Yağız qarışqalar



Yüklə 0.95 Mb.
səhifə2/6
tarix19.06.2017
ölçüsü0.95 Mb.
1   2   3   4   5   6

***
Sel budağı burub-buruşdurub ora-bura çırpa-çırpa irəliyə doğru aparırdı. Yağız gənclər ilk kəz böylə qorxunc seldə yaşamağı denəməkdəydilər. Budaqdan bərk-bərk yapışmışdılar. Budaq bəzən qarşıda bir əngələ, bir dik qayacığa sərtçə toxunub havaya sıçrayırdı. Bu zaman yağızlar selin dışında dərindən nəfəs ala bilirdilər. Hamısından daha iri gövdəli olan Ərtayın “Arxadaşlar, qorxmayın, dözməliyik. Biz başaracağıq” hayqırtısı eşidilirdi. Budaqdan bərk-bərk yapışmış yağızlar bir-birinə ürək-dirək verirdilər. Zaman keçdikçə, fırtınaya alışırdılar. Fırtınada yaşamağa alışırdılar. Ölüm-dirim savaşı idi. Çətin bir ortamda yaşam savaşı. Duruma alışdıqca böylə bir yaşamın əsarətdən daha üstün olduğunu hiss edirdilər. Bu, onları gücləndirirdi. Öz istəncləri17 ilə yaşamaqdaydılar. Boyuzlar başlarının üstündə deyildi. Ölümlə boğuşaraq olsa da, özgürcə yaşamın köləlikdən daha üstün olduğunu bütün varlıqları ilə özümsəyirdilər. Sel, budağı başqa bir qayaya çarpdı. Budaq yenə də havaya sıçradı. Yenidən selin içinə düşmədən, aralarında tək qız olan Sevilayın incə hayqırtısı eşidildi: “Yaşasın özgürlük. Arxadaşlar, güclü olalım. Biz uğur qazan…” Sözünü tam olaraq bitirə bilmədi. Budaq yenidən selin içində gömüldü və Sevilayın son sözləri duyulmadı. Ancaq Sevilayın hayqırışları başqa yağızları umutlandırmış, daha da gücləndirmişdi. İldırımlar çaxır, kürşad* yağmur durmadan yağırdı. Başqa dərələrin də selləri ana dərəyə qovuşub dağların arasındakı seli daha da gücləndirirdi. Bayquş yuvasında dərənin ağzı genişlənirdi. Daha geniş olan dərə də sellərin tərpədə bilməyəcəyi dağların köksündən qopub gəlmiş qayalar var idi. Sel bu böyük qayalıqlara çırpılıb geri dönürdü. Yenidən qayaların yanlarından burulub irəliyə doğru qoşurdu. Budaq dərənin ortasında ən böyük qayaya çarpıldı. Havada fırlana-fırlana dərənin kənarına, dağın köksündə bir az irəli gəlmiş sal qayalığa düşdü. Burada qayalıq bir az irəli gəlmiş barınaq kimi olmuşdu. Yağmur bu barınaq kimi yerə girə bilməsə də, üst tərəfdən dağın başından süzülüb gələn sular barınağın yan-yörəsindən axıb gedirdi. Yağızlar artıq bərk-bərk yapışdıqları budağı buraxmışdılar. Barınaq kimi bu yerdə hər yağız bir tərəfdə sanki bayqınca düşüb qalmışdı. Selin təlatümlü və coşqulu səsi beyinlərinin içindəydi. Bir sürə hər bir yağız düşdüyü yerdəcə hərəkətsiz qaldı. Ətrafda qorxunc ildırımlar çaxıb yağış yağsa da, orası qup-quruca barınacaq kimi idi. Bir az zaman keçdikdən sonra özlərinə gəldilər. İri gövdəli Ərtay ətrafa baxdı. “Ülgən, Günal hardadır?” dedi. Hamı bir-birinə baxdı. Günal aralarında yox idi. Ülgən barınacaqdan irəliyə doğru yeriyib dərədə gurlayan selə baxdı. Arxasınca da başqa yağızlar dərəyə baxırdılar. Günal təkbaşına sellə boğuşurdu. Sel Günalı bir qayaya çarpdı. Günal havaya sıçradı. Üzünü ona baxan arxadaşlarına tutub “Məni sellər apardı. Siz yolunuzdan qalmayın. Bəlgə Bilay dədəyə uğrayın. Əlvidaaaa arxadaşlarım. Yaşasın özgürlük, yaşasın yağız…” söylədi. Son sözlərini bitirə bilmədi. Sel Günalı suların coşqun dərinliklərində yox etdi. Çarəsiz yağız gənclər bir yerdə “Gü…naaaa…l” deyə bağırdılar. Günaldan bir səs çıxmadı. Sevilay hönkürtü ilə ağlamağa başladı və boğazı tutula-tutula “Ah Günal qardaşım, Günal, Günal. Səni unutmayacağıq Günal” söylədi. Yağızlar Günalın batdığı dərinliyə baxa-baxa qalmışdılar. Günaldan xəbər çıxmadı. Ərtay “Arxadaşlar, Günal yaşamını yağızların özgürlüyü yolunda fəda edən ilk savaşçımız oldu. Bu gündən sonra “Günal” sözü qutsallaşacaqdır. Aramızda onun qutsallığına and içiləcəkdir. Günalın özgürlükçü ruhu heç bir zaman bizdən ayrı olmayacaqdır” dedi.

Ülgən Günalın batdığı sellərin qaynaşmasından gözlərini çəkməyərək o anki duyğularını əzbər bildiyi qoşuqla anlatdı:

Fırtınalar qoynunda, ölən savaşçı dostum

Silinməz könlümüzdən, özgürlük xəyalların

Özgülük düşlərinə, sağlanacaqdır uyum

Özgür ruhun aydınlıq, gətirər bizə yarın

*

Fırtınalar qoynunda, ölənlərin sevgisi



Sönməz, uzanıb gedər, sürəkli sonsuzluğa

Ölümlərlə sarsılmaz, qurtuluşun sezgisi

Ölüm bir cığır açar, günəşli aydınlığa.

Buludlar göylərdən çəkilmək üzrə idi. Yağmur dayansa da, Bayquşyuvasındakı sellərin coşqulu axışı davam edirdi. Günaldan umut kəsilmişdi. Yağızlar barınaqda Günalın ölüm acısını yaşayırdılar. Yola girişlərinin ilk başında arxadaşlarından biri yağızların qurtuluşu yolunda ölmüşdü. Günalın ölümü qurtuluşçu yağızları dərdə batırsa da, onların istəncini qırmamışdı. Özay “Tanrı, arxadaşımız Günalı öz yanına alsın. Düşünürəm ki, Günalın ölümü bizi sarsıtmamalıdır. Onun inancı yolunda daha da böyük bir istənclə yürüməliyik. Günalın ölümü yağızların qurtuluşunun nə qədər önəmli olduğunu göstərməkdədir. Bu qurtuluş yolunda Günal kimi gənc yağızlar ölümü gözə alırlarsa, o zaman inancımızı itirməməliyik. Qurtuluşun yaxında olduğuna inanmalıyıq” dedi.

Güvənal: Məncə də. Yas tutmağımızın bir anlamı yox. Hər bir yağızın özgürlük yolunda ölməsi savaş istəncimizi daha da yenilməz etməlidir.

Savunal: Milyonlarca yağızların qurtuluşu üçün yola düşmüşük. Birey olaraq yaşamımızı genəl yağız yazqısına bağladığımızı düşünürüksə, heç bir olay bizi sarsıda bilməz. Fırtınalar qoynunda ölmək boyuzların köləsi kimi yaşamaqdan daha üstündür, daha şərəflidir.

Xamut: Mən bu qədər çətinliklərlə rastlanacağımızı bilmirdim. Hələ yolun tam başlanqıcında ikən, başımıza bu qədər çətinliklər gəldi. Az qala boğulacaqdım. Bir neçə kərə Ərtay məni qurtardı. Yoxsa boğulub öləcəkdim.

Yağıl: Böylə anlaşılır ki, hələ qarşıda daha çox fəlakətlər var. Ən önəmlisi də budur ki, biz bilmirik Ülgənin atası Çərənbil dağında yaşayır, yoxsa yox. Tutalım ki, biz Çərənbilə çatdıq və gördük ki, bügü Bilay dədə yoxdur, ölmüş. O zaman nə edəcəyik? Nədən bu haqda yola düşmədən öncə heç düşünmədik?

Yağılın bu sözləri Ülgəni çox üzdü. Ancaq Ülgən susmağı tərcih etdi. Buludlar çəklmiş, göy üzü dərin maviliyə bürünmüşdü. Günəşin batmaqda olan ışınları yağızların belini isidirdi. Ərtay “Burda dincələk bir az. Yarın erkəndən yolumuza davam etməliyik” dedi. Dərədə selin səsi get-gedə azalmaqda idi. Ülgən üçün bulunduqları yer çox önəmli bir məkan idi. Atası Bilay burda, Bayquşyuvasında boyuzlarla savaşmışdı. Bu üzdən də Bayquşyuvasının hər tərəfinə diqqətlə baxırdı. Atasından bir iz görə bilir deyə hər yanı diqqətlə seyr etməkdə idi. Bayquşyuvasının arxasında Balaxanbacası adında uçurumlu enişlər var idi. Yarın yağızlar Balaxanbacasından Çərənbil dağına tərəf yola düşəcəkdilər. Gün batmışdı. Yağızlar barınaqda yuxuya dalmışdılar.

Gecəyarısı idi. Gənc yağızlar yatmışdı. Sevilay gecəyarısı yuxudan oyandı. Soyuqdan yata bilməmişdi. Bir az öz-özünə düşündü. “Yəqin başqa yağızlar üçün də soyuqdur” deyə öz-özünə pıçıldadı. Yan-yörəyə baxdı. Daşlara suvanmış qollu-budaqlı sarmaşığa gözü sataşdı. Sarmaşığın yarpaqlarını saplaqlarından gəmirib qopardı. Sonra da gətirib uyumuş olan yağızların üstünə sərdi. Ərtayın da üstünə sarmaşıq yarpağını örtmək istərkən, Ərtay yuxudan oyandı. Heç bir söz söyləmədən üzündə gülücüklər olan Sevilaya baxdı. Sonra ətrafında yatan yağızlara baxdı. Sevilay hamısının üstünü örtmüşdü. Ərtay bir az susqunca öncə Sevilaya baxdı. Daha sonra “Sağ ol, çox sağ ol Sevilay” dedi. Sonra üstündəki Sevilayın sərdiyi sarmaşıq yarpağından yorğanı bir yana çəkib Sevilayın yanına gəldi. “Arxadaşlarımız yaxşıca yatmışlar. Gəl bir az barınaqdan dışara baxıb görəlim nə var, nə yox?” dedi.

Sevilay: Gəl baxalım. Hava çox gözəl olmuş. Göydə ulduzlar parıldayır. Ay da dolunaylaşmış18. Ağ-appaq bir gecə.

Barınağın önündən Bayquşyuvasının qorxunc uçurumları görünürdü. Artıq güclü sellər yox olmuşdu. Dərədə incə bir arx axmaqda idi. Keçən gün Günalın boğulduğu yerdə kiçik bir gölməçə var idi. Ay gölməçədə görünürdü. Yavaşça əsən yel gölməçənin suyunu titrədirdi. Gölməçənin suyu titrədikçə, ay gölməçədə rəqs edirdi. Çevrədə cır-cıralar da mahnı söyləməkdəydilər. Ərtay “Varlıq nə qədər də gözəl” dedi. Ancaq sərt öskürək sözünün davam etməsini önlədi.

Sevilay: Ərtay, mən səni tanıyalı sürəkli öskürürsən. Nədir sənin dərdin?

Ərtay: Uzun bir macəradır. Başqa bir zaman anladaram. Ancaq bu öskürək kimi kəz19 canımı çox sıxır. Umarım ki, amacımıza ulaşarıq və bu öskürək sağlığıma zərər verməz. Böylə çətin gündə sağlığı yerində olan savaşçı yağızlar lazım.

Sevilay: Sanki az öncə sellərin ortasında yaşam savaşı vermirdik. Sanki Günal ölmədi, yaşamaqdadır. Yaşam nə qədər də ilgincliklərlə doludur!

Ərtay: Əvət, öylədir. Yaşamaq gözəldir. Bəlkə bizim yaşamımızın da gözəlliyi bu savaş üçündür. Günal çox anlamlı biçimdə öldü. Böylə ölümlər yaşama daha da anlam qazandırır.

Sevilay: Keşkə ölməsəydi. Biz böyük qurtuluş sevdası ilə yenicə yola girmişkən, Günal çox erkəndən öldü. Geri döndüyümüzdə anasına nə deyəcəyik?

Bu zaman Sevilayın gözləri doldu. Içini çəkib ağlarkən, Ərtay onun başını köksünə tərəf çəkib bağrına basdı. Sevilayın içini çəkməsi Ülgəni də oyatmışdı. Ülgən oyanmışdı, ancaq oyandığını bildirmədi. Ərtayla Sevilayın söhbətlərini eşidirdi.

Ərtay köksünü ötürüb dedi: Bilirsənmi Sevilay? Mutlu ölməyi başarmaq gərək. Gerçəkdən də hamımız öləcəyik. Ölümdən qorxmamaq lazım. Qorxarsaq, bir kərə deyil, bir neçə kərə ölərik. Günal mutluca öldü. Gördünmü son nəfəsində nələr söylədi? Son anlarında ölümdən qorxmadığı bəlli idi. Son anında da yağızların qurtuluşunu düşündü. Soyumuzun qurtuluşunu. Onun bu biçim ölməsi məni çox dərindən etkilədi. “Yardım edin!” çağrıları yerinə “Yaşasın özgürlük” deyib selin dərinliyində yox oldu. Önəmli olan bu inancın bağrımızda barınmış olmasıdır. Bu inancımızı gerçəkliklə uyumlu duruma gətirirsək, soyumuzun qurtuluşu kəsinləşəcəkdir. Bu bir sevgi savaşıdır Sevilay!

Sevilay, başının Ərtayın köksündə olmasından çox mutlu idi. Aylı-ulduzlu gizəmli20 gecədə Sevilay sevgi ilə qurtuluş inancı qonusunda bir erkək yağızdan sözlər duymasından çox xoşlanmış görünürdü. Özünü daha da Ərtayın qoynunda yerləşdirib “Sevgi nədir səncə Ərtay?” dedi.

Ərtay: Sevginin nə olduğunu bəlkə bilgilərimizlə anlada bilmərik. İçimizdə sönməyən bir gücdür sanıram. Bizi dürüst olmağa, özverili olmağa yönləndirən odur. Gizəmli biçimdə içimizdə varlığı, özəlliklə yağızları sevmə bilincini oluşdurar. Ancaq biz o saytalman21 sevgini bir yağız bireyi22 üzərində odaqlanmış23 olaraq gördüyümüzdə içimizin yandığını hiss edərik. Sevgi budur məncə. Özümüzü tinsəl24 açıdan varsıl25 sanmağa başlarıq.

Sevilay: Çox gözəl anladırsan. Anlatmağa davam et!

Ərtay: Sevgi, yenidən doğuşdur məncə. Bir inanc və əxlaq düzəninə uyum sağlama sürəcidir. Özverilikdə bulunmamız üçün içimizdə geniş olanaqlar26 sağlayan gizəmli gücün adı sevgidir. İçimizi kötü duyğulardan arındıran da odur. Düşünürəm ki, gerçək sevgi dar ortamlara sığmaz, sığamaz. İçimizdə haqqında danışdığım sevgi olmasaydı, böylə qorxulu yollara girməzdik. Gerçək sevgi gəldiyində ödləklik27 yağızın içini tərk edər. Bunun üçün sanıram bir sürü çətin yollardan keçmək, bir çox denəmələrdən uğurla çıxmaq gərəkir. Çünkü ödləkliklə yağızın içini genişlədən böyük sevgi ikisi bir yerdə olamaz. Günal, sevgisindən vaz keçmədən öldü. Böylə öldüyü üçün də ölmədi. Yağızların tarixində sonsuzluğadək yaşayacaqdır. Bizi sonsuzluqla özdeşləşdirən28 gücün adı sevgidir.

Sevilay Ərtayı dinlədikçə, içi sanki dərindən-dərinə aydınlanmaqda idi. Bu gizəmli gecədə yağız bir erkəkdən sevgi haqqında sözlər duymaq içini böyük bir güvənlə doldurmaqda idi. Ərtayın öskürtüləri arasıra qonuşmasını kəsirdi. Arxada Ülgən də onların aralarında keçən qonuşmaları onlardan xəbərsiz eşidirdi. Ülgən Ərtayı dinlədikçə, ona içdən-içə dərin bir güvən duyğusu hiss edirdi. Düşünürdü ki, böylə bir yağızla qorxunc yollarda yol yoldaşı olmaq olar. Ancaq Ərtayın ara-sıra qorxunc öskürəkləri Ülgəni də üzməkdə idi. Bu güclü yağız gənc nədən böylə sərt öskürürdü? Sevilay, damarlarında sevginin qaynayıb daşdığını hiss edirdi. İçindəki sevgini Ərtaya açmaq istəyirdi. Damarlarında tamurları29 sərtçə çırpınmaqda idi. Bütün30 varlığını sevgi sarmışdı. Ərtayın öskürəklərini eşitdikçə bu güclü yağıza sevgisini söyləmə və onu gücləndirmə duyğuları keçirdi içindən. Sonunda gözləri Günalın batdığı yerə baxaraq və dodaqları titrəyərək “Ərtay, sənin anlatdığın kimidir. Çox haqlısan sevgi ilə ilgili söylədiklərin doğrudur. Tam anlatdıqların kimi səni sevirəm” dedi.

Ərtay susmuşdu. Onun da gözləri Günalın boğulduğu dərəyə dikilmişdi. Köksünü ötürdü. Sevilayın boynuna sarılıb “Yurdumuzu qurtardıqdan sonra hər şey yaxşı olacaq. O zaman bütün yağızlar ağrılara qatlaşmadan sevib-seviləcəklər. Sevgimizin amacı özgürlüyümüzdür” dedi. İkisi də bir-birinə sarılıca Günalın boğulduğu dərəyə baxırdılar. Ülgən onları səssizcə dinləyirdi. Bu qutsal sevgi qonuşmaları qarşısında duyğulanmışdı. Gənc Ülgən göz yaşlarını tutamadı. Kimsə görmədən için-için və səssizcə, göz yaşları axıb gedirdi. İlk kəz idi iki yağızın böylə dərin sevgilərinə tanıq31 olurdu. Ancaq oyaq olduğunu bildirmədi. Onların qonuşmalarını, onların bir-birinə sarılmalarını önləmək istəmədi.

Ərtay Sevilayın əlindən öpərək “Yarın erkəndən yola çıxmamız gərəkir. Bir az uyumamız lazım” dedi. Sevilay Ərtaydan ayrılmaq istəmirdi. Bir az duruxdu. Düşündü ki, yarın qızmar günəş altında uzun yolçuluğa çıxacaqlar. Ərtayın da dinlənməsi gərəkirdi. Bu üzdən “Əvət, bir az uyusaq, yaxşı olar” dedi.

***
Yağızlar erkəndən oyandılar. Günəş doğmaq üzrə idi. Dünkü bərk yağmurdan sonra torpaq yeni nəfəs almış, yaşıllıqlar səhər yelləri ilə dalğalanmağa başlamışdı. Yıpar32 hər tərəfi sarıb doldurmuşdu. Yağızlar Bayquşyuvasında gecələdikləri barınaqdan dağın arxasına tərəf dırmaşmağa başladılar. Dağın arxası Balaxanbacası adlanırdı. Balaxanbacasından Çərənbil dağının göründüyünü eşitmişdilər. Ərtay iri gövdəsi ilə dağın doruğuna33 doğru dırmaşırdı. Arxasınca da başqa yağızlar yavaş-yavaş dırmaşırdılar. Ən arxada Ülgənlə Sevilay bir yerdə dırmaşırdılar. Onların önündə Xamut və Yağıl yürüməkdəydilər. Ülgən və Sevilay Xamutla Yağıl arasında keçən söhbətləri duyurdular. Xamut sanki kimsənin duymasını istəmədən yavaşça Yağıla “Bu qədər uzun yolu getdikdən sonra bir də bunun geri dönüşü var. Çərənbil dağında bizi nələrin bəklədiyini də bilmirik” dedi.

Yağıl: Sanıram yola çıxmadan öncə nələrisə, doğruca ön görməmişik. Bir azdan yandırıcı günəş bizi bu sal qayalıqlarda yaxacaq. Sellərdən canımızı qurtarsaq da, qızmar günəşdən qurtara bilməyəcəyik.

Xamut: Sən nə düşünürsən? Geri dönmək qolay34 olar, yoxsa irəliyə doğru yürüməkmi?

Yağıl: Bilmirəm. Başımızı dərdə soxduq. Geri də dönsək, bu kəz boyuzlar bizi tutuqlayacaqlar. Tutuqlayıb qaranlıq tünəklərə35 atacaqlar.

Xamut: Düşünürəm də, bəlkə başımıza öylə qorxunc olaylar gələ bilər ki, tünəklərdə qalmaq ondan daha yaxşı olar.

Ülgən və Sevilay Xamutla Yağılın arasında keçən qonuşmaları dinləyib bir-birinə baxdılar. Səslərini çıxarmadan onların arxasındakı qayalıqdan dırmaşırdılar.

Ərtay doruğa ulaşmış arxasınca gələn arxadaşlarını bəkləyirdi. Tam bu sırada Xamutun “Yardım edin, yardım edin, düşürəm” fəryadı yüksəldi. Xamutun ayağı qaymış36 düşmək üzrə ikən, bir turşəng* budaqcığına yapışıb sallanmaqda idi. Oradan qopsaydı, dərənin dərinliyinə düşücəkdi. Ərtay onun yardımına qoşdu. Əlini uzadıb Xamutun əlindən yapışıb qurtarmasına yardım etdi. Xamut qurtulub zirvəyə ulaşdıysa da, Ərtaya bir “sağ ol!” da demədi. Xamutun üzündə qorxunc peşmanlıq və güvənsizlik duyğusu var idi. Ərtay heç bir söz söyləmədi. Zirvədə bir yerə toplaşdılar. Balaxanbacası daha qorxunc bir dərəyə doğru uzanmaqda idi. Onlar bu qorxulu yollardan keçəcəkdilər. Çox uzaqda Başı dumanlı bir dağ çətinliklə görünürdü. Ərtay yanında duran Güvənala “Görürsənmi? Oraya gedəcəyik biz” dedi. Güvənal yanıtlamadan öncə Yağıl “Çox uzaqdır. Aylar sürəcək oraya varışımız” dedi. Xamut üzünü Ülgənə tutaraq “Bügü Bilay dədə də çox uzaqlara getmiş. Bu yaxınlarda bir yerdə gizlənə bilməzdimi?” dedi. Ülgən heç bir şey söyləmədi. Ərtay araya girib “Bilay dədə ən doğru olanı etmiş. Ən doğru yerə yerləşmiş” söylədi. “Burda bir az dincəlib yola düşəcəyik” deyə davam etdi.

Güvənal Yağılın və Xamutun davranışlarından incik idi. Ancaq danışmamağı, susmağı seçmişdi. Günortaya doğru hava aşırı biçimdə isinməkdə idi. Güvənal bərk susamışdı. Dağın zirvəsində su bulunmayacağını bilirdi. Bir az kənarda əvəliyin geniş yarpaqları üzərində dünkü yağmurdan qalan su damlaları var idi. İçmək istərkən, arxadaşlarına “Susamış olanlar varmı? Bir azdan su bulunmayacaq. Otların üzərindəki suları qullanmalıyıq” dedi. Xamut və Yağıl əvəliyin üzərində birikmiş suyu içməyə qoşdular. Güvənal geriyə çəkilib onlara yol verdi. Əvəliyin üzərindəki su birikintilərini başqalarının susuzluqlarına aldırış etmədən içdilər. Xamutla Yağılın bu davranışları yağızları incitsə də, kimsə bir söz söyləmədi. Çətinliklərlə qarşılaşdıqca yağız bireylərin gerçək kimlikləri ortaya çıxırdı. Bu an yağızların diqqəti Ərtaya yönəldi. Ərtay Sevilaya söykənmiş sərtçə öskürürdü. Savunal və Güvənal Ərtayın durumunu sordular. Sevilayın üzündə dərin kədər görünürdü. Ərtay özünü toparlayıb “Arxadaşlar, zamanı itirmədən yola çıxmalıyıq. Içinə düşdüyümüz çətinliklər bizim görəvimizi unutdurmamalıdır. Unutmayalım ki, soyumuz, boyuzların basqısı altındadır” dedi. Yağızlar Balaxanbacasından Çərənbil dağına tərəf yola düşdülər. Xamut və Yağıl ən arxada qalmış danışırdılar. Onların yaxşı qonular danışmadıqlarını yağızlar bilirdilər. Ancaq qarışmaq istəmirdilər. Daha öndə gedən Ərtayın dərin rahatsızlığı olsa da, bunu bəlli etməməyə çalışırdı. Özay Ərtayın arxasınca yürüməkdə idi. Birdən Ərtay halsızlaşıb bayıldı. Özay Ərtayı tutmasaydı dərəyə yuvarlanacaqdı. Ərtay bayılmışdı. Yağızlar yardımlaşıb Ərtayı Balaxanbacasının kiçik bir təpəsinə daşıdılar. Xamut bayqın Ərtaya baxıb “Bir-bir hamımız bu qızmar günəşin altında öləcəyik. Yaxşısı budur ki, geri dönəlim” dedi.

Yağıl: Məncə də. Ərtayı da alıb geri dönəlim. Bizim içimizdə ən iri gövdəli Ərtaydır. Ərtay sayrulaşırsa37, biz də gec-tez sayrulaşıb öləcəyik.

Özay: Nə danışırsınız? Nə geri dönmək? Geri dönüb boyuzların qaranlıq tünəklərində ölməliyikmi? Bizlər geri dönmək üçünmü yola çıxdıq? Günalı bunun üçünmü itirdik?

Sevilay çox gərgincə “Arxadaşlar, bu an biz Ərtayın sağlığını düşünməliyik” dedi.

Savunal: Əvət, Ərtayın sağlığı çox önəmli.

Güvənal: Ərtay üçün özəl daşıyacaq düzəldəlim. Onun içinə qoyub çiyinlərimizə alıb Çərənbil dağına tərəf yürüyəlim.

Ülgən susqunca durmuşdu. Gözlərini çox uzaqlarda görünən Çərənbil dağına dikib “Ərtayı Çərənbilə çatdıra bilsək, bəlkə atam onun sayruluğunu da gedərə bilər. Anamdan alpərənlik törəsində “yağızçarə” adında sayruluqları sağaltma bilgisinin də olduğunu duymuşdum. Alpərənlərdə ataçlıq38 da olurmuş. Atam məncə, Ərtayın sayruluğuna bir çözgə39 qılar” dedi.

Bu zaman Ərtay bir az özünə gəlmək üzrə idi. Sevilay Ərtayın başını qucağına almışdı. Ərtayın gövdəsi tir-tir titrəyir, bərk də öskürürdü. Ərtayın özünə gəlməsini görən Yağıl “Ərtay, Xamutla mənim düşüncəmiz geri dönməkdən yana. Sən nə deyirsən? Bu sayru durumunla səni Bilay dədəyə çatdıra bilmərik” dedi.

Xamut: Geri dönüb boyuzlardan bağış diləyəlim. Düşlərimiz40 bizi aldatdı deyəlim. İnanın ki, bizim abartdığımız kimi, boyuzlar çox da kötü deyillər.

Ərtay başını Sevilayın qollarından qaldıraraq “Siz hansı inanc və duyğu ilə yola çıxdınız? Bir az çətinliklərlə rastlanmışsınız deyə geri dönmək istəyirsiniz! Geri dönərsək, bütün yağızlarda düşqırıqlığı oluşar. Sonsuzluğadək köləliyə məhkum edilərik. İnanın ki, bu an milyonlarca yağızın umutları bizik. Alpərənlik bilgiləri ilə geri dönüb onları qurtaracağımızı bəkləyirlər. Ayrıca, geri dönərsək, tək alpərən olan Bilay bügünü də bir dəfəlik itirə bilərik. Çünkü O da yaşlanmış olmalı. Ölürsə, artıq bizim alpərənlik keçmişimizlə bütün bağlarımız qobacaq, qırılacaq. Böyləcə də qurtuluş düşüncəmiz tarixdən silinər” dedi.

Özay: Çox doğrudur. Biz yalnız irəliyə doğru getməliyik.

Güvənal: Zaman itirmədən Ərtayı omuzlayıb41 gedəlim.

Savunal: Ərtayı mən omuzuma ala bilərəm. Daşıyacağa gərək yox məncə.

Ərtay: Dəyərli arxadaşlar, sizə çox önəmli qonu ilə ilgili danışmaq istəyirəm.

Ülgən: Buyur Ərtay!

Ərtay: Siz mənim sayruluğumla ilgi bilgisizsiniz. Sanıram mənim yaşamım sona ərməkdədir.

Sevilay: Öylə qonuşma Ərtay! Sən yaşayacaqsan.

Ərtay: Hər tək-təkimiz alpərənlik haqqında bir şeylər duymuşuq. Nə olduğunu tam bilməsək də. Örnəyin bilirik ki, alpərənlikdə günəşə və qılıca and içilir.

Özay: Doğrudur.

Ərtay: İndi sizlərdən istəyirəm ki, bu yoldan dönməməniz üçün başımızın üstündə parlayan günəşə and içəsiniz.

Yağızlar bir yerdə and içdilər. Ancaq Xamut və Yağılın səsləri içdən deyildi. Yağızların and içməsindən sonra Ərtay “Məni omuzlarınıza alıb, ya da bir daşıyacaqda daşısanız, Çərənbil dağına varmamız çətinləşəcək, ya da heç mümkün olmayacaq. Yağızların qurtuluşu mənim yaşamımdan daha önəmli. Məni burda buraxıb Çərənbil dağına doğru böyük istənclə yürümənizi istəyirəm” dedi.

Sevilay ağlayaraq: Ərtay, səni burda necə buraxa bilərik?

Güvənal: Səni burda buraxıb getməmiz yoldaşlıq ilkələrinə ayqırıdır42. Doğru olmaz.

Ərtay: Mən bir yağız qoşuğu əzbərləmişdim çocuqluğumda. Bəlkə sizlər də əzbər bilərsiniz. Böylə idi:

“Ol uzaqlıqlardakı min türlü gizlər səslənir,

Yaş keçir, köksümdə ancaq türlü sirlər bəslənir

Bu dağılmış hislərim, məndən qaçıb hər kəslənir

Möhkəm ol kim bu çətinliklər səni heç yıxmasın,

Yoldaş oldur kim, qaraa günlərdə yoldan çıxmasın.”

Bu şeiri mən çox sevərdim. Bəzi yağızlar bu qoşuğu mahnı olaraq söylərlər. Ancaq bu şeir, sanki bizim yoldaşlıq sevgimizi anlatmaqdadır. Sizlərin Çərənbil dağına varmanızı istəyirəm. Geri dönüb yurdumuzun və yağızların qurtuluşu yolunda savaşmalısınız. Çox şərəfli bir yaşam biçimidir bu. Mən də sizinlə olacağam. Günal da. Biz yağızların qurtuluşu üçün yola çıxmışıq. Ölümümüz də bu qurtuluş üçün olmalıdır.

Yağızlar səssizcə, Ərtayı dinləyirdilər. Ülgən və Özay göz yaşlarını çətinliklə tuta bilmişdilər. Sevilayın göz yaşları durmadan axıb Ərtayın köksünə damlayırdı. Güvənal köks ötürüb “Ərtay, sən olmasaydın, biz bu yola çıxa bilməzdik. Sən bizi ürəkləndirdin” dedi.

Savunal: Doğrudur. Sən gerçək bir yağızsan. Bizim böyüyümüzsən. Səni buraxıb getmək doğru olmaz.

Ərtay: Məni buraxıb getməyəcəksiniz. Mən yalnız ölmək istəmirəm. Sizlərdən başqa bir istəyim olacaq.

Güvənal: Buyur söylə Ərtay!

Ülgən: Ərtay, sənin sayruluğun bu qədərmi ağır. Tusu43 bulmazsanmı?

Özay: Əvət, sənin sayruluğun nə? Nədən böylə öskürüb titrəyirsən?

Xamut: Bizim yanlış yola girməmiz Ərtayın başını dərdə soxdu. Çətin yollar Ərtayı sayrulaşdırdı.

Yağıl: Ərtayı da alıb geri dönəlim. Geri dönüş yolumuz daha yaxındır.

Ərtay: Sevgili Xamut və Yağıl, Sizlər bu gücsüz istəncinizlə yağızların köləliyini onaylamaqdasınız. Geri dönmək istərsəniz, dönün. Ancaq irəliyə doğru getmək istəyənlərin istəncini etkiləməyin. Mənim tusu bulmam olanaqsız. Sizlər Bilay bügüyə varmalısınız. Yalnız sizlərdən bir istəyim olacaq.

Sevilay: Nədir istəyin Ərtay?

Ərtay: yalnızca qalıb gücsüzləşib, gücümü itirib ölmək istəmirəm.

Ülgən: Nə etməmizi istəyirsən?

Ərtay dərənin dərinliklərində çağlayan suları göstərib “O çağlayanın44 çağlar dərinliklərində ölmək istəyirəm. Günal kimi, fırtınaların qoynunda. Ölümün məni aşağılamasını istəmirəm. Mən özgürlüyümüz yolunda savaşıb ölmək istəmişdim. Bu böyük mutluluq mənim yazqımda45 yox imiş. Sizlər böylə edərsiniz” dedi.

Yağızlar Ərtayın sözlərini diqqətlə dinləyirdilər. Ərtay tir-tir titrəyir, sərtcə öskürürdü. Öskürəyinə ara verildiyində özünü toparlayıb danışırdı. Yağızlar Ərtayın ölüm biçimini seçməsi qarşısında şaşqın idilər. Ərtay bir az kənarda bir günəbaxana sarılan sarmaşığı göstərib “O sarmaşığı qırıb gətirə bilərsinizmi?” dedi. Sevilay Ərtayın başını qucağına almışdı. Erkək yağızlar sarmaşığı torpağa bağlandığı yerdən gəmirib qopardılar. Uzun sarmaşığı sürükləyib gətirdilər. Daha sonra Ərtay bir daşa işarə edərək “O yumuru daşı da gətirin!” söylədi. Yağızlar yumru-yuvarlaq daşı da gətirdilər. Ərtay “Sizdən istəyim budur ki, məni sərtçə sarmaşıqla sarıyıb bu daşa bağlayın. Öylə bağlayın ki, açılma olasılığı46 olmasın” dedi.




Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə