Xəbər bülleteni №29



Yüklə 5,09 Mb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü5,09 Mb.
#1919
1   2
        Rövşən Ağayev

Dövlət başçısı 2016-cı ilin ilk rübünün iqtisadi yekunlarına həsr olunmuş hökumət iclasında ölkədə pambıq əkini sahəsini təxminən 3 dəfə (18 min hektardan 50 min hektara) artırmağın vacib olduğunu söyləyib. Hökumət əmindir ki, 2016-cı ildə bu vəzifəni yerinə yetirə bilsə, pambıq istehsalının həcmini 35 min tondan 100 min tona artırmaq problem olmayacaq.

Rəsmi əsaslandırma budur ki, pambığın dünya bazarında həmişə alıcısı var və özünə problemsiz müştəri tapan bu məhsul ölkənin itirdiyi neft gəlirlərinin bir hissəsini kompensasiya etməkdə yardımçı olacaq.

Neft gəlirlərinin azaldığı hazırkı mərhələdə qeyri-neft ixracının artırılması istiqamətində axtarışlar anlaşılandır. Amma hökumətin bir neçə suala cavabını eşitmək yaxşı olardı:

- Dünyada pambığın ən böyük istehsalçısı olan Çin, Pakistan, Hindistan və Özbəkistan kimi ölkələri göz önünə alaraq “daxili resurs dəyəri” əsasında pambıqçılıq sektorunda müqayisəli üstünlük imkanlarımız qiymətləndirilibmi? Sahənin inkişafı ilə bağlı master-plan hazırlanıbmı, həmin planda sahənin inkişafı ilə bağlı üstünlüklərimiz, sahəni inkişafdan saxlayan problemlər və risklər, onların önlənməsi və aradan qaldırılması üçün mexanizmlər müəyyən olunubmu? Belə dəyərləndirmə son dərəcə vacibdir.

- Pambığın yalnız xammal kimi ixracı nəzərdə tutulurmu? Əgər belədirsə, pambıqdan böyük qazanc gözləməyə dəyməz. Çin, Pakistan və Hindistan istehsal imkanlarını məhz öz daxili istehlaklarını qarşılamağa yönəldirlər. Hazırda dünya üzrə illik 25-26 milyon ton pambıq istehlakının 60%-dən çoxu bu ölkələrin payına düşür.

Mütəxəssislərin dediyinə görə, ayrı-ayrı ölkələrdə pambığın mahlıc çıxımı 35-40% intervalında dəyişir – yəni hər 1 ton pambıqdan təxminən 350-400 kiloqram mahlıc alınır. Yerdə qalan 600-650 kiloqram tullantıdan dünyada bir neçə məhsul əldə edilir: heyvandarlıq üçün yağlı yem, tibb sənayesi üçün qliserin, qida sənayesi üçün yağ. Pambıq yerli sənaye üçün xammal kimi istifadəyə yönəldilsə, iqtisadi diversifikasiyada mühüm rol oynaya, kənd təsərrüfatı ilə yanaşı sənaye sferasında da yeni iş yerlərinin yaradılması üçün baza ola bilər.

Eyni zamanda pambıq xam formada ixrac edilmədən birbaşa emal zəncirinə daxil olduqda daha yüksək gəlir gətirir. Məsələn, mütəxəssis qiymətləndirməsinə görə, 1 ton pambıq mahlıc ölçüsündən asılı olaraq təxminən 1500-2000 ədəd qısaqol kişi idman köynəyinin istehsalı üçün parçanın xammalıdır. Ən ucuz topdansatış qiyməti ilə (məsələn, 2,5-3 dollar) bu, 2500-3000 dollara bərabərdir. Halbuki son illər dünya birjalarında 1 ton mahlıcın qiyməti 1300-1600 dollar intervalında olub.

Amma köynək istehsalına qədər pambıq iplik və parça üçün də emal zəncirindən keçməlidir. Bir sözlə, xam pambıq ölkə daxilində istifadə edilsə, ən azından 3-4 dəyər zəncirindən keçmək, hər zəncirdə işçi çalışdırmaq, əlavə dəyər yaratmaq potensialına malikdir.

- Pambıq hansı torpaqlarda əkiləcək və onu kim əkəcək? Bu sual ilk baxışdan yersiz görünə bilər. Amma cavabı mütləq verilməlidir. Əvvəla ona görə ki, Azərbaycanda özəl sektorun əlində olan əkinəyararlı torpaq fondu böyük deyil. Ölkə üzrə əkinəyararlı təxminən 1,7 milyon hektar torpağın 1,3 milyon hektarı özəl əldədir. Əkinəyararlı özəl torpaqların adambaşına həcmi cəmi 0,13 hektardır. Həmin torpaqlar yalnız ölkənin ən zəruri torpaq məhsullarının – dənli bitkilərin, meyvə-giləmeyvənin, tərəvəz-bostan məhsullarının, heyvandarlıq üçün yem tədarükünün, qida sənayesi üçün yağlı və texniki bitkilərin becərilməsi baxımdan yetərli ola bilər. Ona görə, çox güman ki, hökumət dövlət ehtiyat fondu torpaqlarında zəruri irriqasiya işləri aparmaqla həmin torpaq resurslarından istifadə etməyi düşünür.

Hazırda bələdiyyələrin və hökumətin sərəncamında 3,5 milyon hektara yaxın kənd təsərrüfatına yararlı torpaq fondu var. Bu, özəl fonddan az qala 3 dəfə çoxdur. Artıq bununla bağlı təcrübələr də var – son illər iri fermer təsərrüfatı yaratmaqla buğda əkinlərinin xeyli hissəsi məhz həmin torpaqlarda aparılıb.

Amma burada narahatlıq doğuran problem resurslardan qeyri-bərabər və qeyri-şəffaf istifadədir. İctimai torpaqları hərraclar vasitəsilə istənilən şəxsin icarəyə və istifadəyə götürməsi mexanizmləri çalışmır, siyasi hakimiyyətə bağlılığı olmayan iqtisadi qruplar və ya şəxslər həmin torpaqlarda fermer təsərrüfatları yaratmaq, bu təsərrüfatlar üçün Sahibkarlığa Kömək Milli Fondundan kredit resursları cəlb etmək şansına malik deyillər.

- Pambıq əkməyi təklif edənlər kəndli üçün alternativ gəlirləri qiymətləndiribmi? Pambıq keyfiyyətli və suvarma imkanı olan torpaq tələb edir. Fermerlər hazırda belə torpaqlarda bostan-tərəvəz məhsulları, üzüm, meyvə əkəndə bütün xərclərini çıxmaqla 1500-2000 manatdan 3000-4000 manata qədər pul qazana bilir. Ən az gəlir gətirən heyvandarlıq üçün otun becərilməsidir – bütün xərclər çıxılmaqla indiki qiymətlərlə fermer hər hektar suvarılan torpaqdan azı 700-800 manat qazanc götürə bilir və bu təsərrüfatda bütün işləri texnika həyata keçirdiyi üçün kəndlidən əziyyət də tələb olunmur.

Amma ötən il orta məhsuldarlığın 2,5 ton olduğu şəraitdə fermer 1 hektar pambıq əkinindən bütün xərcləri çıxmaqla maksimum 600-650 manat gəlir əldə edə bilib. İndi pambıqla müqayisədə meyvə-tərəvəzdən ən azı 3-4 dəfə artıq gəlir götürə bildiyi halda fermeri pambıq əkməyə hansı səbəb cəlb edə bilər?

Azərbaycanda pambıq emalının inhisarda olması (səhv etmirəmsə, bütün emal cəmi 2 şirkətin əlində cəmlənib) bu sahə üçün rəqabətli gələcək də vəd etmir. Ümid hökumətin təklif edəcəyi təşviq tədbirlərinə qalır.

Yeri gəlmişkən, bizim ictimai rəydə pambıq bir məhsul kimi qara xatirələrlə ilişib qalıb. Sovetlər dönəmində bir çox əyalətdə bütün orta məktəb şagirdləri, institut tələbələri tədris ilinin ən azı 2-3 ayını pambıq tarlalarında keçirirdilər. Özüm orta məktəbdə oxuyarkən pambıq yığımında iştirak etmişəm. Yalnız Əbdürrəhman Vəzirovun 1988-ci ildə respublika rəhbəri təyin edilməsi ilə təhsil müəssisələrinin pambıqçılığa cəlb olunmasına son qoyuldu. Bəlkə buna görə də “ağ qızıl” yaddaşımda qara tarixçə kimi ilişib qalır. Və bu da faktdır ki, ABŞ və Avstraliya istisna olmaqla dünyanın ən 10 iri pambıq istehsalçısı arasında yüksək inkişaf etmiş ölkənin adı yoxdur.

MSK-nın 18 üzvündən 2-si dəyişir

12.04.2016



Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizədlər məlum olub. Transparency.az Milli Məclisdən APA-ya verilən məlumata istinadla bildirir ki, parlamentin 15 aprel iclasına çıxarılacaq qərar layihəsində MSK üzvlüyünə namizədlərin 16-sı köhnə heyətdəndir: Məzahir Pənahov, Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Mikayıl Rəhimov, Almas Qəhrəmanlı, Bəxşeyiş Əsgərov, Etibar Quliyev, Natiq Məmmədov, Azər Tağıyev, Arifə Muxtarova, İlham Məmmədov, Tofiq Həsənov, Nizami Nadirov.

Hüseyn Paşayev və İlkin Şahbazov MSK üzvlüyünə yeni namizədlərdir.

Köhnə heyətdən Akif Qurbanov və Tamam Cəfərli kənarda qalıblar.

Qanunvericiliyə görə, 18 nəfərlik MSK-da yerlərin üçdə bir hissəsini parlamentdəki çoxluq partiyasının, üçdə bir hissəsini bitərəflərin, üçdə bir hissəsini azlıqda qalan partiyaların təqdim etdiyi nümayəndələr tutur. Üzvləri Milli Məclis seçir.

Transparency.az bildirir ki, 2015-ci il noyabrın 1-də keçirilmiş parlament seçkisində çoxluğu Yeni Azərbaycan Partiyası qazanıb (71 nəfər), 11 partiya azlıqda qalıb (12 nəfər). Parlamentə seçilənlərin 41-i partiyasızdır.

Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 30 minə çatır

12.04.2016


Azərbaycanın fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 29 min 442 nəfərə çatıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı yanvar-mart aylarında 1578 nəfər artıb. Onların 88 faizi kişilərdir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə sistemdə fərdi şəxsi hesabı açılan əcnəbilərin sayı 6352 nəfər artıb.

Hazırda fərdi uçot sistemində qeydiyyatda olan xarici ölkə vətəndaşları 120-yə yaxın ölkəni təmsil edir. İlk yerlərdə Тürkiyə, Gürcüstan və Rusiya, sonrakı yerlərdə Hindistan, İran, Çin, Banqladeş, Böyük Britaniya, Pakistan, Ukrayna, Filippin vətəndaşlarıdır.

Prokuror Qarabağ separatçılarının sponsoruna 7 il həbs istədi

12.04.2016


Aprelin 12-si Rusiya paytaxtı Moskvada erməni biznesmen Levon Ayrapetyanın məhkəməsi davam edib. Novator.az xəbər verir ki, Zamoskvoretski məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı biznesmenə 7 il azadlıqdan məhrumetmə cəzası istəyib. Prokuror Ayrapetyanın zərərçəkənə 20,8 milyon rubl ödəməsini də təklif edib.

İttihama görə, Ayrapetyan 700 min ABŞ dollarını dələduzluqla mənimsəyib. İstintaq müəyyən edib ki, biznesmen terrorçuluq və digər ağır cinayətlər üstündə məhkum olunmuş sabiq senator İqor İzmestyevin cəzasının yüngülləşdirilməsi vədi ilə onun anasından 700 min dollar qoparıb.

Ayrapetyanın üstündə daha bir cinayət işi var. O, 2009-cu ildə “Başneft” şirkətinin “Sistema” adlı quruma satılmasında günahlandırılır. “Başneft” uzun sürən arbitraj prosesində dövlətə qaytarılıb.

Ayrapetyan 2014-cü il iyulun 15-də tutulub, sonradan sərbəst buraxılıb.

Erməni diasporunun ən varlı nümayəndələrindən olan Levon Ayrapetyan 1949-cu ildə Dağlıq Qarabağın Vəng kəndində doğulub. O, Dağlıq Qarabağda separatçı rejimin yaradılmasında və maliyyələşməsində fəal iştirak edib.

Prezident Azərbaycandakı Amerika Ticarət Palatasının təkliflərini dinləyib

12.04.2016

AZƏRTAC xəbər verir ki, aprelin 12-də prezident İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edib. Dövlət başçısı palatanın üzvü olan şirkətlərin ölkədə uzun illərdir fəaliyyət göstərdiklərini və Azərbaycanın iqtisadi inkişafına böyük töhfələr verdiklərini vurğulayıb.

Bu yaxınlarda ABŞ-a səfər etdiyini xatırladan prezident Amerika Ticarət Palatasının Azərbaycandakı fəaliyyəti ilə bağlı məsələləri də müzakirə etdiyini deyib.

Qarşıda duran planlar barədə danışan dövlət başçısı Azərbaycanın biznes ictimaiyyəti ilə mütəmadi görüşlər keçirdiyini qeyd edib. Prezident bildirib ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi islahatlarla bağlı daha çox işlərin görülməsini aktuallaşdırıb: “İnkişaf etmiş ölkələrin heç biri neft və qazla zəngin deyil. Lakin innovasiya, biznes mühiti, texnologiya sayəsində inkişaf edərək dünyanın aparıcı qüvvəsinə çevrilə biliblər”.

Azərbaycanın ciddi iqtisadi islahatların aparılmasında qətiyyətli olduğunu deyən İlham Əliyev ölkə üçün neft və qazdan asılılığın azaldılmasının və iqtisadiyyatın şaxələndirilməsinin bir nömrəli məsələ olduğunu qeyd edib: “Son 10 ildə 1 milyondan çox daimi iş yeri açılıb, regional infrastruktur inkişaf etdirilib, sənaye potensialı yaradılıb. Lakin bu, yetərli deyil və qeyri-neft sektorunda daha geniş artıma ehtiyac var. Azərbaycandakı müsbət demoqrafik vəziyyətlə əlaqədar hər il on minlərlə yeni iş yeri yaradılmalı və bu proses təhsildəki islahatlarla əlaqəli şəkildə həyata keçirilməlidir. Çünki gələcəkdə hökumətin iqtisadi fəallıq planlaşdırdığı sahələrdə daha çox mütəxəssisə ehtiyac olacaq”.

Prezident idxaldan asılılığın azaldılmasının prioritet məsələ olduğunu, milli valyutanın devalvasiyasının istər-istəməz inflyasiyaya təsir göstərdiyini, lakin bunun rəqabətliliyi getdikcə artan yerli istehsalın stimullaşdırılmasına imkan verdiyini bildirib.

Dövlət başçısı ixracın stimullaşdırılması və sahibkarlıq fəaliyyətinin asanlaşdırılması üçün ciddi tədbirlərin görüldüyünü deyib, Azərbaycandakı Amerika Ticarət Palatasının ixrac yönümlü iqtisadiyyatın yaradılması istiqamətində daha hansı mümkün addımlarla bağlı təkliflərini eşitmək arzusunda olduğunu vurğulayıb.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, “Ernst and Young” şirkətinin nümayəndəsi İlqar Vəliyev, Azərbaycandakı Amerika Ticarət Palatasının birinci vitse-prezidenti və “Societe Generale” şirkətinin nümayəndəsi Teybə Quliyeva, “Holcim” şirkətinin nümayəndəsi Rosen Papazov, “Deloitte and Touche” MMC-nin Azərbaycan ofisinin nümayəndəsi Nurlan Kərimov, “PWC” şirkətinin nümayəndəsi Mövlan Paşayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel çıxış edərək müxtəlif təkliflər irəli sürüblər.

Prezident İlham Əliyev yekun nitqində səslənən bütün təkliflərin ümumiləşdiriləcəyini bildirib.

Dövlət başçısı kiçik və orta sahibkarlığa dəstəyin artırılacağını və bu məsələyə xüsusi diqqətin göstəriləcəyini qeyd edib. İlham Əliyev çıxışında maliyyə və bank sektoruna nəzarətin vacibliyini vurğulayaraq gömrük və vergi sistemindəki müsbət dəyişikliklərlə bağlı fikirlərə görə təşəkkürünü bildirib.

“ASAN xidmət”in fəaliyyətinə toxunan dövlət başçısı onun əhatə dairəsinin genişlənəcəyini diqqətə çatdırıb: “Bu, şəffaflıq, xidmət, mədəniyyət, sıfır korrupsiya və sıfır bürokratiya deməkdir”.

Yeni dövlət agentliyinə direktor təyin edildi

12.04.2016

Aprelin 12-də prezident İlham Əliyev Samir Nuriyevi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsindən azad edərək Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru təyin edib.

Mənzil İnşaatı Dövlət Agentliyi prezident İlham Əliyevin bu il aprelin 11-də imzaladığı fərmana əsasən, vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirmək məqsədilə yaradılıb.

Agentliyin işçilərinin ümumi say həddi 60 ştat vahidi müəyyən edilib. Qurumun tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılır. “MİDA”nın nizamnaməsinin təsdiq edilməsini və nizamnamə kapitalının müəyyən edilməsini, habelə cəmiyyətin yenidən təşkilini və ləğvini ölkə prezidenti həyata keçirir. Qurumun vəsaiti hesabına inşa edilən çoxmənzilli binaların podratçılarına tamamlanmış işlər üzrə ödənişin həyata keçirilməsinə yol verilən tikinti işlərinin mərhələlərini və ödəniş şərtlərini Mənzil İnşaatı Dövlət Agentliyi müəyyənləşdirir.

Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri oldu

12.04.2016

Aprelin 22-də prezident İlham Əliyev Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilməsi haqda sərəncam imzalayıb.

Buna qədər Məleykə Abbaszadə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri idi.

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsdir. Bu qurum Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın birləşdirilməsi hesabına yaradılıb.

Dövlət İmtahan Mərkəzinin yaradılması haqda fərmanı prezident İlham Əliyev bu il aprelin 11-də imzalayıb. Yeni qurum dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsi ilə məşğul olacaq.

Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurasıdır. Direktorlar Şurası sədrinin, sədr müavinlərinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsini, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini Azərbaycan Respublikasının prezidenti həyata keçirir.

Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir. Onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.

Azərbaycanın bir rayonunda Milli Məclisə təkrar seçki olacaq

12.04.2016

Aprelin 12-də prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkinin keçirilməsi barədə sərəncam imzalayıb. Sərəncamla təkrar seçki bu il iyunun 18-nə təyin edilib.

Transparency.az xatırladır ki, Azərbaycanda sonuncu parlament seçkisi 2015-ci ilin noyabrında olub. Seçki 125 dairə üzrə keçirilib. Rəsmi nəticələrə görə, Milli Məclisə 124 nəfər seçilib: YAP-dan 71 nəfər, 11 partiyadan 12 nəfər, partiyasız şəxslərdən 41 nəfər. 90 saylı Ağdaş seçki dairəsi üzrə isə seçkinin nəticəsi ləğv olunub. Mərkəzi Seçki Komissiyası 90 saylı seçki dairəsi üzrə şikayətlərə baxarkən belə qərar verib. O vaxt həmin dairədə lider namizəd bitərəf deputat Çingiz Əsədullayev olub.

Seçki Məcəlləsinə görə, belə situasiyada MSK 90 saylı dairədə təkrar seçki keçirməlidir. Milli Məclisə seçkilərin təyin edilməsi isə konstitusiyanın 84-cü maddəsi ilə ölkə prezidentinin səlahiyyətindədir.

Prezident: “Nazirlər Kabinetinə nefti yaddan çıxarmağı tövsiyə etmişəm”

13.04.2016


“Korrupsiya üzləşdiyimiz ciddi problemlərdən biridir. İslahatlar korrupsiyanın azaldılmasına yönəldilib. Əfsuslar olsun ki, inzibati tədbirlər, eləcə də cəza tədbirləri istədiyimiz effekti vermir”. Aprelin 12-də Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə görüşən prezidenti İlham Əliyev belə deyib (Görüş).

Dövlət başçısı qeyd edib ki, dünyadakı iqtisadi vəziyyəti və regiondakı siyasi durumu nəzərə alanda heç bir ölkə uzun perspektivdə yalnız öz resurslarına əsaslana bilməz: “Müxtəlif ölkələrdə fərqli resurslar var. Keçmiş sovet məkanındakı ölkələr əsasən resurslara əsaslanır. Bəzi hallarda söhbət neft və qazdan, digər hallarda başqa resurslardan gedir. Lakin ola bilər ki, başlanğıcda bu, təbii hal idi, çünki həmin vaxt biz iqtisadiyyatı dəyişməli, ilkin kapitalı yaratmalı və əsas iqtisadiyyatlara hansı şəkildə inteqrasiya haqqında düşünməli idik.

Hazırda həmin dövr artıq sona çatıb. Bu, əsasən neft qiymətlərinin sürətlə, üç-dörd dəfə aşağı düşməsi ilə bağlıdır. Bu, bir növ siqnal oldu ki, biz islahatlar sahəsində daha çox işlər görməliyik. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onların təxminən hamısı neft və qazla zəngin olmayan ölkələrdir. Lakin innovasiya, biznes mühiti, texnologiya — bunlar inkişafa səbəb oldu və bu gün dünya iqtisadiyyatının aparıcı qüvvəsidir. Bunun qarşımızda yaxşı nümunələri var və biz olduqca dərin, ciddi islahatlara sadiqik.

Bizim üçün bir nömrəli məsələ neft və qazdan asılılığı azaltmaqdır. Neft və qaz sahəsinə yatırılan sərmayələr ölkəmizin, eləcə də digər ölkələrin gələcəyinə yönələn sərmayələrdir. Lakin iqtisadiyyatımız üçün bu artıq prioritet deyil. Mən Nazirlər Kabinetinə nefti yaddan çıxarmağı tövsiyə etmişəm. Hasilat, nəql etmək, geniş həcmdə qaz hasilatına başlamaq yalnız Neft Fondumuzda daha çox vəsaitlərin toplanması üçün zəruridir. Ümid edirəm ki, vaxt gələcək, biz Neft Fondundan büdcəyə vəsaitlərin köçürülməsini kəskin şəkildə azaldacağıq. Bu köçürmələr hazırda baş verir və bu, neftin qiymətləri ilə bağlıdır. Lakin hesab edirəm ki, bu vəziyyət də iqtisadiyyatımızı şaxələndirmək üçün yaxşı fürsətdir. Bir nömrəli vəzifə neftdən, qazdan asılılığı azaltmaq və şaxələndirmədir”.

İlham Əliyev idxaldan asılılığın azaldılmasını da prioritetlərdən biri adlandırıb: “Biz əsas istehlak sahələri üzrə asılılığı azaltmağa nail olmuşuq. Lakin yenə də asılı vəziyyətdəyik. Bu səbəbdən milli valyutamızın neftin qiymətləri və qonşuluqda baş verənlər baxımından qaçılmaz olan devalvasiyası inflyasiyaya, əlbəttə ki, təsir göstərdi. Əgər biz bütün istehlak sahələri üzrə özümüzü 100 faiz təmin etsəydik, devalvasiyanın mənfi təsiri daha az olardı. Lakin, bu, eyni zamanda, daha rəqabətli olan yerli istehsalı stimullaşdırmaq üçün fürsətdir.

İxrac təmayüllü istehsal hazırda əsas prioritetlərdən biridir. Bu, əvvəlcə prioritet deyildi, çünki açıq desək, neftdən əldə edilən nağd vəsaitlərin həcmi büdcə profisitini və gözəçarpan valyuta ehtiyatlarını təmin etmək üçün kifayət idi. Hazırda neftin qiyməti aşağı düşdükdən sonra biz onu digər ixrac təmayüllü məhsullarla kompensasiya etməliyik. Bunu etmək üçün biz düzgün marketinq, fəal diplomatiya aparmalıyıq”.

Prezident görüşdə qaldırılan məsələlərə toxunarkən qeyd edib ki, problemlərin həll edilməsi siyasi mədəniyyəti çox vacib məsələdir: “Ümumiyyətlə, siyasi mədəniyyət olduqca vacibdir. Biz gənc dövlətik. Hüquqi və siyasi sistemin sabitliyi, proqnozlaşdırılma istənilən sərmayəni şərtləndirən amillərdir. Sərmayələr yalnız sabit, proqnozlaşdırılan və sabit təsisatlara malik ölkəyə yatırıla bilər. Hesab edirəm ki, siyasi sabitlik Azərbaycanın üstün cəhətlərindəndir. İqtisadi və maliyyə sabitliyi də təmin olunur. Cəmiyyətimizdə xarici siyasət prioritetləri, iqtisadi və daxili siyasət, habelə ölkəmizin inkişaf istiqamətləri ilə bağlı yekdillik var”.

İlham Əliyev korrupsiya məsələsinə də toxunub: “Korrupsiya üzləşdiyimiz ciddi problemlərdən biridir. İslahatlar korrupsiyanın azaldılmasına yönəldilib. Əfsuslar olsun ki, inzibati tədbirlər, eləcə də cəza tədbirləri istədiyimiz effekti vermir. Onların müvəqqəti təsiri var, çünki vaxt keçir və digər insanlar gəlir, bu yenə də təkrarlanır. Biz nə etməliyik? Bunun üçün təsisati tədbirlərlə şəraiti daraltmalıyıq ki, bu, mümkün olmasın. “ASAN xidmət”dəki kimi digər sektorlarda da etməliyik. Buna görə korrupsiyaya qarşı mübarizə davam edəcək və biz imkanları daraldacağıq. Bu bəlaya qarşı uğurlu mübarizə aparacağıq. Həmçinin bunun bir hissəsi olan bürokratiyaya da qarşı gedəcəyik. Bürokratiya korrupsiyaya bağlıdır, çünki bəzi dövlət məmurları nəyisə əldə etmək üçün bürokratik əngəllərdən istifadə edir və sahibkarların, insanların işini çətinliyə salırlar. Onlar bunu öz maraqlarını təmin etmək üçün edirlər”.

Dolların kursu dəyişməyib

13.04.2016



Aprelin 13-də manatın dollara nəzərən kursu dəyişməz qalıb. Mərkəzi Bank 1 ABŞ dollarını ötən gün olduğu kimi 1,5264 manata satır.

Avronun rəsmi məzənnəsində düşmə qeydə alınıb. Aprelin 12-də 1,7412 manata təklif olunan 1 avroya bu gün 1,7349 manat qiymət qoyulub.

Transparency.az-ın məlumatına görə, rublun kursu qalxıb. 1 Rusiya rublunun rəsmi məzənnəsi 0,0233 manatdır. Ötən gün kurs 0,0228 manat idi.

Azərbaycanın bir hərbçisinin itkin olduğu bəyan edildi

13.04.2016

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası aprelin 13-də yeni məlumat yayıb. Qeyd olunur ki, aprelin 2-dən 5-dək Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hərbi əməliyyatlar zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyiti aşkarlanaraq aralıq ərazidən çıxarılıb. Dövlət komissiyasından AZƏRTAC-a bildirilib ki, hazırda bir Azərbaycan hərbçisinin sonrakı taleyinin aydınlaşdırılması üçün axtarış işləri davam etdirilir.

Azərbaycanın Silahlı Qüvvələri aprelin 2-dən 5-dək Qarabağ cəbhəsinin bir neçə istiqamətində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlə zamanı erməni birləşmələrinin birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, keçmiş Ağdərə rayonu və Füzuli rayonu istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib.

Müdafiə Nazirliyinin mətbuat xidməti əməliyyatlar zamanı Azərbaycanın 31 hərbçi itirdiyini açıqlayıb. Cəbhə xəttində aprelin 2-də 12, aprelin 3-də 3, aprelin 4-ü və 5-də 16 hərbi qulluqçunun şəhid olduğu bəyan edilib.

Neft yenə bahalaşdı

13.04.2016


Dünya birjalarında neft yenə bahalaşıb. Aprelin 13-də Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 1,20 dollar bahalaşaraq 41,42 dollar olub.

London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,32 dollar artaraq 43,96 dollara çatıb.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 1,50 dollar bahalaşaraq 44,97 dollara satılır.

Qardaşı baş nazirliyə namizəd olan parlament sədri istefa verdi

13.04.2016


Qırğızıstan parlamentinin sədri Asılbek Jeenbekov aprelin 13-də istefa verib. Novator.az-ın məlumatına görə, istefa onun qardaşı Sooronbay Jeenbekovun baş nazir postuna namizədliyi ilə bağlıdır. Prezident Administrasiyası rəhbərinin müavini postunu tutan Sooronbay Jeenbekovun baş nazir postuna prezident partiyası olan Sosial Demokrat Partiyası irəli sürüb.

Qırğızıstanın əvvəlki baş naziri Temir Sariyev Bişkek-Korumdu avtomobil yolu ilə bağlı tenderdə Çin şirkətinin maraqlarını lobbiləşdirməkdə günahlandırılır. Temir Sariyev ittihamları qəbul etməsə də, aprelin 11-də istefa verib.

Azərbaycandan yük daşınması 13,8 faiz azalıb

13.04.2016



-cı ilin yanvar-fevral aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınması 7826,4 min ton, yük dövriyyəsi isə 1509,4 milyon ton-kilometr olub. Dövlət Statistika Komitəsinin hesabatına görə, yüklərin 5040,9 min tonu və ya 64,4 faizi avtomobil nəqliyyatı, 2063,2 min tonu və ya 26,4 faizi dəmir yolu nəqliyyatı, 722,3 min tonu və ya 9,2 faizi dəniz nəqliyyatı ilə daşınıb.

2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmi 13,8 faiz azalıb. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalardır (müvafiq olaraq 26,8 faiz və 46,5 faiz). Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7 faiz artıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 15 faizini və ya 1172,7 min tonunu tranzit yüklər təşkil edib.

2016-cı ilin yanvar-fevral aylarında dəhliz vasitəsilə 54,9 milyon sərnişin daşınıb, sərnişin dövriyyəsi 1114,4 milyon sərnişin-kilometr olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınması 2,2 faiz, sərnişin dövriyyəsi isə 1,1 faiz artıb.

İsa Qəmbər: “Hakimiyyətin addımları yarımçıqdır, ziddiyyətlidir”

13.04.2016




Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər “Amerikanın səsi” radiosuna müsahibəsində Qarabağda aprelin 2-dən 5-dək aparılmış döyüşlərdən danışıb. O qeyd edib ki, Azərbaycan müəyyən hərbi uğurlar qazanıb: “Kimi bu hərbi uğurları çox şişirdə bilər, kimi kiçik görə bilər, amma bütün ciddi ekspertlər Azərbaycan ordusunun müəyyən irəliləyiş, uğur əldə etdiyini bildirir. Bu xüsusi qeyd olunmalıdır.

Eyni zamanda təsdiq olundu ki, Azərbaycan xalqı Qarabağı unutmayıb, heç bir zaman unutmayacaq, bəzilərinin bədgüman olduğu kimi Qarabağ mövzusuna, vətən, torpaq mövzusuna laqeydləşməyib, biganələşməyib. Bu, çox aydın bir şəkildə göründü və çox önəmli bir faktordur. Çünki istənilən mübarizədə, qarşıdurmada tərəflərin əhval-ruhiyyəsi, mənəvi gücü həlledici amildir.

Eyni zamanda ciddi bir uğur əldə olundu ki, Qarabağ məsələsi yenidən beynəlxalq diplomatiyanın gündəminə gəldi. Bu hadisələr bir daha beynəlxalq ictimaiyyətə, beynəlxalq təşkilatlara xatırlatdı ki, konfliktin ədalətli həllinə nail olmaq lazımdır.

Həmçinin erməni tərəfi bir daha dərk etdi ki, status-kvo əbədi deyil. Onlar Azərbaycan torpaqlarını qanuni sahibinə qaytarmalıdırlar. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, suverenlik bərpa olunmalıdır. Amma erməni azlığının da Avropa standartlarına uyğun haqlarının tanınması şərti ilə.

Diplomatik həll yaxınlaşdımı? Proses yenidən canlandı, ancaq mən düşünmürəm ki, yaxın zamanlarda bu konflikti həll etmək və son saziş, sülh sazişi əldə etmək mümkün olsun”.

Rusiyanın Qarabağ münaqişəsinə dair mövqeyinə toxunan İsa Qəmbər deyib ki, bu ölkə konfliktin həllində maraqlı deyil: “Çünki bu konfliktin mövcudluğu, eləcə də Cənubi Qafqazda, postsovet məkanının digər yerlərində konfliktlər Rusiyanın yaratdığı bir situasiyadır. Rusiyanın maraqlarına, yanlış başa düşülmüş maraqlarına cavab verir. Bu yolla Moskva postsovet məkanına nəzarət etməyə çalışır, yeni müstəqil dövlətlərin daxili işlərinə qarışmağa çalışır. Bəzən də buna nail olur. Ona görə də Rusiya konfliktin həllində maraqlı deyil.

Rusiyanın təklifləri Azərbaycanın prinsipial mövqeyinə cavab vermir və dolayısı yolla Moskvanın özünün Cənubi Qafqazda, Azərbaycanda və Ermənistanda mövqeyinin gücləndirilməsinə xidmət edir. 1923-ci ildə heç bir ehtiyac olmadan Dağlıq Qarabağda muxtar vilayət yaratmaqla bu torpaqlara uzunmüddətli bir mina qoyulub. İndi də Rusiyanın nəzarətində əldə olunan bir sülh burada uzunmüddətli bir minanın olması deməkdir. Bu, Rusiyanın yenə də istədiyi vaxt minanı partlatmaq və qarşıdurma yaratmaq, stabilliyi pozmaq imkanıdır. Ona görə də heç bir halda Rusiyanın təkliflərinə sıcaq yanaşmaq olmaz. Yalnız beynəlxalq təşkilatların birgə səyi, birgə addımları ilə, Azərbaycan tərəfinin haqlı mövqeyini nəzərə almaqla sülh danışıqlarının məntiqi və mənası var”.

İsa Qəmbər əlavə edib ki, 2 aprel əməliyyatı Ermənistan tərəfini hadisələrə daha obyektiv, daha realist yanaşmağa sövq edə bilər: “Məsələnin danışıqlar yolu ilə həll edilməsi mümkündür. Ancaq bu, ciddi şəkildə Ermənistan tərəfinin məsələyə realist yanaşmasından, beynəlxalq birliyin məsələyə daha prinsipial və ədalətli yanaşmasından keçir. Azərbaycan tərəfinin isə məsələyə daha çox milli iradənin gücü ilə, ümumxalq birliyi ilə, prinsipial yanaşması ilə proses irəliləyə bilər. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda demokratikləşmə həlledici hədəflərdən biri kimi qüvvədə qalmaqdadır”.

Milli Strateji Düşüncə Mərkəzinin sədri qeyd edib ki, ölkədə azad və güclü iqtisadiyyat inkişaf etdirilməlidir: “Güclü, azad, demokratik islahatlarla inkişaf etdirilən iqtisadiyyat dövlətin, ölkənin, xalqın bütün problemlərinin həllinə əlavə dəstək olur. Bu təbiidir. Amma, bu, sözdə edilmir, bunun üçün gerçək addımlar olmalıdır, işlər görülməlidir. Hakimiyyətin bu sahədəki addımları, təəssüf ki, yarımçıqdır, ziddiyyətlidir, bir çox hallarda kosmetik xarakter daşıyır.

Milli Strateji Düşüncə Mərkəzi hələ iki ay öncə cəmiyyətə, ölkəyə “Böhrandan imkana” adlanan bir yol xəritəsi təqdim edib (“Böhrandan imkana” yol xəritəsi). İki aydır yol xəritəsində irəli sürdüyümüz təkliflər istiqamətində hakimiyyətdən prinsipial mövqe bildirilmir. Yarımçıq addımlar atılır. Hətta bizim yol xəritəmizdə irəli sürülən ideyaların həyata keçirilməsinə cəhd göstərirlər, yaxud imitasiya edirlər. Ancaq bu kifayət deyil. Məsələyə kompleks və konseptual yanaşılmalıdır. Digər siyasi qüvvələrin təklifləri, paketləri kimi Milli Strateji Düşüncə Mərkəzinin hazırlayıb təqdim etdiyi yol xəritəsi də nəzərə alınsa, gerçək iqtisadi-siyasi islahatlar aparmaq, ölkəmizin güclənib qarşıda duran problemləri həll etməsi mümkün olar”.

İsa Qəmbər 1992-93-cü illərdə Milli Məclisin sədri postunu tutub, həmin dönəmin ilk ayında prezidentin səlahiyyətlərini icra edib, 1992-ci ildən 2014-cü ilədək Müsavat Partiyasının başqanı olub.

Mərkəzi icra hakimiyyəti orqanlarının sayında dəyişiklik var

13.04.2016

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması ilə iki mərkəzi icra hakimiyyəti orqanı ləğv edilir. Prezidentin 11 aprel fərmanına əsasən, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına veriləcək.

Aprelin 11-də imzalanan başqa bir fərmanla prezident Mənzil İnşaatı Dövlət Agentliyi yaradıb. Əsasnaməsinə görə, agentlik mərkəzi icra hakimiyyəti orqanıdır.

Azərbaycan Konstitusiyasının 115-ci maddəsində qeyd olunur ki, Nazirlər Kabinetinin tərkibinə baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir.

Son fərmanlarla mərkəzi icra hakimiyyəti orqanı olan Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilərək hökumətin tərkibindən çıxır, Mənzil İnşaatı Dövlət Agentliyi isə kabinetin tərkibinə keçir.

Ölkədə mərkəzi icra hakimiyyəti orqanı sayılan daha 3 qurum var: Müəllif Hüquqları Agentliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi.

Transparency.az xatırladır ki, mart ayında Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib. Bu yeniliklə Nazirlər Kabinetində qurumların sayını 36-ya enib. Fevralda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bazasında Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılanda hökumət strukturlarının sayı 37 olmuşdu.

İndi Azərbaycanda 19 nazirlik, 9 dövlət komitəsi, 5 dövlət xidməti, 2 administrasiya, 1 idarə var. Mərkəzi icra hakimiyyəti orqanı statuslu 4 agentliyi də nəzərə alanda hökumətin 40 qurumdan ibarət olduğunu söyləmək olar.

Yeni hərrac ümumi xərci 2 milyard 140 milyon dollara çatdırdı

13.04.2016



Aprelin 13-də Mərkəzi Bankın keçirdiyi hərraca 50 milyon ABŞ dolları çıxarılıb. Dövlət Neft Fondu 1 banka 20 milyon dollar satıb.

Transparency.az-ın məlumatına görə, bununla Dövlət Neft Fondunun il ərzində keçirilən hərraclarda satdığı valyutanın həcmi 1 milyard 454 milyon 326 min dollara çatıb.

2016-cı ilin hərraclarında Mərkəzi Bankın özündən 685 milyon 488 min ABŞ dolları alınıb.

İki qurumun birgə xərci 2 milyard 139 milyon 814 min dollardır.

Qırğızıstana yeni baş nazir Prezident Administrasiyasından gəldi

13.04.2016



Qırğızıstan parlamenti aprelin 13-də Sooronbay Jeenbekovu baş nazir postuna təsdiqləyib. Novator.az-ın məlumatına görə, onun namizədliyini deputatların əksəriyyəti dəstəkləyib.

Prezident Administrasiyası rəhbərinin müavini postunu tutan Sooronbay Jeenbekovun baş nazir postuna namizədliyini hakim Sosial Demokrat Partiyası irəli sürüb.

Qırğızıstanın əvvəlki baş naziri Temir Sariyev aprelin 11-də istefa verib. O, Bişkek-Korumdu avtomobil yolu ilə bağlı tenderdə Çin şirkətinin maraqlarını lobbiləşdirmək ittihamlarının qurbanı olub.

Aprelin 13-də parlamentin sədri Asılbek Jeenbekov da istefa verib. O, yeni baş nazir Sooronbay Jeenbekovun qardaşıdır. Asılbekin istefasına da elə bu səbəb olub. Ölkə rəhbərliyində iki qardaş təmsil olunmasın deyə onlardan biri vəzifəsini tərk edib.

Sooronbay Jeenbekov 1958-ci ildə Qırğızıstanın Oş vilayətində anadan olub. Qırğızıstanda Kənd Təsərrüfat İnstitutunu bitirib. Gənc yaşlarında müəllim, zootexnik və sovxoz direktoru işləyib. 1996-cı ildən parlamentin tərkibinə daxil olub və üç dəfə deputat seçilib.

Kənd və su təsərrüfatı naziri, Oş vilayətinin qubernatoru, Dövlət Kadr Xidmətinin rəhbəri postlarını tutub. 2016-cı ilin martından Prezident Administrasiyası rəhbərinin birinci müavini idi.

“Şəffaflıq və ictimai nəzarət mexanizmləri yoxdursa, nəticə eyni olacaq”

13.04.2016



İqtisadçı ekspert Rövşən Ağayev Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmasını şərh edib. Transparency.az-ın məlumatına görə, ekspert yazır ki, Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi təkcə sosial mənzillərin tikintisi ilə məşğul olmayacaq, həmçinin ayrı-ayrı tikinti şirkətlərinə sifariş verməklə sərəncamında olan torpaq sahələrində insanların güzəştli qiymətlərlə əldə edə biləcəyi mənzillərin tikintisini təmin edəcək: “İnsanların güzəştli icarə tarifləri əsasında yaşaya biləcəyi sosial mənzillər Azərbaycanda yoxdur. 2009-cu ildə qəbul edilmiş Mənzil Məcəlləsinə görə, belə mənzil fondunun yaradılmasına həm bələdiyyələr, həm dövlət qurumları məsuliyyət daşıyır. Problem Avropada da, bizdə də eynidir: sosial mənzil fondu olmalıdır. Amma həmin problemi necə həll etmək işində avropalılarla bizim yanaşmamız fərqlidir.

Məsələn, Estoniyada sosial mənzil tikintisinə məsuliyyət birbaşa bələdiyyələrin üzərinə qoyulub, lakin mənzil tikintisinin maliyyələşdirilməsinə bələdiyyələrin və mərkəzi hökumətin birgə öhdəliyi var. Maliyyəni isə “Estonian Credit and Export Guarantee Fund” vasitəsilə özəl tikinti şirkətlərinə yönəldirlər.

Yaxud İsveçdə SABO bu işi (The Swedish Association of Public Housing Companies) adlı qurum hökumətdən və bələdiyyədən pul alaraq özündə birləşdirdiyi 300 tikinti şirkəti vasitəsilə görür.

Bizim sistem Türkiyədə birbaşa hökumət başçısına bağlı olan Toplu Konut İdaresi Başkanlığının (TKİB) oxşarıdır. Lakin məlumatı olan mütəxəssislərin bildirdiyinə görə, Türkiyədəki sistem siyasi hakimiyyətə yaxın tikinti şirkətlərinin TKİB vasitəsilə daha çox tender qazanmasına münbit şərait yaradır. Mərkəzləşdirilmiş və ictimai nəzarət imkanın çox məhdud olduğu mühitdə belə mexanizmlər korrupsiya üçün göydəndüşmədir.

Azərbaycanda indiyədək sosial mənzil fondunun yaradılmaması, yaxud imkansız insanların da ala biləcəyi ucuz mənzillərin tikilməməsi hansısa mərkəzləşdirilmiş agentliyin olmaması ilə bağlı deyildi. Əsas səbəb tikinti bazarında rəqabətin yoxluğu idi. Bütün iri tikinti şirkətləri siyasi hakimiyyətə bağlı iqtisadi qrupların əlinə keçib, bu sahədə rəqabətin yerini inhisarçılıq tutubsa, onların tətbiq etdiyi qiymətlər də inhisarçı qiymətlər olmalıdır.

İkinci səbəb o idi ki, mənzil tikintisi sahəsində inanılmaz bürokratiya və xərcləri artıran rüşvət proseduraları var. Mənzil tikintisinin rəsmi vergi yükü də çox ağır idi – bu ilin yanvarınadək mənzil tikənlər 2 dövriyyə vergisini (ƏDV və sadələşdirilmiş vergini) paralel ödəyirdilər. Tikinti məhsulları bazarı da inhisarda olduğundan zəruri məhsul və avadanlıqların qiyməti də yüksək olurdu. Buna görə də Azərbaycanda nisbətən kasıb təbəqənin də cibinə uyğun mənzillər tikilmir.

Ucuz mənzil tikintisi üçün rüşvət mexanizmlərini kəsmək, tikinti bazarında bütün şirkətlər üçün bərabər fəaliyyət imkanı yaratmaq lazımdır. Yaxud sosial mənzil fondunun yaradılması üçün hökumət Maliyyə Nazirliyi, yaxud İpoteka Fondu vasitəsilə özəl tikinti şirkətlərini pulsuz torpaq və zəruri maliyyə vəsaitləri ilə təmin edib bu prosesi həyata keçirə bilərdi. Amma yenə də önəmli məsələ şəffaflıq və ictimai nəzarət imkanlarıdır: yəni şirkətlər nə dərəcədə şəffaf tenderlər vasitəsilə seçiləcək, onlara verilən vəsaitlərin şişirdilərək korrupsiyanın yeminə çevrilməyəcəyinə hansı hüquqi təminat mexanizmləri və institutlar mövcuddur.

Bir sözlə, istər dövlət büdcəsinə izafi xərc hesabına prezident yanında yeni agentlik yarat, istərsə də bu işi mövcud nazirliklərdən biri vasitəsilə et, şəffaflıq və ictimai nəzarət mexanizmləri yoxdursa, nəticə eyni olacaq”.

Prezident Türkiyədədir

13.04.2016

AZƏRTAC xəbər verir ki, aprelin 13-də prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Türkiyəyə gedib.

İstanbulun Atatürk beynəlxalq hava limanında İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıb.



Müharibə əlilləri və şəhid ailələrinə yeni evlər təqdim edilib

13.04.2016

Aprelin 13-ü Oğuz və Şəki rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni fərdi yaşayış evləri təqdim edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, yeni fərdi yaşayış evinin 5-i Qarabağ müharibəsi əlili, 2-si isə şəhid ailəsinə verilib.

Bildirilir ki, bu ilin ötən dövründə 12 rayonda 51 fərdi yaşayış evi, həmçinin Abşeron rayonunda hazır yaşayış binalarından tender yolu ilə alınaraq təmir edilən 53 mənzil istifadəyə verilməklə 104 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub.







Ekspertin hökumətə sualları, iradları və təklifləri var

13.04.2016

Prezident İlham Əliyevin qərarı ilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Bu qurum dövlət satınalmaları haqda qanunvericiliyə uyğun olaraq dövlət təşkilatlarının ehtiyacı üçün zəruri olan kənd təsərrüfatı məhsullarının fermerlərdən mərkəzləşdirilmiş qaydada satın alınmasını həyata keçirəcək.

İqtisadçı ekspert Rövşən Ağayev bahalı idxal mallarından imtina edib birbaşa fermerdən dövlət ehtiyacları üçün məhsul almağı tamamilə doğru yanaşma sayır.  Amma Transparency.az-ın məlumatına görə, ekspert yazır ki, satınalmanın mərkəzləşdirilməsi uğurlu addım deyil: “Beynəlxalq təcrübədə mərkəzləşdirilmiş satınalma miqyas effekti baxımından qənaətə şərait yaradan model hesab edilir, ictimai nəzarət mexanizmlərinin çalışmadığı mühitdə isə bu modeldə korrupsiya riskləri çox yüksək sayılır. Məsələn, nə təminat var ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti kiçik və orta fermerlərin deyil, məmurların patronajlığı ilə yaradılan iri fermer təsərrüfatlarının məhsullarını almayacaq və Taxıl Fondu etdiyi kimi başqa fermerlərin məhsulunun keyfiyyət standartlarına cavab verməməsini əsas gətirməyəcək? Başqa bir sual: belə bir qurum yaradılırsa, niyə Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Taxıl Fondu da ləğv edilib onun tərkibinə verilmir? Bu, struktur islahatları baxımından da mühüm addım olardı. Yaxud İqtisadiyyat Nazirliyinin tabeliyinə verilən Satınalmalar üzrə Dövlət Agentliyi bu vəzifəni yerinə yetirə bilməzdimi, əgər bilməzsə, hansı maneələr var?

Fermerlərdən məhsulların birbaşa satın alınması mexanizminin şəffaf olması üçün hökumətin aparmalı olduğu islahatlar var: kəndli-fermer kooperativlərinin yaradılması stimullaşdırılmalıdır. Məsələn, indi fürsətdir, hökumət deyə bilər ki, satınalma zamanı kooperativ halda birləşmiş, rəsmi müqavilə tərəfi ola biləcək sahibkar kimi qeydiyyata alınmış, dövlətin müəyyən etdiyi minimum həcmdə məhsul təklif edən subyektlərə üstünlük veriləcək. Amma təbii ki, kooperativlərin yaradılmasına ciddi maliyyə dəstəyi verilməlidir – necə ki, Sahibkarlığa Kömək Milli Fondu ayrı-ayrı şəxslərin dövlət torpaqlarında iri fermer təsərrüfatları yaratmasını dəstəkləyir.

Fermerlərin maraqlarını qoruyan yerli, regional və ölkə birliklərinin (ittifaqlarının) yaradılması dəstəklənməlidir, aqrar siyasətlə bağlı qərarların qəbulunda onlarla intensiv dialoq mexanizmləri formalaşdırılmalıdır”.

Ekspert qeyd edir ki, qida sənayesi inhisarlaşmasaydı, bir-biri ilə rəqabət aparan qida şirkətləri yaransaydı, şəffaf tender mexanizmləri vasitəsilə onları fermerlərdən məhsul almağa stimullaşdırmaq olardı: “Dövlət isə öz ehtiyaclarını artıq nəhəng, büdcə üçün yükə çevrilən təchizat-tədarük şirkəti vasitəsilə minlərlə fermerdən deyil, Satınalmalar üzrə Dövlət Agentliyinin təşkil etdiyi şəffaf tenderlər vasitəsilə qida şirkətlərindən ala bilərdi.

Hələlik hökumət sistemyaradıcı və institusional, əksmərkəzləşməni dərinləşdirən islahatlara başlamaq əvəzinə idarəetməni daha da mərkəzləşdirir, bütün səlahiyyətləri və idarəetməni prezident hakimiyyətinin və mərkəzi hakimiyyət orqanlarının ətrafında təmərküzləşdirir. Bu, çıxış yolu deyil.

İndiki iqtisadi böhrandan yeni dövlət təsisatları yaratmaqla deyil, cəmiyyətə yeni münasibətlər gətirən, yeni institusional mühiti diktə edən mexanizmlər vasitəsilə çıxmaq mümkündür. Demokratik yolla seçilmiş yerli və regional hakimiyyətlər formalaşdırılmasa, mərkəzi hakimiyyət özünün strateji funksiyalarını saxlayıb təsərrüfat xarakterli səlahiyyətlərini əksmərkəzləşdirilmiş strukturlara ötürməsə, bütün sahibkarlar üçün rəqabəti təmin edən və qoruyan iqtisadi sistem olmasa, hansısa yeni strukturların yaradılması vəziyyəti dəyişməyəcək”.

Natiq Cəfərli: “Neft ucuzlaşacaq”

13.04.2016

“Yaxın günlərdə dünya bazarında neft yenidən ucuzlaşacaq”. İqtisadçı ekspert Natiq Cəfərli neft ixrac edən ölkələrin Doha görüşünün gözlənən nəticələrinə əsaslanaraq belə yazır.

Aprelin 17-si Qətərin paytaxtı Dohada neft ixrac edən ölkələri birləşdirən OPEK-in neft nazirlərinin görüşü keçiriləcək. Görüşdə neftin qiyməti ilə bağlı məsələlər müzakirə ediləcək. Fevralın 16-sı Dohada Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela neft istehsalının dondurulması haqqında razılıq əldə ediblər, lakin digər istehsalçı ölkələr bu razılaşmaya qoşulmayıb.

Transparency.az-ın məlumatına görə, Natiq Cəfərli bildirib ki, Doha görüşü bazarın gözləntilərini qarşılaya bilməyəcək: “Bu razılaşma sənədinin imzalanması artıq iki dəfə təxirə düşüb, son tarix kimi 17 aprel göstərilir. İran anlaşma layihəsini gülünc adlandırıb ona qoşulmayacağını, hətta hasilatı yaxın 6 ayda əlavə olaraq 1 milyon barrel artıracağını bəyan edib. Səudiyyə Ərəbistanının neft naziri isə deyib ki, hasilatın azalmasını unudun, biz bazarlarımızı itirməyəcəyik.

Son bir həftədə həm Dünya Bankı, həm də Beynəlxalq Valyuta Fondu 2016-cı il üçün neftin ortalama qiymət proqnozlarını açıqlayıb. Neftin qiymətinin 35-37 dollar arası olacağı gözlənir. Orta və uzunmüddətli bütün trendlər də neftin qiymətinin uzun zaman 30-40 dollar arası olma ehtimalını gücləndirir. Düşünürəm ki, Doha görüşü bazarın gözləntilərini qarşılaya bilməyəcək, bununla da qiymətin kəskin enməsi müşahidə ediləcək. Çox güman, qiymət 18 apreldən sonra 10-15 faiz aşağı düşəcək. Son günlərin qiymət artımının arxasında söz oyunundan başqa heç bir fundamental səbəb dayanmır”.

Aprelin 13-də Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 41,42 dollara, London birjasında “Brent” markalı neftin bir barreli 43,96 dollara satılıb. “AzəriLayt” markalı neftin bir barreli isə 44,97 dollara təklif olunur.

Saakaşvili gəlirləri haqda hesabat açıqlayıb

13.04.2016


Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili gəlirləri haqda hesabat açıqlayıb.

Novator.az xəbər verir ki, Saakaşvilinin təqdim etdiyi bəyannaməyə əsasən, o, 2015-ci ildə qubernator postunda ümumilikdə 38,6 min qrivna (1,5 min ABŞ dolları) qazanıb. Bu məbləğ onun maaşıdır.

Saakaşvili xaricdəki hesabında 57 min dollar, Ukraynadakı hesabında isə 130 min qrivna (5 min dollar) pul olduğunu bildirib.

Onun 6820 və 500 kvadratmetrlik iki torpaq sahəsi və 97 kvadratmetrlik evi var.

Bəyannaməyə əsasən, Saakaşvilinin ailəsi 754 kvadratmetrlik mənzilə və xarici hesablarda 48 min avroya sahibdir.

Sənədə görə, Saakaşvilinin və onun ailəsinin nəqliyyat vasitəsi yoxdur.

2004-2013-cü illərdə Gürcüstan prezident olmuş Saakaşvili 2015-ci ilin mayında Ukrayna vətəndaşlığı alıb və Odessa vilayətinin qubernatoru təyin edilib.

Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumu yaradıldı

13.04.2016


Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun yaradılması haqqında müqavilə imzalanıb. “Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun operator şirkətlərinin yığıncağında Azərbaycandan “ADY Express” MMC və “ACSC Logistics” MMC, Qazaxıstandan “KTZ Express” AC, Gürcüstandan “Trans Qafqasus Terminals” MMC konsorsiuma üzv olub.

Yığıncaqda Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun idarəetmə strukturu, Müşahidə Şurasının yaradılması və şuraya sədr seçilməsi məsələləri də müzakirə edilib. Müşahidə Şurasına hər üzv şirkətdən bir nümayəndə daxil olub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov Müşahidə Şurası sədri vəzifəsinə seçilib.

Yığıncağın sonunda tərəflər arasında protokol imzalanıb. Marşrut üzrə yük qatarlarının hərəkət cədvəli may ayında müəyyən ediləcək.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən “Nomad Ekspress” blok qatarı orta hesabla 10-12 günə Çindən Avropaya yükləri çatdırır. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşdıqdan sonra Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yükötürmə qabiliyyəti artacaq və çatdırılma vaxtı qısalacaq.

İstanbulda görüşlər

14.04.2016

İslam Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Türkiyəyə səfər edən Azərbaycan prezidenti İlham Əliyev aprelin 13-ü İstanbulda Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviçlə görüşüb. Görüşdə iki ölkənin münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə edilib, qarşılıqlı əlaqələri genişləndirmək üçün yaxşı imkanların olduğu bildirilib.

Söhbət zamanı enerji sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində görülən işlərlə bağlı məlumat verib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, xüsusilə son vaxtlar qoşunların təmas xəttində baş verən gərginliyə də toxunulub.

AZƏRTAC xəbər verir ki, həmin gün Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın və xanımının adından İslam Əməkdaşlıq Təşkilatının sammitinə gələn dövlət və hökumət başçılarının şərəfinə nahar verilib. İlham Əliyev və xanımı Mehriban Əliyeva naharda iştirak ediblər.

Daha sonra İlham Əliyev Rəcəb Teyyub Ərdoğanla bir araya gəlib. Görüşdə Azərbaycanla Türkiyə arasında münasibətlərin bütün sahələrdə uğurla inkişafı məmnunluqla vurğulanıb, strateji əməkdaşlığın bundan sonra da bütün sahələrdə genişlənəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı Dağlıq Qarabağ cəbhəsində baş verən son hadisələr və hazırkı vəziyyətə toxunulub, ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əksər xarici valyutanın kursu düşüb

14.04.2016

Mərkəzi Bank aprelin 14-də əksər xarici valyutanın, o sıradan dolların kursunu aşağı salıb. Ötən gün 1,5264 manata satılan 1 ABŞ dolları indi 1,5218 manata təklif olunur.

Transparency.az xəbər verir ki, avronun da rəsmi məzənnəsi düşüb. Aprelin 13-də 1 avro 1,7349 manat olub, bu gün isə kurs 1,7139 manatdır.

Rublun rəsmi kursu 0,023 manata enib. 1 Rusiya rubluna ötən gün 0,0233 manat qiymət qoyulmuşdu.

Aprelin 14-də yalnız bir neçə xarici valyuta, o cümlədən lari bahalaşıb. 1 gürcü larisini Mərkəzi Bank 0,6809 manata dəyişir.

ABŞ: “Azərbaycanda hökuməti dinc yolla dəyişməyin qarşısı alınır”

14.04.2016




ABŞ Dövlət Departamenti 2015-ci il üçün insan haqları hesabatı yayıb. Azadliq.org-un məlumatına görə, hesabatda qeyd olunur ki, avtoritar rejimlərin vətəndaş cəmiyyətinə hücumları kəskinləşib, müstəqil səslərin susdurulması cəhdləri artıb. Hesabatda Şimali Koreya, Çin, Kuba, Sudan, İran, Rusiya, Ruanda, Konqo, Venesuela, Azərbaycan, Özbəkistan, Uqanda, Misir və Vyetnam xüsusilə kəskin tənqid olunub.

Dövlət Departamenti hesabatın Rusiyaya aid hissəsində bildirir ki, hökumət öz tənqidçilərini əzmək üçün qanunvericilikdən, ədliyyə və polis sistemindən istifadə edir. Rusiyanın Ukraynadan qopardığı Krım yarımadasında ukraynalılara və tatarlara qarşı sistematik qısnama və diskriminasiyanın tətbiq olunduğu göstərilir.

Hesabatın Azərbaycana aid bölümündə deyilir ki, hökumət ifadə, sərbəst toplaşmaq və təşkilatlanma azadlıqlarını məhdudlaşdırır: “Ölkədə insan haqları fəallarına, jurnalist və vətəndaş cəmiyyəti nümayəndələrinə, bəzi hallarda isə onların qohum və yaxınlarına qarşı sual doğuran ittiham və mühakimələrdən, qısnama və təqiblərdən istifadə olunur. Hökumət həmçinin QHT-lərin fəaliyyətini bloklamaq məqsədilə siyasi motivli həbslərdən, cinayət araşdırmalarından, dinc azad düşüncənin cəzalandırılması üçün ədliyyə sistemindən faydalanır”.

ABŞ Dövlət Departamenti qeyd edir ki, Azərbaycanda hökuməti dinc yolla dəyişməyin qarşısı alınır: “Hakimiyyət vətəndaşların hökuməti azad və ədalətli seçki yolu ilə dəyişməsi imkanlarını kəskin məhdudlaşdırır”.

Hesabatda bir sıra fəalların və jurnalistlərin hərəkət azadlığına məhdudiyyət qoyulması tənqid edilir.

Sənəddə bildirilir ki, aşağı səviyyədə rüşvətin azaldılması üçün bəzi tədbirlərin görülməsinə baxmayaraq korrupsiya hökumətin bütün səviyyələrində davam edir.

BMT-nin məlumatına istinadla qeyd olunur ki, Azərbaycanda 2014-cü ildə 622 min 892 nəfər daxili köçkün qeydiyyatda olub. Bu şəxslərin əhəmiyyətli hissəsinin erməni separatçıların Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal etməsi ilə bağlı didərgin düşdüyü vurğulanır.

İlk rübün vergi cinayətləri

14.04.2016

Vergi hüquqpozmalarına qarşı 2016-cı ilin ilk rübündə görülmüş tədbirlər haqqında məlumat açıqlanıb. Transparency.az bildirir ki, rəsmi hesabata görə, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə 135 cinayət işi başlanıb: “Bu işlərə dair araşdırmalar zamanı 4 milyon 618 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Departamentin istintaq idarəsində 226 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 4 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaqı tamamlanmış cinayət işlərindən 35 iş üzrə 37 nəfər şəxs barəsində materiallar ittiham aktı ilə məhkəmələrə göndərilib. 103 cinayət işi üzrə büdcədən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyinə görə onların icraatına xitam verilib.

Vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan olunmuş 11 şəxs tutularaq departamentin istintaq idarəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 99 şəxsin məcburi qaydada gətirilməsi, 156 şəxsin tapılaraq istintaqa gəlmələri, 236 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib.

Vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 37 nəfər vergi ödəyicisinin müvafiq vergi orqanlarına gəlmələri təmin olunub”.

Hesabatı Vergilər Nazirliyinin analitik-informasiya şöbəsi yayıb.

Ermənistanın Müdafiə Nazirliyi son döyüşlərdəki itkilərini açıqlayıb

14.04.2016


Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan ordusu ilə son döyüşlərdə 92 nəfərin öldüyünü açıqlayıb. Transparency.az xəbər verir ki, Azərbaycanın Qarabağ bölgəsində aprelin 2-dən 5-dək 64 erməni hərbi qulluqçunun öldüyü bildirilir. Nazirliyin hesabatına görə, onların 15-i zabit, 15-i müqavilə əsasında xidmət keçənlər, 34-ü müddətli hərbi qulluqçu olub.

Döyüşlərdə 13 könüllünün öldüyü, kapitan rütbəli 1 zabitin isə itkin düşdüyü iddia olunur.

Hesabatda Ermənistan-Azərbaycan sərhədində aprelin 2-dən 13-dək 15 nəfərin (9 hərbi qulluqçu, 2 könüllü, 4 sakin) öldüyü qeyd edilir.

1988-ci ildə başlayan Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını, eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib. 1994-cü ildə elan olunan atəşkəsdən bəri sülh danışıqları heç bir nəticə vermir.

Azərbaycanın Silahlı Qüvvələri aprelin 2-dən 5-dək Qarabağ cəbhəsinin bir neçə istiqamətində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlə zamanı erməni birləşmələrinin birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, keçmiş Ağdərə rayonu və Füzuli rayonu istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib.

Üç ayda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 876 şikayət daxil olub

14.04.2016

-cı ilin yanvar-mart ayları ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”inə ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması və ekoloji qanun pozuntuları ilə əlaqədar 876 şikayət daxil olub. Rəsmi hesabata görə, “Qaynar xətt”ə daxil olmuş 635 şikayəti nazirliyin əməkdaşları yerində araşdırıb, qanuna müvafiq tədbirlər görülüb, digər müraciətlərin araşdırılması isə hazırda davam etdirilir.

Şikayətlər əsasən məişət tullantılarının qalaqlanması, çirkab suların axıdılması, ağacların qanunsuz kəsilməsi, aşma təhlükəsinin olması, atmosfer havasının çirklənməsi, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi ilə əlaqədar olub.

2016-cı ilin birinci rübü ərzində Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilmiş 413 şikayətdən 339-u, Dövlət Ekspertiza İdarəsinə göndərilmiş 287 şikayətdən 201-i, Meşələrin İnkişafı Departamentinə göndərilmiş 71 şikayətdən 47-si, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilmiş 14 şikayətdən 11-i, Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilmiş 69 şikayətdən 31-i, «Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu» Açıq Səhmdar Cəmiyyətinə göndərilmiş 6 şikayətdən 1-i, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə göndərilmiş 5 şikayət üzrə araşdırma tamamlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” rabitə əlaqəsi 2002-ci ildən fəaliyyət göstərir.

Dövlət komissiyası itkin düşən kiçik gizirin taleyinə aydınlıq gətirilməsini istəyir

14.04.2016



Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası aprelin 14-də məlumat yayıb. Məlumatda deyilir: “Prezident İlham Əliyevin tapşırığına əsasən, vasitəçilərin təşəbbüsünə hörmətlə yanaşaraq və beynəlxalq humanitar hüququn normalarına riayət edərək döyüş əməliyyatlarının dayandırılması barədə razılıq əldə edildikdən dərhal sonra Azərbaycan tərəfi həlak olan və itkin düşən hərbi qulluqçuların taleyinə aydınlıq gətirilməsi ilə bağlı üzərinə düşən bütün məsələlərin icrasını həyata keçirib.

Bu günədək “hamının-hamıya” prinsipi əsas götürülərək beynəlxalq vasitəçilərin iştirakı ilə qarşı tərəfə 18 erməni hərbi qulluqçusunun meyiti təhvil verilib. Eyni zamanda daha bir erməni hərbi qulluqçusunun meyitinin tapılaraq Azərbaycan tərəfində olması barədə prosesin iştirakçıları məlumatlandırılıb və onun qaytarılmasına hazır olduğumuz bəyan edilib.

Lakin döyüş meydanında itkin düşənlərlə bağlı axtarışlar aparılan zaman hərbi qulluqçumuz kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlunun taleyi barədə məlumat əldə etmək mümkün olmayıb. İtkin düşən hərbi qulluqçumuzun erməni tərəfinin əlində olduğu ehtimal edilir. Ancaq qarşı tərəf onun barəsində məlumat verməkdən imtina edir və qaytarılması istiqamətində müvafiq addımlar atmır.

Azərbaycan tərəfinin razılaşmanın tələblərinə hörmətlə yanaşdığını və şərtlərə tam əməl etdiyini nəzərə alaraq qarşı tərəfi də eyni addım atmağa dəvət edirik. Həmçinin aidiyyəti beynəlxalq qurumları kiçik gizir Seymur Baxışovun taleyinə aydınlıq gətirilməsi, onun axtarılaraq yerinin müəyyən olunması və tezliklə geri qaytarılmasına kömək göstərilməsi məsələsində prinsipiallıq nümayiş etdirməyə çağırırıq”.

Azərbaycanın Silahlı Qüvvələri aprelin 2-dən Qarabağ cəbhəsinin bir neçə istiqamətində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlə zamanı erməni birləşmələrinin birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, keçmiş Ağdərə rayonu və Füzuli rayonu istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib.

Aprelin 5-də atəşkəs razılaşması əldə olunub.

Xalq Cəbhəsinin deputatı Ali Radanın sədri seçildi

14.04.2016




Ukrayna parlamenti boşalmış sədr kürsüsünə Xalq Cəbhəsindən deputat Andrey Parubiyi seçib. O, 282 deputatın səsini alıb.

Transparency.az xəbər verir ki, aprelin 14-də Ali Rada həmçinin Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib. 239 deputatın dəstəklədiyi qərarla baş nazirin müavinləri və nazirlər təyin edilib. Yalnız səhiyyə naziri kürsüsü boş qalıb. Həmin posta namizədi məsləhətləşmələrdə razılaşdırmaq mümkün olmayıb.

Bu gün Ali Rada prezident Pyotr Poroşenkonun təqdimatına baxaraq Vladimir Qroysmanı baş nazir postuna təsdiqləyib. Vladimir Qroysman Ali Radanın sədri idi.

Ukraynanın əvvəlki baş naziri, Xalq Cəbhəsinin lideri Arseni Yatsenyuk aprelin 10-da istefa verib. Buna koalisiyanın dağılması səbəb olub.

Cəbhədə yeni gərginlik: kiçik çavuş şəhid oldu

14.04.2016



Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, cəbhə boyu döyüş əməliyyatlarının dayandırılmasına dair əldə olunan razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən vəziyyəti gərginləşdirir: “Qoşunların təmas xəttində aprelin 14-də düşmənin növbəti təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əhmədov Rüstəm Oruc oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!

Bildiririk ki, qoşunların təmas xəttində baş verən bu qanlı provokasiyaya görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür və düşmənə veriləcək cavab sarsıdıcı olacaq”.

İlham Əliyev İƏT-in sammitində Asiya ölkələri adından danışıb

14.04.2016

AZƏRTAC xəbər verir ki, aprelin 14-ü İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII sammiti işə başlayıb. Prezident İlham Əliyev sammitdə iştirak edir.

Sammitin devizi “Ədalət və sülh üçün birlik və həmrəylik”dir. Sədrlik edən Misirin xarici işlər naziri Sameh Şukri çıxışında müsəlmanların və islam ölkələrinin maraqlarının qorunması baxımından İƏT-in fəaliyyətini yüksək qiymətləndirib. O, Misirin sədrliyi dövründə üzv ölkələrlə əməkdaşlıq şəraitində islam dünyasında mövcud problemlərin həlli istiqamətində fəal səy göstərdiyini vurğulayıb. Hazırda islam dünyasında, ərəb ölkələrində, ümumilikdə Yaxın Şərq regionunda ciddi böhranların yaşandığını vurğulayan sədr deyib ki, bu münaqişələrin, terrorun arxasında xarici qüvvələrlə yanaşı daxili narazılıqlar da var.

Sameh Şukri son aylarda bölgədə silahlı münaqişələrin, terror hadisələrinin daha da şiddətləndiyini vurğulayaq bunun ciddi bir təhdid olduğunu bildirib. O, islam dünyasında mövcud problemlərin, o cümlədən Fələstin məsələsinin, Suriya böhranının, həmçinin son illər artmaqda olan islamofobiyanın və digər problemlərin həlli üçün səylərin birləşdirilməsinin vacibliyini qeyd edib.

İƏT-ə sədrliyi qəbul edən Türkiyənin prezidenti Rəcəb Teyyub Ərdoğan sammitdə çıxış edərək toplantının əsas mövzusu olan prinsiplərin dünyada baş verən böhranların, xüsusən də islam aləmində yaşanan gərginliklərin həll edilməsi baxımından qısa zamanda bərqərar olunmasının əhəmiyyətini vurğulayıb. Rəcəb Teyyub Ərdoğan bu problemlərin əsas səbəbinin dünyada irqçilik, məzhəbçilik, etnik və dini ayrı-seçkiliyin olduğunu qeyd edərək həmin münaqişələr, böhranlar nəticəsində milyonlarla insanın əziyyət çəkdiyini deyib. “Dünyada yaşanan problemlərdən, münaqişələrdən, böhranlardan daha çox əziyyət çəkən sadəcə islam dünyası və müsəlman ölkələridir” deyən Ərdoğan sammitin müsəlmanların səylərini birləşdirməsi, əməkdaşlığı inkişaf etdirməsi yolunda dönüş nöqtəsi olacağına əminliyini bildirib.

İƏT-in baş katibi İyad Amin Madani Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasəti barədə məlumat verib. Müsəlman ölkələrindəki qarşıdurmaların tezliklə həll olunmasını müasir dünyanın qarşısında duran əsas vəzifə olduğunu deyən baş katib diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həll olunmalıdır. O qeyd edib ki, İƏT problemin həllində Azərbaycana dəstəyini davam etdirəcək.

Sonra Asiya, ərəb və Afrika ölkələri qrupları adından çıxışlar dinlənilib. Bəhreyn, Bruney, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Qazaxıstan, Pakistan, Fələstin, Əfqanıstan, İndoneziya, Malayziya, Banqladeş, İordaniya, Livan, Oman, Özbəkistan, Tacikistan, Qırğızıstan, Maldiv adaları, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Türkmənistan, Suriya, İraqın daxil olduğu Asiya qrupu adından Azərbaycan prezidenti İlham Əliyev çıxış edib.



32 sahibkar güzəştli kredit aldı

14.04.2016

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qax rayonunda forum keçirib. Aprelin 14-də yayılan rəsmi məlumata görə, 70-ə yaxın sahibkarın iştirak etdiyi forumda iri fermer, bağçılıq, cins heyvandarlıq, tütünçülük və arıçılıq təsərrüfatlarının, çörək istehsalı və meyvə emalı müəssisələrinin təşkili və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Forumda Qax və ətraf rayonlardan olan 32 sahibkara 330 min manat güzəştli kredit verilib. Taxılçılıq, heyvandarlıq, arıçılıq, bağçılıq, mineral su, qapı-pəncərə istehsalı sahələrinin inkişafına yönəldiləcək kredit hesabına 50-yə yaxın yeni iş yerinin açılması gözlənir.

Qeyd olunub ki, bu ilin ötən dövrü ərzində 380-ə yaxın sahibkara 40,2 milyon manat güzəştli kredit verilib, bununla da 700-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradılıb.

Ümumilikdə indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1900-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 96,6 milyon manat güzəştli kredit ayrılıb, taxıl anbarı, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük, bağçılıq təsərrüfatlarının, ət və süd emalı, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib.



Vergi daxilolmaları haqqında rəsmi məlumat

14.04.2016

Vergi daxilolmaları haqqında rəsmi məlumat açıqlanıb. Hesabata görə, 2016-cı ilin yanvar-mart ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1 milyard 542 milyon 401,2 min manat vəsait daxil olub, proqnoz tapşırığına 101,4 faiz əməl edilib.

3 ayda 28 min 434 vergi ödəyicisi qeydiyyata alınıb.

Vergilər Nazirliyindən müraciət statistikası

14.04.2016



Bu ilin birinci rübü ərzində vergi orqanlarına 24 min 668 müraciət daxil olub. Vergilər Nazirliyinin məlumatına görə, onların 97,2 faizi ərizə, 2,6 faizi şikayət, 0,2 faizi təklifdir.

Müraciətlərin 54,4%-i müxtəlif arayışların alınması, 15,2%-i kameral vergi yoxlamaları, 8,3%-i vergi borcları, 2,1%-i səyyar vergi yoxlamaları, 1,8%-i vergidən yayınma və dividentlərin verilməsi, 1,8%-i vergi qanunvericiliyi, 1%-i operativ vergi nəzarəti (o cümlədən, nağd hesablaşmaların aparılması qaydalarının pozulması), 0,5%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,4%-i qanunsuz sahibkarlıq fəaliyyəti, 0,2%-i korrupsiya hüquqpozmaları, 14,3%-i digər məsələlərlə bağlıdır.

Müraciətlərə baxılıb, onların 78,9%-i müsbət həll olunub.

Məlumata görə, hesabat dövründə vergi orqanlarına daxil olan şikayətlərin sayı ötən ilin birinci rübü ilə müqayisədə 20,2%, ötən ilin dördüncü rübü ilə müqayisədə isə 41,4% azalıb.

Hesabat dövründə vergi orqanları ümumilikdə 848 vətəndaşı qəbul edib.

İlham Əliyev: “İslamı terrorla eyniləşdirmək qərəzli yanaşmadır”

14.04.2016


Aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII sammiti işini sessiyalarla davam etdirib. AZƏRTAC xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev birinci sessiyada çıxış edib.

Çıxışında dövlət başçısı Ermənistanın işğalçılıq siyasətindən söz açıb. İlham Əliyev deyib ki, Ermənistan 20 ildən artıqdır Azərbaycana qarşı işğalçılıq siyasəti aparır: “Bu siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizi — Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon işğal edilib, həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Ermənistan Xocalı soyqırımını törədib. Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Bu qətnamələrdə erməni silahı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həlini dəstəkləyən ədalətli qətnamələrə görə İslam Əməkdaşlıq Təşkilatına səmimi minnətdarlığımı bir daha ifadə edirəm. Lakin işğalçı Ermənistan bu qərarlara məhəl qoymur və danışıqlar prosesini pozmaq üçün vaxtaşırı silahlı təxribatlara əl atır. Onlardan biri də aprelin əvvəllərində törədilib. Silahlı hücum nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxslər həlak olublar. Azərbaycan ordusu Ermənistanın təxribatının qarşısını aldı. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı qərar qəbul edib ki, xarici işlər nazirləri səviyyəsində kontakt qrupu yaradılsın. Bu qərara görə təşəkkür edirəm”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan islam ölkələri ilə əməkdaşlığı prioritet hesab edir: “Son illər ərzində Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü olub. Mən İslam Əməkdaşlıq Təşkilatının qarşılıqlı dəstək və həmrəylik yolunda fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün dünyada islamofobiya ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qətiyyətlə pisləyirik. Əslində islam sülh, mərhəmət, dözümlülük, ədalət dinidir. İslamı terrorla eyniləşdirmək isə səhv və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən elə müsəlman ölkələridir”.

Türkiyədə ikitərəfli müzakirələr olub

15.04.2016




Aprelin 14-ü İstanbulda Türkiyənin baş naziri Əhməd Davudoğlunun adından İslam Əməkdaşlıq Təşkilatı sammitinin iştirakçılarının şərəfinə nahar verilib. Azərbaycan prezidenti İlham Əliyev naharda iştirak edib.

Mərasimdə çıxış edən Əhməd Davudoğlu sammitin dünyanın çox mürəkkəb vaxtında keçirildiyini, islam dünyasının İstanbuldan beynəlxalq aləmə sülh və əməkdaşlıq mesajı verdiyini vurğulayıb. “İslam dünyası tarixdə bütün mədəniyyətlərin mərkəzi olub, ən güclü dövlətlər bu məkanda yaranıb” deyən Əhməd Davudoğlu ümidvar olduğunu bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı bu coğrafiyada sülh və sabitliyin bərqərar olmasına yardım edəcək.

Türkiyənin baş naziri islamı terrorla eyniləşdirməyə çalışan qüvvələrə qarşı birgə mübarizənin əhəmiyyətini vurğulayıb, islamla bağlı formalaşdırılan mənfi rəylərin aradan qaldırılması, Suriya, İraq və Liviyadan olan qaçqınlara yardımın göstərilməsi, islam ölkələri arasında yüksək səviyyəli dialoqun baş tutması, iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi, islam dünyasını parçalamaq təşəbbüslərinə qarşı birgə mübarizə aparılması, islam dünyasına məxsus bütün işğal edilmiş ərazilərin, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tezliklə azad olunması ilə bağlı ortaq mövqedən çıxış edilməsinin vacibliyini bildirib.

AZƏRTAC xəbər verir ki, İlham Əliyev həmin gün Əhməd Davudoğlu ilə görüşüb. Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin yüksək səviyyədə olması bildirilib, iki ölkə arasında münasibətlərdən məmnunluq ifadə edilib, Dağlıq Qarabağ cəbhəsində baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.

Aprelin 14-də İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə də bir araya gəlib. Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin, əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə dinamik inkişaf edərək yüksək səviyyəyə qalxması məmnunluqla vurğulanıb, əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün geniş imkanların olduğu qeyd edilib.

Söhbət zamanı Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində aprelin əvvəlində baş vermiş hadisələrlə bağlı geniş fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan müharibə istəmir, ancaq Ermənistan hərbi birləşmələrinin təxribatçı əməllərinə cavab verməli olub. Dövlət başçısı hadisələr zamanı zəng vurub narahatlığını ifadə etdiyinə görə İran prezidentinə təşəkkürünü bildirib.

Görüşdə neft-qaz sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı danışıqlar prosesinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan və İran prezidentləri müxtəlif sahələrdə, o cümlədən viza rejimi, turizm, maliyyə-bank sahələrində əlaqələrin inkişaf etdirilməsi, eyni zamanda ekstremizmə, terrorizmə və radikalizmə qarşı mübarizədə əməkdaşlıq və digər istiqamətlərdə münasibətlərin genişləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

İlham Əliyev daha sonra BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Beltmanla görüşüb. Görüşdə Azərbaycanın BMT və onun qurumları ilə sıx əməkdaşlıq etdiyi bildirilib, bu il Bakıda birgə təşkil ediləcək Sivilizasiyalar Alyansının VII qlobal forumu bu əməkdaşlığın yaxşı göstəricisi kimi səciyyələndirilib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Aprelin 14-də İstanbulda Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın və xanımı Əminə Ərdoğanın adından İslam Əməkdaşlıq Təşkilatının XIII sammitində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ziyafət verilib. İlham Əliyev və xanımı Mehriban Əliyeva ziyafətdə iştirak ediblər.

Avro cüzi bahalaşıb

15.04.2016



Aprelin 15-də Mərkəzi Bank ABŞ dollarının kursunu sabit saxlayıb. 1 dollar ötən gün olduğu kimi 1,5218 manata satılır.

Rusiya rublunun da rəsmi kursu dəyişməz qalıb. 1 rubla 0,023 manat qiymət qoyulub.

Transparency.az xəbər verir ki, avronun rəsmi məzənnəsi cüzi qalxıb. Aprelin 14-də 1 avro 1,7139 manat olub, bu gün kurs 1,714 manatdır.

Mərkəzi Bank digər xarici valyutaların kursunu belə müəyyən edib:

1 gürcü larisi – 0,6749 manat

1 ingilis funt sterlinqi – 2,1538 manat

1 İsveçrə frankı – 1,5726 manat

1 türk lirəsi – 0,5336 manat.

NATO rəsmisinə cəbhədəki son gərginlik barədə məlumat verilib

15.04.2016




Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində NATO-nun Cənubi Qafqaz ofisinin rəhbəri Vilyam Lahu üçün aprelin 1-dən 7-dək qoşunların təmas xəttində Azərbaycanın yaşayış məntəqələrinə və vətəndaşlarına qarşı erməni bölmələrinin təxribat fəaliyyətlərinə dair brifinq verilib. Xəbəri aprelin 15-də Mod.gov.az yayıb.

Brifinqdə erməni bölmələrinin Azərbaycanın yaşayış məntəqələrini ağır silahlardan aramsız atəşə tutması nəticəsində yerli infrastruktura dəymiş ziyan, eləcə də mülki əhali arasında ölən və yaralananlar barədə faktlar əsasında hazırlanmış məlumatlar təqdim edilib. Təxribatların qarşısının alınması və mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində keçirdiyi cavab tədbirlərindən söz açılıb.

NATO rəsmisinə Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsi çərçivəsində hərbi qulluqçularımızın erməni əhalisinə qarşı guya aqressiv hərəkətləri barədə dezinformasiya xarakterli materialların saxtalığını sübut edən dəlillər, son hadisələrlə əlaqədar reallığı əks etdirən materiallar təqdim olunub.

Sonda Vilyam Lahunun sualları cavablandırılıb.

Avropanın yoxsulları

15.04.2016




Rumıniya əhalisinin dörddə bir hissəsi yoxsulluqdan əziyyət çəkir. Avropa Statistika Agentliyi aprelin 15-də belə məlumat yayıb.

Novator.az xəbər verir ki, agentlik yoxsulluq statistikasını hazırlayarkən meyar kimi əhalinin mənzilini isitmək üçün ödəniş edə bilməyən və ya ildə bir həftəlik məzuniyyətə çıxa bilməyən hissəsini götürüb.

Agentliyin hesabatına görə, 2015-ci ildə Rumıniyada 4,9 milyon adam, yəni ölkə əhalisinin 24,6%-i yoxsulluqdan əziyyət çəkib. Rumıniya Avropa İttifaqı ölkələri arasında həyat səviyyəsi sarıdan Bolqarıstandan sonra ikinci yeri tutub. Bolqarıstan əhalisinin 43,2%-i, yəni əhalinin 2,5 milyon nəfəri yoxsulluqdan əziyyət çəkir.

Statistik məlumatlara əsasən, son illər Rumıniyada yoxsulluğa qarşı mübarizədə müəyyən irəliləyiş əldə edilib. 2012-ci ildə bu ölkədə yoxsulluğun göstəricisi 29,9%, 2013-cü ildə 28,8%, 2014-cü ildə 26,3% olub.

2014-cü ildə Avropa İttifaqı ölkələrində ən az yoxsulluq İsveçdə (0,7%) qeydə alınıb. Həmin il Almaniyada əhalinin yoxsul hissəsi 5%, Fransada isə 4,8% təşkil edib.

2015-ci ilin hesablamasına əsasən, adam sayına görə Avropa İttifaqı ölkələri arasında yoxsulların sayı İtaliyada daha çoxdur: 7 milyon nəfər. Bu, İtaliya əhalisinin 11,5%-i deməkdir.

Avropa İttifaqı əhlinin ümumilikdə 8,2%-i, yəni 41 milyon nəfərdən çoxu yoxsulluqla üz-üzə qalıb.

51 siyasi partiyanın hesabatı dərc olunub

15.04.2016

Azərbaycan qanunvericiliyi siyasi partiyaların illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim etməsini nəzərdə tutur. Aprelin 15-dək 55 rəsmi siyasi partiyadan 51-nin hesabatı MSK-nın saytında dərc olunub.

Transparency.az bildirir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının maliyyə hesabatından 2015-ci ildə qurumun heç bir gəlirinin və xərcinin olmadığı görünür. Hesabata əsasən, partiyanın hər hansı əmlakı və maliyyə vəsaiti də yoxdur.

Azərbaycan Liberal Partiyasında da eyni vəziyyətdir. 2015-ci ildə Liberal Partiyasının hər hansı gəliri və xərci olmayıb.

Parlamentdə təmsilçiliyi yenicə itirən Ümid Partiyası 2015-ci ildə dövlət büdcəsindən 106 min 934 manat vəsait alıb. Partiya bu vəsaitin 106 min 903 manatını xərcləyib. Pulun 49 min 953 manatı partiyanın saxlanmasına və informasiya təminatına sərf edilib. 56 min 949 manat cari işlərə xərclənib. Amortizasiya xərcləri 1158 manat olub.

Milli Məclisdə təmsil olunan Demokratik İslahatlar Partiyasına ötən il dövlət büdcəsindən 106 min 934 manat verilib. Partiya cari işlərə 75 min 84 manat, qurumun saxlanmasına 31 min 848 manat xərcləyib.

Digər parlament partiyası – Vətəndaş Həmrəyliyi Partiyası 2015-ci ildə dövlət büdcəsindən 138 min 986 manat götürüb. Partiyanın 137 min 322 manat xərci çıxıb.

Transparency.az xatırladır ki, maliyyə hesabatına görə, hakim Yeni Azərbaycan Partiyasının 2015-ci ildə cəmi xalis aktivləri (kapitalı) və öhdəlikləri 16,2 milyon manat olub. Partiyanın ehtiyat fondunda 9,5 milyon manat vəsait olduğu qeyd edilir.

Hesabata əsasən, 2015-ci ildə YAP üzvlük haqlarından 6,2 milyon manat əldə edib, dövlət büdcəsindən 1 milyon 148 min 601 manat alıb.

Partiyanın saxlanmasına və informasiya təminatına 4,2 milyon manat, ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə 760,9 min manat xərcləndiyi qeyd olunur.

YAP ötən il 7,4 milyon manat gəlir əldə edib, 7,1 milyon manat xərcləyib.

Partiyaların maliyyə hesabatları

Partiyaların gəlir-çıxarı

Hərrac: 50 milyon dolların 2,4 milyonu satıldı

15.04.2016



Aprelin 15-də Mərkəzi Bank növbəti valyuta hərracı keçirib. Dövlət Neft Fondu hərraca çıxardığı 50 milyon ABŞ dollarının 2,4 milyonunu 4 banka satıb.

Transparency.az-ın məlumatına görə, bununla Dövlət Neft Fondunun il ərzində keçirilən hərraclarda satdığı valyutanın həcmi 1 milyard 456 milyon 726 min dollar olub.

2016-cı ilin hərraclarında Mərkəzi Bankın özündən 685 milyon 488 min ABŞ dolları alınıb.

İki qurumun birgə xərci 2 milyard 142 milyon 214 min dollardır.

İlqar Məmmədov Ağdaş dairəsindən deputatlığa namizəd olmaq istəyir

15.04.2016




Həbsdə olan Respublikaçı Alternativ (REAL) Hərəkatının sədri İlqar Məmmədov bu yay 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçiriləcək təkrar seçkidə iştirak etmək niyyətindədir. “Azadlıq” radiosu xəbər verir ki, bunu REAL-ın rəhbərlərindən olan Natiq Cəfərli açıqlayıb. Natiq Cəfərli bildirib ki, aprelin 14-də İlqar Məmmədov həbsxanadan ona zəng edib: “Dedi ki, onun sənədlərini hazırlayaq, 90 saylı dairədən deputatlığa namizədliyini verəcək. Mən də dedim ki, yaxşı fikirdir, Ağdaşda gözəl kampaniya apara bilərik”.

Natiq Cəfərli vurğulayıb ki, İlqar Məmmədovun deputatlığa namizədliyini irəli sürməyə haqqı çatır, çünki o, hazırda məhkum deyil, təqsirləndirilən şəxs statusundadır: “Ali Məhkəmənin qərarı əsasında İlqar Məmmədovun işi Şəki Apellyasiya Məhkəməsinə geri qaytarılıb. Apellyasiya instansiyası isə məhkəmə gününü də təyin etməyib. Beləliklə, hazırda təqsirləndirilən şəxs statusunda olduğundan qanun İlqar Məmmədova seçkidə namizədliyini irəli sürmək hüququ verir”.

İlqar Məmmədov 2013-cü ildə İsmayıllıda hökumət əleyhinə iğtişaşlar təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb. O, 2013-cu il fevralın 4-dən həbsdədir.

Transparency.az xatırladır ki, 2015-ci il oktyabrın 13-də Ali Məhkəmə İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunun şikayətlərinə baxıb. Prosesdə çıxış edən dövlət ittihamçısı Rəsul Abbasov deyib ki, Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə müdafiəçilərin bəzi vəsatətləri təmin edilməyib, bu da Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (Ədalətli mühakimə hüququ) pozulması kimi qiymətləndirilə bilər. Dövlət ittihamçısı buna görə məhkəmədən müvafiq qərar qəbul etməyi xahiş edib. Hakimin qərarına əsasən, kassasiya şikayəti qismən təmin edilib, Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov və Tofiq Yaqublu barəsindəki qərarı ləğv olunub, iş həmin instansiyaya qaytarılıb.

2013-cü ildə İsmayıllı şəhərində baş verən iğtişaşlara görə tutulmuş Tofiq Yaqublu 5 il, azadlıqdan məhrum edilmişdi. 2016-cı il martın 17-də o, prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.

Aprelin 12-də prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkinin keçirilməsi barədə sərəncam imzalayıb. Sərəncamla təkrar seçki bu il iyunun 18-nə təyin edilib.

Azərbaycanda sonuncu parlament seçkisi 2015-ci ilin noyabrında olub. Seçki 125 dairə üzrə keçirilib. Rəsmi nəticələrə görə, Milli Məclisə 124 nəfər seçilib. 90 saylı Ağdaş seçki dairəsi üzrə isə seçkinin nəticəsi ləğv olunub. Mərkəzi Seçki Komissiyası 90 saylı seçki dairəsi üzrə şikayətlərə baxarkən belə qərar verib. O vaxt həmin dairədə lider namizəd bitərəf deputat Çingiz Əsədullayev olub.

MSK üzvləri seçildi

15.04.2016


Aprelin 15-i Milli Məclisin iclasında Mərkəzi Seçki Komissiyasının üzvləri təsdiq edilib. Qərara görə, köhnə heyətdən Akif Qurbanov və Tamam Cəfərli kənarda qalıblar, Hüseyn Paşayev və İlkin Şahbazov MSK üzvü olublar.

MSK üzvlərindən 16-sı köhnə heyətdəndir: Məzahir Pənahov, Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Mikayıl Rəhimov, Almas Qəhrəmanlı, Bəxşeyiş Əsgərov, Etibar Quliyev, Natiq Məmmədov, Azər Tağıyev, Arifə Muxtarova, İlham Məmmədov, Tofiq Həsənov, Nizami Nadirov.

Qanunvericiliyə görə, 18 nəfərlik MSK-da yerlərin üçdə bir hissəsini parlamentdəki çoxluq partiyasının, üçdə bir hissəsini bitərəflərin, üçdə bir hissəsini azlıqda qalan partiyaların təqdim etdiyi nümayəndələr tutur.

İlk rübdə ümumi daxili məhsul 3,5 faiz azalıb

15.04.2016

Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 3,5 faiz azalıb. 2016-cı ilin birinci rübünə aid makroiqtisadi rəqəmlər bunu göstərir.

Transparency.az xəbər verir ki, Dövlət Statistika Komitəsi 2016-cı ilin yanvar-mart aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarların 12 milyard 588,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5 faiz az ümumi daxili məhsul istehsal etdiyini açıqlayıb. Enişin əsas səbəbi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmətlər istehsalının keçən ilin eyni dövrü ilə müqayisədə azalmasıdır.

Rəsmi hesabata əsasən, əlavə dəyərin 39 faizi sənayedə, 13,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,4 faizi tikinti, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2 faizi informasiya və rabitə, 16 faizi isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 8,3 faizidir.

Əhalinin hər nəfərinə düşən ÜDM 1311,6 manata bərabər olub.

İnflyasiya 10,8 faizə çatıb, orta aylıq maaş 6,2 faiz artıb

15.04.2016

-cı ilin yanvar-mart aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4 faiz artıb. Transparency.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi belə hesabat yayıb.

Hesabatda qeyd olunur ki, 2016-cı ilin yanvar-fevral aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz artaraq 472,2 manat təşkil edib.

2016-cı ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 9 faiz artaraq 10 milyard 303,5 milyon manata çatıb. Gəlirlərin 81 faizi son istehlak xərclərinə, 9,7 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,3 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 7 faizi isə yığıma yönəldilib.

Kənd təsərrüfatına dair üç aylıq hesabat yayılıb

15.04.2016

Transparency.az bildirir ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, kənd təsərrüfatında yaz-tarla işləri davam edir, aprel ayının 1-nə kimi 120 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. 8,5 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 1,9 min hektar sahədə qarğıdalı (ondan 1,8 min hektarı dən üçün), 28 min hektar sahədə kartof, 25,4 min hektar sahədə tərəvəz, 4,8 min hektar sahədə bostan bitkiləri, 3,6 min hektar sahədə şəkər çuğunduru, 1,3 min hektar sahədə dən üçün günəbaxan, 1,2 min hektar sahədə pambıq, 45 min hektar sahədə çoxillik otlar və 0,3 min hektar sahədə birillik otlar əkilib.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci rübündə mal-qaranın baş sayı 17,7 min baş çoxalaraq 2 milyon 719,6 min başa, qoyun və keçilərin sayı 43,6 min baş çoxalaraq 8 milyon 828 min başa çatıb.

Bu dövrdə diri çəkidə ət istehsalı 1,8 faiz artaraq 111,8 min ton, süd istehsalı 3,2 faiz artaraq 440,9 min ton, yumurta istehsalı 4,3 faiz artaraq 407 milyon ədəd olub.

İlin əvvəlindən 15,1 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 16 faiz çox tərəvəz toplanıb.

2015-ci ilin birinci rübü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,7 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 9,2 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,5 faiz artıb.

Sənaye statistikası

15.04.2016


Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 7 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz az sənaye məhsulu istehsal edib. Xam neft hasilatı 1,5 faiz, qaz hasilatı 7,9 faiz, elektrik enerjisi istehsalı 6,7 faiz, habelə bir sıra emal sənayesi məhsullarının istehsalı azalıb.

Sənaye məhsulunun 63,3 faizi mədən, 28,7 faizi emal, 7,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilib.

Mədən sektorunda məhsul istehsalı 1,2 faiz azalıb. Emal sektorunda qida məhsullarının istehsalı 2,3 faiz, tütün məmulatlarının istehsalı 87,5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 3,2 dəfə, metallurgiya məhsullarının istehsalı 11,5 faiz, hazır metal məmulatlarının istehsalı 80,2 faiz, elektrik avadanlıqlarının istehsalı 2,3 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 2,4 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 18,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,4 dəfə artıb.

İçkilərin istehsalı 9,3 faiz, geyim istehsalı 14 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 78,1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 18,7 faiz, kağız və karton istehsalı 17,2 faiz, poliqrafiya məhsullarının istehsalı 4,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 45,9 faiz, tikinti materiallarının istehsalı 32,6 faiz, maşın və avadanlıqların istehsalı 27,2 faiz, mebel istehsalı isə 16,9 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,5 faiz azalma var.

İlin birinci rübü üzrə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5,1 faiz artıb, neft sektorunda isə 1,3 faiz azalıb.

Əhaliyə xidmət: rüblük göstəricilər

15.04.2016



Dövlət Statistika Komitəsi bildirir ki, bu ilin ilk rübündə informasiya və rabitə müəssisələrinin hüquqi və fiziki şəxslərə göstərdiyi 372,8 milyon manatlıq xidmətlərin 71,6 faizi əhali sektoruna aiddir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-mart aylarında informasiya və rabitə xidmətlərinin həcmi 8,9 faiz artıb, bu sahədə əldə edilən gəlirin 80,7 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Transparency.az-ın məlumatına görə, rəsmi hesabatda qeyd olunur ki, bu ilin birinci rübündə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 6 milyard 793,4 milyon manatlıq məhsul satılıb, xidmət subyektləri 1 milyard 784,6 milyon manatlıq ödənişli xidmət göstərib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 3,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərdən əldə olunan gəlir 2,4 faiz artıb, ticarət şəbəkəsində 3 milyard 429,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3 milyard 363,5 milyon manatlıq qeyri-ərzaq məhsulları satılıb.

Yük daşınmasında gerilik var, sərnişin daşınmasında artım

15.04.2016




2016-cı ilin ilk rübündə nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər 48,1 milyon ton yük və 437,3 milyon sərnişin daşıyıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 4,6 faiz azalıb, sərnişin daşınması isə 1,7 faiz artıb. Yük daşınmasındakı gerilik dəniz, dəmir yolu və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olub.

Transparency.az bildirir ki, yüklərin 58,5 faizi avtomobil, 31,8 faizi boru kəməri, 7 faizi dəmir yolu, 2,6 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə ötürülüb.

Sərnişinlərin 87,9 faizi avtomobil, 11,9 faizi metro, qalanları isə digər nəqliyyat növləri ilə daşınıb.



Dövlət Statistika Komitəsindən sərmayə açıqlaması

15.04.2016




2016-cı ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatına 2 milyard 876,8 milyon manat vəsait yönəldilib. Dövlət Statistika Komitəsi bildirir ki, istifadə olunan vəsaitin 2 milyard 529,7 milyon manatı və ya 87,9 faizi məhsul istehsalı obyektlərinin, 222,1 milyon manatı (7,7 faizi) xidmət sahələri üzrə obyektlərin, 125 milyon manatı (4,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Transparency.az-ın məlumatına görə, əsas kapitala yönəldilən vəsaitlərin 900,9 milyon manatını və ya 31,3 faizini daxili sərmayə təşkil edib.

İnkişaf etmiş ölkələrdə vergilər hara gedir?

15.04.2016



İnkişaf etmiş ölkələrdə vergilər hara gedir? AZƏRTAC Vergiler.az saytına istinadla bu haqda məlumat yayıb.

Bildirilir ki, Almaniyada yığılan vergilərin böyük bir hissəsi təhsilə və səhiyyəyə xərclənir. Vergilərin yalnız 20 faizi ekologiyanın, energetikanın və infrastrukturun inkişafına sərf olunur, müdafiə məqsədlərinə isə cəmi 5 faizi yönəldilir.

Danimarkada vergilər əhalinin gəlirlərinin 39 faizini təşkil edir. Büdcənin üçdə ikisi sosial proqramlara, 15 faizi iqtisadiyyatın və ekologiyanın dəstəklənməsinə, 5 faizdən azı isə müdafiə kompleksinə gedir.

Böyük Britaniyada, Niderlandda, İsveçdə, Yunanıstanda və İtaliyada sosial layihələrə xərclər vergilərin üçdə ikisini təşkil edir. İnfrastrukturun inkişafı layihələrinə Niderlandda və İsveçdə büdcənin təxminən 25 faizi xərclənir.

Yaponiyada əhalinin gəlirlərinin 21 faizi vergi kimi tutulur. Yığılan vergilərin üçdə ikisi sosial proqramlara, 25 faizi iqtisadiyyatın və ekologiyanın dəstəklənməsinə, 3 faizi isə müdafiə xərclərinə yönəldilir.

Amerika Birləşmiş Ştatları və İsraildə əhalinin gəlirlərinin 15-20 faizi vergi kimi tutulur. Lakin bu ölkələr müdafiə kompleksinə daha çox pul xərcləyirlər: əhalidən tutulan vergilərin təxminən 25 faizi hərbi məqsədlərə sərf olunur. ABŞ-ın vergi büdcəsinin 50 faizini, İsrailin isə 45 faizini təhsil və səhiyyə aparır.

Britaniya hökuməti vergilərdən hüquq mühafizə işinin təşkili üçün daha effektiv istifadə edir. Burada büdcənin 2,7 faizi polis xidmətinə yönəldilir.

Danimarkada isə gənc ailələr üçün sosial layihələr daha uğurlu sayılır: vergilərin 8,6 faizi bu sahəyə gedir. Təhsilin səviyyəsi İsraildə daha yüksəkdir. Burada hökumət vergilərdən təşkil olunan büdcənin 16,7 faizini ali təhsil müəssisələrinin saxlanmasına xərcləyir.

Erməni biznesmen 4 il həbs cəzası aldı

15.04.2016




Rusiya paytaxtı Moskvada erməni biznesmen Levon Ayrapetyana hökm oxunub. Transparency.az xəbər verir ki, aprelin 14-ü Zamoskvoretski Rayon Məhkəməsində keçirilən prosesdə biznesmenə 4 il azadlıqdan məhrumetmə cəzası kəsilib. Ayrapetyan 2014-cü il iyulun 15-də tutulmuş, sonradan sərbəst buraxılmışdı.

Hökmə görə, Ayrapetyan 700 min ABŞ dollarını dələduzluqla mənimsəyib. Müəyyən edilib ki, biznesmen terrorçuluq və digər ağır cinayətlər üstündə məhkum olunmuş sabiq senator İqor İzmestyevin cəzasının yüngülləşdirilməsi vədi ilə onun anasından 700 min dollar alıb.

Ayrapetyanın üstündə daha bir cinayət işi var. O, 2009-cu ildə “Başneft” şirkətinin “Sistema” adlı quruma satılmasında günahlandırılır. “Başneft” uzun sürən arbitraj prosesində dövlətə qaytarılıb.

Ayrapetyan 1949-cu ildə Dağlıq Qarabağın Vəng kəndində doğulub. O, Dağlıq Qarabağda separatçı rejimin yaradılmasında və maliyyələşməsində fəal iştirak edib.

Məzahir Pənahov yenidən MSK sədri oldu

15.04.2016



Aprelin 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə (MSK üzvləri seçildi) ilk iclası keçirilib. APA-nın məlumatına görə, iclasda Məzahir Pənahov yenidən MSK sədri seçilib. Natiq Məmmədov MSK sədrinin müavini, Mikayıl Rəhimov və Arifə Muxtarova MSK-nın katibi olublar.

Məzahir Pənahov 2000-ci ildən MSK sədridir.

Niyə dollara ehtiyac azalıb?

15.04.2016



İqtisadçı Vüqar Bayramov hərraclarda bankların dollara ehtiyacının azalmasını şərh edib. Transparency.az-ın məlumatına görə, ekspert yazır ki, banklar valyuta siyasətini xarici təşkilatların proqnozlarına uyğun formalaşdırır: “Dövlət Neft Fondu aprelin 15-də cəmi 2,4 milyon dollar satıb. Hərraclarda xarici valyutalara tələb aşağıdır. Dollara tələbin azalması banklarda dollarlaşma səviyyəsinin yüksək olması ilə yanaşı məşhur “Fitch” kredit agentliyinin manatın məzənnəsinin yaxın 6-12 ay ərzində sabit qalacağı açıqlaması ilə bağlıdır. Bundan sonra bankların bir qismi gündəlik aktivlərini dollara çevirmir.

Bəzi banklarda gündəlik əməliyyatlar üçün nəzərdə tutulan vəsaitlərin manatda saxlanması prosesi bərpa edilir. Belə görünür ki, banklar Londonda yerləşən “Fitch” şirkətinə Azərbaycan Mərkəzi Bankından daha çox inanır, dollar tələbinə Mərkəzi Bankdan daha çox xarici qiymətləndirmə şirkətlərinin açıqlamaları təsir göstərir.

Mərkəzi Bank isə manat bazasını məhdudlaşdırma siyasətini davam etməkdə israrlı görünür. Amma hiss olunur ki, baş bank bunu uzun müddət davam etdirə bilməyəcək. Dollara tələbin azalmasına baxmayaraq qurum manatın kəskin möhkəmlənməsinə şərait yaratmağa həvəsli deyil. Mərkəzi Bank hələlik milli valyutanın məzənnəsini özü üçün müəyyənləşdirdiyi koridorda saxlamaq niyyətindədir”.

Seçki komissiyalarını necə yaratmalı?

15.04.2016


Azərbaycanın seçki qanunvericiliyinə görə, Mərkəzi Seçki Komissiyası üzvlərini Milli Məclis seçir. Yerlərin üçdə birini parlamentdəki çoxluq partiyasının, üçdə birini bitərəflərin, üçdə birini azlıqda qalan partiyaların təqdim etdiyi nümayəndələr tutur. MSK isə dairə və məntəqə seçki komissiyalarını eyni formatla yaradır.

Seçki komissiyalarını necə formalaşdırmaq məqsədəuyğundur?

Transparency.az-ın sualını cavablandıran Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı MSK-nın və digər seçki komissiyalarının hakimiyyətlə real müxalifətin bərabər təmsilçiliyi əsasında formalaşdırlmasını doğru yol hesab edir: “Bütün seçki komissiyaları və komissiyalardakı vəzifələr iqtidar və real müxalifətin nümayəndələri arasından paritet əsaslarla seçilməli və ya razılaşma əsasında təyin edilməlidir. Bu variant qəbul olunarsa, müxalifət öz namizədlərini müəyyənləşdirmək yolunu tapa bilər”.

Ümid Partiyasının sədri İqbal Ağazadə deyir ki, MSK-nın və aşağı seçki komissiyalarının mövcud formatı qaneedici deyil: “Bitərəflərin komissiyaların formalaşdırılmasında iştirakını məqbul hesab etmirik. Onların təşkilatları yoxdur, komissiya üzvlərinin təqdimatını necə versinlər? Buna görə də komissiyalara onların əvəzinə yerli icra hakimiyyətləri nümayəndə verir.

Seçkidə iştirak etmiş, hətta parlamentdə təmsil olunmayan partiyalar da MSK-nın formalaşmasında iştirak etməlidir. Qurumun üzvlərini təyin etmək qaydalarını və üsullarını yeniləmək, bunun üçün Seçki Məcəlləsinə dəyişiklik etmək vacibdir”.

Seçki məsələləri üzrə ekspert, hüquqşünas Hafiz Həsənov Transparency.az-a bildirib ki, Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, o cümlədən Avropa Şurası Parlament Assambleyası hazırkı formatı bir sıra rəsmi sənədlərdə, tövsiyələrdə optimal olmayan variant kimi qiymətləndirir: “Ötən seçkilərin təcrübəsi də göstərir ki, mövcud format dəyişməlidir. Beynəlxalq təşkilatların arzu və istəyi bütün seçki komissiyalarının siyasi qüvvələrin balanslı təmsilçiliyi ilə qurulmasıdır. Ancaq hökumət bu formatı qəbul etmir”.

Hafiz Həsənov qeyd edib ki, MSK-nın və aşağı seçki komissiyalarının üzvlərinin 80-90 faizi illərdir dəyişmir: “Avropa İnsan Hüquqları Məhkəməsinin istər 2005-ci ilin, istər 2010-cu ilin parlament seçkilərində hüquq pozuntularını tanıyan qərarları var. Pozuntuların tanındığı dairələr üzrə nəticələri təsdiq etmiş şəxslərin indi də komissiyalarda təmsilçiliyi nə qədər hüquqidir?

Beynəlxalq təşkilatların da qatılması şərti ilə ictimai müzakirələr, hökumətin təmsil olunduğu debatlar, dialoqlar təşkil olunmalı, seçki komissiyalarının mütləq əksəriyyətin qəbul edəcəyi formatı tapılmalıdır”.

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa MSK-nın indiki seçim üsulunu məqbul sayır: “MSK-nın formalaşdırılması ilə bağlı indiyədək çox variant ortaya qoyulub. Ancaq məqbul hesab ediləni indiki variantdır. Əsas problem MSK-nın maraqlı tərəflərdən formalaşdırılmasıdır. Burada da əsas maraqlı tərəf siyasi institutlar sayılır. Bitərəflərə bu imkanın tanınması hüquqi mübahisə yarada bilər. Çünki bitərəflər siyasi institut olaraq konkret siyasi hədəflər daşımırlar. Bu məsələyə gələcəkdə qayıtmaq mümkündür. Ancaq hələlik qanunvericiliyin dəyişməsi real deyil, ona görə da başqa variantların müzakirəsi aktual sayılmır”.

Xarici valyutaların kursunda eniş var

18.04.2016


ABŞ dollarının rəsmi kursu düşüb. Ötən həftənin son iş günü 1,5218 manata satılan 1 dolları Mərkəzi Bank aprelin 18-də 1,5167 manata təklif edir.

Transparency.az bildirir ki, avronun rəsmi məzənnəsində də eniş var. Aprelin 15-də 1 avro 1,714 manat idi, bu gün kurs 1,7119 manatdır.

1 Rusiya rublunun rəsmi kursu isə 0,023 manatdan 0,0223 manata enib.

Mərkəzi Bank bir neçə xarici valyutanın kursunu qaldırıb. Aprelin 15-də 0,6749 manata təklif olunan 1 gürcü larisinə bu gün 0,675 manat qiymət qoyulub.

Parlament prezidentin istefasına səs verdi

18.04.2016




Braziliya Konqresinin Deputatlar Palatası ölkə prezidenti Dilma Russefi vəzifədən kənarlaşdırmağa səs verib. Transparency.az-ın məlumatına görə, aprelin 17-də keçirilən səsvermədə impiçment qərarını aşağı palata deputatlarının üçdə ikisi – 342 nəfər dəstəkləyib. Beləliklə, impiçment məsələsi parlamentin yuxarı palatası olan Senata qaldırılıb.

Dilma Russef büdcə vəsaitlərini 2014-cü ildə yenidən prezident seçilməyə yönəltməkdə və vergi pozuntularında günahlandırılır.

Senatda prezidenti 180 gün müddətinə vəzifədən kənarlaşdırmaq üçün 41 səs gərəkdir. Tam impiçment üçün isə Senat Ali Məhkəmə sədrinin rəhbərliyi ilə toplanmalıdır. Həmin iclasda 54 deputat impiçmentə tərəfdar çıxsa, 2018-ci ilin prezident seçkisinədək dövlət başçısının səlahiyyətləri vitse-prezident Mişel Temerə keçəcək.

Dövlət Gömrük Komitəsi büdcəyə nə qədər vəsait verdiyini açıqlayıb

18.04.2016

Dövlət Gömrük Komitəsi büdcəyə mart ayında nə qədər vəsait verdiyini açıqlayıb. Transparency.az xəbər verir ki, hesabata görə, gömrük rüsumu üzrə 44,2 milyon manat, ƏDV üzrə 124,6 milyon manat, aksizlər üzrə 2,6 milyon manat, yol vergisi üzrə 2,1 milyon manat toplanıb.

Cəmi daxilolmaların 173,6 milyon manat olduğu bildirilir.

Xarici ticarət əməliyyatları 37,98 faiz azalıb

18.04.2016



-cı ilin ilk üç ayında xarici ticarət əməliyyatları 37,98 faiz azalıb. Rüblük hesabatda belə deyilir.

Transparency.az bildirir ki, Dövlət Gömrük Komitəsinin rəsmi hesabatına görə, 2015-ci ilin ilk üç ayı ilə müqayisədə idxal əməliyyatlarında 24,90 faiz, ixrac əməliyyatlarında 47,38 faiz geriləmə qeydə alınıb.

2016-cı ilin ilk rübündə Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 416,9 milyon manat daxil olub.

Hesabata əsasən, 140 ölkə ilə ticarət əməliyyatları aparılıb. Xarici iqtisadi fəaliyyət iştirakçılarının ümumi sayı 4965-dir. Bunun 2284-ü fiziki şəxslər, 2681-i hüquqi şəxslərdir. 138 xarici iqtisadi fəaliyyət iştirakçısı dövlət sektorunu, 2543-ü özəl sektoru təmsil edib.

Üç aylıq idxal-ixrac göstəriciləri

18.04.2016



Yanvar-mart aylarında ölkənin ixracının 76,01 faizini xam neft, 4,79 faizini neft məhsulları, 5,36 faizini təbii qaz, 2,43 faizini meyvə-tərəvəz təşkil edib. Transparency.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin rəsmi hesabatında belə deyilir.

Bu ilin yanvar-mart aylarında Azərbaycandan xam neft ixracı 2015-ci ilin ilk rübü ilə müqayisədə 48,54 faiz azalıb. Hesabata görə, 2016-cı ilin birinci üç ayı ərzində neft məhsullarının ixracı üzrə 57,3 faiz azalma olub, təbii qaz ixracı isə 25,81 faiz artıb.

Meyvə-tərəvəz üzrə ixracda 2015-ci ilin ilk rübü ilə müqayisədə 20,33 faiz artım qeydə alınıb, çay ixracı 69,95 faiz azalıb.

Ötən illə müqayisədə ixracda pambıq iplik məhsulu üzrə 152,07 faiz artım var. Qara metallar və onlardan hazırlanan məmulatların ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 197,71 faiz artıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, yeyinti məhsullarının idxalı 2015-ci ilin ilk rübü ilə müqayisədə 13,36 faiz azalıb. Bəzi məhsullar üzrə isə artım olub. Meyvə-tərəvəz idxalı 101,10 faiz, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı 35,37 faiz çoxalıb.

Çay idxalında 184,69 faiz, bitki və heyvan mənşəli piylər və yağların idxalında 82,39 faiz artım var. Ət idxalı 13,62 faiz artıb.

Tütün və tütün məmulatlarının idxalı bu ilin ilk üç ayında 72,28 faiz azalıb. Əczaçılıq məhsullarının idxalında 11,87 faiz azalma qeydə alınıb.

Nəqliyyat vasitələri və onların hissələrinin idxalında 68,65 faiz azalma var.

Doha görüşü nəticəsiz oldu, neft ucuzlaşır

18.04.2016




“Artıq neft ölkələri daha kəskin qiymət azalmalarına hazır olmalıdır”. İqtisadçı ekspert Vüqar Bayramov neft ölkələri nümayəndələrinin Doha görüşünü şərh edərkən belə yazır.

Aprelin 17-də Qətərin paytaxtı Dohada neft istehsal edən 18 ölkənin nümayəndələrinin görüşü keçirilib. Neftin hasilatını bu ilin oktyabrınadək yanvardakı həddə saxlamaq məsələsinin müzakirə edildiyi görüş nəticəsiz qalıb, razılaşma əldə edilməyib.

Transparency.az-ın məlumatına görə, Vüqar Bayramov qeyd edir ki, dünya bazarı bu qərara qısa zamanda reaksiya verdi: “Neftin qiyməti ilk birja günündə 5 faizə yaxın aşağı düşdü. Beynəlxalq analitiklər qiymət azalmasının davam edəcəyini proqnozlaşdırır. Neftin qiymətinin yüksələcəyi ilə bağlı bir sıra neft ölkələrində formalaşan ümidlər dəfn olundu. Belə görünür ki, OPEK və digər aparıcı istehsalçılar oktyabr ayınadək hasilatın dondurulması məsələsini gündəmdən çıxardılar. Doha görüşü əslində bir daha neft bumu dövrünə qayıtmağın çətin olacağına və hətta mümkünsüzlüyünə işarə idi.

Neft ölkəsi Azərbaycan üçün Doha görüşü əhəmiyyət daşıyırdı. “Qara qızıl”ın dünya bazar qiymətindəki enmələr ölkəyə girən valyutanın azalmasına səbəb olacaq. Valyuta daxilolmalarını artırmağın yeganə yolu islahatların sürətləndirilməsidir. Struktur islahatları, liberallaşma və geniş miqyaslı elektronlaşma qeyri-neft sektorunun inkişafını stimullaşdıra bilər. Artıq bütün neft ölkələri qiymətdə daha kəskin azalmalara hazır olmalıdır. Bu isə yeni iqtisadi islahatlar paketinin hazırlanmasından keçir”.

Transparency.az bildirir ki, aprelin 18-də dünya birjalarında “Layt” markalı neftin bir barreli 1,99 dollar ucuzlaşaraq 38,42 dollar, “Brent” markalı neftin bir barrelinin qiyməti isə 1,84 dollar azalaraq 41 dollar olub.

Azərbaycanın xarici ticarət tərəfdaşları: rüblük hesabat

18.04.2016

Bu ilin yanvar-mart aylarında MDB ölkələri üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,46% artıb. Avropa İttifaqı üzrə ixracda 50,94%, digər ölkələr üzrə ixracda 47,51% azalma olub.

2016-cı ilin ilk rübündə MDB ölkələrindən idxal 2015-ci ilin ilk üç ayı ilə müqayisədə 35,16% azalıb. Avropa İttifaqı ölkələri üzrə idxalda 17,57% azalma var. Digər ölkələrdən idxal isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,69% aşağı düşüb.

Bu il Azərbaycanın xarici ticarətdə əsas tərəfdaşı İtaliyadır. İtaliya ilə ticarət dövriyyəsinin həcmi ümumi dövriyyənin 12,82%-dir.

Transparency.az Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, bu göstərici üzrə ikinci yerdə 7,13%-lə Türkiyə gəlir.

Rusiya 7%-lə üçüncü, Almaniya 6,90%-lə dördüncü, Fransa 6,46%-lə beşincidir.

İlin birinci rübündə Azərbaycanın ixracında ən böyük pay İtaliyaya düşür. Bu ölkəyə ixrac ümumi ixracın 20,67%-dir.

İdxalda əsas ölkələrin siyahısına Rusiya başçılıq edir (11,29%).

Gömrük hüquqpozmalarının yeni statistikası

18.04.2016

2016-cı ilin ilk rübü üzrə gömrük hüquqpozmalarının statistikası açıqlanıb. Transparency.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir ki, yanvar-mart aylarında gömrük orqanları cinayət xarakterli 121 fakt aşkarlayıb. Bunun 75-i qaçaqmalçılıq faktı, 23-ü narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar faktlar, 4-ü gömrük ödənişlərindən yayınma, 15-i aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan idxal etmə, 30-u digər cinayət xarakterli faktlardır.

Ötən rüb gömrük hüquqpozmalarında 128 şəxs təqsirləndirilib.

Hesabat dövrü ərzində Dövlət Gömrük Komitəsi 2175 inzibati xəta faktı ortaya çıxarıb.

Ölüm hökmünə aparan rüşvət həddi müəyyənləşdi

18.04.2016




Çinin Ali Xalq Məhkəməsi və Ali Xalq Prokurorluğu korrupsiya əməlinə ölüm hökmü kəsilməsi qaydasını təsdiqləyib. Novator.az xəbər verir ki, yeni qayda ilə 460 min dollar həcmində qanunsuz yolla pul əldə edən və ya rüşvət alana ən ağır cəza tətbiq ediləcək.

Çində korrupsiyaya qarşı irimiqyaslı mübarizə 2012-ci ildə Si Cinpinin hakimiyyətə gəlişi ilə başlayıb. Rəsmi statistikaya görə, təkcə bu ilin yanvarında 5459 məmur cəzalandırılıb.

Erməni general “Panama sənədləri”nə görə istefa verdi

18.04.2016




Ermənistanda Məhkəmə Aktlarının İcrası Xidmətinin başçısı general-mayor Miqran Poqosyan aprelin 18-də istefa verib. O, adının “Panama sənədləri”də hallanmasına görə belə addım atdığını bəyan edib.

Transparency.az-ın məlumatına əsasən, istefa bəyanatında general qeyd edib ki, adının “Panama sənədləri”nə düşən Azərbaycan prezidentinin ailəsi ilə eyni müstəvidə çəkilməsinə təəssüflənir: “Bu gün tutduğum vəzifədən getmək üçün ərizə vermişəm. Mənə görə Ermənistanla Azərbaycan arasında paralellər aparılması yolverilməzdir”.

General əlavə edib ki, bir müddətdən sonra “Panama sənədləri” məsələsinə heç bir vəzifə tutmayan sıravi vətəndaş kimi qayıdacaq.

Bu yaxınlarda Panamanın “Mossack Fonseca” hüquq firmasından 11 milyon sənəd Britaniya mediasına sızıb. Britaniya mediası həmin sənədləri təhlil edərək “Panama sənədləri” adı altında geniş bir araşdırma materialı dərc edib. Sənədlər göstərir ki, “Mossack Fonseca” firması çirkli pulları yumaq, sanksiyalardan yan keçmək və vergidən yayınmaq istəyən xeyli müştəriyə xidmət edirmiş. Firmanın belə müştəriləri arasında ictimai-siyasi şəxslər, ö cümlədən 72 hazırkı və keçmiş dövlət başçısı da var.

İlham Əliyev “BakuBus” MMC-nin ikinci deposunun açılışında iştirak edib

18.04.2016

Aprelin 18-də prezident İlham Əliyev “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin ikinci deposunun açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Bakı metrosunun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən depoda 300 avtobusun eyni anda park edilməsi mümkündür.

Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli prezident İlham Əliyevə bildirib ki, “BakuBus” MMC-nin depoları fəaliyyətə başladıqdan sonra 1500-ə yaxın iş yeri yaradılacaq. Hazırda isə qurumda müxtəlif istiqamətlər üzrə 750-dək iş yeri açılıb.

“BakuBus” MMC-nin ikinci deposunun ümumi ərazisi 8 hektardır. Ərazidə inzibati bina, köməkçi binalar, o cümlədən sürücü, tibb, təmir mərkəzləri, avtobusları yuma və gecə növbəsində işləyənlərin qalması üçün məntəqələr inşa edilib. Deponun inzibati binasında informasiya texnologiyaları və elektron xidmətlərin təşkili, insan resurslarını idarəetmə, marşrut xətlərinin planlaşdırılması, daxili nəzarət və digər şöbələr fəaliyyət göstərir.

Dövlət başçısı “BakuBus” MMC-nin gələcəkdə almağı planlaşdırdığı avtobuslara da baxıb.

“BakuBus” Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli qərarına əsasən yaradılıb. Hazırda şirkətin Bakıda 7 marşrut xətti ilə 170 avtobusu əhaliyə xidmət göstərir.



Rusiyada 516,5 milyard rublluq büdcə pozuntusu aşkarlanıb

18.04.2016


2015-ci ildə federal büdcə vəsaitlərinin istifadəsində pozuntuların həcmi 516,5 milyard rubl təşkil edib. Novator.az xəbər verir ki, Rusiya Hesablama Palatasının sədri Tatyana Qolikova aprelin 18-i paytaxt Moskvadakı Maliyyə Universitetinin tələbləri ilə görüşündə belə deyib.

Tatyana Qolikovanın sözlərinə görə, Hesablama Palatası 2016-cı ildə çox yoxlama aparmalı olacaq. O bildirib ki, palata ildə yüzlərlə nəzarət və ekspertiza tədbiri həyata keçirir və minlərlə obyekti nəzarətə götürür. Qurum rəhbəri 2016-cı ildə 322 nəzarət və ekspertiza tədbirinin həyata keçirildiyini və 2594 obyektin nəzarətə götürüldüyünü vurğulayıb.

Vergi və gömrük güzəştləri də gəlir, sərtləşmə də

18.04.2016

Aprelin 18-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, komitə sədri Ziyad Səmədzadə Vergilər Məcəlləsində dəyişikliklər barədə qanun layihəsini təqdim edib. Dəyişikliyə əsasən, damazlıq heyvan idxalı və satışı, toxum və tinglərin idxalı və satışı, mineral gübrələrin, pestisidlərin idxalı, toxumların yetişdirilməsi, laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı, kənd təsərrüfatı heyvanlarının və quşlarının profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad olunur.

Məcəllənin XIV fəslində (Torpaq vergisi) nəzərdə tutulan dəyişikliklər isə kənd təsərrüfatı təyinatlı və bu məqsədlərlə istifadə üçün yararlı olan, lakin istifadəsiz qalmış torpaq sahələri üzrə vergi yükünün artırılması məqsədi daşıyır. Dəyişikliyə əsasən, həmin torpaq üzrlü səbəb olmadan təyinatı üzrə istifadə olunmursa, vergi dərəcəsi artırılır, hər 100 kvadratmetr üçün 10 manat müəyyən edilir. Təyinatı üzrə istifadə olunduqda torpaq vergisi yerli büdcələrə, təyinatı üzrə istifadə olunmadıqda toplanan vergi isə dövlət büdcəsinə daxil ediləcək.

İclasda “Gömrük tarifi haqqında” qanunda dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi də müzakirə edilib. Dəyişikliyə əsasən, Qaradağ Sənaye Parkının fəaliyyəti üçün bütün növ malların idxalı 2016-cı il mayın 1-dən 5 il müddətinə gömrük rüsumlarından azad edilir.

Müzakirələrdən sonra qanun layihələri plenar iclasa tövsiyə edilib.



Üç ayda nazirlik 13 min 756 vətəndaşı qəbul edib

18.04.2016

İlin ilk rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 13 min 756 vətəndaşı qəbul edərək dinləyib. Qurumun hesabatına görə, onların 13 min 578 nəfəri nazirliyin qəbul otağına müraciət edən şəxslər olub.

Müraciət edənlərin 223 nəfərini (o cümlədən nazirlikdə 45 nəfər, şəhər və rayonlarda 178 nəfər) əmək və əhalinin sosial müdafiəsi naziri, 135 nəfərini nazir müavinləri və aparat rəhbəri, digərlərini isə nazirliyin struktur bölmələrinin məsul şəxsləri fərdi qaydada qəbul edib.

Yeni özəlləşdirmə proqramı “Böyük dördlük”lə birgə hazırlanıb

18.04.2016




Əmlak Məsələləri Dövlət Komitəsində 2016-cı ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə hesabat dövründə fəaliyyət sahələri üzrə qeydə alınan bəzi statistik göstəricilər barədə məlumat verilib. Qeyd olunub ki, üç ayda 70 kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi və yarımçıq tikililər, 125 müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib, 40-dan çox qeyri-yaşayış sahəsi və 15 torpaq sahəsi icarəyə verilib, keçirilmiş 12 pul hərracında 3 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib.

Hesabata görə, 481 torpaq qanunvericiliyinin tələblərinin pozulması halı aşkar edilib və bununla bağlı qanunauyğun tədbirlər görülüb.

Komitə sədri Kərəm Həsənov müşavirədə deyib ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı yeni proqram hazırlanıb, layihə Prezident Administrasiyasına və hökumətə təqdim edilib. Onun sözlərinə görə, proqramın hazırlanmasında dünyada “Böyük dördlük” kimi tanınan KPMG, PwC, “Ernst & Young” və “Deloitte & Touche” beynəlxalq məsləhətçi şirkətləri ilə birgə işlər aparılıb. O qeyd edib ki, yeni özəlləşdirmə proqramının başlıca məqsədi iqtisadi aktivliyin artırılması, büdcə yükünün azaldılması və bu prosesdə şəffaflığın daha da artırılmasıdır.

Xəbəri AZƏRTAC yayıb.



Cəbrayıla yeni başçı təyin edildi

18.04.2016

Aprelin 18-də prezident İlham Əliyevin imzaladığı sərəncamla Kamal İltifat oğlu Həsənov Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı postu martın 3-dən — Mahmud Quliyev həmin vəzifədən çıxarılandan vakant idi.

Serj Sərkisyan Xankəndidə hərbi müşavirə keçirib

19.04.2016




Ermənistan prezidenti Serj Sərkisyan aprelin 18-də Azərbaycanın işğal olunmuş ərazisinə növbəti qanunsuz səfər edib. Xocalıdakı aeroporta vertolyotla enən Serj Sərkisyanı Dağlıq Qarabağdakı işğalçı rejimin başçısı Bako Saakyan qarşılayıb.

Transparency.az xəbər verir ki, Serj Sərkisyan Xankəndidə işğalçı ordunun ali zabit heyətinin müşavirəsini keçirib.

2008-ci ildən prezident postunu tutan Serj Sərkisyan 21-ci dəfədir Dağlıq Qarabağa səfər edir. O, işğalçı müharibənin ən qanlı liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən isə Ermənistanın müdafiə naziri olub.

Ermənistan Silahlı Qüvvələri 23 ildir Azərbaycanın bütün cənub-qərbini işğal altında saxlayır.

Azərbaycanın Silahlı Qüvvələri bu il aprelin 2-dən 5-dək Qarabağ cəbhəsinin bir neçə istiqamətində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlə zamanı keçmiş Ağdərə rayonu və Füzuli rayonu istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib.

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan ordusu ilə son döyüşlərdə 92 nəfərin öldüyünü açıqlayıb.

Avro və rublun kursu qalxıb, dolların məzənnəsi sabit qalıb

19.04.2016



Aprelin 19-da ABŞ dollarının rəsmi kursu dəyişməyib. Mərkəzi Bank 1 dolları aprelin 18-də olduğu kimi 1,5167 manata satır.

Transparency.az-ın məlumatına görə, avronun rəsmi məzənnəsində yüksəliş var. 1 avro 1,7119 manatdan 1,7176 manata qalxıb.

1 Rusiya rublunun rəsmi kursu isə 0,0228 manata yüksəlib.

Güclü təsir edən və zəhərli maddələrin siyahısı təsdiqlənib

19.04.2016


Aprelin 18-də prezident İlham Əliyev güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında qanunu imzalayıb. Qanun Cinayət Məcəlləsində göstərilən, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr və onların külli miqdarının (Siyahı), habelə zəhərli maddələrin (Siyahı) müəyyən edilməsi məqsədi daşıyır.

Transparency.az xəbər verir ki, dövlət başçısı Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlamağı tapşırıb.

Kollegiya iclasında asan lisenziya hesabatı

19.04.2016

İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib. Nazirliyin struktur bölmələrinin rəhbərləri iclasda hesabat məruzələri ilə çıxış ediblər. Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov məruzəsində bildirib ki, lisenziyalaşdırma sisteminin tətbiqindən sonra İqtisadiyyat Nazirliyi “ASAN xidmət” mərkəzləri vasitəsilə 946-sı 2016-cı ilin birinci rübündə olmaqla 1344 lisenziya verib: “Hazırda elektron lisenziya portalının yaradılması istiqamətində tədbirlər davam etdirilir və portalın istifadəyə verilməsi ilə lisenziyaların və icazələrin verilməsi prosesi tamamilə elektronlaşdırılacaq, vaxtın və maliyyə xərclərinin optimallaşdırılması, dövlət orqanlarının informasiya sistemlərinin uzlaşdırılması və qarşılıqlı əlaqəsinin təmin edilməsi mümkün olacaq”.

Prezidentin 19 oktyabr 2015-ci il fərmanına uyğun olaraq İqtisadiyyat Nazirliyi “ASAN xidmət” mərkəzlərində lisenziyalar verməyə başlayıb.

Economy.gov.az-ın məlumatına görə, iclasda çıxış edən nazir Şahin Mustafayev qeyd edib ki, qeyri-neft sənayesində müasir və ixrac yönümlü məhsullar istehsal edən müəssisələrin yaradılmasına dövlət dəstəyi tədbirləri daha da gücləndirilib: “Hazırda Sumqayıt Kimya Sənaye, Balaxanı, Mingəçevir və Qaradağ sənaye parklarında, Neftçala Sənaye Məhəlləsində işlər davam etdirilir. 3-ü bu ilin birinci rübündə olmaqla 7 şirkətə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Bu rezidentlərin layihələri əsasında cəlb edilən investisiyaların həcmi 1,1 milyard ABŞ dolları olacaq. Bu yaxınlarda daha bir neçə şirkətin rezidentliyə qəbul edilməsi məsələsinə baxılacaq”.

Avropa Şurasının Azərbaycan üzrə yeni məruzəçisi təyin edilib

19.04.2016


Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi rumıniyalı deputat Sezar Florin Predanı Azərbaycan üzrə yeni məruzəçi təyin edib. APA xəbər verir ki, qərar aprelin 19-u Monitorinq Komitəsinin Strasburqda keçirilən iclasında çıxarılıb.

Sezar Florin Preda ASPA-da Avropa Xalq Partiyası qrupunu təmsil edir.

Monitorinq Komitəsinin Azərbaycan üzrə digər məruzəçisi avstriyalı deputat Stefan Şennakdır.

Oqtay Əsədov Moskvada Qarabağdan danışıb

19.04.2016


“Aprelin əvvəlində baş verən hadisələr kövrək atəşkəs rejiminə ümid etməyin nə qədər yanlış olduğunu bir daha sübut etdi. Əminəm ki, bu məsələdə beynəlxalq birlik, nəhayət, öz qəti sözünü deməli və Qarabağ münaqişəsi beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsipləri, xüsusən də dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həllini tapmalıdır”. AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Avrasiya ölkələri parlament sədrlərinin aprelin 19-u Moskvada keçirilən birinci müşavirəsində belə deyib.

Azərbaycan parlamentinin sədri dünyanın maliyyə böhranı, terrorçuluq, iqlim dəyişiklikləri, ərzaq və enerji təhlükəsizliyi kimi problemlərlə üz-üzə qaldığını və bu problemlərin həlli üçün dövlətlərarası əməkdaşlığın alternativinin olmadığını diqqətə çatdırıb. Parlamentlərarası dialoqun keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyasının əhəmiyyətini xüsusi qeyd edən Oqtay Əsədov bildirib ki, parlamentlərarası əməkdaşlıq Avrasiya regionunda mövcud münaqişələrdən çıxış yollarının tapılmasına kömək edəcək.

Milli Məclisin sədri Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin işğal olunduğunu, etnik təmizləmə aparıldığını, Ermənistan ərazisindən və Azərbaycanın işğal olunmuş torpaqlarından 1 milyon dinc sakinin qovulduğunu, BMT Təhlükəsizlik Şurasının, BMT Baş Məclisinin və digər mötəbər beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən sənədlər qəbul etdiyini müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Milli Məclisin sədri deyib: “Münaqişənin nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları dəfələrlə bəyan ediblər ki, mövcud status-kvo qəbuledilməzdir, dəyişilməlidir və məsələ tezliklə öz həllini tapmalıdır. Həmsədrlərin irəli sürdükləri və Azərbaycanın qəbul etdiyi Madrid prinsipləri də münaqişənin nizama salınmasına yönəldilib. Təəssüf ki, münaqişənin həll edilməsi üçün indiyədək göstərilən beynəlxalq səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə vermir.

Hər kəsə aydın olmalıdır ki, vəziyyətin bu cür qalması, münaqişənin nizama salınmaması nəinki Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh və sabitlik üçün təhlükə törədir. Bunu aprel ayının əvvəlində cəbhə xəttində baş vermiş hadisələr bir daha sübut edir. Ermənistan silahlı qüvvələri növbəti silahlı təxribata əl ataraq cəbhə xətti boyunca yerləşən yaşayış məntəqələrini güclü atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri dinc sakinlərin təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri görməyə məcbur olub. Genişmiqyaslı hərbi əməliyyatlar çoxsaylı insan tələfatına və dağıntılara gətirib çıxarıb. Pozulmuş atəşkəs rejimi Rusiyanın vasitəçiliyi sayəsində bərpa edilib”.

Prezident son döyüşlərdə fərqlənən hərbi qulluqçuları təltif edib

19.04.2016

Aprelin 19-da prezidentin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub.

Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında Azərbaycanın Milli Qəhrəmanı fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var”.

Azərbaycanın Silahlı Qüvvələri aprelin 2-dən 5-dək Qarabağ cəbhəsinin bir neçə istiqamətində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlə zamanı keçmiş Ağdərə rayonu və Füzuli rayonu istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib.

Metronun “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları açıldı

19.04.2016

Prezident İlham Əliyev aprelin 19-da Bakı Metropoliteninin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, “Avtovağzal” stansiyası platformadan, 2 vestibüldən, 8 çıxışdan, havalandırma keçidindən, vestibüllərin üzərində quraşdırılmış iki piramidadan ibarətdir. Stansiya kompleksinin ümumi uzunluğu 560 metrə yaxındır.

Yeni xətdə yaradılan həm “Avtovağzal”, həm də “Memar Əcəmi” stansiyalarının platformalarının uzunluğu 144 metrdir. Bu isə platformaya əvvəlki stansiyalarda olduğu kimi 5 deyil, 7 vaqonun daxil olmasına imkan yaradır. Stansiya və keçidlərdə müxtəlif hündürlüklü 20 eskalator, çıxışlarda isə 8 travelator qoyulub. Fiziki imkanları məhdud insanların istifadəsi üçün burada lift quraşdırılıb.

Biləcəri qəsəbəsində yaşayan sakinlərin rahatlığını təmin etmək üçün Bakı-Sumqayıt avtomobil yolunun altından keçid inşa edilib. Bakı Beynəlxalq Avtovağzal Kompleksinə isə iki keçid quraşdırılıb. Digər beş çıxış isə “Avtovağzal” stansiyası kompleksinin ərazisində yerləşir.

“Avtovağzal”–”Memar Əcəmi” mənzil tunellərinin və “Memar Əcəmi” stansiyasının layihə işlərini dünyanın aparıcı şirkətləri həyata keçirib. Tunellərin tikintisi ilə yanası tunellərarası 8 təxliyyə keçidi və 2 havalandırma şaxtası inşa edilib.

“Memar Əcəmi” stansiya kompleksinin ümumi uzunluğu 168,5 metrdir. Burada üç çıxış yaradılıb. Ümumi sahəsi 12 min kvadratmetrə yaxın olan stansiyada və çıxışlarda 17 eskalator quraşdırılıb. Burada həmçinin fiziki imkanları məhdud insanlar üçün liftlər var.

Aprelin 19-da prezident İlham Əliyev “Azəravtoyol” ASC-nin yeni inzibati binasının açılışında da iştirak edib.





Leyla Yunus və həyat yoldaşı ölkəni tərk ediblər

19.04.2016

Hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusa ölkəni tərk etmək icazəsi verilib. Vəkil Elçin Sadıqov aprelin 19-da belə məlumat yayıb. O qeyd edib ki, xaricdən gələn həkim Yunusların səhhətinin çox ağır olması barədə yenidən rəy yazıb, onlar müalicə üçün ölkədən buraxılaraq Hollandiyaya, qızları Dinaranın yanına gediblər.

Leyla və Arif Yunuslar 2014-cü ilin yayında tutulublar. Onlar maliyyə cinayətlərində və dövlətə xəyanətdə ittiham olunublar. Maliyyə cinayətləri ittihamı üzrə məhkəmə keçirilib, dövlətə xəyanət ittihamı üzrə cinayət işi isə ayrı icraata verilib. 2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi maliyyə cinayətlərində təqsirli sayaraq Leyla Yunusu 8 il 6 ay, Arif Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum edib.

Arif Yunus səhhətinə görə 2015-ci il noyabrın 12-də həbsdən buraxılıb. Həmin il dekabrın 9-da Bakı Apellyasiya Məhkəməsi Leyla Yunusun da azadlığa buraxılmasına qərar verib. Məhkəmə həm Leyla Yunusa, həm də Arif Yunusa 5 il sınaq müddəti təyin olunmaqla şərti cəza kəsib.

Yasamal Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi Leyla və Arif Yunusların müalicə üçün müvəqqəti Azərbaycandan kənara çıxmasına icazə verməmişdi.

Vətəndaş cəmiyyəti nümayəndələri hökumətə çağırış etdi

19.04.2016




Aprelin 19-u Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində vətəndaş cəmiyyətini müdafiə edən ictimai komitənin təşəbbüsü ilə “Azərbaycanda vətəndaş cəmiyyətinin çağdaş durumu: dəyişikliklər üçün nə etməli?” adlı forum keçirilib.

Müdafiə komitəsinin üzvü Qubad İbadoğlu yaydığı məlumatda bildirir ki, forumda qeyri-hökumət təşkilatları və KİV-in fəaliyyətindəki çətinliklər müzakirə olunub, hakimiyyətə bəzi çağırışlar edilib. Vətəndaş cəmiyyəti fəalları QHT-lərin, qrantların qeydiyyatı sahəsində fəaliyyət imkanlarının çətinləşməsinin, beynəlxalq donorların Azərbaycanda fəaliyyətinin məhdudlaşdırılmasının aradan qaldırılması məqsədilə qanunvericiliyə yenidən baxılmasını istəyir. Onların fikrincə, QHT-lərin həmahəng inkişafı üçün şərait yaradılması, hüquqi və inzibati xarakterli maneələrin aradan qaldırılması, dövlət və cəmiyyət institutları arasında həyat fəaliyyətinin müxtəlif sahələrini əhatə edən daimi və konstruktiv dialoq qurulması məqsədilə milli fəaliyyət proqramının işlənib hazırlanmasına ehtiyac var və bunun üçün vətəndaş cəmiyyəti institutlarının geniş iştirakı ilə müntəzəm müzakirələrə başlamaq gərəkdir.

Hakimiyyətə çağırışlar içində ictimai fəallara, siyasi funksionerlərə qarşı təzyiqi istisna edən, hərəkət, toplaşmaq azadlığının məhdudlaşdırılmasına yol verməyən fəaliyyət mühiti formalaşdırmaq, jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının cinayət təqibinə son qoymaq, qanunların aliliyinə və məhkəmələrin müstəqilliyinə şərait yaratmaq kimi məsələlər yer alır.

Vətəndaş cəmiyyəti fəalları hesab edir ki, söz və KİV azadlığını məhdudlaşdıran hüquqi normaları aradan qaldırmaq, diffamasiya haqqında qanun qəbul etmək, ən qısa zamanda bütün siyasi məhbusları azad etməyə zərurət var.

Lombard harayı

19.04.2016



İqtisadçı Vüqar Bayramov lombardların fəaliyyəti ilə bağlı problemlərə toxunub. Transparency.az-ın məlumatına görə, ekspert yazır ki, banklarla yaşanan problemlərdən sonra vətəndaşların lombardlarla bağlı çətinlikləri dərinləşir: “Dövlət qurumları əhalini borc bataqlığına sürükləyən lombardların fəaliyyətinə yaşıl işıq yandırıb. Nə Mərkəzi Bank, nə də Maliyyə Bazarlarına Nəzarət Palatası lombardları durdurmağa tələsmir. Halbuki söhbət on minlərlə vətəndaşın müxtəlif formada aldadılmasından gedir. Banklardan kredit ala bilməyən əhali lombardların bahalı borclarından istifadə etmək məcburiyyətində qalıb.

Məsələ heç də bu tip bəzi obyektlərlə bağlı açılan cinayət işləri ilə tamamlanmır. Aylıq orta hesabla 5 faiz borc təklif edən lombardlar nəticədə illik 60 faizlik kredit xəttindən bəhrələnir. Mərkəzi Bankın istehlak kreditləri üzrə illik 29 faizdən çox olmama qadağasının bu borclara heç bir aidiyyəti yoxdur. Digər tərəfdən girov kimi götürülən qızıl-zinət əşyalarının dəyişdirilməsi və bəzi hallarda geri qaytarılmaması faktları da ənənəvi hal alıb. Səbəb isə lombardların fəaliyyətinə, demək olar, heç bir nəzarətin olmamasıdır”.

Vüqar Bayramov problemin həlli üçün lombardların fəaliyyətinə ilk növbədə Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzarət etməsini vacib bilir: “Nəzarətsiz qalan bəzi lombardlar müştərilərini aldatmaqda daha həvəsli görünür. İkincisi, banklarda olduğu kimi lombardlarda da illik faizlərin limitləşdirilməsinə ehtiyac var. Bazar qanunlarına ziddi olsa da, indiki halda inzibati metodlardan istifadə, təəssüf ki, qaçılmazdır. Bu halda lombardlar da illik 29 faizdən artığını ala bilməyəcək. Nəticədə onların bankların qeyri-rəsmi filialı kimi fəaliyyəti də məhdudlaşacaq.

Üçüncüsü, lombardların məsuliyyətini artırmaq və fəaliyyətlərinə nəzarəti gücləndirmək məqsədilə onlar üçün məcmu kapital və digər öhdəliklərin tətbiqinə ehtiyac var.

Nəhayət, borc götürənin əsl girovunu geri almaq problemi olmasın deyə konkret məcburi qaydaların işlənib tətbiq edilməsinə ehtiyac var. Bunların reallaşması çox vacibdir. Əks halda zirzəmilərdə və yarımzirzəmilərdə fəaliyyət göstərən lombardların sayı aldadılan vətəndaşların da sayını artıracaq”.

Vergilər Nazirliyinin Çağrı Mərkəzi aylıq hesabat yayıb

19.04.2016

Mart ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzi ilə 15 min 185 sual cavablandırılıb.

Nazirliyin rəsmi məlumatına görə, müraciətlərin 21,96%-i qeydiyyat, 20,6%-i vergilərin növləri, 11,5%-i elektron xidmətlər, 11,06%-i vergi qanunvericiliyi, 11,01%-i hesabatlar və onların doldurulma qaydaları barədə olub.

Hesabat dövründə səsli menyu vasitəsilə məlumat almaq üçün Çağrı Mərkəzinə 3 min 796 zəng daxil olub, 1993 zəng zamanı vergi borcu, 1803 zəng zamanı isə vergilərin növləri ilə bağlı məlumat verilib.

Vergi ödəyicilərini məlumatlandırmaq məqsədi ilə onlara 15 min 25 mesaj göndərilib.

Mart ayında vergi ödəyicilərinə xidmət strukturları 29 min 495 nəfərə 42 min 990 müxtəlif xidmət göstərib.

Hesabat dövründə Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 412 min 982 daxilolma qeydə alınıb, bu da ötən ilin müvafiq dövrünə nisbətən 42,3 faiz çoxdur.

Neft Fondu hərracda 19,9 milyon dollar satdı

19.04.2016



Aprelin 19-da Mərkəzi Bank növbəti valyuta hərracı keçirib. Dövlət Neft Fondu hərraca çıxardığı 50 milyon ABŞ dollarından 19,9 milyonunu 8 banka satıb.

Transparency.az-ın məlumatına görə, Dövlət Neft Fondunun il ərzində keçirilən hərraclarda satdığı valyutanın həcmi 1 milyard 476 milyon 626 min dollara çatıb.

2016-cı ilin hərraclarında Mərkəzi Bankın özündən 685 milyon 488 min ABŞ dolları alınıb.

İki qurumun birgə xərci 2 milyard 162 milyon 114 min dollardır.

Serj Sərkisyan hərbi qulluqçular qarşısında nitq söyləyib

19.04.2016

Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycanın işğal olunmuş ərazisinə aprelin 18-də başlayan qanunsuz səfərini davam etdirir. Transparency.az xəbər verir ki, Serj Sərkisyan aprelin 19-u Xankəndidəki hərbi hospitalda işğalçı ordunun yaralı hərbi qulluqçularına baş çəkib. Sonra prezident hərbi mövqelərdən birinə gedərək məhdud heyətlə görüşüb, bəzi hərbi qulluqçulara mükafatlar təqdim edib, onların qarşısında nitq söyləyib.

Ermənistan Silahlı Qüvvələri 23 ildir Azərbaycanın bütün cənub-qərbini işğal altında saxlayır. Serj Sərkisyan işğalçı müharibənin ən qanlı liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən isə Ermənistanın müdafiə naziri olub.

Azərbaycanın Silahlı Qüvvələri bu il aprelin 2-dən 5-dək Qarabağ cəbhəsinin bir neçə istiqamətində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlə zamanı keçmiş Ağdərə rayonu və Füzuli rayonu istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib.

Miqrantlar ən çox Almaniyadan sığınacaq istəyirlər

19.04.2016

Beynəlxalq Miqrasiya Təşkilatı miqrantların sayı ilə bağlı hesabat yayıb.

Hesabatda deyilir ki, miqrant sayına görə ABŞ dünyada birinci yerdə dayanır. Bu ölkədə 46,6 milyon miqrant var. Almaniya ikinci (12 milyon), Rusiya üçüncü yerdədir (11,9 milyon).

Novator.az-ın məlumatına görə, təşkilat 2014-cü ildən bəri ayrı-ayrı ölkələrdən sığınacaq istəyənlərin sayının artaraq 2015-ci ildə 1 milyon nəfərə çatdığını vurğulayır. 2014-cü ildə bu rəqəm 558 min nəfər olub.

Sığınacağı ən çox Almaniyadan istəyirlər. 2015-ci ildə bu ölkədən 442 min adam sığınacaq umub.

Miqrantların əksəri Suriya, İraq və Əfqanıstan vətəndaşlarıdır.

Beynəlxalq Miqrasiya Təşkilatı bildirir ki, 2015-ci ildə dünyada miqrantların sayı İkinci Dünya müharibəsindən sonrakı dövrdə maksimim həddə çatıb: 244 milyon nəfər.

Nazirlik müharibə əlilləri və şəhid ailələri ilə bağlı hesabat verib

20.04.2016




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ərazi bütövlüyünün, müstəqilliyin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq tədbirləri ilə bağlı hesabat yayıb. Transparency.az-ın məlumatına görə, hesabatda deyilir ki, təkcə keçən il və cari ilin ötən dövründə 385 nəfər, o cümlədən 180 nəfər Qarabağ müharibəsi əlili, 205 şəhid ailəsi yeni mənzillərlə təmin edilib, ümumilikdə indiyədək 5336 nəfər əlil və şəhid ailəsi nazirliyin xətti ilə mənzil alıb.

Hesabata görə, Qarabağ müharibəsi əlillərinin minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanır: “Dövlət başçısının 23 dekabr 2013-cü il və 30 aprel 2014-cü il sərəncamları bu sahədə mühüm addımlara şərait yaradıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hələ 2014-cü ildə həmin ilədək növbədə dayanan bütün imtiyazlı şəxslərin avtomobillə təminatı başa çatdırıb, 2014-cü il ərzində növbəyə dayananların avtomobillə təminatına başlayıb. İndiyədək 5750 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə minik avtomobili verilib. Onların 33,6 faizi (1933 nəfər) məhz 2014-2015-ci illərdə “Naz-LİFAN” markalı avtomobillə təmin ediliblər”.

Nazirlik bildirir ki, Qarabağ müharibəsi əlilləri əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası, eyni zamanda prezidentin aylıq təqaüdləri ilə təmin edilirlər: “Şəhid ailələrinə də prezidentin aylıq təqaüdü ödənir. Dövlət başçısının 16 yanvar 2016-cı il fərmanı ilə həmin təqaüdlərin məbləği fevralın 1-dən 10 faiz artırılıb. Eyni zamanda Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin 16 yaşadək (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə görə aylıq sosial müavinət də ödənir və bu müavinətin məbləği fevralın 1-dən 10 faiz çoxalıb.

Yaşa görə əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvünün hər birinin əmək pensiyasının baza hissəsinin üzərinə əlavə də hesablanır. Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət də verilir.

Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin övladlarının təhsilinə də xüsusi diqqət və qayğı göstərilir. Prezidentin 18 mart 2014-cü il sərəncamına əsasən, onların ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənir”.

Nazirlik qeyd edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa-müalicə müəssisələrində hər il 8 mindən çox əlilliyi olan şəxsə müvafiq xidmətlər göstərilir, onlardan mühüm bir qismini də Qarabağ müharibəsi əlilləri təşkil edir: “Təkcə 2015-ci ildə əvvəlki illə müqayisədə 64,6 faiz çox, yəni 265 nəfər xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndərilib, onların bir hissəsi Qarabağ müharibəsi əlilləri olub”.

Dollarda ucuzlaşma. Avro isə bahalaşıb

20.04.2016



Mərkəzi Bank aprelin 20-də ABŞ dollarının kursunu aşağı doğru dəyişib. 1 dollar 1,5167 manatdan 1,5128 manata enib.

Transparency.az xəbər verir ki, avronun rəsmi məzənnəsi qalxıb. Ötən gün 1,7176 manata satılan 1 avroya aprelin 20-də 1,7188 manat qiymət qoyulub.

Rusiya rublunun rəsmi kursu isə ötən günlə müqayisədə sabit qalıb. 1 rubl yenə 0,0228 manata təklif olunur.

1 gürcü larisi 0,6739 manata, 1 ingilis funt sterlinqi 2,1732 manata, 1 İsveçrə frankı 1,5729 manata, 1 türk lirəsi 0,5338 manata satılır.

Neftin qiymətini qaldıran tətil dayanıb

20.04.2016



Aprelin 20-si dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 1,37 dollar bahalaşaraq 41,40 dollar, London birjasında “Brent” markalı neftin bir barreli 0,19 dollar ucuzlaşaraq 42,90 dollar olub.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 1,01 dollar bahalaşaraq 44,43 dollara qalxıb.

Azadliq.org-un 20 aprel məlumatına görə, Küveyt dövlət neft şirkətlərinin işçiləri maaşlarının kəsilməsi qərarı ilə bağlı tətili dayandırmaq qərarına gəliblər. Qeyd olunur ki, Küveytdəki tətil neftin qiymətinin ciddi artmasına təkan verib. Həmkarlar ittifaqları tətili dayandırmaq və işçiləri aprelin 20-dən iş yerlərinə qaytarmaq barədə razılığa gəlib. Tətil təşkilatçıları neft istehsalının tez bir zamanda əvvəlki səviyyəsinə çatdırılacağını elan ediblər.

Tətilin dayandırlmasına neft nazirinin aprelin 19-da verdiyi bəyanat səbəb olub. Nazir deyib ki, işçilər istehsalata qayıtmadan hökumət onlarla heç bir məsələ barədə danışıqlara girməyəcək.

Küveyt hökuməti neftin ucuzlaşması ilə bağlı neftçilərin maaş və mükafatlarını ixtisar etmək barədə qərar qəbul edib. Ekspertlər bildirirlər ki, Küvetdəki tətil bazara çıxarılan neft həcmlərinin günə 1,6-1,8 milyon barrel azalmasına səbəb olub, bu isə neftin qiymətinin qalxmasına gətirib çıxarıb.

Fermer və sahibkarlara yeni texnikalar təqdim olunub

20.04.2016

“Aqrolizinq” ASC-nin Gəncə Təchizat Bazasında fermer və sahibkarlara lizinq yolu ilə yeni texnikalar təqdim olunub. Kənd Təsərrüfatı Nazirliyinin rəsmi məlumatına görə, fermer və sahibkarlara Gəncə Avtomobil Zavodunun istehsalı olan 38 ədəd “MTZ” markalı traktor və 14 ədəd kotan verilib.

Kənd təsərrüfatı texnikaları “bir pəncərə” prinsipi əsasında dövlət qeydiyyatına alınıb və texniki sənədlərlə birlikdə fermer və sahibkarlara təqdim edilib.

Qarabağ müharibəsi veteranı və 2 şəhid ailəsi yeni traktorları növbədənkənar lizinqə alıb.



İmpiçment: qonşularda və bizdə

20.04.2016

Braziliya parlamenti ölkə prezidentini büdcə və vergi pozuntularında günahlandıraraq impiçment qaydasında vəzifədən kənarlaşdırmağa təşəbbüs göstərib. Konqresin Deputatlar Palatası aprelin 17-də impiçment təşəbbüsünü üçdə iki (342 nəfər) səs çoxluğu ilə dəstəkləyib, məsələ parlamentin yuxarı palatası olan Senata qaldırılıb.

Senatda prezidenti 180 gün müddətinə vəzifədən kənarlaşdırmaq üçün 41 səs gərəkdir. Tam impiçment üçün isə Senat Ali Məhkəmə sədrinin rəhbərliyi ilə toplanmalıdır. Həmin iclasda 54 deputat impiçmentə tərəfdar çıxsa, dövlət başçısı vəzifədən gedəcək.

Transparency.az Azərbaycandakı və iki qonşu ölkədəki impiçment mexanizminə nəzər salıb.

Ermənistanda prezident dövlətə xəyanətə və başqa ağır cinayətə görə vəzifədən kənarlaşdırıla bilər. Bunun üçün parlament sadə səs çoxluğu ilə Konstitusiya Məhkəməsinə müraciət edir. Konstitusiya Məhkəməsinin uyğun rəyi alındıqdan sonra parlamentin üçdə iki səs çoxluğu ilə prezidenti vəzifədən çıxarmaq hüququ var. Konstitusiya Məhkəməsinin uyğun rəyi olmasa, məsələ gündəmdən düşür.

Rusiyada prezidenti istefaya göndərmək hüququ parlamentin yuxarı palatası olan Federasiya Şurasına məxsusdur. Bu, parlamentin aşağı palatası olan Dövlət Duması xüsusi komissiyanın rəyi əsasında prezidentə dövlətə xəyanət və ya başqa ağır cinayət törətmək ittihamı irəli sürdükdə baş verir. Deputatların ən azı üçdə birinin təşəbbüsü ilə irəli sürülmüş həmin ittiham Ali Məhkəmənin rəyi ilə təsdiqlənməli və Konstitusiya Məhkəməsi ittihamın hüquqi baxımdan əsaslı olduğuna rəy verməlidir.

Dövlət Dumasının irəli sürdüyü ittiham və Federasiya Şurasının prezidenti vaxtından əvvəl vəzifədən kənarlaşdırmaq haqqında qərarı bu instansiyalarda ümumi deputatların ən azı üçdə ikisinin səsi ilə qəbul olunmalıdır.

Prezidentin vaxtından əvvəl vəzifədən kənarlaşdırılması haqqında qərar Dövlət Dumasının prezidentə qarşı irəli sürdüyü ittihamdan üç aydan gec olmayaraq qəbul edilməlidir. Federasiya Şurası həmin vaxt ərzində qərar qəbul etməsə, prezidentə qarşı ittiham rədd edilmiş sayılır.

Azərbaycan Konstitusiyasına görə, prezident ağır cinayət törətdikdə Konstitusiya Məhkəməsi Ali Məhkəmənin 30 gün müddətində verilən rəyi əsasında Milli Məclis qarşısında prezidenti vəzifədən kənarlaşdırmaq təşəbbüsü irəli sürə bilər.

Prezident Milli Məclis deputatlarının 95 səs çoxluğu ilə vəzifədən kənarlaşdırılır. Parlamentin bu qərarını Konstitusiya Məhkəməsinin sədri imzalamalıdır. Konstitusiya Məhkəməsi həmin qərarın imzalanmasına bir həftə ərzində tərəfdar çıxmazsa, qərar qüvvəyə minmir.

Prezidentin vəzifədən kənarlaşdırılması haqqında qərar Konstitusiya Məhkəməsinin Milli Məclisə müraciət etdiyi gündən başlayaraq 2 ay ərzində qəbul olunmalıdır. Bu müddətə göstərilən qərar qəbul edilməsə, prezidentə qarşı irəli sürülmüş ittiham rədd edilmiş sayılır.

Azərbaycanın tarixində bir dəfə impiçmentdən istifadə olunub. 1993-cü il iyunun 24-də Milli Məclis prezident Əbülfəz Elçibəyin vəzifələrini daha icra edə bilməməsi və səlahiyyətinin Ali Sovetin sədri Heydər Əliyevə keçməsi haqqında qərar çıxarıb  (Qərarın mətni). Həmin il avqustun 29-da keçirilmiş referendumda Əbülfəz Elçibəyə etimadsızlıq göstərilib və bundan sonra yeni prezident seçkisinə gedilib.

Mətbuat azadlığı indeksi: Azərbaycan 180 ölkə arasında 163-cüdür

20.04.2016


Mərkəzi qərargahı Parisdə yerləşən “Sərhədsiz reportyorlar” beynəlxalq jurnalist təşkilatı 2016-cı il üzrə mətbuat azadlığı indeksini açıqlayıb. Transparency.az xəbər verir ki, hesabata 180 ölkənin adı salınıb. Azərbaycan siyahıda 163-cü yerdədir, Bəhreyn (162), Liviya (164), Səudiyyə Ərəbistanı ilə (165) qonşudur (Reytinq cədvəli).

Mətbuat azadlığı indeksinin ön sırasında Finlandiya dayanır. Bu ölkə 2010-cu ildən reytinqdə 1-cidir.

Hollandiya 2-ci, Norveç 3-cü sırada dayanır. Ən sonda Türkmənistan (178), Şimali Koreya (179) və Eritreya (180) gəlir.

İndeksə görə, Avropa jurnalistlər üçün ən azad regiondur. Afrika qitəsi ikinci sıradadır və Amerika qitəsini qabaqlayır.

Hesabata əsasən, bəzi ölkələr 2016-cı ildə mətbuat azadlığı sarıdan yüksəlişə nail olublar. Məsələn, Tunis reytinq cədvəlində 30 pillə irəliləyərək 96-cı sıraya qalxıb. 107-ci yerdə olan Ukrayna bu il 22 pillə irəliləyib. Polşa isə reytinq cədvəlində 29 pillə geriləyərək 47-ci sıraya düşüb. 150-ci yerdə olan Tacikistan 34 pillə geriləyib.

Azərbaycanın qonşularına gəlincə, Rusiya mətbuat azadlığı indeksində 148-ci, Ermənistan 74-cü, Gürcüstan 64-cü, İran 169-cudur.

Keçmiş SSRİ məkanından Estoniya 14-cü, Litva 35-ci, Latviya 24-cü, Moldova 76-cı, Belarus 157-ci, Özbəkistan 166-cı yerdədir.

ABŞ prezidentliyinə iddiaçıların indiyə qədər olan nəticələri

20.04.2016


Transparency.az ABŞ prezidentliyinə iddiaçıların ilkin seçki yarışında indiyə qədər olan nəticələrə nəzər salıb.

ABŞ-da prezident seçkisi 2016-cı il noyabrın 8-də olacaq. Həm respublikaçılar, həm də demokratlar prezidentliyə namizədi yayda keçiriləcək qurultaylarında seçməlidir. İlkin seçki yarışı qurultaya nümayəndə toplamaq üçündür.

Respublikaçılar Partiyasından namizəd olmaq üçün azı 1237 nümayəndə toplamaq lazımdır. Transparency.az bildirir ki, Donald Tramp indiyədək qurultaya 845 nümayəndə qazanıb.

Ted Kruz 559 nümayəndəyə sahibdir.

Con Keysiç qurultaya 147 nümayəndə keçirə bilib.

Demokratlar Partiyasından namizəd olmaq üçün 2383 səs gərəkdir. Hillari Klinton indiyədək qurultaya 1893 nümayəndə əldə edib.

Berni Sandersin 1180 səsi var.

Prezident təmir olunmuş küçəyə və yeni salınmış parka baş çəkib

20.04.2016

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 20-də Bakının Xəzər rayonunun Binə qəsəbəsindəki Əli İsazadə küçəsinin yenidənqurma və əsaslı təmir işlərindən sonrakı vəziyyəti ilə tanış olublar. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verib ki, görülən işlər nəticəsində küçənin eni 21 metrə qədər genişləndirilib, ara səkilər salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.

Küçənin genişləndirilməsi layihəsi çərçivəsində çoxlu sayda yaşayış və qeyri-yaşayış obyektləri başqa ərazilərə köçürülüb. Küçəyə ümumilikdə 40 min kvadratmetrə qədər asfalt örtüyü çəkilib. Ərazidə yol infrastrukturu ilə bağlı bütün kommunikasiya qurğuları yenidən qurulub, yeniləri yaradılıb və yağış sularının ötürülməsi üçün təzə xətlər çəkilib.

AZƏRTAC xəbər verir ki, İlham Əliyev və xanımı Nəsimi rayonunun Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsindəki ərazidə yeni salınmış istirahət parkına da baş çəkiblər.



Konstitusiya Məhkəməsi kompensasiya şərti qoyan qərar çıxardı

20.04.2016


Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinin konstitusiyanın 29-cu maddəsi baxımından şərh edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin müraciətinə baxılıb, qərar çıxarılıb.

Qərara görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir.

Cəbhə bölgəsində hərbi-tibbi təlim toplantısı keçirilib

20.04.2016

Cəbhə bölgəsindəki “N” saylı hərbi hissənin tərkibində fəaliyyət göstərən mobil səhra hospitalında Silahlı Qüvvələrin tibb zabitlərinin və Səhiyyə Nazirliyi nümayəndələrinin hərbi-tibbi təlim toplantısı keçirilib. Toplantıya Gəncə, Mingəçevir, Naftalan, şəhərlərinin, eləcə də Bərdə, Tərtər, Yevlax rayonlarının və səhiyyə ocaqlarının nümayəndələri qatılıb. Onlar mobil səhra hospitalında yaradılan müasir tibbi şəraitlə tanış olublar.

Mod.gov.az-ın məlumatına görə, toplantıda çıxış edən Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev deyib ki, son illər hərbi səhiyyə ciddi uğurlar əldə edib, müasir tələblərə cavab verən, yeni avadanlıqla təchiz olunan hospitallar, poliklinikalar, tibb məntəqələri tikilib, müharibə şəraitində ixtisaslaşdırılmış cərrahi yardımın göstərilməsi üçün nəzərdə tutulan mobil səhra hospitalları, diaqnostik stomatoloji, laborator kabinələr, yaralıların təxliyəsi üçün müasir reanimobillər və ambulanslar alınıb.

Tibb xidməti polkovniki Famil Babayev, tibb xidməti polkovnik-leytenantı Vüsal Rəcəbli, tibb xidməti kapitanı Xalidə Abbasova müasir tibb elminin nailiyyətləri, inkişaf etmiş ölkələrin təcrübələrindən bəhrələnərək onların tətbiqi, hərbi qulluqçuların sağlamlığının qorunmasının vacibliyi və digər mövzularda məruzələrlə çıxış ediblər.







Sərkisyan son hərbi əməliyyatların keçirildiyi istiqamətlərdə olub

20.04.2016


Ermənistan prezidenti Serj Sərkisyan aprelin 20-də Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanla birgə Azərbaycanın işğal olunmuş ərazilərində bir neçə hərbi hissəyə baş çəkib. Transparency.az xəbər verir ki, cəbhə bölgəsinin Ağdərə və Füzuli istiqamətlərində olan Serj Sərkisyan işğalçı ordunun komanda heyəti ilə müşavirə keçirib.

Azərbaycanın Silahlı Qüvvələri bu il aprelin 2-dən 5-dək Qarabağ cəbhəsinin bir neçə istiqamətində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlə zamanı keçmiş Ağdərə rayonu və Füzuli rayonu istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib.

Dövlət Neft Fondu rüblük gəlir-çıxarını açıqlayıb

20.04.2016



Dövlət Neft Fondu 2016-cı ilin birinci rübü üzrə gəlir və xərclərini açıqlayıb. Transparency.az-ın məlumatına görə, fond bildirir ki, yanvar-mart ayları ərzində qurumun büdcə gəlirləri 2 milyard 23,1 milyon manat, büdcə xərcləri isə 1 milyard 946,7 milyon manat təşkil edib.

Rüb ərzində fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 milyard 874,3 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 1 milyard 869,8 milyon manat, bonus ödənişləri 0,1 milyon manat, tranzit gəlirləri 4,4 milyon manat olub.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 148,8 milyon manatdır.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqdən Dövlət Neft Fondunun büdcədənkənar gəliri 354,1 milyon manat olub.

Hesabat dövrü ərzində 1 milyard 660 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 26,5 milyon, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 6,3 milyon, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 2,4 milyon manat vəsait ayrılıb.

Vəsaitin 5 milyonu xarici ölkələrdə təhsil üzrə dövlət proqramının maliyyələşməsinə yönəldilib.

“Cənub Qaz Dəhlizi” layihəsi üzrə 241,9 milyon manat vəsait ayrılıb.

Cari ildə fondun idarə edilməsi üçün 4,6 milyon manat nəzərdə tutulub.

Aprelin 1-nə fondun aktivləri ilin əvvəlinə (33 milyard 574,1 milyon ABŞ dolları) nisbətən 2% artaraq 34 milyard 246 milyon ABŞ dolları təşkil edib.

Dövlət Əmək Müfəttişliyi Xidməti üç ayda 12 nəfəri işinə bərpa etdirib



20.04.2016

Bu ilin yanvar-mart aylarında Dövlət Əmək Müfəttişliyi Xidməti 733 min 876 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənməsini təmin edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, həmin məbləğin 97 faizə qədəri gecikdirilmiş əmək haqları, qalanı işçilərə ödənilməsi gecikdirilən sosial müavinətlər və kompensasiyalar, zərərə görə ödənclər olub.

Yanvar-mart aylarında vətəndaş müraciətlərinin araşdırılması zamanı 12 işçinin qeyri-qanuni şəkildə işdən çıxarıldığı müəyyən olunub, onların öz əvvəlki işinə bərpa olunması təmin edilib.
Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin