Xəzər dənizi


Dəniz suyunun temperaturu



Yüklə 52,81 Kb.
səhifə5/10
tarix02.01.2022
ölçüsü52,81 Kb.
#40016
1   2   3   4   5   6   7   8   9   10
Xəzərin fiziki coğrafiyası museyibov 1998

Dəniz suyunun temperaturu. Xəzər dənizi böyük məsafədə (1100 km-dən artıq) şimaldan cənuba uzandığına görə onun səthində və müxtəlif dərinliklərdə temperaturun paylanmasında ciddi fərq yaranır. Dənizdə temperaturun paylanmasına onun dərinliyi, böyük çayların tökülməsi, suyun şəffaflığı və s. müəyyən təsir göstərir.

Yayda bütün Xəzər akvatoriyası eyni dərəcədə çox qızdığına görə dənizin şimal və cənub hissələrində temperatur fərqi minimuma enir və 1-2°-dən artıq olmur. Maraqlıdır ki, Şimali Xəzərdə şimaldan cənuba (təxminən fort Şevçenko və Aqraxan yarımadasının əsasını birləşdirən xəttə qədər), Cənubi Xəzərdə isə cənubdan şimala suyun temperaturu azalır.

Şimali Xəzərdə (Volqa deltasından 100-130 km cənuba qədər ) dəniz suyunun temperaturu 25°-dən bir az artıq olduğu halda, Fort Şevçenko va Aqraxan yarımadasının əsasını birləşdirən xəyali xətt zonasında 23°-ye qədər azalır. Cənubi Xəzərdə qərbdə Qızılağac körfəzindən başlamış şərqdə Türkmən körfəzinə qədər sahil zonası sularının temperaturu 26°-dən artıqdır. Burada dənizin daha dayaz şelf zonasında yüksək temperaturlu akvatoriyalar xeyli genişlənir (80-130 km), böyük dərinliklərin cənub sahilə söykəndiyi akvatoriyada isə çox daralır (15-25 km-ə qədər).

Abşeron astanasından cənubda dənizin çox geniş ərazilərində səth sularının temperaturu 24-25° arasındadır (23-cü şəkil).

Orta Xəzərdə səth sularının temperatur şəraiti yuxarıda göstərilənlərdən xeyli fərqlənməklə, qərbdən şərqə (enlik istiqamətində) deyişir. Maraqlıdır ki, Dərbənd-Qazaxıstan körfəzi profili üzrə şelf zonasında səth sularının temperaturu 20°-dən aşağıdır. Şərq sahil şelfindən qərbə tərəf temperatur zəif qradiyentle artır və təxminən dənizin ortasından bir qədər qərbdə 22°-ə çatır. Qərb sahildə isə Mahaçqala və Xaçmaz şəhərləri arasında sahil sularının temperaturu 22°-dən aşağıdır. Bəzi tədqiqatçılar belə hesab edirdilər ki, Orta Xəzərin şərq sahilində dəniz suyunun temperatur anomaliyasının səbəbi Manqistau istiqamətdən dənizə çox gur yeraltı su axınları olmasıdır. Başqa fikrə görə bu anomaliya səth sularının qovulması və sərin alt qat sularının səthə qalxması ilə bağlıdır. Qərb sahil zonasında isə dəniz suyu temperaturunun aşağı olmasının əsas səbəbi bura tökülən çayların sərin sularıdır. Orta Xəzərin dərin sulu ərazilərində su səthinin temperaturu 22-23 arasındadır. (Yay aylarında Xəzərin Azərbaycan akvatoriyasında dənizin səthində suyun temperaturunun paylanması xüsusiyyətləri şəkildə əks etdirilmişdir).

Qışda dəniz suyunun temperaturu şimaldan cənuba artır. Bununla bərabər dayaz sahil sularının dərin sahələrin sularına nisbətən daha çox soyuması müşahidə edilir. Şimali Xəzərin bütün şelf zonası qərb sahildə Sulak çayının mənsəbinə qədər , şərq sahildə isə Manqistau körfəzinə qədər donur. Şimali Xəzərin orta hissəsində suyun donma sərhədi göstərilən iki məntəqəni birləşdirən diaqonal xətdən təxminən 90-100 km şimala çəkilir və buzla örtülən sahələrin cənub sərhədi sanki qabarlığı şimala çevrilmiş böyük bir qövs əmələ gətirir. Donan suların cənub sərhədindən cənuba tərəf dəniz sularının temperaturu tədricən artaraq, Mahaçqala-Qum burun xəttində 5°-ə və təxminən eyni qradiyentlə artaraq Cənubi Xəzərin mərkəz hissəsində 10-11°-yə çatır. Beləliklə, Xəzər dənizinin səth sularının yanvar temperaturu Şimali Xəzərdə buzların cənub sərhədində 0+0,5° ilə Cənubi Xəzərdə +10 +11° arasında dəyişir (24-cü şəkil).

Qış izotermleri dənizin orta hissəsində şimalda olduqca böyük çıxıntılar əmələ gətirir. Eyni qiymətli izotermlər dənizin orta zonasında sahillərdəki mövqelərinə görə 350-400 km-a qədər şimala meyl edir. Bu sahil sularınn dənizin daxili hissə sularına nisbətən daha çox soyuması ilə əlaqədardır. Orta Xəzərin şimal hissəsində qış izotermlərinin dənizin daxili bölgəsində șimala meyletmə amplitudu 150-160 km-dən artıq deyil.

Azərbaycan akvatoriyasında en soyuq aylarda dənizin səth suları temperaturunun sahildən cənub-şərq istiqamətində artması müşahidə edilir. Abşeron yarımadasından şərqə və cənuba izotermlərin gedişi sahil formasını ümumi şəkildə təkrar edir (25-ci şəkil).




Yüklə 52,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin