Edqar Allan Po “Morq küçəsində qətl” (hekayə)



Yüklə 139,65 Kb.
səhifə2/3
tarix31.03.2017
ölçüsü139,65 Kb.
1   2   3

Dərzi Uilyam Berd ifadə verir ki, ingilisdir, iki il Parisdə yaşayıb. Evə daxil olan adamlardan biri idi. Pilləkənləri birinci qalxanlardan olub. Mübahisəli səslər eşidib. Deyir ki, xırıltılı səs fransıza məxsus idi. Bir neçə sözü ayırd edə bilib, amma hamısını xatırlaya bilmir. “sacre” və “Mon Dieu” sözlərini aydınca eşidib. Bu sözlərdən sonra bir-biri ilə dalaşan, cırmaqlaşan bir neçə adamın səsini də eşidib.Ciyiltili səs xırıltılı səsdən daha uca gəlirmiş. Səsin ingilis səsi olmadığına əmindir. Daha çox alman səsinə oxşayırdı. Güman ki, qadın səsi idi. O, almanca başa düşmürdü.Yuxarıda adları çəkilən şahidlərdən dördü ikinci dəfə sorğu-sual edilərkən göstərmişdi ki, madmuazel L’Espanyenin meyiti tapılan yataq otağının qapısı adamlar gələndə içəridən bağlı idi. Hər tərəfdə sakitlik hörm sürürdü. Nə inilti, nə də səs-küy eşidilirdi. Qapı sındırılarkən heç kəs görünmədi. Ön və arxa otaqların pəncərələri aşağı salınmış və içəridən möhkəm bərkidilmişdi. Iki otağın arasındakı qapı örtülü idi, amma bağlı deyildi. Qabaq otaqdan dəhlizə açılan qapı bağlı idi. Açar da qıfılın üstündə idi. Dördüncü mərtəbədə dəhlizin sonunda yerləşən kiçik anbarın qapısı azacıq aralı idi. Otaqda köhnə çarpayılar, yeşiklər və s. əşyalar vardı. Bu şeylər də otaqdan ehtiyatla çıxarılaraq nəzərdən keçirildi. Otaqda diqqətlə nəzərdən keçirilməmiş bir yer belə qalmadı. Damdakı otaq nəzərə alınmasa, ev dördmərtəbəli idi. Evin damına açılan qapı mismarlanmışdı, görünür, çoxdan açılmamışdı. Söyüş səslərinin eşidildiyi vaxtla qapının sındırılaraq açılması arasındakı vaxtı şahidlər müxtəlif cür şərh etdilər. Bəziləri üç, bəziləri beş dəqiqə dedilər. Qapı güclə açıldı. Tabutqayıran Alfonso Qarsio şəhadət verir ki, Morq küçəsində yaşayır və mənşəcə ispaniyalıdır. Evə girən adamlardan biri olub. Yuxarı qalxmayıb, əsəbi olduğundan həyəcanlanmaq istəməyib. Söyüş eşidib. Təsdiq edir ki, xırıltılı səs fransıza məxsus idi. Nə dediyini tuta bilməyib. Ciyiltili səs isə ingilisə məxsus imiş. O, buna əmindir. Ingilis dilini başa düşmür, intonasiyasına görə belə mühakimə yürüdür. Kolleksioner Alberto Mentani şəhadət verir ki, pilləkənləri birinci qalxanlar arasında olub, haqqında danışılan səsləri eşidib. Xırıltılı səslə fransız danışırmış. Bir neçə sözü tuta bilib. Danışan, görünür, kimisə söyürmüş. Zənn edir ki, səs rus səsinə oxşayırdı. Ümumiyyətlə, ifadəni təsdiq edir. Kolleksioner özü italyandır. Heç vaxt rusla əlaqəsi olmayıb.

Bir neçə şahid ikinci dəfə çağırılanda ifadə verdi ki, dördüncü mərtəbədəki bütün otaqların buxarıları dardır, oradan adam çıxıb-düşə bilməz. Oranı buxarıtəmizləyənlə təmizləyirlər. Buxarıtəmizləyən dedikdə, silindr şəkilli şotka nəzərdə tutulur. Bu şotkalar evdəki bütün buxarılara aşağı və yuxarıdan salınıb çıxarıldı. Adamlar üst mərtəbəyə qalxarkən, caninin ehtiyat nərdivanı olmadığından, necə düşüb getməsi barədə fərziyyələr öyləyirdilər. Madmazel L’Espanyenin meyiti buxarıya elə pərçim edilmişdi ki, yalnız dörd-beş adam köməkləşib onu aşağı düşürə bildi. Həkim Pol Düma ifadə verir ki, sübh tezdən onu meyitləri müayinə etmək üçün çağırdılar. Meyitlərin ikisi də madmazel L’Espanyenin tapıldığı otaqda çarpayılardan götürülmüş döşəklərin üstündə idi. Madmazelin meyiti daha çox qançırlı və gömgöy idi. Bu o demək idi ki, onu buxarıya güclə pərçim etmişdilər. Boğazı bərk siyrilmişdi. Çənəsindən aşağıda dərin cırmaq yerləri görünürdü. Bir neçə göy-qırmızımtıl ləkələr vardı. Bu, dırnaq izləri idi. Sifəti dəhşətli dərəcədə göyərmiş, gözləri hədəqəsindən çıxmışdı. Dili az qala kəsilmişdi. Qarnının aşağı hissəsində iri bir qançır vardı, görünür, dizlə bərk basılmışdı. Həkim M. Dümanın fikrincə, madmazel L’Espanye bir



və ya iki şəxs tərəfindən boğulub öldürülmüşdü. Anasının meyiti isə dəhşətli surətdə eybəcər hala salınmışdı. Sağ qıçının və qolunun sümükləri sındırılmış, sol böyründəki bütün qabırğaları və eləcə də sol baldır sümüyü qırılmışdı. Bütün bədəni dəhşətli dərəcədə qançır və cırmaq yarası ilə doluydu. Bədəninə xəsarətin nə ilə vurulduğunu demək çətindir. Ağır ağac dəyənək, yaxud enli dəmir çubuq, stul qıçı, ağır küt silah yalnız çox güclü adam əlində olarkən bu zədələri bədənə vura bilərdi. Heç bir qadın bu xəsarətləri heç bir alətlə yerinə yetirə bilməzdi. şahid görəndə mərhum qadının başı tamamilə bədənindən ayrılmış, olduqca eybəcər hala salınmışdı. Boğazı, görünür, çox iti bir alətlə, güman ki, ülgüclə əsilmişdi. Cərrah Aleksandr Etyen M. Düma ilə bir yerdə meyirləri müayinə üçün çağırılmış, verilən ifadələrə və M. Dümanın fikrinə şərikdi. Bir neçə başqa şəxsin də dindirilməsinə baxmayaraq, vacib bir şey hasil olmadı. Indiyə qədər Parisdə bu qədər sirli, belə dolaşıq bir qətl baş verməmişdi. Polis tamamilə naçar qalıb. Işin açılmasına kömək edəcək işıq ucu belə görünmür”. Qəzetdə xəbər verilirdi ki, hələ də Sen-Rok məhəlləsində böyük bir çaxnaşma var. Binanın yenidən axtarılması və şahidlərin təkrarən dindirilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmişdir. Bununla belə, əlavə olaraq Adolf Le Bonun həbs edilməsi barədə məlumat verilmişdi, ancaq onu cinayətdə təqsirləndirmək üçün məlum dəlillərdən başqa yeni heç nə müəyyən edilməmişdi. Mənə heç nə deməsinə baxmayaraq, onun özünü aparmasından hiss edirdim ki, Düpen işin gedişi ilə çox maraqlanır. Bu da yalnız Adolf Le Bonun həbsi haqda elandan sonra oldu və dostum məndən qətl barəsində fikrimi soruşdu. Mən də sadəcə olaraq bütün Paris əhli kimi bu işin açılmaz bir sirr olması fikri ilə razılaşmalı oldum. Qatilin izinə düşə bilən bir işıq üzü görmürdüm.

  • Biz işi belə təqdim etməklə onun nəticəsi barəsində mühakimə yürütməliyik, — Düpen dedi. — Gözüaçıqlığına görə bu qədər təriflənən Paris polisi hiyləgərlikdən başqa heç nəyə qadir deyildir. Zamanın irəli sürdüyü qaydalardan başqa onun əməliyyatında heç bir sistem yoxdur. Polis geniş tədbirlər kompleksi hazırlamağı ilə lovğalanır, amma bu tədbirlər heç bir fayda vermir. Əgər polis haçansa nəyəsə nail olursa, o da son dərəcə ağır zəhmət sayəsində olur. Bu da kifayət etmir, onun planları puça çıxır. Məsələn, Vidokda* sistemli fikir yürütmək qabiliyyəti olmadığı halda, onda axtarıb tapmaq və inadkarlıq vardı. Axtarışlar zamanı əsəbilik onu pis vəziyyətə qoyurdu. O, əşyanı gözlərinə o qədər yaxın tutardı ki, onun bir sıra əlamətləri nəzərindən qaçardı. Ola bilsin, onları son dərəcə aydınlıqla görə bilirdi, amma məsələ bütövlükdə onun nəzərindən yayınırdı. Dərinlikdə əllaməlik etmək çox da çətin deyil. Həqiqət heç də həmişə quyunun dibində olmur. Ən zəruri məsələlər də, mənim zənnimcə, daha çox üzdə olur. Həqiqəti dərənin dibində axtarırıq, o isə dağ zirvələrində tapılır. Qətl məsələsinə gəldikdə isə gəlin müstəqil axtarış aparaq, sonra mühakimə yürüdərik. Belə axtarış bizi əyləndirər (mən “əyləndirər” sözünün yersiz deyildiyini duydum, lakin heç nə demədim). Həm də Le Bon bir vaxt mənə yaxşılıq edib. Ona minnətdaram. Gedək binaya öz gözümüzlə baxaq. Polis mənim tanışımdır, icazə almaqda çətinliyimiz olmayacaq.

İcazə verildi və biz dərhal Morq küçəsinə yollandıq. Morq küçəsi Rişelye və Sen-Rok küçələrini birləşdirən sakit, yaraşıqsız küçələrdən biridir. Bura bizim yaşadığımız məhəllədən xeyli uzaq olduğundan, biz ora çatanda günortadan keçmişdi. Evi asanlıqla tapdıq, çünki xeyli adam evlə üzbəüz səkidə durub bağlı pəncərə qapaqlarına böyük bir maraqla baxırdı. Bu, Parisin adi evlərindən biriydi. Bir tərəfində şüşəli keşikçi budkası vardı. Onun pəncərəsi yuxarı açılırdı, dalandarın eviydi. Içəri girməzdən əvvəl küçə yuxarı gedib dalana döndük, sonra geri qayıdaraq evin arxa tərəfinə çıxdıq. Bu vaxt ərzində Düpen malikanəyə və eləcə də bütün qonşu evlərə diqqətlə göz qoyurdu. Yenidən binanın qabaq tərəfinə gəldik, zəngi basdıq və etimadnamələrimizi göstərdik. Növbədə olan polis işçisi bizi içəri buraxdı. Madmazel L’Espanyenin meyiti olan otağa qalxdıq, indi meyitlərin hər ikisi orada idi. Otaqdakı qarmaqarışıqlıq elə əvvəlki vəziyyətdəydi. “Məhkəmə xəbərləri qazeti”-ndə yazılanlardan başqa heç bir şey görmədim. Düpen isə hər şeyi diqqətlə nəzərdən keçirirdi, meyitləri də müayinə etdi. Sonra digər otaqlara baxdıq və həyətə düşdük; hər yerdə jandarm bizi müşayiət edirdi. Qaranlıq düşənə qədər yoxlama ilə məşğul olduq, sonra çıxıb getdik. Evə gedəndə dostum yolüstü gündəlik qəzetlərdən xəbər tutmaq üçün redaksiyaya girdi. Dostumun müxtəlif qəribəlikləri barədə danışmışam. Onun “mən onlara göz yumuram” ifadəsinə gəldikdə isə deməliyəm ki, bu sözün ingilis dilində qarşılığı yoxdur. Indi dostum elə bir əhvalruhiyyədə idi ki, qətl barəsində söhbət açmaq istəmirdi. Növbəti gün günorta vaxtı bu haqda danışdı. Sonra məndən qəflətən, bu işdə vəhşiliyə xas olan bir şey müşahidə edib-etmədiyimi soruşdu. Onun “xas olan” sözünü xüsusi nəzərə çarpdırmasında elə bir şey vardı ki, məni dəhşət bürüdü, özüm də bilmədim nə üçün.

-Qəzetdəki məlumatdan əlavə siz deyən bir şey görmədim, — dedim.

-Qorxuram ki, qəzet məsələnin qeyri-adi dərəcədə dəhşətli tərəfini yaddan çıxarsın.

Redaksiya işçilərinin axmaq fikirlərini bir kənara qoyaq. Mənə elə gəlir ki, bu işi açılmaz hesab edirlər, məhz həmin səbəbə əsaslanaraq işi asanlıqla həll etmək olar. Mən qətldə müşəhidə edilən, bütün sərhədləri aşan dəhşətli cəhətləri nəzərdə tuturam. Polis işçilərini da çaşdıran qətlin özü deyil, bu vəhşiliyin törədilməsinə məhz səbəbin olmamasıdır. Onları çətinliyə salan dava-dalaş zamanı eşidilən səslərdəki barışmaz ziddiyyətlər idi. şahidlik edənlər yuxarı mərtəbədə öldürülmüş madam L’Espanyedən başqa heç kəsi görmədiklərini söyləyirlər. Aydındır ki, adamlar yuxarı qalxarkən qatil onların nəzərindən qaça bilməzdi, çünki başqa yolu yoxdur. Yataq otağındakı ağlagəlməyən qarmaqarışıqlıq, buxarıya başıaşağı pərçimlənmiş meyit, qarının dəhşətli dərəcədə eybəcər şəklə salınması — bütün bu səbəblər kifayət edir ki, polis işçilərini çıxılmaz vəziyyətdə qoysun və uzaqgörənliyi ilə lovğalanan polis agentlərini tamamilə yalnış izə salsın. Onlar qeyri-adiliyi izahedilməzliklə qarışdırmaqla kobud və ümumi səhvə yol vermişlər. Məhz adilik ölçüsündən kənara çıxarkən həqiqət axtarışlarında ona doğru gedən yolu görmək olur. Bizim hazırda

apardığımız təhqiqat işində “nə baş vermişdir?” yox, “indiyə qədər nə baş vermişdir?” sualını vermək daha yaxşı olardı. Həqiqətən də, bu işin həllinə gəlib asanlıqla çıxacağım, bəlkə də, artıq gəlmiş olduğum qərar, polisin nöqteyi nəzərincə, açıq-aşkar həllolunmaz hesab edilməsi ilə tərs mütənasibdir.

Dostuma heyrətlə baxırdım.

- Mən indi, -Düpen qapıya tərəf baxaraq sözünə davam etdi,- bu dəhşətli cinəyətdə birbaşa iştirak etməsə də, müəyyən dərəcədə onun törədilməsinə kömək edən şəxsi gözləyirəm. Ola bilsin ki, bu qətllərin baş verməsində onun günahı yoxdur. Bu ancaq ehtimaldır. Mən öz fikrimdə haqlıyam, çünki müəmmanın açılışı bütünlükdə bunun üzərində qurulur. Həmin adamı burada - bu otaqda -istənilən anda gözləyirəm. Düzdür o gəlməyə də bilər, amma çox güman ki, gələcək. Əgər gəlsə, onu tutmaq lazımdır. Budur tapançalar; şərait onları işə salmağa məcbur etsə, hər ikimiz necə istifadə etməyi bacarırıq. Nə etdiyimi bilmədən, eşitdiklərimə inanmayaraq tapançaları götürdüm. Düpen isə monoloquna davam edirdi. Onun bəzi vaxtlarda ətraf aləmdən təcrid olduğu barədə söhbət açmışdım. O, söhbətini mənə xitabən edirdi. O, astadan danışırdı, lakin intonasiyasında uzaq məsafədə olan

adamla danışanlara xas olan nə isə vardı. Heç nə ifadə etməyən baxışları divara dikilmişdi.

- Dava-dalaş zamanı, — Düpen dedi, — adamların pilləkənlərlə qalxarkən eşitdikləri səslərin qadınlara məxsus olmadığı şahidlər tərəfindən sübuta yetirilib. Bu qıza əvvəlcə anası tərəfindən qəsd edilməsi, sonra isə qarının özünü öldürməsi barədə gedən söz-söhbətdən bizi xilas edir. Əslində bu məsələ haqqında sistem xatirinə danışıram, çünki madam L’Espanyenin gücü çatmazdı ki, qızının meyitini buxarıya tapıldığı vəziyyətdə tıxamış olsun; bu işin öhdəsindən o gələ bilməzdi; onun özünə gəldikdə isə, aldığı yaralar adamı özünəqəsd fikrindən tamamilə daşındırır. Deməli, qətli üçüncü adam edib və dava-dalaş səsləri də onunku imiş. Indi isə gəlin bu səslərə aid olan ifadələrin hamısına yox, onlardakı xüsusi cəhətə diqqət yetirək. Siz orada xüsusi bir şey görə bildinizmi?

Mən dedim ki, bütün şahidlər xırıltılı səsin fransıza məxsus olduğunu təsdiq etdikləri halda, ciyiltili səsə gəldikdə isə — bunu şahidlərdən biri kobud adlandırmışdı — bu barədə rəylər çox müxtəlifdir.



- Siz ifadədəki xüsusi cəhətdən deyil, ümumiyyətlə, ifadənin özündən danışırsınız,-Düpen dedi.

-Siz heç nəyi aydınca müşahidə etməmişsiniz, amma orada müşahidə edilməli bir şey var. şahidlər, sizin qeyd etdiyiniz kimi, xırıltılı səs haqqında yekdil fikirdədirlər. Ciyiltili səs barəsində qəribəlik heç ayrılığında yox, italyan, ingilis, ispaniyalı, hollandiyalı və fransızın cəhd edərək həmin səsi yadelliyə aid etməsindədir. Onların hər biri əmindir ki, səs onun həmvətəninin səsinə oxşamır və onu tanış olduğu və hər hansı bir xalqın dilinə deyil, əksinə, tanış olmadığı bir dilə oxşadır. Avropanın beş iri ölkəsini təmsil edən şahidlərin heç biri həmin səslərdə öz doğma dilinə xas olan heç nə aşkar edə bilməyib. Deyə bilərsiniz, danışan asiyalı və ya afrikalıymış, onların sayının Parisdə olduqca az olmasına axmayaraq istisna etmirəm. Istərdim diqqətinizi sadəcə olaraq üç şeyə yönəldim. şahidlərdən biri bu səsi ciyiltidən çox kobud səsə oxşatdığını deyir, qalan iki nəfər isə onun tez-tez dəyişən səs olduğunu qeyd edir. Onlardan heç birinə müyəssər olmayıb ki, aydın bir söz və ya aydın bir səs eşitsin. Gəlin xəyalən yataq otağına nəzər salaq. Hər şeydən əvvəl burada nə axtaracayıq? Qatillərin istifadə etdiyi çıxış yolunu. Bunu da deməyə ehtiyac yoxdur ki, heç birimiz möcüzəyə inanmırıq. Bir də bu iki adamı cin-şeytan öldürməyib ki. Bu işi edən canlı varlıqlar olub, mövcud qaydalar üzrə hərəkət ediblər. Onda necə? Xoşbəxtlikdən, bir o qədər də çətin olmayan mühakimə tələb olunur, bu da bizi qəti qərara gətirib çıxarmalıdır. Gəlin bir-bir mümkün olan çıxış yollarını nəzərdən keçirək. Aydındır ki, adamlar illəkənlərlə qarxarkən qatil madmazel L’Espanyenin tapıldığı otaqda ya da ona bitişik otaqdaymış. Məhz bu iki otaq hüdudunda çıxış yolunu axtarmalıyıq. Polis işçiləri döşəmələri, divarları və tavanı diqqətlə yoxlayıblar. Heç bir gizli çıxış yolu onların ayıq nəzərindən yayına bilməzdi. Bununla belə, onlara bel bağlamayaraq hər şeyi öz gözlərimlə yoxladım. Hər iki otağın dəhlizə açılan qapıları içəridən açarla bağlanmışdı. Gəlin buxarılara nəzər salaq. Buxarı səkkiz-on fut enliyində olsa da, yuxarı qalxdıqca elə daralırdı ki, heç oradan iri pişik belə keçə bilməzdi. Bu yolla caninin qaçması mümkün olmadığından, bircə pəncərələr qalır. Otağın küçəyə açılan pəncərəsindən cani qaça bilməzdi, küçədəki adamlar dərhal onu görə bilərdi. Deməli,qatil yataq otağının pəncərəsindən istifadə edərək aradan çıxıb. Zahirən qeyri-mümkün görünən bir şey, əslində bir o qədər də elə deyil. Bizə yalnız bir yol qalır ki, bütün ağıllı adamlar kimi məntiqi nəticədən çıxış edərək, o qeyri-mümkün şeyin mümkün olduğunu sübut edək. Yataq otağının iki pəncərəsi vardı. Onlardan birinin qabağında heç bir avadanlıq qoyulmadığından tamamilə görünürdü. Digər pəncərənin aşağı tərəfi isə çox iri bir çarpayının başlığı ilə tutulmuşdu. Birinci pəncərə içəridən möhkəmcə bağlanmışdı. Onu açmaq cəhdləri heç bir nəticə vermədi. Pəncərənin çərçivəsində sol tərəfdən burğu ilə deşik açılmışdı. Onun içində düz axıra kimi vurulmuş iri bir mismar vardı. O biri pəncərəni yoxlayarkən, orada da əvvəlkinə oxşar, onun kimi vurulmuş mismar gördük. Bu pəncərəni də açmaq cəhdi baş tutmadı. Bundan sonra polis tamamilə arxayın olub ki, qatil bu yolla qaçıb canını qurtara bilməzdi. Elə buna görə də mismarları çıxarıb pəncərələri açmağı artıq iş hesab edib. Mənsə, daha diqqətlə yoxladım, çünki mənim qarşımda bir vəzifə dururdu, o da zahirən qeyri-mümkün olan bir işin, həqiqətdə mümkün olduğunu sübut etmək idi. Beləliklə, mənə təcrübə lazımdır, — deyə düşündüm. Qatillər hökmən bu pəncərələrdən birindən qaçıblar. Belə olan surətdə onlar pəncərə çərçivələrini içəri tərəfdən təzədən bağlaya bilməzdilər. Çünki pəncərələr bağlı idi. Elə bu mülahizələrə əsasən polis bu istiqamətdə öz axtarışlarını dayandırıb. Deməli, onlar öz-özünə bağlanırmış. Başqa nəticəyə gəlmək də mümkün deyil. Boş pəncərəyə yaxınlaşdım, bir qədər çətinlikdən sonra mismarı çıxartdım və çərçivəni qaldırmağa cəhd göstərdim. Gözlədiyim kimi, açılmadı ki, açılmadı. Haradasa gizli yay olduğunu qət etdim.

Mismarlarla bağlı məsələnin hələ də gizli qalmasına baxmayaraq, mülahizəmin bu təsdiqi məni inandırdı ki, elə ilk gümanlarım da düz imiş. Diqqətli axtarışdan sonra tezliklə gizli yayı aşkar etdim. Onu basdım, tapıntımdan məmnun qalaraq, çərçivəni qaldırmaq fikrindən vaz keçdim. Mismarı yenidən yerinə vurdum və onu diqqətlə nəzərdən keçirdim. Bu pəncərədən çıxan adam onu yenidən bağlaya bilərdi. Belə ki, cəftə öz-özünə işə düşərdi, lakin mismarı yerinə salmaq mümkün olmazdı. Nəticə aydındı və mənim təhqiqat dairəmi daha da məhdudlaşdırırdı. Belə isə onda qatillər o biri pəncərədən qaçıb getmişdilər. Onda güman etmək olar ki, pəncərələrin hər birində cəftə eyni olub, fərq ya mismarlarda və yaxud onların necə vurulmağında idi. Döşəyin üstünə çıxdım və çarpayının baş tərəfindən əyilərək ikinci pəncərə çərçivəsini diqqətlə yoxladım. Sonra əlimlə çərçivədəki cəftəni tapdım və onu basdım, bu da gözlədiyim kimi eynən o biri pəncərədəki cəftə kimiydi. Mismarlarına nəzər saldım. Bu da o biri mismar kimi iri idi və demək olar ki, axıra qədər vurulmuşdu. Yəqin mənim çətinliyə düşdüyümü zənn edirsiniz, belə düşünürsüzsə, induktiv metodun mahiyyətini düz başa düşməmisiz. İdmançıların diliylə desək, həmişə hədəfə düz vurmuşam. Indi də düz yoldayam. Mühakimələrimdə bir dənə də olsun qüsur yoxdur. Bu sirri son nöqtəyə qədər araşdırmışam. Həmin o son nöqtə mismarla nəticələnib. Yenə sizə deyirəm, o mismar hər cəhətdən, qonşu pəncərədəki mismara oxşayır, amma bu dəlil (özünün bütün inandırıcı təkidi ilə) təkzibedilməz olduğundan sirrin açılmasında açar rolunu oynayır. Mismara nə isə olub, — deyə düşündüm və ona toxunan kimi mismarın başı azacıq taxta ilə qopub əlimə düşdü. Görünür, sınıb orada qalmışdı. Qırıq köhnə idi /çünki ucları paslanmışdı / və çəkic zərbəsi ilə vurulmuşdu. Çəkic zərbələri pəncərəni bir qədər içəri əzmiş, mismarın başını isə ona tərəf əymişdi. Sınmış hissəni yenidən yerinə qoydum. Çat yeri heç gözə çarpmırdı. Yayı basaraq, pəncərəni ehmalca bir qədər yuxarı qaldırdım. Öz yerində möhkəmcə oturan mismarın başı çərçivə ilə yuxarı qalxdı. Pəncərəni aşağı saldım. Belə təəssürat yarandı ki, guya mismar bütövdür. Müəmmanın, beləliklə, bu hissəsi aydınlaşır. Qatil qarşısına çarpayı qoyulmuş pəncərədən qaçıb. Çərçivə aşağı düçərkən çərçivə öz-özünəmi, ya kiminsə köməkliyi ilə işə düşmüş və çərçivəni bağlamışdı. Polis isə pəncərədəki yayı görməyərək, mismarın yerində olması ilə kifayətlənmiş, sonrakı axtarışlarını mənasız hesab etməklə səhvə yol vermişdir. Növbəti məsələ qatilin aşağı necə düşməsi ilə bağlıdır. Bu barədə sizinlə evin ətrafını gəzərkən düşünmüşdüm. Haqqında söhbət gedən pəncərə yerindən beş fut yarım aralı ildırımötürən keçir. Həmin ildırımötürəndən pəncərəyə adlamaq adam üçün mümküm olmayan bir işdir.

Pəncərədən içəri keçmək haqqında isə danışmağına dəyməzdi. Bununla belə, dördüncü mərtəbədəki parisli dülgərlərin “ferrades” adlandırdığı pəncərə qapaqları nəzərimdən qaçmadı. Hal-hazırda bu cür qapaqlar nadir hallarda düzəldilir, amma onlara hələ də Lion və Bordo yaxınlığındakı xüsusi malikanələrdə tez-tez rast gəlmək olar. Bu qapaqlar cüttaylı yox, təktaylı qapılara oxşayır, fərqi ondadır ki, aşağı hissəsi döyülmüş şəbəkə formasında olub, əllə tutmaq üçün çox münasibdir. Haqqında danışdığımız pəncərə qapaqlarının eni üç fut yarımdır.

Evin arxa tərəfindən onları görəndə qapaqlar yarıaçıq vəziyyətdədir, necə deyərlər, divarlarla müqayisədə düzbucaq altında durmuşdur. Ola bilsin, polis işçiləri də mənim kimi evi arxa tərəfdən yoxlayıb. Pəncərə qapaqlarına köndələn istiqamətdə baxdığından, onların çox enli olmasına əhəmiyyət verməyib, ya da lazimi diqqət yetirməyib. Bu yolla qatilin aradan çıxa bilməməsinə əmin olduğundan, təbii ki, burada başdansovdu yoxlama aparıblar. Mənə aydın oldu ki, qabağında çarpayı olan pəncərənin qapağı divara tərəf axıradək açılsaydı, onunla ildırımötürəndən pəncərəyə qalxmaq olardı. Iki fut yarımlıq (indi fərz edək ki, pəncərə qapağı açıq vəziyyətdədir) məsafədən qatil əlini uzadaraq şəbəkədən bərk-bərk yapışar, sonra isə ildırımötürəni buraxıb ayaqlarını divardan təkanla aralayıb qapını örtər, pəncərənin açıq olduğunu da zənn etsək, özünü içəri sala bilərdi. Istərdim ki, bu qədər cəhdli, çətin bir əməliyyatın baş tutması üçün fövqəladə dərəcədə çevikliyin tələb edildiyini yaddan çıxarmayasınız. Məqsədim birinci sizə bu işin mümkün olduğunu sübut etməkdir. Ikinci və başlıcası bundan ibarətdir ki, siz təsəvvür edəsiniz — bu işin yerinə yetirilməsi adamdan fövqəladə dərəcədə, demək olar ki, misli görülməmiş cəldlik tələb edir. Əlbəttə, deyəcəksiniz, bizim vəkillərin diliylə söyləsək, bu işdə çevikliyin zəruriliyini tamamilə etiraf etməkdənsə, onu gizlətmək “mənim xeyrimə” olardı. Həqiqət mənim yalnız son məqsədimdir. Qarşımda duran vəzifə — nəzərinizə belə bir müqayisəni çatdırmaqdan ibarətdir: birincisi, haqqında sizə danışdığım fövqəladə çeviklik məsələsi; ikincisi, həmin ciyiltili və yaxud kobud səs. O səslərin milli mənsubiyyəti barədə iki nəfərin fikrinin bir-birinə uyğun gəlmədiyini və danışığdakı bir sözün belə ayırd edilmədiyini bilirsiniz.



Bu sözlərdən sonra beynimdə dumanlı şəkildə olsa da Düpenin nə demək istədiyi, deyəsən, mənə çatırdı. Mənə elə gəldi ki, beynimi bir qədər də işə salsam, onun fikrini başa düşəcəyəm. Bəzən adam nəyisə xatırlamaq üçün yaddaşına güc verir, amma yadına sala bilmir ki, bilmir. Dostumsa söhbətinə davam etdi.

- Görürsünüz, - Düpen dedi,-qatilin otaqdan necə çıxmağını otağa girməyi ilə əvəz etdi. Demək istəyirdim ki, bunların hər ikisi eyni yol ilə, eyni yerdə baş verirdi. Indi isə gəlin xəyalən otağın içinə qayıdıb, oradakı mənzərəyə nəzər salaq. şkafın siyirmələrinə əl gəzdirilmişdi. Geyim şeylərinin öz yerlərində olmasına baxmayaraq, bəzilərinin ğurlandığını deyirdilər. Belə nəticəyə gəlmək gülünc görünür. Bu sadəcə olaraq fərziyyədir, özü də axmağından. Vəssalam. Biz haradan bilək ki, bu siyirmələrin içində tapılan əşyalardan başqa orada özgə şeylər də olub. Madam L’Espanye və qızı həddindən artıq qapalı həyat tərzi keçirirmişlər. Gedib gələnləri olmazmış. Nadir hallarda bir yana gedərmişlər. Çoxlu pal-paltar onların nəyinə lazımdır? Əgər oğru bir şey götürübsə, nə üçün ən yaxşısına əl vurmayıb və ya hamısını götürməyib? Sözün qısası, oğru nə üçün dörd min frank qızıl pula toxunmayıb, əvəzinə lazımsız əski-üsküyə tamah salıb? Yenə deyirəm, qızıl pulları götürməyib. Demək olar ki, bankir müsyö Minonun xatırlatmış olduğu pulların hamısı kisələrdən əl dəyməmiş halda döşəmənin üstündə idi. Buna görə də ifadələrdən pulların evə çatdırılmasından bəhs edən hissələrin təsiri altında polis işçilərinin beyinlərində kök salmış vadaredici səbəblər barəsindəki yanlış fikirləri istəyirəm siz də birdəfəlik başınızdan çıxarasınız. Pulun evə çatdırılması və üç gündən sonra pul sahiblərinin qətlə yetirilməsindən on qat təsirli təsadüflər hər gün hamımızın gözü qabağında baş verir, biz isə onları ötəri də olsa duya bilmirik. Ümumiyyətlə, təsadüflər ehtimal nəzəriyyəsinə məhəl qoymayan mütəfəkkirlərin yolunda böyük əngəl olub, halbuki insan zəkasının ən mühüm sahələri özünün məşhur kəşfləri üçün ehtimal nəzəriyyəsinə borcludur. Əgər pulları götürmüş olsaydılar, onların evə qətldən əvvəl gətirilməsinə təsadüf kimi yox, başqa cür baxmaq olardı və vadaredici səbəblər bu işin bir növ təsdiqi kimi görünərdi. Bu cinayətdə pulları əsas vadaredici səbəb kimi fərz etməli olsaq, onda gərək onları götürməyən canini ya maymaq, ya da səfeh adlandıraq. Indi isə diqqətinizi möhkəmcə yadda saxladığınız aşağıdakı cəhətlərə yönəltmək istəyirəm: xüsusi səs, qeyri-adi çeviklik və inandırıcı səbəbin olmaması. Özünün dəhşəti ilə fərqlənən bu cinayətin baş verdiyi mənzərəyə nəzər salaq. Qızı əllə boğub öldürüblər və meyitini başıaşağı vəziyyətdə buxarıya tıxayıblar. Adi canilər bu cür öldürmürlər. Heç vaxt onlar öldürdükləri adamın meyitini belə gizlətmirlər. Etiraf edin ki, bu qətldə elə bir dəhşətli şey var ki, o hətta ən rəzil adamın hərəkətləri ilə bir araya sığmır. Bir də, özünüz təsəvvür edin, meyiti buxarıya bu tərzdə pərçim etmək üçün nə qədər güc lazım imiş! Bir neçə adamın səyi nəticəsində onu zorla dartıb aşağı düşürdüblər! Indi bu dəhşətli qüvvənin başqa cəhətlərinə baxaq. Buxarının kənarında olduqca sıx, uzun ağsaç cəngəsi yapışıb qalıb. Saç dəri ilə bir yerdə qopardılıb. Başdan iyirmi-otuz tükü birlikdə qoparmaq üçün nə qədər güc sərf olunduğunu bilirsiniz?! Qoparılmış baş tüklərini sizin kimi mən də gördüm. Onların kökündə — demək dəhşətdir! — başın dərisi ilə birgə qoparılmış qanlı ət parçaları vardı. Yarım milyon tükü bir dəfəyə qoparmaq üçün sərf olunan gücü təsəvvür etmək çox da çətin deyil. Qarının başı bədənindən tamamilə üzülmüşdü. Adi ülgüclə kəsilmişdi. Istərdim siz həm də bu işlərin vəhşilərə məxsus bir qəddarlıqla edilməsinə diqqət yetirəsiniz. Madam L’Espanyenin bədənindəki qançırlardan hələ danışmıram. Müsyö Düma və onun hörmətli həmkarı müsyö Etyen deyirlər ki, qançırlar küt bir alətlə edilmişdir. Aydındır ki, həmin küt alət həyətdəki döşəmə daşları ola bilərdi. Meyiti qabağında çarpayı qoyulmuş pəncərədən həmin o daşların üstünə tullamışdılar. Bu fikir, indi belə sadə görünür, pəncərə qapaqlarına polis əhəmiyyət verməmişdir. Çərçivədəki mismarlar fikri yayındırmışdır, onların heç ağlına gəlməmişdir ki, pəncərələr açılır. Bu dediklərimizə yataq otağındakı qarmaqarışıqlığı əlavə etsək və fövqəladə çevikliyi, insanın imkanı xaricində olan gücü, vəhşicəsinə edilmiş bu qəddarlığı, səbəbsiz qətli, səsi və intonasiyası ilə bir neçə milləti təmsil edən, adamlara tamamilə yad olan, hər cür aydınlıqdan və başa düşülməkdən uzaq o ciyiltili səs barədə fikirləri bir-biriylə əlaqələndirsək, bundan hansı nəticəyə gəlmək olar? Təsəvvürünüzdə kimin surəti canlanar?

Düpen məndən bu sualı soruşanda ətim ürpəşdi.



Yüklə 139,65 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə