Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,06 Mb.
səhifə2/41
tarix30.11.2016
ölçüsü4,06 Mb.
#514
1   2   3   4   5   6   7   8   9   ...   41

ƏDƏBİYYAT:
1. Almasov Vərağa. Peyğəmbər aşiqi Füzuli. Bakı, 2007.

2. Azərbayan tarixi. Yeddi cilddə. Üçüncü cild. Bakı: Elm, 1999.

3. Baqirov Akram. Raxmati Tabrizi i filoloqiçeskoe is­sle­dovanie eqo «Divan»a. Baku: Nurlan, 2006.

4. Dadaşzadə Araz. XVII əsr Azərbaycan lirikası. Bakı: Elm, 1980.

5. Köçərli Firidun bəy. Azərbaycan ədəbiyyatı. İki cilddə. İkinci cild. Bakı: Elm, 1978.

6. Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı: Şərq-Qərb, 2005.

7. Mümtaz Salman. Azərbaycan Ədəbiyyatının qaynaqları. Bakı: Yazıçı, 1986.

8. Seyidov F. Qövsi Təbrizinin əlyazmalarında olan şeirlə­ri­nin vəzni Əlyazmalar xəzinəsində. III cild. Bakı, Elm, 1972.

9. Sultanov Məmmədağa. Yazılı abidələrin tədqiqi. Bakı: Nurlan, 2010.

ƏLYAZMALAR:
10. Cüng № B-1812.

11. Cüng № A-340.
Əli MƏMMƏDBAĞIROĞLU

(Əlyazmalar İnstitutu)
DƏLİNAMƏ” HEKAYƏTİ VƏ ONUN MÜƏLLİFİ HAQQINDA
Azərbaycan yazılı xalq ədəbiyyatına aid “İbrahimnamə”, “İsmayıl­namə”, “Kəsikbaş”, “Kəllənamə”, “Keyik­na­mə”, “Möv­­ludnamə”, “Düzd və qazi”, “Bay­quş­namə”, “Hekayəti-gö­­yərçin”, “Hekayəti-də­və”, “He­ka­yəti-Məhəmməd Hənifə” və s. hekayətlərin hər birinin özü­nə­məxsus məz­mun və süjet xət­ti olmasına bax­ma­ya­raq, bu əsərlər ta qə­dimdən xalq ara­sında yaranmış əfsanə və rəvayətlərin müşa­yiəti ilə insanların əxlaqi, dünyəvi görüşlərinin islami ruhda formalaşmasına bö­yük təkan vermiş və eyni zamanda xilafətin ələ keçirdiyi tor­paqlarda İslamın qəbu­lu­nun sür­ət­lənməsinə, daha da möhkəm­lənməsinə münbit zəmin yaratmışdır.

Bu qəbildən olan “Dəlinamə” hekayəti də orta yüzilliklərdə nəzmlə köçü­rü­lən və Şərq aləmində geniş yayılmış xalq yara­dıcılığı nümunə­lərindən biridir. Həcm etibarilə kiçik olan bu hekayət didaktik məzmun daşıyaraq, uzun müddət İslam dini və dini görüşlərinin təbliğinə xidmət göstərmişdir. Qeyd edək ki, İs­la­mın qəbulu ilk vaxtlar elə ərəblərin ara­sında da qısa bir zaman ərzində baş tut­ma­mış, əvvəlcə Məhəmməd Pey­ğəmərin (s) özünün, daha sonralar isə ardı­cıllarının başçılığı ilə aparılan uzun mübarizələr, mücadilələr nəticəsində həyata keçmişdir.

Ərəbistandan kənarda, qeyri ərəblərin arasında da bir çox yüzilliklər dönə­mində tamamilə yeni bir dini, eyni zamanda dinin özü ilə gətirdiyi yeni bir dili, yeni bir mədəniyyəti və yeni dünyagörüşü qəbul etmək fonunda onu birdən-birə əxz etmək heç də asan olmamışdır. Çünki yeni qəbul edilən hər bir şey nə qədər mütərəqqi, humanist, ədalətli, təkmil olsa da, onu qısa bir vaxt ərzində qəbul etmək, canına, ruhuna hopdur­maq, ağıla dərk ediləcək səviyyədə sığışdırmaq üçün uzun zamana eh­tiyac duyulur.

Günümüzə gəlib çatmış dini məzmunlu hekayətlərdən elə­ləri də var ki, onlar yalnız Azərbaycan xalqının bədii təfək­kürünün məhsuludur. “Dəlinamə” hekayəti belə­lə­rindən biri­dir. Adından da göründüyü kimi, “dəli” türk sözü olub, “Kita­bi-Dədə Qorqud”, “Koroğlu” kimi dastan abi­dələrimizdə “igid”, “qəhrəman” mənasında işlənmişdir. “Dəlinamə” he­ka­yə­ti­nin qəhrəmanı da çılğın, ipə-sapa yat­mayan, öz sözündən dönməyən, asi xarakterlidir. Obraz bu xarakterik xüsusiy­yətlərinə görə “Kitabi-Dədə Qorqud”dakı “Dəli Domrul” bo­yu­nun qəhrəmanına ox­şar­lığı (1) və Əhmədi Təbrizinin “Əs­rar­namə” əsərinin tərcümə­sindəki (2) heka­yətlərə yaxınlığı ilə diq­qəti cəlb edir.

“Dəlinamə” hekayəti haqqında bu günədək çox az araşdır­ma apa­rılmış və az yazılmışdır. Tanınmış folklorşünas alim, filologiya elmləri doktoru Şamil Cəm­şi­dov “Dəlinamə” adlı məqaləsində (3; 4) bu folklor əsəri əlyazmasının elmi-pale­oq­rafik xü­susiyyətlərini və hekayətin ideya və məzmunu haqqın­da ilk dəfə elmi ic­ti­ma­iyyəti bilgiləndirmişdir. Alim məqaləsi­nin sonunda belə bir fikri səsləndirir: “Də­­linamə” məs­nəvisi orta əsr ədəbiyyatımızın qiymətli nümunəsi ola­raq tədqiqata la­yiq bir əsərdir”(4, s.174). Ş.Cəmşidov həmin məqalədə “Dəli­namə”nin AMEA Mə­həm­məd Füzuli adına Əlyazmalar İnstitutuinda 18 əlyazma nüsxəsinin olmasını bil­dirir. 2007-ci ildə Ş.Cəmşidovla birgə tərtib edərək nəşr etdirdiyimiz “Türk əl­yaz­­maları kata­loqu”nun I cildinə (5) hekayətin Əlyazmalar İnstitutunda saxlanılan 9 nüs­xə­si­nin paleoqrafik-təsviri məlu­matı daxil edilmişdir. Həcminə görə 50-70 arası beyt­dən ibarət olan hekayətlərin nüsxələri məzmunca oxşar olub, XIX və XX yü­z­illiyin əvvəllərində köçürülmüşdür. Əlyazmalar İns­titutu xəzinə­sində saxla­nılan və ka­ta­lo­qa təsviri məlumatı daxil edilən “Dəli­namə”­nin ən qədim nüsxəsi 1835-ci ildə (B-5275/6900), sonuncusu isə (B-5846/7471) 1908-ci ilin yanvar ayının 24-də Mə­həm­məd bin Molla Sədulla tərəfindən Hacı Abdulla əfəndi Qış­laqinin xidmə­tində kö­çürülmüşdür (5, s.62,63). Əlyazmalar İnstitutunun xəzinəsindəki 9 nüs­xə­­dən dör­dü (B-5275; B-625; B-5846; B-4426) arasında tutuşdurma apar­dıqda mətn­lər həm həc­minə, həm də hər bir nüsxədə katib dü­zəlişlərinə, redaktəsinə görə fərq­lənir. B-5275 şifrli nüsxə 63, B-625 şifrli nüsxə 60, B-4426 şifrli nüsxə 51 və B-5846 şifrli nüs­xə isə 47 beytdən ibarətdir. İlk üç nüsxə­də he­ka­yətin məzmunu tamamlanmış, so­nuncu nüsxədə isə nəql olunan əh­va­lat yarımçıq köçürülmüşdür.

Hekayətin məzmunu “Kitabi-Dədə Qorqud”un “Dəli Dom­rul” bo­yun­dakı ki­mi maraqlı bir süjet üzərində qurulmuşdur. He­kayət nağılvari bir girişlə başlanır:

Var idi bir dəlü əvvəl zamanda,

Gəzərdi hər zaman ol bir məkanda.

Hekayətin ilk misralarında Dəlinin nə qədər çılğın olduğu təsvir olunsa da, o daim Tanrısını tanıyar və Ona üz tutub sev­gisini bildirərdi:

Xuda ilə könlündə raz edərdi,

Sevərdi Tanrını, çox naz edərdi.

Hekayətin qəhrəmanı daha çox gözütoxluğu və təmən­nasız­lığı ilə diqqəti cəlb edir. Fikri heç vaxt yemək-içmək yanında olmayan, acmaq nə olduğunu bilməyən, acanda da çox gec acan Dəli, Allaha üz tutub içində çoxdan bəri baş qaldıran eti­razını dilə gətirir, hətta onunla dö­yüşə belə hazır olduğunu bildirir:

Yemək üçün bəğayət acmazdı,

Əgər qarnı acardı, gör nə derdi.

Dedi: eşid aləm kirdgarı,

Səninlə edərəm bir cəng barı.

Burada Tanrı bir bədii obraz olaraq Dəli ilə üz-üzə gətirilir. Dəlinin istəkləri yerinə yetmədiyinə görə Allaha “Yuxaruda nə durursən, en aşa­qə”, “Bənim qor­kum­dan ox­şarsan uşaqə” de­mə­silə təhdidlər edir və özünün heç nədən qorxub çəkin­mədi­yini cəsarətlə bildirir:

Derdin: bən yaratdım cümlələri,

Anunçün sən qurarsan cümlələri.

Derdin: onları cənnətə qoyman,

Sənin cənnətini bir pula sayman.

Arzuladıqlarına nail olmayan Dəlinin bu cür çılğın, təh­didedi­ci etirazlarını gö­rən Tanrı, Dəlinin tutulmasını buyurur.

Eşitdi Tanrı, der: dutun Dəlini,

Anın dalına bərk bağlayın qolunı.

Boğazına salın bir qıl sicimi,

Bəgənməzsə, bənim bilsün gücimi.

Dəli Allahın göndərdiyi firiştələrlə meydana çıxıb döyüşür və firiş­tələrin hərə­si bir tərəfə qaçıb, yalnız biri sağ-salamat qalır ki, o da Alla­ha xəbər aparıb vəziy­yəti nəql edir. Bildirir ki, Dəlini bu cür ələ gətir­mək olmaz, bu işdə olsa-olsa xoş dil köməyə çatar:

Dedi: gəlməz ki, ol yamanlıq ilə,

Yenə gəlsə, gəlür yalvarmaq ilə.

Belə olan halda Allah Cəbraili Dəlinin yanına göndərir və onun dostu oldu­ğu­nu, çox sevdiyindən onu tutdurduğunu bildirir. Cəbrail Allahın salamını ona çat­dırıb, xoş sözlərlə könlünü almağa çalışır:

Dedi Cəbrail ona: can divanə,

Mənim canım, aya, sultan divanə.

Gül üzlü, həm şirin sözlü divanə,

Qəmər eynlü, günəş yüzlü divanə.

Cəbrail sözünə davam edərək Dəlini ələ almağa cəhd edir və deyir: “Axı, sənə kim divanə deyir? Sənə əgər kim divanə deyirsə, belə divanələrlə dünya doludur. Gəldim ki, Xudanın sözünü eşidib, Onun dediklərinə qulaq asasan”.

Dəli aydır: məni belə bilürdi,

Neçün mana firiştə göndərirdi?

Mən onda varmazam, ol munda gəlsün,

Yetər, hicran ilə bağrımı dəlsün.

Cəbrail Dəlinin dediklərini olduğu kimi Allaha çatdırır. Allah bu xəbərdən heç də halını pozmadan deyir ki, “o gəlməz isə, biz gedərik, əgər küsmüşsə, könlünü alarıq”. Allah mələklər biri sağında, o biri so­lun­da olmaqla yola düşür. Gəlib görür ki, Dəli çomağını yanına qoyub yatmışdır. Yuxudan oyanıb Allahın ona nə sovqat gətirdiyini soruşur.

Dedi Allah: sana alma gətirdim,

Azın-çoka bu yüzə çalma gətirdim.

Dəli:

Əgər alma isə almanam onı,



Alubən qoynuma salmanam onı.

Allah Dəlinin almanı almadığını görüb, heç olmasa almanı alıb qoxulamasını xahiş edir. Dəli Allahın sözündən çıxa bilməyib, almanı iyləyir və başa düşür ki, bununla da ömrünün sonu çatıb. Odur ki, sonda Allah-taaladan yalnız bir diləyi olur.

Dedi: keç cümlənin suçı suçından,

Dedi: bağışladım öci öcindən.

İylədi almanı, verdi canını,

Tanıdı dəli ol dəm Sübhanını.

Burada Dəli öz Tanrısına inam gətirəndən sonra belə bir fi­kir aydın olur ki, onun, yəni Dəlinin bütün narazılığının səbə­bi, sən demə, günahı olanların güna­hının bağışlanmamasıdır. Beləliklə, Allah-taala Dəli­nin xa­hişini eşitdikdə bütün suçlu­la­rın suçundan keçməklə, bəndəsi qarşı­sın­da bir daha qüdrətli, rəhimli oldu­ğu­nu nümayiş etdirir.

Dəlinin ölümü ilə hər şey sona çatmır. Onun üsyankarlığı o dün­yada da da­vam edir. İnkir-minkir onu sorğu-sual edəndə, belə şeyləri əhə­miy­yətsiz və etinasız qarşılayır:

Varub minkir-nəkir etdi sualı,

Dəli belə bilür nə qeylü qalı?

Hekayətdə Dəli obrazı nə qədər dönməz, inadkar xarakterdə verilsə də, mü­əllif sonda qəhrəmanının sadəlövhlüyünü, sözün əsil mənasında, qafilliklə əlaqə­ləndirir. İnkir-minkirin sorğu-sualı onu təngə gətirir, o da acıqlanaraq deyir:

Sögərəm, dögərəm, canın aluram,

Sənin dedigüyi mən nə bilirəm?

“Dəlinamə”nin nəzərdən keçirdiyimiz dörd nüsxəsindən yalnız B-5275 şifrli nüsxəsinin son beytlərindən birində “Heyrani” antroponimi işlənmişdir ki, onun hekayətin müəllifi olması ehtimal olunur (3, s.169). Başqa bir mənbədə də Hey­raninin hekayətin müəllifi olması fikri irəli sürülmüşdür. “XVII əsrdə yaranan mən­zum hekayətlərdən xalq ədəbiy­yatı ilə əlaqədar cizgilər daha da güclənir, cəsa­rətlli fikirlər irəli sürülür. Şairlərin dini-mistik ideya və təsəvvürlərə qarşı yaz­dı­ğı əsərlərdə bu cəhət aydın görünməkdədir. Belə əsərlərdən biri Heyraninin “Dəlina­mə” hekayəsidir. Şairin həyat və yaradıcılığı bu günə qədər qaranlıq qal­maqdadır. Onun barəsində orta əsr mənbələrində müəyyən bir mə­lumata rast gəl­mirik” (6, s.161). Bu fikrin düzgün olub, olmadığını də­qiq söyləmək mümkün deyil. Bəlkə də, Heyrani hekayətin müəllifi deyil, onun mətnini köçürən katibidir?! Çünki, bu antroponim heka­yətin müəllifinə aid olsaydı, həmin təxəllüsə digər nüs­xələrdən han­sın­dasa rast gəlinərdi və heka­yə­tin mətni də digərlərindən məzmununa, üs­lu­buna görə fərq­lənər, fərdi mü­əllif yaradıcılıq dəst-xətti göz qabağında olardı.

Müşahidəmizdən çıxış edərək deyə bilərik ki, hekayətin dörd nüs­xəsinin həm məzmunu, həm də mətnlərinin leksik tərkibində elə ciddi fərq görmürük. Ancaq qeyd edək ki, beytlərin sayının bir nüsxədə çox və ya az olması, ya da hər hansı söz və birləşmənin, həmçinin misra və beytlərdə fərqin ortaya çıxması əlyazma mətnlərinə xas olan bir xüsu­siyyətdir. Hətta, eyni katib tərəfindən köçürülmüş bir əsərin ayrı-ayrı nüs­xələrinin mətnində də fərqli cəhətlərə rast gəlmək müm­kün­dür. Nə­zərdən keçirdiyimiz hekayətin mətnləri isə süjet xəttinə və orfoq­rafi­yasına görə çox yaxındır. “Dəlinamə”nin ayrı-ayrı vaxtlar­da köçürül­müş üç nüsxəsinin əvvəl­dən bir neçə beytini müqayisə etdikdə demək olar ki, tamamilə oxşar olmasının bir daha şahidi oluruq:

1) Var idi bir dəlü əvvəl zamanda,

Gəzər idi hər zaman ol bir məkanda.

Gah aşkar idi, gahi nihani,

Gəzər idi hər zaman ol bir məkanda.

Xuda ilə könlündə zar edərdi,

Sevərdi Tanrını, çox naz edərdi.

Yemək üçün bəğayət acımaz idi,

Əgər qarnı acardı, gör nə deyərdi. (7)

2) Var idi bir dəlü əvvəl zamanda,

Gəzərdi hər zaman ol bir məkanda.

Gəhi aşikar idi, gah nihani,

Gəzərdi hər zaman ol bu cahani.

Xuda ilə könüldə raz edərdi,

Sevərdi Tanrını, çox naz edərdi.

Yemək içün ğayətdə acmaz idi,

Əgər qarnı acardı, gör nə derdi. (8)

3) Var idi bir dəlü əvvəl zamanda,

Gəzərdi hər zaman ol bir məkanda.

Gəhi aşikar idi, gəhi nihanda,

Gəzərdi hər zaman ol bir cahanda.

Xuda ilə könlündə raz edərdi,

Sevərdi Tanrını, çox naz edərdi.

Yemək üçün bəğayət acmazdı,

Əgər qarnı acardı, gör nə derdi. (9)

Qeyd edək ki, əlyazma əsərinin mətnini köçürən katiblər ənənəvi olaraq, mətn başa çatandan sonra adlarını kolofonda qeyd edirlər. An­caq burada hekayəti köçürmüş katib fikrimiz­cə, bir az tələsərək, əlyaz­manın katibi olmaqla bərabər, əsərin mətninə sonda müdaxilə etmiş və Dəlinin düşdüyü durumla bağ­lı öz münasibətini də bildirmək üçün təxəllüsünü mətn sonunda deyil, mətn daxilində axıra yaxın vermişdir. Xatırla­daq ki, bu cür hallarla, yəni yazılı folklor ədəbiyyatı nümunə­lə­­rinin kim tərəfindən qələmə alındığı, həm də onun əsərin müəllifi ol­ması ilə arabir rastlaşırıq.”Dəlinamə” və bu kimi he­kayətlər uzun za­man ərzində xalq arasında formalaşmış, nə­sil­dən-nəsilə keçmiş və müx­təlif vaxtlarda katiblərin köçürdüyü, uzun müddətdən bəri müəllif­siz­ləşmiş bir əsərin ayrı-ayrı nüsxələridir.

Bizcə, “Dəlinamə” nüsxələri arasında rast gəldiyimiz yalnız B-5275 şifrli əlyazma (9) mətnində Dəlinin yol verdiyi bütün əməllərin istər xo­şagəl­məz, ya da onun çılğınlığından irəli gə­lən olduğunu, buna görə də heç zaman tənbehə və qınağa tuş gəlməməsi fikrini göstərməklə katib oxucuya özünü mətn da­xilində təqdim etməyi münasib bilmişdir:

Əgər, Heyrani, istərsən dəlilik,

Dəli ol kim, ona olmaz zəlillik.
Ədəbİyyat:


  1. Kitabi-Dədə Qorqud. Tərtib, transkripsiya, sadələşdirilmiş variant və mü­qəddimə: Fərhad Zeynalov və Samət Əlizadə­nin­dir. Bakı: “Yazı­çı”, 1988, 265 s.

  2. M.Nağısoylu. Əhmədinin “Əsrarnamə” tərcüməsi (filoloji-teksto­lo­ji araş­dırma, mətnin transfonoliterasiyası). Bakı: “Nur­lan”, 2005, 244 s.

  3. Şamil Cəmşidov. Dəlinamə. “Elm və həyat”, 1978, № 4, s.26-27.

  4. Şamil Cəmşidov. Folklor və klassik irs. Bakı: “Qoliot Qkub” QSC, 2010, 432 s.

  5. Türk əlyazmaları kataloqu. I cild. Folklor abidələri və mü­əl­lifsiz əlyaz­ma­lar. Bakı: “Elm”, 2007, 220 s.

  6. Səfərli Ə. XVII-XVIII əsrlər Azərbaycan epik şeiri. Bakı: Yazıçı, 1982, 206 s.

  7. B-4426. Dəlinamə. AMEA M.Füzuli adına Əlyazmalar İns­titutu.

  8. B-625. Dəlinamə. AMEA M.Füzuli adına Əlyazmalar İns­titutu.

  9. B-5275. Dəlinamə. AMEA M.Füzuli adına Əlyazmalar İns­ti­tutu.


Nəsib Göyüşov,

Könül Mİrzəyeva

(Əlyazmalar İnstitutu)
YAZILI ABİDƏLƏRİN AKADEMİK TƏDQİQİ VƏ NƏŞRİ PROBLEMİ
Giriş. Abidələrin akademik tədqiqi və nəşri müxtəlif sivi­lizasiya məkanlarında forma­laşan ayrı-ayrı mədəniyyətlərə xas komponentlərin düzgün elmi mənzərəsinin yaradıl­ma­sı baxı­mın­dan olduqca əhəmiyyət­lidir. Yazılı abidələr istənilən halda hər bir xalqın tarixi keçmişi ilə ta­nışlıq üçün ən dəyərli və mö­təbər qaynaqdır. Başqa sözlə desək, onlar tarixin sənədli yad­daşıdır və keçmişin böyük elmi düşüncə potensialı, bədii-es­te­tik və mədəni irsi, əxlaqi-mənəvi dünyası ilə yanaşı, tarixi ha­di­sələr və ger­çəkliklər, əc­dadların keçdiyi həyat yolları və hət­ta onların xəyal və arzuları haq­qın­­da bu xəzinədə mükəm­məl məlumat əldə etmək olar. Həmin xəzinəyə toplanan zən­gin mirasın müasir el­mi metodlarla tədqiqi və nəşri təqribən yüz əlli il öncə Avropa və Rusiyada başlamış və bir əsr ərzin­də bu proses dinamik inkişaf yolları keçərək bir sistem halına salın­mış­dır. Son dövrlər Şərq ölkələrində də akademik araşdır­malar Avropa standartlarına uyğun, yəni müəyyən parametr və meyar­ları ilə bəlli bir yol tapmış və öz elmi hədəfinə doğru hə­rəkətdədir.

Avropada şərqşünaslıq elmi ilk növbədə yazılı abidələrin tədqiqi və nəşri ilə baş­lamışdı. Akademik N.İ.Kon­radın dəqiq təbiri ilə desək, “elmi şərqşünaslığın predmeti sözün əsl mə­na­­sında yazılı abidələrdir” (1.s.11). Çünki Şərq xalqlarının zən­gin tarix və mədəniyyəti, elmi-fəl­səfi irsi, dini-ideo­loji ba­xışları, ədəbi-estetik zövqü haqqında təsəvvur yaratmaq üçün həmin ilkin qaynaqlara müraciət etmək lazım gəlirdi. Təbii ki, ilkin mərhələdə bu iş öncə epizodik və pərakəndə halda olsa da, tədricən akademik səviyyəyə yetişmişdir və bu baxım­dan mənbə­şü­naslıq humanitar sahədə mühüm istiqamətlərdən biri kimi diqqəti cəlb edir.

Abidələrin tədqiqi və nəşri müasir dövrdə daha böyük əhə­miyyət kəsb edir, çünki bu əsərlər Qrta əsrlər Şərq xalq­la­rının ta­rixinin ayrı-ayrı mərhələlərini orjinal mətnlər əsasında mü­kəm­məl öyrənmək baxı­mın­dan olduqca dəyərli, mötəbər qay­naq­lar və baza rolunu oynayır (2.s. 8).

Əlyazma kitabı ayrı-ayrı xalqların keçdiyi tarixi-ictimai mər­hələ­lə­rin, sosial həyatı­nın, əqli və elmi fəaliyyətinin, bədii-estetik düşüncə­si­nin, adət-ənə­nə­lərinin ilkin sənədli qay­nağı­dır. Müsəlman Şərq xalqla­rı­nın yazılı irsi həm kəmiyyət, həm də mövzu ba­xı­mın­dan çox zəngindir. Avropa, Rusiya və Şərq ölkələrində mövcud olan kitab­xa­na, muzey və başqa mərkəz­lər­də saxlanılan yazılı abidələrin nəşr olunmuş kata­loq­ları, bib­­li­­o­­qra­fik məlumat kitabları və elektron informasiya bank­ları hələ də Şərq xalqlarının ya­zılı abidələrinin tam şəkildə əks etdirmir. Digər tərəfdən, bu abidələrin aka­de­mik tədqiqi və nəş­ri sahəsində bö­yük işlər görülsə də, burada müəyyən boş­luqlar və naqisliklər də möv­cud­dur.

Şərq yazılı abidələrinin mövzu çevrəsi olduqca genişdir və elmlərin ənənənvi təsnifat variantlarını götürsək, yazılı irsin möv­zu baxımından zənginliyi bir daha göz önündə canlanır (3.s. 108-127.). Bura ədəbiyyat və po­e­zi­ya ilə yanaşı, təbiət­şünaslıq (botanika, fizika, kimya, minero­lo­giya, təbabət və far­makologiya, astranomiya), riyaziyyat elmləri (cəbr və riyaziy­yat, həndəsə, musiqi) və s. daxildir. Əlbəttə, yazılı abidələrin böyük bir qismini islam elmləri (Quran, təfsir, hədis, kəlam, fiqh, təsəv­vüf), fəlsəfə və əxlaq, tarix, münşəat və bioqrafiya, coğrafiya və diyar­şü­naslıq, ensiklopedik məlumat kitabları və müxtəlif sahələrə aid təz­kirələr təşkil edir.

Şərq xalqlarının yazı mədəniyyəti Avropadan qədimdir. Məlum ol­duğu kimi, yazı bütün hallarda mədəniyyətin mühüm komponenti kimi çıxış edir. Yazılı irs bütövlükdə tarix və mə­dəniyyətin, elmi fikrin və bə­dii-estetik düşüncənin konkret ta­rixi dövrə aid yazı və dillə sənəd­ləş­miş yaddaşı olduğundan onların mətnlərini akademik səviyyədə yeni­dən oxumaq, nəşr etdirmək və dəyərləndirmək lazım gəlir. Bu ba­xımdan, akad. N.İ. Kon­radın dediyi kim: “Yazılı abidəni dərk etmək, hər şey­dən əvvəl, həmin yazı və dilin aid olduğu tarixi dövrü bilmək, ya­xud həmin tarixi dövrə aid yazı və dili bilməkdir” (1. s.10). Deməli, istənilən halda yazılı abidələr birinci növbədə tarixilik baxımdan böyük əhə­miyyət daşıyır.

Müsəlman Şərq xalqlarının yazılı abidələri üç əsas dildə yazıl­mışdır: ərəb, fars və türk. Hər üç xalqın islamdan sonrakı yazılı irsi ərəb qra­fikası əsasında yazılıb sax­la­nıl­mışdır və tə­biidir ki, bunlardan hər biri­nin qrafik forması dil xüsusiyyət­lə­rin­dən asılı olaraq müəyyən dəyişik­liyə uğramaqla yanaşı, özü­nəməxsus təkamül yolu keç­miş­dir.

Ərəb əlyazma kitabı VII əsrin dördüncü onilliyinin əvvəl­lə­­rində yaranmağa baş­lan­mışdı (4.s.38). Ərəb yazı mədəniy­yə­ti semit əlifbası əsasında təşəkkül tapmışdır və bu proses e.ə. V-VI və miladdan sonra IV-V əsrləri əhatə edir (4.s. 12-13.). İran yazı və kitab mədəniyyətinin tarixi daha qədim olmaqla 2500 illik keçmişə malikdir (5.s. 330). İs­lam­dan sonra ərəb qrafi­ka­sı­na keçid X əsrin əvvəlllərində başa çatdı (5.s.332). Fars­lar ərəb qrafi­ka­sı­nı olduğu kimi qəbul edərək, onun tə­ləf­fü­zünü öz dillərinin fonetik sisteminə uyğun­laş­dır­­dı­lar (5.s. 332).

Türk xalqlarının yazılı irsi islamdan öncə runik yazılarda və Orxon-Yenisey abi­dələrində öz əksini tapır və bu isə eranın V-VIII əsrlərini əhatə edir (6.s.87; 7.s 14-20). Ərəb qrafikalı türk əlyazma ki­ta­bı XI əsr­dən yaranmağa başlamış və geniş bir coğ­rafi məkanda yayaılmışdır. Türk­­lər də iranlılar kimi ərəb qrafikasından fay­da­la­nmaqla yanaşı, mü­əy­yən dəyişik­lik­lər etmişlər (8.s. 407-414). Burada başqa bir maraqlı cəhət diqqəti cəlb edir, belə ki, islam dünyasında apa­rıcı dil ərəb dili­dir. Əksər elmi, fəlsəfi və dini əsərlər bu dildə yazılmışdır. Hətta qeyri ərəblər öz əsərlərini ərəbcə yaz­mışlar. Bu baxım­dan, iranlıların və türk­dilli xalqların, o cümlədən Azərbaycan türk­lə­rinin islam elm və mədə­niy­yətinə göstərdiyi xidmət diq­­­qə­təlayiqdir. Burada ikinci yeri fars dili tutur və türkdilli xalq­ların bir çox alimləri öz əsərlərini farsca yaz­mış­lar. XIV əsr­dən isə bəzən üç dildə (Nəsimi və Füzuli), daha çox isə iki dil­də (fars və türk) şeir yazmaq ədəbi ənənəyə çevrilmişdir. Nəsimi ilə başlayan bu ənənə Füzulidən tutmuş Mir Möh­sün Nəvvabadək, yəni XX əsrin əv­və­li­nədək davam etmişdir.

Türk dilində elmi əsərlər ərəb və fars dilində yazılmış ki­tablarla mü­qayisədə çox azdır və bu dil daha çox poeziyanın və bədii nəsrin daşı­yıcısı olmuşdur. Onu da əla­­­və edək ki, türk­dilli xalqların klassik ədəbi irsində təkcə ərəb və fars dil­lərinin lek­sik ünsürlərindən deyil, həm də bu dillərdə təşəkkül tapmış ədəbi növ və janrlar, bədii ob­raz­­lar və poe­tik ənənə­lər­dən geniş istifadə edilmişdir.

Ədəbi düşüncə və ənənəyə İran təsiri daha güclü olmuşdur. Fuad Köprülü bu ba­rə­də yazır: “Türkler coğrafi yerleri icabın­ca eski zaman­lardan beri iki medeə­niy­yet nü­fuzu altında bu­lun­duktan beri Çin ve İran ile daima münasibetde bulun­muş­lardır... Türk­ler için esrler her iki me­de­niyyet nüfuzu altında bulundukdan sonra, nihayet, İs­lam di­nini kabul eden İran, on­la­rı yavaş-yavaş kendi nüfuzu daire­sine aldı “(9.s.20). Mü­əl­lif sonra İran mədəniyyətinin islam mədəniy­yətinə təsirindən bəhs edə­­rək məsə­lə­yə belə münasibət bildirir: “Türkler islamiye­tin bir çok ünsürlerinden doğur­dan do­ğura arap­lar­dan deyil, ecemler vasitesile al­dı­lar. İslam medeniyyeti türklere, İran kül­­­tü­­rünün mer­kezi olan Xora­san yolu ile Mavenehrden keçerek gelirdi. Mavenehrin bir çok büyük merkezleri bile ma­nen “türk” olmakdan ziyade “irani”idi. İs­te, bun­dan do­la­yı­dır ki, is­la­miyetden öncə de danışdıkları için türklere ya­bançı gel­me­yen iran­lılar, islam mede­ni­yeti dairesine girmek için yene onlara yol gösterdiler ve tabii, bu hal, türk edebiyya­tının gelişmesi üzerine yüz yıl­larca tesirli oldu (9.s.21).

Burada daha bir məsələyə də qısaca işarə etmək istərdik; Azər­bay­canda paleo­qra­fiya və kitab mədəniyyəti tarixi haq­qında çox bəhs edil­miş və maraqlı işlər görül­müşdür. Ancaq aka­demik standartlar baxımın­dan mərhum A.Qazıyevin əsər­ləri mənbə­lər əsasında yazılan ciddi işlər sayıla bilər (10;11). Onu da qeyd edək ki, Azər­baycan əlyzama kitabı ümumşərq kitab mədəniyyətinin ayrılmaz tərkib hissəsidir, ona görə də populizmə qapılaraq bu mövzunu müsəlman Şərq mədəni kon­tekstin­dən süni şəkildə ayıraraq əlahiddə bir məsələ kimi araş­dırmaq akade­mizmə ziddir. Maraqlı burasıdır ki, əlyazma ki­tabı və kitabxanalar haq­qında ayrı-ayrı tarixə aid əsərlərdə, təzkirələrdə və başqa qaynaqlarda çoxlu məlumatlar vardır. Bundan başqa, Orta əsrlərdə mütəxəssislər tərəfindən sırf pa­leoqrafiya və kodikologiya sahəsinə aid onlarla risalə­lər vardır və həmin qaynaqların tərcüməsi və akademik nəşri bu sahə­də olan boşluğu doldurmaq baxımından olduqca əhəmiyyətlidir. Həmin risalələr (28 risalə) İranda Nəcib Mail Hərəvi tə­rə­fin­dən 1000 səhifədən artıq bir topluda nəşr edilmişdir (12). Mü­əllif eyni zamanda ilkin qay­naqlar əsasında əlyazma kitabına aid olan (qələm, qələm­dan, kağız, cild, mürəkkəb və rəng növ­ləri, onların hazırlanma texnologiyası, xətt növ­lə­ri, cild və sə­hi­fələrin bəzədilməzi, səhifələrin bəddi tərtibatı, təs­vir­lər və miniatür sənəti) mükəmməl ensiklo­pe­dik termino­lo­giya lüğəti ha­zırlayıb həmin topluda dərc etdirmişdir (12.s. 571-832). Top­­lunun so­nun­da isə geniş izahlar, şərhlər, göstəricilər və qeyd­lər verilmişdir (12. s.882-1048).

Yazılı abidələrin akademik tədqiqi Şərq xalqlarının elmi-fəlsəfi, dini-məfkurəvi, əxlaqi-ictimai, ədəbi və mənəvi mira­sının bütün mərhə­lə­lə­ri­ni və isti­qa­mət­lərini əhatə edir və bu əsərlərdə əsas mövzu ilə ya­naşı, coğ­rafi yerlər, müxtəlif şəx­siy­yətlər, mü­­əyyənləşdirilməsi gərək olan ha­di­sələr, keçmişin həyat tərzi və məişəti və başqa-başqa məsə­lələr barədə məlu­mat əldə etmək olur. Məhz, bu baxımdan hər bir abidə elmi təyinatına uyğun olaraq kompleks şəkildə təd­­qiq olun­maqla, öz dövrünə və mövcud ictimai ideologiyaya uy­ğun təhlil edilir.

Abidələrin akademik nəşri.

Yazılı abidələr dedikdə nəzm və nəsrlə yazılmış bütün elmi, dini, fəlsəfi və ədəbi əsərlərin məcmusu nəzərdə tutulur. Onla­rın nəşri əsas iki istiqamətdə aparıla bilər:

1. Mətnlərin müxtəlif nüsxələri tutuşdurmaqla islah edilmə­si və elmi-tənqidi mət­nin nəşrə hazırlanması.

2. Mətnlərin izah və şərhlərlə mükəmməl filoloji təcrüməsi və nəşri.

Qeyd edək ki, poetik tərcümələr də izah və şərhlərlə verilə bilər, ancaq bunlar aka­de­­mik və elmi nəşr sayılmır.

Türkdilli abidələrin tənqidi mətni iki variantda nəşrə hazır­lana bilər:

1. Orijinal ərəb qrafikası ilə;

2. Müasir əlifbaya transliterasiya yolu ilə.

Birinci varianta daha çox İran və Türkiyədə rast gəlirik; məs, Mə­həmməd Füzu­linin türkcə “Divan”ının və Xınalızadə Təzkirəsinin nəşrləri (13;14;15). Azərbaycanda isə bu işə ilk dəfə mərhum Hacı Mayıl Əliyev girişmişdir (16). Təbii ki, orijinal nəşr­lərin əhəmiyyəti aka­demik baxımdan daha çoxdur, ancaq bununla belə, trans­literasiya yolu ilə nəşrlər də akade­mik səviyyədə yerinə yetirilə bilər.

Digər tərəfdən, ilk dəfə hazırlanan elmi-tənqidi mətn heç vaxt mü­kəmməl hesab edilə bilməz; yeni nüsxələrin tapılması və tənqidi mətn­lə tutuşdurulması bir sıra maraqlı fakt­­lar ortaya qoyur. Məsələn, Nizami Gəncəvinin “Xəmsə”sinin mükəm­məl tənqidi mətni Vahid Dəstgərdi tə­rə­findən hicri şəmsi 1313-cü ildə yerinə yetirilmişdir (17). Azər­bay­canda bu iş 1940-cı il­lərdən sonra icra olunmuşdur. Ancaq sonrakı illər­də tədqiqatçılar həmin mətnləri yenidən nə­zər­dən keçirməli ol­du­lar və yeni tənqidi mətn­lər meydana gəldi (18). Elmi-tənqidi mətnlərə yeni­dən baxılması ehtiyacı tək­cə yeni nüs­xələrin aşkar olunması ilə izah edilmir. Bəzən elə hallar olur ki, əv­vəlki tədqiqatçılar tutuşdurduqları nüsxələrdə hansı variantın daha düzgün olduğunu dəqiq müəyyənləş­di­rə bilmirlər. Bu məsələnin həlli isə mətn üzərində işləyən tədqiqatçının filoloji sava­dın­dan, klassik mətnin hansı dil-üslub xüsusiyyətlərinə ma­lik olmasını nə dərə­cə­də bilmə­sin­dən, kontekstə görə söz, ifadə və ya cümlənin daşıdığı mənanın düzgün anlama­sın­dan, mətnin tədqiqində han­sı metod və usula söykənməsindən ası­lıdır.

Bir məsələyə də toxunmaq gərəkdir: Azərbaycanda tək-tək istisna­lar­la (məs, mərhum akademik Əbdülkə­rim Əlizadənin fəaliyyəti), əsa­sən poeziya nümunələrinin elmi-tənqidi mətni­nin hazır­lan­ması diqqət mər­kə­zində olub. Halbuki, Avropa, Rusiya və bir sıra Şərq ölkə­lərində nəsr əsər­lə­ri­nin, eyni za­man­da tarix, fəlsəfə, təsəvvüf və başqa sahələrə aid yazılı abi­dələrin elmi-tən­qidi mətni hazırlanaraq akademik şəkildə nəşr olunur. Buna misal olaraq, Əli Hüc­vi­ri­nin “Kəş­fül-məhcub” əsəri­nin V.Jukovski, Eynəlqüzzat Həmədaninin “Təmhidat” əsə­rinin Əfif Üsiran, Xacə İmam Əbu İbrahim İs­ma­yıl ibn Mə­həm­məd Buxarinin “Şərhüt-təərüf li məzhəbüt-təsəvvüf” əsə­rinin Mə­həm­məd Röv­şən tə­rəfindən nəşrini göstərmək olar. Xaricdə bu cür ciddi akademik nəşr­lə­rin sayı onlarcadır.

İzahlar, şərhlər və qeydlər.

Yazılı abidələrin akademik nəşrinin mühüm şərtlərindən biri geniş və elmi izah­la­rın və şərhlərin, zəruri qeydlərin veril­məsidir. Bu kimi mə­lumatlara kütləvi və adi nəşr­­lərdə rast gəlmək olur, ancaq onların kə­miyyət və keyfiyyəti akademik nəşrlərlə müqayisədə azlıq təşkil edir. Azərbaycanda işıq üzü görən akademik nəşrlər bu cəhətdən nəin­ki Avropa və rus nəşr­lərindən, hətta İran və Türkiyə nəşrlərindən də ge­ri­də qalır.

İzahlar, şərhlər və qeydlər əsasən aşağıdakı maddələri əha­tə edir:

- tarixi hadisələr

- şəxsiyyətlər barədə məlumatlar

- coğrafi yer və məkan adları

- xalq, qəbilə və tayfalar

- ictimai –siyasi, dini ideoloji cərəyan (məktəb və təriqət­lər).

- müxtəlif sahələrə aid termin və məfhumların izahı

- Quran ayələri, hədislər, məşhur şəxsiyyətlərin deyimləri.

- digər məlumatlar və qeydlər

Akademik nəşrlərdə bütün izahlar, şərhlər və qeydlər mö­təbər qay­naqlar və sə­nəd­lər əsasında verilməlidir. Bunlar nə qədər mükəmməl olarsa, nəşrin elmi səviyyəsi bir o qədər yük­sək olar. Nümunə üçün üç nəşr barədə məlumat verək:

Xacə İmam Əbu İbrahim İsmayıl ibn Məhəmməd Buxari­nin “Şər­hüt-təərrüf li məz­­hə­büt-təsəvvüf” əsəri İranda “Əsatir” nəşriyyatı tərə­fin­dən hicri şəmsi tarixi ilə 1361-ci ildə nəşr edil­mişdir (19). Təsəvvü­fə aid bu dəyərli əsəri Məhəmməd Rövşən nəş­rə hazırlamışdır. Əsas mətn 4 cilddə (1822 səhi­fə), beşinci cilddə isə ayrıca olaraq izahlar, qeyd­lər, şərhlər və gös­tə­ri­ci­lər veril­mişdir. Son cilddə verilən məlumat­lar bunlar­dır:

1.Ayələr, hədislər, ərəbcə şeir və ibarələrin tərcüməsi və şərhi.

2. Nüsxə fərqləri

3. Mövzu göstəricisi

4. Nüsxələrin şərhində mühüm məqamlar

5. Nüsxə fərqləri üzrə şərhlər

6. Quran ayələrinin göstəricisi

7. Hədislərin göstəricisi və qaynaqları

8. Farsca misallar, hikmətli sözlər və deyimlər

9. Ərəbcə misallar, hikmətli sözlər və deyimlər

10. Mühüm terminlərin şərhi

11. Dastan və təmsillərin göstəricisi

12. Farsca və ərəbcə şeirlərin göstəricisi

13. Şəxs, kitab, yer adları və s.

İkinci nümunə Şəmsəddin Məhəmməd Lahicinin filosof-şair Şeyx Mahmud Şəbüstərinin 1006 beytlik “Gül­şəni-raz” məsnəvisinə yazdığı “Məfatihül-ecaz fi şərhi-Gülşəni-raz” adlı şərhinin akademik nəşridir. Bu sanballı şərhin tənqidi mətnini Mə­həm­məd Rza Bərzgər Xaliqi və İfrat Kərbasi nəşrə hazır­lamışdır (20).

818 səhifəlik bu əsərin giriş məqaləsi 80 səhifəni, izahlar, şərhlər, qeydlər və göstəricilər isə 605-818-ci səhifələri əhatə edir. Məlumdur ki, bu növ əsərlərdə “Quran” ayələri və hə­dis­lərlə ya­na­şı, başqa qay­naq və əsərlərdən nümunələr gətirilir. Akademik nəşr üçün həmin nü­mu­nə­lərin qaynağını və müəl­lifini müəyyənləşdirmək çox zəruridir. Bu mətni nəşrə hazır­la­yanlar bütün xırdalıqları vermiş və qaynaqlar sıra­sında Niza­minin “Məxzənül-əs­rar”, Mövlananın “Məsnəvi”, Lahicinin “Əs­rarüş-şühüd” əsəri və divanı, Məğribi Təb­rizi, İbn Fariz, Əvhədi Məraği və İraqinin divanı, Əttarın “Məntiqüt-teyr” və “Müsi­bət­na­mə” əsəri və bir çox başqa qaynaqlar diqqəti cəlb edir. Hətta ərəbcə Əbu Nəv­vasın bir beytinin başqa ərəb şairi Cərirdən “sirqət” yolu ilə götü­rül­düyü də qeyd olunur (20, s.624)

Üçüncü nümunə Eynəlqüzzat Həmədaninin fəlsəfə və irfa­na aid “Təmhidat” əsə­ri­nin nəşridir (21). Doktor Əfif Üsiran tərəfindən nəşrə hazırlanan bu əsərin tənqidi mət­nin­dən öncə 192 səhifə giriş verilmiş­dir. Quran ayələri hər səhifənin haşi­yəsində nüsxə fərqləri ilə yanaşı gəlir. İzahlar, şərhlər və gös­təricilər isə 355-523-cü səhifələri əhatə edir və əsl akademik nəşr nümunəsi kimi seçilir.

Qeyd edək ki, izah və şərhlərin həcmi və möhtəviyyatı mətn­dən asılıdır. İlahiyyat, fəlsəfə, tə­səv­vüf, nəzəri hikmət sahəsi üzrə əsərlər üçün bu qism məlumatlar daha geniş və əhatəli olur. Elmi kateqoriyalar və terminoloji aparatın düzgün və tam açıqlamasına daha çox eh­tiyac vardır. Eyni zamanda mətnin orjinalı ilə təcrümənin nəşri arasında da izahlar və şərhlərin verilməsi baxımından fərq qaçılmazdır. Tərcümə edi­lən mətn­lə­rin nəşrində orijinala xas izah və şərhlərlə yanaşı, termin­lərin düzgün açıqlanması çox önəm­­­­lidir. Sadalanan cə­hətlər Azər­bay­can filologiyasında abidələrin akademik nəş­ri sa­hə­sində mühüm prob­lemlərdən biri kimi qalmaqdadır. İzah və şərhlərin səthi və bəsit şəkildə verilməsi, bəzən də başqa mü­əlliflərin nəşrlərindən mexaniki şəkildə köçü­rü­lə­rək naqis halda təqdim edilməsi də akademizmdən uzaqdır.



Ərəb qrafikalı mətnlərin nəşrə hazırlanması

Bu məsələ yazılı abidələrin nəşrində xüsusi yer tutur və bəlli oldu­ğu kimi, türkdilli mətnlərin yeni qrafika əsasında ça­pı həmin abidələrin tanıdılması baxımından ol­duq­ca mühüm iş­lərdən biridir. Azərbaycanda bu sahə üzrə işıq üzü görən əsərlər kə­miy­yət baxımından nə qədər çox olsa da, akademik nəşr baxımından bir o qədər zəif­dir. Bu­nun­la bağlı bir sıra mü­hüm problemlər diqqət mərkəzində dayanır ki, onları belə ümu­­­­­miləşdirmək olar:

Avropada istər ərəb, istər fars, istərsə də türk dilində yazı­lan ərəb qrafikalı mətn­­­­­­­­lərin müasir əlifbaya çevrilməsi üçün kon­kret qrafik işa­rələr işlənir və artıq bir əsr­dir ki, bu ənənə akademik nəşrlərdə sabit şə­kil­də davam etdirilir. Buna nümu­nə ola­raq Çarlz Rionun kataloqlarında verilən işarələri göstər­mək olar (22. p.2.):

ء = a, i, u چ = ch ذ = z ض = z ع = ‘a, ‘i,’u

ث = ş ح = h ش = sh ط = t غ = gh

ج = j خ = kh ص = ş ظ = z ق = k
Rusiyada da həmin elmi ənənə İ.Kraçkovskinin dövründən forma­laşmış və bu gün də davam etməkdədir. Ərəb və fars sözlərinin ifadəsi üçün elmi ədəbiyyatda qəbul olunmuş transliterasiya sistemindən isti­fadə olunur (23.s. 4.).
ا ?– *, ā ث - c ج – дж خ – x ذ – з ز з

ب – б ت - m ح – x د - д ر – р س ç

ش – ш ض – д ظ – з غ ¦г ق – k م – м

ص – c ط m ع ' ف ф ل – л ن н
ه – x ي – ü, ü پ – п چ – ч و в

ژж و – ву ة – a, am گ г

Diftonqlar

-و – ay



Son dövrlər Türkiyədə də klasssik mətnlərin latın qrafikası ilə nəş­rində vahid tran­s­­li­terasiya ünsürləri işlənməkdədir ki, bu da abidələrin adi nəşrindən akademik nəşrinə ke­­çid kimi də­yərləndirilə bilər (24. s.10). Ümumiyyətlə, Osmanlı əlifbasının müsir latın qrafikası ilə ifadəsi bu şəkildədir:

Azərbaycanda isə bu günə qədər belə bir vahid trans­krip­siya prinsipi qəbul edil­məmişdir və ona görə mətnlərin müasir qra­fi­ka ilə nəşrində bir növ sistemsizlik və ni­zamsızlıq yaranır. İstər ərəb və fars, istərsə də türk mən­şə­li sözlər müxtəlif müəl­liflər tərəfindən hazırlanan mətn­lərdə fərq­­li şəkildə ifadə edi­lir.

Eyni zamanda mövzunun tədqiq tarixinə qısa bir baxış la­zımdır və onun kimlər tərə­findən, hansı aspektdə, necə işlən­diyi barədə dəyər­ləndirmə vermək zəruridir. Bir abidə ilk dəfə və ya bir neçə dəfə nəşr olun­muşsa, yeni nəşrin fərqli və önəmli cəhəti konkret şəkildə nəzərə çatdırılmalıdır.



Akademik araşdırma və nəşr prinsipləri.

XIX əsrin ikinci yarısından Avropada başlayan və müəy­yən meyarlara cavab verən elmi-təd­qiqat xarakterli işlər prin­sip ba­xı­mından XX əsrdə təkmillləşdirilərək standart sistem halına sa­­lın­­mışdır. Artıq müəyyən biçimə salınanaraq sistem halına dü­şən akademik tədqiq və nəşr standartaları bir çox Şərq öl­kə­lərində (Misir, Türkiyə, İran, Pakis­tan, Hindistan və s.) də tətbiq olunur. Amma təəssüflər olsun ki, bu stan­dartlar Azər­baycana yol tapa bilmir və sovetlərdən sonra təkcə abidələrin tədqiqi və nəşri sahəsində deyil, humanitar sahədə analitik araş­dırma və akademizmdən bəsit publisistikaya və populizmə doğru güclü bir axın müşahidə edilməkdədir. Başqa bir yandan isə, müstəqil akademik araşdırmalar və nəşrlər əvəzinə, iqti­bas, kompilyasiya, təqlid və “nəzirə” metodu dəbə düşmüşdür.

Qaynaqlara istinad, tarixi və sənədli faktlar, dəlil və arqu­ment­lər, analitik təhlil metodu və ümumiləşmələr, nəzəri müd­dəalar və kon­sep­siyaları bir kənara qoyaq. Hətta faktlar mifik­ləşir, başqa dillərdə yazılan qədim abidələr, o cümlədən akkad-şumer yazılı nümunələri və “Aves­ta” kimi məşhur əsərlər türkcə oxunur. Maraqlı haldır ki, həmin abi­də­lərin orjinalını oxuya və başa düşə bilməyənlər, rus və başqa dillərə tər­cümələrdən yanlış şəkildə improvizə edərək akade­mizmdən uzaq mü­lahizə irəli sürürlər. “Avesta” Azərbaycan mədəniy­yətinə təsir göstərsə də, onun sanskrit dilinə yaxın bir dildə yazıldığı bütün elm aləminə məlumdur. Onun özünəməxsus əlifbası və dili vardır (24.ss.279-299). Bu cür populizm halları adətən kütlə şüuruna hesablanan “vətən­pər­vər­lik” iddiası ilə pərdələnir. Əgər Quran ayələrində onun ərəbcə nazil ol­ma­sı dəfələrlə açıq-aydın bildirilməsəydi, onu da “türkləşdirmək” istə­yənlər tapılardı.

Nə müddətdir ki, Amerika və Avropada etik və huqiqi məsuliyyət müstəvisində ciddi bir məsələ kimi qəbul olnumuş aka­demik yazı nor­ma­ları artıq bir çox Şərq və Asiya ölkələri­nin elmi dairələrində də gün­dəm­dədir. Türkiyədə elmi araşdır­ma­­la­ra nəzarət edən TUBİTAK təşki­latı tərəfindən qəbul və nəşr edilən “Akademik yazım ihlalları” rəsmi la­yihəsi bu ba­xım­dan ciddi məsələ kimi ortaya qoyulmuşdur (26). Hə­min ki­ta­bın cildində və titul vərəqində verilən sındırılmış qələm təs­vi­ri­nin rəmzi mənası isə belədir: “akademik normaları poz­maq­la başqa­larının əməyindən faydalanaraq “əsər” yazmaq­dansa, qələmi sındır­maq daha düz­gün­dür”. Bu baxımdan ya­zılı abidələrin mətnini oxuya bilməyən, araşdırma qabiliyyəti ol­­­­ma­yanların həmin işləri başasına “si­fa­riş” verməklə öz adın­dan təqdim etməsi isə akademik çevrədə rüs­vay­çılıqdır.

Akademik nəşr normalarına görə, konkret bir əsər və ya abi­də öncə başqa müəllif tərəfindən nəşr hazırlanmışsa, onu ça­­pa hazırlayan sadəcə birinci müəllifin adını çəkməklə və ona “təşəkkür bildirməklə”, eyni zamanda bəzi əlavə və dəyişiklik­lə əv­vəliki nəşri öz adından çap edə bilməz. Əlavə və düzəliş­lər mətn üzərində redaktə və islah qismində qə­bul oluna bilər və mötərizədə kursivlə. yaxud başqa bir metodla verilə bilər. Bü­­tün hallarda kimsə “əlavələr”, “düzəlıişlər” və “yeniliklər”i bə­ha­­nə gətirərək, eyni zamanda əsl müəllifin adını ehtiramla “qeyd edə­rək” başqasının əsərinə şərik çıxa və məsuliyyətdən yan keçə bilməz.

E.J.W. Gibb müəllifi olduğu məşhur “A History of Otto­man Poetry” (Osmanlı ədəbiyyat tarixi) əsərinin 1-ci cildini sağlığında nəşr etdirə bilmişdir. Ölümündən sonra qalan cild­lər Edward Brownun səyi ilə çap edil­miş, onun etdiyi əlavə və düzəlişlər isə mötərizədə çapa təqdim edə­nin adının baş hərf­ləri ilə – (E.B.) şəklində işarələnmişdir (27.s.1). E.Braunun adı titul vərəqində yoxdur və onun “sunuş” yazısı isə bircə sə­hifədir (27.s.13). Başqa sözlə desək, E.Braun öz əlavələrinə görə Gibbin əsərinə şərik çıx­ma­mışdır. Onu da nəzərdə saxla­maq lazımdır ki, nəşrə hazırlamaqla çapa təqdim etmək başqa-başqa məfhumlardır. Türklər çapa təqdim etməyi “sunuş” ter­mini ilə verirlər.

Başqa bir maraqlı nümunə: Çarlz Storinin “Persian Lite­rature (A Bio-Bibliographical survey)” adlı ensiklopedik mə­lu­mat kitabı Y.E.Bregel tərəfindən rus dilinə çevirilərək üç cilddə nəşr edilmişdir (28). O, təkcə əsəri tərcümə etməmiş, ona çoxlu əlavə və düzəlişlər ver­mişdir. Giriş məqaləsində (sunuş) isə bu kitaba 5000-ə yaxın əlyazma nüsxəsini əhatə edən 850 əsər haqqında məlumatı əlavə etdiyi diqqətə çatır (28.s.40). Bu işdə ona Y.E.Borşevski kömək göstərmiş və Bregel sonda konkret olaraq hansı nömrələrin Broşevski tərəfindən (15 əsər), hansıların isə ortaq edildiyini (24 əsər) dəqiqliklə göstərir (28.s.50). Təbiidir ki, çoxsaylı əlavə və düzəlişlərə baxmayaraq, əsər Ç.Storinin adı ilə nəşr edilmişdir.

Akademik nəşrlərdə etik normaların nə qədər həssaslıqla saxlandı­ğına bariz nümunə olaraq Türkiyədə çap edilən Xına­lızadə Həsən Çə­ləbinin “Təzkirətüş-şüəra” əsərini göstərmək olar. Bu abidənin tənqidi mətni mərhum İbrahim Kutluk tərəfindən nəşrə hazırlamış, lakin 1978-ci ildə yol qəzasında dünyasını dəyişmişdir. Bu əsəri İbrahim Olgun nəşrə təqdim etmiş və birinci cildə yazdığı kiçik “sunuş”unun sonunda “bu kitap bir merhumu yaşatmak için dikilmiş bir anıttır. Bunu görən hatırlar və rahmetle anar” söyləmişdir (14.s.3). Tale elə gətirmiş ki, İb­ra­him Olgun da Haqqın rəhmətinə qovuşmuş, ikinci cildi 1981-ci ildə İsmet Parmaksızoğlu nəşrə təqdim etməli olmuşdur. O isə öz yarım sə­hi­fədən də az olan “sunuş”unda belə yazmışdır: “Olgun, I ciltte yapdığı açık­la­mada “Bu kitap bir merhumu yaşatmak için dikilmiş bir anıttır” diyordu. Ben ise bu kitap üç merhumu, eserin yazarı Hasan Çelebiyi, eseri eleştirili baskıya hazırlayan İbrahim Kutluku ve eseri tahkik eden İbrahim Olgunu yaşatmak için dikilmiş bir anıttır diyorum. Her üçünün de ruhları şad olsun” (15.s.1.). Hətta hər iki kitabın titul vərəqində isə müəllif olaraq ancaq İbrahim Kutlukun adı yazılmışdır. İbrahim Olgun və İsmet Parmakzısoğlunun giriş bölməsində yalnız “sunuş”u (təqdi­matı) verlilmişdir. Olduqca ibrətamiz bir hadisədir.

Deməli, çapa təqdim edən (sunuş) şəxs əlavə və düzəlişlər etsə də, mətni özündən öncə nəşrə hazırlayanın işinə şərik çıxa və müəllifflik iddiasında ola bilməz. O, özünün əlavə, düzəliş və qeydlərini kursiv ilə, yaxud başqa bir şərti işarə ilə ayırd edərək göstərə bilər.

Ərəb qrafikası ilə yazılmış türkdilli abidələrin çapa hazır­lanması dedikdə mətnin müasir qrafika ilə transliterasiyası, ərəb və farsca parçalar varsa, onların orjinalı saxlamaqla tərcü­məsi, izahlar və qeydlər (kursiv və başqa formalarda) nəzərdə tutulur. Əgər ərəb və farsca par­çalar başqası tərəfindən çevril­mişsə, onların adı ayrıca qeyd olunur. Hətta abidənin mətninin çapa hazırlanması və redaktəsi naqis olsa belə, onu tamam­layan, əlavə və redaktə edən şəxs öz işinin həcmini konkret və dəqiq şəkildə göstərməli, “naqisliyi” bəhanə gətirərək əsl mü­əl­lifin işinə şərik çıxmalı deyil.

Eyni zamanda Türkiyədə və başqa yerlərdə hazırlanaraq nəşr olun­muş mətnlərin Azərbaycan türk­cəsinə uyğunlaşdırı­laraq ara-sıra əlavə və dəyişikliklərlə əsəri çevirənin adından yayımı da eyni qaydada “aka­demik ihlal” deməkdir. Məsələn, Yunus Emrə “Divan”ı son dövrlər Dr.Mustafa Tatçı tərəfindən hazırlanmış mükəmməl nəşr sayılır (29). Bu əsəri Azərbaycan türkcəsinə uyğunlaşdıraraq nəşr etmək istəyən tədqiqatçı gərək titul vərəqində Mustafa Tatçının adını müəllif kimi gös­tərsin, öz adını isə mətni Azərbaycan türkcəsinə uyğunlaşdıran və ya çevirən kimi qeyd etsin. Yoxsa, M.Tatçının hazırladığı mətndə tək-tük əlavələr, düzəlişlər və beş-on formal müqayislər ver­məklə, əsl mü­əl­lifin işinə şərik çıxmaq və titul vərəqində özünü M.Tatçının mətni əsasında Yunus Emrə “Divan”ını nəşrə hazırlayan kimi təqdim etmək akademik yayım norma­larına ziddir.

Nəşrə hazırlanıb, lakin işıq üzü görməyən abidələr və təd­qiqat işləri də bu qəbildəndir; onların bəzi əlavələr və dəyişik­lərlə başqasının adın­dan yayımı akademik nəşr normalarını və müəllif hüququnu pozmaq deməkdir. Belə fəndlərlə – yəni başqasının hazırladığı əsərdən iqtibas edərək dekorativ əlavə və epizodik dəyişikliklərlə “yeni əsər” hazır­la­maq abidələrin tərcüməsinin nəşrinə də tətbiq edilir. Məsələn, Niza­mi­nin “Sir­lər xəzinəsi” məsnəvisinin filoloji tərcüməsi, şərh və lüğətinin müəllifi Rüstəm Əliyevdir (30). Onun nəşr etdiyi kitabdan sadəcə adını çəkməklə istifadə, yəni yeni tərcümə iddiası yol­verilməzdir. Tərcüməçi yalnız özündən əvvəlki tər­cü­mələrdə rast gəldiyi iradlara münasibətini bildirə bilər. Əgər kimsə Rüstəm Əliyevin tərcüməsini yenidən işləyib ona əlavələr və düzəlişlər ver­mək istəyirsə, əsər yenə də əsas müəllifin adı ilə nəşr olunmalı, ikinci şəxs isə et­diyi konkret əlavə və düzəliş­ləri kursivlə qeyd edə bilər. Üstəlik əlavə və düzəlişlər kon­kret göstərilməli, arqument və dəlillərlə əsaslan­dırılmalıdır. Hətta müəllif öz monoqra­fi­ya­sında ciddi dəyişiklik, əlavə və elmi yenilik etmədən cüzi dekorativ fənd­lərlə onu yeni əsər kimi təqdim edə bilməz.



Abidələrin akademik nəşrində texniki cəhətlər

Akademik nəşrlərdə qaynaqlardan istifadə çox önəmlidir və istinad olmadıqda ifadə və fikrin kimə aid olduğu sual altında qalır. Başqala­rının fikir və sözlərini “özününküləşdirərək” qə­ləmə vermək olmaz. Al­maniyanın təhsil na­ziri belə bir prob­lemə görə istefa verməli oldu. Abidələrin akademik nəşrində bu prinsiplər xüsusi olaraq diqqət mər­kə­zində dayanır.

Akademik nəşrdə səhifələrin haşiyəsində əl­yaz­ma nüsxə­sində olan vərə­q nömrəsi (məsələn, 4a, 4b, 5a, 5b və s.) göstə­rilir. Bu­nun­la, oxucu mət­nin istənilən parçasını əlyazmada rahatlıqla tapa bilir. Nəsr əsərlə­rinin mətni sətirlər üzrə, adətən hər 5 sətirdən bir sıralanır (5;10; 15; 20; 25 və s). Bəzən 3 sə­tir­dən bir sıralanmaya da rast gəlirik (21). Nəzm əsərlərində isə mətn beytlər üzrə sıralanır, beytlət tək-tək, bir sıra hal­lar­da isə beş-beş sıralana bilər.

Elmi-tənqidi mətnlərin nəşrində nüsxə fərqləri həm hər səhifənin altında, yaxud kitabın sonunda verilə bilər. Həmin fərqləri hər səhifədə vermək üsulu daha çox tətbiq olunur ki, bu da mütaliə zamanı fikri yayındırmaq, oxu sürətinə xələl gə­tir­mək kimi neqativ halların qarşısını alır. Ancaq bəzi müəl­liflər maraqlı bir usuldan yararlanırlar; mübahisə­siz və asan­lıqla anlaşılan nüsxə fərqlərini hər səhifənin altında göstərir, izah və şərhə ehtiacı olan məsələləri isə kitabın sonunda ayrca bir böl­mə­də verirlər (21).

Eyni zamanda avtoqraf nüsxələrin nəşri ilə bağlı bəzi mə­qamlara toxunmağı da vacib bilirik. Bu baxımdan Əbdüiqadir Mərağinin klassik Şərq musiqisinin nəzəri-praktiki əsasların­dan bəhs edən iki əsərinin: “Cameül-əlhan” və “Məqasidül-əl­han” mətninin akademik nəşri diqqə­tə­la­yiqdir. Bu əsərlər Tehranda Təqi Bineş tərəfindən çap edilmişdir (31; 32). Hər iki avtoqraf nüsxəsində, bəzən sətirlərarası haşiyələrdə və bəzən də mətnin haşiyəsində müəllifin öz əli ilə etdiyi düzəliş, əlavə və qeydlər vardır. Mətni nəşrə hazırlayan T.Bineş bütün xırda və böyük qeydləri hər səhifənin altında yerləşdirmiş, kitabın sonunda isə qaynaq­lara əsasən olduqca geniş və mətni dərk etmək üçün zəruri olan izah və şərhlər vermişdir. Deməli, avtoqraf nüsxəsini nəşrə hazırla­yar­kən, sadə­cə onun mətninin üzünü köçürməklə kifayətlənmək olmur, müəllifin öz əsəri üzərində nə şəkildə işləməsini, hansı əlavə və düzəlişləri etməsini, yəni “təlif” prosesini anlatmaq lazım gəlir.

Ümumiyyətlə, uzun illərdir Azərbaycanda ərəb qarfikalı abidələrin müasir əlifba ilə nəşrə hazırlanması prosesi sistem­siz və pərakəndə xarakter daşıyır, necə deyərlər, kim nə cür istəyirsə, öz bildiyi və dü­şün­düyü kimi transliterasiya edir, çünki vahid və standart prinsip yox­dur. Bunun nəticəsi olaraq bizdə işıq üzü görən mətnlərin heç biri istər yazı və qrafik işarələr, istərsə də izahlar, şərhlər və qeydlər baxımından dün­yanın ayrı-ayri aparıcı elm mərkəzləri tərəfindən qəbul edilən aka­demik nəşr standartlarının və qaydalarının tələblərinə cavab vermir.

Burada bir məsələyə də toxunmağı lazım bilirik; son za­manlar yazılı abidələrin təd­qiqində klassik meyarlar dəqiq mü­əyyənləşdirilmir; çox halda isə filoloji, paleoqrafik, kodikoloji və tekstoloji təhlillər bir-birinə qarışdırılır, yaxud bir-birinə qarşı qoyulur. Bəzən də “tekstoloji təhil” sadəcə bir neçə əl­yazmanın sadə təsviri ilə məh­dud­laşdırılır, əslində isə ayrı-ayrı nüsxələrdəki mətnlərin fərqləri və tekstoloji “təhlil”in əhəmiy­yət və mahiyyətinə toxunulmur. Filologiya geniş və klassik mənada yazılı abidələrin bütün elmi-nəzəri və ümumi prob­lemlərini ehtiva edir, onu mətnşünaslıqdan və yazılı adidə­lər­dən ayırmaq olmaz. Halbuki biz­lərdə abidənin filoloji təhlili dedikdə sadəcə oradakı şeirlərin tək-tük bə­dii xüsusiyyətləri barədə bəsit, pərakəndə və sistemsiz məlumat ver­mək nəzərdə tutulur. Mətnşünaslığın nəzəri məsələlərində isə D.Lixa­çev­dən bir addım qabağa gedə bilmirik; burada istisna olaraq f.e.d. Kamandar Şəriflini xidmətini xüsusi olaraq vurğulamaq olar, belə ki, o, ilk dəfə D.Lixaçev və başqalarını tərcümə və təkrar etmədən yazılı abi­dələr əsasında Şərq mətnşünaslığının nəzəri və prak­tiki əsaslarını elmi şəkildə təhlil edərək bu sa­həyə yenilik və orjinallıq gətirmişdir (33).

Abidələrin akademik nəşrində kursivlərin verilməsi də mühüm şərtlərdən biridir. Mətni çapa hzırlayan tədqiqatçı zəruri hallarda mötə­rizədə izahedici və aydınlaşdırıcı yazılar verir ki, bunlar birbaşa abi­də­nin mətninə şamil edilmir. Kursivlər adətən mətni hazırlayanın soyadı, ya­xud soyad və adının baş hərfləri ilə işarələnir. Bundan başqa, aka­demik nəşr­lərdə müəyyən ixtisarlardan istifadə edilməsi də mü­hüm şərtlərdəndir.

Elmi-tənqidi mətnlərin nəşrində şərti mətnşünaslıq işarələri də mü­hüm yer tutur və burada fərqli yanaşmalar mümkündür (34.s.66-67).

Nəhayət, akademik araşdırma və nəşrlərdə istinadlar və elmi aparat mühüm və zəruri şərtlər­dəndir. Monoqrafiya və başqa elmi işlərdə ilkin qaynaqlara və birinci növbədə orijinal mətnlərə istinad olduqca əhəmiy­yətlidir. Klassiklərin əsər­ləri­nin akademik tədqiqində bu məsələ xüsusi əhəmiyyət daşıyır, belə ki, bir sıra hallarda orjinala deyil, tərcüməyə istinad edirlər. Məsələn, Nizamini götürsək, onun “əsərlərinin poetik tərcüməsi geniş oxucu kütləsi, filoloji tərcümələr nisbətən savadlı züm­rələr, orjinal mətn isə peşəkar araşdırıcılar və mütəxəssislər üçün­dür” (35.s.87).

Elmi aparatın verilməsində adətən bir necə metod işlənir:

1. Bütün istinadlar hər səhifənin aşağı hissəsində verilir. Mətn bo­yunca qeydlər mö­tərizədə sıralanır və kitabın sonunda ayrıca bölmə kimi verilir. Ümumi biblioqrfiya isə sonda əlifba sırası ilə yerləşdirilir.

2. Ümumi kod sistemi. Sonda əlifba sırası ilə bütün istifadə olunmuş ədəbiyyat ve­rilir. Mətn boyu isə istinadlar mötərizədə gəlir. Öncə qay­nağın sıra nömrəsi, sonra isə cild və səhifə verilir. Əgər istinadlar adi mö­tərizədə verilirsə, qeydlər, şərh­lər və izah­la­rın sırası kvadrat mötə­ri­zədə verilə bilər.

3. Bir sıra müasir nəşrlərdə biblioqrfiya müəlliflərin soyadları üzrə əlifba sırası ilə ve­rilir. Soyadın yanında isə nəşr tarixi, qeyd olunur. (Mə­sə­lən, Nasr, 1980). Əgər eyni mü­­­əllifin iki və ya daha çox əsərin­dən istifadə olunursa, həmin əsərlər nəşr tarixləri ilə ayırd edilir (mə­sələn, Corbin, 1964; Corbin 1982). Əgər istinad bir başa deyil, başqa bir müəllifin kitabına əsasən verilirsə, bu mütləq qeyd olunmalıdır. Bə­zən də biblio­qra­fik mə­lumatlar qeydlərin içərisində verilir, sonra isə əlifba sırası ilə ayrıca göstərilir.

Bir çox akademik nəşrlərdə klassik dövrə aid elmi araşdır­malarda adətən öncə ilkin qaynaqlar, sonra isə elmi ədə­biyyat verilir.

Yekun olaraq qeyd edək ki, hər sahədə olduğu kimi, abidə­lərin aka­demik tədqiqi və nəşrində dünyanın aparıcı elmi mər­kəz­lə­rinin qazan­dığı təcrübə əsasında yaradılan sistem və qay­da-qanunlar bir örnək ola­raq bu sahədə də qarşıya çıxan prob­lemlərin həlli üçün çox əhəmiy­yətlidir. Sistem dəlil və arqu­mentlər əsasında qurulan, standart və nor­malarla tənzimlənən xüsusi düzən, yəni harmonik inkişaf və təkamül modelidir. Məhz bu modelə əsaslanaraq abidələrin akademik tədqiqi və nəşrində uğur qazanmaq olar.


Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin