18 oktyabr 1991-ci ildə Azərbaycan öz müstəqilliyini qazandı və Müstəqillik haqqında Konstitusiya
aktı qəbul olundu.
30 yanvar 1992-ci ildə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılması
haqqında” Azərbaycan Respublikası Prezidentinin 561 saylı Fərmanı ilə Gömrük Komitəsi yaradıldı. Komitə
əsasən keçmiş Azərbaycan Respublikası Gömrük İdarəsinin bazasında yaradılmışdı.
25
Azərbaycan Respublikası Prezidentinin həmin Fərmanı əsasında Azərbaycan Respublikası Nazirlər
Soveti 1 iyun 1992-ci ildə 301 saylı “Azərbaycan Respublikası Gömrük Komitəsinin məsələləri” haqqında qərar
verdi. Bundan sonra NK 19 yanvar 1994-cü il tarixli qərarı ilə Gömrük Komitəsinin məsələlərinin və ona tabe
təşkilatların siyahısı həll edildi və onun maddi-texniki bazası yaradıldı. Son verilən bu qərarda Gömrük
Komitəsinin maddi-texniki təchizat məsələləri ilə yanaşı, yeni gömrük postlarının açılması da öz əksini
tapmışdır. O zaman Azərbaycan Respublikası Gömrük Komitəsinə Naxçıvan MR Gömrük Komitəsi, Bakı Baş
Gömrük İdarəsi, 12 gömrükxana, Mərkəzi laboratoriya, avtomobil təsərrüfatı və təsərrüfat hesablı
“Azərterminal-kompleks” xarici iqtisadi birliyi daxil idi.
Azərbaycan Respublikası 24 sentyabr 1993-cü ildə Müstəqil Dövlətlər Birliyinə daxil oldu.
Respublikamız MDB-nin yaratdığı iqtisadi ittifaqa üzv olsa da, Gömrük İttifaqına daxil olmamışdır (Dövlət
Gömrük Komitəsi 13 mart 1992-ci ildə imzalanmış “Gömrük şurası haqqında Əsasnaməyə qoşulmaqdan imtina
etmişdir).
Azərbaycan MDB üzvi kimi 1995-ci ilin 10 fevral tarixində Alma-Atada imzalanmış “MDB ölkələrinin
gömrük qanunvericiliyinin əsasları haqqında” sazişə qoşulmuşdur. Buna əsas səbəb isə MDB Nizamnaməsinə
(1992) görə “üzv ölkələrə eyni qanunvericilik bazasına malik olmalıdırlar” bəndidir. 1997-ci il 25 iyul tarixində
Milli Məclis tərəfindən qəbul olunmuş “Azərbaycan Respublikasının Gömrük Məcəlləsi”nin əsasını da məhz
həmin sazişdəki müddəalar təşkil edir. AR Beynəlxalq təşkilatlardan Ümumdünya Ticarət Təşkilatında
müşahidəçi statusunda, Ümumdünya Gömrük Təşkilatında isə daimi üzv statusunda iştirak edir. Sonuncu
təşkilatda ölkəmizi DGK təmsil edir. DGK ÜGT-nin Maliyyə Komitəsinin (1998) və Siyasi Şurasının (2000)
üzvüdür.
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin uyğun olaraq Dövlət Gömrük Komitəsi Azərbaycan
Respublikasının beynəlxalq iqtisadi inteqrasiyanın inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün digər
dövlətlərlə beynəlxalq hüquq normalarına uyğun sazişlər, protokollar və memorandum layihələri
hazırlanmasında yaxından iştirak edir.
1992-ci ildən bu günə qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan
Respublikasında dövlətin xarici və daxili siyasətinin tərkib hissəsi olan vahid gömrük siyasətinin həyata
keçirilməsi sayəsində Komitənin beynəlxalq əlaqələri daha da genişlənmiş və keyfiyyətcə yeni səviyyəyə
çatmışdır.
Komitənin ikitərəfli və çoxtərəfli beynəlxalq sazişlərə üstünlük verməsi gömrük sisteminin
təkmilləşdirilməsində öz bəhrəsini verir.
Türkiyə Respublikası, İran İslam Respublikası, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Livan, Bolqarıstan
respublikaları və Ukrayna gömrük orqanları ilə gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında
sazişlər imzalanmışdır. MDB Gömrük Xidmətləri Rəhbərləri Şurası çərçivəsində və İqtisadi Əməkdaşlıq
təşkilatına üzv olan ölkələrlə çoxtərəfli sazişlər mövcuddur. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığı hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında gömrük orqanlarının qarşılıqlı inzibati yardım
haqqında memorandum 7 iyul 1997-ci il tarixdə imzalanmışdır.
DGK MDB üzvü olan ölkələrin Gömrük Xidmətləri Rəhbərlər Şurasının iclaslarında fəal iştirak edir.
Bunun nəticəsidir ki, MDB üzvü olan ölkələrin Gömrük Xidmətləri Rəhbərləri Şurasının 20-ci iclası Bakı
şəhərində keçirilmişdir. Dövlət Gömrük Komitəsi Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası əsasında
vahid gömrük tarifinin işlənib hazırlanması, gömrük rüsumlarının alınması, tətbiq edilməsi, malların mənşə
ölkəsinin təyin edilməsini, gömrük məqsədləri üçün malların qiymətləndirilməsi də daxil olmaqla MDB üzvü
olan ölkələrin gömrük siyasətinin əsas istiqamətləri üzrə təkliflərin hazırlanıb təqdim edilməsini təmin edir.
DGK, həmçinin gömrük orqanları üçün kadrların hazırlanması, avtomatlaşdırılmış informasiya sistemi,
gömrük statistikası, beynəlxalq əməkdaşlıq sahələrində MDB gömrük xidmətləri ilə əməkdaşlıq edir.
Ukrayna Dövlət gömrük Xidmətindən daxil olmuş “Ukrayna Dövlət Gömrük Xidməti və Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı yardım göstərilməsi qaydaları haqqında
Memorandum” Layihəsinin ekspertizası aparılmış və Azərbaycan Respublikası Hökuməti nümayəndə heyətinin
Ukraynada səfəri zamanı 30 iyul 1999-cu il tarixli Kiyev şəhərində imzalanmışdır.
Ümumdünya Gömrük Təşkilatlarının Baş Katibi Mişel Danenin müraciət məktubuna əsasən Azərbaycan
Respublikası “Malların təsviri və kodlaşdırılması üzrə harmonikləşdirilmiş sistem haqqında Beynəlxalq
Konvensiya”ya qoşulmuş və bu Konvensiya Milli Məclisdə ratifikasiya olunmuşdur.
2001-ci ilin yanvarından Azərbaycan bu konvensiyaya qoşulan 101-ci dövlətdir.
DGK Tasis proqramı çərçivəsində Avropa Gömrüyü ilə sıx əlaqələr yaradılması barədə intensiv iş
aparır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Avropa Gömrüyü, Tasis proqramı çərçivəsində
Alman Gömrüyü ekspertləri tərəfindən Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün narkotiklərin müəyyən
edilməsi, riskin təyin edilməsi, yükün nəzarətdən keçirilməsi və gəmilərin yoxlanılması, Hava və Dəniz
limanlarında, dəmir yolunda, gömrük sənədlərində nəqliyyat vasitələrinə nəzarətə dair, nəzəri və praktiki
seminarlar təşkil olunmuşdur.
26
Avropa İttifaqının Tasis proqramı üzrə Azərbaycan Respublikasının milli və dövlətlərarası proqramları
və Avropa İttifaqı Komissiyasının Texniki Yardım Proqram çərçivəsində (1996-ci il oktyabr) Daşkənd
şəhərində Avropa Gömrüyü və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında Tasis proqramı
çərçivəsində “Təhsil”, “İdarəetmə və Təşkil” Layihələri üzrə müqavilələr imzalanmışdır və layihələrdə nəzərdə
tutulanlar mərhələlərlə həyata keçirilir.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafına həsr edilmiş Beynəlxalq Konfransa hazırlıq üçün
Bakı şəhərində keçirilən iştirakçı dövlətlərin işçi qruplarının üzvlərinin iclasında gömrük əməliyyatları və
sənədləşdirilmənin aparılması üzrə Əsas Sazişin texniki əlavəsinin layihəsi hazırlanmışdır. DGK Avropa-
Qafqaz-Asiya dəhlizinin inkişaf etdirilməsi üzrə imzalanmış “Çoxtərəfli Əsas Saziş”in gömrük prosedurası və
sənədlərin işlənməsi üzrə texniki əlavədə nəzərdə tutulan müddəaların icrası ilə əlaqədar tədbirlərin həyata
keçirilməsi işini davam etdirir.
Bu baxımdan da Ümumdünya gömrük Təşkilatının Siyasi Komissiyanın 44-cü dekabr sessiyası öz
fəaliyyəti dövründə ilk dəfə olaraq 5-8 dekabr 2000-ci il tarixində Bakı şəhərində keçirildi. Sessiyanın işində
dünyanın 26 ölkəsindən gəlmiş 70-dən çox nümayəndə iştirak etmişdir.
MDB məkanında ilk dəfə olaraq Siyasi Komissiyanın dekabr sessiyasının Bakıda keçirilməsi, ölkəmizin
dünya təsərrüfat sisteminə inteqrasiya olunmasını sürətləndirmək, qədim “İpək yolu”nun bərpası Xəzər dənizi
hövzəsinin enerjidaşıyıcılarını neft kəmərləri layihələrinin gerçəkləşdirilməsi sahəsindəki regional iqtisadi
əməkdaşlış imkanlarını genişləndirmək və Azərbaycanın xarici iqtisadi əlaqələrinin tənzimlənməsində səmərəli
fəaliyyət göstərən mexanizmlərin qurulmasına köməklik etməklə bərabər, ölkəmizin gömrük fəaliyyətinə
verilən yüksək beynəlxalq qiymətdir.
Azərbaycan Respublikasının indiki prezidenti, Dünya səviyyəsində tanınmış siyasətçi H.Əliyevin siyasi
varisi və davamçısı olan İlham Əliyev qısa müddət ərzində gömrük işinin təkmilləşdirilməsi və gömrük
orqanlarının səlahiyyətlərinin artırılması sahəsində mühüm qərarlar qəbul etmişdir.
Azərbaycan Respublikasında gömrük siyasətinin formalaşdırılmasında və gömrük orqanlarının inkişaf
etdirilməsində İlham Əliyevin 24 noyabr 2003-cü il tarixli “Azərbaycan Respublikasında sosial-iqtisadi
inkişafın sürətləndirilməsi tədbirləri haqqında” və “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişaf Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” 11 fevral 2004-cü il tarixli fərmanlarının
xüsusi əhəmiyyəti vardır.
Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyevin imzaladığı 5 mart 2004-cü ildə qəbul olunmuş
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununun X bəndinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə edilən
dəyişikliklər və əlavələr nəticəsində gömrük orqanlarına gömrük işi sahəsində cinayətlər haqqında işlər üzrə
istintaq aparmaq səlahiyyəti verilmişdir (“Azərbaycan” qəzeti, 1 aprel 2004-cü il). Bu o deməkdir ki, gömrük
orqanları gömrük işi sahəsində baş vermiş cinayətlərin istintaqını özü aparmaqla bərabər, ona qarşı mübarizə
aparmaq və onun qarşısını almaq imkanları da genişlənmişdir. Deməli, bu dəyişiklik gömrük siyasətinin inkişaf
etdirilməsi sahəsində yeni mərhələnin başlanğıcıdır.
22-23 yanvar 2004-cü il tarixdə Ümumdünya Gömrük Təşkilatının Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi ilə birgə təşkil etdiyi "Böyük İpək yolu dövlətlərində narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizə" mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. Konfransda Amerika
Birləşmiş Ştatları, Fransa, Türkiyə, İran İslam Respublikası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığı, Rusiya, Belçika, Bolqarıstan, Çin, Gürcüstan, Macarıstan, İtaliya, Qazaxıstan, Polşa, Türkmənistan,
Özbəkistan Qırğızıstan, Latviya, Moldova, Pakistan və Rumıniyanın məsul vəzifəli şəxslərinin, gömrük
xidmətləri rəhbərlərinin, həmçinin Ümumdünya Gömrük Təşkilatının, BMT İnkişaf Proqramının, Avropa
Komissiyasının, Cənubi-Şərqi Avropa Əməkdaşlıq Təşəbbüsünün (SECI), ABŞ-ın Narkotiklərə Qarşı Mübarizə
Agentliyi, Şərqi və Mərkəzi Avropa üzrə, Qərbi Avropa üzrə, Asiya/Sakit Okean ölkələri üzrə Regional
Məlumat Əlaqələndirmə İdarələrinin (RİLO) nümayəndələri iştirak etmişlər. Beynəlxalq konfransın yekununda
Bakı Bəyannaməsi qəbul edilmişdir.
Ümumdünya Gömrük Təşkilatı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında
səmərəli əməkdaşlığın davamı kimi, 18 may 2004-cü il tarixdə Ümumdünya Gömrük Təşkilatı ilə Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi arasında Niyyət Protokolu imzalanmışdır.
16-18 may 2005-ci il tarixdə Bakı şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Xidmətləri
Rəhbərləri Şurasının 4-cü iclası keçirilmişdir.
19-21 may 2005-ci iltarixdə Bakı şəhərində "Gömrük və Benyəlxalq Ticarətin Təhlükəsizliyi"
mövzusunda 2-ci Ümumdünya Gömrük Sərgisi və Konfransı, 19 may 2005-ci il tarixdə də isə "Prezident
Heydər Əliyev və Azərbaycanda gömrük xidmətinin inkişafı" mövzusunda Simpozium keçirilmişdir.
13 iyul 2005-ci il tarixdə GUAM Ticarətə və Nəql etməyə Yardım üzrə layihənin həyata keçirilməsi
üçün Rəhbəredici Komitənin üçüncü iclası keçirilmişdir.
27
25-27 iyul tarixində isə Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Regional Tədris Mərkəzində
təsnifat və harmonikləşdirilmiş sistemə dair seminar keçirilmişdir.
14-15 sentyabr 2005-ci il tarixdə Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Regional Tədris
Mərkəzində ÜGT-nin MDB ölkələri üzrə Regional Rabitə Qovşağı Milli Rəhbərliyinin IV iclası keçirilmişdir.
2-3 fevral 2006-cı il tarixdə Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatı və Macarıstan Gömrük
Xidmətinin birgə təşkilatçılığı ilə Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilmişdir.
4-9 aprel 2006-cı il tarixdə Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Regional Tədris
Mərkəzində Koreya Gömrük Xidmətinin Tədqiqat və Texnologiyalar üzrə Direktorluğunun və Koreya
Respublikasının Sənayenin İnkişafına Yardım Agentliyinin (KİPA) nümayəndələrinin iştirakı ilə "Azərbaycan
Gömrük Xidmətinin müasirəşdirilməsi və inkişaf etdirilməsi layihəsi" çərçivəsində, informasiya
texnologiyalarının tətbiqi sahəsində Koreya təcrübəsinin öyrənilməsinə həsr olunmuş seminar keçirilmişdir.
7 iyun 2006-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində Avropa Komissiyası və
BMT-nin İnkişaf Proqramının birgə layihəsi olan "Azərbaycan Respublikasında Gömrük Xidmətinin
Təkmilləşdirilməsi Layihəsi" nin imzalanma mərasimi olmuşdur.
2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin Tacikistana rəsmi səfəri
çərçivəsində, mart ayının 15-də Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti
arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş imzalanmışdır.
2008-ci ildə Piratçılıqla mübarizədə gömrüyün rolu mövzusunda beynəlxalq konfrans
keçirilmişdir.Mayın 20-24 tarixlərində Yunanıstanın Halkidiki vilayətinin Sithonia Peninsula regionunda
Ümumdünya Gömrük Təşkilatı və Yunanıstan İqtisadiyyat və Maliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə
"Kontrafakt və piratçılıqla mübarizədə gömrüyün fəaliyyəti və nailiyyətləri" mövzusunda beynəlxalq konfrans
keçirilmişdir. Konfransda Ümumdünya Gömrük Təşkilatının, Avropa Komissiyasının, Türkiyənin, Çinin,
İordaniyanın,Tailandın, İtaliyanın, eləcə də CİOPORA-nın, Beynəlxalq Filipp Morris şirkətinin, Sony Ericsson
şirkətinin, İmperial Tobakko şirkətinin, Phillips şirkətinin, İFPİ-nin, eVay-ın, BASCAP-ın və digər təşkilatların
nümayəndələri çıxış etmişdir.İyunun 9-dan 13-dək Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Regional Tədris
Mərkəzində harmonik sistem üzrə regional seminar keçirilmişdir. Tədbirdə Azərbaycan, Belarus, Gürcüstan,
Moldova, Rusiya və Türkiyənin gömrük xidməti əməkdaşları iştirak etmişlər. İyunun 26-dan 28-dək Belçika
Krallığının Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının Baş qərargahında Gömrük Əməkdaşlıq
Şurasının 111/112-ci sessiyası keçirilmişdir. İyunun 27-də isə "Azərbaycan Respublikası Hökuməti və
Slovakiya Respublikası Hökuməti arasında gömrük məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında
Saziş" imzalanmışdır.
28
Mövzu 5.
Azərbaycan Respublikasında gömrük siyasəti və gömrük işinin təşkili
Gömrük işinin mahiyyəti və strukturunun izahı və əsaslandırılması məsələsi təkcə konseptual-nəzəri
deyil, həm də təcrübi əhəmiyyətə malikdir.
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin birinci maddəsinə görə, gömrük işi dedikdə -
bütünlükdə gömrük siyasəti, habelə mal və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilməsi qaydaları və şərtləri, gömrük ödənişlərinin alınması, gömrük rəsmiləşdirilməsi, gömrük
nəzarəti və gömrük siyasətinin həyata keçirilməsinin digər vasitələri başa düşülür. Bu qısa tərif gömrük işinin
mahiyyətini bütünlükdə açmasa da, əsasən onu hərtərəfli səciyyələndirə bilir.
İlk baxışda gömrük işi mahiyyət etibarı ilə çox sadə görünür. Əslində isə sadə göründüyü qədər
mürəkkəb və kompleks xarakterli olan gömrük işi, həm də elementlərinin həmcins olması ilə diqqəti cəlb edir.
Bu isə, gömrük işinin müxtəlif məqsədli məsələlərin həlli yolları ilə əlaqədə olması ilə bağlıdır.
Gömrük işinin tərkibinə yuxarıda göstərilənlərdən başqa gömrük statistikası və Xarici İqtisadi
Fəaliyyətin Mal Nomenklaturasının (XİFMN) aparılması, qaçaqmalçılıq və gömrük işi sahəsindəki digər
cinayətlərə qarşı mübarizə, gömrük qaydalarının pozulması ilə bağlı işlərin icraata götürülməsi və baxılması da
aid edilir. Ancaq bu cür yanaşsaq, onda gömrük işinin strukturunu nəzəri cəhətdən tam şərh edə bilərik. Gömrük
işinin mahiyyətini öyrənmək isə həm tələblər, həm də bu işlə tanış olmaq istəyənlər üçün xüsusi əhəmiyyət kəsb
edir. İndi isə gəlin gömrük işinin strukturu ilə tanış olaq.
Ümumilikdə gömrük işinin strukturu aşağıdakı 12 blokda öz əksini tapmışdır:
1) Gömrük siyasəti;
2) Gömrük sərhədindən mal və nəqliyyat vasitələrinin keçirilməsi prinsipləri;
3) Gömrük rejimləri;
4) Gömrük-tarif tənzimlənməsi;
5) Gömrük ödənişləri;
6) Gömrük rəsmiləşdirilməsi;
7) Gömrük nəzarəti;
8) Gömrük statistikası və xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası;
9) Qaçaqmalçılıq və gömrük işi sahəsindəki digər cinayətlər;
10) Gömrük qaydalarının pozulması və ona görə məsuliyyət;
11) Gömrük qaydalarının pozulmasına görə işlərin icraatı;
12) Gömrük qaydalarının pozulması üzrə işlərə baxılması.
Sadalanan bu bloklar gömrük işinin təşkilində nə qədər müstəqil hesab edilsə də, bir o qədər də şərti
xarakter daşıyır. Çünki onların adı, mahiyyəti, rolu və statusu müxtəlif olsa da, ümumilikdə gömrük işinin
bütövlüyünə, daha geniş mənada isə ölkəmizin iqtisadi təhlükəsizliyinə xidmət edir.
Gömrük işinin ümumi səviyyəsi, mahiyyəti və strukturunu daha ətraflı şərh etmək üçün, gömrük işində
istifadə olunan terminlərlə tanış olmaq lazımdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 17-ci
maddəsində əsas terminlərin açılışı verilmişdir. Gömrük işinin təşkilində istifadə olunan əsas terminlər
aşağıdakılardır:
“gömrük ərazisi”, “gömrük sərhəddi”, “gömrük işi”, “gömrük siyasəti”, “gömrük
qanunvericiliyi”, “gömrük xidməti”, “gömrük rəsmiləşdirilməsi”, “gömrük ödənişləri”, “gömrük
rüsumları”, “gömrük nəzarəti”, “gömrük rejimi”, “gömrük orqanları”, “gömrük sistemi” və s.
Gömrük ərazisi dedikdə, həmin ölkənin gömrük qanunvericiliyinin tam həcmdə fəaliyyət göstərdiyi
ərazi başa düşülür. Bu cür yanaşma, bilavasitə gömrük qanunvericiliyi normalarının əraziyə görə fəaliyyət
hüdudlarını əks etdirir.
Gömrük Məcəlləsinin 3-cü maddəsində deyilir: “Azərbaycan Respublikasının gömrük ərazisi –
Azərbaycan Respublikasının quru ərazisindən, daxili sulardan, Xəzər dənizinin (gölünün) Azərbaycan
Respublikasına mənsub olan bölməsindən (o cümlədən onda yerləşən adalar, süni adalar, qurğular və
tikililər) və onların üzərindəki hava məkanından ibarətdir. AR ərazisində sərbəst gömrük zonaları və
sərbəst anbarlar yerləşə bilər. Bu məcəllə və gömrük işi üzrə Azərbaycan Respublikasının digər
qanunvericilik aktlarında müəyyən edilən hallar istisna edilməklə sərbəst gömrük zonalarının və sərbəst
anbarlarının əraziləri Azərbaycan Respublikasının gömrük ərazisindən kənarda yerləşən ərazidir”.
Gömrük ərazisi anlayışının bu cür şərtləndirilməsi o deməkdir ki, digər xarakterli zonalar, məsələn
xüsusi iqtisadi zonalar və s. gömrük ərazisinin bir hissəsidir. Belə xüsusi xarakterli zonaların fəaliyyətinin
tənzimlənməsi müvafiq hüquqi qüvvəyə malik aktların qəbul edilməsi ilə həyata keçirilməlidir.
Gömrük-hüquq normalarının tətbiq edilməsinin məkan hududlarının təyini üçün gömrük sərhədi
məfhumundan istifadə edilir.
29
Gömrük sərhədi dedikdə, gömrük ərazisinin primetri - bu ərazinin konturlarını hüdudlandıran
xətt başa düşülür. Bir sözlə gömrük sərhədi dövlətin qanunvericiliyinin qüvvədə olduğu məkan hüdudlarını
müəyyənləşdirir və ərazicə bitişik ölkələrin gömrük ərazisini ayırır.
Gömrük Məcəlləsinin 3-cü maddəsinin 3-cü bəndinə görə, “Azərbaycan Respublikasının gömrük
ərazisinin hüdudları, həmçinin sərbəst gömrük zonalarının və sərbəst anbarların perimetrləri
Azərbaycan Respublikasının gömrük sərhədidir”. Beləliklə, daxili və xarici gömrük sərhədi anlayışları
meydana çıxır. Belə ki, gömrük ərazisinin ətraf hüdudlarının xarici gömrük sərhədi olduğu anlaşılır.
Xarici gömrük sərhədi bilavasitə qonşu olan dövlətlərin gömrük ərazisini ayırır və adətən dövlət sərhədi
ilə üst-üstə düşür. Xarici gömrük sərhədində dövlət sərhədi barədə qanunvericilikdə nəzərdə tutulmuş inzibati-
hüquqi rejim tətbiq edilir. Xarici gömrük sərhədinin qorunması gömrükçülər tərəfindən sərhəd qoşunları ilə
birgə həyata keçirilir.
Daxili gömrük sərhədi gömrük ərazisinin daha içərilərində təşkil edilir. Daxili gömrük sərhədi zərurəti,
sərbəst gömrük zonası və sərbəst gömrük anbarı rejimlərinin tətbiqi zamanı meydana çıxır. Hüquqi statusuna
görə daxili gömrük sərhədi xarici sərhədə bərabər tutulur; azad zonanın ərazisi sərhəd zonası kimi baxılır və
oraya girişə xüsusi nəzarət-buraxılış məntəqələrindən və icazə vərəqələri tətbiq edilməklə icazə verilir. Daxili
gömrük sərhədi gömrükçülər tərəfindən azad gömrük zonasının hakimiyyət orqanları ilə birgə qorunur. Bir
qayda olaraq gömrük işi icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Azərbaycan Respublikası
Konstitusiyasının 7-ci maddəsinə görə). Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi icra strukturu
kimi Azərbaycan Respublikasının Prezidentinə tabedir.
Gömrük siyasəti - Azərbaycan Respublikasının gömrük ərazisində gömrük nəzarəti və mal
dövriyyəsinin daha səmərəli tənzimlənməsi, daxili bazarın qorunması, milli iqtisadiyyatın inkişafının
stimullaşdırılması, dövlətin iqtisadi siyasətindən irəli gələn vəzifələrin həyata keçirilməsi, habelə gömrük işinin
beynəlxalq normalara uyğun aparılmasıdır.
Gömrük siyasətinin formalaşdırılması və həyata keçirilməsində iştirak edən təşkilatların məcmusu,
habelə onun həyata keçirilmə metodları, səlahiyyətli dövlət orqanları tərəfindən gömrük tənzimlənməsi
üsullarının istifadə qaydaları gömrük siyasəti mexanizmi anlayışını yaradır.
Gömrük siyasətinin əsasını, xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsinin aşağıdakı prinsipləri
təşkil edir:
1) Respublikanın xarici siyasətinin tərkib hissəsi olan vahid xarici ticarət siyasəti;
2) xarici ticarət fəaliyyətinin vahid dövlət tənzimləmə sistemi və onun həyata keçirilməsinə
nəzarət;
3) vahid valyuta nəzarəti siyasəti;
4) ölkənin gömrük ərazisinin bütövlüyü;
5) xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsində iqtisadi tədbirlərə üstünlük verilməsi;
6) xarici ticarət fəaliyyəti iştirakçılarının bərabərhüquqlu olması və hər hansı formada ayrı-
seçkiliyə yol verilməməsi;
7) xarici ticarət fəaliyyəti iştirakçılarının hüquq və qanuni maraqlarının dövlət tərəfindən
qorunması;
8) dövlətin və onun ayrı-ayrı orqanlarının xarici ticarət fəaliyyətinə yersiz (lazımsız) müdaxiləsi
nəticəsində onun iştirakçılarına və bütünlükdə ölkə iqtisadiyyatına ziyan vurulmasının istisna edilməsi.
Gömrük siyasəti dövlətin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə xidmət etməlidir.
İqtisadi təhlükəsizlik - ümumilikdə iqtisadiyyatın ölkənin sosial, siyasi, müdafiə qabiliyyətinin və
mütərəqqi inkişafının kifayət edəcək səviyyəsini təmin edə bilən vəziyyətini, tarazlaşdırma problemlərinin həlli
yollarını, mümkün xarici və daxili təhlükələrə, onun iqtisadi maraqlarının xarici təsirlərdən asılı olmaması və
kifayət qədər zərərdən qoruna bilməsi qabiliyyətini nəzərdə tutur.
Gömrük siyasəti, onun həyata keçirilməsi üçün başlıca zəmin olan gömrük xidmətinin fəaliyyətinə
əsaslanır. Qeyd etmək lazımdır ki, gömrük tənzimlənməsini yalnız gömrük orqanlarının fəaliyyəti ilə
eyniləşdirmək yanlış fikirdir. Gömrük siyasətinin formalaşdırılması və həyata keçirilməsi çox mürəkkəb bir
proses olub, hakimiyyətin hər üç qolunun - qanunvericilik, icra və məhkəmə hakimiyyətinin, həmçinin bu işdə
maraqlı olan sahibkarlıq dairələrinin bilavasitə iştirakı ilə reallaşa biləcək bir məsələdir.
Gömrük Məcəlləsinin 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında dövlətin daxili və
Dostları ilə paylaş: |