Edqar Allan Po “Morq küçəsində qətl” (hekayə)



Yüklə 139,65 Kb.
səhifə3/3
tarix31.03.2017
ölçüsü139,65 Kb.
1   2   3

- Dəlinin biri, -dedim, - bunu yaxınlıqdakı dəlixanadan qaçan ruhi xəstə edib.

- Bəzi cəhətdən, -o dedi, - fikriniz ağlabatandır. Amma xəstəliyin ən şiddətli anında dəlilərin çıxardığı səslər, adamlar pilləkənləri qalxarkən eşitdikləri o xüsusi səslə yenə də müqayisə edilə bilməz. Dəli adam, necə də olsa, hər hansı bir millətə məxsusdur. Nitqinin bəzən rabitəsiz olmasına baxmayaraq, ümumiyyətlə, dili anlaşıqlı olur. Bundan başqa, dəlinin saçı əlimdə tutduğum saç kimi olmur. Madam L’Espanyenin qıc olmuş barmaqlarını güclə açaraq bunu çıxarmışam. Bu barədə nə deyirsiniz?



  • Düpen! - tamamilə salsılmış vəziyyətdə dedim, - bu tüklər çox qəribədir, insan tükünə oxşamır.

  • Bunu təsdiq etməmişəm, - Düpen dedi, - lakin bu məsələni həll etməzdən əvvəl istəyirəm bu vərəqdə çəkdiyim şəklə nəzər salasınız. Bu kağızda ifadənin bir hissəsində təsvir olunan madmazel L’Espanyenin boğazındakı “qançır və dərin dırnaq izlərinin” olduğu kimi şəkli çəkilmişdir. Digərində isə, Düma və Etyen cənablarının yazdıqları nəticədə göstərilir ki, “bir sıra göy-qırmızımtıl ləkələr, görünür, barmaq izləridir.” - Bu çəkdiyim şəkil, - dostum kağızı qabağımızdakı stolun üstünə açaraq sözünə davam etdi, - barmaqların necə möhkəm yapışdığı barədə təsəvvür yaradır. O barmaqlardan yaxa qurtarmaq müşkül işdir. Hər biri əvvəlcədən necə yapışıbsa, həmin gücü ilə də qurbanı can verənədək boğmağında davam edib. Indi çalışın hər iki əlinizin barmaqlarını burada gördüyünüz izlərin üstünə qoyun.

Cəhd etdim, lakin heç nə alınmadı.


- Deyəsən, işi düz aparmırıq, — Düpen dedi, — axı kağız hamar səth üzərindədir, insanın boğazı isə yumrudur. Bax, bu odunun dairəsi təxminən boğazınkı qədərdir. şəkli onun üstünə dolayıb yenidən yoxlayın.

Deyildiyi kimi etdim, lakin bu, əvvəlkindən daha çətin oldu.

- Bu, insan əlinin izi deyildir, — dedim.

-Indi isə Küvyedən bu parçanı oxuyun, — Düpen dedi.

Burada şərqi Hindistan adalarında yaşayan nəhəng qonur rəngli oranqutanq meymunu barəsində ətraflı surətdə anatomik və ümumi təsviri məlumat verilirdi. Nəhəng boylu, ağlasığmaz dərəcədə gücü və çevikliyi, amansız qəddarlığı və nəhayət, təqlidçiliyə meyl göstərməsiylə seçilən bu məməlilər kifayət qədər hamıya məlumdur. Qətlin tam dəhşətini dərhal başa düşdüm.

-Barmaqların təsviri, — oxuyub qurtardıqdan sonra dedim, — çəkdiyiniz şəkildəkinə uyğun gəlir. Indi başa düşürəm ki, ancaq oranqutanq meymunu bu izləri qoymuş olar. Bu kürən tüklər də bir daha təsdiq edir ki, onlar Küvyenin təsvir etdiyi oranqutanq meymununa məxsusdur. Bununla belə, bu dəhşətli qətldə bəzi cəhətləri başa düşə bilmirəm. Axı şahidlər iki səs eşidiblər, onlardan birinin fransıza məxsus olması şübhəsizdir.

- Haqlısınız, siz də, demək olar ki, əksər şahidlər kimi ifadələrdəki “aman Allah!” sözlərinin fransıza aid olduğunu deyirsiniz. Bu nidanı şahidlərdən Montana adlı bir şirniyyatçı haqlı olaraq etiraz vənarazılıq ifadəsi kimi səciyyələndirmişdir. Bu müəmmanı tam açmaq üçün əsas etibarilə ümidimi bu iki sözə bağlamışam. Hansı fransızsa bu qətlin şahidi olub. Amma ola bilsin ki, bu qanlı cinayətin baş verməsində onun əli olmasın. Bəlkə də, meymun ondan qaçıb və sahibi onu cinayətin baş verdiyi yerə qədər izləyib, lakin baş verəcək cinayətin qarşısını ala bilməyib. Meymun indi də azaddır. Hələlik dediklərim fərziyyədən başqa bir şey olmadığından, onların səs-küyə düşməsini isyəmirəm. Bu fərziyyələr mənim özümə aydın olmadığı bir halda, çətin ki, başqalarını inandıra bilsin. Buna görə də, onları hələlik fərziyyə adlandırmalı və fərziyyə kimi də araşdırmalıyıq. Əgər haqqında danışdığımız fransızın mənim fərz etdiyim kimi, bu qətldə təqsiri yoxdursa, onda dünən axşam “Le Monde” qəzetinin redaksiyasına verdiyim elam mütləq bura gəlib çıxacaq.

Düpen mənə bir qəzet uzatdı, alıb oxudum.

- Bu ayın filan günündə (qətlin baş verdiyi səhər) səhər tezdən Bulon meşəsində Borneo adasında təsadüf edilən nəhəng boylu, qonur oranqutanq meymunu tutulmuşdur. Meymun öz sahibinə (deyilənə görə, sahibi Malta gəmisində dənizçidir) qaytarıla bilər, bu şərtlə ki, sahibi onu tanısın və onun tutulması və xərclənməsinə çəkilən xərcləri ödəsin. Bu ünvana müraciət edin: Sen-Jermer məhəlləsi, filan küçə, ev N-filan, 4-cü mərtəbə.

- Siz həmin adamın dənizçi olduğunu hardan bilirsiniz?

- Onu bilmirəm, — Düpen dedi. — Ona hələ bir o qədər də əmin deyiləm. Amma bu lent parçasına baxın. Forması, görünüşü və yağlı olmasından, görünür, onunla dənizçilər saçlarını bağlayıblar. Axı dənizçilərin letnlə saçlarını hörməkdən xoşları gəlir. Bundan başqa, belə düyünü dənizçilərdən özgə çox az adam vura bilər. Onu, xüsusilə maltalılar yaxşı edirlər. Lenti ildırımötürənin aşağısından tapdım. Lent qətlə yetirilənlərin heç birinki ola bilməzdi. Əgər mən bu lentin Malta gəmisində dənizçi işləyən fransıza məxsus olduğunu deməklə yanılmamışamsa, qəzetdə verdiyim elanda siz deyən bir qəbahətə yol verməmişəm. Səhv etmişəmsə, dənizçi mənim sadəcə olaraq yanıldığımı zənn edəcək və işin dərinliyinə getməyəcək. Haqlı olaramsa, deməli, əsas məsələni həll etmişik. Qətldə əli olmasa da, onu görmüş fransız, meymunu tələb etmək üçün təbii ki, elanda göstərilən yerə gəlməyə tərəddüd edəcəkdir. O, belə mühakimə yürüdəcək: “Mənim təqsirim yoxdur; həm də kasıb adamam. Belə bir vəziyyətdə olan adam üçün oranqutanq xeyli miqdarda pul deməkdir. Mənazıs şübhə üzündən nə üçün onu buraxmalıyam? O ki indi yaxınlıqdadır. Onu qətlin baş verdiyi yerdən xeyli uzaqda, Bulon meşəsində tapıblar. Kimin ağlına gələr ki, bu murdar heyvan belə bir iş tuta bilər. Qətlin necə baş verməsi ömründə polisin ağlına gəlməz. Heyvanı izləsələr də, mənə nəyisə sübut etmək çətin işdir. Mən bilirəmsə də, deyəcəm ki, bu işdə günahım yoxdur. Ən başlıcası budur ki, məni tanıyan var.” “Elanda məni bu ədanın “sahibi” kimi qələmə veriblər. Görəsən, haqqımda daha nə bilirlər? Özüm sahibi ola-ola, öz malımdan imtina eləsəm, heyvandan şübhələnə bilərlər. Nə heyvanın, nə də özümün şübhə altına düşməyimi istəmirəm. Elanda göstərilən yerə gedib, oranqutanqı götürəcək, bu əhvalat unudulanadək onu gizlədəcəyəm.”

Elə bu vaxt pilləkəndə ayaq səsi eşidildi. -Tapançanı hazır vəziyyətdə saxlayın, -Düpen dedi, - amma onu göstərməyin və mən deməyincə atəş açmayın.

Evin giriş qapısı açılmış, gələn adam zəngi çalmadan içəri girmiş və bir neçə addım pilləkənlərlə yuxarı qalxmışdı. Indi isə, görünür, tərəddüd edirdi. Bir qədər keçdikdən sonra onun aşağı düşdüyünü eşitdik. Düpen tez qapıya tərəf getdi. Sonra həmin adamın yenidən yuxarı qalxdığını eşitdik. O, ikinci dəfə geri dönmədi, qətiyyətlə yuxarı qalxıb qapını döydü.

- İçəri buyurun, — Düpen kefi kök və səmimi tərzdə dedi.

Gələn adam içəri girdi. Dənizçi olduğu aydın görünürdü. O, ucaboylu, dolubədənli, üz-gözündən cəsarət yağan xoş çöhrəli bir kişi idi. Gündən çox qaralmış sifətinin yarıdan çoxunu bakinbordları və bığları örtmüşdü. Əlində sanballı bir palıd dəyənəyi vardı. Görünür, yeganə silahı o idi. Sıxılası xıla bizə baş əydi və “axşamınız xeyir” dedi. Fransızca təmiz danışırdı. Ləhcəsində azacıq şimallılara məxsusluq özünü büruzə versə də, mənşəcə parisli olduğu aydındı.

- Əyləşin, dostum, — Düpen dedi. — Zənnimcə, orabqutanqın dalınca gəlmisiniz. Düzünü desək, sizə qibtə edirəm. Çox gözəl növdür, şübhəsiz, olduqca qiymətli heyvandır. Sizcə, onun neçə yaşı olar?

- Bunu deyə bilmərəm. Bəlkə də dörd, ya beş, bundan çox ola bilməz. Indi o buradadır?

- Nə danışırsınız, bizdə imkan hardandır ki, belə bir heyvanı burda saxlayaq? Onu Dübr küçəsində yaşayan faytonçunun karvansarasına aparmışıq. Lap yaxındadır. Sabah gəlib apara bilərsiniz. Siz onu tanıya bilərsiniz?

- Əlbəttə, ser.

- Ondan ayrılacağıma təəssüflənirəm, — Düpen dedi.

- Çəkdiyimiz zəhmətin hədər yerə getməsini istəməzdim. Çox istərdim ki, onun tapılmasında çəkdiyiniz zəhmətin əvəzini pulla ödəyim, necə deyərlər, imkan dairəsində.

-Nə olar, — dostum dedi, — şübhəsiz bu ədalətli olardı. Amma qoyun fikirləşim, görüm sizdən nə alsam, yaxşı olar? Siz gəlin mənə Morq küçəsindəki qətl barəsində nə bilirsiniz, onu danışın.

Düpen axırıncı sözləri çox alçaqdan və sakit dedi. Təmkinliklə qapıya tərəf getdi. Qapını bağlayıb, açarı cibinə qoydu. Sonra qoltuq cibindəki tapançanı çıxarıb, zərrə qədər də həyəcanlanmadan onu stolun üstünə qoydu. Dənizçinin sifəti pörtdü, sanki təngənəfəs olmuşdu. Ayağa sıçrayıb dəyənəyi götürdü, lakin elə həmin anda oturduğu stula sərildi. Bütün vücudu titrəyirdi. Rəngi ağappaq olmuşdu. Dinib danışmırdı. Ona yazığım gəldi.

- Dostum, nahaq yerə qorxursunuz, — Düpen nəvazişlə dedi, — sizə bir centlemen və fransız kimi söz verirəm ki, bizdən heç bir ziyan görməzsiniz. Morq küçəsindəki o dəhşətli qətldə sizin təqsiriniz olmadığını da lap yaxşı bilirəm. Bununla belə, həmin qətl ilə sizin bu və ya digər dərəcədə əlaqəli olduğunuzu inkar etmək olmaz. Sizə dediklərimi başa düşməlisiniz ki, bu barədə mən müəyyən yollarla məlumat əldə etmişəm. Yatsanız, heç yuxunuza da girə bilməz. Deməli, məsələ belədir. Axı elə bir iş tutmamısınız ki, danlağa məruz qalasınız və ya məsuliyyətə cəlb olunasınız. Cəzasız qala biləcəyiniz halda, evdəki pullara tamah salmamısınız. Nəyisə gizlətməyiniz yersiz görünər. Gizlətmək üçün səbəb yoxdur. Bununla belə, vicdan tələb edir ki, bu işlə əlaqədar nə bilirsinizsə, hamısını olduğu kimi danışasınız. Günahsız adam həbs olunub, onu qətldə təqsirləndirirlər. Halbuki siz əsl caninin kim olduğunu bilirsiniz.

Düpenin bu sözlərindən sonra dənizçi sanki özünə gəldi, amma əvvəlki cəsarətindən əsər-əlamət qalmamışdı.

- Allah, sən özün kömək ol. — Azacıq sükutdan sonra dənizçi dilləndi. — Nə bilirəmsə sizə danışacağam. Ancaq ağlım kəsmir ki, dediklərimə inanasınız. Mənə inanacağınızı fərz etmək, həqiqətən də axmaqlıq olardı. Yenə də deyirəm, təqsirim yoxdur. Bu işdən ötrü ölsəm də, hər şeyi etiraf edəcəyəm. Onun nəql etdikləri aşağıdakılardır. Bu yaxınlarda o, hind dənizi səyahətində olub. Bir dəstə dənizçi ilə Borneo adasında sahilə çıxıb və şənlənmək üçün adanın içərilərinə doğru gediblər. Həmin oranqutanqı bir dostu ilə elə orada tutub. Bir müddətdən sonra dostu ölür və meymun ona qalır. Ipə-sapa yatmayan meymunla olmazın əzabəziyyət çəkən sahibi, nəhayət, vətənə qayıdır. Həm qonşuların zəhlətökən marağından uzaq olmaq üçün, həm də ayağına gəmidə şey batdığından yarası sağalana qədər oranqutanqı Parisdəki evində qıfıl altında anbarda saxlayır. Əsas məqsədi bu olub ki, onu münasib qiymətə satsın. Qətlin baş verdiyi gecəyarısı hansısa dənizçi dostunun şənliyindən evə qayıdanda, oranqutanqı öz yataqotağında görür. Məlum olur ki, meymun anbarın arakəsməsini sındırıb, həmin otağa keçibmiş. Üzünü ədəb-ərkanla sabunlayaraq, əlində ülgüc güzgünün qabağında əyləşib, guya üzünü qırxır. Şübhə yoxdur ki, sahibi əvvəllər üzünü qırxanda oranqutanq anbardakı açar deşiyindən bunu görürmüş. Qəddar heyvanın əlində bu təhlükəli aləti gördükdə, meymunun ondan necə istifadə edəcəyini bildiyindən başını itirən sahibi bir anlığa çaş-baş qalır. Əvvəllər də heyvanın azğınlaşmış vaxtlarında onu qırmancla ram etməyə adətkar olduğundan, bu dəfə də qırmanca əl atır. Oranqutanq qırmancı görən kimi tez qapıya tərəf sıçrayaraq pilləkənlərlə aşağı qaçır. Bədbəxtlikdən pəncərə açıq olduğundan küçəyə çıxır. Ümidsiz bir halda fransız da onun dalınca gedir. Ülgüc əlində meymun hərdənbir dayanaraq geri baxır, sahibinin ağzını əyir, onu xeyli yaxına buraxdıqdan sonra yenə qaçırmış. Bu təqib xeyli davam edir. Səhər saat üç radələrində küçələrdə tam sakitlik imiş.

Morq küçəsinin arxa tərəfindəki dalana burularkən, oranqutanqın diqqətini dördüncü mərtəbədə madam L’Espanyenin yataq otağının açıq pəncərəsindən gələn işıq cəlb edib. Binaya özünü yetirən zaman gözünə ildırımötürən sataşır. Ağlagəlməz bir cəldliklə onunla dırmaşaraq, divara tərəf tam açılmış pəncərə qapağından yapışır və birbaşa özünü çarpayının baş tərəfinə atır. Bu əməliyyat bir dəqiqədən artıq çəkməyib. Otağa girdikdən sonra yenidən pəncərəni təpiklə vurub açır. Bu vaxt ərzində dənizçi bilmir ki, sevinsin, yoxsa kədərlənsin. Heyvanı yenidən tuta biləcəyinə ümid bağlayır. Güc-bəla ilə qaçıb qurtardığı tələyə yenidən düşən oranqutanq, yalnız ildırımötürən vasitəsilə aradan çıxa bilərdi, onun da yanını dənizçı kəsdirib dururdu. Birdən onu fikir götürür, evdə heyvanın əlindən xata-zad çıxa bilərdi. Bu fikir dənizçını vadar edir ki, onu yenidən gizləsin. Dənizçı üçün ildırımötürənlə dırmaşmaq çətinlik törətmir. Ondan xeyli aralı sol tərəfdə pəncərənin bərabərinə çatanda, dayanmalı olur. Yalnız bir şey edə bilir — boynunu uzadaraq pəncərədən otağın içinə ötəri nəzər salır. Elə ilk baxışdan dəhşətə gəlir. Az qalır yıxılsın. Morq küçəsinin sakinlərini də yuxudan oyadan məhz həmin dəhşətli qışqırtılar olub. Madam L’Espanye və qızı gecə paltarında otağın ortasında qoyulmuş, haqqında danışdığımız dəmir seyfin içindəki sənədləri nizama salırmışlar. Görünür, onlar arxası pəncərəyə oturduqlarından, meymunun içəri girməyindən dərhal xəbər tutmayıblar. Heyvanın içəri girməsi ilə qışqırtıların eşidilməsi arasında müəyyən vaxt keçib. Elə biliblər ki, pəncərə qapağını bərk külək örtüb. Dənizçi içəri axanda nəhəng heyvan madam L’Espanyenin saçlarından yapışaraq (xanım yatmazdan qabaq saçlarını darayıb kürəyinə tökmüşdü), onun gözü qabağında dəlləyin hərəkətlərini yamsılayaraq ülgücü yellədirmiş. Qız isə huşunu itirdiyindən, hərəkətsiz halda uzanıb

qalmışdı. Qarı qışqırır, müqavimət göstərir, qorxudan saçlarını yolmağa başlayır. Nəhayət, bu, meymunu haldan çıxarır. Qüvvətli əlini bir dəfə çəkməklə qarının başını, demək olar ki, bədənindən üzür. Qanı gördükdə daha da quduzlaşır, gözləri qəzəbdən od tutub yanır. Dişlərini qıcayaraq qıza tərəf atılır və dəhşətli caynaqlarını onun boğazına keçirərək, nəfəsi kəsilənədək boğur. Bu zaman vəhşi nəzərləri çarpayının baş tərəfindən aralı dəhşətdən ölü rəngi almış sahibinə zillənir. Yadından çıxmayan amansız qırmanc dərhal qəzəb hissini əvəz edir. Haqlı olaraq cəzalanacağından qorxan heyvan qanlı cinayətini ört-basdır etməyə cəhd göstərir. Qəzəbindən otaqda qərar tutmayaraq, avadanlığı sındırıb tökür. Yorğan-döşəyi çarpayıdan dartıb, döşəməyə fırıldadır. Nəhayət, əvvəl qızın meyidini qamarlayaraq indi tapıldığı buxarıya tıxayır, sonra isə qarını götürüb pəncərədən başıaşağı tullayır. Meymun eybəcər hala saldığı yüküylə pəncərəyə yaxınlaşanda, dənizçı sarsılmış halda ildırımötürənə tərəf geri çəkilir, onunla sürüşüb düşür. Dəhşət içində oranqutanqı unudub, bu qanlı cinayətin nəticəsindən qorxaraq dərhal evə qaçır. Adamların pilləkənlərlə qalxarkən eşitdikləri sözlər fransızın vahimə ifadə edən nidası və ona qarışmış rəzil heyvanın çıxartdığı səslərmiş. Deyilənlərə yeni bir şey əlavə etmək çətindir. Adamlar qapını sındırmazdan azacıq əvvəl oranqutan otaqdan ildırımötürən vasitəsilə qaçır. Pəncərəni də çıxarkən örtür. Bir qədər keçəndən sonra dənizçi onu özü tutur və böyük bir məbləğə heyvanxanaya satır.

Polis idarəsində əhvalatı olduğu kimi danışdıq. Dərhal Le Bonu buraxdılar. Bununla belə, Düpen bəzi şeyləri deməkdən çəkinmədi. Bu vəzifəli çinovnik dostuma qarşı iltifatlı olmasına baxmayaraq, işlərin belə şəkil aldığını görəndə peşmançılığını gizlədə bilmədi. Bir neçə kinayəli sözlə hər kəsə özişi ilə məşğul olmağı məsləhət gördü.

-Qoyun çərənləsin, ürəyini boşaltsın, — Düpen dedi və ona cavab verməyi lüzumsuz hesab etdi. —Rəqibimi öz meydançasında məğlub etmək mənə ləzzət verir.



Polis bu müəmmənı aça bilmədi, amma onun zənn etdiyi kimi, bu işdə heç bir möcüzə yoxdur. Düzünü desək, polis dostum çox hiyləgər olduğundan, məsələnin dərinliyinə gedə bilmir və onun mühakimələrində bir səthilik var. Bu səthilik də Laverna ilahəsinin şəkillərdə bədənsiz baş kimi və yaxud ən yaxşı halda isə treska balığında olduğu tək baş və beldən ibarət təsvir olunmasına oxşayır. Buna görə də ona pis adam deməzdim. Bu adamda xüsusilə xoşuma gələn cəhət odur ki, diribaşdır. Özünü ağıllı kimi qələmə verərək nüfuz qazanmışdır. Onun xasiyyətini nəzərdə tuturam.

Yaxşı deyiblər: “Olan şeyi dan, olmayan şey haqqında aləmə car çək.”

Yüklə 139,65 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə