"Bakı prosesi"nin məqsədləri aşağıdakılardır



Yüklə 13,62 Kb.
tarix02.01.2022
ölçüsü13,62 Kb.
#41487
Belge (124) kopyası


“Bakı prosesi” – mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan bir təşəbbüsdür. “Bakı prosesi” təşəbbüsünü ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il 2-3 dekabr tarixində Bakıda Avropa və ona qonşu regionların mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilmiş konfransında irəli sürmüşdür. Bu konfransda ilk dəfə olaraq 10 islam ölkəsinin də iştirak etməsi ilə yeni bir formatın əsası qoyulmuşdur. Ümumilikdə 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri bu konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edildi. Bununla sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin və bu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyuldu.

“Bakı prosesi”nin əsas aktorları Azərbaycan Respublikası hökuməti, UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatıdır.

“Bakı prosesi”nin məqsədləri aşağıdakılardır:

1. Mədəniyyətlər arasında anlaşmanın, dialoqun və tolerantlığın inkişafı; 2. Müsəlman və Qərb cəmiyyətləri arasında əməkdaşlığın inkişaf

etdirilməsi;

3. Xalqlar arasında olan dini və mədəni gərginliyin azadılması məqsədilə barışdıran və sakitləşdirən qüvvələrə dəstək göstərməklə mədəniyyətlər arasında hörmət və qarşılıqlı anlaşmanın qurulması;

4. Mədəniyyətin, mədəni irsin və incəsənətin imkanlarını müəyyən etməklə, onların potensialının mədəniyyətlərarası dialoqun və əməkdaşlığın həyata keçirilməsində daha səmərəli istifadəsi;

5. Mədəni və bədii fəaliyyətlərin dəstəkləməsi; qarşılıqlı anlaşma və dialoqun qurulması prosesində yaradıcılıq və incəsənət adamların təkan verici qüvvə kimi tanınması;

6. Üzv ölkələr və vətəndaş cəmiyyətinin cəlb olunması ilə, səlahiyyətli beynəlxalq və regional təşkilatlar arasında dialoqun inkişaf etdirilməsi.

“Bakı prosesi” əvvəlcə regional təşəbbüs kimi yaranmışdır. 2010-cu ildə BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edərkən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev növbəti il Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini elan etdi. Bu hadisə “Bakı prosesi”nin regional təşəbbüsdən qlobal hərəkata çevrilməsinə səbəb oldu.



Azərbaycan Respublikası tərəfindən irəli sürülən “Bakı prosesi” təşəbbüsünü BMT-nin Baş Katibi Antonio Quterreş yüksək qiymətləndirərək onu 2008-ci ildən bəri bütün dünyada mədəniyyətlər arasında dialoqun təşviq olunmasındə mühüm rol oynadığını qeyd etmişdir. Bundan başqa Avropa Şurası Baş Katibinin müavini xanım Qabriella Battaini Draqoni “Bakı prosesi”nin əhəmiyyəti haqqında aşağıdakıları söyləmişdir: “Bəli, 2008-ci ildə bu, bir xəyal idisə, indi “Bakı prosesi” bir reallığa çevrilib. “Bakı prosesi” və mədəniyyətlərarası dialoq forumları bizlərə çox mükəmməl bir fürsət yaratmışdır ki, bir yerə toplaşıb dünyamızı narahat edən məsələləri müzakirə edək... Cənab Prezident, Sizə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya üz tutaraq xahiş edirəm ki, “Bakı prosesi”nin məşəlini heç zaman sönməyə qoymayaq. Çünki indi dünyanın sülhə, harmoniyaya, birgəyaşayışa daha çox ehtiyacı var”.

Beləliklə, multikulturalizm siyasətinin meydana gəldiyi bir sıra Avropa dövlətlərinin başçıları bu siyasətin ölkələrində iflasa uğradığını bəyan etdikləri bir dövrdə Azərbaycanda multikulturalizm siyasəti cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsində ən mütərəqqi və optimal siyasət modeli kimi çıxış edir.
Yüklə 13,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə