GÖYÇƏK FATMA
Bakı, Altun Kitab, 2009
Xalq nağılı
Rəssam – Şəlalə Rüstəmova
12 səh.
17 sm x 24 sm
Qiyməti: 1.00 AZN
Biri vardı, biri yoxdu bir kişinin Fatma adında gözəl‐göyçək bir qızı və bir oğlu
vardı.
Fatmanın ögey anası çox zalım idi, qıza göz verib işıq vermirdi. Onun da Fatma
adında bir qızı var idi. Ancaq bu qız çox çirkin idi, özü də keçəl idi.
Bir gün Fatmanın atası oğlu ilə qızını götürüb meşəyə getdi. Meşədə kişi uşaqlarına
dedi:
‐ Siz burada çiyələk, moruq yığın. Mən də gedim odun qırım. Bir azdan gəlib sizi
evə apararam.
Bunu deyib kişi getdi. Uşaqlar moruq yığa‐yığa meşənin dərinliyinə getdilər.
Uşaqların başı o qədər qarışdı ki, axşamın düşməyindən xəbərləri olmadı. Onlar
meşədə azdılar, atalarını tapa bilmədilər.
Fatmaın qardaşı bərk susamışdı. O, bir bulaq başına gəlib doyunca su içdi. O saat
dönüb inək oldu.
Fatma qorxusundan ağlamağa başladı. Elə bu zaman inək dil açıb dedi:
‐ Bacı, qorxma, gedək evimizə. Mən yolu tanıyıram. Amma bu sirri heç kimə demə.
Onlar evə qayıtdılar. Fatmanın analığı əvvəlcə onu görüb üz‐gözünü turşutdu.
Sonra fikirləşdi ki, yaxşı oldu, Fatma inəyi otarar, biz də inəyin südünü sağıb yağ‐
pendirlə dolanarıq.
Beləcə, Fatma hər gün inəyi otarmağa başladı.
Bir gün göyçək Fatma inəyi otara‐otara gəlib çıxdı bir daxmanın yanına. Daxmadan
bir qarı çıxıb ona dedi:
‐ Ay bala, yaxşı gəlmisən. Gəl mənə kömək elə. Fatma süpürgəni götürüb evi
tərtəmiz süpürdü. Sonra qarının başını yudu. Sağollaşanda qarı ona dedi:
‐ Qızım nə vaxt çətinliyə düşdün, gəl yanıma. Bu qarı nənən həmişə qulluğunda
hazırdır.
Fatmanın analığı hiss etmişdi ki, bu inək adi inək deyil. Bir gün ərinə dedi:
‐ Ay kişi, nə vaxtdır dilimizə ət dəymir. İnəyi kəs yeyək.
Bunu eşidən göyçək Fatma tez qarının yanına qaçdı, əhvalatı ona söylədi. Qarı bir
ovsun oxudu. İnək dönüb xoruz oldu. Ancaq bunu bir qarı bildi, bir də göyçək Fatma.
Fatmanın analığı eşitdi ki, padşahın böyük oğlunun toyudur. Öz keçəl qızını
götürüb toya hazırlaşdı. Göyçək Fatma analığına yalvar‐yaxar elədi ki, onu da toya
aparsın. Analığı qoymadı ki, qoymadı.
Analığı gedəndən sonra Fatma evdə təkcə oturub ağlayırdı. Birdən qarı peyda oldu.
Fatmaya bir zər‐zibalı paltar və bir cüt qızıl başmaq verib dedi:
‐ Bunları geyin get toya. Amma evə tez qayıt.
Fatma paltarı geyib qızıl başmaqları taxdı, getdi toya. Hamı bu gözəllikdə qızı
görüb heyran qaldı.
Göyçək Fatma toyda doyunca oynayıb analığından qabaq evə döndü. Amma yolda
çayı keçəndə başmağının bir tayı ayağından çıxıb düşdü suya. Tələsdiyindən başmağı
qoyub qaçdı.
Bir gün padşahın kiçik oğlu ova çıxıbmış. Çayı keçəndə gördü ki, suda nə isə
parıldayır. Əyilib baxdı ki, qızıl başmaqdır. Tez adamlarını yanına çağırıb dedi:
‐ Gedin hər yeri axtarın. Bu başmaq hansı qızın ayağına olsa, mən onu alacağam.
Şahın adamları arayıb‐axtarıb Fatmanı tapdılar, şahzadəyə xəbər verdilər ki, bu,
gözəl‐göyçək bir qızdır. Şahın elçiləri Fatmanı aparmağa gələndə onun analığı göyçək
Fatmanı təndirə saldı, onun yerinə öz qızı keçəl Fatmanı qabağa verdi.
Şahzadə bu çirkin qızı görüb çox qəmgin oldu. Elə bu zaman həyətdə xoruz
banladı:
Quqqulu‐qu,
Fatma xanım təndirdə,
Əl‐ayağı kəndirdə.
Şahzadə gəlib təndirin ağzını açdı, gördü, doğrudan da, Fatma əli‐qolu bağlı
təndirdədir. Qızı çıxardıb geyindirdilər, verdilər padşahın kiçik oğluna. Hamı toyda
çalır, oynayır, şadlıq edirdi. Keçəl Fatma ilə anası isə qan ağlayırdı.