AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu əlyazması hüququnda ƏFZƏLƏDDİn dağBƏYİ oğlu ƏSGƏrov



Yüklə 1,38 Mb.
səhifə1/15
tarix31.01.2017
ölçüsü1,38 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   15


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU
Əlyazması hüququnda
ƏFZƏLƏDDİN DAĞBƏYİ oğlu ƏSGƏROV

ÜMUMTÜRK FOLKLORU TARİXİNDƏ

OĞUZNAMƏ YARADICILIĞI
5719.01 – Folklorşünaslıq

5715.01- Ədəbiyyat nəzəriyyəsi
Filologiya üzrə elmlər doktoru elmi dərəcəsi

almaq üçün təqdim edilmiş
D İ S S E R T A S İ Y A


BAKI - 2014

MÜNDƏRİCAT
GİRİŞ 5

I FƏSİL. OĞUZNAMƏNİN ETNİK AUDİTORIYASI 13

1.1. Oğuznamənin mühiti məsələsi. 13

1.1.2. Oğuzların etnik tarixi 15

1.1.3. Türkmanların yaranması və bir etnos olaraq

oğuzlardan fərqliliyi 24

1.1.4. Oğuzların sonu və Oğuznamə epoxası 41


II FƏSİL. OĞUZNAMƏNİN TÜRKMAN ETNİK MÜHİTİ İLƏ FUNKSİONAL ƏLAQƏLƏRİ VƏ EPİK SEMANTİKASI 44

2.1. Etnik tarixin epik ifadəsi 45

2.2. Epik sosiumun üzvləri və onların

“mətndənkənar gerçəkliklə” əla­qəsi 56

2.3. Oğuznamə və sosial həyat 61

2.4. Monqol ağalığı və Oğuznamə 68

2.5. Mübarək Oğuz Tarixi və onun dövrləri 74

2.5.1. Kayı soyu və Yabquxanlar haqqında oğuznamə 79

2.5.2. Qara xan soyu və Buğra xan haqqında oğuz­na­mə 82

2.5.3. Oyunak soyu və Qara Arslan xan haqqında oğuz­namə 82

2.5.4. Baranlı soyu və Oğuz elinin süqutu haqqında oğuznamə 83

2.5.5. Sərəngin hakimiyyətə gəlişi haqqında oğuznamə 86


III FƏSİL. BAŞLANĞICDAN XV ƏSRƏ QƏDƏR OĞUZNAMƏ YARADICLIĞI 89

3.1. Oğuznamə və arxaik epik ənənə 89

3.2. Oğuznamənin yaranması və formalaşması məsələsi 95

3.3. Oğuznamənin epik həyatı 100

3.3.1. Oğuznamənin monqol dövrü 100

3.3.2. Epik coğrafiyanın dəyişməsi və “Ağqoyunlu tə­siri” məsələsi 102

3.4. “Kitab”dakı boyların yaşı və yazıya alınması 120
IV FƏSİL. OZAN SƏNƏTİ, OĞUZNAMƏNİN İFASI VƏ POETİK FORMASI 124

4.1.Ozan sənəti 124

4.1.1. Ozan sözü və anlamları 124

4.1.2.Ozan sənətinin dərəcələri 128

4.1.3. Vergili ozan məsələsi........................................................................131

4.1.4. Ozanların piri. 132

4.1.5. Oğuznamə ifasının magiq funksiyası 133

4.1.6. Repertuar 135

4.1.7. Auditoriya 136

4.2. İfa və poetik forma 140

4.2.1.Musiqi aləti.........................................................................................140

4.2.2.Ozmaq.................................................................................................142

4.2.3. Ozmaq və Oğuznamə 145

4.2.4. Ozmaq və yazıya alınmış Oğuznamə mətnləri 148


V FƏSİL. OĞUZNAMƏNİN YAZIYA ALINMASI VƏ MƏTN XÜSUSİYYƏTLƏRİ 151

5.1. Təsvir üsulu ilə yaranmış müəllif mətnləri 151

5.1.1. Oğuz tarixi haqqında Rəşidəddin və Əbülqazi mətni 152

5.1.2. Basatın Dəpəgözü öldürməsi haqqında Dəvadəri mətni 167

5.1.3. Qazan xanın Dağıstan tatarları üzərinə yürüşü

haqqında A.Oleari mətni 168

5.1.4. Bögdiz Əmənlə Yetim Qozan arasında qan düşmənçiliyi

haqqında Hafiz Dərviş Əli Cəngi mətni 169

5.1.5. Oğuznamələr əsasında yazılmış Bayburtlu Os­man mətni 169

5.2. Şifahi ifadan yazıya alınmış oğuznamələr 171

5.2.1. Dədə Qorqud oğuznamələri 171

5.2.2. Topqapı Oğuznaməsi 194

5.2.3. “Hazihi-r-risaləti-min kəlimati Oğuznamə

əl-məş­hur bi-Atalar sözü” 194

5.3. Tərtib üsulu ilə yaranmış mətnlər 195

5.3.1. Məhəmmədəli Oğuznaməsi 195

5.3.2. Şəcərələr 200


VI FƏSİL. OĞUZNAMƏ YARADICILIĞININ SON MƏRHƏLƏSİ..202

6.1. Etnosun dağılması və Oğuznamənin əsas funk­siya­larını itirməsi 202

6.1.1. Türkmən etnik mühitində Oğuznamə 207

6.1.2. Qızılbaş mühitində Oğuznamə və müasir mətn­lər­də

oğuzlar haq­qın­da təsəvvürlər 215

6.1.3. Osmanlı mühitində Oğuznamə və müasir Ana­dolu mətnləri 222


NƏTİCƏ 235
ƏDƏBİYYAT 247

GİRİŞ
Mövzunun aktuallığı. Orta əsrlərdə yazıya alınmış Oğuznamə mətnləri üzə çı­xarılıb nəşr olunandan bu yana Oğuznamə yaradıcılığı həmişə araş­dırıcıların diq­qət mərkəzində olmuş və orta əsrlərin bu nə­həng şifahi yaradıcılıq hadisəsi haq­qında ciddi əsərlər yazıl­mış­dır. Bu əsərlərdə Oğuznamə ilə bağlı bir çox məsə­lələr düz­­gün dəyərləndirilmiş və bu yöndə olan müəyyən fikirlər bu gü­nə qədər öz əhə­miy­yətini saxlamaqdadır. Bununla yanaşı, möv­cud araşdırmalar müəyyən nöq­san­lar­dan da azad deyil. Sö­zügedən nöqsanları aşağıdakı şəkildə sıralamaq müm­kündür:

– Oğuznamə ilə Oğuznaməyə qədərki epik ənənə ara­sın­da əksər hallarda sədd qoyulmur. Bunun nəticəsində Oğuzna­mənin yaranış tarixi mistikləşdirilərək əzəli bir hadisə kimi təqdim olunur. Məsələyə belə münasibət, əsas etibarilə, oğuz tarixinə əzəli və hətta əbədi bir hadisə kimi yanaşma meyli ilə paralel şəkildə gedir və birinci ikincidən qaynaqlanır.

Oğuznaməni “milliləşdirmə” meyllərinin hesabına o, va­hid folklor hadisəsi kimi götürülmür və ya həmin səbəbdən sö­zügedən şifahi yaradıcılıq hadisəsi bir xalqın “mülkünə çevri­lir”. Birinci hal Azərbaycan, ikinci hal Türkmənistanda aparı­lan araşdırmalar üçün səciyyəvidir.

Xalq mədəniyyətinin başqa növləri kimi bədii yaradı­cılıq da mənsub olduğu etno­sun düşüncə tipinin ifadəsidir və yalnız bu müstəvidə izah olunur. Bu baxım­dan Oğuznamənin yarandığı və yaşadığı etnik mühit haqqında yanlış təsəvvür qar­şıya çıxan sualların izahına imkan vermir və yanlış nəti­cə­lərin ortaya çıxmasına səbəb olur.

– Oğuznamənin funksional xüsusiyyətləri və onunla sıx şəkildə bağlı olan epik semantikası diqqətdən kənarda qalır. Nəticədə Oğuznamənin epik mahiyyəti kölgədə qalır. Bu isə Oğuznamə ilə bağlı bir çox məsələlərin yanlış dəyərləndi­ril­məsinə yol açır.

– Epik yaradıcılığın proses halında olması nəzərə alınmır. Ona görə də yazıya alınmış mətnə, onun əzəli və dəyişməz halı kimi baxılır. Mətnə bu şəkildə yazılı ədəbiyyat faktı kimi ya­naşma meyllərinin hesabına bəzi araşdırmalarda epik yara­dı­cılıq hadisəsinin tarixi onun məhsulu olan mətnin yazıya alın­dığı tarixə əsasən müəyyənləşdirilir. Mətnin yazıya alındığı ta­rixin qədimləşdirilməsi meyli məhz buradan baş götürür. Be­lə araş­dırmalarda, adətən, epik yaradıcılıq prosesi üzü köçü­rü­lən əlyazmalar silsiləsi, ozan yaradıcılığı katib (və ya müəllif) qə­ləmi ilə əvəz olunur.

– Epik tarixə emprik tarix düşüncəsi ilə yanaşılır. Bu sə­bəbdən də epik tarix emprikləşdirilir.

– Oğuznamə mətnlərinin təhlili zamanı onların şifahi ənə­nədəki görkəmi, demək olar ki, nəzərə alınmır.

– Oğuznamənin poetik forması onun ifasından təcrid olun­muş şəkildə araşdırılır və s.

Sadaladığımız bu halların sırasını artırmaq da müm­kün­dür. Ancaq filoloji aləm­də Oğuznamə haqqında aydın bir fikir olmadığını yuxarıda deyilənlərlə də anlamaq mümkündür. Be­ləliklə, “Oğuznamə nədir və özündə nəyi ehtiva edir?” sualının cavabı bu günə qədər açıq qalır. Bu araşdırmada qarşıya qo­yulan problem də məhz bu ehtiyacdan yaranır.



Tədqiqatın obyekti və predmeti. Araşdırmanın obyekti orta əsrlərdə yazıya alınaraq bu günə gəlib çatmış Oğuznamə mətnləridir. Oğuznamənin süqutu nəticə­sin­də təhrif olunmuş müasir mətnlər buraya da daxildir. Bununla yanaşı, qarşıya qoyulan problemə uyğun olaraq oğuzlar və türkmənlər haqqında tarixi qaynaqlar, eləcə də bu mövzuda yazılmış əsərlər də bu araşdırmanın obyekti sayıla bilər.

Oğuznamə epik yaradıcılıq hadisəsidir. O, tarixin müəy­yən dövründə yaran­mış, özünün epik ömrünü yaşamış və öz funksiyasını itirərək unudulmuşdur. Bu mənzərə Oğuznamənin ya­­randığı andan sona qədər proses halında olduğunu göstərir. Biz bu prosesi Oğuznamə yaradıcılığı adlandırırıq. Şifahi yara­dıcılıq hadi­sə­sinin proses halında olduğunu nəzərə alsaq, bu ad sözügedən epik yaradıcılıq hadi­səsinin mahiyyətini tam mənası ilə ifadə edir. Müəllifin araşdırmaq istədiyi problem də elə bun­­­­dan ibarətdir: yarandığı vaxtdan sona qədər Oğuznamə ya­radıcılığı.

Məlum məsələdir ki, tarixi kontekst olmadan problemin öhdəsindən gəlmək mümkün deyil. Hər şeydən öncə, araşdırdı­ğımız şifahi yaradıcılıq hadisəsinin hə­yat dövrü (başlanğıcdan sona qədər ömür yolu) yalnız onu yaradan xalqın tarixi kon­­teks­tində üzə çıxır. Bununla yanşı, hazırki işdə təkcə epik ya­radıcılıq hadisə­sinin gedişatı yox, həm də onun etnik tarix ilə əlaqəsi məsələsi qarşıya qoyulur.

Problemi öyrənmək üçün Oğuznaməni yaradan və yaşa­dan etnosun kimliyi haqqında aydın təsəvvür olmalıdır. Ancaq, məlum olduğu kimi, Oğuznamənin hansı xalqa məxsus olması fikri konkret araşdırmaya deyil, Oğuznamənin oğuzlar­dan bəhs edən məzmununa əsaslanır. Ona görə də müəllif problemin araşdırıl­ma­sına bu nöqtədən başlayır.

Oğuzlar haqqında dastanların yaranması və yaşaması sə­bəbi onun mənsub ol­du­ğu etnik mühitlə funksional əlaqələ­rinin öyrənilməsi ilə üzə çıxır. Bununla yana­şı, Oğuznamənin for­ma­laşması prinsipləri və epik semantikası bu müstəvidə ay­dın­laşır.

Oğuznaməni yaradan və yüz illər boyu yaşadan ozan sə­nə­ti, Oğuznamənin ifası və poetik forması sözügedən epik ya­radıcılıq hadisəsinin ayrılmaz hissəsidir. Bu üzdən hazırkı işdə deyilən məsələlər də araşdırmaya cəlb olunub.

Araşdırılan şifahi bədii yaradıcılıq hadisəsinin ifası və poetik forması haqqında biliklər onun şifahi ənənədəki gör­kə­mi haqqında aydın təsəvvür yaradır. Bu isə orta əsrlərdə müx­təlif şəkildə yazıya alınmış Oğuznamə mətnlərinin şifahi ənə­nəyə münasibətdə təsnif və təhlil olunmasına imkan verir. Ona görə də bu araş­dır­ma çərçivəsində Oğuznamə mətnləri təsnif olunur və onların mətn xüsu­siy­yət­ləri öyrənilir. Oğuzna­mə haq­qında bir çox yanlış fikirlərin yazıya alınmış mətnlərin özün­də nəyi ehtiva etməsi haqqında yanlış təsəvvürlərdən qay­naqlandığını nəzərə alsaq, bu məsələnin nə dərəcədə vacib olduğunu anlamaq olar.

Mövzunun öyrənilmə dərəcəsi: Oğuznamə və ya Oğuznamə ilə əlaqəli prob­lem­lərlə O. Ş. Gökyay, M.Ergin, F.Sümer, F.Köprülü, P.N.Boratov, V.V.Bar­­told, V.M.Jir­munski, A.N.Kononov, X.Koroğlu, H.Araslı, M.Təhmasib, M.Seyidov, Ş.Cəm­şidov, T.Hacıyev, S.Əlizadə, R.Şükürova, K.Abdulla, K.Vəliyev, R.Bə­də­lov, M.Qasımlı, F.Bayat, N.Cəfərov, K.Hü­seynoğlu, A.Hacıyev və s. kimi araş­dırıcılar məşğul olmuşlar. Bu araşdırıcıların bir çoxunun əsər­lərində Oğuznamə yaradı­cılığının diaxron istiqamətdə gedişatı və onun tarixi hadisələrlə əlaqəsi, ozan sənəti, eləcə də oğuzlar haqqında dastanların ifası və poetik forması ilə bağlı də­yər­li fikirlər söylənmişdir. Araşdırma boyu adıçəkilən müəlliflərin əsər­lərinə müraciət olunmuş bu və ya başqa məsələ ilə bağlı fi­kirlərə münasibət bildirilmişdir.

Hazırkı araşdırmanın həm də tarix tərəfi mövcuddur. Mə­lum olduğu kimi, oğuzların və türkmanların həm etnik, həm də siyasi tarixi ilə dünyanın bir çox alimləri məşğul olmuşdur. Onların sırasında Z.Gökalp, F.Sümer, M.Köymen, İ.Ka­fesoğ­lu, Z.V.Toqan, M.Köprülü, V.V.Bartold, V.A.Qord­levski, C.П.Tols­­tov, D.E.Ye­re­meyev, S.T.Aqadjanov, A.Y.Ya­ku­bov­ski, L.N.Qumilyev, K.E.Bosvord, K.Kaen, E.K.S.Lemb­ton, Z.Bünyadov, O.Əfəndiyev, R.Hüseynov və s. kimi tanın­mış ta­rixçilər var. Hazırkı araşdırmanın meydana gəlməsində adı çə­ki­lən və çəkil­məyən alimlərin oğuz və türkman tarixi haqqında yaz­dığı əsərlərin müstəsna rolu var. Məhz bu əsərlərin sayə­sində müəllif oğuz və türkman tarixinin mənzərə­sini, eləcə də baş verən etnik və siyasi proseslərin xarakterini müşahidə et­mək imkanı qazanmışdır. Dissertasiya işində sıx şəkildə bu müəlliflərin əsərlərinə müraciət olunur. Bununla belə, sözügedən araşdır­ma­larda oğuzlar və türkmanlar bir etnos olaraq diferensial­laşdı­rıl­mır. Onların səhifələrində gen-bol şəkildə qarşımıza çıxan si­no­nim səciyyəli “oğuz-türkmən”, “oğuzlar (türkmənlər)”, “oğuz və türkmən” kimi ifadələr bu münasibətdən doğur. M.Erö­­zün dili ilə desək, araşdırıcılar “bu iki kəlməni” izah edərkən “müxtəlif fərziyyələr irəli sürsələr də, əsasda birlə­şirlər: oğuz və türkmən eyni türk şöbəsinin adıdır” (80, 17).



F.Köprülü məsələyə klassik münasibətin tərəfdarıdır. Müəl­lifə görə, oğuzların müsəlman olan hissəsi türkmən adlan­mışdır (98, 183-184). Z.V.Toqan oğuzlarla türkmənləri oturaq – köçəri prinsipi ilə ayırır. Onun fikrinə görə, köçəri həyat tərzi keçirənlərə “oğuz” deyilir, türkmən isə “mədəni xalqlarla qon­şu olaraq oturan və qismən əkinçiliklə məşğul olan yarımo­tu­raq oğuzlar ilə karluq və xələclərə aid edilmişdir”. Bu iki et­nonimin ifadə etdiyi anlamlardan söz açarkən nəyinsə yerində olmadığını hiss edən müəllif yazırdı: “Oğuz türkmən kəl­mələri iki eyni mənalı kəlmə kimi istifadə olunsa da, bunların başqa-başqa məfhumları ifadə etdiyini göstərən qeydlər də çoxdur. Hər halda türkmənlərə “oğuz” deyilmiş, ancaq həqiqi köçəri oğuzlara türkmən deyilməmişdir” (119, 196). Z.Gökalp ilk dəfə olaraq etnonimin türkman fonetik variantı ilə türkmən variantını fərqləndirir. Müəllifə görə, türkman Qaraxanlı döv­ləti dövründə islamı qəbul etmiş və hələ müsəlman olma­yan şərq türkləri ilə mübarizə aparan bir ellər və qövmlər toplusu idi. Türk­mən­lər isə, ona görə, türkmanlar içərisində yaşayan və hələ də köçəri həyat keçirən oğuz elidir (81, 36-37). Müəllifin etnonimin türkman türkmən variantlarını fərq­lən­dirərək, bu variantların tarixən fərqli çalar daşıması haqqındakı fikri ilə ra­zılaş­maq olmaz. Qaynaqlarda etnonimin hər iki variantı işlənir və onlar eyni etnosu ifa­də edir. Diqqət etsək, görərik ki, müəl­lif etnonimin türkman variantına dini-siyasi, türkmən varian­tına isə etnik anlam verir və sonuncu anlamı ilə onu bir etnos olaraq oğuzlardan fərqləndirmir. İ.Kafesoğluna görə, sözü­ge­dən etnonim sırf siyasi anlam daşıyır. Müəllifə görə, göytürk termini kimi türkmən termini də siyasi anlam daşımış və kar­lukların güclü olduğu zamanlarda (XI əsrin yarısı) onlar tərə­findən istifadə olunmuşdur (80, 17). Etnologiya sahəsində yeni konsepsiyanın müəllifi olan L.Qumilyev türkmənlərin üstün­dən sükutla keçir. Müəllif bir araşdırmasında oğuz­larla türk­mənləri eyniləşdirərək onları türkləşmiş arilər sayır (182, 266). Başqa bir araşdırmasında isə, “quzların bir-birinə düşmən olan iki etnosa: tork və türkmənə” parçalanmasından danışır (178, 202). O, rus letopislərində “tork” adı ilə qeyd olunan oğuzların etnosiyasi tarixindən bəhs etsə də, türkmənlər barəsində heç nə demir. Ardınca Səlcuqlu tarixindən bəhs edir (178, 229-231). Yəni türkmən etnik varlığı onların içərisindən çıxaraq dövlət qurmuş bir sülalənin adı ilə əvəz olunur və bu yolla sözügedən etnos pərdə arxasında qalır. Bir superetnos olaraq türkmənlərin pərdə arxasında qalmasının başqa bir şəkli onun Türkmənistan türk­mən­ləri ilə eyniləşdirilməsi şəklində baş verir. Belə araş­dırmalarda Türkmənistan türkmən­ləri bir etnos olaraq oğuz­lar­dan fərqləndirilsə də, böyük türkmənlərə bərabər tutulur və bu, türkmənlər haqqında tarixi materialın Türkmənistan türk­mən­­lərinin etnogenezinin öyrənil­mə­sinə sərf olunması hesabına baş verir (128, 12-24; 314, 48-54;). Orta Asiyadan İrana, Azərbay­cana, Ərəbistana, Anado­luya köç edən türkmənlərin Türkmə­nistan türkmənlərinin etnik qəlpəsi sayılması da buradan do­ğur. Ən yaxşı halda köç edənlər yerləşdiyi ərazinin adı ilə mil­liləşdirilir (131, 127-128).

Məsələnin təsvir olunan şəkillərdə yozumu, irəlidə görə­cəyimiz kimi, yan­lış­dır və qarşıya çıxan bir çox sualları cavab­sız qoyur. Bu üzdən də problemin yenidən nəzərdən keçiril­mə­sinə ehtiyac yaranır.



Tədqiqatın məqsəd və vəzifələri. Araşdırmanın əsas məqsədi Oğuznamə yara­dıcılığının – epik yaradıcılıq prosesinin öyrənilməsindən ibarətdir. Bununla yanaşı, burada epik yaradıcılıq prosesinin tarixində baş verən mühüm hadisələrin tarixi kontekstdə izahı da araşdırmanın əsas məqsədi sayılır. Buna nail olmaq üçün araşdırıcı aşağıdakı vəzifələri yerinə yeriməyə çalışmışdır.

– Oğuznaməni yaradan xalqın etnik ünvanının müəyyənləşdirilməsi və bu xalqın tarixində baş verən etnik proseslərin aşkarlanması.

– Oğuznamə ilə onun mənsub olduğu etnik mühit arasında funksional əlaqələ­rin üzə çıxarılması və onun epik semantikasının öyrənilməsi.

– Oğuznamənin Oğuznaməyə qədərki epik ənənəyə münasibətinin araşdırıl­ması.

– Oğuzmanə yaracılığının başlanğıc tarixinin müəyyənləşdirilməsi və forma­laş­ması prosesinin öyrənilməsi.

– Oğuznamə yaradıcılığının tarixində baş verən mühüm hadisələr və onların etnik proseslərlə əlaqəsinin üzə çıxarılması.

– Epik yaradıcılıq hadisəsi olaraq Oğuznamənin süqutunu şərtləndirən amil­lərin üzə çıxarılması və bu müstəvidə Oğuznamə yaradıcılığının süqutu tarixi­nin aşkar olunması.

– Oğuznamə yaradıcılığının süqutu prosesinin izlənməsi.

– Oğuznaməni yaradan və yaşadan ozan sənətinin özünəməxsus və tipoloji xüsusiyyətlərinin ümumiləşdirlməsi.

– Oğuznamənin ifa xüsusiyyətlərinin öyrənilməsi.

– Oğuznamənin poetik forması haqqında fikir və mülahizələrin ümumi­ləş­diriləməsi.

– Orta əsrlərdə yazıya alınmış Oğuznamə mətnlərinin təsnifi və mətn xüsusiyyətlərinin təhlili.



Tədqiqat metodu: Araşdırma işi metod baxımından, əsas etibarilə, L.N.Qu­mil­­ye­vin müxtəlif əsərlərində ifadə olunan etnos haqqında nəzəri fikir və müla­hi­zələrinə əsaslanır (176; 177; 178; 182; 179; 181; 180; 184; 185; 186). Bu işdə L.N.Qumilyev etnolo­gi­­yasından, birinci növbədə, orta əsrlərdə baş verən etnik pro­seslərin təhlili zamanı istifadə olunur və onların xarakteri müəy­­­yən­ləşdirilir. Oğuznamə yaradıcılığının xarakteri də bu müstəvidə üzə çıxır. Oğuznamə yaran­dığı və içərisində yaşa­dığı etnosun sosial və siyasi institutlarına o dərəcədə bağlı idi ki, o, mənsub olduğu etnosla eyni taleyi bölüşdü. Yəni onunla birgə doğuldu, birgə yaşadı, birgə də tarixə qovuşdu. “Yara­nış­dan yox olmasına qədər etnosun dayanış prosesi” etnogenez adlanırsa (178, 15), yarandığı andan sona qədər onun­la birgə yaşayan epik yaradıcılıq prosesini müəllif eposogenez prosesi adlandırır və eposogenez prosesini etnogenez prosesi konteks­tində öyrənir.

Tədqiqat işində Oğuznamə yaradıclığı etnik tarix kontekstində öyrənildiyi üçün araşdırma üsulu olaraq funksional istiqamət seçilir. Bu baxımdan funksional məktəbin əsasını qoyan B.Malinovskinin araşdırmaları müəllifə yardımçı olmuşdur (239).



Tədqiqatın elmi yeniliyi. Araşdırma başlanğıc tarixindən bu günədək Oğuz­namə yaradıcılığının dinamikasının öyrənilməsinə həsr olunmuş ilk elmi iş olaraq bir çox elmi yenilikləri özündə ehtiva edir. Bu yeniliklər aşağıdakı şəkildə sıralanır:

– Epik yaradıcılıqla onun mənsub olduğu etnik mühitin qarşılıqlı əlaqəsi, eləcə də başlanğıcdan sona qədər bu əlaqələrin gedişatı və birincinin ikincidən asılılıq dərəcəsi ilk dəfə olaraq bu araşdırmada öyrənilmişdir.

– Oğuznamənin mənsub olduğu etnosun ünvanı üzə çıxarılmışdır.

– Oğuznamə ilə onun etnik mühiti arasında qarşılıqlı funksional əlaqələr və bu epik yaradıcılıq hadisəsinin semantikası öyrənilmişdir.

– Oğuznamə ilə Oğuznaməyə qədərki epik ənənənin əlaqəsi və hüdudlarının öy­rə­nilməsinə cəhd göstərilmiş və bu iki müxtəlif hadisənin qarışdırılması hallarına münasibət bildirilmişdir.

– Oğuznamənin mənsub olduğu etnosun tarixi kontekstində Oğuznamə yaradıcılığının başlanğıc tarixi müəyyənləşdirilmişdir.

– Oğuznamə yaradıcılığının tarixində baş verən mühüm hadisələr və onların etnik tarixdə baş verən proseslərlə əlaqəsi sistemli şəkildə araşdırılmışdır.

– Oğuznamə yaradıcılığının sonunu gətirən amilin etnik tarixdə baş verən mühüm hadisə ilə əlaqəsi öyrənilmişdir.

Epik söyləyici tipi olan ozan sənətinin xüsusiyyətləri sistemli şəkildə tədqiq olunmuş, Oğuznamənin ifası və poetik forması haqqında yeni fikirlər söylənmişdir.

İlk dəfə olaraq Oğuznamə mətnləri təsnif olunmuş və geniş şəkildə tədqiq olunmuşdur.



Tədqiqatın nəzəri-təcrübi əhəmiyyəti. Araşdırmada etnik tariximizə uyğun şəkildə epik yaradıcılıq tariximizin bir dövrü öyrənilmişdir. Dissretasiya işinin nəticələri başqa folklor janrlarının da bu müstəvidən öyrənilməsini tələb edir. Yal­nız belə araşdırmalar sayəsində folklor tariximizin mənzərəsi ortaya çıxa bilər. Bunun­la yanaşı, bu araşdırmanın nəticələri köhnə epik ənənənin yeniyə münasibəti (və yaxud da əksinə) ilə bağlı bir çox problemləri üzə çıxarır və onların öyrənil­məsi zərurətini ortaya qoyur.

Araşdırmada aparılan etnoloji təhlillər orta əsrlər tariximizin etnik mənzərə­sini ortaya qoyur və bu dövrdə baş verən siyasi hadisələrin coğrafi baxımdan deyil, etnik müstəvidən dəyərləndirilməsi zəruriyyətini ortaya qoyur. Bundan savayı, araşdırmanın nəticələri dil tarixinə də işıq tutur və oğuz dili və ya oğuz dilləri anlayışının yenidən nəzərdən keçirilməsini tələb edir.

Ən nəhayət, bu araşdırmanın nəticələri nəinki folklor tariximizin dövrləş­diril­məsinə, habelə orta əsrlər ədəbiyyatımızın etnik baxımdan təsnifinə imkan yaradır.

Dissertasiyanın aprobasiyası: Dissertasiya Folklor İnstitutunun “Türk xalqları folkloru” şöbəsində hazırlanmışdır. Dissertasiyanın əsas məzmunu AAK-ın tələblərinə uyğun olaraq qəbul edilmiş elmi məcmuələrdə, konfrans materialla­rında, xarici elmi jurnallarda çap olunan məqalə və tezislərdə öz əksini tapmışdır. Bununla yanaşı, dissretasiya monoqrafiya kimi kütləvi tirajla nəşr olunub oxucu­lara və mütəxəssislərə təqdim edilmişdir.

Dissretasiyanın qurluşu: Dissertasiya işi giriş, altı fəsil və istifadə olunmuş ədəbiyyat siyahısındans ibarətdir.

I FƏSİL
OĞUZNAMƏNİN ETNİK AUDİTORİYASI
1.1. Oğuznamənin mühiti məsələsi. Qarşıya qoyduğumuz prob­lem adi halda Oğuznamənin yarandığı və yaşadığı etnik mü­hitlə funksional əlaqələrinin öyrə­nil­məsi ilə başlamalı idi. An­caq biz bu məsələni araşdırmazdan öncə bu etnik mühitin ün­vanını öyrənmək məcburiyyətindəyik. Məsələyə toxunmaz­dan öncə onu deyək ki, “Oğuznamələr hansı etnik mühitdə yaşa­yıb?” sualı bu günə qədər ayrıca prob­lem olaraq qarşıya qoyul­mayıb. Araşdırıcılar bu məsələyə dolayısilə münasibət bil­di­­rərək oğuzlardan bəhs edən məzmununa görə onları oğuz das­tanları kimi qəbul ediblər. Oğuznamənin etnik mənsubiy­yəti barədə əsas fikir də elə bundan ibarətdir. Oğuznamə ba­rədə araş­dırmalarda tez-tez qarşılaşdığımız “oğuz qəhrəmanlıq das­tanları”, “oğuz dastanı”, “oğuz eposu” və s. kimi ifadələr bu gö­rüşdən irəli gəlir. Ancaq dastanın məzmunu onun etnik mən­subiyyətini müəyyənləşdirmək üçün kifayət deyil. Bunun üçün onun hansı etnik mühitdə yaşaması və bu etnik mühitlə funk­sional əlaqələri öyrənilməlidir. Onların öyrənilməsi özü-özlü­yündə bizə Oğuz­naməni yaradan xalqın ünvanını da gös­tərə­cək. Beləliklə, Oğuznamə hansı etnik mühitdə yaşayırdı?

Oğuznamələrdə vəsf olunan epik dünya, yəni Oğuz eli ozanın ifa zamanı işlətdiyi “ol zəman”, “oğuz zəmanı” for­mul­ları ilə tarixi keçmişə aparılır: “Oğuz zəma­nında bir yigit ki, evlənsə, ox atardı. Oxı yerdə düşsə, anda gərdək dikərdi” (41, 57); “Oğuz zəmanında Qanlı Qoca, derlərdi, bir gürbüz ər var­dı” (41, 85); “Ol zəmanda bəglərin alqışı alqış, qarğışı qar­ğış idi” (41, 52); “Ol zəmanda bir oğlan baş kəsməsə, qan dökməsə, ad qomazlardı” (41, 53) və s. Bəzi Dədə Qorqud oğuznamələrinin sonunda (yumlamadan öncə) vəsf olunan qəhrəmanların dünya­dan köçməsini ifadə edən formul səciy­yə­li aşağıdakı parçalar da eyni hadisənin təzahürüdür:



Anlar dəxi bu dünyaya gəldi, keçdi,

Karvan kibi qondu, köçdü.

Anları dəxi əcəl aldı, yer gizlədi,

Fani dünya yenə qaldı (41, 41).
Yaxud da:

İmdü qanı dedigim bəg ərənlər?!

Dünya mənim deyənlər!

Əcəl aldı, yer gizlədi;

Fani dünya kimə qaldı?

Gəlimli-gedimli dünya,

Axirət-son ucu ölümlü dünya (41, 78).

Oğuznamələrdə vəsf olunan epik dünyanın “ol zəman­da”, yaxud “oğuz zə­manı” formulları ilə tarixi keçmiş kimi təq­­­dim olunması göstərir ki, ifaçı ozan oğuz­lar haqqında das­tanları başqa bir etnik mühitdə ifa edir. Epik hadisələrin baş verdiyi zamanın “ol zəmanda”, eləcə də “oğuz zəmanı” şək­lin­də Oğuznamənin ifa olunduğu zamandan fərqləndiril­məsi baş­qa cür düşünməyə imkan vermir. Məsə­ləyə diqqət yetirən V.M.Jir­munski onu özünəməxsus şəkildə dəyərləndi­rərək “das­­­­­tan­ların xalqın tarixi keçmişini əks etdirdiyini söyləyir” (196, 526). Məsələ də elə bundan ibarətdir: Oğuznamə “xalqın tarixi keçmişini əks etdirir”. Ancaq bu “tarixi keçmiş”də Oğuz elindən bəhs olunsa da, o, oğuzların tarixi keçmişi deyil, oğuz­lar haqqında dastanlara qulaq asan etnik auditoriyanın tarixi keçmişidir. V.M. Jirmun­s­ki bu etnik auditoriyanı müəy­yən­ləş­dirməyə çalışarkən qazax dastanla­rındakı “noqaylıların” qazax xalqına münasibətini oğuznamə­lərdə vəsf olunan “oğuz zəma­­nı”nın türkmənlərə və azərbaycanlılara münasibəti ilə eyniləş­dirir (196, 515). Belə bir qarşılaşdırma apararkən müəllif unu­dur ki, bu gün də qazax xalqı arasında yaşa­yan noqay baha­dırları haqqında dastanlardan fərqli olaraq, oğuzlar haqqında dastanlar nə türkmən, nə də azərbaycanlılar arasında yaşamır. Deməli, oğuzlar haqqında dastanlar noqaylar haqqında dastan­lara münasibətdə epik formasiyanın daha qədim mərhələsinə aiddir. Bu mərhələni yaradan xalqın oğuzlar olması və ya bu dastanların oğuzlar arasında yaşaması ehtimalı Oğuznamənin Oğuz elini tarixi keçmiş kimi təqdim etməsi ilə inkar olunur.

Qeyd edək ki, məsələnin bu hala gəlməsi oğuz tarixinə münasibətdən qaynaq­la­nır. Nəticədə oğuzlar orta əsrlər boyu yaşayan xalq kimi tanıdılır və Oğuzna­mə­nin Oğuz elini “tarixi keçmiş” kimi təqdim etməsi tarixi araşdırmalar kontekstində özünə yer tapmır. Xoşbəxtlikdən, etnik tarixə başlanğıcı və sonu olan bir proses kimi yanaşan L.N.Qumilyev etnologiyası da var və biz onun etnos haqqında olan nəzəri görüşlərinə söy­kənib oğuzların etnik tarixini yenidən dəyərləndirəcəyik. Bura­da bir daha xatırlatmaq istəyirik ki, bu araşdırmada etnik tarix kontekst rolu oynayır. Ancaq oğuzların tarixi haqqında bilik­lə­rin hazırkı səviyyəsi bizi bu məsələni yenidən nəzərdən keçir­məyə vadar edir. Bu halda etnik tarix özü-özlü­yün­də araş­dır­ma­nın predmetinə çevrilir. Ancaq unutmayaq, oğuz-türk­mən proble­minin öyrənilməsi Oğuznamənin etnik mühitini üzə çı­xar­maq ehtiyacından yaranır. Oğuznamə yaradıcılığının onun mənsub olduğu etnosun tarixi kontekstində öyrənilə­cəyini nə­zə­rə alsaq, məsələnin nə qədər vacib olduğunu anlamaq olar.

L.N.Qumilyevin etnologiya ilə bağlı araşdırmaları etno­genez anlayışına etnik şüurun üzə çıxması ilə başa çatan proses kimi yanaşan ənənəvi görüşü dəyişdirdi. Müəllifə görə, etnos tarixi zaman ərzində müəyyən coğrafiyada yaranır. Öz ömrü­nü yaşayır və etnik sistemin qocalaraq sıradan çıxması hesabına parçalanaraq məhv olur. Bu müstəvidə etnogenez anlayışı yeni məzmun qazanır: “Mənim anladığım etnogenez yaranışından yox olmasına qədər etnosun dayanış prosesidir” (178, 10). Ancaq “...etnosun sonu onun üzvlərinin fiziki məhvi deyil, yal­nız etnik sistemin dağılması, ənənənin unudulması və salamat qalmaq istəyən fərdlərin başqa etnosis­temlərə daxil olma müm­künlüyü deməkdir” (178, 185). L.N.Qumilyevin xülasə­si­ni verdiyimiz etnos nəzəriyyəsinə əsaslanaraq məsələyə mü­nasibəti dəyişmək müm­kün­dür. Problemin izahına oğuzların et­nik tarixindən başlamaq məcburiyyə­tin­dəyik. Görək, etnik anlamı ilə oğuzlar kim idi? Bunların etnik tarixi hardan baş­la­yır və hansı dövrə qədər davam edir?





Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə