İslam səNƏTİ azər miRZƏBƏY



Yüklə 0,66 Mb.
səhifə1/31
tarix07.01.2017
ölçüsü0,66 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   31
İSLAM SƏNƏTİ

AZƏR MİRZƏBƏY

BAKI
2016

MÜNDƏRİCAT:

Müqəddimə

Sənət nədir?

Kitab


Rəsm

Hz. Peyğəmbərin (s.ə.s.) təsviri

Rəqs

Film


Elm əl-ədvar

Elmi-nücum

Şe’r

Xalça


Kafir naşir

Məmməd Əmin Rəsulzadə kimdir?

Masonluq

Xristian əlifbasına: “Yox!”, -- müsəlman əlifbasına isə: “Hə!”, -- deyək

Bu, “Odlar yurdu” deyil, “Övliyalar yurdu”dur

“Haqq yolunda: Sui-qəsdin ifşası”

Vəhhabilik

Sionizm


Dil

Müstəqillik

“Azərbaycan virusu”

“Qafqaz müsəlmanlarının qətli-amı” abidəsi

Şəhid Edoardo Anyeli

Millət


Türklər

Türkiyə


Yəhudilər

Ermənilər

İran

Atam


Heykəl abidələrin dağıdılması

Almaniya


İngiltərə

Fransa
HAŞİYƏLƏR:


Səhihi Buxari. Hədis

Əs-Sülami. “Risalət əl-məlamatiyyə”

Əşrəf oğlu Rumi. “Müzəkki ən-nüfus”. Bir fəsl

Molla Nəsrəddin. “Bayağı fikir”

Imadəddin Nəsimi şe’ri

Əbri Xacə ibn Adil. “İxtiyarati-qəvaidi-külliyə”. Fəsl

Əbdürrəhman Cami. “ Nizami”

Hilafət, Hicaz və səudi-vəhhabi milli dövləti

Əbdülvahid Miranda. “İfratçılıq daim uduzur”

“Sion müdriklərinin protokolları”

Doktor Tom Sunik. “Kimdir antisemit?”

Alper Tan. “Yeni ilin qeyd olunması ilə əlaqədər bir təhlil”

Məhməd Şöfkət Eygi. “Türkiyədə bir milyon yarım gizli yəhudi var”

Şah Vəliullah Dehləvi. “Əltaf əl-qüds” kitabının bir qismi

Əbdürrəhman Cami. “Şeyx Nəcməddin Kübra (q.s.)”

“Kəşf əl-məhcub li ərbab əl-qülub” kitabından bir fəsl

İmadəddin Nəsimi. Şe’r

Lətifələr

Dərviş nəğməsi

MÜQƏDDİMƏ


Sovet dövründə, bir gün “Amerikanın səsi” radiosunda marağımı çəkən bir xəbər eşitdim. Xəbərdə deyilirdi ki, Amerikanın məşhur bir sənət muzeyinin müdiri sovet tərəfinə bildirib ki, o, Nyu-Yorkda “İslam sənəti” adı altında bir sərgi düzəltmək istəyir. Buna görə o, xahiş edir ki, ruslar sovet muzeylərində saxlanılan İslama aid olan sənət əsərlərinin bir hissəsini amerikalılara mübaliğə yolu ilə və ya başqa bir şəkildə borc versinlər. O, dedi, belə bir sərginin Amerikada açılması və əhaliyə nümayiş edilməsi dünya mədəniyyətlərinin tanınması üçün mühüm bir hadisə olacaq.

Ruslar isə buna belə cavab verdilər, İslamın Sovet İttifaqına heç bir aidiyyəti yoxdur. Ümumiyyətlə, “İslam sənəti” məfhumunun nə olduğu bizə aydın deyil. Sonunda, əlavə etdilər, sizə, qətiyyətlə bildiririk, birdə bu xahişlə bizə müraciət etməyin. Fəqət, bunun əvəzində, əgər Avropa sənətinə aid, məsəl üçün, Fransa və ya İtaliya sənəti sərgisi açmaq istəsəniz biz, böyük məmnuniyyətlə, bu mövzuda olan əsərləri, müvəqqəti nümayiş üçün, sizə borc verə bilərik.

Bu cavabla onlar onu bildirmək istəyiblər ki, biz, ruslar, avropalı, xristian, pravoslav bir millətik; Rusiyanın asiyalılara və İslama heç bir dəxili yoxdur. Bu xəbər məni çox mə’yus etmişdi. Elə isə, biz də buna cavab olaraq belə deyə bilərik ki, müsəlmanların da nə Sovet İttifaqına, nə də ki Rusiyaya bir aidiyyəti var. Yə’ni ki, bütün, əslikar, müsəlman torpaqlarının (Tatarıstan, Başqırdıstan, Qafqaz, Krım və s. kimi) Rusiyaya aidliyi yoxdur.

Sovet dövründə mənim kitab almağa pulum çatırdı. Hətta, Qərbdə çıxan, əksər halda, qanunsuz şəkildə SSRİ-yə gətirilmiş ingilis dilli mətbuatı, məcmuələri və kitabları almağa imkanım var idi. Onların bə’zilərini Moskvada ikinci əl kitab satan dükanlarda, bə’zilərini isə “qara bazar” kitab alverçilərindən alırdım. Ürəyim istəyən hər bir kitabı əldə edirdim, istər onlar dünyəvi olsun, istərsə dini olsun. Ancaq, bu gün elə kitabları Bakıda tapmaq mümkün deyil. Onda belə görünür ki, Sovetin dağılması mənim kimi düşüncəli və mədəni adamlara nə mə’nəvi, nə də ki bir maddi xeyr gətirib.

O vaxt mənim şəxsi kitabxanamda külli miqdarda ingilis dilli ədəbiyyat var idi. Onların arasında, həmçinin, üç sayda “İslam sənəti” adında rəngli, şəkilli, nəfis nəşrlər var idi. Biri İngiltərədə, ikisi isə Amerikada çap olunmuşdu. O kitabların birində İslam aləminin məşhur sənət əsərləri və abidələri arasında bizim Naxçıvandakı “Mömünə Xatun” məqbərəsinin də şəkli var idi. O çağ, Sovetin sənətşünasları “İslam sənəti” ibarəsini işlədə bilmirdilər. Onun əvəzində Azərbaycan, Özbəkistan, Türkmənistan, Tacikistan, Türkiyə, Suriya, Misir sənəti kimi ifadələrdən istifadə edirdilər. Halbuki, həm Sovet müsəlman respublikaların, həmdə xarici müsəlman dövlətlərinin sərhədləri xaçpərəst qəsbkar dövlətlər tərəfindən, son dövrlərdə, özlərinin maraqlarına uyğun, sün’i bir şəkildə cızılmışdı. Elə ki, məsəl üçün, İrəvandakı və Tiflisdəki müsəlman məscidləri Ermənistan və Gürcüstan memarlıq abidələri sayılırdı, bu abidələrin bizim millətə aid olması danılırdı. Və ya başqa məsəl çəkək, indiki Türkmənistanın, Özbəkistanın və Qazaxıstan əraziləri keçmişdə böyük müsəlman dövlətinin hissələri olublar. Nə bu, nə də ki o biri respublikalardakı müsəlmanlar başqa, qonşu respublikada yerləşən, öz əcdadlarının tikdiyi, memarlıq abidələrinə yiyə çıxa bilmir, bizimkidir deyə bilmir. Həmçinin, məsəl üçün, Misirdə ucalan ehramların və başqa bütpərəstlik abidələrinin ərəblərə, müsəlmanlara heç bir aidliyi yoxdur. Misirli müsəlman ehramları mənim əcdadlarım tikib desə, düzgün olmaz, yalan sayılar, çünki ərəblər ora sonradan gəliblər və o abidələri qibtlər, qədim Misirin sakinləri tikib, ucaldıblar. Müasir qibt xalqının nümayəndələri “bu abidələri bizim əcdadlarımız tikib” deyə bilərlər, lakin hal-hazırda xaçpərəst olduqları üçün onlar, bu bütpərəst sənət əsərlərinə soyuq münasibət bəsləyirlər.

Ona görə əgər Misirdə “Misir sənəti” kitabı nəşr edilsə və ora bütpərəstlərin, xaçpərəstlərin, yəhudilərin və müsəlmanların dini abidələri daxil olunsa buna, bu kitaba “həftəbecər” adı vermək olar. Belə nəşrin mə’nasının və məqsədinin nə olduğu aydın olmaz. O sənətdənsə daha çox siyasi mahiyyət daşıyar. Bunun əksinə, bu dinlərin hər birinə aid olan sənət əsərlərinə, mədəni abidələrinə ayrıca kitablar çıxarılsa, onda, bu nəşrlərin məqsədi və mə’nası oxucuya aydın olar və hər bir dinin nümayəndəsi “bu kitab mənim dinimi, mənim əqidəmi təcəssüm edən sənət əsərlərindən bəhs edir” deyə bilər.

Sözün qısası, Kremlin, sovet sənətşünaslarına “İslam sənəti” ifadəsini işlətməyi qadağan etməsində məqsəd, birincisi, sovet müsəlmanlarına öz kimliklərini unutdurmaq, ikincisi isə onların arasında olan vəhdəti, həmrəyliyi pozmaq olub.

Necə ki, ruslar, bir Xristian milləti kimi, özlərini Avropanın, Xristian aləminin, onun tarixinin, mədəniyyətinin parçası sanırlar, mən də müsəlman olaraq, özümü Asiyanın, İslam aləminin, onun tarixinin, mədəniyyətinin parçası sanıram. Bu başqa cür də ola bilməz. Müsəlmanlar hamısı bir millət, bir ümmətdir. Dilləri, irqləri və yerləşdikləri ərazilər ayrı-ayrı olsa da onların eyni müqəddəs kitabı, eyni adəti, eyni əqidəsi, eyni müsəlman əlifbası və eyni İslam bayrağı var. Bizləri fərqli irqlərə, xalqlara və dövlətlərə ayırmaq istəyənlər Qərbin və Şərqin xaçpərəst təcavüzkar dövlətləri, cahangirləridir. İngilisin bir məşhur məsəli deyir ki, “divayd ənd rul”, yə’ni ki, “bölüşdür və hökm elə”. Onlar xarici siyasətlərini bu əsasın üzərində quraraq, öz qəsbkar məqsədlərinə nail olmağa çalışırlar.

Bu yaxınlarda, Bakıda, bir kitab dükanında, Rusiyada çap olunmuş “İslam sənəti” adında kitabın satışa çıxardıldığını gördüm. Çox şükür ki, ruslar əvvəlki səhvlərini düzəldərək, nəhayət, bu cür sərlövhə altında əsərlər nəşr etməyə başlayıblar. İnternetdə, Moskvada bu ad altında nəşr olunmuş bir-neçə başqa kitaba da rast gəldim. Ümid var ki, bir vaxt gələcək, keçmiş SSRİ-nin müstəqillik qazanmış müsəlman ölkələrinin sənətşünasları da, bu daşı ətəklərindən töküb, özlərini Sovetin təbliğatının məngənəsindən azad edəcəklər və “İslam sənəti” ifadəsini işlətməkdən qorxmayacaqlar, çəkinməyəcəklər.

On-on beş il bundan qabaq, Parisin mərkəzi meydanlarının birində, “Place de la Concorde”da, bir yaşlı qadından yol soruşdum. O, yol göstərmək üçün söhbət edərək yanımla getdi. Sonra, Sen çayının o biri tayında ucalan, əzəmətli “Hotel des Invalides” binasını göstərərək dedi, “Orada Napoleonun qəbri yerləşib, gedib baxmaq istəyirsinizmi?” Başa düşdüm ki, o məni rus bilib. Axı Napoleon, həm ruslar, həm də fransızlar üçün onların ümumi tarixlərinin şəxsiyyəti olub. Mən isə, bizim ruslaşdırılmış vətəndaşlarımızdan fərqli olaraq, ruslar və fransızlar arasında gedən müharibələri, onlar arasında baş verən münaqişələri özümünkü saymamışam və saymıram da. Bu iki xalq mənə uzaq və yad xalqlardır.

Qadının sualının cavabında laqeydliklə dedim ki, o binada qəbirdən başqa bir şey yoxdur, ona görə mənim üçün orada maraqlı bir şey yoxdur. O isə dedi, Napoleon bizim, fransızların tarixi simasıdır, ona görə bizim üçün, hətta, onun qəbri də maraqlı görünür.

Avropanın çox yerində oldum, abad, gözəl və yaraşıqlı şəhərlərini gəzdim, fəqət onların bütün tarixi yerləri və binaları mənim hissiyyatıma toxunmadı, onların hamısını biganəliklə seyr edirdim. Halbuki, mən Ərəbistana, Türkiyəyə, İrana və Hindistana gedib oradakı müsəlman tarixinə və dininə aid abidələri görmək istəyirəm. O torpaqlarda həm də bizim müqəddəslərimizin qəbirləri, məqbərələri var. Uzaq keçmişdə, oralarda cərəyan edən tarixi hadisələr, bir müsəlman kimi, mənim tariximin hadisələri olub. Oralar məni laqeyd buraxmaz, orada görəcəklərimi soyuqqanlılıqla seyr edə bilmərəm. Ancaq mən əminəm ki, bizim, bə’zi, ruslaşdırılmış həmyerlilərimiz Avropanın və Rusiyanın tarixi məkanlarına gedəndə, oralar onların hissiyyatlarına toxunacaq, bəlkə də gözlərini yaşlandıracaqdır. Fəqət, bunun əksinə, onlar müsəlman torpaqlarına getsələr orada özlərini yad torpaqlarda, yadların arasında, yad mədəniyyətin əhatəsində sanacaqlar, ətraflarında gördükləri şeylər onların ürəklərinə heç bir istilik gətirməyəcək. Elələri şərti olaraq müsəlman adlansalar da, daxilən, ruhən onlar əsla müsəlman deyillər.

Bu yaxınlarda, bu kitabı yazmaq fikrinə düşəndə, İnternetdə Amerikanın “The New York Times” ruznaməsinin 5 dekabr 2008-ci ildə çıxan nömrəsində Suren Melikyan adında bir şəxs, bir erməni tərəfindən yazılmış yazıya rast gəldim. Məqalənin adı bu olub, “Qətərin İslam sənəti muzeyi: nöqsanlarına baxmayaraq şax əsərlərin məkanı”.

Bizim mövzumuza yaxın olduğundan, o müəllifin yazısını burada, yığcam bir şəkildə, oxucunun nəzərinə gətirirəm:


“İslam sənəti” XIX əsrdə Avropada quraşdırılmış bir ifadədir ki, o, Parisdə, 1889-cu ilin Dünya sərgisində müsəlman sənət əsərlərinin nümayişindən sonra geniş şəkildə qəbul olundu. (Fransızlar “İslam sənəti”nə “Les Arts Musulman” deyirlər. – A.M.). “İslam sənəti” anlayışı, hətta “Xristian sənəti” anlayışından daha mə’nasızdır. Ancaq buna baxmayaraq, Qərbin sənət aləmi, elmi və qeyri-elmi dairələri, tə’kidlə, İslamın üstünlük təşkil etdiyi ərazilərdə yaradılan abidələri, sənət əsərlərini bu başlıq altında gətirməyə davam edirlər.

Bu uydurma ifadənin uzun ömürlülüyünün bir çox səbəbləri vardır. Qərb muzeylərinin “İslam sənəti” anlayışına bu şəkildə bağlanmasının əsas səbəbi odur ki, pullarının, sahələrinin və mə’lumatlı işçilərinin azlığı onlara, ayrı-ayrı Ərəbistan, İran və Türkiyə şöbələrinin açılmasına imkan vermir.

Eynilə, universitetlər də bu cür genişləndirilmiş “İslam şöbələrini” saxlamaqda davam edirlər. Onlara bunu maliyyənin və mütəxəssislərin azlığı məcbur edir.

Müsəlman ölkələrində, libaslardan tutmuş məşrutə məsələlərinə qədər, Qərbi Avropa dəblərinin və məfkurələrinin, topdan satış şəklində idxal etmək təmayülü vardır. Bu da, orada, həmçinin, “İslam sənəti” kimi qondarma bir ifadənin qəbul edilməsinə gətirib çıxardıb. Müsəlman aləminin elə bölgələri var ki, oradakı xalqların sənətə olan töhfələri çox az olub və belə olanda “İslam sənəti” kəlməsinin istifadə edilməsi onlara, özlərindən daha güclü mədəniyyətləri özününkü saymaq imkanını verir.


Məqalənin sonunda müəllif yazır ki, orada başqa gözəl əsərlər arasında dünyanın başqa muzeylərində rast olunmayan sənət işləri var. Onların arasında misli görülməyən gözəlliyi olan iki məxmər lövhə var. Onlarda XVI əsr Səfəvi sarayında şərab içmə məclisi təsvir olunub. Əsər inanılmaz dərəcədə yaxşı vəziyyətdədir.

Və son cümlə, bu cür nadir şah əsərləri görmək istəyən adama bu muzeyə getməsini məsləhət görürəm, baxmayaraq ki, orada çoxlu təşkilatçılıq qüsurları var.

“İslam sənəti” ifadəsinin bu müəllifin xoşuna gəlmədiyinin səbəbi mənə aydın olmadı. Görünür ki, o, özünü dünyanın bütün alimlərindən və sənətşünaslarından üstün tutur, onları axmaq, özünüsə ağıllı sayır. Məsəl üçün, əgər Avropada “Xristian sənəti” adında hər hansı bir kitab nəşr olunsa və orada cürbəcür xaçpərəst xalqlarının kilsələri ilə birlikdə İrandakı erməni kilsələrinin adları da sadalanıb, şəkilləri əlavə olunsa bu, ermənilərin zərərinə mi olar, yoxsa xeyrinə mi? Bu, onların hiddətinə, narazı olmasına səbəb olarmı? Əlbəttə ki, yox. Əksinə, bu onların xoşuna gələr. Məsəl üçün Asiya qitəsində yaşayan ermənilər, gürcülər və hətta, xaçpərəst dinindən olan ərəblər özlərini Avropa xalqlarına qardaş, yaxın qövmlər kimi hiss edirlər, onlarla həm sülhdə, həm də ki hərbdə, bir dəstədə olmaq, həmrah olmaq istəyirlər.

Bu erməninin məntiqinə görə, məsəl üçün, İrandakı erməni kilsələrinin rəsmləri müsəlman məscidlərin rəsmləri ilə bir yerdə “İran sənəti” adlı bir kitab şəklində nəşr olunmalıdır. Bu isə heç bir məntiqə sığmayan şeydir. Bu, erməni kilsələrinin coğrafi və siyasi cəhətdən İrana məxsus olmasına baxmayaraq, ruhən, əqidə e’tibarı ilə onların daha çox Xaçpərəst aləminə aidiyyəti vardır.

Keçmiş zamanda türklər Bizansın qoşunlarını məğlub edib rumların dövlətçiliyinə son qoymuşdular. İndi Türkiyənin müsəlman əhalisi İstanbuldakı Bizans kilsələrini özününkü saya bilərmi, bizim kilsələrdi deyə bilərmi? Əlbəttə ki, yox. Həmçinin, Bakı müsəlmanları şəhərdəki erməni, rus və katolik kilsələrini, yəhudi sinaqoqlarını özününkü saya bilərlərmi? Əslə, yox. Ancaq, Tiflisdəki, Dərbənddəki və İrəvandakı məscidlər bizimdir deyə bilərlər. Məsəl üçün Səmərqənddə, Buxarada, İstanbulda, Təbrizdə və Tehranda olanda, şəxsən, mən, oradakı məscidlərə, imamların, övliyaların, padşahların məqbərələrinə baxanda iftixar hissi keçirirdim, çünki onları özümüzünkü sayırdım.

Ondan başqa mən, bir ölkədə yerləşən bütün dinlərdən olan abidələrin, bütün dövrlərdə mövcud olan mədəniyyət əsərlərinin, çox geniş əhatəli, cəm şəklində, bir kitabda, məsəl üçün “Misrin sənəti” ünvanı altında çıxmasının heç də əleyhdarı deyiləm. Mənim demək istədiyim odur ki, Bakı, Daşkənd, Düşənbə kimi paytaxtlarda “İslam sənəti” adı altında kitablar yazılsın və onlar nəşr olunsun, bu məntəqələrdə, bu ifadənin istifadəsinə olan qadağa aradan götürülsün.

Bir şeyi də burada qeyd edim ki, “İslam sənəti” ifadəsini işlədəndə Qərb sənətşünasları, əsasən, XX əsrə qədər yaradılan sənət əsərlərini nəzərdə tuturdular. Məsələn “Osmanlı İslam sənəti” demək düzgün olar, ancaq müasir zamanda, son yüz ildə yaradılmışlara “Türkiyə sənəti” demək daha düzgün, daha məntiqli sayıla bilər. Yə’ni Osmanlı dövləti daha yoxdur, yeni Türkiyə Cümhuriyyəti var. “Azərbaycan sənəti” deyəndə isə, XX əsrdə yaranan dövlətdə, Azərbaycan Respublikasında yaradılan sənəti nəzərdə tutmaq doğru olar; bunu düzgün sayıram.

Məncə hər hansı bir sənətə siyasi, coğrafi nöqteyi-nəzərindən yanaşılarsa və bu cür baxış bir meyar kimi götürülsə bu, çoxda düzgün və məntiqli sayılmaz. Bir misal gətirim. İngiltərənin hindu əsilli vətəndaşları bir ingilis əyalətində mərmər daşdan əzəmətli bir hindu mə’bədini tikdilər. Tikintinin me’marları, ustaları Hindistandan gətirilmişdi. İndi, bu mə’bəd ingilis sənətinin nümunəsi sayıla bilərmi? Əlbəttə ki, yox. Ona baxmayaraq ki, bu mə’bəd çox yaraşıqlı bir binadır, ingilislər, onun tikilişinə e’tiraz edirdilər. İngilis memarlıq ənənələrinə zidd olan bu əcaib binanın tikilişinə razı deyilik, bu mə’bəd, bizim gözəl ingilis şəhər mənzərəsini pozacaq, deyirdilər.

Qərb sənətşünasları, bə’zən İslam sənətini coğrafi, siyasi və yaradıldığı dövr nöqteyi-nəzərdən də fərqli növlərə bölürlər. Məsələn, Səlcuq sənəti, Səfəvi sənəti və s. O cür də olar. Ancaq mənim israr etdiyim şey odur ki, Hindistanda, Türküstanda, İranda, Ərəbistanda və Osmanlıda yaradılan sənət əsərləri arasında üslub fərqi olsa da, onların görünüşünə və şəklinə yerli sənətkarlıq ənənəsinin tə’siri olubsa da, bununla belə, onlar, ümumi müsəlman mədəniyyətinə və sənətinə aiddirlər.

SƏNƏT NƏDİR?

Sənət yaradıcılıqdır. İnsanın yaradıcılıq məhsuludur. İnsanı isə uca Tanrı, Xudavəndi-aləm yaratmışdır.

Xaricdə olanda, bir dəfə, bir kişi ilə, özündən razı bir seylonlu adamla söhbət edirdim. O, mənə, qürurla dedi, mənim iki uşağım var, bu isə o deməkdir ki, mən iki adam yaratmışam. Onunla mübahisəyə girmək istəməyib susdum, amma ürəyimdə dedim ki, bu yalan sözdür, o uşaqları sən deyil, Allah yaradıb. Sən onların gözlərinimi, qulaqlarınımı, və ya başqa yerinimi yaratdın? Onların gözlərini, qulaqlarını, hər yerini, Allah yaradıb, sən yox! O baş ki, səndə var, sən heç bir şey yarada bilməzsən. Ancaq, bununla belə, başqa tərəfdən, o, öyünə bilərdi ki, mən bir hünər etdim, onları böyüdüb boya-başa çatdırmışam, oxutmuşam.

Mənim demək istədiyim odur ki, əgər bir sənətkar bir əsər yaratsa, məzmunundan asılı olmayaraq, o əsər Allaha işarə edəcək, çünki onu da, o sənətkarı da Allah yaradıb. O əsər lap eybəcər, pis, ədəbsiz sənət əsəri olsa belə bu, yenə də Ona işarə edəcək. Məsəl üçün, deyək ki, əxlaqsız, dinsiz bir adam ədəbsiz, batil bir sənət əsəri yaradıb, rəsm və ya başqa şey olsun, fərqi yoxdur. Belə əsər də Ona işarə edəcək. Qoy o adam sağlığında dinsiz həyat sürsün, dindarları təhqir etsin, dinə qarşı təxribatla məşğul olsun, yenə də, həyatının axırında Allah ona verdiyi canı onun əlindən alacaq. Və o, Allahın çəkdiyindən kənara çıxa bilməyəcək. Rusların bir yaxşı məsəli var – göyə tüpürmə. Yə’ni ki, göyə tüpürənin tüpürcəyi axırda onun öz üzünə düşəcək.

KİTAB
Qur’ani-kərim müsəlmanların, səmavi, müqəddəs kitabıdır. Məhəmməd peyğəmbərə (s.ə.s) nazil olan “ilahi vəhylərin” məcmusu, toplusudur.

Allah belə buyurdu: “Bu Rəsul-kərimin aldığı kəlamdır! Və bu, şair sözü deyildir! Sizin inancınız azdır! Bu, nə də ki, kahin sözüdür! Siz az düşünürsünüz. Bu, Rəbbil-Aləmin tərəfindən nazil edilmişdir” (Qur’an, Əl-Haqqə, 69/41-43).

Məhəmməd (s.ə.s.) belə buyurur: “Cəbrail mənim yanıma gəlib dedi: Oxu! Dedim oxumaq bilmirəm. Yenidən dedi: Oxu! Dedim, nə oxuyum? Dedi: Ya Peyğəmbər! Bütün məxluqatı yoxdan yaradan Rəbbin adı ilə (bismillah deyərək) oxu!”

Qur’ani-kərim olmasaydı nə İslam olardı, nə də ki, İslam sənəti. Müsəlmanın alimləri, şairləri, sənət adamları, hamısı, öz əsərlərini ondan ilhamlanaraq yaratmışlar. Bu kitab səmavi kitablar növünə aid olmaqla bərabər, həm də bir ədəbi abidədir. Qur’ani-kərim kitabının nüsxəsi İslamda ilk sənət əsəri, sənət nümunəsi olub. Müsəlman cəmiyyətində Kitabın üzünün köçürülməsi, nəfis hüsnü-xətlə yazılması, yə’ni ki, xəttatlıq ən vacib və geniş yayılmış sənət növü sayılılırdı. O, bə’zən, yazıların ətrafını, kitabın haşiyəsinin qızıl suyuna çəkmək və bəzək vurmaq vasitəsi ilə tərtib olunur. Ancaq əsas diqqət xəttatın yüksək sənətkarlığına, ustalığına, gözəl üslublu xətlər tətbiq etməsinə verilir. Keçmişdə İslam aləmində, cəmiyyətdə xəttatın tutduğu mövqe adətən rəssamın tutduğu yerdən daha üstün idi.

***


Amerikada bir sərsəm keşiş bir tərəfdən müsəlmanları təhrik etməkdən ötrü, o biri tərəfdən özünü dünyaya tanıtmaqdan ötrü “Qur’an kitabını yandıracağam” dedi. Bu böyük bir qalmaqalla nəticələndi. Qərbin kütləvi mətbuatı bu məsələni çox qabartdı, şişirtdi, ondan yazdı və çox danışdı. Mətbuat yazırdı ki, o keşiş Qur’an nüsxəsini yandırsa qiyamət qopacaq, müsəlman camaatı qan edəcək. Elə ki Qərb mətbuatı və televiziya kanalları müsəlmanların beyinlərinə bu fikri yeritdi ki, siz gərək küçələrə çıxıb çığırıb-bağırasınız, hiddətlənib coşasınız, xaçpərəstləri hədələyəsiniz. Belə də oldu. Əfsus ki, nəyinki xaçpərəstlər, müsəlmanlar da, həmçinin, Qərbin TV kanallarının, radiosunun və mətbuatının tə’siri və ovsunu altındadır. Nə desələr onu da edirlər. Onlar desə ki, gülün, güləcəklər. Desə, ağlayın, ağlayacaqlar. Desə, qışqırın, qışqıracaqlar, desə susun, susacaqlar.

Sovet çağında, mən, elə düşünürdüm ki, sovet radiosu, televiziyası, mətbuatı həmişə yalan danışır, amma onun əksinə Qərbin radiosu, televiziyası və mətbuatı düz danışır. Allaha şükür, bu gün mən daha belə düşünmürəm. Artıq “Amerikanın səsi”, “Azadlıq”, “BBC” radiolarına və bunların bənzərlərinə, necə ki sovet vaxtı deyirdilər,“düşmən səslərinə” inanmıram, özümü, onların tə’sirindən qurtarmışam. İndi başa düşmüşəm ki, Qərbin təbliğatçıları, sovetin təbliğatçılarından daha artıq, beşbetər yalançıdırlar.

Əfsus ki, müsəlman camaatı bu məsələnin arxasında nəyin olduğunu bilmir, başa düşmür. Mən bilən “Qur’an yandırmaq” fitnəsi Qərb mətbuatına ona görə lazım idi ki, onlar müsəlmanları hissiyyata qapılan, hay-küyçü, yersiz qışqırıq salan adamlar kimi qələmə versin. O da, istədiyinə nail oldu.

Məsələ orasındadır ki, Avropa əhalisi, ağ irqin nümayəndələri, özlərini çox təmkinli, sakit və düşüncəli adamlar sayırlar. Onlar qışqırıqçı, hay-küy salıb qaraçılıq edən adamları sevmirlər, elələrinə nifrət edirlər. Buna görə bu cür ağ irqə mənsub olan avropalı və amerikalılar, televizorda, hirsini saxlaya bilməyən, atılıb-düşən müsəlmanları görəndə, onlara qarşı olan kin və nifrətləri bir az da artır. Beləliklə Qərb mətbuatı Qur’an yandırma fitnəsindən istifadə edib öz niyyətlərinə çatdı, müsəlmanları əsəbi adamlar, ifratçı biriləri kimi göstərməyə nail oldu.

Hər şeydə olduğu kimi dində də ifratçılıq düzgün deyil, yanlış yoldur.

Mən isə, onlardan, TV ekranında görsədilən qışqıran, bağıran, yumruqları ilə kimisə hədələyən müsəlmanlardan fərqli olaraq öz təmkinimi pozmadım, hiddətlənmədim. Çünki mən artıq bu mətbuatın tə’siri altında deyiləm. Müstəqil düşünmə qabiliyyətim var. O sərsəm keşişin Qur’anı yandırıb-yandırmamağı mənim hissiyyatıma toxunmur. Ancaq bu o demək deyil ki, mənim İslama, Kitaba hörmətim o, atılıb-düşən müsəlmanlardan azdır, dinim-imanım yoxdur.

Mən bir İslam alimi, ruhanisi deyiləm, ancaq onu bilirəm ki, hər müsəlman Qur’ana hörmətlə yanaşmalıdır, dəstəmazsız olanda ona toxunmamalıdır, tüpürcəyinin, qanının Qur’anın səhifələrinə düşməsini qoymamalıdır və s. Ancaq bu müsəlman olanlara aiddir. Biz, başqa dindən olanlardan və kafirlərdən bunu tələb edə bilmərik. Ondan başqa, Şəriətə görə namaz qilmayan, oruc tutmayan adamın, yə’ni ki qeyri-müsəlmanın əlinin Qur’ana toxunması belə düzgün sayılmır.

İslam dini yəhudiləri və xaçpərəstləri “əhli-kitab” kimi adlandırır, Qur’anla birlikdə, onların müqəddəs kitablarını da səmavi kitablar kimi qəbul edir. Lakin onlar müsəlman kimi deyillər. Yəhudi dinindən olanlar ancaq öz dinini və müqəddəs kitablarını həqiqi sayırlar. Yəhudi dinindən sonra gələn dinləri, Xrisian və İslam dinlərini bir din kimi qəbul etmirlər, Həzrəti İsanı (ə.s.) və Həzrəti Məhəmmədi (s.ə.s.) həqiqi peyğəmbərlər saymırlar. Bu onların dininin təməlidir. Xaçpərəstlər isə yəhudilərin dinini və müqəddəs kitablarını səmavi kitablar kimi qəbul edirlər. Fəqət, onlar bizim peyğəmbəri həqiqi peyğəmbər kimi qəbul etmir, Qur’anı səmavi kitab saymırlar, İslamın doğru bir din olmadığını söyləyirlər. Müsəlmanlar onları bu məsələdə öz mövqelərini dəyişdirməyə məcbur edə bilməzlər. Bu onların dinlərinin təməlidir.

Ona görə müsəlmanlar nə Roma Papasını, nə bir xaçpərəst keşişini, nə də ki yəhudi ruhanilərini İslam haqqında yaxşı bir rə’y vermələrini, ona hörmət etmələrini tələb edə bilməzlər, onları bunu etməyə məcbur edə bilməzlər. Bunların müsəlmanları və onların dinini pisləmələri adi, təbii bir şey kimi qəbul olunmalıdır. Əksinə hər hansı bir ruhaninin başqa dinləri, başqa məzhəbləri tə’rifləməsi əcaib, səhv bir şey kimi qəbul olunmalıdır.

Elə ki xaçpərəstlərin müsəlmanların müqəddəs kitabına qarşı hərmətsiz davranışları xristian dini əqidəsi nöqteyi-nəzərindən doğru və tə’rifə layiq bir şeydir. Halbuki hər hansı bir müsəlman Qur’anı yandırmaq fikrinə düşərsə bu, müsəlman aləmi üçün böyük bir faciə olmasa da, ancaq ayıb bir şey olar.

Ondan başqa, mən bilən, bu sərsəm amerikalı keşiş Qur’anın ingiliscəyə tərcümə olunmuş kitab nüsxəsini yandırmaq istəyirdi və bütün xaçpərəstləri bu işə təşviq edirdi, “Qur’an yandırmaq hərəkatını” başlamağa çağırırdı. Onun bu hərəkətində Xristian dininə zidd olan bir şey yoxdur. O, demək istəyir ki, bizim din doğru dindir, müsəlmanlarınkı isə doğru din deyil.

Mənim isə demək istədiyim odur ki, bu bir tərcümə kitabıdır, müqəddəs olanı isə ərəbcə yazılmış olandır. Yə’ni ağılca düşünəndə gördüm ki, o kitabın, tərcümənin yandırılmasının nə İslama, nə də ki, müsəlmanlara bir qorxusu, bir təhlükəsi var. Yandırır, qoy yandırsın. Qoy xaçpərəstlər lap iki yüz milyon tərcümə Qur’anı yandırsınlar. Onun bizə təfavütü yoxdur. Bəlkə də biz bundan, hətta, xeyir də qazana bilərik. Yə’ni ki, bizim müsəlman naşirlər ingiliscə, fransızca və almanca Qur’an tərcümələri çap edib, Qərbə satıb mənfəət qazanarlar. Bu yandırmaların bizim dinə heç bir zərəri dəyə bilməz.

Halbuki, bu yaxınlarda İslam aləmi üçün böyük bir fəlakət baş vermişdir, ancaq müsəlmanlar bundan xəbərsizdirlər. Müsəlmanlar, bu faciəli hadisə haqqında lap eşitmiş olsalarsa da onu, əhəmiyyətsiz bir şey sayıblar, çünki Qərb TV kanalları bu haqda sükut saxlayıblar, müsəlmanları qızışdırıb, təhrik etməyib, küçələrə e’tiraz nümayişlərinə çıxmağa də’vət etməyiblər. Mən isə bu faciəli hadisə haqında, bu xəbəri eşidəndə çox mə’yus olmuşdum. Başa düşdüm ki, bu hadisə İslam dininə, İslam mədəniyyətinə, elminə dəymiş böyük, nataraz bir zərbədir, ölçüyə gəlməyən bir fəlakətdir.

Məsələ belə olub. Təxminən bir il bundan qabaq İsraildə çıxan bir qəzetdə, bir məqalədə yazılmışdı ki, ay, yəhudi camaatı sevinin, bir möcüzə baş vermişdir! Yazıya görə Bağdadda qədim əlyazmalar saxlanılan binada yanğın baş verib və orada mühafizə olunan bir milyon vahid nadir əlyazma kitabı yanıb kül olmuşdur. Sonra məqalədə deyilir ki, bütün müsəlman yazılı abidələr məhv olduğu halda, iki nadir yəhudi dini kitabları yanmamış, möcüzəvi bir şəkildə, İsraildə üzə çıxmışdır. Məqaləni yazanın dediyinə görə onların dini həqiqi bir din olduğundan Ulu Tanrı ərəblərin, müsəlmanların əlyazmalarını yandırmış yəhudi kitablarını isə qorumuşdur.

Bir az düşünüb nə baş verdiyini anladım. Eşitmişdim ki, Səddam rejiminin süqutundan sonra Israil İraqa külli miqdarda kəşfiyyatçı göndərib. Onlar orada cürbəcür təxribat işləri ilə məşğuldurlar. Görünür sionist rejim öz casuslarına göstəriş verib ki, o əlyazma saxlanılan binanı qarət etsinlər yəhudilərə aid əlyazmaları götürüb, qalan kitablara od vursunlar. Bunu etməkdə məqsəd İslam dininə, mədəniyyətinə qüvvətli, ölümcül bir zərbə vurmaqdır. Və onlar buna nail oldular.

Fikrimi daha yaxşı bir şəkildə aydınlaşdırım. Bağdad əsirlər boyu İslam aləminin əsas şəhəri olub, dini, elmi və mədəni mərkəzi olub. Deməli, o binada min ildən artıq bir zamanda yazılıb toplanılan yazılı abidələr hamısı yanıb kül olmuşdur. Çap kitabını təzədən çap edib çıxartmaq olar, əlyazmanı isə olmaz. Deməli külli miqdarda dini, elmi, tarixi və ədəbi yazı əsəri birdəfəlik məhv olub getmişdir. Axı bu kitabların böyük əksəriyyəti əlyazma şəklində olub və onlar çox vaxt nadir, təkrarı olmayan əsərlərdir. Bu hadisə nəyinki müsəlmanlar üçün həm də bütün dünya, bütün bəşəriyyət üçün böyük bir faciədir. Ancaq Qərb mətbuatı bu barədə sükut saxlayır, özünü elə aparır ki, guya heç nə baş verməyib. Mənə belə görünür ki, müsəlman aləmində bu məsələyə görə məndən başqa heç bir kəs üzüntü hissi keçirməmiş, heç bir kəs narahat olmamışdır. Bu məsələyə görə bir nəfər də olsa müsəlman küçəyə, e’tiraz nümayişinə çıxmamışdır.

Yə’ni mənim demək istədiyim odur ki, Amerikada bir tərcümə Qu’ran kitabının yandırılmasını böyük bir fəlakət sayanlar heç nədən başı çıxmayan, nadan adamlardır. Görünür ki, müsəlman aləminin mənim kimi bir adamı yoxdur ki, bu qara camaatı başa salsın ki, Bağdaddakı yanğın böyük bir fəlakətdir, amerikalı keşişin kitab yandırmaq fitnəsi isə boş bir şeydir.

Ola bilər ki, bə’zi ruhanilər bunu başa düşürlər. Fəqət, belə görünür ki, şüursuz geniş xalq kütləsinin rəğbətini qazanmaq üçün, onlar düşmən mətbuatının ovsunladığı müsəlman camaatını küçəyə çıxarır, mə’nasız işlərlə məşğul olmağa vadar edirlər.

Yə’ni ki, yüz milyon çap Qur’an kitabının yanması, bir vahid əlyazma kitabının yanması qarşısında heç bir şeydir. Hətta dünyada olan bütün Qur’an kitab nüsxələri həm əlyazma, həm çap kitabları yansa, məhv olsa belə bu, İslam dininə böyük bir zərbə vurmaz, din itməz, çünki müsəlman aləmində çoxlu hafizlər var. Onların vasitəsi ilə Qur’anı bərpa etmək olar. Ancaq o, Bağdadda yanan əlyazmaların çoxu birdəfəlik gediblər.

Hərçənd, məndə, ürəyimdə, az da olsa, bir ümid yeri var ki, bu tamamı ilə uydurulmuş bir əhvalatdır, başdan ayağa yalandır. Təki belə olsun.

Bir də eşitmişəm ki, bir neçə il bundan qabaq İsrail rejiminin hökumət nümayəndələri oturub, tam ciddiyyətlə, Məkkəyə atom bombasını atmaq işini müzakirə edirdilər. Ataq, ya atmayaq? Onlar bunu etməklə İslam dininə birdəfəlik son qoymaq istəyirdilər. Sionistlər məşvərət və məsləhət edib belə fikrə gəldilər ki, Məkkəni yerlə yeksan etmək işi sionizmə bütün dünyada bir dəfəlik zəfər qazandıracaq.

Ancaq onlar sonradan bu fikirdən vaz keçdilər. Qərara gəldilər ki, bu iş, İsrailə xeyir gətirməkdən çox, zərər verə bilər.

Ondan başqa, bu yaxınlarda, bir sələfi dəstəsi e’lan etmişdi ki, onlar, Almaniya, Avstriya və İsveçrədə, oranın xaçpərəst camaatına alman dilinə tərcümə olunmuş Qur’an nüsxələrini, pulsuz şəkildə, paylayacaqlar. Onlar söz veriblər ki, iyirmi beş milyon nüsxə kitab bu şəkildə havayı paylanılacaqdır. Bu kitablar Almaniyada bir qeyri-müsəlman nəşriyyatına sifariş edilmişdir. Onların dediyinə görə, guya, bu iş xristianlarda müsəlmanlara qarşı rəğbət hissi yaratmaqdan ötrü edilir.

Bu iş Fars körfəzi, vəhhabi dövlətləri tərəfindən maliyyələşdirilib. Məncə, bu da, mə’nasız bir işdir, lazımsız bir təşəbbüsdür. Avropanınn əhalisi varlıdır, kitab almağa imkanı vardır. İstəsələr, bu onlara lazımsa, gedib o cür tərcümə kitablarını dükandan ala bilərlər. Qərb ölkələrin hər yerində, hər dildə Qur’an satılır. Kitab satılırsa, nəşriyyatlar alıcını tə’min etməkdən ötrü külli miqdarda kitab çap edə bilərlər. Təki alınsın. Mən bilirəm ki, xaçpərəstlər həm keçmişdə, həm də indi müsəlmanları sevmirlər. İstər Qur’anı oxumuş olsunlar, istər oxumamış olsunlar, fərqi yoxdur.

Mənim yadıma bir rus gəldi. Biz bir mehmanxanada qalırdıq. O, bir gün mənə dedi ki, mən bir xristian olaraq müsəlmanlara və onların dininə nifrət edirəm. Müsəlman dini yalan bir şeydir. Bilirəm ki, Qu’ran yalan danışır. Ancaq, məsələ ondadır ki, mən Qur’anı oxumamışam, bilmirəm orada nə yazılıb. Gəl sən otur, mənə bu kitabda yazılanları danış ki, mən bilim nə üçün İslam dini pis dindir, nəyə görə mən müsəlmanları sevmirəm.

Bu lətifə deyil, həqiqi bir əhvalatdır.

Bundan belə nəticə çıxartmaq olar ki, xaçpərəstlər, ələlxüsus, ağ irqdən olanlar özlərindən başqa heç kəsi sevmirlər. Onlarda başqa millətlərə qarşı olan kin və nifrət anadangəlmə bir şeydir, təbii bir şeydir. Onların bu xasiyyətini dəyişmək mümkün deyil. Onlarda müsəlmanlara qarşı olan nifrət də irqi bir şeydir.

Bir misal gətirim. Bir müsəlman jurnalist öz amerikalı həmkarına dedi: “İyirmi il ərzində, Amerikanın İraqa qarşı apardığı düşmənçilik siyasəti nəticəsində orada dərman qıtlığından üç milyon uşaq ölmüşdü. Bundan başqa, Səddam rejiminin süqutundan sonra əlavə, bir milyondan çox İraqlı da ölmüşdü. Amerikanın camaatı buna necə baxır?” Amerikalı buna belə cavab verdi: “Amerika camaatı bunu vecinə almır.” Müsəlman jurnalist soruşdu: “Nə üçün?” Amerikalı cavabında dedi: “Çünki İraqlılar qarabuğdayı adamlardır. Ağ Amerikalılar o cür adamları sevmirlər.”

Yaxşı olardı ki, o kitab paylama təşəbbüsünün müəllifləri (sələfilər) varlı, tox almanlara kitab hədiyyəsi vermək əvəzinə, gedib, müsəlman ölkələrində yaşayan ac camaata əl uzadaydılar, bir işdə onlara kömək edəydilər. Mən, o kitabları gördüm, qalın cildli kitablar idi. İyirmi beş milyon kitabın maliyyəti yəqin ki, yüz milyon dollardan çox ola bilər. O pula kasıb müsəlman ölkələrində bir neçə böyük fabrik, iş yeri yaratmaq olardı. Ancaq, bu riyakarları həqiqi, lazımlı işlər maraqlandırmır. Onların işi hay-küy salmaq, fitnə-fəsad yaratmaqdır, gözdən pərdə asıb öz həqiqi niyyətlərini gizlətməkdir.

Tarixi məxəzlərə əsasən Britaniyanın Müstəmləkələr Nazirliyi katibinin, Vilyam Qlədstounun XIX əsrdə mətbuatda dərc olunmuş fikirləri bu olub: “O vaxtacan ki, müsəlmanların əlində Qur’an kitabı var biz onlara ağalıq edə bilməyəcəyik. Ona görə biz ya onu onların əlindən almalıyıq, ya da ki, onların ona olan rəğbətinə son qoymalıyıq”.



Bundan əlavə daha bir şey yadıma düşdü. Sovet çağında, Buxarada ev tikmək üçün yer qazanda tez-tez yerin altında basdırılmış Qur’an kitabları çıxırdı. Bir tarixçi mənə bunun səbəbini başa saldı. Stalin əmr vermişdi ki, hər hansı bir müsəlmanın evindən Qur’an kitabı tapılsa, onu e’dam etsinlər. Müsəlmanlar güllələnilmək qorxusundan, sağ qalmaqdan ötrü Qur’anları yerə basdırırdılar, çünki onlar Kitabın tullanmasının, zibilliyə atılmasının böyük bir günah olmasından agah idilər.
***
HƏDİS: RUM QEYSƏRİ HİRAKLİYUSUN ƏBU SÜFYAN VƏ YOLDAŞLARI İLƏ GÖRÜŞMƏSİ, PEYĞƏMBƏRİMİZ VƏ MÜSƏLMANLARA DAİR İBN ABBAS HƏDİSİ; RƏSULİ-ƏKRƏMİN RUM QEYSƏRİ HİRAKLİYUSA GÖNDƏRDİYİ MƏKTUBU-ŞƏRİFİ.

Əbu Süfyan ibn Hərb mənə xəbər verdi ki, Qüreyş karvanı içində olduğu sırada ona Rum Qeysəri tərəfindən bir elçi gəldi. Bunlar Şama ticarətə gedən tacirlər idi. O vaxt Əbu Süfyan və Qüreyş kafirləri ilə Rəsullulah arasında sülh (Hüdeybiyə) müqaviləsi bağlanmışdı. Herakliyus onları İlyaya (Beytülmüqəddəsə), məclisinə çağırmışdı. Rumun bütün böyükləri orada onun ətrafında durmuşdu. O, hüzuruna tərcümanın gəlməsini əmr etdi. Tərcümandan: “Peyğəmbərəm deyən bu şəxsə qohumluğu sarıdan ən yaxın olan hansınızdır”, -- deyə soruşdu. Əbu Süfyan dedi: “Nəslinə görə ən yaxını mənəm”. Bundan sonra Hirakliyus: “Onu mənə yaxın gətirin. Yoldaşlarını da yaxına gətirin. Lakin arxasında dursunlar” dedi. Ondan sonra üzünü tərcümanına çevirib dedi ki, bunlara söylə, mən bu şəxs haqqında bu adamdan bə’zi şeylər soracağam. Mənə yalan söyləyərsə təkzib etsinlər. Əbu Süfyan dedi ki, “Vallahi, yoldaşlarım yalanımı orada-burada söyləyərlər dəyə utanmasaydım onun (yə’ni Rəsulullah) haqqında yalan uydurardım.” Ondan sonra mənə ilk sorduğu bu oldu: “Sizin içinizdə əsil-nəsəbi necədir?”, “Onun içimizdə nəsəbi çox böyükdür, -- dedim. “Sizdən bu sözü, ondan əvvəl söyləmiş (yə’ni ondan əvvəl peyğəmbərlik davası etmiş) bir kimsə var idimi?”, -- dedi. “Yox idi”, -- dedim. “Əcdadı içindən heç bir məlik gəlmişdimi ?”, -- dedi. “Xeyir”, -- dedim. “Ona tabe’ olanlar xalqın əşrəfimi, yoxsa kasıblarıdırmı?”, -- dedi. “Xalqın (eşrəfi deyil) kasıblarıdır”, -- dedim. “Ona tabe’ olanlar artırmı, yoxsa əskilirmi?”, -- dedi. “Artır (əskilmir)”, -- dedim. “İçlərində onun dininə girdikdən sonra bəyənmədiklərinə görə rədd edən vardırmı?”, -- dedi. “Yoxdur”, -- dedim. “Bu dediyini deməzdən (yə’ni dinə də’vətdən) əvvəl onu heç yalan ilə ittiham etdiyiniz olubmu”, -- dedi. “Xeyr”, -- dedim. “Heç əhdini pozubmu?”, -- dedi. “Xeyr əhdini pozmaz, ancaq biz indi onunla bir müddətə qədər əhd-peyman halındayıq. Bu müddət içində nə olacaq bilməyirik”, -- dedim. Əbu Süfyan deyir ki, bu əsnada, özümdən onun əleyhinə bir şey qatmağa imkan tapa bilmədim. “Onunla heç dava etdinizmi” dedi. “Bəli etdik”, -- dedim. “Onunla savaşmanın nəticəsi necədir?”, -- dedi. “Aramızda müharibə növbə ilədir. Gah o bizə qalib gələr, gah biz ona qalib gəlirik”, -- dedim. “Yaxşı, sizə nə əmr edir?”, -- dedi. “Bizə yalnız Allaha ibadət edin, heç bir şeyi Ona şərik qoşmayın. Əcdadlarınızın ibadət etdiyini tərk edin deyir. Bizə namazı, sədəqəni (zəkatı), sidq və iffəti, qohumluq tellərini kəsməməyi əmr edir”, -- dedim. Bundan sonra tərcümana dedi ki, ona söylə, soyunu, nəslini sordum. İçinizdə ali nəsəb olduğunu dedin. Peyğəmbərlər də adətən belə soy və nəsil içindən göndərilmiş olunur. İçinizdən bu sözü ondan qabaq söyləmiş heç bir kimsə olubmu, soranda “Xeyr”, -- dedin. “Ondan əvvəl bu sözü söyləmiş bir kimsə olsaydı bu da özündən əvvəl söylənmiş bir sözü təkrar etmiş bir kimsədir”, -- deyə bilərdim deyə düşünürdüm. “Ataları və əcdadı içində heç bir məlik gəlmişdirmi”, -- deyə soranda, “xeyr”, dedin. “Ata və əcdadından bir məlik olsaydı bu da atasının mülkünü geri istəmək üçün çalışan bir kimsədir” deyə hökm edərdim. “Bu peyğəmbərlik iddiasından əvvəl onun bir yalanını tutmuşdunuzmu?”, deyə sordum. “Xeyr”, dedin. Mən isə anladım ki, xalqa yalan söyləyəcək biri deyildir. Ona tabe’ olanlar xalqın əşrəfimi, yoxsa kasıbıdır? -- deyə sordum. Ona tabe olanlar kasıblar olduğunu söylədin. Adətən, peyğəmbərlərə tabe’ olanlar onlar olur. Ona tabe’ olanlar artırmı, yoxsa əskilirmi?”, deyə sordum. “Artır”, dedin. İman ehkamı da tamam oluncaya qədər tam bu minval üzrə gedər. İçərilərində onun dininə girdikdən sonra bəyənməyib rədd edən vardırmı?”, deyə sordum. “Xeyr”, dedin. İman alovu qəlbə girib kök atdıqca belə olur. “Heç qədr edərmi (sözünün üstündə durmama)?”, deyə sordum. “Xeyr”, dedin. Peyğəmbərlər de belədir, qədr etməzlər. “Sizə nə əmr edir?”, deyə təkrarən sordu. Yalnız Allaha ibadət edib, Ona heç bir şeyi şərik etməməyi bizə əmr etdiyini, namaz, zəkat, sidq və iffət əmr etdiyini söylədim. Buna Herakliyus dedi: “Əgər bu dediklərin doğru isə o, bu ayağımı basdığım yerlərə qədər malik olacaqdır. Həqiqətən bu peyğəmbərin zühur edəcəyini bilirdim. Lakin sizdən olacağını təxmin etməzdim. Onun nəzdinə vara biləcəyimi bilsəm Zatı-şərifi ilə mülaqat (görüşmə) üçün hər cür zəhmətə qatlanırdım. Yanında olsaydım ayaqlarını yuyardım”. Ondan sonra Hirakliyus, Dihya vasitəsi ilə Busra əmirinə göndərilən və Qeysərə müraciət olunan Rəsullahın məktubunu istədi. Gətirən adam onu Hirakliyusa verdi. O da oxudu. Məktub: Bismillahirrəhmanirrəhim! Allahın qulu və Rəsulu Məhəmməddən Rumun böyüyü Hirakliyusa. Hidayətə tabe’ olanlara salam olsun. Sonra, səni müsəlmanlığa də’vət edirəm. Dairəyi-İslama gir ki salamatda qalasan və Allah Təala sənə əcri-xeyrini (mükafatını) iki qat versin. Əgər qəbul etməsən (fağır) kəndlilərin günahı sənin boynundadır.

Əbu Süfyan deyir ki: "Hirakliyus deyəcəyini dedikdən və məktubu-şərifin qiraətini bitirdikdən sonra yanında gurultu çoxaldı. Səslər yüksəldi. Biz də yanından çıxarıldıq. (Yoldaşlarımla yalnız qalınca) onlara dedim ki, İbn Əbi-Kəbşənin (yə’ni Rəsullahın) işi həqiqətən əzəmət peyda edir. (Baxsanızsa) Bəni Əsfər məliki (Rumun başçısı) ondan qorxur. Artıq Rəslullahın qalib gələcəyinə inanmağa başladım ta ki, Cənabı Haqq İslamı (və e’tiqadı) qəlbimə idxal edincəyə qədər”.

Beytül-Müqəddəs sahibi və Hirakliyusun dostu olub Şam nəsranilərinə (xaçpərəstlərinə) baş keşiş tə’yin edilən İbnün-Nətür də Hirakliyusdan bəhs ilə deyirdi ki: Hirakliyus Beytül-Müqəddəsə gəldiyi zaman (günün birində) ziyadə gəmli göründü. Keşişlərdən bə’ziləri ona "Sənin halını başqa cür görürük" dedilər. İbnün-Natür deyir ki: Hirakliyus nücum elmini bilən, kahinliyə aşına bir kimsə idi. Bu suala mə’ruz gəlincə onlara: "Bu gecə nücuma baxdığımda öyrəndim ki, xitan məlikini (sünnət edənlərin padşahını) zühur etmiş gördüm. Bu ümmət içində sünnət olanlar kimlərdir?" deyə sordu. "Yəhudilərdən başqa sünnət olan yoxdur. Onlardan daha əndişə etmə. Bizə tabe’ olan şəhərlərə yaz, oradakı yəhudiləri qətl etsinlər", -- dedilər. Bu vaxt, Hirakliyusun hüzuruna Ğassan məliki tərəfindən Rəsullulaha dair xəbərə mə’mur olaraq göndərilmiş bir adam gətirdilər. Hirakliyus o adamdan havadis alınca "Gedin də bu adam sünnət olubmu, olmayıbmı? baxın", -- dedi. Baxdılar və sünnətli olduğunu bildirdilər. Sonra gələn adamdan "Ərəb tayfası sünnətlidirmi?" deyə sordu. "Sünnət olurlar" cavabını aldı. Onda Hirakliyus "Bu ümmətin məliki bax zühur etmişdir" dedi. Ondan sonra Hirakliyus Rumda öz naziri olan bir dostuna məktub yazıb Hımsa getdi. Hımsdan ayrılmadan o dostundan Həzrəti Nəbinin zühur etdiyi və Zatı-şərifinin Nəbi olduğu haqqındakı rə’yinə müvafiq bir məktub gəldi. Mütəaqibən (ardınca) Hirkaliyus Hımsda kain (var olan) bir qəsrinə üzamaı-Rumu (Rumun böyüklərini) də’vət edərək qapıların bağlanmasını əmr etdi. Sonra yüksək bir yerə çıxıb "Ey Rum camaatı, bu zata bey’ət edib də rifaha və rüşdə nail olmağı və mülkünüzün paydar (daimi) olmasını istəyirsinizmi?" deyə xitab etdi. (Camaatı) vəhşi eşşəklər kimi sürətlə qapılara doğru qaçdılarsa da qapıları bağlanmış gördülər. Hirakliyus görəndə ki, onlar imanlarından dönməyəcəklər mə’yus oldu: "Bunları geri qaytarın" deyə əmr etdi və (onlara): "Mən bu sözləri sizin dininizə olan e’tibarınızı yoxlamaq üçün söylədim. (Bunu isə) gözümlə gördüm", dedi. Bu sözdən sonra oradakılar razı oldular, məmnuniyyətliklərini bildirdilər, ona tə’zim etdilər. Hirakliyusun (imana də’vət olunması) haqqındakı xəbərin sonu da bundan ibarətdir.

(Səhihi Buxari)
İslamda Qur’andan sonra gələn ən vacib və ən mühüm yazılı abidələr hədislər məcmuəsi, toplusu olan kitablarıdır. Onlar Peyğəmbərin və onun ardıcıllarının gördükləri işlər və söylədikləri fikirlərlə bağlı rəvayətlərdir.

Bir Qərb ölkəsində, kitab dükanında mənə, kiçik ölçülü, müxtəsər “Səhih əl-Buxari” kitabı rast gəldi. İki dildə idi, ingilis və ərəb. Qeydlər də əlavə olunmuşdu. Kitabın qiymətinin ucuz olması məni təəccübləndirdi. Görünür, böyük sayda çap olduğuna görə kitabın qiymətini aşağı salmağa imkan tapıblar. Pakistan əsilli satıcıdan soruşdum ki, məni, ələlxüsus, hədisi-qüdsi olanlar maraqlandırır. O, məni başa saldı ki, onlar o biri hədislərin arasındadır, hamısı kitabın içindədir. Müxtəsər adlandırılması hədislərin məzmunun ixtisar olması demək deyil, təkrarların ixtisarı deməkdir. Yə’ni, geniş olanını, səkkiz cildəkini almaq, saxlamaq çətin şey olduğu halda bu cürəsi daha əlverişlidir. Çox sevincək, kitabı aldım. Satıcı da mənim sevinc hissi keçirtdiyimi, məmnun olduğumu görəndə, o da sevindi və gülümsədi. O kitabı evə, mehmanxanaya aparıb iki dildə olan mətnləri, bir-biri ilə tutuşdura-tutuşdura, iki-üç günə, həvəslə, axıra qədər oxudum.

Bir neçə səbəblərə görə bu cür hədis kitablarının, dünya tarixində, ədəbiyyatda tayı-bərabəri yoxdur. Bir səbəbi ondadır ki, üstündən min dörd yüz il keçmiş hadisələr, Həzrəti-Rəsulun və onun yaxınlarının, silahdaşlarının sözləri, əməlləri, fikirləri, bu hədis məcmuələri vasitəsi ilə e’tibarlı mənbələrdən günümüzə qədər gətirilib çatdırılmışdır. Təkcə elə bu səbəbə görə o qeyri-adı bir kitabdır, tayı-bərabəri yoxdur. Daha o biri səbəblərini sadalamağa ehtiyac yoxdur.

Bu yaxınlarda, dükanlarda, İmam Məhəmməd Buxarinin bu kitabının, bir cildə, Rusiyada çap olunmuş nəşrini də gördüm. Kitab, həm həcmcə nataraz idi, həm də ərəbcə olan mətni yox idi. Halbuki, ərəbcəsinin olmamağı bu nəşrin böyük qüsurudur.

Lap bu yaxınlarda Bakının bir kitab dükanında bu hədis məcmusunun bizim dilə tərcümə edilmiş kitabını gördüm. O, min nüsxə ilə çap edilmişdir.

***
Mənim kitab mövzusunun üzərində çox durmağım, uzun-uzadı danışmağımın səbəbi ondadır ki, bu həyatda kitabdan başqa heç kəsi dost saymamışam. Yə’ni, yeganə dostlarım kitablar olub. Həyatda nə xeyir görmüşəmsə kitablardan görmüşəm. Mənim müəllimlərim də, elə kitablar olub. Nə Bakıda yaşadığım dövrdə, nə də ki səyahətlərimdə dərin biliyi olan hikmətli, arif adama rast gəlməmişəm. Zəmanə belə adamları yetirə bilmir. Ancaq uzaq keçmişlərdə belə adamlar çox olub. Onlar qədim zamanlarda Babilistanda, Misirdə, Hindistanda, Çində və müsəlman dünyasında mövcud olublar. Bu gün isə biz onların biliyini, hikmət dolu sözlərini, fikirlərini təkcə, kitab vasitəsi ilə, oxumaqla əldə edə bilirik.

Fəqət kitab da var, kitab da var. Adamların səviyyələri olduğu kimi, kitabların da səviyyələri var. Hər bir kitabın, ağıllı, mə’nalı kitabın da, mə’nasız, axmaq kitabın da, öz müştərisi var.

Uşaq olanda kitabxanadan bizim milli nağıllarımızı alıb oxuyurdum. Məncə, onların dünyada tayı-bərabəri yoxdur. Ələlxüsus, sehrli nağılları sevirdim. Məhəbbət dastanları da xoşuma gəlirdi.

Yeniyetmə yaşında olanda dinə və əxlaqa aid bə’zi məsələlər məni çox narahat edirdi. Buna görə, fikrimdə, xəyalımda yaranan bu cür suallara cavab verə bilən, mənə yol göstərən, arif adam axtarırışında idim. Lakin mənə həyatın mə’nasının nə olduğunu başa sala bilən adamı tapa bilmirdim. Ətrafımda mənim müşküllatımı həll edə biləcək birisi yox idi.

O vaxt yazıçı olanları ağıllı bilirdim. Düşünürdüm ki, əgər bədii ədəbiyyat ustaları ilə görüşə bilsəm, onlar anlamadığım şeyləri mənə başa sala bilərdilər.

Sonralarda başa düşdüm ki, bədii əsər yüngül ədəbiyyat növünə aid olub, əyləncə üçün, oxuyub fikrini dağıtmaq üçün olan bir şeydir. Elə ki məncə, on səkkiz yaşdan sonra vaxtını bədii ədəbiyyat oxumağına sərf edən ağıldan kasıb, dərrakəsi zəif olan bir şəxsdir. Fəqət, uşağın, qadının bədii əsərləri oxumağı üzürlü sayıla bilər. Uşaqlıqda o cür əsərləri oxumağın, hətta, xeyri də var, çünki, uşaq onlardan yazıçılıq sənətinin sirlərini öyrənib, yazıçılıq peşəsini mənimsiyə bilər. Elə ki bu kitablarla tanış olduqdan sonra, gələcəkdə ciddi kitablar yazmaq istəyən bir fərd, bu ibtidai biliklərdən istifadə edə bilsin. Mənim demək istədiyim odur ki, dini, irfani, fəlsəfi, elmi və tarixi əsərləri, məşhurların tərcümeyi-hallarını oxumaqla təzə bir şey öyrənmək olar, bədii əsərlər isə uydurma hadisələr, həqiqətdə olmayan əhvalatlardır ki, onlar adamı xəyallar aləminə aparırlar. Qorxusu var ki, belə xəyallar aləminə qərq olan adam bütün ömrünü bu cür xülyalar içində keçirsin, bu uydurulmuş əhvalatların tilsimindən, zəhərindən canını qurtara bilməsin. Deyirlər ki, həqiqət acı, yalan isə şirindir. Həqiqətlə üzləşə bilməyən, həqiqətin acılığını qəbul etmək istəməyən zəif adam fikrini dağıtmaq üçün çarəni içkidə, nəşədə və ya da bədii ədəbiyyatda tapır.

Hələ gənc yaşımda anladım ki, bədii əsər yazan yazıçı, sıravi, adi adamlardan heç bir şeylə fərqlənməyən bir fərddir. Bu cür yazıçının, elə adamın mə’nəvi məsələlər barəsində heç bir anlayışı, biliyi yoxdur. Eləsi öz dərdinə dəva tapa bilməyəndə, özünün şəxsi həyatında qarşılaşdığı müşkülü çözə bilməyəndə, müşküllatını həll etməyi bacarmayanda, başqasına necə kömək edə bilər? Daha sonralarda anladım ki, mənim yolum din yoludur. Başa düşdüm ki, mənə gərəkən adam, məni narahat edən suallara cavab verə bilən dini və əhlaqi məsələləri mənim üçün həll edə bilən, hikmət və kəramət sahibi olan birisi olmalıdır.

Sovet İttifaqında rus bədii ədəbiyyatı geniş şəkildə təbliğ olunurdu. Ruslar, öz yazıçıları ilə hədsiz dərəcədə fəxr edirdilər. Onları Qərbi Avropa yazıçılarından üstün kimi göstərmək istəyirdilər. “Qərb ədəbiyyatından fərqli olaraq, rus ədəbiyyatı mə’nəvi, ruhani ədəbiyyatdır”, deyirdilər. Rusiyada bu fikrin ilk dəfə kim tərəfindən söylənməsini öyrənmək istədim, amma tapa bilmədim. Məncə bunu ilk dəfə deyən adam mason, dini-imanı olmayan birisi olub. Bu fikri söyləməklə o, rusları, vətəndaşları çaşdırmaq istəyirdi. Dünyəvi ədəbiyyat ruhani ola bilməz, çünki o, dünyəvi məsələlərlə məşğul olur. Yalnız müqəddəs kitablar, dini, irfani əsərlər ruhani ədəbiyyat növünə aid edilə bilər. Dünyəvi bədii ədəbiyyat isə, yüngül, puç, batil ədəbiyyat növündəndir.

Adamın sözü əməli ilə düz gəlməlidir. Necə deyərlər, əməlsiz sözdə fayda olmaz. Elə ki hər bir yazıçı və şair yazdığı sözə görə deyil həyat tərzinə görə qiymətləndirilməlidir. Paxıl, həyasız, şərəfsiz, ləyaqətsiz, namussuz və əxlaqsız adamda qafiyəli, gözəl şe’r qoşmaq və nəsr əsəri yazmaq qabiliyyəti ola bilər. Amma yazıçılıq bacarığı və şairlik iste’dadı, özü-özlüyündə, əməlisaleh olmayan adama, heç bir halda, bəraət qazandıra bilməz.

F.Dostoyevski rus yazıçısı olub. Həm çar vaxtı, həm də bu gün masonlara xidmət edən, ruhani, mə’nəvi ədəbiyyatı sevməyən dinsiz ədəbiyyatşünaslar, tənqidçilər Dostoyevskinin yazdığı kitabları tə’rifləyib dururlar, ədibin yazıçılıq məharətinə görə xalqın ona qibtə etməsini istəyirlər. Halbuki onun bir şəxs kimi həqiqi kimliyinin nə olduğunu bilmək üçün onun yazısısına, sözünə, kitabına deyil, həyat tərzinə baxmaq lazımdır. Dostoyevski qumarbaz adam olub. Qumarın xəstəsi olub. Yazdığı kitablardan qazandığı pulu Almanyanın qumarxanalarında xərcləyirdi. Bundan başqa onun işi əyyaşlıq olub ki, o, boş vaxtını Sankt-Peterburqun fahişəxanalarında keçirtməyi sevirdi. Dostoyevskidən soruşurdular ki, fahişələrin yanına nə üçün tez-tez gedirsən. O, bunun cavabında deyirdi, məni, belə qadınların bədənlərindən daha çox, onların təmiz qəlbləri maraqlandırır. İndi, bax bu cür adamdan oxuyucular, gənclər nə öyrənə bilərlər. Belə yazıçı onlara nə yol göstərə bilər. Qumardanmı, yoxsa fahişələrdənmi söz açacaq?

Rusiya dövləti üç sütun üzərində dururdu: çar sülaləsi, əyanlar və ruhanilər. Bu üç zümrə hakim təbəqəni təşkil edirdi. Bu hakim təbəqəyə müqabil olanlar isə Rusiyanın inqilabçıları idilər. Bunlar, bu üsyan tərəfdarları iki qismə bölünürdü. Birinci qism, burjua inqilabı tərəfdarları idilər. Elələrinə himayə edənlər Rusiyanın burjuaziyası, kapitalistləri olub ki, bunlar bu üç zümrəni kənar edib dövlətdə öz hakimiyyətlərini bərqərar etmək istəyirdilər. İkinci qisim, bolşeviklər, daha ifratçı inqilabçılar növündən idilər ki, bunlar cəmiyyətdə daha kəskin dəyişiklər etməyin tərəfdarları idilər. Bu, ikinci qisim isə Qərbin mason dairələri tərəfindən himayə olunurdu. Görünür ki, Qərbin təcavüzkar, cahangir dövlətləri niyyət, arzu edirdilər ki, bu ifratçı siyasi hərəkat vasitəsi ilə, inqilab vasitəsi ilə Rusiyanı güclü, vahid bir dövlət kimi yox etsinlər, onu, aradan aparsınlar.

İnqilabçılar, mason mahiyyətli dairələr hakimiyyətə gəlməklə dinsiz, imansız bir dünya, Yeni Dünya Nizamını qurmaq istəyirdilər. Bunlar bu məqsədə nail olmaq üçün, uzun illər ərzində, mətbuat vasitəsi ilə güclü təbliğat aparır, qara camaatın gözündə yuxarıda qeyd olunan üç hakim zümrəni nüfuzdan salmağa çalışırdılar.

Çar vaxtı, inqilabçılıq təmayüllü jurnalistlər, qəsdi-qərəzliklə, yazıçıları, bəstəkarları, şairləri, rəssamları, müğənniləri, artistləri, rəqqasları və başqa sənət adamlarını tərifləyir, onları, ictimaiyyətə Rusiyanın qabaqcıl adamları kimi təqdim edir, qələmə verirdilər. Yə’ni, onlar Rusiya əhalisini inandırmağa çalışırdılar ki, Köhnə Dünya Nizamında cəmiyyətin qabaqda gedənləri peyğəmbərlər, övliyalar və ruhanilər olublarsa, bu Yeni Dünya Nizamında isə daha onlar olmayacaqlar. Onların yerini sənət adamları tutacaq və elələri – artistlər, rəqqasələr, yazıçılar, müğənnilər, hoqqabazlar sizə rəhbərlik edəcək və sizi “işıqlı gələcəyə” aparacaqlar. Məsəl üçün, onlar yazıçı Qraf Tolstoyu tərifləyir, onun şəxsiyyətinin əhəmiyyətini şişirdir, onu cəmiyyətin gözündə nəhəng bir adam, millətə “məşəl tutan”, düzgün yol göstərən adam kimi qələmə verirdilər. Elə ki, axırda, bu adamın ruhi, daxili müvazinətini pozdular. Və nəticədə bu yazıçı məğrurlaşmağa, kibirli olmağa, özünü hamıdan üstün tutmağa, hamıdan ağıllı saymağa, az qala özünü peyğəmbər sanmağa başladı. Kibirli olmaq isə bir xəstəlik kimi bir şeydir. Tolstoy din məsələlərində də özünün biliyini din adamlarından, kilsə xadimlərinin biliyindən artıq olduğunu zənn etməyə başladı. Və, axırda, o, təzə bir din yaratmaq arzusuna düşdü.

Pravoslav kilsə rəhbərliyinin onu lənətləndirməsi, onu kafir e’lan etmə məsələsi din xadimlərini rus cəmiyyətinin gözündə nüfuzdan saldı. Tolstoyun pravoslav kilsəsi başçıları ilə kəllə-kəlləyə gəlməsi, o vaxtın Rusiyasında, onun hər sözünə qulaq verən cəmiyyətdə, böyük bir əks-səda yaratdı, beyinlərdə çalxalanmalara gətirib çıxartdı. Buna görə Tolstoyun bu hərəkətləri inqilabın önünü açan əsas amillərdən biri olub. Çox tarixçilər bunu belə dəyərləndirmişdilər.

O vaxt pravoslav keşişlər haray salırdılar, rusları Tolstoy kimilərinə uymamağa çağırırdılar. “Masonlar, düşmənlər bizim müqəddəs Rusiya dövlətini dağıtmaq istəyirlər”, deyirdilər. Ancaq camaat artıq nüfuzdan düşmüş din xadimlərinin sözünə baxmırdı, xəbərdarlıqlarını qulaq ardı edirdi. Rusiya dağıldı, rusların milli pravoslav dövləti bir dəfəlik getdi, əbədiyyətə qovuşdu.

Mənə görə Tolstoyun yazıları arasında yalnız “Hacı-Murad” dastanı diqqətə layiq bir əsərdir, ki bu, mənə görə, onun yazdığı bəlkə yeganə dəyərli kitabdır. O, bu kitabı otuz ilə yazıb tamamlamışdı. Əsər istilaçı rus ordusuna qarşı vuruşan Şeyx Şamilin silahdaşı və naibi Xacı Muradın tərcümeyi-halı mahiyyətini daşıyır. Bu bir yazıçının uydurması deyil, həqiqi bir əhvalat olduğu üçün və bir mücahidin həyatından, mübarizəsindən danışdığı üçün əməmiyyətli bir əsərdir.

Tolstoy Şimalı Qafqazda əsgərlik xidmətində olub. Bir xatirəsində yazırdı ki, orada o, rus ordusunun müsəlman əhaliyə qarşı törədikləri saysız-hesabsız hərbi cinayətlərinin şahidi olub. Yazıçıya görə bu hadisələr o qədər dəhşətli idi ki, bu təsəvvüredilməz vəhşilikləri qələmə almaq, sözlə təsvir etmək mümkün deyil.

O dövrdə, Qafqazda, bizdə də inqilab tərəfdarları olan dairələr mövcud idi. Bunların aralarında qələm adamları, üdaba çox idi ki, onlar müsəlmanları təhrik edir, üsyana çağırırdılar. Halbuki, bu inqilabın düsturunu yazanlar, xarici qüvvələr, Avropa masonları olub. Bu, yelbeyin, sadəlövh inteliqentlər inqilabı hazırlayanların məqsədlərinin, niyyətlərinin nə olduğunu, bilmirdilər.

“Köhnə kişilərin” söylədiklərinə görə Nikolay vaxtı, Rusiya güclü iqtisadı inkişaf dövründə idi. O vaxt, Qafqazda, müsəlmanlar böyük bir nüfuza malik idilər, hədsiz dərəcədə varlı olub, firavan həyat sürürdülər. Bizim millətin bədbəxtçilikləri, qətli-amlar, qırğınlar, aclıq və səfalət dövrü inqilabdan sonra başladı, onun sayəsində başladı. Necə deyirlər, ara qarışdı, məzhəb itdi. Müsəlman cəmiyyəti dağıldı, məhv oldu, aradan millət getdi. Masonlar, sionistlər və daşnaklar qazanc əldə etdilər, bizim millət isə, müsəlmanlar, itirdilər.

Mənim demək istədiyim odur ki, keçmişdə camaat Peyğəmbəri (s.ə.s.), İmamları, xəlifələri, övliyaları və ruhaniləri özlərinə rəhbər seçmişdilər. Padşahlar, sultanlar sarayda öz yanlarında din xadimlərini, şeyxləri saxlayıb, çətin vəziyyətlərdə, siyasi və dini məsələlərdə onlardan məsləhət alırdı. XX əsrdə isə inqilablar dünyanı sarsıtdı, Köhnə Dünya Nizamı pozuldu, dünya dəyişdi, hər şey alt-üst oldu, din adamları nüfuzdan düşdü. Elə ki bu gün camaat müğənnilərin, yazıçıların, şairlərin, artistlərin sözlərini rəhbər tutaraq onların pozğun həyat tərzini təqlid edir, onlara oxşamaq istəyirlər. Köhnə Dünya Nizamında meydan peyğəmbərlərin, övliyaların və ruhanilərin olduğu halda, bu günün Yeni Dünya Nizamında meydan yüngül adamların, sənət adamlarının: yazıçıların, artistlərin, rəqqasələrin, müğənnilərin, musiqiçilərin, təlxəklərin və hoqqabazlarındır.
***
Londonun türklər yaşayan məhəlləsində bir türk kitabxanası var. O şəhərdə yaşayanda, bir gün, ora getdim. Kitabxana böyük miqdarda marksist ədəbiyyatı ilə təchiz edilmişdi. Rəflərdə yüzlərlə Marks, Enqels, Lenin, Stalin və başqa inqilabçıların kitabları yer tutmuşdu. Müdirdən soruşdum ki, bu nə məsələdir. Dedi ki, oxuyucular elə bunları oxuyur, başqa şey oxumaq istəmirlər. Təklif etdim ki, əgər o, bu marksist ədəbiyyatını bir yerə yığıb yandırsa, savab iş görmüş olar. Müdir isə yox-yox, deyib başını buladı. Dedim ki, bunları oxuyanlar bizim düşmənlərimizdir. O isə, yox-yox onlar da bizim millətdir, deyə cavab verdi. Yə’ni ki, müdür, bunları oxuyan kürdləri, PKK-çıları nəzərdə tuturdu.

Sonra bu adamdan Koroğlu kitabını soruşdum. Türklərin Koroğlu dastanını bizimki ilə tutuşdurmaq istəyirdim. Türk isə dedi ki, bizdə Koroğlu kitabı yoxdur. Nə üçün yoxdur? Cavab verdi ki, bir-iki ay gözləyin onu Türkiyədən sifariş edərək gətizdirəcəyəm. Fəqət, ora dörd il sonra da Koroğlu kitabı ilə tə’min edilmədi.

O kitabxanada İbn Xaldunun iki cildlik “Müqəddimə” kitabını tapdım. Onu evə götürüb oxumaq istədiyimi bildirdim. Müdir çox təəccüb etdi ki, bu gün, bu qədimi kitabı oxumaq nəyə lazımdır. Ona cavab verdim ki, əslində, bu kitabı oxuyanı dəli saymaqdansa, bu gün Marksı, Lenini oxuyanı dəli saymaq lazımdır. Sonra əlavə edib dedim ki, bu gün Moskvada və ya Bakıda birisi kitabxanaya gedib Marksın, Leninin kitablarını oxumaq istəyirəm desə, onda oranın kitabxanaçıları onu dəli sayarlar.

Bu gün Qərbin, xaçpərəst ölkələrin alimləri, şərqşünasları, ürafası bu ərəbin, İbn Xaldunun kitablarını oxuyur, onun ağlına valeh olduqlarını bildirirlər, ondan çox şey öyrəndiklərini e’tiraf edirlər. Halbuki, müasir müsəlmanlar heç onun adını belə eşitməyiblər. Bu cür müsəlman müəlliflərin yazmış olduqları əsərlərin bir xəzinə olduğunu başa düşmürlər, onlara dəyər vermirlər, onları oxuyub faydalanmaq istəmirlər. Bu vəziyyəti ona oxşatmaq olar ki, birisi öz evində, yerin altında basdırılmış xəzinədən xəbəri olmayıb, gedib evin xaricində pul dilənir.

Ciddi kitablar vacib kitablardır. Ancaq onlar hər adamın tələblərini ödəyə bilmir. Hər kəs onları oxuyub başa düşmək, qiymət vermək qabiliyyətinə malik deyil. Müsəlman aləmində də həmçinin ədiblər var idi ki, onlar, qeyri-ciddi, əyləncə üçün olan əsərlər yazırdılar. Belə əsərlərin ən məşhuru kimi, yəqin ki, “Min bir gecə”ni (ərəbcə -- “Əlif leyla və leyla”) misal gətirmək olar. Deyilənə görə o kitabı Bağdadlı İran əsilli adamlar yazıblar. Bu kitab bütün dünyada məşhurdur. Qərb ölkələrində onun həm böyüklər üçün, həm də ki, ixtisarlı, uşaqlar üçün nəzərdə tutulan kütləvi nəşrləri vardı. Ancaq bu gün Qərbdə müsəlmanların əleyhinə güclü təbliğat getdiyindən ola bilər ki, artıq orada əsərin təzə nəşrlərini çıxartmırlar.

Mənim əlimə rus dilinə tərcümə edilmiş “Əcaibül-hind” adında bir kitab düşdü. O da İranlı əsilli müəllifin əsəri olub. Onu oxuyandan sonra başa düşdüm ki, “Min bir gecə” əsəri yaradılanda, yazılma tarixi daha qədim olan bu kitabdan istifadə olunmuşdu. Sindbadın səyahətləri əhvalatı və s. birinci dəfə bu kitabda yazılmışdı.

Sovet vaxtı, Amerikada ingilis dilində nəşr olunan və uşaqlar üçün nəzərdə tutulan şəkilli “Min bir gecə” kitabını tapdım və onu həvəslə oxudum. O, həm uşaq üçün, həm də böyük adam üçün maraqlı məlumatlar verən bir kitab, bir növ müsəlman həyatının məlumat kitabçası idi. Elə ki, mətndə hər hansı bir çətin söz işlədiləndə, kitabın haşiyəsində onun rəsmi verilirdi. Yə’ni, məsəl üçün, küncüd yazılanda, haşiyədə küncüd kolunun şəklini, rəsmini verirdilər. Kitabda yatağan (xəncər növü), kəcabə (dəvənin üstündə qurulan otaqcıq), əmmamə, dərviş, qəndil, yelkənli gəmi və s. nə olduğunu əyanı şəkildə görmək olardı. Mənim demək istədiyim odur ki, bu gün hər şeydə olduğu kimi kitab nəşrində də müsəlmanlar, xaçpərəstlərdən geridədirlər. Elə ki, hətta öz dininə və mədəniyyətlərinə aid olan ədəbiyyatın nəşrlərini Qərbdəki nəşrlərin səviyyəsinə gətirə bilmirlər.

Sovet vaxtı rus dilində bir kitab çıxmışdı --“İsfahanlı Hacı Babanın sərgüzəştləri”. Kitab Ceyms Moriyer tərəfindən yazılmışdı. Bu adam XIX əsrin əvvəllərində bir müddət İranda səfir işləmişdi. Müəllif, qabaqca, bildirdi ki, o, bu əsəri, İngiltərədə yaşayan bir isfahanlının, Hacı Babanın danışdığı əhvalatların əsasında yazmışdı. Lakin, kitab dünya şöhrəti qazandıqdan sonra, o, bunu danıb, əsərdəki əhvalatları özü tərəfindən uydurulduğuna israr edirdi. Ancaq İranda bu kitabın həqiqi bir əhvalat olmasına inanırlar. Onlar bir ingilisin iranlıların həyatını, məişətini bu qədər dərindən bildiyinə inanmırlar. Mən həmçinin belə düşünürəm ki, bu əsər uydurulan bir hekayə deyil, bir nəfər iranlının həyatı əsasında yazılmış, həqiqi bir tərcümeyi-haldır. Əsərdə Qacarlar dövrünün, İran həyatının canlı bir şəkildə təsvirləri verilmişdi.

Keçmiş səfirin, Londonda, İran haqqında bir kitab yazıb, nəşr etməsinin xəbəri şaha çatanda o, çox narahat olub, kitabın İranda fars dilinə tərcüməsini və nəşrini qadağan etmişdi. Şah elə hesab etmişdi ki, kitab İranın hökumət adamlarını məsxərəyə qoyur. Bu qadağa yüz il çəkdi.

Məşhur İran şairi və dilşünası Məliküş-şüara Behar bu kitabın fars dilinə tərcüməsi haqqında belə yazmışdı: “Hacı Baba” bir nəsr əsəri kimi, üslubunun incəliyinə və fikri kamilliyinə görə Sə’dinin “Gülüstan”ını xatırladır. Onu XIX əsrin İran nəsrinin şah əsəri kimi qəbul etmək olar”.

Londonda bu kitabın ilk, dörd cildlik nəşrinin satıldığını gördüm. Qiymətini soruşdum. Dedilər, 1000 “paund” (funt). Sonradan onun başqa nadir nəşrlərini də gördüm. Ən ucuzu, 40 “paund” (funt) idi. Böyük həcmli, gözəl, rəngli şəkilli kitab idi. Baha deyildi, almaq olardı. Mənim istədiyim ingilis dilində yazılmış əslini rus tərcüməsi ilə tutuşdurmaq idi.

1973-ci ildə Bakıda rus dilində, Məhəmməd ən-Nasavinin yazdığı “Sirat Cəlaləddin Mankburnı” adına bir tarixi kitab nəşr olunmuşdu. Əsər XIII əsrdə Xorəzmşah dövlətində, İranda və Qafqazda baş verən hadisələrdən, kafir tatarların İslam aləminə qarşı apardıqları müharibələrdən bəhs edir. Onun ərəbcədən tərcüməçisini Ziya Bünyatov etmişdi. Bu tarixi kitabdan daha yaxşısını, daha maraqlısını görməmişəm, oxumamışam.

Sonradan eşitdim ki, özbək xalqı o kitabı tərcümə etdiyinə görə Bünyatovu çox sevdi. Onlar bu alimin adını bu günə qədər böyük hörmətlə çəkirlər. Özbəklər deyirlər ki, sovetin təblığatçıları bizə kimliyimizi ututdurmağa çalışırdılar, özbəkləri kiçildirdilər, ancaq bu adam tariximizi, keçmişimizi bizə tanıtdı. Yə’ni ki sovet dövrünün təblığatı “Böyük rus xalqı” nın adını göylərə qədər ucaldır, rusların keçmiş tarixini ulu, şanlı bir tarix kimi göstərməyə çalışırdı. Bunun əksinə sovetin müsəlman xalqları isə heç bir müstəqil dövlətçiliyi, keçmişi, tarixi olmayan kiçik və az əhəmiyyətli tayfalar kimi qələmə verilirdilər. Halbuku özbəklərin Xorəzmşah dövləti o çağın İslam aləminin ən qüdrətli, güclü səltənəti hesab olunurdu. Odur ki, özbəklər öz şanlı keçmişi, ulu, müsəlman dövlətçiliyi tarixi ilə fəhr edə bilərlər.

Bü gün Bakıda bizim tariximiz hal-hazırkı “müstəqil” respublika tarixi ilə və Rəsulzadə dövrünün tarixi ilə məhdudlaşdırılmaq istənilir. Halbuki həqiqətdə bizim tarix İran dövlətinin tarixidir. Bizim tarix nə İran dövlətçiliyi tarixindən, nə də ki ümumi İslam tarixindən ayrı tutulmalıdır.

Avropa dillərinə də tərcümə edilmiş “Baburnamə” kitabı XV-XVI əsrlərdə yaşamış Hindistanda Moğol dövlətinin bir hökmdarı, baburilər sülaləsinin qurucüsu olan bir özbəyin yazdığı əsərdir. Moğol müsəlman dövlətinin çox şanlı bir tarixi var. Moğollar böyük bir mədəniyyət yaratmışlar. Özbəklər bu Moğolları da öz padşahları hesab edə bilərlər. Onlar fəhr edə bilərlər ki, Hindistandakı bu müsəlman dövlət bir özbək tərəfindən qurulmuşdu.

Ondan başqa, sovet vaxtı, rus dilində Usama bin Munqızın “Kitab əl-e’tibar” əsəri nəşr olmuşdu. Sonradan, Londonda mən onu kitabxanada tapıb ingiliscə də oxudum və gördüm ki, bu elə rusca oxuduğum tərcümənin eynidir. Bu kitab da bir neçə Avropa dilinə tərcümə edilmişdi. Usama XII əsrdə yaşayan ərəb əmiri, cəngavəri, alimi və şairi olub. Bu, onun yazmış olduğu xatirələridir, həyatı haqqında bəhs etdiyi kitabdır. Avropalıları maraqlandıran məsələ isə səlibçi müharibələrin, müsəlman torpaqlarına soxulan firənglərin bir ərəb tərəfindən kitabda necə təsvir olunduğu idi.

Bu kitaba şərh verən rus şərqşünas yazaraq oxucunun diqqətini ona çəkir ki, o çağın ərəbləri, müsəlmanları savadlı, mədəni, alicənab adamlar olduqları halda, Avropadan gələn səlibçilərin, firənglərin əmirləri, əyanları onun əksinə, savadsız, nadan, söz verib sözün üstündə durmayan, xain, ləyaqətsiz, mədəniyyətsiz və nanəcib adamlar olublar. Hətta, firəng padşahının, Şarlemanın belə savadı olmayıb. Sənədlərə qol çəkmək lazım gələndə, o, barmağını mürəkkəbə batırıb, onu kağıza basırdı. Bu, Avropadan gələnlər öz savadsızlıqları ilə fəxr edib, boş vaxtlarını yeyib-içmə və əyyaşlıq etməklə keçirirdilər. Məsəl üçün, bunun əksinə, Usamanın atası, bir şəhərin əmiri olaraq, boş vaxtında, bu iş ona xüsusi bir zövq verdiyi üçün, xəttatlıqla məşğul olurdu, gözəl hüsn-xətlə Qur’anın üzünü köçürürdü. Sonra bu kitablar əl-əl gəzirdi.

Usama müsəlman qoşunun ən qolu-güclü, qüvvəli cəngavəri hesab olunurdu. Döyüşün müqəddəratı da, çox vaxt belə cəngavərdən asılı idi. O dövrdə, hər iki tərəfdən bir cəngavər qabağa çıxıb, sonra üz-üzə gələrək, döyüşür və bununla hansı tərəfin udub-uduzması tə’yin olunurdu. Bunu, əsgərlərin boş yerə qırılmaması üçün edirdilər. O, həmişə, bu cür təkbətək döyüşlərdən qalib çıxırdı.

Kitabın bir yeri xüsusən xoşuma gəlmişdi. Usama Qüdsdə hökmranlıq edən firəng padşahına müraciət edərək, öz ailə üzvlərinin onun ərazisindən keçməsinə icazə almışdı. Lakin bu xaçpərəst onların əmin-amanlığını tə’min edəcəyinə söz verib, and içməsinə baxmayaraq, xaincəsinə, onların getdiyi gəmiyə hücum edib, Usamanın uzun illər ərzində topladığı var-yoxunu, bütün sərvətini talamışdı. Yalnızca, Usamanın arvad-uşağının oradan sağ qurtulması ona bir təsəlli vermişdir. Onun dediyinə görə, bu soyğunda itən dörd min cild nadir kitabın itirilməsi onu, o sərvətin itməsindən daha çox mə’yus etmişdi, onun qəlbində sağalmayan bir yara buraxmışdı.

Allah ona uzun bir ömür bəxş etmişdi. Vəfatından bir il əvvəl, artıq qocalanda və zəif düşəndə, bir xoş xəbər Usamanı sevindirmiş və həyatdan razı getməsinə səbəb olmuşdu. Bu, Misrin sultanı, Səlahəddinin səlibçılərin qoşunlarını darmadağın etməsi, Qüdsün təzədən müsəlmanların əlinə keçməsi xəbəri idi.

***

İndi çox adam şikayət edib deyir ki, sovet dövründə istədiyin kitabı tapıb oxumağa imkan yox idi. Başqalarını bilmirəm, ancaq mən, o vaxt, hər kitab olmasa da çox şey tapıb oxuyurdum. O vaxt, Moskvada Xarici ədəbiyyat kitabxanası var idi. O, dörd mərtəbəli, böyük bir binada yerləşmişdi. Hər dildə kitab var idi. Yazıl, al və oxu. Ora yazıldım da, oxudum da. İstədiyin dildə xaricdə çıxan ədəbiyyatı tapmaq olardı. İngilis, fransız, alman, ərəb, fars, türk, çin, yapon, hindi, suahili (Afrika dilidir) və s. dillərdə kitablar var idi.

Ondan başqa, hər kitabdan bir miqdar (beynəlxalq qanunlara uyğun olaraq), yetmiş səhifəyə qədər, surətini kağıza çıxartmağa icazə var idi. Kitabı tam şəkildə əldə etmək istəsən, onda sifariş edirdin onu orada fotolentə çəkib, sonra ünvanına göndərirdilər. Moskvada yaşayan oxuyucular üçün ingilis, fransız dilində çıxan bədii əsərləri oxumağa, evə aparmağa icazə var idi. Bircə siyasi dövrü mətbuat ayrıca bir otaqda saxlanılırdı. Ora hər adamı, buraxmırdılar, xüsusi icazə lazım idi. Şüşə qapıdan görürdüm ki, orada Qərbin bütün tanınmış siyasi-ictimai məcmuələri var idi.

Külli miqdarda dini kitab da var idi. Onların çoxunu oxudum, bə’zilərinin surətini çıxartdırdım. Orada, “Şərqin müqəddəs kitabları” (“The Sacred Books of the East”) əlli cildlik nəşri, mühafizə olunub saxlanırdı. Bu nəşrdə çinlilərin, hindlilərin, iranlıların müqəddəs saydıqları kitabların, yazılı abidələrin ingilis dilinə tərcümələri vardı. Məsəl üçün Zənd-Avestanın tərcüməsi, Pəhləvi ədəbiyyatı, Budda dinininin müqəddəs kitabları və s. Oxucunu inandırım ki, bu gün Berlinin, Parisin kitabxanalarında o nəşri çətin ki, tapmaq mümkün olsun. Mən türk ədəbiyyatşünası Əbdülbaqi Gölpinarlının, Allah ona rəhmət eləsin,“ Mövlanadan sonra mövləvilik” əsərini də orada oxumuşdum. Ondan başqa o kitabxanada sufiliyə (təsəvvüfə) aid bir şəkilli kitab da tapdım. Bu, Lalə Bəxtiyarın, İran əsilli amerikalı şərqşünasın, ingilis dilində, Londonda nəşr etdiyi əsəri idi. Məncə, bu əhəmiyyətili bir kitabdır. Əsər sufi nəzəriyyəsi və əməliyyatı barəsində bəhs etməklə yanaşı, həmdə bir növ İslam sənəti kitabı səciyyəsini daşıyır. Müəllifin fikrinə görə müsəlman sənəti büsbütün İslam dini üzərində qurulub, sənətkarlar ondan ilham almış, ondan bəhrələnmişdirlər. Bu qadın həm də başqa bir məşhur İran əsilli amerikalı şərqşünas, Seyyid Hüseyn Nəsr ilə birgə elmi araşdırmalar aparmış, əsərlər yazmışdır.

Bir neçə il bundan qabaq Bəxtiyarın İnternet ünvanını tapıb ona bir məktub yazmaq fikrinə düşdüm. Ona müraciət edib demək istəyirdim ki, bu kitabı həm də rus dilində nəşr etmək yaxşı bir fikir, məsləhətli bir iş olar. Sonra mənim başım başqa işlərə qarışdı, bu məsələ yadımdan çıxdı. Və nəhayət, bu yaxınlarda mənə xəbər çatdı ki, o kitab elə mənim iştirakım olmadan da Moskvada, 2007-ci ildə, rus dilində çıxıb (Лале Бахтияр. «Суфий. Образы мистического поиска». Издательство «Эннеагон Пресс»). Rusiyada o kitaba, yaxşı rə’ylər verildi.

Daha sonra Bəxtiyarın Qur’anın fərqli bir tərcüməsinin çıxması barəsində səslər gəldi. Bə’zi adamlar, Amerikada çıxan və qadın oxucunun xoşuna gəlməsi üçün, üzü güllərlə bəzədilmiş bu kitabı tənqid etdilər, orada, ayələrin izahının, tərcüməsinin səhv, qeyri-ənənəvi olduğunu bildirdilər. Ondan başqa dedilər ki, müəllif nə bir İslam alimi, nə də ki, bir müsəlmandır. Eşitdiyimə görə onlar, həmdə, “ən-Nisa” surəsinin 34-cü ayəsinin tərcüməsinin doğru-düzgün olmadığı haqda danışırdılar. Bəxtiyarın fikrinə görə bu surədə ər arvadını “döyə bilər” kəlməsi yoxdur. Halbuki, bizim alimlər bütün İslam tarixi boyu, bu günə kimi, bu ayəni əsas tutaraq ərin (ona itaət etməyən, sözünə baxmayan) arvadını döyməsini məqbul sayırlar.

Mən bu məsələni belə başa düşürəm. Nə bizim peyğəmbərin (s.ə.s), nə də ki İmamların arvadlarını döyməsi halı bizə mə’lum deyil. Əgər arvad özünü yaxşı aparır, sözə baxırsa daha onu niyə döyəsən? Əgər birisi arvadını səbəbsiz döyürsə, deməli o adam əsəbi adamdır, xəstə adamdır – adam döymək onun xoşuna gəlir, ondan zövq alır. Heyvanı ona görə vururlar ki, o dil bilmir, söz başa düşmür. Bu ayənin mə’nası və hökmü odur ki, kişi ailənin böyüyüdür və bütün ailə üzvləri onun sözünə baxmalıdırlar, əmrinə tabe’ olmalıdırlar. Elə olmasa, ailədə, hərə öz bildiyi kimi hərəkət etsə, evdə nizam-e’tizam pozular, ailə dağılar.

Fəqət, indiki zəmanədə, dünyəvi qanunun hökm sürdüyü məkanda, əgər birisi arvadına əl qaldırsa və arvad hökumətə şikayət edib məhkəməni işə qatarsa o kişinin taleyi pis olacaq, dustaq həyatı sürəcək və axırda, yenə də, ailə dağılacaq.

Bu kitabxananın müdirəsi Mərkəzi Komitənin üzvü, Sovetin baş naziri olan Kosıqinin qızı idi. Kitabxananın qapısından içəri keçəndə, özünü elə zənn edirdin ki, bura daha artıq sovet ərazisi deyil, başqa yerdir, xaricdir. Oranın xüsusi bir ab-havası var idi, özünü orada çox asudə hiss edirdin. Görünür ora çox nüfuzlu bir məkan sayıldığına görə, orada işləyən qızlar, qadınlar hamısı seçmə-seçmə, həm çox yaraşıqlı, həm də ki, yuxarı təbəqədən olan xanımlar idilər. Bütün bunların səbəbini onda görürəm ki, Kosıqin bütün sovet başçıları arasında yeganə mədəni adam tə’siri bağışlayan şəxs idi. O müdirə də onun qızı idi.

Bu gün bə’zi adamlar, rişxəndlə sovetin kitabxanalarına lağ edirlər. Halbuki, sovetin vaxtında onlar kifayət qədər yaxşı vəziyyətdə idilər. Əksinə, bu gün Bakının kitabxanalarına dövlət tərəfindən lazımı diqqət verilmir. Məsələn, elə Axundov adına olan kitabxananı götürsək, o vaxt oranın xarici dillər şöbəsində xeyli miqdarda yaxşı kitablar var idi. Orada, ingiliscə iki fərqli tərcümədə Qur’an kitablarını tapdım. Birisinin tərcüməçisi bir ingilis keşişi olub ki, o, xaçpərəstlərin nöqteyi-nəzərindən yanaşaraq, Kitabın mə’nalarını təhrif olunmuş şəkildə oxucuya çatdırıb. Ümumiyyətlə, bütün qeyri müsəlman şərqşünaslar Qur’anı tərcümə etməyə təşəbbüs göstərəndə, işə bu cür yanaşırlar. Bizim din haqqında yalanlar danışmağı, iftira etməyi sevirlər.

Məsəl üçün təxminən qırx il bundan qabaq Qərbdə bir fitnəyə təşəbbüs göstərdilər. Fransada bir nəfər Məhəmməd peyğəmbərdən (s.ə.s.) və İmamlardan bir tarixi kitab yazıb dərc etdirmişdi. Qəzetlərdə oxumuşdum ki, Hindistan müsəlmanları o kitaba e’tiraz məqsədi ilə ayrı-ayrı şəhərlərdə, küçələrdə izdihamlı nümayişlər keçirdərək, hökumətdən o kitabın dükanlardan yığışdırılmasını, satışdan götürülməsini tələb etdilər. Onlara görə o kitabın müəllifi Peyğəmbərə (s.ə.s.) və İmamlara böhtan atıb, yalan danışıb, tarixi hadisələri qərəzli olaraq saxtalaşdırıb. Onun məqsədi İslamın ulu adamlarının təmiz adına ləkə salmaq, müsəlmanları təhqir etmək olub. Hindistan hökuməti müsəlmanların tələblərini qəbul edib kitabın satışını dayandırmışdı.

Qur’an tərcümələrindən başqa bu kitabxanada ingilis dilində Həzrəti-Rəsululllahın həyatından bəhs edən beş sayda kitab tapdım. Sovetin son çağlarında onlara altıncısı da əlavə olundu. Bu, tanınmış ingilis alimi Martin Linqsin “Hz.Məhəmmədin həyatı” kitabı idi. Bu axırıncısı İslam tarixinin ilk mənbələrinə əsasən yazılmışdı və o, “ingilis dilində yazılan Peyğəmbərin ən yaxşı tərcümeyi-halı” kimi tanınır. Linqs həyatının orta yaşlarında müsəlmanlığı qəbul edib, özünə Əbu Bəkr Siracəddin ləqəbini götürmüşdü.

O beş kitabı tapanda çaşıb qalmışdım ki, bunlardan hansını oxuyum? Kitabxananın qiraət otağında oturub oxumaq mənim üçün çox narahatlıq verən, əziyyətli bir iş idi. Çox tərəddüddən sonra nəhayət bir kitabı seçib oxudum. O vaxt hədislərin varlığından xəbərim yox idi. Ona görə kitab məndə güclü tə’sir buraxdı. Mən təəccüblənirdim ki, bu adam min dörd yüz il bundan qabaq olan keçən əhvalatları, hadisələri hər xırda təfsilatı ilə birlikdə haradan öyrənib yazıb?

Yalnız bə’zi məqamlar, Peyğəmbərin (s.ə.s.), İmam Hüseynin (ə.s.) və İmam Həsənin (ə.s.) həyat tərzindən yazdığı şeylər məndə şübhələr yaratmışdı. Ona görə ki, əgər bu şeylər həqiqətə uyğundursa, onda onlar, İslamın bu müqəddəs şəxsiyyətlərinin liqasına ləkə salmış olardı. Sonradan bu fikrə gəldim ki, bu tarixçi belə yazıbsa deməli doğrudur. Çünki mən o zaman hər yazılana inanırdım. Belə hesab edirdim ki, bir tarixçi yalan yaza bilməz, çünki, yazdığına cavabdehdir, dediyi sözə görə məsuliyyət daşıyır.

Otuz il sonra, Londonda yaşayanda, bir gün, Iran mədəniyyəti mərkəzinə getdim. Mərkəzin qapıçısı, Hindistan əsilli bir müsəlmanla, bir saata qədər, dini məsələlərə dair, ayaqüstü, söhbət etdim. Söhbət əsnasında bu kitab yadıma düşdü. Kitabda yazılan şübhə doğuran məqamlar barəsində danışdım. Bu məqamlardan biri o olub ki, bu fransız müəllifin yazdığına görə “İmam Həsən dörd yüz əlli dəfə arvad alıb-boşayıb”. Sonra yazıb ki, “onun gündə üç arvad alıb-boşamaq xasiyyəti var idi”. Bu hindistanlı müsəlman bunların hamısının yalan olduğunu söylədi. Onun cavabından sonra mən başa düşdüm ki, bu yaramaz fransız, tarixi həqiqətləri öz iftiraları, böhtan səciyyəsi daşıyan məlumatlarla qarışdırıb, oxucunu çaşdırmağa çalışmışdı. Halbuki mən onun yazdığı şeylərin həqiqət olduğunu hesab edirdim. Elə orada başa düşdüm ki, çox-çox il bundan qabaq xəbərlərdə eşitdiyim, Hindistan müsəlmanlarının e’tirazlarına səbəb olan pis kitab elə bu həmən, oxuduğum, Axundov kitabxanasında saxlanılan kitab olub. Elə görünür ki, bəxtimdən, beş kitabın arasından ən pisini seçmişdim.

Ancaq, başqa tərəfdən, bu kitab Hindistanda və başqa ölkələrdə satışı qadağan olunubsa, deməli, nadir kitab sayıla bilər. Yaxşı, pis, alimlər üçün, tarixçilərin istifadəsi üçün, onun kitabxanalarda saxlanması zəruri sayıla bilər. Bütün bunlardan belə çıxır ki, sovet hökuməti, kitabxanaları xarici dillərdə çıxan kitablarla tə’min edərək dil bilən düşüncəli, səviyyəli adamların o kitabları oxumağlarına imkan yaradırdı. Hökumət xarici dilləri bilməyən, az savadlı, şüursuz kütlənin bu kitabları oxumasını istəmirdi, bunu məsləhət bilmirdi.

Axundovda, hətta, İdris Şahın yazmış olduğu bir kitab da var idi. Bu İngiltərəli şəxs, təsəvvüfün elmini, tə’limini Qərb oxucusuna tanıdan, çox məhsuldar bir yazıçı və naşir olub. Şərqdə də, Sovet İttifaqında, Moskva, Leninqrad və Tiflis şəhərlərində onun yazılarını oxuyan dairələr mövcud idi. Əvvəllərdə, bunlar özlərini Gürciyevin ardıclıları hesab edirdilər, onun tə’limi ilə maraqlanırdılar, lakin, sonralarda, Şahın əsərləri dəbə düşəndə, axırıncının yaradıcılığının həvəskarları oldular.

Hələ çox cavan olanda, məşhur rus fəlsəfə adamının, P.D.Uspenskinin bir əsəri əlimə düşmüşdü ki, orada Qeorqi İvanoviç Gürciyevin şəxsiyyəti və müəmmalı fəlsəfi tə’limi haqqında bəhs edilirdi. Bu adamla əlaqəli mövzular, təbii ki, bizim xalqın maraq dairəsindən kənar şeylər idi. Halbuki, sovetin paytaxtında, Moskvada, düşüncəli, zəkalı adamlar arasında, bu kitabın surətləri əlbəəl gəzirdi. Bu kitabı, daha doğrusu, onun foto surətini bir tanış moskvalı yəhudidən, pulla almışdım. O vaxt mən heç sufi nədir, sufilər kimdir bilmirdim. Təkcə “dərviş” sözünü eşitmişdim. Fəqət, son dövrlərdə, bə’zi səbəblərə görə, “dərviş” sözünü bir pis şey mə’nasında işlətmək Bakıda bir adət halını alıb. Gürciyevin çar vaxtı Aleksandropolda (Gümrüdə), Tiflisdə və Bakıda yaşadığını, anasının da erməni olmasını o yəhudidən öyrəndim. Moskvalı, bu kitabı oxumağımı mənə məsləhət etdi. Dedi ki, bu adam İranın, Türküstanın şeyxlərindən dərs alıb, gizli, batini elmlər öyrənib, sufi rahının kamillik dərəcəsinə, ulu məqamına çatmışdı.

Gürciyevin yaşadığı dövrdə artıq İslam aləminin hər şeyi tənəzzül halında idi. Min il ərzində toplanmış hikmət və bilik itirilmək üzrə idi. Bu hikmətin, elmi-qeybə aid olan biliklərin itirilməsi böyük bir faciə, bəşəriyyətin mə’nəviyyatı, ruhaniyyəti üçün böyük bir itki, ola bilərdi. Gürciyev, bunu anlayaraq, mə’suliyyətlə, qərar alır ki, bu hikməti, müsəlmanın ariflərindən, şeyxlərindən əldə etdiyi gizli tə’limi aləmə faş etsin, dünyaya yaysın. Bunun üçün Avropaya getməyi lazım bildi. Yə’ni ki, o dövrdə İslam aləmi iqtisadi və mə’nəvi bir böhran halında olduğundan, müsəlmanlar ailə dolandırmaq, pul tapmaq kimi işlərlə məşğul olduqlarından, artıq, orada əlverişli mühit, bu cür şeylərə maraq göstərən adamlar, yox idi.

Pyotr Uspenski, onun bir tələbəsi kimi, müəlliminin mə’ruzələrini qələmə alıb, onları, ilk dəfə, Londonda, bir kitab şəklində çap etdirmişdi. Elə məndə olan foto surətlər də ingilis dilində dərc olmuş həmin o kitabın surəti idi.

Aleksandropolun müsəlmanları Gürciyevin atasının xətrini çox istəyir, yunan əsilli bir adam və xaçpərəst olmasına baxmayaraq, onu “adaş” deyib çağırır və tez-tez öz məclislərinə də’vət edirdilər. Bu kişini sevmələrinin səbəbi onda olub ki, onun aşıqlığı var idi, o, türkün şifahi ədəbiyyatını, dastanlarını yaxşı bilən bir adam olub.

Gürciyev haqqında yazılmış bu dəyərli kitabın sovet kitabxanalarında mövcud olan yeganə nüsxəsi Moskvanın Lenin kitabxanasında saxlanılırdı. Kitabın foto surətini mənə satan tanış adam, mənə o nüsxənin oradan necə oğurlanması barəsində danışmışdı. Onun tanıdığı bir moskvalı, bir səfeh adam bütün paytaxt tanışlarına, dostlarına, Gürciyevin pərəstişkarlarına, fəxrlə, “O kitabı, Lenin kitabxanasından, mən oğurlamışam!” bildirmişdi.

Gürciyev, tədris etdiyi bu müəmmalı tə’limi hesabına, əvvəlcə Rusiyada və sonralarda Qərbdə alimlərin, fəlsəfə sevənlərin arasında böyük şöhrət qazanmışdı. Rusiyada və Qərbdə Gürciyevi, xaçpərəst dinini dirçəltmək, canlandırmaq, Hz. İsanın unudulmuş və təhrif olunmuş tə’liminin məğzini bərpa etmək istəyən bir adam hesab edirdilər. Halbuki, onun danışdığı şeylərin çoxunun sufi mənşəli olması açıq-aşqar göz qabağındadır. Elə ki, deyilənlərə görə, onun ustadları Türküstanın Nəqşbəndiyyə təriqətinin şeyxləri olub. Hər halda, onun, bu gizli elmlərin yerini, mənbəyini tapmaq məqsədi ilə, Qərbdənsə, Şərqə Xristian aləmindənsə, müsəlman torpaqlarına üz tutması buna dəlalət edir. Avropalı şagirdləri Gürciyevə sual verib onun ustadlarının kim olduğunu soruşanda, mənim ustadım Molla Nəsrəddin olub, deyə cavab verirdi.

Gürciyev Rusiyada, Qərbi Avropada və Amerikada mə’ruzələr verir, söhbətinə qatılmaq istəyən adamları arayırdı. O, kəşməkəşli həyat sürdü və 1949 ildə Fransada vəfat etdi, Parisin yaxınlığında dəfn olundu. Ölümündən sonra onun şan-şöhrəti azalmadı, hətta, daha da artdı. Bu gün də, Qərbdə, onun şəxsiyyəti və tə’limi haqqında külli miqdarda əsərlər yazılıb dərc olunur. O, bu kitablarda, XX əsrin ən müəmmalı adamı kimi təqdim olunur.

Qərb adamları, avropalılar, maddi aləmə təmayüllü bir irq sayılırlar. Onlar istər bu canlı, istərsə cansız olsun, yalnız maddi, ağlın kəsb edə biləcək şeylərə, maraq göstərirlər. Fəqət, onlar qəlbə aid olanlara, könüllə duyulanlara, qeyb aləminə, maraq göstərmirlər. Elə bu səbəbdən Gürciyev avropalılar arasından, öz şagirdləri arasından, özündən sonra xəlifəsi olmasına, heç bir kəsi layiq görməyib. Orada onun öyrətdiyi elmi anlaya bilən, kəsb edə bilən birisi tapılmadı. Hətta ona ən yaxın olan şagirdi, Uspenski, sonradan onun söhbətini tərk edərək, Londonda, öz ətrafına tərəfdarlarını toplayıb, başqa üsullu bir məktəb açdı. Uspenskinin dediyinə görə o, batini elmlərin (elmi-qeybin) əməliyyatını deyil, nəzəriyyəsini öyrənmək istədiyi halda, Gürciyevin təqdim etdiyi üsul, yol isə, bunun əksinə, sırf tərki-dünya üsulu, zahid olub guşənişinlik edənlərin yolu idi ki, bu da onun fitri iste’dadına və qabiliyyətinə münasib olmayan bir şey idi.

Gürciyevi yaxından tanıyanlar onun bir əməlisaleh adam olmadığını, davranışının, hərəkətlərinin ədəb-ərkan qaydalarına uymayan bir şəkildə olmasından danışırdılar. Onun şagirdləri belə bir mülahizə sürmüşdülər ki, Gürciyev, bunu qəsdən edirdi və bu bir növ artistlik idi.

Bu məsələyə də bir aydınlıq gətirmək istəyirəm.

Mən bilən, bu cür ədəbsiz, qıcıqlandırıcı hərəkətlərlə Gürciyevin güddüyü məqsəd: öz ətrafında olan adamları mat-məəttəl etmək, dalğınlıq vəziyyətindən, yuxudan oyatmaq olub. Onun dediyinə görə müəllimin işi daim şagirdlərini çətin vəziyyətə salmaq, onları qəflət yuxusundan oyatmaqdır. O, israrla bildirirdi ki, dünya əhli, adamlar ömür boyu yuxuda yaşayır, yuxuda da ölürlər.

Məncə, Gürciyev məlaməti sufi cərəyanına aid bir şəxs olub. Yə’ni ki, o, zahirdə halı qarışıq, daxilində həqiqət əhli kimi yaşayıb, hərəkət edib. Məlamət əhli olanlar, əsasən, İranın Xorasan vilayətində çox idilər. Onlar riyakar din xadimlərinə, yalançı sufi şeyxlərinə, zahirdə dinli-imanlı, daxildə kafir olanlara oxşamamaq üçün qəsddən nalayiq işlər görüb, bunu etməklə camaatın, dünya əhlinin onları məlamət, məzəmmət etməsini, onlardan üz döndərməsini istəyirdilər.

“Kəşf əl-məhjub” adlı məşhur sufi əsərinin müəllifi, Hucviri, Həmdun əl-Qəssarın sözünü misal gətirərək, yazır: “Allah səni adamlardan daha yaxşı tanıyandır”. Yə’ni ki, sənin xəlvətdə Allahla olan təmasın, adamlarla açıqda olan təmasdan daha yaxşı olmalıdır. Çünki sənin camaatla məşğul olman Allahla sənin aranda olan ən böyük örtü, pərdədir.

Gürciyevin doğma qardaşı isə bir kitab yazaraq Gürciyevi əsil erməni, bir milliyyətçi kimi göstərmək istəyirdi. Onun, Qafqazda və Osmanlı Dövlətində fəaliyyət göstərən təxribatçı, gizli erməni təşkilatının üzvü olduğunu sübut etməyə çalışırdı. Bu kitabı vərəqlədim, ancaq oxumadım, onu bir iftira, qeyri-səmimi mahiyyətli əsər olduğunu hesab etdim.

Fəqət, Gürciyevin özünün yazdığı kitaba görə, Qafqazda, fərqli tayfalar arasinda gedən çəkişmələr zamanı, o, bir dərədə, başqasına atılıb, ancaq ona dəyən bir kor gülləyə tuş gəlib, ayağından yaralanmışdı. Gürciyev bu hadisələri bir dəlilik kimi, “bir milliyyətçilik psixozu” kimi qiymətləndirmişdi. O, deyirdi ki, onun zahiri görünüşü o cür idi ki, ermənilər arasında olanda onu müsəlmana oxşadırdılar, müsəlmanlar arasında olanda isə, erməniyə.

Başqa bir kitaba görə Gürciyev osmanlı ərazisində olanda, bir osmanlı zabiti onu və onun yoldaşını saxladıb, onları gizli erməni təşkilatına xidmət edən casuslar sanmışdı. O, yazır ki, mən bir şəhərin erməni keşişindən o biri şəhərin keşişinə gizli bir məktub aparırdım. Ancaq, sonradan, türk dilinin bütün şivələrində gözəl danışma bacarığıma görə özümün bir müsəlman olduğumu zabitə inandırmağa müvəffəq oldum.

Deyilənə görə, osmanlıların qoşunu Qafqaza daxil olanda Gürciyevin erməni qohumları türklərin onlardan qisas almasından qorxaraq Aleksandropoldan qaçdılar. Atası isə öz qoyun


RİSALƏT ƏL-MƏLAMƏTİYYƏ”


Əqidələrinin əsaslarına görə Allahı zikr etməyin (xatırlamağın) dörd növü vardır: dilin zikri; qəlbin zikri; sirrin zikri və ruhun zikri. Ruhun zikri qüsursuz olanda, qəlb və sirr xamuş olunur, susdurulur. Bu zikr müşahidə adlanır. Sirrin zikri qüsursuz olanda qəlb və ruh xamuş olunur. Bu zikr heybətdir. Qəlbin zikri qüsursuz olanda, dil xamuş olunur. Bu bərəkət zikridir. Qəlb zikrə diqqətsiz olanda, dil hərəkətə gəlir və bu, adətin zikridir.

Bu mərhələlərin hər birisinin bir nöqsanı vardır. Ruhun zikri sirr ilə fəhm olunanda qüsurlu olur. Qəlbin zikri nəfs ilə fəhm olunub, valeh olanda və ya yüksək məqama çatmağı arzulayanda qüsurlu olur.

(
Kataloq: 2016
2016 -> По антикоррупционной работе в поликлинике
2016 -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
2016 -> Agnela da Cruz Henriques de Barros Wilper Statement (afta 2016)
2016 -> Seks riSKƏ BƏrabər deyiL!!
2016 -> Qastroentrologiya 1 Yaşlı insanlarda qida borusunun uzunluğu təqribən nə qədərdir?
2016 -> Az Book Library Palanik Çak DÖYÜŞÇÜ klubu “Döyüşçü klubu”nun birinci qaydasında deyilir: «“Döyüşçü klubu” barədə heç kimə danışmamaq
2016 -> Az Book Library Filosof Fikri
2016 -> Ubutumire uniib iratumiye abantu, imigwi y'abantu canke amashirahamwe bose bipfuza gushikiriza inkuru hamwe/canke ivyandiko bijanye n'ihonyangwa ry'agateka ka zina muntu hamwe n'ayandi mabi yose vyakozwe I Burundi guhera mu kwezi kwa Ndamukiza

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə