Yazılmışdır: 1928 1929 İlk nəşri: 1963 İlk səhnə quruluşu: 1929 ƏŞxas



Yüklə 89.25 Kb.
səhifə1/4
tarix27.06.2017
ölçüsü89.25 Kb.
növüYazı
  1   2   3   4
KNYAZ 

Faciə - 5 pərdə 


Yazılmışdır: 1928 - 1929 
İlk nəşri: 1963 
İlk səhnə quruluşu: 1929 

ƏŞXAS 


Knyaz — uca boylu, qara saçlı, məğrur baxışlı, möhtəşəm bir gürcü tipi, 40 yaşında. 
Jasmen — Knyazın ikinci hərəmi, 22 yaşında. 
Lena — Knyazın qızı, əvvəlki hərəmindən, 19 yaşında. 
Solomon — Knyazın dayısı, 60 yaşında. 
Anton — bağçavanın oğlu, texnik, 27 yaşında. 
Marqo — Antonun anası, ağ saçlı, milli qiyafədə, Knyazın xidmətçisi, 50 yaşında. 
Şakro — Knyazın yaxın adamlarından, müxalifətçi-sosialist, kosa, 35 yaşında. 
İxtiyar alman — 70 yaşında, bir qolu yox. 
Alman qadını — 45 yaşında. 
Sarışın alman qızı — onun qızı, 19 yaşında. 
Birinci işçi 
İkinci işçi 
Köylü 
Kinto 
Xəfiyyə 
Müsafir 

İşçilər, milislər, xidmətçilər, musiqiçilər, müsafirlər, müştərilər və başqaları. 


BİRİNCİ PƏRDƏ 

Tiflisdə ətrafı yaşıllıq, çiçəklərlə süslü geniş bir qəməriyyə. Ulduzlu bahar gecəsi... Üstü içki və məzələrlə dolu bir masa, üzərində elektrik lampası... Knyaz ağ əlbisə geyinmiş, milli qiyafətdə, ağ qalpağını sandaliyə üzərinə buraxmış alafranqa geyimli Solomonla qarşı-qarşıya oturub içərlər. Hər dəfə də uzun saplı qədəhləri bir-birinə vurub cınqırdamasından zövq alarlar. Şıq geyimli xidmətçi qız şərab və məzə gətirir. Milli qiyafəli Şakro ilə Marqo da bəzən yardım edir. Bağçanın uzaq guşəsində kamanda həzin və lirik nəğmə çalınır, Knyaz xidmətçi qızın doldurduğu qədəhi qaldırır, nəşəli bir ahənglə Solomona. 

Knyaz 


İştə gülgün qədəh, ey xanəxərab! 
Bulunur şey deyil əsla bu şərab. 
İmdi fürsət var ikən iç!.. Bir gün 
Görəcəksən bu sönük ömrü sərab. 

Solomon 


İçəlim, bəlkə təsəlli bularız, 
Bəlkə qəmdən, acıdan qurtularız. 
Bir günün zövqünə dəyməz dünya. 
İçəlim, sonra peşiman olarız. 

İçərlər, təkrar qədəhlər dolur. 

Knyaz 

Həp düşündükcə boğar ruhu soyuq


Qaba, issız və dərin bir boşluq. 
O dərin boşluğu bir dolduracaq 
Varsa yalnız... əbədi sərxoşluq... 
Solomon 

İştə xilqət dolu min dürlü təzad. 


Hər sevincin sonu müdhiş fəryad... 
Badə ver, badə, bu divanə könül 
Coşaraq qayğıdan olsun azad. 

Knyaz 


Çox adam var ki, çiçək toplar ikən, 
Qanadır səmli tikən əllərini. 
Çalılıqlarda gəzirkən birdən 
Cəzb edib durdu bu tər qönçə məni. 

Marqo 


(gəlir, Knyaza) 

Beş nəfər var, sizi bəklər qapıda. 

Knyaz 

Nə için? 



Marqo 

Sözləri varmış. 


Knyaz 


Əcəba?! 

(Şakroya) 

Şakro! Çıx, gör nə deyirlər. 

Şakro 


Bu saat. 

Jasmen ağaclar arasından çıxar. Onları qumral saçlı başı ilə salamlar. 

Jasmen 

Nə qədər nəşəli rindanə həyat. 


Knyaz və Solomon qədəhlərini qaldırırlar. 

Knyaz 


Yaşa, afət çiçəyim! 

Jasmen 


Nuş olsun! 

(Gedər). 

Solomon 

Bu nə səfvət, nə məlahət, nə füsun! 


Taleyin varmış, əzizim, Jasmen 
Daha dilbərdir ölən zövcəndən. 

Knyaz 


Tale əfsanə, cəsarət lazım, 
Bir az altun və məharət lazım... 

Solomon 


Orta az erməni xalqında... ya pək 
Soyuq, ölgün oluyorlar gerçək, 
Yaxud ən işvəli, cazib, tənnaz, 
Başqa, çox başqadır onlardakı naz. 

Knyaz 


Əvət, üç ildi ki, ölmüş zövcəm, 
Qızım olmuş mənə yalnız həmdəm. 
Anıyorkən o sönən annəsini, 
Bənzədirdim neyə titrək səsini. 
Bir mayıs dəvət edildim Batuma. 
Kefə daldım səhər-axşam... amma 
Yenə könlümdə yetimlik vardı, 
Məni Jasmen acıdan qurtardı. 
Kəndi mülkümdə dolaşmaqda ikən
Sərxoş oldum duyulan bir səsdən. 
O gözəl səs məni məftun etdi, 
Yeni bir eşq ilə məcnun etdi. 
Gərçi qız erməni... adət gürcü, 
Söyləyiş gürcü, təbiət gürcü. 
O zamandan ki, sevişdik, bilsən 
Yenidən bir daha gənc oldum mən. 
Bəzi avropalı bilgic qafalar 
Bəlli, gəncləşmək için çarə arar. 
Çox qolay çarəsi, yalnız, yalnız 
Olsa həmdəm sənə şən bir yıldız. 

Solomon 


Mənə bax, altmışa varmaqda yaşım, 
Sənə mən həm dayı, həm arxadaşım! 
Gördüyüm təcrübələr çox qarışıq, 
Hər qaranlıqda gülümsər bir işıq. 
Hər qadın cilvəsi bir dadlı xəyal, 
Başqa, çox başqadır onlardakı hal. 
Şən, gözəl bir qadının xoş baxışı, 
Bir mayıs göstərir ən sisli qışı. 
Qadın istərsə tikənlər gül açar, 
Qızacaq olsa, ölüm, fitnə saçar. 

Knyaz 


Jasmenin fitnəsi yox, hiyləsi yox, 
Biləkis, işvəsi çox, nəşəsi çox. 
İncə bir köylü müəllim qızıdır, 
Qafqazın cilvəli bir yıldızıdır. 

Solomon 


Bu sürəksizcə ömürdən ancaq 
Sənə tək nəşəli dəmlər qalacaq. 
Xoş keçin, zövqünə bax hər yerdə, 
Dünkü çarlar və krallar nerdə? 

Knyaz 


Solomon! Nəşə kədərdən daha az... 

Solomon 


Yenə ən nəşəli sənsən, Knyaz. 

Knyaz dolu qədəhi əlinə alaraq qafasını oynadır. 

Knyaz 

Hər gələn bir yeni tüğyan ediyor, 


Gündə bir səltənət əldən gediyor. 
Bəkləyirkən bu qədəhlər küskün 
Bizə, yox şübhə ki, divanə diyor. 

Solomon 


Hər baharın sonu matəmli xəzan, 
Hər visalın sonu issız hicran. 
Bir həqiqət deyə tapdıqlarımız 
Yarın, əfsus, olacaq süslü yalan. 

İçərlər. Jasmen daha şux qiyafədə gələr, əlindəki qızılgül dəmətini masa üzərinə buraxaraq incə qəhqəhələrlə. 

Jasmen 

Mey sonulduqca doğar zövq, nişat, 


Ölülər içsə bulur tazə həyat. 

(Qədəhləri özü doldurur). 

Knyaz 

İçəlim, badə verir ruha qida, 


Varsın, olsun, məzəmiz işvə, əda! 
Çınlayırkən bu qədəhlər, sanıram 
Əks edir könlümə çılğın sevda. 

Solomon 


Badə xoşdur, ola saqi yalnız 
Nəşələr yavrusu şaqraq bir qız. 
İçəlim, bax, bu üfüqlər nə gözəl, 
Bizi həsrətlə süzər ay, yıldız. 

Jasmenin şərəfinə içərlər. 

Sağ olun, həp var olun! 

Jasmen 


Nuş olsun! 

Knyaz 


(Jasmeni süzərək) 

Yaşasın hüsn, füsun! 

Jasmen 

Nuş olsun! 



Bu zaman bağça tərəfdən kaman səsi ilə həmahəng olaraq qarşıkı 
nəğmə söylənilir. 

İncə səs 

Vəhşi bir gül olsam, ətrafım tikən, 
Həsrətlə süzərdi hər görən məni. 

Qalın səs 

Mən bir yolçu olub yoldan keçərkən, 
Qoparıb köksümə taxardım səni. 

İncə səs 

Mən ağ bir gövərçin olsaydım, əngin, 
İrişilməz üfüqlərdə yaşardım. 
Qalın səs 

Mən bir şahin olub səni seyd için 


Ən keçilməz fəzaları aşardım. 

Knyaz 


İncə səs, iştə qızım Lena. 

Jasmen 


Əvət. 

Solomon 


İmdidən bəlli, xoş əlhan afət. 

Knyaz 


Bu qalın səsli də Anton. 

Solomon 


Əcəba? 
İxtiyar bağçavanın oğlumu? 

Knyaz 


Ya... 
Pək çocuqkən biz ədəb verdik ona, 
Oxudub xeyli əmək verdik ona. 
Adam olmuş, dəyişib baş-qulağı, 
İmdi bir adlı mühəndis yamağı. 

Qafasını oynadıb gülər. Lena ilə Anton gələr. Anton qəhvə rəngli üst kömləyi geyinmiş, əlində kaman bulunur. Lena məktəbli qiyafətindədir. 

Solomon 

Afərin! İştə böyük istedad. 

Jasmen 

Nə zərif, incə təzad... 



Knyaz 

Lena çox başqa, əzizim Solomon. 

Solomon 

Hələ Anton!.. Anton!.. 

Jasmen 

Saray artisti demək çox uyğun. 



Lena 

Çox təşəkkür... 


Anton 


(istehzalı təbəssümlə) 

Var olsun! 


Biz saraylarda deyil, hər ikimiz 
Xalqa xidmət diləriz. 

Solomon 


(boş bir qədəhi doldurub sərxoş hərəkətlə Antona) 

Çox gözəl, haydı, gəl iç sən də bir az. 

Anton 

Etmədim mən buna adət, Knyaz 


Biliyor halımı... 

Solomon 


Zövqün yoxmuş. 

Anton 


Neyləyim... məncə ayıqlıq daha xoş, 
Mümkün olsaydı da yurdumdakı meyxanələri 
Həp kütübxanə yapardım. 

Solomon 
(istehzalı qəhqəhələrlə) 

Çocuq əfsanələri!.. 

Knyaz 


Onu söylətmə ki, yox çərçivəsi, 
Söz güləşdirməyə çoxdur həvəsi. 

Anton 


Məncə hər çərçivə dar bir zəncir. 

Knyaz 
(dumanlı qafasını oynadaraq əli ilə rədd edər kimi) 


Yetişir, sus daha, artıq yetişir. 

Anton 


(ətrafa) 

Derlər insan yaranıb meymundan, 


Yenidən meymuna dönmək nə yaman. 

(Marqo Antona çay gətirir). 

Knyaz 

(içəri girən Şakroya) 



O gələn kim, nə deyir? 

Şakro 

Saçma bir iş... 
Bir nəfər köylü qəzadən gəlmiş, 
Dolu vurmuş da üzüm bağlarını, 
Çox qaranlıq görüyormuş yarını. 

Knyaz 


O bizim bağmı? 

Şakro 


Əvət, vergi ağır... 
Söyləyir, endirəlim tam yarıya. 

Knyaz 


Gəlir olsaydı da milyon, əcəba, 
Bir quruş fəzlə verərmiydi? 

Şakro 


Xayır! 

Knyaz 


(qızğın) 

Həp gəbərsinlər acından, bizə nə, 


Onların verdiyi girsin gözünə. 

Solomon 


Mərhəmət etməli, Knyaz! 

Anton 


Əfsus... 
Gücsüzün haqqı əzilmək. 

Knyaz 


Sən sus! 

Şakro 


Daha bir başqa şikayətçi də var. 

Knyaz 


Kim o? 

Şakro 


Dörd işçi. 

Knyaz 


Nə istər onlar? 

Şakro 


Söyləyirlər ki, sizin zirzəmilər 
Yaş və islaq, bizi həp məhv eylər. 
Bəlli, var boş odalar, həm deyil az, 
Bizə ust qatda yer etsin Knyaz. 

Knyaz 


(istehzalı qəhqəhələrlə) 

Başlamışlar, demək, onlar da naza


Bir bu qalmış minələr boynumuza. 

(Qızğın) 

Tülkülər, ah, şımarıq abdallar!.. 

Solomon 


Knyaz! Əlbəttə, bir az haqları var. 

Şakro 
Bir də çoxmuş kira, endirməliyiz. 

Knyaz 

Bu nə həzyan, çapucaq dəf ediniz! 



Solomon 

Yenə ifrat eləyirsən, Knyaz! 


Bahalıqdır, qatı sözlər yaramaz. 

Şakro 


Şübhəsiz, hiylə və imdad daha xoş. 

Knyaz 


(Şakroya) 

Sən də onlar kimi sapmış başıboş. 


Get, xəbər ver, yarın erkən həpsi 
Tərk edib evləri dəf olsa eyi. 

Şakro çıxar. 

Anton 

(Knyaza) 



Ah, sönüb məhv olacaqdır onlar, 
Mərhəmət yoxsa da, bir qanun var. 

Knyaz 


(bir cığara yaxaraq) 

Yetişir, siz mənə dərs verməyiniz, 


Biz o qanunları əla biliriz. 

Bu sırada dişarıda gurultu qopar, dörd işçi və bir köylü ortaya fırlar. 

Birinci işçi 

(əlində çəkic, sağlam, başı açıq, göy köynəkdə olan bir işçi Şakronun yaxasından tutub bir tərəfə fırladar) 

Burax!.. 

İşçilər 


Alçaq!.. 

Knyaz 


Bu nə? 

Birinci işçi 

(Şakroya) 

Haydut, yaramaz! 


Sosialist cildinə girmiş canbaz! 
Nikolay taxta çıxıb gəlsə yarın, 
Ona jandarma olardın... 

İşçilər 


(hücum edər kimi) 

Azğın! 


Lena 

(Jasmenə qısılaraq) 

Gedəlim, qorxuyorum, ah, Jasmen. 

Jasmen 


Gedəlim... 

(Gedirlər). 

Knyaz 

Söyləyiniz, haydı, bu nə? 



İkinci işçi 

(alaca saçlı, ortayaşlı, arıq...) 

Biz qarışdıq ölülər aləminə... 

Birinci işçi 

Xayır, əsla, deyilik biz ölülər, 
Bizi kim sıxsa, məzarlıqda gülər. 

İkinci işçi 

İştə mən! Altı qız-oğlan babası, 
Məni məhv etdi tütün fabrikası. 
Zövq alıb içdiyimiz dadlı siqar, 

(Əlini ağ ciyərinə vuraraq) 

Bu ciyərdən süzülən qanla qoxar. 

(Köynəyini aralayıb əli ilə müqəvvanı andıran 


köksünə döyərək) 

Bax, zəhərdən qurumuş iskeletim, 


Mən ölərsəm sönəcək altı yetim. 

(Cibindən bir məndil çıxarıb göz yaşlarını silir) 

Birinci işçi 

(sinirli) 

Yetişir! Sızlama, abdal, başıboş, 
Ağlamaqdansa gəbərmək daha xoş. 
Qüvvətin yoxsa əzil, sus, qəhr ol! 

(kinli bir qəhrlə yumruğunu göstərərək) 

Yaşamaqçin budur ən kəskin yol! 

(daha coşqun) 

Qardaşım nerdə? O cansız cəsədi 
Mən də torpaqlara gömdüm əbədi. 
Bitərək söndü günəşsizlikdən; 

(Knyazı sərt baxışlarla süzərək) 

Bu fəlakətlərə həp bais sən! 

Knyaz 


Boşboğazlıq yetişir, sus! 
Birinci işçi 

(çəkicini oynadaraq) 

Yaramaz!.. 
Bizi heç kimsə, xayır, susduramaz. 

Anton 


(Knyaza) 

Yetişir, həddini bil! 

Knyaz 

(hiddətlə bağırar) 



Ah, Anton! 

Solomon 


(Knyaza) 

Sən bir az kəndinə gəl... 

Knyaz 

Yox, Solomon! 



(Antonu göstərir) 

Onların başçısı yalnız bu səfil!.. 

(Antona) 

Yapdığın şəbədələr gizli deyil. 

Anton 

Bizi qorxutma, yetər gürlədiyin


Dinlə, bax gör nə deyirlər... 

Knyaz 


(Antonu nifrətlə süzərək) 

Miskin!.. 

Anton 

(kəskin) 



Fəzlədir məncə bu nifrət, hiddət, 
Hər nə istərsə, verin, onlar... 

Knyaz 


(istehzalı) 

Əvət. 
Əmr edərsən verəriz... 

Anton 

Kəndini bil! 


Haqq verilməz, alınır... 

Knyaz 


Haydı, çəkil! 
Uzaqda islıq çalınar. Antonun fikrini cəlb edər. 

Anton 


(iki-üç addım çəkilir) 

Burda dursam da bir əldən nə gələr? 

(Knyaza, şiddətlə) 

Eyi bil, er-gec əzənlər əzilər. 

Uzaqlaşır. Jasmenlə Lena yenə bir tərəfdə görünüb tamaşa edərlər. 
Təkrar islıq səsi eşidilər. 

Solomon 


Yenə islıq səsi!.. 

Knyaz 


Hər günkü oyun... 

İkinci işçi 

(Knyaza) 

Nə deyirsən bizə? 

Knyaz 

(mənalı bir tərzdə) 



Hay-hay, buyurun! 
Paranız yoxsa əgər, üst qatda 
Yer verilməz sizə əsla, əsla... 

İkinci işçi 

Para azdır, gözü dar fabrikaçı 
Bizə bir haqmı verir?.. 

Knyaz 


(istehzalı gülüşlə) 

Ya çox acı... 

Birinci işçi 

Fərqi yoxdur, sən osan, ah, o da sən!.. 


İştə çalmaqdasınız bir teldən. 

(İrəlilər, masaya gumbultu ilə bir yumruq vurar). 

Knyaz 

Yenə coşdunmu? 



Birinci işçi 

Əvət!.. 


Solomon 

Knyazcan! 


İstəməz bunca gərəksiz həyəcan. 

Birinci işçi 

(sərt və qızğın) 

Bizi aciz və kiçik sanma, xayır, 


Biz bizik, sən də sən! Aldanma, xayır. 

(Əlinin qabarlarını göstərir). 

Bunu gördükdə bir insan utanır? 
Bu qabarlar sizə ətmək qazanır. 

(Üstündəki köynəyini iki parça edib bir tərəfə atar, beldən yuxarı çılpaq qalar. Köksünü və qollarını göstərər). 

İştə köksüm! Bu qolumdur, bu əlim... 

Jasmen 


(şaşqın) 

O nə? 


Lena 

Ah, çox qaba insan. 

Jasmen 

Gedəlim. 



(Çəkilirlər). 

Birinci işçi 

Yara, başdan-başa hər yer yaradır, 
İştə, bunlar, sizi bunlar yaşadır. 
Hərb edib qarpışırıq sizlər için! 
Çalışıb-çarpışırıq sizlər için!.. 

(Təkrar gumbultu ilə əlini masaya vuraraq) 

Ah, fəqət siz bizi təhqir ediniz!.. 

Knyaz 


Yetişir, anladıq artıq, gediniz!.. 

İkinci işçi 

Gedəlim, haq sözü haqsız nə qanır. 

(Əlindəki çəkici oynadaraq çılpaq vücudu ilə çəkilir). 

İşçilər 

Gedəlim, 


Haydı, əvət, haqq alınır. 

(Gedərlər). 

Knyaz 

(şaşırıb duran köylüyə) 



İmdi sən söylə! 

Köylü 


Üzüm bağlarını... 
Knyaz 

(onun sözünü kəsərək) 

Dolu vurmuş... biliriz, sən yarını 
Çox qaranlıq görüyormuşsan. 

Köylü 


Əvət. 
Knyaz 

Heç zərər yox... Var ədalət əlbət. 


Hər nə lazımsa gələr Şakro yapar. 
Daha bir başqa sözün varmı? 

Köylü 
Xayır. 

(Bir az düşünür). 

Lütf edin, halımız olduqca ağır... 

Knyaz 

Çox gözəl, get, səni məmnun edəriz. 



Köylü 

Var olun! 

(Baş endirib gedər). 

Knyaz 
(Solomona) 

Bax, bu deyil tərbiyəsiz, 
Yenə var köylüdə insan sifəti. 
İşçilər; ah, o səfillər nə qatı 
Adəta yırtıcı, azğın canavar. 

Solomon 


Şübhəsiz, haqları var, haqları var. 

Knyaz 


Dayıcan, sən də şaşırdınmı? 

Solomon 


Xayır! 
Onların halı ağırdan da ağır. 

Knyaz 


Bəlli... knyaz qanı yox səndə... 

Solomon 


(qafasını oynadar, acı təbəssümlə) 

Babam 


Köydə bir katib imiş, heç danmam. 

Knyaz 
(sözü dəyişdirərək) 

Zalım oğlanları şaş qoydu bizi, 
Pozdu bir anda bütün nəşəmizi. 

(Bağçaya doğru yürüyərək uzaqlaşırlar). 

Marqo 

(onlar çəkildikdən sonra gəlib qabları toplamaq istər, 


ətrafa) 

Hey fələk... gör necə günlər gördük, 


Azdı hər kəs, nə böyük var, nə küçük... 

Bu sırada Anton yan tərəfdən çıxar. Ayaqda olaraq bir loğma ətmək kəsib yeyər, çayını qarışdırıb içərək, öz-özünə yarısəslə beynəlmiləl marşı 


oxuyur, sağa-sola gedir. 

Marqo 


Xalq acından qırılır, sən yalnız... 
Marş oxur, əyləniyorsan, arsız. 

Anton 


İnqilab iştə doğar aclıqdan. 

Marqo 


Nə için nankor olursan? Bir utan! 
Bu soyuq marşı duyarkən Knyaz 
Sənə qaç kərrə demiş sus, yaramaz. 

Anton 


Saqın, aldırma, nə istərsə desin, 
Mən başımdan keçərəm məslək için. 

Marqo 


Bu da məsləkmi, qudurğanlığa bax! 
Bunca Knyaz eyiliklər yaparaq, 
Bəsləmişkən səni, sapmaq nə için? 
Ya... onun ətməyidir həp yediyin. 
Tək deyil sən, mən, o rəhmətli baban 
Mərhəmət görmüşük ancaq ondan, 
İmdi nankor olub azmaq nə fəna!? 

Anton 


Biləkis, mərhəmət etdik biz ona, 
Onu biz bəslədik. 

Marqo 


Ah, sus, nə yalan!? 

Anton 


Annə! Sən aldanıyorsan... 

Marqo 
(sinirli) 

Nə zaman? 
Nə zaman sən ona verdin ətmək? 
Nə zaman sən ona sərf etdin əmək? 

Anton 


Bu saraylar da, bu sərvət də bizim. 
Marqo 

Xəstəsən, ah, sənə doktor lazım. 

Anton 

Neyləyim, pərdəlidir gözləriniz, 


Anlamaqdan məni siz çox aciz... 

(İslıq səsi eşidilir). 

Marqo 

Yenə islıq səsi, kimdir əcəba? 



Anton 

Arxadaşlar. 

(Getmək istər). 

Marqo 


Nerəyə? 

Anton 


Fabrikaya! 

(Şakro gəlir). 

Marqo 

Getmə, oğlum! Nə olar, dinlə məni, 


Sağ buraxmaz bu inad iştə səni. 
Bilirəm, Şakro da sizdən... Lakin 
Aşmayır həddini əsla... 
Anton 

(Şakronu nifrətlə süzər) 

Miskin! 

(anasına) 

Bir müdaraçı hərifdir o, inan, 
Yardım olmaz bizə hər alçaqdan. 

Şakro 
(sinirli) 

Nə demək, sən məni təhqir etdin?! 

Anton 

Məsləkin hiylə, müdara ki sənin. 
Bu nə yaltaqlıq? Ədəbsiz canavar! 
Səncə yoxsulları əzməkmi şüar? 
Söyləyirlər ki, baban dəllal imiş
Görünür səndə də vardır o baxış. 

Şakro 


Boşboğazlıq yetişir, coşma, düşün, 
Bizi məhv etdirəcəksən bir gün. 
Duysa Knyaz köpürüb çıldıracaq. 

Anton 


Ya... timarxanə deyil burdan uzaq. 
Marqo 

Yenə sən çıldırıyorsan, yavrum, 


Tutduğun yol uçurum, ah, uçurum. 

(Göz yaşını silir). 

Sarmış ətrafını məhbəs və ölüm, 
Nasıl olsun buna razı könlüm? 

Anton 


(sinirli) 

Annə! Göz yaşları versəydi nicat, 


Mən də ağlar, üzülərdim, heyhat... 
Yoxsa əzmində mətanət, er-gec 
Boğacaqdır səni azğın bir heç. 
Könül istərsə geniş hürriyyət, 
Bir düyün zövqü verir hər dəhşət. 
Hər bəla gəlsə köküs gər də bir az; 

(dörd-beş addım yürüyərək) 

Bizi məhbəs və ölüm qorxudamaz! 

(Gedər). 

PƏRDƏ 

İKİNCİ PƏRDƏ 



Tiflisdə botanika bağçası. Yuxarıda hər dürlü nümunəlik ağaclar. Aşağıda ətrafı əlvan çiçəklərlə süslü bir hovuz... Yüksəkliklərə doğru sarı qumlu cığırlar gözləri oxşar. Ötədə-bəridə bülbül şaqırtıları eşidilir. Mayıs... gündüz... 
Lena 

(Marqo ilə bərabər gəlir, ətrafı süzərək) 

Bülbülləri seyr eylə, nasıl şən, 
Şaqraq səsə məftun olaram mən. 

(Hovuz kənarına yaxlaşır. Əlindəki kağıza bükülü ətmək parçasını 


ufaldaraq balıqlara atır). 

Bax, oynaşıyor dürlü balıqlar. 


Ən nəşəli munis ufacıqlar. 

Marqo 


Heyrət!.. Nə gözəllik, nə şətarət!.. 
Hoplar, sevinirlər, nə səadət!? 

Lena 


(Təkrar ətmək parçaları atır). 

Altun kimi parlar sarı çapqın. 

Marqo 

Bax, bax, bu qızıllar daha sapqın. 



Lena 

Çox çoş o yosundan süzüləndə, 


Bir lalə kayar sanki çəməndə. 

Bu sırada yandakı görünməz məzarlıqda həzin və xəfif bir ahənglə 


çoban düdüyü çalınmağa başlar. 

(Lena məczub) 

Ya rəb, nə həzin səs, nə füsunkar? 

Marqo 


Bax, burda məzarlıqda çalırlar. 

Lena 


(çevrilib baxır, mütəəssir olur, əlini köksünə qoyaraq həsrətli baxışlarla) 

Ah, annəmi xatırladım iştə... 

Marqo 

Almışdır onu tanrı behiştə. 



Lena 

Anton mənə anlatdı ki, guya, 


Cənnət yalan, əfsanədir İsa. 

Marqo 


Heç dinləmə, yavrum, onu, ah, sus! 
Dinsizlərə uymuşdur o mənhus. 

(ətrafa baxaraq) 

Jasmen hanı? 

Lena 


Daim o çıxar da, 
Ətrafı dalar seyrə yuxarda. 

(aşağı yola baxaraq) 

Anton gəliyor, gözləri dalğın... 

Marqo 


İnsanmı, burax sən də, o çılğın!.. 

Anton 
(Əlində qəzetə gəlir). 

Sən burdamısan, Lena? 

Lena 


Əvət, sən... 
Ürküb qaçıyorsan yenə bizdən. 

Anton 


(Hovuz kənarındakı sıraya oturur). 

Məşğul idim azcıq. 

Lena 
(əli ilə yuxarı çıxmağa dəvətlə) 

Gəl, oturma! 


Anton 

Yorğun kimiyəm. 

Marqo 

(Lenanın qolundan tutaraq, darğın və kinayəli) 



Kəndini yorma, 
Gəl, daş daşımış, bəlli ki, yorğun... 

(oğluna) 

Ah, sən məni həp qəhr ediyorsun. 
Tək bir gecə yatmaz da yataqda. 
Həp başda daşırsan dəli sevda, 
İzlər səni min dürlü fəlakət... 

(Gedirlər). 

Anton 

(əli ilə rədd edər kimi) 



Söylənmə, yetər, haydı, çəkil get! 
(Əlindəki qəzetəni mütaliəyə başlar). 

Şakro 


(bir az sonra aşağı tərəfdən çıxar. Antona yaxınlaşaraq) 

Sən nerdə idin dün gecə, yavrum, 


Susmaq nə için? Həp mənə məlum! 

Anton 


Dəf ol, yetişir... 
Şakro 

Dur, məni dinlə, 


Mən arxadaşam iştə səninlə. 

Anton 


Hər xainə yoldaş olamam mən. 

Şakro 


Xainmi?! 

(qoltuq cibindən bir dəftərçə çıxarır) 

Bü dəftər nə imiş? 

Anton 


(əlindən alır) 

Sən 
Həm firqəyə, həm kəndinə xain... 

(dəftərçəni yırtıb parçalar, üzünə çırparaq) 

Al! Dərs olar əlbət bu səninçin. 


Minlərcə sənin eşlərin ancaq 
Yoxsulları etməkdə oyuncaq. 

Şakro 


Bilməm ki, şaşırdınmı, nədir bu? 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə