Ey daşlaşan, torpaqlaşan ulu babam! Bu günümdən dünənimə uzaqlaşan ulu babam! Küləkləşən, dumanlaşan ruhunla sən Ayağa dur, səninləyəm! Səs getməyən, əl yetməyən Qədim tarix dərəsindən Səs ver mənim səsimə sən: Sənə gələn, səndən ötən nəydi belə? - Səndən ötüb qardaşına dəydi belə? Bununlamı neçə dəfə Ata-oğul, qardaş hissi haçalandı, Bir şəhərin Beş qardaşın xanlığına parçalandı? O zamanmı bitdi bizim dilimizin “sənin”, “mənim” qabarı da? O zamanmı bitdi bizim dilimizin “haralısan” damarı da?.. Səninləyəm, ulu babam! Bu məsəli kimdi yazan? Hansı soysuz ata idi Ataların imzasını Çəkib, ona möhür basan?! Adınızı dastanlardan oğrayaram, Ruhunuzu qıyma-qıyma doğrayaram Qara Çoban, Dəli Domrul. Ey Xan Eyvaz, Giziroğlu Mustafabəy, Əgər ki, siz Bu məsələ qol çəkdiniz! Sonra, sonra hansınızsa Xalqa gələn bir qəzadan Öz başını yana əydi. O qəza bir topa dönüb Səttarxanın tifaqına yaman dəydi, Məndən ötdü!... Məndən ötdü!.. Sevincə bax, qeyrətə bax! Bunu yazan xilqətə bax! Məndən ötdü!.. Qulağımdan getmir bu səs, Zərbələri qardaşına, Sirdaşına ötürən kəs Elə bil ki, bax bu gecə Qulağımın dibindəcə Xətainin süqutuna qəh-qəh çəkdi. Sonra, sonra Səhərəcan başına yüz qədəh çəkdi. O qəhqəhin dalğasından, O məstliyin baş fırladan Havasından qopan daşdı - Azərbaycan torpağında Araz boyda şırım açdı. Məndən ötdü... Bunu dedi Şəki xanı. Bunu dedi Bakı xanı, Bunu dedi İbrahim xan, Fətəli xan, Kəlbəli xan... Qəza ötsün məndən, - dedi, Ötən kimi “mən-mən” dedi: “Mən-mən” dedi bir ölkədə nə qədər xan. Onlar “mən-mən” deyən yerdə Sən olmadın, Azərbaycan! Səni səndən alıb belə Yüz illərlə uyutdular. Səni səndə ələdilər, Səni səndə üyütdülər. Dibək oldun öz duzunla, öz daşınla. Ögey oldun doğma, ekiz qardaşınla - Məndən ötdü deyənlərin qeyrətindən, Namusunu yeyənlərin qeyrətindən! Məndən ötdü... Məndən ötdü! Ey daşlaşan, torpaqlaşan, ulu babam! Bu günümdən dünənimə uzaqlaşan ulu babam! Ayağa dur! Dəfn etdiyim məsələnin Baş daşına Bir təəssüf xatirəsi yazıb, yondur: Səndən ötən mənə dəydi, Məndən ötən sənə dəydi. Səndən, məndən ötən zərbə Vətən, vətən, sənə dəydi...
1967
ARAZIN İŞIQLARI
Araz axır yırğalana - yırğalana, Elə bil ki, yorğalana - yorğalana Bir ac dəvə o yanına, bu yanına ağız atır. Qarnı batıq, sarı dəvə yerişini yavaşıdır yavaş-yavaş... Deyirəm ki, asta yeri, dəvə qardaş, asta yeri, Dağıdarsan nur yükünü, yortsan əgər. Aclığın var, boynunu bir çölə döndər. Dəmir tikan qırpmaq öyrən, dəmir tikan. Dəmir tikan qırpmaq öyrən, dəmir tikan.
Alqışlar çaylar səni, Həftələr, aylar səni. Yükün işıq yüküdür, Yormaz bu taylar səni...
Deyirəm ki, dəvə qardaş, Bax burada xıxlanacaq, Bax bu düzdə yatacaqsan. Öz yükünü bax burada atacaqsan. Nur tayları bu dərədə söküləcək. Burda işıq dəyirmanı tikiləcək Sahillərin qaranlığı yuyunacaq, ələnəcək, üyünəcək. İkiqəlbin işıq nəbzi bir qovşaqda döyünəcək. Sahillərin işıq dili yaranacaq. İşıqların öz həsrəti, Öz nisgili yaranacaq. İşıqlar öz dərdlərini O sahillə, bu sahillə bölüşəcək. İki sahil: işıqlarla ayrılacaq, İşıqlarla görüşəcək. Gündüzlərdən çox olacaq dərdi - səri gecələrin. O tay - bu tay şəhərlərdə küçələrin Bir-birinə yazışması başlayacaq. Gündüzlərin küsüşməsi, Gecələrin barışması başlayacaq. O işıqlar, O işıqlar biləcəkmi: Ayrılığın toranlığı nə deməkdir?! Toranlığın boranlığı nə deməkdir?! Boranlığın qaranlığı nə deməkdir?! Eh, nə bilim, hər bir dərdi taleyinə İnsan özü gözəmirmi? İşıqlar da insanlara bənzəmirmi? İşıqlar da bir-birinə Soyuq odlar olacaqdır. İşıqlar da bir-birinə Yaxın yadlar olacaqdır. İşıqlar da ayrılığa öyrəşəcək Yükünü çək, dəvə qardaş, yükünü çək...
Avqust, 1968 BİR AXŞAMIN BALLADASI
Ey ilham pərisi, varsansa əgər, Bu axşam üstümə qanadını gər, Qanım bir hərarət alsın qanından, Çıxım bu fikirlər burulğanından. İsinsin azacıq bu daş duyğular, Olmayım bir evdə beşinci divar... Bu axşam o qədər tənhayam, təkəm, Bu axşam elə bil yarılıb sinəm, Çapılıb talanıb məhəbbət orda, Qalmayıb bir tikə mərhəmət orda. Bu axşam sahibi ölən bir tacam, Kimsə istəməyən bir ehtiyacam. Bu axşam fikrimlə o qədər acam, Lap bütün gecəni yesəm-doymaram. Bu axşam qəlbimdən gəlib keçəni Bütün ulduzlara desəm-doymaram. Bu axşam... özümdə yoxam bu axşam, Bu axşam özümdə dəfn olunmuşam. Bu axşam od yoxdür məhəbbətimdə, Bir ünvan, ad yoxdur məhəbbətimdə. Bir dəniz, bir sahil təmasını mən Bu axşam qəlbimdə görmürəm nədən?.. İlahi, dünyaya niyə gəlmişəm? Hisslərim qəlbimdə əzilmiş şüşə, Eşqim didiklənən bir parça kağız... Küləklər, haraya aparırsınız? Aparın, aparın, aparın, Amma Onu tuş etməyin hissiz adama, Onu qoşa duran, Onu illər boyu baş-başa duran Daşlara verin. Birgə çöp daşıyan, Birgə yuva quran quşlara verin. Qoy suya, torpağa hopulsun bu qəm; Mən necə sevmişdim, necə sevirəm... Sevib yaşadığım anlar var idi, Fikrimdə “o” vardı, “onlar” var idi. Bir dağdım, sinəmdə ad idi “onlar”, Adicə səyyahdı, yad idi “onlar”, Qəlbimi görməyi bacarmazdılar, Sinəmə girməyi bacarmazdılar, Sinəmdə “o” adlı vulkanım vardı, Bilməzdik hansımız hansı olardı, Kim kimin gözündən qapardı dərdi, Kim kimin qəlbində buz əridərdi. Sevirdim - dağ idim, sevirdi - vulkan... Qaldı bir ovuc kül, bir daş o dağdan.
Eh ilham pərisi, varsansa əgər, Bu axşam üstümə qanadını gər, Mənə bir sevimlik məhəbbət gətir, Mənə bir güzəştlik mərhəmət gətir! Niyə mən özümdə yoxam bu axşam, Bu axşam özümdə dəfn olunmuşam. Sanıram min ildir dünyada varam. Sonuncu nəğməsi çalınmış taram.
Heç nə gözə dəymir, gözə görünmür, Gözə görünən də təzə görünmür. Göylər dənizlərdir, dənizlər göylər, Təpələr dağlardan uca görünür. Lap dünən doğulan körpələr belə Gözümdə yüz yaşlı qocaya dönür. Bu axşam özümdən uzaqlaşmışam, Uşaq olmamışam, uşaqlaşmışam. Ötən məhəbbətim yadıma düşüb, İtən məhəbbətim yadıma düşüb... İlahi, qəlbimə bir duyğu göndər. Yazıqdır, yazıqdır məni sevənlər. Bəlkə bir quyuya atılan daşam, Ağlı kəsilməmiş kəsilmiş başam... Kürrədən indicə suya salınmış, Odu söndürülmüş, köpü alınmış Bir parça poladam, bir parça dəmir: Filizlər mənimlə dostluq eləmir. Dağlardan izimi söküb-tökürlər, Külçələr dalımca qəh-qəh çəkirlər...
Eh ilham pərisi, varsansa əgər, Bu axşam üstümə qanadanı gər, Qoyma bir anlıq da küsüm dünyadan, Sevgi ümidimi üzüm dünyadan, Mənə məhəbbət ver sevim bir kəsi, Sevim, elə sevim özü bilməsin. Bir anlıq dünyada yox olsa bəşər, Məni meymunların yanına göndr: Ünsiyyət istəyim məhəbbət üçün, Məhəbbət istəyim ünsiyyət üçün. Bir anlıq dünyada yox olsa bəşər, Məni delfinlərin yanına göndər. Dənizə məhəbbət səpmək öyrənim, Sahilə məhəbbət çəkmək öyrənim. Onu meşələrə səpim-göyərsin. Onunla qumları öpüm-göyərsin. Məhəbbət adlanan dil yaradım mən, Məhəbbət adlanan din yaradım mən...
Ey ilham pərisi, varsansa əgər, Bu axşam üstümə qanadını gər, Mənə məhəbbətli bir nəğmə gətir, Məhəbbət imzalı bir namə gətir, Oxuyum, oxuyum o yarım üçün, Onu cehiz verim qızlarım üçün. İlahi, qəlbimə bir sevgi göndər. İlahi, yazıqdır məni sevənlər...
Yalta, yanvar 1968
SARA XANIM
Azərbaycan torpağında Bir səs gəzir Bir qız səsi. Dağ çayları həmdəmidir, Ağ bulaqlar rəfiqəsi. Bir az Araz nidalıdır, Bir az Göy göl ədalıdır. Bir azca da Kür havalı. O nəğmələr çeşnisində Yaşıl yelən, qızıl sapdı. Üzeyirin sərraf gözü Onu duydu, onu tapdı. Öz ilahi nəfəsiylə Seyyid ona uğur dedi, alqışladı. Vahid ona söz dəftəri, Sinələri alışdıran köz dəftəri bağışladı. “Qatarın”da dərdimizi uyudarıq qatar-qatar, “Segah”ında dağ qovuşar, duman yatar. “Şikəstə”si nənələrin nakam eşqi, batan dərdi. Zəngüləsi Həcərlərdən töhfələrdi. Gülüşündə bir mavi nur, Yerişində bir az təmkin, bir az qürur. Baxışında taleyindən gizli giley, Öz dərdini dodaqaltı gumuldayan bir qəmli ney. Bizim sənət dağımızın Dönər qarı, dağ çiçəyi Sara xanım. Bizim sənət bağımızın Qara gözlü, ağ çiçəyi Sara xanım.
Səni başa düşər qədim bir qala, Anlar binaların, yolların çoxu. Oxu, tatar qızı, yarımçıq qalan Bir el nəğməsini təzədən oxu...
Yalta, yanvar 1968
SƏN MƏNİ SEVSƏYDİN...
Sən məni sevsəydin nolardı görən? Görən olardımı bir dərdim onda? Yoruldum demədən qolum üstə sən Dünyanı piyada gəzərdim onda.
Toxalar, azalar bu sevgimizdən Dünyanın məhəbbət acları bəlkə, Təzə haşiyələr alardı bizdən Dünyanın məhəbbət tacları bəlkə.
Bizim başımıza hey ələnərdi Alqışlar. təbriklər, dualar-bizim. Bizim bəxtimizə səpələnərdi Ən duru, ən təmiz şüalar-bizim.
Ləpələr göz alıb baxar dənizdən, Sular mehrimizə həsəd çəkərdi. Ulduzlar bircə yol pəncərəmizdən İçəri baxmağa həsrət çəkərdi.
Dedim ki, göyərər bir Leyli pöhrə, Məcnun bir səhərin gözündə gələr. Saçını tor elər sahildə Zöhrə, Tahir ləpələrin üzündə gələr.
Sən məni sevsəydin... sevsəydin əgər... Kim olub bəxtiyar quru ad ilə. Həyatda “ürəkləş”, “sevləş” demirlər, Ayaqlaş deyirlər bu həyat ilə. Dekabr, 1968 İŞIQ
Gecənin ən uzaq dərinliyində Bir işıq görünür. Mayakdı, nədi?! Ondan gözlərimi çəkdim, yenə də Fikrimdən, yuxumdan o çəkilmədi.
Elə hey yol getdim bütün gecəni, Gözümdə o işıq, Gözümdə o şam. Belə çox işıqlar çağırıb məni, Belə az gecələr uduzmamışam.
Bəlkə də o işıq, o çağrış yenə Taleyin növbəti ümid payıdır. Ümid nə yaxşıdır, Ümidlə sönən Məhəbbət qayıdır, sevgi qayıdır.
Dekabr, 1968
TƏƏSSÜF
Bu görüş nə acı qismətmiş bizə, Elə bil bir kədər gölünə düşdük. Salamsız, kəlamsız durub üz-üzə, Bir xeyli baxışla, gözlə görüşdük.
Əsdi ürək kimi ovcumda əlin, Sən əzəl bu qədər kövrək deyildin. Sən əzəl bu qədər mehriban, həlim, Sən əzəl bu qədər qəşəng deyildin.
Hanı ömrümüzün o keçən günü, Hanı öz əhdinə o dönük andım... Sənin “gəl barışaq” təbəssümünü Mən o vaxt əl açan dilənçi sandım.
İndi dayanmışıq üz-üzə, yaxın: Təəssüf çay kimi axır aradan. Bəlkə də vədəsiz yaxın olmağın Cazibə gücündən tez aşır adam.
Bir eşqin dolaşıb itən yoluna Tutma çırağını bu aləmdə sən. Kaş elə məzara gedən yoluma Göy işıq olasan bu görkəmdə sən.
Bəlkə də yüz dəfə görüşdük belə, Yenə xatirələr, yenə təəssüf. Təəssüf, təəssüf, təəssüf ilə Qayıda bilməyən günə təəssüf!.. Dekabr, 1967 RAKETLƏR
Raketlər oynayır həyətdə, Raketlər oynayır. Bir şarı yüz dəfə vurmaqdan, Yorulub, yormaqdan. Doymayır raketlər, doymayır. Onların ayağı bu günlə, Başları sabahla oynayır. Görürəm: yüyürür, yüyürür. Qaçırlar, qaçırlar. Üfüqdən fəzaya Qapılar açırlar. Təyyarə səsini udurlar, Zərbəli, hücumlu səslərlə. Sabah bu cilovsuz hisslərlə Yer altdan, yer üstdən Qəfləti ölümü Daşıyar bu raketlər. Üşüyən torpağa Sərnişin ulduzlar Daşıyar bu raketlər. Raketlər oynayır. Ayaqlı, əlli raketlər. Gözlü, qaşlı, telli raketlər, Yuxuda diksinmə, Yer anam Səksənmə, Yer anam. Yolunla rahat get. İnsana yönələn raketə Yönəlib insan raket. Fevral, 1968
QAR
Uzaqdan baxıram ağappaq, təmiz, Yaxına gəlirəm: qurd düşüb qara... Yadıma düşür ki, bəzən hissimiz Nə qədər aldanır bu ağlıqlara...
Qayğılar görürük, bürüncək kimi -- Tikandan astarı, ipəkdən üzü. Vədələr görürük, kəpənək kimi Dalınca uşağa döndərir bizi.
Uzaqdan baxıram ağappaq, qəşəng; Yaxına gəlirəm: qar kif atıbdır. Qəlbim inciməsin gözümdən gərək, Qəlbim də gözümü çox aldadıbdır.
Kəlbəcər - İstisu İyul 1968
LENİN ZİRVƏ
Biz nə qədər dahi desək, ulu desək, Ona bəşər ağlı desək, Ona günəş oğlu desək; Bu çeşidli təltiflərin hamısından, Şeriyyətlər toplusunda, Məhəbbətlər toplusunda Ali sözlü, Ülvi sözlü təriflərin hamısından O, yenə də uca durur. Elə bil o yüksəkliyi Elə yüksəklikdə dondurubdur ki, Oradan o yana ta meyarsızlıq, ölçüsüzlük ölkəsidir. Orda dahi anlayışı, dahiliyin qırıntısı, kilkəsidir. Orda o, sadəliyin, adiliyin Ən sonuncu nöqtəsidir. O sadəlik, o adilik Ucalıqdan uca olan Ali fikir zirvəsidir. O zirvədə ömürləri Dərə kimi, təpə kimi, yamac kimi görmək olur. O zirvədən həqiqəti, Ədaləti, Səadəti Yer üzünə səpələyən Qızıl qanad ildırımlar hazır durub. O zirvənin ayağında xəyanəti, cinayəti, ədavəti, dəfn eləyən sıldırımlar hazır durub. Vəsflərə sığışmayan
O sadəlik zirvəsində, O dahilik zirvəsində, O adilik zirvəsində Lenin yaşar. Əbədilik məfhumunu təsdiqləyən Əbədilik zirvəsində Lenin yaşar, öz ağlının Orbitində fikrimizi, Ağlımızı yaşadaraq. O zirvədən yolumuza günlər axar çıraq-çıraq. Günlər axar gün üzünə həsrətlərin taleyinə. Günlər axar günümüzə həsədlərin taleyinə. Lenin fikri ucalığın Bir əl çatmaz zirvəsindən Nur səpələr bu həyata. Lenin dağı qoymaz ona Təltif çata, Mədh çata, Tərif çata. Yanvar, 1969
QOLTUQ AĞACI
Qoltuq ağacına yazığım gəlir, Tutub bir binanı çiyinlərində O zorba bir dirək ola bilərdi. Məğrur bir çobanın çiyinlərində Qurd əzən dəyənək ola bilərdi. Bir körpü tağı da ola bilərdi, Tüfəng qundağı da ola bilərdi. Vaxtsızmı qırıldı, tezmi qırıldı... Vüqarı qırıldı, əzmi qırıldı. Qoltuq ağacından acığım gəlir, O bütün yollara qoltuqdan baxır, Girdiyi qollara qoltuqdan baxır. Nəğmə də oxuyur o, cırhacırla, Qırıla-qırıla... Qoltuqdan oyana getməyir səsi. Nədir oxuduğu? -- “qoltuq nəğməsi” Özü bu vərdişi ömrünə yazıb, Onu bir qoltuqdan tullasan əgər, Yanından yan ötüb bir ayaqsızın, Kiməsə üçüncü ayağa dönər... Daş kaha yaxşıdır bir uçuq damdan, Duyar eyhamımı bir qoltuq acı: Deyirəm qoltuğa girən adamdan Yaxşıdır bir sınıq qoltuq ağacı.
1967
BİZİM GƏNCLİK
Yenə gənclik ordumuzun Mübarizə yollarını saldım yada. Ömrümüzün gah günəşli, Gah boranlı illərini Saldım yada. Gözlərimdə Çapay durdu, Həzi durdu, Gəray durdu. İlk sırada getdi gənclik Xalqımızın hər müqəddəs, Hər mübariz çağrışına; Bəzən döyüş meydanına, Bəzən dostluq yarışına. Azmı odlar ayaqlayıb Oddan aldıq yurdumuzu... Avropalı Dunay boyu Dunaydan da güclü gördü ordumuzu. Qayıtmaqçün Vətənə biz Bəzən ondan aralandıq. Ağır yara vurmaq üçün düşmənə biz Bəzən ağır yaralandıq. Yox, alsaq da neçə yara, Ağrı duyan qəlbimizdə Yer vermədik ağrılara; Çünki bir yaz havasında, Zərbəmizdən yuvasında Düşmənlərin can verdiyi günü gördük. Ağrılara yer vermədik Bəli, ağır yaramızda. Çünki arxa sıramızda Neçə dostun Yürüşünü gördük. Bir dost kimi, qardaş kimi Keçdik macar torpağını, Bizə ayaq açanların Üzdük yerdən ayağını. Qucaqlayıb boynumuzu, Çiçək səpdi yolumuza Çiçək üzlü bolqar qızı. Gənclik döyüş meydanında Nərə çəkib aslan oldu. Gənclik sevib-seviləndə -- Məhəbbəti ümman oldu. İlk sırada getdi gənclik İstər döyüş meydanına, İstər əmək yarışına. Lazım gəlsə səs verərik Yurdumuzun çağrışına, Yurdumuzun sərhəddinə Sinəmizlə sədd çəkərik. Qarşılaşsaq ölümlə biz, Ölümə də xətt çəkərik. Lazım gəlsə, qoşularaq Yurdumuzun çağrışına Günəşdən od gətirərək Yurdumuzun sərt qışına. Gənclik sevgi, gənclik zəhmət, Gənclik zəfər, gənclik qüvvət, Gənclik daim alovlanan, Daim yanan bir ürəkdir. O ilk getmiş, gedəcəkdir Xalqımızın hər müqəddəs, Hər mübariz çağrışına, İstər döyüş meydanına, İstər əmək yarışına!
1956
AZƏRBAYCAN - DÜNYAM MƏNİM
Azərbaycan - qayalarda bitən bir çiçək, Azərbaycan - çiçəklərin içində qaya. Mənim könlüm bu torpağı vəsf eləyərək, Azərbaycan dünyasından baxar dünyaya.
Azərbaycan - mayası nur, qayəsi nur ki... Hər daşından alov dilli ox ola bilər. “Azərbaycan!” - deyiləndə ayağa dur ki, Füzulinin ürəyinə toxuna bilər.
Oğulları Kür gəzdirər biləklərində, Oğulların göz atəşi gözəl əridir. Azərbaycan səhərinin bəbəklərində Qütb ulduzu, dan ulduzu gözəlləridir.
İllər olub - kürrələrdə dəmir olmuşuq, Sərhədlərdə dayanmışıq küləkdən ayıq. Od gölündə, buz çölündə gəmi olmuşuq, Biz Bakının ilk səadət carçılarıyıq.
Min illərlə zülmətlərə yollar açıqdı, Dalğalandı Sabirlərin ümman dünyası, Azərbaycan qatarı da yollara çıxdı Dağılanda Qoca Şərqin duman dünyası.
Azərbaycan - mayası nur, qayəsi nur ki... Hər daşından alov dilli ox ola bilər. “Azərbaycan!” deyiləndə ayağa dur ki, Ana yurdun ürəyinə toxuna bilər.
1970 ŞUŞADA BİR GECƏ
Bu gecə gecənin son qatındayam, Bu gecə bir qəndil qanadındayam. Sağımda bir dərə - qara hörükdür, Solumda bir dərə - qara hörükdür. Dövrəmdə buludlar bölük-bölükdür. Dünyanın damına çıxmışam, nədi? Dünya qaranlığı harda gizlədib? Dünya toranlığı harda gizlədib? Gecə ağ yağışda durulanıbdı, Gecə dağ mehində qurulanıbdı, Daranıb, bələnib işıqlarına, Taxıb qarmağını göy tağlarına Bir çilçıraq şəhər, bir qəndil şəhər, Hər evi bir qızıl qərənfil şəhər. Uzaqdan: bir ulduz topası kimi göy üzündədi. Yaxından: bir qaya lampası kimi yer üstündədi. Gecənin qoynunda yanır dağ şəhər, Fəzadan asılı, çilçıraq şəhər. Dağlar öz ovcunda yanıdırıb onu, Ulduzlar qoynuna qaldırıb onu Bu dağlar vüqarı, bu dağlar gücü. Bu gecə kəşf etdim bir Şuşa bürcü Bir Şuşa bürcü, tamaşa bürcü... 1970 MƏNİM YURDUM
Mənim yurdum -- qəhrəmanlar diyarıdır. Mərd insanlar diyarıdır. Öz baxtının xoş gününü Öz əliylə yaradanlar diyarıdır. Kainatın milyon illik arxivindən ulduzları oyadanlar diyarıdır. Mənim yurdum -- qəhrəmanlar diyarıdır!
Mənim yurdum -- Torpağında nur əkənlər, Nur biçənlər diyarıdır. Mənim yurdum -- Neçə dəfə Qanlı lava dənizindən Sağ keçənlər diyarıdır. Mənim yurdum -- Qayaları minalanmış Dağ keçənlər diyarıdır. Mənim yurdum -- Mərd oğullar diyarıdır.
1973
BAKININ GECƏSİ
Bakının gecəsi ağ varaq kimi, -- Elə bil Hələ bir qələm dəyməyib. Hələ bu varağa əlim dəyməyib. Nə qədər istəsən, şer yaz ona, Köçür sətir-sətir duyğularına. Bu xətkeş küçələr varaq gözləyir. Bu kitab binalar az oxunubdur. İnsanlar yatanda göz işığını Səpir küçələrə, Yanır küçələr. Yatmır küçələr. Bakının gecəsi işıq romanı... Dənizin qoynunda baş qəhrəmanı. Oxu səhərəcən, yetəsən ona. Yüyür səhərəcən dəniz qoynuna. Bakının gecəsi bir dağ gölüdür. Kəhkəşan qurşağı boyunbağısı, Xəzəri ay kimi döşündən asıb... Bakının gecəsi -- mürgülü qoca, Qayğı yüklü qoca, Söz yüklü qoca... Bakının gecəsi ağ varaq kimi... Onu kim götürə, ona nə yaza! Nə ötəri ola, nə də ki, asan. Bakının gecəsi ağ dəniz kimi, Uyudur qoynunda nə qədər gəmi, Nə qədər insan -- gəmi Sabah açılanda səfərə hazır. Gör, şair, ürəyin, əlin nə yazır -- Bakının gecəsi ağ varaq kimi. Gör, sözün varmıdır səpinə hazır...
Yanvar, 1973
DAĞ ÇAYINA OXUNMUŞ MƏKTUB
Rəsul Həmzətova
Bu torpağın adətidir min ildən bəri: Şair oldun -- öz qapındır açdığın qapı. Ümidlərin ən sonuncu sığıncaq yeri, Ən sonuncu and yeridir şer kitabı.
Sən gələndə səs yayılır Azərbaycana: Qaraqabaq adamlar da azca qımışır. Kimin duzlu sözü varsa, çıxsın meydana, Yoxsa Rəsul aparacaq bütün alqışı!
Muştuluqçu xəbərlər də düşməyir atdan, Çapır bizim dərələrə, dağlara doğru: “Rəsul gəlib Dağıstandan...” Dillənir atam: - Dağıstana nə çox gedir bu Həmzətoğlu!
Eyniləşir dağ vüqarı, Dağlı vüqarı; Bir qocanın dediyini hələ dinlə bir: “Balam - deyir - yer üzünün uca dağları Elə bizim bu dağlardan köçüb getmədir”.
Dünən gözəl qar ələndi şəhərimizə, Dedilər ki, bu töhfədə Rəsul əli var... Gülə-gülə söylədi ki, Süleyman Rüstəm: “Dağıstana yağar ancaq bu ağlıqda qar...” Bu dağlarda hər çay igid, hər bulaq gəlin; Hər şey olar - çay olanda, bulaq olanda. Yağışına, buluduna bərəkət gəlir -- Təbiətə şair oğlu qonaq olanda.
Bu torpağa baş əyməyin -- baş ucalığın! Məbəd bildin bizim qədim sənət yurdunu. Sən gələndə şairləri başına yığıb, Təkrar-təkrar xatırlarsan Səməd Vurğunu.
Təkrar deyil dost elinə müntəzəm gəliş, Təkrar deyil təriflənə tərifdən uca! Heykəlini özü yonub, özü dikəltmiş Təriflilər bir qıyğacı baxışdan uçar...
Dedim sizi ayırmayım son nitqlərdən, Bir də sizə, doğru desəm, yetmədi əlim. Dağ çayına oxumuşam bu məktubu mən, Surətiylə tanış olun, Rəsul müəllim! 1973
ÇAY AXIR
Çay axır, çay axır... Rəngi: Elə bil ərimiş qurğuşun qaya axır. Sürəti: Göz ölçündən asılı... Mənzili: Məcrası torpağa yazılı. Çay axır. Yağış da yağır, Dolu da yağır, Şimşək də çaxır. Çay axır. Qocaman dağlar da Arabir o taydan bu taydan ətəyini çırpır, Xırxaxır Çay axır. 1973 XARİCİ DİL MÜƏLLİMİ
Alovlu illər idi dil öyrənən illərim. Uzaq-uzaq bir dağın döşündəydi kəndimiz, Yamaca lehimlənən qurşun idi kəndimiz. O, haraydan qızışdı, axdı dərə aşağı, İgidlərin nərəsi, İgidlərin qəzəbi - Axdı dərə aşağı, Haray dili öyrəndi balaca kənd uşağı. Alovlu illər idi dil öyrənən illərim. Ot biçər, kol qırardı yazı yazan əllərim. Mən çox gözəl öyrəndim: Dəryazların dilini, Külünglərin dilini, Sazaqların dilini, Küləklərin dilini. Bir cürcənə içində çimirsiz gecəm olub, Yağışların çox saya, Sayaçı nəğməsini sübhəcən dinləmişəm. Dolular dimdiyində qayalar keçəl olub, Şimşəyin hədəsini sübhəcən dinləmişəm. Onda zaman - müəllim, Təbiət - dərslik idi. Dil dərsimiz bunların Hökmünə təslim idi. Yerdən çörək diləyən xış dili bilməliydi, Quş dili bilməliydi, Daş dili bilməliydi. Əsgər aparan yolun intiqam dili vardı, Qara kağız gətirən yol dilsiz ağlayardı. Onda əsil vətəndaş dilimiz - hünər idi. Onda mənim Xarici dil müəllimim əsgər idi... 1973
SALAMAT QAL
Ey dəvə yol, düşdüm daha belindən, Ovsar cığır, çıxdın daha əlimdən. Balam çiçək, bir də öpüm telindən, Salamat qal, Salamat!
Duz axtaran körpə cüyür balası Ağ daşlara körpə cığır salası... Qayaların su saxlayan çalası, Salamat qal, Salamat!
İldırımlar buludların pələngi,.. Paslanacaq mənsiz şimşək üzəngim. Eh, ya qismət, a şəlaləm - a cəngim... Salamat qal, Salamat!
Bulaq gördüm: uşaq kimi ərköyün; Məni gəzər məndən qaçan ürkəyim... Salamat qal bu dağlarda, ürəyim, Salamat qal, Salamat!
Turşsu, 1970 ÇOBAN ÇÖRƏYİ, ÇOBAN ÜRƏYİ
Qışlaqda yazılmış şer
Bir qadın ki, dağ mehini düzüb saçına, Şimşəkləri oxlov kimi çəkib sacına, Nəğməsiylə oyadıbdır dan ulduzunu, Ocaq çatıb gərnəşdirib qoyun-quzunu, Xəmrə tutub, acıyınca, inək sağıbdır, Sinəsinə sazaq sağıb, külək sağıbdır, Gözlərindən qova-qova alatoranı, Haraylayıb, hədələyib xam otaranı. Ocaq üstə üzü qarsıb, saçı ütülüb, Döşünə od, kürəyinə ayaz sürtülüb, Bu minvalla çörək bişib, çoban çörəyi. Halaldı bu çörək! Baldı bu çörək! Bir ürək ki, dağ çayı var həyəcanında, Bir ürək ki, sağı-solu çiçəklər ola, Düzənlərin yovşan ətri axa qanında, Örüşündə həmsöhbəti küləklər ola, Gileyini suya deyə, sular apara, Yaz yaylağa, qış qışlağa vüqar apara, Bir ürək ki, ömrü boyu ömür təkəri Dağa aran, arana dağ daşıyar elə, Ömrü boyu ayaq üstə yaşayar elə. Bir ürək ki, dərələrə, düzlərə açar, Ömrü boyu bulaq gözü, arx ağzı açar Öz canında yay soyudar, qış isindirər; Çox vaxt onu özü səslər, özü dindirər Bu çörəyi duya bilən ürəyin gərək O ürəyə layiq olan çörəyin gərək.
Bərdə, 1970
NEFTÇİLƏR
Layları doğrayan, qatları yaran, Ən cəsur cərrahlar - neftçilərdir. Torpaq zülmətində günəş axtaran Yeraltı səyyahlar - neftçilərdir.
Çox həmdəm olublar borana, qara; Yerin kölgəsinə sığınıb onlar. Alqış qanadında ön sıralara Ali məclislərə çağrılıb onlar.
Üfüqdən üfüqə qızıl yol açan Əyilməz qüvvətə, qüdrətə alqış! Torpaqdan ən uzaq ulduzlaracan Ucalan hörmətə, şöhrətə alqış!
1972
KOMSOMOLA KEÇDİYİM GÜN
Komsomola keçdiyim gün xatırımdadır. Səhərlərin ən durusu o yaz səhəri... O günlərin acısı da indi bal dadır. Payız fəslim yollarıma yaz gülü sərir.
Yadımdadır mənim kimi bir dəstə uşaq Rayondan geri döndü fit çala-çala. Yol qırağı kollar pilə, daş-qaya yumşaq... Hamarlandı öz-özünə hər dik, hər çala.
Nazik qədək pencəyimin cibi düyməli, Düymə üstən bir sancaq da vurmuşdum hələ. Sol cibimin üstündəydi elə sağ əlim, Haqqı nəydi bu ünvana külək yönələ. Qırmızı rəng görünürdü bağlı cibimdən -- Ağ çiçəklər, sarı güllər qırmızılaşdı. Bir burulğan quş topası qaya dibində Çəmənliyə pərdə atdı qırmızı, yaşıl. Buluda bax, qanadını sallayıb yerə; Saçlarıma sığal çəkib, ötür astaca. E-hey! - deyib daş atıram gölməçələrə, Qurbağalar gözlərini örtür astaca. Elə bil ki, bir sözümə, səsimə bənddi, -- Qaya qopub dağ döşündən, haray qopartdı. Bir dərənin boğazında balaca kəndim Dərə-dərə şaxələndi, dam-dam boy atdı. Atam dedi: -- Sabah gedib aşlı gön allam, Komsomolun çarığı da qoy incə olsun. Anam tutdu əllərini göyə ki, “Allah, Yetimlər də balam kimi sevincək olsun!”
O günlərin acısı da indi bal dadır, Komsomola keçdiyim gün xatırımdadır... 1970
İNSAN QAYALAR
(“Vətən qayaları, Vətən daşları” silsiləsindən)
Bir qayaya söykənmişəm, deyirəm kaş: Bax beləcə daşa dönəm yavaş-yavaş. Taleyimi qayaların taleyinə bağlayam mən. Bircə insan düşüncəmi saxlayam mən. Daş ayaqlı, daş əlli bir insan kimi Enib daşdan-daşa düşəm. Qayaların lal dilini başa düşəm. Onların daş qulağına bir daş atam, Qayaların keçmişini qayalara xatırladam, Deyəm: bir vaxt insan oğlu insan olub bu qayalar. İnsanların nərəsindən doğulub bu qayalar. Nər igidlər düşmən üstə gedən zaman Babalar da baş qaldırıb yer altından, Qaya kimi, -- dayaq olub, yumruq olub, ox olublar. Qayadöşlü qəhrəmanlar qayalıqda yox olublar, Bu torpağın taleyində o da elə bir gün idi. İgidlərin yaşaması daş olmaqla mümkün idi. Yoxsa onun qismətinə hardan düşə bu qədər daş! Danış görüm, a daş qardaş! Siz nənəmin bacılığı, Siz babamın qardaşlığı, Təbiətin səpdiyi bir zəmi sanım Bəlkə elə bu daşlığı! Siz ey qədim əfsanələr Şerimə yağ, səsimə yağ! Nə zamansa bu daşlarla bir dil tapan tapılacaq -- Bu daşların, qayaların keçmişini oyadacaq, Ordu-ordu qayalıqlar insanlığa qayıdacaq. Bu basılmaz nərlər-ərlər, Bu qaya sərkərdələr Onda məni -- bir balaca daş əsgəri qoyar yəqin qoşulmağa bu cərgəyə, Qayaların keçmişini qayalara yazdım, deyə. Onda Vətən sanar məni Bir balaca Vətən daşı, Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı... Şuşa,1970
ÇOBAN NƏĞMƏSİ
Nəfəsində dağ havası, dağ nuru, Vüqarında qayaların qüruru. Çəmənlərdir, çiçəklərdir həmdəmin, Buludlardır, şimşəklərdir həmdəmin.
Məhəbbətin yaylaq kimi -- qəlbi, təmiz. Gözü duru bulaq kimi qəlbin təmiz. Bərəkətin bulud-bulud -- Axarını dağlara tut, düzlərə tut. Çoban ömrü ömürlərin uzunu; Nəğməsi var: “Çoban, qaytar quzunu...” Dağ neyləyər bu nəğməsiz çağları, Çoban, qaytar bu dağlara dağları... 1970 QANADLI QAYALAR
Bir daşmı sıyrılıb qopdu qayadan, Başı hamarlandı bir şiş qayanın. Burda qayaları qartal sayanın Uşaq heyrətinə baş əyir adam.
Burda hər zirvəni zirvə qoruyur, Qartal gözləriylə baxır qayalar. Bir gündə neçə yol bir qartal boyu Alçalır qayalar, qalxır qayalar...
Şuşa, 1970
SALAM, A ZİRVƏLƏR
Salam, a gədiklər, salam, a dağlar! Yenə boynunuzu qucmaq istərəm. Alıb küləyini qoluma, dağlar, Zirvədən zirvəyə uçmaq istərəm.
Çoxdandır sürmürəm ayaq gəmimi, Dərəyə susuzam, zirvəyə acam. Batırıb buluda daş qələmimi Yağışlı bir nəğmə yazım yamaca!..
Sonra da oxuyum, səsimi yazsın Qaya sinəsinə mətin qayalar. Torpaq nəğməsinə qoy qulaq assın Torpaqda ən möhkəm bitən qayalar.
Zirvəyə qalxdıqca adamı sanki Günəş yuyundurur nur damarında. Azacıq uyudur, ətirli, sakit, Sərin dağ mehinin qanadlarında.