AZƏrbaycan respublikasinin daxiLİ İŞLƏr naziRLİYİ QƏrar № Q2-001-12



Yüklə 170,87 Kb.
səhifə1/8
tarix25.12.2016
ölçüsü170,87 Kb.
  1   2   3   4   5   6   7   8
AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRLİYİ

 

QƏRAR

 

Q2-001-12



 

Bakı şəhəri                                                                                                    19 yanvar 2012-ci il

 

Yol-patrul xidməti haqqında Təlimatın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 4.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə



 

QƏRARA ALIRAM:

 

1. “Yol-patrul xidməti haqqında Təlimat” təsdiq edilsin (əlavə olunur).



2. Naxçıvan MR Daxili İşlər Naziri, Bakı şəhər BPİ-nin, şəhər-rayon polis orqanlarının rəisləri, DYP-nin nizami hissə komandirləri bu Təlimatın şəxsi heyət tərəfindən öyrənilməsini və xidməti fəaliyyətdə tətbiq edilməsini təmin etsinlər.

3. DİN Baş DYP İdarəsinin rəisi:

3.1. Təlimatda nəzərdə tutulmuş jurnal və blankların hazırlanmasını təmin etsin;

3.2. DYP-nin şəxsi heyətinə bu Təlimatın tələblərinin izah olunması məqsədilə metodiki seminarlar keçirilməsi və nəticəsi üzrə məqbullar qəbul edilməsini təşkil etsin.

4. DİN-in 02.02.2001-ci il tarixli 50 nömrəli əmri ləğv edilsin.

5. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.

6. Qərar aidiyyatı üzrə elan olunsun.

 

 



N a z i r

general-polkovnik

 

Ramil Usubov

 

 

YOL-PATRUL XİDMƏTİ HAQQINDA

 

TƏLİMAT

 

1. Ümumi müddəalar

 

1.1. Yol-patrul xidməti (bundan sonra “YPX” adlandırılacaq) Daxili İşlər Nazirliyi (bundan sonra “DİN” adlandırılacaq) Dövlət Yol Polisinin (bundan sonra “DYP” adlandırılacaq) tərkib hissəsi olaraq, yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirir.



1.2. Yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət YPX əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və yaxüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir.

1.3. YPX öz fəaliyyətində “Polis haqqında” və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunlarını, Azərbaycan Respublikasının digər qanunlarını, ölkə Prezidentinin aktlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, DİN-in qərar, əmr və göstərişlərini, digər normativ aktların tələblərini, eləcə də bu Təlimatı rəhbər tutur.

1.4. YPX-nin əsas vəzifələri aşağıdakılardır:

1) yol hərəkətinə nəzarət etmək və yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması hallarının qarşısını almaq;

2) yol hərəkətini tənzimləmək;

3) yol-nəqliyyat hadisələrinin baş verdiyi yerlərdə təxirəsalınmaz tədbirləri həyata keçirmək;

4) yol-nəqliyyat qəzaları yerində zərər çəkmiş şəxslərə ilk tibbi yardım göstərmək;

5) ictimai təhlükəsizliyin təmin edilməsində və cinayətkarlığa qarşı mübarizə tədbirlərində iştirak etmək;

6) xüsusi təyinatlı nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək, bu cür nəqliyyat vasitələrini, habelə mütəşəkkil nəqliyyat dəstəsini müəyyən edilmiş qaydada müşayiət etmək;

7) yol hərəkəti iştirakçılarına onların hüquqlarının təmin olunmasında yardım etmək, avtomobil yollarında hərəkətin məhdudlaşdırılması və ya qadağan edilməsi səbəbləri barədə məlumat vermək;

8) ətraf mühitin mühafizəsi tədbirlərində iştirak etmək;

9) yol hərəkəti təhlükəsizliyi qaydalarını pozan şəxsləri qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb etmək;

10) inzibati məsuliyyətə cəlb olunmuş şəxslərin uçotunu aparmaq;

11) nəqliyyat vasitələrinin sürücüləri tərəfindən qeydiyyat qaydalarına əməl olunmasına nəzarət etmək;

12) yollarda nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək;

13) küçə-yol şəbəkəsinin texniki tənzimləmə vasitələrinin vəziyyətinə və onların saz halda saxlanılmasına, avtomobil yollarında və küçələrdə təmir-tikinti işlərinin aparılmasında müəyyən edilmiş qaydalara riayət olunmasına nəzarət etmək;

14) yol şəraiti hərəkət üçün ciddi təhlükə yaratdıqda, fövqəladə və digər hallarda yol hərəkətini müvafiq qaydada müvəqqəti məhdudlaşdırmaq və ya qadağan etmək;

15) qanunvericiliklə nəzərdə tutulan hallarda nəqliyyat vasitələrinin istismarını qadağan etmək;

16) küçə və yollarda hərəkətə maneçilik törətməklə dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrini duracağa göndərmək;

17) nəqliyyat vasitələrindən kommersiya məqsədi ilə istifadə edildikdə lisenziya və ya yol (marşrut) vərəqələrinin olmasına nəzarət etmək.

1.5. YPX-nin fəaliyyəti qanunçuluq, insan hüquqlarına hörmət və aşkarlıq prinsipləri əsasında qurulur. YPX öz qarşısında duran vəzifələri polisin digər xidmətləri, hərbi yol müfəttişliyi, dövlət orqanları, idarə, təşkilat, müəssisə, qeyri-hökumət təşkilatları, əmək kollektivləri və vətəndaşlarla birgə qarşılıqlı fəaliyyət əsasında həyata keçirir.

1.6. YPX-nin əməkdaşları xüsusi peşə hazırlığı keçməli, xidməti vəzifələrini yerinə yetirərkən intizamlı və sayıq olmalı, cəsarət və qətiyyətlilik göstərməli, yüksək mənəvi keyfiyyətlərə malik olmalıdır.

1.7. DYP-nin YPX-nin tərkibinə alay, bölük, taqım (bundan sonra “nizami polis hissələri” adlandırılacaq) və ərazi DYP şöbə, bölmə və qruplarının (bundan sonra “DYP bölümləri”adlandırılacaq) naryadları daxildir.

 

2. Planlaşdırma, uçot və analiz

 

2.1. YPX-nin fəaliyyəti daxili işlər orqanlarında müəyyən olunmuş qaydada tərtib olunmuş nizami hissənin və DYP bölümünün iş planlarına müvafiq olaraq həyata keçirilir.



2.2. Planlaşdırma mövcud qüvvə və vasitələri nəzərə almaqla, xidməti ərazidə əməliyyat şəraitinin, qəzalılıq vəziyyətinin, ictimai asayişin qorunması, cinayətkarlıqla mübarizə, DYP orqanlarında nizam-intizam, qanunlara riayət olunmasının təhlili və proqnozlaşdırılması əsasında həyata keçirilir.

2.3. İş planlarına DİN-in və Baş Dövlət Yol Polisi İdarəsinin (bundan sonra “BDYPİ” adlandırılacaq) yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi üzrə qərar, əmr və göstərişlərinin tələblərinin yerinə yetirilməsi ilə bağlı tədbirlər, eləcə də xidməti fəaliyyətin təkmilləşdirilməsi, onun effektivliyinin artırılması, korrupsiya, hüquq pozuntularının qarşısının alınması məsələləri daxil olmalıdır. İş planları yarımillik (baş idarə, idarə), rüblük (şöbə, alay, bölük) və aylıq (taqım, bölmə, qrup) tərtib edilir.

2.4. Nizami polis hissələrinin iş planları yol polisi idarələrinin (şöbələrinin) rəisi tərəfindən təsdiq olunur. Planı təsdiq etmiş şəxsin razılığı ilə iş planlarına nizami polis hissəsinin komandiri və ya DYP bölümünün rəisləri tərəfindən dəyişiklik və əlavələr edilə bilər.

2.5. Plan dövrü sona çatdıqdan sonra planlaşdırılmış tədbirlərin yerinə yetirilməsi haqqında arayış tərtib edilir və planı təsdiq etmiş rəhbər şəxsə məruzə edilir. Planın hər hansı bəndinin yerinə yetirilmədiyi halda arayışda bunun səbəbi və zəruri olduqda isə onun yeni icra olunma müddəti göstərilir. Planların yerinə yetirilməsinin nəticələrinə əməliyyat müşavirələrində nizami hissənin komandirinin (DYP bölümlərinin rəislərinin) iştirakı ilə baxılır.

2.6. Planların yerinə yetirilməsinə nəzarəti nizami hissələrin komandirləri (qərargah rəisləri), eləcə də, DYP bölümlərinin rəisləri həyata keçirir.

2.7. Nizami polis hissələrində və DYP bölümlərində xidmətin qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsi üçün əhəmiyyətli olan məlumatların qeydiyyatı, uçotu və analizi aparılır. Yol hərəkəti sahəsində yol-nəqliyyat hadisələri, cinayətlər və inzibati hüquq pozuntuları və onları törədən şəxslər haqqında məlumatlar, onların qarşısının alınması üçün görülən tədbirlər, yol patrul xidməti əməkdaşları tərəfindən nizam-intizama və qanunçuluğa riayət olunmasının vəziyyəti haqqında məlumatlar, təşkilatlar, ictimai birliklər və vətəndaşların müraciətləri, eləcə də yol patrul xidmətinin yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi üzrə fəaliyyətinə dair digər məlumatlar qeydiyyata alınmalı və təhlil edilməlidir.

2.8. Nizami hissənin komandiri, DYP bölümünün rəisi bilavasitə nizami hissədə və bölümdə uçot-qeydiyyat işini və məlumatların analizini təşkil edir və onun aparılmasının vəziyyətinə nəzarəti həyata keçirir.

2.9. Uçot-analiz işinin yerinə yetirilməsində operativliyin artırılması üçün nizami polis hissələri və DYP bölümləri kompüter texnikası ilə təchiz olunur.

 

3. Qüvvə və vasitələrin yerləşdirilməsi

 

3.1. YPX-nin fəaliyyəti qüvvə və vasitələrin mövcudluğundan, onların gərgin yol şəraiti ilə xarakterizə olunan yerlərdə cəmlənməsi prinsipindən asılı olaraq təşkil olunur. Bu zaman xidməti ərazidə qəzalılıq, cinayətkarlıq və hüquq pozuntuları ilə bağlı vəziyyət, avtomobil yollarının uzunluğu və bu yollarda hərəkət şəraitinin xüsusiyyətləri, sutkanın müxtəlif saatları, həftənin günləri və ilin müxtəlif fəsillərində nəqliyyat və piyadaların hərəkət intensivliyi nəzərə alınır.



3.2. YPX-nin fəaliyyətində aşağıdakılar təşkil olunur:

1) yol-patrul xidməti naryadı – patrul post və marşrutlarında xidmət aparmaq üçün təyin olunmuş yol polisi əməkdaşı və ya bir neçə əməkdaş;

2) patrul marşrutu – yol polisi əməkdaşlarının üzərinə qoyulmuş vəzifələrini yerinə yetirdikləri dislokasiya ilə müəyyən olunmuş avtomobil yolu hissəsi;

3) yol-patrul xidməti postu – yol polisi əməkdaşlarının onların üzərinə qoyulmuş vəzifələrini yerinə yetirdikləri dislokasiya ilə müəyyən olunmuş konkret yer;

4) stasionar yol-patrul xidməti postu – yol polisi naryadlarının xidmət apardığı əməliyyat-texniki və xüsusi vasitələr, mühəndis və digər qurğularla təchiz olunmuş xüsusi xidməti binalarla təmin edilmiş yer, eləcə də posta təhkim olunmuş xidməti ərazi.

3.3. YPX-nin qüvvə və vasitələrinin bölgüsü sutkalıq naryad təyininin orta normasına uyğun olaraq post və marşrutların dislokasiyasına müvafiq olaraq həyata keçirilir.

3.4. Naryadların təyin olunmasının orta norması nizami bölmə üçün bir illik, YPX-nin inspektor tərkibinin ştat sayının şəxsi heyətin 8 saatlıq növbə üçün 2.1 təşkil edən tələbat əmsalına bölünməsi yolu ilə müəyyən edilir. Növbə 8 saatdan artıq olduğu halda əmsal hər bir əlavə saat üçün 0,26 qədər artırılır (reyd tədbirlərinin keçirilməsi, fövqəladə hallar zamanı).

3.5. Post və marşrutların dislokasiyasına daxildir (Təlimata 1 saylı əlavə):

- muxtar respublika, //çıxarılıb// şəhər, rayon avtomobil yollarının sxemi;

- YPX əməkdaşlarının və patrul nəqliyyatının çıxarılmasının mütləq norması; patrul, o cümlədən əlavə, operativ vəziyyətin çətinləşdiyi dövrdə bağlanmalı olan post və marşrutların siyahısı;

- naryad növləri, onların qarşılıqlı hərəkət və əlaqə qaydası, xüsusi vəzifələr, eləcə də digər zəruri məlumatlar (daxili işlər orqanları və onların bölmələrinin, tibb müəssisələrinin, nəqliyyat vasitələrinə texniki xidmət stansiyalarının, təşkil olunmuş nəqliyyat dayanacaqlarının və digər xidmət obyektlərinin yeri və telefon nömrələri). 

3.6. Dislokasiya operativ şərait və qəzalılıq vəziyyətinin təhlili əsasında, avtomobil yollarındakı şəraiti, nəqliyyat vasitələri və piyadaların axınının epizodik olaraq artmasını şərtləndirən müəssisələr, tədris müəssisələri, ticarət mərkəzləri, xidmət obyektlərinin iş rejimini nəzərə almaqla işlənib hazırlanır.

3.7. Dislokasiyada patrul post və marşrutlarının sayı onların naryadlarının sutkalıq mütləq çıxarılma normalarına əsasən hesablanmış sayından artıq ola bilməz. Qüvvə və vasitələrlə manevr edilməsi haqqında qərar nizami polis hissəsinin komandiri, DYP bölümünün rəisi tərəfindən qəbul edilir və post cədvəlləri kitabında (Təlimata 4 saylı əlavə) qeydə alınır.

3.8. Post və marşrutların dislokasiyası nizami polis hissələrinin komandiri, DYP bölümlərinin rəisi tərəfindən 1-3 il müddətinə hazırlanaraq nizami polis hissəsinin və yaxud DYP bölümünün daxil olduğu daxili işlər orqanının rəhbəri ilə razılaşdırılaraq təsdiq edilməsi üçün müvafiq olaraq DİN-in, Baş Polis İdarəsinin və polis idarə və şöbələrinin rəislərinə təqdim edilir.

3.9. Nizami hissənin xidmət apardığı yollar bir neçə şəhər-rayon ərazisindən keçdikdə dislokasiyadan çıxarışlar həmin şəhər və rayonun polis orqanına göndərilir.

3.10. Hər bir patrul postu, marşrutu üçün iki nüsxədə post (patrul marşrutu) vərəqi tərtib olunur (Təlimata 2 saylı əlavə). Vərəqin bir nüsxəsi nizami hissənin növbətçi hissəsində saxlanılır, ikincisi isə xidmət apardığı vaxtda YPX inspektoruna təqdim edilir.

3.11. Nizami hissənin və DYP bölümünün iş rejimi gündəlik cədvəl və hər bir yol polisi əməkdaşının xidmət aparma gün və saatlarının (növbəsinin), eləcə də onun istirahət günlərinin göstərildiyi qrafiklə müəyyən olunur. Gündəlik cədvəl və iş qrafiki nizami bölmə komandiri, DYP bölümünün rəisi tərəfindən təsdiq edilir (Təlimata 3 saylı əlavə).

3.12. Növbədə xidmət müddətini nizami hissə komandiri (DYP bölümünün rəisi) “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməyə müvafiq olaraq müəyyən edir. Hərəkətin təhlükəsizliyinin təmin olunması ilə bağlı əlavə xidmətin aparılması zərurəti yarandıqda nizami polis hissəsinin komandiri (DYP bölümünün rəisi) öz əmri ilə yol polisi əməkdaşlarının iş vaxtının müddətini uzada bilər.

3.13. YPX aşağıdakılar ilə təmin olunur:

1) xidməti-əməliyyat nəqliyyat vasitələri ilə (patrul, əməliyyat, təxliyyə, qəza yerinə çıxış avtomobilləri və patrul motosikletləri və digər);

2) xidməti-əməliyyat vertolyotları (helikopter);

3) xüsusi-texniki vasitələri ilə (nəqliyyatın axınına nəzarət, yol hərəkəti qaydalarını (bundan sonra “YHQ” adlandırılacaq) pozma hallarını qeydə alan, yol-nəqliyyat hadisələri (bundan sonra “YNH” adlandırılacaq) yerinə baxış, sərxoşluq vəziyyətini, nəqliyyat vasitələrinin tullantılarında çirkləndirici maddələrin miqdarını, avtomobillərin şüşələrinin işıqburaxma qabiliyyətini müəyyən edən cihazlar və digər);

4) müəyyən edilmiş qaydada odlu silah, xüsusi əməliyyat, rabitə və texniki vasitələrlə;

5) informasiya kommunikasiya texnologiyalarından istifadə etmək üçün müvafiq vasitələrlə.

 

4. Yol hərəkətinə nəzarətin forma və metodları

 

4.1. YPX-nin aparılmasının əsas formaları aşağıdakılardır:



1) avtomobil və motosikletdə xidmət aparma;

2) piyada xidmət aparma;

3) postlarda, o cümlədən stasionar postlarda xidmət aparma;

4) vertolyotla xidmət aparma.

4.2. Patrul və əməliyyat-xidməti nəqliyyat vasitələri ilə aparılan nəzarət aşkar, gizli və qarışıq olmaqla üç növə bölünür:

1) hərəkətə aşkar nəzarət - YPX inspektorunun müəyyən olunmuş geyim formasında olmaqla, dövlət standartına uyğun rəng qrafikasına malik avtomobildə və ya motosikletdə xidmət aparmaqla, hərəkət iştirakçılarına yaxşı görünən yerdə durmasıdır. Xidmətin aparılmasının bu növü YPX-nın əsas funksiyası olaraq preventiv xarakter daşımaqla yol hərəkəti iştirakçılarını hüquqazidd hərəkətlər etməkdən çəkindirir.

2) gizli nəzarət - xüsusi rəng qrafikası olmayan xidməti-əməliyyat və digər nəqliyyat vasitələrində mülki geyimdə və ya xidməti geyim formasında olan YPX inspektorları tərəfindən, əsasən sutkanın işıqlı vaxtında aparılır. Bu zaman aşkar olunan qayda pozuntuları barədə YPX inspektoru raport (Təlimata 14 saylı əlavə) tərtib edir ki, bu da nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə uçota alındığı ərazinin DYP orqanına göndərilir;

3) qarışıq nəzarət - xüsusi rəng qrafikası olan və olmayan (iki) patrul və əməliyyat-xidməti nəqliyyat vasitəsindən istifadə olunmaqla polis geyim formasında olan və olmayan YPX inspektorları tərəfindən həyata keçirilir. Hər iki nəqliyyat vasitəsinin heyətləri bir-birilə radio-cihaz vasitəsi ilə əlaqə saxlayaraq aşkar etdikləri qayda pozuntuları barədə məlumat verir və müvafiq tədbir görürlər.

4.3. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarına riayət olunmasına gizli nəzarət formalarından biri YPX inspektorunun mülki geyimdə nəqliyyat vasitəsinin salonunda son dayanacağa qədər gedib, hərəkət yolunda sürücü tərəfindən yol verilən pozuntuların qeydə alınmasıdır. Zəruri olduqda, marşrutun sonunda və ya şəhərkənarı yollarda stasionar YPX postunda inspektor tərəfindən inzibati xəta haqqında protokol tərtib olunur.

4.4. Gizli nəzarətin həyata keçirilməsi haqqında qərarı nizami hissənin komandiri, yol polis idarəsinin (şöbəsinin) rəisi və ya onu əvəz edən şəxslə razılaşdırmaqla qəbul edir.

4.5. Yol hərəkətinə bütün nəzarət hallarında xüsusi rəng qrafikalı patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır, eyni tələb piyada naryadlarına da aiddir.

4.6. Xüsusi rəngləmə sxemi, xüsusi səs və qırmızı və ya göy sayrışan işıq siqnalı ilə təchiz edilmiş patrul avtomobili və motosikletlərindən istifadə etməklə YPX aparılan zaman aşağıdakı əsas metodlar tətbiq edilir:

1) nəqliyyat vasitələri axınında hərəkət – YHQ pozuntularının qarşısının alınması və aşkar olunması məqsədilə sürücülərin davranışına nəzarət etmək üçün, o cümlədən sutkanın qaranlıq vaxtında şəhərkənarı yollarda //çıxarılıb// qırmızı və ya göy sayrışan işıq siqnalından istifadə etməklə;

2) müəyyən olunmuş sürət həddinin artırılmasının qarşısının alınması məqsədilə nəqliyyat axınının önündə hərəkət etməklə;

3) qəza baxımından təhlükəli yerlərdə dayanma – təhlükənin aradan qaldırılması, eləcə də sürücü və piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması üçün, o cümlədən sutkanın qaranlıq vaxtında isə qırmızı və ya göy sayrışan işıq siqnalından istifadə etməklə;

4) bütün hərəkət iştirakçıları üçün yaxşı görünən yerlərdə patrul avtomobilinin və ya motosikletinin saxlanması və eyni zamanda YPX inspektorunun hərəkət intensivliyinin yüksək olduğu sahələrdə piyada hərəkət etməsi.

4.7. Bu və ya digər metodun tətbiqi, onların növbələşməsi və hərəkət sürətinin seçimi təlimatda qoyulmuş vəzifə və patrul marşrutunda yaranan şəraitə uyğun müəyyən edilir.

4.8. Patrul avtomobili radio-cihaz vasitəsi, qırmızı və ya göy sayırışan işıq və xüsusi səs siqnalı, kompüter, video kamera, dərman qutusu, 2 ədəd yol nişanı, fənər, yanğın söndürən vasitə, hadisə yerini bildirən işıq əks etdirən lent və digər texniki vasitələrlə təchiz olunur.

Qeyd: Patrul avtomobilində xidmət aparan YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi saxlanılarkən patrul avtomobilində quraşdırılmış video kamera daim işlək vəziyyətdə olmalı, məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır.

4.9. Piyada xidmət aparma uzunluğuna görə 1500 metrdən artıq olmayan, hərəkət intensivliyinə görə gərgin və qəza baxımından təhlükəli yol hissələrində hərəkətə nəzarət etmək üçün tətbiq edilir. Patrul nəqliyyatı vasitələri ilə xidməti ərazinin uzunluğu şəhər daxilində 2-8 km, respublika əhəmiyyətli avtomobil yollarında 30-35 km (//çıxarılıb// hərəkət intensivliyi və qəzalılıq vəziyyəti nəzərə alınmaqla bu ərazi qısaldılır) qəbul edilir, digər yollarda buna məhdudiyyət qoyulmur.

4.10. Piyada xidmət aparma zamanı yol hərəkətinə nəzarət səkinin kənarı (yolun kənarı), yolun ehtiyat hissəsi ilə hərəkət etməklə həyata keçirilir. Xidmətin aparılma yeri elə seçilməlidir ki, YPX inspektoru mümkün qədər çox sayda yol hərəkəti iştirakçısı üçün aydın görünsün və hüquq pozuntularının qarşısını vaxtında almaq imkanına malik olsun. Piyada xidmət aparan YPX inspektoruna inzibati xəta haqqında protokolun tərtib olunduğu və müəyyən olunmuş qısamüddətli istirahət vaxtı istisna olmaqla avtomobildə oturmaq qadağan olunur.

4.11. Stasionar postlar əsasən respublika əhəmiyyətli avtomobil yollarında, paytaxtın giriş və çıxışlarında BDYPİ-nin təklifi əsasında DİN rəhbərliyinin göstərişinə əsasən təşkil olunur.

4.12. Stasionar postlar mebel, rabitə vasitələri, qəza-xilasedici avadanlıqları, ilkin tibbi yardım ləvazimatları, səsgücləndirici, videomanitor və kompüterlər, nəqliyyat vasitəsinin məcburi saxlanılması üçün texniki vasitələr, qaz analizator, alkotestr, sürətölçən cihazlar və digər avadanlıqlarla təchiz olunur.

4.13. “Stasionar postda Silah, əməliyyat-texniki və xüsusi vasitələrin təhvil verilib alınması jurnalı (Təlimata 6 saylı əlavə)”, “Postun təhvil-təslim jurnalı” (Təlimata 7 saylı əlavə), “Daxil olmuş göstərişlərin uçotu jurnalı” (Təlimata 8 saylı əlavə), “Axtarışı elan edilmiş nəqliyyat vasitələrinin uçotu jurnalı” (Təlimata 9 saylı əlavə), “Nəqliyyat vasitəsinin saxlanca qəbul edilmə jurnalı” (Təlimata 10 saylı əlavə), “Sürətölçənin göstəricilərinin uçotu kitabı” (Təlimata 11 saylı əlavə), “Yol şəraiti, texniki tənzimləmə vasitələri və yol nişanlarının vəziyyətində müəyyən edilən çatışmamazlıqların uçotu jurnalı” (Təlimata 12 saylı əlavə) ilə təmin olunur.

Qeyd: Jurnallar dolduqdan sonra 2 il müddətində saxlanılır.

4.14. Nəqliyyat vasitələrinin yoxlanmasının rahatlığı, habelə yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə posta bitişik ərazi sutkanın qaranlıq vaxtı yaxşı işıqlandırılır.

4.15. Helikopterlə patrul əsasən yüksək hərəkət intensivliyi olan respublika əhəmiyyətli yollarda təşkil olunur. Vertolyotla xidmət aparma vertolyotla birlikdə iki və daha çox patrul avtomobilindən istifadə etmək yolu ilə həyata keçirilir. Bunun üçün helikopter naryadının tərkibinə 1 nəfər baş YPX inspektoru təyin olunur. Onun tərəfindən aşkar edilmiş YHQ pozuntusu barədə patrul avtomobillərində xidmət aparan YPX inspektoruna radio-cihaz vasitəsilə məlumat verilir.

4.16. Helikopter vasitəsilə yol hərəkətinə nəzarət, mütəşəkkil nəqliyyat dəstəsinin müşayiəti, böyük sayda nəqliyyat vasitələrinin və insanların iştirakı ilə kütləvi tədbirlərin keçirilməsi, YNH yerindən yayınan sürücülərin, qaçırılmış və ya oğurlanmış nəqliyyat vasitələrinin axtarışı həyata keçirilir.

4.17. YPX-nin aparılmasının əsas üsulları yol hərəkəti iştirakçılarının davranışına nəzarət, onların hüquqazidd hərəkətlər etməkdən çəkindirilməsi, hüquq pozuntularının qarşısının alınması, sərəncamverici-tənzimləyici hərəkətlərin həyata keçirilməsidir.

4.18. Yol hərəkəti iştirakçılarının davranışına nəzarət - yol hərəkəti iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının və yol hərəkəti sahəsində qüvvədə olan digər normaların tələblərinə riayət olunmasına vizual və ya xüsusi texniki vasitələrin köməyi ilə müşahidədən ibarətdir.

4.19. Sərəncamverici-tənzimləyici hərəkətlərə - hərəkətdə müvəqqəti dayanmaların, ləngimələrin baş verdiyi yerlərdə, kütləvi tədbirlərin keçirilməsi zamanı, işıqforda nasazlıqlar yarandıqda, piyadaların yolu keçməsinin təmin edilməsi və yol şəraitinin çətinləşdiyi digər hallarda YPX inspektoru tərəfindən həyata keçirilən jestlərlə tənzimləmə hərəkətləri aiddir (Təlimata 13 saylı əlavə).

4.20. Yol hərəkəti iştirakçılarının hüquqazidd hərəkətlərdən çəkindirilməsi - onların davranışına bilavasitə marşrutun ən gərgin hissəsində, hadisə və ya təbii fəlakət yerində YPX inspektorunun olması ilə təsir göstərilməsi, eləcə də sürücülərin yol hərəkəti qaydalarına əməl edilməməsi nəticəsində baş verə biləcək mümkün hadisələr haqqında xəbərdar olunmasıdır.

4.21. YHQ pozuntusunun qarşısının alınması - hadisələrin qarşısının alınması və onların mümkün nəticələrinin xəbərdar edilməsi məqsədilə yol hərəkəti iştirakçılarının qanunazidd hərəkətlərinə mütləq qaydada YPX inspektorlarının reaksiya göstərməsindən, qaydaları pozan şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunmasından ibarətdir.

4.22. Yol hərəkəti təhlükəsizliyinin təmin olunması işinə kömək məqsədi ilə daxili işlər orqanlarından (bundan sonra “DİO” adlandırılacaq) təxris olunmuş, eləcə də bu sahədə müvafiq təcrübəsi olan şəxslər cəlb oluna bilər.

 


Kataloq: system -> files -> legislation
legislation -> Hərbi-həkim ekspertizası haqqında Əsasnamə
legislation -> Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında
legislation -> Sosial müavinətlər haqqında
legislation -> Azərbaycan Respublikasının Seçki Məcəlləsi
legislation -> Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında
legislation -> Hərbi vəzifə və hərbi xidmət haqqında
legislation -> Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında
legislation -> Əhalinin sağlamlığının qorunması haqqında
legislation -> "TƏSDİq ediRƏM" Azərbaycan Respublikası səhiyyə naziri Ə. B.İNsanov

Yüklə 170,87 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə