Əmlak vergisi, onun hesablanması və büdcəyə ödənilməsi



Yüklə 27,32 Kb.
tarix24.05.2020
ölçüsü27,32 Kb.
MÜHAZİRƏ : __________ 2020-ci il

MÖVZU: Əmlak vergisi, onun hesablanması və büdcəyə ödənilməsi

Plan:

1.Əmlak vergisinin ödəyiciləri və vergitutma obyekti,

2.Əmlak vergisində güzəşt və azadolmalar,

3.Fiziki şəxslərin əmlak vergisinin hesablanması və ödəniş qaydaları.

4.Müəssisələrin əmlak vergisinin hesablanması və ödəniş qaydaları.

Vergi ödəyiciləri

Vergi Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir.

Ölkəmizin ərazisində yerləşən tikili və ya onun hissələrinə sahib olan rezident və qeyri rezident fiziki şəxslər, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq xüsusi mülkiyyətində su və hava nəqliyyatı vasitələri olan rezident fiziki şəxslər əmlak vergisinin ödəyiciləridirlər.

Müəssisələr onların balansında olan əsas vəsaitlərin orta illik dəyərinə görə, ölkəmizdə özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr üçün isə yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik dəyəri üzrə əmlak vergisinin ödəyiciləri hesab olunurlar.



Vergitutma obyektləri

Aşağıdakılar vergitutma obyekti sayılır:



 Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri;

Misal: Hər hansı bir xarici ölkə vətəndaşı Bakı şəhərində özü üçün yaşayış binası almışdır. Həmin xarici vətəndaş həmin aldığı binaya görə əmlak vergisinin ödəyicisi hesab olunacaqdır.

Misal: Azərbaycan Respublikasının vətəndaşı Türkiyə Respublikasının Antaliya şəhərində özü üçün dəyəri 80.000 manat olan yaşayış binası almışdır. Həmin Azərbaycan Respublikasının vətəndaşı aldığı binaya görə əmlak vergisinin ödəyicisi hesab olunacaqdır.

Misal: Azərbaycan Respublikasının vətəndaşı yaxta almışdır. Lakin yaxtanın sahibi həmin yaxtanı Türkiyənin turizm bölgələrində istifadə edir. Yaxtanın harda istifadə etməsindən, eləcə də istifadə etməməsindən asılı olmayaraq bizim ölkəmizdə vergitutma obyekti hesab olunacaqdır.

müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri;

Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr üçün — yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik dəyəri.

Müəssisələrin balansında olan və qeyri-rezident müəssisələrin daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik qalıq dəyəri vergitutma obyektidir.

Orta illik qalıq dəyərinin hesablanması qaydasının üç forması vardır.

1.Müəssisənin əmlakının hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb 2-yə bölünür.

Misal: Müəssisənin əmlakının hesabat ilinin əvvəlinə qalıq dəyəri 40.000 manat, hesabat ilinin sonuna qalıq dəyəri isə 30.000 manat olmuşdur. Bu halda müəssisənin əmlakının orta illik qalıq dəyərini tapaq.

(40.000+30.000):2=35.000 manat

2. Müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisinin ödəyicisi olduqda, onun əmlakının yaradıldığı və ya əmlak vergisinin ödəyicisi olduğu tarixə olan qalıq dəyəri ilə hesabat ilinin sonuna olan qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisə yaradıldığı və ya əmlak vergisinin ödəyicisi olduğu aydan sonra ilin sonuna qədər olan ayların sayına vurulur.

Misal:Müəssisə 2018-ci ilin iyun ayında yaradılmış və yarandığı tarixə onun əmlakının qalıq dəyəri 20.000 manat, həmin ilin sonuna qalıq dəyəri isə 28.000 manat olmuşdur. Müəssisənin əmlakının orta illik qalıq dəyərini tapaq.

((20.000+28.000):24)x6=12.000 manat

3. Müəssisə hesabat ili ərzində ləğv edildikdə, onun əmlakının ilin əvvəlinə olan qalıq dəyəri ilə ləğv edildiyi tarixə olan qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulur.

Misal:Müəssisənin hesabat ilinin əvvəlinə əmlakının qalıq dəyəri 28.000 manat, 2018-ci ilin iyul ayında ləğv olunma tarixə onun əmlakının qalıq dəyəri 20.000 manat olmuşdur. Müəssisənin əmlakının orta illik qalıq dəyərini tapaq.

((28.000+20.000):24)x6=12.000 manat

Vergitutma obyekti olan və müəssisələr tərəfindən hüquqi şəxs yaratmadan birgə fəaliyyət aparmaq üçün birləşdirilən əsas vəsaitlərin dəyəri, bu əsas vəsaitləri birləşdirən birgə fəaliyyət iştirakçıları tərəfindən vergiyə cəlb edilməsi məqsədləri üçün bəyannaməyə daxil olunur. Birgə fəaliyyət nəticəsində yaradılmış (alınmış) əsas vəsaitlərin dəyəri isə birgə fəaliyyətin iştirakçıları tərəfindən müqavilə üzrə mülkiyyətdə müəyyən olunmuş pay haqqına müvafiq olaraq bəyannaməyə daxil edilir.



Misal: A və B şirkətləri məktəb binası tikmək üçün əsas vəsaitlərini birləşdirmişdilər. Bu fəaliyyətdə A şirkətinin payı 60%, B şirkətinin payı isə 40% təşkil etmişdir. Bu halda birgə fəaliyyət nəticəsində yaradılmış əsas vəsaitlərin dəyərinin 60% A şirkətinin, 40% isə B şirkətinin əmlak vergisi bəyannaməsində göstəriləcəkdir.

Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:

onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə — onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur QEYD:Bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə hesablama aparılır:



Yaşayış məntəqələri

Fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri (manatla)

Bakı

0,4

Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu

0,3

Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri

0,2

Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla)

0,1

Vergi Məcəlləsinin 198.11.-ci maddəsinə əsasən bina Bakı şəhəri üzrə yerləşərsə, onların əmlak vergisi hesablanarkən 12 zona üzrə aşağıdakı əmsallar tətbiq edilərək hesablamanı aparmaq tələb olunur. Aşağıdakı cədvəl Nazirlər Kabinetinin 06 aprel 2015-ci il tarixli 101 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Bakı şəhəri üzrə

Zonalar

Əmsallar

1

1,50

2

1,40

3

1,30

4

1,20

5

1,10

6

1,00

7

0,95

8

0,90

9

0,85

10

0,80

11

0,75

12

0,70

Misal: Fiziki şəxsin Naxçıvan şəhərində mülkiyyətində sahəsi 90 kv.metr olan mənzili vardır. Fiziki şəxsin ödəməli olduğu əmlak vergisini hesablayaq.

(90 kv.m-30 kv.m)×0,20 manat=12,00 manat

Misal: Fiziki şəxsin Sumqayıt şəhərində mülkiyyətində sahəsi 120 kv.metr olan mənzili və sahibkarlıq məqsədi üçün istifadə etdiyi 60 kv.metr sahəsi olan obyekti vardır. Fiziki şəxsin ödəməli olduğu əmlak vergisinin cəmini hesablayaq.

(120 kv.m-30 kv.m)×0,30 manat=27,00 manat

60 kv.m ×0,30 manat=18,00 manat

CƏMİ:45,00 (27+18) manat;

Misal: Fiziki şəxsin Bakı şəhərində (Nazirlər Kabinetinin müəyyən etdiyi 2-ci zonada) mülkiyyətində sahəsi 75 kv.metr olan mənzili vardır. Fiziki şəxsin ödəməli olduğu əmlak vergisini hesablayaq.

(75 kv.m-30kv.m) ×0,4 manat ×1,4=25,20 manat

Yerli (bələdiyyə) büdcəsinə ödəniləcək əmlak vergisinin məbləği 25,20 manat olacaqdır.

su və hava nəqliyyatı vasitələrinə görə:

su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat;

Misal: Fiziki şəxsin mülkiyyətində mühərrikinin həcmi 2000 kub sm olan motorlu kater vardır. Fiziki şəxsin motorlu katerə görə ödəməli olduğu əmlak vergisini hesablayaq.

2000 kub sm ×0,02 manat=40,00 manat

hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat.

mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün —onların bazar qiymətinin 1 faizi.

Misal: Fiziki şəxsin mülkiyyətində bazar qiyməti 2.500 manat olan avarlı qayığı vardır. Fiziki şəxsin avarlı qayığa görə ödəməli olduğu əmlak vergisini hesablayaq.

2.500manat ×1%=25,00 manat

Müəssisələr əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.



Misal:Müəssisənin hesabat ilinin əvvəlinə əmlakının qalıq dəyəri 280.000 manat, hesabat ilinin sonuna isə qalıq dəyəri 320.000 manat olmuşdur. Müəssisənin büdcəyə ödəməli olduğu əmlak vergisini hesablayaq.

280.000+320.000=(600.000:2) × 1%=3.000 manat

Vergi güzəştləri və azadolmalar

Aşağıdakı hüquqi şəxslər əmlak vergisini ödəməkdən azaddırlar:

-Dövlət hakimiyyəti orqanları;

-Büdcə təşkilatları;

-Yerli özünüidarəetmə orqanları;

- Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları;

-Maliyyə bazarlarına nəzarət orqanı;

-Dövlət fondları;

- əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları.

Misal: Büdcə təşkilatının balansında olan əmlakın(bina, tikili) hesabat ilinin əvvəlinə qalıq dəyəri 100.000 manat, hesabat ilinin sonuna qalıq dəyəri isə 200.000 manat olmuşdur. Təşkilatın əmlak vergisini hesablayaq.

Bu müəssisüə əmlak vergisini ödəməkdən azad edilmişdir.

Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.



Misal: Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs emalatxanada misgərlik fəaliyyəti ilə məşğuldur. Vergi Məcəlləsinin müvafiq maddəsinə əsasən həmin emalatxana vergiyə cəlb olunmur.

Qeyd:Əgər yuxarıda qeyd olunan fəaliyyət hüquqi şəxs üçün nəzərdə tutulmuşdursa, həmin emalatxana əmlak vergisinə cəlb olunacaqdı.

Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat qədər azaldılır.

Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanununun 4-cü maddəsinə əsasən əmək pensiyaları 3 istiqamətə bölünür. 1. Yaşa görə 2. Əlilliyə görə 3. Ailə başçısının itirilməsinə görə. Yuxarıda qeyd olunan həmin 30 manatlıq güzəşt hər üç istiqamətə də şamil edilir.***



Misal: Culfa rayonunda yaşayan fiziki şəxsin mülkiyyətində 250 kv. metr olan binası vardır. Onun oğlunun müddətli hərbi xidmətə getdiyini nəzərə alaraq əmlak vergisinin məbləğini hesablayaq.

(250 kv.m-30 kv.m)×0,20 manat=44,00 manat-30 manat=14 manat

Misal: Naxçıvan şəhərində yaşayan pensiyaçının mülkiyyətində 300 kv. metr olan binası vardır. Pensiyaçı həmin binadan icarə məqsədilə istifadə edərək tələbələrə kirayə vermişdir. Pensiyaçının əmlak vergisinin məbləğini hesablayaq.

(300 kv.m-30 kv.m)×0,20 manat=54,00 manat

Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:

ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin;

Misal:Müəssisənin hesabat ilinin əvvəlinə əmlakının qalıq dəyəri 400.000 manat olmuşdur. (O cümlədən binalar 200.000 manat, qurğular 100.00 manat, ekologiya avadanlığı 10.000 manat, yanğından mühafizə avadanlığı 40.000 manat və mülki müdafiə qurğusu 50.000 manat), hesabat ilinin sonuna qalıq dəyəri isə 600.000 manat (O cümlədən binalar 300.000 manat, qurğular 150.00 manat, ekologiya avadanlığı 40.000 manat, yanğından mühafizə avadanlığı 60.000 manat və mülki müdafiə qurğusu 50.000 manat) olmuşdur. Müəssisənin dövlət büdcəsinə ödəməli olduğu əmlak vergisini hesablayaq:

Əvvəlsə müəssisənin hesabat ilinin əvvəlinə və sonuna əmlak vergisinə cəlb olunacaq qalıq dəyərini hesablayaq.

H.İ.Ə.Qalıq:400.000-10.000-40.000-50.000=300.000

H.İ.S.Qalıq:600.000-40.000-60.000-50.000=450.000



Orta illik qalıq dəyərini tapaq: (300.000+450.000):2=375.000

Müəssisənin ödəməli olduğu əmlak vergisi 3.750,00 (375.000×1%=3750) manat olacaqdır.

məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin, peyklərin və digər kosmik obyektlərin;

mexaniki nəqliyyat vasitələrinin;

Misal: Müəssisənin hesabat ilinin əvvəlinə əmlakının qalıq dəyəri 270.000 manat,( o cümlədən neft ötürən kəmərlər 120.000 manat, mexaniki nəqliyyat vasitələri 150.000 manat), hesabat ilinin sonuna əmlakının qalıq dəyəri isə 250.000 manat (o cümlədən neft ötürən kəmərlər 120.000 manat, mexaniki nəqliyyat vasitələri 150.000 manat) olmuşdur. Müəssisənin ödəməli olduğu əmlak vergisi hesablayaq.

Vergi Məcəlləsinin 199.4.2-ci maddəsinə əsasən müəssisə əmlak vergisinə cəlb olunmayacaqdır.



təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlərinin;

Misal: Təhsil müəssisəsinin balansında təyinatı üzrə istifadə olunan əmlakın hesabat ilinin əvvəlinə qalıq dəyəri 200.000 manat, hesabat ilinin sonuna qalıq dəyəri isə 300.000 manat olmuşdur. Əmlak vergisini hesablayaq

AZADDIR ...

Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar əmlak vergisindən azaddır.

Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, 7 il müddətinə sənaye, yaxud texnologiyalar parklarında əmlaklarına görə əmlak vergisini ödəməkdən azaddırlar.

Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru sənaye, yaxud texnologiyalar parklarının ərazisində yerləşən əmlaklarına görə əmlak vergisini ödəməkdən azaddır.

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 10 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.

Müəssisələrin balansında olan, sərnişin və yük daşımalarında istifadə edilən su nəqliyyatı vasitələrinə görə ödənilməli olan əmlak vergisinin məbləği 25 faiz azaldılır.

Misal: Şirkətin balansında yük daşımalarında istifadə etdiyi mühərrikinin həcmi 300.000 kub sm olan və orta illik qalıq dəyəri 1000.000 manat olan yük gəmisi vardır. Şirkətin ödəməli olduğu əmlak vergisini hesablayaq.

1000.000×1%=10.000 manat

10.000 ×25%=2500 manat; 10.000-2500=7500 manat. Büdcəyə ödəniləcək əmlak vergisinin məbləği 7500 manat olacaq.

İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən müvafiq əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır.

Misal:

Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası

Binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır.

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.

Misal: Sədərək rayonunun Heydərabad qəsəbəsində yaşayan Fərid Məmmədova məxsus evin sahəsi 140 kv.metrdir. Onun ödəməli olduğu əmlak vergisi hesablayaq.

(140 kv.m- 30 kv.m)×0,1=11 manat. (hesablamanı həmin ərazinin bələdiyyə orqanları aparacaq, ödəniş də yerli (bələdiyyə) büdcəsinə ödəniləcəkdir.)

Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın sahəsindəki payına uyğun olaraq, bu Məcəllənin 200.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq hesablanır.

Misal: Sahəsi 400 kv.metr olan və Naxçıvan şəhərində yerləşən yaşayış binası iki fiziki şəxsə məxsusdur. Bu binada bunlardan birinin payı 70%, digərininki isə 30% təşkil edir. Əmlak vergisini hesablayaq.

(400kv.m-30kv.m)×0,2=74 manat; birinci: 74×70%=54,80 manat; ikinci:74×30%=22,20 manat



Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq orqana təqdim edir.

Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.

Misal: Bir neçə fiziki şəxsə məxsus yük daşıyan gəmi Həsənov Elxanın adına qeydiyyatdan keçmişdir. Bu yük gəmisinə görə hesablanmış əmlak vergisi Həsənov Elxandan tutulacaqdır və yerli büdcəyə ödəniləcəkdir..

Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.

Cari il üçün verginin məbləği bərabər hissələrlə — həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.

QEYD:Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.

Misal: Babək rayon bələdiyyəsi tərəfindən fiziki şəxsə əmlakının dəyəri əsasında 38 manat vergi hesablanmışdır. Hesablanmış vergi haqqında bildirişi bələdiyyə orqanı tərəfindən iyul ayının 20-də vətəndaşa təqdim edilmişdir. Fiziki şəxs ən azı 19 manat vergi məbləğini 15 avqust tarixinədək, qalan məbləği isə 15 noyabr tarixinədək yerli büdcəyə (Babək rayon bələdiyyəsinin büdcəsinə) ödənilməsini təmin etməlidir. Müəssisənin əmlak vergisinin hesablanması və ödənilməsi



Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir.

Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14.3.4-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.

Misal:Müəssisənin balansında olan əmlakının qalıq dəyəri 200.000 manat olmuşdur. Lakin əmlakın sığortalanması bu dəyərdən artıq qiymətə sığortalanmışdır. (fərz edək ki, 250.000 manata). Həmin əmlakın bazar qiyməti isə 220.000 manat olmuşdur. Deməli, müəssisənin əmlak vergisi hesablanarkən bazar qiyməti. Yəni 220.000 manat əsas götürüləcəkdir.

Müəssisənin əmlak vergisi üçün vergi dövri təqvim ili sayılır.

Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.

Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq, həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər.

Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.

Misal:Müəssisə 2016-cı il üçün 800 manat əmlak vergisi hesablamışdır. Həmin müəssisə 2017-ci ilin I rübü üçün 200(800×20%) manat cari ödəməni aparmalı və fevral ayının 15-dək dövlət büdcəsinə ödəməlidir.

Dövlət büdcəsinə hesabat dövri üçün ödənilməli olan verginin məbləği hesabat dövri ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir.

Misal:

Cari vergi ödəmələri bu Məcəllənin 201.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur.

Misal: Müəssisə cari ilin II rübü üçün ödəməli olduğu 1000 manat cari vergi ödəməsini (15 mayadək) iyunun 15 ödəmişdir. Müəssisə gecikdirilmiş 1000 manat məbləğə 30 günün hər biri üçün 0,1% hesabı ilə faiz hesablanacaqdır.

Yəni: 1000 ×0,1%=1,0 manat

30 × 1=30,00 manat

 

Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda, artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.



Misal:

Müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir.

Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir və bu halda hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.

İllik bəyannamələr üzrə vergilər həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək ödənilir. Hesablanmış verginin məbləği bu Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.

Maliyyə sanksiyaları və faizlər Müəssisə rəhbərləri müəssisənin balansında olan əsas vəsaitlər üçün əmlak vergisinin düzgün hesablanması və hesablanmış əmlak vergisinin vaxtında büdcəyə ödənilməsinə görə məsuliyyət daşıyırlar.

Əmlak vergisinin hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını 5 gün müddətində ödəmədikdə vergi orqanı müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavinin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əmlak vergisinin hesabatda göstərilən məbləği hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası əmlak vergisi məbləği hesabat təqdim etmə- məklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış əmlak vergisi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarındamaliyyə sanksiyası tətbiq edilir. ● Əmlak vergisi üzrə vergi və cari vergi ödənişi müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir il müddətindən çox olmamaq şərti ilə, vergi ödəyicilərindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödənişi məbləğinin 0,1 faizi miqdarında faiz tutulur

Ədəbiyyat siyahısı:

1.Azərbaycan Respublikasının Vergi Məcəlləsi-2020

2.Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet saytı:(WWW.taxes.gov.az)

3.Vergi Məcəlləsinin xüsusi hissəsinin PRAKTİK İZAHI (dərs vəsaiti)-2020



4.-Onlayn-Vergilər qəzetinin nömrələri.
Yüklə 27,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə