F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 436,34 Kb.
Pdf görüntüsü
tarix01.06.2017
ölçüsü436,34 Kb.

                                                            

F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 



 

                



 

 

 

 

 

           Uşaq dünyasının yorulmaz səyyahı –  

                                Tofiq Mahmud 

 

Tofiq  Mahmudun  85 illik yubileyi münasibətilə mərkəzi  

kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, 

 kənd kitabxana filialları üçün hazırlanmış  metodik vəsait 

 

                              

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı – 2016 

Tərtibçi:                                  Nərgiz Məcidova 

 

 

 

Redaktor:  

 

 

 Səməd Məlikzadə 

 

Ixtisas redaktoru  

 

 Şəhla Qəmbərova 

və buraxılışa məsul:              Əməkdar Mədəniyyət işçisi 

 

 

 

 

 

Uşaq  dünyasının  maraqlı  səyyahı  –  Tofiq  Mahmud:  metodiki 

vəsait / tərt. ed. N.Məcidova; red. S.Məlikzadə, ix. red.  və  burax. 

məsul 

Ş.Qəmbərova;  F.Köçərli  adına  Respublika  Uşaq 



Kitabxanası.- Bakı, 2016.- 21 s.

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2016. 

                             

Tərtibçidən 

 

Gənc  nəslin  intelektual  inkişafında 

və  vətənpərvər  ruhda  yetişməsində  

uşaq  ədəbiyyatının  və  mətbuatının 

mühüm  rolu  vardır.  Bu  istiqamətdə  

işlərin 


görülməsində 

uşaq 


yazıçılarımızın  da  üzərinə  böyük 

məsuliyyət  düşür.  Onların    yaradıcılıq 

fəaliyyətlərinin  yeni  nəslin  tərbiyəsi 

üçün faydalı şəkildə təbliğinin nə qədər 

əhəmiyyətli  olduğu    da  hamımıza 

məlumdur.  Bu  vəsait  uzun  illər  “Göyərçin”  uşaq  jurnalının 

redaktoru işləmiş, yazıçı və şair Tofiq Mahmudun 85 illik yubileyi 

münasibətilə  hazırlanmışdır.  Vəsaitin  birinci  hissəsi  Tofiq 

Mahmudun həyat və yaradıcılığından bəhs edir. İkinci hissədə isə 

onun  yaradıcılığına həsr olunmuş tədbirlərdən söhbət açılır.  

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                          Bəzən duyuram ki, nəhəng meşəyəm,  

                         Bəzən də zərifəm, bir bənövşəyəm. 

                                                                                Tofiq Mahmud 

 

Tofiq Mahmud 1931-ci il noyabrın 6-da qədim Naxçıvanın 



gözəl  bir guşəsində - Şahbuz rayonunda anadan  olub, orta və ali 

məktəbi  isə  Bakıda  bitirib.  Təhsilini  başa  vurduqdan  sonra 

Mədəniyyət  Nazirliyinin  müəssisələrindən  birində  işə  başlayan 

Tofiq Mahmud sonralar "Azərbaycan müəllimi" qəzetinin müxbiri 

olub.  Tale  onu  1961-ci  ildə  "Göyərçin"  jurnalının  redaksiyasına 

gətirib.  15  ildən  sonra  isə  ömrünün  sonuna  kimi  bu  jurnalın 

redaktoru  işləyib.  Təsadüfi  deyil  ki,  bu  jurnalı  əlifbadan  sonra 

"ikinci dərslik" adlandırırlar. Çünki uzun illər ibtidai siniflər üçün 

dərsliklər  tərtib  edilərkən  ilkin  mənbə  kimi  bu  jurnala  müraciət 

edilirdi.    Uşaqların  oxu  vərdişlərinin  inkişaf  etdirilməsində  bu 

dərginin  rolu  böyük  olurdu.  Bu  da  təsadüfi  deyildir,  "Göyərçin" 

balacalar  üçün  uşaq  ədəbiyyatının  ən  gözəl  nümunələrini  öz 

səhifələrində  dərc  edirdi.  Və  bele  bir  missiyanı  həyata  keçirən 

jurnala rəhbərlik etmək, hər nömrəsində uşaqların zövqünü oxşaya 

bilmək  böyük  yaradıcılıq  qabiliyyəti  tələb  edirdi.  Tofiq  Mahmud 

yaradıcılığında doğma yurda bağlılıq mühüm yer tutur. O, sadəcə 

olaraq  coğrafi  mənzərələri  vərəqləmir,  poetik  duyğularla  zəhmət 

adamlarının qayğılarından söz açır.  Şair bu torpağın Kürü, Arazı 

boyunca  addımlayaraq,  gözoxşayan  lövhələr  yaradır.    Onun 

yaradıcılığında  dünyanın  bütün  qədim  şəhərləri  təzələşir,  tikilir, 

qurulur,  müasir  görkəm  alır.  Məhz  bu  cəhətləri,  bu  axtarışları 

sayəsində  Tofiq  Mahmud  özündən  sonra  zəngin  ədəbi  irs  qoyub 

getmişdir.  

O,  poeziyanı  həddən  çox  sevirdi.  Onun  üçün  şeir  aləmi 

ömrünün sonuna kimi möcüzə olaraq qaldı. Sağlığında 20-dən çox 

kitabı işıq üzü gördü. Ona elə gəlirdi ki, həyat poeziyasız solğun 

və  mənasız  görünər.  Buna  görə  də  qələmə  sarılaraq  "poeziyanı 

sevmək  mənim üçün  həyatı  və  insanları  sevmək deməkdir"  fikrini 


qətiyyətlə  dilə  gətirib.  Hətta  ona  ünvanlanan  "Şeir  nədir"  sualına 

da belə cavab verib: "Gözümdəki işıqdır, könlümdəki nəğmədir". 

O  bu  işığın  nuruna  bürünərək  Vətən  gözəlliklərinə,  onun 

qalalarına,  abidələşmiş  insanlarına,  qəhrəmanlarına  gözəl 

nəğmələr qoşdu. "Vətən" adlı bir şeirində oxuyuruq: 

  

Təkcə çəmən deyil, təkcə dağ deyil, 



Solmayan əbədi çiçəkdir Vətən! 

Təkcə dərə deyil, daş-torpaq deyil

Cavanşir, Koroğlu, Babəkdir Vətən! 

  

Onun  nəzərində  Nizami,  Xətai,  Füzuli,  Sabir  kimi  dühalar 



yetirən  bir  Vətən  nəhənglərin  nəhəngi  idi.  Xəzərin,  Göygölün, 

Kəpəzin,  Kürün,  Arazın,  Həkərinin  gözəlliyindən  vəcdə  gəlib 

misralarını  çələng  kimi  hörərək  Vətənin  boynuna  dolayırdı. 

Dilində  ən  şirin  nəğməyə  dönürdü  yurd  yerlərimiz:  "Zəmidir, 

tarladır,  pətəkdir  Vətən!".  Gücünü,  dayağını  ana  torpağın 

sinəsindən  alan  şair  mərdlərlə,  igidlərlə  fəxr  edirdi.  Böyük 

məhəbbətlə, fəxarətlə and içirdi: 

  

Gücüm, dayağım mənim, ana torpağım mənim, 



Sənə kəc baxanların gözünə batan oxam. 

  

 Tofiq  Mahmudun  şeirlərində  insan  sevgisi  dil  açıb  danışır. 



Təbiətin  əşrəfi  sayılan  bu  varlığın  ünvanına  müəllifin  münasibəti 

sonsuz məhəbbətdən don geyinir. 

Alnıaçıq,  başını  şax  tutub  dəyanətlə  yaşamağı  bacaran  Tofiq 

Mahmud  rəzalətlə  də  üzləşmişdi,  xəyanət  də  görmüşdü, 

ədalətsizliyin əzablarını da çəkmişdi. Amma ürəyi təmiz, kindən, 

küdurətdən  uzaq  idi.  Şair  oxucularına  belə  məsləhət  verirdi: 



"Pislikləri  unudun.  Həmişə  içinizdə  xoş  duyğular  yaşadın".  Bu 

baxımdan  onun  şeirlərinin  əksəriyyətində  bir  müdriklik  duyulur, 

insanı  düşündürür:  "Şöhrət  pilləsini  qalxanlar  bəzən  hörmət 

pilləsini qalxa bilməyir". Özünəməxsus şeir söyləməyi olan Tofiq 



Mahmud  lirikası  səmimi,  poetik  hisslərin  tərcümanı  kimi  diqqəti 

çəkirdi. Onun sakit təbiətində hansı fırtınaların yatdığı yalnız şeir 

deyərkən  bəlli  olurdu.  Onun  “Qızımla  söhbət”  seriyasından 

yazdığı  şeirləri  kiçikyaşlı  uşaqların  bilik  səviyyəsinə,  dünya 

görüşünə daha çox uyğundur. Bu şeirlərdə verilən suallarda uşaq 

təbiətinin  sadəliyi,  cavablarda  isə  şair  müdrikliyinin  çalarları  əks 

olunur: 

-

 



Necə olur ki, hər gün 

Səhər-səhər çıxır gün. 

O qədər işıq salır, 

İşığı hardan alır?! 

Bəs necə dolu-dolu 

Yağır yağış, qar, dolu?! 

Niyə duman ağ olur,  

Ay bəzən oraq olur?! 

Göylərdə nə partlayır, 

Şimşək necə parlayır?! 

Hardan axıb gəlir çay, 

Harda necə bitir çay?! 

Hamı yatanda gecə 

Nəhəng fil yatır necə?! 

Necə yatır şir, bəbir, 

Mənə söylə birbəbir. 

Tofiq  Mahmud  poeziyamızın  sıravi  əsgəri  idi.  Özü  demişkən, 

dahi  olmasa  da,  qəlbi  müdrik  fikirlərlə  dolu  idi.  Yolu 

hamarlıqdan,  düzlükdən  keçmirdi.  Qarşısına  çıxan  kolluqların 

arasından  belə  öz  cığırını  salmağı,  sözünü  deməyi  bacarırdı.  Nə 

yazırdısa mükəmməl alınırdı.  

               Yatmasa da səngərə, 

               Bənzəyirdi əsgərə, 

               Ən ağır toplar kimi 

               Güclü idi qələmi. 

               Bu qələmin səsiylə 

               Titrədirdi aləmi.                      Tofiq Mahmud  


Keçiriləcək tədbirlər 

 

Kitabxanada  Tofiq  Mahmudun  yubileyi  münasibətilə  hazırlanmış 

tədbirlərdən 

şairin  doğma  Azərbaycanı  tərənnüm  edən 

şeirlərindən  hazırlanmış  ”Ölkəmizi  gəzək  qarış-qarış”  adlı 

kompazisiya

 

təşkil  edə  bilərik.  Bu  tədbirdə  şeirlərdən  “Kəlbəcər 



yolları”,  “Basqal”,  “Nabran”,  “Göy  göl”,  “Salam  Kəpəz”, 

“Qaragölə gedən cığır” və s. istifadə edə bilərik. 

                                  

                                      

Sərgi 

 Kitabхanalarda sərgilərin təşkili əyani təbliğat fоrması- 

nın  ən  gеniş  yayılmış  üsuludur.  Uşaq  şairi  Tofiq  Mahmudun 

yubileyi münasibətilə kitabxanada şairin kitablarından ibarət sərgi 

təşkil  edilir.  Sərgidə  şairin  portreti,  sərgi  başlığından  istifadə 

edirik.  Sərgi  başlığı  olaraq:  “Qələmi  ilə  əsgərə  bənzəyən  şair”



“Uşaq  dunyasınının  səyyahı”,  və  s.  istifadə  edə  bilərik.  Təşkil 

olunmuş sərgidə şairin müxtəlif illərdə çapdan çıxmış kitablarının 

biblioqrafik siyahısını da oxuculara təqdim etmək olar: 

 

1. “Yola çıxıram”. Bakı: “Uşaqgəncnəşr”, 1959, 36 səh. 



2. “Mənim kürəkənim”, Bakı: Xalq Yaradıcılıq Evi, 1959, 12 səh. 

3. “Dibçək”, Bakı: “Uşaqgəncnəşr”, 1962, 16 səh. 

4. “Buzovna qayaları”, Bakı: “Azərnəşr”, 1963, 52 səh. 

5. “Utancaq oğlan”, Bakı: “Uşaqgəncnəşr”, 1964, 16 səh. 

6. “Açıqdır pəncərəm”, Bakı: “Azərnəşr”, 1966, 106 səh. 

7. “Alpinistlər”, Bakı: “Gənclik”, 1967, 62 səh. 

8. “Meşədə səs”, Bakı: “Gənclik”, 1969, 70 səh. 

9. “Ana qucağı” Bakı: “Gənclik”, 1971, 72 səh. 

10.”Qızımın sualları”, Bakı: “Gənclik”, 19 səh. 

11.”Dalğalar”, Bakı: “Gənclik”, 1976, 135 səh. 

12.”Ulduzlar, düşüncələr”, Bakı: “Azərnəşr”,1977,111 səh. 

13.”Pəncərəyə toxunan budaq”, Bakı:”Gənclik”, 1978, 134 səh. 

14.”Kəpənək gözəlliyi” Bakı: “Gənclik”, 1980, 178 səh. 

15.”Məhəbbətim sirr deyil”, Bakı: “Yazıçı”, 1981, 215 səh. 



16.”Yerə dağılan muncuqlar”, Bakı: “Gənclik”, 1983, 271 səh. 

17.”Şən şerlər”, Bakı: “İşıq”, 1983, 

18.”Bu işıqla qalacağam” (şerlər, poemalar), Bakı: “Yazıçı”,1985, 

256 səh. 

19.”Yağış yağır dənizə” Bakı: “Gənclik”, 1985, 175 səh. 

20.”Gecə qapı döyülür”, Bakı: “Gənclik”, 1988, 366 səh. 

21.”Uzaqda ucalan dağlar” Bakı: “Yazıçı”, 1991, 310 səh 

 

  



 

 

 



 

 

 



 

                                    Haqqında             

 

 

 



 

 

 



 

 

                   



Haqqında deyilmiş fikirlər 

 

Tofiq  Mahmud  Azərbaycan  tarixinin  ən  gözəl  səhifələrində 



özünə layiqli yer tutmuş gözəl insan, vətəndaş və şəxsiyyət idi. O, 

öz həyatını cəmuyyətin gələcəyinə, uşaqlarına həsr etmişdir. 

                                                    İ .Ə. İbrahimov, 

                                                         Akademik 

 


Tofiq  Mahmudun  bədii  axtarışlarında  tez-tez  özünü  təhlil 

eləmək,  özünün  daxili  təkanlarından  oyanmaq,  məlum  boyaların 

istifadəsindən  qaçmaq,  ələnmək,  yuyunmaq,  yeni-yeni  mövzu 

mənbələri  axtarmaq,  təbiətə  yön  almaq,  ədəbi  köhnədə  ədəbi 

təzəni görmək əsas yer tutur. 

                                                    

Məmməd Araz, 

                                                             xalq şairi 

                                                     

 Tofiq Mahmudun sinəsində dağ ürəyi çırpinırdı.  

                                                             

                                                            Məmməd Aslan, 

                                   şair, Əməkdar mədəniyyət işçisi 

 

    Maraqlı, qısa və şən şeirləri uşaqlar üçün daha maraqlıdır. Tofiq 

Mahmudun  yaradıcılığı  da  belə  şeirlərlə  zəngindir.  Bu  şeirlərdən 

“Bir ətək qoz”, “Tar və konfet” şeirini misal göstərə bilərik. Altı 

misralıq  şeirdə  uşağın  atasına  necə  məntiqlə  cavab  verməsi  çox 

maraq doğurur.  

“Göy qurşağının rəngləri” nağılı da bədii cəhətdən çox ustalıqla 

yazılmış,  rəngarəng  şeirdir.  Burada  qövsi-quzehin  yaranması 

poetik  lövhələrlə canlandırılır.  Tofiq  Mahmud təbiəti duyan, onu 

vurğunluqla tərənnüm edən, hər otu, hər çiçəyi, yarpağı xarakterik 

cizgilər vasitəsi ilə tərənnüm edən bir şairdir.  Bu nağıllar əsasında 

uşaqlar  ilə    nağıl    saatı  keçirmək  maraqlı  olar.  İlk  əvvəl 

kitabxananın facebook ünvanında elan (nağıl saatının keçiriləcəyi 

vaxt  haqqında  məlumat)  yerləşdirilir.  Səhnə  göy  qurşağının 

rəngləri  ilə  bəzədilir.  Kitabxanaçı  uşaqlara  şairi  qısaca  olaraq 

tanıtdıqdan sonra göy qurşağı haqqında biliklərini oyrənir. Onlarla 

sual-cavab edir:  

1)

 

Yağışı sevirsinizmi? 

2)

 

Göy qurşağı görmüsünüzmü? 

3)

 

Göy qurşağının hansı rəngləri var? 

4)

 

Göy qurşağının hansı rəngi xoşunuza gəlir? 

5)

 

Göy qurşağı hansı hadisədən sonra yaranır? 


6)

 

Göy  qurşağı  rənglərini  təbiətdə  hansı  güllərdə 

görmüsünüz? 

 

Sual-cavab bitdikdən sonra kitabxanaçı nağıla başlayır: 



Kitabxanaçı:   -Mən göyün qonağıyam, 

                           Bəli, göy qurşağıyam. 

                           Şimşək çaxandan sonra, 

                           Yağış yağandan sonra

                           Göy üzünə gəlirəm. 

                           Gəlib par-par yanıram, 

                           Qövs kimi dayanıram. 

                           Olsa da yeddi rəngim 

                           Min rəngə boyanıram.... 

                           Yağışın uşağıyam, 

                           Mən bir göy qurşağıyam. 

                           Elə parlağam, parlaq 

                           Sarı, yaşıl, mavi, ağ! 

                           Göydə yarım təkərəm! 

                           Yerə işıq tökərəm! 

                           Olsam da göy qurşağı,  

                           Sallanıram aşağı! 

                           Göydə rəngli qolam mən, 

                           İşıq dolu yolam mən. 

                           Hamı üçün parlaram, 

                           Rənglərimi paylaram. 

                           Mən öz vaxtımı bilib  

                           Yavaş-yavaş itərəm, 

                           Çiçəklərə çevrilib, 

                           Bir də yerdə bitərəm. 

Kitabxanaçı: - Yağışdan sonra əmələ gələn göy qurşağı ilə tanış 

olduq. İndi isə göy qurşağının yerdəki dostlarını tanıyaq: 

 

               Göyü, yeri sevirəm, 



               Çiçəkləri sevirəm. 

               Sübh çağı şeh oluram, 

               Qönçələrə doluram. 

               Görəndə bənövşəni, 

               Fərəh bürüyür məni! 

               Saplağına qonuram, 

               Heyrətimdən donuram. 

               Bu necə zərif çiçək, 

               Harda vardır belə rəng?! 

               Qəribə iş görürəm, 

               Rəngdən rəng götürürəm. 

               Nə gözəldir bağça-bağ, 

               Məni çağırır zanbaq 

               -  Ləçəyimdə qal! – deyir 

               Bu rəngimi al - deyir!    

               Ağ rəngi elə şəffaf

               Hava kimi təmiz, saf... 

               Sevirəm bu çiçəyi 

               Qıfa bənzər ləçəyi 

               Qalıram bu ləçəkdə, 

               Körpə kimi bələkdə.    



Kitabxanaçı: - Göy qurşağının digər bir dostu isə Lalədir: 

           Görən zaman Laləni 

           Lalə çağırır məni. 

           Alır qoynuna bəh-bəh 

           Məni qırmızı qədəh. 

           Bu rəngi içə-içə, 

           Qalıram bütün gecə 

           Çağırır boyçiçəyi, 

           Çiçəklərin göyçəyi. 

           Yer verir qucağında, 

           Ən zərif budağında. 

           Onun tünd sarı rəngi 

           Qəşənglərin qəşəngi. 

           Sanki öpüb gözümlə 


           Götürürəm özümlə!.... 

           Mən düşürəm çəpərə, 

           Çəpərdən qantəpərə. 

           Alıb məni qoynuna, 

           Salır dərhal boynuna. 

           Canı odlu bir çiçək 

           Görürəm yanır rəng-rəng... 

           O qədər qalıram mən, 

           Bu rəngi alıram mən! 

           Eh nə qədər çiçək var

           Çiçəklər qədər rəng var. 

           Qərənfillər neçə cür, 

           Neçə rəngdə görünür. 

           Füsunkar olur hədsiz, 

           Açılan zaman nərgiz. 

           Qönçələrin incəsi, 

           Qızılgülün qönçəsi. 

           Hələ noxud çiçəyi 

           Alma, armud çiçəyi. 

           Hələ qızıl çiçəklər, 

           Yaşıl-yaşıl çiçəklər. 

           Gülxətmi, novruzgülü 

           Çingülü, xoruzgülü 

           Ləçəyinə şeh düzən 

           Çobanyastığı, süsən... 

           İncigülü, nilufər, 

           Eh, çiçək var nə qədər! 

           Öpüb bu çiçəkləri 

           Götürürəm rəngləri! 

           Elə ki, çıxır günəş, 

           Dünyaya baxır günəş 

           Axtarır bizi bir-bir, 

           Çevirib bir buxara, 

           Qaldırır buludlara. 


           Buludlar – beşiyimiz, 

           Evimiz eşiyimiz! 

           Çaxan kimi şimşəklər, 

           Qalxan kimi küləklər 

           Daralan buludları, 

           Qaralan buludları 

           Vurur, dağıdır, sökür, 

           Ağladıb yağış tökür. 

           Yağış dayanan kimi,  

           Göydə açılan kimi 

           Günəşin odu, zəri, 

           İşıqladır rəngləri! 

           Mən göyün qonağıyam, 

           Bəli göy qurşağıyam. 

           Verib mənə rəngləri, 

           Torpağın çiçəkləri. 

           İtsəmdə birdən-birə 

           Qonaq gedirəm yerə. 

           Beləcə aram-aram 

           Təzədən yaranıram. 

           Gözəl hisslərlə yanan 

           Ürəklər içindəyəm. 

           Sübh günəşlə oyanan 

           Çiçəklər içindəyəm 

 

   Tofiq  Mahmud  şeirlərlə  yanaşı,  uşaqlar  üçün  maraqlı 



tapmacalar,  bənzətmələr  də  yazmışdır.  Onun  bənzətmələri 

şeirlərini adilikdən uzaqlaşdıran bədii peyzaj kimi yadda qalır. Üç 

cildlik kitabının birincisində toplanmış “Eyni sözlər, bəs mənası” 

bölməsində  verilmiş  bənzətmələrdən  viktorina  təşkil  edə  bilərik. 

Bu  bənzətmələr  uşaqlarin  düşünmə  qabiliyyətini  artırar,  onlarda 

müəyyən  hərəkət,  əşya  haqqında  konkret  fikir  formalaşdırar. 

Viktorina zamanı kitabxanaçı bənzətmələri oxuyub uşaqlara onun 


verilmiş mənalarını izah edir. Bu viktorinada müxtəlif şəkillərdən 

əyani vəsait kimi istifadə edə bilərik. 

 

1)

 



Dərhal gücünə odun     2) Qızım, götür, qələm yaz,                          

           Alışıb yandı odun               Ölkəmizə gəldi yaz. 

                                  

3)

 



Ay göydə yana-yana,    4) Mən çırpıram tut, 

İşıq səpir hər yana!            Bir-bir göydə tut.  

                                 

5)

 



Gedirəm bağa sarı,        6) Yüyəni tez mənə at, 

Almalar var: al, sarı.          Gözləyə bilməyir at!   

 

7)

 



Əlin soyuqdan            8)  Payızda dəydi üzüm, 

Olubdur çat-çat,               Mən onu necə üzüm?! 

Tələs, tez elə                    Heç bağa gəlməmişəm, 

Qardaş, kəndə çat!           Axı qaradır üzüm! 

 

9)

 



Açar var, açar,               10)  Dəyib qayaya daşa, 

Qapılar açar.                         Su axır daşa-daşa 

 

11)


 

 Neçə rəngə çalır göy,    12)   İşlədim, əlimdə bel, 

 Qırmızı, al, yaşıl, göy           Az qala əyilsin bel! 

 

Fəal iştirakına görə uşaqlar mükafatlandırılır. 



 

O,  elə  bir  zamanda  ədəbi  mühitə  gəlmişdi  ki,  Azərbaycan 

ədəbiyyatının  tanınmış  simaları  -  Səməd  Vurğun,  Rəsul  Rza, 

Məmməd  Rahim,  Süleyman  Rəhimov,  Mehdi  Hüseyn,  Əli 

Vəliyev,  Ənvər  Əlibəyli,  İslam  Səfərli  kimi  sənətkarlarla 

görüşmək,  onlardan  məsləhət  almaq  qismətinə  çıxmışdı. 

Xatirələrinin  birində  ömrünün  o  bəxtəvər  günlərini  xatırlayaraq 

yazırdı:  "Yazıçılar  İttifaqında  keçirilən  "Gənclər  günü"ndə  bir 

dəfə  Səməd Vurğun iki şeirimdən  birini  bəyəndi.  O vaxt  uçmağa 

qanadım yox idi. Lakin sonralar başa düşdüm ki, həmin şeir çox 



zəifdir.  Bəs  böyük  sənətkar  onu  nə  üçün  bəyənmişdi?  Demə, 

Səməd  Vurğun  alicənablıq,  insanlıq  göstərmiş,  qəlbimə  dəymək, 

ruhdan salmaq, qol-qanadımı qırmaq istəməmişdi..." Elə bu xeyir-

duanın  da  qədəmləri  yüngül  olub.  Şairin  ilk  şeiri  1953-cü  ildə 

"Azərbaycan"  jurnalında  işıq  üzü  görüb.  Bununla  da  mətbuata 

yolu  açılan  Tofiq  Mahmud  ədəbi  mühitin  ən  fəal  qələm 

sahiblərindən birinə çevrilib. 

Çox  dürüst  və  dəqiq  bir  fikirdir.  Şair  başına  gələnlərdən 

sanki  dərs  alaraq  xiffətlə  söyləyib  ki:  "Boğazdan  yuxarı  hörmət, 

onun  arxasında  minnət  görmüşəm".  Ona  görə  də  əsl  hörməti 

qazanmaq  çətindir  -  deyib.  Əmrin,  yumruğun,  hökmün,  şərin, 

şəbədənin,  böhtanın,  qərəzin  sayəsində  nə  nüfuz  qazanmaq  olar, 

nə hörmətə sahib durmaq. Bir çiçək bitirənin, ağac əkənin hörməti 

daha çox olar, nəinki şöhrətin havasına uyub vəzifənin yaxasından 

bərk yapışanların. 

Tofiq  Mahmudun  lirikası  da  səmimi  və  təbii  hisslərin 

poetik tərcümanı kimi diqqət çəkir. Yerin də, göyün də dəyişdiyi 

bir  zamanda  məhəbbətin  əvvəlki  təravətlə  ürəkdə  yaşamasının 

səbəbini  sevginin  müqəddəsliyinə,  əvəzsizliyinə  bağlayan  şairin 

"çox  şeyi  unutmaq  olar,  təkcə  məhəbbəti  yox"  söyləməsi  rəngsiz 

yuxulardan,  yelkənsiz  duyğulardan,  ümmansız  arzulardan  libas 

geyib.  Bəzən  də  məhəbbət  ünvanlı  şeirlərində  ömrünə  payız 

ovqatı çökmüş şairin həsəd və xiffəti də boylanır: 

  

Heç öyünmə, Tofiq Mahmud, 



Ha özünü gənc kimi tut, 

Yaz çağını örtür bulud, 

Qızlar sənə baxmır daha! 

  

Şairin  adına  təsis  edilmiş  "Tofiq  Mahmud  mükafatı"  hər  il  ən 



yaxşı uşaq şeirlərinin müəlliflərinə təqdim olunur.           

 

 



 

Ədəbi-bədii gecə 

 

Kitabxanada  yazıçıların  yubileyi  münasibətilə  keçirilən    ədəbi-

bədii  gecələrin  yubilyarın  həyat  və  yaradıcılığını  tanıtmaqda 

xüsusi  əhəmiyyəti  vardır.  Tofiq  Mahmud  yaradıcılığı  əsasında 



hazırlanmış  “Oxu,  öyrən,  gəz,  tanı,  Doğma  Azərbaycanı”  adlı  

ədəbi-bədii gecənin  təşkilində  səhnə  Azərbaycanı  tərənnüm  edən 

şəkillərlə, bəzədilir.   

Aparıcı:  -  Doğma  diyarı  sevdirmək,  onun  keçmişi,  bu  günü  və 

gələcəyi  haqqında  maraqlı  məlumat  vermək  uşaq  ədəbiyyatının 

qarşısında duran başlıca vəzifələrdəndir.  

Aparıcı:  -  Tofiq  Mahmudun  yaradıcılığında  da  doğma  yurda 

bağlılıq  mühüm  yer  tutur.  Şair  öz  şeirlərində    Azərbaycanın 

şəhərlərinin, kəndlərinin gözəlliyinin poetik xəritəsini yaradırdı. 

Aparıcı:  -  O  balaca  qəhrəmanlarını  Kəlbəcərə,  İsmayıllıya, 

Girdimançay  sahilinə,  Lahıca,  Basqala,  Qaranohura,  İçərişəhərə, 

Nabrana, Gəncəyə və digər yerlərə qiyabi səyahətə aparırdı. 

Aparıcı:  -  Çünki  o,  Azərbaycan  təbiətini  çox  sevirdi.  Doğma 

torpağımızı, kəndlərimizi, şəhərlərimizi, meşələrimizi, dağlarımızı 

qarış-qarış  gəzən  şair,  görüb  duyduqlarını  vurğunluqla  şeirə 

çevirirdi. 



Aparıcı:  -“Yardımlıda  payız”,  “Mənim  ana  torpağım”, 

“Qubadlıda  Leysan”,  “Qusar  lövhələri”,  “  Buzovna  qayaları”, 

“Qışda dağ meşəsi”, “Ceyranbatan” və s. şeirlərində Azərbaycan 

torpağı ustalıqla tərənnüm edilir. 



Aparıcı:  -  Bu  gun  Kəlbəcəri,  Laçını,  Şuşanı  görməyən  

balalarımızda  bu  şeirlərlə  erməni  tapdağında  olan  yurdlarımız 

haqqında  təssəvvürlər  yaranır.  İlk  əvvəl  gəlin  doğma  Bakımıza 

“Xəzərin sahillərinə” səyahət edək: 



Oxucu: - Heç bilsən nə gözəldir 

                Xəzərin sahilləri. 

                Burda fərəhlə keçir 

                Ömrümüzün illəri. 



Oxucu: - Sahillər bəzən aydın, 

               Bəzən yüngül dumandır. 

               O qarşıda gördüyün 

               Haylı-küylü limandır, 

               Limandan axşam-səhər 

               Gəmilər gedər-gələr. 



 

Oxucu: - Nədir o sahildəki, 

              Sapsarı bir gölmüdür?! 

              Yoxsa qızıl qönçəli 

              Çiçəkmidir, gülmüdür?! 



Oxucu: - Yox, yox, zəfərandır o, 

              Əlvan gülüstandır o. 

              Zəfəran saçaqları 

              Batan günəş tək sarı.. 

 

 Oxucu: - Elin şöhrəti-şanı, 

               Qara şanı,ağ şanı 

              Durna gözünə bənzər, 

              Nə şirindir gilələr. 



  

Oxucu: -Mərdəkan bağlarının  

              Gülünə gül çatarmı?! 

              Buzovna qayaları 

              Bir an belə yatarmı?! 



 

Oxucu: - Düzülüb qatar-qatar 

              Uca-uca buruqlar. 

              Gözəl zeytun bağları 

              Sahil boyu uzanıb. 

              Zeytunlar salxım-salxım 

              Sırğa-sırğa sallanıb. 



 

Oxucu: - Gödək boylu bir əncir, 

               Hər il meyvə gətirir. 



               Bir görün bitib harda –  

               Yosunlu qayalar 



 

Aparıcılar uşaqlarla birgə 

   


-

 

   Gəlsin, bu yerə gəlsin 



              Dünyanın uşaqları 

              Qoy hər zaman çox olsun 

              Xəzərin qonaqları. 

 

Tofiq Mahmudun oxucularımızın yaxşı tanıdığı Cırtdan obrazı 



əsasında yazdığı sənədli povesti uşaqlarla səhnələşdirə bilərik. 

 Səhnəyə cırtdan paltarı geyinmiş oxucu daxil olur:  



Oxucu:  -  Uşaqlar,  yəqinki,  siz  məni  yaxşı  tanımırsınız?!  Ola 

bilməz, mən Cırtdanam, sevdiyiniz Cırtdan. Nə dediniz?! Hə, başa 

düşdüm.  Demək  istəyirsiniz  ki,  Cırtdan  ancaq  nağılda,  kitabda 

olur.  Elədir!  Elə  mən  həmin  kitabdakı,  nağıldakı  Cırtdanam. 

Baxın,  diqqətlə  baxın,  o  Cırtdana  oxşayıram,  yoxsa  yox?  Mən 

nağıldan,  kitabdan  çıxıb  sizin  yanınıza  gəlmişəm.  Özü  də  jurnal 

redaksiyasında müxbirəm. Orada məni hamı çox sevir. Çünki hara 

göndərsələr  böyük  həvəslə  gedirəm.  Azərbaycanda  elə  bir  yer 

yoxdur  ki,  ora  ayağım  dəyməsin.  Hər  yerdə  məni  böyük  həvəslə 

qarşılayırlar.  İndi  sizə  gəzdiyim,  gördüyüm  yerlər,  adamlar 

haqqında məlumat vermək istəyirəm. 

Cırtdan  Mingəçevirdə:  -  Avtobusumuz  Xaldana  çatanda  xarab 

oldu. Axşam düşdüyü üçün hamı  əsəbiləşdi. Bu qədər uzun yolu 

gəl-gəl,  axırda  maşın  xarab  olsun.  Sən  demə,  maşının  təkəri 

boşalıb. 

Səhər  gözümü  açıb  maşını  gözəl,  işıqlı  meydançada  gördüm. 

Aşağı  düşüb  tez  əl-üzümü  yumağa  qaçdım.  Samux  meşəsində 

stansiyaya yaxınlaşıb çaya tamaşa etmək üçün stansiyanı keçmək 

istədim. Buraxılış vərəqəm olmadığı üçün qoymadılar. 



 Jurnaldan  gəldiyimi  biləndən  sonra  mənə  stansiyaya  baxmağa 

icazə  verdi.  Mənzərə  məni  həqiqətən  valeh  edirdi.  Hələ  mən 

oradakı təpələrin üstündə yerləşən dənizi demirəm. 

Mən  bütün  Mingəçeviri  gəzdim.  Bu  balaca,  amma  gözəl 

şəhərdən  ayrıla  bilmirdim.  Səhər  çantamı  yığırdım  birdən  qapı 

döyüldü. Qapını açdım. Bir balaca qız qapıda dayanmışdı. 



Məktəbli:  -  Cırtdan  uşaqlar  səni  görmək  istəyir.  Mən  gəldim  ki, 

səni məktəbimizə aparım. 

Mən bu balaca qızla məktəbə getdim, birinci sinfin uşaqları məni 

sevinclə  qarşıladılar.  Oxudular,  rəqs  etdilər,  şeir  dedilər.  Sonra 

balaca  qızcığaz  məni  avtobus  vağzalına  qədər  yola  saldı.  Mən 

onlara söz verdim ki, Mingəçevirə yenədə gələcəyəm. 



Aparıcı: - Bu gün ömür sürən insan 

                  Sabah ulduz olacaq. 

                 Arzuları nağıl kimi 

                 Yer üzündə qalacaq... 

Şair  Rafiq  Yusifoğlunun  fikrincə  desək,  “Həmişə  böyük,  işıqlı 

arzularla  yaşayan,  vətəni,  insanları  dərin  məhəbbətlə  sevən, 

əsərləri  ilə  insanları  xeyirxahlığa  səsləyən  Tofiq  Mahmud  sanki 

bu  misraları  elə  özü  üçün  yazıb.  İndi  onun  özü  də  nağıllar 

dünyasının  sakininə  çevrilib.  Təskinliyimiz  budur  ki,  həyatda 

həmişə işıqlı  duyğularla yaşayan, özündən sonra zəngin ədəbi irs 

qoyub gedən, dost-tanışın məhəbbətlə, hörmətlə xatırladığı qələm 

dostumuzun işıqlı xatirəsi həmişə bizimlədir ” 



                               

 

 

 

 

 

 

 

 

 

                            

Ədəbiyyat siyahısı: 

 

Kitablar: 

 

Mahmud T. Seçilmiş əsərləri: 3 cilddə; I cild. - Bakı : Tuna, 2012. 

- 712 s. 

Mahmud T.Gecə qapı döyülür. - B. : Gənclik,1988. - 366 s. 

Mahmud T.Uzaqda ucalan dağlar. - B. : Yazıçı, 1991.- 306 s. 

 

Haqqında:  



 

Hacıyev A.Tofiq Mahmud (1931-1997) // Azərbaycan uşaq 

ədəbiyyatı.- Bakı: Təhsil, 2004. - S.199-202. 

Yusifoğlu R. Tofiq Mahmud (1931-1997) // Uşaq ədəbiyyatı.- B: 

Təhsil, 2002. - S.160-164. 

Mustafayeva X. Tofiq Mahmud // Azərbaycan uşaq ədəbiyyatı.- 

B: Elm, 2004. - S.277-278. 

 

Mətbuatda haqqında dərc edilmiş materiallar: 



 

Tapdıq İ. Uşaq dünyasının səyyahı // Azərbaycan gəncləri. - 1985. 

- 31 yanvar. 

Məmməd A. Şair dostumun əlli yaşı // Ədəbiyyat və incəsənət. -

1981. - 4 yanvar. 

Xəlilzadə F. İşıqlı, nəğməli, yağışlı dünya: Tofiq Mahmud – 80 // 

Azərbaycan. - 2011.- 11 noyabr. 

Yusifoğlu R. Onun işıqlı xatirəsi: Tofiq Mahmud - 80 // 

Ədəbiyyat qəzeti. – 2011. – 28 oktyabr. 

Xəlilzadə F.Dağ ürəyi // Kaspi. - 2015. - 7-10 noyabr. 

Mehdixanlı T. Yadigar məktub.: Tofiq Mahmud haqqında // 

Azərbaycan. - 2005. - 5 noyabr. - S.6. 

 

 

 



Uşaq dünyasının maraqlı səyyahı – Tofiq Mahmud 

 

(metodik vəsait) 



 

 

 

 

Kompyuter yığımı 

və dizayn:                                 Nərgiz Məcidova 

 

 

 

 

 

 

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 

 

 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 25 

Çapa imzalanmışdır:  

Tirajı: 100 

Pulsuz 


 


Yüklə 436,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə