MühaziRƏ 5 Ədəbi redaktor və gizli imza problemi



Yüklə 20,08 Kb.
tarix02.01.2022
ölçüsü20,08 Kb.
#45304
edebi redaktenin esaslari 5


MÜHAZİRƏ 5

Ədəbi redaktor və gizli imza problemi

Naməlum, gizli, örtülü və uydurmalı imzalar, müəllifi mə­lum olmayan müxtəlif təxəllüslər, əsas etibarı ilə birinci rus inqi­labından sonra Azərbaycan mətbuatında, xüsusən satirik qəzet və jurnallarda görünməyə başlamışdır.

Zəhmətkeş xalqın istismarına qarşı etiraz, burjua və feodal əxlaqına, dini xurafat və cəhalətə qarşı mübarizə məqsədi ilə ya­zılmış satirik əsərlər təbiidir ki, müəllifləri üçün, onların həyatı üçün təhlükə doğurmaya bilməzdi. Keçmişdəki ağır şəraitdə, mətbu­atda açıq imza ilə quruluşu, istismarçı sinfi tənqid etmək, şübhə­siz ki, qorxulu idi. Misal üçün, hələ 1905-ci il inqilabından qabaq Göyçaydan "Şərqi-Rus" qəzetinə yazılmış məktubda deyilirdi: "Ad yazmadıq. Ad yazan vaxtda hər tərəfdən məzəmmət edirdilər. Ona görə də ad yazmamağı xahiş edirik... hərgah qəzetdə bizim adımız olsa da, daha yazmarıq. Hərgah adımızı yazmasanız, həmişəlikdə sizə söz yazarıq. Vəssəlam"

1906-cı ildə nəşrə başlayan "Molla Nəsrəddin" jurnalının ilk nömrəsində redaktorun adından başqa heç bir açıq imza yox idi. Beləliklə də, "Molla" örtülü imza ilə mətbuatda çıxış etməyi "qanuni" bir şəklə saldı. Doğrudur, bu daimi deyil, müvəqqəti bir çıxış yolu idi. Müvəqqəti idi, ona görə ki, haradan yazan, necə yazan bir müəllifin üç-dörd yazısı göründükdən sonra dil, ifadə və üslub xüsusiyyətləri ilə yazı sahibinin kim olduğu müəyyən edilir, həmin şəxs təqiblərə məruz qalırdı. Buna görə də "Molla Nəsrəddin" jurnalında və başqa satirik orqanlarda gizli imza ilə iştirak edən müəlliflər tez-tez imzalarını dəyişməli olurdular.

Mətbuatda, xüsusən satirik mətbuatda zamanın ictimai dərdlərini, eybəcərliklərini ürək ağrısı ilə kəskin tənqid atəşinə tutan mühərrirlərin keçmişdə mürtəce qüvvələr tərəfindən necə şiddətli təqib olunmalarına dair yüzlərlə və daha çox misallar gə­tirmək olar. Bakı qoçularının "qozdəstə" götürüb Tiflisə Molla Nəsrəddini (Cəlil Məmmədquluzadəni) öldürməyə get­mələri, Şamaxıda Mirzə Ələkbər Sabirin başına gətirilmiş müsi­bətlər, Suraxanıda mətbuat həvəskarı Əbdülbağı Cəbrayıl oğluna atəş açılması, Mərvdə müxbir Yusif Heydərzadənin polis idarə­sində qətl edilməsi, Təbrizdə İskəndər Qaffarinin məscid həyə­tində döyülməsi və bir başqasının qəzet oxuduğu üçün Təbriz küçələrində doğranması, mollanəsrəddinçi şairlərdən Ə.Qəmküsarın Naxçıvanda, Əli Razinin Gəncədə küçədə döyülmələri, müctəhidlərin Mirzə Cəlilin qətlinə fərman vermələri, Mirzə Cəli­lin, Ömər Faiqin və Qəmküsarın dəfələrlə məhkəməyə çəkil­mələri, "Molla Nəsrəddin" jurnalının idarəsinə göndərilən hədə-qorxu məktubları və s.

Odur ki, yuxarıda deyildiyi kimi, gizli imzalar bəzən "faş" olunur, nəticədə müəlliflər gizli imzalarını da "gizlətmək" məcburiyyəti qarşısında qalıb tez-tez dəyişirdilər. Buna görə də bir müəllif bir neçə gizli imzadan istifadə etməli olmuş, hətta, bəzən hansı gizli imzalardan istifadə etdiklərini onların özləri belə sonralar unutmuşlar.

Məsələn, Cəlil Məmmədquluzadənin özü "Molla Nəsrəddin"də də işlətdiyi gizli imzaların bir çoxunu unutduğu üçün 1927-ci ildə Tiflisdə - jurnalın ilk mürəttiblərindən İsmayıl Haqqı Həsənzadəyə məktub yazıb gizli imzalarını ondan soruşmuşdur. Mirzə Cəlilin həmin məktubuna İ.H. Həsənzadə belə cavab ver­mişdir: "Mən bunu iqrar edirəm ki, məcmuənin Tiflisdə çıxan birinci nömrəsindən ta axıradək "Molla Nəsrəddin" imzası ilə, "Lağlağı" imzası ilə, "Hərdəmxəyal" imzası ilə, "Dəli" imzası ilə, "Cırcırama" imzası ilə və "Dəmdəməki" imzası ilə yazılan cəmi məqalələr sən Cəlil Məmmədquluzadənin öz əli ilə yazılmış mə­qalələrdir"”

Əlbəttə, İsmayıl Haqqının göstərdiyi imzalardan Mirzə Cəlil istifadə etmişdir. Lakin həmin imzalardan yalnız Mirzə Cəlil deyil, başqaları da istifadə etmişlər. Məsələn, "Lağlağı" imzası ilə C. Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Məşədi Qurbanəli Şərifov, Əbdürrəhimbəy Haqverdiyev, Rzaqulu Nəcəfov istifadə etdiyi kimi "Mozalan" imzasından da Mirzə Cəlil, Ə. Haqverdiyev, Məşədi Qurbanəli və Salman Mümtaz da istifadə etmişlər.

Beləliklə də, bir müəllifin bir neçə imzadan, bir neçə müəl­lifin bir imzadan istifadə etməsi kimi bir hal meydana gəlmişdir.

Bir nəfərin bir neçə gizli imzadan istifadə etməsinin səbə­bini mollanəsrəddinçi şair Əli Nəzmi sonralar Mirzə Cəlil haqqın­da yazdığı "Böyükjurnalist" adlı məqaləsində belə izah etmişdir: "Molla Nəsrəddin"in bəzi müxburləri olmuşdur ki, təsadü­fən məcmuəyə bir və ya iki məktub göndərib xoşagələn imzalar atmışdır. Məsələn: Mozalan, Cırcırama, Sırtıq, Lağlağı, Hərdəm­xəyal və s. Sonra isə bu imza sahiblərinin bəzisi idarə ilə heç bir əlaqə saxlamırdı. Mirzə Cəlil imzalar müxtəlif olsun deyə bu imzaların hamısından istifadə edər və yazdığı felyetonların, məqa­lələrin altında həmən imzaları yazardı".

Hər şeydən əvvəl bu və ya digər imzanı bir şəxsə aid olduğunu müəyyənləşdirmək üçün müəllifin nə vaxt, haradan, nədən, hansı janrda yazdığını, üslub, dil və savad səviyyəsini nəzərə almaq lazım gəlir. Misal üçün, "C.C." imzası ilə Cabbar Ciqayev, Camobəy Cəbrayılbəyli, Cəfər Cabbarlı, Cabbar Cabbarov, Cəfər Cəfərov və başqaları yazmışlar. Lakin bunların hər birinin öz dövrü, öz üslubu və sahəsi olduğu kimi, digər xüsusiyyətləri də vardır ki, bu və ya digər müəllifi başqasından ayırmağa kömək edir.

Bu və ya digər imzanın bir şəxsə aid olduğunu bilmək üçün imza sahibinin ədəbi fəaliyyətini ardıcıl şəkildə tədqiq etmək və onu izləmək lazım gəlir. Misal üçün, Üzeyir Hacıbəyov uzun müddət mətbuatda çalışmış və müxtəlif imzalardan istifadə etmişdir. O, müxtəlif zamanlarda, ayrı-ayrı qəzet və jurnallarda "Kəs", "Filankəs", "Behmankəs", "Mizrab", "Musiqiçi", "Hamamçı", "Çı" və digər imzaları işlətmişdir. Ü.Hacıbəyov "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Sovqat", "Yeni İqbal", "Azərbay­can", "Məktəb", "Kommunist" kimi qəzet və jurnallarda çalışdığı zaman yazıların altında bu imzaları qoymuş, həmin mətbuat orqanlarından getdikdə isə, necə deyərlər, imzalarını da özü ilə aparmışdır.

Ü. Hacıbəyovun gizli imza seçməkdə özünəməxsus üsulu vardı. O, gizli imzalar üçün eyni məna verən müxtəlif sözlər-sinonimlər seçirdi. Məsələn: "Filankəs", "Kəs", "Behmankəs", "Bikəs", "Bir nəfər", "Bir şəxs", "Bir müəllim", "Bir adam", "Bir", "İki", "Üç", "Dörd", "Beş". O, məqalə və felyetonlarına başlıq seç­məkdə də eyni üsuldan istifadə etmişdir. Məsələn, "Ordan-burdan","Oyan-buyan", "Oyandan-buyandan", "Dərədən-təpədən" və s.

Ədəbi redactor redaktə zamanı arxivlərdə saxlanılan məktublar­dan və materiallardan da istifadə edə bilər. Məsələn, Məm­mədəli Sidqinin arxivindəki məktubların içərisində Ordubaddan bir məktub vardır. Həmin məktubda deyilir ki, "... Sənin "Zadə" imzalı məqalələrini oxudum". Buradan məlum oldu ki, mətbuat­da rast gəldiyimiz "Zadə" imzası M. Səfərovun gizli imzalarından biridir.

Başqa bir misal. Yazıçı Yusif Vəzir Çəmənzəminli mətbuat­da nəşr olunmuş bütün məqalələrini kəsib səliqə ilə böyük bir alboma yapışdırıb saxlamışdır. Yazıçının arxivində saxlanan bu albomdakı məqalələrin içərisində "Sərsəm" imzalı məqalələr də vardır. Buna əsaslanaraq belə bir fikrə gəlmək olar ki, "Sədayi- həqq" və "İqbal" qəzetlərində "Sərsəm" imzası ilə çıxan məqalə­lərin müəllifi Yusif Vəzirdir.

Gizli imzaların müəlliflərini müəyyənləşdirərkən bir sıra çə­tinliklər meydan çıxdı. Onlardan biri budur ki, bir gizli imzadan bəzən bir neçə müəllif istifadə etmişdir. Məsələn, "Hərdəmxəyal", əsasən, Məmməd Səid Ordubadinin satirik jurnallarda işlətdiyi gizli imzadır. Lakin Məmməd Səid Ordubadinin Culfada yaşadığı illərdə "Molla Nəsrəddin" jurnalında Bakı,Vladiqafqaz, Həştərxan, Aşqabad şəhərlərindən və başqa yerlərdən gələn yazıların altında da bəzən "Hərdəmxəyal" imzasına rast gəlmək olar. Görünür, Əli Nəzminin dediyi kimi, "Hərdəmxəyal" imzasından başqa mollanəsrəddinçilər də istifadə etmişlər. Odur ki, "Hərdəmxəyal" imzasını Ordubadidən başqa daha kimlərin işlətdiyini müəyyən­ləşdirmək çətindir.



Bu, tək "Hərdəmxəyal" imzasına yox, bir çox başqa gizli imzalara da aiddir. Məsələn, inqilabdan əvvəl "Molla Nəsrəddin” və başqa satirik jurnallarda çıxan mənzum və mənsur felyeton­ların altında "Qoşunəli", "Mirzə Qoşunəli" imzalarına rast gəlirik. Bu imzaların kimə məxsus olması haqqında bir-birinə zidd fikir­lər vardır.Yazıçı Ə. Haqverdiyevin "Molla Nəsrəddin" jurnalı haq­qındakı xatirəsində deyilir ki, bu imza şuşalı şair Yusif Kənanındır. Lakin yazıçının bacısı oğlu, coğrafiya elmləri namizədi, mərhum Hüsü Mamayev başqa fikirdə idi. Bizimlə söhbətlərin birində o demişdir: "Qarabağın maarifpərvər ziyalılarından Həsənəli bəy Sarıcalinski həmişə "Bəxtsiz cavan" faciəsinin tamaşasında Mirzə Qo­şunəli rolunda çıxış edərdi. Buna görə o, bu adı özünə təxəllüs götürüb satirik mətbuatda həmin imza ilə iştirak etmişdir".

Bundan redaktə zamanı qarşıya çıxan problemlərdən biri də eyni adda bir neçə mətbu orqanın olmasıdır. Məs. "Azərbaycan" adında bir neçə mətbu orqanı olmuşdur. "Azərbaycan" 1906-1907-ci illərdə Təbrizdə nəşr olunan satirik jurnal, 1918-ci ilin yanvar-mart ay­larında İran Azərbaycanı demokratlarının Bakıda həftəlik qəzeti, 1918-ci ilin axırlarından 1920-ci il aprelədək Bakıda müsavatın orqanı gündəlik qəzet, 1941-ci ildən başlayaraq Təbrizdə nəşr edilən gündəlik qəzet, 1945-1946-cı illərdə nəşr edilmiş aylıq, ədəbi, ictimai, siyasi jurnal və nəhayət, Bakıda Azərbaycan Sovet Yazıçıları İttifaqının aylıq jurnalı. Odur ki, imzaların qarşısındakı "Azərbaycan"ın hansı "Azərbaycan" olduğunu bilmək üçün onla­rın burada göstərilən nəşr tarixləri nəzərə alınmalıdır.
Yüklə 20,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə