Mövzu 4
. AZƏRBAYCAN QADINLARI XIX-XX ƏSR MAARİFÇİLİYİ VƏ
İNQİLABLARI DÖVRÜNDƏ
Məşğələnin planı
Maarifçiliyin, publisistikanın yaranması və inkişafının sosial-siyasi, iqtisadi,
intellektual əsasları; etnik özünüdərkin təşəkkül tapması və aşkarlıq mərhələləri.
Azərbaycanlı mütəxəssislərin formalaşmasında ümumtəhsil məktəblərinin,
Zaqafqaziya Qori Müəllim seminariyasının, Peterburq, Qazan, Avropa universitetlərinin
rolu.
Mütəfəkkir və maarifçilərin, dramaturq və ədəbiyyatçıların – A.Bakıxanovun,
Q.Mahmudbəyovun, M.F.Axundovun, F.Köçərlinin, H.Zərdabi-Məlikovun,
C.Məmmədquluzadənin, N.Nərimanovun, S.Qəniyevin, N.Vəzirovun rolu.
Rusiyada qadın hərəkatı.
Qadın gimnaziyalarının, məktəblərinin yaranmasında neft sənayeçilərinin,
burcuaziyanın xidmətləri.
Ailədə yeni münasibətlər. Feminizmin ilk təzahür forması.
Maarifçi qadınlar, xeyriyyəçi qadınlar – görkəmli qadınlar əsri.
Sosial qadın təşəbbüsü statusunun artması. İctimai-siyasi hərəkatlarda qadının
iştirakı. Siyasət və iqtisadi həyatda qadının statusunun artması.
Azərbaycan Demokratik Respublikası və qadının sosial-hüquqi statusu.
Şimali Azərbaycan Rusiya tərəfindən zəbt olunduqdan sonra çar hökuməti bu
diyarın rus idarəetmə sisteminə cəlb edilməsi vacibliyi ilə qarşılaşdı. Qarşıya qoyulmuş
məqsədə nail olmaq üçün Rusiya imperiyasının yeni sərhədinin hərbi, inzibati, iqtisadi
və mədəni yenidənquruluşu ilə bağlı olan qanunauyğunlaşma Məcmuəsi çap etdirdi.
Çar hökuməti qarşısındakı ən vacib problemlərdən biri bu ərazidə çarizmin siyasi və
iqtisadi mövqeyinin möhkəmləndirilməsinə yardım edən məmurların hazırlanmasını
təmin edən yeni təhsil sistemi tətbiq etmək idi. Şimali Azərbaycan zəbt olunandan sonra
da ibtidai təlim tamamilə müsəlman ruhanilərinin sərəncamında olan və yalnız dar-dini
dünyagörüşün inkişafına yardım edən mollaxanalarda cəmlənmişdi. Burada zümrə
məhdudiyyəti olmadan bütün yaşdan olan oğlanlar təhsil alırdı. Belə ibtidai təlim sistemi
ərəb, fars dillərinin öyrənilməsindən, məzmununun dərinliyinə getmədən Quranın
oxunmasından ibarət idi. Zaqafqaziya məktəbləri haqqındakı Nizamnaməyə əsasən,
1829-cu ildə Azərbaycanda daha geniş təlim proqramına əsaslanan yeni tipli məktəblər
açılmağa başladı ki, bu da həmin ərazidə maarif sahəsində inkişafın yüksəlməsinə
köməklik edirdi.
XIX əsrin birinci yarısında Azərbaycanda elmi təfəkkürün tarix, fəlsəfə, coğrafiya,
astronomiya kimi ənənəvi sahələri nəzərə çarpacaq dərəcədə inkişaf etməyə başlayır.
Görkəmli Azərbaycan filosofu, diplomatı, hərbçisi və şairi Abbasqulu Ağa Bakıxanov
(1794-1846) Roma, yunan, Vizantiya, gürcü mənbələrindən, ona müasir olan Avropa və
rus müəlliflərinin yazılarından istifadə edərək Azərbaycanın qədim dövrlərdən
başlayaraq Türkmənçay sazişinə qədərki tarixi üzrə ilk ümumiləşdirici əsər –
«Gülüstani-İrəm»i yaradır. 1841-ci ildə fars dilində yaranmış, sonra isə rus dilinə
tərcümə olunmuş məhz bu əsər Azərbaycanda tarix elminin yaranmasına və
Azərbaycan xalqının milli özünüdərkinin oyanmasına təkan verdi. A.Bakıxanovun fars
dilindəki əsərləri – «Qəribəliklərin açılışı», «Göylər səltənətinin sirri», «Ümumi
coğrafiya» əsərlərinin XIX əsrin birinci yarısında Şimali Azərbaycanın kosmoqrafik
ədəbiyyatında böyük xidməti olmuşdur. XIX əsrin birinci yarısında elmlə əlaqədə fəlsəfi
fikir də inkişaf edirdi. A.Bakıxanovun «Mənəviyyatın tərbiyəsi», «Nəsihətlər kitabı»,
«Əsrlərin varlığı», «Göylər səltənətinin sirri» əsərləri o dövrə uyğun gələn yazılar idi.
A.Bakıxanov həmçinin «İşıq şüaları», «Qüdsinin çiçəkliyi», «Əsgərin çiçəyi», «Təbriz
əhlinə müraciət» kimi bir sıra ədəbi əsərlərin, mənzum yazıların və hekayələrin,
romantik-sevgi qəzəllərinin və müxəmməslərin müəllifidir.
Tarixi dərkə artmaqda olan maraq şəraitində Azərbaycanın ayrı-ayrı xanlıqlarının
tarixinə dair xronikalar da meydana gəlir: Kərim Ağa Fateh Şəkixanovun «Şəki
xanlığının qısaldılmış tarixi» (1829), Mirzə Adıgözəl bəyin «Qarabağnamə»si (1845),
Mirzə Cəlalın «Qarabağnamə»si (1847), İsgəndər bəy Hacınskinin «Fətəli xan
Qubinskinin tərcümeyi-halı» (XIX-cu əsrin birinci yarısı), Mirzə Əhməd Mirzə Xudaverdi
oğlunun Talış xanlığının xronikası haqqında (1883) yazdıqları, Şeyx İbrahim Nəsihin
«Gəncənin tarixi» və s.
Azərbaycan şərqşünaslığının inkişafında Sankt-Peterburq və Qazan universitetləri
böyük rol oynamışdır. Mirzə Cəfər Topçubaşov (1790-1869) Sankt-Peterburqun
şərqşünaslıq mərkəzlərində böyüyüb məşhurlaşdı. Dərbənddə doğulmuş dünya şöhrətli
alim, Şərqə dair çoxsaylı və fundamental əsərlərin müəllifi Məhəmməd Əli Kazımbəyin
(1802-1870) şərqşünaslıq elmi qarşısında xidmətləri daha böyükdür.
XIX əsrin 30-cu illərində tanınmış coğrafiyaçı-səyyah, «Səyahətlər gülüstanı»,
«Səyahətlər bağı» kimi gözəl əsərlərin müəllifi Zeynalabdin Şirvani (1780-1838) özünün
Yaxın və Orta Şərq, Hindistan, Ərəbistan, Şimali Afrika səyahətlərinin təsvirini başa
çatdırır.
XIX əsrin birinci yarısı Azərbaycan ədəbiyyatının sonrakı inkişafı ilə seçilir.
Azərbaycan satirik poeziyasının ən görkəmli nümayəndələrindən biri Qasımbəy Zakir
(1786-1857) olmuşdur. Ədəbiyyatda realist istiqamətin nümayəndələri – fransız dilində
yazılmış və 1835-ci ildə çap olunmuş «Rəşid bəy və Səadət xanım» povestinin müəllifi
İsmayıl bəy Kutqaşınlı (1806-1861); Azərbaycan dramaturgiyasının banisi, maarifçi-
demokrat, ictimai xadim Mirzə Fətəli Axundov; şerləri 1846-cı ildə Avropada
(Almaniyada) F.Bodenştedt tərəfindən çap edilən Mirzə Şəfi Vazeh idi.
XIX əsrin ikinci yarısında inkişaf etməkdə olan kapitalist iqtisadiyyatının ixtisaslı işçi
qüvvəsinə və təhsilli mütəxəssislərə olan tələbatı Azərbaycanda ümumtəhsil və peşə
təhsili məktəblərinin sayının müəyyən qədər artmasına, onların ümumtəhsil səviyyəsinin
yüksəlməsinə təsir göstərdi. 1867-ci ildə ibtidai peşə məktəbləri haqqında Əsasnamə
Qafqaz, o cümlədən də Şimali Azərbaycanın tədris müəssisələri üçün xüsusi
Nizamnaməyə çevrildi. Çarizmin 70-ci illərdən başlayaraq Azərbaycanda xalq təhsili
sisteminin unifikasiyasına götürdüyü istiqamət daha böyük əzmlə həyata keçirilməyə
başlandı. 31 may 1872-ci il tarixli əsasnamə ilə Şimali Azərbaycanın bütün qəza
məktəbləri altı illik təhsil müddəti olan şəhər məktəblərinə (pullu) çevrildi. 24 may 1874-
cü il məktəbləri haqqında əsasnamə iki cür – üçillik birsinifli və 5-illik təhsil kursu ilə
ikisinifli dəyişməz təhsil məktəbini təsdiq etdi. Azərbaycanda ilk dəfə olaraq kənd əhalisi
üçün məktəblər meydana gəldi: onlardan birinciləri – Salahlı, Dağkəsəmən, dövlət
sərəncamındakı Cəbrayıl, Göyçay – ictimai məktəbləri idi.
Azərbaycanlı əhalinin maarifi tarixində rus-tatar məktəblərinin rolu böyük olmuşdur
və onlardan birincisi Bakıda gənc müəllimlər Həbib bəy Məhmudbəyov və Sultan Məcid
Qəniyev tərəfindən təşkil olunmuşdu.
XIX əsrin ikinci yarısında Azərbaycanda ilk orta tədris müəssisələri yaranır. 1866-cı
ildə Azərbaycanda ilk gimnaziyanın təşkili üçün Bakı ali 4-sinifli peşə məktəbi baza
rolunu oynadı. İlk ixtisas tədris müəssisəsi Bakı dənizçilik sinfi oldu ki, onun 1881-ci ildə
açılması Xəzər kommersiya donanmasının böyüməsi ilə izah olunurdu. On minlərlə
məktəb yaşlı uşağın tədrisdən kənarda qalması təhsil səviyyəsinə və profilinə görə
müxtəlif olan xüsusi məktəblərin yaranmasına səbəb olurdu. Məktəblər çoxaldıqca
kitabxanalara və oxu zallarına olan tələbat da artırdı. İlk kitabxanalar 1856-cı ildə
Şamaxı və Şuşada, 1868-ci ildə Yelizavetpolda, 90-cı illərdə – Qubada, Bakıda,
Lənkəranda meydana gəldi. Azərbaycanın mədəni həyatında 1894-cü ildə Bakıda
H.Mahmudbəyovun, M.Qəniyevin və Ə.Cəfərzadənin yaxından iştirakı ilə N.Nərimanov
tərəfindən yaradılmış ilk rus-Azərbaycan oxu zalı böyük rol oynadı. Yeni tipli peşə
məktələrinin sayının artmasına baxmayaraq, onlar təhsilə getdikcə artan tələbatı ödəyə
bilmirdi və buna görə də mollaxanaların sayı və rolu Azərbaycanda XIX əsrdə və XX
əsrin əvvəlində üstün olaraq qalırdı.
Azərbaycanda maarifçiliyin inkişafında Qori şəhərindəki Zaqafqaziya Müəllimlər
Seminariyası, o cümlədən onun 1879-cu ildə maarifçi Mirzə Fətəli Axundov və
Zaqafqaziya Sünni Ruhani İdarəsinin müftisi Mirzə Hüseyn Qayıbzadənin (Qayıbov)
qüvvəsi ilə açılmış Tatar (Azərbaycan) şöbəsi; İrəvan Müəllim Seminariyası, İrəvan
pansionu, Tiflis Pedaqoji institutu böyük rol oynamışdır.
XIX əsrin ikinci yarısında dövri mətbuatın yaranması Azərbaycanın mənəvi
həyatında mühüm bir hadisə oldu. 1875-1877-ci illərdə Azərbaycan dilində çap olunan
(56 nömrə) «Əkinçi» qəzetinin redaktoru Həsənbəy Məlikovun (Zərdabi) bu işdə xidməti
olduqca böyükdür. Qəzet doğma dilin təmizliyi uğrunda yorulmadan mübarizə aparırdı
və azərbaycan publisistika dilinin yaradılmasında onun xidməti əvəzsizdir. 1879-cu ildə
Tiflisdə Azərbaycan dilində digər bir qəzet – «Ziya» da çıxmağa başladı.
XIX əsrin ikinci yarısında Azərbaycanda tarixi bilik inkişaf etməyə başlayır. 80-ci
illərdə Mirməhsəti Haşımzadə «Kitabi-tarixi Qarabağ» əsərini yazır və burada həmin
xanlığın yaranmasından başlayaraq Türkmənçay sülh müqaviləsi bağlanana kimi olan
siyasi tarixini əks etdirir.
Qarabağ tarixi ilə bağlı kiçik, amma olduqca məzmunlu bir əsər 1883-cü ildə
Əhmədbəy Cavanşir (1828-1903) tərəfindən rus dilində yazılmışdır. Seyidəli Kazımbəy
oğlu və Mirzəəhməd Xudaverdi oğlu (1792-XIX əsrin 90-cı illəri) Talış xanlığının və
Lənkəran şəhərinin tarixini tərtib etmişdilər. Seyidəli Kazımbəy oğlunun «Lənkəran
ziynətlərinin kitabi» adlı əsəri 1869-cu ildə fars dilində yazılmışdı.
Çingizxan imperiyasının süqutundan başlayaraq Rusiya tərəfindən zəbt
olunmasına qədər Azərbaycana fars padşahlarının hücumu tarixini işıqlandıran
Bəhmənmirzə Qacar (1808-1884) olmuşdur. Azərbaycan və bütövlükdə Yaxın Şərq
tarixinin ayrı-ayrı məsələləri XIX əsr Azərbaycan mədəniyyətinin tanınmış
nümayəndələri Mirzə Fətəli Axundov, Nəriman Nərimanov, Sultanməcid Qənizadə,
Həbibbəy Mahmudbəyovun əsərlərində araşdırılmışdır.
Həsənbəy Məlikov (Zərdabi), N.Nərimanov, Firidun Köçərli, Mirzə Əbdülhəsən
Vəzirov, Mirzəyusif Qarabaği, Mirmövsüm Nəvvab (1833-1918) də ədəbiyyat tarixi və
nəzəriyyəsi ilə məşğul olmuşlar.
Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Cəlil Məmmədquluzadə, Nəriman
Nərimanov, Nəcəfbəy Vəzirov kimi mütəfəkkirlərin əsərlərində demokratik ideyalar
özünü biruzə verir. Azərbaycan ədəbiyyatı tarixində çox güclü satirik və maarifçi şair
kimi tanınan Seyid Əzim Şirvani kiçikyaşlı uşaqlar üçün xrestomatiya tərtib edərək oraya
süjetinə görə lap sadə olan xırdahəcmli hekayələr və təmsillər daxil etmişdi.
S.M.Qənizadə bir sıra nəsr əsərlərinin («Müəllimlərin iftixarı» hekayəsi, «Gəlinin
boyunbağısı» povesti) müəllifi idi. Məhəmməd Tağı Sidqinin də qələmindən bəzi nəsr
əsərləri çıxmışdı. XIX əsrin sonunda Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov,
Nəcəfbəy Vəzirov, Əbdürrəhimbəy Haqverdiyev kimi əsərləri əsasını M.F.Axundovun
ölməz komediyalarının qoymuş olduğu Azərbaycan dramaturgiyasının inkişafına yardım
edən yazıçılar ədəbi fəaliyyətə başlayır.
XIX əsrin ikinci yarısında milli teatrın yaranması Azərbaycanın mənəvi həyatında
möhtəşəm bir hadisə oldu. İri şəhərlərdə – Şuşada, Naxçıvanda, Bakıda istedadlı
pedaqoqlar, mütəfəkkirlər, ictimai xadimlərin köməkliyi ilə həvəskar teatr truppaları
yaradılırdı. 1873-cü il 10 (23) martda Bakıda, Azərbaycan dilində ilk tamaşa göstərildi.
Bakıda teatr binasının görkəmli mesenat, neft sənayeçisi və mütəfəkkiri Hacı
Zeynalabdin Tağıyev tərəfindən yenidən qurulması yaddaqalan bir hadisəyə çevrildi.
XIX əsrin sonu – XX əsrin əvvəlindəki qısa bir müddətdə Hüseyn Ərəblinski, Cahangir
Zeynalov və başqaları kimi çox istedadlı teatr xadimləri, artistləri meydana gəldi.
Maarifçilik, humanizm, vətənpərvərlik ideyalarının yayılmasında Cəlil
Məmmədquluzadənin çap etdirdiyi «Molla Nəsrəddin» jurnalının rolu misilsiz idi.
Musiqi – aşıq və xanəndə sənəti xüsusi inkişaf edirdi. Şuşa, Ordubad, Şamaxıdakı
şer məclisləri, həmçinin həmin cəmiyyətlərin və Azərbaycan mesenatlarının təşkil etdiyi
musiqi gecələri buna yardım edirdi. Azərbaycanın musiqi sənətinin yüksəliş zirvəsi
bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun ölməz
operaları və musiqili komediyaları oldu.
Azərbaycan cəmiyyətinin qabaqcıl hissəsinin bu prosesə kömək etməyə can atdığı
və buna görə də ayrı-ayrı sahələrdə – maarif, tarix, ədəbiyyat, dramaturgiya, mətbuat,
musiqidə özünüifadə üsulu tapa bildiyi bərpa olunan milli özünüdərk şəraitində həmin
proseslərdə Azərbaycan qadınlarının rolu olduqca mühüm bir məsələyə çevrilir. Şimali
Azərbaycanda qadına münasibətin necə dəyişdiyini və XIX əsrin sonu – XX əsrin
əvvəlində cəmiyyətin inkişafında onun hansı rolu oynadığını daha dəqiq
qiymətləndirmək üçün araşdırdığımız məsələ baxımından Rusiya tarixinə və bütövlükdə
Rusiya imperiyasında qadının vəziyyəti məsələsinə müraciət etməliyik. Şübhəsiz ki, bu
prosesin başlanğıcı maarifçiliklə bağlıdır, çünki məhz təhsil sayəsində qadın cəmiyyətdə
kişi ilə yanaşı, eyni pillədə dayanmaq imkanı verən layiqli intellektə malik ola bilir.
İncəsənətdə, pedaqogikada ixtisaslı qadınlara cəmiyyətdə olan ehtiyac qadın təhsili
sahəsində islahat aparılmasını tələb edirdi. Və bu islahatlar II Yekaterinanın dövründə
həyata keçirildi. Rusiya pedaqogikasının əsas vəzifəsini o, qısa bir müddətdə «yeni
cinsli insanların» tərbiyə olunmasında görürdü. Təhsil islahatının icraçıları ictimai
tərbiyənin əsasını uşaqların ən ilkin yaşdan daxil olacağı müəssisədə görürdülər. Tarixçi
Karamzinin yazdığına görə, məhz II Yekaterina 200 nəcib qız üçün Tərbiyə evinin
əsasını qoymuşdu ki, onları qadın ləyaqətinin nümunəsi etsin. Volter, Qrim, Didro bu
plana valeh olmuşdular, amma bütövlükdə zadəganlar ona laqeyd yanaşdı. Həmin evdə
tərbiyə alacaq qızlar altı yaşından «Cəmiyyət»ə daxil olur və 12 il ərzində orada qalırdı.
4 yaş qrupuna bölünərək qızlar burada rus və bir neçə xarici dil, Allah qanunlarını,
hesabı, şəkil çəkməyi, rəqs və əl işi, həmçinin tarixi, coğrafiyanı, ədəbiyyatı, memarlığı
və ev işlərini öyrənirdilər. Cəmiyyətə başçılıq edən Betski tərbiyənin əsas məqsədini
xarakterin xoşagəlməz xüsusiyyətlərini dəyişdirməkdə, amma onun sındırmamaqda
görürdü. Burada cismani cəza qadağan olunmuşdu. Qızlarla mehriban, humanist və
xeyirxah münasibətdə olmaq tələb edilirdi. Smolnı monastırının nəzdindəki «Nəcib
qızlar cəmiyyəti» 1765-ci ildə açılmışdı və onun başında Dolqorukova dururdu. Elə
həmin ildə Smolnının nəzdində «Meşşan peşə məktəbi» də təsis olundu və buraya
həmin şərtlər əsasında qeyri-zadəgan təbəqəsinə aid olan qızlar qəbul edilməyə
başladı. Burada qayğı daha böyük idi: kurs başa çatdıqda məktəbin rəhbərliyi məzun
qızların ərə verilməsinin də qayğısına qalırdı; imperatriça 100 min manat pul vermişdi ki,
kəbin kəsdirərkən qızlara bu məbləğdən müəyyən hissəsi verilirdi. Tarixçi Karamzin bu
cəmiyyəti «gülüstan» adlandırırdı. Bu məktəbin ilk buraxılışı 1773-cü ildə oldu. XIX əsrin
ilk onilliklərində Rusiyada yeni qadın obrazı yaranmağa başlayır. Bu qızlara incə hiss və
duyğuların romantizmi xas idi. Qızların bu nəsli XVIII əsrin humanist ənənələri əsasında
tərbiyə edilirdi. Onlar Volteri, Russonu, Höteni oxuyur, amma eyni zamanda onlara sırf
xristian sevgi, sədaqət ideyaları, qadının əri və ailəsi qarşısında mənəvi borc naminə
qurban verə və əzab çəkə bilməsi hissləri aşılanırdı. Puşkinin Fyodor Dostoyevski
tərəfindən milli-bədii tip adlandırıldığı Tatyana Larina obrazı bu qəbildəndir.
Dekabristlərin həyat yoldaşlarının rus qadın xarakterinin formalaşmasına
(qəhrəmanlıq və təmənnasız qurban verə bilmək notları xüsusi vurğulanaraq) çox güclü
təsiri olmuşdur. Dostoyevski yazırdı ki, «məhz ən yüksək mənəvi borc naminə hər şeyi
qurban verən bu qadınlar bizi yeni bir yola istiqamətləndirdi». Təhsilli rus cəmiyyəti
tərəfindən bu qadınların göstərdiyi qəhrəmanlığın qəbul edilməsi onun daxilində yeni
ideyanın – emansipasiyanın yaranmasına təkan verdi. Cəmiyyətdə hakim olan qadın
idealı onun kişinin sədaqətli rəfiqəsi, ana və uşaqların tərbiyəçisi ilə bağlı təsəvvür idi.
Qadının təhsili barəsində məsələ, ümumilikdə qadın məsələsi kimi, XIX əsrin 50-
60-cı illərində – təhkimçilik hüququnun ləğvi ərəfəsində və ondan sonra – rus
cəmiyyətinin diqqətini özünə cəlb etdi.
Bu, bir tərəfdən, Rusiyada bərabərlik və ictimai fayda haqqında liberal ideyaların
yayılması ilə, digər tərəfdən isə islahatdan sonra zadəganların əksər hissəsinin sosial
vəziyyətində baş verən dəyişikliklərlə bağlı idi. Məlumdur ki, təhkimçilik hüququnun ləğvi
sakinlərinin yaşayış üçün vəsaitsiz qaldığı bir çox zadəgan mülklərinin dağıdılmasına
səbəb olmuşdu. Və əgər zadəgan kişi işə girməklə bu problemi həll edə bilirdisə,
qadının müstəqil şəkildə qazanc əldə etmək imkanı olduqca məhdud idi. XIX əsrin
sonundan başlayaraq qadınların xüsusi təhsil alması vacib ictimai vəzifəyə çevrilmişdi.
Və XIX əsrdə emansipasiya uğrunda qadın hərəkatının əsas məqsədi ali təhsil uğrunda
mübarizə idi. Bu məsələnin geniş müzakirəsinə 1869-cu ildə keçirilən təbiətşünaslar
Qurultayı və həmin qurultaya xanım E.İ.Konrodinin qadının ali təhsil alması vacibliyi
haqda və bu ideyanın həyata keçirilməsinə yardım barəsində məktubu təkan verdi.
Sonra 400 nəfərin imzası ilə kollektiv bir məktub tərtib olundu və maarif naziri qraf
Tolstoya təqdim edildi. 1869-cu ilin payızında Sankt-Peterburqda hər iki cinsdən olan
insanlar üçün axşam kütləvi kursları təşkil olundu ki, burada universitet professorları
Beketov, Butlerov, Mendeleyev və başqaları mühazirə oxuyurdu. İlk tələbə qızlar
arasında N.Kosini, A.Blyumer, M.Boqdanova, N.Suslova, M.Bokova da vardı. Pedaqoji
tərkibin onlara münasibəti müxtəlif idi: açıq-aydın düşməncəsinədən tutmuş əsasən
üstünlük təşkil edən rəğbətlə yanaşanlara kimi. Tələbələr isə öz aralarında qızların
olmasına dostcasına yanaşırdı.
Qadın təhsili sistemində dəyişiklik etməyin vacibliyi barədə məsələni qoyan pioner
isə görkəmli rus cərrahı və pedaqoqu N.İ.Piroqov idi. 1865-ci ildə «Moskva məcmuəsi»
adlı jurnalda o bir məqalə çap etdirdi və məhz qadının insanın ilk tərbiyəçisi olduğu üçün
onun həmin ictimai funksiyanı uğurla yerinə yetirə bilməsi üçün təhsil alması ilə
əlaqədar qadın təhsili sahəsində köklü dəyişikliklərə ehtiyac olduğunu bir daha
vurğuladı.
1850-ci illərin sonunda Rusiya cəmiyyətində qadının universitet təhsili ala bilməsi –
qadının elmi fəaliyyətə cəlb olunması üçün ən vacib əsas – məsələsi artıq geniş
müzakirə olunurdu. 1859-cu ildə Peterburq universiteti öz qapılarını elmlə sistematik
məşğul olmağa cəhd edən qadınların üzünə açdı. Yüzlərlə qadın azad dinləyici sifətində
həmçinin Kiyev və Xarkov universitetlərinin auditoriyalarında özünə yer aldı. O zaman
təlimin geniş yayılmış formalarından biri də şəxsi mənzillərdəki «səyyar universitetlər»
idi: burada aparıcı professorlar pulsuz mühazirə oxuyurdu.
1861-ci ildə universitet əsasnaməsinə yenidən baxılan zaman Xalq təhsili Nazirliyi
qadınların rəsmi şəkildə universitetdə kurs dinləməyə «buraxıldığı» və onların elmi
dərəcə almaq üçün sınaqdan keçmək hüququ barədə məsələ müzakirəyə qoydu.
Universitetlərin əksəriyyəti bu məsələyə dəstək verdi. Yalnız Moskva və Derpt
universitetləri öz protestlərini hər iki cinsdən olan tələbələrin birlikdə mühazirə
dinləməsinin gənc insanlarla aparılan məşğələnin gedişinə mənfi təsir göstərə biləcəyi
ilə əsaslandıraraq buna qarşı çıxış etdilər. Lakin 1863-cü ildə qadınların universitetdə
mühazirə dinləmək hüququ ləğv olundu və 1864-cü ildə universitetlərdə artıq qadın
qalmamışdı. Hakimiyyət 60-cı illərin qadın tələbələrindən bərabərsizliyə və qadınların
əsarətinə qarşı etirazlarda iştirak etdiyi üçün bu cür intiqam aldı. Bu və sonrakı analoji
hadisələr Rusiya Nazirlər Şurasının gələcək sədri S.Y.Vitteyə qadınların «pozucu ideya
daşıyıcıları və həvəsləndiriciləri olduğu» üçün birgə təhsilin ali məktəbi inqilablaşdıra
bilməsini elan etməyə əsas verdi.
Ərlə-arvadın bərabərliyi haqda ən sadə, ağlabatan reformist ideya Pisarevin və
Çernışevskininin əsərlərində daha parlaq şəkildə əks olunmuşdur. Onlar qadını hər
şeydə kişiyə bərabər tuturdular: qadın həm iş yoldaşıdır, həm dostdur, həm anadır,
uşaqların tərbiyəçisidir. XIX əsrdə oxumaq arzusunda olan qızlar valideynlərin buna
razılıq verməməsi üzündən saxta kəbin kəsdirməyə məcbur olurdu. Bu cür kəbinin
əsasında bir qayda olaraq, valideyn himayəsindən yaxa qurtararaq müstəqil şəkildə
maarif yaxud elmlə məşğul olmaq istəyi dururdu. Görkəmli rus yazıçıları N.Leskov,
F.Dostoyevski, L.Tolstoy saxta kəbinlərə qarşı qətiyyətlə çıxış edirdi. Rus pravoslav
kilsəsi də saxta kəbinləri qəbul etmir və buna qarşı fəal mübarizə aparırdı. XIX əsr
cəmiyyətində ailə və kəbin problemləri ən kəskin mübahisələrin mövzusu olmuşdu,
məhz onlar qadın «azadlığı»na yol açmışdı. Səciyyəvi haldır ki, emansipasiya ideyası
əvvəlcə onun tərəfdarları və əleyhdarlarına bölünmüş kişilər arasında müzakirə edilirdi;
qadınlar özləri isə bu mübahisələrdə iştirak etmirdi. Nəticədə Rusiyada qadın
hərəkatının özü hələ ideoloji cəhətdən formalaşmamışdı və onun nə ümumi platforması,
nə də hərəkət proqramı vardı. Qadın mübarizəsinin əsas istiqaməti kişilərlə bərabər
işləyə bilmək imkanına malik olmaq idi ki, qadınların maddi müstəqilliyini və ali təhsil
almaq hüququnu təmin edə biləcəkdi.
Qadınların ali təhsilə və elmi məşğuliyyətə buraxılmasına qarşı nəinki siyasi
xadimlər, hətta kişi alimlər də (düzdür, başqa səbəbdən) etiraz edirdi.
A.Babel yazırdı ki, bir çox kişilər, xüsusən də elm sahəsindəki kişilər qadının
universitet təhsili almasına qarşı ona görə çıxış edir ki, əgər qadın özünü elmə həsr
etmək imkanı qazanarsa, onlar elmin nüfuzunun aşağı düşəcəyindən qorxurlar; həm də
onlar elmi məşğuliyyətdə təkcə kişi cinsindən olan seçilmiş insanlara aid xüsusi bir
imtiyaz görürlər.
Rus ziyalılarının qabaqcıl hissəsinin qadının təhsil hüququna tərəfdar olmasına
rəğmən dövlət siyasəti fəal ayrıseçkilik xarakteri daşıyırdı. Qadın bərabərliyinin qatı
tərəfdarı olan görkəmli alim Seçenovun nümunəsi Rusiyada XIX əsrin ikinci yarısındakı
sosial vəziyyət üçün qeyri-tipikdir. O zaman qadınların dövlət ali təhsili və elm
sahəsində total diskriminasiyası üstün meyil olaraq qalırdı.
Rusiya hakimiyyətinin bu siyasətinin real nəticələrindən biri qadınların ali təhsil
almaq və elmlə məşğul olmaq məqsədi ilə Qərbi Avropa ölkələrinə emiqrasiya etməsi
oldu. Oxumaq üçün hər şeydən əvvəl İsveçrə, Fransa, Almaniya kimi ölkələrin
universitetlərinə yollanırdılar. XIX əsrin ikinci yarısında İsveçrə qadınların kişilərlə
bərabər ali təhsil müəssisələrində oxuduğu ilk Avropa ölkəsi oldu. O dövr tələbələrinin
sosial vəziyyəti və emiqrasiya istiqamətinin aparıcı tədqiqatçısı A.Y.İvanov qeyd edir ki,
60-cı illərdən başlayaraq Sürixdəki universitet və politexnikum müxtəlif səbəblər
üzündən vətənində ali təhsildən kənarda qalmış rus gənclərinin axın mərkəzinə
çevrilmişdi. O dövrdə bu, əsasən qadınlar idi.
Qeyd etmək lazımdır ki, qadınların ali təhsil alması ilə bağlı çətinliklər təkcə
Rusiyada deyil, digər ölkələrdə də mövcud idi. Məsələn, Almaniyada qadınlar yalnız
1890-cı ildən sonra universitet təhsili almaq hüququna malik olmuşlar. Almaniyanın ali
məktəblərində qadınların təmsil olunmasına mane olan ciddi əngəl universitet
müəllimlərinin tələbə kontingentini seçməkdə qeyri-məhdud hüquqa malik olması idi.
Almaniyanın bir sıra universitetlərində qadın tələbələrin mühazirədə iştirakı professor
kişilərin razılığından asılı olurdu. Təkcə Veymar republikası (1919) dövründə qadının ali
təhsil və professional fəaliyyəti Almaniya konstitusiyası ilə möhkəmləndirildi. İlk alman
qadın professorları 1923-cü ildə bu vəzifəyə layiq görülmüş və uzun illər həmin fəxri
elmi ada malik yeganə qadınlar olan M.Vrangel və M. Vertinq idi. Maraqlı bir fakt: o vaxt
kı qanunvericiliyə əsasən, Almaniyada qadın professor ərə gedə bilməzdi. Baden-
Vürtenberq torpağının hökuməti yalnız dünya şöhrəti qazanmış professor Vrangel üçün
istisna etmişdi. Sürix universitetində 1871-ci ildə artıq 17 rus qadını, 1872-ci ildə 182
rusiyalı arasında 104 qadın (universitetdə cəmi 462 nəfər) təhsil alırdı. 1873-cü ildə
Sürix universitetində və politexnikumunda Rusiyadan 300 tələbə vardı ki, onların 103-ü
qadın idi. Sonrakı illərdə də rus tələbələr arasında qadınların sayı nəzərə çarpacaq
dərəcədə idi və fakültənin istiqamətindən asılı olaraq dəyişirdi.
Bern və Sürix universitetinin fakultələrində 1906-1907-ci tədris ilində rusiyalı
tələbələrin yerləşdirilməsi (Vestnik vospitaniə, M., 1907, s.70).
Universitet
Fakultələr
Tibb Fizika-
Riyaziyyat
Hüquq Tarix-filologiya
Cə
mi
rusl
ar
O jümlədən
qadınlar
Cəmi
ruslar
O cümlədən
qadınlar
Cəmi
ruslar
O cümlədən
qadınlar
Cəmi
ruslar
O cümlədən
qadınlar
Bern 37
6
329
(87,5%)
224 71
(31,7%)
14 2
14,2%)
- -
Sürix 22
5
137
(61%)
125 30
(24%)
49 9
(18,4%)
28
13
(46,4%)
Cəmi 60
1
466
(77,5%)
349
101
(29%)
63
11
(17,5%)
28
13
(46,4%)
Bu məlumata əsasən, rusiyalı tələbələr arasında qadınların sayı geniş diapozonda
dəyişirdi: Bern universitetində hüquq fakultəsindəki 14,2 faizdən tibb fakultəsindəki 87,5
faizə kimi. Rus tələbələrin İsveçrənin ali məktəblərinə qəbul şərtləri digər ölkələrlə
müqayisədə daha liberal idi. «Rusiyalı abituriyentlərdən kamal attestatı və kişi klassik
gimnaziyasının (8 sinif) tam kursu proqramı üzrə latın dilindən imtahan verdiyi barədə
şəhadətnamə tələb olunurdu. Təkcə İsveçrədə deyil, Fransada da qadının ali təhsilinə
icazə Rusiyadan qabaq verilmişdi. 1870-ci illərin əvvəlində fransız universitetlərində tibb
üzrə qadın tələbələr oxumağa başladı. 1880-ci illərdə isə qadınlar artıq bütün
fakultələrdə vardı. Hər bir xarici vətəndaş kimi, Rusiyadan gələn abituriyentlər də fransız
universitetinə anjaq «bakalavr» dərəcəsi verən fransız kamal atestatı ilə daxil ola bilərdi.
Bu atestatı isə Fransa universitetlərindən birinin dil yaxud təbiət fakultəsində pullu
imtahan verərək əldə etmək mümkün idi.
Rus qadınları yalnız kamal atestatı ilə (7 gimnaziya sinfi) imtiyaza malik ola –
Fransa xalq təhsili Nazirliyinin icazəsi ilə imtahan verməkdən azad edilə bilərdi. Ruslar
ənənəvi olaraq Paris, Nansi, Monpelye universitetlərinə üz tuturdular. Onlar üçün ən
arzuedilən Sorbonna – Paris universitetində 1911-ci ildə Rusiyadan 1,6 min oğlan və qız
tələbə təhsil alırdı ki, həmin rəqəm burada oxuyan bütün xarici tələbələrin demək olar ki
yarısı və bu məşhur tədris müəssisənin bütün tələbə kontingentinin (8 min tələbə) 20%-i
demək idi. Rusiyalı qadınların Paris universitetinə «təhsil miqrasiyası»nın miqyası və
dinamikliyi barədə aşağıdakı məlumat əsasında fikir yürütmək olar.
1900-cü ildə fransız dili tədris etmək hüququ verən diplomun təsis edilməsi
Sorbonnanın filologiya fakultəsinə rus tələbə qızlarının axınına səbəb oldu: 1906-cı ildə
fakultədəki 300 xarici tələbədən 200-ü rus idi. 20 il ərzində (1890-cı ildən 1910-cu ilə
kimi) Sorbonnada oxuyan rus qadınlarının sayı 17 dəfə artmışdı.
XIX və XX əsrlərin qovuşmasında Sorbonnadakı rus tələbə qızlar çox gözəl
hazırlığa malik idi və heç bir mürəkkəb təlim forması onları qorxutmurdu. Onlar
ətrafdakıları öz çalışqanlığı, bilik almaq üçün hər bir çətinliyə sinə gərmək əzmi ilə
heyrətə gətirirdilər. Onların təşəbbüskarlığı Sorbonnanın fəxri diplomları ilə
mükafatlandırılırdı. Təkcə 1902-ci ildə Sorbonnanın ən yaxşı diplomçu qızları arasında
rus tələbələri Yeşevskayanın, Okulovanın, İzmalkovanın adları çəkilirdi (12, s.41).
Amma heç də hətta nüfuzlu xarici universitetlərdə belə doktorluq dərəcəsi almış
rus qadınlarının hamısı öz elmi-müəllimlik karyerasını Vətəndə maneəsiz davam etdirə
bilmirdi. Çox vaxt onlar Rusiyada təkrar olaraq özünün elmi işlə məşğul olmaq haqqını
təsdiq etməli olurdular. Özü də bu hüquq onlara heç də həmişə hakimiyyət tərəfindən
verilmirdi. Bu cür çətinliyə ən parlaq misal görkəmli rus riyaziyyatçısı Sofya Vasilyevna
Kovalevskayanın dramatik taleyidir. Özündə misilsiz riyazi bacarıq aşkar edərək o, əri
V.O.Kovalevski ilə birlikdə 1869-cu ildə mükəmməl ali təhsil almaq üçün xaricə getməli
oldu. Orada bir çox bürokratik maneələri dəf etdikdən sonra Kovalevskaya 2 il
Heydelberq universitetində təhsil aldı, sonra da 4 il məşhur alim, Berlin universitetinin
(burada da qadınların təhsil alması qadağan idi) riyaziyyat üzrə professorundan xüsusi
dərs almalı oldu.
1874-cü ildə Gettingen universiteti qiyabi olaraq S.V.Kovalevskayaya ən yüksək
təriflə (Summer cum laudae) fəlsəfə üzrə doktorluq dərəcəsi təqdim etdi, özü də o,
məcburi imtahanlardan azad edilmişdi. Ən nüfuzlu Avropa universitetlərində çox gözəl
riyaziyyat təhsili almış Sofya Kovalevskaya vətəndə öz biliyini tətbiq edə bilmədi: o
illərdə qadın Rusiyada yalnız qadın gimnaziyasının aşağı sinfində hesab dərsi deyə
bilərdi ki, bu da Kovalevskaya üçün maraqlı deyildi. Buna görə də o, Berlinə köçməli
oldu.
1881-ci ilin əvvəlində Rusiyaya qayıdaraq o, başını tamamilə riyazi məşğələlərə
qarışdırdı və işığın kristallarda sınması ideyası barədə düşünməyə başladı.1881-ci ilin
baharında o yenidən Berlinə köçdü, çünki Rusiyadakı sosial vəziyyət Kovalevskaya
üçün həmin mərhələdə xüsusi əhəmiyyət kəsb edən elmi məşğuliyyətdən ötrü heç də
əlverişli deyildi.
Vətənə qayıtdıqdan sonra Kovalevskaya rus təbiətşünaslarının və həkimlərinin VII
qurultayında fəal iştirak edərək «İşığın kristallarda sınması» adlı məruzə ilə çıxış etdi.
Qurultay dövründə Sofya Vasilyevna riyaziyyatçı, aviasiya nəzəriyyəsinin gələcək banisi
N.Y.Cukovski ilə tanış oldu və onda olduqca xoş təsir buraxdı. Sonralar Cukovski
onunla aralarındakı canlı söhbəti və Kovalevskayanın hərtərəfli maraqlarını xoş xatirə
kimi yad edirdi.
1883-cü ildə Kovalevskaya professor Mittaq-Lefflerdən (K.Veyerştrassın tələbəsi)
Stokholm universitetində privat-dosent vəzifəsinə qəbul etmək barədə dəvət aldı.
Vətəndə heç bir perspektivin olmadığını görən Kovalevskaya İsveçə getməyə razılıq
verdi. Əvvəl Mittaq-Leffler ona pulsuz kurs aparmağı təklif etdi. Kurs başa çatdıqdan
sonra Kovalevskaya beş il müddətinə sabit okladla Ali məktəb professoru seçildi.
1889-cu ildə «Bərk cismin hərəkətsiz nöqtə ətrafında hərlənməsi məsələsi» işinə
görə Paris elmlər akademiyası Sofya Kovalevskayaya nüfuzlu Borden premiyasını
təqdim etdi. Bu – mexanikanın üzərində əvvəllər Eyler və Laqrancın işlədiyi çox çətin bir
məsələsi idi. Həmin çox mükəmməl riyaziyyatçıların əldə etmiş olduğu nəticələrə
mühüm əlavələr edən Kovalevskaya öz adını bütün mədəni dünyada məşhur etdi; bir
çox qəzet və jurnallar ondan yazırdı. Akademik P.L.Çebışev və onun həmkarlarının
təşəbbüsü ilə Kovalevskaya Elmlər akademiyasının fəxri müxbir üzvü seçildi. O, bu ada
çox sevindi, lakin bu ad da ona vətənə qayıtmaq imkanı vermirdi. Kovalevskaya
ömrünün sonuna kimi Rusiyada alim kimi tanınmayaraq 1891-ci ildə vəfat etdi.
Dediklərimizə yekun vuraraq qeyd etməliyik ki, Rusiyada və Avropada qadın
azadlığı ilə bağlı proseslər Rusiya imperiyasının sərhədi olaraq kapitalist inkişaf
sisteminə daxil edilmiş Şimali Azərbaycanda da öz əksini tapmaya bilməzdi.
XIX əsrin ikinci yarısında Şimali Azərbaycanda ölkə tarixində, onun
mədəniyyətində iz qoyub getmiş parlaq şəxsiyyətlər olan qadınlar yaşayırdı. Həmin
qadınlar arasında Qarabağ xanının qızı, XIX əsrin tanınmış şairi Xurşudbanu Natəvanın
adını xüsusi qeyd etmək gərəkdir. O, 1830-cu ildə Qarabağda doğulmuşdu; Şuşa
şəhərindəki «Məclisi-Fəra-muşan» (1870) və «Məclisi-Üns» (1872) kimi ədəbi
cəmiyyətlərin əsasını qoymuşdur. Natəvan özünün poetik və bədii istedadı ilə, həmçinin
istedadlı aşıqlara, xanəndələrə, musiqiçilərə himayədarlığı ilə, xeyriyyəçiliyi ilə məhşur
idi. Aleksandr Düma Azərbaycana gələrkən Bakıda Xurşudbanu Natəvanla və onun əri,
general Xasaybəy Usmiyevlə görüşmüş, bu müsəlman qadınının erudisiyasına və
mədəniyyətinə heyran qalmışdı. Natəvan hədiyyə olaraq fransız yazıçısına muncuqla
tikdiyi tənbəki kisəsi bağışlamışdı. Bu barədə A.Düma öz xatirələrini Parisdə fransız
dilində 1859-cu ildə üç cilddə nəşr olunmuş «Qafqaz» əsərində yazmışdır. Qeyd etmək
lazımdır ki, şairə həm də yüksək zövqlü bədii əl işləri yaradır və gözəl şəkil çəkirdi.
XIX əsrdə daha iki Azərbaycan şairəsi: Naxçıvanda Qönçəbəyim, Şuşada isə
Fatma xanım Kaminə (1840-1898) öz lirik şerləri ilə tanınırdı.
XIX əsrin sonlarından başlayaraq, Şimali Azərbaycanda ictimai-siyasi
münasibətlərin güclü inkişafı Azərbaycan qadınının özünə cəmiyyətdə yer tapması üçün
geniş imkanlar və perspektivlər yaradır.
Şimali Azərbaycanda XIX əsrin sonunda kişi təhsili ilə yanaşı qadın orta təhsili də
inkişaf etməyə başlayır. 1874-cü ildə Azərbaycanda 1883-cü ildən sonra Mariinskaya
adını almış ilk gimnaziya açılır. Bakı quberniyasında XIX əsrin sonunda 4915 şagirdin, o
cümlədən 64 qızın təlim keçdiyi 245 məktəb fəaliyyət göstərirdi. Eyni zamanda
Yelizavetpol quberniyasındakı 268 məktəbdə 4384 şagird, o cümlədən 145 qız
oxuyurdu. XIX əsrin sonu – XX əsrin əvvəli xeyriyyəçiliyin imkanlı insanlar üçün
yazılmamış qanun olduğu bir dövr idi. Fəxri himayəçilik institutunun geniş yayılması
buna parlaq sübutdur; Bakının bütün məktəblərində, gimnaziyalarında və
progimnaziyalarında şəhər tacirləri və zadəganlarının ən görkəmli nümayəndələrindən
ibarət olan himayədarlıq şuraları fəaliyyət göstərirdi. Onların böyük həcmdə etdiyi
ianələr çox vaxt inqilabdanqabaqkı Bakının tədris müəssisələrinin əsasını təşkil edirdi.
Ən iri sənayeçi və mesenat Hacı Zeynalabdin Tağıyevin geniş və çoxcəhətli
xeyriyyəçilik fəaliyyəti hamıya məlumdur. Bakı inşaat-texniki və Bakı kommersiya
məktəblərinin, Bakı Mariinskaya qadın gimnaziyasının fəxri himayəçisi olan H.Z.Tağıyev
Bakı Aleksandrinskaya adını almış ilk rus-müsəlman pedaqoji məktəbini açmışdı ki, bu -
onun maarif sahəsindəki fəaliyyətinin tacı sayılır. Qadın məsələsinin həllini H.Z.Tağıyev
cəmiyyətin normal fəaliyyət göstərməsi, ictimai inkişafın sürətlənməsi üçün vacib şərt
hesab edirdi. H.Z.Tağıyev maarifə böyük üstünlük verir, onu qadın məsələsinin
həllindəki əsas halqa sayırdı. Azərbaycan qızları üçün xüsusi məktəbin yaradılması
barədə Tağıyev hələ XIX əsrin 90-cı illərində düşünmüşdü. Belə ki, tanınmış ictimai
xadim M.A.Şaxtaxtinskiyə yazdığı 4 may 1896-cı il tarixli məktubunda Tağıyev qeyd
edirdi: «Müsəlman qadınını olduğu qapalı həyatdan çıxarmaqdan ötrü yeganə bir yol var
– yalnız məktəb; və bu məktəbi elə yaratmaq və elə qurmaq lazımdır ki, müsəlmanlar
ona rəğbətlə yanaşsın və tam əminliklə öz qızlarını ora oxumağa göndərsinlər».
Buradan görünür ki, belə məktəbin açılması o zaman üçün aktual və eyni zamanda
olduqca mürəkkəb iş idi. Və yalnız Tağıyevin qətiyyəti və inadı, üstəgəl müdrikliyi və
bakılılar arasındakı nüfuzu, həmçinin onun vəsaiti bu ideyanı sona çatdırmağa imkan
verdi. Və bu yolda Tağıyev yerli hakimiyyətin gizlin narazılığını və həm də şəhərin
ortodoksal dairələrinin açıq müqavimətini dəf etməli oldu. Bütün bunlar Hacı
Zeynalabdini bir sıra diplomatik manevrlər etməyə vadar etdi.
Belə ki, 24 aprel 1896-cı ildə Qafqaz Tədris Dairəsinin nəzarətçisi
K.P.Yankovskiyə ünvanladığı məktubda o, «məktəbin açılışını II Nikolayın taxta
çıxmağına həsr etdiyini elan edir: «İmperator Əlahəzrətlərinin tacqoyma mərasimini
Bakıda mənim vəsaitim hesabına rus-müsəlman məktəbi açmaqla qeyd etməyi qərara
aldım». Eyni zamanda H.Z.Tağıyev gələcək məktəbə imperatriçə Aleksandra
Fyodorovnanın adını verərək – «Aleksandrinskaya» adlandırmağı vəd etdi. Bu
diplomatik addım təsirsiz qalmadı: tezliklə Azərbaycanlı qızlar üçün ilk məktəbin
açılışına «yuxarıdan icazə» verildi.
İkinci maneəyə gəldikdə isə burada məsələ daha çətin idi, çünki müsəlman qızları
üçün məktəbin açılmasını şəriət qanunlarının tapdanması kimi qəbul edən ruhanilərin
müəyyən hissəsinin etirazını dəf etmək lazım gələcəkdi. Sonralar tanınmış Azərbaycan
artisti Sidqi Ruhulla Axundovun xatırladığı kimi, əvvəl Z.Tağıyev quberniyanın qazısı
Mirməhəmməd Kərimin və Axund Mir Abutarabın, həmçinin bir neçə mollanın razılığını
ala bildi. Daha qatı yolagəlməyənləri inandırmaq üçün isə H.Z.Tağıyev molla Mirzə
Məmmədoğlunu «diplomatik səyahət» olaraq Mədinə, Xorasan və Bağdad şəhərlərinə
göndərdi və o da, ən iri, hamının hörmət etdiyi müctəhidlərlə (şiələrin mənəvi liderləri)
görüşərək onlardan müsəlman qızları üçün məktəb açılmasına yazılı icazə ala bildi.
Mirzə Məmmədoğlu qayıtdıqdan sonra Tağıyev Bakıda açılacaq məktəbin hər bir
əleyhdarına həmin şəxsin ən çox inandığı müctəhidin məktubunu təqdim etdi. Bu da işin
istedadlı mütəfəkkir-mesenatın xeyrinə həlli ilə nəticələndi. 1896-cı ildə bütün
razılaşmalardan sonra Bakı Şəhər Upravası H.Z.Tağıyevin yaratdığı məktəb üçün
ayırdığı qızılla 150 min rubl (bundan 125 mini assiqnasiya şəklində toxunulmaz kapital
olaraq bankda yerləşdirilmişdi) ianəsini Dövlət bankına verdi. 1896-1901-ci illər ərzində
Bakının mərkəzi küçələrindən birində, hazırkı Əlyazmalar Fondunun binasında
məktəbin tikintisi davam etdirildi və bu tikinti 183 min rubla başa gəldi. 1898-ci il mayın
16-da İmperatriçə Aleksandra Fyodorovna adına Bakı qadın rus-müsəlman pedaqoji
məktəbinin Nizamnaməsi təsdiq edildi. Bu – Qafqaz tədris dairəsinə aid olan qapalı
tədris-tərbiyə müəssisəsi idi və məktəbə gəlib-gedən tələbələri də vardı. Qızları
məktəbə 4 il müddətinə 7 yaşdan başlayaraq qəbul edirdilər. Tərbiyə müsəlman
ailəsinin adət və ənənələri üzərində qurulmuşdu. H.Z.Tağıyev o zamanın təhsil
sistemini, ən tanınmış tədris müəssisələrinin strukturunu dərindən öyrənərək Şərqin
özünəməxsusluğunu nəzərə almışdı. Məktəbin Himayədarlar şurası təşkil olundu. Bu
şuraya Tağıyev və onun həyat yoldaşı Sona xanım Tağıyeva (Ərəblinskaya) başçılıq
edirdi. Nizamnaməyə əsasən, bu vəzifə irsən keçməli idi. Himayədarlar şurasına
həmçinin Bakı Şəhər Başçısı L.L.Bıç, Bakı quberniyasının qazısı Mirməhəmməd Kərim
Mircəfərzadə, Bakının qadın gimnaziyalarından birinin müdiri və kişi gimnaziyalarından
birinin direktoru, iki nəfər fəxri şəhər müsəlmanı, Həsənbəy Məlikov (Zərdabi), Nəcəfbəy
Vəzirov, Əlimərdanbəy Topçubaşov daxil idi.
H.Z.Tağıyev məktəbə Həsənbəy Məlikovun (Zərdabi) həyat yoldaşı Hənifə xanım
Məlikovanı direktor təyin etdi. Paytaxt qəzetləri vasitəsi ilə Tağıyev bütün müsəlman
qadın müəllimlərinə ilk müsəlman qadın məktəbinə kömək çağırışı ilə müraciət etdi.
Tağıyev məktəbinin cəmiyyətdə öz potensial intellektual imkanlarını reallaşdırmağa
imkan verdiyi görkəmli qadın maarifçilərin adlarını çəkmək yerinə düşərdi: Rəhilə xanım
Terequlova (Hacıbababəyova), Məryəm xanım Sulikeviç, Adilə xanım Şaxtaxtinskaya,
Gülbahar xanım Əhriyeva, Məryəm xanım Hembitskaya, Şəfiqə xanım Əfəndizadə,
Mina xanım Aslanova, Gövhər xanım Qazıyeva, Nabat xanım Nərimanova, Şəhrəbanı
xanım Şabanova, Səkinə xanım Axundzadə (1865-1927; ilk qadın dramaturq, yazıçı).
Tədris proqramına gəldikdə isə buraya Azərbaycan və rus dili (dil, ədəbiyyat), hesab,
tarix, coğrafiya, təbiətşünaslıq, hüsnxət, nəğmə, musiqi, etika, anatomiya, tibbin əsasları
və şəriət daxil idi.
1901-ci il oktyabrın 9-da Aleksandriya rus-müsəlman qadın məktəbinin təntənəli
açılışı oldu. Bu, Şərqdə müsəlman qızları üçün açılan ilk dünyəvi məktəb oldu. 20 nəfər
şagird üçün nəzərdə tutulmuş məktəb pansionu açılış günü 35 pulsuz məktəbli, 15 nəfər
isə ildə 100 rubl ödəməklə gəlib-gedən tələbə qəbul etdi. Qızlar Zaqafqaziyanın hər
yerindən, Şimali Qafqazdan qəbul olunurdu. Bakıda Tağıyev qız məktəbinin açılması
Azərbaycan ziyalı cəmiyyəti tərəfindən böyük heyranlıqla qarşılandı. Məşhur vəkil,
sonradan Azərbaycan Demokratik Respublikasının xarici işlər naziri olmuş
Əlimərdanbəy Topçubaşov məktəbin açılışında söyləmişdi: «gələcək tarixçi bu hadisəni
müsəlman qadının, bütün başqa xalqlarda olduğu kimi, ailə ocağını yandıran bu gözəl
varlığın yüksəliş dövrünün başlanğıcı kimi qeydə alacaqdır». Görkəmli jurnalist
Əhmədbəy Ağayev qeyd edirdi: «İndən belə müsəlman qadınları ailəyə maarifin
canlandırıcı şüasını səpmək imkanı qazanacaqlar... Onlar gələcək nəsillərə inkişafa,
yaxınlarına, xeyirxah insanlara və işlərə sevgi təlqin edəcəklər ki, bunsuz hər hansı
cəmiyyət ölümə məhkumdur». Qazan müsəlmanlarının H.Z.Tağıyevə göndərdiyi
məktubda deyilirdi: «Bu ilk məktəbdir ki, bütün şəriət qaydalarına riayət olunmaqla
müsəlman qızları Qərb sivilizasiyası ilə tanış olacaq və bu təhsil məbədində müsəlman
əhalisinin müxtəlif təbəqələri qarşılaşacaq və ümuminsani qardaşlıq və məhəbbət
hisslərinə malik olacaqdır». Tağıyev məktəbi 1918-ci ilə kimi mövcud oldu və böyük
sayda təhsilli intellektual şəxsiyyətlər pleyadası yaratdı. Artıq 1906-cı ildə bunabənzər
məktəb Tiflisdə açıldı; sonradan İqlimə xanım Əliyeva və Mədinə xanım Qiyasbəyli
Balaxanıda və Qazaxda öz məktəblərini açdılar; Qubada, Lənkəranda, Dərbənddə,
Naxçıvanda, İrəvanda da qız məktəbləri meydana gəldi.
Maarifçilik sahəsində görkəmli xidmətlərinə görə imperator II Nikolay 25 yanvar
1907-ci ildə H.Z.Tağıyevə Həqiqi Mülki Müşavir rütbəsi verdi. Qeyd etmək lazımdır ki,
həyat yoldaşı Sona xanım Tağıyevi onun bütün işlərində, xalqına xidmətində
dəstəkləyirdi. Sona xanım (Sofya) Tağıyeva (Ərəblinskaya), general qızı olaraq 1881-ci
ildə Dərbənddə doğulmuşdu. B.Ərəbilinski övladlarına gözəl dünyəvi təhsil verməyə
çalışmışdı. Onun qızları Nurcahan və Sona Dərbənddə ibtidai tədris müəssisəsini başa
vurduqdan sonra təhsillərini Bakıda «Müqəddəs Nina» müəssisəsində davam
etdirmişdilər. Nurcahan H.Z.Tağıyevin böyük oğluna, Sona xanım isə 1896-cı ildə
Tağıyevə ərə getmişdir. Çox illər ərzində Sona xanım Aleksandrinskaya qadın rus-
müsəlman pedaqoji məktəbinin Himayədarlar şurasının dəyişməz üzvü olmuş, həmçinin
«Müqəddəs Nina» Bakı tədris müəssisəsinə himayəçilik etmişdir. O illərin qəzet
materiallarında, xüsusən də «Kaspi» qəzetində tez-tez Sona xanımın xeyriyyə
gecələrində, nahar yeməklərində, xeyirxahlıq və yetimlərə, xəstələrə, yaralı döyüşçülərə
kömək aksiyalarında iştirakı barədə məlumatlara rast olunur. H.Z.Tağıyevin ölümündən
sonra Sona xanımın ailəsi ilə birlikdə yaşamağa vəsaiti olmamış, o təqib olunmuş,
işgəncələr görmüş, ağlını itirərək Bakı küçələrində dilənməyə məcbur olmuşdur. 1938-ci
ildə kapitalist Bakısının möhtəşəmliyini və ziyasını təcəssüm etdirən qadın – Sona
xanım Tağıyevanın cəsədi şəhər küçələrindən birində tapıldı. XX əsrin əvvəlində
Azərbaycanın ən nüfuzlu qadınlarından birinə Sovet hakimiyyəti bu cür tale nəsib etdi.
Yuxarıda göstərildiyi kimi, H.Z.Tağıyev öz məktəbinə Azərbaycanın görkəmli
ictimai xadimi Həsənbəy Məlikovun (Zərdabi) həyat yoldaşı Hənifə xanım Məlikovanı
(1856-1929) direktor təyin etmişdi. Təhsilini Tiflis qadın «Müqəddəs Nina» məktəbində
almış Hənifə xanım əri ilə birlikdə ilk Azərbaycan qəzeti «Əkinçi»nin çap olunmasında
fəal iştirak etmişdi. 1880-ci ildə o öz evində məktəb açmış, Bakıda «Nicat» cəmiyyətinin
qadın şöbəsinin yaradıcılarından biri olmuşdur. 1901-1905-ci illərdə Hənifə xanım
Tağıyev məktəbinin, sonralar isə Bakı rus-tatar məktəbinin müdiri, Bakı sovet
məktəbində müəllim olmuşdur.
Azərbaycanın qadın maarifpərvərləri arasında Bakı və Tiflis qadın məktəblərinin
müəllimi Gövhər Qayıbovanı (1885-1944); Naxçıvanda ilk qadın müəllim Fatma
Hacınskayanı; məşhur Azərbaycan dramaturqu Nəcəfbəy Vəzirovun həyat yoldaşı,
müəllim Xurşud Vəzirovanı (1868-1913); Firudinbəy Köçərlinin həyat yoldaşı, Bakı
qadın seminariyasının (1921-1924) müəllimi, Zaqatala pedaqoji texnikumunun (1925-
1929) və Şeki uşaq evinin (1930-1954) direktoru işləmiş Badisəba Köçərlini (1881-1954)
misal göstərmək lazımdır. Badisəba Köçərli «Şərəf Nişanı» ordeni ilə təltif olunmuşdur.
XIX əsrin ikinci yarısı – XX əsrin əvvəli Azərbaycan qadınlarının öz potensial
imkanlarını reallaşdırması üçün şərait yaratdı. Yaranmaqda olan kapitalist
münasibətlərinin, maarifin, səhiyyənin inkişafında kişilərlə müqayisədə qadınların iştirak
faizi olduqca aşağı olsa da, Azərbaycanın ziyalı, maarifçi qadınlarının, Bakının,
Dərbəndin aristokrat dairələrinə mənsub nümayəndələrin oynadığı rol lazımınca böyük
və əhəmiyyətli idi. XIX əsr – XX əsrin əvvəlində onların daha çox fəaliyyət göstərə
biləcəyi mədəni inkişaf sahəsi həm xeyriyyəçilik, həm də maarifçilik idi. Bəzi xeyriyyəçi
qadın cəmiyyətlərinin fəaliyyəti haqqında ayrıca danışmaq yerinə düşərdi.
XIX əsrdə Zaqafqaziyada tanınan «Müqəddəs Nina» xeyriyyə cəmiyyəti
Azərbaycanda eyniadlı birinci qadın tədris müəssisəsi açdı. «Müqəddəs Nina»nın
mərkəzi Tiflisdə yerləşirdi, ancaq Şamaxıda, Bakıda, Gəncə və İrəvanda da onun
şöbələri fəaliyyət göstərirdi. Cəmiyyət zəngin adamların ianəsi hesabına, üzvlük haqqı,
varlı ailələrdən olan qızların tədris haqqı və mədəni tədbirlərin keçirilməsindən toplanan
vəsait hesabına mövcud idi. Cəmiyyət üzvləri üç il müddətinə toplanırdı. «Müqəddəs
Nina»nın işində Azərbaycan qadınları da iştirak edirdi.
Hələ XIX əsrin 50-ci illərində o zamanın təhsil görmüş Azərbaycanlı qadınları –
cəmiyyətin Şamaxı şöbəsində işləyən Fatma xanım Əsədbəy, Xədicə xanım
Haqverdiyeva, Gövhər Ağa (general-leytenant İbrahim xan Talışinskinin qızı), Papa Bikə
Qutkaşenskaya, Hürü xanım (polkovnik Süleyman xanın arvadı), Balaxanım
Xandəmirova müsəlman qadınları arasında mairifçilik hərəkatının təşəbbüskarları oldu.
Sonradan bu cəmiyyətdə Azərbaycanlı qadınların sayı 1865-ci ildə 17-yə qədər artdı.
Cəmiyyətin üzvləri arasında Çimnaz xanım Bakıxanovanı, Bəyim xanım Əmirbəyovanı,
Xanım Məmmədovanı, Anna xanım Mehmandarovanı, Şərəbanı xanım Ağabəyovanı
qeyd etmək lazımdır.
İrəvanda yaradılmış «Müqəddəs Ripsime» qadın cəmiyyəti 1850-ci ildə qızlar üçün
məktəb açda. Bu cəmiyyət bir çox xeyriyyə tədbirləri keçirdi. Əvvəlcə cəmiyyətin 63
üzvündən yalnız 7-si Azərbaycanlı idi, amma artıq 1865-ci ildə «Müqəddəs Ripsime»nin
fəaliyyətində 42 Azərbaycanlı qadın fəal iştirak edirdi. Bunlar dövlət məmurlarının,
hərbçilərin, bəylərin, aristokratların həyat yoldaşları idi. Bu zadəgan və təhsilli qadınlar
müsəlman qadınlarına yardım etmək, onları zəngin milli, rus və Qərbi Avropa
mədəniyyəti ilə yaxınlaşdırmaq arzusu ilə xeyriyyəçilik hərəkatına qoşulmuşdular. Onlar
öz övladlarına Rusiyanın, Avropanın ən yaxşı tədris müəssisələrində təhsil verir və
bununla sonradan məktəb açmaq və öz xalqını maarifləndirmək işinə dəstək verirdilər.
Tiflisdə müsəlman qadınlarının Qafqaz xeyriyyə cəmiyyətinin yaradılması ideyası
Sofiya xanım Şaxtaxtinskayanın və görkəmli Azərbaycan yazıçısı, «Molla Nəsrəddin»
jurnalının naşiri Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Cavanşir-
Məmmədquluzadənin (1873-1955) təşəbbüsü ilə meydana gəlmişdi. Bu cəmiyyətin
tərkibinə 45 qadın daxil idi. Cəmiyyətin 1910-cu ildə qəbul edilmiş Nizamnaməsinə
əsasən onun bütün işlərinə Gövhər xanım Qacar (sədr), Nigar xanım Şıxlinskaya,
Məsmə xanım Talışinskaya, Səltənət xanım Əhmədova rəhbərlik edirdi. Cəmiyyətin
fəaliyyəti barədə xəbər bütün Qafqaza yayıldı. Ona əsas şöhrət qazandıran ətrafında
çoxlu qadın toplayan xeyriyyə tamaşaları olmuşdu.
Bakıda ilk qadın xeyriyyə cəmiyyəti 26 oktyabr 1908-ci ildə Hənifə xanım
Məlikovanın (Zərdabi) sədrliyi ilə yarandı. O, əvvəlcə «Nicat» Bakı müsəlman maarifçilik
cəmiyyətinin şöbəsi kimi yaradıldı. 1914-cü ildə həmin cəmiyyətin əsasında inqilabdan
əvvəlki Bakının ən hörmətli xanımlarından ibarət Bakı Qadın xeyriyyə cəmiyyəti yarandı
ki, ona görkəmli Bakı sahibkarı Murtuz Muxtarovun arvadı Liza xanım Muxtarova
başçılıq edirdi. Nəslən osetin zadəganlarından olan Liza xanım Muxtarova (Tuqanova)
Vladiqafqazda doğulub boy atmışdı. Onun valideynləri polkovnik Aslanbəy Tuqanov və
Pşa xanım Dudarova ən hörmətli aristokrat nəslinə mənsub idilər. İllik «Bakı» sorğu
kitabını, «Bakı bələdçisi» təqvimini vərəqləyərkən Liza xanımın adına çox tez-tez rast
gəlmək olur. Doktorlar Bəhrambəy Axundov, L.L.Qosiridze, Yelena Martınova (Bakı
şəhər başçısının arvadı) ilə birlikdə Liza xanım Muxtarova vərəmlə mübarizə Qafqaz
cəmiyyətinin Bakı şöbəsinin idarə heyətinə daxil idi. O, 1913-cü ildə təşkil olunmuş
«Uşaq xəstəxanası» xeyriyyə cəmiyyətinin fəal üzvlərindən biri idi və Bakıda xüsusi
uşaq xəstəxanasının yaradılmasına yardım edirdi. Onun maarifçilik və tərbiyəçilik
fəaliyyəti daha geniş idi. Öz övladı olmayan bu xanım nəslinə məxsus zəngin sarayda
pansion təşkil etmişdi ki, burada kasıb ailələrdən olan uşaqlar, yetimlər tərbiyə olunurdu.
«Murtuz Muxtarov» səhmdar cəmiyyətinin idarə heyətinə daxil olan Liza xanım
Muxtarova «Nicat» Bakı Müsəlman maarifçilik cəmiyyəti ilə bağlı idi. Onun başçılıq
etdiyi Bakı Qadın xeyriyyə cəmiyyəti kasıb ailələrdən olan müsəlman qızlarına təhsil
almaqda yardım göstərir, böyük maarifçilik işi aparır, çox sayda xeyriyyə məclisləri –
«Ağ çobanyastığı günləri» adlanan yığıncaqlar, naharlar keçirirdi və burada yığılan
vəsait kasıb və yetim uşaqların ehtiyacına sərf olunurdu. Murtuza Muxtarovun Qala
qəsəbəsində Qadın Müsəlman Xeyriyyə cəmiyyətinə hədiyyə etdiyi həcmi 1 desyatin
2200 kv.sajen, 2.5 vektora yaxın torpaq sahəsinin planına aid tarixi sənədlər
mövcuddur. Bu ərazidə iki yetimlər evi tikilmişdi. Lakin cəmiyyətə öz işini başa
çatdırmaq müyəssər olmadı. 1920-ci ilin aprelində qızıl əsgərlərin kobudluqlarına tab
gətirməyən Murtuza Muxtarov özünə qəsd etdi. Muxtarovların imarətində XI qızıl
ordunun mərkəzi məntəqələrindən biri yerləşmişdi. Liza xanıma onun öz evinin
zirzəmisində yer vermişdilər. Sara xanım Aşurbəyli danışır ki, o, anası İsmət xanım ilə
birlikdə Liza xanım Muxtarovaya baş çəkə bilmişdi. Bakıda qalmaq Liza xanım üçün
təhlükəli olduğundan o, İstambula köçdü və 1956-cı ilə qədər orada yaşadı. Köhnə
Bakının birinci ledilərindən birinin həyatı da bu cür sona çatdı.
Bakı Qadın Müsəlman xeyriyyə cəmiyyətinin işində həmçinin Bakının ali
təbəqəsinin qadın nümayəndələri – İsmət xanım Aşurbəyova, Pəri xanım Topçubaşova,
Fatma xanım Tambiyeva, Sürəyya xanım Qulubəyova, Sara xanım Vəzirova, Tamara
xanım Axundova, Sultan xanım Axundova, Xədicə xanım Əlibəyova; Tağıyev
məktəbinin ən yaxşı müəllimləri Gövhər xanım Qazıyeva, Rəhilə xanım
Hacıbababəyova, Məryəm xanım Sulkeviç iştirak etmişlər.
Bakının qrand-xanımları barəsində danışarkən tanınmış sənayeçi, mesenat və
zadəgan Balabəy Aşurbəyovun arvadı İsmət xanım Aşurbəyovanı unutmaq qeyri-
mümkündür. İsmət xanım Şamaxı taciri, antikvariat və xalça satıcısı Ağapolad
Sultanovun qızı olaraq 1885-ci ildə Şamaxıda doğulmuş, Tiflisdə tərbiyə almışdı.
1904-cü ildə əri Balabəy Aşurbəyovla Bakıya köçərək, o Sona xanım Tağıyeva ilə,
Liza xanım Muxtarova ilə dostlaşdı. İsmət xanım xeyriyyə axşamlarının keçirilməsində
H.Z.Tağıyevə, Sona xanıma böyük köməklik göstərirdi və onların keçirilməsində İsmət
xanımın hələ lap kiçik olan qızları da iştirak edirdi. Aşurbəyovların qızı, tanınmış
Azərbaycan tarixçisi Sara xanım Aşurbəyli xatırlayır ki, İsmət xanım özündə Şərq və
Qərb xüsusiyyətlərini birləşdirirdi. Fars dili və poeziyasının gözəl bilicisi olaraq o eyni
zamanda alman və fransız dillərində sərbəst danışırdı. Ona incə zövq, nəfis davranış
qaydaları xas idi. Zəngin qarderoba malik olaraq o ənənəvi milli geyimlərə, xüsusən də
Qarabağ libaslarına üstünlük verirdi ki, bu onun ev şəkillərində aydın görünür. Onun
1920-ci ildən sonrakı taleyi faciəvi olmuşdur: ekspropriasiya, qanunsuzluq, emiqrasiya,
1925-ci ildə Bakıya qayıtdıqdan sonra isə ərinin həbsə alınması, ölümü, qızlarının təqib
olunması... İsmət xanım 1954-cü ildə Bakıda vəfat etmişdir.
Aşurbəyovların qızları da valideynlərinə layiq övlad olmuşlar: onlardan biri –
görkəmli tarixçi və şərqşünas, qeyri-adi və heyrətamiz taleyi olan, tükənməz iradə
gücünə malik Sara xanım Aşurbəylidir (1906-2001). Bu qadın Azərbaycanda XX əsr
ərzində baş verən bütün tarixi hadisələrin canlı ensiklopediyası, H.Z.Tağıyevdən
başlayaraq bizim günlərə kimi bütün istisna şəxsiyyətlərin müasiri idi. Sara xanım o dövr
üçün ən gözəl təhsil almış – İstambulda Müqəddəs Janna d Ark adına hörmətli bir kolleji
qurtarmışdı. Sonradan o Bakı Dövlət Universitetinin (1930) şərqşünaslıq fakultəsini
qurtararaq zaman keçdikdən sonra Şərq və Azərbaycan tarixi üzrə ixtisaslaşdı; o həm
də Azərbaycan Pedaqoji institutunun xarici dillər fakultəsini qurtarmışdı. Üç Avropa
(ingilis, fransız, alman) və üç Şərq (ərəb, fars, türk) dillərində yazıb-oxuyan Sara xanım
məhz bu dilləri bilməsinin üstündə dövlət təhlükəsizlik orqanları tərəfindən həmin dilləri
daşıyan ölkələrin xeyrinə şpionajda təqsirləndirilmişdi. Yaxın və Orta Şərq xalqlarının
tarixi sahəsində geniş biliyə malik olmaqdan savayı, Sara xanımda həm də rəssam və
musiqiçi istedadı vardı ki, ağır təqib illərində yaşamaq üçün bunlardan istifadə etmişdi.
Sara xanım dramteatrda rəssam, dekorator işləmiş, məktəbdə müəllim olmuş, müəllimi
olmuş Üzeyir Hacıbəyovun dəvəti ilə 15 il Konservatoriyada xarici dildən dərs demişdir.
O öz şəkillərini sataraq da dolanmalı olmuşdu; sərgilərdən birində onun «Göygöl»
əsərini Meksika nümayəndələri almışdı və bu əsər indi Meksika muzeyində saxlanır.
1946-cı ildə Sara xanım Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilmişdi. Sara xanım
Aşurbəyli Bakının tarixi üzrə, Şirvanşahlar dövlətinin tarixinə dair çox qiymətli
tədqiqatların, tarix, mədəniyyət, incəsənətə dair gözəl məqalələrin müəllifidir. O, bir çox
elmi konfransların iştirakçısı idi. 1966-cı ildə Sara xanım Aşurbəyli tarix elmləri doktoru
adını, sonralar «Əməkdar elm xadimi» adını almış, Dövlət mükafatı laureatı olmuşdur.
Talenin bütün keşməkeşlərinə: atasının təqib olunması, ölümü, ərinin
cəzalandırılmasına, qardaşının II dünya müharibəsi zamanı Macarıstanda həlak
olmasına baxmayaraq, Sara xanım Aşurbəyli bütün ömrü boyu Azərbaycan
vətənpərvəri olaraq qalırdı. O, özünün yuksək intellektini Azərbaycan xalqının rifahı,
onun tarixi, mədəniyyəti naminə tətbiq etməyə çalışırdı. Sara xanım Aşurbəyli XX əsrin
inqilabdanəvvəlki, sovet və postsovet dövrlərindəki Azərbaycan qadınının yeni obrazının
təcəssümü idi.
Rusiyadakı 1917-ci il inqilabı Rusiya imperiyasında ictimai-siyasi, iqtisadi-mədəni
münasibətlər quruluşunu kökündən dəyişdirdi. Bu dəyişikliklər nəhəng imperiyanın bir
hissəsi olan Şimali Azərbaycandan yan keçmədi və nəticədə 1918-ci ildə burada
Azərbaycan Demokpratik Respublikası elan edildi. Respublika Konstitusiyasının təqdim
etdiyi digər azadlıqlar, hüquqlar arasında Azərbaycan qadınının hüquqları da vardı ki, o,
ölkənin bərabərhüquqlu vətəndaşı elan edilir, bunun nəticəsi olaraq isə yeni cəmiyyətin
həyatında fəal iştirak etmək hüququ qazanırdı. Maarifçilik, xeyriyyəçilik daha da inkişaf
etməyə başladı və Azərbaycan qadının bunlardakı iştirakı nəzərə çarpan dərəcədə
artdı. Azərbaycanda güclü inqilabi hadisələr Azərbaycan qadınını siyasət sahəsinə
çıxardı. Yeni tip qadınlar – Ayna Sultanova, Ceyran Bayramova kimi inqilabçı qadınlar
meydana gəldi.
ADR-nın mövcudluğu uzun çəkmədi. 1920-ci ildə onu əvəz edən zorakılıq,
bərabərləşmə prinsipinə əsaslanmış sovet hakimiyyət sistemi Azərbaycan cəmiyyətində
olan bir çox mənəvi və etik dəyərləri süpürüb atdı. Ziyalıların, aristokratiyanın yüksək
səviyyəli intellektual potensiala malik ən yaxşı nümayəndələri, həm kişilər, həm də
qadınlar cəmiyyətdə lazımsız insanlara çevrildi. Onları «xalq düşməni» adı ilə
damğalayır, təqib edir, alçaldırdılar. Bu şəraitdə sağ qala bilənlər ya xaricə emiqrasiya
edir, ya da yeni norma və mənəviyyat sisteminə daxil olurdular.
Beləliklə, XIX – XX əsrin əvvəlində Şimali Azərbaycanda qadın hərəkatı yaranır,
«yeni qadın» tipi, yeni maarifçi qadınlar meydana gəlirdi.
Bu prosesə təkan verən əsas amil öz inkişafında panislamizmdən pantürkizmə, və
nəhayət Azərbaycanizmə qədər yol keçmiş milli etnik özünüdərkin oyanması idi.
Rusiyanın Şimali Azərbaycanda keçirdiyi müstəmləkə təzyiqi və ruslaşma siyasəti,
həmçinin Rusiya və İngiltərənin Cənubi Azərbaycanda apardığı müstəmləkə siyasəti
ilkin mərhələsi professional şüur olan etnik özünüdərkin oyanmasına və təşəkkül
tapmasına səbəb oldu.
Azərbaycanın Rusiya tərəfindən zəbt olunması ilə Azərbaycan xalqı ilk dəfə digər
konfessiyaya, tamamilə yad etnosa malik, milli zülm və milli ayrı-seçkiliyin dövlət
siyasəti səviyyəsinə qaldırıldığı bir dövlətin tərkibinə qatıldı. Bu siyasət etnik
özünüdərkdə köklü strukturdaxili dəyişikliklərə səbəb olaraq özünütəsdiq və özünüifadə
hissini gücləndirirdi.
Müstəmləkə zülmündən çıxış yollarının axtarışı islam dünyasının birliyi,
müstəmləkəçi xristian zülmünə qarşı dura biləcək islam imperiyasının yaranması
ideyasını doğurdu. Panislamizm belə yaranır. Lakin çox tezliklə bu konsepsiyanın
utopikliyi, qeyri-reallığı aşkar olunur və onu etnik Azərbaycan özünüdərkinin, əvvəlcə
ümumtürk, sonra isə sırf etnik özünüdərkin təşəkkül ideyası əvəz edir. Bu konsepsiyalar
müsəlman əhalisinin maariflənmiş hissəsi arasında yaranır ki, onun nümayəndələri ya
müsəlman, ya da dünyəvi təhsilini Tiflisdə, Moskvada, Sankt-Peterburqda, Qazanda,
Avropa ölkələrində almışdı.
XIX əsrin sonunda – XX əsrin əvvəlində həm Rusiyada, həm də Avropa ölkələrində
ümumi milli özünüdərk prosesi gedirdi ki, bu da heç şübhəsiz xaricdə təhsil alan
Azərbaycan gənclərinin dünyagörüşünə təsir göstərirdi. Məhz onlar bu ideyaların
daşıyıcısı oldular. Bu – görkəmli mütəfəkkirlər, ədəbiyyatçılar, maarifçilər:
A.Q.Bakıxanov, M.F.Axundov, H.Zərdabi, S.Ə.Şirvani, A.Hüseynzadə, F.Köçərli,
M.Ə.Rəsulzadə və başqaları idi. Mətbuatın rolunu isə xüsusi qeyd etmək lazımdır.
Azərbaycan cəmiyyətinin ictimai-siyasi həyatına qadınları cəlb edən elə
Azərbaycanın kişiləri idi. Məsələn, Həmidə xanım Cavanşirin atası Əhmədbəy Cavanşir
qızına onlara məxsus kənddə məktəb açmağı nəsihət etmişdi; H.Z.Tağıyev qızlarını
özünün açmış olduğu ilk müsəlman qız məktəbinə oxumağa vermiş, qızı Sara xanımı
Peterburqa, Smolnı nəcib qızlar institutuna göndərmişdi. Kişilər də öz həyat yoldaşlarını
– məsələn, Hənifə Məlikovanı, Ceyran Bayramovanı, Həmidə xanım Cavanşiri –
Azərbaycan cəmiyyətinin ictimai həyatına daxil edirdi.
Azərbaycan qadınlarının sosial-hüquqi statusu hələ XX əsrin əvvəlində nəzərdə
tutulmuşdu ki, bunu müsəlman cəmiyyətinin, müsəlman ailəsinin, qadının buradakı yeri
ilə bağlı ənənələr ilə izah etmək olar.
Bir şey şəksizdir ki, cəmiyyətin təhlükədə olduğu – istər zəbtolma təhlükəsi, istər
də etnik özünüdərkin oyanması olsun – bir dövrdə Azərbaycan qadınları kişilərin dəstəyi
və islam ənənələri əsasında ictimai həyata fəal şəkildə qoşulmuşdular.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI
1. Ахундов Фуад. Женская школа Тагиева // см. газ. «Вышка», 5 октября 1991
2. Ахундов Фуад. Как это было … // см. газ. «Вышка», 31 августа 1991
3. Ахундов Фуад. Первые леди старого Баку // см. газ. «Вышка», 7 марта 1992
4. Ахундов Фуад. Это святое – «благотворити» //см. газ. «Бакинский рабочий» №
141 (22420), 31 мая 1992
5. Ахундов Фуад. Юбилейное издание Дома Романовых об азербайджанцах // см.
газ. «Баку», 5 сентября 1991г.
6. Бакиханов Аббас-Кули-Ага. Гюлистани Ирам Под ред. Буниятова З.М. Баку,
1991
7. Бебель А. Женщина и социализм. Москва, 1959
8. Буниятов Зия. Живите долго, дорогая Сара ханум! // см. газ. KHAZAR VIEW, 1
february 1996
9. Гаджиев Адиль-Герей. Миллионер Тагиев Гаджи Зейналабдин. Махачкала,
2000
10. Гянджали Сабир. Души прекрасные порывы // см. газ. «Вышка», 23 сентября
1990
11. Иванов А.Е. Высшая школа России в конце XIX - начале XXвв. Москва, 1991
12. История Азербайджана с древнейших времен до начала XXв. под ред. Играра
Алиева. Баку, 1995
13. Фарида Мамедова. Штрихи к портрету Сары ханум // см. KHAZAR VIEW, 1
february 1996
14. Шнырова О.В. Проблема женского образования в российской общественной
мысли 60-х г. XIXв. Женщины в отечественной науке и образовании, Иванова.
1997, с. 36-39
Document Outline - ISTIFAD? OLUNMUS ?D?BIYYATIN SIYAHISI
Dostları ilə paylaş: |