5. Nüvə silahının zədələyici amillərinin təsir xüsusiyyətləri



Yüklə 37,11 Kb.
tarix28.12.2021
ölçüsü37,11 Kb.
#48183
referat 3413
referat 5748

5. Nüvə silahının zədələyici amillərinin təsir xüsusiyyətləri

Nüvə silahı - kütləvi qırğın silahlarının ən güclü zədələmə xassəsinə malikdir. Nüvə silahında müxtəlif nüvə reaksiyaları nəticəsində ayrılan enerjidən istifadə olunur. Nüvə silahının partlayış gücü trotil ekvivalenti ilə xarakterizə edilir. Trotil ekvivalenti - partlayış enerjisi bu nüvə sursatının partlaması nəticəsində alınan enerjiyə bərabər (ekvivalent) adi partladıcı maddənin (trotilin) tonla miqdarına deyilir. Müxtəlif nüvə sursatlarının gücü bir neçə milyon tona (meqatona) qədər olur. Nüvə partlayışı həm zədələyici təsirinin gücünə, həm də müxtəlif amillərin zərərli təsirinə görə adi döyüş sursatlarından fərqlənir. Nüvə silahı ilk dəfə 1945-ci ilin avqustunda ABŞ tərəfindən Yaponiyanın Xirosima və Naqasaki şəhərlərində tətbiq olunmuşdur. Nüvə silahını hədəfə çatdırmaq üçün müxtəlif növlü raketlərdən, təyyarələrdən, sualtı qayıqlardan, gəmilərdən, habelə artilleriya toplarından istifadə etmək mümkündür. Tətbiqi məqsədindən və basqın hədəfinin xarakterindən asılı olaraq nüvə silahı kosmosda, havada, yerdə, yeraltında, suda və sualtında partladıla bilər.

Nüvə partlayışı nəticəsində 5 növ zərərli təsir meydana çıxır. Bunlara nüvə partlayışının zədələyici amilləri deyilir. Bunlar aşağıdakılardır: zərbə dalğası; işıq şüalanması; nüfuzedici radiasiya; yerin radioaktiv zəhərlənməsi və elektromaqnit impulsu.

Nüvə partlayış enerjisinin təqribən 50%-i zərbə dalğasının, 35%-i işıq şüalanmasının, 4%-i nüfuzedici radiasiyanın, 10%-i yerin radioaktiv zəhərlənməsinin və 1%-i elektromaqnit impulsunun yaranmasına sərf olunur.

Zərbə dalğası - partlayış mərkəzindən hər tərəfə çox yüksək (səsdən iti) sürətlə yayılan güclü sıxılmış hava (torpaq və su) qatından ibarətdir. Zərbə dalğasının zədələyici təsirini xarakterizə edən əsas parametrlər dalğanın ön həddindəki (cəbhəsindəki) izafi təzyiq, dalğanın sürət təzyiqi və izafi təzyiqin təsir müddətidir. İzafi təzyiq hər kvadrat santimetrə düşən kiloqram-qüvvə (kqq/sm2) ilə ifadə edilir. İzafi təzyiq həmçinin, N/m2 və ya Pa ilə ölçülür.

1 N/m2 = 1 Pa 1 kPa 0,01 kqq/sm2

Zərbə dalğasının zədələyici təsiri sursatın gücündən, partlayışın növündən və partlayış mərkəzindən (episentrdən) olan məsafədən, yerin relyefindən və s. asılı olur. Məsələn, 20 kilotonluq (ktn) nüvə zərbə dalğası 1 km məsafəyə - 2 saniyə, 2 km-ə - 5 saniyə, 3 km məsafəyə - 8 saniyə ərzində çatır; 3 meqatonluq partlayış zamanı isə bu müddətlər müvafiq surətdə 0,5; 2 və 3 saniyə olur.

Mühafizə olunmayan adamlar 0,2-0,4 kqq/sm2 (20-40 kPa) izafı təzyiq zamanı yüngül zədələnməyə, 0,4-0,6 kqq/sm2 (40-60 kPa) nəticəsində orta dərəcəli zədələnməyə, 0,6-1 kqq/sm2 (60-100 kPa) nəticəsində ağır dərəcəli zədələnməyə, 1 kqq/sm2 (100 kPa) artıq olan izafi təzyiq nəticəsində çox ağır dərəcəli zədələnməyə məruz qalırlar. Belə zədələnmələr adətən ölümlə nəticələnir. Nüvə silahından qorunmaq üçün düzəldilmiş sığınacaq və daldalanacaqlar adamları zərbə dalğasının təsirindən qoruyur. Bu məqsədlə xəndəklərdən, yeraltı binalardan, habelə yerin relyefındən də (çala, dərə, meşə və s.) müəyyən dərəcədə istifadə etmək mümkündür. Zərbə dalğası özünün yayılması istiqamətində binaları və başqa yerüstü tikililəri dağıdır və zədələyir.

İşıq şüalanması - nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı gözə görünən, ultrabənövşəyi və infraqırmızı güclü şüalanma selidir. Təsir müddəti nüvə yükünün gücündən asılı olaraq 10-20 saniyə müddətində olur. Işıq şüalanmasının zədələyici təsiri işıq impulsundan, yəni işıq şüalarına nisbətən şaquli yerləşmiş səthin hər bir kvadrat santimetrinə bütün şüalanma ərzində düşən işıq enerjisinin miqdarından asılı olur. İşıq impulsunun ölçü vahidi olaraq kC/m2 və yaxud kal/sm2 qəbul edilmişdir. Müxtəlif sahələrdə yaranan işıq impulsunun kəmiyyəti nüvə partlayışının gücündən, növündən, məsafədən və hava şəraitindən asılı olur. Təsirinin qısa müddətinə baxmayaraq işıq şüalanması xeyli uzaq məsafələrdə bədənin açıq yerlərində yanmalara, gözlərin müvəqqəti və ya daimi korluğuna, müxtəlif materialların alovlanmasına, kömürləşməsinə və ya əriməsinə, yaşayış məntəqələrində, meşələrdə, mədənlərdə yanğınlara səbəb ola bilər. Məsələn, havada gücü 1 mln. tonluq nüvə partlayışı zamanı 4 kal/sm2 işıq impulsu - 19 km; 10 kal/sm2 - 15 km; 16 kal/sm2 - 10 km məsafədə mövcud olur ki, nəticədə müvafiq surətdə bədənin açıq hissələrində yüngül (I dərəcə), orta (II dərəcə) və ağır (III dərəcə) yanıqlar baş verə bilər. İşıq şüalanması qeyri-şəffaf materiallardan (divar, taxta, bina və s.) keçə bilmir. İşıq şüalanması yaşayış məntəqələrində, meşələrdə, tarlalarda güclü yanğınlar törədə bilər. İşıq şüalanmasının təsiri meteoroloji şəraitdən çox asılı olur. Qatı duman, yağış və qar onun təsirini 10-20 dəfə zəiflədir. Sığınacaq və daldalanacaq işıq şüalanmasının təsirindən qorunmaq üçün ən etibarlı yerlərdir.

Nüfuzedici radiasiya - nüvə partlayışı anında qəza partlayış yerindən ətrafa yayılan, gözə görünməyən şüalar və neytronlar selindən ibarətdir. Nüfuzedici radiasiyanın təsiri ondan ibarətdir ki, şüalar və neytronlar canlı toxumaların molekullarını ionlaşdırır. Bu isə insan və heyvan orqanizmində maddələr mübadiləsinin pozulmasına, hüceyrələrin və müxtəlif üzvlərin həyat fəaliyyətinin dəyişməsinə, yoluxucu xəstəliklərə qarşı orqanizmin mübarizə qabiliyyətinin zəifləməsinə səbəb olur. Şüa alan adam bunu hiss etmir. Xəstəliyin əlamətləri müəyyən müddətdən sonra aşkara çıxır, xəstəliyin gedişi orqanizmin aldığı şüanın dozasından asılı olur.

Nüfuzedici radiasiyanın təsiri udulan doza ilə qiymətləndirilir və Qrey (Qr), rentgen (R), rad ölçü vahidləri ilə ölçülür:

1 qr = 100 rad; 1 r = 0,95 rad.

Udulan dozanın miqdarından asılı olaraq adamlar şüa xəstəliyinə tutulurlar:

I - yüngül dərəcəli D = 100 - 200 rad (1-2 Qr);

II - orta dərəcəli D = 200 - 400 rad (2-4 Qr);

III - ağır dərəcəli D = 400 - 600 rad (4-6 Qr);

IV - çox ağır dərəcəli D > 600 rad (6 Qr).

Müxtəlif sıx və qalın materiallardan keçərkən nüfuzedici radiasiyanın təsiri zəifləyir (məsələn, poladın - 2,7 sm, betonun -10 sm, torpağın -14 sm, suyun - 23 sm, ağacın -30 sm qalınlığı nüfuzedici radiasiyanı 2 dəfə zəiflədir; bunlara yarımzəiflətmə qatı deyilir). Nüfuzedici radiasiyadan mühafizə məhz materialların bu xüsusiyyətinə əsaslanır. Belə ki, radiasiya dozasını üstü örtülmüş xəndək 40 dəfə, mühafizə üçün uyğunlaşdırılmış zirzəmi 400 dəfə zəiflədir. Neytron seli tərkibində hidrogen olan maddələrdə (suda, parafində, betonda) daha çox zəifləyir.



Radioaktiv zəhərlənmə - yerdə nüvə partlayışı baş verdikdən sonrakı anlarda radioaktiv zərrəciklər odlu kürənin tərkibində olur. Odlu kürə buxara və tüstüyə bürünərək hündürə qalxır və bir neçə saniyədən sonra topa buludlara çevrilir. Hündürə qalxan hava axınları yerdən toz-torpağı göyə qaldırıb onları radioaktiv buludla birlikdə aparır.Yuxarı qalxan toz-torpaq radioaktivləşir. İri toz buludlarının bir hissəsi bilavasitə partlayış rayonunda yerə çökür. Qalan hissəcikləri isə buludun tərkibində qalıb hava axınları vasitəsilə partlayış mərkəzindən kilometrlərlə məsafələrə aparılır. Radioaktiv zəhərlənmənin dərəcəsi - partlayışın növündən və gücündən, partlayışdan sonra keçən müddətdən, partlayış mərkəzinə qədər olan məsafədən, meteoroloji şəraitdən, yerin relyefindən asılı olur.

Radioaktiv zəhərlənməyə məruz qalmış ərazi (radioaktiv zəhərlənmiş ərazi) formaca ellipsə bənzəyir. Zəhərlənmənin gücünə görə radioaktiv zəhərlənmə zolağını adətən dörd zonaya ayırırlar: çox təhlükəli, təhlükəli, güclü və mülayim (zəif) zəhərlənmə zonaları.

Partlayışın bu zədələyici amilini digər amillərdən fərqləndirən: zəhərlənmiş geniş sahələri əhatə etməsi, uzun müddət təsir göstərməsi, çətinliklə aşkar olunması, qeyri-sabit xarakteri radioaktiv maddələrin fasiləsiz olaraq parçalanması sayəsində zəhərlənmiş ərazinin ölçülərinin müəyyən müddət ərzində azalmasıdır.

Müəyyən müddətdən sonra radiasiyanın səviyyəsi tədricən azalır. Bu, radioaktiv maddələrin öz-özünə parçalanıb qeyri-aktiv maddələrə çevrilməsi nəticəsində baş verir. Radioaktiv maddələrin heç bir xarici əlaməti (rəngi, iyi və s.) yoxdur, zəhərlənməni ancaq xüsusi doza ölçən (dozimetrik) cihazlar vasitəsilə aşkar etmək mümkündür. Ərazinin zəhərlənmə dərəcəsi radiasiyanın səviyyəsi (yəni gücü) ilə xarakterizə edilir və rentgen - saatla (R/s) ölçülür.

Radioaktiv zəhərlənmədən mühafizə etmək üçün adamları ümumi xarici şüalanmadan qorumaq, həm də radioaktiv maddələrin dəri səthinə, burnun, gözlərin selikli qişalarına düşməsinin və hava, ərzaq, su ilə orqanizmə keçməsinin qarşısını almaq lazımdır. Bu məqsədlə radiasiya əleyhinə daldalanacaqlardan, sığınacaqlardan istifadə olunur. Fərdi mühafizə vasitələri (əleyhqaz, respirator, tozdan qoruyan parça maska, habelə pambıqlı tənzif sarğı) tənəffüs üzvlərini zəhərlənmədən etibarlı surətdə qoruyur. Bədənin səthini adi paltarlarla da mühafizə etmək mümkündür.

Elektromaqnit impulsu - nüvə partlayışı anında ətrafa külli miqdarda -kvantlar və neytronlar yayılır. Bunlar ətraf mühitin atomları ilə qarşılıqlı təsirə qoşularaq elektromaqnit sahələri yaradır, nəticədə hava və ya yeraltı rabitə-kabel xətlərində, siqnal, elektrik xətlərində, radiostansiyaların antenalarında və s. qısamüddətli, lakin güclü cərəyan və gərginlik əmələ gətirir. Buna elektromaqnit impulsu deyilir. Elektromaqnit impulsu radio-elektron cihazlarını sıradan çıxarır, xarici xətlərə qoşulmuş elektrik qurğularının işini pozur. İmpulslar, həmçinin yarımkeçirici cihazları, qazboşalma, vakuum cihazlarını, kondensatorları da xarab edib sıradan çıxarır. Bu cihazlarla işləyən insanların təhlükəsizliyi üçün tədbir görülməyibsə, elektromaqnit impulsu yüksək elektrik gərginliyi ilə onları zədələyə bilər. Elektromaqnit impulsundan mühafizə vasitəsi kimi qoruyucu avtomat tərtibatlarından istifadə edilir (ildırımdan mühafizədə olduğu kimi).
22.02.2014


Yüklə 37,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə