Əhməd CƏFƏROĞLU
HÜDUD BOYU SAZ ŞAİRLƏRİMİZDƏN
BAĞDAD XANIM
Hüdud boyu saz şairlərimizdən Bağdad xanım unudulmasına, küncdə-bucaqda qalmasına rəğmən dövrünün sayca heç də azımsanmayan adlı və şanlı aşıqlarından biri olmuşdur. Həyatında sevilmiş və sayılmışdır, heç vaxt xalqa tanıtdırılmasa da, vətəni və adı haqqında iki rəvayət yaranmışdır. Bu qadın aşıq əhalisi başdan-başa tərəkəmə olan Çıldırın, rəvayətlərdən birinə görə, Pekreşen elindən, başqa rəvayətə görə isə həmin Pekreşenin şimalındakı, bu gün ancaq xarabaları rastlanan Çiyahor kəndindəndir. Adı da, bəzilərinə görə, Bağdad, bəzilərinə görə də Bağdagül olmuşdur. Çıldır tərəkəmələri ilə zarşatlılar birincinin – Bağdad adının doğru olduğu qənaətindədirlər. Şeirlərində istifadə etdiyi adına baxılacaq olarsa, bizcə də, Bağdad əsli, Bağdagül sonradan törəmədir.
Yaşadığı tarix də məchulumuzdur. Bu xüsusa dair Şərqi Anadoluya səyahətlərim əsnasında aşıqlardan və müxtəlif kimsələrdən topladığım şeirlərindən də bir ip ucunun əldə edilməsi imkansızdır. Bulanıklı Aşıq Namaz Bağdadı xəyal-məyal xatırladığı kimi, soruşdurduğum kimsələr də haqqında dəqiq bir fikir deyə biləcək bilgiyə sahib deyildirlər. Hər kəs daha çox Bağdad xanımın macərasını və eşqini nəql etməkdədir. Ancaq ikinci rəvayətdəki Çiyahor kəndinin doğum yeri olaraq göstərilməsinə və həyatını uğruna qoyduğu nişanlısının Akçakalenin cənubunda, göl kənarındakı əski bir xarabadan ibarət olan Albızlı olduğuna baxılacaq olursa, Bağdad xanımın bir neçə əsr əvvəl yaşamış olmasına hökm etmək mümkündür.
Bütün el aşıqları kimi, Bağdad xanım da eşq macərasında yetim buraxılmamış, haqqında canlar yaxan, gözlər yaşardan, olduqca acı bir eşq hekayəsi yaradılmışdır. O da digər məsləkdaşları kimi, eşqinə doya bilməmiş, uzun zaman çilə çəkmiş, sonunda sevgilisinin uğruna həyatını yalnızlıqda keçirmişdir. Eşqinin, şeirinin ruhu ancaq sevdiyi nişanlısı olmuşdur, onu tərənnüm edə-edə şöhrət tapmış, sonunda həm aşiq, həm də aşıqlar karvanına qatılmışdır.
Xalq içərisində ballandıra-ballandıra söylənən hekayəyə görə: “Bağdad doğulduğu Pekreşen kəndinin qarşısında, göl kənarındakı akçakaleli bir dəliqanlı ilə sevişmiş, nişanlanmış və bütün qəlbini ona bağlamışdır. Yeni adaxlılar uzun nişanlılıq həsrətinə dayanmaqdansa, bir an əvvəl bir-birinə qovuşmaq istəmişlər. Bunun üçün zamanəsinin adətlərinə uyan dəliqanlı gizli yollara baş vurmuş, nəhayət, bir dostunun köməyilə kimsəyə görünmədən Bağdadına qovuşmuşdur. İlk görüşün zövqünü dadan hər iki aşiq istədikləri anda görüşə bilmələri üçün yeni bir gizli plan qurmuşlar. Belə ki, olduqca qələbəlik olan qız evində hər kəs dərin gecə yuxusuna daldıqdan sonra Bağdad dışarı çıxacaq və böyük balkonun gizli bir yerində atəş yandıracaqdır. Gölün qarşı tərəfindəki nişanlısı bu işarəni görər-görməz gölə atılacaq və atəş istiqamətində üzə-üzə sevgilisinin olduğu sahilə çıxacaqdır. Bu minvalla həsrətlilər də bir-birinə qovuşmuş olacaqdırlar. Plan uzun zaman uğurla tətbiq edilmiş, hətta həftədə bir neçə dəfə olmaq üzrə üç-dörd ay davam etmiş və bir-birinə qovuşan sevgililər dərdləşmiş, dünyada kama çatmışdırlar. Fəqət fələk bu məsud günləri onlara çox görmüş, qəlbləri birləşdirən ocağın sönməsilə iki aşiqin həyatı da birdən-birə sönmüşdür.
Buna da günün birində Bağdadın böyük qardaşının arvadının, yəni evin böyük gəlininin işin fərqinə varması və zarafat üçün sirri Bağdadın əmisi qızına açması səbəb olmuşdur. Sən demə, əmisi qızı Bağdadı nişanlısına qarşı dəhşətli dərəcədə qısqanırmış, onu gözü götürmürmüş və fürsət axtarırmış ki, onları ayırsın. Tam bu sırada, sırf zarafat olsun deyə, gəlin bir gecə Bağdad uyuduğu zaman ondan xəbərsiz eyni yerdə atəş yandıraraq, nişanlını suç üstə yaxalamaq və gətirdiyi hədiyyələri paylaşmaq üçün əmi qızı ilə sözləşir. Nəhayət, sözləşildiyi gecə atəş yandırılır, Akçakaledən onu görən dəliqanlı da əvvəlki kimi soyunub atəş istiqamətində üzməyə başlayır. Aradan bir az zaman keçəndən sonra Bağdadı gözü götürməyən əmi qızısı, gəlinin yalvarışlarına rəğmən, atəşi söndürür; gölün ortasında qalan dəliqanlı da sağa-sola üzsə də, heç cür sahili tapa bilmir, taqətdən düşərək boğulur.
Məsələdən xəbərsiz olan Bağdad ertəsi gecə, ürəyi istəmədiyi halda, səadət atəşini yandıraraq, nişanlısının gəlişini gözləyir. Fəqət heç cür nişanlısından xəbər ala bilmir. Ertəsi gecə təkrar atəşin başında sabaha qədər gözləyir, lakin yenə bir xəbər ala bilmir. Qəlbinə atəş düşən zavallı Bağdad səbirsizlənərək nəhayət üçüncü gecə də atəşdən imdad istəyir. Fəqət əbəs yerə, nə gələn var, nə gedən. Qəlbinin ortasından vurulmuş yaralı geyik kimi əlinə sazını alaraq başına gələn fəlakət iztirabını bu sözlərlə xəfiflətməyə çalışır:
Gəl doğrusun söylə, a zalım fələk,
Üç gündü gəlmədi, yar nərdə qaldı?
Dərtdi fiğanımdan sularda səmək,
Rahatı qalmadı, yar nərdə qaldı?
Tükəndi sabrım, getdi dayanıx,
Gündüz qərarım yox, gecə uyanıx,
Ürək iynələnər, ciyarım yanıx,
Bir çarə qılmadı, yar nərdə qaldı?
Od aldı Bağdadın gülşanı, bağı,
Bəklərəm xəbərin axşam sabağı,
Hər birisi oldu bir qam çanağı,
Göz yaşım silmədi, yar nərdə qaldı?
Gündən-günə həsrət və fəlakət qorxusu içində qıvrılan Bağdad, nəhayət, məsələni sezməyə başlayır. Ona təsəlli verənlərə dərd edir, heç cür təsəlli olmayır. Artıq vaqiənin qırxıncı günü əmi qızısının namərdliklə oynadığı qısqanclıq oyunundan xəbərdar olur. Artıq iş-işdən keçmiş, dərdlərini dostlarına tökməkdən başqa çarə tapmayır, əlinə sazı alaraq yanıq səslə:
Nədən ah çəkmiyəm, nədən yanmıyam,
Yetirmədi baxtım murada məni.
Nədən inildəməm, nədən sızdamam,
Bağrım ney tək saldı fəryada məni.
Eşq gölündə yelkənimiz üzərkən,
İqbal yeli məram üzrə əsərkən,
Fələk girdabına saldı, üzərkən
Cavanımı, qoydu qarda məni.
Bu dərdin oduna canmı dayanır?!
Xəyalıynan gözüm al qan boyanır.
Bağdadam, ahıma dağ, daş dayanır,
Qədər yetirmədi bir şada məni.
Acı kədər zəhərini dadan Bağdad heç cür sakitləşə bilmir. Qapısının çərçivəsini sındıran dostlarının, qonşularının bitməz-tükənməz dil tökmələrinə, çarə aramalarına heç cür razılaşmır. Əksinə, ziyarətinə gələnləri sazı və yanıqlı sözü ilə ağladır, özü də ağlardı. Saçlarının ağarmasını, yanan canını hey misal çəkərək, fələyin, çərxi-dövranın kəc vurduğunu söyləməkdə idi. Belə ki:
Soldu gül-gülşənim bahar çağında,
Bozardı sünbülüm süsən dağında.
Yandı canım hicran, qəm ocağında,
Ağı qoydı, zəhər etdi aşımı.
Mana dellər: Bağdad burax bu dərdi,
Məndə olan dərdi hansı gül gördü?!
Fələk çarxı dövranımı kəc vurdu,
Gecə-gündüz fiqan etdi işimi.
Aradan həftələr, aylar keçdi; fikir və nigarançılıqdan zəif düşən Bağdad yanıb-yaxılmaqda, acı bir həyat keçirməkdə idi. Onun bu halına dayana bilməyən kənd qız və qadınları yanıb-yaxılmağının səbəbini sormaqla zavallı Bağdadın yarasını təzələməkdə idilər. O da durmadan, yorulmadan, ölümü arzularcasına sevgilisini yaxan eşq odunu tərənnüm etməkdən yorulmazdı. O halını soruşanlara:
Analar, bacılar halım sorarsız,
Bir eşqdəndi məni tüttürür bu od.
Əzəl quruluşu nuri-Əhməddən,
Aləmi bir-birinə tutdurur bu od.
Adəm ata oldu Havvaya aşiq,
Yedi buğdanı düşdü dünyaya aşiq.
Ondan doğulanlar da bir aya aşiq,
Uğruna canlar sərf etdirir bu od.
Hökmdar Nəbiyə, hünkara, şaha:
Təsiri yetişir şəms ilə maha.
Hər bir məxluq uğrar mütləq bir raha,
Var-yoxu yoluna satdırır bu od.
Bu oddandı pərvan can atar nara,
Həm göysünü dəldirir xara,
Of demədən Mansır çəkilir dara,
İrzaynan ağunu uddurur bu od.
Bu oddandı Məcnun gəzdi səhranı,
“Leyla, Leyla” deyib buldu mövlanı.
Fərhad külüng çalıb dəldi qayanı,
Dağları yerindən atdırır bu od.
Bu odun yamanı tutuşmasıdır,
Ayrılıq yelindən tütüşməsidir.
Ölüm ataşıyla qatışmasıdır,
Dəryalar kar etməz, çatdırır bu od.
Kəm baxtım bu hala devran eylədi,
Gözüm al qan, sözüm fiğan eylədi,
Bağdadın bağrını şan-şan eylədi,
Hər dəm əcəl aşın daddırır bu od.
Nəhayət, gündən-günə çökməyə başlayan Bağdad xanımın saçlarına dən düşmüş, eşq atəşilə sevgilisinə qovuşmağa hazırlanmışdır. Bu dünyada ala bilmədiyi kamını o biri dünyada tapacağına inanırdı. Ölüm döşəyinə düşdükdən sonra, sazını əlinə alaraq, bu yanıqlı qoşmasıyla arzuladığı səadətə çatmışdır:
Dərdim var dağa bədəl,
Ah etdi müşgül məni,
Çiçəyim ağa bədəl,
Sardı muydan çal məni.
Halıma yandı mələk,
Dilimdə qaldı dilək,
Yar ocağına fələk
Həsrət qoydu bil məni.
Göy dağda sünbülüdüm,
Sam yeli əsdi, soldum.
Qızıl qonça gülüdüm,
Sarmadı bülbül məni.
Göldə ötüşən sona,
Çalxanıb batma qana,
Tez qovuşardım ona,
Qoymaz ərkan, yol məni.
Durnam səni dinlərəm,
Dərd dilindən anlaram,
Sinəm şan-şan inlərəm,
Qaval sanar el məni.
Al tökdüm, geydim qara,
Öybəöy canım yara,
Təbib yox, qıla çara,
Fəth edər bu hal məni.
Bağdad, nə tökdün qan-yaş,
Binamda qalmadı daş,
Veyranım oldu ataş,
Axır edər kül məni.
Tərtəmiz bir eşqə ruhunu, canını təslim edən Bağdad xanım hüdudboyu tərəkəmə xalqının dilində hələ də bir məhəbbət dastanının ünlü qəhrəmanı olaraq yaşamaqdadır.
Məhəmməd Əmin RƏSULZADƏ
“DƏDƏ QORQUD” DASTANLARI
Türk xalq ədəbiyyatının şah əsəri olan bu dastanlar son illərin hər günkü siyasi mövzusunu təşkil etdilər. Azğınlaşan bolşevik ruslaşdırma siyasətinə əsasən, bunlar, azərbaycanlı aydınları yenidən ələyib qızıl qəlbirdən keçirməyə vəsilə oldular.
“Kitab-i Dədə Qorqud əla lisani taife-i Oğuzan” adını daşıyan XVI əsrdə yazılmış bir nüsxəyə ilk dəfə Almaniya Krallıq Kitablığının arxivini tənzimləyərkən, Fleyşer (Fleicher) rast gəldi. Daha sonra Bartold (Barthold), Dits, Noldke və sairə kimi alimlər tərəfindən incələnən bu dastanlardan bir qismi müxtəlif Avropa dillərinə çevrildi. On iki dastanı ehtiva edən bu kitab haqqında tədqiqatlar yazıldı və mübahisələr edildi. Nəticədə, Dədə Qorqud və ya Qorqud Atanın tarixi deyil, Xızır kimi əfsanəvi şəxsiyyət olduğu üzərində duruldu; dastanların da Azərbaycan ərazisində və Azərbaycan xalqı tərəfindən yaradılan bir əsər olduğu qənaətinə varıldı.
X-XI yüzillərdə Orta Asiyadan Azərbaycana külli miqdarda türkmən tayfaları gəldilər. Bunlar özlərilə bərabər oğuz qəhrəmanlıq xatirələrini də gətirmişdilər. Yerli Azərbaycan şərtlərinə uyan bu xatirələr bədii ədəbiyyat və dastan şəklini aldılar. “Dədə Qorqud” dastanları məhz bu dastanlardandır.
Dastanlardan on biri qəhrəmanların vətən, namus, din və tayfa birliyi uğrunda apardıqları savaşlara və bu savaş meydanlarında göstərdikləri igidlik səhnələrinə ayrılmışdır, birində də Əzrayıl kimi mövhumi qüvvətə qarşı edilən savaş təsvir olunur.
Bu savaşlar Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Əlincə qalası, Göyçə gölü, Dərəşam kimi Azərbaycan yerlərində, gürcü, abxaz və erməni kimi qonşu məmləkətlərdə cərəyan edir. Dastanların yazıldığı dil Azərbaycan şivəsinin bütün özəlliklərinə malikdir. Bunlarda anladılan həyat şərtləri də Azərbaycandakı həyat şərtlərinin eynidir.
“Dədə Qorqud” qəhrəmanları qeyri-adi qəhrəmanlığın, sədaqət və bağlılığın, cəsarət və fədakarlığın mükəmməl bir timsalıdırlar. Bunlar vətən sevgisi, din qeyrəti, hürriyyət eşqi, ailə bağlılığı, boylar (tayfalar) arasında birlik hissi ilə hərəkət edirlər. Xalq dilinin sadə bəlağəti ilə yaradılan “Dədə Qorqud” tablolarının canlılığı oxucuları həyəcan və heyranlıq içində saxlayır.
Dastanların baş qəhrəmanlarından Salur Qazan, uğursuz bir təsadüf nəticəsində düşdüyü əsarətdə belə xarakterindəki əsilzadəliyi və cəsarəti zərrə qədər pozmadan, düşmənə qarşı söylədiyi monoloqu bu sözlərlə tamamlayır:
– Əlinə düşmüşəm, məni öldür, qılıncından qorxmuram. Öz elimi, öz qövmümü söymərəm!
Qazanın oğlu Uruz da, atası kimi, əyilməz və yenilməz bir igiddir. O, namus uğrunda çəngəldən asılıb, ətinin tikə-tikə doğranmasına razı olur, anasının tanınıb, düşmən məclisinə aparılmaması üçün hər cür əzab və işgəncəyə qatlanır. Qazan xanın ətrafında Bozatlı1 Beyrək, Dirsə xan oğlu Buğac kimi qəhrəman oğuz bəyləri sırasında yer alan Qaraca çobanın timsalı da çox maraqlıdır. Sadə, bəylərin deyil, çobanların da mərd, fədakar bir el və oba müdafiəçisi olduğunu təmsil edən igid çoban təkbaşına altı yüz düşmənlə qarşılaşır, vəd olunan hədiyyələrə uymur, edilən təhdidlərdən qorxmur. Təpədən dırnağa qədər silahlı olan düşmənlərlə əlindəki sapandı ilə döyüşür. Altı yüz yağı (düşmən) onun üzərinə dolu kimi ox yağdırırsa da, o ruhdan düşmür. Daşı tükənincə, sapandına qoyun və keçi qoyub atır. Yağının gözünü qorxudur. Ona “arıq bir toğlu” olsun belə vermir.
“Dədə Qorqud” dastanlarında qadınlar da igiddir. Kişilər kimi qeyrətli, vətənpərvər, cəsarətli və mərddirlər. Qadın ərinə, ana oğluna, bacı qardaşına hərarətli sevgi ilə bağlıdır. Nişanlı qızların sədaqət və fədakarlıqları isə dastanların əsas motivlərindəndir.
Dirsə xanın arvadı oğlunun ovdan dönmədiyini görüncə, atının belinə atlanır, “qırx incə belli qız”la onu axtarmağa gedir; yaralı oğlunu tapıb gətirir. Qazanın oğlu əsir düşdükdə Boyu uzun Burla xatun silahlanır, oğlunu qurtarmağa gedən ərini təqib edir, adlı-sanlı qəhrəmanlar sırasında savaşır. Selcan xatun nişanlısı Qanturalı ilə çiyin-çiyinə vuruşur. Düşməni yerə sərərək, yaralı nişanlısının başı üstünə gəlir: “Yağının bir ucu sənin, bir ucu da mənim”, – deyə cəbhə alır. Selcan xatun, Dədə Qorqud üslubu ilə söylərsək, “Qız xalqı arasında ov ovlayıb, quş quşlaması, sağına soluna iki qoşa yay çəkməsi, atdığı oxun yerə düşməməsi” ilə məşhurdur. Dəli Domrulun “Öz canına əvəz bir can aradığını” duyan arvadı ona: “Mənim canım sənin canına qurban olsun”, – deyir.
Dastanlarda qadınlara verilən yüksək mövqenin misallarını burada tamamilə verib bitirə bilmərik; buna məqaləmizin həcmi imkan vermir. Bu qədərini qeyd edək ki, dastanlara görə, “Ana haqqı, Tanrı haqqıdır!..”
İslam dinindən təsirlənmiş olan dastanlarda əsas mühit islamiyyətdən əvvəlki etiqadlarla iç-içədir. Qəhrəmanlar daha çox təbiət qüvvələrinə tapınırlar. Hər dastanın sonunda xeyir-duası ilə hazır olan və ən çətin zamanlarda müşkülləri həll etməyə bir övliya məsləhətlərilə yetişən Dədə Qorqud elin mənəvi atası, birliyin simvoludur. O bir atadır, Qorqud ata!
Biz burada dastanların ədəbiyyat və sənət baxımından təhlilinə girişmədən, sadəcə ideoloji tərəflərinə diqqət edirik. Bu baxımdan yazımıızı xülasə edəsi olsaq, deyə bilərik ki:
“Dədə Qorqud” dastanları vətən, din, hürriyyət, eşq, sədaqət və fədakarlıq hisslərini aşılayan milli bir əsərdir.
1950-ci ilə qədər faydalı bir xalq əsəri olaraq, mənimsənilən və dərsliklərə salınaraq sovet Azərbaycanının məktəblərində oxutdurulan “Dədə Qorqud” dastanları gözdən düşdülər. Sovet ədəbiyyat tənqidçiləri ilə müəllimlərinin yaxın bir keçmişdə təqdiredici bir üslubda yüksəltdikləri bu şah əsər indi “zəif və zərərli bir əsər” deyə, dərsliklərdən çıxarıldı, kitabxanalardan atıldı. “Millətçilik, dinçilik, bərabərlik”in rəvac verəni “inqilab ideologiyasına zidd, fəsad törədən bir əsər” deyə elan edildi. Əsəri bu günə qədər idealizə edən şəxslər isə “sovet əleyhdarı, ziyanlı insanlar” deyə bütün mövqelərindən çıxarıldılar.
Dədə Qorqud – türk və Azərbaycan xalqının bir nurani piri – indi “bir irtica və gerilik rəmzi” deyə elan edilir.
Əlbəttə, çoban ilə xanın, ata ilə oğulun, ər və arvadın, bacı ilə qardaşın qarşılıqlı sevgiləri ilə boylar (tayfalar) arasındakı qardaşlıq və birlik hisslərini, bir sözlə, insan topluluğunu təşkil edən bütün sinif və təbəqələr arasında vətən və ailə kimi mənəvi ortaq dəyərlər naminə birləşib qaynaşmanı və bu uğurdakı qəhrəmanlıqla mübarizəni mədh edən mürşid bir Pirə, bütün bu anlamların amansız düşməni olan bolşeviklər necə dözə bilər?!.
Onlar “sovet patriotizmi” deyə ortaya atdıqları və Sovetlər Birliyində olan qeyri-rus bütün millətlərin “ağabəyi” rus millətinin ancaq icazə verəcəyi fikirlər xaricində bir sıra milli və vətəni əsasları qoruyan “seperatist (təfriqə)” ideologiyalara qətiyyən dözə bilməzlər. “Sovet patriotizmi”nə zidd hər cür ideologiyanın kökünü kəsmək, sovet hökumətinin israrla tətbiq etdiyi əsas siyasətdir. Bu siyasət baxımından yerli tarix və ədəbiyyat fəxrlərini idealizə etmək bu yerlərdə yaşayan “kiçik qardaş”ların “böyük qardaş”– rus ağabəyisi ilə (!) birləşməyə əngəldir. Bu əngəli xatırladan ən kiçik şey təhlükəli bir amil kimi kəsilib atılmalıdır.
“Dədə Qorqud” məhz bunun üçün rədd edilir.
Məhəmməd Əmin RƏSULZADƏ
“DƏDƏ QORQUD” OĞUZNAMƏLƏRİ
Kırzıoğlu Mustafa Fəxrəddinin bu başlıq altında bir əsəri çap edilmişdir1.
Dörd kitab halında hazırlanan əsərin nəşr olunan qismi birinci kitabdır. Digər üç kitab sonra basılacaqdır. Əlimizdəki 132 səhifə tutan cildin üz qabığında bunu oxuyuruq: “Bu dastanların Kiçik Arsaklılara – Arşakunik dövlətini (m.ö. 149 – m.s. 429) quran əski oğuzlara aid olduğunu bir sıra dəlillər isbat edir. “Erməni tarixi”nin iç üzünü, gerçək mahiyyətini göstərir”.
Kitabın içindəki mövzuların üz qabığında verilən mündəricatına bir göz gəzdirməklə bunların nə qədər orijinal olduğu bizi dərhal maraqlandırır. Gürcüstandakı Orbelian ailəsinin, erməni Mamikonyan sülaləsinin, Dağıstandakı Şamkallıların və Azərbaycandakı Baranlıların (Qoyunlular) mənşələrinə dair verilən maraqlı məlumatın “Dədə Qorqud” hekayələri ilə sımsıx bağlı olduğunu görürük.
Kitabın “Başlanğıc qismi”ni oxuyuruq. Müəllifin böyük bir sevgi ilə mövzuya bağlı olduğunu dərhal anlayırıq. “Qurandan sonra ən çox oxuduğum kitab”, - deyə bəhs etdiyi “Dədə Qorqud” kitabına M.Fəxrəddin qəlbən aşiqdir. Bu eşqlə o illərlə çalışmış, araşdırmış, nəhayət, böyük bir sevinc içində mühüm bir kəşf etdiyi qənaətinə gəlmişdir.
“Dədə Qorqud” haqqında bu günə qədər bütün dünyada nəşr olunan əsərləri və bu mövzu ilə əlaqədar bütün oğuz rəvayət və mənqibələrini tədqiq edən müəllif mütəxəssislərin XIV-XV yüzillərə aid etdiyi hekayələrin daha əski dövrlərə aid olması nəticəsinə varmışdır.
“Bütün oğuz dastanları və çox yayılmış canlı ənənələrinin Arsaklılar çağındakı oğuzların həm də “Armeni” adlanan Şərqi Anadolu, Azərbaycan və Gürcüstandakı 6 əsrə varan hakim və sonra da dağınıq bəyliklər halındakı yaşayışına aid olduğunu əsaslı dəlillərlə təsbit edən” M.Fəxrəddin “ulu tanrının aciz quluna verdiyi belə bir imkana” çox sevinir. Onun fikrincə, bu kəşf “ümumtürk tarixi üçün “Orxon və Yenisey” yazılarının oxunması dərəcəsində və bəlkə də, onlardan daha mühümdür”.
“Anadolu və Ön Asiya türk tarixinin, əldə edilən bu kəşflə, – M.Fəxrəddin söyləyir, – yeni-yeni öyrənilən qaynaqlardan süzülən əsaslı faktlara görə, başdan yenidən yazılması lazım gələcəkdir. Arsaklıların türkmən və oğuzlardan ibarət olduğunu anlayıb çözməyə yarayan “Dədə Qorqud oğuznamələri” sayəsində milli həyatımızda və elm aləmində yeni baxış və anlayışlar yaranacaqdır”.
Bu iddialı əsərin başlanğıcdan sonra gələn “Giriş” qismi Böyük Part İmperatorluğunu quran Arsaklıların türklüyünə ayrılmışdır. Bu bölümün ilk fəslində 90 ildən bəri türk tarixçiliyində Partların türklüyündən bəhs edən müəlliflərin araşdırmaları xülasə edilmiş, ikinci fəslində də oğuznamələr ilə başqa yazılı xatirələrdə oğuzların Şərqi Anadolu, Azərbaycan və Gürcüstanda qədimdən mövcudluğunun təfsilatı verilmişdir. Kitabın ikinci bölümündə oğuznamələrdəki yer adları diqqətlə və ətraflı surətdə incələnmiş və bunların bu günkü durumları ilə əski dövrlərdəki durumları arasındakı bağlar təsbit olunmuşdur. Kitaba Şərqi Anadolu, Azərbaycan, Gürcüstan və Dağıstanın ətrafını əhatə edən bir oğuz xəritəsi əlavə edilmiş və bu xəritədə “Dədə Qorqud” və digər oğuznamələrdə xatırlanan yer adları göstərilmişdir. Cildə bir də 122 kitab adını əhatə edən zəngin bir biblioqrafiya əlavə edilmişdir.
Müəllifin on beş ildən bəri bu işə könül verməsi və böyük bir dözüm və səbrlə çalışmasının bir məhsulu olan bu əsərin mütəxəssis tarixçilər tərəfindən xüsusi diqqətlə qarşılanmasını umur, müəllifin də digər üç kitabın nəşrinə dərhal müvəffəq olmasını ürəkdən diləyirik.
Azərbaycan və ümumiyyətlə, Ön Asiya tarixi üçün bilavasitə önəm daşıyan bu araşdırmaların sevindirici kəşflərinin bütünlüklə, hamımızı sevindirərək, qəbul olunmasını cani-dildən diləyir və hər şeydən öncə, elm sevgisi və qeyrətilə çalışdığı aşkar görünən müəllifi səmimiyyətlə təbrik edirik.
Elm və xüsusən tarix elmi ilə maraqlanan oxucularımıza M.Fəxrəddinin bu əsərini görmələrini ciddiyyətlə tövsiyə edirik.
Qeyd: Arsaklılara iranlılar “Eşkaniyan”, avropalılar “Arsacides”, əski ermənilər “Baglivig, Bahlavani” və Qərb qoluna da “Arsaguni” deməkdədir.
Məhəmməd Əmin RƏSULZADƏ
NOVRUZ BAYRAMI
“Vətən” qəzetinin sənət və ədəbiyyata ayırdığı bir səhifədə ədəbiyyatçılardan Abdulbaki Gölpınarlı “Novruz=Yenigün” başlığı ilə əski İstanbul qəzetlərinin eynən “Novruziyə”lərini xatırladan gözəl bir məqalə nəşr etdi.
Mövlananın, Füzulinin, Nədimin və xalq şairlərinin təbiətin yeniləndiyini, baharın gəlməsini öyərək, Novruza sevinən parçalarını nəql edən bu yazıda “Bütün bayramların inancla, xatirəylə, ənənəylə, duyğuyla” sıx əlaqəsi olduğu qeyd edilir, fəqət “bir bayramdan başqa heç heç birinin təbiətlə dərin bir bağı yoxdur”, – deyilir.
Mövzu, azərbaycanlılar kimi söylərsək, Novruzdur. Novruz bayramında, bütün bayramlar kimi, – Gölpınarlının ifadəsiylə – “kitablardan kitablara, beytlərdən beytlərə, ağızlardan ağızlara keçən, oxunan və söylənən nağıl ünsürləri vardır, ənənələrdə yıxılmaz, sarsılmaz bir yeri vardır, hətta müsəlmanlıqdan sonra o günə əlavə edilən təsadüflərlə islami təsirlər vardır, amma əsl xarakteri gerçək, tam bir gerçək təbiət bayramı olmasıdır”.
Klassik Şərq ədəbiyyatının doymadan tərənnüm etdiyi Novruzun müxtəlif kültürlərin qarışdığı Azərbaycanda özəl bir yeri vardır. Novruz ənənəsini nağıllardakı Cəmşidin taxta çıxmasına bağlayan İran rəvayəti bu yaranma mərasiminin Azərbaycanda olduğunu təsəvvür edər. Klassik sözlük “Bürhane-qate”nin yazdığına görə, Cəmşid dünyanın hər tərəfini gəzmiş, Azərbaycana gəlmiş, buranı bəyənmiş, gündoğana baxan yüksək bir təpənin üstündə bir taxt qurduraraq, şahanə əlbisələr geymiş olduğu halda bu taxta oturmuşdur. Başında daş-qaşlı və parıltılı bir tac varmış. Günəş doğarkən, işığı bu tac və taxta düşüncə, bütün o yerləri nura qərq etmiş və hər kəs bu durumu xeyirə yozaraq, olduqca sevinmiş və bu günü Yenigün (Novruz) deyə, elan etmişdirlər.
Sasanilər dövründə mövcud olan Novruz ənənələri Yəzdigürd zamanında qadağan edilmişdi. Ərəb istilası nəticəsində müsəlman olan İranda bu ənənəyə önəm verilməmiş, sünni İran Novruzu bilməmişdir. İrandakı türklərdən mütəşəkkil əsgəri qüvvəyə zorla şiəliyi qəbul etdirən səfəvilər bu ənənəni canlandırmışlar. Şiəliyin təsiriylə “Cəmşid”in taxtına “Həzrət Əli” çıxmışdır.
Ustad Köprülü 1927-ci il tarixli “Həyat” dərgisinin I cild 18-ci sayında yazdığı “Novruz” məqaləsində Üçüncü Əhməd zamanında səfirliklə İrana göndərilən Dürri Əfəndinin səfəvi sarayındakı Novruz mərasimi haqqında verdiyi məlumatı nəql edir.
Müstəqil Azərbaycan hökuməti zamanında Novruz milli bir bayram olaraq, rəsmən qeyd olunurdu. O gün bütün millətlə bərabər dövlət müəssisələri də çalışmazdı. Hökumət tərəfindən mərasim hazırlanır, ordunun keçid mərasimi icra olunurdu. Bu münasibətlə Azərbaycan Kültür Dərnəyinin tərtib etdiyi 21 Mart tarixli toplantıda 1920-ci ildə icra olunan Novruz rəsmi keçidinin bir xatirəsi anıldı.
Milli Hökumətin qurulmasına təsadüf edən illərdə belə formalaşan milli hərəkat və ümumi türkçülük davasında Novruz və ya Yeni günün özəl bir yeri olmuşdur. Türkçülük və milliyyətçilik yoluna girən Azərbaycanda Novruz bayramı Cəmşid və ya şiə səfəvi ənənələrinə deyil, Ərgənəkon əfsanəsinə bağlanır və adına da “Qurtuluş bayramı” deyilirdi. Əsrlərlə ətrafını saran dağlar arasında əsir qalan türklər bir dəmirçinin mərifəti və Boz Qurdun bələdçiliyi ilə əsarətdən qurtularaq geniş dünyaya qovuşmuş və hürr olmuşlar. 9 martda baş verən bu uğurlu hadisə, yeni təqvimlə 21 marta təsadüf edən bir Yeni gündə, bir Novruzda olmuşdur.
Azərbaycanda Qurban və Ramazan bayramlarından daha parlaq surətdə icra olunan bu bayramın milliyyətçi mətbuat və nəşrlərdəki adı “Yeni gün” və ya “Qurtuluş bayramı” idi. Azərbaycan gəncliyinin çarizmə qarşı girişdiyi gizli qurtuluş hərəkatında bu bayrama həsr olunan özəl toplantılarda “Ərgənəkon” əfsanəsi anladılırdı. Eyni zamanda, Bakıdakı Müsəlman Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə İsmailiyyə binasının möhtəşəm salonunda ümumi bir bayramlaşma mərasimi tərtib olunurdu.
Bunlardan, çarizmin devrildiyi 1917-ci ilə təsadüf edən Novruz bayramlaşması çox həyəcanlı olmuşdur. Bu bayramlaşmada hürriyyətin istibdada qələbəsini xeyir allahı Hörmüzün şər allahı Əhrimənə qələbə çalması ilə müqayisə etmiş olduğumu arkadaşımız Ə.Yurdsevər mənə son günlərdə bir vəsilə ilə xatırlatmışdı.
İran-Turan kültürünü özündə birləşdirən Novruz bayramı Azərbaycandakı özəlliyilə nağıldan artıq gerçək bir təbiət, həyat və hürriyyət bayramı olaraq xalq kütlələrinin adət və ənənələrində yer almaqdadır və əsl dəyəri də bu nöqtədədir. Qəməri təqvimə görə, Qurban və Ramazan bayramları bəzən qışa, bəzən bahara, bəzən yaza, bəzən də payıza rastlayarlar. Halbuki Novruz bayramı sabit bir tarixdə keçirilməkdədir. Qaranlıq və soyuq qışdan aydınlıq və ilıq bahara çıxmaqla Novruz bayramı gəlmiş olur. Əvvəlkiləri dini, bəsit bir mərasimlə keçirən Azərbaycan, o birini, sözün tam mənasıyla, yeni bir gün, yeni bir həyat başlanğıcı kimi qarşılayar.
Bu bayramda hər şey yenilənir, hələ uşaqlara mütləq yeni əlbisələr geydirilir. Övladlarını sevindirmək üçün ən kasıb ailələr bütün imkanlarını sərf edərlər. Türkiyədəki Şəkər bayramı kimi, Azərbaycandakı Novruz bayramı da üç gün davam edər. Bütün ailələr bir-birlərini evlərində ziyarət edər, bayramlaşarlar. Süfrələri hər cür şirniyyatlarla bəzədilmiş olan evlərin qapıları bütün bayram günlərində ziyarətçilərə açıq saxlanılır.
Bayrama təsadüf edən dörd həftənin “üskü” adlanan çərşənbə günlərində “tonqal” deyilən atəşlər yandırılar və gənclər bu atəşlər üzərindən atılar, əylənərlər. Həmçinin masqara qılıqlarına girərək, qapı-qapı dolaşan “Kos-kosa” (Karnaval)ların halı da çox əyləncəlidir. Əsl bayram günlərində isə uşaqların ayrı-ayrı qrup təşkil edərək, ailədən ailəyə gedərək xor halında:
“Gəldi Novruz bayramı, açıldı güllər, lalələr,
Səbzəpuş oldu çəmənlər, bülbül eylər nalələr”, –
mətləsilə başlayan bir “Novruziyə” oxumaları vardır ki, bu özlüyündə bir şeir, bir bahardır.
Fəqət bütün bunlar indi yalnız tarixdir. Yuxarıdakı hekayədə zatən keçmişin təsviri anladılmalı idi. Çünki sovet istilası altındakı Azərbaycanda Novruz ənənəsinin halı mərhum Şəmsəddin Sami bəyin “Gaveyi-ahəngər” (“Dəmirçi Gavə”) pyesində təsvir etdiyi Novruz səhnəsi halındadır. Bu pyesdə bahar və günəş kultunu bir Novruz günündə kəşf edən insanlar qorxunc bir istibdad rejimi quran Zöhhakın qaniçən cəlladları tərəfindən təqib olunurlar.
“Novruz günüdür, günəş doğur”,– deyə təbiətə tapınan hürriyyət möminlərini necə Zöhhakın cəlladları yaxalayıb öldürürlərsə, hürriyyət və istiqlal aşiqi çağdaş azərbaycanlılar da Zöhhak rejimi, yəni QPU1 idarəsinin eyni zülm və təqibatına məruz qalırlar. Novruz bugünkü sovet əsiri Azərbaycanında daha yasaqlanmış günlərdəndir. Gözəl bir təbiət və təbii qurtuluş bayramı, milli bir xalq ənənəsi olduğu üçün Novruz qadağan edilmişdir. Bu yasaq ona bütün gözəllik və gözəllikləri üstündə yeni bir məna və əhəmiyyət bağışlamış, bizi onun həsrətini çəkməyə daha qüvvətli bir vəsilə vermişdir.
Bəli, zamanın axını və şərtlərin dəyişməsilə kültürəl, siyasi və dini hadisələrdən təsirlənən, bütün insanlığa şamil bu təbiət bayramı Novruzun Azərbaycan xalq ənənələrində sarsılmaz bir yeri vardır. Gerçək bir təbiət, yenidən doğuş, qurtuluş və yenilənmə simvolu olan bu gün Azərbaycan folkloruna daxil olmuş, həqiqi bir ənənə halını almış, xalq bayramı olmuşdur.
Bir millətin təşəkkülündə dil, din və tarix qədər ənənənin də önəmli bir rolu vardır; hətta bəzi sosioloq və filosoflar bu sonuncuya xüsusi əhəmiyyət verirlər.
Çağdaş demokratiya anlayışı baxımından diqqətdən kənar qalması mümkün olmayan xalq ənənəsinə, insanlıq ideallarına əngəl olmaması şərtilə, önəm vermək, onu təşviq etmək bir zərurət, bir vəzifədir.
Yaxın bir gələcəkdə, Hürmüz taleli bir zəfər günündə sovet “Ergenekon”undan qurtulacaq Azərbaycanda yeni bir günün gələcəyinə şübhə etməyək.
Novruz ənənəsinin “il təhvili” deyilən bir ənənəsi vardır. Köhnə ilin yeni ilə keçdiyi, gecə ilə gündüzün tam bərabər olduğu saata “təhvil saatı” deyilir. Təhvil saatında bütün ailə üzvləri xonça adlanan bir süfrənin başına toplanırlar. Şamlar yandırılır. Ailə başçısı Novruz duasını oxuyur. Dua budur:
“Ya mukallibəl kulubi vəl absar,
Ya müdəbbirəl leyli vən nahar,
Ya muhaviləl holi vəl əhval,
Həvvül halena ila əhsənül hal”.
Mənası belədir: “Ey qəlbləri və gözləri dəyişdirən, ey gecəni və gündüzü təqdir edən, ey hal və şərtləri başqalaşdıran Allah, bugünkü durumumuzu daha yaxşı bir duruma inqilab etdir!”
Dostları ilə paylaş: |