Zelofiliya Şahin Böyükağa oğlu Əlibəyli Zelophilia



Yüklə 308.26 Kb.
Pdf просмотр
tarix16.06.2017
ölçüsü308.26 Kb.

 

Zelofiliya  



Şahin Böyükağa oğlu Əlibəyli 

 

Zelophilia 

Shahin Boyukaga oglu Alibeyli 

 

Зелофилия 



Шахин Боюкага оглы Алибейли 

 

İnsana xas olan və kifayət qədər güclü hesab edilən hisslərdən biri qısqanclıq 



adlanır. Mütəxəssislərin  fikrincə,  nikah-ailə münasibətlərinin  möhkəmlənməsi üçün  cüzi 

«dozada» arabir qısqanclıq olması zəruridir. Əlbəttə, intellekti kamil olan partnyor azacıq, 

«fizioloji» qısqanclığı heç də inamsızlıq əlaməti kimi deyil, əksinə, qeydinə qalmağın və 

qeyrətini  çəkməyin  bariz  nişanəsi  olaraq  qəbul  edir,  onu  qiymətləndirir  və  hətta  buna 

müəyyən  mənada  bəraət  qazandırır,  beləsinin  qəlbinin  dərinliyində  pis  fikirlər 

formalaşmasına daha ehtiyac qalmır. Hətta insanların bir qismi öz partnyorunun ona heç 

qısqanmamasını bir diqqətsizlik əlaməti, qeydinə qalmama nişanəsi, vecinə almama işarəsi 

kimi qəbul edirlər. Əbəs yerə demirlər ki, «qısqanırsa, deməli, sevir». Amma qısqanclıq 

«patoloji»  məzmun  kəsb  etməyə  başladıqda  –  əsassız  olduqda,  sistematik  xarakter 

daşıdıqda, süni olaraq törədildikdə artıq partnyor bundan təngə gəlir.  

Qısqanclıq  özlüyündə  müxtəlif  səbəblərdən  qaynaqlanır.  Bəzi  hallarda 

qısqanclıq seksual arzunun əmələ gəlməsi üçün bir stimul olur. 

Qısqanclıq  halına  seksual  meyl  zelofiliya  (zelophilia)  adlanır.  «Zelofiliya» 

termini yunan mənşəli «zelo» və «filiya» sözlərinin birləşdirilməsindən əmələ gəlmişdir. 

Yunanca  zeloo  –  həsəd  aparıram,  qibtə  edirəm,  qısqanaraq  fikrini  çəkirəm,  qısqanıram, 

paxıllıq  edirəm,  yaxud  zelor  –  həsəd  aparmaq,  qibtə  etmək,  qısqanaraq  fikrini  çəkmək, 

qısqanmaq,  paxıllıq  etmək  və  philia  –  irrasional  məhəbbət,  normal  olmayan  sevgi 

deməkdir.  

Belarusiyanın  ilk  professional  seksoloqu,  Belarusiya  Seksologiya 

Assosiasiyasının və Minsk şəhər seksoloji mərkəzinin yaradılmasının ilk təşəbbüskarı və 

dəyişilməz  prezidenti  Dmitri  Zinovyeviç  Kapustin  2009-cu  ildə  «Seksoloji  lüğət.  Yeni 

baxış» adlı elmi-kütləvi kitabında yazır: «Zelofiliya – qısqanclıq halına (özünün və yaxud 

partnyorunun)  elə  cinsi  meyldir  ki,  onsuz  seksual  oyanma  və  təminedilmə  ləngiyir  və 

yaxud heç baş vermir» [2]. 

Rus  psixiatrları  Viktor  Stanislavoviç  Pervıy,  Vasili  Fyodoroviç  Suxoy, 

Yevgeniya Gennadiyevna Qrineviç və Marianna Vladislavovna Markova 2013-cü ildə çap 

etdirdikləri «Psixiatrik lüğət»də yazırlar: «Zelofiliya – partnyorun qısqanclıq hissindən və 

yaxud özünün ona qarşı qısqanclığından seksual oyanma və ehtiraslanmaqla təzahür edən 

parafiliya növüdür» [3]. 

Dünyanın  müxtəlif  dillərinə  tərcümə  olunmuş  bestsellerlər  müəllifi  kimi 

məşhurlaşan  Avstraliya  alimi,  Berkli  Universitetinin  antropologiya  doktoru,  pedaqoq, 

jurnalist  və  teleaparıcı  Stiven  Juan  (Stephen  Juan)  «Bizim  seksin  qəribəlikləri»  adlı 

kitabında  cəmiyyətdə  qəbul  edilmiş  seksual  davranış  qaydalarından  «qeyri-adi 


 

kənarlanma»  kimi  təsvir  etdiyi  113  parafiliya  arasında  zelofiliyaya  xüsusi  diqqət 



yetirmişdir [1]. 

Zelofiliya qısqanclıq hissindən insanda seksual oyanmanın meydana çıxmasıdır. 

Belə meylə mübtəla olan individin özü zelofil (zelophil) adlanır.  

Zelofiliyanın başlıca xüsusiyyəti insanda seksual-erotik duyğuların qısqanclıqla 

əlaqəli  surətdə  yaranması  və  güclənməsidir.  Buna  görə  qısqanclıq  vəziyyəti  olmadan 

zelofildə seksual oyanma və təminedilmə ləngiyir, yaxud tamamilə baş vermir.  

Oyandırılan  qısqanclıq  hissinin  hansı  şəxsə  doğru  istiqamətlənməsindən  asılı 

olaraq zelofiliyanın iki növü ayırd edilir: 1) birtərəfli zelofiliya; 2) qarşılıqlı zelofiliya. 

Əgər zelofiliya yalnız bir xətt üzrə təzahür edərsə, onun gedişi boyu qarşılıqlı 

cavab  tələbi  qoyulmazsa,  belə  parafiliya  birtərəfli  zelofiliya  adlanır.  Məhz  hansı  tərəfin 

qısqanclığının arzu edilməsindən asılı olaraq birtərəfli zelofiliyanın özünün iki növü ayırd 

edilir: 1) autozelofiliya; 2) allozelofiliya. 

Əgər  individ  yalnız  özünün  qısqanclığını  arzulayırsa  və  bundan  seksual  həzz 

alırsa, həmin hadisəyə autozelofiliya (autozelophilia) deyilir. Belə hal başqa sözlə məxsusi 

zelofiliya da adlanır. Partnyoruna qarşı özündə qısqanclığın yaranmasına əmin olan şəxs 

bundan  olmazın  məmnunluq  hissi keçirir.  Bunun səbəbi  çox böyük  ehtimalla  belə  izah 

edilir ki, sevimli insanın itirilməsinin mümkün olacağına görə keçirilən qorxu adrenalin 

hasilatının  artmasına,  bununla  yaşanan  duyğuların  kəskinliyinin  çoxalmasına,  onların 

şiddətliliyinin  yüksəlməsinə  gətirib  çıxarır.  Ədəbiyyatda  olmazın  dərəcədə  güclü 

qısqanclıq  hiss  etməyin  mümkün  olduğu  şəraitə  düşmək  üçün  qadının  öz  məşuqunu 

qəsdən svinqerlər klubuna çəkməsindən ibarət hadisə təsvir edilmişdir. Belə qadında yalnız 

bu kluba baş çəkmək faktından orqazm baş verə bilər [1]. 

Bəzi  hallarda  patoloji  meyl  seksual  partnyorun  qısqanc  olmasına  münasibətdə 

yarana bilər ki, buna allozelofiliya (allozelophilia) deyilir. Belə meyl başqa sözlə partnyor 

zelofiliyası  da  adlanır.  Partnyorunda  qısqanclıq  duyğusunu  müşahidə  edən  şəxs  bundan 

son  dərəcə  məmnun  olur  və  onda  güclü  seksual  oyanma  yaranır.  Allozelofiliya  zamanı 

qarşı tərəfdə qısqanclıq oyadılması başlıca şərtdir. Buna görə allozelofiliyaya mübtəla olan 

individ bilərəkdən, qərəzli surətdə seksual partnyorunda qısqanclıq duyğusunu yaradır, onu 

qızışdırır. Partnyorun  özünün xəbəri olmadan  bunu həyata keçirməyin  bəxş etdiyi  anlar 

çox  həyəcanlandırıcı  və  ruhlandırıcı  olması  ilə  uzun  müddət  yadda  qalır.  Sonra  yenidən 

oxşar situasiya yaradılması arzusu oyanır və həllini tapana qədər şiddətlənməkdə davam 

edir.  Zelofil  məqsədinə  çatmaq  üçün  daim  partnyorunun  qısqana  biləcəyi  şərait  yaradır, 

bunu tez-tez söhbətlərində  qabardır, sanki ona  «qısqanclıq  quyusu»  qazıyır,  qarşı tərəfin 

qısqanclıq ruhuna köklənməsinə çalışır, bunun üçün əlindən gələni edir.  

Nadir hallarda zelofiliyanın gedişi boyu qarşılıqlı cavab tələbi qoyulur ki, belə 

parafiliya  qarşılıqlı  zelofiliya  adlanır.  Bu  zaman  partnyoruna  münasibətdə  özündə 

qısqanclıq  hissinin  formalaşdığını  duyan  məmnun  individ  qarşı  tərəfdə  də  belə  bir 

duyğunun  yaranmasını  arzulayır.  Buna  görə  individ  çox  vaxt  seksual  partnyorunu 

qısqanclıq hissi doğura bilən situasiyaya sürükləyir, yaxud onun heç olmasa belə şeylər 

danışmasına çalışır.  

Ümumiyyətlə, sistematik xarakterli qısqanclıq nikah-ailə münasibətlərinə ciddi 

zərbə  endirən  qüvvələr  arasında  öndəki  yerlərdən  birini  tutur.  Bu  baxımdan  zelofiliya 



 

xüsusən  ciddi  narahatlıq  doğurur.  Zelofiliya  yaxşı  gələcək  vəd  etməyən  bir  meyl 



formasıdır.  Çünki  partnyorunun  istəyindən  təngə  gələn  qarşı  tərəf  ona  xoş  gəlməsindən 

ötrü  qısqanclıq  törədə  biləcək  hərəkətləri  reallaşdıra,  bununla  nikah-ailə  münasibətlərini 

ciddi  təhlükə  qarşısında  qoya  bilər.  Digər  tərəfdən  ailəsinin  dağılmasını  istəməyən  tərəf 

zaman  keçdikcə  özünü  mövcud  şəraitə  uyğunlaşdırmağa  çalışır,  zelofiliyaya  mübtəla 

olmuş partnyorunun tələblərinin yerinə yetirildiyi təəssüratı yaratmaq üçün qeyri-səmimi 

davrana bilir. Münasibətlərdə səmimiliyin götürülməsinin yaxşı əlamət olmadığını uzun-

uzadı  izah etməyə  ehtiyac  yoxdur.  Daha bir təhlükə zelofiliyanın partnyorları svinqinqə 

(qrup  seksində  iştiraka)  sürükləyə  bilməsindədir.  Həqiqətən  svinqinqin  reallaşmasını 

doğuran səbəblər arasında qarşılıqlı zelofiliyanın özünəməxsus payı vardır. 

«Zelofiliya» anlayışını «zelopatiya» və «zelotizm» terminlərilə qarışıq salmaq 

olmaz.  Görkəmli  bolqar  psixiatrları  Yordan  Aleksandrov  Stoimenov,  Maya  Yordanova 

Stoimenova,  Pravda  Yordanova  Koyeva,  Georgi  Mixaylov  Koyev,  Plamen  Lyubenov 

Popov və Lilyana Sanova Stoimenovanın bir yerdə ərsəyə gətirdikləri və 2003-cü ildə rus 

dilində  çap  etdirdikləri  «Psixiatrik  ensiklopedik  lüğət»  adlı  kitabda  «zelofiliya»  istilahı 

olmasa  da,  ancaq  «zelopatiya»  və  «zelotizm»  anlayışları  verilmişdir.  Paxıllıq  və  yaxud 

qısqanclıq nəticəsində baş verən nevrotik və yaxud psixotik xəstəlik zelopatiya (zelopathia) 

adlanır. Yunanca zeloo – paxıllıq etmək, həsəd aparmaq, qibtə etmək, qısqanmaq və pathos 

–  əzab,  xəstəlik  deməkdir.  Paxıllıq  və  yaxud  qısqanclığın  xəstəlik  dərəcəsində 

güclənməsinə zelotizm (zelotismus) deyilir [4]. 

Sonda  bir  məsələni  qeyd  edək  ki,  «zelofiliya»  anlayışının  antonimi  kimi 

«zelofobiya»  termini  işlənir.  Qısqanclıqdan  sarışan  xarakterli  qorxu  zelofobiya 

(zelophobia),  ondan  əziyyət  çəkən  individin  özü  isə  zelofob  (zelophob)  adlanır. 

Zelofobiyaya  başqa  sözlə  qısqanclıq  qorxusu  da  deyilir.  «Zelofobiya»  termini  yunan 

mənşəli «zelo» və «phobia» sözlərinin birləşdirilməsindən əmələ gəlmişdir. Yunanca zelor 

– qısqanmaq, qısqanaraq fikrini çəkmək və phobos – əsassız qorxu, normal olmayan qorxu 

deməkdir. 

İstifadə olunmuş mənbələr 

 

1.  Джуан  Стивен.  Странности  нашего  секса  [Текст]  /  Перевод  с 



английского, Москва, издательство «Рипол классик», 2009, 400 стр. 

2.  Капустин  Дмитрий  Зиновьевич.  Сексологический  словарь.  Новый 

взгляд [Текст]. Научно-популярное издание. Минск, издательство «Мет», 2006, 304 

стр.  


3. Первый Виктор Станиславович, Сухой Василий Фёдорович, Гриневич 

Евгения  Геннадиевна,  Маркова  Марианна  Владиславовна.  Психиатрический 

словарь. Более 8000 слов и словосочетаний (серия «Медицина») [Текст]. Ростов-на-

Дону, издательство «Феникс», 2013, 640 стр. 

4.  Стоименов  Йордан  Александров,  Стоименова  Мая  Йорданова,  Коева 

Правда Йорданова, Коев Георги Михайлов, Попов Пламен Любенов, Стоименова 

Лиляна  Цанова.  Психиатрический  энциклопедический  словарь  [Текст].  София, 

академическое 

издательство 

имени 


профессора 

М. 


Дрирова, 

Киев, 


Межрегиональная Академия управления персоналом, 2003, 1200 стр.  



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə