Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


Azərbaycanın iran və Rusiya arasında bölüşdürülməsi



Yüklə 1,63 Mb.
səhifə14/23
tarix07.09.2017
ölçüsü1,63 Mb.
#29197
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

Azərbaycanın iran və Rusiya arasında bölüşdürülməsi.
PLAN
1.Rusiyanın Azərbaycanın şimal torpaqlarını tutması. Car Balakən və Gəncənin işğalı.

2.Birinci İran-Rusiya müharibəsi. Gülüstan müqaviləsi

3.İkinci İran Rusiya müharibəsi. 1828-ci il Türkmənçay sülh müqaviləsi.
ƏDƏBİYYAT:

1. Azərbaycan tarixi. VII-cilddə, IV-cild,Bakı, 2000, səh.14-54.

2. Azərbaycan tarixi. Bakı,1994, səh.465-523.

3. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989.

4. Banixanov.A. Gülüstani-İrəm. Bakı,1991.

5. Mustafayev.T. XVIII-əsrin birinci yarısında Azərbaycanda Rusiya meylinin

güclənməsi. Bakı,1986.

6. Balayev. A. Rusiyaya qovuşmaq ərəfəsində. Bakı, 1988, səh.157-167.


XVIII əsrin sonlarinda İran şahı Ağa Məhəmməd Qacarın Azərbaycana basqınları Rusyanı bu yerlərə hucuma kecməyə baslamaga tələsdirdi. 1796-cı ilin aprelində general Zubovun (“qızıl ayaq ) başcılığı altında 30 minlik rus qoşunu Azərbaycana soxuldu. Ruslar Dərbənd qalası yaxınlığında güclü müqavimətə rast gəlsələr də qalanı işğal etdilər. Şəhərin açarını 74 il əvvəl I Pyotra təqdim edən yaşlı kişi indi də Zubova təqdim etdi. Sonra Zubov Bakiya tərəf hərəkət edir. Bakını işğal edərək Şamaxıya doğru yürüş edir. Bunu görən Şamaxı və Şəki xanları Rusiyaya sədaqət andı içmək vərəqinə qol çəkirlər.

Rusiya I Pyotrun vəsiyyətlərinə əməl etmək istəyirdi. Lakin II Yekaterinanın ölümü (1796) bu planın həyata keçrilməsini yarımçıq qoydu. Onun oğlu I Pavel Rusiya qoşunlarını tezliklə Cənubi Qafqazdan çıxarmaq əmri verir.

Rusiya işğalçılıq siyasətlərini XIX əsrin əvvələrindən yenidən həyata keçirməyə başlayırlar. Bu dövrdə Azərbaycanın daxili və xarici vəziyyəti çox mürəkkəb idi. Azərbaycan ərazisi xırda feodal dövlətlərinə parçalanmışdı. Şəki və Quba xan­lıqlarının Azərbaycan torpaqlarını öz ətrafında birləşdirmək cəhdləri baş tutmadı. Buna bir tərəfdən ölkənin sosial iqtisadi geriliyi, digər tərəfdən isə xarici işğallar mane olurdu. Ayrı-ayrı xanlıqların hakimlərinin yalnız öz ərazisini qorumaq cəhdi və bir-birlərinə güzəştə getməmələri də bu işə ciddi maneçilik törədirdi. Belə bir şərait­də Azərbaycana göz tikmiş İran, Rusiya və Türkiyəyə qarşı duracaq vahid qüvvə yox idi.

Hələ I Pyotr dövründə başlamış II Yekaterina zamanı davam etdirilmiş Azər­baycanı işğal etmək cəhədlərindən sonra Rusiya yenidən Cənubi Qafqazı tutmaq planı hazırladı. 1801-ci ildə hakimiyyətə gələn I Aleksandr işğalçılıq siyasətini davam etrdirməyə başladı. O, hər şeydən əvvəl Həştərxandan Dərbənd –Bakı vasitəsi ilə Gürcüstanla əlaqə yaratmağa çalışırdı.

1801- ci il sentyarın 12-də Kartlli-Kaxetiya çarlığının Rusiyaya birləşdirilməsi haqqında çar manifesti elan olundu. Rus baş komandanı tərəfindən idarə olunan Tiflis quberniyası yaradıldı. Qazax, Borçalı və Şəmşəddil sultanlıqları bu quberniyanın tər-kibinə daxil edildi. Beləliklə ilk olaraq Azərbaycan torpaqlarının birləşdirilməsi başlandı. Hələ 1800-cü ildə Lənkəran xanlığı da Rusiyanın himayəsini qəbul etmişdi.

Belə bir vaxtda İran Şahı Qarabağ və Bakı xanlıqlarının İrana tabe olması tələbini verir və göstərir ki, əks təqdirdə bu yerlərə hücum edəcəkdir.

Lakin, 1802-ci il dekabrın 26-da Georgiyevsk şəhərində Quba, Lənkəran xanlıqları və Dağıstan feodalları Rusiyanın ali himayəsini qəbul etmək haqqında müqaviləni imzaladılar. Müqaviləyə görə onu imzalayanlar İranın hücum edəcəyi təqdirdə ona qarşı çıxmağı öz öhdəsinə götürdülər. Müqavilə Cənubi Qafqazda ticarətin genişləndirilməsi, Xəzər dənizində gəmiçiliyin inkişaf etdirilməsi və s. nəzərdə tutultrdu.

Digər Azərbaycan xanlıqları müqaviləyə qoşulmayaraq Rusiyanın hakimiy-yətini tanımaq istəmirdilər. Ona görə də Rusiya bu yerləri işğal etmək üçün general Sisianovun başçılığı altında qoşun hissələri göndərdi.

Feodal hakimlər – xanlar yaxşı başa düşürdülər ki, öz qüvvələri ilə İran, Rusiya kimi dövlətlərə müqavimət göstərməklə öz xanlıqlarını qoruyub saxlaya bilməyəcəklər. Onlar Rusiyanın xanlıqların istiqlaliyyətini qoruyacağı barədə verdiyi yalan vədlərə uyaraq, öz xanlıqlarının istiqlaliyyətini bu yolla qoruyacaqlarını zənn edərək, bir tərəfdə rus himayəsini qəbul etməyə meyil etməli olur, digər tərəfdən isə çarizmin vədlərinə qətiyyətsizlik göstərirdilər. Onların bəzi yollarla İran və ya Türkiyə qoşunlarının basqın edəcəyi təqdirdə. Öz torpaqlarını qarətdən və var-yoxdan çıxarılmasından müdafiə edə biləcəklərinə ümid bəsləyirdilər. Eyni zamanda bu xanlar İrana və ya Türkiyəyə də meyil göstərdiklərindən tərəddüd edir, öz mövqe və qərarlarını qəti müəyyənləşdirməyə tələsmirdilər. Bu, hər şeydən əvvəl, xanların öz xanlıqlarının daxili idarəsində müstəqillik saxlanılmasına əmin olmamaları ilə əlaqədar idi. Rusiya ayrı-ayrı Azərbaycan xanlarının İran və Türkiyə təhlükəsindən müdafiə edəcəyini vəd etsə də, bu heç də onun xanlıqlara müstəqillik vermək niyyətində olması deyildi.

Rusiya ilk növbədə Car-Balakən camatının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. Çar hökuməti Şərqi Gürcüstan ərazisindən hücum meydanı kimi istifadə edərək, özünün Azərbaycan barəsindəki planlarını həyata keçirməyə başladı. Rus qoşunları 5 minlik gürcü qoşunu ilə birlikdə Çar-Balakənə hücum etdi və güclü müqavimətə rast gəldi. Alazan çayı sahilində şiddətli döyüş baş verdi. Caamatın müqavimətini qıran Qulyanov Balakəni yandırdi. Daha şonra Car işğal olundu.

1803-cü il aprelin 12-də Car-Balakən caamatının Rusiyanın hakimiyyəti altına alınması haqqında saziş bağlandı. Sazişə əsasən yerli camaat 220 pud ipək verməli idi. Car-Baləkinin fəthindən sonra İlisu sultanlığı da Rusiyanın təəbəliyini qəbul etli.

General Sisianov Gəncə xanlığının ələ keçilməsinə böyük əhəmiyyət verirdi. Çünki Gəncə qalası rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliyə getməsi üçün bir açar idi.

1803-cü ilin dekabrında Sisianov Cavad xana təslim olmaq haqqında ultimatum verdi. Lakin Cavad xan ona cavab verir ki, Gəncəyə yalnız meyitlərin üstündən keçə bilərsən. Sisianov Rusiya hakimiyyətini qəbul etmiş digər xanlıqlardan fərqli olaraq, Gəncə xanlığına qarşı amansız tələblər irəli sürürdü. O, Cavad xandan ildə 20 min çevron məbləğində, yəni sonralar Şəki, Qarabağ və Şirvan xanlıqları üçün müəyyənləşdirilmiş məbləğdən 3 dəfə çox, ödənc tələb edir və yazırdı: “Əgər mənim təklifimi qəbul etməsən, Gəncəyə atəş və qılıncla gələcəyəm”.

Sisianov 11 topu olan piyda bataliyonunu, 3 eskodron və 2 kazak yüzilüyündən ibarət qoşunu Gəncə üzərinə yeritdi. Şəhərin iki verstliyindəki Quruqobu adlanan yerdə rus qoşunları ilə gəncəlilər arsında ilk vuruşma oldu.Cavad xan bir qədər müqa-vimətdən sonra Gəncə qalasına qayıdır.Rus qoşunları Gəncəni mühasirəyə alırlar.Mühasirə bir ay davam etdi. 1804-cü ilyanvarın 2-dən 3-nə keçən gecə ruslar qalaya hücuma başladılar. Onların iki cəhdi dəf olundu.Qalanın müdafiəçiləri inadlı müqavimət göstərirdilər. Döyüşlərdə Cavad xan və oğlu Hüseynqulu bəy və şəhər əhalisindən 250 nəfər həlak oldu. Şəhərintəslim olunmasında şəhərdə yaşayan ermənilərin xəyanəti mühüm rol oynadı.

Gəncə xanlığı ləğv olundu və dairəyə çevrildi, şəhərin adı dəyişdirilərək Yelizavetpol adlandırıldı. ”Gəncə” adını çəkmək qadağan olundu.və bu qaydanı po­zanlar bir manat cərimə olunurdular.

Gəncənin alınması rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliləməsi üçün böyük əhəmiyyət kəsb edirdi. Gəncə xanlığının vassal asılılığında olan Samux hakimi Şirin bəy Gəncənin süqutundan sonra Rusiya təəbəliyini qəbul etməyə məcbur oldu. O, hər il Rusiyaya 1000 çervon (3 min manat) bac verməyi öhdəsinə götürdü.

Gürcüstan və Şimali Azərbaycanın bir hissəsinin Rusiya tərəfndən işğalı İran və Türkiyənin, habelə onların arxasında duran İngiltərə və Fransanın narahatlığına səbəb oldu.

1804-cü ilin mayında Fətəli Şah rus qoşunlarının Cənubi Qafqazdan çıxa­rılmasını Rusiyadan tələb etdi. Tələb Rusiya tərəfindən rədd olundu . Odur ki, iyulun 10-da İranla Rusiya arasında diplomatik əlaqələr kəsildi və 10 il davam edən müharibə başlandı.

Azərbaycanın yerli əhalisinin Rusiya-İran müharibəsinə münasibəti eyni cür deyildi. Azərbaycanın bəzi feodal hakimləri, habelə feodalların da bir hissəsi öz hakimiyyətlərini itirməkdən qorxaraq, müharibəyə öz xilaskarı kimi baxır və şah İranın qalib gələcəyi təqdirdə öz hakimiyyətlərini saxlayacaqlarını düşünərək, ona kömək etməyə hazır idilər və imkan daxilində kömək göstərirdilər Həm daxildən, həm də xaricdən törədilən sonsuz müharibələrdən xilas yolu axtaran və bunu Rusiyanın sayəsində əldə edə biləcəyini zənn edən əhalinin bir hissəsi isə rus qoşunlarına kömək göstərmək istəyirdi. Ümumiyyətlə isə əhali nə İranın, nə də Rusiyanın istilasına məruz qalmaq istəmir, öz xanlarına müraciət edərək, istilaçılara qarşı mübarizədə onlara hər cür kömək göstərməyi vəd edirdilər

1804-cü il iyulun 2-də İrəvan xanlığı ərazisində, Eçmiədzin divarları yanında ilk döyüş oldu. Bu döyüşdə Ruslar üstünlük qazandı. İkinci döyüş İrəvan yaxınlığında baş verdi. İyulun 29-dan 30-na keçən gecə qanlı döyüş başlandı və rus qoşunları İrəvandan geri çəkildilər.

Bu döyüşlərdən sonra İran qoşunları Gəncəyə doğru hərəkətə başladılar. Lakin Gəncə qalası ruslar tərəfindən işğal edilmişdi. Gəncənin işğal edilməsi digər Azərbaycan xanlıqlarının da işğalını sürətləndirdi. İlk növbədə Qarabağ xanlığının mövqeyinin müəyyən edilməsi haqqında İbrahim xana elçi göndərildi. İran da Qarabağı öz tərəfinə çəkmək məqsədi ilə xanın İrandakı girov saxlanılan oğlu Əbülfət xanın başçılığı altında 500 nəfərlik qoşun göndərir. Lakin İbrahim xan öz oğlunu düşməncəsinə qarşılayır və Dizax yaxınlığında onun dəstəsini məğlub etdi.

1805-ci il mayın 14-də Kürəkçay adlanan yerdə Qarabağ xanı ilə Sisianov arsında müqavilə imzalandı. Həmin müqaviləyə görə xan, onun varisləri və xanlığın bütün əhalisi Rusiyyanın hakimiyyətini qəbul etdi. Çar hakimiyyəti isə öz növbəsində xan sülaləsinin hüquqlarını təsdiq edirdi. Qarabağ xanlığı ildə Rusiya xəzinəsinə 8000 çervon pul verməyi öhtəsinə götürürdü.

1805-ci il mayın 21-də Şəki hakimi Səlim xan da həmin müqaviləyə eyni şərtlərlə qoşuldu. Şəkililər Rusiyaya 7000 çervon verməli idilər.

Bu zaman Şah qoşunları Qarabağa soxuldular və oranı talan etdilər.1805-ci il iyunun 26-da İran qoşunları Şahbulaq qalasını mühasirəyə aldılar. İyulun 7-də qaladakı rus əsgərləri gizlincə qaladan çıxaraq Gəncəyə tərəf çəkilirlər. İran qoşunları başda Abbas Mirzə olmaqla onları təqib edir. Daha sonra O,Qazax və İrəvana doğru yürüşlər etmişdir.

Belə bir zamanda Rusiya Azərbaycanda öz mövqelərini möhkəmləndirmək üçün Şirvan, Bakı və Quba xanlıqlarını tabe etmək məqsədiilə yürüşlərə başlayır. Şirvan xanı Mustafa xan bir sıra tələblər qoysa da Sisanov razılaşmır və 1805-ci ilin noyabrında Şamaxıya hücuma keçir. Müqavimətin mənasızlığını görən Mustafa xan ildə 100000 çevron verməklə rusların hakimiyyətini qəbul edir (dekabrın 25-də).

Qarabağ və Şəki xanlıqlarının Rusiya hakimiyyəti altında keçməsi haqqındakı müqavilərlə eyni olan bu müqavilədə rus qoşunlarının Şamaxıda mütləq yerləşdirilməsindən danışılmırdı. Şamaxı xanlığının illik bacı 7 min çervon məbləğində müəyyənləşdirildi. Şamaxı xanlığı öz ərazisindən keçən karvanların təhlükəsizliyini təmin etməyə borclu idi. Xan, həmçinin, Kür sahilində - Cavadda möhkəmləndirilmiş rus məntəqəsinin tikilməsinə icazə verməsi ilə də razılaşırdı. Azərbaycanın ən iri xanlıqlarından birinin – Şamaxı xanlığının tabe edilməsi çar Rusiyası üçün bütün Şimali Azərbaycanın ələ keçirilməsində mühüm əhəmiyyətə malik idi. Şamaxı xanlığı digər xanlıqlar arasında mərkəzi mövqe tuturdu, böyük iqtisadi,siyasi və hərbi-strateji əhəmiyyətə malik idi.

Sisianov Şirvanı tutduqdan sonra Bakıya doğru hərəkət etdi və 1806-cı ilin yanvarında Bakıya yaxınlaşdı. O, Hüseynqulu xana öz müqavilə layihəsini göndər-di.Bakı xanı Sisianovun şərtlərini qəbul etdiyini, lakin şəhərin açarlarını ona vermək, həmçinin bir neçə məxfi söz demək istəyini bildirdi.

1806-ci il fevralın 8-də Sisianov xanın əmisi oğlu İbrahim bəy tərəfindən öldürülür. Bundan sonra rus qoşunları geri çəkilərək Sara adasında yerləşdilər.

Bakıda Sisianovun öldürülməsindən sonra Zaqafqaziyadakı rus qoşunlarının vəziyyəti ağırlaşdı. Cənubi Qafqazda da şərait mürəkkəbləşdi. Xanların çoxu tərəddüd etməyə başladı. Dağıstanın bəzi feodal hakimləri bu məqamdan istifadə edərək, tələsik Zaqafqaziyaya soxulmaq üçün hazırlıq görməyə başladılar. Qazıqumux hakimi Surxay xan Azərbaycana soxuldu. Lakin rus qoşunlarının Şimali Qafqazdakı fəallığı üzündən digər Dağıstan hakimləri Kürə yaxınlaşan, Mingəçevir yaxınlığındakı keçidi ələ keçirməyə ümid bəsləyən, lakin tələsik geri qayıtmağa məcbur olan Surxay xana kömək göstərməyə cürət etmədilər. 1806-cı ilin yazında İran qöşunları yenidən fəallaşdı. Napoleonun vəd etdiyi kömək burada az rol oynamadı. İran qoşunları Arazı keçərək Qarabağa yeridi. İyunun 8-də rus və İran qoşunları arasında 1806-cı ilin kampaniyasının ilk silahlı toqquşması baş verdi. Şahbulaq və Əsgəran arasında, Ağdamda rus dəstəsi 4000 İran sərbazı iləm qarşılaşdı. Rus dəstəsi İran qoşununu sıxışdırdı və Əsgəranı tutaraq, Şuşaya doğru irəlilədi. Abbas Mirzə İbrahimxəlil xanı öz tərəfinə çəkmək üçün elçilərini onun yanına göndərdi. Bu dövrdə Şuşada yerləşən mayor Lisaneviçin başçılıq etdiyi rus qarnizonunun azlığı üzündən İbrahimxəlil xan xanlığın var-yoxdan çıxarılmasına yol verməmək üçün əvvəlcədən Lisaneviçlə razılaşaraq, rus qoşunları gəlib çıxanadək iranlılarla mülayim rəftar etməyi qərara aldı. Rus qoşunlarının gəlib çıxmasının xeylim gecikməsi İran qoşunlarının lap qalaya yaxınlaşmasına səbəb oldu. İbrahimxəlil xan öz ailəsinin təhlükəsizliyini təmin etmək üçün onu Şuşa qalası yaxınlığındakı Xankəndinə köçürdü. XIX əsrin birinci yarısında yaşamış Azərbaycan tarixçisinın yazdığı kimi, bəzi bədniyyətli adamlar xanı mayora elə şərləmişdilər ki, mayor gecə ikən bir dəstə döyüşçü ilə onun məskəninə yollandı, burada fələyin zalım hökmü ilə İbrahim xan bəzi ailə üzvləri və yaxın adamları ilə birlikdə öldürüldü‖. Bu qətl çar zabitlərinin müstəmləkəçi vəhşiliyini səciyyələndirən parlaq misaldır. Belə yolla həm tərəddüd edən feodallar, həm də əhali ruslardan uzaqlaşdırıldı. Təsadüfi deyil ki, bu hadisələrdən dərhal sonra şəkili Səlim xan Rusiya ilə əlaqələri kəsdi, əhalini üsyana qaldırdı və rus qoşunlarını xanlıqdan getməyə məcbur etdi‖ .

1806-cı il iyunun 22-də Dərbənd işğal olunur. Sentyabr ayında Bulqakovun rəhbərliyi altında ruslar yenidən Bakıya hücüm etdilər. Oktyabrın 3-də Bakıda işğal olundu və xanlıq ləğv olundu. Bundan bir qədər sonra Quba xanlığı da döyüşsüz təslim oldu. Beləliklə 1806-cı ilin sonlarına yaxın Lənkaran, İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla Şimali Azərbaycan ərazisi rusiyanın işğalı altına düşdü.

1806-cı ilin sonlarında Türkiyə də Rusiya əleyhinə müharibəyə başladı. Hərbi əməliyyatlar Balkanlarda və Qafqazda gedirdi. 1810 və 1811-ci illərdə Rusiya Türkiyə üzərində qələbələr qazanaraq onu 1812-ci il mayın 16-da Buxarestdə sülh bağlamağa məcbur etdi. Həmin müqaviləyə əsasən Türkiyə Qafqazın böyük bir hissəsinin Rusiya tərəfindən işğal edilməsi faktını təstiqləməli oldu.

1810-cu ilin iyununda İran qoşunları Qarabağa, Gəncəyə və Pəmbəkə doğru irəlilədi. İran qoşunlarının öz dəstələri Tuğ kəndinin yaxınlığında, Qarğabazar adlanan yerdə dayandı. Iranlılar Mehridə də möhkəmləndilər. Təbriz istiqamətində Cənubi Azərbaycana irəliləməyin açarı rolunu oynayan Mehrinin mühüm strateji əhəmiyyətini nəzərə alan, sayca 400 nəfərdən bir qədər artıq dəstəsi olan Kotlyarevski Mehriyə doğru hərəkət etdi. İyunun 15-də kəndi hücumla ələ keçirmək ona müyəssər oldu. Arazın o tayına geri çəkilmiş iranlılar iyulun 2-də yenidən Mehriyə yaxınlaşdılar. Mühasirə 5 gün davam etdi. Lakin şah komandanlığı onun alınmazlığına əmin olaraq, geri çəkilmək məcburiyyətində qaldı. İyulun 8-nə keçən gecə Kotlyarevski İran qoşunlarının Mehri yaxınlığında yerləşən düşərgəsinə qəflətən hücum etdi. Süngü döyüşündə İran dəstəsi darmadağın edildi və Qarabağın hüdudlarından kənara atıldı. Rus qoşunlarının bu qələbəsi Zaqafqaziyadakı bütün vəziyyəti dəyişdi. Lakin şah sarayı Pəmbək və Şuragəl istiqamətində yeni hücum hazırlayırdı. İranlılar Abaran yaxınlığında yığışdılar. Türkiyə tərəfindən gözlənilən təhlükə İran qoşunlarının üzərinə hücum etməyə imkan vermirdi. 1810-cu ilin avqustunda İanla Türkiyə arasında Rusiya əleyhinə hərbi ittifaq bağlandı. Lakin bunun da köməyi olmadı. İran qoşunları Ahalkələki yaxınlığında darmadağın edildi. Abbas Mirzə rus dəstələri ilə yeni toqquşmalardan çəkinərək, barışıq haqqında danışıqlara yenidən başlamaq qərarına gəldi.

1812-ci ilin yayında Napoleon da Rusiya ilə müharibəyə başladı. Fransa-Rusiya müharibəsindən istifadə edən İran ordusu Qafqazda fəal hərbi əməliyyatlara başladı. 1812-ci ilin iyulunda Xudafərindən keçən İran ordusu Qarabağa soxulur və Şahbulaq qalasını tutur və sonra Ruslar 20 minlik İran qoşununu geri çəkilməyə məcbur edir. İran qoşunları Gəncə və Şəki istiqamətlərində də ağır məğlubiyyətə uğradılar.

Rusların Qafqazdakı hərbi-siyasi uğurlarından və İranın içərilərinə doğru irəlilə­məsindən qorxuya düşən İngilis məsləhətçiləri İran şahını sülh bağlamağa təhrik etdi­lər.

1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində iki ölkə arasında sülh müqaviləsi imzalandı. Müqaviləni İran tərəfdən Mirzə Əbdülhəsən xan Şirazi, Rusiya tərəfdən isə Qafqazın yeni baş komandanı Ratişev imzaladılar. Sülhün şərtlərinə görə Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ və Şəki xanlıqları Rusiya imperiyası tərkibinə qatılırdı. İran Şərqi Gürcustana, Qazax və Şəmşəddil sultanlıqlarına, hənçinin Dağıstana olan iddialarından əl çəkdiyini bildirdi.

İran təkcə Rusiyanın Xəzər dənizdə hərbi gəmilər saxlamaq barədə hüququnu tanıdı. Aşağı, 5%-lik gömrük tarifi qoyuldu,buda o demək idi ki, Rus tacirləri üçün İrana yol açılırdı. Rus tacirləri daxili gömrük rüsumlarından da azad edilirdi.

Gülüstan müqaviləsi Şimali Azərbaycan və bütün Zaqafqaziyanın çar Rusiyası tərəfindən istilasını təsdiq edirdi. Bu müqavilənin bağlanılması ilə Şimali Azərbaycanın Rusiya tərəfindən isyilasının birinci mərhələsi başa çatdı.

Gülüstan müqaviləsini özü üçün rüsvayçılıq sayan İran sarayı hec cürə Rusiyanın bu yerləri işğal etməsi ilə razılaşa bilmirdi. Eyni zamanda İngiltərə və Fransada bu vəziyyətlə barışmaq istəmirdilər və onlar İranı Rusiyaya qarşı müharibəyə təhrik edirdilər. 1814-cü il noyabrın 25-də Tehranda İngiltərə ilə İran arasında Rusiyaya qasşı müqavilə bağlandı. Həmin ölkələr İrana hərbi sursat cəhətdən yardım etməyi öhtələrinə götürdülər.

1826-cı il mayın 26-da Abbas Mirzənin başçılığı ilə 60 minlik İran qoşunu Şimali Azərbaycana soxuldu.

Abbas Mirzənin planı qəflətən Qarabağa soxulmaq, Şuşanı tutmaq sonra isə Gəncəni tutmaqla Tiflisə hücüm etmək idi. İran qoşunu bütün Qarabağ mahallarını ələ keçirərək Şuşa qalasını mühasirəyə aldı. Şuşada cəmi 4 topu olan 1500 nəfərlik Rus qarnizonu var idi. Qalanın muhasirəsi 48-gün davam etdi. Şuşa qalasını uzun müddət mühasirədə saxlamaq İran hərbi komandanlığının səhvi idi. İranın hərbi qüvvəsinin böyük hissəsinin diqqətini özünə cəlb edən rus qarnizonu və qalanın erməni əhalisi general Yermolova strateji təşəbbüsü ələ almağa, pərakəndə halda olan qüvvələri zərbə qruplarında cəmləşdirməyə və düş.mən üzərinə hücum etməyə şərait yaratdı və bununla da gələcək hərbi əməliyyatları rus ordusunun xeyrinə həll etdi. Yermolov başa düşürdü ki, azsaylı qüvvələrlə düşmənə bütün hücum xətti boyunca əks zərbə vurmaq mümkün deyil. Bütün qüvvələri Cənubi Qafqazın hərbi-siyasi mərkəzi olan Tiflisin müdafiəsində cəmləşdirməklə, o, düzgün qərar qəbul etdi.

Lakin İran ordusu hec nəyə nail ola bilmədi və Ruslar tərəfindən geri oturduldu. İran sərbazlarının hücümü zaman bəzi yerli xanlar, hansı kı, İrana qaçmışdılar, onlar da aktiv iştirak edirdilər. Bakı xanı Hüseynqulu, Şamaxı xanı Mustafa öz əvvəlki mülklərini geri qaytaracaqlarını düşünürdülər. Məsələn Səlim xanın oğlu Hüseyn xan (Şəki).İran qoşunları ilə Şəkiyə girdi. O, daha sonra Salyan, Qızılağac və Lənkəranı ələ keçirdi.

General Yermolov Dağıstanda yerləşən Rus qoşunlarını xanların və İran qoşununun üzərinə göndərdi. 1826-cı il sentyabrın 3-də Şəmkir yaxınlığında qanlı döyüş başladı. Rus qoşunları və Gürcü dəstələri Şəmkirçay ətrafında İran qoşunlarını məğlub etdilər. İran qoşunu tələsik Gəncəyə tərəf geri çəkildilər və az sonra ruslar Gəncəyə girirlər. İran qoşunlarının məğlubiyyət xəbərini Şuşa ətrafında alan Abbas Mirzə məğlub olmuş oğlunun köməyinə gəlir.

1826-ci il sentyabrın 10-da hər iki tərəf General Paskeviç Gəncə ətrafına gəlir. Sentyabrın 13-də amansız döyüş başlayır.

Tarixçi Mirzə Adıgözəl bəy yazır: ”Səhər vaxtı Sərdar Raskeviç və General Mədətov qoşunlarına nizam verib Şeyx Nizami turbəsinə yaxınlaşdılar. Qızılbaş qoşunu ilə üz-üzə gəldilər. Burada böyük sultani müharibəsi oldu. Bir saatdan sonra qizilbaşlar basıldılar”. Bu döyüşdə İran tərəfi 1000 nəfər itki verdi. Min yüz nəfər əsir alındı, bir neçə top ələ keçirildi. Abbas Mirzə öz qoşunu ilə tələsik Qarabağdan keçərək Xudafərinə tərəf qaçdı.

Gəncə döyüşü Rusiya-İran müharibəsinin sonrakı taleyində mühüm rol oynadı və faktiki olaraq müharibənin taleyini həll etdi. İran qoşunları ilə bərabər öz hakimiyyətlərini qurmaq ümüdündə olan xanlar da İrana qaçdılar. Hərbi əməliyyatlar 1827-ci ilin yazında yenidən başlandı. Apreldə rus qoşunları iki istiqamətdə irəliləməyə başladı. Rusların əsas məqsədi İrəvan xanlığını ələ keçirmək idi. Aprelin 23-də İrəvan mühasirəyə alındı. Mühasirə iki ay davam etdi. Bu müddət ərzində Ruslar bir neçə qalaya hücüm etsə də, hər dəfə məğlub olaraq geri oturdular. Mayın 8-də ən böyük həmlə oldu, Ruslar yenə də uğur əldə edə bilmədilər. Bunu görən Rus qoşunu Naxçıvan üzərinə hərəkət edərək mayın 26-da oranı döyüşsüz tutdular. Naxçivan İran qoşunları üçün strateji əhəmiyyətə malik olduğuna görə Abbas Mirzə 16 minlik qoşunla hücuma keçdi. Lakin iyunun 5-də Cavanbulaq deyilən yerdə məğlub oldu. Qüvvələr həddindən artıq qeyribərabər idi. Lakin rus qoşunu üstün gəldi və İran qoşununun bu məğlubiyyəti iyulun 7-də təslim olan Abbasabad qalasının taleyini həll etmiş oldu. Rus qoşunu İrəvana yaxınlaşana qədəravqustun 17-də Uşağanda və b. yerlərdə iri döyüşlərə girdi. Rus qoşunu avqustun sonlarında İrəvana yaxınlaşdı. O, ilk növbədə xeyli taxıl və digər ərzaq ehtiyatlarının toplandığı Sərdarabad qalasını mühasirəyə aldı. Sentyabrın 20-də Sərdarabad qalası süqut etdi. Sentyabrın 26-da İrəvan qalasının da mühasirəsi başlandı. İrəvan xanlığı əhalisinin əksəriyyəti azərbaycanlılar idi. Paskeviçin yazdığı kimi, ―İrəvan vilayətində 10 min müsəlman (azərbaycanlı) və ancaq 3 min erməni ailəsi var idi. Bu əhalinin müəyyən hissəsi, başlıca olaraq ermənilər rus qoşununa hər cür yardım göstəriridilər. Qala divarları üstündə görünən sakinlər papaqlarını yellədərək, işarə edirdilər ki‖, onlar təslim olurlar. Onlar çimal darvazalarını açdılar və oktyabrın 1-də rus qoşununu qalaya buraxdılar. Elə həmin gün qanlı döyüşdən sonra rus qoşunu İrəvan qalasını ələ keçirdi.

İrəvan qalasındakı qələbə, onun alınması Rusiya-İran müharibəsinin gedişində rus komandanlığı üçün mühüm əhəmiyyətə malik idi. Bu vaxta qədər general Kristovun komandanlığı altında Cənubi Azərbaycanın sərhədlərində dayanan rus qoşunu ölkənin içərilərinə doğru irəliləməyə başladı. Bundan sonra Rus qoşunları maneəsiz olaraq Azərbaycanın cənub toroaqlarına soxuldular. Oktyabrın 2-də Mərənd döyüşsüz təslim oldu.

1827-oktyabrın 27-də rus qoşunları Təbrizə daxil oldular. Ruslar çoxlu qənimət ələ keçirdilər. Şəhəri idarə etmək üçün müvəqqəti idarə üsulu yaradıldı. Burdsef şəhərə yaxın komendant təyin olundu. Rus qoşunlarının Təbrizi ələ keçirməsi ilə Tehrana yol açıldı. Qorxuya düşən şah hökuməti sülh xahiş etdi. Cənubi Azərbaycan feodal hakimləri Rusların köməyi ilə hakimiyyətlərini qaytarmaq ümidi ilə rusların cənuba-Tehran üzərinə yürüşü davam etdirməyi təhrik edirdilər.

Lakin həm daxili həmdə beynəlxalq vəziyyət Rusiyanı müharibəni başa çatdırmağa sövq edirdi. Odur ki, 1827-ci ilin noyabırında danışıqlar başlandı. Rusiya İrəvan və Naxçıvan xanlıqlarının ona güzəştə gedilməsini, İran qoşunun Lənkəran xanlığını tərk etməsini və gümüş pulla 30 milyon manat təzminat verilməsini təklif edirdi. Şah sarayı isə rus qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb edirdi. Lakin İngiltərə və Türkiyənin təzyiqi altında danışqlar kəsildi.

1828-ci il yanvarın 24-də Paskeviç rus qoşununa Ərdəbil və tehran istiqamətində hücum etməyi əmr etdi. Yanvarın 28-də Urmiya, fevralın 8-də Ərdəbil işğal olundu. Rus qoşununun yeni hücumu sarayda vahimə doğurdu. İranın tamamiilə darmadağın ediləcəyindən ehtiyat edən İngiltyərə səfiri Makdonald tərəflər arasında vasitəçi kimi çıxış etdi.

Fevralın 6-da Təbriz yaxınlığında, Türkmənçay kəndində Abbas Mirzə ilə Paskeviç arasında sülh danışıqları yenidən başlandı. Rusiya hökuməti Cənubi Azər­baycan ərazisinin də Rusiyaya birləşdirilməsi tələbini irəli sürürdü. Lakin İngiltərə hökuməti hər vasitə ilə Rusiyanın bu yerlərə iddiasından əl çəkməyə çalışırdı. Türki­yə ilə yaxınlaşmaqda olan müharibə təhlükəsi şəraitində Çar hökuməti İran ilə sülh müqaviləsi bağlamağa tələsdi.

Müqavilə 1828-ci ilin fevralın 10-da bağlandı. Türkmənçay sülh müqaviləsinə görə İran Şimali Azərbaycana olan öz iddialarından əl çəkir, onun üzərində Rusi-yanın hakimiyyətini tanıyırdı. Beləliklə, Azərbaycan iki hissəyə bölündü. Cənubi Azərbaycan Şah istibdadının, Şimali Azərbaycan isə Çar Rusiyanın müstəmləkəsinə çevrildi. Həmin vaxtdan bu ərazilərin və xalqın tarixi inkişafı müxtəlif yollarla getdi.

Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi:

4-cü maddəyə görə İran və Rusiya arsında sərhəd xətti müəyyən edilir və bu xətt Araz çayından ibarət idi. 5-ci maddədə İrəvan və Naxçıvan xanlıqları Rusiya-ya güzəştə gedilirdi. 8-ci maddəyə görə İran Xəzər dənizinin Rusiyanın daxili dənizi olduğunu tanıyırdı. Xəzərdə hərbi donanma saxlamaq hüququ yalnız Rusi-yaya verilirdi. Bu maddə İngiltərənin mənafeyinə güclü zərbə vurdu.10-cu maddəyə görə İran Rusiyaya 20 milyon manat həcmində təzminat ödəməli, rus tacirlərinə İran ərazisində azad ticarət etmək hüququ verirdi. Həmçinin Türkmənçay müqaviləsinə əsasən əhalinin Cənubi Qafqaz və əksinə sərbəst hərəkət etmələrinə icazə verilir­di.Bunun nəticəsində bir çox erməni ailələri Qarabağ və İrəvan xanlıqları ərazisinə köçdülər. Həm birinci, həm ikinci İran–Rusiya müharibələrinin gedişində və sonralar İran və Türkiyədən Cənubi Qafqaza köçürülməsi nəticəsində ermənilərin sayı bu yerlərdə ilbəil artırdı.

1826-1828-ci illərdə təkcə Qarabağ ərazisinə 18 mindən çox erməni ailəsi köçürül­müşdü. Onların ilk məskunlaşdığı ərazi Maragaşen adlandırıldı.

“Tarixçi K.M.Şavrovun “Zaqafqaziyada rus işinə yeni təhlükə” əsərində yazırdı: “1828-ci ildən 1830-cu ilə qədər Zaqafqaziyaya 40 mindən çox İran, 84000-dən çox Türkiyə ermənisi köçürüldü. Onları İrəvan, Yelizavetpol quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirdilər. Onlara 200 min desyatindən çox torpaq sahəsi verildi”:

Yararlı torpaqların erməni köçkünlərinə verilməsi yerli azərbaycanlı kəndliləri narahat etməyə bilməzdi. Onlar öz torpaqlarının bir hissəsindən məhrum olurdular.

Bu hadisələrin şahidi olan Rusiyanın İrandakı səfiri, yazıçı A.S.Qriboyedov yazırdı ki, bu köçürülmə gələcəkdə böyük təhlükə törədə bilər.

O, dövrün statistikasına görə 1832-ci ildə Qarabağ əhalisinin 91%-ni azərbay-canlılar, 8,4%-ni ermənilər təşkil edirdilər. Köçürmə siyasəti davam etdirilərək XIX əsrin 30-cu illərində bu nisbət-azərbaycanlılar 64,8%-ə ermənilər isə 34,8%-ə çatdırıldı.

İkinci İran –Rusiya müharibəsinin başa çatdırıldığı dövrdə Rusiya ilə Türkiyə arasında münasibətlər kəskin şəkildə pisləşdi. Çar Rusiyası Xəzərdən sonra Qara dənizi, Bosfor və Dardanel boğazlarını ələ keçirməyə çalışırdı.

Çar hökuməti Türkiyə ilə müharibəni əvvəlcədən görür və ona hazırlaşırdı. Hökmdarın beynində türkiyə ilə müharibə qərara alınmışdı. I Aleksadr 1825-ci il noyabrın əvvəllərində Türkiyə ilə müharibəyə hazırlığı yoxlamaq üçün şəxsən cənnuba gəldi, lakin ölüm onun işini dayandırdı. I Nikolayın da xarici siyasəti Türkiyə ilə müharibəyə başlamaq yolu ilə Şərq məsələsi‖nin həll edilməsinə yönəldilmişdi.

1828-ci ilin aprelində Rusiya Türkiyəyə müharibə elan etdi. Rus qoşunlarının əsas məqsədi Anadoluya daxil olaraq Ərzurumu, Trapezundu ələ keçirərək daha sonra İstanbul üçün təhlükə yaratmaq idi. İlk hücum Rus qoşunları tərəfindən Qars üzərinə oldu. İyunun 19-da Qars yaxınlığında döyüş baş verdi. Ruslar Qarsı ələ keçirdilər. Avqustda Ahalsıx, Ahalkələk tutuldu.

1829-cu il hərbi əməliyyatlarında Ərzurum və Trapezund da işğal olundu. Ruslar Balkan yarımadasında da bir sıra əhəmiyyətli qələbələr qazandılar. Türkiyə sultanı II Mahmud sülh bağlanması haqqında xahiş etdi. Beləliklə 1829-cu il sentiyabrın 2-dfə Ədrnə səhərində bağlanan sülh müqaviləsinə görə Türkiyə şimalda Anapadan başlayaraq, Qara dənizin şərq sahillərini Rusiyaya güzəştə getdi. Bosfor və Dardanel boğazları Rusiyaya ticarət gəmiləri üçün açıq saxlanılırdı. Ədrnə sülhünə görə Türkiyə eyni zamanda Rusiyanın Cənubi Qafqazdakı işğal siyasəti ilə barışırdı.

Azərbaycanın Şimal torpaqlarının Rusiya tərəfindən zəbt edilməsi ilə Azərbaycan xalqı öz dövlət müstəqilliyinə nail ola bilmədi. Azərbaycan xalqını zorla iki hissəyə bölmək kimi tarixi ədalətsizlik baş verdi.

Azərbaycanın Çar Rusiyası tərəfindən işğalının nə kimi acı nəticələr gətirməsi Gəncədən deputat seçilmiş İsmayıl xan Ziyadxanovun I Dövlət Dumasında 1906-cı ildə söylədiyi nitqində öz əksini tapmışdır: “Zaqafqaziya torpaqları 100 il bundan əvvəl ruslar tərəfindən işğal edilmişdir. Bu yüz il içərisində biz müsəlmanlar həmişə əsir müamiləsi görmüş, bu sifətlə hər təqibata məruz qalaraq hər cür haqq və hüquqdan faydalanmaz kölə vəziyyətinə endirilmişik. Siyasi, sosial və iqtisadi sahənin hər birində bizim haqqımızda haqsızlığın hökm sürdüyünü görmüş olacaqsınız. Ölkəmiz istila edilər-edilməz dərhal milli varlığımıza təcavüzə qalxışıldı. Dinimizə və müqəddəslərimizə müdaxilə edildi”.

Ölkə Rusiya tərəfindən işğal edildikdən sonra xanlıqlarda mövcud olan pul sistemləri ləğv edilərək vahd rus pul sistemi ilə əvəz edildi. Bu əmtəə-pul münasibətlərinin inkişafında mühüm rol oynadı. Azərbaycan iqtisadiyyatı müstəm-ləkə xarakteri alsa da, ölkə Rusiyanın iqtisadi inkişaf axınına qoşuldu. Bu isə gələcəkdə kapitalist istehsal münasibətlərinin yaranmasına təkan verdi.



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin