Mehdi SƏLİmzadə QƏDİr xəLİlov



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə1/6
tarix16.07.2017
ölçüsü0,86 Mb.
  1   2   3   4   5   6

 
 
MEHDİ  SƏLİMZADƏ  
QƏDİR  XƏLİLOV  
 
 
 
 
 
 
 
 
YERLİ ÖZÜNÜİDARƏETMƏ: 
ANLAYIŞ, TƏCRÜBƏ, ƏMƏKDAŞLIQ,  
HÜQUQİ ƏSASLAR 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
«Елм вя тящсил» 
Bakы - 2010

 
2
 
 
 
 
 
Səlimzadə Mehdi İldırım oğlu, 
Xəlilov Qədir Rövşən oğlu. 
Yerli özünüidarəetmə: anlayış, təcrübə, əməkdaşlıq, hüquqi əsaslar 
Бакы, “Elm və təhsil”, 2010. – 132 сящ.. 
 
 
Kitabda yerli özünüidarəetmənin anlayışı  və  əsas prinsipləri 
açıqlanır, onun sistemləri, formalaşdırılması qaydası  və 
səlahiyyətləri, xarici dövlətlərin bununla bağlı təcrübəsi barədə 
məlumat təqdim edilir. Eyni zamanda, yerli özünüidarəetmə 
sahəsində beynəlxalq  əməkdaşlığın həyata keçirilməsinə  də 
diqqət yetirilərək, bu sahədə olduqca böyük təcrübəyə malik 
olan Avropa Şurasının yerli və regional özünüidarəetmə 
sistemində rolu və  fəaliyyəti, xüsusilə  də Avropa Yerli və 
Regional Hakimiyyətlər Konqresi haqqında geniş  məlumatlar 
verilir. Kitabda yerli özünüidarəetmənin inkişafı  üzrə  əsas 
beynəlxalq sənədlər, xüsusilə  də Yerli özünüidarə haqqında 
Avropa Xartiyası, onun qəbul edilməsi tarixi barədə bəhs olu-
nur və sənədin müddəalarının maddə-maddə şərhi həyata keçi-
rilir. Kitab ilk növbədə bələdiyyə üzvləri, bələdiyyə qulluqçuları 
və yerli özünüidarəetməyə marağı olanlar üçün nəzərdə 
tutulmuşdur. 
 
 
ISBN 978-9952-809-85-5 
        © 
«Елм вя тящсил», 2010 
 
 
 
 

 
3
 
 
 
M Ü N D Ə R İ C A T 
 
Ön söz.....................................................................................................5 
 
I FƏSİL. Yerli özünüidarəetmənin anlayışı 
1.1. Yerli özünüidarəetmənin ümumi  
anlayışı və əsas prinsipləri...............................................................9 
 
II FƏSİL. Yerli özünüidarəetmə sahəsində beynəlxalq təcrübə 
2.1. Yerli özünüidarəetmə sistemləri ......................................................16 
2.2. Yerli özünüidarəetmə orqanlarının  
formalaşdırma qaydası.....................................................................27 
2.3.
 Yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri............................33 
2.4.
 Yerli özünüidarəetmə xalq hakimiyyəti forması kimi .....................49 
 
III FƏSİL. Yerli özünüidarəetmə sahəsində beynəlxalq əməkdaşlıq 
3.1.    Avropa Şurasının yerli və regional özünüidarəetmə 
   sistemində rolu və fəaliyyəti.........................................................56 
3.1.1.
 Avropa Şurası, onun məqsəd və  vəzifələri...................................56 
3.1.2.
 Yerli özünüidarə haqqında Avropa Xartiyası  
   və onun əsas ideyaları...................................................................57 
3.1.3.Yerli özünüidarəetmə demokratiyanın əsas elementi kimi ............60 
3.1.4. Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi......................61 
 

 
4
 
IV FƏSİL. Yerli özünüidarəetmənin hüquqi əsasları 
4.1.Yerli özünüidarəetmənin hüquqi əsaslarının xüsusuyyətləri ............70 
4.2.Yerli özünüidarə haqqında Avropa  Xartiyası ..................................80 
4.3.
 Xartiyanın qəbul edilməsi tarixi ......................................................93 
4.4.
 Xartiya üzrə ümumi qeydlər ............................................................96 
4.5. Xartiyanın müddəalarının şərhi .......................................................99 
 
İstifadə olunmuş ədəbiyyat ................................................................115 
Kitabın rus və ingilis dillərində xülasəsi...........................................116 
 

 
5
 
 
 
 
 
 
 
 
ÖN SÖZ 
 
erli özünüidarəetmə  hər bir demokratik quruluşun 
əsas institutlarından biridir. 
Demokratik cəhətdən inkişaf etmiş ölkələrin çoxillik 
təcrübəsi göstərir ki, hər bir regionun, ərazinin təbii və sosial-
iqtisadi potensialından tam və  səmərəli istifadə etmək və bu 
əsasda əhalinin maddi rifahını yaxşılaşdırmaq üçün təkcə dövlət 
idarəçilik orqanlarının mövcud olması kifayət deyil. 
Dövlət idarəçiliyi özünün miqyasına və realizə olunma 
xüsusiyyətinə görə mərkəzi dövlət idarəçiliyinə və yerli dövlət 
idarəçiliyinə ayrılır. Bu iki növün arasında duran regional idarə-
çilik də mövcuddur, lakin regional idarəçilik nadir hallarda 
xüsusi təşkilati formalara malik olur. Bu da onunla bağlıdır ki, 
idarəetmənin əsas funksiyaları regional səviyyədə deyil, mərkə-
zi və yerli səviyyədə həyata keçirilir.  
İdarəçilik sistem kimi təşkil olunan istənilən varlığın 
ayrılmaz xüsusiyyətidir. İstər daxildən, istərsə də xaricdən idarə 
olunmayan sistemin olması qeyri-mümkündür. İdarəçilik növ-
ləri içərisində ən mürəkkəbi və çoxşaxəlisi dövlət idarəçiliyidir. 
Dövlətin qarşısında saysız-hesabsız problemlər durur. Bu prob-
lemlərin müxtəlif təbiəti, ictimai əhəmiyyət dərəcəsinin qeyri-


 
6
bərabərliyi və s. həmin problemlərə müxtəlif yanaşma tələb 
edir. Dövlət bəzən bu qədər çox müxtəlifliyi nəzərə almaq 
iqtidarında olmur. Bunun üçün onun imkanları azlıq edir və bu 
imkanlar bir çox hallarda düzgün bölüşdürülmür. Nəyahət 
dövlət üçün əlavə, mənfi nəticələr verən idarəçilik yükü ortaya 
çıxır. Bir növ dövlətin idarəetmə imkanlarına uyğun gəlməyən 
əlavə  tənzimləmə sahəsi yaranır ki, dövlət bunun öhdəsindən 
çətinliklə  gəlir. Bir çox hallarda da qarşıya qoyulan məqsədə 
nail olmaq qeyri-mümkündür və ortaya yeni problemlər çıxır. 
Bundan yayınmağın ən faydalı yolu idarəçilik yükünün səmərəli 
şəkildə paylanmasıdır. Bu, dövlət idarəetməsində idarə olunan 
obyektlərin bəzilərinə özü-özünü idarə etmək imkanlarının 
verilməsidir. Bunun üçün obyektin hansı sahələrdə, hansı həddə 
qərarlar qəbul edəcəyi müəyyənləşdirilir və dövlət operativ 
müdaxilə hüququnu saxlamaqla həmin sahəyə toxunmur. 
Yerli özünüidarəetmə sadəcə bu səbəbdən yaranmır. 
Yerli özünüidarəetmənin yaranması zərurəti həm də idarəetmə-
nin özünün ümumi məqsədlərindən doğur. Hər bir idarəçilikdə 
məqsəd qarşıya qoyulmuş hədəflərə ən optimal, səmərəli üsul-
larla nail olmaqdır. Dövlət idarəetməsində də bu belədir və əsas 
üsullarından biri idarə olunan obyektin marağının nəzərə alın-
masıdır. Bu zaman idarə olunanın marağının ödənilməsi qarşıya 
qoyulan məqsədlə  və ya idarə edənin davranışı ilə  əlaqələn-
dirilir və nəticədə də idarə olunanın lazımi istiqamətdə müstəqil 
fəaliyyəti stimullaşdırılır. Bu zaman dövlət idarəetməsinin əsas 
funksiyalarından biri olan daimi nəzarət funksiyasını yerinə 
yetirməkdən qismən azad olur. Dövlət öz işlərinin bir hissəsini 
müəyyən subyektlərə verir və bununla da, idarəçilik resurslarına 
qənaət olunur, ikincisi, idarəçilik verilən subyektlərə məsələləri 

 
7
öz nöqteyi-nəzərincə və deməli, öz marağına uyğun həll etmək 
imkanı verməklə onun qarşıya qoyulan məqsədlərə çatmaq istə-
yini stimullaşdırır və beləliklə, özünü idarəetmənin səmərəli ol-
ması müəyyən qədər təmin olunmuş olur. Məlumdur ki, yerli 
problemləri həmin ərazinin sakinlərindən başqa kimsə yaxşı bil-
məz. Bilsə belə, bu problemin həllində onlar qədər maraqlı ol-
maz, o baxımdan ki, əldə ediləcək müsbət nəticədə yerli sakin-
lərin maraqları təmin olunacaq. Yerli əhalinin marağı şəxsi de-
yil, ictimai maraqdır və bu maraq ümumi ictimai maraqları tə-
min etməli olan dövlətin maraqları ilə üst-üstə düşür. Dövlət 
yerli sakinləri idarəçilikdə maraqlı etməklə özünün də maraqla-
rını ödəmiş olur. Bununla da dövlət idarəçilik imkanlarına 
qənaət edir və idarə olunan subyekt dövlətin maraqlarına daxil 
olan istiqamətdə  hərəkət etməklə idarəçilik məqsədlərinə nail 
olmanı tezləşdirir. Yerli idarəçilik dövlət orqanları  tərəfindən 
həyata keçirilir. Bu zaman mərkəzdən verilən göstərişlər və öz-
lərinin səlahiyyətləri çərçivəsində dövlət orqanları  ərazinin 
problemlərini həll edirlər. Lakin yuxarıda göstərdiyimiz amillər 
(birincisi, dövlət idarəçilik imkanlarına qənaət, ikincisi, dövlətin 
idarəçilik yükünün azaldılması, üçüncüsü, idarəetmənin səmərə-
li olması və dövlətin maraqlarının ödənilməsi) dövlətin idarəet-
mə funksiyasını müxtəlif qurumlarla bölüşdürməyə sövq edir. 
Nəticədə də yerli özünüidarəetmə ortaya çıxır. 
Yerli özünüidarəetmə bütün deyilənlərdən göründüyü 
kimi, dövlət fəaliyyətinə yaxıdır. Eyni zamanda, dövlət idarəçi-
liyi kimi, bu idarəçilik də ictimai maraqların təmin olunmasına 
yönəlib. Bu onu da sübut edir ki, yerli özünüidarəetmə bir sıra 
sırf dövlət hakimiyyəti funksiyalarına malikdir. Yerli özünü-
idarəetmə mahiyyətcə bu və ya digər ərazinin əhalisinə öz işlə-

 
8
rini həll etmək üçün müəyyən sərbəstliyin verilməsidir. Burada 
yerli kollektivin marağı stimullaşdıran vasitə kimi çıxış etmə-
sinə  səbəb odur ki, o, yerli kollektivə öz marağına uyğun 
davranış forması seçməyə imkan verir.  
Bu kitab üzərində işləyərkən ilk növbədə yerli özünüida-
rəetmə  sahəsində olan mövcud təcrübə təhlil edilmişdir. Yerli 
özünüidarəetmənin müstəqil Azərbaycan üçün yeni bir təsisat 
olmasını qəbul edərək bu sahədə beynəlxalq təcrübənin öyrənil-
məsinin böyük əhəmiyyətə malik olması qaçılmaz bir faktdır. 
Kitabda bu istiqamətə xüsusi önəm verilmişdir.  
Qarşınızda olan kitabda yerli özünüidarəetmənin ümumi 
anlayışı və əsas prinsipləri açıqlanır, onun sistemləri, formalaş-
dırılması qaydası və yerli özünüidarəetmə orqanlarının səlahiy-
yətləri, xarici dövlətlərin bununla bağlı  təcrübəsi barədə  bəhs 
olunur. Eyni zamanda, yerli özünüidarəetmə sahəsində beynəl-
xalq əməkdaşlığın həyata keçirilməsinə də diqqət yetirilərək, bu 
sahədə olduqca böyük təcrübəyə malik olan Avropa Şurası, 
onun məqsəd və  vəzifələri, yerli və regional özünüidarəetmə 
sistemində rolu və fəaliyyəti, xüsusilə də Şuranın tərkib hissəsi 
olan Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi haq-
qında geniş  məlumatlar təqdim edilir. Bundan əlavə kitabda 
yerli özünüidarəetmənin hüquqi əsaslarının əhəmiyyəti vurğula-
naraq, bu sahədə başlıca beynəlxalq sənəd kimi çıxış edən Yerli 
özünüidarəetmə haqqında Avropa Xartiyasının mətni verilir, 
onun qəbul edilməsi tarixi barədə bəhs olunur və sənədin müd-
dəalarının maddə-maddə şərhi həyata keçirilir. 
 
Mehdi Səlimzadə 
 

 
9
 
 
 
I FƏSİL 
 
YERLİ ÖZÜNÜİDARƏETMƏNİN ANLAYIŞI 
 
1.1.
 
Yerli özünüidarəetmənin ümumi  
anlayışı və əsas prinsipləri 
 
erli özünüidarəetmə istənilən müasir demokratik 
cəmiyyətin mütləq atributudur. Xarici bələdiyyə 
hüququna yerli özünüidarəetmənin böyük sayda müxtəlif mo-
delləri və  təşkil növləri məlumdur. Yerli özünüidarəetmə sis-
temlərinin formalaşdırılmasında fərqlər bir çox amillərdən, o 
cümlədən siyasi rejimdən, ölkədə üstünlük təşkil edən hakimiy-
yətin təşkili və yerlərdən idarə edilməsi ideyasından, dövlət qu-
ruluşundan, dövlətin inzibati-ərazi bölgüsündən, milli ənənələr-
dən və s. asılıdır. 
Əksər müasir dövlətlərdə yerlərdə bütün işlərin idarə 
olunması gizli səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seç-
ki hüququ əsasında formalaşan xüsusi yerli idarəetmə orqanları, 
habelə mərkəzdən xüsusi təyin edilmiş yerli idarəetmə orqanları 
tərəfindən həyata keçirilir. Yerli və ya bələdiyyə özünüidarəet-
məsi dedikdə ölkənin bu və ya digər inzibati-ərazi vahidinin 
əhalisini bilavasitə  təmsil edən xüsusi seçkili orqanlar tərəfin-
dən həyata keçirilən yerli məsələlərin idarəetmə sistemi nəzərdə 
tutulur. Avropa Şurası tərəfindən 1985-ci il oktyabrın 15-də qə-


 
10
bul edilmiş və bütün Avropa dövlətləri üçün özünüidarəetmənin 
əsas hüquqi əsası kimi çıxış edən Yerli özünüidarəetmə haqqın-
da Avropa Xartiyası faktiki universal xarakter daşıyan və bütün 
demokratik dövlətlər tərəfindən qəbul edilmiş yerli özünüidarə-
etmənin ümumi anlayışını verir. Xartiyaya əsasən yerli özünü-
idarəetmə dedikdə “yerli özünüidarə orqanlarının dövlət işləri-
nin xeyli hissəsini reqlamentləşdirmək və qanun çərçivəsində 
fəaliyyət göstərərək, məsuliyyəti öz üzərinə götürməklə onu 
yerli əhalinin maraqlarına uyğun idarə etmək hüququ və real qa-
biliyyəti” başa düşülür. 
 Yerli 
özünüidarəetmə konsepsiyası ilk növbədə ondan 
irəli gəlir ki, yerli cəmiyyətlər istənilən demokratik rejimin əsas 
elementlərin birini təşkil edir, vətəndaşların ictimai işlərin idarə 
edilməsində  iştirak etmək hüququ isə  əksər müasir dövlətlərin 
demokratik quruluş prinsiplərinin tərkib hissəsidir. 
 Bundan 
başqa, yerli özünüidarəetmə prinsipi ondan irəli 
gəlir ki, vətəndaşların ictimai işlərin idarə edilməsində  iştirak 
etmək hüququ, bilavasitə olaraq məhz yerli səviyyədə reallaşdı-
rıla bilər. Burada bəllidir ki, real səlahiyyətlərə malik olan yerli 
cəmiyyətlərin mövcudluğu belə idarəetmənin sadələşdirilməsini 
mümkün edir və belə idarəetmə daha səmərəli və əhalinin tələ-
batına maksimal dərəcədə yaxın ola bilər. 
 Müxtəlif dövlətlərdə yerli özünüidarəetmə orqanlarının 
qüvvəsi və nüfuzu mövcud olan siyasi rejimin demokratizm 
dərəcəsini əks etdirir. Bu orqanlar mərkəzin hakimiyyətinə bir-
başa müqabil kimi yaradılaraq inkişaf etmişlər. Buna görə  də 
onlar tez-tez mərkəzi hakimiyyətə müxalif mövqeyində olmuş 
və onların qarşılıqlı münasibətləri, səlahiyyətlərə bölünməsi, iq-
tisadi-maliyyə  məsələləri üzrə açıq-aşkar qarşıdurma kimi xa-

 
11
rakterizə olunmuşdur. İlkin olaraq bu orqanlar zəngin vətəndaş-
lar tərəfindən məhdudlaşdırılmış seçki hüququ əsasında senz 
baryerləri (savad, təhsil, oturaqlıq,  əmlak senzi) olmaqla for-
malaşırdı. Sonralar yerli özünüidarəetmə orqanlarının formalaş-
dırılma sistemi demokratikləşdirilmişdir, bu orqanlar daha küt-
ləvi və əhaliyə ən yaxın olan orqanlara çevrilmişdir. 
 Yerli 
özünüidarəetmə orqanlarının əhəmiyyəti onunla da 
müəyyən edilir ki, gündəlik həyatda vətəndaşlar məhz bu orqan-
ların fəaliyyəti ilə üzləşirlər, çünki həmin orqanlar müvafiq əra-
zi vahidində əhalinin həyatı üçün şəraitin yaradılmasına həlledi-
ci təsir göstərirlər, lakin sosial-iqtisadi və siyasi fəaliyyətin 
ümumi istiqaməti dövlət hakimiyyətinin mərkəzi orqanları tərə-
findən müəyyən edilir. Böyük əhəmiyyət, həmçinin o hal kəsb 
edir ki, yerli özünüidarəetmə orqanları təşkilati vahidliklə bağlı-
dırlar, müəyyən  əmlaka sahib olmaq və  sərəncam vermək, 
əqdlər bağlamaq, yerli büdcəni idarə etmək və s. hüquqlara ma-
likdirlər. Bununla əlaqədar bazar iqtisadiyyatı şəraitində yerlər-
də geniş özünüidarəetmə  zərurəti, bir qayda olaraq, istənilən 
dövlətin əhalisinin əksər hissəsi tərəfindən dəstəklənir və müda-
fiə olunur. 
 Hazırda xarici dövlətlərdə yerli özünüidarəetmə sistemi-
nin ən vacib əlamətləri onların universal seçilməsindən və yerli 
məsələlərin həllində xeyli sərbəstliyindən ibarətdir. Bu sərbəst-
lik bələdiyyə mülkiyyətinə, yerli vergilər tutmaq və  sərəncam 
vermək hüququna, yerli idarəetmə məsələləri üzrə normativ hü-
quqi aktların qəbul edilməsi imkanına və s. əsaslanır. 
Kommuna idarəetməsi, məsələn, Almaniyada bir çox di-
gər inkişaf etmiş demokratik dövlətlərə xas olan aşağıdakı prin-
siplərlə xarakterizə olunur: 

 
12
- digər orqanlardan müstəqil olaraq yerli kommuna 
funksiyalarının sərbəst həyata keçirilməsi; 
- yerli ictimai vəzifələrin yerinə yetirilməsində məsuliy-
yətin mövcudluğu; 
- kommuna təmsilçiliyində qulluqçuların fəaliyyətinin 
qeyri-peşəkar əsasda həyata keçirilməsi. 
Yerli özünüidarəetmə orqanlarına yerli özünüidarəetmə 
orqanlarını seçmək və normativ hüquqi aktlar qəbul etmək 
hüququ, maliyyə muxtariyyəti, kadr siyasətinin aparılmasında 
və kommuna planlaşdırılmasında müstəqillik verilir. Belə prin-
siplər digər Avropa dövlətlərində  də yerli özünüidarəetmə sis-
teminin  ən səciyyəvi xüsusiyyətlərini  əks etdirir. Bununla 
yanaşı, Avropanın yerli özünüidarəetmə sistemi digər 
regionlarda yerli özünüidarəetmənin formalaşdırılması  və 
fəaliyyətinin əsas prinsiplərinə ciddi təsir göstərmişdir. 
 
Məsələn, Latın Amerikasında bərqərar olunmuş yerli 
özünüidarəetmə haqqında qanunvericilik bir sıra amillərlə, o 
cümlədən ispan müstəmləkə qanunvericiliyinin təsiri ilə 
şərtləndirilmişdir. Burada yerli özünüidarəetmə orqanlarının 
yaradılması elə bu dövrdən başlayır. Yerlərdə hakimiyyət 
orqanlarına, bir tərəfdən, kifayət qədər geniş  səlahiyyətlər 
verilmiş, digər tərəfdən isə, onlar mərkəzi orqanların sərt 
nəzarəti altında olmuşlar. Belə ilk müəssisələr Meksikada 1519-
cu ildə təsis edilmiş və onların fəaliyyəti ispan parlamenti olan 
Korteslər tərəfindən qəbul edilmiş ordonanslarla (fərmanlarla) 
tənzimlənirdi.  Şəhər bələdiyyələrinin mülkiyyətinə  əmlak 
verilmiş, onlara yerli məsələləri həll etmək, vergilər tutmaq və 
normativ hüquqi aktlar qəbul etmək hüquqları  həvalə 
edilmişdir. Lakin, bələdiyyə orqanların rəhbərləri baş alkaldlar 

 
13
(merlər) və ya korrexidorlar (müşavirlər) mərkəzi orqanların 
qulluqçuları hesab edilirdi. Belə ki, Latın Amerikasında ilk dəfə 
olaraq inzibati muxtariyyət sistemi, yəni mərkəzi hakimiyyət 
tərəfindən yerli nümayəndələri vasitəsilə  sərt nəzarəti altında 
qanun çərçivəsində yerli qurumların xeyli sərbəstliyi tətbiq edil-
mişdir. Yerli özünüidarəetmə haqqında qanunvericilikdə başlıca 
olan bu prinsip indiyə kimi Latın Amerikasında tətbiq edilir. 
 Belə ki, Venesuelanın 1961-ci il tarixli Konstitusiyası-
nın 29-cu maddəsi bələdiyyələrin muxtariyyətini öz hakimiyyə-
tinin orqanlarını seçmək, öz səlahiyyətləri daxilində  sərbəst 
fəaliyyət həyata keçirmək və pul gəlirlərini yığmaq hüququ ki-
mi təsbit edir. 
 
Məsələn, Braziliyada 4300 bələdiyyə  fəaliyyət göstərir 
və onlarda maraqlarına aid olan istənilən işləri sərbəst idarə et-
mək hüququna malikdirlər. Bələdiyyələr inzibati və maliyyə 
muxtariyyətinə malikdirlər. Bununla yanaşı, Braziliya Federativ 
Respublikasının mərkəzi hakimiyyətlər tərəfindən federasiya 
subyektlərinin işlərinə  ən geniş  şəkildə müdaxilə etmək hüqu-
qunu nəzərdə tutan xeyli mərkəzləşdirmə prinsipləri  əsasında 
qurulduğunu nəzərə alaraq, ştatların konstitusiyalarında bələ-
diyyələrin işlərinə müdaxilə institutu da təsbit edilmişdir. Bu-
nunla bağlı  bələdiyyə muxtariyyətinin pozulması, federal ödə-
mələrə görə borclar, federal qanunların və ya məhkəmə qərarla-
rının icra olunmaması, insan hüquqlarının pozulması və s. əsas 
kimi çıxış edə bilər. Federal müdaxilə prinsipi braziliyalı tədqi-
qatçılar tərəfindən dövlətin bütövlüyü və hakimiyyətin konstitu-
sion orqanlarının, demokratik rejimin və yerli özünüidarəetmə 
sisteminin normal fəaliyyət göstərməsi təminatlarının biri kimi 
hesab olunur. 

 
14
 Yerli 
özünüidarəetmə orqanları, adətən bu orqanların 
fəaliyyətinin səmərəliliyi birbaşa asılı olduğu  şaxələnmiş  mə-
mur aparatına  əsaslanırlar. Yerli özünüidarəetmə orqanları bir-
başa olaraq yerlərdə idarəetmə funksiyalarını yerinə yetirirlər 
və, eyni zamanda, hakimiyyət mexanizminin hüquqi baxımdan 
sərbəst elementi kimi çıxış edirlər. Hazırda yerli özünüidarəet-
mə orqanları  və onların icra aparatları sayına görə idarəetmə 
sisteminin ən iri elementlərindən biridir. Bir sıra müasir dövlət-
lərdə yerli özünüidarəetmə orqanlarının hüquqi və faktiki sər-
bəstliyi spesifik xarakter daşıyır. Onların sərbəstliyi muxtar va-
hidlərin sərbəstliyindən fərqlidir, çünki yerli özünüidarəetmə 
orqanları qanunvericilik səlahiyyətlərinə malik deyildilər və 
dövlətin, və ya federativ dövlət olduqda, federasiya subyektinin 
mərkəzi qanunvericilik orqanları  tərəfindən qəbul edilmiş qa-
nunvericilik aktları  əsasında və  çərçivəsində  fəaliyyət göstərə 
bilərlər. Məsələn, Almaniya Federativ Respublikasında yerli 
özünüidarəetmənin hüquqi tənzimlənməsinin üç şərti irəli sürü-
lür: federal qanunvericilik, ayrı-ayrı torpaqların qanunvericiliyi 
və icmaların özləri tərəfindən qəbul edilən hüquqi təlimatlar. 
Federal qanunvericiliyin normaların əsasını ilk növbədə Alma-
niya Federativ Respublikasının 1949-cu il tarixli Əsas Qanunu 
təşkil edir, lakin yerli özünüidarəetmənin hüquqi tənzimlənmə-
sində aparıcı yeri torpaqların qanunvericiliyi tutur, halbuki 
müxtəlif torpaqlarda kommunaların hüquqi vəziyyəti özünə-
məxsus xüsusiyyətlərə malikdir. Torpaqların konstitusiyaları, 
bir qayda olaraq, AFR-in Əsas Qanununun əsas müddəalarını 
təkrarlayır, habelə onun ayrıca normalarını tamamlayır və 
konkretləşdirir. Kommuna özünüidarəetməsinin məsələlərinin 
əksər hissəsi torpaqların qanunları ilə  tənzimlənir və bunların 

 
15
arasında əsas yeri kommunaların nizamnamələri tutur. Kommu-
nalar haqqında nizamnamələr AFR-in bütün torpaqlarında var-
dır. AFR-də yerli özünüidarəetmənin hüquqi tənzimlənməsinin 
üçüncü hissəsi icmaların özlərinin hüquqi aktlarıdır. Onlar yerli 
məsələlər üzrə öz hüquqi aktlarını  qəbul etmək hüququna ma-
likdirlər. Bütün torpaqların kommunalar haqqında nizamnamə-
lərində hər bir kommunanın öz nizamnaməsini və ya əsasnamə-
sini qəbul etmək imkanına malik olması barədə müddəalar 
mövcuddur. Bu nizamnamələr vergilərin müəyyən olunması və 
onların tutulması, kommunanın xərclərinin rəsmiləşdirilməsi, 
planlaşdırma sahəsində muxtariyyətin həyata keçirilməsi, kom-
munaл idarəçiliyinin təşkili imkanlarını müəyyən edirlər. 
 
Təcrübədə yerli özünüidarəetmə prinsipi dedikdə  sırf 
yerli əhəmiyyətə malik olan bu və ya digər inzibati səlahiyyətlə-
rin həmin  ərazi vahidinin əhalisi tərəfindən birbaşa seçilən or-
qanlara ötürülməsi nəzərdə tutulur. Demokratik dövlətlərdə yer-
li özünüidarəetmə orqanlarının rolu ilə bağlı “bələdiyyə haki-
miyyəti – siyasətdən kənar” doktrinası mövcuddur. Bu o de-
məkdir ki, yerli özünüidarəetmə orqanları siyasi məsələləri həll 
etməməlidirlər, çünki siyasi məsələlərin həlli dövlətin maraqla-
rına toxunur və bununla əlaqədar sırf yerli əhəmiyyət kəsb edə 
bilməz. Bu, şübhəsiz ki, yerli orqanların siyasi təsirə məruz qal-
masından xəbər vermir, çünki bu sadəcə olaraq bu qeyri-müm-
kündür, ona görə ki, onlar regional ictimai təşkilatların partiya 
siyahıları ilə seçilirlər. 
 

 
16
 
 
 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə