İBTİDAİ SİNİFLƏRDƏ ŞAGİrdləRİn rabiTƏLİ NİTQİNİN İNKİŞaf etdiRİLMƏSİ



Yüklə 52,08 Kb.
tarix06.06.2020
ölçüsü52,08 Kb.

İBTİDAİ SİNİFLƏRDƏ ŞAGİRDLƏRİN RABİTƏLİ NİTQİNİN İNKİŞAF ETDİRİLMƏSİ


Açar sözlər: nitq inkişafı, rabitəli nitq, kurikulum, ifadə, inşa, esse, dil təlimi, dinləmə mətni, dinləmə bacarığı, nitq fəaliyyəti.
1. İbtidai siniflərdə rabitəli nitq.

Müasir dövrdə məktəbin qarşısında duran ümumpedoqoji problem şagirdlərin nitqini inkişaf etdirməkdir. Bu vəzifə dil və təfəkkürün vəhdəti haqqında təlimdən irəli gəlir.

Dil cəmiyyətin üzvləri arasında ünsiyyət və fikir mübadiləsi silahı, insanlara təsir vəsitəsidir. İctimai hadisə olan dil öz funksiyasını yalnız nitqdə yerinə yetirir. Nitqin əsasında isə dili bilmək durur. Məlumdur ki, uşaq məktəbə gələnə qədər müəyyən nitq vərdişlərinə yiyələnmiş olur. Lakin onun nitqinin inkişafı üzərində məktəbdə məqsədəuyǧun iş aparılmalıdır. İbtidai1 siniflərdə şəgirdlərə sözdən istifadə etməyi öyrətmək, onlara həyətdə zəruri olan nitq vərdişləri vermək lazımdır.

Hal-hazırda, əvvəlki illərdə olduǧu kimi, ibtidai siniflər üçün proqram (kurikulum) və dərsliklərdə şəgirdlərin şifahi və yazılı nitqinin inkişafına ciddi diqqət yetirilir. Ana dili üzrə hər bir dərsdə nitq inkişafı üzrə iş mühüm yer tutur, mahiyyət etibarilə, hər bir məşǧələ nitq inkişafı dərsidir. İbtidai sinif müəllimi elə etməlidir ki, şagirdlər qrammatik nəzəriyyəni, orfoqrafik vərdişləri mənimsəməklə yanaşı, nitq praktikası prosesində sözləri düzgün tələffüz etmək, onları düzgün seçmək və cümlədə işlətmək, cümlə qurmaq, oxuduqları, eşitdikləri və gördükləri haqqında danışmaq, özünün və başqalarının fikrini ifadə etmək bacarıǧına yiyələnsinlər.

Vahid nitq prosesinin bir-birilə əlaqədar olan iki növü olən şifahi və yazılı nitq, nitq inkişafının əkiz övladlarıdır. Məktəbdə şifahi və yazılı nitqin məqsədəuyǧun inkişafı təmin olunmalıdır. Lakin məktəb təcrübəsində müəllimlərin əksəriyyəti nitq inkişafı dedikdə, əsasən, şagirdlərin yazılı nitqi üzərində iş aparmaǧı nəzərdə tuturlar. Bəzi müəllimlər belə hesab edirlər ki, əsas məsələ yazılı nitq üzərində iş aparmaqdır: əgər şagird ifadə və inşanı müstəqil yaza bilirsə, onun şifahi nitqi öz-özünə inkişaf edəcəkdir. Əlbəttə, bunu məqbul hesab etmək olmaz. Yalnız nitqin hər iki növünə yiyələnmiş şəxsin yüksək nitq inkişafından danışmaq olar.

Şagirdlərin şifahi nitqi üzərində aparılan müşahidələr göstərir ki, onların nitqi çox nöqsanlı olur. Belə ki:



  • Ayrı-ayrı söz və səslər yanlış tələffüz olunur;

  • Nitqin əsas tələbləri gözlənilmir;

  • Qrammatik qaydalar, məntiq və üslub tələblərinə riayət olunmur;

  • Nitqdə tüfeyli sözlər işlədilir;

  • Yerli şivə xüsusiyyətlərinə yol verilir və s.

Şifahi nitqə verilən tələbləri belə ümumiləşdirmək olar:

1) məzmunlu və inamlı;

2) ardıcıl və məntiqi;

3) qısa, düzgün, emosional və ifadəli danışmaq.

İbtidai siniflərdə nitq inkişafı üzrə aparılan işlərin nəticəsi şagirdlərin öz fikirlərini rabitəli şəkildə necə ifadə etmələri ilə müəyyənləşdirilir. Rabitəli nitq dedikdə, şagirdin öz bilik və yaş səviyyəsinə görə xarici aləmi düzgün dərk etməsi və dərk etdiyini qrammatik, üslubi cəhətdən düzgün ifadə etməsi nəzərdə tutulur.

Şagirdlər gördükləri və eşitdikləri, eləcə də həyat təcrübələri haqqında danışarkən yaxud yazarkən, sözləri yerli-yerində dəqiq işlətməyi cümlələri qrammatik cəhətdən düzgün qurmaǧı bacarmalıdırlar. Bu nöqteyi-nəzərdən lüǧət cümlə üzərində aparılacaq rəbitəli nitqin inkişaf etdirilməsi üçün həm hazırlıq mərhələsi, həm də onun mühüm şərtlərindən biridir. Şagird fikrini ardıcıl, məntiqi ifadə edərkən, bu və digər sözü yerində işlətməzsə yaxud cümlələri düzgün qurmazsa, onun nitqi rəbitəli ola bilməz.

Rabitəli2 nitq üzərində işə şagirdin məktəbə gəldiyi ilk gündən başlanmalıdır. Əlifba təlimi dövründə ayrı-ayrı söz, cümlə və mətnlərin məzmunu ilə əlaqədar olaraq onlar şəkillər əsasında cümlələr qurur, danışır, mətnin məzmununa əlavələr edirlər. Suallara cavab üzrə iş şagirdləri müstəqil yazılara, rəbitəli nitqin əsas növləri olan ifadə və inşa yazmaǧa hazırlayır.

İfadə və inşalar şagirdlərin müstəqilliyini və fəallıǧını artıran mürəkkəb çalışma və iş formalarıdır. Onlar bir sıra ümumi cəhətlərə malikdir: cümlələri, fikirləri ümumi məzmun və ümumi ideya ətrafında birləşdirib rabitəli mətn qurmaǧı tələb etməklə, təfəkkürün və nitqin inkişafında mühüm rol oynayır.

Orta məktəbdə şagirdləri ifadə, inşa (esse) yazmaq vərdişlərinə yiyələndirmək Azərbaycan dili və ədəbiyyat tədrisinin ən mühüm vəzifələrindən hesab olunur. Çünki ifadənin məzmununu danışmaq və ya yazmaq, habelə müəyyən mövzu üzrə inşa qurub danışmaq və yazmaq savadlı və mədəni insanın həyatı vəzifəsi sayılır.

Esse qurub danışmaq ya yazmaǧa verilən tələblər əslində inşalara verilən tələblərə uyǧundur. Lakin esselər xarakterinə görə inşadan bir qədər fərqlidir. Bəzi linqvistlərə görə, esselər inşanın xüsusi bir növüdür. Bununla belə, yeni metodik və didaktik düşüncədə inşa və esse ayrı-ayrı kateqoriyalar kimi qiymətləndirilir.

“Esse” latın sözüdür, oradan fransız dilinə, fransız dilindən də bir sıra başqa dillərə keçib. İlkin mənsı “götür-qoy edərək mühakimə yürütmək” deməkdir. Söz bu mənanı indi də saxlamaqdadır. Müasir anlamda esse müəllifin konkret mövzu ilə baǧlı faktları, təəssüratları, fərdi düşüncələri ölçüb biçərək mühakimə yürütdüyü kiçik həcmli, sərbəst kompozisiyalı yetkin əsərdir.

İbtidai siniflərdə on ildən artıq bir müddətdə tətbiq olunan yeni məzmun - Kurikulum təlimi şagirdlərin rabitəli nitqinin inkişafı işində ifadə və inşalarla yanaşı, esse təliminə geniş yer verilir. Azərbaycan dili dərslərində müntəzəm planauyǧun şəkildə esse yazılər tətbiq olunur. Azərbaycan dilindən fənn kurikulumunda, dərslik və metodik vəsaitlərdə esse yazılara xüsusi diqqət yeirilir.

Ümumtəhsil məktəblərinin IV sinfi üçün “Azərbaycan dili” dərsliyinə aid “Müəllim üçün metodik vəsait” də inşa və esse mövzusu haqqında belə məlumat verilir: İnşa və ya esse bir-birinə yaxın yəzı fəaliyyətləridir. Bununlə belə, inşa ilə müqayisədə esse mövzusu daha konkret olur və burada çox zaman motivasiya xarakterli situasiya ilə verilir. Məsələn:

İnşa mövzusu: “Dostluq”, Esse mövzusu: “Dostum mənə əzizdir, ancaq həqiqət ondan da əzizdir”.

Situasiya: Təsəvvür et ki, dostun tanımadıǧın adamla mübahisə edir və səni köməyə çaǧırır. Söhbətə qulaq asdıqda sənə məlum olur ki, dostun haqsızdır. Bu vəziyyətdə nə edərsən?

Şagirdin özünümüdafiə bacarıǧını yoxlamaq üçün esse daha münasib iş növüdür.

Esselər II-IV siniflərdə həm oxu materiallarının, həm də dil qaydaları ilə əlaqəli mövzuların tədrisi prosesində qruplarla tədqiqatın aparılması, yaradıcı işlərin tətbiqi, refleksiya mərhələlərində 3-5 dəqiqə ərzində esse yazırlar. Esselər şagirdlərin yaradıcılıq qabiliyyətinin, təfəkkürünün, nitqinin, o cümlədən rabitəli nitqinin inkişafına güclü təsir göstərir. İbtidai siniflərdə şagirdlərə aşaǧıdakı mövzularda esse yazdırmaq məqsədəuyǧun olar:

“Mən xoşbəxtliyi nədə görürəm”, “Danışıq qaydaları”, “Vaxtın qədrini bilək”, “Ramazan (Qurban) bayramı” (II sinif), “Mən nə üçün oxuyuram?”, “Yaxşılıq etmək nə deməkdir?”, “Möcüzə nədir”, “Mədəni danışmaq gözəllikdir” (III sinif), “Qənaətçillik nə deməkdir?”, “Mənim dostum”, “Milli qəhrəman kimdir?”, “Novruz bayramı necə keçirilir?”, “Təbiəti qoruyaq”, “Sevdiyim peşə”, “Tək əldən səs çıxmz” (IV sinif) və digər mövzular (“Bilik bayramı”, “Vətən müqəddəsdir”, “Bayraq mənliyimdir”, “Kitab bilik mənbəyidir”, “Müəllimə hörmət”, “İş insanın cövhəridir” və s.)

İbtidai siniflərdə oxu, ifadə, inşa (esse), əməli yazılar təlimi prosesində rabitəli nitqin inkişafına əlverişli imkan yaranır. Rəy inşalar, esse təlimi, hekayə qurmaq, nəzmi nəsrə çevirmək vərdişlərinin formalaşdırılması sahəsində aparılan işlər şagirdlərin rabitəli nitqinin inkişafına təminat verir.
2. IV sinifdə rabitəli nitq üzrə aparılacaq işlərə dair.

IV sinif şagirdlərinin rabitəli nitq vərdişlərini inkişaf etdirmək üçün Azərbaycan dili proqramında 40 saat vaxt nəzərdə tutulmuş, lakin bu sahədə müəllimin görəcəyi işlərə dair orada heç bir konkret məsləhət verilməmişdir. Bunu nəzərə alaraq, həmin sinifdə aparılacaq ifadə və inşalar haqqında müəyyən fikir söyləməyi lazım bilirik.

Rabitəli nitq inkişafı dedikdə, birinci növbədə, şagirdin öz fikrini səlis, aydın, ardıcıl, yığcam və təsirli şəkildə ifadə etməsi nəzərdə tutulur. Şagird gərək əvvəlcə ifadə edəcəyi fikri yaxşı mənimsəsin, sonra isə onu dil cəhətdən doğru ifadə edə bilsin. Demək, rabitəli nitq hər bir məzmunun özünə müvafiq forma ilə ifadə edilməsindən ibarətdir.

Rabitəli nitqə verilən başlıca tələləblər aşağıdakılardan ibarətdir:

1. Nitq məzmunca dolğun olmalıdır. Şagird dildən öz fikrini başqalarına çatdırmaq, eləcə də başqalarının fikrini başa düşmək üçün istifadə edir. Fikir olmayan yerdə, onu ifadə etməyə ehtiyac da olmaz; yəni dil də olmaz. Bunu nəzərə alaraq, hər şeydən əvvəl, şagirdin haqqında danışacağı materialı yaxşı mənimsəməsinə çalışmaq lazımdır.

2. Şagirdin danışdığı material müəyyən məntiqi ardıcıllıqla ifadə edilməlidir. Fikrin ardıcıllığı pozulduqda nitqdəki rabitə də pozulur və dinləyən şəxs danışanı çətinliklə başa düşür.

3. Dolğun məzmun və ardıcıl hadisələr qrammatik, üslubi cəhətdən düzgün qurulmuş, leksik cəhətdən zəngin olan cümlələrlə ifadə olunmalı, hər bir sonrakı cümlə əvvəlki ilə müəyyən məntiqi və sintaktik əlaqəyə girməli, onun mənasını açmalı, tamamlamalıdır.

4. Rabitəli nitqin dolğun və səlis olması, şagirdin əsas və ikinci dərəcəli hadisələri bir-birindən ayıra bilməməsi, mühüm əhəmiyyəti olan məsələləri ön plana çəkə bilməsi ilə bağlıdır. Çünki bəzən şagird hadisənin ümumi inkişaf xəttində əsas yer tutan məsələni unudur, az əhəmiyyəti olan məsələlər üzərində dayanır ki, bu da mənasız uzunçuluğa, fikrin zəif və natamam ifadə olunmasına gətirib çıxarır.

5. Rabitəli nitqə verilən tələbələrdən biri də odur ki, şagird hazır kitab cümlələrini əzbərləməsin, fikrini müstəqil, sərbəst şəkildə ifadə edə bilsin. Onun yazısında, danışığında öz üslubi, öz nəfəsi, öz ruhu hiss olunsun. M.İ.Kalinin hazır kitab cümlələri ilə danışan şəxslər haqqında demişdir: “Sizin düşüncəniz işləmir, yalnız diliniz işləyir”3. “Hələlik siz öz dilinizlə deyil, özgə dili, hazır cümlələrlə danışmağa çalışırsınız. Sizin çıxışlarınızla öz fikriniz, canlı fikir büruzə verilmir. Sizin nitqiniz insanı qızdırmayan ay işığına bənzəyir. Öz cümlələrinizi özünüz qurmalısınız4”.

Deməli, rabitəli nitq şagirdin müstəqilliyini, yaradıcılıq meylini və inkişaf etdirməlidir.

IV sinif şagirdləri, əsasən, inşanın aşağıdakı növlərindən istifadə etməlidirlər: təsvir xarakterli inşalar; mühakimə xarakterli inşalar; hekayə (təhkiyə) xarakterli inşalar; məqalə xarakterli inşalar və s. İfadə yazıların isə cəmi iki növündən, geniş və yığcam, istifadə olunur.

Şagirdlər haqqında danışdıqları və ya yazdıqları obyekti iki cəhətdən düzgün dərk etməlidirlər: onlar mövzunu (nədən bəhs olunur?) və qarşıya qoyulmuş məqsədi (necə bəhs olunur, nəyi aşkar etmək lazımdır?) başa düşməli, bu iki anlayışı (mövzu və əsas fikir) qarşılıqlı əlaqədə verməyi bacarmalıdırlar. Bu məsələ ona görə vacibdir ki, şagirdlər çox vaxt ya mövzudan kənara çıxır, lazım olmayan şeylərdən söhbət açırlar, ya da mövzunu, onun irəli sürdüyü mətləbi əhatə etmir, həddindən artıq qısa yazır və ya danışırlar.

Bu tipdən olan nöqsanları aradan qaldırmaq üçün yeni dərslikdə bir sıra zəruri tapşırıqlar verilmişdir. Məsələn, verilmiş sərlövhələrdən mətnin məzmununa daha çox uyğun gələni seçin; verilmiş mətnə müvafiq ad verin (sərlövhə tapın); mətndən onun məzmununu daha dolğun əks etdirən cümlələri tapın və s.

Müəllim şagirdlərin yazdıqları ilk inşalardan 1-2-sinin kollektiv müzakirəsini təşkil edərək məzmunun necə əhatə olunduğunu, artıq cümlələrin lazımsız yerə işlədildiyini, eləcə də, əksinə, bəzi cümlələri işlətməyin zəruriliyini əyani şəkildə şagirdlərə çatdıra bilər və çatdırmalıdır.

İnşanın və ifadənin mövzusu, məzmunun mövzuya uyğun gəlib-gəlməməsi, mövzunun əhatə olunub-olunmaması üzərindəki bu cür iş bütün il boyu, sistematik şəkildə davam etdirilməli, nöqsanlar müntəzəm olaraq islah edilməlidir.

IV sinif şagirdləri iki cür təsvirlə qarşılaşırlar. Bunlardan biri “rəsmi” təsvirdir. Bu, təsvir edilən əşyanın, hadisənin ən mühüm zahiri əlamətlərini aşkara çıxarmaq və yazıda (eləcə də şifahi nitqdə) əks etdirməkdir. Təsvirin digər növü bədii təsvirdir. Burada şagird bütün zəruri əlamətləri yox, onlardan daha çox xoşuna gələni, daha vacib hesab etdiyini təsvir edir. Məsələn, uşaqlara deyək ki, pişiyi həm “rəsmi” (elmi), həm də bədii cəhətdən təsvir etməyi tapşırmaq olar. Şagirdlər birinci halda öz yazılarında onun (pişiyin) xarici görkəmini, başqa pişiklərdən fərqini (eləcə də oxşarlığını) əks etdirirlər. İkinci halda isə təsvir edilən pişiyin hansı cəhəti ilə daha çox maraqlandıqlarını, bu pişiyin hansı əlamətinin onların daha çox xoşuna gəldiyini (məsələn, çevikliyini, qocalığını, siçanlara aman verməməsini və s. əlamətlərdən birini) əsaslandırmağı, ətraflı şəkildə “nümayiş” etdirməyi əsas məqsəd kimi qarşıya qoya bilərlər. Təsvir elə verilməlidir ki, onun əsasında cisim və hadisəni təsəvvür etmək, şəklini çəkmək mümkün olsun. Belə inşalar şagirdlərin diqqətini, müşahidəçilik qabiliyyətlərini inkişaf etdirir, onlarda elmi və bədii üslubun formalaşmasına müsbət təsir göstərir.

Metodik5 ədəbiyyatda şagirdlərin müşahidəçilik qabiliyyətinin (və bununla əlaqədar nitqini) inkişaf etdirmək üçün maraqlı tapşırıqlar verilmişdir. Məsələn, Y.İ.Tixeyeva “İbtidai məktəbdə şagirdlərin nitqini inkişaf etdirmək yolları” (M., 1965) adlı əsərində belə tapşırıqlar təklif edir:

1) Səhər məktəbə gələrkən yolunun üstündə olan binalardan birinə nəzər sal: bu binanın əsas əlamətlərini yadda saxla. Sonrakı günlərdə də müşahidəni davam etdir. Yeni əlamətlər tapmağa çalış.

2) Sinifdə mən sənə həmin binanı təsəvvüründə canlandırmağı tapşıracağam. Binanı yazılı şəkildə təsvir edəcəksən. Evə qayıdarkən yazdığınla binanın əlamətlərini yolüstü bir də tutuşdur. Səhvlərini düzəlt...

Bunlar “rəsmi”, elmi təsvirə aid nümunələrdir. Bədii təsvirdə əvvəl şagirdin diqqətini daha çox cəlb edən əlamət göstərilir, sonrakı cümlələr isə məhz bu əlamətə, onun açılmasına, əsaslandırılmasına xidmət göstərir. Məsələn, “Mənim pişiyim çox çevikdir...”, cümləsi ilə başlanan inşada bütün sonrakı cümlələr həmin çevikliyin nədən ibarət olmasına həsr edilir, şagird öz pişiyinin, doğrudan da çevik olduğunu əsaslandırmağa səy göstərir.

IV sinifdə şagirdlərə divar qəzeti üçün məlumat xarakterli inşalar (məqalə) yazmaq da öyrədilir. Bu məqsəd üçün əvvəlcə “Azərbaycan pioneri” qəzetindən, “Pioner” jurnalından müəyyən məqalələri oxumaq, müzakirə etmək (struktura cəhətdən), onun əsas əlamətlərinin şagirdlərə çatdırmaq yaxşı olar. Uşaqlar başa düşürlər ki, belə yazıların əsas cəhəti bir hadisə, bir şey haqqında sadəcə məlumatın verilməsindən ibarətdir. Nəticədə şagirdlərin hər biri sinifdə, məktəbdə, küçədə, ailədə və s. müşahidə etdikləri maraqlı bir hadisə haqqında məqalə yazır, məlumat verirlər.

IV sinif şagirdləri üçün ən zəruri və çətin inşa növlərindən biri mühakimə xarakterli inşalardan ibarətdir. Belə inşalar üç hissədən ibarət olur: 1) irəli sürülən əsas fikir (tezis), 2) bu fikrin, yəni tezisin əsaslandırılması (sübut) və 3) nəticə.

Nəticə öz mahiyyətinə görə, tezisin başqa formada ifadəsidir, yəni sübuta yetirilmiş tezisdir.

İnşa-mühakimələrdə şagirdlər ən çox aşağıdakı nöqsanlara yol verirlər: tezisi düzgün ifadə edə bilməmək; tezisi sübut etmək üçün lazımi faktların düzgün seçilməməsi; nəticənin tezisə və onun sübutuna uyğun gəlməməsi; tezis, sübut və nəticə arasında əlaqənin pozulması və s. Mühakimə xarakterli inşada şagird əsasən, bu və ya digər əlamət, şey və s. necədir? və niyə belədir? suallarına cavab verməlidir. Məsələn, o, “Mən riyaziyyatı sevirəm”6 hökmünü verirsə, həmin hökmü əsaslandırmalı, riyaziyyatın həyatdakı mövqeyini, əhəmiyyətini və s. səviyyəsində meydana çıxarmağı bacarmalıdır. Yalnız belə olduqda biz deyə bilərik ki, bəli, şagird öz fikrini (tezisini) sübut etdi, bizi inandırdı!

Şəxsi müşahidə (baş vermiş hadisənin əks etdirilməsi mənasında) əsasında aparılan inşalar, bir növ, hekayə janrına uyğun gəlir. Belə ki, şagird özünün şahid olduğu, gördüyü (bəzən də eşitdiyi) bir hadisəni təhkiyə yolu ilə ifadə edir. İnşanın bu növü üç əsas hissədən ibarət olur:

a) hadisənin baş verməsi,

b) hadisənin inkişaf edərək ən gərgin vəziyyətə çatması,

c) hadisənin nə ilə nəticələnməsi.

Göründüyü kimi, bu ardıcıllıq ədəbiyyatşünaslıqda işlədilən anlayışlara uyğun gəlir. Şagirdlərə “Yolda”, “Tarlada” kimi mövzular üzrə inşa-hekayə yazdırmaq olar.

IV sinif üçün yeni “Azərbaycan dili” dərsliyinin ən yaxşı cəhətlərindən biri odur ki, burada inşa və ifadələrin mətnləri, planı, aparılma qaydaları və s. xüsusi tapşırıq mətnləri şəklində əhatə edilmişdir. Ona görə də dərslik müəllimləri metodik cəhətdən düzgün istiqamətləndirir və bizi bu məqalədə hərtərəfli söhbət açmaqdan xilas edir. Yalnız onu qeyd edim ki, proqramda nəzərdə tutulmuş 40 saatın, təxminən, üçdə bir hissəsi (14 saatı) ifadəyə, üçdə iki hissəsi isə (26 saatı) inşa yazılara həsr olunmalıdır. İfadələr dərslikdə olan (bəzən də əlavə) mətnlər üzrə aparılmalı, bu yazıların geniş və yığcam növlərindən istifadə edilməlidir.

İnşaların yuxarıda göstərdiyimiz növlərinin hər birinə aid il ərzində 2-3 yazı aparmaq məsləhətdir. Daha dəqiq desək, şəkil üzrə inşa, təsvir xarakterli inşa, mühakimə xarakterli inşa, inşa-hekayə, inşa-mühakimə, əvvəli verilmiş mətni davam etdirmək və s. növlərin hər birinə aid il ərzində azı iki dəfə yazı aparmaq lazımdır.

Müəllimlərə məsləhət görürük ki, şagirdlərin rabitəli nitq vərdişlərini inkişaf etdirməkdən ötrü əlavə məlumat almaq üçün aşağıdakı kitabdan istifadə etsinlər: Ə.Əfəndizadə, B.Əhmədov və başqaları, Azərbaycan dilinin tədrisi, II hissə, “Maarif”, 1966, səh. 120-168.


3. İbtidai siniflərdə şagirdlərin ifadəli nitqinin inkişafi.

İnsan ömrü boyu nitqini təkmilləşdirir, dilin zənginliklərini mənimsəyir. Erkən uşaqlıq dövründə uşaqda ünsiyyətə təlabat baş qaldırır ki, onu sadə nitq elementləri vasitəsilə aradan qaldırır. Uşağın yaşı atdıqca öz fikirlərini ifadə etməsi tələbatı artır, inkişaf edərək daha çətin söz vahidlərindən istifadə edir. Başqa sözlə desək, uşaqlar doğma dili nitq vasitəsilə mənimsəyirlər. Elə buna görə də şagirdlərin nitqinin inkişafı ilə müntəzəm və məqsədəuyğun şəkildə məşğul olmaq vacibdir.

Nitq inkişafında müəllim və şagirdlərin uzun və gərgin əməyi tələb olunur. Müvəqqəti uğursuzluqlar heç kəsi qorxutmamalıdır. Nitq inkişafı üzrə sistematik iş mütləq öz bəhrəsini verəcək. Nitq bacarıqları və vərdişləri, necə deyərlər, həndəsi silsilə ilə inkişaf edir: kiçik nailiyyət böyük nailiyyətlə əvəzlənir, nitq mükəmməlləşir və zənginləşir.

Hansı nitqi yaxşı nitq hesab etmək olar? Müəllim və şagird bunun üçün nəyə cəhd göstərməlidir? Yalnız yaxşı bildiyini danışmaq və yazmaq lazımdır, bu həm də başqaları üçün maraqlı, faydalı olar. Bəzən məktəbdə şagirdlərə hazır olmadıqları, bilmədikləri bir şeyi danışmağı təklif edirlər. Təəccüblü deyil ki, onların nitqi kasıb, yeknəsəq (dağınıq) olur. Həmin uşaqlar müşahidələri əsasında topladıqları lazımi materialı pis danışırlar.

Belə bir fikir də mövcuddur: dilin zənginliklərinə hərtərəfli yiyələnən, ondan səmərəli istifadə edən insan, cəmiyyət və təbiətin mürəkkəb əlaqələrini müvəffəqiyyətlə anlayır. Şagird üçün yaxşı nitq uğurlu təhsilin və inkişafın göstəricisidir. Hamıya məlumdur ki, nitqi pis inkişaf etmiş uşaqlar təlimdə geri qalır, tapşırıqların öhdəsindən vaxtında gələ bilmirlər.

Nitq ifadəli olduqda dinləyiciyə lazımi dərəcədə təsir göstərir. Nitqin ifadəliliyi - öz fikrini aydın, inandırıcı, rabitəli ifadə etmək bacarığıdır; faktların seçimi, ifadələrin düzülüşü, söz seçimi, hekayənin ümumi əhval-ruhiyyəsi ilə, intonasiya ilə insanların hisslərinə təsir etməkdir. Oxuduğu mətnə və öz nitqinə ifadəlilik baxımından qiymət vermək bacarıqları şagirdlərdə elə ibtidai siniflərdən aşılanmalıdır.

Şifahi xalq yaradıcılığı nümunələrindən məqsədəuyğun şəkildə istifadə üzərində işin təşkili şagirdlərin oxusunun ifadəliliyinə öz müsbət təsirini göstərir, nitqini daha ifadəli edir.

Çünki atalar sözləri, məsəllər, sınamalar, diləklər və s. məzmunla mətnlərin nəqli, sual, əmr intonasiyaları məntiqi vurğu çalarları ilə məlahətli səslənir və şagirdlərdə xoş ovqat və yaxud da təəssürat yaradır. Misal üçün, “Lal axan çaydan içməzlər” məsəli həm də inancdır; şagirdlərə əgər buna uyğun misal kimi, “Suyun lal axanı, adamın yerə baxanı” məsəli tapdırılsa və deyilərsə, habelə “Sirkə nə qədər tünd olarsa, öz qabını sındırar” məsəlinin izahı zamanı “Hirsli başda ağıl olmaz” məsəlindən istifadə olunur, “Nə tökərsən aşına, o da çıxar qaşığına” məsəlinin izahı üçün “Yaxşılıq da qazanılır, pislik də”, “Hər kəs öz əməlinin nəticəsini görür”, “Yaxşılıq edən yaxşılıq görər, pislik edən-pislik”, “Başqasına quyu qazan özü düşər” və s. nümunələrdən istifadə olunması oxu prosesində qazanılan və nitqə daxil edilən emosional-obrazlı ifadələr, müdrik kəlamlardır. Bunların hər birinin üzərində oxu zamanı cürbəcür məqsədli və formalı işlər görmək mümkündür.

Beləliklə, I-IV siniflərdə şagirdlərin nitqinin ifadəliliyi ilə bağlı Azərbaycan dili dərslərinin verdiyi optimal imkanlar inkişafetdirici olmalıdır. Təhlil-tərkib üslubunda aparılan müşahidələr, müqayisələr və s. nümunəvi nitq parçalarının dinlənilməsi, şagird nitqinin ifadəliliyinə müntəzəm diqqət yetirilməsi ilə tamamlanmalıdır. Şagird nitqinin ifadəliliyinə nail olmaq üçün geniş oxu metodikası, ədəbi tələffüz metodikası, ifadə və inşa metodikası var. Məqsəd bu sistemdə qurulan iş növlərindən daha səmərəli istifadə etməkdən və beləliklə, ibtidai sinif şagirdlərini ana dili proqramının tələbləri səviyyəsində ifadəli nitq vərdişlərinə yiyələndirməkdən ibarətdir.
4. İfadə və onun nitqin inkişafında rolu.

“Vahid tələblər”də oxuyuruq: “Şagirdlərin dəftərlərində aparılan bütün yazılarda aşağıdakı tələblər gözlənilməlidir: 1) Yazılar aydın oxunmalı və səliqəli xətlə yerinə yetirilməlidir7”. Bu fikir təkcə yoxlama yazılara yox, bütün öyrədici yazılara da aiddir. Yoxlama yazıların səliqəli xətlə yazılması şagirdlərin yazı vərdişlərinə necə yiyələnmələrindən asılıdır. Bu vərdişlər isə I sinifdən başlayaraq ildənilə təkmilləşir. Şagirdlərdə düzgün yazmaq vərdişlərinin formalaşdırılmasında isə sinif və ev tapşırıqlarının icrası mühüm rol oynayır. Ona görə də yoxlama yazıların aydın və səliqəli xətlə yerinə yetirilməsinə nail olmaq üçün, ilk növbədə, sinif və ev tapşırıqlarının səliqəli yazılmasına çalışmaq lazımdır.

“Vahid tələblər”də oxuyuruq: “2) Dəftərlərin üz səhifəsindəki yazılarda vahidlik gözlənilməlidir; orada a) məktəbin yerləşdiyi yer; b) məktəbin adı (əgər varsa) və nömrəsi; c) sinif; ç) şagirdin adı və familiyası göstərilməlidir. Məsələn: Cəlilabad şəhəri, Nizami adına 1 nömrəli məktəbin VI sinif şagirdi Mahir Mövsümovun nitq inkişafı üzrə yazı dəftəri”8.

Əvvələn, burada “Cəlilabad şəhəri” ad birləşməsindən sonra “,” (vergül) işarəsi olmamalıdır. Çünki bu birləşmə ilə “Nizami adına 1 nömrəli məktəb” adları həmcins deyil, bu birləşmələr bütövlüklə məktəbin rəsmi adıdır. İkincisi, bəzi məktəblərdə sinfin adını (sırasını) bildirən rəqəmlərin burada göstərildiyi kimi, rum rəqəmi (VI) ilə deyil, ərəb rəqəmləri ilə (məsələn, “6-cı”) yazırlar ki, bu da məqsədəuyğun deyildir.

Respublikanın böyük şəhərlərində, xüsusən Bakıda elə məktəblər vardır ki, orada 10-15 paralel sinif mövcuddur. Buna görə də paralel sinfləri fərqləndirmək üçün sinfin adını bildirən rəqəmin üstündə əlifba sırası ilə hərflərdən və hətta son illərdə rəqəmlərdən də istifadə olunur. Bizə elə gəlir ki, 5-6 paralel sinifləri olan məktəblərdə rəqəmlərdən istifadə oluna bilər. Lakin müşahidələr göstərir ki, paralel sinifləri hərflərlə fərqləndirən məktəblərdə həmin hərflər müxtəlif şəkildə yazılır: VI a, VI “a”, VI A, VI “A”, VIA ,VI“A”,VI“a” və s. Bizə elə gəlir ki, rəqəmin üstündə hərfləri böyük, kiçik, dırnaqda və ya dırnaqsız yazılması məzmuna heç bir təsir göstərmir. Ancaq bu, sinfin adını bildirdiyi üçün böyük hərflə yazılsa, daha məqsədəuyğun olar. Hərflərin rəqəmin üstündə, yaxud rəqəmin yanında dırnaqda və ya dırnaqsız yazılmasına gəldikdə isə, onların rəqəmlərin üstündə və dırnaqda yazılmasını daha düzgün hesab edirik. Çünki burada hərflər sıra adını bildirməyə xidmət edir və məcazi məna daşıyır. Məcazi məna daşıyan bütün idarə və təşkilat adları isə həmişə böyük hərflə və dırnaqda yazılır: “Qərənfil” uşaq bağçası, “Arzu” şadlıq evi, “Bakı” mehmanxanası və s

“Vahid tələblər”də oxuyuruq: “3. Şagirdlər səhifələrin haşiyələrindən kənara çıxmamaq qaydasına riayət etməlidirlər; 4. İşin yerinə yetirilməsi tarixi səhifənin kənarında (sətrin sonunda ərəb rəqəmləri ilə (1.04.91; 12.11.91) qeyd olunur. Azərbaycan dili və ədəbiyyata aid dəftərlərdə günün tarixi V-IX siniflərdə sözlərlə də yazdırıla bilər (məsələn: On dörd sentyabr)”.

“Vahid tələblər”də göstərilir: 5.“Azərbaycan dili və ədəbiyyat üzrə yazı işləri aparılarkən günün tarixindən sonra yazı işinin növü və sonrakı sətirdə mövzu qeyd olunur. Məsələn,


İmla

İfadə

İnşa


Kəndimiz

Meşədə

Ən çox sevdiyim sənət

Müşahidələrə əsasən demək olar ki, ümumtəhsil məktəblərində müxtəlifliyə yol verilir. Əvvələn, burada yazı növü və mövzunun adından, hətta ayın tarixindən sonra heç bir durğu işarəsindən istifadə edilməmişdir. Müəllimlərin bir qismi göstərişdən kənara çıxmır, əksəriyyəti isə başlıqlardan sonra nöqtə qoyulmasını tələb edirlər.

Ali məktəblərə qəbul imtahanları zamanı inşa yazılardan sonuncu dəfə istifadə olunduğu ildə televiziya ilə “Azərbaycan dili” verilişini aparan hörmətli alimlərimizdən biri bununla əlaqədar verilmiş suallara cavabında qeyd etdi ki, rus dilində bunlardan sonra nöqtədən istifadə edilir. Azərbaycan dilində isə onlardan sonra nöqtə qoymaq da olar, qoymamaq da.

X-XI sinif “Azərbaycan dili” dərsliklərində isə yazılı çalışmalara az, şifahi çalışmalara çox yer verildiyi üçün savadlı və təcrübəli müəllimlər tez-tez V-IX siniflərdə tədris olunan materialları müəyyən ardıcıllıqla şagirdlərə təkrar etdirir, dilçiliyin hər hansı şöbəsi (fonetika, leksika, morfologiya, sintaksis) təkrar olunanda müvafiq linqvistik təhlildən də geniş istifadə edirlər. Beləliklə, həm X, həm də XI siniflərdə dərs ili ərzində V-IX siniflərdə tədris olunan dilçiliyin bütün şöbələri təkrar olunur, leksik və qrammatik təhlillər aparılır. Bu iş təkcə dərs prosesində deyil, hətta ev tapşırıqlarının verilməsində də həyata keçirilir.

Yazıların icrası zamanı növündən asılı olaraq “Öyrədici imla”, “Yoxlama imla”, “Öyrədici ifadə”, “Yoxlama inşa” və s. birləşmələrindən də istifadə edilir. Bu da səhvdir. Sadəcə olaraq, “İmla”, “İfadə” və “İnşa” sözlərindən istifadə etmək lazımdır. Çünki yoxlama yazılar yoxlama, öyrədici yazılar isə öyrədici yazı dəftərlərində aparılır. Müəllimlər bəzən “Əlavə tapşırıqlı yoxlama imla” ifadəsindən də istifadə edirlər. Əlavə tapşırıqlı olsa da, elə “İmla” yazılsa, daha düzgün olar. Sinif jurnallarında isə yazının yoxlama və ya öyrədici, əlavə tapşırıqlı olması aşağıdakı kimi göstərilməlidir: Yoxlama imla: “Kəndimiz”; Öyrədici ifadə: “Meşədə”; Öyrədici inşa: “Bizim ailə”; Yoxlama inşa: “S.Rəhimovun “Mehman” əsərində Mehman surəti” və s.

Bütün yazı işlərində sətirbaşı (abzas) qaydaya əməl olunmalıdır. Səhifələrin birinci xətti boş buraxılmamalıdir. Ayın tarixi ilə yazı növünün adı və bununla da mövzunun adı, mövzunun adı ilə mətn arasında boş xətt saxlanılmamalıdır. Yazı ilə ona verilən qiymət və qiymətlə növbəti yazının tarixi arasında iki sətirlik yer boş qalmalıdır. Şagirdlər yazıda yol verdikləri səhvləri düzəldə bilərlər. Səhv yazılmış hərfin və durğu işarələrinin üstündən soldan başlayan çəpəki, artıq söz, şəkilçi və ya cümlənin üstündən üfüqi nazik xətt çəkilməli və düzgün olanı sətrin üstündən yazılmalıdır. Səhv yazılmış söz və ya cümlələrin mötərizəyə alınmasına yol verilmir.

Dərs zamanı 5-10 dəqiqəyə həyata keçirilən bu öyrədici yazılar şagirdlərin qazandıqları biliklərin möhkəmləndirilməsində, rabitəli nitqlərinin inkişafında, orfoqrafik və durğu işarələrinin işlənməsinə aid vərdişlərinin sabitləşməsində mühüm rol oynayır. İcrasına müəyyən saat ayrılan öyrədici imlalar isə bu cür kiçik həcmli imlalarla adi yoxlama imlalar arasında keçid mərhələ təşkil edir.

Yazdırılmasına proqramda xüsusi saat ayrılmayan yığcam imlalar, adətən, dərs prosesində şagirdlərin özünə oxutdurulur və yol verilən nöqsanlar sinifdə düzəldilir. Şagirdləri həvəsləndirmək məqsədilə hətta 1-2 şagirdin yazısına qiymət də vermək olar. Yaxşı olar ki, belə imlaların icrası zamanı müəllim zəif oxuyan şagirdlərin yazılarına daha çox diqqət yetirsin. Sinifdə icra olunan və evə tapşırılan çalışmaların nömrəsi jurnalda öz əksini tapdığı kimi, bu imlaların mövzusu da mövzular yazılan qrafada “Sərbəst imla”, “Yaradıcı imla”, “Xəbərdarlıqlı imla” və s. şəkildə qeyd olunmalıdır

Ümumtəhsil məktəblərinin V-IX siniflərində yığcam öyrədici imla və inşalardan geniş istifadə olunduğu halda, yığcam ifadələrin icrasına əhəmiyyət verilmir. Lakin ifadələrin şagirdlərin inkişafında oynadığı müsbət rol nəzərə alınsa, yığcam ifadələrdən də istifadənin zəruriliyi diqqəti cəlb edər.

Buna görə də müəllimlər yeri gəldikcə bu öyrədici yazı növündən də bəhrələnməlidirlər. Bu öyrədici yazının müxtəlif formaları vardır: 1) Müəllim sinifdə ifadəyə hazırlıq işini həyata keçirdikdən sonra icrasını evə də tapşıra bilər; 2) Şəxsləri dəyişdirilən ifadə yazı. Bu cür ifadələrin icrası zamanı şəxslər dəyişdirilir. Əgər mətn birinci şəxsin dilindən söylənirsə, şagirdlərə tapşırılır ki, ifadəni yazarkən mətni üçüncü şəxsin dilindən yazsınlar; 3) Surətin dili ilə yazılan ifadə. Bu, bundan əvvəlki ifadənin əksidir. Yəni mətn müəllifin dilindən yazılıbsa, şagirdlər onu dəyişdirib surətin dilindən yaza bilərlər və s.

Şagirdlərə verilmiş yeni biliklərin möhkəmləndirilməsi məqsədilə ev tapşırıqlarının icra edilməsi böyük əhəmiyyət kəsb edir. Təəssüf ki, bəzi müəllimlər onun mahiyyətini yaxşı dərk etmir və ev tapşırıqlarının verilməsinə laqeyd yanaşırlar. Müəllimlərin əksəriyyəti isə bu təlim üsulundan geniş istifadə edirlər. Əgər şagird öyrəndiyi hər hansı qrammatik qaydaya aid tapşırıqları müstəqil icra edə bilmirsə, öyrəndiklərini çalışmaların icrası zamanı tətbiq etmirsə, həmin qrammatik qaydalar tez unudular. Buna görə də müəllim hər dərsdə ev tapşırıqlarının verilməsinə və onun icrası ilə əlaqədar olan izahına xüsusi diqqət və məsuliyyətlə yanaşmalıdır. Müəllim elə etməlidir ki, ev tapşırıqlarının verilməsi və icrasını sinifdə ənənəyə və vərdişə çevirməyə, dərslikdə olan bütün çalışmaların sinifdə və evdə icrasına nail olsun.

Təcrübə göstərir ki, aparılmasına xüsusi saat ayrılmayan 5-10 dəqiqəlik kiçik həcmli ifadələrdən təlim prosesində istifadə olunmasa da, yığcam inşaların icrasına daha çox üstünlük verilir. Bu cür inşaların mövzuları isə ən çox gündəlik həyatla əlaqələndirilir. Bütün tarixi günlər, bayramlar, yubileylər, gündəlik həyatda və respublikada baş verən mühüm hadisələr bu inşaların mövzusuna çevrilir. Təsviri və təsviri-mühakimə xarakterli inşaların yazdırılması şagirdləri mühakimə xarakterli inşalar yazmağa hazırlayır. Mövzular çox rəngarəng ola bilər: “İlk dərs”, “Mənim bir günüm”, “Yay tətilini necə keçirdim”, “Qızıl payız”, “İlk qar”, “Yeni il”, “Novruz bayramı”, “Qurban bayramı”, “Doğma kəndimiz”, “Yaşadığım küçə”, “20 Yanvar”, “Xocalı faciəsi”, “Bahar fəsli”, “Mən dərslərə necə hazırlaşıram?”, “Valideynlərimə necə kömək edirəm?”, “Üzüm bağlarında “, “Bizim məktəb”, “Məktəb kitabxanasında” və s.



ƏDƏBİYYAT SİYAHISI

  1. Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün (I-IV siniflər) Ana dili kurikulumu. Bakı, 2007.

  2. İbtidai siniflər üçün “Azərbaycan dili” dərslikləri və “Müəllim üçün metodik vəsait”. Bakı, 2016.

  3. Kərimov Y.Ş. İbtidai siniflərdə yazılı inşalar. Bakı, 1998.

  4. Qurbanov V.T. Nitq mədəniyyəti və üslubiyyatın əsasları. Bakı, 2018.

  5. Aydın Paşayev. Azərbaycan dili və ədəbiyyatı tədrisinin bəzi problemləri (Metodik vəsait) Bakı, Hədəf Nəşrləri, 2012. - 180 səh




1 Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün (I-IV siniflər) Ana dili kurikulumu. Bakı, 2007.


2 İbtidai siniflər üçün “Azərbaycan dili” dərslikləri və “Müəllim üçün metodik vəsait”. Bakı, 2016.


3 M.İ.Kalinin. Kommunist tərbiyəsi haqqında, Uşaqgəncnəşr, Bakı, 1948, səh. 50.

4 Yenə orada, səh. 60-61.

5 Ağarəhim. Əsərlər. 20 cilddə. XX cild (Ana dilinin tədrisi metodikası (ibtidai siniflərdə). Bakı: BQU nəşriyyatı, 2015.

6 Balıyev H. Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikasından mühazirələr. Bakı, 2007.

7 Aslanov M. İfadə yazı mətnləri. Bakı, 1974.

8 Aslanov M. İfadə yazı mətnləri. Bakı, 1974.



Yüklə 52,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə