Kafedra: Humanitar fənnlər



Yüklə 255,94 Kb.
tarix21.12.2023
ölçüsü255,94 Kb.
#189031
1941-1945



Azərbaycan Universiteti

Mövzu: Böyük vətən müharibəsində partizan hərəkatı


Kafedra:Humanitar fənnlər
İxtisas: Tarix
Kurs: III
Qrup:192206
Müellim:Habil Məmmədov
Tələbə: Nəsir Xəlilov
SSRİ-də alman faşizminə qarşı partizan hərəkatının təşkili
SSRİ XKS və ÜİK(b)MK-nın 1941-ci il 29 iyun tarixli direktivlərində və ÜİK(b)MK-nın 1941-ci il 19 iyul tarixli "Alman ordularının arxasında mübarizənin təşkili haqqında" qərarında, bir sıra digər qərar və direktivlərində müvəqqəti işğal edilmiş rayonlarda düşmən və onun əlaltıları üçün dözülməz şərait yaratmaq, süvari və piyada partizan dəstələri təşkil etmək, işğalçılara qarşı bütün mübarizə formalarına rəhbərlik etmək üçün gizli partiya təşkilatları şəbəkəsi yaratmaq və genişləndirmək vəzifələri müəyyən olunmuşdu. Böyük Vətən müharibəsinin ilk aylarında sovet ordusunun bir sıra uğursuzluğu nəticəsində xeyli sovet döyüşçüsü düşmən tərəfindən əsir alınmışdı. Lakin dözülməz əzab və işgəncələr, təbliğat və təxribat onların böyük əksəriyyətinin iradəsini qıra bilməmiş, faşizmə qarşı mübarizədən çəkindirməmişdi. Mükəmməl hərbi təlim və təcrübəyə malik olan bu döyüşçülər əsir düşərgələrindən qaçaraq partizan dəstələrinə qoşulurdular.

Azərbaycanlı döyüşçülər partizan hərəkatında
Azərbaycan döyüşçüləri Pskov, Tula, Krasnodar, Kalinin və Rusiyanın başqa işğal olunmuş vilayətlərində gedən partizan hərəkatında da iştirak etmişlər. Kalinin vilayətindəki Liza Çaykina adına partizan briqadasının qərargah rəisi İsmayıl Əlibala oğlu Əliyevin rəhbərliyi altında 1942-ci ilin dekabrında partizanlar Çernoyarovo kəndində düşmən qarnizonunu darmadağın etmiş və satqınlardan təşkil edilmiş polis dəstəsini, xeyli hərbi sursat ələ keçirmişdi. Quduzlaşmış faşist komandanlığı 1943-cü ilin mart-aprel aylarında Kalinin partizanlarına divan tutmaqdan ötrü güclü cəza dəstələri ayırmışdı. Aprelin 16-dan 23-ə kimi İ.Əliyevin rəhbərliyi altında xalq intiqamçıları qeyri-bərabər döyüşə girmiş, düşmənin xeyli canlı qüvvəsini məhv etmişdilər. Lakin aprelin 23-də İ.Ə.Əliyev Kudeveri kəndi ətrafında düşmən mühasirəsini yarıb çıxarkən qəhrəmanlıqla həlak olmuşdu.

Belorusiya ərazisində


Böyük Vətən müharibəsi illərində partizan hərəkatının geniş vüsət aldığı respublikalardan biri də Belorusiya SSR idi. Bu respublikanın ərazisindəki partizan hərəkatında Sovet İttifaqının bütün xalqlarının nümayəndələri ilə birlikdə azərbaycanlı döyüşçülər də yadelli işğalçılara qarşı mətanətlə vuruşurdular. Onlar sadəcə partizan hərəkatının iştirakçısı olmayıb, eyni zamanda xalq intiqamçılarının düşmənə qarşı mübarizəsinin təşkilində fəal çalışırdılar. Brest vilayətindəki partizan hərəkatında Q.A.Abbasov, M.Y.Abdullayev, M.A.Əliyev, İ.M.İsmayılov və başqaları fəal iştirak etmişdilər. Dmitrov adına partizan dəstəsinin tərkibində iki ildən artıq vuruşan Qurban Abbas oğlu Abbasov Belorusiya partizanları ilə birlikdə faşistlərin cəbhəyə canlı qüvvə, texnika və hərbi sursat aparan beş qatarının qəzaya uğradılmasında, iki avtomobilinin yandırılmasında, 40 kilometr rabitə xəttinin sıradan çıxarılmasında, iki körpünün və bir zavodun partladılmasında fərqlənmişdi.

1942-1943-cü illərdə Brest vilayətinin Jabinsk rayonunda fəaliyyət göstərən M.Çernyak adına partizan dəstəsinin vzvod və rota komandiri kommunist M.A.Əliyev öz döyüşçüləri ilə 20 dəfə faşist qarnizonu ilə döyüşə girmiş, hitlerçilərin yaşadığı 7 binanı dağıtmış, 6 avtomobili yandırmış, 1000 nəfərdən çox əsgər və zabiti məhv etmiş və əsir tutmuş, 50 qatarı qəzaya uğratmışdı.[3]. Baranoviçi vilayətində fəaliyyət göstərən partizan dəstələrinin tərkibində respublikamızın bir çox nümayəndəsi faşistlərlə döyüşlərdə fərqlənmişdir. "Pobeda" partizan dəstəsinin bölmə komandiri Z. M.Qədimovun döyüşçüləri faşistlərin 5 qatarını qəzaya uğratmışdı. Qəza nəticəsində düşmənin 4 parovozu, əsgər və hərbi sursat olan 60 vaqonu məhv edilmiş, 900 hitlerçi ölmüş və yaralanmışdı. Baranoviçi vilayətindəki müxtəlif partizan dəstələrində düşmənə qarşı bir sıra çətin və mürəkkəb əməliyyatların həyata keçirilməsində fərqlənən H.Ə.Əliyev, M.A.İbrahimov, A.H.Məmmədov, Q.M.Musayev, Cabbar Pirağa oğlu və başqalarının rəşadəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdi.[4]

1943-cü ilin iyununda Belorusiya K(b)P MK-sı işğal olunmuş ərazilərdə, eyni vaxtda düşmənin dəmir yol relslərini məhv etmək planını irəli sürdü. Mərkəzi Partizan Qərargahı tərəfindən genişləndirilən bu planın həyata keçirilməsinə Leninqrad, Kalinin, Smolensk, Oryol və qismən Ukrayna partizanları da cəlb olundular. 1943-cü il avqustun 3-də başlanan "rels müharibəsi"nin həyata keçirilməsində 73853 nəfər Belorusiya partizanı iştirak etmişdi. "Rels müharibəsi"nin həyata keçirilməsində Azərbaycandan olan bir çox döyüşçülər belorus partizanları ilə birlikdə fəaliyyət göstərmişlər. Həmin döyüşçülərdən Q.A.Abbasov, R.P.Babayev, İ.N.Qocayev, M.M.İsayev, E.Q.İsmayılov, M.B.Hənifəyev, Q.Q.Məmmədov, S.B.Mamin, N.M.Monaxov Belorusiya Mərkəzi Partizan Qərargahının rəisi P.K.Ponomarenkodan şəxsən təşəkkür almış, SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilmişlər.[5]

Minsk vilayətində də sovet xalqlarının digər nümayəndələri ilə yanaşı, Azərbaycan döyüşçüləri də düşmənə qarşı amansız mübarizə aparırdılar. 1942-ci ilin oktyabrında Borisov şəhər gizli partiya komitəsinin sərəncamı ilə mayor Ələkbər Əliyev "Dyadya Kolya" partizan birləşməsindəki Suvorov adına dəstənin qərargah rəisi, sonralar isə komandiri təyin edilmişdi. Onun rəhbərlik etdiyi partizan dəstəsi düşmənin 11 qatarını, 13 parovozunu, 84 vaqonunu, 9 avtomobilini, bir tankını partlatmış, üç təyyarəsini vurmuş, 7,9 km rabitə xəttini sıradan çıxarmış, Almaniyaya zorla aparılan 400 sovet vətəndaşını azad etmiş, 28 dəfə cəbhə-Berlin xəttini kəsmişdir.[6] Minsk vilayətində Azərbaycandan olan döyüşçülər partizan hərəkatında daha fəal iştirak etmişdilər. Burada Azərbaycan övladları belorus partizanları ilə birlikdə faşistlərin 3000 əsgər və zabitini öldürmüş və yaralamış, 50 qatarını, 63 parovozunu, 230 vaqonunu, 40 avtomobilini, 15 tank və zirehli maşınını, 1500 dəmiryol relsini, 10 körpüsünü partlatmış, 15 rabitə xəttini kəsmiş, 10 km dəmiryol relsini sökmüş və xeyli qənimət ələ keçirmişdilər.[7]

Ukrayna ərazisində
Faşist işğalının ilk günlərində Ukrayna SSR ərazisini partizan hərəkatı bürüdü. Müharibənin ilk ayında Ukrayna K(b)P MK-sı və respublika hökuməti işğal olunmuş rayonlarda 583 partizan dəstəsi, 1700 təxribatçı-qırıcı qrup təşkil etmişdilər. 1941-ci ilin axırlarında respublikada 13 vilayət, 111-dən artıq mahal, şəhər, rayon komitəsi və başqa gizli partiya orqanları düşmən tərəfindən işğal olunmuş ərazilərdə partizan hərəkatına başçılıq edirdilər.[8]

Xarkov vilayəti ərazisində alman faşist işğalçılarına qarşı partizan hərəkatının təşkilində Azərbaycan K(b)P MK-nın üzvü, respublika Ali Sovetinin deputatı V.H.Axundovun böyük xidmətləri olmuşdur. O, Xarkov yaxınlığında faşist qoşunları ilə döyüş zamanı mühasirədən çıxıb gizli partiya təşkilatları ilə əlaqə yarada bilmişdi. V.Axundov 1942-1943-cü illərdə Xarkov vilayətinin Bliznetsk və Lazovoy rayonları ərazisində gizli partizan qruplarının təşkilatçısı və rəhbəri olmuşdur. Onun partizanları əhali arasında antifaşist vərəqələri yayır, düşmənə qarşı mübarizə aparmaq üçün xüsusi zərbə qrupları yaradır, rabitə xətlərini sıradan çıxarır, tez-tez parovoz və vaqonları, dəmiryol körpülərini partladırdılar. V.Axundov 1943-cü ilin yayında Ukrayna uğrunda gedən döyüşlərdə həlak olmuşdu.[9]

Böyük Vətən müharibəsi illərində Ukrayna ərazisində fəaliyyət göstərən bütün partizan dəstə və birləşmələrində Azərbaycan döyüşçüləri faşistlərə qarşı amansız olmuşlar. Ukraynada partizan hərəkatının görkəmli təşkilatçılarından birinin S.A.Kovpakın partizan birləşməsində 20 nəfərdən çox Azərbaycan döyüşçüsü düşmənə qarşı fədakarlıqla vuruşmuşdu. Onlardan Aslan Əliyev, Müslüm Bağırov, Babaş Dadaşov, Vladimir Korastılyov bir sıra çətin və məsul tapşırıqları uğurla yerinə yetirmişlər. A.Əliyevin kəşfiyyatçılar bölməsi düşmənin 250 əsgər və zabitini məhv etmişdi. Bakı neftçisi V.Korastılyov on beş ay düşmən arxasında vuruşmuş, 53 dəfə faşistlərlə döyüşə girmişdi. Pulemyotçu Bağırov bir il düşmən arxasında mübarizə aparmış, faşistlərin 40 əsgərini öldürmüş və 13 atəş nöqtəsini dağıtmışdı. M.Q.Bağırov II dərəcəli Vətən müharibəsi, "Qırmızı Ulduz" ordenləri və I dərəcəli "Vətən müharibəsi partizanı" medalı ilə təltif olunmuşdu.

Böyük Vətən müharibəsi illərində düşmən arxasında fəaliyyət göstərən partizanlar faşistlərə qarşı mübarizədə müxtəlif üsullardan istifadə edirdilər. Bu üsullardan biri də alman əsgəri forması geyib, leqal şəkildə faşistlər arasında kəşfiyyat-təxribat işləri aparmaqdan ibarət idi. X.S.Babanlının rəhbərliyi altında Dnepropetrovsk vilayətində fəaliyyət göstərən azərbaycanlılardan ibarət partizan qrupu da bu mübarizə üsulundan məharətlə istifadə etmiş, nəticədə düşmən xeyli itki vermişdi. Bu qrup sovet-alman cəbhəsindəki həqiqi vəziyyət haqqında 5000 nüsxədən çox vərəqə yaymış, düşmənin bir neçə qatarını qəzaya uğratmış, hərbi sursat saxlanılan anbarlarını, 17 elektrik motorunu partlatmış, Krivoy-Roqun "Oktyabr" mədənindəki kömür şaxtasını su ilə doldurmuşdular.

Müxtəlif vaxtlarda İ.İ.Şitovun, A.K.Nikolayçukun və B.Q.Şanginin komandası altında fəaliyyət göstərən Ternopol partizan birləşməsində 40 nəfərdən çox, M.Naumovun partizan birləşməsindəki dəstəsində 80, N.N.Popudrenkonun rəhbərliyi altında fəaliyyət göstərən "Çerniqov" partizan birləşməsində 70 nəfərədək azərbaycanlı döyüşçü alman işğalçılarına qarşı cəsarətlə vuruşmuşdu.Onlar düşmən əsarətinin məhrumiyyətlərinə dözərək, hitlerçilərə qarşı mübarizəni mətanətlə davam etdirir, əsir düşərgələrində yaradılmış gizli antifaşist təşkilatlarında hərbi əsirlərin qaçıb partizan dəstələrinə qoşulmasına yaxından köməklik göstərirdilər. Aslan İbadov hərbi əsir düşərgəsindən 15 nəfərin qaçmasını təşkil etmiş və əsasən Jitomir vilayətində fəaliyyət göstərən A.M.Qrabçakın partizan birləşməsinə qoşulmuşdu. Onun rəhbərlik etdiyi rota düşmənin bir körpüsünü, 22 qatarını partlatmış, faşistlərin 64 avtomobilini, 500-ə yaxın əsgər və zabitini məhv etmişdi. Partizan birləşməsində bacarıqlı komandir və mahir kəşfiyyatçı kimi tanınan A.İbadov şəxsən 34 hitlerçini öldürmüş, 17-sini əsir almış, iki düşmən avtomobilini və bir dəmir yol körpüsünü partlatmışdı.

Ukraynada xalq intiqamçıları sırasında Azərbaycan respublikasının qadınları da kişilərlə çiyin-çiyinə cəsarətlə vuruşurdular. Hərbi həkim Sara İbrahimova, təxribatçı Alfa Şirazi, Fəridə Nəsrullayeva, Lidiya Drozdova partizan dəstəsində döyüş məharəti nümayiş etdirmişdilər.

Ukrayna ərazisində fəaliyyət göstərən "Şors" partizan dəstəsi Azərbaycan döyüşçülərindən ibarət ən böyük partizan dəstəsi idi. Bu dəstə Ukraynanın Zdolbunov rayonundakı düşərgədən qaçmış hərbi əsirlərdən təşkil edilmişdi. Onlar 1943-cü ilin avqustunda faşist gözətçilərini məhv edərək Slavuta meşələrinə çəkilmiş və xalq intiqamçıları ilə birgə düşmənə qarşı mübarizə aparmışdılar. Dəstə 18 ay ərzində düşmən arxasında 6000 kilometr yol keçmiş, 27 faşist qarnizonu dağıtmış, 2500 hitlerçini öldürmüş, 500 nəfəri əsir almış, 11 şose, dəmir yol körpüsü, 80 avtomobil, 70 neft buruğu, 5 neftayıran zavod, 20 neft anbarı, 8 hərbi yüklü qatar, 22 təyyarə, 2 hərbi anbar, 1 qənd zavodu, 120 hərbi araba məhv etmiş və xeyli qənimət ələ keçirmişdi.

1942-ci ilin sentyabrında Krasnodon şəhərinin gəncləri "Gənc qvardiya" adlı gizli komsomol təşkilatı yaratmışdılar. "Gənc qvardiya"nın fəal üzvlərindən biri Əli Nəsrulla oğlu Dadaşov Sergey Tüleninin rəhbərlik etdiyi "beşliyə" daxil idi, çoxlu əməliyyatda iştirak etmişdi. 1942-ci il noyabrın 6-da gecə Tülenin, Valya Borts, Senya Ostapenko, Radik Yurkin və Əli Dadaşov faşist gözətçilərindən məharətlə yayınaraq, Krasnodon şəhərindəki ən uca binanın üzərinə al bayraq sancmışdılar. 1942-ci il noyabrın axırlarında Ə.Dadaşov bir dəstə gənc qvardiyaçı ilə birlikdə 22 saylı kömür mədənində faşist gözətçisini öldürmüş və hitlerçilərin orada saxladıqları hərbi sursatı aparıb gizli təşkilatın anbarına yığmışdı. 1943-cü il yanvarın 5-də Ə.N.Dadaşov gənc qvardiyaçılarla birlikdə həbs edilmiş, 15 gün gestaponun işgəncələrindən sonra öz rəhbərləri ilə birlikdə vəhşicəsinə güllələnmişdi. Ə.N.Dadaşov ölümündən sonra I dərəcəli Vətən müharibəsi ordeni ilə təltif edilmişdi.

Krım ərazisində
Partizan hərəkatının geniş yayıldığı rayonlardan biri də Krım MSSR-in ərazisi idi. Krımda partizan müharibəsi aparmaq böyük çətinlik törədirdi. Burada güclü düşmən hissələrinin mərkəzləşməsi, geniş yol şəbəkəsi, partizan bazalarının faşist qarnizonları tərəfindən aşkar edilməsi, sovet ordusu hissələri ilə müntəzəm əlaqənin olmaması xalq intiqamçılarının fəaliyyətini mürəkkəbləşdirirdi. Bu çətinliklərə baxmayaraq, 1941-1944-cü illərdə Krım partizanları düşmənin 29 min əsgər və zabitini qırmış, dörd min nəfərini əsir almış, 38 parovozunu, 947 vaqonunu, 2 zirehli qatarını, 13 tankını, 211 topunu, 1940 avtomobilini məhv etmiş və xeyli qənimət ələ keçirmişdilər. Bu əməliyyatlarda digər sovet xalqlarının nümayəndələri ilə birlikdə Azərbaycan döyüşçüləri də fəal iştirak etmişlər. Nurməmməd Əzimov, Hacı Əliyev, Saleh Əsgərov, Əli Məmmədov, Hacı Hüseynov, Mixail Sepatov, Qafur Əyyubov və başqaları partizan dəstələrində düşmənə qarşı fədakarlıqla vuruşurdular.

1942-1943-cü illərdə sovet ordusunun güclü zərbələri altında faşistlərin bütün cəbhə boyu geri çəkilməsi Krım ərazisində də düşmən arxasında partizan hərəkatının daha da genişlənməsinə səbəb olmuşdu. Bu dövrdə yüzlərlə Azərbaycan döyüşçüsü partizan dəstələrində düşmənə qarşı fədakarlıqla vuruşurdu. Z.B.Həbibov, Ə.A.Nağıyev, İ.N.Nəcəfəliyev, V.B.Xəlilov, M.V.Zalov, Q.Ə.Cabbarov, V.Q.Rəcəbov, M.Ə.Çerov, A.Ə.Səfərəliyev bu əməliyyatlarda xüsusilə fərqlənmişlər.

1943-1944-cü illərdə Krımda 11700 nəfər xalq intiqamçısını özündə birləşdirən 33 partizan dəstəsi faşist işğalçılarına qarşı cəsarətlə vuruşurdu. Bunlardan biri də döyüşçülərinin 90 faizi azərbaycanlılardan ibarət olan 8-ci Azərbaycan partizan dəstəsi idi. Bu dəstə yeddi ay faşistlərə qarşı mübarizədə 32 dəfə faşist qarnizonuna və nəqliyyat vasitələrinə hücum etmiş, düşmənin 1225 əsgər və zabitini məhv etmiş, 451 nəfərini əsir almış, 23 avtomobilini partlatmış, 9700 metr rabitə xəttini kəsmiş, qənimət olaraq 7 topunu, 11 minomyotunu, 60 pulemyotunu, 3500 avtomat və tüfəngini, 11000 patronunu ələ keçirmişdi.

Leninqrad (Sankt Peterburq) ərazisində


Azərbaycan döyüşçüləri Leninqrad vilayətində də partizan hərəkatının fəal iştirakçıları olmuşlar. Hələ 1941-1942-ci illərdə N.C.Allahverdiyev, H.C.Axundzadə, H.Ə.Əliyev, R.Z.Əliyev və başqaları partizan qrupu və dəstələrinə rəhbərlik etmişdilər. 1942-ci ilin iyun ayında Leninqrad vilayətinin Dedeviçsk, Oredensk, Olutsk rayonlarında fəaliyyət göstərən partizan dəstəsinə mayor N.Allahverdiyev rəhbərlik etmişdir. Həmin dəstənin tərkibində K.M.Eyvazov, Ə.Ə.Məmmədov, R.Rzayev, İ.S.Süleymanov, N.Ş.Məmmədov, Ə.N.Cəfərov və başqaları vuruşmuşdular. K.M.Eyvazov şəxsən düşmənin iki avtomobilini partlatmış, dəmiryol relsini dağıtmış, rabitə xəttini sıradan çıxarmış və Qrefiya kəndindəki faşist qarnizonunun darmadağın edilməsində fərqlənmişdir. Leninqrad vilayətində partizan hərəkatının fəal iştirakçılarından Q.Q.Qasımov, V.İ.Lukyançenko, Y.V.Novruzov, C.A.Novruzov, M.V.Süleymanov, D.M.Tanrıverdiyev igidlik göstərmişlər.

Pribaltika ərazisində


Azərbaycan partizanları Baltika respublikaları ərazisində də fəaliyyətdə olublar. Baş serjant Qəzənfər Şabanov Latviya SSR-də A.S.Poçonun rəhbərlik etdiyi partizan dəstəsində bir ildən çox vuruşmuş və şəxsən 25 faşist məhv etmişdi. Litva SSR Trakay rayonunda fəaliyyət göstərən "Azad Litva" partizan dəstəsinin döyüşçüsü İ.H.Alxasov silah yoldaşı Pranas Koşatla birlikdə faşistlərlə qeyri-bərabər döyüşə girərək öz canları bahasına xalq intiqamçılarının həyatını xilas etmişdilər.

Estoniya SSR ərazisinə reydə çıxan A.Kozlovun partizan dəstəsinin döyüşçüsü İ.B.Dadaşov 1941-ci il noyabrın 6-da beş nəfər partizanla birlikdə Rakvere şəhəri yaxınlığındakı təyyarə meydanında faşistlərin 16 təyyarəsini yandırmışdı



ədəbiyyat siyahısı
Alıcanov М. Azərbaycan döyüşçülərinin partizan hərəkatında iştirakı. Bakı, 1975.
Mədətov Q. Azərbaycan Böyük Vətən müharibəsində. Bakı, 1965.
Бычков Л. Партизанское движение в годы Великой Отечественной войны. М., 1965.
Абасов М„ Гритченко А., Зейналов Р. Азербайджан в годы Великой Отечественной войны. Баку, 1990.
Великая Отечественная война. М., 1973.
Великая Отечественная война Советского Союза 1941-1945 гг. Т. 2, М., 1961.
Великая Отечественная война Советского Союза 1941-1945 гг., краткая история. М., 1970
Yüklə 255,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin