhər dözməliyəm. On iki gün!» 
İndi həyatı təkcə bu on iki gündən ibarət idi, ondan başqa heç nə haqda düşünə 
bilmirdi. Bu on iki günün arxasından dərin bir uçurum ağzını geniş açıb əsnəyirdi... 
Bu on iki günü necə keçirməyin heç bir fərqi yox idi... Geyim balı... Müəmmalarla 
dolu həmin on iki gündə bundan da gülməli bir şey ola bilərdimi? 
– Oldu, Ket! 
Qayıdanda yolunu Düranın xəstəxanasından saldı. Sarışın qadın yatırdı. Alnında 
tər damcıları düyünlənmişdi. 
Üzünün rəngi yerinə gəlmiş, dodaqları azacıq aralanmışdı. 
– Hərarəti neçədir? – Tibb bacısından soruşdu. 
– 37,8. 
– Pis deyil. 
Tər basmış sifətə tərəf əyildi. Qadının zəif nəfəsi üzünə vurdu. Bu nəfəsdən daha 
efir iyi gəlmirdi. Saf bir nəfəs idi, kəklikotu qoxusu verirdi. Kəklikotu! Nəyisə 
xatırladı... Şvartsvaldakı Alp çəmənliyi... Tövşüyə-tövşüyə, nəfəsi tutula-tutula 
qaçır, aşağıdan dalınca düşmüş adamların qışqırtısı eşidilir, kəklikotu iyi adamı lap 
məst edirdi... Qəribə idi, hər şey yaddan çıxır, qoxu isə burunda qalır. Kəklikotu! 
Onun qoxusu iyirmi ildən sonra da xatirələrin qurumuş qaysağını qoparacaq, 
Şvartsvalda qaçdığı günləri gözləri önündə elə canlandıracaq ki, deyəcəksən, 
bunlar hamısı dünən olub... «Yox, niyə iyirmi il?– Ravik ürəyindən keçirdi.–On 
ikicə gün!..» 
Şəhərin bürkülü küçələri ilə mehmanxanaya qayıtdı. Saat üçə az qalırdı. Pilləkənlə 
yuxarı qalxdı. Qapının ağzına ağ rəngli bir zərf qoyulmuşdu. Götürüb, ora-burasına 
baxdı. Üstündə onun adı yazılmışdı, ancaq nə markası, nə möhürü vardı «Joanın 
işidir»,–deyə fikirləşə-fikirləşə zərfi açdı. İçindən çek çıxdı. Düran göndərmişdi. 
Ravik biganəliklə rəqəmlərə baxdı. Gözlərinə inanmadı. Adətən, iki yüz frank 
olardı. Ancaq indi iki min idi! «Deyəsən, çox qorxub!–ürəyindən keçirdi.–Düran? 
İki min frank? Özü də gönüllü? Bu ki dünyanın səkkizinci möcüzəsidir!» 
Çeki pulqabına qoydu, bir neçə kitab götürüb, çarpayının yanındakı balaca stolun 
üstünə yığdı. Onları iki gün bundan qabaq almışdı ki, gözünə yuxu getməyəndə 
oxusun. Bu kitablar da qəribə olmuşdu, Ravik getdikcə mehrini onlara salırdı. 
Düzdür, onlar hər şeyi əvəz eləyə bilmirdi, ancaq Ravikə çox şeyin verə 
bilmədiyini bəxş edirdi. Xatırladı ki, didərgin düşdüyü ilk illərdə əlinə bircə kitab 
da götürməzdi. Hər gün rast gəldiyi dəhşətlərin qabağında onlar çox zəif 
görünürdü. İndi isə dağa dönmüşdü, adamı hər şeydən qoruya bilməsə də, onlara 


 
226
arxalanmaq olardı. Ravikə elə böyük köməyi dəymirdi, ancaq zülmətlərlə dolu bir 
zəmanədə onu ümidsizlik girdabına düşməyə qoymurdu. Elə bu da yetərdi! Nə 
vaxtsa, kiminsə ağlına fikirlər gəlmişdi və indi həmin fikirlər hamıya gülünc 
görünsə də, hamının onlardan zəhləsi getsə də, nə vaxtsa insanların ağlına gəlmiş 
fikir kimi qalır, yaşayırdı... Elə bu da yetərdi... 
Ancaq kitabı əlinə götürməmiş telefon səsləndi. Dəstəyi götürmədi. Zəng ara 
vermirdi. Xeyli gözlədi və telefon susan təki dəstəyi qaldırdı, növbətçidən kimin 
zəng elədiyini soruşdu. 
– Adını demədi. – Növbətçi cavab verdi. Ravik dəstəkdən onun marçıltısını 
eşidirdi. 
– Qadın idi? 
–Bəli. 
–Ləhcə ilə danışırdı? 
– Bilmirəm...–Dəstəkdən yenə marçıltı səsi gəldi.  
Ravik Veberin xəstəxanasına zəng vurdu. Oradan zəng eləyən olmamışdı. Düranın 
xəstəxanasından da axtarmamışdılar. «Lankaster» mehmanxanasına da zəng elədi. 
Telefonçu qız dedi ki, oradan da zəng vuran olmayıb. Elə isə Joan idi. Yəqin, 
«Şəhrizad»dan zəng eləyirdi... 
Bir saatdan sonra telefon yenə səsləndi. Ravik kitabı stolun üstünə qoydu. Durub 
pəncərəyə sarı getdi. Dirsəklərini çərçivəyə söykəyib, küçəyə baxdı. Xəfif külək 
zanbaq iyini yuxarı vururdu. Mühacir Vizenhof solmuş qərənfilləri zanbaqla əvəz 
etmişdi. Ona görə də yay gecələrində evi qəbristanlıq, monastır qoxusu 
bürüyürdü... Ravik ayırd edə bilmədi ki, niyə Vizenhof qərənfilləri zanbaqla əvəz 
eləyib; Qoca Qoldberqin ruhunu yad etmək üçünmü, yoxsa taxta dibçəkdə yaxşı 
qaldığına görəmi... Telefon susurdu. «Bəlkə, bu gecə gözümə yuxu getdi»,–deyib 
Ravik yerinə uzandı... 
Joan gələndə yatmışdı. O içəri girən kimi işığı yandırıb, qapının ağzında dayandı. 
Ravik gözlərini açdı. 
– Təksən?–Joan soruşdu. 
–Yox! İşığı söndür, özün də çıx get! 
Joan bir anlığa tərəddüd etdi, sonra gedib vanna otağının qapısını açdı. 
– Yalançı!–O gülümsədi. 
– Cəhənnəm ol, yorulmuşam... 
– Yorulmusan? Nədən? 
– Yorulmuşam! Xoş getdin!  
Joan yaxına gəldi: 
– Evə yenicə qayıtmısan... Hər on dəqiqədən bir zəng vururdum. 
Joan oğrun-oğrun ona tərəf baxdı. Ravik onun yalanını üzə vurmadı. Paltarını 
dəyişmişdi. «Məşuqu ilə bir dəfə yatıb, sonra onu evə göndərib. Bura da gəlib ki, 
mənə yanıq versin, elə bilib, Ket yanımdadır və ona da göstərsin ki, mən alçaq bir 
arvadbazam, hər gecə yanıma cürbəcür qadınlar gəlib-gedir, məndən uzaq gəzsin», 
–deyə ürəyindən keçirdi. Özünü məcbur eləyib gülümsədi. Heyif ki, belə ağıllı, 
hiyləgər qurğulara, lap ziyanına da olsa, həmişə məftun olmuşdu... 
– Nəyə gülürsən?–Joan əsəbiləşdi. 


 
227
– Kefim istəyir, gülürəm, sənə nə? Söndür işığı! Görkəmindən adam hürkür... Çıx 
get! 
Joan ona fikir vermədi. 
– Bayaq qoluna girib getdiyin fahişə kim idi?  
Ravik yerində dirsəkləndi: 
– Cəhənnəm ol, yoxsa əlimə keçəni təpənə çırparam! 
– Belə de...–Joan diqqətlə onun üzünə baxdı. – Belə oldu?! Gör hara gəlib çıxdı... 
Ravik siqaret götürdü: 
– Gülünc olma, Joan! Özün başqası ilə yaşayırsan, sonra da gəlib burada qısqanclıq 
teatrı çıxarırsan. Çıx get öz aktyorunun yanına, məni də rahat burax! 
– Bu ayrı şeydir... 
– Əlbəttə! 
– Əlbəttə, ayrı şeydir!–Joan güllə kimi açıldı.– Özün yaxşı bilirsən ki, ayrı şeydir! 
Elə şeydir ki, onunla bacarmıram, məni də bədbəxt elədi. Heç bilmirəm, necə 
gəldi... 
– Adam elə şeyi heç vaxt bilmir. 
Joan gözlərini qırpmadan ona baxırdı: 
– Sən... Sən özünə həmişə belə arxayın olmusan. Sənin bu arxayınlığın adamı dəli 
eləyir. Heç nə sənin özünə olan bu inamını sındıra bilmədi. Sənin bu ölçülü-biçili 
hərəkətinə nifrət edirəm! Həmişə də eləmişəm! Mənə elə adam lazımdır ki, məftun 
olmağı bacarsın! Elə adam lazımdır ki, dərdimdən dəli olsun! Elə adam lazımdır 
ki, mənsiz yaşaya bilməsin! Sən isə mənsiz yaşaya bilirsən. Həmişə də yaşamısan. 
Mən sənə lazım olmamışam! Sən soyuqsan! Sən ürəksizsən! Sənin məhəbbətdən 
xəbərin yoxdur! Mən səni heç vaxt ürəkdən sevməmişəm. Onda da yalan danışdım, 
dedim ki, iki ayın ayrılığı belə elədi. Lap getməmiş olsaydın da, belə olardı! 
Gülmə! Səninlə «o»nun fərqini bilirəm... Bilirəm ki, «o», sənin kimi ağıllı deyil, 
ancaq özünü mənim yolumda qurban eləyər, onun üçün bu dünyada var da mənəm, 
yox da mən! Bütün fikri, düşüncəsi mənəm! Məndən başqa heç kəsi istəmir, heç 
kəsi tanımır... Mənə də beləsi lazımdır! 
Joan tövşüyə-tövşüyə çarpayının yanında dayanmışdı. Ravik əlini kalvados 
şüşəsinə uzatdı: 
– Elə isə bura niyə gəlmisən? 
Joan o dəqiqə cavab verə bilmədi, sonra lap yavaşdan: 
– Özün bilirsən,–dedi.–Nə üçün soruşursan?!  
Ravik qədəhi doldurub ona uzatdı. 
– İstəmirəm... O qadın kim idi? 
– Xəstəmdir.–Ravikin yalan danışmağa həvəsi yox idi.–Özü də çox ağır xəstədir. 
– Yalan deyirsən! Elə şey uydur ki, bir az inandırıcı olsun. Xəstə qadın 
xəstəxanada olar, gecə restoranına getməz! 
Ravik qədəhi qaytarıb yerinə qoydu. Neyləyəsən, çox vaxt həqiqətin özü də yalan 
kimi səslənirdi! 
– Düz sözümdür. 
– Onu sevirsən? 
– Bunun sənə nə dəxli? 
– Sevirsən, ya yox? 


 
228
– Doğrudan, bunun sənə nə dəxli? 
– Dəxli çoxdur! Nə qədər ki sən heç kəsi sevmirsən...– Joan duruxdu. 
– İndicə ona fahişə deyirdin, belə yerdə məhəbbətdən danışmaq olar? 
– Özüm qəsdlə elə dedim... O dəqiqə gördüm ki, eləsindən deyil. Buna görə də elə 
dedim. Fahişədən ötrü durub sənin yanına gəlməzdim. Sevirsənmi onu? 
– Söndür işığı, özün də çıx get!  
Joan bir az da ona yaxın gəldi: 
– Bilirəm... Gördüm...–dedi. 
 
– Rədd ol, get! Yorulmuşam... Bu ucuz həngamələri də yığışdır. Özün də bilirsən 
ki, onların yeri deyil. Birini ehtirasını söndürmək, əylənmək, şan-şöhrət qazanmaq 
üçün əlində saxlayırsan, o birinə də deyirsən ki, səni sevirəm, lap ürəkdən sevirəm, 
başqa cür sevirəm... Ancaq qabağındakı da eşşək deyil, bilir ki, onu da ehtiyatda 
saxlayırsan. Rədd ol, get! Belə görürəm ki, sən çox məhəbbət növlərinə bələdsən. 
– Elə deyil! Sən dediyin kimi deyil! Başqa şeydir... Sən deyən kimi deyil... Mən 
qayıtmaq istəyirəm... Sənin yanına qayıdacağam... 
Ravik qədəhi yenə doldurdu: 
– Ola bilsin ki, istəyirsən. Ancaq bu da özünü aldatmaqdır. Özün özünü güclə 
aldadırsan ki, düşdüyün vəziyyətdən canını qurtarasan. Sən heç vaxt 
qayıtmayacaqsan! 
–Qayıdacağam! 
–Yox! Qayıtsan da, çox qalmayacaqsan! Çünki sabah başqası çıxacaq, o da təkcə 
səni istəyəcək, varı da, yoxu da sən olacaqsan və hər şey təzədən başlayacaq. 
Həmişə də belə olacaq... Görəcəkli günlərim var imiş... 
– Yox! Yox! Heç yerə getməyəcəyəm... 
Ravik güldü: 
– Əzizim, iki gözüm,–onun səsində nəsə nəvazişə oxşar bir şey var idi,–sən mənim 
yanımda qalan deyilsən. Küləyi də, axar suyu da tutub saxlamaq olmaz. Suyu 
saxlasan, iylənəcək, küləyin qabağını kəssən, boğuq havaya dönəcək... Sən bir 
yerdə qərar tutub qalmaq üçün yaranmamısan, Joan! 
– Elə sən də... 
– Mən?–Ravik qədəhi başına çəkdi, «səhər-səhər o sarışın, sonra da ölümünü 
qoynunda gəzdirən, dərisi kövrək ipəyə dönmüş Ket,–deyə ürəyindən keçirdi.–İndi 
də bu... Təklif gözləmədən gəlir, həyat eşqi ilə alışıb-yanır, nə etdiyini də bilmir, 
ancaq elə inamla eləyir ki, kişilər ondan baş aça bilmir, gah sadəlövh olur, gah da 
adamı valeh edir, öz aləmində etibarlıdır, ancaq, əslində, anası təbiət kimi 
etibarsızdır, adamı didərgin salır, ancaq özünün də yurdu-yuvası yoxdur, kimisə 
tutub saxlamaq istəyir, lakin axırda özü qoyub gedir...» 
– Mən?–Bir də təkrar elədi.–Sən mənim nəyimə bələdsən? Həyatı suallarla dolu 
olan bir adamın qəlbinə məhəbbət odu düşməsini sən haradan bilərsən? Sənin ucuz 
ehtirasın onun yanında nədir ki?! Ömrü boyu yıxılıb-durmağa məhkum olmuş bir 
adam təsadüfən özünə dayaq tapanda, sonsuz «niyə»lər sonu görünən «sən»ə 
çevriləndə, sükut səhrasından hiss və duyğular ilğım kimi baş qaldıranda, səndən 
ixtiyarsız qanın cuşa gəlib, təlxəklik eləyə-eləyə adi meşşan həyatından da, şirin-
şirin arzulardan da füsunkar bir aləm yaradanda sənin o ucuz ehtirasın neyləyər? 


 
229
Sən heç bilirsənmi, gümüşü rəngə boyanmış aləm, evləri sədəfdən və qızılgül 
kvarsından hörülmüş, qıpqırmızı qan kimi bərq vuran şəhər nə deməkdir? Elə 
bilirsən, bunlar haqda o dəqiqə danışmaq olar? Elə bilirsən, dil o dəqiqə dönüb 
onları söz və hisslərin hazır qəlbinə sala bilir? Sən nə bilirsən, qəbirlərin ağzını 
əjdaha kimi açıb gözləməsi, dünənin, zülmət dolu gecələrin dəhşətli qorxusu nə 
deməkdir? Qəbirlər qorxuya baxmır, ağzını açıb gözləyir, sən də görürsən ki, onun 
içində heç skelet də qalmayıb, hamısı torpağa dönüb. Bu torpaq gələcək məhsulun 
rüşeymidir, ilk cücərtisidir! Sənin belə şeylərdən xəbərin varmı? Yox, sən təkcə 
ehtirası, həmişə qalib gəlməyi xoşlayırsan. Eləsini istəyirsən ki, əriyib sənə 
qarışmağa hazır olsun, ancaq bacarmasın... Sən coşqunluğu, çılğınlığı xoşlayırsan, 
ona görə də ürəyin həmişə boş qalacaq... Çünki adam elə şeyi saxlaya bilər ki, 
onun öz qəlbində bitmiş olsun. Belə tufan olan yerdə də çox şey bitməz! Onlar 
yalnız tənhalığın zülmət dolu gecələrində bitir... Ancaq bu şərtlə ki, ümidsizliyə 
qapılmayasan... Sənin belə şeylərdən xəbərin varmı?– O, bu sözləri yavaş-yavaş, 
Joanın üzünə baxmadan dedi, sanki, onu tamam unutmuşdu... Və qurtaran kimi ona 
baxdı:– Gör bir nələr danışıram?! Bu çeynənmiş səfeh sözlər kimə lazımdır? Bu 
gün həddən artıq içmişəm... Gəl, sən də bir az iç, sonra da çıx get... 
Joan onun yanında çarpayıya oturub, qədəhi aldı: 
– Başa düşdüm!–dedi. Üzünün ifadəsi tamam dəyişmişdi. 
«Sifəti yenə güzgüyə döndü!–Ravik ürəyindən keçirdi.– Nə deyirsən, orada əks 
olunur...» 
Bu sifət indi mənalı və gözəl idi! 
– Başa düşdüm...–Joan təkrar elədi. – Bəzilərini də duydum... Ancaq, Ravik, sən də 
məhəbbətə, həyata çox vurulduğun üçün məni tez-tez unudurdun. Mən sənin üçün 
həmişə bəhanə olmuşam... Yanına gələn kimi öz gümüşü aləminə qapılmısan, 
mənə fikir verməmisən... 
Ravik xeyli onun üzünə baxandan sonra: 
– Bəlkə də...–dedi. 
– Sən həmişə öz aləminlə məşğul olmusan və orada elə şeylər tapmısan ki, mən 
çox vaxt sənin həyatından uzaqlarda qalmışam... 
– Bəlkə də... Ancaq sənin ipinin üstünə odun yığmaq olmaz, Joan. Bunu özün də 
bilirsən... 
– Nə vaxt istəmisən ki? 
– Heç vaxt...–Ravik bir az fikirləşəndən sonra dilləndi.–Adam öz isti yuvasından 
didərgin düşəndə başına bəzən çox qəribə işlər gəlir, özü də qəribə işlər görür... 
Mən isə bunu istəmirdim. 
Qəflətən gecənin qəlbinə dərin sükut çökdü. Və birdən əbədiyyətin özü qədər uzaq 
keçmişdə Joanın onunla yanaşı uzandığı gecələrdən birinə çevrildi... Bütün şəhər 
yenə də harayasa köçüb getmişdi, yalnız üfüqlərdən həzin bir zümzümə eşidilirdi 
və elə bil, saatların zənciri qırılmış, zaman da səssiz-səmirsiz dayanmışdı. 
Dünyanın ən adi, ən sirli möcüzəsi yenə gəlib onları tapmışdı: iki insan bir-biri ilə 
söhbət edir və hərəsi də öz aləmində... Sözlər adlanan o səslər də beyinlərin 
qaranlıq guşələrində bir-birinə oxşayan səksəkəli lövhələr, hisslər oyadır, səs 
tellərinin təsadüfi titrəyişindən, o titrəyişin sehirli əks-sədasından, bomboz, tutqun 
təsəvvürlərin arasından yenə bir səma boylanır və buludlar, çaylar, uzaq keçmişlər, 


 
230
çiçəklənən, solan güllər, acılı-şirinli həyat təcrübəsi də həmin səmada əks 
olunurdu... 
– Sən məni sevirsən, Ravik?! – Bu sözlər həm sual idi, həm də cavabı... 
– Hə... Ancaq səndən uzaq gəzmək üçün əlimdən gələni edirəm... 
Ravik bu sözləri elə yavaşdan dedi ki, elə bil, heç birinə dəxli yox idi. Joan ona 
fikir vermədi: 
– Heç cür təsəvvür edə bilmirəm ki, biz nə vaxtsa ayrılacağıq. Müvəqqəti ayrılıq 
ola bilər, ancaq həmişəlik ayrıla bilmərik. Heç vaxt ömürlük ayrılmarıq...–Joan özü 
öz dediyindən üşürkələndi.–«Heç vaxt» dəhşətli sözdür, Ravik! Təsəvvür edə 
bilmirəm ki, biz heç vaxt bir yerdə ola bilməyəcəyik... 
Ravik cavab vermədi. 
– Qoy burada qalım, Ravik,–Joan sözünə davam elədi.– Heç geri qayıtmaq 
istəmirəm... Heç vaxt! 
– İndi də qayıtmasan, sabah qayıdacaqsan... Özün ki bilirsən... 
– Sənin yanına gələndə nə vaxtsa ora qayıdacağımı təsəvvür edə bilmirəm. 
– Fərqi yoxdur, gedəcəksən... Özün də bilirsən... 
Zamanın axınında yenə boşluq yaranmışdı. Yenə o balaca, işıqlı otaq... Yenə 
sevdiyi adam... Yenə o möcüzə... Həmin adam lap yaxında idi, əlini uzatsa, 
çatardı... Ancaq bu yaxınlığın özündə elə bir uzaqlıq var idi ki, əli heç cür 
çatmırdı... 
Ravik qədəhi yerə qoydu: 
– Bilirsən ki, yenə çıxıb gedəcəksən. Ya sabah, ya birisi gün, ya da haçansa... 
Joan başını aşağı saldı: 
– Elədir... 
– Özün də bilirsən, bir də gəlsən, yenə də çıxıb gedəcəksən... 
– Elədir...–Joan başını qaldırdı. Gözündən yaş sel kimi axırdı.–Bu, nə deməkdir, 
Ravik? Niyə belə oldu? 
– Özüm də bilmirəm,–deyən Ravikin üzünə xəfif bir təbəssüm qondu.–Məhəbbət 
bəzən adama qüssə gətirir... Düz demirəm? 
– Yox! Joan onun üzünə baxdı.–Bizə nə olub, Ravik?  
Ravik çiyinlərini çəkdi: 
– Mən özüm də bilmirəm, Joan. Bəlkə də, ona görədir ki, göydən asıla qalmışıq. 
Əvvəllər çox şey var idi: inam, söykənəcək, aydın məqsəd... Məhəbbət səni qəfil 
silkələyəndə etibarlı dayaq kimi onlardan tutub dururdun. İndisə heç nəyimiz 
qalmayıb... Uzaqbaşı, bir az ümidsizlik, bir az da cəsarət qalmış olar... Özgələrə də, 
özünə də yadlaşmısan... Belə vəziyyətdə məhəbbətin gəlib səni yaxalaması quru 
saman tayasına od düşməsi kimi bir şeydir... Qəlbində məhəbbətdən başqa heç nə 
olmur və bu tənhalıq da onu qızışdırır, vəhşiləşdirir, azğınlaşdırır...–O, qədəhi 
yenidən doldurdu.–Bu haqda çox fikirləşməyə dəyməz. Çox fikirləşməyə heç 
halımız da qalmayıb. Fikirləşdikcə də dəli oluruq... Ancaq biz dəli olmaq istəmirik, 
elə deyilmi? 
Joan başını tərpətdi: 
– Elədir... O qadın kim idi, Ravik? 
– Xəstəmdir. Onunla «Şəhrizad»a bir dəfə də getmişəm. Sən orada oxuyan vaxt... 
Yüz il bundan qabaq... İndi nə işlə məşğul olursan? 


 
231
– Xırda rollara çəkilirəm. Ancaq, deyəsən, mən girən kola oxşamır... Pulu isə 
yaxşıdır, heç kəsə ehtiyacım qalmır. İstədiyim vaxt oradan çıxaram. Mən şöhrət 
düşkünü deyiləm, Ravik! 
Joanın göz yaşları qurumuşdu. Qədəhi başına çəkib, ayağa durdu. Yaman yorğun 
görünürdü... 
– Niyə adam bu qədər ziddiyyətli olur, Ravik? Axı nə üçün? Bunun bir səbəbi 
olmalıdır. Yoxsa bu qədər sual verərik?!  
Ravik qüssəli-qüssəli gülümsədi: 
– Bu, bəşəriyyətin ulu sualıdır, Joan! «Nə üçün» elə sualdır ki, bütün məntiq də, 
fəlsəfə də, qalan elmlər də onun qarşısında aciz qalır... 
Gedir... Gedir... Qapıya çatıb... Elə bil, Ravikin daxilində nəsə baş qaldırdı. Gedir... 
Gedir... Dikəldi. Birdən dözə bilmədi. Neyləsə də, bacarmadı. Bircə gecə də 
qalsın... Bircə gecə... Başını onun çiyninə qoyub yatsın... Sabah istəməyəcək... 
Onun nəfəsini bircə dəfə də hiss eləsin, yenə o şirin xəyal aləminə baş vursun, məst 
olsun... Getmə! Getmə! Onsuz da əzablar içində yaşayır, əzablar içində ölürük! 
Getmə! Getmə! Mənə nə olub? Bu miskin qeyrət kimə lazımdır? Hara gedir? Bircə 
sən gerçəksən, ey gülüzlü xəyal! Ah, harada qaldın, ey tərkidünyalığın ölüm 
qoxulu çəmənliyi, bircə dəfə də qayıt! Sən, ey əbədiyyət qığılcımı! Axı mən 
özümü kimin üçün saxlayıram? Hansı qüssə, kədər dolu gələcək üçün qoruyuram? 
Hansı zülmət dolu məhculluq üçün saxlayıram? Onsuz da, diri ikən ölmüşəm, 
torpağa gömülmüşəm, on ikicə günüm qalıb... On ikicə gün... Bu on iki gündən 
sonra hər şey boşluğa, heçliyə dönəcək... On iki gün və bir də bu gecə... İpək kimi 
saçlar... Niyə sən ulduzlardan ayrı düşüb keçmiş yuxuların dumanlı qoynunda 
süzən bu gecədə gəldin? Niyə məhz bu gecə gəlib bütün hasar-çəpərləri 
darmadağın elədin? Elə bir gecədə ki, hamı yatıb, təkcə biz oyaq qalmışıq! Bu, 
nədir? Dalğalar yenəmi şahə qalxdı? Özünü yenəmi... 
– Joan! 
Joan geri döndü. Sifətində qəfil, ani, coşğun bir qığılcım parıldadı. Heç bilmədi, nə 
vaxt soyundu, özünü onun üstünə atdı... 
                                                                         
 
                                                                    XXVI 
 
 
Maşın Vojiror küçəsinin tinində dayandı. 
– Nə olub?–Ravik soruşdu. 
– Nümayiş dəstəsi keçir,–sürücü geri dönmədən cavab verdi... – Bu dəfə 
kommunistlərdir. 
Ravik Ketə baxdı. O, bir küncə qısılıb oturmuşdu. XIV Lüdovikin saray xanımı 
kimi geyinmişdi və bu maskarad paltarı onu daha da arıq, incə göstərirdi. Üzünə 
çoxlu boya yaxmışdı. Ancaq rənginin sarılığı yenə də bilinirdi. Almacıq sümükləri 
çıxmışdı... 
– Çox gözəl! – Ravik dilləndi. – 1939-cu il, iyul ayı... Beş dəqiqə bundan əvvəl 
«Odlu xaç» cəmiyyətindən olan faşistlərin nümayişi keçdi, indi də kommunistlər... 
Biz də əynimizdə məşhur XVII əsrin bal paltarı, onların arasında... Gözəldir, Ket! 


 
232
– Eybi yoxdur! – Ket gülümsədi. 
Ravik qayığa oxşayan ayaqqabılarına baxdı. Əcəb dövran idi! Hələ bunlar bir yana 
qalsın, istənilən polis əynindəki paltara baxmayıb onu tuta bilərdi... 
– Başqa yolla gedim? – Sürücü soruşdu. 
– Dönə bilməzsiniz.–Ketin əvəzinə Ravik cavab verdi.–Arxada maşın çoxdur. 
Nümayişçilər səssiz-səmirsiz kəsmə küçədən keçirdilər. Əllərində bayraq, şüar var 
idi, ançaq mahnı oxumurdular. Bir dəstə polis də onları müşayiət edirdi. Vojiror 
küçəsinin tinində də bir dəstə polis dayanmışdı. Diqqəti cəlb etməmək üçün aralı-
aralı düzülmüşdülər və hərəsinin də bir velosipedi vardı. Onlardan biri küçə boyu 
gəzişir, patrulluq eləyirdi. Həmin polis yaxınlaşıb maşının içinə baxdı, heç nə 
deməyib, yoluna davam etdi. 
Ket Ravikin baxışlarını o dəqiqə tutdu və dedi: 
– Gördünüz, heç təəccüblənmədi. Özü bilir... Polisin hər şeydən xəbəri var. 
Manforların təşkil etdiyi bu bal yay mövsümünün hadisəsi hesab olunur. İndi evi 
də, bağı da polis üzük qaşı kimi araya alıb. 
– Elə isə mən lap arxayın ola bilərəm. 
Ket gülümsədi. Ravikin başına gələnlərdən xəbəri yox idi... 
– Bu gün Parisdəki bütün daş-qaşlar ora yığışacaq. Tarixi geyimlər, xalis daş-
qaşlar... Belə məclislərdə polis risqə getməz. Hələ qonaqların arasında da, 
şübhəsiz, xəfiyyələr olacaq... 
– Bal paltarında? 
– Ola bilsin... Niyə soruşursunuz? 
– Bilməyim yaxşıdır, yoxsa Rotşild zümrüdlərini oğurlamaq istəyirdim. 
Ket pəncərənin şüşəsini bir az aşağı saldı:  
–Bilirəm, darıxacaqsınız, –dedi, – ancaq bu dəfə əlimdən çıxa bilməzsiniz... 
– Xeyr, darıxmaram. Əksinə, yaxşı olacaq, çünki elə özüm də bu gün getməyə yer 
axtarırdım. Orada içməyə bir şey olacaq? 
– Deyəsən, olacaq. Olmasa da, baş lakeyə bircə işarəm bəsdir... Aramız çox 
yaxşıdır. 
Nümayişçilərin addım səsləri eşidilirdi. Onlar nizamsız, istədikləri kimi 
yeriyirdilər. Küçədən, sanki, nümayişçilər deyil, bir dəstə yorğun-arğın adam 
keçirdi... 
– Ravik, əgər seçmək imkanınız olsa, yaşamaq üçün hansı əsri götürərdiniz? 
– Bu əsri. Yoxsa, mən çoxdan ölmüş olardım və axmağın biri də indi mənim bu 
kostyumumu geyib bala gedərdi... 
– Onu demirəm, Ravik. Dediyim odur ki, hansı əsrdə təzədən yaşamaq istərdiniz? 
Ravik kostyumunun məxmər qollarına baxdı: 
– Sözümdən dönən deyiləm, – dedi, – öz əsrimizdə. Bilirəm, ən iyrənc, ən qanlı, ən 
səfeh, ən simasız, ən qorxaq, ən natəmiz zəmanədir, ancaq bunlara baxmayaraq, 
yenə götürərdim. 
– Mən isə yox! – Get əllərini qoynuna qoydu, sanki üşüyürdü. Yumşaq zərxara 
dirsəklərini uddu...–Bu əsri heç götürməzdim. XVII əsr, ya da bir az ondan qabaq 
yaxşıdır... Hansı olur olsun, təki bu olmasın! Lap son aylarda gəlmişəm bu qərara. 
Əvvəllər heç bu haqda düşünməzdim. – O, şüşəni tamamilə aşağı saldı.–Gör nə 
istidir! Həm də bürkü! Nümayiş qurtarmadı? 


 
233
– Qurtarır. Lap az qalıb, sonu görünür. 
Kambron küçəsi tərəfdən güllə səsi eşidildi. Tində dayanmış polislər o dəqiqə 
velosipedə mindilər. Qadın fəryadı eşidildi. Dəstədən qəfil bir uğultu qopdu. 
Velosipedli polislər əllərindəki dəyənəyi yellədə-yellədə özlərini nümayişçilərin 
arasına vurdular. 
 
– Nə oldu? – Ket qorxa-qorxa soruşdu. 
– Heç nə, hansı maşınınsa təkəri partladı.  
Sürücü geri döndü. Onun rəngi qaçmışdı. 
– Bu... 
– Sürün!–Ravik ona aman vermədi.–İndi keçmək olar. Küçə tamam boşalmışdı.– 
Sanki, külək hər şeyi süpürüb aparmışdı. – Tez olun!–Ravik səsləndi. 
Kambron küçəsi tərəfdən qışqırtı eşidilirdi... Yenə güllə açıldı... Sürücü maşını 
tərpətdi. 
 
Onlar üzü bağa düzəldilmiş artırmada dayanmışdılar. Hamı bal paltarında idi. 
Ağacların kölgə düşən aralalarında qızılgüllər açmışdı. Çıraqların içindəki şamların 
közərtisi sayrışırdı. Hansı pavilyondasa balaca bir orkestr menuet çalırdı. Bütün bu 
mənzərə Vattonun əsərini xatırladırdı. Elə bil, hər şey canlanmışdı... 
– Gözəldir?–Ket soruşdu. 
– Bəli. 
– Doğrudan? 
– Bəli, Ket. Ən azı uzaqdan yaxşı görünür. 
– Gəlin bir az bağda gəzək. 
Hündür, qocaman ağacların altında qeyri-adi bir mənzərə yaranmışdı. Saysız-
hesabsız şamların titrək şöləsi gümüşü, qızılı zərxaraların, gömgöy, çəhrayı, dəniz 
rəngli, bahalı məxmərlərin üstünə düşür, kişilərin uzunsaçlı pariklərində, 
qadınlarınsa həzin skripka səsinin oxşadığı çılpaq, ənlik-kirşanlı çiyinlərində bərq 
vururdu. Adamlar cüt-cüt, dəstə-dəstə gəzişir, qılıncların qəbzələri işıldayır, 
haradasa fəvvarə şırıldayır və fıstıq ağacları da, sanki, bunlardan məst olub, səssiz-
səmirsiz uyuyurdu... 
Ravik gördü ki, xidmətçilər də bal paltarı geyib. Fikirləşdi ki, xəfiyyələr də 
paltarlarını dəyişmiş olar. Birdən Molyer, ya da Rasin gəlib onu yaxalaya... Lap 
kef olar! Ya da elə, ləzzət üçün, saray təlxəyi... 
Qəflətən əlinin üstünə iri bir yağış damlası düşdü. Başını qaldırıb göyə baxdı. 
Bayaq qızılı rəngə çalan səmanı qara buludlar qoynuna almışdı... 
– Yağış yağır, Ket. 
– Ola bilməz! Bağ... 
– Yağacaq, tez qaçaq... 
Ravik onun qolundan tutub artırmaya gətirdi. Yenicə çatmışdılar ki, leysan başladı, 
nə başladı! Elə bil, göydən su ələnirdi. Çıraqdakı şamlar söndü, bir neçə saniyə 
keçməmiş rəngarəng dekorasiyalar yaş əskiyə döndü; çaxnaşma düşdü. Markizalar, 
hersoginyalar, saray xanımları zərxara paltarlarının ətəklərini yığışdıraraq, 
artırmaya qaçdılar. Qraflar, əlahəzrətlər, feldmarşallar pariklərini tuta-tuta 
hürküdülmüş toyuq-cücə kimi pərən-pərən düşmüşdülər. Yağış pariklərin, 


 
234
yaxalıqların, çiyni açıq paltarların üstü ilə sel kimi axır, ənlik-kirşanı yuyub 
aparırdı. Göydə boğuq bir şimşək oynadı, bağ bircə anlığa tutqun işığa boyandı və 
sonra ildırım çaxdı. 
Çadırın altında hərəkətsiz dayanmış Ket, Ravikə qısılmışdı. 
– Heç vaxt belə olmamışdı...–Ket lap özünü itirmişdi.–Mən bura tez-tez gəlirəm. 
Heç vaxt belə olmamışdı... Heç vaxt! 
– Zümrüdləri çırpışdırmaq üçün əla şəraitdir. 
– Doğru deyirsiniz. İlahi, bu... 
Əyinlərinə plaş geyib başlarına çətir tutmuş xidmətçilər bağda ora-bura 
qaçışırdılar. Qayığa oxşayan ipək məstləri plaşın altından qəribə görünürdü. Onlar 
bağda azaraq islanmış saray xanımlarının əlindən tutub, artırmaya gətirir, sonra 
qayıdıb, haradasa düşüb qalmış bürüncəkləri, itən şeyləri axtarırdılar. Hansısa bir 
çüt qızılı ayaqqabı gətirdi. Onlar çox zərif idi və xidmətçi onları ehtiyatla 
tutmuşdu. Yağış boş qalmış stolların üstünü yuyur və tarım çəkilmiş günlükləri elə 
döyəcləyirdi ki, deyərdin, səma büllur çubuqlarla təbil çalır, kimisə yürüşə 
çağırırdı... 
– İçəri gedək, Ravik. 
Otaqlar qonaqlar üçün darlıq eləyirdi. Deyəsən, heç gəs belə hava olacağını 
gözləməmişdi. Yağışdan qabaqkı bürkünün hamısı içəri dolmuşdu. Üstəlik də 
camaatın nəfəsi... Qadınların yerlə sürünən ətəkləri ayaq altda qalır, ipək o dəqiqə 
də cırılırdı. Elə sıxlıq idi ki, tərpənmək olmurdu... 
Raviklə Ket qapının yanında durmuşdular. Lap yaxında dayanmış markiza de 
Montespanın nəfəsi Ravikin üzünə vururdu. Qadın tamam suyun içində idi, saçı 
pırpızlanmışdı. İri məsaməli boğazından armudşəkilli brilyant boyunbağı asılmışdı, 
elə bil, islanıb cücəyə dönmüş göysatan karnavala gəlmişdi. Onun yanında da 
güdmülçənə, dazbaş bir kişi öskürürdü. Ravik onu tanıdı: xarici işlər nazirliyində 
işləyən Blanşe idi, özünü Kolberə oxşatmışdı. Ondan bir az o yana iki qəşəng, şax 
qamətli saray xanımı dayanmışdı və yan tərəfdən baxanda ov itlərinə oxşayırdılar. 
Kök, ucadan danışan, başına daş-qaşla bəzədilmiş şlyapa qoymuş yəhudi baron da 
ləzzətlə onların çılpaq çiyinlərini sığallayırdı. Paj paltarında bir neçə cənubi 
amerikalı da təəccüblə, diqqətlə ona baxırdı. Markiza Lavaler kimi geyinmiş 
qrafinya Bellen də onların arasında idi və yerə enmiş məlakəyə oxşayırdı, çoxlu da 
yaqut taxmışdı. Yadına düşdü ki, bir il qabaq Düranın diaqnozu ilə onun 
yumurtalığını kəsib götürdü... Ümumiyyətlə, bunların hamısı Düranın adamları idi. 
Bir-iki addım o tərəfdə dayanmış gənc, varlı baronessa Ranpları da tanıdı. 
Baronessa ingilisə ərə gedəndən sonra Ravik Düranın səhv diaqnozu ilə onun 
uşaqlığını kəsib götürmüşdü. Katibəsinin dediyinə görə, Düran ondan beş min 
frank almışdı. Ravikə isə ikicə yüz çatmışdı. Bununla qadının ömrü on il azalmış, 
uşağı olmaq imkanını da tamam itirmişdi...  
Yağış qoxusu, boğanaq hava, ətir, tər iyi, nəm saçların rayihəsi bir-birinə 
qarışmışdı. Yağış üzlərdəki ənlik-kirşanı yuyub aparmışdı və onlar pariklərin 
altında olduğundan da çılpaq görünürdülər. Ravik ətrafına göz gəzdirdi. Çox 
gözəllər gördü, çox ariflərə, hər şeyə şübhə ilə yanaşan zəka sahiblərinə rast gəldi. 
Ancaq güclə sezilən xəstəlik əlamətləri də gözündən qaçmadı. Eyibsiz xarici 
görkəmlər onu çaşdıra bilməzdi! Bilirdi ki, cəmiyyətin müəyyən dairələri bütün 


 
235
əsrlərdə, istər böyük olsun, istərsə də kiçik, dəyişməz qalır. Bir də onu bilirdi ki, 
qızdırma, tənəzzül nə deməkdir və onun simptomlarına yaxşı bələd idi: hara gəldi, 
kiminlə oldu həvəssiz eyş-işrət, təbiətən zəif olduqlarından hər şeyə dözmək, 
xeyirsiz idman, təmkinsiz ariflik, yumor xatirinə yumor, kiməsə yuxarıdan 
baxmaq, macəra həvəsi, şit tamahkarlıq, cilalanmış fatalizm, məqsədsizlik... 
«Belələri dünyanı heç vaxt xilas eləyə bilməz,–deyə ürəyindən keçirdi.–Bəs kim 
xilas eləyə bilər?» Ketin üzünə baxdı. 
– İçməyə bir şey olmadı,–Ket təəssüflə dilləndi.– Xidmətçilər bu qədər adamın 
arasından keçə bilməz. 
– Eybi yoxdur. 
Onları yavaş-yavaş qonşu otağa sıxışdırdılar. Divarın dibində üstünə «Şampan» 
düzülmüş stollar var idi və onları ortaya çəkib, tələsik açdılar. 
Haradasa bir-iki şam yandırmışdılar. Bayırda çaxan şimşəklərin qığılcımları 
onların zəif işığına qarışanda adamların sifəti bircə anlığa saralır, meyit rənginə 
çalırdı. Sonra ildırım çaxır, otaqdakı səs-küyü öz gurultusunda itirib-batırır, bircə 
anlığa otağa hakim kəsilir, hamını qorxudurdu. Sonra şamların zəif işığı təzədən 
qayıdır və özü ilə canlanma, bürkü gətirirdi... 
Ravik üstünə «Şampan» düzülmüş stollara işarə etdi: 
– Sizə də gətirim? 
– Xeyr, çox istidir.–Ket onun üzünə baxdı.–Bu da mənim bayramım... 
– Bəlkə, yağış tez gəsdi. 
– Xeyr, kəsməz. Kəssə də, xeyri yoxdur, hamısını korladı. Bilirsiniz, indi nə 
istəyirəm? Getmək... 
–Yaxşı oldu, elə mən də. Elə bil, indicə Fransa inqilabı başlayacaq, sanskülötlər 
böyürdən çıxacaq... 
Çox çətinliklə çıxa bildilər. Ketin paltarı elə kökə düşmüşdü ki, deyərdin, bir neçə 
saat əynində yatıb. Bayırda selləmə qopmuşdu. Üzbəüz evlərə, sanki, pəncərəsində 
sellər-sular oynayan gül mağazasından baxırdın: suyun içində üzürdü... Maşın 
onların qabağına gəldi.  
– Hara gedəcəksiniz, Ket? Mehmanxanaya? 
– Hələ yox. Ancaq bu paltarda da heç yerə getmək olmaz. Şəhərdə bir az fırlanaq. 
– Oldu. 
Maşın asta-asta Parisin qaranlığa bürünmüş küçələri ilə süzürdü. Yağış ara 
vermədən özünü maşına çırpır və onun səsindən başqa heç nə eşidilmirdi. «Zəfər 
tağı»nın bomboz kölgəsi gümüş rəngli yağışın arasından boylanıb yox oldu. 
«Yelisey çölləri»ndə sıralanmış mağazaların vitrinləri min rəngə çalırdı. Ron-Puen 
küçəsini gül-çiçək qoxusu, ətir bürümüşdü və o, tüstü-duman içindən baş qaldıran 
rəngarəng dalğaya oxşayırdı. Uzaqda qaralan «Konkor» meydanı tritanların, 
nəhənglərin məskəni olan dəniz kimi nəhayətsiz idi... Rivoli küçəsi öz işıqlı tağları 
ilə onlara tərəf üzürdü və sanki, Venesiyanın parıltısı bircə anlığa qaçıb bura 
gəlmişdi. Sonra Luvr muzeyinin bomboz, əzəmətli binası, ucu-bucağı bilinməyən 
həyəti, işıq süzülən pəncərələri göründü. Daha sonra isə sahil parkı... Sakit axan 
çayların üstündə asta-asta yırğalanan körpülər... Yükdaşıyan qayıqlar... Yedəkçi 
gəminin hərarət, təsəlli dolu işığı... Bu işıq, sanki, öz hərarətli qoynunda min-min 
qaçqına vətən bəxş eləmişdi... Sena çayı... Bulvarlar avtobusla, səs-küylə, 


 
236
adamlarla, mağazalarla dolu idi. Lüksemburq sarayının dəmir barmaqlıqları, ondan 
bir az o tərəfdə isə Rilkenin kövrək şeirlərini andıran park... Unudulmuş, sükuta 
qərq olmuş Monparnas qəbiristanlığı... Tez-tez bir-biri ilə kəsişən qədim ensiz 
küçələr, evlər, gözlənilmədən qabağına çıxan sakit meydanlar, ağaclar, külək 
döyən fasadlar, kilsələr, ovulmuş abidələr, küləyin yelləndirdiyi fənərlər, 
torpaqdan baş qaldırmış istehkamlara oxşayan balaca ayaqyolular, otaqlarını 
saathesabı kirayəyə verən mehmanxanalarla dolu döngələr, həmin döngələrin 
arasında da qədim küçələr və bu küçələrdə də xalis rokoko, barokko üslubunda 
tikilmiş evlər, Prustun romanlarında olduğu kimi, qaranlığa qərq olmuş 
darvazalar... 
Ket küncə qısılıb oturmuşdu və susurdu. Ravik siqaret çəkirdi. Elə bil, qaranlıq 
maşının içində oturub, tüstüsüz siqaret çəkirdi və getdikcə hər şey öz gerçəkliyini 
itirirdi. Sanki, bu gəzinti də, yağışın altında səssiz-səmirsiz süzən maşın da, bir-bir 
geridə qalan küçələr də, bir küncə qısılıb oturan qadın da, onun əynindəki qeyri-adi 
paltar da, bu paltarın üstündə sayrışan əlvan işıqlar da, zərxaranın üstünə süst 
düşüb qalmış ölüm nişanəli əllər də həqiqət deyil, xəyali Parisdə hiss və 
duyğularının, naməlum, səbəbsiz ayrılığın gövrəklik dolu xəyali bir səyahəti idi... 
Haake yadına düşdü. Onunla nə edəcəyini dəqiqləşdirmək istədi. Ancaq bir şey 
çıxmadı, sanki, yağış bütün fikir və düşüncələrini yuyub aparırdı. Təşrih elədiyi 
qadını, sonra da Rotenburqdakı yağışlı gecəni, həmin gecəni birlikdə keçirdiyi 
qadını xatırladı. Onu tamam unutmuşdu. Bir də «Ayzenhut» mehmanxanası, hansı 
pəncərədənsə süzülən skripka səsi... 1917-ci ildə Flandriyanın laləli çöllərində 
çovğuna düşüb ölmüş Romberq də yadına düşdü. O çovğun başqa çovğun idi və 
alov kimi püskürürdü, uğultusundan qulaq tutulurdu. Sanki, Allah yer üzündəki 
bəndələrindən bezmişdi, onları atəşə tutmuşdu... Sonra hot-holtsda dəniz niyadası 
batalyonundan bir əsgərin qarmon çaldığını, həmin qarmonun səsindəki iniltini, 
sızıltını, dözülməz həsrəti xatırladı. Yağışlı Roma, Ruanın nəm şosesi, həbs 
düşərgəsi, əbədi noyabr yağışlarının döyəclədiyi baraklar xəyalından bir-bir gəlib 
keçdi... Ölmüş ispan kəndliləri... Ağızları bir az aralı qalmışdı və yağış da orada 
göllənmişdi... Klerin nəm, aydın sifəti... Haydelberq universitetinin yasəmən ətrinə 
bürünmüş yolu... Keçmişin sehirli çırağı... Oradan baş qaldıran nəhayətsiz xatirələr 
Parisin küçələri kimi bir-bir arxada qalır, gah zəhər olurdu, gah da təsəlli... 
Siqareti söndürüb dikəldi. Daha bəsdir! Tez-tez geriyə baxan adam ya gedib 
nəyəsə dəyər, ya da yıxılar... 
Maşın Monmartrın döngələri ilə şütüyürdü. Yağış kəsmişdi. Göydə gümüşü rəngli 
buludlar ağır-ağır sürünür, gah da yeyinləşir və boylu analar kimi balaca bir ay 
doğmağa tələsirdi... Ket maşını saxlatdırdı. Onlar düşüb, bir neçə döngəni 
üzüyuxarı piyada qalxdılar, sonra tinə buruldular... 
İndi Paris ayaqlarının altında idi. Ucu-bucağı görünməyən, işıqları sayrışan, sulara 
qərq olmuş Paris! Bu da onun küçələri, meydançaları... Gecəsi aylı, buludlu Paris! 
Bu da onun çələngə oxşayan bulvarları... Sarımtıl işığa bələnmiş yamacları, 
qüllələri, damları ilə özünü qaranlıqların qoynuna atmış Paris! Üfüqlərdən əsən 
külək, işıq saçan düzənliklər, gah ağaran, gah qaralan körpülər, Sena çayı, lap 
uzaqlarda onun üstündən oynayıb keçən şimşək, leysan yağış, maşınların saysız-
hesabsız işıqları... Arı pətəyi kimi qaynar həyatı ilə gecəni döyüşə çağıran, altından 


 
237
milyon-milyon çirkli arxlar keçən, torpağın altındakı üfunətdən qidalanıb 
çiçəklənən, qoynunda xərçəng xəstəliyi gəzdirən, özü isə Mona Lizaya oxşayan 
Paris! 
– Bircə dəqiqə məni gözlə, Ket, gedim, içməyə bir şey alım. 
Ravik yaxındakı meyxanaya girdi. Təzə iç-ciyər kolbasasının iyi üzünə vurdu. Heç 
kim onun əynindəki paltara fikir vermədi. Bir şüşə konyak, iki dənə də qədəh 
götürdü. Xidmətçi tıxacı çıxarıb, onu təzədən şüşənin ağzına qoydu. 
Ket yerindən tərpənməmişdi. Əynindəki paltar ləngər vuran səmanın fonunda onu 
elə arıq göstərirdi ki, deyərdin, başqa əsrdən qalıb, Bostonda doğulub, İsveçdə 
yaşayan amerikalı Ket deyil... 
– Buyurun, Ket! Soyuğun da, yağışın da, tənhalıq qorxusunun da ən yaxşı dərmanı 
budur! Gəlin bu şəhərin sağlığına içək! 
– İçək!–Ket qədəhi götürdü.–Yaxşı ki, bura gəldik Ravik. Dünyanın heç bir 
bayramı buna çatmaz... 
O, qədəhi başına çəkdi. Ayın işığı çiyinlərinə, paltarına, üzünə düşürdü. 
– Konyak! Özü də yaxşısı! 
– Elədir, Ket. Əgər siz bunun dadını hiss edirsinizsə, demək, hər şey 
qaydasındadır. 
– Bir qədəh də süzün! Sonra şəhərə qayıdaq, ikiniz də paltarımızı dəyişək, 
«Şəhrizad»a gedək. Bu gün sentimentallaşmaq, şərabdan məst olmaq, kövrəlmək, 
həyatın ən şirin əyləncələri ilə vidalaşmaq istəyirəm. Sabahdan filosofları 
oxuyacaq, vəsiyyətnamə yazacaq və özümü ölümə məhkum olunmuş adam kimi 
ləyaqətlə aparacağam! 
 
Ravik mehmanxananın pilləkənində sahibə ilə rastlaşdı. Qadın onu saxladı: 
– Bircə dəqiqə vaxtınız olar? 
–Əlbəttə, buyurun. 
Qadın onu birinci mərtəbəyə gətirdi, ehtiyat açarla otaqlardan birini açdı. Ravik 
gördü ki, burada adam yaşayır. 
– Bu, nə deməkdir?–deyə soruşdu.–Bura niyə hücum çəkirsiniz? 
– Bu otaqda Rozenfeld qalır... Çıxmaq istəyir. 
– Axı mən otağımı dəyişmək istəmirəm?! 
–Çıxmaq istəyir, ancaq son üç ayın pulunu verməyib. 
–Şeyləri ki buradadır, onları da siz verməyin! 
Qadın ikrahla çarpayının yanında böyrü üstə qalmış açıq çamadanı ayağı ilə itələdi: 
– Burada nə var ki? Qiymətli heç nə yoxdur. Köhnə çamadan, üzülmüş köynəklər. 
Kostyumu da özünüz görürsünüz, ikicə dəstdir. Hamısı bir yerdə heç yüz franka da 
getməz... 
Ravik çiyinlərini çəkdi: 
– Çıxmağını özü dedi? 
– Xeyr! Ancaq bilinir... Bu gün üzünə dedim... Boynuna aldı! Dedim ki, sabaha 
qədər pulu tapıb versin. Pulunu verməyən kirayəçini çox saxlaya bilmərəm. 
–Yaxşı eləmisiniz. Bəs mənlik burada nə iş var? 
– Şəkillərə görə gətirmişəm. Bunlar da onundur. Deyir ki, çox qiymətlidir, pulu 
kirayəyə çatar, hələ artır da qalar. Bir bu şəkillərə baxın... 


 
238
Ravik divarlara fikir verməmişdi. Başını qaldıranda çarpayının üzərində asılmış 
Van Qoqun yaradıcılığının çiçəkləndiyi dövrdə çəkdiyi «Arle mənzərələri»ni 
gördü. Bir addım da irəli getdi, onun əsli olduğuna şübhəsi qalmadı. 
– Baxanda adamın əti ürpəşir, düz demirəm? – Qadın soruşdu.–Bu əyri-üyrü şeylər 
də guya, ağacdır! Hələ bir buna da baxın... 
Əlüzyuyanın üstündə Qogen asılmışdı. Çılpaq cənublu qız tropik mənzərənin 
fonunda... 
– Ayaqlarına bax! – Sahibə rişxəndlə davam etdi. – Topuqları fil topuğuna oxşayır. 
Sir-sifətindən də giclik yağır... Hələ onun bir duruşuna baxın! Bir şəkil də var, 
yarımçıq qalıb... 
Yarımçıq şəkil Sezanın öz arvadının portreti idi. 
– Ağzına baxın, əyridir. Yanaqlarına da rəng çatmayıb... Gör nə ilə mənim başımı 
piyləmək istəyir! Məndəki şəkilləri görmüsünüz? Hamısı naturadan çəkilib, elə bil, 
özləridir. Yeməkxanadakı qış mənzərəsi, marallar... Onlar hara, bu zirzibil hara... 
Təhər-töhüründən özü çəkənə oxşayır, elə deyil? 
– Təxminən, elədir. 
– Mən də elə bunu bilmək istəyirdim. Axı siz oxumuş adamsınız, belə şeylərdən 
başınız çıxır. Heç çərçivələri də yoxdur! 
Şəkillərin üçü də çərçivəsiz asılmışdı. Çirkli divar kağızının üstündə başqa bir 
dünyaya açılan pəncərəyə oxşayırdı. 
– Heç olmasa, qızıl suyuna çəkilmiş çərçivələri olsaydı, götürərdim. Ancaq bu 
kökdə... Deyəsən, mənə qalan axırda bu zirzibil olaçaq! Əcəb günə düşdüm! Bu da 
yaxşılığın... 
– İnanmıram ki, bunlar sizə lazım olsun. 
– Bəs neçə olacaq? 
– Rozenfeld pulu tapıb verəcək. 
– Haradan tapacaq?–Qadın birdən Ravikə baxdı, üzünün rəngi dəyişdi.–Bunlar bir 
şeyə dəyər? Bəzən belələri çox qiymətə minir.–O dəqiqə hiss olundu ki, beynində 
nəyisə götür-qoy edir.–İstəsəm, son ayın əvəzinə birini götürərəm. Hansını 
məsləhət görürsünüz? Çarpayının üstündəki böyüyü? 
– Heç birini. Rozenfeldin özünü gözləyin. Mən əminəm ki, pul tapacaq. 
– Mənsə inanmıram. Mən mehmanxana sahibiyəm, gözləyə bilmərəm. 
– Elə isə bu qədər vaxtı niyə gözləmisiniz? Yoxsa elə şey eləməzdiniz? 
– Ağzımı açmağa qoyurdu? Elə dillər tökürdü ki! Özünüz ki belələrini yaxşı 
tanıyırsınız... 
Qəflətən Rozenfeld qapıda göründü. Balaca, sakit bir adam idi. Qadına ağzını 
açmağa imkan vermədi, çibindən pul çıxarıb dedi: 
– Buyurun, bu da mənim haqq-hesabım. Lütfən, qəbz verin.  
Qadın heyrətlə çeklərə, şəkillərə və sonra yenə pula baxdı. Nəsə demək istədi, 
ancaq səsi çıxmadı. Axırda birtəhər: 
– Bu, çoxdur,–dedi. 
– Bilirəm. Artığını indi qaytara bilərsiniz? 
– Qaytararam, ançaq üstümdə yoxdur. Kassa aşağıdadır, xırdalayaram. 
O, elə getdi ki, deyərdin, kimsə xətrinə bərk dəyib. Rozenfeld Ravikə baxdı. 


 
239
– Bağışlayın!–Ravik üzr istədi...–Məni zorla çəkib gətirdi. Nəyə gətirdiyini heç 
bilmirdim. Şəkillərin qiymətini öyrənmək istəyirdi. 
– Dediniz? 
– Xeyr. 
– Yaxşı eləmisiniz...–Rozenfeld Raviki qəribə bir təbəssümlə süzdü. 
– Belə şəkilləri buradan asmaq olar?–Ravik təəccübləndi.–Sığorta elətdirmisiniz? 
– Xeyr. Şəkli kim oğurlayar?! Təsadüfən, iyirmi ildə bir dəfə muzeydən 
oğurlayarlar, ya yox... 
– Otaq yana bilər. 
Rozenfeld çiyinlərini çəkdi: 
– Bəzən risqə getmək lazımdır. Sığorta elətdirməyə pulum çatmaz. 
Ravik Van-Qoqa baxdı. Ən azı bir milyon frank qiyməti var idi. Rozenfeld onun 
baxışlarını tutdu. 
– Nə fikirləşdiyinizi bilirəm,–dedi,–belə şəkilləri olanın onları sığorta elətdirməyə 
pulu da olmalıdır. Ancaq yoxumdur. Məni dolandıran bu şəkillərdir, yavaş-yavaş 
satıram. Ancaq ürəksiz satıram... 
Portretin altındakı stolun üstündə spirt lampası, bir qutu qəhvə, çörək, yağ, balaca 
kağız torbaları vardı. Otaq da balaca və kasıb idi. Ancaq divarlardan dünyanın 
gözəlliyi gülürdü. 
– Başa düşürəm...–Ravik dilləndi. 
– Elə bilirdim, çatdıracağam. Qatara da, gəmiyə də bilet almışam. Hər şeyə çatdı, 
təkcə bu üç ayın pulunu verə bilmədim. Əməlli-başlı çörək də yemirdim, ancaq 
yenə çatmadı. Viza almaq çox çəkdi. Bu axşam Moneni satmalı oldum. Veteyl 
mənzərəsi idi. Elə bilirdim, onu da özümlə apara biləcəyəm. 
– Onsuz da, harada olsa satmalı deyildiniz? 
– Elədir... Ancaq dollara satardım, ikiqat artığına düşərdi. 
– Amerikaya gedirsiniz? 
Rozenfeld başını tərpətdi: 
– Buradan uzaqlaşmaq vaxtı çatıb. 
Ravik sualediçi nəzərlərlə onun üzünə baxdı. 
– Kor yapalaq da gedir, – Rozenfeld əlavə etdi. 
– Kor yapalaq kimdir? 
– Tanımırsınız? Markus Mayeri deyirəm. Onun adını kor yapalaq qoymuşuq. İy 
bilir, qaçmaq vaxtı gələndə duyur. 
– Mayer? Hərdənbir «katakomba»da piano çalan dazbaş kişi deyil? 
– Odur. Praqa hadisəsindən sonra adı kor yapalaq qaldı. 
–Yaxşı addır. 
–Həmişə iy bilib, Hitler hakimiyyətə gəlməmişdən iki ay qabaq Almaniyadan 
çıxıb. Vyanada da nasistləri üç ay qabaqlayıb. Almanlar Praqaya girməmişdən ay 
yarım qabaq da oradan qaçıb. Hər şeyi onun dediyi ilə ölçürəm. Həmişə! İy bilir... 
Elə ona görə də şəkilləri qoruya bilmişəm. Almaniyadan çıxanda pul götürə 
bilmədim, markanı buraxmırdılar. Milyon yarım pul qoymuşdum. İstədim hamısını 
nəqd geri alam, ancaq nasistlər gəldi, çatdıra bilmədim. Mayer ağıllı tərpəndi, bir 
hissəsini aradan çıxara bildi. Mənimsə əsəblərim dözmədi, yarımçıq buraxdım. 
İndi Amerikaya gedir, mən də ona qoşuluram. Heyif Monedən... 


 
240
– Eybi yoxdur, onun pulundan qalanı götürərsiniz. Frankı aparmaq qadağan deyil. 
– Elədir. Ancaq orada satsaydım, uzun müddət dolana bilərdim. Görünür, Qogeni 
də qurban verəsi olacağam...–Rozenfeld spirt lampasının ora-burasına baxdı.–İndi 
bu üçü qalıb. Gərək, onlarla dolanam. İş tapmağa ümidim yoxdur, elə möcüzə indi 
haradadır?! Hələ üçü qalıb! Hərəsi ömrümdən bir parça özü ilə aparır...– O, indi 
çamadanın yanında yazıq-yazıq dayanmışdı.–Vyanada beş il yaşadım. Çox bahalıq 
deyildi, birtəhər başımı girləyirdim... Ancaq yenə də iki Renuara və Deqanın bir 
pastelinə başa gəldi. Praqada isə bir sisle və beş rəsm əsəri yedim: ikisi Deqanın, 
biri Renuarın qrafikası, ikisi də Delakruanın sepiyaları idi... Heç kəs rəsm əsərinə 
pul vermək istəmirdi... Bunlar Amerikada mənim həyatımı bir il uzadardı. 
Görürsünüzmü, indi üçcə şəklim qalıb...– Onun səsində dərin bir hüzn vardı. – 
Dünən dörd idi... Bu viza mənə ən azı iki il ömür bahasına başa gəldi! Bəlkə də, üç 
il... 
– Ancaq elə adamlar da var ki, dolanmağa heç şəkilləri də yoxdur. 
Rozenfeld sümüyü çıxmış çiyinlərini çəkdi: 
– Bu, təsəlli deyil...  
Ravik etiraz etdi: 
– Xeyr, doğrudan, elədir... 
– Gərək, bu üç şəkillə müharibəni başa vuram. Müharibə də çox çəkəcək... Ravik 
dinmədi. 
– Bunu kor yapalaq deyir,–Rozenfeld əlavə etdi.–Ancaq özü də Amerikanın 
kənarda qalacağına inanmır. 
– Bəs onda hara getmək istəyir? Daha yer qalmadı ki! 
– Özü də dəqiq bilmir. Könlündən Haiti keçir. Zənci respublikasının müharibəyə 
qoşulacağına inanmır.–Rozenfeld tamamilə ciddiləşmişdi.–Ya da Hondurasa. 
Cənubi Amerikada kiçicik bir respublikadır. San Salvador... Bəlkə də Yeni 
Zellandiyaya getdi... 
– Yeni Zellandiyaya? Ora çox uzaq deyil? 
– Uzaqdır?–Rozenfeld qüssəli-qüssəli gülümsədi.–Baxır haradan... 
 
                                                            XXVII 
 
 
Dəniz... Dəhşətli uğultusu ilə qulaqları batıran dəniz... Tükürpərdici həyəcan 
siqnalları... Siqnal verə-verə sulara qərq olan gəmi... Gecə... Ayıldıqca yavaş-yavaş 
doğmalaşan otaq, pəncərənin kölgəsi... Siqnallar kəsilmək bilmir... Telefon imiş! 
Ravik dəstəyi qaldırdı: 
– Bəli... 
– Ravik!  
– Nə olub? Danışan kimdir? 
– Mənəm... Tanımadın? 
– İndi tanıdım. Nə olub? 
– Bura gəl, Ravik! Tez ol! Yubanma! 
– Nə olub! 
–Tez ol, Ravik! Başıma iş gəlib... 


 
241
–Nə iş? 
–Başıma iş gəlib... Qorxuram... Gəl! Tez gəl! Kömək elə, Ravik! Gəl! 
Dəstəkdən şıqqıltı eşidildi. Ravik gözlədi. Qırıq-qırıq zənglər eşidildi. Joan dəstəyi 
asmışdı. O da dəstəyi yerinə qoyub, gözlərini alaqaranlıq gecəyə zillədi. İçdiyi 
dərmanın təsiri hələ də qalmış, o, tamam ayılmamışdı. Əvvəlcə elə bilmişdi ki, 
Haakedir. Ancaq pəncərəni görəndə bildi ki, «Prins de Qall» mehmanxanası deyil, 
«İnternasional»dadır. Demək, Haake ola bilməzdi. Saata baxdı. Beşə iyirmi dəqiqə 
işləmişdi. Birdən sıçrayıb qalxdı. Haakeyə rast gələndə Joan nəsə demişdi: 
təhlükə... qorxu... Əgər... Hər şey ola bilərdi! Belə səfehlikləri azmı görmüşdü? 
Tələsik lazım olan şeyləri yığışdırdı, geyindi. 
Elə birinci tində taksi düşdü. Sürücünün yanında balaca bir it də vardı və onun 
çiynində elə oturmuşdu ki, deyərdin, boynuna xəz yaxalıq taxıb. Maşın 
silkələndikcə, o yırğalanırdı və bu da Ravikin əsəblərinə toxunurdu, az qalırdı ki, 
onu götürüb oturacağın üstünə tullasın. Ancaq Parisin taksi sürücülərinə yaxşı 
bələd idi... 
Maşın bürkülü iyul gecəsində uğuldayırdı. Haradansa həzin-həzin pıçıldaşan 
yarpaqların ətri gəldi. Haradasa cökə çiçək açdı, kölgə saldı... Yasəmən rəngli 
səmanın qoynunda ulduzlar sayrışır, onların arası ilə bir təyyarə uçur, onun da 
yaşıl, qırmızı xəbərdarlıq işığı göz vurur... Sanki, nəhəng bir böcək işıldaquşların 
arasına düşüb! Kimsəsiz küçələr, uğuldayan boşluq, mahnı oxuyan iki sərxoş, 
hansı zirzəmidənsə gələn akkordeon səsi... Və qəfil bir qorxu... Az qala, nəfəsi 
tutulurdu. Sanki, daxilində nəsə onu didir, «tez ol, tez ol!» deyirdi. Bəlkə də, artıq 
gec idi... 
Bu da ev! Mürgü döyən qaranlıq... Lift sürünə-sürünə gəlir... Elə bil, işıldayan 
ilbizdir, asta-asta sürünür... Ravik artıq ikinci mərtəbəyədək pilləkənlərin yarısını 
çıxmışdı, ançaq nə fikirləşdisə, geri qayıtdı. Nə qədər yavaş getsə də, lift ondan tez 
çatardı... 
Bu da Parisin oyuncaq liftləri! Təkadamlıq kameraya oxşayır, cırıldayır, 
guruldayır, üstüaçıq, yanı açıq, təkcə ayağının altında bir parça dəmir... Lampanın 
biri də yanmır, xətlər birləşəndə gözərir, o biri isə... Bu da axırıncı mərtəbə! Tor 
qapını açıb çıxdı, zəngi basdı... 
Qapını Joan açdı. Ravik diqqətlə onu süzdü: qan ləkəsi yox idi, rəngi də özündə... 
Heç nə yox idi... 
– Nə olub? Haradadır?–deyə soruşdu. 
– Nə yaxşı gəldin, Ravik! 
– Haradadır? Neyləmisən? 
Joan geri çəkildi, Ravik içəri girdi, otağa göz gəzdirdi: heç kəs yox idi. 
– Hardadır? Yataq otağında? 
– Kim?–Joan təəccübləndi. 
– Yataq otağında adam var? Kim var orada? 
– Heç kim. Niyə soruşursan? – Ravik diqqətlə onun üzünə baxdı. – Burada ayrısı 
olsa, səni çağırardım? 
Ravik gözlərini hələ də ondan çəkməmişdi. Heç nə olmamışdı, sağ-salamatca 
dayanıb gülümsəyirdi. 
– Bu, nə oyundur?  


 
242
Joan təbəssümlə: 
– Ravik!–dedi. 
Elə bil, başına bir qazan qaynar su töküldü: Joan elə bilirdi ki, o qısqanır və bundan 
ləzzət alırdı! İçində alətlər olan balaca əl çantası birdən-birə elə ağırlaşdı ki! Sanki, 
pudluq daş idi... Onu stullardan birinin üstünə qoydu: 
– Sən lap ifritə imişsən!–dedi. 
– Nə? Nə dedin? 
 
– İfritəsən!–Ravik təkrar elədi.–Mən də eşşəyəm ki, sənə inandım! 
Çantanı götürüb qapıya tərəf döndü. Joan o dəqiqə onun qabağını kəsdi: 
– Neyləyirsən? Getmə! Məni tək qoyma! Tək qalsam, neyləyərəm?! 
– Yalançısan! Miskin bir yalançı! Yalan danış, eybi yoxdur, ancaq bu cür ucuz 
yalan adamı iyrəndirir... Belə zarafat olmaz! 
Joan darta-darta onu qapıdan araladı: 
– Bir yan-yörənə bax! Görmürsən, nəsə olub?! Görmürsən, necə özündən 
çıxıbmış? Qorxuram, yenə qayıdar. Sən onu tanımırsan... 
Stullardan biri yanı üstə çevrilmişdi. Yerdə bir lampa və şüşə qırıqları vardı. 
– Otaqda gəzəndə ayaqqabı gey ki, şüşə qırığı batmasın! Bu da sənə yeganə 
məsləhətim... 
Şüşə qırıqlarının arasında bir şəkil vardı. Ravik ayağı ilə qırıqları bir tərəfə eləyib, 
şəkli götürdü. 
– Bu da sənin...– şəkli stolun üstünə atdı, – daha məndə işin olmasın! 
Joan onunla üzbəüz dayanıb üzünə baxırdı. Rəngi dəyişmişdi. 
– Ravik,–deyə astadan, yazıq-yazıq dilləndi.–Eybi yoxdur, mənə nə ad qoyursan 
qoy. Çox yalan danışmışam... Çünki, iz özünüz belə istəyirsiniz!–Şəkli əli ilə 
itələdi. Şəkil stolun üstü ilə sürüşə-sürüşə elə dayandı ki, Ravik oradakı adamı 
gördü. Ancaq Joanla «Kloş djOr»da gördüyü kişi deyildi.–Hamı elə istəyir,–deyə 
Joan nifrətlə sözünə davam etdi.–Yalan danışma! Yalan danışma! Həmişə düz 
danış! Düzünü deyəndə də dözə bilmirlər! Heç biri dözmür! Ancaq səni çox 
aldatmamışam... Səni yox... Səni aldatmaq istəmirdim... 
– Yaxşı,–deyə Ravik onun sözünü kəsdi.–Bunu indi saf-çürük eləmək lazım deyil... 
Birdən-birə nədənsə ürəyi şan-şan oldu... Nəsə onu kövrəltdi... Özünə acığı tutdu. 
Ona kövrəlmək olmazdı! 
– Düz sözümdür, sənə yalan danışmağa ehtiyac yox idi,– deyə Joan imdad diləyən 
baxışlarla onu süzdü. 
– Joan... 
– İndi də aldatmıram. Hamısı yalan deyil, Ravik! Ona görə zəng vurub çağırdım ki, 
qorxurdum. Yaxşı ki, onu birtəhər qapıdan bayıra sala bildim, o dəqiqə də cəftəni 
vurdum. Ağlıma gələn ilk fikir bu oldu... Pis eləmişəm? 
– Mən gələndə çox sakit idin, qorxduğun heç bilinmirdi. 
– Çünki getmişdi. Çünki bilirdim, sən, gəlib, kömək duracaqsan. 
– Yaxşı, deməli, hər şey qaydasındadır, mən də gedə bilərəm... 
– Qayıdacaq! Gedə-gedə qışqırdı ki, qayıdacaq. İndi haradasa oturub içir. 
Bilirəm... Sərxoş olan kimi qayıdacaq. O, sənin kimi deyil, içə bilmir... 


 
243
–Bəsdir!–Ravik onun sözünü kəsdi.–Qurtar, getsin, boş şeydir. Qapın da 
möhkəmdir... Bir də elə şey eləmə!  
Joan yerindən tərpənmədi: 
– Bəs neyləyim?–deyə qəfildən hıçqırdı. 
– Heç nə. 
–Sənə zəng vururam... Üç dəfə, dörd dəfə... Cavab vermirsən. Cavab verəndə də 
deyirsən ki, məni rahat burax... Bunu necə başa düşüm? 
– Necə var, elə. 
– Necə var, elə? Bu, nə deməkdir? Məgər biz avtomatıq ki, istəyəndə işə salıb, 
istəməyəndə də dayandırsınlar? Gecə hər şey gözəl olur, məhəbbət aşıb-daşır, 
sabah açılan kimi... 
Ravik üzünə baxan kimi səsini kəsdi. 
– Bilirdim, belə olacaq,–Ravik astadan dilləndi.–Bilirdim ki, sən bundan istifadə 
etməyə çalışacaqsan. Belə şeylər sənə çox yaraşır. Onda bilirdin ki, axırıncı 
dəfədir, gərək, bunu eləməyəydin! Onda özün gəldin və olanlar da ona görə oldu 
ki, axırıncı dəfə idi... Yaxşı da oldu, ayrılıq gecəsində bir-birimizdən doyduq və 
həmin gecə də xoş xatirəyə döndü... Ancaq sən başqa yol seçdin, alverçi kimi 
ondan istifadə eləyib, alçaq niyyətini həyata keçirmək, bircə anın içində bircə dəfə 
olan müqəddəs bir şeyi eybəcər eyş-işrətə çevirmək istədin. Görəndə ki, mən 
yaxınlıq vermirəm, bu iyrənc hiyləyə əl atdın və indi deyilənləri təzədən çeynəmək 
lazım gəlir. O sözləri ki, adam bir də deməyə utanır... 
– Mən... 
– Bilirdin,–Ravik ona aman vermədi.–Yenə yalan danışma! Sənin onda dediklərini 
təkrar eləmək istəmirəm. Mən hələ elə şeyləri bacarmıram! İkimiz də bilirdik... 
Dedin ki, bir də gəlməyəcəksən... 
– Gəlmədim də. 
Ravik diqqətlə onun üzünə baxdı. Yavaş-yavaş özünü ələ alırdı: 
– Razıyam... Ancaq zəng elədin. 
– Ona görə zəng elədim ki, qorxurdum. 
– İlahi, həyasızlığın dərəcəsinə bax! Yaxşı, mən təslim! 
Joan gülümsəməyə başladı: 
– Mən də, Ravik! Görmürsən, yeganə məqsədim səni burada saxlamaqdır? 
– Mənim də yeganə məqsədim getməkdir.  
Joan hələ də gülümsəyirdi: 
– Niyə? 
Ravikə elə gəldi ki, daha taqəti qalmayıb. Joan, sadəcə olaraq, onu başa düşmək 
istəmirdi. Niyəsini ona izah eləməyə başlasa, Allah bilir, nə vaxt, harada 
qurtaracaqdı... 
– Ona görə ki, bu iyrənc bir əxlaqsızlıqdır!–nəhayət, dilləndi.–Sən bunu başa 
düşməzsən. 
– Başa düşürəm,–deyə Joan astadan təkrar etdi.–Bəlkə də, elədir. Ancaq niyə bir 
həftə bundan qabaq elə idi, indi belə? 
– Onda da belə idi. 
Joan dinməyib, xeyli onu süzdü, sonra: 
– Məni maraqlandırmır, nə ad qoyursan, qoy,–dedi. 


 
244
İndi də Ravik susurdu. Hiss edirdi ki, inandıra bilməyəcək. 
– Ravik!–Joan ona yaxın gəldi.–Elədir! Onda dedim ki, axırıncıdır. Dedim ki, bir 
də məni görməyəcəksən. Ancaq ona görə dedim ki, sən belə istəyirdin. Elə 
olmayaçağını bilə-bilə dedim... Başa düşmürsən?–deyə Joan onun üzünə baxdı. 
– Yox!–Ravik kobud cavab verdi.–Mən birçə bunu başa düşürəm, sən iki kişi ilə 
birdən yatmaq istəyirsən! 
Joanın heç tükü də tərpənmədi: 
– Elə deyil...–nəhayət, dilləndi.–Ancaq, tutaq ki, lap elədir, bunun sənə nə dəxli?– 
Ravik döyükə-döyükə qaldı. – Doğrudan, bunun sənə nə dəxli?–Joan bir də təkrar 
elədi.–Mən səni sevirəm, bu, bəs deyil? 
– Yox! 
– Qısqanc olma, Ravik! Sənə heç yaraşmır... Əvvəllər də olmamısan. 
– Bu cür olum? 
– Yox... Sən heç bilmirsən, qısqanclıq nə olan şeydir. 
– Əlbəttə, bilmərəm! Çünki sənin o cüvəllağın kimi artistlik eləmirəm. 
Joan gülümsədi: 
–Qısqanclıq əvvəlcə rəqibin nəfəs aldığı havadan başlayır, Ravik. 
Ravik dinmədi. Joan indi qarşısında dayanıb, üzünə baxırdı. Baxır və susurdu. 
Qəflətən hər şey – hava da, bu balaca dəhliz də, zəif işıq da Joanın özünə, gizli bir 
həsrətə döndü. Elə bil, uca bir qüllənin başında dayanıb, gözlərin qarala-qarala 
aşağı baxırsan və yer də, sanki, səni özünə tərəf çəkir... 
Ravik hiss edirdi ki, nəsə onu çəkir. Ancaq bu tilsimə düşmək istəmirdi. Daha 
getmək haqda da düşünmək istəmirdi, Getsəydi, həmin şey əl çəkməyib, onun 
dalınca gələrdi. O isə istəmirdi, dalınca gələn olsun! Hər şeyin axırına yetmək, 
aydınlaşdırmaq istəyirdi. Bu aydınlıq sabah üçün lazım idi... 
– İçməyə bir şeyin var?–deyə soruşdu. 
– Var. Nə istəyirsən? Kalvados? 
– Varsa, konyak ver. Ancaq kalvados da olar, fərqi yoxdur. 
Joan balaca dolaba tərəf getdi. Ravik onun arxasınca baxdı. Sən demə, o məchul 
tilsim bu otağın havasında, gur işığında gizlənibmiş: adama: «gəl burada məskən 
sal, kükrəyib şahə qalxmış qanın əbədi sakitlik tapacaq», – deyir. Ancaq inanma, 
coşmuş hisslər yenə səni aldadır, bu əbədi sakitliyin ömrü bircə gecədir! 
Qısqanclıq... Onun nə olduğunu bilmirdi? Kamala çatmamış məhəbbətləri azmı 
görmüşdü? Qısqanclıq deyilən şey adama bütün dərdlərindən də çox əzab verən 
köhnə bəla deyildimi?! Qısqanclıq deyilən şey iki sevəndən birinin qabaqca 
öləcəyini bilən gündən başlamırmı?! 
Joan kalvados gətirmədi. Əlində bir şüşə konyak tutmuşdu. «Yaxşı oldu,–deyə 
Ravik ürəyindən keçirdi.–Bəzən o da həssas olmağı bacarır...» Qədəhi qoymaq 
üçün şəkli bir az o tərəfə itələdi. Ancaq tez də əlinə götürüb baxdı. Yaranmış 
psixoloji səddi aradan qaldırmağın ən asan yolu öz sələfinin şəklinə baxmaq idi... 
– Qəribədir, – dedi, – nə pis yaddaşım var imiş. Sənin o cüvəllağını tamam başqa 
cür təsəvvür edirdim. 
Joan şüşəni stolun üstünə qoydu: 
– Bu heç o deyil,–dedi. 
– Belə de... Bu da ayrısı imiş... 


 
245
– Hə, hamısı da onun ucbatından oldu. 
Ravik konyakdan iri bir qurtum aldı: 
– Bəs bilmirdin ki, köhnə məşuqun gələndə üzdəki kişi şəkillərini yığışdırmaq 
lazımdır? Ümumiyyətlə, evi şəkillə doldurmaq lazım deyil. Zövqsüzlükdür... 
– Üzdə deyildi, özü eşələyib tapdı. Şəkil də hamıda olan şeydir. Sən belə şeyləri 
başa düşməzsən... Onu yalnız qadınlar bilər. İstəmirdim, o, bu şəkli görsün. 
– Ona görə də davaya düşdün. Ondan asılılığın var? 
– Yox, özüm iki illiyə müqavilə bağlamışam. 
– Bunu da o düzəldib? 
– Niyə düzəltməsin ki?–Joan, doğrudan da, heyrətləndi.–Bunun da bir mənası var? 
– Yox... Ancaq elə adamlar var ki, bunu nankorluq hesab edir... 
Joan çiyinlərini çəkdi. Bu çiyinləri görən kimi keçmiş xatirələr yenə baş qaldırdı. 
Nə vaxtsa Joan yanında uzananda nəfəs aldıqca bu çiyinlər asta-asta, bir qaydada 
qalxıb-düşürdü. Sanki, qızılı rəngə boyanmış səmada qızılı rəngə çalan bir dəstə 
quş qanad çala-çala yoxa çıxdı. Doğrudanmı, bunlar uzaqda qalmışdı? Çoxmu 
uzaqlarda idi? Danış, sən, ey şirin xatirələrin gözəgörünməyən hesabdarı, danış! 
Doğrudanmı, o zəif işartılar çoxdan torpağa gömülüb? Yoxsa, bunlarmı 
axırıncıdır? Yox, bunu heç kim deyə bilməz... 
Pəncərələr taybatay açıq idi. Nəsə qara, qırçınlı parçaya oxşayan bir şey uça-uça 
içəri girdi, özünü ora-bura vurdu, sonra lampanın çətirinə qonub, qanad çala-çala 
caynaqlarını ilişdirdi və özünü onun üstünə sərdi. Al-qırmızı, göy, boz rənglərə 
çalırdı və deyərdin, gecənin ipək çətirə sancılmış ordenidir.. Gördü ki, qaranlıqda 
yol azmış kəpənəkdir. Məxmər qanadları asta-asta tərpənirdi və indi onunla üzbəüz 
dayanmış qadın da nəfəs aldıqca sinəsi nazik paltarının altında eləcə titrəyirdi. Nə 
vaxtsa kəpənəyi bir dəfə də belə görmüşdü. Nə vaxt? Yüz ilmi keçmişdi o 
vaxtdan? 
Luvr muzeyi... Nike... Yox, ondan da əvvəl görmüşdü. Lap qədimdə, toz-duman 
içində itmiş qızılı rəngli ulu keçmişdə görüb... Onda min rəngə çalan daşlardan 
tikilmiş uca mehrabların tüstüsü ərşə qalxmışdı... Vulkanların uğultusundan qulaq 
tutulurdu, yer üzünə ehtirasdan, coşğunluqdan dumanlı bir pərdə çəkilmişdi... 
Onda idrakın qayığı çox balaca idi, belə fırtınaya tab gətirə bilməzdi... Onda hər 
yandan alov püskürürdü, əjdaha kimi ağzını açaraq, yer üzündəki bütün canlıları 
udurdu... Və bir az sonra meduza zəmanənin qumlu sahilinə sərilib qalmış, 
heroqlifə oxşayan insan ruhlarına baxıb rişxəndlə gülürdü... 
Kəpənək tərpəndi, yeriyə-yeriyə çətirin altına girdi və qanadlarını isti elektrik 
lampasına çırpmağa başladı, bənövşəyi toz qalxdı... Ravik onu götürüb, pəncərənin 
qabağına gəldi, qaranlığın qoynuna atdı... 
– Yenə qayıdacaq!–Joan dilləndi. 
– Bəlkə də, qayıtmadı... 
– Hər gecə gəlirlər... Parkdan uçub gəlirlər. Bir gələn, bir də gəlir... Keçən həftə 
gələnlər sapsarı limon rəngində idilər. İndi də belələri... 
– Elədir, bir gələn, bir də gəlir. Sonra da başqaları gəlir. Gah əvvəlkilər, gah da 
sonrakılar... 
Niyə belə danışırdı? Sanki, kimsə arxasında dayanıb onun əvəzinə danışırdı. Sanki, 
lap uzaqlardan, son ümid qığılcımları işaran yerdən əks-səda gəlirdi. Nəyə ümid 


 
246
edirdi? Bu zəif vaxtında ona dəyən zərbə nə idi? Çoxdan qaysaqlanıb sağaldığını 
güman etdiyi yerə skalpel kimi çəkilən nə idi? Bəlkə, indi inanmaq istəmədiyi o 
ümid qığılcımı, doğrudan da, hələ qalmışdı, haradasa gizlənmişdi, cildini dəyişib, 
qış yuxusuna getmişdi? 
Stolun üstündəki şəkli götürüb yaxından baxdı. Sifət... Kiminsə sifəti... 
Milyonlardan birinin sifəti... 
– Bununla nə vaxtdan başlamısan? – deyə soruşdu. 
– Bu yaxınlarda... Bir yerdə işləyirik. İki-üç gündür. Əgər sən «Fuke» restoranında 
məni... 
Ravik əlini yellətdi: 
– Yaxşı, yaxşı, bilirəm, nə deyəcəksən! Əgər o gecə... Özün də bilirsən, elə deyil! 
Joan tərəddüd elədi: 
– Yox... 
– Bilirsən! Yalan danışma! Həqiqi hisslərin ömrü heç vaxt belə qısa olmaz! 
İndi nə istəyirdi? Bunu niyə dedi? Bəlkə, yenə mərhəmət dolu bir yalan eşitmək 
istəyirdi? 
– Həm elədir, həm də yox... – Joan sükutu pozdu. – Mən özümlə bacarmıram, 
Ravik. Elə bil, nəsə məcbur edir... Sanki, nəsə əlimdən gedir. Onu tuturam, 
saxlamaq istəyirəm, ancaq görürəm ki, mən istəyən deyilmiş. Onda da təzəsindən 
yapışıram. Əvvəlcədən də bilirəm ki, bunun da axırı o biri kimi olacaq, ancaq yenə 
də yapışıram... Elə bil, nəsə məni məcbur eləyir, harayasa çəkib aparır, bir anlığa 
gözüm doyur, ancaq axırda yenə buraxır. Özümdə qəribə bir boşluq hiss edirəm, 
sanki acmışam, onda yenə başlayır... 
«Getdi! – Ravik ürəyindən keçirdi. – Bu dəfə, doğrudan da, həmişəlik getdi!» 
Bir də yanılmayacaq, bir də tora düşməyəcək, keçmiş xatirələr bir də baş 
qaldırmayacaq! Yaxşı ki, bunu bildi! Coşan xəyal yenə öz qanadları ilə idrak 
güzgüsünün qabağını kəsmək istəyəndə lazım olacaq! 
Bu zavallı kimyəvi tərkib nə yaman amansız, nə yaman kinli olurmuş! Nə vaxtsa 
qarışıb bir yerdə axan iki qan, indi bir-birindən uzaq qaçır... Onun qəlbində elə bir 
guşə var idi ki, Joan hələ ora yol tapa bilməmişdi, ona görə də hərdən qayıdırdı. 
Ora yol tapan kimi, həmişəlik gedəcək, heç vaxt qayıtmayacaq! Kim o günü 
gözləyərdi? Kim buna imkan verərdi? Kim özünü bu yolda qurban edərdi? 
– Kaş mən də sənin kimi güclü olaydım, Ravik!  
Ravik güldü. Bircə bu çatmırdı! 
– Sən məndən də güclüsən. 
– Yox... Özün görürsən ki, mən həmişə sənin dalınca qaçıram. 
– Elə ona görə də məndən güclüsən. Sən bunu özünə rəva görürsən, mən isə yox... 
Joan onu bir anlığa diqqətlə süzdü. Üzündə ani bir qığılcım oynadı: 
– Sən sevə bilməzsən, – dedi. – Sən heç vaxt özünü sevdiyinə təslim etməzsən! 
–Sən isə həmişə elə edirsən! Ona görə də həmişə kimsə xilas edir... 
– Mənimlə ciddi danışa bilərsən? 
– Ciddi sözümdür! 
– Əgər məni xilas eləyən varsa, onda canımı səndən niyə qurtara bilmirəm? 
– Qorxma, qurtaracaqsan! 


 
247
– Boşla, Ravik! Özün də bilirsən ki, bunlar başqa-başqa şeylərdir. Əgər canımı 
qurtara bilsəydim, dalınca belə düşməzdim. Başqalarını tez unutdum, səni isə 
bacarmadım... Axı niyə? 
Ravik konyakdan bir qurtum da aldı: 
– Bəlkə də, ona görə ki, məni tamamilə öz toruna sala bilmədin! 
Joan əvvəlcə duruxdu, sonra başını buladı: 
– Mən hamını, sən fikirləşdiyin kimi, tora sala bilməmişəm. Çoxu heç yaxın 
gəlməyib. Ancaq hamısını unutdum getdi... Düzdür, bir az kədərləndim, ancaq 
yenə də unutdum. 
– Məni də unudacaqsan. 
– Yox, səninlə bacarmıram... Yox, heç vaxt! 
– Adam bəzən inanmaq istəmir ki, o, çox şeyi unuda bilər. Bu həm müqəddəs bir 
alqışdır, həm də dəhşətli bir qarğış... 
– Sən yenə də bizim axırımızın niyə belə olduğunu demədin. 
– Bu, elə şeydir ki, nə qədər danışsaq da, bir-birimizi başa sala bilməyəcəyik. 
Danışdıqca da zibili çıxacaq. Elə şeylər var ki, onu izah eləmək olmur! Elələri də 
var ki, başa düşülmür. Allaha şükür ki, bizim aramızda, az da olsa, cəngəllik 
qalıb... Yaxşı, mən getdim. 
Joan tez ayağa durdu: 
– Məni tək qoymaq istəyirsən? 
– Mənimlə yatmaq istəyirsən? – Joan onun üzünə baxdı, dinmədi. – Güman 
eləmirəm... – Ravik əlavə etdi. 
– Bunu niyə soruşursan? 
– Kefimi bir az açmaq üçün... Get yat, hava işıqlaşır. İndi yas qurmaq vaxtı deyil. 
– Qalmaq istəmirsən? 
 
– Yox! Daha gəlməyəcəyəm də!  
Joan çox sakit idi: 
– Heç vaxt? 
– Heç vaxt! Sən də gəlməyəcəksən! 
Joan asta-asta başını tərpətdi, sonra şəklə işarə etdi: 
— Buna görə? 
– Yox. 
– Səni başa düşə bilmirəm. Ancaq biz... 
– Yox! – Ravik tez onun sözünü kəsdi. – O da olmaz! Deyirsən, dost olaq? Sel 
aparmış gül bağçasının yerində balaca bir bostan əkək? Yox, bacarmarıq... Bizə 
heç olmaz! Ortada adi bir fırıldaq iş olsaydı, bəlkə də, sən deyən kimi düzələrdi... 
Ancaq onun da axırı yoxdur.. Məhəbbəti dostluq ilə ləkələmək olmaz! Ayrılıq 
ayrılıqdır! 
– Niyə məhz indi? 
– Düz deyirsən, gərək, çoxdan olaydı. Mən İsveçrədən qayıdanda... Ancaq heç kim 
hər şeyi əvvəlcədən bilmir. Bəzən də özü bilmək istəmir. Onda... – Ravik nədənsə 
sözünü axıra çatdırmadı. 
– Onda nə?– Joan onun kəsmişdi, sanki, nəyisə başa düşməmişdi və mütləq başa 
düşmək istəyirdi. Rəngi saralmışdı, gözləri parıldayırdı. 


 
248
– Bizi bu günə qoyan nə oldu, Ravik? – deyə pıçıldadı. 
Joanın saçları arxasındakı alaqaranlıq dəhliz, sanki, yol idi və bu şaxtadan bütün 
vədlər əriyib yox olurdu. Bu şaxta neçə-neçə nəslin göz yaşı, neçə-neçə təzə 
yaranan ümid şəbnəmi ilə sulanmışdı… 
– Məhəbbət… – dedi. 
– Məhəbbət? 
– Məhəbbət… Elə ona görə də hər şey bitdi! 
Qapını arxasınca çəkdi. Bu da lift. Düyməni basdı. Ancaq onun sürünə-sürünə 
gəlməsini gözləmədi, qorxdu ki, Joan dalınca gələr. Yürüyə-yürüyə pilləkənləri 
düşdü. Yuxarıdan səs gəlmədiyinə çox təəccübləndi. İki mərtəbə düşəndən sonra 
dayandı, ətrafı dinşədi. Səs-səmir yox idi. Heç kim də gəlmirdi… 
 
Taksi hələ də evin qabağında gözləyirdi. Ravik onu büsbütün unutmuşdu. Sürücü 
başını bulayıb bic-bic güldü. 
– Nə qədər verəsiyəm? – Ravik soruşdu. 
– On yeddi frank yarım. 
Ravik pulu verdi. 
– Qayıtmırsınız? – Sürücü təəccübləndi. 
– Qayıdıram. Ancaq piyada gedəcəyəm. 
– Çox uzaq olar, müsyö. 
– Bilirəm. 
– Onda məni nahaq yerə gözlətdiniz, heç nədən də on bir frank ziyana düşdünüz. 
– Eybi yoxdur. 
Sürücü üst dodağına yapışıb saralmış siqaret kötüyünü yandırmaq istədi: 
– Deyəsən, orada qalmağınıza dəyər, – dedi. 
– Hələ bir az da artıq… 
Xiyabanlar səhərin ayazında büzüşmüşdü. Hava isinsə də, səhər soyuğu duyulurdu. 
Yasəmənlərin, oturacaqların üstünə bozumtul toz qonmuşdu… Bu skamyalardan 
birinin üstündə üzünə «Pari suar» qəzeti sərmiş kişi yatmışdı– Ravik o yağışlı 
gecədə oturduğu skamya idi. Dayanıb, yatan kişiyə baxdı. O nəfəs aldıqca qəzet 
asta-asta tərpənirdi, sanki canlı idi, ya da deyərdin, pərvanədir, indicə səmaya 
qalxıb, özündəki xəbərləri dünyaya yayacaq. Yağlı hərflərlə yazılmış iri başlıq, 
sanki, asta-asta nəfəs alırdı: Hitler bəyanat verib ki, Polşada Qdansk keçidindən 
başqa ərazi iddiasında deyil. Bir az aşağıda isə paltar ütüləyən qadın əlindəki isti 
ütü ilə kişini öldürür. Yazının altındakı şəkildən bayırlıq paltar geymiş əndamlı bir 
qadın baxırdı. Onunla bərabər yanındakı şəkil də yellənirdi: Çemberlen belə hesab 
edir ki, sülhü qorumaq olar! Şəkildəki çətir tutmuş tipik bank məmuru üzdən 
xoşbəxt qoyuna oxşayırdı. Onun ayağının altında xırda həftələrlə yazılmış başqa 
bir başlıq o qədər də nəzərə çarpmırdı: sərhəddə minlərlə yəhudi qırılıb… 
Bu dünya xəbərlərini səhərin şehindən və gözünə düşən günəşdən qorunmaq üçün 
üzünə sərmiş kişi sakit, dərin yuxuya getmişdi… Ayağında parusin ayaqqabı, 
əynində qəhvəyi rəngli yun şalvar və cırıq-cırıq olmuş köynək vardı. Qəzetdə 
yazılanlar vecinə deyildi. Həyatın elə dərin qatına enmişdi ki, heç birinin ona dəxli 
yox idi, həmişə suyun dibində yaşayan balıq kimi okeanın üst qatındakı tufandan 
xəbər tutmurdu. 


 
249
Ravik «İnternasional» mehmanxanasına qayıtdı. Tamam yüngülləşmiş, beyni 
durulmuşdu. Hər şey aydınlaşmış, keçmişdən heç nə qalmamışdı. İndi heç nə ona 
mane ola bilməzdi. Bu gün «Prins de Qall» mehmanxanasına köçmək istəyirdi. 
Hələ iki gün qalmışdı onun gəlməyinə. Haakeni iki gün gec gözləməkdənsə, iki 
gün tez gözləmək yaxşı idi… 
 
                                                                                XXVIII 
 
 
Ravik aşağı düşəndə «Prins de Qall» mehmanxanasının vestibülündə heç kəs yox 
idi. Növbətçi stolunun üstündə əl radiosu oxuyurdu. Künc-bucaqda süpürgəçilər 
təmizlik işi aparırdılar. Ravik nəzərə çarpmadan iri addımlarla zalı keçib getdi. 
Qapının yanındakı stata baxdı. Səhər saat beş idi. 
V Georq prospekti ilə üzüyuxarı qalxıb, «Fuke» restoranına tərəf getdi. Restoran 
çoxdan bağlanmışdı, heç kəs də yox idi. Bir anlığa duruxdu, sonra taksi saxlatdırıb, 
«Şəhrizad»a sürdürdü. 
Morozov qapının ağzında dayanıb sualedici nəzərlərlə ona baxırdı. 
– Bir şey yoxdur, – deyə Ravik onu qabaqladı. 
– Bilirdim. Axı bu gün heç gözləmirdin də. 
–Yox, bu gün zəng vurmalı idi. On dörd gün keçib... 
– Bir günün eybi yoxdur. Bütün vaxtı «Prins de Qall»-da olmusan? 
– Hə, dünən səhərdən indiyə kimi. 
– Sabah zəng vuracaq. Ola bilsin, bu gün işi var imiş, ya da oradan bir gün gec 
çıxıb. 
– Sabah tezdən təşrihim var. 
– Tezdən zəng eləməz. 
Ravik heç nə demədi, yenicə dayanan taksiyə baxdı. Restoranın ağ smokinq 
geymiş muzdlu rəqqası, onun dalınca da rəngi saralmış qabandiş bir qadın düşdü. 
Morozov qapını açdı. «Şanel» ətri küçəni başına götürdü. Qadın ayağını yüngülcə 
çəkirdi. Kişi də taksinin pulunu verib, tənbəl-tənbəl onun arxasınca getdi. Qadın 
qapınıı ağzında kişini gözlədi. Fənərin işığında gözləri yaşıl rəngə çalırdı. 
Bəbəkləri elə balaca idi ki, ləkəyə oxşayırdı... 
Morozov geri qayıdanda: 
– İnanmıram, bu vaxt zəng vurmaz, – dedi. 
Ravik dinmədi. 
– Açarı versən, səkkizdə çıxan kimi ora gedərəm, sən qayıdanadək gözləyərəm. 
– Sən yatmalısan axı. 
– Boş-boş danışma! Lazım gəlsə, sənin yerində yataram. Bilirəm, zəng vuran 
olmayacaq, ancaq gedirəm ki, nigaran qalmayasan. 
– Saat on birə kimi təşrihim var. 
– Yaxşı, açarı ver. İstəmirəm, fikirli olasan, qadının uşaqlığını mədəsinə calayasan, 
o da doqquz aydan sonra uşaq qusa. Açar yanındadır? 
– Hə, götür... 


 
250
Morozov açarı alıb cibinə qoydu. Sonra bir qutu nanəli həb çıxarıb Ravikə uzatdı. 
Ravik başını buladı. Morozov həblərdən bir-ikisini götürüb ağzına atdı. həblər 
saqqalının arasında gözdən itdi, sanki, dümağ quşlar meşəyə girdi... 
– Adamın yuxusunu qaçırır, – dedi. 
– Heç ömründə məxmər üzlü mebel qoyulmuş otaqda oturub bütün günü kimisə 
gözləmisən? – Ravik soruşdu. 
– Ondan da çox! Sən gözləməmisən? 
– Mən də. Ancaq beləsini gözləməmişəm. 
– Oxumaq üçün bir şey aparmamısan? 
– Aparmışam, ançaq birçə sətir də oxumamışam. Burada işin çox olacaq? 
Morozov taksinin qapısını açıb, amerikanları içəri ötürdü. 
– Ən azı iki saat. – Morozov geri qayıtdı. – Vəziyyəti özün görürsən. Çoxdan belə 
səfeh yay olmamışdı... Joan da içəridədir. 
– Doğrudan? 
– Hə. Çox maraqlanırsansa, adamı da yanındadır. 
– Yox, maraqlanmıram... – Ravik getməyə hazırlaşdı.– Onda sabah görüşərik. 
– Ravik! – Morozov onun arxasınca qışqırdı. O qayıtdı. Morozov açarı cibindən 
çıxardı: 
– Götür, – dedi, – bəs «Prins de Qall»dakı otağına indi necə girəcəksən? Axı 
sabaha qədər səni görməyəcəyəm. Çıxanda qapını açıq qoyarsan. 
– Orada yatmayacağam, – deyə Ravik açarı götürdü.– «İnternasional»da 
qalacağam. O tərəflərdə nə qədər az görünsəm, o qədər yaxşıdır. 
– Ançaq yatmağa, gərək, ora gedəsən. Orada qalırsan, deməli, orada da yatmalısan. 
Yoxsa, polis şübhələnər. 
– Düz deyirsən, ancaq belə də yaxşıdır. Sonra polisə sübut etmək olar ki, mən 
həmişə «İnternasional»da qalmışam. «Prins de Qall»da hər şeyi elə düzəltmişəm 
ki, baxan deyər, səhər-səhər burada imiş: çarpayını yığışdırmamışam, dəsmalları 
da vanna otağında hara gəldi atmışam. 
– Yaxşı eləmisən. Onda açarı qaytar.  
Ravik başını buladı: 
– Səni də orada görməsələr, yaxşıdır. 
– Eybi yoxdur, qoy görsünlər. 
– Lazım deyil, Boris, gəl axmaqlıq eləməyək.. Belə saqqal hamıda yoxdur. Sən də 
bir şeydə haqlısan: özümü elə aparmalıyam ki, heç kəs şübhələnməsin. Əgər 
Haake, doğrudan da, səhər-səhər zəng vuracaqsa, deməli, günortadan sonra da 
vuracaq. Yoxsa bütün günü telefonun yanında oturub gözləsəm, məndə əsəb 
deyilən şey qalmaz. 
– İndi hara gedirsən? 
– Yatmağa. Ağlım kəsmir ki, bu vaxt zəng vurar. 
– İstəyirsən, işdən sonra bir yerdə görüşək. 
–Yox, Boris. Çox güman ki, sən çıxanda mən yatmış olacağam. Səkkizdə də 
təşrihim var. 
Morozov şübhəli baxışlarla onu süzdü: 
– Yaxşı, – dedi, – onda sabah günorta özüm gəlib səni «Prins de Qall»da taparam. 
Əgər o vaxta kimi bir şey olsa, mehmanxanaya zəng vurarsan. 


 
251
– Oldu. 
 
Küçələr... Şəhər... Qızılı rəngə boyanmış səma... Gah qırmızı, gah ağ, gah da mavi 
rəngə çalan evlər... Meyxanaların divarlarını balaca pişik kimi sığallayan külək... 
Bürkülü mehmanxana otağında bir gün gözləyəndən sonra yenə adamlar, təmiz 
hava... Ravik «Şəhrizad»ın arxa tərəfindəki prospektlə gedirdi. Dəmir hasarlara 
alınmış ağaclar bu qurğuşun rəngli gecədə hərdən meşə ilə, yaşıllıqla bağlı 
xatirələri oyadırdı... Birdən-birə özünü elə yorğun, elə əzgin hiss elədi ki, az qaldı 
yıxılsın. «Bəlkə, buraxım getsin?! – Daxilində nəsə bir səs baş qaldırdı.– Hamısını 
unudum, ilan hər il qabığını dəyişən kimi, beynimdəkilərin hamısını sıyırıb atım?! 
Az qala büsbütün unudulmuş bir keçmişin bu cür melodramı indi mənəmi qalıb? 
Zülmətlə dolu orta əsrlərin dəhşətli mexanizminin əhəmiyyətsiz bir hissəsi, 
Mərkəzi Avropa üzərində tutulmuş günəşin zərrəciyi olan, kiminsə əlində alətə 
çevrilmiş bir yaramazı öldürmək mənəmi qalıb?!» 
Doğrudan da, nə işinə qalmışdı? Bir fahişə onu dalda yerə çağırdı. Qaranlıqda 
yaxasını açdı. Paltar elə tikilmişdi ki, kəmərin açılmasına bənd idi, o dəqiqə xalat 
kimi aralandı, çılpaq bədəni göründü. Uzun corabları da, sinəsi də, göz çuxurları da 
qapqara idi və bu qaralıqdan gözləri də seçilmirdi. Qırışmış, lalıxlamış dərisi 
qaranlıqda fosfor kimi işıldayırdı... 
Fahişələrin hesabına dolanan bir əyyaş da, damağında siqaret, ağaca söykənib 
gözlərini ona zilləmişdi. Tərəvəz daşıyan bir neçə furqon gəlib keçdi. Dərisinin 
altından gərilmiş əzələləri görünən atlar başlarını tərpədə-tərpədə, ağır-ağır 
gedirdilər... Cürbəcür göyərtilərin, yaşıl yarpaqlar içində daşa dönmüş beyinlərə 
oxşayan gül kələmlərin kəskin qoxusu küçəyə yayıldı. Qıpqırmızı pomidor, lobya, 
soğan, gilas, kərəviz dolu səbətlər... 
Doğrudan da, nə işinə qalmışdı? Biri çox, biri az – nə fərqi? Haake kimi və yaxud 
ondan da betər yüz minlərlə yaramazın biri çox olsun, ya az... Biri az... Qəflətən 
dayandı. Məsələ elə bunda idi! Birdən-birə tamam ayıldı. Məsələ elə bunda idi! 
Haake kimilər də ona görə belə qol-qanad açmışdılar ki, çox adam yorulmuşdu, 
mübarizəni atmışdı və deyirdi: «Mənə nə dəxli?!» Məsələ elə bunda idi! Biri 
azalardı... Bəli, biri azalardı və bu bir tərəfdən heç nə idisə, digər tərəfdən də hər 
şey idi! Hər şey! Yavaş-yavaş cibindən siqaret çıxardı, tələsmədən yandırdı. Və 
birdən kibritin sapsarı alovu, divarları çat-çat olmuş mağaraya bənzəyən ovcunu 
işıqlandıranda bildi ki, heç nə onu Haakeni öldürməkdən çəkindirə bilməyəcək! Və 
birdən, qəribə də olsa, başa düşdü ki, hər şey elə bunun başında imiş! Yox, bu, 
təkcə şəxsi intiqam hissi deyildi, ondan çox-çox o yana keçirdi... Ona elə gəldi ki, 
bu işi eləməsə, dəhşətli bir cinayət törətmiş olacaq, əlini qoynuna qoyub otursa, 
dünya nəsə itirəcək. Eyni zamanda da dəqiq bilirdi ki, bunların heç biri olmayacaq, 
ancaq buna baxmayaraq, haradasa lap uzaqlarda, məntiqin, həqiqətin ünü 
yetməyən bir nöqtədə bütün varlığı ilə hiss edirdi ki, mütləq eləməlidir! Sanki, 
bundan gizli-gizli dalğalar yaranacaq və axırda tufan qopacaq! Bilirdi ki, Haake 
zülm ocağının kiçik bir məmurudur, elə böyük adam deyil... Ancaq birdən-birə onu 
da bildi ki, mütləq, mütləq öldürmək lazımdır... 
Ovcundakı mağarada alov söndü, o, kibrit çöpünü tulladı. Dan sökülürdü və elə bil, 
ağacların başına gümüşü tor çəkilmişdi. Yenicə oyanmış sərçələrin cikkiltisi aləmi 


 
252
başına götürmüşdü. Ravik təəccüblə ətrafına boylandı. Daxilində nəsə baş 
vermişdi. Ürəyində qurduğu qapalı məhkəmə öz hökmünü vermişdi! Hələ heç vaxt 
ağacları, evlərin sarı rəngli divarlarını, lap yanındakı bomboz dəmir hasarı, mavi 
dumana bürünmüş küçəni belə aydın görməmişdi... Hiss elədi ki, bunları heç vaxt 
unutmayacaq. Və elə həmin andaca bildi ki, Haakeni, doğrudan da, öldürəcək və 
bu, onun şəxsi işi deyil, çox şey deməkdir! Başlanğıcdır... 
Yolu «Oziris»in qapısından düşdü. İçəridən səndələyə-səndələyə bir neçə sərxoş 
çıxdı. Hamısının da gözü şüşə kimi parıldayırdı, yanaqları qıpqırmızı olmuşdu. 
Taksi yox idi. Sərxoşlar bir az gözləyəndən sonra söyə-söyə, ləngərlənə-
ləngərlənə, səs-küylə uzaqlaşdılar. Almanca danışırdılar... 
Ravik mehmanxanaya qayıtmaq istəyirdi, ancaq indi fikrini dəyişdi. Yadına düşdü 
ki, Rolanda son vaxtlar alman turistlərinin «Oziris»ə tez-tez gəldiklərini demişdi. 
İçəri girdi. 
Rolanda yenə qara rəngli dayə paltarında, barın piştaxtasına söykənib, soyuq 
nəzərlərlə zala baxırdı. Pianolanın gur səsi Misir üslubunda naxışlanmış divarlara 
dəyib geri qayıdırdı... 
– Rolanda!  
O, geri döndü: 
– Ravik! Çoxdan görünmürdün. Yaxşı ki, gəldin, – dedi. 
– Nə olub? 
İndi Rolanda ilə yanaşı dayanıb, zalı nəzərdən keçirirdi. Müştəri az idi. Adda-
budda oturub mürgü döyürdülər. 
– Buradan çıxıram, Ravik. Bir həftəyə gedirəm! 
– Həmişəlik? 
Rolanda başını tərpədərək, qoynundakı teleqramı çıxardı: 
– Budur, – dedi. 
Ravik onu oxuyub, qaytardı: 
– Xalan? Axır ki, öldü? 
– Bəli, ora qayıdıram. Madama başa saldım. Düzdür, acıqlandı, ancaq başa düşdü. 
Yerimdə janetta qalacaq. Ancaq, gərək, işin yönünü ona öyrədəm. – Rolanda 
güldü. – Yazıq madam! İstəyirdi, bu yayı Kannda dincəlsin, özünü göstərsin. 
Keçən il zadəgan nəslindən olan tuluzalı bir əyyaşa ərə gedib, qrafinya olub. İndi 
villasında çoxlu qonağı var. Kişiyə də ayda beş min frank verir ki, Tuluzadan heç 
yana çıxmasın... Daha gedə bilmədi! 
– Dediyin kafeni açacaqsan? 
– Bəli. Bütün günü ora-bura qaçıram, lazım olan şeyləri sifariş verirəm. Parisdə 
ucuz düşər. Pərdəlik sifariş vermişəm. Beləsi yaxşıdır? 
Qoynundan əl boyda əzik-üzük parça çıxardı. Güllü parçanın yerliyi sarı idi. 
– Əntiqədir! – Ravik təriflədi. 
– Qiyməti yetmiş faiz düşüb. Keçən ildən yatıb qalıb, – Rolandanın gözləri 
sevinclə parıldadı. – Bununla yüz yetmiş franka qənaət eləyirəm. Yaxşı deyil? 
– Lap əntiqədir! Ərə gedəcəksən, Rolanda? 
– Bəli. 
– Nə tez? Niyə bir az da gözləyib, bütün işlərini qaydaya salmırsan? 
Rolanda güldü: 


 
253
– Sənin alverdən başın çıxmaz, Ravik. Kişisiz heç nə eləmək olmur. Kişi də elə 
alver deməkdir. Mən neylədiyimi yaxşı bilirəm! 
Rolanda çox sakit və inamla danışırdı. Hər şeyi ölçüb-biçmişdi. Kişi də ona alver 
üçün lazım idi! 
– Pulu onun adına tez keçirmə! – Ravik nəsihətə başladı. – Bir az gözlə, işlər 
tamam qaydasına düşsün... 
Rolanda yenə güldü: 
– Necə olacağını bilirəm. Biz ağıllı adamlarıq, bilirik ki, bir-birimizə alver üçün 
lazımıq. Pulu arvadında olan kişi nə kişidir? Mənə müftəxor kişi lazım deyil! Mən 
ərimi həmişə hörmətli tutacağam. Qoymaram, hər dəqiqə gəlib məndən pul istəsin. 
Başa düşmürsən? 
– Başa düşürəm, – deyə Ravik bunu başa düşməsə də, cavab verdi. 
– Bu, başqa məsələ! – Rolanda razılıqla başını tərpətdi. – İçmək istəyirsən? 
– İstəmirəm, gedəsiyəm. Elə buradan keçirdim, ona görə girdim. Səhər tezdən 
təşrihim var.  
Rolanda diqqətlə ona baxdı: 
– Sən tamam ayıqsan, – dedi. – Qız istəyirsən? 
– Xeyr.  
Rolanda işarə ilə iki qıza elə divanda otura-otura yuxuya getmiş kişini göstərdi. 
Qızlardan bir neçəsi zalın ortasında iki sıra düzülmüş balaca kətillərdə oturmuş, 
qalanı isə kefdə idi. Dəhlizdəki şüşə kimi daş döşəmənin üstündə uşaqlar qışda 
buzun üstündə sürüşən kimi sürüşürdülər. Biri çöməlir, ikisi onun əlindən tutub 
uzun dəhlizlə o baş-bu başa çəkirdi. Saçları yellənir, döşləri atılıb-düşür, çılpaq 
çiyinləri işıldayırdı. Əyinlərindəki bircə qarış ipək heç nəyi gizlədə bilmirdi. Qızlar 
ləzzətdən qışqırışırdı, «Oziris» də birdən-birə günahsız mələklərin yığışdığı 
cənnətə dönmüşdü... 
– Yaydır, – Rolanda izahat verdi, – onlara səhər-səhər bir az sərbəstlik vermək 
lazımdır... – Sonra Ravikin üzünə baxdı: – Cümə axşamı madam mənim şərəfimə 
ziyafət verir. Gələrsən? 
– Cümə axşamı? 
– Bəli.  
«Cümə axşamı? – Ravik ürəyindən keçirdi. – Yeddi gündən sonra... Yeddi gün... 
Yeddi il kimi çəkəcək...–Cümə axşamı hər şey bitmiş olacaq! Cümə axşamı... Kim 
bilir, o vaxta kimi nələr olacaq...» 
– Əlbəttə! – dedi. – Harada? 
– Burada. Saat altıda. 
– Yaxşı, mütləq gələrəm. Gecən xeyrə qalsın, Rolanda. 
– Xeyrə qarşı, Ravik. 
 
Hər şey retragtoru qoyanda baş verdi. Qəflətən üzünə kəskin, isti bir dalğa vurdu. 
Bir anlığa nə edəcəyini bilmədi. Qıpqırmızı açıq yara, bağırsaqların arasına 
qoyduğu isti, yaş tənziflərdən qalxan seyrək buxar, sıxılmış nazik damarlardan 
sızan qan... Birdən Ejeninin sualedici baxışlarını, cərrahiyyə lampalarının bumbuz 
işığında Veberin iri sifətinin qırışlarını, saqqalındakı tükləri gördü, özünü ələ alıb, 
sakitcə işinə davam etdi. 


 
254
Yaranı tikirdi. Tikən yalnız əlləri idi... Yaranın ağzı yumuldu. Hiss etdi ki, tər 
bədənindən sel kimi axır... 
– Tikişi axıra çatdırmaq istəmirsiniz? – deyə Veberdən soruşdu. 
– İstəyirəm. Nə olub? 
– Heç nə... Yaman istidir... Yuxudan doymamışam... 
Ejeninin təəccüblü baxışlarını Veber də gördü. 
– Belə şeylər olur, Ejeni, – dedi. – Hətta mömin adamların da başına gəlir. 
Qəflətən otaq başına fırlandı. Dəhşətli bir yorğunluq hiss elədi. Veber tikiş qoyur, 
Ravik də qeyri-ixtiyari ona kömək edirdi. Dili şişib ağzına sığmırdı. Damağı 
pambıq kimi olmuşdu. Ağır-ağır nəfəs alırdı... «Lalələr...–elə bil, bu sözləri kimsə 
ona deyirdi, – Flandriya çöllərindəki lalələr... Qıpqırmızı qızaran yarılmış qarın 
boşluğu... həyatın bu açıq-saçıq sirri bıçaq tutan əlinin altındadır... Əli bir balaca 
titrədi, vəssalam, dövrə qapanacaq, ölüm yavaş-yavaş ona tərəf sürünəcək... Yox, 
daha təşrih eləyə bilmərəm, – deyə ürəyindən keçirdi. – O işi görüb qurtarandan 
sonra...» 
Veber yaraya yod çəkib dedi: 
– Qurtardı. 
Ejeni xəstənin ayaqlarını düzəltdi, xərək səssiz-səmirsiz otaqdan çıxdı. 
– Siqaret verim? – Veber soruşdu. 
– Xeyr, getməliyəm, işim var. Mənlik heç nə qalmadı ki? 
– Xeyr. – Veber təəccüblə onun üzünə baxdı.– Hara tələsirsiniz? Bəlkə, sodalı 
«Vermut», ya da sərin bir şey içəsiniz? 
– Heç nə istəmirəm, getmək lazımdır. Belə gec olduğunu bilmirdim. Hələlik, 
Veber. 
Tələsik xəstəxanadan çıxdı. Taksi lazım idi. Tez bir taksi tapmaq! Gördü ki, bir 
«Sitroen» gəlir, tez onu saxlatdı. 
– «Prins de Qall» mehmanxanasına! Cəld olun! 
«Gərək, Veberə deyəm ki, bu bir neçə günü mənsiz keçinsin, – deyə ürəyindən 
keçirdi. – Bu cür yaramaz! Təşrihin şirin yerində yadıma düşsə ki, Haake indi zəng 
vurur, huşum başımdan çıxar!» 
Taksinin pulunu verib, mehmanxanaya girdi. Liftin gəlib çıxması əbədiyyət qədər 
uzun çəkdi... Enli dəhlizdən keçib otağın qapısını açdı. Bu da telefon! Dəstəyi elə 
qaldırdı ki, elə bil, ondan daş asılmışdı. 
– Danışan fon Horndur, mənə zəng eləyən olub? 
– Bircə dəqiqə, müsyö! 
Ravik gözlədi. Nəhayət, telefonçu qızın səsi eşidildi: 
– Xeyr, heç kəs zəng eləməyib. 
– Təşəkkür edirəm. 
 
Morozov günortadan sonra gəldi. 
– Çörək yemisən? – deyə ondan soruşdu. 
– Yox, səni gözləyirəm, burada yeyərik. 
– Səfehlikdir, diqqəti cəlb eləyər. Parisdə yalnız xəstə adamlar evdə çörək yeyir. 
Get çörəyini ye, mən qalaram. Bu vaxt heç kim zəng vurmaz, hamının başı yeməyə 


 
255
qarışıb. Çox müqəddəs adətdir... Zəng eləsə, sənin xidmətçinəm, telefonunu 
yazaram, deyərəm ki, yarım saata qayıdacaq. 
Ravik tərəddüd etdi: 
– Yaxşı, – deyə, nəhayət, razılaşdı, – iyirmi dəqiqəyə qayıdıram. 
– Tələsmə, onsuz da çox gözləmisən, qoy əsəblərin bir az sakitləşsin. «Fuke»yə 
gedəcəksən? 
– Hə. 
– Onda otuz yeddinci ilin açıq «Vuvre» şərabından götür. İndicə ondan içmişəm, 
əntiqədir. 
– Yaxşı. 
Ravik liftlə aşağı düşdü. Tez küçənin o biri tərəfinə keçib, artırmaya göz gəzdirdi. 
Sonra restorana girdi, hər yana boylandı. Haake görünmürdü. V Georq prospekti 
tərəfdə boş stol tapıb oturdu, qızartma, salat, keçi pendiri və bir qrafin də «Vuvre» 
sifariş verdi. 
Yeyə-yeyə əllərinə, ora-bura baxırdı. Özünü məcbur eləyib şərabın dadına baxdı, 
gördü ki, bir az turşdur. Asta-asta yeyir, yan-yörəsinə, «Zəfər tağı»nın üstündə ipək 
bayraq kimi yellənən səmaya baxırdı. Sonra qəhvə gətirtdi, dadına baxıb gördü, 
acıdır, tələsmədən siqaret yandırdı ki, bir az da otursun, küçədən keçənlərə baxsın. 
Sonra durub «Prins de Qall» mehmanxanasına tərəf getdi və hər şeyi unutdu... 
– «Vuvre» necə idi? – deyə Morozov soruşdu. 
– Yaxşı. 
Morozov cib şahmatını çıxardı: 
– Bir partiya oynayaq? 
– Oynayaq. 
Fiqurları balaca taxtanın üstündəki deşiklərə taxdılar. Morozov kresloya əyləşdi. 
Ravik də divanda oturub dedi: 
– İnanmıram, məni burada pasportsuz üç gündən artıq saxlasınlar. 
– Müdiriyyətdən soruşan olub? 
– Hələ yox. Bəzən pasportla vizanı otağı verəndə soruşurlar, ona görə də gecə 
gəldim. Növbətçi oğlan çox sorğu-suala tutmadı. Dedim ki, mənə beş günlüyə bir 
otaq lazımdır. 
– Bahalı mehmanxanalarda elə şeyə çox fikir vermirlər. 
– Gəlib pasport istəsələr, çətin olacaq... 
– Hələ gəlməzlər. «V Georq» və «Rits» mehmanxanalarından öyrənmişəm... 
Amerikalı kimi qeyd olunmusan? 
– Yox, Utrextdən gəlmiş hollandiyalı kimi yazdırdım. Adım bir az şübhəli 
görünərdi, ehtiyat üçün onu da bir az dəyişdim, «Fon» Horn əvəzinə, «Van» 
yazdırdım. Haake zəng eləsə, baş açmayacaq, ikisi də eyni səslənir. 
– Yaxşı eləmisən. Mənə elə gəlir, hər şey yaxşı olacaq. Axı sən ucuz otaq 
tutmamısan, ona görə də fikir verən olmayacaq. 
– Yəqin, elə olar. 
– Heyif ki, onda adını Horn demisən. Şəxsi vəsiqə yeri bilirdim, hələ bir il vaxtı 
qalmışdı. Yeddi ay bundan qabaq ölən döstumun idi. Meyiti yoxlayanda dedik ki, 
Almaniyadan qaçıb, sənədi yoxdur. Vəsiqəni xilas etdik. Yozef Vays adı ilə 
torpağın altında yatmağın ona heç bir ziyanı olmayacaq, ancaq iki mühacir o 


 
256
sənədlə xeyli yaşayıb. Adı İvan Kluke idi. Rus adına oxşamır. Şəkli də saralıb, 
profildən çəkilib, möhürü də yoxdur, asanca dəyişmək olar. 
– Yox, belə yaxşıdır. Buradan çıxandan sonra nə Horn, nə də onun sənədi olacaq. 
– Polisə görə deyirdim. Ancaq o da gəlməz. Hər nömrəsi yüz frankdan artıq olan 
mehmanxanalara gəlmirlər. Mən bir qaçqın tanıyıram, beş ildir «Rits»də sənədsiz 
qalır. Bundan bircə gecə növbətçisinin xəbəri var. Ancaq bütün bunlara 
baxmayaraq, dostların səninlə maraqlansa, nə deyəcəyini fikirləşmisən? 
– Əlbəttə! Pasportumu viza almaq üçün Argentina səfirliyinə vermişəm. 
Deyəcəyəm ki, sabah alıb gətirərəm. Çamadanımı qoyub çıxaram, bir də bu 
tərəflərə fırlanmaram. Ona kimi vaxtım çox qalır. Əvvəlcə polisin özü gəlmir, 
müdiriyyətdən soruşurlar. Mən də buna ümidliyəm. Başqa cür olsa, burada 
qalmağım mənasız şeydir. 
– Hər şey yaxşı olacaq. 
Onlar doqquzun yarısına kimi oynadılar. Axırda Morozov dedi: 
– İndi də get şam elə, mən hələ buradayam, bir azdan gedəcəyəm. 
– Sən get, özüm sonra burada yeyərəm. 
– Boş-boş danışma! Get əməlli-başlı çörək ye! Dostun zəng eləsə, çox güman ki, 
əvvəlcə onunla vurası olacaqsan. O vaxta kimi yaxşıca yemək lazımdır. Onu hara 
aparacağını bilirsən? 
– Hə. 
– Dediyim odur ki, bəlkə, harayasa getmək, ya da içmək istədi. 
– Çox yer tanıyıram, heç kim mane olmayacaq. 
– İndisə get, çörəyini ye. Ancaq içmə. Yağlı şey götür ki, ürəyini bassın. 
– Oldu. 
Ravik yenə «Fuke»yə tərəf getdi. Birdən ona elə gəldi ki, bunların heç biri gerçək 
deyil. Sanki, hamısını kitabda oxuyur, melodramatik filmə baxır, ya da yuxusunda 
görürdü. Yenə bayaqkı kimi restoranın hər iki tərəfini yoxladı. İşıqlı artırmalar 
adamla dolu idi. Bütün stolları bircə-bircə yoxladı. Haake görünmürdü. 
Qapıya yaxın yerdə oturdu. Buradan içəri girənlər də, küçədən keçənlər də 
görünürdü. Qonşu stolda iki qadın «Menboş» və «Skaparelli» mağazalarından 
danışırdılar. Çənəsaqqal bir kişi də onların yanında oturub susurdu. Bir az o tərəfdə 
fransızlar siyasətdən dəm vururdular. Biri «Croix de fei» (22) təşkilatını, digəri isə 
kommunistləri müdafiə edirdi, qalanları da hər ikisini lağa qoyurdu. Hamısı da 
arabir qonşu stolda «Vermut» içən iki qəşəng, özünüçəkən amerikalı qıza baxırdı. 
Ravik şərab içə-içə küçəyə baxırdı. O qədər axmaq deyildi ki, təsadüfə inansın. 
Təsadüflər təkcə maraqlı əsərlərdə tapılmaz, həyatın özündə isə addımbaşı rast 
gəlirsən, çoxu da axmaq təsadüf olur... «Fuke»də yarım saat da ləngidi. 
Günortadan indi yaxşı idi. Bir dəfə də «Yelisey çölləri» tərəfdən artırmaya baxdı, 
sonra mehmanxanaya qayıtdı. 
– Bu da maşının açarı, – deyə Morozov açarı ona uzatdı. – Dəyişdim, indi göy 
rəngli «Talbo»dur. Oturacaqları da dəridir. O birininki parçadan idi. Dərini asan 
yumaq olur. Bu, kabrioletdir, istəyirsən, üstüaçıq sür, istəyirsən də bağlı. Ancaq 
pəncərələri həmişə açıq qoy. Örtülü maşında güllə atası olsan, arxa pəncərəni açıq 
qoy, güllə çölə çıxsın, heç yeri deşməsin. İki həftəliyə götürmüşəm. O dəqiqə də 


 
257
qaraja salma. Qoy həmişə maşın çox olan ucqar bir küçədə qalsın, havası dəyişsin. 
İndi «Lankaster» mehmanxanası ilə üzbəüz Berri küçəsindədir. 
– Yaxşı, – deyə Ravik açarı alıb telefonun yanına qoydu. 
– Bu da onun sənədləri. Ancaq sənə sürücü vəsiqəsi tapa bilmədim. Çox adama 
ağız açmaq istəmədim... 
– Lazım deyil. Antibdə olanda onsuz sürürdüm, – deyə Ravik sənədləri də açarın 
yanına qoydu. 
– Maşının yerini də bu axşam dəyiş, – deyə Morozov əlavə etdi. 
«Melodramdır! – Ravik ürəyindən keçirdi. – Özü də çox pis melodramdır!» 
– Dəyişərəm, çox sağ ol, Boris. 
– Mən də səninlə gedərdim... 
– Lazım deyil, belə işi tək görərlər. 
– Elədir. Boş yerə risqə getmə, imkanı da əldən buraxma. İşini bitir, vəssalam. 
Ravik gülümsədi: 
– Bunları mənə yüz dəfə demisən, Boris! 
– Deməyin ziyanı yoxdur. Vay o günə ki, həlledici anda başına səfeh bir fikir 
gəlsin. 1915-ci ildə Moskvada Volkovskinin başına elə bir iş gəlmişdi. Birdən-birə 
şərəf hissi baş qaldırmışdı. Hərdən ovçular da belə insaflı olur. Guya, adamı 
soyuqqanlıqla öldürmək olmaz və buna oxşar şeylər... Axırda əclafın biri onu güllə 
ilə vurdu. Siqaretin çatar? 
– Hələ artıq da qalar. Burada istədiyin şeyi telefonla sifariş vermək olur. 
– «Şəhrizad»da olmasam, mehmanxanaya gəl, məni oyat. 
– Onsuz da gələcəyəm. Oldu, ya olmadı... 
– Yaxşı, salamat qal, Ravik. 
– Xoş getdin. 
Ravik qapını onun arxasınca bağladı. Otağa qəflətən dərin bir sükut çökdü. Gəlib 
divanın bir güncündə oturdu, divarlara baxdı. Mavi zolaqlı divar kağızı 
çəkilmişdi... Bu ikicə gündə onlara illər uzunu yaşadığı mehmanxananın 
divarlarından yaxşı bələd olmuşdu. Güzgünü də, boz rəngli velür xalı çəkilmiş 
döşəməni də, pəncərədəki qara ləkəni də, çarpayının da, stolun da cizgilərini, 
kreslonun üstündəki örtükləri də yaxşı tanıyırdı, hamısına bitdə-bitdə, iyrənə-
iyrənə bələd olmuşdu. Bircə telefon qalmışdı... 
 
                                                                        XXIX 
 
 
«Talbo» Bassona küçəsində «Reno» ilə «Mersedes-Bens»in arasında dayanmışdı. 
«Mersedes» lap təzə idi və ona italyan nömrəsi taxılmışdı. Ravik «Talbo»nu 
fırladıb aradan çıxardı. Ancaq səbri o qədər tükənmişdi ki, diqqətini toplaya 
bilmədi, «Talbo»nun arxa buferi «Mersedes»in sol böyrünə toxunub cızdı. Ravik 
buna fikir verməyib maşını sürətlə Osman bulvarına sürdü. 
Çox bərk gedirdi. Yaxşı ki, əlinin altında maşın var idi, ürəyindən daş kimi asılmış 
qara fikirləri dağıdırdı. 


 
258
Səhər saat dörd idi. Çox gözləməli olmuşdu. Ancaq birdən-birə hər şey mənasını 
itirmişdi. Çox güman ki, Haake o təsadüfi görüşü çoxdan unutmuşdu. Bəlkə də, 
ondan sonra heç Parisə gəlməmişdi. Onların işi indi çox olardı... 
Morozov «Şəhrizad»ın qabağında dayanmışdı. Ravik maşını bir tin uzaqda 
saxlayıb, piyada geri qayıtdı. Morozov onu uzaqdan gördü. 
– Xəbər göndərmişdim, aldın? 
– Yox, Boris, nə olub ki? 
– Beşcə dəqiqə bundan əvvəl zəng eləmişdim. İçəridə bir dəstə adam oturub, biri 
sən deyənə oxşayır. 
– Harada oturublar? 
– Orkestrin yanında. Təkcə həmin stolda dörd nəfər oturub. Qapıdan da görərsən. 
– Oldu. 
– Qapının yanındakı balaca stol arxasında otur, sənə saxlatmışam. 
– Yaxşı yaxşı, Boris... 
Ravik qapının ağzında dayandı. Zal qaranlıq idi. Rəqs meydançası projektorların 
işığına qərq olmuşdu. Gümüşu paltar geymiş müğənni meydançanın ortasında 
dayanmışdı. İşıq o qədər gur idi ki, rəqs meydançasından başqa heç nəyi seçmək 
olmurdu. Ravik diqqətlə orkestrin yanındakı stola baxdı, ancaq heç nə seçə 
bilmədi. Projektorun titrəyən dümağ işığı onun qabağını kəsmişdi... 
Qapının yanındakı stol arxasında oturdu. Xidmətçi bir qrafin araq gətirdi. Orkestr, 
sanki, inildəyirdi. Həzin musiqi dalğaları elə asta-asta yayılırdı ki, elə bil, ilbiz 
sürünürdü: «J attendrai… j attendrai» (23). 
Müğənni qız baş əydi, alqış sədaları qopdu. Ravik başını bir az da irəli uzatdı. 
İşıqvuranların sönməsini gözləyirdi. Müğənni qız orkestrə tərəf döndü. Qaraçı 
başını tərpədib, skripkanı çənəsinə söykədi. Simbalın boğuq ruladası eşidildi. Təzə 
mahnı başladı: 
La chapelle au elai de la lune (24) 
Ravik gözlərini yumdu. Daha dözə bilmirdi, səbri tükənmişdi. Mahnı qurtarmamış 
dikəldi. İşıqvuranlar söndü, stolların altındakı lampalar yandı. Projektorun işığına 
çox baxdığı üçün əvvəlcə qaranlıq kölgələrdən başqa heç nə seçə bilmədi. 
Gözlərini yumub, təzədən açdı. Stolu o dəqiqə tapdı.  
Yavaş-yavaş geri söykəndi. Kişilərdən heç biri Haake deyildi. Xeyli beləcə oturdu. 
Qəflətən dəhşətli bir yorğunluq hiss elədi. Hətta gözləri də yorulmuşdu. Zaldakı 
şeylər gah birdən, gah da dalğa-dalğa üstünə gəlirdi. Musiqi, tez-tez enib-qalxan 
səslər, zaldakı boğuq uğultu mehmanxanadakı sükutdan və yeni bir məyusluqdan 
sonra onun beynini dumanlandırdı. Sanki, cürbəcür, rəngarəng yuxular görürdü, 
ağır düşüncələrə dalmış, gözləməkdən yorulmuş beyin hüceyrələri şirin bir 
hipnozla uyuyurdu… 
Haradasa lap uzaqlarda, tutqun bir işıq ləkəsində rəqs edənlərin arasında Joanı 
gördü. Başı az qalırdı oynadığı kişinin çiyninə dəysin. Bu, Ravikə heç təsir 
eləmədi. «Heç kəs sənə bir vaxtlar sevdiyin adam kimi yadlaşa bilməz, – deyə 
yorğun-yorğun ürəyindən keçirdi. – Çətini adamın xəyal dünyası ilə onu bağlayan 
sehirli sap qırılana kimidir. Qırılandan sonra, bəlkə də, həmin sapın ucları getdikcə 
sönən ulduz kimi közərə-közərə gah sənə, gah da ona tərəf yellənsin, ancaq xeyri 
yoxdur, o közərti də onu alovlandırmır, çünki ürəklər arasındakı körpü uçub…» 


 
259
Başını divanın söykənəcəyinə qoydu. «Dərin-dərin uçurumların üstündən salınmış 
qıl körpü… Dumanlı şəhvət hisslərini cilalayan şirin sözlər… Dəniz üzərində bitən 
çayır çiçəkləri… Dərmək istəyirsən, əlin boşa çıxır, sulara qərq olursan…» 
Dikəldi. Yuxu aparmamış buradan çıxmaq lazım idi. İşarə ilə xidmətini çağırdı: 
– Nə verəsiyəm? 
– Heç nə. 
– Necə yəni? 
– Heç nə içməmisiniz. 
– Ah, düz deyirsiniz… – Ona çaypulu verib çıxdı. 
– O deyil? – Morozov bayırda soruşdu. 
– Yox. 
Morozov peşman-peşman onun üzünə baxdı. 
– Daha bəsdir! – Ravik sükutu pozdu. – Qoy cəhənnəm olsun, gülünc işdir, uşaq 
oyunudur… Beş gündür gözləyirəm. Özü deyirdi ki, Parisdə iki-üç gün qalır. O 
hesabla getmiş olar. Bəlkə də, heç gəlməyib… Yata bilmirəm. İndi «Prins de 
Qall»a gedirəm. Çamadanımı götürüb, otağı təhvil verəcəyəm. 
– Yaxşı, onda sabah günorta orada görüşərik. 
– Harada? 
– «Prins de Qall» mehmanxanasında. 
Ravik onun üzünə baxdı: 
– Hə, düz deyirsən... Mən yenə boş-boş danışıram... Bəlkə də, doğru sözümdür... 
Nə bilim... 
– Sabah axşama kimi gözlə. 
– Yaxşı, baxaram. Gecən xeyrə qalsın, Boris. 
– Xeyrə qarşı, Ravik. 
 
«Oziris»in yanından keçirdi. Maşını tində saxladı. «İnternasional»da qalacağını 
fikirləşəndə canına üşütmə düşürdü. Bəlkə, burada bir-iki saat gözünün acısını ala 
bildi. Bazar ertəsi idi və bu gün fahişəxanalarda sakitlik olurdu. Qapıçı çöldə yox 
idi. Çox güman ki, içəridə də adam qalmamışdı. 
Rolanda qapının ağzında dayanıb böyük zalı nəzərdən keçirirdi. Pianolanın səsi, 
demək olar ki, boş qalmış zalı başına götürmüşdü. 
– Deyəsən, bu gün sakitlikdir, Rolanda? 
– Elədir. Təkcə bu balqabaq qır-saqqız olub yapışıb. Lap heyvan kimi qızışıb, 
ancaq quyruq ələ vermir. Belələrini özün yaxşı tanıyırsan: ürəyindən keçir, ancaq 
qorxur. Bu da almandır. Ancaq pulunu verib, indi durar. 
Ravik laqeyd-laqeyd o tərəfə baxdı. Kişinin arxası ona sarı idi. Yanında iki qız 
oturmuşdu. Kişi qızlardan birinə tərəf əyilib döşlərindən tutanda, Ravik onun 
üzünü gördü: Haake idi! 
Rolanda nəsə dedi, ancaq Ravik heç nə başa düşmədi. Səs, sanki, quyudan gəlirdi. 
Təkcə onu hiss etdi ki, bir az geri çəkilib, qapıda elə dayanıb ki, yalnız stolun bircə 
tərəfini görə bilir. Özü isə görünməzdi. 
– Konyak istəyirsən? – Rolandanın səsi yenə, elə bil, quyudan gəlirdi. 


 
260
Orqanın xışıltılı səsi... Ravik hələ də səntirləyirdi, elə bil, damarlarındakı qanı da 
donmuşdu. Yumruqlarını elə sıxmışdı ki, dırnaqları ətə yerimişdi. Gərək, Haake 
onu görməsin! Gərək onu tanıdığını Rolanda bilməsin! 
– Xeyr...–İndi də öz səsini eşitdi.–Çox içmişəm. Deyirsən, almandır? Tanıyırsan? 
– Haradan tanıyıram?–Rolanda çiyinlərini çəkdi.– Hamısı bir-birinə oxşayır. 
Deyəsən, bu, birinci dəfədir gəlib. Bəlkə, bir şey içəsən? 
– Xeyr, elə-belə gəlmişdim... 
Hiss etdi ki, Rolanda ona baxır, güclə özünü yığışdırdı: 
– Ziyafətin vaxtını dəqiqləşdirməyə gəlmişdim. Cümə axşamı dedin, ya cümə 
günü? 
– Cümə axşamı. Özün demədin ki, gələcəksən? 
– Mütləq gələcəyəm! Ona görə də dəqiqləşdirmək istədim... 
– Cümə axşamı saat altıda. 
– Yaxşı, bir dəqiqə də o yan-bu yana olmayacaq. Elə buna görə gəlmişdim. Mən 
getdim, gecən xeyrə qalsın, Rolanda. 
– Xeyrə qarşı, Ravik. 
Aydınlıq gecə birdən-birə uğuldamağa başladı. Evlər evlikdən çıxıb daş yığnağına, 
pəncərə cəngəlliklərinə döndü. Sanki, müharibə başlamışdı, kəşfiyyatçılar bomboş 
küçə ilə sürünə-sürünə gedirdilər. Maşını gizlətmişdilər, motoru uğuldayırdı, özü 
də düşməni pusurdu.. 
Çıxanda tapança ilə vursunmu? Diqqətlə küçə uzunu baxdı. Bir-iki maşın, sarı 
işıqlar, pişiklər... Lap uzaqda, fənərin altında kimsə dayanıb, polisə oxşayır. 
Maşının nömrəsi, güllə səsi, onu indicə burada görmüş Rolanda... Qulağına 
Morozovun səsi gəldi: «Heç vaxt, heç vaxt risq eləmə... Risq etməyə dəyən iş 
deyil.» 
Nə qapıçı var, nə də taksi. Bazar ertəsi bu vaxtlar minik həmişə az olur. O, bunları 
ürəyindən keçirən anda bir taksi gəlib qapının ağzında dayandı. Sürücü siqaret 
yandırıb, əsnədi. Ravik hiss etdi ki, bütün bədəni üşürgələnir, ancaq yerindən 
tərpənmədi... 
İndi neyləsin? Bəlkə, düşüb sürücüyə desin ki, içəridə heç kəs yoxdur? Yox, elə 
yaramazdı. Onu harayasa göndərmək lazımdır. Pulunu versin, nəsə tapşırsın, 
Morozovun yanına göndərsin. Tez dəftərçədən bir vərəq çıxarıb nəsə yazdı, sonra 
onu cırıb, təzəsini yazdı. Morozov onu «Şəhrizad»ın qabağında gözləsin, altında da 
ağlına gələn bir ad yazdı... 
Taksi birdən tərpəndi. Tez pəncərədən çölə baxdı, ancaq heç nə görə bilmədi. 
Bəlkə, o yazanda, Haake minmişdi? Tez maşını işə saldı. «Talbo» taksinin 
arxasınca tini buruldu. Arxa şüşədən heç kim görünmürdü. Ancaq Haake bir az 
yana da çəkilmiş olardı... Maşınlar yavaş-yavaş qoşalaşdı. İçəri qaranlıq idi, 
seçmək olmurdu. Bir az geri qalıb, təzədən taksiyə çatdı. İndi lap yaxın surürdü. 
Taksinin sürücüsü ona tərəf baxıb söydü: 
– Ey, balqabağın biri balqabaq, məni hara sıxırsan? 
– Sənin maşınında bir dostum oturub... 
– Sərxoş heyvan, görmürsən ki, maşın boşdur?  
Ravik özü də həmin anda gördü ki, taksinin hesablayıcısı qoşulmayıb. Tez geri 
dönüb, maşını «Oziris»ə qovmağa başladı. 


 
261
Haake səkidə dayanmışdı və ona əl elədi: 
– Ey taksi, taksi... 
Ravik ona yaxınlaşıb, əyləci basdı, 
– Taksidir?–Haake soruşdu. 
– Xeyr,–deyə Ravik başını pəncərədən çıxardı.–Salamlar! 
Haake diqqətlə ona baxdı, gözləri qıyıldı. 
– Nə? 
– Deyəsən, biz tanışıq...–Ravik almanca danışırdı.  
Hakke irəli əyildi və üzündəki şübhə əlaməti o dəqiqə yox oldu: 
– İlahi! Cənab fon... fon... 
– Horn. 
– Elədir, elədir! Cənab fon Horn! Yadıma düşdü! Təsadüfə bax! Bu neçə vaxtı 
haralarda idiniz, dost? 
– Parisdə. Gəlin əyləşin. Gəldiyinizi bilmirdim. 
– Bir-iki dəfə zəng elədim. Başqa mehmanxanaya köçmüsünüz? 
– Xeyr, hələ də «Prins de Qall»da qalıram.–Ravik maşının qapısını açdı.–Gəlin 
aparım, bu vaxt taksi tapa bilməzsiniz. 
Haake bir ayağını maşının ayaq yerinə qoydu. Ravik onun nəfəsini duydu, 
qıpqırmızı, allanmış yanaqlarını gördü. 
–Hə, «Prins de Qall» ...–Haake təkrar elədi.–Lənət şeytana, doğrudan da, elə idi. 
«Prins de Qall!». Mən «V Georq»a zəng vururam... – Ucadan güldü. – Sizi 
tanımadılar... İndi başa düşdüm... Düz deyirsiniz, «Prins de Qall» idi! 
Qarışdırmışam... Köhnə qeyd dəftərçəmi götürmədim, elə bildim, yadımda qalıb. 
Ravikin gözü «Oziris»in qapısında idi. Ordakıların çıxması xeyli çəkəcəkdi. Qızlar 
paltarını dəyişməli idi... Buna baxmayaraq, Haakeni maşına tez çəkmək lazımdı. 
Haake isə tələsənə oxşamırdı: 
– Ora getmək istəyirsiniz? 
– O məqsədlə gəlmişdim, ancaq, deyəsən, gecdir. 
Haake fısıldadı: 
– Elədir, əzizim, axırıncı mən çıxdım. Bağlayırlar. 
– Eybi yoxdur! Onsuz da, sən deyən, yer də deyil. Başqasına gedərik. Gəlin! 
– Başqası da var? 
– Əlbəttə! Yaxşıları hələ bundan sonra başlayır. Bu, turistlər üçündür. 
– Doğrudan? Mən elə bilirəm, ən yaxşısı budur. 
– Xeyr, bundan da yaxşıları var. Bu, onların yanında heç nədir. 
Ravik bir-iki dəfə qaz verdi, motor uğuldayıb sakitləşdi. Düz hesablamışdı, Haake 
onun yanında yerini rahatlayırdı: 
– Sizi görməyimə çox şadam,–dedi.–Doğrudan da, çox şadam. 
Ravik onun arxa tərəfindən əlini uzadıb qapını çəkdi. 
– Mən də çox şadam,–dedi. 
– Bura da pis yer deyil, lüt qızlar çoxdur. Polis də buna icazə verir! Yəqin, çoxu 
xəstə olar, eləmi? 
– Bəlkə də. Belə yerlərə adam ürəklə gedə bilmir,– deyə Ravik maşını tərpətdi. 
Haake siqaret çıxardı: 


 
262
– Tam etibarlı yerlər var? Sözün düzü, evə süzənəklə qayıtmaq istəmirəm. Bir 
tərəfdən də adam dünyaya bircə dəfə gəlir... 
– Elədir,–deyə Ravik elektrik alışqanı ona verdi. 
– İndi hara gedirik? 
– Başlanğıc üçün «Maison de Renda-rvous» (25) necə olar? 
– Bu, nə olan şeydir? 
– Orada yüksək cəmiyyətin qadınları macəra axtarır. 
– Nə? Doğrudan, yüksək cəmiyyətin xanımlarıdır? 
– Bəli. Kiminin əri qocadır, kimininki cansıxıcıdır, bəzilərininki də yaxşı pul 
qazanmır. 
– Bəs necə... Axı onlar birdən-birə... Bu, necə olur? 
– Həmin qadınlar bir-iki saatlığa ora gəlirlər. Necə deyərlər, kokteyl içməyə 
yığışırlar. Bəziləri də zəng vurandan sonra gəlir. Əlbəttə, ora Monmartrdakı 
fahişəxana kimi açıq-saçıq deyil... Hələ Bulon meşəsində əntiqə bir ev tanıyıram, 
sahibə xarici görkəmindən hersoginyaya oxşayır. Orada hər şey gözəl, intim, 
abırlıdır. 
Ravik yavaş-yavaş, sakit-sakit danışır, asta-asta nəfəs alırdı. Sanki, təcrübəli bir 
turist bələdçisi idi, ancaq yenə özünü danışmağa məcbur edirdi ki, sakitləşsin. 
Qolunun damarları titrəyirdi. Sükandan ikiəlli yapışmışdı ki, titrədiyi bilinməsin. 
– Otaqlara valeh olacaqsınız. Müasir mebellər... Döşəmədə, divarlarda qədim 
xalçalar... Seçmə şərab, əla xidmət... Qadınlara da söz ola bilməz, hamısı gül kimi 
təmiz! 
Haake ağzındakı tüstünü havaya üfürüb, Ravikə baxdı: 
– Bura baxın, cənab fon Horn, əzizim, bunlar hamısı gözəl səslənir! Ancaq bircə 
şey qaranlıq qaldı: yəqin, çox baha olar?! 
– Əksinə, çox ucuzdur. 
Haake pərt olsa da, qaqqıltı ilə güldü: 
– Baxır, kimə ucuzdur! Biz almanlar da...  
Ravik başını buladı: 
– Sahibə ilə aram yaxşıdır. Ona çox yaxşılığım keçib, bizi xüsusi qonaq kimi qəbul 
edəcək. Siz ora mənim dostum kimi gedirsiniz, ona görə də heç nə almayacaqlar. 
Uzaqbaşı kiməsə çaypulu verəcəksiniz. «Oziris»də bir şüşə şampan şərabı bundan 
çox eləyir. 
– Doğrudan? 
– Özünüz görəcəksiniz.  
Haake yerini rahatladı: 
– Lənət şeytana, bu, nəyə desən dəyər!–Ravikin üzünə baxıb irişdi.–Deyəsən, belə 
şeylərdə ustasınız, qadına da böyük yaxşılıq eləmisiniz. 
Ravik düz onun gözlərinin içinə baxdı: 
– Belə ev saxlayanlar hökumət orqanları ilə tez-tez toqquşurlar. Hərdən onları bir 
az sıxma-boğmaya salırlar. Nəyi nəzərdə tutduğumu özünüz yaxşı başa 
düşərsiniz... 
– Lap yaxşı başa düşürəm!–Haake bircə anlığa fikrə getdi.–Burada əlaqələriniz 
genişdir? 
– Bir az var. İki-üç dostum yüksək dairələrdə işləyir. 


 
263
– Az iş deyil! Bizə lazım olar. Bu haqda sizinlə söhbət etmək olar? 
– Əlbəttə! Parisdə nə qədər qalacaqsınız? 
Haake güldü: 
– Deyəsən, sizə həmişə gedən vaxt rast gəlirəm. Səhər tezdən, səkkizin yarısında 
yola düşürəm.–O, maşındakı saata baxdı.–İki saat yarım qalıb. Elə indi onu 
soruşmaq istəyirdim. Şimal vağzalına gedəsiyəm, çatarıq? 
– Əlbəttə! Əvvəlcə mehmanxanaya gedəcəksiniz? 
– Xeyr, çamadanım vağzaldadır. Otağı günorta təhvil verdim, bir günə qənaət 
elədim. Biz almanlar...–O, yenə güldü. 
Ravik birdən hiss elədi ki, özü də gülür. Əllərini bərk-bərk sükana sıxdı. «Ola 
bilməz!–ürəyindən keçirdi. – Ola bilməz! Heç nə olmayacaq, araya heç nə 
düşməyəcək! Bu qədər təsadüf olmaz...» 
Təmiz hava şərabın təsirini daha da artırdı. Haake güclə, yavaş-yavaş danışırdı. 
Küncə çəkilib yerini rahatladı və mürgüləməyə başladı. Alt çənəsi bir az da aşağı 
düşdü, gözləri yumuldu. Maşın Bulon meşəsinin sükuta dalmış qaranlığına baş 
vurdu. 
Fənərlərin işığı maşının qabağında səssiz-səmirsiz, xəyal kimi süzür və ağacları 
bir-bir qaranlığın caynağından qoparırdı. Akasiya ağaclarının ətri açıq pəncərədən 
içəri dolurdu. Təkərlər asfaltın üstündə elə xışıldayırdı ki, deyərdin, maşın heç vaxt 
dayanmayacaq. Motorun asta, ahəngdar uğultusu bu gecənin nəmli havasına 
qarışmışdı. Uzaqdakı balaca çay işıldayır, qaranlıq cökələrin fonunda söyüdlərin 
silueti işıq saçırdı. Şeh düşmüş çəmənliklər sədəf kimi parıldayırdı. Madrid şosesi, 
sonra Sən-jem şosesi, Neyiyə gedən yol... Qaranlıqda mürgü döyən bir ev. Su ətri... 
Sena çayı... 
Ravik Sena bulvarına çıxdı. Ay işığına bələnmiş sularda iki balıqçı qayığı qaralırdı. 
Haradasa lap uzaqlarda it hürürdü. Çaydan səs gəlirdi. Birinci qayığın tərəfində 
fənər yanırdı. Ravik maşını saxlamadı. Sürətin ahəngini pozmadı ki, maşın 
silkələnəndə Haake oyanar. Və Sena boyunca irəliləməyə başladı. Burada 
dayanmaq istəyirdi, ancaq mümkün deyildi. Qayıqlar sahilə çox yaxın idi. Fam 
şosesinə buruldu, çaydan uzaqlaşaraq, Lonşan xiyabanına tərəf sürdü. Oradan da 
«Kraliça Marqarite» xiyabanına keçib, yan tərəfdəki ensiz xiyabanlara sarı döndü. 
Haake tərəfə baxanda gördü ki, gözləri açıqdır və diqqətlə ona baxır. Gözləri göy 
rəngli şüşə şar kimi parıldayırdı. Raviki, sanki, elektrik cərəyanı vurdu... 
– Ayıldınız? 
Haake cavab vermədi. Gözlərini Ravikdən çəkmirdi. Qımıldanmırdı. Heç gözləri 
də tərpənmirdi.  
– Haradayıq?–deyə nəhayət soruşdu. 
– Bulon meşəsində, «Kaskada» restoranının lap yanında... 
– Çoxdan yoldayıq? 
– On dədiqədir. 
– Çox olar. 
– Olmaz. 
– Yatmazdan əvvəl saata baxdım. Yarım saatdan çoxdur ki, yol gəlirik. 
– Doğrudan? Elə bilirdim, az getmişik. İndicə çatırıq... 
Haake gözlərini hələ də Ravikdən çəkməmişdi. 


 
264
– Hara çatırıq? 
– «Görüş evi»nə.  
Haake qımıldandı: 
– Geri qayıdın,–dedi. 
– İndi? 
– Bəli. 
Sərxoşluq keçib getmiş, o, tamam ayılmışdı. Üzünün rəngi də dəyişmişdi. Bayaqkı 
şən ovqatdan, səmimiyyətdən nişanə qalmamışdı. Ravik indi birinci dəfə artıq 
gestaponun əzab-işgəncə dolu divarları arasında beyninə əbədi həkk olunmuş tanış 
sifəti gördü. Haake yanında oturan andan onu bürüyən həyəcan hissləri birdən-birə 
yoxa çıxdı. İndiyəcən ona elə gəlirdi ki, tanımadığı yad bir adamı öldürməyə 
hazırlaşır. Sanki, yanında oturan miskin bir şərab düşgünü idi və o da nahaq yerə 
kişinin üzündə, öz beynində əvvəlcədən dəqiqləşdirdiyi, indisə yadına salmaq 
istədiyi səbəbləri axtarırdı. Lakin qəflətən o vaxtlar dəhşətli ağrılardan huşunu 
itirib təzədən özünə gələndə gördüyü gözləri tanıdı. Yenə həmin soyuq baxışlar, 
yenə həmin soyuq, sakit, təkid dolu səs... 
Həmin anda beynində, sanki, çevriliş oldu. Elə bil, elektrik cərəyanı öz axın 
səmtini dəyişdi. Gərginlik qalmışdı, ancaq səhərdən bəri onu üzən qarmaqarışıq, 
ziddiyyətli, tez-tez istiqamətini dəyişən hisslər yığışıb bircə məqsədə yönələn axına 
çevrildi. İndi beynində həmin məqsəddən başqa heç nə yox idi... İllərin tutqun 
pərdəsi yanıb gülə döndü, bomboz divarlı bina, gur işıqlı çətirsiz lampalar, qan, tər 
qoxusu, əzab-işgəncə dolu anlar təzədən baş qaldırdı... 
– Neyçin?–Ravik soruşdu. 
– Qayıtmalıyam, mehmanxanada gözləyəcəklər. 
– İndi deyirdiniz, şeyləriniz vağzaldadır? 
– Vağzaldadır, ancaq başqa işim var. Yadımdan çıxmışdı... Geri qayıdın! 
– Oldu. 
Ravik bir həftə bundan əvvəl Bulon meşəsində gecə-gündüz məşq eləmişdi. İndi 
harada olduqlarını bilirdi. Bir-iki dəqiqə də lazım idi... 
Sol tərəfdəki ensiz xiyabana tərəf döndü. 
– Qayıdırıq? 
– Bəli. 
Hətta gündüzlər belə günəş işığını buraxmayan ağacların altındakı boğuq hava 
içəri doldu. Zülmət qaranlıq... Ravik güzgüdə gördü ki, Haake sol əlini yavaş-
yavaş, ehtiyatla qapının tutacağından geri çəkdi. «Nə yaxşı ki, «Talbo»un sükanı 
sağdadır»,–deyə Ravik ürəyindən keçirdi. Döngəni buruldu, sükanı təkcə sol əli ilə 
tutub, Haake tərəfə meyilləndi, sanki, döngədə müvazinətini saxlaya bilmədi, 
dümdüz xiyabana çıxan kimi qaz verdi. Maşın irəli atıldı və bir neçə saniyədən 
sonra o var gücü ilə əyləci basdı... «Talbo», elə bil, yerə mıxlandı, təkərlər 
xırçıldadı. Bir ayağı əyləcdə, bir ayağını da döşəməyə dayayan Ravik müvazinətini 
saxlaya bildi. Bu təkanı gözləməyən Haakenin ayaqları ilişəcək tapa bilmədi, başı 
qabağa əyildi. Əlini vaxtında cibindən çıxara bilmədi, alnı maşının şüşəsi ilə alətlər 
yığılan qutunun tininə dəydi. Həmin anda Ravik sağ cibindən çıxardığı ağır açarla 
onun boynunun kökündən vurdu... 


 
265
Haake bir daha dikəlmədi. Yana əyilərək, yavaş-yavaş oturacaqdan sürüşdü, çiyni 
qapıya ilişəndə dayandı. O biri çiyni də alətlər yığılan qutuya söykəndi... 
Ravik maşını o dəqiqə tərpətdi. Xiyabanı keçib, fənərlərin işığını azaltdı. Sürə-sürə 
ətrafı dinşədi, bilsin ki, əyləci basarkən xırçıltını eşidən oldumu... Götür-qoy 
etməyə başladı. Gələn olsa, Haakeni tez sürüyüb kolların arasında gizlətsinmi? Bir 
az gedəndən sonra dayandı, motoru da, işıqları da söndürdü, cəld maşından düşüb 
qapağı qaldırdı, Haake tərəfdəki qapını açıb hazır qoydu, ətrafı dinşədi. Elə yerdə 
dayanmışdı ki, gələn olsa, həm görərdi, həm də ayaq səsini eşidərdi. Haakeni 
sürüyüb kolun dalında gizlətməyə vaxt çatardı. Özünü elə göstərdi ki, guya, motor 
xarab olub. 
Sükutun özü də haraya dönmüşdü. Elə qəfildən, elə gözlənilmədən çökdü ki, beyni 
uğuldamağa başladı. Əti ağrıyanacan yumruqlarını sıxdı. Bilirdi ki, qulaqlarındakı 
küyültü öz qanının səsidir... Yavaş-yavaş, dərindən nəfəs aldı... 
Uğultu xışıltıya çevrildi. Bir az sonra həmin xışıltının arasından şıqqıltı eşidildi və 
getdikcə ucalmağa başladı. Ravik bütün varlığı ilə diqqət kəsildi. Səs ucalırdı, özü 
də metal cingiltisinə oxşayırdı. Və birdən gördü ki, cırcıramalardır. Xışıltı o dəqiqə 
kəsildi. İndi bir özü idi, bir də qarşısındakı balaca çəmənliklə səhərlə birgə oyanan 
cırcıramalar... 
Dan sökülürdü. Ravik motorun qapağını saldı. Vaxt idi, işıqlaşmamış 
qurtarmalıydı. Ətrafına boylandı. Bura əlverişli deyildi. Ümumiyyətlə Bulon 
meşəsində yaxşı yer olmazdı. Senaya da atmaq yaramazdı, çünki hava işıqlaşırdı. 
Onunla belə gec rastlaşacağını hesablamamışdı. Birdən diksindi. Xışıltı eşidildi. 
Elə bil, nəyisə cırmaqlayırdılar... Sonra inilti eşitdi. Haakenin bir əli açıq qapıdan 
çıxıb, ayaq yerini cırmaqlayırdı... Ravik gördü ki, açar hələ də əlindədir. Onun 
pencəyinin yaxasından tutub özünə tərəf çəkdi, başı çölə çıxan təki açarla iki dəfə 
peysərinə vurdu. İnilti kəsildi... 
Nəsə şıqqıldadı. Ravik yerindən tərpənməyib, qulaq verdi. Sonra gördü ki, 
Haakenin tapançasıdır, oturacaqdan ayaq yerinə düşüb. Əyləci basmamışdan qabaq 
əlində imiş... Ravik onu götürüb maşına atdı. Yenə ətrafı dinşədi. Cırcıramalar, 
balaca çəmənlik... Yavaş-yavaş ağaran səma, elə bil, geri çəkilirdi. Tezliklə günəş 
çıxacaq! Ravik qapını açıb Haakeni çıxardı, qabaq oturacağı irəli çəkdi, onu 
oturacaqların arasındakı ayaqaltına qoymaq istədi, ancaq alınmadı, yer çox dar idi. 
Arxaya qaçdı, yük yerini açıb, oradakıların hamısını bir tərəfə yığdı. Təzədən 
qayıdıb, Hakkeni çıxardı, arxa tərəfə gətirdi. Hələ ölməmişdi. Çox ağır idi. Tər 
üzündən sel kimi axırdı. Birtəhər onu yük yerinə yerləşdirdi. Dizlərini qatlamışdı 
və Haake indi ana bətnində büzüşmüş körpəyə oxşayırdı... 
Sonra yerə qoyduğu alətləri: beli və qaldırıcını gətirib maşının içinə qoydu. Lap 
yaxınlıqdakı ağacın başında bir quş cəh-cəh vurdu. Ravik diksindi. Ona elə gəldi 
ki, ömründə belə uca səs eşitməyib... Çəmənliyə baxdı. Hava getdikcə işıqlaşırdı... 
Risq etməyə dəyməzdi. Geri qayıdıb, yük yerinin qapağını yarıyacan qaldırdı. Sol 
ayağını arxa buferin üstünə qoyub, dizi ilə qapağı saxladı. Çox qaldırmadı, əlləri 
girsə bəs idi. Görən olsa, deyərdi ki, cidd-cəhdlə iş görür. İstədiyi anda qapağı 
salardı. Yolu uzun idi və Haakeni indidən öldürmək lazımdı... 
Onun başı sol küncə yaxın idi və görünürdü. Boğazı nazilmişdi. Dodaqlarına qan 
hələ də işləyirdi. İkiəlli xirtdəyindən yapışıb, sıxmağa başladı. Haakenin ölməsi, 


 
266
sanki, əbədiyyətin özü qədər uzun çəkdi. Başı azacıq tərpəndi, bədəni dikəlməyə 
çalışdı, sanki, paltar sıxırdı... Sonra dodaqları aralandı, quş yenə də cəh-cəh 
vurdu... Dili ağzından çıxdı. Şişib sapsarı olmuşdu. Və qəflətən Haake bir gözünü 
açdı. Həmin göz bərəldi, sanki, işıq tapıb Ravikə baxdı, sonra da, elə bil, yerindən 
qopub ona tərəf gəldi... Ancaq həmin anda bədən sustaldı... Ravik onu bir az da 
saxladı. Nəhayət, Hakke keçindi... 
Qapağı saldı. Bir-iki addım atdı. Gördü ki, dizləri əsir. Ağaca söykənib öyüdü. Elə 
bil, ürəyi ağzına gəldi. Nə qədər çalışsa da, özünü saxlaya bilmədi, qusdu... 
Başını qaldıranda gördü ki, çəmənliklə bir kişi gəlir. Kişi Ravikə baxdı. Ravik 
yerindən tərpənmədi. Kişi yaxınlaşırdı. Çox asta yerişi vardı. Geyimindən bağbana, 
fəhləyə oxşayırdı. Ravikə tərəf baxdı. Ravik tüpürüb, bir qutu siqaret çıxardı, birini 
yandırıb, tüstünü ciyərlərinə çəkdi. Tüstü acı idi, boğazını yandırdı. Kişi xiyabana 
buruldu. Onun qusduğu yerə, maşına, sonra da Ravikin özünə baxdı. Heç nə 
demədi və Ravik də onun üzünün ifadəsindən heç nə anlaya bilmədi. Kişi asta 
addımlarla tini burulub gözdən itdi. 
Ravik bir neçə saniyə də gözlədi. Sonra yük yerini bağlayıb, motoru işə saldı. Daha 
Bulon meşəsində heç nə eləmək olmazdı. Hava çox işıqlaşmışdı. Sən-jermenə 
getmək lazım idi, oradakı meşələrə yaxşı bələddir... 
 
                                                                                    XXX 
 
Bir saatdan sonra maşını balaca mehmanxananın qabağında saxladı. Çox ac idi, 
başı hərlənirdi. Maşını binanın qabağına çəkdi. Bayıra iki stol və stullar 
qoyulmuşdu. Qəhvə ilə kökə sifariş verib, əlini yumağa getdi. Vanna otağından pis 
iy gəlirdi. Bir stəkan alıb, ağzını yaxaladı. Sonra əllərini yuyub, geri qayıtdı. 
Səhər yeməyi stolun üstündə idi. Bu qəhvənin də iyi bütün dünyadakı qəhvələrin 
iyi kimi idi və qaranquşlar damların üstündə dövrə vurur, günəş özünün ilk qızılı 
saçaqlarını evlərin divarlarına dolayır, adamlar işə gedir, meyxananın 
pəncərələrinin ipək pərdəsi arxasında ətəyini belinə sancıb daş döşəməni silən 
xidmətçi qız görünürdü... Ravik çoxdan belə sakit yay səhəri görməmişdi! İsti 
qəhvəni içdi, ancaq yeməyə ürək eləmədi. Kökələri əlinə götürməyə qorxurdu. 
Əllərinə baxdı. «Boş şeydir...– ürəyindən keçirdi.–Lənət şeytana, vasvası olub 
getmişəm. Yemək lazımdır...» Bir fincan da qəhvə içdi. Siqaret çıxardı, bilə-bilə əli 
dəyməyən tərəfini ağzına apardı. «Yox, belə olmaz!»–deyə fikirləşdi. Ancaq yenə 
də yemədi. Qət etdi ki, əvvəlcə işi qurtarmaq lazımdır və durub pulunu verdi. 
Naxır... Kəpənəklər... Çöllərlə, maşının şüşəsi ilə qucaqlaşan günəş... Maşının 
üstündəki çadırı qızdıran günəş... Haakenin üstündəki metal qapaqda bərq vuran 
günəş... O öldü, ancaq kim öldürdü, niyə öldürdü, bilmədi! Gərək, başqa cür 
olaydı. Başqa cür... 
 
«Məni tanıdın, Haake? Bilirsən kimdi?» 
Onun qıpqırmızı sifəti gözləri önündə çanlandı: 
«Xeyr, neçə bəyəm? Kimsiniz? Əvvəllər də görüşmüşük?» 
«Bəli». 


 
267
«Nə vaxt? Bir-birimizə «sən» deyd müraciət etmişik? Bəlkə hərbi məktəbdə? 
Yadıma düşmür.» 
«Yadına düşmədi, Haake, Hərbi məktəbdə olmayıb. Sonralar idi», 
«Sonralar? Bəs siz xaricdə yaşamamısınız? Mən isə Almaniyadan kənara 
çıxmamışam. Təkcə son iki ildə Parisə gəlirəm. Bəlkə hardasa vurmuşuq?» 
«Xeyr, içki yoldaşı olmamışıq. Burda yox… Almaniyada görüşmüşük, Haake!» 
Şlaqbaum... Dəmiryol xətləri... Qızılgül, floks, günəbaxanlarla dolu bağ... Dayanıb 
gözlədi. Vaqonları qaralan tənha bir qatar bu nəhayətsiz səhərin qoynunda 
fısıldayır. Maşının şüşəsindən bir cüt qızarmış göz baxırdı. Yük yerindəki tozun 
hamısı onlara dolmuşdu... 
«Almaniyada? Aha başa düşdüm! Partiya qurultayında… Nürnberqdə… Deyəsən, 
yadıma düşdü. Nürnberqdə görüşmüşük?» 
«Xeyr, Haake, – Ravik bu sözləri asta-asta şüşəyə dedi və his elədi ki, o dəhşətli 
illər dalğa-dalğa geri qayıdır. – Nürnberq yox… Berlində…» 
«Berlində?» – Maşının şüşəsində titrəyən kölgəli sifətdə gülümsər, səbrsizlik dolu 
bir ifadə oynadı. – Qurtarın, əzizim, oxunu atıb yayını gizlətməyin, özünüz deyin! 
Neyçin mənə bu qədər əziyyət verirsiniz? Nə vaxt görüşmüşük?» 
Sanki yerdən bir dalğa baş qaldırdı, yavaş-yavaş Raviki qoynuna almağa başladı. 
«Əziyyət verəndə, Haake! Elədir! Əziyyət verəndə!» 
Ehtiyatlı, inamsız bir gülüş… 
«Lağlağı eləməyin!» 
«Əziyyət verəndə, Haake! İndi bildin, mən kiməm?» 
Ehtiyatlı, inamsız, hədə dolu bir gülüş… 
«Hardan bilim? Əgər gizli dövlət polisinə işarə vurursunuzsa…» 
«Bəli, Haake, gestaponu deyirəm». 
Çiyinlərini çəkir. Təfərinclə baxır. 
«Əgər sizi orda dindirmişəmsə…» 
«Bəli. Yadına düşdü?» 
Yenə çiyinlərini çəkir. 
«Hardan yadıma düşsün? Minlərlə adam dindirmişik…» 
«Dindirmisiniz! İşgəncə vermisiniz, huşunu itirənəcən döymüsünüz, vurub 
böyrəklərini içinə salmısınız, sümüklərini sındırmısınız, sonra da boş kisə kimi 
zirzəmilərə atmısınız, təzədən aparmısınız, üz-gözündə tutar qoymamınız, xayasını 
yırtmısınız! Bütün bunlara siz «dindirmək» deyirsiniz! Qışqırmağa heyi qalmayan 
insanların fəryad dolu dəhşətli iniltisinə «dindirmək» deyirsiniz! Huşsuzluqdan 
ayılanda, onun sızıltısına, qarnına dəyən təpiklərə, rezin toppuzlara, qamçılara 
adicə «dindirmək» deyirsiniz!» 
Ravik gözlərini şüşədəki xəyali sifətdən çəkmirdi. Taxıl zəmiləri, laləli çöllər, 
itburnu kolları həmin sifəti yalayıb keçirdi. O isə gözlərini şüşədən çəkmirdi, 
dodaqları tərpənir, demək istədiyi və ya nə vaxtsa deyilməli olan sözlərin hamısını 
bircə-bircə deyirdi... 
«Əllərini tərpətmə, yoxsa beyninə bir güllə çaxaram! Balaca Maks Rozenberq 
yadındadır? Zirzəmidə mənim yanımda uzanmışdı, bədənində salamat yer yox idi, 
başını beton divara vurmağa çalışırdı ki, bir də dindirməyə aparmasınlar. Niyə 
dindirirdiniz? Çünki demokrat idi! Bəs qan qusan Villman? İkicə saat 


 
268
«dindiriləndən» sonra ağzında bircə dişi də qalmadı, gözünün biri də getdi…Niyə 
dindirirdiniz? Çünki katolik idi, sizin fürerin ikinci Musa peyğəmbər olduğuna 
inanmırdı! Bəs başı, bədəni çiy ət parçasına dönmüş Rizenfeld? Bizə yalvarırdı ki, 
onun venasını dişimizlə deşək! Çünki sən «dindirəndən» sonra özünün bircə dişi də 
qalmamışdı. Niyə dindirirdin? Ona görə ki, müharibə istəmirdi, bombaların, odlu 
silahların ən yüksək mədəniyyət əlaməti olduğuna inanmırdı! Dindirmək! Bəli, siz 
minlərlə adamı «dindirmisiniz!» Əl-qol atma, donuz! İndi yaxşı düşmüsən əlimə, 
bir az o tərəfə gedək! Orda qalın divarları olan bir bina var, səni özüm 
«dindirəcəyəm!» Özü də yavaş-yavaş, gecə-gündüz… Bir vaxtlar məni, 
Rozenberqi, Rizenfeldi, Villmanı saldığın günlərə salacağam səni! Sonra da 
bunları qurtaran kimi…» 
Ravik birdən hiss etdi ki, maşın qanad açıb uçur. Ayağını qazdan çəkdi. Evlər... 
Kənd... Toyuq-cücə... Çəmənlikdə başlarını dik tutaraq dördanla çapan atlar... Elə 
bil, buralarda köçəri tayfalar yaşayır... Kentavrlar... Hər yanda həyat qaynayır... Bir 
qadın gülə-gülə paltar sərir. İpdən asılmış rəngarəng paltarlar əbədi səadət bayrağı 
kimi dalğalanır... Həyətlərdə uşaqlar oynayır... Bütün bunları sanki şüşə divardan 
görürdü və həm yanında idi, həm də əlyetməz bir uzaqlıqda! Ürəyini şan-şan 
eləyən bu gözəllik, bu sakitlik, bu məşumluq ondan uzaqlaşmışdı, bu gecə hamısını 
əlindən alıb aparmışdı. Ancaq heyifsilənmədi. Neyləyəsən, tale belə yazıbmış... 
Yavaş sürmək lazımdır. İndi bircə şeyin qorxusu qalmışdı: kəndlərin arası ilə belə 
bərk sürsə, saxlaya bilərdilər! Bəs vaxt? Yol gəldiyi az qalırdı iki saat olsun. Elə 
şey olar? Özü heç hiss eləməyib... Bayaq söhbət etdiyi sifətdən başqa heç nə 
görməyib... 
Bu da Sən-jermen! Park. Sanki, mavi səmaya sancılmış qapqara dəmir hasar və 
ağaclar. Ağaclar... Ağaclarla dolu xiyabanlar. Çoxdan gözlədiyi, arzuladığı qalın 
park. Və bir az o tərəfdə meşə. Maşın yavaşımışdı. Qızılı, yaşılı dalğa kimi baş 
qaldıran meşə sağa, sola səpələnmişdi, üfüqü qoynuna almışdı, hər şeyi, hətta onun 
sinəsindəki çınqıllı yollarda işıldayan böcək kimi şıqqıltı sala-sala gedən maşını da 
udmuşdu... 
Kol-kos basmış torpaq yumşaq idi. Şosedən görünməzdi. Ravik maşını bir az aralı 
saxlamışdı, ancaq yanından görünürdü. Beli götürüb qazmağa başladı. Asan 
qazılırdı. Bu tərəflərə gələn olsa, beli gizlədərdi, özü üçün gəzməyə çıxmış adam 
kimi maşının yanına qayıdardı. 
Xeyli qazdı ki, oradan çıxan torpaq meyitin üstünü örtə bilsin. Sonra maşını yaxın 
çəkdi. Meyit ağır olardı. Ancaq yenə də yumşaq torpağa çatmamış saxladı, yoxsa 
təkərlərin izi qalardı. 
Meyit hələ soyumamışdı. Ravik onu qucağına alıb, qazdığı yerə gətirdi, əynindəki 
paltarları çıxarıb, bir yerə yığdı. Sən demə, bu, o qədər də çətin deyilmiş. Çılpaq 
meyiti yerə uzadıb, paltarları maşının yük yerinə qoydu, onu bayaqkı yerinə 
qaytardı. Qapıları, yük yerini bağladı, özü ilə bir çəkic də götürüb geri qayıtdı. 
Fikirləşdi ki, meyit təsadüfən tapıla bilər, onu elə hala salmaq lazımdır ki, 
tanınmasın. Bircə anlığa, qayıtmaq ona yaman çətin gəldi. Az qalırdı, meyiti eləcə 
də qoyub, maşına minsin, buralardan uzaqlaşsın. Dayanıb ətrafına nəzər saldı. 
Yaxınlıqdakı ağacın kökündə iki dələ oynaşırdı. Onların qızılı xəz dəriləri günün 
altında parıldayırdı. Ravik meyitə tərəf getdi. 


 
269
Meyit şişmişdi, göy rəngə çalırdı. Maşın yağına bulaşmış əskini onun üzünə sərdi, 
çəkici qaldırdı. Bircə dəfə vuran kimi dayandı. Səs yaman boğuq çıxırdı. Sonra tez-
tez vurmağa başladı. Bir azdan əskini qaldırdı. Sifət qana bələnmiş, tanınmaz 
olmuşdu. «Rizenfeldin başı da belə idi...– deyə ürəyindən keçirdi. Hiss etdi ki, 
dişləri bir-birinə sıxılıb. – Yox, Rizenfeldin başına oxşamır. O, bundan betər idi. 
Çünki ölməmişdi, hələ nəfəsi vardı...» 
Bu da sağ əlindəki üzük! Onu çıxarıb, meyiti quyuya salladı. Bir az qısa eləmişdi. 
Dizlərini qarnına tərəf qatladı. Üstünü torpaqladı. İşlər yaxşı gedirdi. Torpağı 
ayaqlayıb hamarladı, əvvəlcədən bellə kəsdiyi çimləri üstünə düzdü. Hamısı düz 
gəldi. Lap əyilib baxanda ağız-ağıza qoyulan yerlər güclə seçilirdi. Çimlərin 
üstündəki yapıxmış ot-alağı düzəltdi. 
Bu çəkic, bu bel, bu da əski... Hamısını gətirib, yük yerindəki paltarın yanına 
qoydu. Sonra bir də qayıtdı, tələsmədən, diqqətlə baxdı ki, bəlkə, iz qalıb. Heç nə 
qalmamışdı. Olsa da, yağış yuyub aparacaq, bir-iki günə təzə ot qalxacaq, hər şeyi 
itirəcək... 
Qəribədir, bu, ölən adamın ayaqqabıları, bu da corabları... Bu da alt paltarı... 
Kostyumu diqqətini o qədər də cəlb etmədi. Corabların da, köynəyin də, alt 
paltarlarının da rəngi solmuşdu, meyit qoxusu verirdi və elə bil, onlar də ölmüşdü... 
Bunları təzədən bir-bir əlinə götürüb monoqramları, firma yarlıqlarını axtarmağa 
iyrənirdi... Canını dişinə tutaraq hamısını tapdı, kəsib götürdü. Qalan paltarları bir 
yerə yığıb bağladı, meyiti basdırdığı yerdən çox aralıda basdırdı ki, ikisi bir yerdə 
tapılmasın... 
Maşını irəli sürüb, bir çaya çatdı. Kəsib götürdüyü yarlıqları kağıza bükdü. Sonra 
onun qeyd dəftərçəsini xırda-xırda cırdı, pulqabını yoxladı. İki min franklıq çek, 
Berlinə qədər bilet, on alman markası, ünvan yazılmış bir neçə kağız parçası və 
pasportunu tapdı. Fransız pulunu cibinə qoydu. Haakenin şalvar cibindən də bir 
neçə beş franklıq çıxmışdı... 
Baxışları bir anlığa yol biletinə ilişib qaldı. Üstündəki «Berlin» sözü ona lap qəribə 
görünürdü. Onu da cırdı. Pasporta isə xeyli baxdı. Hələ üç il vaxtı var idi. İstəyirdi, 
saxlayıb onunla yaşasın. Bu, onun həyat tərzinə də uyğun gəlirdi. Əgər təhlükəli 
olmasaydı, çox götür-qoy etməzdi... 
Onu da cırdı. Alman pullarını da... Açarı, tapançasını və bir də vağzala qoyduğu 
çamadanın qəbzini saxladı. Fikirləşdi ki, bəlkə, Parisdəki izi tamam itirmək üçün 
onu götürməli oldu. Mehmanxananın haqq-hesab qəbzini də tapıb cırdı. 
Sonra hamısını yandırdı. Bu isə gözlədiyindən çox çəkdi. Ancaq, yaxşı ki, parça 
kəsiklərini arasına qoyub yandırmaq üçün qəzet götürmüşdü. Külü çaya sovurdu. 
Daha sonra maşını diqqətlə yoxladı ki, bəlkə, qan izi qalıb. Heç nə tapmadı. 
Çəkiclə açarı təmiz-təmiz yudu, aparıb yük yerinə qoydu. Qayıdıb əllərini yaxşı-
yaxşı yudu, siqaret çıxarıb yandırdı, bir xeyli beləcə oturdu... 
Hündür fıstıq ağaclarının arasından günəş boylanırdı. Ravik də oturub siqaretini 
çəkirdi. Tamam yüngülləşmişdi və heç nə haqda düşünmürdü... 
Yalnız qalaya tərəf uzanan şoseyə burulanda Sibillanı xatırladı. Qala XVIII əsrin 
əbədi səmasından boylanan parlaq yay günəşinin şüaları altında bərq vururdu. 
Qəflətən Sibilla yadına düşdü və o vaxtdan bəri ilk dəfə müqavimət göstərmədi, 
onun haqqındakı xatirələri boğmaq istəmədi, özündən uzaqlaşdırmağa çalışmadı. 


 
270
Sibilla haqqında xatirələr həmişə Haake onu gətirtdiyi anda kəsilərdi. Üzündə 
gördüyü vahimədən, dəhşətli qorxudan o yana gedə bilmirdi. Qalanları bunun 
yanında itib-batırdı. Bir də onun özünü asması xəbəri yadında idi. İnanmamışdı. 
Halbuki elə şey ola bilərdi. Ancaq ondan qabaq nələr olduğunu kim bilirdi? Sibilla 
haqqında düşünəndə beyni qıc olurdu, əlləri əllikdən çıxıb pəncəyə dönürdü, nəsə 
sinəsini deşirdi və uzun müddət qan rəngli ümidsiz intiqam dumanında 
çabalayırdı... 
İndi xatırlayanda isə o qıcolma da, sinəsini deşən şey də, duman da birdən-birə 
qeybə çəkildi. Nəsə əriyib yox oldu, hansı maneəsə dəf edildi və o dəhşətli anları 
yaşamış donuq surət yavaş-yavaş canlandı, əriyə-əriyə ötən illərin buzundan 
ayrılmağa başladı. Əyilmiş ağzı düzəldi, gözlərindəki donuqluq əridi, əhəng kimi 
ağarmış sifətinə qan gəldi. İndi həmin surət əbədi qorxu mücəssəməsi deyil, yaxşı 
tanıdığı, iki il bir yerdə yaşadığı, zərif döşlərini həmişə sinəsində hiss etdiyi, 
ömrünün iki ilindən ilıq iyun gecəsi kimi keçib gedən Sibilla idi. 
Gündüzlər, gecələr bir-bir baş qaldırdı. Sanki, lap uzaqlarda, üfüqdən də o tərəfdə 
tənha bir məşəl alovlandı. Keçmişin bərk-bərk bağlanıb qanla möhürlənmiş qapısı 
qəfildən, öz-özünə, səssiz-səmirsiz açıldı və Ravik onun arxasında gestaponun 
zirzəmisi əvəzinə, güllü-çiçəkli bir bağ gördü... 
Bir saatdan artıq idi ki, yol gedirdi. Ancaq üzü Parisə tərəf deyildi. Sən-jermendən 
bir az o yanda Senanın körpüsünü keçərkən dayandı, Haakenin açarını da, 
tapançasını da suya tulladı. Sonra maşının üstündəki çadırı geri yağıb, yoluna 
davam etdi. 
Bütün Fransada onun üzünə günəş açılmışdı. Arxada qalan gecəni, demək olar ki, 
unutmuşdu. Elə bil, həmin gecə on il, yüz il bundan qabaq olmuşdu. Bir neçə saat 
bundan əvvəl baş verən hadisələr dumana bürünmüşdü. İllərin yaddaş quyusunda 
batanlar isə müəmmalı-müəmmalı baş qaldırır, yavaş-yavaş üzə çıxırdılar. İndi 
onların arasında heç bir uçurum yox idi... 
Ona nə olduğunu özü də anlamırdı. Elə bilmişdi ki, özündə nəsə bir boşluq, 
yorğunluq, biganəlik hiss edəcək, həyəcanlı olacaq. Gözləyirdi ki, özü özündən 
iyrənəcək, ürəyində özünə bəraət qazandırmağa çalışacaq, araq içib keflənmək, hər 
şeyi unutmaq istəyəcək. Ancaq bircə bunu gözləmirdi. Gözləmirdi ki, belə 
yüngülləşəcək, azad nəfəs alacaq, sanki, keçmişin ağır dağı çiyinlərindən 
götürüləcək. Ətrafına baxdı, gözləri önündə əlvan bir mənzərə çanlandı: yolların 
üstündə vüqarla dayanmış qovaqların başında, sanki, yaşıl məşəllər yandırılmışdı. 
Laləyə, peyğəmbər çiçəyinə bələnmiş çöllərin sonu görünmürdü. Balaca kəndlərin 
çörəkxanalarından isti çörək ətri gəlirdi. Uşaqlar məktəbdə skripkanın müşayiətilə 
mahnı oxuyurdular... 
Bayaq buradan keçəndə nə haqda düşünmüşdü? Bir neçə saat bundan qabaq 
keçmişdi, ancaq, deyərdin, çoxdan, lap çoxdan keçib. Bayaqkı şüşə divar, bayaqkı 
yalqızlıq hara getdi? Duman günəş işığında əriyən kimi, əriyib yox oldu. Yenə 
evlərin qabağındakı pilləkənlərdə oynayan uşaqları gördü. Gördü ki, itlər, pişiklər 
həyətdə uzanıb özlərini günə verir. Gördü ki, külək rəngarəng paltarları yenə 
yellədir, atlar çəmənlikdə dördnala çapır və bayaqkı qadın da əlində sancaq 
çəmənlikdəki zivəyə çoxlu köynək sərir. İndi bunları görür və hiss edirdi ki, onun 
da bu həyatda payı var və həmin pay heç vaxt belə çox olmayıb. Elə bil, daxilində 


 
271
nəsə əriməyə başladı, suya dönüb çölə süzüldü, yanıb gülə dönmüş torpaq cana 
gəldi, göyərdi və çoxdan itirdiyi bir şey təzədən yerinə qayıtdı, haçansa pozulmuş 
tarazlıq yavaş-yavaş düzəlməyə başladı. 
Sükanın arxasında sakitcə oturmuşdu və qımıldanmırdı. Qorxurdu ki, tərpənsə bu 
şirin duyğular hürkər. Onlar da getdikcə çoxalır, nur kimi üstünə çilənirdi. O isə 
sakitcə oturmuşdu, hələ tamam inanmırdı, ancaq buna baxmayaraq, onları hiss edir 
və bilirdi ki, hamısı həqiqətdir. Gözləyirdi ki, Haakenin kölgəsi yanında oturub 
gözlərini ondan çəkməyəcək. Lakin indi öz həyatı qayıdıb, onunla yanaşı 
oturmuşdu və üzünə baxırdı. 
Neçə illərdən bəri səssiz-səmirsiz üzünə baxa-baxa nəsə tələb eləyən, onu ittiham 
edən bir cüt az qala hədəqəsindən çıxan göz o dəqiqə yumuldu, iztirabla dolu 
dodaqlar qapandı, dəhşətlə irəli uzanmış qollar yana düşdü. Haakenin ölümü 
Sibillanın üzündəki ölüm ifadəsini yuyub apardı, onun surəti bircə anlığa təzədən 
canlandı və sonra yenə yavaş-yavaş görünməz oldu. Sibilla axır ki, sakitləşdi, 
biryolluq çəkilib getdi ki, heç vaxt geri dönməsin. Qovaqlar, cökələr onu oxşaya-
oxşaya öz yarpaqları arasında dəfn elədi... İndi hər yanda yay idi, arılar vızıldaşırdı 
və Raviki də şirin bir yorğunluq bürüyürdü, elə bil, neçə gecə idi ki yatmırdı, indi 
dərin bir yuxuya gedəcək, ya da ömrü boyu yata bilməyəcəkdi... 
Maşını Ponsel küçəsində qoydu. Yalnız motoru söndürüb düşən anda hiss elədi ki, 
yaman yorulub. Bu, uzun yolun yorğunluğu deyil, dəhşətli, çılğın bir yuxu həsrəti 
idi. «İnternasional»a tərəf addımladı. Güclə yeriyirdi, günəş, elə bil, ağır yükə 
dönüb boynundan asılmışdı. Birdən yadına düşdü ki, «Prins de Qall»dakı otağını 
təhvil verməlidir. Tamam unutmuşdu. Ancaq elə yorulmuşdu ki, az qaldı bunu da 
sonraya saxlasın. Özünü məcbur eləyib, taksi tutdu, ora sürdürdü. Pulunu verib 
qurtarandan sonra yadına düşdü ki, çamadanı da gətirtmək lazımdır. Sərin zalda 
oturub gözlədi. Sağ tərəfdəki barda bir neçə adam «Martini» içirdi. Xidmətçi 
çamadan gətirəndə, demək olar ki, onu yuxu tutmuşdu. Ona çaypulu verib, taksi 
saxlatdı: 
– Cənub vağzalına!–Bunu elə ucadan dedi ki, qapıçı da, çamadanı gətirən xidmətçi 
də eşitdilər. 
Beti küçəsinin tininə çatanda taksini əylətdi. 
– Bir saat səhv eləmişəm,–dedi,–çox tez gedirəm. Meyxananın yanında saxlayın. 
Pulunu verib çamadanı götürdü, meyxanaya girdi, taksi gözdən itincə gözlədi. 
Sonra çıxıb başqasını tutdu, «İnternasional»a sürdürdü. 
Aşağıda mürgü döyən oğlandan başqa heç kəs yox idi. Saat on ikini vururdu. 
Sahibə indi nahara getmiş olardı. Ravik, əlində çamadan, öz otağına çıxdı. 
Soyunub şırnağın altına girdi, uzun-uzadı, təmiz-təmiz yuyundu. Sonra spirtlə 
bədənini ovuşdurdu, bir az da gümrahlaşdı. Çamadanı açıb, içindəkiləri çıxardı. 
Təmiz alt paltarı götürdü, ayrı pencək geyib, Morozovun yanına düşdü. 
– Elə durub sənin yanına getməyə hazırlaşırdım!–Morozov dilləndi.–Bu gün 
boşam, ikimiz də «Prins de Qall»...– susaraq, diqqətlə Ravikin üzünə baxdı. 
– Daha lazım deyil, Boris. 
Morozov hələ də onun üzünə baxırdı. 
– Qurtardı... Bu gün səhər... Heç nə soruşma. Yatmaq istəyirəm. 
– Daha heç nə lazım deyil? 


 
272
– Heçcə nə... Qurtardı... Bəxtim gətirdi... 
– Maşın haradadır? 
– Ponsel küçəsində. Hər şey qaydasındadır... 
– Heç nə eləmək lazım deyil? 
– Heçcə nə... Başım birdən-birə yaman ağrıdı. Yatmaq istəyirəm... Sonra gələrəm. 
– Yaxşı, get. Görüləsi bir iş qalmayıb ki? 
– Yox, Boris, heç nə qalmadı... Asan imiş... 
– Heç nəyi unutmadın ki? 
– Məncə, yox... Yox... İndi bir-bir yadıma sala bilmərəm. Gərək, əvvəlcə yatam. 
Sonra... Burada olacaqsan? 
– Əlbəttə. 
– Yaxşı, onda özüm düşərəm. 
 
Ravik otağına qayıtdı. Başı çox bərk ağrıyırdı. Bir xeyli pəncərənin qabağında 
dayandı. Aşağıda mühacir Vizenhofun zanbaqları parıldayırdı. Üzbəüz binanın 
bom-boz divarı, bomboş pəncərələri... Hər şey qurtarmışdı. Belə də olmalı idi. 
Yaxşı da olmuşdu. Ancaq hər şey bitmişdi, sabaha, o biri günə heç nə qalmamışdı. 
Sabah üçün mənasız bir adam idi. Pəncərəsi önündə gün yavaş-yavaş əyilirdi... 
Soyunub bir də yuyundu. Əllərini uzun-uzadı spirtlə ovuşdurdu, sonra günə verib 
qurutdu. Barmaqlarındakı oynaqların dərisi dartıldı. Başı ağırlaşmışdı, beyni isə 
onun içində boş-boşuna üzürdü. Şpris götürüb, onu pəncərənin ağzındakı balaca 
elektrik qızdırıcısı ilə qaynatdı. Su xeyli pıqqıldadı. Bu səs ona çayı xatırlatdı. 
Yalnız çayı... İki ampulanın başını sındırıb, şəffaf mayeni şprislə çəkdi. Özünə 
iynə vurub, yerinə girdi. Bir azdan durub köhnə xalatını üstünə saldı. Birdən-birə 
ona elə gəldi ki, on iki yaşında oğlandır, yorulub, yalnız təzəcə boy atmağa 
başlayan yeniyetmələrə xas qəribə bir tənhalıqda yalqız qalıb... 
 
Şər qarışanda ayıldı. Qürub edən günəşin qızılı şüaları evlərin damına sancılmışdı. 
Aşağıdan Vizenhofla frau Qoldberqin səsi gəlirdi. Nə danışdıqlarını başa düşmədi. 
Heç düşmək istəmirdi də. İndi gündüzlər yatmağa öyrəşməyən adamlar kimi idi: 
təsadüfən günortadan sonra yuxuya getmiş, birdən-birə öz məhvərindən qopmuşdu 
və bircə anın içində heç nədən özünü öldürməyə hazır idi... Ürəyindən keçirdi ki, 
kaş indi təşrih eləməyə bir adam olaydı. Vəziyyəti nə qədər ümidsiz olsa da, çarə 
tapardı. Birdən yadına düşdü ki, bu gün heç nə yeməyib. Elə həmin dəqiqə də qarnı 
acından doğranmağa başladı. Başağrısı keçib getmişdi. Geyinib, aşağı düşdü. 
Morozov otağında idi və köynəyinin qolunu çırmalayıb şahmat məsələsi həll 
edirdi. Otaq, demək olar ki, bomboş idi. Divardan livreyası asılmışdı. Bir küncdə 
ikonaşəkilli lampa, başqa küncdə isə üstündə samovar olan stol, o birində də 
müasir soyuducu qoyulmuşdu. Morozov bu soyuducu ilə fəxr edirdi. Onun içində 
araq, yemək şeyləri, sərin pivə saxlayırdı. Çarpayının qarşısında isə türk xalısı 
salınmışdı. 
Morozov dinmədən durub, iki qədəh, bir şüşə də araq gətirdi, qədəhləri doldurdu. 
– «Zubrovka»dır,–dedi.  
Ravik oturdu. 
– İçmək istəmirəm, Boris. Yaman acmışam. 


 
273
– Yaxşı, onda çörək yeməyə gedərik. Hələlik...–Morozov eşələyib soyuducudan 
qara rus çörəyi, turşu xiyar, yağ və bir balaca qutu da kürü çıxardı.–Bunları götür! 
Kürünü «Şəhrizad»ın baş aşpazı bağışlayıb. Hər adama vermir... 
– Boris, gəl gizlənqaç oynamayaq. Ona «Oziris»də rast gəldim, Bulon meşəsində 
öldürdüm, Sən-jermendə də basdırdım. 
– Görən oldu? 
– Yox, heç «Oziris»in qabağında da görən olmadı. 
– Heç yerdə? 
– Bulon meşəsində bir nəfər gördü. Onda da hər şey qurtarmışdı. Maşında idi. Bir 
maşını gördü, bir də məni... Mən də qusurdum. Burada elə bir şey yoxdur, çox 
içmişəm, özümü pis hiss eləmişəm... 
– Bəs onun şeylərini neylədin? 
– Basdırdım. Monoqramları, yarlıqları kəsib götürdüm, qalan kağız-kuğuzu ilə bir 
yerdə yandırdım. Yalnız pulu və bir də Şimal vağzalına qoyduğu çamadanın qəbzi 
qalıb. Otağını təhvil vermişdi, bu gün tezdən getməli idi. 
– Lənət şeytana, bəxti gətirmək buna deyərlər! Qan izi qalmadı? 
– Yox. Heç qanı çıxdı ki? «Prins de Qall»dakı otağı da təhvil verdim, çamadanımı 
da gətirdim. Burada əlaqəsi olan adamlar elə biləcək çıxıb gedib. Çamadanını 
oradan götürmək mümkün olsa, heç bir iz qalmazdı. 
– Berlində görəcəklər gəlmədi, buradan soruşacaqlar. 
– Çamadan orada olmasa, hara getdiyini bilməzdilər. 
– Biləcəklər. Qatarda yeri boş gedib. Bileti yandırdın? 
– Hə. 
– Onda qəbzi də yandır. 
– Bəlkə, baqaj komissiyasına göndərək? Onu Berlinə, ya da lazım olan yerə 
verərlər. 
– Fərqi yoxdur. Yandırmaq yaxşıdır. Nə qədər çox hiylə işlətməyə çalışsan, o 
qədər pis olaçaq, iz qoyacaqsan. Ancaq indi, sadəcə olaraq, kimsə yoxa çıxıb. 
Parisdə belə şeylər çox olur. Axtarış başlanacaq, o saat biləcəklər ki, axırıncı dəfə 
«Oziris»də olub. İçəri girmişdin? 
– Hə, bircə dəqiqəliyə girdim və onu gördüm. Özünün xəbəri olmadı. Çıxıb 
bayırda gözlədim. Heç kəs də görmədi. 
– Soruşa bilərlər ki, həmin vaxt «Oziris»də özgə kim olub. Rolanda da səni 
deyəcək. 
– Bunun ziyanı yoxdur, mən ora tez-tez gedirəm. 
– Yaxşı olardı ki, səni heç sorğu-suala çəkməyəydilər. Özün mühacir, sənədin də 
yox... Rolanda harada qaldığını bilir? 
– Yox, ancaq Veberin ünvanını bilir. Rəsmi həkim odur. Rolanda da oradan bir-iki 
günə gedir. 
– Hara getdiyini öyrənəcəklər,–Morozov özünə bir qədəh də süzdü.–Ravik, mənə 
elə gəlir ki, bir neçə həftəliyə aradan çıxsan, yaxşı olar. 
Ravik onun üzünə baxdı: 
– Demək asandır, Boris. Hara? 
– Hara gəldi. Adam çox olan yerə. Ya Kanna, ya da Dövilə get. Oralar indi 
qarışıqdır, nəzərə çarpmazsan. Ya da Antibə get. Orada olmusan, heç kəs səndən 


 
274
pasport istəməyəcək. Mən də burada Veberlə, Rolanda ilə əlaqə saxlayaram, 
polisin səni şahid kimi dindirmək istədiyini öyrənərəm. 
Ravik başını buladı: 
– Yaxşısı budur, heç yerindən tərpənməyəsən, özünü elə göstərəsən ki, guya, heç 
nə olmayıb. 
– Yox, bu dəfə elə yaramaz. 
Ravik yenə Morozovun üzünə baxdı: 
– Heç yerə qaçan deyiləm, buradaca qalacağam. Bu da həmin işin bir tərəfidir. 
Başa düşmürsən? 
Morozov onun sualını cavabsız buraxdı. 
– Əvvəlcə sən o qəbzi yandır,–dedi. 
Ravik qəbzi cibindən çıxarıb külqabında yandırdı. Morozov mis külqabını götürüb 
narın külü pəncərədən çölə sovurdu. 
– Bu da belə... Özgə nəyi qalıb? 
– Pulu. 
– Baxım. 
Çekləri diqqətlə yoxladı. Heç bir işarə yox idi. 
– Bunu istifadə eləmək olar. Neyləmək istəyirsən? 
– Qaçqınların fonduna keçirə bilərəm. Öz adımı yazmaram. 
– Sabah onları dəyişdir, ancaq iki həftədən sonra göndər. 
– Yaxşı. 
Ravik pulu qaytarıb cibinə qoydu. Onu qatlayanda birdən-yadına düşdü ki, bu əli 
ilə indicə çörək yeyirdi. Oğrun-oğrun əllərinə baxdı. Gör səhər-səhər ağlına nələr 
gəlmişdi! Qara çörəkdən bir dilim də götürdü. 
Morozov soruşdu: 
– Yeməyə hara gedəcəyik? 
– Hara olursa olsun. 
Morozov onun üzünə baxdı. Ravik gülümsədi. Birinci dəfə idi ki, gülümsəyirdi... 
– Boris,–dedi,–mənə elə baxma! Elə bil, tibb bacısı xəstəsini infarkt vuracağından 
qorxur... Mən elə bir heyvanı öldürmüşəm ki, o, buna min qat layiq idi. Həyatımda 
çox günahsız adam qırmışam, əvəzində də, medal almışam, ancaq heç birini 
üzbəüz döyüşdə öldürməmişəm, əksinə, sinə-sinə gözləmişəm, xəbərləri olmayıb, 
arxadan vurmuşam. Onda müharibə idi və bu da mənim şərəfli vəzifəm hesab 
olunurdu. Lakin məni indi bircə şey yandırdı ki, öldürməmişdən qabaq hər şeyi 
üzünə oxuya bilmədim. Heç bilirsən bunu necə istəyirdim?! Hər halda, öldürdüm, 
daha heç kəsə işgəncə verə bilməyəcək. Sonra da gəlib yatdım və indi, elə bil, bunu 
nə vaxtsa qəzetdə oxumuşam... 
Morozov pencəyinin yaxasını düymələdi: 
– Yaxşı, onda gedək. İçmək istəyirəm.  
Ravik heyrətlə ona baxdı: 
– Sən? 
– Hə, mən! Mən!–Morozov bircə anlığa tərəddüd elədi.–Bu gün birinci dəfə 
qocaldığımı hiss elədim! 
 
                                                                                XXXI 


 
275
 
Rolandanın vida ziyafəti düz saat altıda başladı və bircə saat çəkdi. Saat yeddidə 
isə alver başladı... 
Stol başqa otaqda açılmışdı. Qızların hamısı paltar geymişdi. Çoxunun əynində 
qara ipək don var idi. Onları həmişə lüt və ya qısa ipək paltarda görmüş Ravik indi 
çoxunu tanıya bilmədi. Yalnız beş-altısı, hər ehtimala qarşı, zalda qalmışdı. Onlar 
da düz saat yeddidə paltarlarını dəyişib gəlməli idilər. Heç biri iş paltarında 
Rolanda ilə vidalaşmağa gəlməzdi. Bu, madamın göstərişi ilə deyildi, qızların özü 
belə istəmişdi. Ravik başqa cür də gözləmirdi. Fahişələrin qayda-qanunu möhkəm 
olurdu, hətta yüksək cəmiyyətin qadınlarından da ciddi idilər. 
Qızlar pul yığıb Rolandanın gələcək kafesi üçün altı ədəd hörmə kreslo almışdılar. 
Madam isə bir kassa, Ravik də kreslolar üçün iki mərmər stol bağışlamışdı. O, bu 
ziyafətdə yeganə kənar adam və həm də yeganə kişi idi. 
Yemək yeddiyə beş dəqiqə işləyəndə başladı. Masabəyi madam özü idi. Sağında 
Rolanda, solunda isə Ravik oturmuşdu. Sonra təzə dayə, onun köməkçisi və qızlar 
əyləşmişdilər. 
Xörəklər seçmə idi: qaz pətənəyindən hazırlanmış Strasburq sayağı paştet, «Şerri-
brend» içkisi. Ravikin qabağına bir şüşə araq qoyulmuşdu, çünki onun «Şerri-
brend»dən zəhləsi gedirdi. Sonra əla keyfiyyətli «Viçoz» və türbo balığı ilə 1933-
cü ildən qalmış «Merso» şərabı gəldi. Balıq «Maksim» restoranındakından pis 
hazırlanmamışdı. Şərab da çox tünd deyildi, balığın yanında tündlüyü heç 
bilinmədi. Sonra gömgöy körpə qulançar verildi. Onun dalınca da şişdə qızardılmış 
cücə, üstünə azacıq sarımsaq vurulmuş salat və «Şato Sən-Emilion» şərabı 
gətirdilər. Stolun baş tərəfində bir şüşə 1921-ci ildən qalmış «Romane konte» 
şərabı açıldı. Madam dedi ki, qızlar bunun ləzzətini bilməz. Ravik isə ona yaxşı 
bələd idi. Nə «Şampan», nə də şirin «Mos şokolad» içdi, əvəzində, bir şüşə də 
verdilər. Madamla birlikdə şərabın üstündən ağ çörəklə sıyıq «Bri» yedilər. 
Stol arxasında gedən söhbətlər qız pansionunu xatırladırdı. Kresloların üstünə 
rəngarəng lentlər bağlanmışdı. Kassa par-par parıldayır, stollar isə işıldayırdı. 
Ancaq otağa qüssə qonmuşdu. Madam özü də qara geymiş, brilyant taxmışdı. 
Ancaq çox deyildi: bir sancaq, bir də üzük. Onların göy rəngə çalan qaşlarına söz 
ola bilməzdi. Çoxdan qrafinya olsa da, çələng qoymamışdı. Yaxşı zövqü var idi, 
brilyantdan xoşu gəlirdi. Deyirdi ki, yaqut da, zümrüd də qiymətdən düşə bilər, 
ancaq brilyant etibarlıdır... Gah Rolanda ilə, gah da Raviklə laqqırtı vururdu. 
Oxumuş qadın idi. Şirin söhbəti vardı, çox sərbəst, ürəkdən danışır, tez-tez 
Montendən, Şato-briandan, Volterdən misallar gətirirdi. Bir az göy rəngə çalan ağ 
saçları–madam onu rəngləyirdi–hərdən ağıllı, kinayəli ifadəsi olan sifətinə 
dağılırdı. 
Düz saat yeddidə, qəhvədən sonra qızlar pansion tərbiyəsi görmüş uşaqlar kimi 
ayağa durdular. Nəzakətlə madama təşəkkür edib, Rolanda ilə vidalaşdılar. Madam 
bir az da oturdu. Bir şüşə «Armanyak» gətirtdi. Ravik ömründə beləsini içməmişdi. 
Bayaq növbə çəkən «köməkçi briqada» gəldi. Tərtəmiz yuyunmuş, paltarlarını 
dəyişmişdilər. Ənlik-kirşanı da çox vurmamışdılar. Qızlar türbo balığını – yeyənə 
kimi madam oturdu. Onların hərəsi ilə bir-iki kəlmə kəsib, bir saat vaxtlarını bu 
ziyafətə qurban verdikləri üçün təşəkkür etdi. Sonra çox incə əda ilə vidalaşdı: 


 
276
– Yola düşməmişdən qabaq sizi görəcəyəm, Rolanda. 
– Əlbəttə, madam.  
Sonra Ravikə tərəf döndü: 
– İcazənizlə, «Armanyak»ın qalanını burada qoyuram.  
Ravik təşəkkür etdi. Madam bayaqkı duruşundan da, indiki zərif yerişindən də 
yüksək cəmiyyətin qadınlarına bənzəyirdi... 
Ravik şüşəni götürüb, Rolandaya yaxın oturdu. 
– Nə vaxt gedirsən?–deyə soruşdu. 
– Sabah günortadan sonra. Saat beşə yeddi dəqiqə işləyəndə... 
– Mən də vağzala gələcəyəm. 
– Lazım deyil, Ravik. Yaxşı çıxmaz. Nişanlım bu axşam gəlir, bir yerdə gedəcəyik. 
İndi bildin, niyə ora gəlmək olmaz? Fikirləşər ki, görəsən, bu, kimdir? 
– Düz deyirsən. 
– Sabah tezdən bəzi şeylər alıb göndərməliyik. Bu axşam «Belfor» 
mehmanxanasına köçəcəyəm. Yaxşı yerdir, həm ucuz, həm də təmiz... 
– O da həmin mehmanxanada qalacaq? 
– Nə danışırsan?!–Rolanda təəccübləndi.–Biz hələ kəbin kəsdirməmişik. 
– Düzdür... 
Ravik bilirdi ki, o, yalandan cildə girmir. Rolanda burjua ailəsindən çıxmışdı və 
burada da işçi kimi öz vəzifəsini yerinə yetirmişdi. Fərqi yox idi, istər qızlar 
pansionu olsun, istərsə də fahişəxana, o, vəzifəsini yerinə yetirmişdi və indi də 
çıxıb gedir, təzədən öz bürger aləminə qayıdırdı. Buradakıların da hamısı burdaca 
qalırdı. Fahişələrin də çoxu belə idi. Onlardan bəziləri hətta yaxşı arvad olurdu. 
Fahişəlik ciddi peşə idi, əxlaqsızlıq hesab olunmurdu. Onları düşkünlükdən xilas 
edən də elə bu idi... 
Rolanda şüşəni götürüb Ravikə «Armanyak» süzdü, sonra əl çantasından bir vərəq 
çıxardı: 
– Haçansa Parisdən gedəsi olsan, bu da bizim evin ünvanı. Nə vaxt istəsən, gələ 
bilərsən. 
Ravik ünvana baxdı. 
– İki ad yazılıb,–Rolanda izahat verdi – ilk iki həftə mənim adıma olacaq, sonra isə 
nişanlımın. 
Ravik vərəqi cibinə qoydu. 
– Çox sağ ol, Rolanda, hələlik Parisdə qalacağam. Gəlsəm də, nişanlın 
təəccüblənəcək, deyəcək, bu, haradan çıxdı. 
– Bayaqkı «vağzala gəlmə» sözlərinə görə deyirsən? O ayrı, bu ayrı. Bunu ona 
görə verirəm ki, birdən Parisdən gedəsi oldun. Özü də təcili. Ona görə verdim... 
Ravik onun üzünə baxdı: 
– Niyə gedəsi oluram? 
– Ravik, sən qaçqınsan! Qaçqınlar da bəzən çətinə düşürlər. Həmin anda bilərsən 
ki, polisdə qaçıb qurtarmaq üçün sənin də haradasa bir sığınacağın var. 
– Qaçqın olduğumu sən haradan bilirsən? 
– Bilirəm... Ancaq heç kəsə deməmişəm. Heç kimə də dəxli yoxdur. Ünvanı yaxşı 
saxla! Lazım olsa, gələrsən. Bizdə sərbəstlikdir. 
– Yaxşı, gələrəm. Çox sağ ol, Rolanda. 


 
277
– Srağagün polisdən bir nəfər gəlmişdi, bir alman haqda soruşurdu, deyirdi, bəlkə, 
burada olub... 
– Doğrudan?–Ravik diqqətini topladı. 
– Bəli. Sən axırıncı dəfə gələndə o da burada idi. Yəqin, yadında qalmaz. Kök, 
dazbaş kişi idi, içəridə İvonna və Klerlə oturmuşdu. Soruşurdu ki, o, burada olanda 
daha kim var idi. 
– Yadıma gəlmir... 
– Çox güman ki, sən onu heç görmədin. Əlbəttə, həmin anda sənin bir dəqiqəliyə 
bura gəldiyini demədim... 
Ravik başını tərpətdi. 
– Belə yaxşıdır, – Rolanda sözünə davam etdi.–Bu casuslara günahsız adamlardan 
pasport soruşmağa imkan vermək lazım deyil. 
– Elədir... Nə istədiyini demədi? 
Rolanda çiyinlərini çəkdi: 
– Xeyr. Bizə nə dəxli? Dedim ki, burada heç kim olmayıb. Bizim köhnə qanundur: 
heç vaxt heç nə bilmirik və görməmişik. Belə yaxşıdır... O da çox dərinə getmədi. 
– Getmədi? 
Rolanda gülümsədi: 
– Ravik, fransızların nə vecinə ki, adi bir alman turistinin başına nələr gəlir?! 
Bizim öz dərdi-sərimiz özümüzə bəsdir. 
O ayağa durdu: 
– Mən gedəsiyəm... Salamat qal, Ravik. 
– Xoş getdin, Rolanda! Sənin yerin burada həmişə bilinəcək. 
Rolanda gülümsədi: 
– Bəlkə də, o dəqiqə bilinmədi... Bir azdan bilinər... 
Vidalaşmaq üçün qızlara tərəf getdi. Gedə-gedə kassaya, kreslolara, stollara baxdı. 
Lap yerinə düşən hədiyyələr idi. Hamısını bir anlığa kafedə təsəvvür elədi. 
Xüsusilə kassa... Gəlir, gələcəyə inam, ev-eşik, rahat həyat demək idi. Rolanda bir 
anlığa tərəddüd elədi, özünü saxlaya bilmədi, əl çantasından pul çıxarıb işım-işım 
işıldayan aparatın yanına qoydu, düymələri vurdu. Kassa şıqqıldadı, iki frank əlli 
santim göstərdi, siyirmə çıxdı, Rolandanın üzünə təbəssüm qondu, uşaq kimi 
sevindi. Qızlar maraqla onu dövrəyə aldılar. Rolanda düymələri yenə basdı, bir 
frank yetmiş beş santim vurdu. 
– Sizdə bir frank yetmiş beş santimə nə düşür?  
Rolanda fikrə getdi: 
– Bir qədəh «Dübene» və iki «Perno». 
– Bir qədəh «Amer pikon», bir dənə də pivə neçə eləyir? 
– Yetmiş santim.–Rolanda düymələri basdı.–On frank yetmiş santim. 
– Ucuzdur!–«Kürən» ləqəbli Marqarita təəccübləndi. 
– Biz tərəfdə ucuz olmalıdır da... 
Qızlar hörmə kresloları mərmər stolların ətrafına düzdülər və ehtiyatla oturdular. 
Paltarlarını sığalladılar və Rolandanın gələcək kafesinin müştərilərinə çevrildilər. 
– Bizə ingilis biskviti ilə üç fincan çay verin, madam Rolanda!–Xüsusilə evli 
kişilərin çox xoşuna gələn sarışın, arıq Dezi sifariş verdi. 


 
278
– Yeddi frank səksən santim,–Rolanda kassanı işə saldı.–Təəssüf ki, ingilis biskviti 
çox bahadır. 
Qonşu stoldakı «Kürən» xeyli götür-qoydan sonra başını qaldırdı: 
– İki şüşə «Pommeri»!–Xüsusi əda ilə dilləndi. Onun Rolandadan çox xoşu gəlirdi 
və bunu göstərmək istəyirdi. 
– Doxsan frank. Yaxşı «Pommeri»dir.  
«Kürən» fınxırdı: 
– Dörd qədəh də konyak! Ad günümdür.  
Kassa şıqqıldadı. 
– Dörd frank qırx santim. 
– Bəs «Beze» ilə dörd fincan qəhvə? 
– Üç frank altmış santim. 
Ehtizaza gəlmiş «Kürən» gözünü döyə-döyə Rolandanın üzünə baxdı. Özgə nə 
sifariş verəcəyini bilmirdi. Qızlar yenə kassanın başına yığışdılar. 
– Hamısı bir yerdə nə qədər elədi, madam Rolanda?  
Rolanda üstü rəqəmli kağızı onlara göstərdi: 
– Yüz beş frank səksən santim. 
– Bunun nə qədəri xalis gəlirdir? 
– Təxminən, otuz frankı. «Şampan» şərabının sayəsində bu qədər oldu. Onun gəliri 
çoxdur. 
– Əla!–«Kürən» sevinclə qışqırdı.–Əladır! Qazancınız həmişə belə çox olsun! 
Rolanda Ravikin yanına qayıtdı. Onun gözləri parıldayırdı. Yalnız sevən, yaxud 
alverdə bəxti gətirən adamların gözləri belə parıldayardı... 
– Salamat qal, Ravik! Dediklərim yadından çıxmasın. 
– Çıxmaz! Yaxşı yol, Rolanda! 
Rolanda qəti, şax addımlarla qapıya tərəf getdi. Gələcək onun üçün aydın, həyat isə 
mənalı idi... 
 
Morozovla «Fuke» restoranının artırmasında oturmuşdu. Axşam saat doqquz idi. 
Adam çoxdu. Lap uzaqda, «Zəfər tağı»nın arxasından iki fənərin dümağ, bumbuz 
işığı görünürdü... 
– Siçovullar Parisdən qaçır...–Morozov dilləndi.– «İnternasional»da iki otaq 
boşalıb. 1933-cü ildən bəri belə olmamışdı. 
– Başqa mühacirlər gəlib dolacaq. 
– Kim gələsidir? Ruslar da, italyanlar da, polyaklar da, ispanlar da, almanlar da 
oldu, qurtardı... 
– Fransızlar! Sərhəd tərəfdən qaçanlar. Ötən müharibədəki kimi... 
Morozov qədəhini götürəndə gördü ki, boşdur. İşarə ilə xidmətçini çağırdı: 
– «Puyi»dən bir qrafin də gətirin.–Sonra Ravikə tərəf döndü:–Bəs sən nə 
fikirləşirsən? 
– Məni də o siçovullara tay tutursan? 
– Hə. 
– İndi siçovullara da pasport, viza lazımdır. 
Morozov narazı baxışlarla onu süzdü: 


 
279
– İndiyə kimi səndə hansı olub?! Gəzmədiyin yer də qalmayıb... Vyanada, Sürixdə, 
İspaniyada, Parisdə... Sənin də aradan çıxmaq vaxtın yetişib. 
– Hara?–Ravik xidmətçinin yenicə gətirdiyi qrafini götürdü. Şüşə soyuq və 
kələkötür idi. Tünd olmayan şərabdan qədəhlərə süzdü.–İtaliyaya? Gestapo 
sərhəddə dayanıb gözləyir. İspaniyaya? Falankistlər də orada gözləyir... 
– İsveçrəyə get! 
– İsveçrə də çox balacadır. Orada üç dəfə olmuşam. Hamısında da polis bircə 
həftədən sonra yaxalayıb, Fransaya qaytarıb. 
– İngiltərəyə! Belçikadan gizlincə keçərsən. 
– Mümkün deyil. Limanda tutub Belçikaya qaytaraçaqlar. Ora da mühacirlərə əl 
vermir. 
– Amerikaya da gedə bilməzsən. Bəs Meksika necədir? 
– Mühacirlərlə doludur. Ora getmək üçün də sənəd lazımdır. 
– Sənin heç nəyin yoxdur? 
– Həbsxanalardan buraxılış sənədlərim olub. Sərhədi keçəndə müxtəlif adlarla 
yatmışam. Belələri adama lazım olmur, ona görə də cırıb atmışam. 
Morozov susdu. 
– Daha qaçmağa yer qalmayıb, Boris baba!–Ravik kinayə ilə dilləndi.–Nə vaxtsa 
qurtarmalı idi... 
– Bilirsən, müharibə başlasa, burada nələr olacaq? 
– Məlum şeydir, fransız konslagerləri... Keyfiyyəti də lap aşağı olacaq, çünki 
hazırlıq görməyiblər. 
– Bəs sonra? 
Ravik çiyinlərini çəkdi: 
– Çox uzağı fikirləşmək lazım deyil. 
– Qoy belə olsun... Ancaq bilirsən, burada qarmaqarışıqlıq düşüb, səni də 
konslagerə göndərsələr, axırın necə olacaq? Almanların əlinə düşə bilərsən! 
– Bəlkə də, düşdüm... Çoxu belə olacaq... Bəlkə də, bizi onlar gəlməmiş 
buraxdılar... Kim bilir, necə olacaq? 
– Bəs sonrası? 
Ravik siqaret çıxardı: 
– Gəl bu söhbətləri bir yana qoyaq, Boris. Mən Fransadan heç yana gedən deyiləm. 
Başqa yerlər təhlükəlidir, getmək mümkün deyil. Heç özüm də daha getmək 
istəmirəm. 
– Daha istəmirsən? 
–Yox! Çox ölçüb-biçmişəm. Səni başa sala bilmərəm. Sözlə demək də çətindir. 
Getmək istəmirəm, vəssalam! 
Morozov susaraq, artırmada oturanlara baxdı: 
– Joan da burada imiş,–dedi. 
O, V Georq prospekti tərəfdən uzaq bir stol arxasında kişi ilə oturmuşdu. 
Morozov Ravikdən soruşdu: 
– Kişini tanıyırsan?  
Ravik həmin tərəfə baxdı: 
–Yox. 
–Deyəsən, gündə birini tapır. 


 
280
–Həyatla ayaqlaşır, – Ravik laqeydliklə dilləndi.– Çoxumuz eləyik. Nəfəsi tutula-
tutula onun arxasınca qaçırıq ki, əldən çıxmasın. 
– Bunu başqa cür də demək olar. 
– Olar, ancaq mənası dəyişməyəcək. Nigarançılıqdır, qoca! Son iyirmi beş ilin 
dəbdə olan xəstəliyidir. Daha heç kəs həyatının qalan hissəsini sakitcə başa vurub 
qocalacağına inanmır. Hamı yanğın qoxusunu duyur, həyatdan nəsə qoparmağa 
çalışır. Təkcə səndən başqa... Sənə adi sevinclər də bəs eləyir. 
Morozov dinmədi. 
– Ancaq şlyapadan başı çıxmır,– deyə Ravik sözünə davam etdi.–Başına qoyduğu 
şlyapaya bax! Ümumiyyətlə, zövqü pisdir. Onun gücü də elə bundadır. Çox 
mədəni olmaq adamı zəiflədir. Ancaq axır nəticədə hamı adi, çılpaq həyat 
həqiqətlərinə gəlib çıxır. Sən özün buna ən yaxşı misalsan. 
Morozov irişdi: 
– Mənim miskin səadətimdə işin olmasın, ey xəyalı həmişə göylərdə süzən insan! 
Zövqü adi olan adamın çox şey xoşuna gəlir, heç vaxt əli boşda qalmır. Altmış 
yaşında məhəbbət dalınca qaçan axmaqdır, qarşısındakıların manşır kartla 
oynadığını bilə-bilə onları udmaq xəyalına düşür. Yaxşı fahişəxanada adamın ürəyi 
dinclik tapır. Mən getdiyim yerdə on altı cavan qız var. Azacıq pulla paşalıq 
eləyirəm. Mənim orada gördüyüm nəvazişi bəzi məhəbbət qulları ömrü boyu 
görmür. Yenə deyirəm, məhəbbət qulları! 
– Başa düşdüm, Boris. 
– Yaxşı, onda gəl bu sərin, yüngül «Puyi» şərabını axıracan içək, Parisin hələ 
zəhərlənməmiş havasından doyunca udaq! 
– Mən razı! Sən şabalıd ağaclarının bu il ikinci dəfə çiçək açdığını hiss elədin? 
Morozov başını tərpətdi, qırmızı rəngə çalan nəhəng Mars planetinin işıq saçdığı 
səmanı göstərdi: 
– Hiss elədim! Deyirlər, Mars da çoxdan bəri yerə belə yaxınlaşxmayıb.– O 
güldü.–Bir azdan qəzetlərdə oxuyarıq ki, haradasa yenicə doğulmuş uşağın 
üzündəki xal qılınca oxşayır. Ya da haradasa yağış əvəzinə, qan yağıb! Bu qəribə 
əlamətləri tamamlamaq üçün təkcə orta əsrlərin müəmmalı quyruqlu ulduzu 
çatmır. 
– O quyruqlu ulduz da gəlib!–Ravik redaksiyanın binası üstündə hərəkət edən 
reklam–yazını göstərdi. Hərflər, sanki, bir-birini təqib edirdi. Ora xeyli adam 
yığışmışdı və başlarını geri əyərək, dinmədən onlara tamaşa edirdilər... 
Raviklə Morozov burada xeyli oturdular. Bir qarmonçalan səkidə dayanıb 
«Göyərçinim mənim» mahnısını çalırdı. Sonra xalça alverçiləri gəldi, hərəsi birini 
çiyininə almışdı. Bir oğlan da stolların arası ilə gəzə-gəzə püstə satırdı. 
Qəzetsatanlar gələnə kimi hər şey əvvəlki qayda ilə yerində idi. Ancaq onlar 
görünər-görünməz təzə xəbərləri əllərindən qapdılar və bir neçə saniyənin içində 
hərə bir qəzet açdı. Elə bil, artırmaya bir dəstə iri, dümağ, qansız güvə dolmuşdu 
və qanadlarını asta-asta tərpədərək, acgözlüklə öz qurbanlarını didişdirirdi... 
– Joan gedir, –Morozov dilləndi. 
– Hanı? 
– O tərəfə bax... 


 
281
Joan küçəni keçib, «Yelisey çölləri»ndəki üstüaçıq maşına tərəf gedirdi. Raviki 
görmədi. Yanındakı kişi maşının o biri tərəfinə keçib, sükanın arxasında oturdu. 
Şlyapa qoymamışdı və çox cavan görünürdü. Ustalıqla maşını o birilərin arasından 
çıxardı. «Deloe» idi... 
– Gözəl maşındır...– Ravik sükutu pozdu. 
– Təkərləri gözəldir!–deyə Morozov fısqırdı.–Polad qətiyyətli, əyilməz Ravikə 
bax! – Sonra da təəssüf hissi ilə əlavə elədi.–Vətənindən didərgin düşüb, gəlib 
mərkəzi avropalı olub. Gözəl maşına bax! Murdar bir əclaf desəydin, yenə bir az 
başa düşərdim. 
Ravik gülümsədi: 
– Bu, nəyisə dəyişir? Əclaf, ya müqəddəs, nə fərqi, hər şey ona münasibətdən 
asılıdır. Ömrü boyu sakit bir fahişəxana axtaran on altı qızın paşası belə şeyi başa 
düşməz! Məhəbbət gəlir güdən tacir deyil. Xəyal aləminə öz pərdəsini asmaq üçün 
iki-üç mismar bəs eləyər. İstəyir qızıldan olsun, istəyir qurğuşundan, ya da lap 
paslanmış olsun, ona fərq eləmir. Harada kefi gəlir, orada da adamı yaxalayır. 
İstəyir, qaratikan kolu olsun, istəyir, qızılgül, fərqi yoxdur, sədəf kimi parıldayan 
ay işığına bürünəndə «Min bir geçə» nağılına dönür. 
Morozov şərabdan bir qurtum aldı. 
– Sən yaman çox danışırsan,–dedi,–heç biri də düz deyil. 
– Özüm bilirəm. Ancaq qatı qaranlıqda adicə bir mayak da gur işıqdır, Boris. 
Etual meydanından gümüşü rəngə bələnmiş bir sərinlik gəldi. Ravik içində şərab 
olan köbəli qədəhi ovcuna aldı. Əlinə sərinlik yayıldı. Ürəyi də belə soyuq idi. Bu 
soyuqluq gecənin nəfəsi ilə gəlirdi və özü ilə bərabər Ravikin taleyinə sonsuz bir 
biganəlik də gətirirdi. Həm taleyinə, həm də gələcəyinə... Haçansa bir dəfə də belə 
olmamışdımı? Hə, yadına düşdü, Antibdə... Joanın onu atıb gedəcəyini biləndə... 
Bu, sonradan etinasızlığa çevrilən biganəlik idi. Heç yana getməməyi qərara alanda 
da belə soyuqqanlı oldu. Daha heç yerə gedən deyil! Bu da həmin işin davamıdır. 
İntiqamın da, məhəbbətin də dadını gördü. Bəsi idi! Bunlar hər şey olmasa da, hər 
halda, çox şey idi! Kişiyə bundan artıq nə lazımdır?! Əslində, heç birinə ümid 
eləmirdi. Haakeni öldürdü və Parisdən qaçmadı! Heç qaçmayacaq da! Bu da həmin 
işin davamıdır! Bir yandan dolan bir yandan boşalmalıdır... Yox, məyusluq deyildi 
bu! Sadəcə olaraq, adam qəti qərara gələn kimi sakitləşir, fərqi yoxdur, qoy bu 
qərar heç bir məntiqə sığmasın! Çox yıxılıb-durandan sonra ayağı yer tutmuşdu, 
nəsə gəlib yerinə düşmüşdü. İndi bir az ara vermək, özünü toplayıb diqqətlə ətrafa 
baxmaq lazımdır. Bu, çox müəmmalı bir inam idi, sanki, yaranan fasilədən istifadə 
edərək, nəyəsə hazırlaşırdı. Artıq hər şey mənasını itirmişdi. Axar sular dayanıb 
göl olub, gecənin qoynunda uyuyur. Bu gölün hara axıb töküləcəyini açılan səhər 
göstərəcək... 
– Mən gedim,–deyə Morozov saata baxdı. 
– Oldu, Boris. Mən bir az da oturacağam. 
– Axırı çatmış bir dünyanın son gecələrindən nəsə qoparmaq istəyirsən, hə? 
– Düz tapdın! Bunların heç biri qayıdan deyil... 
– Qayıtsa yaxşıdır? 
– Yox! Heç biz də qayıdan deyilik! Keçən gün keçib getdi, onu gözyaşı ilə, 
yalvarmaqla qaytarmaq olmaz! 


 
282
– Sən yaman çox danışırsan!–Morozov ayağa durdu.– Allahına şükür elə ki, hansı 
əsrinsə son günlərini görürsən. Ancaq heç də yaxşı əsr olmadı... 
– Hər halda, öz əsrimizdir. Sən isə yaman az danışırsan, Boris! 
Morozov qədəhin dibində qalanı ayaq üstə içdi. Onu stolun üstünə elə ehtiyatla 
qoydu ki, deyərdin, icində dinamit var və saqqalını sildi. O, adi geyimdə Ravikə 
çox nəhəng, cüssəli göründü. 
– Elə bilmə ki, sənin nə üçün getmədiyini başa düşmürəm...–Bu sözləri asta-asta 
dedi.–Niyə getmədiyini lap yaxşı bilirəm, ay: «Olacağa çarə yoxdur!»– deyən 
sınıqçı... 
 
Mehmanxanaya səhər açılanda qayıtdı. İçəri girəndə vestibüldəki divanda balaca 
bir kölgə büzüşüb oturmuşdu və onu görən kimi əllərini qəribə tərzdə yellədərək, 
sıçrayıb ayağa durdu. Ravik gördü ki, onun bir qıçı yoxdur. Şalvarının altından 
çıxan taxta ayaq kələ-kötür və çirkli idi. 
– Doktor! Doktor! 
Ravik diqqətlə ona baxdı. Vestibülün zəif işığında gördü ki, oğlan uşağıdır, 
dişlərini ağardır. 
– Janno!–Lap mat qaldı.–Hə də, Jannodur! 
– Özüdür ki, var! Tanıdınız. Bütün gecəni oturub gözləmişəm. Ünvanınızı bu gün 
günortadan sonra tapa bildim. Xəstəxanadakı ifritədən çox soruşdum. Baş tibb 
bacısını deyirəm... Hər dəfə də dedi ki, Parisdə yoxsunuz. 
– Düz deyir, burada xeyli olmadım. 
– Axır ki, bu gün günorta burada qaldığınızı dedi. O dəqiqə də gəldim! 
Oğlanın üz-gözündən sevinc yağırdı. 
– Yoxsa, ayağına nəsə olub? 
– Heç nə!–Janno taxta qıçını şappıldatdı, elə bil, sadiq itinin kürəyinə vurub: «sağ 
ol!» – deyirdi.–Heçcə nə! Hiss olunmur da... 
Ravik onun taxta qıçına baxdı: 
– Deyəsən, istədiyinə çatmısan. Sığorta idarəsi ilə necə düzəlişdin? 
– Pis olmadı. Mexaniki protezə razılaşdılar, mağaza da on beş faizini saxlayıb, 
qalanını nəqd pulla özümə verdi. Hər şey qaydasındadır. 
– Bəs dükan? 
– Elə ona görə gəlmişəm. Süd dükanı açdıq. Balacadır, ancaq bizi dolandırır. 
Anam satır. Malı özüm gedib alıram, sonra da haqq-hesab işinə baxıram. Etibarlı 
adamlarım var, birbaşa kənddən gətirirəm. 
Janno taytıya-taytıya sınıq-salxaq divana tərəf getdi, möhkəm-möhkəm sarınmış 
qəhvəyi bir bağlama gətirdi. 
– Buyurun, doktor, sizin üçündür! Özüm gətirmişəm! Elə şey deyil... Hamısı öz 
dükanımızdandır: çörək, yağ, pendir, yumurta... Bir yana çıxmaq həvəsi 
olmayanda, ala-babat axşam yeməyi olar, hə? – deyə Janno ərklə Ravikin 
gözlərinin içinə baxdı. 
– Bundan yaxşı şam yeməyi olmaz, Janno. 
Oğlan razılıqla başını tərpətdi: 
– Mənə elə gəlir, siz pendiri çox xoşlayırsınız. «Bri» və «Pon le Eveg»dir... 
– Lap ürəyimcə olan pendirlərdir. 


 
283
– Əla!–Janno sevinclə əlini ayağının calaq yerinə vurdu. – «Pon le Evek» anamın 
ağlına gəldi! Mən elə bilirdim, «Bri» xoşunuza gəlir. «Bri» əsl kişi pendiridir. 
– İkisi də əladır. Bundan yaxşı hədiyyə olmaz,–deyə Ravik bağlamanı aldı. – Çox 
sağ ol, Janno! Xəstələr çox nadir hallarda öz həkimlərini xatırlayırlar. Çox vaxt da 
verdikləri puldan bir az geri almağa gəlirlər. 
– Elələri varlılar olar, düz demirəm?–Janno bic-bic güldü.–Bizlərə aid deyil. Axı 
sizə çox borcluyuq! Ayağım elə taxta kimi dümdüz qalsaydı, əlimiz də boşda 
qalardı... 
Ravik onun üzünə baxdı. «Bəlkə oğlan, elə bilir, ayağını kefdən kəsmişəm?»–deyə 
ürəyindən keçirdi. 
– Başqa yolumuz yox idi, Janno,–dedi,–mütləq kəsilməli idi. 
– Əlbəttə!–Janno göz vurdu.–Aydın məsələdir!–O, papağını gözünün üstünə 
basdı.–İndisə gedim. Anam indi nigarandır, çoxdan çıxmışam evdən... Hələ bir 
nəfərlə də görüşməliyəm. Təzə qoyun pendiri üçün... Hələlik, doktor! Ümid edirəm 
ki, xoşunuza gələcək. 
– Hələlik, Janno! Çox sağ ol! Xoşbəxt ol! 
– Xoşbəxt olmağına olacağıq! 
Balaca kölgə uzaqdan əl elədi və inamla axsaya-axsaya qapıya tərəf getdi. 
 
Ravik otağa girən kimi bağlamanı açdı. Axtarıb köhnə bir spirt lampası tapdı. Neçə 
il idi ki, onu işlətmirdi. Ora-buranı eşələyib bir qutu quru spirt və balaca bir tava 
çıxardı. Qaxaclardan ikisini götürüb lampanın piltə yerinə qoydu, od vurdu. Mavi 
alov dilləri şölələndi. Tavaya bir az yağ atdı, iki yumurta sındırıb çırpdı. Sonra 
təzə, bürüştə ağ çörəyi dilimlədi, stolun üstünə bir-iki köhnə qəzet sərib, tavanı da 
onun üstünə qoydu, pendir çıxardı, bir şüşə də «Vuvre» açıb, yeməyə başladı. 
Çoxdan belə yeməmişdi. Fikirləşdi ki, sabah bir bağlama quru spirt alsın. Spirt 
lampası açılıb-yığılan idi, onu özü ilə həbs düşərgəsinə də apara bilərdi... 
Asta-asta yeyirdi. Sonra da «Pon le Evek»in dadına baxdı. Janno düz deyirmiş, 
əntiqə şam yeməyi oldu... 
 
                                                                XXXII 
 
– Misir köçü başlandı! – Bu sözləri filologiya və fəlsəfə elmləri doktoru 
Zaydenbaum Raviklə Morozova deyirdi.–Özü də Musa peyğəmbərsiz! 
Rəngi saralıb, arıqlamış Zaydenbaum «İnternasional»ın qapısında dayanmışdı... 
Küçədə Şternlər, Vaqnerlər ailəsi və bir də subay Ştolts köçlərini tutduqları mebel 
maşınına yükləyirdilər. 
Həmin günəşli avqust günündə küçəyə çoxlu mebel yığılmışdı. Üzünə həbəş xalısı 
çəkilmiş qızıl haşiyəli divan, bir neçə qızıl haşiyəli kreslo və təzə bir həbəş 
xalçası... Hamısı da Şternlər ailəsinin idi. İndi də qızılağacdan düzəldilmiş iri stolu 
gətirirdilər. Solğunbənizli, qonurgözlü Selma Ştern onu, qırt toyuq cücələrini 
qoruyan kimi qoruyurdu: 
– Ehtiyatlı olun! Üstünü cızmayın! Yavaş... Bir az yavaş! 


 
284
Pardaqlanmış stol işım-işım işıldayırdı. Evdar qadınlar belə şeydən ötrü nədən 
keçməzdilər! Selma Ştern stolun yan-yörəsində vurnuxur, yükdaşıyanlar isə ona 
məhəl qoymurdular. Onlar stolu küçəyə çıxardılar. 
Günəş stolun üstündə bərq vururdu. Selma bir az əyilərək, əlindəki əski ilə üstünün 
tozunu alır, künc-bucağını silirdi. Stolun pardaqlanmış lövhəsi tutqun güzgü kimi 
onun solğun bənizini əks etdirirdi. Elə bil, min yaşlı ulu nənəsi sualedici nəzərlərlə 
zəmanənin güzgüsündən ona baxırdı... 
Yükdaşıyanlar qızılağacdan hazırlanmış servantı çıxardılar. O da stol kimi 
pardaqlanmışdı və işım-işım işıldayırdı. Kişilərdən biri vaxtından əvvəl döndü və 
servantın bir tərəfi «İnternasional» mehmanxanasının giriş qapısına toxunub 
cızıldı. 
Selma Şterndən səs çıxmadı, elə bil, daşa döndü. Əsgini bir az yuxarı qaldırmışdı, 
ağzı da azacıq açılmışdı... Sanki, əsgini ağzına basmaq istəyəndəcə daşlaşmışdı... 
Balacaboy, eynəkli, sallaqdodaq əri Yozef Ştern ona yaxınlaşdı: 
– Yaxşı, Selma, əzizim... 
Qadın onu görmürdü, gözlərini harayasa uzaqlara zilləmişdi... 
– Servant... 
– Yaxşı, Selma, əzizim, axı əlimizdə viza... 
– Anamdan qalmışdı... Ata-anamdan... 
– Yaxşı, Selma, əzizim, nə böyük şeydir? Bir az cızılıb. Əsas məsələ odur ki, viza 
əlimizdədir... 
– Qalacaq... Ömürlük qalacaq... 
– Madam!–Yükdaşıyan almanca bilməsə də, söhbətin nədən getdiyini yaxşı başa 
düşürdü.–Elə isə zirzibilinizi özünüz yükləyin. Qapıları mən belə ensiz 
düzəltməmişəm! 
–Sales boches (26) –O biri yükdaşıyan da donquldandı. 
Yozef Ştern dikəldi:  
– Biz «Boshe» deyilik,–dedi. – Biz mühacirik! 
– Qoy olsun «Sales refugiés» (27) – Kişi yenə donquldandı. 
Ştern arvadına tərəf döndü: 
–Görürsən, Selma, başımıza nələr gəlir? İndi neyləyək? Sənin bu qızılağac 
mebellərin bizim başımıza çox oyunlar gətirdi. Koblensdə dörd ay ləngidik, çünki 
sən onlardan əl çəkmək istəmədin. Sonra oradan çıxmaq bizə on səkkiz min 
markaya başa gəldi. İndi də qalmışıq küçənin ortasında, gəmi də bir azdan yola 
düşür... 
Ştern bunu deyib yazıq-yazıq Morozova baxdı: 
– İndi neyləyəsən? Gah «Sales boche», gah da «Sales refugiés» olduq! Desəm ki, 
yəhudiyik, onda da «Sales jufs» (28) deyəcək, hər şey də bitəcək! 
– Pul verin! 
– Pul? Təpəmə çırpar! 
– Heç vaxt!–Ravik də söhbətə qarışdı.–Bu cür ağızdan yava adamları tez yola 
gətirmək olur. 
– Elə şeyi bacarmaram... Kimsə məni təhqir eləsin, mən də ona pul verim! 
Morozov etiraz etdi: 


 
285
– Əsl təhqir odur ki, birbaşa sənin özünə deyilsin. Bununku ümumi təhqirdir. Siz 
də ona çaypulu verib təhqir eləyin! 
– Yaxşı... yaxşı,–deyən Şternin gözlərinə təbəssüm qondu. 
Pul çıxarıb yügdaşıyanlara verdi. İkisi də onu ikrahla götürdü. Ştern də eyni ikrah 
hissi ilə pulqabını qaytarıb cibinə qoydu. Yükdaşıyanlar ora-bura baxıb, Həbəşistan 
stullarını maşına yığmağa başladılar. Servantı qəsdlə lap axırda yüklədilər. Onu 
qoyanda bir az yana əydilər, sağ tərəfi maşına dəydi. Selma içini çəkdi, ancaq 
dinmədi. Ştern isə bunu heç görmədi. Elə hey dönə-dönə vizasını, kağızlarını 
yoxlayırdı. 
Morozov: 
– Heç nə küçəyə yığılmış mebel qədər adama pis təsir eləmir,–dedi. 
Növbə Vaqnerlər ailəsinə çatdı. Bir neçə stul və görkəmindən qüssə-kədər yağan 
çarpayı... Onu da utanmadan düz küçənin ortasına qoymuşdular... Üstünə «Qrand-
Otel», «Qardone» və «Adlon», «Berlin» şəkilləri yapışdırılmış iki çamadan... Qızıl 
çərçivəli açılıb-yığılan güzgü. Küçənin şəkli indi də ora düşürdü. Və bir də mətbəx 
ləvazimatı. Bilinmirdi ki, bunları Amerikaya nəyə aparırdılar... 
– Qohumlarımız...–Leone Vaqner dilləndi.–Çikaqodakı qohumlarımız düzəltdi 
hamısını... Pul, viza göndərdilər, qonaq çağırdılar. Oradan da Meksikaya 
gedəcəyik. Qohumlarımız! Qohumlarımız elədi! 
Qadın utanırdı. Burada qalanların baxışlarını üzərində hiss etdikcə özü özünə fərari 
kimi görünürdü. Ona görə də tez getmək istəyirdi. Hətta yükdaşıyanlara da kömək 
elədi. Yalnız birinci tini burulandan sonra rahat nəfəs alacaqdı. Ancaq onda da yeni 
bir qorxu başlayacaqdı. Görəsən, gəmi yola düşəcəkmi? Onları sahilə 
buraxacaqlarmı? Görəsən, geri göndərməzlər ki? Bir qorxu gedən kimi, ayrısı 
gəlirdi. Neçə ildi ki, beləydi... 
Subay Ştoltsun, demək olar ki, kitablardan başqa heç nəyi yox idi. Bircə çamadan 
pal-paltarı və bir də kitabları... İlk çaplar, qədim nəşrlər, təzə kitablar. 
Qəddi əyilmiş bu qırmızıbaş kişi lap yazıqlaşmışdı... 
Qalan qaçqınlar yavaş-yavaş mehmanxananın qapısı ağzına yığışırdılar. Çoxu 
dinmir, yalnız şeylərə, mebel maşınına baxırdı... 
Şeyləri yükləyib qurtaran kimi əsəbləşmiş Leoni Vaqner dedi: 
– Hə, indi hələlik! Ya da qud bay! – O, həyəcanlı-həyəcanlı güldü.–Ya da adye! 
İndi hamısı bir-birinə qarışıb, adam özü də çaşıb qalır! 
O, qapıda dayananların bəzilərinə əl verdi: 
– Oradakı qohumlarımız, – dedi. – Onlar elədi. Bizə qalsa, heç vaxt... 
Leoni bir azdan səsini kəsdi. Doktor Ernst Zaydenbaum əlini onun çiyninə qoydu: 
– Eybi yoxdur,–dedi,–kiminin bəxti gətirir, kimininki də yox... 
– Çoxununku gətirmir!–Mühacir Vizenhof əlavə etdi.–Eybi yoxdur, yaxşı yol! 
Yozef Ştern, Ravik, Morozov və bir neçə nəfərlə vidalaşdı. Günahkar bir 
təbəssümlə gülümsəyirdi, elə bil, əlində saxta pul tutulmuşdu: 
– Kim bilir, axırı necə olacaq?! Bəlkə də, «İnternasional»dan ötrü ürəyimizin başı 
göynədi... 
Selma Ştern artıq maşında idi. Subay Ştolts heç kəslə halallaşmadı. O, Amerikaya 
getmirdi, sənədləri Portuqaliyaya qədər idi. Bunu da mənasız şey hesab edir və ona 


 
286
görə də başqaları kimi təntənə ilə vidalaşmırdı. Yalnız maşın tərpənəndə o əl 
elədi... 
Qapıda dayananlar yağışa düşmüş toyuq-cücə kimi xeyli büzüşüb durdular. 
Morozov Ravikə tərəf döndü: 
– Gəl, – dedi,–birbaşa «katakomba»ya! Bu yanğını təkcə kalvados söndürər! 
Onlar oturmamış başqaları da gəldi. Sanki, külək xəzan vurmuş yarpaqları oynada-
oynada içəri doldururdu. Seyrək saqqallı, solğun bənizli iki yəhudi ruhanisi, 
Vizenhof, Rut Qoldberq, avtomat-şahmatçı Finkenştayn, fatalist Zaydenbaum, bir 
neçə ər-arvad, xeyli uşaq, impressionist şəkillərin sahibi, hələ də çıxıb gedə 
bilməyən Rozenfeld, bir-iki yeniyetmə və bir neçə qoca-qoltuq... 
Şam yeməyinə hələ çox qalırdı, ancaq, deyəsən, heç kəs o otaqların tənhalığına 
qayıtmaq istəmirdi... Hamı bir yerdə oturdu. Heç biri danışmırdı, hamı öz taleyi ilə 
barışmışdı. Elə bədbəxtliklər görmüşdülər ki, bundan sonra başlarına nə 
gələcəyinin heç bir fərqi yox idi. 
– Kübarlar getdi!–Zaydenbaum dilləndi.–Burada da ömürlük həbs cəzasına, ya da 
ölümə məhkumların iclası başladı. Seçmə xalqlar! Yehovvanın əziz-xələfləri! 
Yalnız fəlakət üçün yaranmışlar! Yaşasın həyat! 
– Hələ İspaniya durur,–deyə Finkenştayn söz atdı. Onun əlində şahmat məsələləri 
dərc olunmuş «Matyen» qəzeti və qabağında şahmat taxtası vardı. 
– Hə, İspaniya... Faşistlər ora keçən yəhudiləri öpüb gözlərinin üstünə qoyacaqlar! 
Köklüyündən yırım-yırım yırğalanan xidmətçi qadın kalvados gətirdi. 
Zaydenbaum pensnesini taxdı: 
– Çoxumuz əməlli-başlı içib keflənməyi də bacarmırıq. Heç olmasa, bircə gecə bu 
dəhşətlərdən uzaq olardıq. Bu da əlimizdən gəlmir! Özümüz də Aqasferin 
varisləriyik. İndi o qoca səyyahın özü də çaşıb qalar, sənədsiz çox uzağa gedə 
bilməzdi. 
Morozov dedi: 
– Bizimlə bir qədəh için. Kalvados yaxşıdır. Allaha şükür ki, sahibə bunu bilmir, 
yoxsa qiymətini qaldırardı. 
Zaydenbaum başını buladı: 
– İçən deyiləm. 
Ravik bir az o tərəfdəki üzütüklü kişiyə baxırdı. O, tez-tez cibindən güzgü çıxarıb 
özünə baxır, yerinə qoyur, təzədən bir də çıxarırdı. 
– Bu, kimdir? – deyə Ravik Zaydenbaumdan soruşdu. – Onu buralarda heç 
görməmişəm. 
Zaydenbaum dodaqlarını büzdü: 
– Təzə Aron Qoldberqdir. 
– Necə? Qadın nə tez ərə getdi? 
– Getməyib. Ölmüş Qoldberqin pasportunu ona iki min franka satıb. Qoca 
Qoldberqin çal saqqalı vardı. İndi də bu tayı saqqal buraxır. Pasport üçün şəkildən 
ötrü... Saqqalı çıxmamış pasportdan istifadə eləməyə qorxur. Zamanı qabaqlamaq 
istəyir! 
Ravik yenə əsəbiliklə cod saqqalını didişdirə-didişdirə onu pasportdakı şəkillə 
müqayisə eləyən kişiyə baxdı: 
– Uzaqbaşı, desin ki, saqqalımı yandırmışam. 


 
287
– Yaxşı fikirdir, ona deyərəm. – Zaydenbaum pensnesini götürüb əlində oynatdı, 
gülümsədi.–Cəncəl işdir! İki həftə bundan qabaq xalis alver idi. İndi isə Vizenhof 
qısqanmağa başlayıb, heç Rut Qoldberqin də halı özündə deyil. Bu da sənədin 
iblisliyi! Kağıza əsasən, kişi onun halalca əridir... 
O durub təzə Aron Qoldberqə tərəf getdi. Morozov Ravikə baxdı: 
– «Sənədin iblisliyi»ni yaman dedi. Bu gün neyləyəcəksən? 
– Ket Heqstrem axşam «Normandiya» gəmisi ilə gedir, onu Şerbura aparacağam. 
Öz maşınında gedir, onu qaytarıb qaraja salacağam. Maşını qaraj sahibinə satıb. 
– Yol gedə bilər? 
– Əlbəttə. İndi onun üçün neyləməyin fərqi yoxdur. Gəmidə yaxşı həkim var. Nyu-
Yorkda da... – Ravik çiyinlərini çəkib, qədəhini boşaltdı. 
«Katakomba»nın havası ağır, boğucu idi. Pəncərəsi yoxdu. Toza bələnmiş süni 
palmanın altında qoca ər-arvad oturmuşdu. Qüssə-kədər onların dörd yanına çəpər 
çəkmişdi. Əl-ələ tutub hərəkətsiz oturmuşdular və baxan deyərdi ki, onlar bir də 
ayaqa dura bilməyəcəklər... 
Ravikə birdən-birə elə gəldi ki, dünyanın bütün dərd-ələmi bu qaranlıq zirzəmiyə 
dolub. Divardan asılmış ölgün işıqlı sapsarı elektrik lampaları bu otağı daha da 
yoxsullaşdırırdı. Sükut, pıçıltı, gündə min dəfə oxunan kağız-kuğuzların xışıltısı, 
lal-dinməz oturub dönə-dönə günləri saymaq, ümidsiz-ümüdsiz öz sonunu 
gözləmək, cüzi, miskin bir qeyrət hissi, min dəfə alçaldılmış, min dəfə təhqir 
edilmiş həyat! O həyatı indi bir küncə qısnayıblar, dəhşətə gəlib, nə edəcəyini 
bilmir! Birdən-birə o bunların hamısını duydu, iyini aldı. Bu, qorxu iyi idi. 
Sonuncu nəhəng, lal bir qorxu idi və o da bunu duyurdu. Bildi ki, onu bir dəfə də 
həbs düşərgəsində, adamları küçələrdən, yatan yerdən gətirib baraklara dolduranda 
və həmin adamlar da başlarına nə gələcəyini gözləyəndə hiss etmişdi... 
Qonşu stol arxasında iki nəfər oturmuşdu: saçını tağdan ayırmış qadın və onun əri. 
Qarşılarında, təxminən, yeddi-səkkiz yaşlarında bir oğlan uşağı dayanmışdı. 
Stolların arasında çox vurnuxmuş, hərədən bir-iki söz eşidəndən sonra qayıdıb 
gəlmişdi. 
O: 
– Niyə biz yəhudiyik? – deyə anasından soruşdu. 
Qadın cavab vermədi. 
Ravik Morozova baxdı: 
– Mən xəstəxanaya gedəsiyəm,–dedi. 
– Mən də çıxıram. 
Onlar pilləkənlə yuxarı qalxanda Morozov dedi: 
– Çox bilməyin özü də yaxşı deyil. Bunu sənə köhnə antisemit kimi deyirəm! 
«Katakomba»dan sonra xəstəxana adama cənnət kimi görünürdü. Əlbəttə, burda da 
dərd-ələm, əzab-işgəncə, xəstəlik vardı, ancaq bilirdin ki, onların nəsə ağlasığan 
bir səbəbi var. Niyə belə olduğunu bilirdin və bir də onu bilirdin ki,