Nazirlik ilkin əlilliyi ələkdən keçirir: 20 faiz azalma var
28.12.2015
Ölkədə əlilliyin kəskin azalması müşahidə olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Transparency.az-a bu haqda məlumat verərək bildirir ki, qurumda ilkin əlillik təyinatı ilə bağlı yaradılmış səyyar komissiyaların fəaliyyəti müsbət nəticələrə gətirib.
Dekabrın 1-dən 25-dək zona Tibbi-Sosial Ekspert Komissiyalarına (TSEK) ilkin əlillik təyinatı üçün müraciət edən vətəndaşlar səyyar komissiyalarda müayinə edilib. 2941 nəfər vətəndaşdan yalnız 61,8 faizinə və ya 1787 nəfərinə ilkin əlilliyin təyin olunması barədə qərar qəbul edilib. İlkin əlillik təyin olunanların müraciət edən vətəndaşlara nisbəti ötən ilin dekabr ayı ilə müqayisədə 20 faiz azalıb.
Əlillik müayinəsi aparılmış vətəndaşlar bu müayinənin nəticələrinə dair məlumatları nazirliyin “Elektron hökumət” üzərindən təqdim etdiyi “Tibbi-Sosial Ekspert Komissiyalarının keçirdiyi müayinə barədə məlumatın verilməsi” e-xidməti vasitəsilə də əldə edə bilər.
Nazirlikdən verilən məlumatda bildirilir ki, prezidentin 14 sentyabr 2015-ci il fərmanına əsasən, tibbi-sosial ekspertiza sisteminin yeni elektron texnologiyalar əsasında avtomatlaşdırılması məqsədilə nazirlikdə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminin (TSERAS) yaradılması işləri başa çatır. Əlillik təyinatı prosesində məmur-vətəndaş təmaslarının azaldılmasına və sahənin tam şəffaflaşdırılmasına xidmət edəcək sistemin növbəti ilin əvvəlindən tətbiqi nəzərdə tutulur.
Dostları ilə paylaş: |