_____________Milli Kitabxana______________
MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYAR
SEÇİLMİŞ
ƏSƏRLƏRİ
"AVRASİYA PRESS"
BAKI-2005
_____________Milli Kitabxana______________
Bu kitab “Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri”(Bakı, Elm, 2000)
nəşri əsasında tərtib olunmuş və təkrar nəşrə hazırlanmışdır.
Tərtib edənlər:
Nazim Rizvan
Xuraman Quliyeva
İslam Qəribov
Ön sözün müəllifi:
Bəkir Nəbiyev
894.3611-dc21
AZE
Şəhriyar Məhəmmədhüseyn.
Seçilmiş əsərləri. Bakı, "AVRASİYA PRESS", 2005, 480 səh.
Məhəmmədhüseyn Şəhriyar o taylı bu taylı Azərbaycanın XX əsrdə
yetirmiş olduğu ən görkəmli şairlərdən biri, Azərbaycan və İran ədəbiyyatlarının
fəxridir. Zamana sıgmayan, nəhəng bir ümmanı xatırladan müdrik və məğrur
təbiətli sənətkar füsünkar əsərləri ilə hələ öz sağlığında klassiklər səviyyəsinə
yüksəlmiş, Yaxın Şərq ədəbiyyatını bədii möcüzələrlə, təravətli obraz və ifadə
vasitələri ilə zənginləşdirmiş, xüsusən anadilli poeziyamıza "Heydərbabaya salam"
kimi son dərəcə xəlqi və sənətkarlıq baxımından nadir əsərlərdən birini töhfə
vermişdir.
Şəhriyar yalnız həqiqətləri deyən, düşünüb-duyduqlarını sadə, anlaşıqlı və şirin
el dilində tərənnüm edən, "təpədən dırnağadək ürəkdən ibarət" olan əyilməz,
hünərli bir şairdir. Şəhriyar milli olduğu qədər bəşəri, bəşəri olduğu qədər də milli
şairdir.
"Seçilmiş əsərələri"nə bitməz-tükənməz aləmli qüdrətli sənətkarın ana dilində
şeirləri ilə yanaşı farsca yazdığı əsərələri daxil edilmişdir.
ISBN 9952-421-11-5
© "AVRASİYA PRESS", 2005
_____________Milli Kitabxana______________
_____________Milli Kitabxana______________
KƏLAMIN VÜSƏTİ
Məhəmmədhüseyn Şəhriyar İranda XX əsrdə ərsəyə gəlmiş ən görkəmli
şairlərdən biri, Azərbaycan və İran ədəbiyyatlarının fəxridir. Ana dilində və
farsca yazılmış əsərləri ilə o, hələ öz sağlığında klassiklər səviyyəsinə
qalxmış, Yaxın Şərq ədəbiyyatını bədii möcüzələrlə, təravətli obraz və
ifadə
vasitələri ilə
zənginləşdirmiş, xüsusən dünya poeziyasına
"Heydərbabaya salam" kimi yüksək dərəcədə xəlqi və sənətkarlıq
baxımından nadir əsərlərdən birini töhfə vermişdir.
1
Haqqında yazılmış kitab və məqalələrdən məlum olur ki, Seyid
Məhəmmədhüseyn Şəhriyar 1907-ci ildə Təbriz şəhərinin Bağmeşə
bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa
Xoşginabininin ailəsində dünyaya gəlmişdir. Məhkəmədə vəkillik etməklə
ailəsini dolandıran atası şeri və musiqini çox sevən bir ziyalı idi. Oğlunun
təhsili ilə əvvəllər şəxsən özü məşğul olmuş, öz kitabxanasındakı qiymətli
əsərləri oxumağa balaca Şəhriyarı o həvəsləndirmişdir. Anası Kövkəb
xanımın da sinəsi dolu imiş. Onun Azərbaycan şifahi xalq yaradıcılığından
və klassik irsimizdən, xüsusən S.Ə.Şirvaninin qəzəllərindən oxuduğu bəzi
nümunələri Şəhriyar yetkin çağlarında belə xatırlamış, Seyid Əzimin
"Gəlim" rədifli qəzəlinə gözəl bir nəzirə də yazmışdır... Gələcək şair ilk
mədrəsə təhsilinə Təbrizdə başlamış, yay tətillərini Xoşginabda məşhur
Heydərbaba dağının ətəklərində keçirmiş, tanınmış müəllimlərdən Molla
İbrahimin yanında biliklərini təkmilləşdirmişdi. Sədinin "Gülüstan"ı,
Hafizin qəzəlləri, Qurani-Kərim, bəzi ərəb-fars lüğətləri Şəhriyarın hələ
uşaq yaşlarında öyrəndiyi
əsərlərdən olmuşdur. Düşdüyü ecazkar
Heydərbaba mühitinin, atasından eşitdiklərinin, nəhayət, böyük həvəslə
oxuduğu kitabların təsiri ilə Şəhriyar yeniyetməlik illərində ilk qələm
təcrübələri olan şeirlərini yazmağa başlayır. Əlinə düşən hər
_____________Milli Kitabxana______________
təzə kitabı acgözlüklə oxuyan ərəb və fransız dillərini mükəmməl
öyrənmək üçün əlavə məşğələlərini davam etdirən Şəhriyar Təbrizdə orta
təhsilini başa vurub 1922-ci ildə Tehran Universitetinin tibb fakültəsinə
qəbul olunmuşdur. 20-ci illərin ortalarından etibarən artıq istedadlı bir şair
kimi tanınmağa başlayan Şəhriyar Sürəyya adlı bir qıza aşiq olmuş və bu
məhəbbəti ilə əlaqədar onun başı bir çox bəlalar çəkmişdir. Sürəyyanın
varlı-hallı qohumları bu izdivaca etiraz əlaməti olaraq Şəhriyara təzyiq
göstərir, onun Tehrandan Nişabura sürgün edilməsinə müvəffəq olurlar.
Beləliklə də şair ali təhsilini yarımçıq qoymağa məcbur olur. O, bir müddət
İranın müxtəlif şəhərlərində o cümlədən də Məşhəddə yerli idarələrdə
məmurluq edir. 30-cu illərin ortalarında Tehrana qayıdıb banklardan birinə
işə düzəlir. Çox sevdiyi atası 1934-cü ildə vəfat etmiş, şair bu münasibətlə
xüsusi bir şeir yazmışdır. Sonralar anasının vəfatından doğan kədər
duyğularını isə Şəhriyar "Eyvay madərim!" şerində dərin səmimiyyət
duyğusu ilə əks etdirmişdir. 1950-ci illərin əvvəllərində Təbrizə gələn şair
1953-cü ildə ibtidai məktəbdə dərs deyən Əzizə xanımla evlənmişdir.
1954-cü ildə Şəhriyar Xoşginaba gedib Heydərbabanın ətəklərində öz
uşaqlıq təəssüratlarını yenidən yaşamış, doğma el-obasından aldığı təzə
intbahlar əsasında məşhur "Heydərbabaya salam" poemasını yazmışdır.
Şəhriyar yaxşı tar çalar, bu qədim musiqi alətində muğamları və xalq
mahnılarını ifa etməyi xoşlardı. Şairin çox gözəl xətti varmış. İmkan
düşəndə Quran ayələrini və sevdiyi şairlərin əsərlərindən kiçik parçaları
böyük məhəbbətlə və özünəməxsus bir incəliklə köçürüb dostlarına
bağışlarmış.
Şəhriyar və ailəsi uzun illər boyu maddi sıxıntılar içində yaşamışdır.
Yaradıcılığının
tədqiqatçılarından
şairə
Hökumə
xanım
Billuri
öz
monoqrafiyasında onun 1976-cı ildə
Tehran qəzetlərinin birinə
verdiyi
müsahibənin mətnini dərc etmişdir. Həmin müsahibə zamanı şair demişdir: "Mən
illərdir ki, yalnız çox vacib olduqda evdən çıxıram. Mənim hər şeyim bu bir otaqda
yerləşmişdir. Gördüyünüz kimi, onun bəzəyi ancaq sadəlikdir... Üç uşağımla
burada yaşayıram. Qazancım vaxtilə işlədiyim, Fəxri ustad adı aldığım yerdəndir.
16 aydır ki, maaşımın bir az artırlması üçün qərar çıxarıblar. Qərar var, ancaq pul
yoxdur. Bilmirəm qənaət falı niyə elə şairin bəxtinə düşmüşdür?.. 22 il
bundan əvvəl aldığım paltarı hələ də
_____________Milli Kitabxana______________
təzələməmişəm... Pul mənim üçün bəlkə də əl çirkidir. Lakin başqaları
üçün ki, belə deyil! Bu məsələlər mənim daxili rahatlığımı pozur.
Kimsədən gileyim yoxdur, ancaq dərvişliyi uşaqlarıma aşılaya bilmirəm..."
İranda şahlıq rejimi devrildikdən sonra hökumət orqanları Şəhriyarın
güzəranını yaxşılaşdırmaq üçün tədbirlər görmüş, ona abad mənzil vermiş
və müvafiq təqaüd təyin etmişdir. Çox təəssüf ki, artıq gec idi. Gənclik
çağlarından başlayaraq həyatı maddi məhrumiyyətlər içərisində keçən şair
xüsusən, sürgün illərində çəkdiyi ağır fiziki və mənəvi əzablar nəticəsində
dəfələrlə bərk xəstələnmiş, inqilabdan sonra da xeyli vaxt öz evində və
xəstəxanalarda müalicə olunmuşdur. Şəhriyar 1988-ci ildə sentyabr ayının
18-də Tehranın "Mehr" xəstəxanasında ağ ciyər iltihabından və ürək
çatışmamazlığından vəfat etmişdir.
Öz vəsiyyətinə əsasən şairin cənazəsi Təbrizə gətirilmiş və Surxabdakı
məşhur "Şairlər qəbristanı"nda dəfn edilmişdir. Həmin gün bütün Təbrizdə
dükan-bazar bağlanmış, şairin dəfn mərasimi ümumxalq matəminə
çevrilmişdir. Şəhriyarın qəbri böyük məhəbbətlə abad edilmişdir. Qəbrinin
üstündə tikilən məqbərənin mərkəzində qızılı şirmayini xatırladan zərif
mərmər sənduqədə şair əbədi yuxuya dalmışdır. Burada İran xalqlarının
mədəniyyət tarixini nümayiş etdirən gözəl bir muzey də yaradılmışdır.
Məqbərənin önündə qonaqlar Şəhriyarın öz abidəsi ilə yanaşı Azərbycan
Respublikası hökumətinin Bakıdan hədiyyə göndərdiyi Nizami Gəncəvinin
heykəlini də ehtiramla seyr edirdilər.
2
Şəhriyar doğulub boya-başa çatdığı ölkədə mövcud olan poetik
ənənələrə və aldığı təhsilə uyğun olaraq əsərlərinin çoxunu fars dilində
yazmışdır. Böyük alim və şairlərin, Şəhriyar irsi araşdırıcılarının dönə-dönə
etiraf etdikləri kimi bu əsərlərində o, elə yüksək sənətkarlıq nümayiş
etdirmiş və şeirləri elə geniş yayılmışdır ki, əsrimizin İran ədəbiyyatı tarixi
onun yaradıcılığı olmadan natamam görünərdi. Şairin 90-cı illərdə
Tehranda buraxılmış dördcildlik əsərləri külliyyatının hərəsi təqribən 750
səhifədən ibarət olan üç cildi məhz bu əsərlərindən tərtib edilmişdir.
_____________Milli Kitabxana______________
Hansı dildə yazmasından asılı olmayaraq, Şəhriyar həmişə vicdanının
səsinə qulaq asan, qəlbində tüğyan edən duyğuları, başından keçən fikirləri
səmimiyyətlə əks etdirən bir sənətkar idi. Özü bu barədə çox gözəl
demişdir:
Dedim: Azər elimin bir yaralı nisgiliyəm mən;
Nisgil olsam da gülüm, bir əbədi sevgiliyəm mən.
El məni atsa da öz gülşənimin bülbülüyəm mən.
Elimin farsca da dərdini söylər diliyəm mən.
Haqqa doğru nə qaranlıq isə, el məşəliyəm mən.
Əbədiyyət gülüyəm mən!
O, klassik şerin demək olar ki, bütün şəkillərində yazmış, ədəbiyyatı
yüksək məzmunlu mükəmməl qəzəl, qəsidə, məsnəvi, qitə və rübailərlə
zənginləşdirmişdir. Şairin lirikası qəzəl dahisi hesab olunan Hafiz Şirazidən
sonra keçən 600 il ərzində İranda lirikanın ən yüksək pilləsi hesab edilir.
Şəhriyarın dərin fikirlə zəngin olub incə duyğular tərənnüm edilən qəzəlləri
İranda xalq arasında geniş yayılmışdır. Mən ölkənin Tehran, Təbriz,
Ərdəbil, Marağa, Məşhəd, Astara və digər şəhərlərində keçirilən ədəbi,
elmi məclislərdə Şəhriyarın ana dilli əsərləri ilə yanaşı, farsca qəzəllərinin
də uşaqdan-böyüyə çoxlarının dilində əzbər olduğunun, həm də incə zövqlə
ifadə edildiyinin dəfələrlə şahidi olmuşam. Məlum olduğu kimi, ilk
məhəbbət oxunun daşa dəyməsi şairi uzun müddət sızlatmış, onun bir sıra
qəzəllərinə dərin kədər aşılamışdır:
Sızlayır əhvalıma sübhə qədər tarım mənim,
Təkcə tarımdır qara günlərdə dildarım mənim.
... Ey, bu qəmli könlümün tabi-qərarı, söylə bir,
Əhdi-peymanın nə oldu, noldu ilqarım mənim?
... Şəhriyaram, gərçi mən öz mülkümün sultanıyam,
Göz yaşımdan qeyri yoxdur dürri-şəhvarım mənim.
(Tərcümə Mübariz Əlizadənindir)
Şəhriyarın əsərlərində ictimai motivlər geniş yer tutur. Şairin od-alov
saçan beytlərində İranda şahlıq rejiminin rəzalətləri göstərilir, ölkənin
taleyinin o zaman əslində yad əllərdə qaldığı ifşa olunurdu.
_____________Milli Kitabxana______________
O zamankı İranda zülm və ədalətsizliyin baş alıb getməsi, bir çox
məmurların oğrularla əlbir olub xalqı talaması, cəmiyyətin həyatındakı
ətalət və fanatizm, məktəblərin düşdüyü dözülməz dərəcədə ağır vəziyyət
onun yana-yana bəhs etdiyi ictimai bəlalardır. Bir qəzəlində şair özgələr
əlində oyuncaq olmuş şahın yaman günlərə qoyduğu İranın həyatından
ürəklərə yol salan canlı bir lövhə çəkmişdir:
Gedər bədbəxtliyin ardınca hər iranlı sərgərdan,
Bu bədbəxt millət istiqbal edər bədbəxtliyi hər an.
Baxın, fəqir bir rəmmal bir bədbəxtə açmış fal,
Dolub bədbəxt ilə bu ölkədə həm küçə, həm meydan.
Dilənçi söykənib divara, sanki bir nəfər rəssam
Çəkib bədbəxtliyin timsalını, divara vermiş can.
Satar İranı xainlər, xiridar əcnəbilərdir,
Neçin əqli-vətən tutmaz vətən dəllalına divan?!
Şəhriyarın yaradıcılığında məsnəvi geniş yer tutur. "Elm və Hikmət",
"Kəmalülmülkün ziyarəti" məsnəvilərində o, yaradıcı ziyalıların, istedadlı
rəssam, şair və alimlərin acınacaqlı taleyindən bəhs etmiş, xalqa baş ucalığı
gətirə bilən özü kimi böyük zəka sahiblərinin yaddaqalan canlı obrazlarını
yaratmışdır. "Gecənin əfsanəsi", "Qardaşım oğlu Hüşəngə", "Eynşteynə
müraciət" əsərləri fəlsəfi səciyyə daşıyır. Miniatür poema təsiri bağışlayan
sonuncu əsərlərində şair təkcə öz elinin-obasının, vətəninin və xalqının yox,
bütün dünyanın taleyi üçün mənəvi məsuliyyət daşıyan qüdrətli bir sənətkar
kimi çıxış edir. O, 20-ci əsrin ən böyük elmi kəşflərindən biri olan atom
enerjisindən insanların rifahı üçün deyil, iradəsini başqalarına qəbul
etdirmək vasitəsi kimi istifadə edən təcavüzkar imperialist dairələrini tutarlı
vasitələrlə ifşa edir, xalqları ayıq-sayıq olmağa, öz taleyini odla
oynayanlara tapşırmamağa çağırır".
* * *
Şəhriyarın doğma ana dilində yazdığı əsərlər onun yaradıcılığının bizim
üçün xüsusilə qiymətli olan tərkib hissələrindən biridir. Hələ müəllifin
sağlığında klassik bir əsər kimi etiraf edilib şərəfləndirilən
_____________Milli Kitabxana______________
"Heydərbabaya salam" poeması da buraya daxil olmaqla, həmin əsərlər
müəllifinə təkcə Azərbaycanda və İranda yox, həm də Türkiyədə, İraqda,
Orta Asiyada, ümumiyyətlə dilimizin anlaşıldığı bütün ölkələrdə haqlı
şöhrət qazandırmışdır. Bunun birinci səbəbi, əlbəttə, "Türkin dilitək sevgili,
istəkli dil olmaz" deyən şairin ana dilinə sonsuz məhəbbəti və dilimizin
zənginliklərinə dərindən bələd olmasıdır.
"Türkin dili" adlı şerində Şəhriyarı belə bir kəlamı da var: "Şair ola
bilməzsən, anan doğmasa şair!". Bununla o, şair üçün həyat təcrübəsinin və
təhsilin məna və əhəmiyyətini azaltmadan demək istəyir ki, şairlik hər
şeydən əvvəl istedadın bəhrəsi, istedad isə Allahın vergisidir. İstedadsız isə
şair olmaq əsla mümkün deyl. Öz böyük istedadını reallaşdırmaq üçün
doğma Azərbaycan dilinin əsrarəngiz axar-baxarı Şəhriyar üçün vüsətli bir
hünər və yaradıcılıq meydanı açmışdır.
Şəhriyarın ana dilli şeirləri arasında Bakıdakı qələm dostlarına yazdığı
mənzum məktublar geniş yer tutur. Xalq şairləri Suleyman Rüstəm və
Məmməd Rahimə, şərqşünas alim, professor Rüstəm Əliyevə ünvanlanmış
şeirlərində, habelə "El bülbülü", "Döyünmə söyünmə", "Qafqazlı qardaşlar
ilə
görüş" və
"Gözüm aydın"
əsərlərində
Bakı həsrəti, Şimali
Azərbaycandakı qardaşları ilə görüşüb onları bağrına basmaq arzusu
özünün çox güclü ifadəsini tapmışdır. Şahlıq rejiminin İranda, sovet
rejiminin Azərbaycanda tüğyan etdiyi bir vaxtda yazılmış bu misraları heç
bir Azərbaycan övladı həyəcansız oxuya bilməmişdir:
Bizi yandırır yaman ayrılıq,
Bu darıxdıran duman ayrılıq,
Başa sovurur saman ayrılıq,
Aman ayrılıq, aman ayrılıq.
... Qan dəryasına cuman ayrılıq,
... Qəddimi edib kaman ayrılıq.
Şəhriyar uzun illər boyu Şimali Azərbaycan və Bakı həsrəti ilə qovrulsa
da, keçmiş Sovetlər İttifaqı ilə keçmiş şahlıq İranı arasındakı sərhədlər,
tanınmış xalq xadimləri üçün qoyulmuş qadağanların sərtlyi, maddi
çətinliklər, nəhayət, hər iki tərəfdə tədriclə qarşılıqlı
_____________Milli Kitabxana______________
münasibətlərin buzu əridikdən sonra isə xəstəlik, qocalıq ona bu arzusunu
gerçəkləşdirməyə imkan verməmişdir. Hətta bir dəfə Bakı səfəri haqqında
Şəhriyara konkret vəd verilmiş, vaxtında ünvanına gedib çatmayan bir
dəvətnamə də göndərilmiş, şair öz şimal qardaşları qarşısında oxumaq üçün
irəlicədən iki şeir də yazmışdır. Lakin dərin təəssüflər olsun ki, səfər baş
tutmamış, böyük şairin arzusu gözündə qalmışdır. Aşağıda bir parçası
verilən "Qafqazlı qardaşlar ilə görüş" şeri məhz bu münasibətlə yazılmışdır.
Sacımın qəmli simlərində mənim,
Bakının başqa bir təranəsi var.
Sinəmin dar xərabəsində dərin
Bu cəvahirlərin xəzanəsi var.
Mən sizin şanlı qəhrəmanlarızı
Sözlərimdə həmişə yad edərəm.
Zülmə qarşı qılınc sözüm kəskin,
Qəhrəmanlar kimi cahad edərəm.
Sən kimi qardaş öz qarındaşını
Atmayıb, özgə kimsə tutmayacaq.
Qoca Təbriz də yüz min il keçsə
Bakı qardaşların unutmayacaq!
Gəlmişik doğma yurdumuz Bakıya,
Qoy bu, tarixdə iftixar olsun.
Şəhriyardan da bu üfqlərə
Bir sınıq nəğmə yadigar qalsın...
Şəhriyar klassik şərq bədii təfəkkürü ilə ayrılmaz vəhdət təşkil edən
həqiqətən də qüdrətli bir şairdir. Onun sənətinin bu məqama yüksəlib, qısa
bir müddətdə nəinki təkcə fars dilli poeziyanın, nəinki təkcə ümumtürk
bədii fikrinin, bütünlükdə ümumşərq mədəniyyətinin hadisəsinə çevrilməsi
bir sıra digər keyfiyyətləri ilə yanaşı, bir də bununla şərtlənir ki, şair şerə,
söz möcüzəsinə tapınıb özünü bir sənətkar kimi dərk etdikdən etibarən
poeziyanın yalnız ayrı-ayrı fərdlərin, görkəmli söz ustalarının deyil, bütün
xalqın, insanlığın mənəvi dünyasının ən qiymətli tərkib hissələrindən biri
kimi
_____________Milli Kitabxana______________
qavramış, bu meyarla da istər öz əsərlərinin, istərsə də başqa istedadların
özündən əvvəl yaratmış olduğu əsərləri dəyərləndirmişdir:
Şersiz insanlar yaşaya bilməz,
Şerə kəm baxana insan deyiləz.
Ey şeir, həyatım, ömrüm sənindir,
Gözümün işığı sətirlərindir.
Sənsən başım üstə acılan səhər,
Sənsiz gözümüz də gecəyə bənzər,
Şersiz bu dünya kədər, qəm kimi,
Şersiz cənnət də cəhənnəm kimi...
El arasında deyildiyi kimi "Niyyətin hara, mənzilin də ora". Şəhriyarın
əsərləri hər şeydın əvvəl, kədəri, dərdi, fəlakətləri, yer üzündə insanların öz
əli ilə süni surətdə bərqərar edilən cəhənnəmin dünyadan uzaqlaşdırmaq,
hər kəsə özü haqqında, varlığı, qayəsi, insanlıq vəzifəsi barəsində
düşündürmək, aşıladığı nəcib, xeyirxah, zərif duyğularla, öz adına, şərəfinə
layiq ömür sürməyə dəvət etmək, dünyanı gülzara, bolluq, gözəllik,
firavanlıq mənbəyinə çevirmək, bir sözlə, cənnəti yer üzündə bərqərar
etmək kimi böyük məqsəd izləmişdir. Bu gün biz inamla deyirik:
Şəhriyarın idrak və zövq mənbəyi olan əsərləri, eləcə də onun dönə-dönə
yüksək qiymətləndirdiyi sənət bahadırlarının təkrarsız irsi olmasaydı,
dünya nə qədər solğun, insanlar mənən nə qədər yoxsul və miskin
görünərdi!
Bu ümumbəşəri dəyərlər cərgəsində öz layiqli yerini tutan Şəhriyar
irsinin Azərbaycan ədəbiyyatı üçün məna və əhəmiyyəti xüsusilə böyükdür.
Şəhriyarın irsi, o cümlədən də xüsusən ana dilində yazılmış əsərləri,
Azərbaycan poeziyasının xalq həyatı ilə qaynayıb qarışmasında, şeir
dilimizin mənəvi sərvətlərimizdən, ədəbi dilimizin şəhdindən-şəkərindən
gözü dolusu barınıb-bəhrələnməsində müqayisəyəgəlməz dərəcədə böyük
xidmətlər göstərmişdir.
Şah dağım, çal papağım, el dayağım, şanlı Səhəndim!
Başı tufanlı Səhəndim!
Başda Heydərbaba tək qarla, qırovla qarışıbsan,
Sən ipək telli buludlarla üfüqdə sarışıbsan.
Savaşarkən barışıbsan.
_____________Milli Kitabxana______________
Bircə bəndini nümunə kimi verdiyimiz "Səhəndiyyə" şeri dərin xəlqi
məzmunu zəngin, obrazlı ifadə vasitələrilə və bu dərəcədə ahəngdar əks
etdirməyin bariz nümunəsi kimi S.Vurğunun, R.Rzanın və B.Vahabzadənin
ən yaxşı əsərlərilə, Şəhriyarın özünün "Heydərbabaya salam" poeması ilə
yanaşı durur. Ədəbiyyatımızın ənənəvi janrı olan qəzəli də ana dilimizdə
sadə, aydın və yenə də ahəngdar səsləndirmək baxımından bu beytlər nadir
nümunələrdir:
Çoxlar incikdi ki, sən onlara naz eyləmisən;
Mən də incik ki, mənim nazımı az eyləmisən.
...Hər baxışda çalısan kirpiyi mizrab kimi,
Bir qulaq ver bu sınıq könlü nə saz eyləmisən!
Bir halda ki, söhbət obrazlılıqdan və ahəngdarlıqdan düşdü, Şəhriyarın
"Aman ayrılıq" şerinin bu bəndinin üstündən qətiyyən sükutla keçmək
olmaz:
Ayrılıq gələ bir kərəm qıla:
Bir neçə gün də bizdən ayrıla.
Qəm də bir biz tək saralıb-sola;
Hanı bir belə güman, ayrılıq?
Aman ayrılıq, aman ayrılıq!
Yüz illər boyu Şərq, o cümlədən də Azərbaycan şerində ayrılıqdan
(hicrandan) dönə-dönə, acı-acı şikayətlər edilmiş, vətən həsrətindən də az
yazılmamışdır. Lakin bu şeirdə ayrılıq ilk dəfə olaraq geniş miqyaslı ictimai
anlam səviyyəsinə qaldırılmışdır. Şair ayrılığı müşəxxəsləşdirib ondan
xalqa kərəm qılmağı diləyir, həmişəlik olmasa da, barı bir neçə günlüyə
ayrılığın bizdən uzaqlaşması təmənnası ilə az qala ona yalvarır ki, xalqın
bir çayın iki sahilində yaşayan, dəmir pərdə ilə ayrı salınmış iki parçası qısa
bir müddətdə, bir neçə günlüyə də olsa bir-biri ilə görüşə, qovuşa bilsin,
qohum-qardaş bir-birinin ölüb-qalanından xəbər tutsun...
Şəhriyar ayrılığı bir növ qarğış obyektinə çevirmişdir; həm də misraların
birində bənzəyənlə bənzədilən arasındakı münasibətlər çox ustalıqla
səciyyələndirilmişdir: "qəm də bir biz tək saralıb sola".
_____________Milli Kitabxana______________
1990-cı ildə hər iki tərəfdən qohum-qardaşın dəstə-dəstə sərhəd xəttini
yarıb bir-birilə görüşməsi epizodları yəqirı ki, çoxlarının yadındadır.
Sərhədçilər o zaman adamlara niyə atəş aça bilmədilər? Çünki onları
Şəhriyarın, onun xalqının ahı tutmuşdu; qəm də ahın təsirindən saralıb-
solmuş, aylıq qısa bir müddətə də olsa bizdən üz döndərmişdi...
Mənim qənaətimə görə, indi sərhədlərimizdə gediş-gəlişin səhmana
düşüb vüsətlənməsində "Heydərbabaya salam" və "Aman ayrılıq!" müəllifi
Şəhriyarın tarixi xidmətləri heç bir diplomatın, əlbəttə, heç bir silahlı
qüvvənin xidmətləri ilə müqayisədə ölçüyə-gəlməz dərəcədə böyükdür.
Tamamilə təbiidir ki, bu gün Şəhriyarın həyat və yaradıcılığı onun sənətinin
qaynaqları, poeziyada sələfləri, şerinin məna və mətləb dərinliyi, kəlamının vüsəti,
incəliyi, poetikasının sirləri, əsərlərinin bütün hüceyrələrinə hopub onların
mahiyyətinə çevrilmiş xəlqiliyin üfüqləri Təbrizdə də, Bakıda da, Ankarada da,
İstanbulda da, Berlində də bir sıra digər Asiya və Avropa elmi dairələrində də
alimlərin diqqət mərkəzindədir.
Mən isə gələcəkdə hərtərəfli işlənməsini vacib hesab etdiyim bir-iki məsələyə
dair mülahizələrimi oxuculara çatdırmaq istərdim. Bu vacib
məsələlərdən biri
Şəhriyar
yaradıcılığının
və
Azərbaycan
poeziyasının
irs-varis
münasibətlərinin araşdırılması ilə bağlıdır.
Dostları ilə paylaş: |